top of page
1
2
Anchor 1

 

 

Həzrət Bəhaullahın Yazılarından Seçmələr

Seçmə 100-121 Dünya Nizamı və Ən Böyük Sülh

 

Həzrət Şövqi Əfəndi Tərəfindən Tərtib Olunmuş 

və İngilis Dilinə Tərcümə Edilmişdir
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

 

 

Seçmə 100-121  Dünya Nizamı və Ən Böyük Sülh
 

Seçmə 100
BİRLİK CARÇISI İLAHİ Məqamdan nida edir: Ey dostlar, Mənim müqəddəs ətəyimi dünyanın palçığına bulaşdırmayın, nəfsinizin və ehtirasınızın ardınca getməyin. And olsun Əmr üfüqünün Günəşinə ki, bütün parlaqlığı ilə bu Məhbəsin səmasından işıq saçır! Bütün xilqətin Qibləsinə üz tutanlar bu gün görünən və görünməz bütün şeylərdən pak və təmiz olmalıdırlar. Əgər Mənim Əmrimin təbliğinə qalxarlarsa, onlar İxtiyar Sahibinin nəsimi ilə hərəkətə gəlməli və yüksək qətiyyətlə, tamamilə Ona yönəlmiş fikirlə, xalis inqita və tam təmənnasızlıq ürəyi ilə, dünyadan və onun faniliyindən arınmış bir qəlblə hər yana üz tutub Onun rayihəsini yaymalıdırlar. Bu şəxslərin yol azuqəsi Allaha təvəkkül, libasları isə Ulu və Nurlu Rəbblərinə məhəbbət olmalıdır. Belə olduqda onların sözlərinin təsiri olar.


Bu Gün nəzərlərini nəfsin istəklərinə və fani dünyanın sərvətlərinə dikən şəxslərlə Bizim aramızdakı uçurum necə də böyükdür. Əksər vaxtlar Rəhmanın məkanında dünya malı olmamışdır və onun ətrafına fırlananlar böyük ehtiyac çəkmişlər. Bununla belə, Uca Qələmin məşriqindən dünya malından danışan və ya ona zərrəcə də olsa, işarə edən bir kəlmə də çıxmamışdır. Kim Müqəddəs Məkana bir hədiyyə göndərməyə müvəffəq olubsa, O Öz fəzlinin əlaməti olaraq onu qəbul edib, baxmayaraq ki, əgər Biz yer üzünün bütün sərvətinə yiyələnmək istəsək, heç kimin “niyə?” və “nə üçün?” deməyə cürəti çatmaz. Bundan qəbahətli bir iş ola bilməz ki, Haqqın adından insanlar arasında dilənçilik edəsən.


Cənabınız və Əbədi Həqiqətin əshabələri bütün insanları yer üzü şeylərinə bağlılıqdan pak olmağa və hədsiz müqəddəsliyə dəvət etməlidir ki, Onun dostlarından Əbhanın köynəyinin ətri duyulsun.


Varlılar isə yoxsullara diqqət yetirməlidirlər, çünki Allahın yanında səbr edən yoxsulların məqamı böyükdür. Canıma and olsun ki, Allahın bəxş etdiyindən başqa, bu məqamla müqayisə ediləcək bir məqam yoxdur! Xoş o yoxsulun halına ki, səbr edər və öz yoxsulluğunu gizli saxlar və o varlının halına ki, varını möhtaca verər və onları özündən üstün tutar.


Allahın köməkliyi ilə yoxsullar da çalışmalı və ­həyatları üçün ruzi qazanmalıdırlar. Bu, elə bir məsələdir ki, bu əzəmətli zühurda hər bir kəsə vacib buyurulub və Allahın yanında gözəl əməllərdən sayılır. Kim buna əməl edərsə, əlbəttə, Qeybdən ona kömək yetişər, çünki Allah Öz fəzli sayəsində istədiyi kəsi varlı edər. Həqiqətən, O hər şeyin üzərində hakimdir...


Ey Əli, Allahın dostlarına de ki, insanlığın ilkin şərti insafdır və bütün işlər ondan asılıdır. Bu Məhbusun çəkdiyi əziyyətlər və müsibətlər barədə bir qədər düşünün—O, bütün ömrü boyu düşmənlərin əlində əsir olub, Allaha məhəbbətin yolunda hər gün yeni bir bəla ilə üzləşib və nəhayət, o səbrlə o qədər dözüb ki, Allahın Əmri bəndələr arasında ucalıb. İndi əgər bir kəs öz yanlış xəyalları ilə gizli və aşkar şəkildə insanlar arasında təfriqə salmaqla məşğul olarsa, onu insaf əhlindən saymaq olarmı?! Aləmlərə hökmran olan Allaha and olsun ki, yox! Canıma and olsun, Allahın Əmri üçün və bilmədiklərini deyən, anlamadıqlarını özlüyündə təsəvvür edən kəslərdən ötrü Mənim könlüm ağlayır və gözlərim yaş tökür.


Bu Gün hamı İsmi-Əzəmə üz tutmalıdır—Ondan başqa pənah aparılası sığınacaq yoxdur—və bütün insanları birləşdirməlidir. Əgər bir şəxs Allahın sonsuz dəryasının sahillərindən insanların uzaq düşməsinə və bəşəri ölçülər çərçivəsində zühur edən bəyənilmiş və bəlli Vücuddan başqa bir şeyə üz tutmasına səbəb olan sözlər söyləyərsə, hətta o ən yüksək məqama malik olsa da, bütün məxluqatın şəhadətinə görə, o, Rəhmanın ətirli nəsimindən məhrum olar.


De: İnsaflı olun, ey anlayışlı qəlb sahibləri! Kimdə insaf yoxdursa, onda insanlıq da yoxdur. Haqq bütün insanlardan və onların qəlbində olanlardan xəbərdardır. Haqqın səbrliliyi insanların cürətlənməsinə səbəb olub, çünki O, vaxtından əvvəl pərdəni cırmır, Onun mərhəməti üstün olduğundan qəzəbinin təzahürlərinin qarşısını alır. Buna görə də əksər insanlar gizlində törətdikləri işlərdən Haqqın xəbərsiz olduğunu düşünürlər. Yox, and olsun Hər şeyi Bilən və Hər şeydən Xəbərdar olan Allaha ki, hər şey Onun elminin güzgüsündə dəqiqliyi ilə aşkar, aydın və bəllidir. De: Həmd olsun Sənə, ey zəiflərin və acizlərin eyiblərini Gizlədən! Şükr olsun Sənə, ey qafillərin Sənə qarşı günahlarını Bağışlayan!


Biz mövhumatı insanlara qadağan etdik ki, bütün elmlərin Mənbəyi və Məqsədi olan Sultanı və onun üzə çıxardıqlarını tanısınlar. Hal-hazırda onların mövhumat və xurafat əsiri olduqlarını görürük. Canıma and olsun, onlar mövhumata bürünüblər, amma bunu anlamırlar. Onların dedikləri də mövhumatdır, amma bunu dərk etmirlər.


Allahdan diləyimiz budur ki, Öz fəzlini insanlara əta etsin və bütün insanları Onu və özlərini tanımağa müvəffəq eyləsin. Canıma and olsun, Onu tanımağa nail olan kəs Onun məhəbbətinin fəzasında uçar və aləmdəkilərdən əlini üzüb yer üzündə olan heç bir şeyə məhəl qoymaz—o da qalsın ki, öz nəfsinin hökmü ilə Allahın izn vermədiyi şeyləri danışanlara.


De: Bu Gün—Onun səsini eşitmək günüdür. Məzlumun Sədasını dinləyin, Haqqın adını ucaldın, Onun zikrinin bəzəyi ilə zinətlənin, Onun məhəbbətinin nuru ilə qəlbinizi işıqlandırın. Budur qəlblərin açarı və bütün varlıqların qəlblərinin cilası! Və Allahın İradəsinin barmağından süzülənlərə göz yuman kəs açıq-aşkar qəflətdədir. İmanın şərti sülh və düzlükdür, ixtilaf və fitnə-fəsad deyil.


Doğru söyləyən və Allahın Əmanətini daşıyan Kəs tərəfindən sənə əmr olunanı insanlara çatdır. Sənə Mənim şərəfim nəsib olsun, ey Mənim adımı çəkən, nəzərlərini Mənim dərgahıma dikən və Xeyirxah Rəbbinin tərifini söyləyən!
   
 
Seçmə 101
HƏR BİR SƏMAVİ Kitabdan, xeyr, hər bir İlahi ayədən məqsəd odur ki, insanlar düzlük və anlayışla tərbiyə alsınlar, bu da bəndələrdən hər birinin və hamısının rahatlığını və əmin-amanlığını təmin etsin. Qəlbə rahatlıq gətirən, insanın böyüklüyünü artıran və onu razı salan hər bir iş Allah tərəfindən qəbul olunacaqdır. İnsan öz yüksək təyinatını yerinə yetirməyə çalışarsa, onun çata biləcəyi məqam necə də yüksəkdir! Hətta ən zəlil bir məxluqun düşmədiyi, lakin insanın düşə bildiyi tənəzzül uçurumu necə də dərindir! De: Ey dostlar, bu Günün sizə verdiyi imkanı qənimət bilin və özünüzü ülvi dənizin bol feyzlərindən məhrum etməyin! Haqdan istəyim odur ki, bu Mübarək Gündə hamını pak və təmiz əməl bəzəyi ilə zinətləndirsin. Həqiqətən, O istədiyini Edəndir.
   
 
Seçmə 102
EY BƏNDƏLƏR, SİZƏ doğrusu deyilir, doğrusunu eşidin. Haqq—Onun şəni daha da yüksəlsin!—insanların qəlbini hər zaman istisna olaraq Özününki bilib və həmişə də belə olacaq. Ondan başqa hər şeyi—qurunu və dənizi, sərvəti və zinəti hökmdarların, sultanların və əmirlərin ixtiyarına qoyub. Belə ki, əzəldən bəri “O istədiyini edər” bayrağı Onun Zühurlarının önündə dalğalanmış, parlamış və işıq saçmışdır. Bu gün insanlara lazım olan şey hökumətə itaət etmək və hikmətdən yapışmaqdır. Həqiqətən də, yer üzündə insanların mühafizəsini, rahatlığını və əmin-amanlığını təmin etmək səlahiyyəti hökumətin qüdrətli əlindədir. Haqq belə istəmiş və belə müəyyən etmişdir... Ümid edirik ki, hökmdarlardan biri Allah xatirinə bu məzlum və əzilmiş ümmətin köməyinə qalxacaq və bununla da əbədi xatirəyə və daimi duaya nail olacaq. Allah bu ümmətə vacib buyurub ki, ona kömək edənə yardımçı olsun, xidmət göstərsin və əhdinə vəfa eyləsin. Mənim ardımca gedənlər bütün hallarda Mənim Əmrimin qələbəsi naminə qalxanlara kömək etməli və hər zaman ona sədaqətli və vəfalı qalmalıdırlar. Xoş Mənim nəsihətimə qulaq asıb, ona əməl edənlərin halına. Vay Mənim istəyimə etinasız qalanın halına.
   
 
Seçmə 103
ALLAH HƏQİQƏTİ SÖYLƏYƏN dili ilə Özünün bütün Lövhələrində bu sözləri bəyan edib: “Mən o Kəsəm ki, Əbha məqamında qərar tutmuşdur”.


Haqq olan Allaha and olsun! Bu əzəmətli, müqəddəs, qüdrətli və mükəmməl məqamının ucalığından O hər şeyi görür, hər şeyi eşidir və bu an belə nida edir: Xoş sənin halına, ey Cavad, çünki sən əvvəllər heç kəsin yetişmədiyi bir şeyə nail oldun. And olsun Haqqa ki, səni gördükdə, Uca Cənnət əhlinin gözləri sevindi, lakin insanlar bundan büsbütün qafildirlər. Əgər Biz sənin məqamın barədə həqiqəti açıqlasaq, insanların qəlbini heyrət bürüyər və onlar yerlərində donub qalarlar, fani şan-şöhrət sahiblərinin isə nitqi tutular və onlar bunu eşitməkdən qorxaraq yerə yıxılar və əlləri ilə qulaqlarını tutarlar.


Dünya malına uyaraq, Ulu Allahın zikrini unudanlara baxıb kədərlənmə. And olsun Haqqa! Elə bir gün gələcək ki, onlar Qüdrət Sahibinin şiddətli qəzəbinə düçar olacaqlar. Həqiqətən, O, Qadir, Qüdrətli və Qüvvətlidir. O, yer üzünü onların çirkabından təmizlər və onu Özünə yaxın olan bəndələrə miras verər.


De: Ey insanlar, sizin diliniz tutulsun və gözləriniz kor olsun, çünki siz ilahi Yusifi çox ucuz qiymətə satdınız. Ey bədbəxtlər və yolunu birdəfəlik azmışlar, məgər siz elə zənn edirsiniz ki, sizin hökmünüz Ondan və Onun Əmrindən üstündür?! Bu, necə də həqiqətdən uzaqdır! Qüdrətli, Uca və Böyük Allahın Özü buna şahiddir.


Tezliklə Onun qəzəbinin tufanı sizi bürüyər və cəhənnəmin külü başınıza tökülər. Aləmin fani şeylərini və bər-bəzəyini toplayan kəslər Allahdan üz döndərmişlər və həm bu dünyanı, həm də axirəti əldən vermişlər. Çox çəkməz ki, Allahın qüdrətli Əli onları malik olduqlarından məhrum edər və Öz nemətlərinin əbasını onlardan alar. Tezliklə onlar özləri bunu görəcəklər və sən də bunun şahidi olacaqsan.


De: Ey insanlar, bu dünyanın fitnə-felinə uyub yolunuzu azmayın, çünki dünya və onda olan bütün şeylər Onun İradəsinin ovcundadır. O Öz lütfünü kimə istəyirsə, bəxş edir və kimdən istəyirsə, geri alır. O, İxtiyar Sahibidir. Əgər Onun nəzərində dünyanın bir dəyəri olsaydı, öz düşmənlərinin hətta xardal toxumu qədər də dünyaya yiyələnməsinə heç vaxt imkan verməzdi. Onun Əmrinə qarşı etdiklərinizə görə O sizin dünyəvi işlərin çirkabına bulaşmağınıza şərait yaradır. Əgər siz anlayanlardansınızsa, bu, əslində sizin könüllü olaraq özünüz üçün seçdiyiniz cəzadır. Məgər siz Allahın nəzərində alçaq və faydasız olan şeylərdən ləzzətmi alırsınız?! Halbuki, O, bu şeylərlə şübhə edənlərin qəlbini sınağa çəkir.
   
 
Seçmə 104
DE: EY YER əhli, doğrusunu bilin ki, sizi qəfil bir bəla gözləyir və ağır bir cəza izləyir. Güman etməyin ki, sizin törətdikləriniz Mənim nəzərimdən qaçıb. Camalıma and olsun ki, sizin bütün əməlləriniz Uca Qələmlə yaşıl Lövhələrdə qeyd edilib.
   
 
Seçmə 105
EY HÖKMDARLAR TAYFASI, hər şeyin Sahibi gəldi. Hökmranlıq Qoruyan və Qəyyum Allaha məxsusdur. Ayıq olun, Allahdan başqa heç nəyə ibadət etməyin və işıqlı könüllərlə üzünüzü Adlar Sahibi olan Rəbbinizə tutun. Bu, elə bir Əmrdir ki, yanınızda olanlar onunla müqayisəyə gəlməz—bunu anlayın.


Biz görürük ki, siz başqaları üçün yığdığınız şeylərə görə sevinirsiniz və Mənim Qorunan Lövhələrimdən savayı heç kəsin saya bilməyəcəyi aləmlərdən özünüzü uzaq salmısınız. Dünya malına bağlanmağınız sizi son məqsəddən yayındırıb. Bu, sizə yaraşmır—bunu bilin. Qəlblərinizi dünya ehtirasından təmizləyib yerin və göyün Qurucusu olan Rəbbinizin səltənətinə doğru tələsin; O Rəbbinizin ki, dünyada zəlzələlər qopardı və hər şeyi atıb Gizli Lövhədəki əmrləri tutan kəslərdən başqa bütün qəbilələri ağlatdı.


Bu, elə bir Gündür ki, onda Kəlim Günlərin Qədiminin nuruna qərq oldu və dənizləri dolduran Piyalədən vüsalın saf suyunu içdi. De: Haqq olan Allaha and olsun, Tur dağı Zühur Şəfəqinin ətrafına fırlanır və Ruh ilahi səltənətdən nida edir: “Özünüzü silkələyin, ey yer üzünün qürur övladları və Ona tərəf tələsin!” Bu, elə bir Gündür ki, Allahın dağı (Kərmel) Onun görüşünə can atır, Sion isə belə söyləyir: “Vəd yerinə yetdi və Uca, Qüdrətli və Sevimli Allahın Lövhələrində yazılanlar aşkara çıxdı”.


Ey hökmdarlar tayfası, nurlar Məkanında ən Böyük Qanun nazil oldu və İradə Sahibi tərəfindən bütün gizli işlər aşkara çıxarıldı, bununla da Qiyamət yetişdi, Ay parçalandı və bütün qaçılmaz əmrlər şərh olundu.


Ey hökmdarlar tayfası, siz bir qulsunuz. Hökmdarlar hökmdarı ən gözəl bəzəyi ilə zühur etmişdir və sizi Özünün—Qoruyan və Qəyyumun yanına çağırır. Ehtiyatlı olun ki, təkəbbür sizi Zühur Məşriqindən məhrum etməsin və bu dünyanın şeyləri sizinlə Səma Qurucusu arasında pərdəyə çevrilməsin. Bütün ümmətlərin Məqsudunun xidmətinə qalxın—O sizi Öz yanında olan bircə kəlmə ilə xəlq etmiş və sizi yaranmış və yaranacaq bütün şeylər üçün Öz hökmranlığının rəmzləri etmişdir.


And olsun Allaha ki, Biz sizin məmləkətlərinizi tutmaq istəyində deyilik. Biz könülləri tutmaq üçün gəlmişik. Bəhanın nəzərləri məhz onlara dikilib. Əgər siz anlasanız, buna Adlar Səltənəti şəhadət verir. Öz Mövlasının ardınca gedən kəs dünyadan bütünlüklə üz çevirər. O halda belə bir uca məqam tutan Kəsin inqitası necə böyük olar! Saraylarınızı buraxın, sonra da İlahi Səltənətə üz tutun. Bu, axirətdə və dünyada sizə fayda verər. Bilin ki, Cəbərut Sahibi bunu təsdiq edir.


Xoş o hökmdarın halına ki, Mənim Səltənətimdə Mənim Əmrimin köməyinə qalxar və Məndən başqa hər şeydən əlini üzər. Həqiqətən, o, Allahın Bəha əhli üçün hazırladığı Qırmızı Gəminin əshabələrindən sayılar. Hamı ona ehtiram bəsləməli, onu uca tutmalı və ona kömək etməlidir ki, o mənim görünən və görünməz aləmlərdə olanları Qoruyan Adımın açarları ilə şəhərləri fəth etsin. Belə bir hökmdar bir növ bəşəriyyətin gözüdür, məxluqatın alnında parlayan bəzəkdir, bütün dünya üçün nemət çeşməsidir. Ey Bəha əhli, malınız və canınızla ona kömək edin!
   
 
Seçmə 106
HƏR ŞEYİ BİLƏN Həkimin əli dünyanın nəbzi üzərindədir. O, dərdi görür və qüsursuz hikməti ilə dərman verir. Hər günün öz müşkülü var, hər başın öz sevdası. Bugünkü dərdin bir dərmanı var, sabahkının başqa bir dərmanı. Yaşadığınız günün dərdlərinə baxın və onun ehtiyac və tələblərindən danışın.


Biz aydın görürük ki, dünyanı böyük və sonsuz dərdlər bürüyüb. Biz onu xəstəlik yatağında üzülmüş və ümidi kəsilmiş halda sızıldayan görürük. Xudpəsəndlik şərabından məst olan kəslər qüsursuz İlahi Həkimi onun yanına buraxmayıblar. Baxın, onlar özlərini də, bütün insanları da necə çətin bir vəziyyətə salıblar. Nə xəstəliyin səbəbini bilirlər, nə də dərmanı tanıyırlar. Onlar düzü əyri sanıblar və dostu düşmən biliblər.


Bu Məhbusun sədasını eşidin. Ayağa qalxıb deyin, bəlkə yatanlar yuxudan ayıldı. De: Ey ölülər! Allahın Bəxşiş əli Dirilik Suyu paylayır. Tələsin və onu alıb doyunca için. Bu Gün dirilən kəs heç zaman ölməz və bu Gün ölən kəs heç zaman dirilməz.
   
 
Seçmə 107
SİZİN MƏRHƏMƏTLİ RƏBBİNİZ istəyir ki, dünyada olan bütün insanlar vahid ruh və vahid bədən kimi olsunlar. Məxluqatın gözünün bənzərini görmədiyi bu günlərdə tələsin və Allahın fəzli və mərhəmətindən öz qismətinizi əldə edin. Xoş o kəsin halına ki, Allahın yanında olanlara çatmaq ümidi ilə öz yanındakıları boşlayar. Şəhadət veririk ki, o, şərəfə nail olanlardandır...
   
 
Seçmə 108
BİZ SİZİN ÜÇÜN bir vaxt təyin etmişik, ey insanlar. Əgər vaxt tamam olarsa və siz üzünüzü Allaha doğru çevirməzsinizsə, onda O hər yandan sizi cəzalandırar və hər tərəfdən sizə əzab küləkləri göndərər. Rəbbinizin cəzası şiddətli olur!
   
 
Seçmə 109
EY KAMAL, BU Gün Allahın ən mərhəmətli lütfü ilə insanın yetişə biləcəyi məqamlar hələ gizli saxlanılır, çünki varlıq aləmi onun aşkar edilməsi üçün lazımi qabiliyyətə malik olmamışdır və malik deyildir. Lakin tezliklə, belə bir lütfün gizli saxladığı güclər Onun əmri ilə insanlara açılar. Hətta bütün millətlərin qoşunları ona qarşı çıxsa, dünyanın hökmdarları Onun Əmrini məhv etməyə çalışa da, Onun qüdrətini sarsıda bilməz. O, həqiqəti danışar və hamını Bənzərsiz və Hər şeyi Bilən Allaha doğru çağırar.


Bütün insanlar hər zaman inkişaf edən təməddünü irəlilətmək üçün yaradılmışlar. And olsun Qüdrətli Allaha, yer üzündəki yırtıcı heyvanlar tək işlər tutmaq insana yaraşmayıb və yaraşmır. İnsana layiq olan işlər mərhəmət, məhəbbət, şəfqət və bütün aləm əhlinə qarşı dözümlü olmaqdır. De: Ey dostlar, bu saf Kövsər Adlar Sahibinin inayət barmağından süzülür. İçin və Onun adı ilə başqalarına da içirdin qoy yer üzünün başçıları tam yəqinliklə bilsinlər ki, Əbədi Haqq nədən ötrü gəlib və onlar nə üçün xəlq olunublar...
   
 
Seçmə 110
HƏZRƏT MÖVCUD BUYURUR: “Allah Əmrini və Onun Dinini canlandıran təməl məqsəd bəşər aləminin maraqlarının qorunması və onun birliyinin irəlilədilməsi, insanlar arasında ittifaq, məhəbbət və ülfət ruhunun bəslənməsidir; Onu düşmənçilik və ya nifaq səbəbinə çevirməyin. Budur düz Yol, möhkəm və sarsılmaz təməl. Bu təməl üzərində qurulan şeyi dünyanın hadisələri tərpətməz və zamanın gərdişi dağıda bilməz”. Ümidvarıq ki, yer üzünün üləmaları və əmirləri birləşərək dünyanı islah etməyə və onu sağaltmağa qalxacaqlar. Qoy onlar onun ehtiyacı üzərində diqqət və şəfqətlə düşünüb məsləhətləşdikdən sonra indi xəstə olan dünyanın bədəninə tədbir dərmanı ilə şəfa bəxş etsinlər... Başçılar bütün işlərdə orta həddi gözləməlidirlər. Çünki mötədilliyi aşan hər bir iş faydalı təsir ölçüsündən məhrum olur. Məsələn, azadlıq, təməddün və digər bu kimi şeylər mərifət əhli tərəfindən bəyənilsə də, orta həddi keçdikdə, ziyanlı nəticələr verir… İnşaallah, yer üzünün başçılarının və müdrik şəxslərin səyləri sayəsində aləm əhli onlara xeyir verən şeylərdən agah olar. Bəşərin bu özbaşınalığı nə vaxta qədər davam edəcək? Haqsızlıq nə vaxta qədər hökm sürəcək? İnqilab və təşvişlər nə vaxta qədər baş verəcək? İxtilaf cəmiyyəti nə vaxta qədər təlaşa salacaq? Əfsus ki, hər tərəfdən ümidsizlik yelləri əsməkdədir, insan nəslini parçalayan və iztiraba salan qarışıqlıq və çəkişmələr günbəgün artmaqdadır. Hərc-mərclik əlamətləri müşahidə olunur, çünki indi mövcud olan nizamın acınacaqlı dərəcədə qüsurlu olması görünür. Şərəfli Haqqdan diləyim budur ki, yer əhlini ayıltsın, axırını xeyirə calasın və məqamlarına layiq şeylərə nail olmağa yardım etsin.
   
 
Seçmə 111
EY YER ÜZÜNÜN rəqabət aparan xalqları və tayfaları! Birliyə doğru üz tutun və qoy onun nuru sizin üzərinizə saçsın. Bir yerə toplaşın və Allah xatirinə ixtilaf doğuran şeyləri aradan qaldırın ki, bütün aləm ən böyük Günəşin nuruna boyansın, insanlar bir şəhərə daxil olub bir taxtda otursunlar. Bu Məzlumun həyatının ilk günlərindən indiyə qədər deyilənlərdən özgə nə bir məqsədi olub, nə də bir başqa arzusu olacaq. Şübhə yoxdur ki, dünyanın xalqları, hansı irqdən və ya dindən olurlarsa olsunlar, bir səmavi Mənbədən ilham alır, bir Allahın əmrini yerinə yetirirlər. Dövrün tələbinə görə, əmrlər və hökmlər müxtəlif olub, insanların itaətsizliyindən doğan bəzilərindən başqa, hamısı Allah tərəfindən göndərilib və Onun İradə və Məqsədinin ifadəsi olub. Qalxın və yəqinlik əli ilə sizlərin arasında ixtilaf səpən mövhumat bütlərini sındırıb tökün. Sizi bir-birinizə yaxınlaşdıran və birləşdirən şeylərdən tutun. Budur Ana Kitabdan nazil olan ən uca Söz! Əzəmət Dili Öz cəlal məqamından buna şəhadət verir.
   
 
Seçmə 112
NEÇƏ İLLƏRDİR Kİ, nə yer üzü sakitlik bilir, nə də onun əhalisi. Onu gah müharibələr viran edir, gah da qəfil və gözlənilməz fəlakətlər əzaba salır. Bədbəxtlik və iztirab dünyanı bürüyüb, buna baxmayaraq heç kəs bir dayanıb fikirləşmir ki, bunun səbəbi və mənbəyi nədir.


Əgər həqiqi Nəsihətçi bir öyüd sözü deyibsə, onu fəsad cəhdi kimi yozublar və həmin nəsihəti qəbul etməyiblər. Mat qalırsan ki, nə deyəsən və nə ərz edəsən. İki nəfər tapılmaz ki, həqiqətən, zahirdə və batində bir olsun. Bütün dünyada təfriqə və fitnə əlamətləri mövcud və aşkardır, baxmayaraq ki, hamı birlik və ittifaq üçün xəlq olunub.


Həzrət Mövcud buyurur: “Ey dostlar, birlik çadırı qurulmuşdur, bir-birinizə yadlar kimi baxmayın. Hamınız bir ağacın meyvələri və bir budağın yarpaqlarısınız”. İnşaallah, ədalət nuru parlayar və dünyanı haqsızlıqdan təmizləyər. Əgər Şərəfli Haqqın hakimiyyətinin rəmzləri olan hökmdarlar və sultanlar səy göstərib bütün yer əhlinə xeyir verən işlərə başlasalar, insan övladları arasında ədalətin hökmranlığı bərqərar olar və onun işığı bütün dünyanı tutar.


Həzrət Mövcud buyurur: “Dünyanın sabitliyi və nizamının binası iki sütun—cəza və mükafat sütunları üzərində qurulub və bu iki sütun ona həmişə dayaq olmaqda davam edəcək”… Başqa bir məqamda isə buyurur: “Ey əmirlər tayfası! Dünyada ədalət və hikmətdən güclü qoşun yoxdur... Xoş o hökmdarın halına ki, yürüş zamanı qarşısında hikmət bayrağı, arxasında isə ədalət qoşunları irəliləyir. Həqiqətən, o, insanlar arasında sülhün alnını zinətləndirən bəzək, əmin-amanlığın üzüdür. Həqiqətən də, əgər ədalət günəşi zülm buludundan xilas olub işığını insanların üzərinə salsaydı, dünya tamamilə başqa bir dünyaya dönərdi”.
   
 
Seçmə 113
EY ŞAHIN ŞƏHƏRDƏKİ (İstanbuldakı) səfiri, məgər sən elə güman edirsən ki, Allahın Əmrinin taleyi Mənim əlimdədir? Yaxud Mənim həbs olunmağımla, alçaldılmağımla, hətta ölümüm və fənaya uğramağımla Allahın Əmrinin yolu dəyişilə bilər?! Sənin özlüyündə zənn etdiyin səhvdir və sən yanlış xəyala düşənlərdənsən. Həqiqətən, Ondan başqa Allah yoxdur. O Öz Əmrini aşkar edər, Öz dəlilini yüksəldər və Öz İradəsini yeridib elə bir məqama ucaldar ki, nə sənin əlin, nə də bütün Ondan üz döndərənlərin əlləri ona çatmaz və ya ona ziyan vura bilməz.


Məgər sən elə zənn edirsən ki, Onun İradə etdiklərini poza bilərsən və ya Onun hökmünə və hökmranlığına mane ola bilərsən, yaxud da göylərdə və yerdə olanların hamısının Onun Əmrinə qarşı çıxmağa qüdrəti çatar?! And olsun Əbədi Haqqa ki, yox! Yaranmışlardan heç biri Onun Məqsədinə mane ola bilməz. Elə isə bu zənnindən əl çək, çünki güman heç vaxt həqiqəti əvəz edə bilməz. Səmimiyyətlə tövbə et və üzünü Allaha doğru çevir, o Allah ki, səni xəlq etdi, sənə ruzi verdi və səni sənin dinini daşıyanların səfiri eylədi.


Sonra bunu bil ki, O, göylərdə və yerdə olanları bir kəlmə əmri ilə xəlq etmişdir. Belə olduqda, Onun hökmü ilə yaranan şey necə Onun əleyhinə qalxa bilər?! Allah sizin zənn etdiyinizdən pak və ucadır, ey ədavət əhli! Əgər bu Əmr, həqiqətən, Allahdandırsa, onda heç kəsin ona mane olmağa qüdrəti çatmaz; əgər Allahdan deyilsə, o zaman sizin üləmalarınızın və onların havasına oynayıb etiraz edən kəslərin ona gücü yetər.


Məgər sən keçmişdə fironun tayfasından olan bir möminin söylədiyini eşitməmisənmi?! Onu Allah insanlar arasından seçib onlara göndərdiyi və Müjdəsini etibar edərək aləmdəkilərə Öz mərhəmətinin əlamətinə çevirdiyi peyğəmbərinə hekayət etmişdir. O, belə dedi və Onun söylədiyi həqiqətdir: “Nə üçün “Mənim Rəbbim—Allahdır!” deyən kişini öldürürsünüz? Halbuki, o, Rəbbiniz tərəfindən aydın dəlillərlə gəlmişdir. Əgər o, yalançıdırsa, onun yalanı özünə qalar; əgər doğruçudursa, onun sizi xəbərdar etdiklərinin bəzisi başınıza gələr”. Bunu Allah qüsursuz Kitabında Öz Sevimlisinə nazil etmişdir.


Amma siz Onun əmrinə qulaq asmadınız, hökmünü eşitmədiniz, Kitabda nazil olan nəsihətlərini rədd etdiniz və Ondan uzaqlaşıb azanlardan oldunuz. Hər ay və hər il neçə-neçə bəndələr sizin günahınız üzündən qətlə yetirildilər. Siz öz günlərinizdə o qədər zülmlər törətdiniz ki, məxluqatın gözü onların bənzərini görməyib və səlnaməçilərdən heç biri onların oxşarı barədə xəbər verməyib! Sizin zülmünüz nəticəsində neçə-neçə südəmər körpələr anasız və atasız qaldı, nə qədər atanın övladı qətlə yetirildi, ey zalımlar tayfası! Nə qədər bacı qardaşının fərağında hönkürüb ağladı və soldu, nə qədər qadın ərsiz və arxasız, yalnız qaldı!


Sizin zülmünüz o həddə qədər yüksəldi ki, siz üzünü Ulu və Əzəmətli Allahın üzündən heç zaman döndərməyən Kəsi qətlə yetirdiniz. Barı siz Onu insanlardan bəzilərinin bəzilərini öldürdüyü kimi öldürəydiniz. Yox, siz onu elə bir vəziyyətdə qətlə yetirdiniz ki, bunun bənzərini insanların gözü görməyib. Onun halına göylər ağladı, Allaha yaxın kəslərin ürəkləri ­sızladı. Məgər O sizin Peyğəmbərinizin Övladı deyildimi? Məgər O sizin aranızda Peyğəmbərin nəslinə mənsubluğu ilə tanınmırdımı?! Elə isə nə üçün siz Onunla əvvəllər heç kəsin heç kəsə etmədiyi bir şəkildə rəftar etdiniz?! And olsun Allaha, varlığın gözü sizin kimisini görməyib! Siz Peyğəmbərinizin övladını öldürdükdən sonra sevinc içərisində öz yerlərinizdə oturub şadlıq etdiniz. Siz əvvəllər sizin kimi hərəkət edənlərə lənət oxuyurdunuz, amma öz qəddarlığınızdan qafil idiniz.


İndi özünüz insaf edin: məgər sizin pisləyib lənətlədiyiniz kəslər sizin etdiklərinizdən başqa bir şeymi etmişdilər?! Onlar öz Peyğəmbərlərinin övladını necə qətlə yetirmişdilərsə, siz də öz Peyğəmbərinizin övladını eləcə öldürdünüz. Onlar nə törətmişdilərsə, siz də onu törətdiniz. Sizinlə onlar arasında nə fərq var, ey fəsad əhli?!


Siz Onu qətlə yetirdiyiniz zaman Onun ardıcıllarından biri qisas almaq üçün ayağa qalxdı. Onu heç kəs tanımırdı və onun işi hamıdan gizli idi. Nəticədə o oldu ki, əvvəlcədən təyin olunmuşdu. İndi siz buna görə heç kəsi günahlandırmamalısınız, əksinə, əgər insaf əhlisinizsə, özünüzü qınamalısınız.Yer üzündə sizin etdiyinizi etmiş bir kəs varmı? Aləmlərin Rəbbinə and olsun ki, yox!


Bütün hökmdarlar və sultanlar öz Peyğəmbərlərinin və Rəsullarının nəslinə ehtiram bəsləyirlər—bunu anlayanlardan olun! Siz isə heç kəsin heç vaxt etmədiyi kimi hərəkət etdiniz və elə işlər tutdunuz ki, bundan ariflərin ciyərləri yandı. Bununla belə, siz ayılmadınız və nə etdiyinizi anlamadınız. 


İş o yerə gəlib çatdı ki, heç bir günahımız və aşkar bir suçumuz olmadan Bizim əleyhimizə qalxdınız. Məgər sizi yaradan, sizi fərqləndirən, sizə güc verən və sizi özlərini Ona təslim edənlərə qoşan Allahdan qorxmursunuzmu?! Nə vaxta qədər siz ayılmayacaqsınız?! Nə zamana qədər düşünməkdən imtina edəcəksiniz! Nə vaxtadək yuxudan və qəflətdən ayılmayacaqsınız! Və nə zamandək həqiqətdən qafil olacaqsınız?!


Özlüyünüzdə bir düşünün: Bütün bu hərəkətləriniz və əməllərinizlə siz Allahın odunu söndürə və Onun Vəhyinin nurunu yox edə bildinizmi?! O nuru ki, əbədiyyət dənizinin sakinlərini işıqlandırdı və tövhid əhlinin ürəklərini cəzb etdi. Məgər bilmirsinizmi ki, Allahın Əli sizin əlinizdən üstündür, Onun dəyişməz Hökmü sizin tədbirinizdən güclüdür, O öz bəndələrinin başı üzərində Hakimdir, Öz Əmri ilə hər şeyə Qalibdir, istədiyini edər və etdiyinə görə sorğu-sual olunmaz, istədiyi kimi hökm verər və O, Qadir və Qüdrətlidir?! Əgər siz bunu yəqin bilirsinizsə, nə üçün öz əməllərinizdən əl çəkib sakitləşmirsiniz və hər gün öz zülmünüzü təzələyirsiniz?!


Siz hər gün yeni insafsızlıq edirsiniz və Mənimlə indi də keçmişdə etdiyiniz kimi rəftar edirsiniz. Hərçənd Mən heç vaxt sizin işlərə qarışmamışam. Heç zaman sizə müxalif olmamışam və sizin qanunlarınıza etiraz etməmişəm. Baxın, siz Məni bu ucqar yerdə necə məhbus etmisiniz. Amma bunu bil və yəqin et ki, sizin və müşriklərin əllərinin törətdikləri belə işlər Allahın Əmrini və Onun qaydasını heç vaxt dəyişdirə bilməz, necə ki, əvvəllər də dəyişdirməmişdi.


Sonra bunu bilin, ey İran əhli! Əgər siz Məni qətlə yetirsəniz, Allah bir başqasını Mənim məqamıma qaldırar—bu, Allahın əvvəllər də özünü göstərmiş qaydasıdır və siz Onun qaydasında nə bir dəyişiklik, nə də bir təbəddülat görərsiniz. Siz Allahın Öz torpağındakı nurunu söndürməkmi istəyirsiniz?! Allah sizin bu istəyinizi rədd edir. Siz özlüyünüzdə bəyənməyib nifrət etsəniz də, O, Öz nurunu tamamlayar.


Sən də, ey səfir, bir anlığa özlüyündə düşün və özün insaf elə: hansı günahıma görə sən Şahın vəkillərinin yanında Mənə böhtan atdın, nəfsinin ardınca gedərək həqiqəti təhrif etdin və iftiraçılardan oldun? Halbuki, sən Mənimlə ünsiyyətdə olmamısan, Mən də səninlə. Biz səni yalnız bir dəfə atanın evində Hüseynin (ə) müsibətləri xatırlanan günlərdə görmüşdük. Belə məclislərdə də imkan olmur ki, kimsə ağzını açıb nə isə desin, bununla da onun fikirləri və əqidəsi anlaşılsın. Əgər sən doğruçusansa, bunu təsdiq edərsən. Mən bundan başqa məclislərdə olmamışam ki, sən Məni görəsən və fikirlərimi biləsən, yaxud da başqaları Məni görsün. Bununla belə, sən necə Məndən eşitmədiyin bir söz barədə fitva verdin? Eşitməmisənmi ki, Qüdrətli və Şərəfli Allah buyurub: “Sizi salamla qarşılayana “Sən mömin deyilsən!” söyləməyin. Və səhər-axşam Rəbbini çağıraraq, Onun üzünü görmək istəyənləri yanınızdan qovmayın”. Sən Kitabın hökmünü pozmusan, amma bundan sonra da ozünü möminlərdən sayırsan.


Bununla belə, Allaha and olsun, mənim qəlbimdə nə sənə, nə də bir başqasına qarşı kin yoxdur, hərçənd siz Mənim başıma elə müsibətlər gətirmisiniz ki, tövhid əhlindən heç kəs onlara dözməzdi. Mənim işim yalnız Allahın əlindədir və Mənim təvəkkülüm yalnız Onadır. Tezliklə sizin günləriniz və bu gün aşkar qürur içərisində olanların əyyamı ötüb keçər. Və tezliklə siz Allahın hüzurunda cəm olub öz əlinizlə törətdiklərinizə görə sorğu-suala tutular və cəzalanarsınız. Necə dözülməz olar zalımların məkanı!


And olsun Allaha! Əgər sən nə etdiyini anlasaydın, öz halına ağlayaraq qaçıb Allaha sığınardın və ömrün boyu yalvarardın ki, Allah səni bağışlasın, çünki O, Səxavətli və Kəramətlidir. Lakin sən bütün zatınla, qəlbinlə və cisminlə dünya malına bağlandığın üçün ruhun bədənindən ayrılana kimi buna müvəffəq olmayacaqsan. O zaman sən Bizim təlqin etdiklərimizi anlayacaqsan və bu əməllərinin, istər böyük, istərsə zərrədən də kiçik olan bütün məxluqatın işlərinin cüzi bir qisminin belə ötürülmədiyi Kitaba yazıldığının şahidi olacaqsan. Elə isə Mənim nəsihətimə qulaq as, qəlbinin qulağı ilə Mənim dediklərimi eşit, Mənim sözlərimdən qafil olma, Mənim həqiqətimi rədd edənlərdən olma. Sənə verilmiş şeylə öyünmə. Qoruyan və Cəlal Sahibi Allahın Kitabında nazil olana nəzər sal: “Onlar nəsihətləri unutduqları zaman bütün şeylərin qapılarını onların üzünə açdıq”. Eləcə də Biz sənin və sənin kimilərin üzünə dünyanın və onun bəzəklərinin qapılarını açdıq. İndi bu mübarək ayənin sonunda nazil olanları gözlə—Qüdrət və Hikmət Sahibinin verdiyi bu vədə yalan çıxmaz.


Mən bilmirəm, siz hansı yolu seçmisiniz və hansı yolla gedirsiniz, ey ədavət əhli! Biz sizi Allaha doğru çağırırıq, sizə Onun Gününü xatırladırıq, sizə Onunla görüşün müjdəsini veririk, sizi Onun dərgahına yaxınlaşdırırıq, sizə Onun ecazkar hikmətini çatdırırıq, siz isə bizi qovursunuz, yalançı dillərinizlə söylədiklərinizlə Bizi küfrdə ittiham edirsiniz və Bizə qarşı tədbir tökürsünüz! Biz Allahın Öz səxavəti sayəsində Bizə bəxş etdiyini sizə göstərəndə isə deyirsiniz: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”. Keçmişdəki elə sizin kimi olan ümmətlər də eyni sözləri demişdilər—bunu anlayın. Beləcə siz özünüzü Allahın feyzindən və ­fəzlindən məhrum etdiniz və bundan sonra onu tapa bilməzsiniz—o vaxta qədər ki, Allah Bizimlə sizin aranızda hakimlik edər və O, hakimlərin ən yaxşısıdır.


Sizlərdən biri dedi: “Bu, O Kəsdir ki, Özlüyündə Allahlıq iddiasına düşüb”. And olsun Allaha ki, bu, ən böyük bir böhtandır. Mən yalnız bir bəndəyəm və Allaha, Onun ayələrinə, Peyğəmbərlərinə və mələklərinə iman gətirmişəm. İndi də Mənim dilim, qəlbim, zahirim və batinim şəhadət verir ki, Allahdan başqa Allah yoxdur, Ondan başqa hər şey Onun Əmri ilə xəlq olunub, Onun İradəsi ilə yaranıb. Ondan başqa Allah yoxdur. Odur xəlq edən, ayağa qaldıran, dirildən və öldürən! Mən yalnız Allahın Öz səxavəti sayəsində Mənə bəxş etdiyi neməti söyləyib aşkar etmişəm. Əgər bu, Mənim günahımdırsa, Onda Mən günahkarların ən birincisiyəm. Və Mən öz ailəmlə birlikdə sizin əlinizdəyəm, nə istəyirsinizsə, edin, durmayın. Bəlkə bu yolla Mən Rəbbim Allahın yanına qayıdam və elə bir məqama yetişəm ki, ora sizin üzlərinizdən xalidir. Bu, Mənim ən istəkli arzum və ən atəşli niyyətimdir. Allah Mənim halımdan, həqiqətən, xəbərdardır və Ona hər şey aşkardır.


Ey səfir, özünün Allahın hüzurunda olduğunu düşün, çünki sən Onu görməsən də, O səni, həqiqətən, görür. Sonra Bizim Əmrimizə insafla bax. Əgər insaf əhlisənsə, söylə, hansı günahımıza görə Bizim əleyhimizə qalxdın və insanlar arasında Bizə iftira söylədin? Biz şahın əmri ilə Tehrandan çıxdıq, onun icazəsi ilə İraqa yollandıq və ora çatıb orada qaldıq. Əgər Mən onun qarşısında müqəssir idimsə, niyə Məni buraxdılar? Əgər müqəssir deyildimsə, niyə səninlə bir dinə inanaların heç birinin başına gətirilməyən müsibətləri Bizim başımıza gətirdiniz?! İraqa varid olduqdan sonra Biz dövlətin əmrini pozan bir iş tutmuşuqmu? Kimsə Bizim ittihama layiq hərəkətimizin şahidi olubmu? Oranın əhalisindən soruş ki, həqiqət sənə aydın olsun.


Biz on bir il orada qaldıq. Nəhayət, sizin səfiriniz ora gəldi. Həmən səfir ki, qələm onun adını belə çəkmək istəmir. O, şərab içirdi, günah və pis əməllər törədirdi, özü pozğun idi, İraqı da pozurdu. Əgər sən aydınlaşdırmaq istəyib soruşsan, Bağdad əhalisinin əksəriyyəti bunu təsdiq edər. O, nahaq yerə insanların malını əllərindən alırdı, Allahın bütün əmrlərini unudaraq, Onun qadağan etdiyi işlərlə məşğul olurdu. Beləcə o, nəfsinin və ehtirasının ardınca gedərək, Bizim əleyhimizə çıxdı və zalımların yolunu tutdu. Sənə göndərdiyi məktubda o Bizim haqqımızda böhtanlar yazdı, sən də heç bir dəlil və aşkar sübut olmadan onun dediklərini qəbul etdin və onun yolu ilə getdin. Sən heç aydınlaşdırmadın, axtarıb araşdırmadın ki, yalan doğrudan, haqq batildən ayrılsın və sən də onlara işıqlı gözlə baxasan. Sən onun necə bir insan olması haqqında İraqda olan səfirlərdən, eləcə də, şəhərin valisindən və onun müşavirindən soruş ki, həqiqəti biləsən və agahlardan olasan.


Allah Bizə şahiddir! Biz heç bir şeydə onun və başqalarının əleyhinə çıxmamışıq, bütün hallarda Allahın hökmlərinə tabe olmuşuq və fəsad əhli olmamışıq. O, Özü də bunu təsdiq edər. Lakin o istəyirdi ki, öz adını ucalara qaldırmaq və məşhur olmaq üçün Bizi tutub İrana qaytarsın. Necə ki, sən də həmin məqsədlə bu günahı törətdin. Hər şeyin Sahibi olan və hər şeyi Bilən Allahın yanında sizin hər ikiniz bərabərsiniz.


Biz bu sözləri sənə ondan ötrü demirik ki, Bizim ağır halımızı yüngülləşdirəsən, yaxud kiminsə yanında Bizim üçün vasitəçilik edəsən. Aləmlərin Rəbbinə and olsun ki, yox! Biz bütün bu işləri ona görə şərh etdik ki, sən öz əməllərini anlayasan və Bizim başımıza gətirdiklərini daha heç kəsin başına gətirməyəsən, səni və bütün şeyləri xəlq edən Allahın qarşısında tövbə edəsən, bundan sonra bəsirətli olasan—bu, sənə malik olduqlarından və qısa müddətli səfirliyindən daha xeyirlidir.


İnsafsızlığa göz yummaqdan çəkin. Qəlbinlə üzünü ədalətə doğru tut. Allahın Əmrini dəyişdirməyə çalışma və Kitabda nazil olanlara diqqət yetir. Heç bir işdə öz nəfsinə tabe olma, Əzəli və Səxavətli Rəbbin olan Allahın hökmünə tabe ol. Tezliklə sən torpağa dönərsən və nə özün qalarsan, nə də həyatında səni sevindirən şeylər. Uca Həqiqətin dili belə söyləyir.


Nə üçün Allahın əvvəlki xəbərdarlığını yada salıb xatırlayanlardan olmadın? O deyib və Onun dediyi haqqdır: “Biz sizi ondan (torpaqdan) yaratdıq, ona da qaytaracağıq və bir daha ondan çıxaracağıq”. Yüksək və alçaq rütbəli olmasından asılı olmayaraq, bütün yer əhli üçün Allahın müəyyən etdiyi budur. Torpaqdan yaranan, ona qayıdan və yenidən ondan çıxan kəsə yaraşmaz ki, Allahın və onun övliyalarının önündə təkəbbür göstərsin, onların qarşısında öyünsün və hədsiz qürur içərisində olsun. Əksinə, sən və sənin kimilər gərək özlərini tövhid Məzhərlərinə təslim etsinlər və o möminlərin qarşısında təvazökarlıq göstərsinlər ki, onlar Allah xatirinə hər şeylərindən keçiblər və bəndələrin qəlbini özünə bağlayan, onları Şərəfli və Tərifəlayiq Allahın yolundan uzaqlaşdıran şeylərdən əllərini üzüblər. Beləcə, biz sizə və Allaha təvəkkül edən kəslərə xeyirli olan şeyləri çatdırdıq...
   
 
Seçmə 114
AGAH OL, EY Sultan (Əbdüləziz), həqiqəti söyləyən Allahın sənə əta etdiklərindən bir şey istəməyən və Haqq yolunda dönməz olan Kəsin sözlərini eşit! O, səni Rəbbin Allaha doğru dəvət edir, sənə düzgün yolu, həqiqi xoşbəxtliyə aparan nicat yolunu göstərir ki, sən nicat tapanlardan olasan.


Ehtiyatlı ol, ey hökmdar, öz ətrafına elə vəkilləri yığma ki, yalnız nəfslərinin ardınca gedirlər və əmanəti arxalarına ataraq, aşkar bir xəyanət yolunu tuturlar. Allah sənə qarşı necə saxavətli olubsa, sən də başqalarına o cür səxavətli ol, insanları və onların işlərini belə vəkillərin əllərinə tapşırma. Allahdan qorx və vicdanla hərəkət edənlərdən ol. Ətrafına o vəkilləri topla ki, onlardan iman və ədalət ətri gəlir, sonra işlər barəsində onlarla məşvərət edib ən yaxşısını seç və səxavətlə hərəkət et.


Bil və yəqin et ki, Allaha inanmayan kəsdə etibar və sədaqət olmaz. Bu, aydın bir həqiqətdir, şübhəsizdir. Allaha xəyanət edən kəs sultana da xəyanət edər. Onu şər əməldən heç nə çəkindirməz, qonşusuna xəyanət etməkdən onu heç nə saxlamaz, onu düz əmələ heç nə sövq etməz.


Ayıq ol, işlərin cilovunu əlindən buraxma, sənin etibarına layiq olmayan bu vəkillərə etibar etmə və qafillərdən olma. Ürəklərini başqasına bağlamış kəslərdən uzaqlaş, öz işlərini və müsəlmanların işlərini onların ixtiyarına vermə, qurdları Allahın qoyunlarına çoban etmə, Onun sevimlilərini düşmənlərin əlinin altında qoyma. Allahın Əmrinə xəyanət edən kəslərdən etibar və dəyanət umma, onlardan gen gəz və özünü bərk-bərk qoru ki, onların hiylələrindən sənə zərər toxunmasın. Belələrindən üz döndər və Cəlal Sahibi, Səxavətli Rəbbin olan Allaha üz tut. Kim özünü tamamilə Allaha təslim edərsə, Allah da onunla olar, kim Ona təvəkkül etsə, Allah onu bütün zərərlərdən və bütün məkrli bədxahların şərindən qoruyar.


Əgər sən Mənim sözlərimi eşitsən və nəsihətlərimə qulaq assan, Allah səni elə bir məqama ucaldar ki, yer üzündə olanların heç birinin hiyləsi sənə çatmaz və sənə zərər toxundurmaz. Ey hökmdar, qəlbin və vücudunla Allahın qaydalarına tabe ol və zalımların yolu ilə getmə! İşlərin cilovunu öz ovcunda və qüdrətli əlində saxla, bütün işləri özün araşdır, heç bir şeydən qafil olma, həqiqətən, bunun böyük xeyri var.


Rəbbin olan Allaha şükr elə ki, səni yer üzündə seçərək müsəlmanların sultanı etmişdir. Sən Allahın Öz ecazkar səxavəti və kəraməti sayəsində sənə bəxş etdiklərinin qədrini bilməlisən və hər an Ona şükr etməlisən. Sənin Rəbbinə şükrün o ola bilər ki, Onun dostlarını sevəsən, bəndələrini hifz edəsən və xainlərdən qoruyasan ki, heç kəs onlara zülm etməsin. Sonra sən insanlar arasında Allahın hökmünü yerinə yetirməli və Allahın şəriətində qətiyyətli olmalısan.
Əgər sən öz rəiyyətin arasında ədalət çaylarını axıtsan, Allah görünən və görünməz qoşunlarla sənə kömək göstərər və işlərində sənə yardımçı olar. Həqiqətən, Ondan başqa Allah yoxdur, əmr və xilqət aləmləri Ona məxsusdur, sadiqlərin əməlləri Ona qayıdar.


Xəzinələrinə arxayın olma, Rəbbin olan Allahın ­fəzlinə arxalan. Bütün işlərində Ona güvən və təvəkkül edənlərdən ol. Allahdan kömək istə və Onun sərvəti ilə zənginləş, çünki göylərin və yerin xəzinələri Onun yanındadır. O, istədiyinə əta edər, istəmədiyini məhrum edər. Ondan başqa Allah yoxdur, Odur Ehtiyacsız və Tərifəlayiq! Hamı Onun mərhəmətinin qapısı önündə yoxsuldur, Onun qüdrətinin zühuru qarşısında zəifdir, hamı Onun lütfünü diləyir.


İşlərində ifrata varma, xidmətçilərin arasında ədalətlə rəftar et, onlara ehtiyacları olan qədər ver—o qədər vermə ki, özlərinə sərvət toplasınlar, özlərini və evlərini bəzəsinlər, lazımsız işlərə xərcləyib israfçı olsunlar. Onlar arasında orta həddi gözləyib ədalətlə davran: elə et ki, bəziləri ehtiyac içində, bəziləri də sərvət içində olmasın. Bu, açıq-aşkar bir ədalətdir.


Nəcibləri və şərəfə layiq olanları yaramazların əlinin altında qoyma və alçaqları şərəflilərə başçı eləmə. Necə ki, Biz şəhərdə (İstanbulda) bunun şahidi olduq və buna şəhadət veririk. Şəhərə daxil olduğumuz zaman Biz bəzilərini dəbdəbə və sərvət içərisində, bəzilərini isə açıq-aşkar yoxsulluq və zillət içərisində gördük. Bu, sənin səltənətinə layiq deyil və sənin şəninə yaraşmır.


Mənim nəsihətimi eşit və insanlar arasında ədalətli ol ki, Allah bütün aləmdə sənin adını ədalətlə ucaltsın. Rəiyyəti pis hala qoymaq hesabına öz vəkillərinə firavanlıq vermə. Yoxsulların və möminlərin səhər naləsindən qorx və onlar üçün şəfqətli bir sultan ol, çünki onlar sənin yer üzündəki xəzinəndir. Sən özün öz xəzinəni səni soymaq istəyənlərin əlindən qorumalısan. Onların işlərini və əhvalını hər il, hətta hər ay araşdır ki, öz vəzifələrinə laqeyd qalanlardan olmayasan.


Allahın qüsursuz Tərəzisini gözlərin önündə qur, özünü elə bir məqamda tut ki, sanki Onu görürsən və sonra da hər gün, hətta hər an öz əməllərini həmin tərəzidə çək. Haqq-hesab günü gəlməmiş özündən hesabat istə. Həmən gün Allahın qorxusundan heç kəs ayaq üstə dura bilməz və qafillərin ürəkləri titrəyər.


Hər bir sultan gərək səxavətdə günəş kimi olsun—bütün şeyləri bəsləsin və bütün haqqı çatanlara öz haqqını versin. Bu isə onun özündən doğmur, Qüdrətli və Qadir Allah belə müəyyən etmişdir. Sultan bulud kimi öz mərhəmətini bəndələrə paylamalıdır, necə ki, bulud Ali Fərman Verən və hər şeyi Bilən Allahın əmrinə əsasən, mərhəmət yağışını bütün yer üzünə səpir.


Ehtiyatlı ol, öz işlərini heç kəsə etibar etmə—heç kəs sənin vəzifələrini sənin özün kimi icra edə bilməz. Beləcə, Biz sənə hikmətli sözləri izah edirik və sənə o şeyləri çatdırırıq ki, səni zülm solundan ədalət sağına döndərər və sənə Onun işıqlı yaxınlıq dənizinin yolunu göstərər. Bütün bunlar səndən əvvəl hakimiyyətdə olmuş hökmdarların getdiyi yoldur, o hökmdarlar ki, təbəələri arasında ədalətlə rəftar etmiş və dönmədən ədalət yolu ilə getmişlər.


Sən yer üzündə Allahın kölgəsisən. Elə isə bu uca və böyük məqama layiq olan tərzdə hərəkət et. Əgər sən Bizim dediklərimizə və öyrətdiklərimizə əməl etməsən, bu uca və şərəfli məqamı itirmiş olarsan. Öz qəlbinlə Allaha doğru qayıt, onu dünyadan və dünyanın bər-bəzəyindən təmizlə və Allahdan başqa heç kəsin məhəbbətinin oraya daxil olmasına imkan vermə. Əgər başqasının məhəbbətini oraya daxil etsən, Allahın təzahürünün nurları ona işıq saçmaz, çünki Allah heç kəsdə iki qəlb yaratmayıb. Bu, əzəli Kitabda da nazil olub. Madam ki, Allah insana bir qəlb verib, sən də gərək ona iki məhəbbəti daxil etməyəsən. Elə isə Allahın məhəbbətindən yapış və Ondan başqasının məhəbbətindən üz döndər ki, Allah səni Öz Birlik dənizinə qovuşdurub tövhid əhli etsin. Allah Mənim şahidimdir, bütün bunları sənə təlqin etməkdə məqsədim yalnız budur ki, sən fani şeylərdən uzaqlaşıb əbədi Cəbərut aləminə daxil olasan və Allahın izni ilə orada hökm edənlərdən olasan...


Ey hökmdar, and olsun Allaha, Məni təqib edənlərdən sənə şikayət etmək istəmirəm, çünki Mən çəkdiyim əziyyətlər və dərdlər barədə O Allaha şikayət edirəm ki, Bizi və onları xəlq edib və Bizim məqamımızı yaxşı bilir və hər şey Onun nəzəri altındadır. Mənim istədiyim yalnız budur ki, əməllərinin nəticəsi barədə onlara xəbərdarlıq edim və onlar Bizə etdiklərini başqa heç kəsə etməsinlər və Mənim xəbərdarlığıma diqqət yetirsinlər.


Hər tərəfdən Bizi əhatə edən bəlalar, məhrumiyyətlər və çətinliklər mütləq ötüb keçəcək, eləcə də onların rahatlığı və içərisində olduqları firavanlıq keçib gedəcək. Bu, bir həqiqətdir və yer üzündə heç kəs bunu inkar edə bilməz. Tezliklə Bizim bu zillət torpağında sakin olmağımız da, onların izzət taxtında oturmaları da ötüb keçəcək və Allah Bizimlə onlar arasında hakimlik edəcək, çünki O, hakimlərin ən yaxşısıdır.


Biz bütün başımıza gələnlərə görə Allaha şükr edirik, Onun Bizim üçün müəyyən etdiklərinə və edəcəklərinə səbrlə dözmüşük və dözəcəyik. Mən Ona təvəkkül etmiş və Öz Əmrimi Onun ixtiyarına buraxmışam. Həqiqətən, O, səbr edənlərin və Ona təvəkkül edənlərin mükafatını verəcəkdir. Əmr və xilqət aləmləri Ona məxsusdur. O kimi istəsə ucaldar, kimi istəsə alçaldar və etdiklərinə görə sorğu-suala tutulmaz. Həqiqətən, O, Cəlal Sahibi və Qadirdir.


Ey sultan, sənin hüzuruna ərz etdiklərimi eşit! Zalımların zülmünün qarşısını al, onların əllərini müsəlmanların başı üstündən uzaqlaşdır. And olsun Allahın həqqaniyyətinə, qələm Bizim başımıza gələnləri yazanda qəmgin olmaya bilməz, tövhid əhli bunları dinləməyə tab gətirməz. Bizim əzablarımız elə bir yerə çatıb ki, hətta düşmənlərimiz və eləcə də bütün bəsirət əhli Bizim halımıza ağlayır. Halbuki, Biz insanları sənə üz tutmağa çağırır və onlara sənin kölgənə sığınmağı əmr edirdik ki, sən tövhid əhli üçün bir qala olasan.


Ey sultan, məgər Mən nə vaxtsa sənin qanunlarını pozmuşam?! İraqda səni təmsil edən vəzirlərindən biri bir sübut gətirə bilərmi ki, Mən sənə itaətsizlik göstərmişəm?! Aləmlərin Rəbbinə and olsun ki, yox! Biz nə sənə, nə də onlara bir göz qırpımı qədər də asi olmamışıq və başımıza indiyə qədər gələnlərdən daha böyük bəlalar gəlsə belə, inşaallah, bundan sonra da asi olmarıq.


Biz gecə-gündüz, səhər-axşam Allaha dua edirik ki, səni Ona itaət göstərməyə və Onun hökmlərini yerinə yetirməyə müvəffəq eyləsin, səni şeytanların qoşunlarından hifz etsin. İndi necə istəyirsənsə, sənə və sənin sultanlığına necə yaraşırsa, eləcə də hərəkət et, amma istədiyin və istəyəcəyin bütün işlərdə Allahın hökmünü unutma və de: Həmd olsun Allaha—aləmlərin Rəbbinə!..

3
Anchor 3

Seçmə 115

EY ZƏBİH, ƏMR Qələmindən nazil olan ilahi lövhələrin əksəriyyətində Allahın bütün dostlarına bu sözləri vəsiyyət etmişik: müqəddəs ətəyi qadağan olunan əməllərin palçığına və bəyənilməyən xasiyyətlərin tozuna bulaşdırmayın. Həmçinin vəsiyyət etmişik ki, Lövhələrdə nazil olanlara diqqət yetirin. Əgər insanlar Rəhmanın Qələminin məşriqindən parlayan ilahi vəsiyyətləri qəlblərinin qulağı ilə dinləsəydilər və onları eşitməyə nail olsaydılar, indi yer üzündə olanların əksəriyyətinin Onun hidayət bəzəyi ilə zinətləndiyini müşahidə edərdiniz. Lakin nə müəyyənləşdirilmişdisə, o da oldu.

İndi Əzəli Varlığın Dili bir daha bu bəyaz Vərəq vasitəsilə bu Böyük Məhbəsdən buyurur: Ey Haqqın dostları, nəfs və ehtirasın dar biyabanından çıxıb müqəddəs Birlik fəzalarına tələsin və paklıq və qüdsiyyət bağçalarında məskən salın! Qoy sizin əməllərinizin ətrindən bütün yer üzündə olanlar şərəfli Birlik dənizinə üz tutsunlar.

Dünyanın işləri, onlara aid məsələlər və dünyəvi rəhbərlər barədə danışmaq qətiyyən caiz deyil. Şərəfli və Qüdrətli Haqq dünyəvi hakimiyyəti hökmdarlara bəxş edib. Heç kəsə məmləkət başçılarının rəyinə müxalif olan bir iş tutmaq icazəsi verilməyib. Özü üçün isə O, bəndələrin könül şəhərlərini seçib. Və bu Gün Haqqın dostları açarlara bənzərlər. İnşaallah, onların hamısı İsmi-Əzəmin gücü ilə həmin şəhərlərin qapılarını açarlar. Budur Haqqa kömək göstərmək ki, onun barəsində Sabahları İşıqlandıranın Qələmi ilə Onun bütün Kitab və Lövhələrində yazılıb!

Həmçinin onlar insanlarla mehribancasına davranmalı və o qədər yüksək müqəddəslik, paklıq, düzlük və ədalət nümayiş etdirməlidirlər ki, bütün insanlar onları bəndələr arasında Allahın etibarlı şəxsləri saysınlar. İndi özün bax: Haqqın əmrlərinin quşları hansı səmada uçurlar, o zəif şəxslər isə hansı məqamda məskən salıblar. Xoş o kəslərin halına ki, yəqinlik qanadlarında mərhəmətli Rəbbinin Qələminin göstərdiyi səmaya uçarlar.

Ey Zəbih, Haqqın əməllərinə nəzər sal və de: Böyükdür, necə böyükdür Onun qüdrəti ki, bütün aləmləri əhatə edib! Ucadır, nəhayətsiz ucadır Onun paklığı ki, bütün məxluqatın əli Ona yetişmir! Eşq olsun, eşq olsun Onun məzlumluğuna ki, ondan yaxınların qəlbinə od düşür!

Düşmənlərin əlində saysız-hesabsız bəlalara mübtəla olmağımıza baxmayaraq, Biz Allahın istədiklərini bir-bir yer üzünün bütün başçılarına çatdırdıq. Qoy bütün ümmətlər bilsinlər ki, bəlalar Əzəli Varlığın Qələminin qarşısını kəsə bilməz, çünki o, çürümüş sümüklərə surət bəxş edən Allahın izni ilə hərəkət edir.

İndi bu əzəmətli işlə əlaqədar yaxşı olar ki, dostlar xidmət kəmərini möhkəm bağlasınlar, fikirlərini Allahın Əmrinin zəfərinə kömək edən şeylərdə toplasınlar və alçaq və ikrah doğuran işlərlə məşğul olmasınlar. Əgər haqqın aşkara çıxan işlərinə və əməllərinə bir qədər diqqət yetirsən, üzünü torpağa qoyub deyərsən: “Ey Rəbblərin Rəbbi, şəhadət verirəm ki, Sən varlığın Mövlası, görünən və görünməz şeylərin Tərbiyəçisisən. Şəhadət verirəm ki, Sənin qüdrətin bütün kainatı bürüyüb, yer üzünün qoşunları Səni qorxuda bilməz və bütün millətlərin və xalqların gücü məqsədini yerinə yetirməkdən Səni saxlaya bilməz. Şəhadət verirəm ki, Sənin, dünyanın canlanmasından, onun xalqlarının birləşməsindən və nicat tapmasından özgə bir istəyin yoxdur!”

İndi bir qədər düşünün ki, Haqqın dostları necə davranmalı və hansı məqamlara uçmalıdırlar. Hər zaman öz Mərhəmətli Rəbbindən xahiş et ki, onları Onun istədiklərini etməkdə müvəffəq eyləsin. Həqiqətən, O, Qüdrətli, Şərəfli və Hər şeyi Biləndir.

Ey Zəbih, bu Məzlumun düşdüyü məhbusluq Ona heç bir ziyan vurmamışdır və vura da bilməz. Nə də qarət, əsirlik və hətta Onun şəhidliyi, zahirən alçaldılması Ona zərər vura bilər. Ona ziyan vuran Haqqın dostlarının törətdiyi əməllərdir ki, onları Haqqa mənsub edirlər. And olsun aləmlərə hökmran olan Kəsə ki, Mənə ziyan vuran budur! Ən böyük ziyan odur ki, hər gün Bəyan əhlindən kimsə bir iddiaya düşür. Bəziləri Mənim Budaqlarımdan birinə tərəfdarlıqlarını bəyan etmiş, bəziləri də müstəqil şəkildə öz iddialarını qaldırır və istədikləri kimi hərəkət edirlər.

Ey Zəbih, Əzəmət Dili buyurur: And olsun Həqiqəti söyləyən Varlığıma! Bu ən böyük Zühurla bütün Zühurlar ən yüksək və son həddinə çatdı. Ondan sonra zühura iddia edən kəs yalançı və iftiraçıdır. Allahdan diləyimiz budur ki, onu bu iddiadan dönməyə müvəffəq eyləsin. Əgər o, tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Əgər dediyində israr edərsə, Allah rəhmsiz bir kəsi onun üstünə göndərər. Həqiqətən, O, Qüdrətli və Qadirdir!

Bax gör, Bəyan əhli bunu dərk etməyib ki, Mənim əvvəlki Məzhərim və Camalımın Müjdəçisi nə buyurubsa, Mənim Zühurumu nəzərdə tutaraq və Mənim Əmrimi elan edərək buyurub. Yoxsa, and olsun Haqq olan Varlığa ki, O buyurduqlarından bir kəlməni də söyləməzdi. Bu cahillər Ulu və Ehtiyacsız Allahın Əmrini oyuncaq sanıblar, hər gün bir xəyala düşür və bir biyabanda dolaşırlar. Əgər Əmr onların dediyi kimi olsaydı, Rəbbinin Əmri necə ərşdə sabit qərar tuta bilərdi?! Fikirləş və axtaranlardan ol! Fikirləş və duyanlardan ol! Fikirləş və dönməzlərdən ol! Fikirləş və əminlərdən ol! Əgər bütün insanlar heç kəsin heç vaxt etmədiyi və heç kəsin dərk edə bilmədiyi bir şeyə iddia etsələr belə, onlara fikir vermə və onları arxada buraxıb aləmlərin Qibləsinə üz tut!

Canıma and olsun, bu Əmr böyükdür, çox böyükdür! Və bu Gün əzəmətlidir, çox əzəmətlidir! Xoş o kəsin halına ki, aləmi bir kənara atıb üzünü Öz nuru ilə göyləri və yerdəkiləri işıqlandıran Üzə tərəf tutar!

Ey Zəbih, iti göz və möhkəm ürək gərəkdir və misdən ayaq lazımdır ki, nəfs qoşununun təhrikləri önündə büdrəməsin. Budur qəti hökm ki, Əzəl Sahibinin iradəsi ilə İsmi-Əzəmin qələmindən süzülüb nazil oldu. Onu göz bəbəyi kimi qoru və şükr edənlərdən ol! Gecə-gündüz Haqqın Əmrinə xidmət elə və Ondan başqa hər şeydən əlini üz. Canıma and olsun, bu Gün gördüyün şeylər mütləq fənaya uğrayacaq. Əgər sən öz Mövlanın Əmrində dönməz olsan, məqamın son dərəcə uca olacaq. Sənin bütün məşğuliyyətin Onun qarşısındadır və sənin son məkanın Onun yanında olacaq.

 

Seçmə 116

EY XRİSTİAN HÖKMDARLARI! Məgər eşitməmisiniz ki, Ruh (Həzrət İsa) söyləyib: “Mən gedirəm və yenə gələcəyəm”. Elə isə nə üçün O, buludların kölgəsində gəldiyi zaman Onun camalını görmək üçün Ona yaxınlaşmadınız və Onun hüzuruna çatıb şərəfə nail olmadınız? Başqa bir məqamda isə O deyib: “Haqqın Ruhu gəldiyi zaman sizə doğru yolu göstərəcək”. Amma O, haqq ilə gələrkən, siz Ona üz tutmadınız, nəfsinizin istəyi ilə əylənməkdə davam etdiniz, Onu qarşılayıb hüzuruna yetişmədiniz ki, Onun öz dilindən Allahın ayələrini eşidəsiniz və Qüdrət, Cəlal və Hikmət Sahibi olan Allahın hikmətindən agah olasınız. Beləcə, siz öz könüllərinizi Allahın nəsimindən və öz ürəklərinizi onun ətrindən məhrum etdiniz. Ehtiraslar vadisində sərgərdan qalmaqda davam etdiniz. Siz və sizin malik olduqlarınız mütləq fənaya uğrayacaq və siz, əlbəttə, Allahın yanına qayıdaraq, bütün məxluqatın toplaşdığı yerdə həyatınız boyu etdiklərinizə görə sorğu-suala tutulacaqsınız...

Ey hökmdarlar, iyirmi ildir ki, hər gün bizə yeni bir bəla üz verir. Əgər siz eşidənlərdənsinizsə, bilin ki, bizim başımıza gələnlər bizdən əvvəl heç kəsin başına gəlməyib. Belə ki, bizi öldürdülər, qanımızı tökdülər, əmlakımızı əlimizdən aldılar, hörmətdən saldılar. Siz bunların əksəriyyətini eşitdiniz, lakin qarşısını almadınız. Halbuki, siz gərək zalımların zülmünə mane olasınız, insanlar arasında ədalətlə hökmranlıq edəsiniz və bununla da öz ədalətinizi bütün bəşərin içərisində nümayiş etdirəsiniz.

Allah insanların ixtiyarını sizin əlinizə onun üçün verib ki, siz onlar arasında ədalətlə hökm edəsiniz, məzlumların haqqını qoruyasınız və zalımları cəzalandırasınız. Əgər siz Allahın Kitabında əmr olunanlara əməl etməsəniz, sizin adlarınız Onun yanında ədalətlə xatırlanmaz—bu isə, həqiqətən, ən böyük bir ziyandır. Məgər siz öz nəfsinizin hökmünə tabe olub Ulu, Uca, Qalib və Qüdrətli Allahın hökmündən çıxmaqmı istəyirsiniz?! Yanınızda olanları boşlayın və Allahın sizə əmr etdiklərindən yapışın, sonra da Ondan mərhəmət gözləyin—doğru yol budur!

Bizim halımıza nəzər salın, bizə dəyən ziyana və zərərə diqqət yetirin və bircə an da bizdən qafil olmayın. Sonra bizimlə düşmənlərimiz arasında ədalətlə hökm eləyin—bu, aşkar bir xeyirdir. Beləcə Biz sizə öz əhvalatımızı və başımıza gələnləri nəql etdik ki, Bizim ziyanımızı yüngülləşdirəsiniz və əzablarımızı aradan qaldırasınız. Kim istəyirsə, yüngülləşdirsin, kim istəmirsə, bilsin ki, Rəbbimiz ən yaxşı köməkçi və yardımçıdır.

Ey Bəndə, Sənə dediklərimizi bəndələrə çatdır, heç kəsdən qorxma və tərəddüd edənlərdən olma. Tezliklə Allah göylərdə və yerdə olanlar arasında Öz Əmrini ucaldar və Öz dəlilini yüksəldər. Elə isə bütün işlərdə Rəbbinə təvəkkül et və üzünü Ona tut, sonra da inkarçılardan üz döndər. Rəbbin olan Allahın köməyi və yardımı ilə kifayətlən. Əgər sultanlardan heç biri Sənə üz tutmasa belə, Biz Özümüzə vəd etmişik ki, Mülk aləmində Sənin zəfərini təmin edəcək və Əmrimizi bütün insanlar üzərində ucaldacağıq.

Seçmə 117

HƏZRƏT MÖVCUD XALQLARIN əmin-amanlıq və rahatlığının və aləmin abadlığının ilkin şərti və səbəbi barədə bir yerdə buyurur: “Labüd məsələ budur ki, yer üzündə böyük bir məclis qurulsun, hökmdarlar və sultanlar həmin məclisdə Böyük Sülhün əsasının qoyulması üçün yollar və vasitələr barədə müzakirələr aparsınlar. Onun da yolu budur ki, böyük dövlətlər dünyanın rahatlığı üçün öz aralarında möhkəm sülhə can atsınlar. Əgər bir hökmdar başqa bir hökmdarın üstünə qalxsa, hamılıqla birləşib onun qarşısını alsınlar. Belə olan surətdə öz ölkə və şəhərlərini qorumaq üçün lazım olan miqdarı çıxmaq şərtilə, dünyanın hərbi sursata və nizami orduya ehtiyacı qalmaz”. Budur xalqın, hökumətin və məmləkətin rahatlığının şərti! İnşaallah, Allahın mərhəmətli və Qüdrətli Adının güzgüsü olan hökmdarlar və sultanlar bu məqama nail olar və dünyanı zülmün hökmranlığından qoruyarlar.

Çox çəkməz ki, dünyadakı bütün insanlar bir dil və bir yazı ilə bəzənərlər. O zaman hər kəs hansı şəhərə yollansa, özünü evindəki kimi hiss edər. Bu işlər lazım və vacibdir. Hər bir bəsirət və anlayış sahibi çalışmalıdır ki, deyilənlər gerçəklik və mövcudluq səhnəsinə qədəm qoysun… Bu gün insan o kəsdir ki, özünü bütün bəşər nəslinə xidmətə həsr edir. Həzrət Mövcud buyurur: “Xoş o kəsin halına ki, yer üzü xalqlarının xidmətinə qalxır”. Başqa bir məqamda isə buyurur: “O kəs fəxr etməsin ki, vətənini sevir, fəxr etsin o kəs ki, bütün dünyanı sevir”. Həqiqətən də, dünya bir vətəndir, yer üzündə olan insanlar isə onun vətəndaşları.

Seçmə 118

EY HÖKMDARLAR, ALLAHDAN çəkinin və Allahın müəyyən etdiyi hədləri aşmayın. Kitabda sizə Əmr edilənləri yerinə yetirin və onlardan kənara çıxmayın. Ehtiyatlı olun, heç kəsə xardal dənəsi qədər də zülm etməyin və ədalət yolu ilə gedin—bu, həqiqətən də, doğru yoldur.

Öz aranızda sülh yaradın və əsgərlərinizi azaldın ki, bununla da məsrəflərinizi azaldıb rahatlıq və sakitlik tapasınız. Əgər aranızdakı ixtilaflara son qoysanız, yalnız şəhərlərinizi və ölkələrinizi qorumaq üçün lazım olan miqdardan savayı, çoxlu qoşunlara ehtiyacınız qalmaz. Allahdan çəkinin, heç bir şeydə mötədilliyi aşmayın və israfçılardan olmayın.

Biz bilirik ki, siz hər gün məsrəflərinizi artırırsınız və onların yükünü rəiyyətinizin üzərinə qoyursunuz. Bu onların çəkə biləcəklərindən xeyli artıqdır və aşkar bir zülmdür. İnsanlar arasında ədalətlə davranın və yer üzündə ədalət mücəssəmələrindən olun! Əgər insaflısınızsa, bilin ki, sizə və sizin şəninizə yaraşan budur.

Ehtiyatlı olun ki, sizə pənah gətirən və sizin kölgənizə sığınan kəslərə zülm etməyəsiniz. Allahdan qorxun və mömin bir həyat sürün. Öz qüdrətinizə, əsgərlərinizə və xəzinələrinizə güvənməyin, sizi yaradan Allaha arxalanın, bütün işlərinizdə Ondan kömək diləyin—kömək yalnız Ondandır, O istədiyi şəxsə göylərin və yerin qoşunları ilə kömək göstərər.

Sonra bilin ki, yoxsullar sizin aranızda Allahın əmanətləridir. Ehtiyatlı olun, Onun əmanətlərinə xəyanət etməyin və onlara zülm edib xəyanətkarlardan olmayın. Siz Onun əmanəti barədə elə bir Gündə mütləq sorğu-suala tutularsınız ki, o Gün ədalət tərəzisi qurular, bütün haqqı çatanlara haqları verilər, bütün varlıların və yoxsulların əməlləri həmin tərəzidə çəkilər.

Əgər siz bu Lövhdə misilsiz və aydın bir dillə sizə verdiyimiz nəsihətlərə qulaq asmasanız, hər tərəfdən sizi əzab bürüyər və Allahın ədalətli hökmü sizin əleyhinizə səslənər. O zaman sizin Ona müqavimət göstərməyə gücünüz çatmaz və öz acizliyinizi etiraf edərsiniz. Elə isə özünüzə və bəndələrə rəhminiz gəlsin, onlar arasında Allahın uca və müqəddəs Lövhədə hökm etdiklərinə əsasən hakimlik eləyin. Həmin Lövhədə O hər bir şeyin həddini müəyyənləşdirib, bütün şeyləri təfsilatı ilə izah edib və onu yəqinlik hasil edən bəndələr üçün bir xəbərdarlığa çevirib.

Bizim Əmrimizi araşdırın və Bizim başımıza gələnləri aydınlaşdırın, sonra da Bizimlə düşmənlərimiz arasında hakimlik edərək ətrafındakı insanlara ədalətlə davrananlardan olun. Əgər siz zalımın zülmünə mane olmasanız və məzlumun haqqını müdafiə etməsəniz, bəndələr arasında hansı haqqla öyünə bilərsiniz? Onda nə ilə fəxr edə bilərsiniz? Yoxsa, siz yediklərinizlə, içdiklərinizlə, xəzinələrinizə yığdığınız sərvətlə, yaxud qırmızı və sarı daşlardan, qiymətli və parlaq ləl-cəvahiratdan ibarət olan zinətlərinizlə fəxr edirsiniz?! Əgər bu fani əşyalarla fəxr etmək mümkün olsaydı, onda gərək torpaq sizin qarşınızda öyünəydi, çünki hər şeyi müəyyənləşdirən qadir Allahın hökmünə əsasən, bütün bunları sizə məhz o bağışlayır və əta edir. Allah bunların hamısını torpağın bətnində yerləşdirib və Öz fəzli sayəsində sizin üçün aşkara çıxarır. Elə isə öz halınıza baxın və əgər anlayanlardansınızsa, görün, nə ilə fəxr edirsiniz!

Yox, and olsun yaranmışların səltənətini ovcunda saxlayan Kəsə! Siz yalnız onunla fəxr edə bilərsiniz ki, özünüz Allahın hökmlərindən möhkəm yapışasınız, Onun qanunlarına ürəkdən tabe olasınız, heç kəsin Allahın hökmlərindən uzaqlaşmasına imkan verməyəsiniz və səbatla doğru yolla gedəsiniz...

Seçmə 119

EY ƏMİRLƏR TAYFASI! Nə üçün bulud kimi Günəşin üzünü örtüb onun işıq saçmasına mane olursunuz? Uca Qələmin sizə verdiyi nəsihətləri eşidin ki, bunun sayəsində həm siz, həm də yoxsullar və kimsəsizlər rahatlıq tapsınlar. Allahdan diləyirik ki, hökmdarların yer üzündə sülh yaratmasına yardım göstərsin. Həqiqətən, O istədiyini etməyə qadirdir.

Ey hökmdarlar tayfası! Biz görürük ki, siz hər il məsrəflərinizi artırır və bunu rəiyyətin boynuna qoyursunuz. Bu isə böyük bir zülmdür. Bu Məzlumun ahından və göz yaşlarından qorxun, rəiyyətin boynuna taqətlərindən artıq yük qoymayın, özünüzə saraylar ucaltmaqdan ötrü onları soymayın, özünüzə rəva bildiyinizi onlara da rəva görün. Əgər siz anlayansınızsa, bununla Biz sizə faydası olan şeyləri bəyan edirik. Belə ki, onlar sizin xəzinələrinizdir. Məbada Allahın hökm etmədiklərini onlara hökm edəsiniz və məbada onları oğruların əlinə tapşırasınız. Siz onlara hökmranlıq edirsiniz, onlardan yeyirsiniz, onların sayəsində qalib gəlirsiniz, bununla belə, onlara təkəbbürlə baxırsınız. Həqiqətən, bu, qəribə, çox qəribə bir işdir!

Əgər siz Böyük Sülhü bir kənara atırsınızsa, onda bu Kiçik Sülhdən yapışın ki, bəlkə onun vasitəsilə sizin və sizin kölgənizdə olanların vəziyyəti bir qədər yaxşılaşdı.

Ey əmirlər tayfası! Öz aranızda sülh yaradın ki, ölkələrinizi və ərazilərinizi qorumaqdan ötrü lazım olan miqdardan savayı, əsgərlərə və silah-sursata ehtiyacınız qalmasın. Hər şeyi Bilən və Etibarlı Kəs tərəfindən verilən nəsihəti qulaqardına vurmaqdan çəkinin.

Birləşin, ey hökmdarlar tayfası, əgər anlayansınızsa, bilin ki, bununla sizin aranızdakı ixtilaf yelləri sakitləşər, rəiyyətiniz və ətrafınızda olan kəslər rahatlıq tapar. Əgər sizlərdən biri digərinə hücum edərsə, hamınız onun əleyhinə qalxın, zira bu, aşkar bir ədalətdir.

Seçmə 120

EY HƏR BİR diyardakı məclis üzvləri! Əgər siz axtaranlardansınızsa, dünyanı və onun halını yaxşılaşdıracaq şeylər barədə tədbir tökün və müzakirələr aparın. Baxın, dünya insan bədəninə bənzəyir: o, sağlam və kamil şəkildə xəlq olunub, amma müxtəlif və çeşidli səbəblərdən onu xəstəliklər və bəlalar bürüyüb. Onun halı bir gün də yaxşılaşmayıb, əksinə, xəstəliyi daha da ağırlaşıb, çünki o öz nəfslərinin atına minərək sərgərdan qalan və yolunu azan bacarıqsız həkimlərin ixtiyarında olub. Və əgər müəyyən bir əsrdə onun əzalarından biri mahir həkimin sayəsində yaxşılaşıbsa da, digər əzaları əvvəlki halda qalıb. Beləcə, Hər şeyi Bilən və Hikmət Sahibi olan Allah sizi agah edir.

Bu gün isə Biz onun təkəbbür şərabından elə məst olmuş adamların əli altında olduğunu görürük ki, onlar nəinki bu ecazkar və əzəmətli Əmri, hətta öz xeyirlərini də anlamırlar. Əgər onlardan kim isə onu sağaltmağa səy göstəribsə, onun məqsədi yalnız bundan aşkar və ya gizli şəkildə faydalanmaq olub və niyyətinin layiqli olmaması onun sağaltmaq və şəfa vermək qabiliyyətini zəiflədib.

Rəbbin bütün dünyanın sağalması üçün müəyyən etdiyi ən təsirli dərman və ən güclü vasitə bütün dünya xalqlarının bir ümumi Əmrdə, Vahid bir Dində birləşməsidir. Bu isə yalnız və yalnız mahir, kamil və Allahdan ilham alan Təbibin sayəsində mümkün ola bilər. Canıma and olsun, həqiqət budur və ondan savayı hər şey açıq-aşkar azğınlıqdan başqa bir şey deyildir...

Seçmə 121

DE: EY ƏDAVƏT əhli! Qəzəbinizdən ölün! Cəlal Günəşi Əmr üfüqündən parladı və öz ziyası ilə bütün varlıq aləmini işıqlandırdı, siz isə onun ziyasından özünüzü pərdələdiniz və qafillərdən oldunuz. Elə isə özünüzə rəhminiz gəlsin, artıq həqqaniyyətini qəbul etdiyiniz Kəsə qarşı kafirlik etməyin və həddini aşanlardan olmayın.

Haqq olan Allaha and olsun, əgər siz bu Əmri inkar etsəniz, bütün dünya sizə gülər və rişxənd edər, çünki siz insanlar arasında öz Əmrinizin doğruluğunu isbat etmək üçün Qoruyan, Qüdrətli, Şərəfli və Hər şeyi Bilən Allahın ayələrini dəlil gətirdiniz, amma növbəti dəfə Onun Vəhyi əzəmətli səltənətlə nazil olanda, Onu inkar etdiniz. Vay sizin halınıza, ey qəflət əhli!

Məgər siz özlüyünüzdə elə zənn edirsiniz ki, Günəşin ziyasının qarşısını ala, ya onun parlaqlığını söndürə bilərsiniz?! Yox, canıma and olsun ki, əgər siz və sizdən əlavə göylərdə və yerdə olan bütün məxluqat Ona qarşı birləşsəniz də, buna gücünüz və qüdrətiniz çatmaz. Allahdan qorxun, öz əməllərinizi batil etməyin. Allahın kəlamını eşidin və pərdə arxasında qalanlardan olmayın. De: And olsun Allaha! Mən gəlişimlə Özüm üçün bir şey istəməmişəm. Mən yalnız Allahın və Onun Əmrinin qələbəsini istəmişəm, Onun Özünün dediklərimə şahid olması kifayətdir. Əgər siz gözlərinizi ­təmizləsəniz, görərsiniz ki, Mənim əməllərim sözlərimi təsdiq edir, sözlərim isə əməllərimə dəlildir.

Sizin gözləriniz kordur! Məgər siz Allahın qüdrət və səltənətini görmürsünüzmü?! Onun əzəmət və böyüklüyünü anlamırsınızmı!? Vay sizin halınıza, ey şər və ədavət əhli! Mənim sözlərimi eşidin və bircə an da durmayın! Rəhmanın Camalı sizə belə əmr edir, bəlkə siz yanınızda olanlardan əl çəkib elə bir səmaya ucalasınız ki, oradan bütün aləm əhlinin Onun Əmrinin kölgəsinə sığındığının şahidi olasınız.

De: Bu gün Allahın şiddətli qəzəbindən və qarşısıalınmaz hökmündən qaçmaq üçün heç kəsə bir yer, bir sığınacaq və ya bir pənah tapılmaz—Onun Əmrinin kölgəsindən başqa! Bu, Onun Vəhyidir ki, Qulamın qiyafəsində zühur edib. Bu parlaq, şərəfli və ecazkar görkəmə görə həmd olsun Allaha!

Özünüzü Məndən başqa hər şeydən azad edin, sonra da üzünüzü Mənim üzümə tutun, çünki bu, sizə malik olduqlarınızdan daha xeyirlidir. Allahın Dili Mənim sözlərimin doğruluğuna Mənim həqiqəti söyləyən, hər şeyi əhatə və hər şeyə nüfuz edən Sözümlə şəhadət verir.

De: Siz elə düşünürsünüz ki, sizin Onun Əmrini qəbul etməyinizin Ona bir faydası var? Yaxud sizin üz döndərməyinizlə O ziyana uğrayar? Qalibiyyətli, Əlçatmaz və Uca Zatıma and olsun ki, yox! Adların və onların səltənətinin pərdələrini cırın! And olsun Camalıma, Adlar Sultanı gəlmişdir. O Kəs ki, əvvəli olmayan əvvəldən Öz əmri ilə adları O yaratmışdır və bundan sonra da necə istəsə, onları O yaradacaqdır. Həqiqətən, O Qüdrət və hikmət Sahibidir!

Ehtiyatlı olun, bədənlərinizi İlahi hidayət libasından məhrum etməyin. Sonra Cənnət qılmanlarının başınız üstündə dolandırdığı piyalədən için. Belə əmr edir sizə o Kəs ki, sizə qarşı özünüzdən də mərhəmətlidir və sizdən nə əcr, nə də mükafat istəyir. Onun mükafatı yalnız o Kəsdəndir ki, Onu haqq ilə göndərdi, Onu seçdi, Onu cəmi məxluqatdan ötrü Öz Dəlilinə çevirdi və Onu bütün əlamətlərlə zühur etdirdi. Elə isə nəzərlərinizi Ona doğru çevirib Əzəli Varlığın Dilinin sizə dediklərini eşidin ki, bəlkə həqiqətdən agah oldunuz. Məgər siz ata-babalarınızdan və birinci Adəmə qədər gedib çıxan əcdadlarınızdan belə bir şey eşitmisinizmi ki, bir Kəs Əmr buludları üzərində açıq-aşkar və üstün hökmranlıqla gəlsin, Onun sağında Allahın Mələkutu, solunda Onun Əzəli Cəbərutu, önündə isə Qüdrətli, Qabiliyyətli və Qadir Allahın qoşunları hərəkət etsin və O hər an elə ayələr söyləsin ki, ariflərin könülləri onları anlamaqda aciz qalsın, amma Onun dedikləri Allah tərəfindən olmasın?! Elə isə ayılın və əgər özünüzü doğruçu və alicənab sanırsınızsa, həqiqəti söyləyin, xalis həqiqəti.

De: Bizim açdığımız ayələr, bundan əvvəlki Vəhydə Əliyə (Həzrət Baba) nazil olanlar qədər çoxdur. Əgər kimsə Ruhun dediklərinə şübhə edirsə, qoy Bizim hüzurumuzda hazır olsun və Bizim Allahdan nazil olan ayələrimizi eşidərək iddiamızın aydın dəlilinə gözü ilə şahid olsun. 

De: Allahın həqqaniyyətinə and olsun! Allahın neməti tamamlandı, Onun Sözü yerinə yetdi, Üzü işıq saçdı, səltənəti bütün xilqəti bürüdü, Əmrinin cəlalı aşkar oldu və səxavəti bütün insan aləminin üzərinə yağdı.                          

bottom of page