top of page
3
1
2

 

 

Həzrət Bəhaullahın Yazılarından Seçmələr

Seçmə 122-166 Fərdin Vəzifələri və Həyatın Ruhani Mənası

Həzrət Şövqi Əfəndi Tərəfindən Tərtib Olunmuş 

və İngilis Dilinə Tərcümə Edilmişdir
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

 

Seçmə 122-166  Fərdin Vəzifələri və Həyatın Ruhani Mənası

 


Seçmə 122
İNSAN—ƏN BÖYÜK tilsimdir. Lakin lazımi təlim-tərbiyənin olmaması onu fitrətən malik olduqlarından məhrum edib. Allah onu bir kəlmə ilə xəlq etdi, digər kəlmə ilə təlim Mənbəyinə doğru istiqamətləndirdi, başqa bir kəlmə ilə də onun məqam və taleyini qorudu. Həzrət Mövcud buyurur: “İnsana qiymətli daşlarla zəngin bir mədən kimi bax. Ancaq təlim-tərbiyə nəticəsində ondakı cəvahirat üzə çıxar və bəşəriyyət ondan fayda götürər”. Əgər bir kəs Allahın Müqəddəs İradə səmasından nazil olan Kitablara bəsirət gözü ilə nəzər salıb fikirləşsə, asanlıqla dərk edər ki, onların məqsədi bütün insanlara vahid bir ruh kimi baxmaqdır ki, bütün qəlblərdə “Hökmranlıq Allaha məxsusdur!” möhürü həkk olunsun və İlahi inayət, fəzl və mərhəmət nuru bütün bəşəri bürüsün.
 

Şərəfli Haqq Özü üçün heç nə istəməyib—nə aləmin itaətindən Ona bir xeyir dəyər, nə də insanların üz döndərməsindən Ona bir ziyan yetişər. Hər an Bəyan Səltənətinin Quşu bu sözləri söyləyir: “Hər şeyi sənin üçün istəmişəm, səni isə Özüm üçün!” Əgər dövranın üləmaları yer üzündəki insanların məhəbbət və birlik ətrini duymasına imkan versələr, o zaman ariflər həqiqi azadlığın nə olduğunu anlayarlar və əsl rahatlığa, mütləq əmin-amanlığa qovuşarlar. Əgər yer üzü bu məqamın Günəşi ilə nurlansa, onda bu sözlər öz təsdiqini tapar: “Sən onda nə bir eniş görərsən, nə də bir yoxuş!”
         
 

Seçmə 123
HANI SİZDƏN ƏVVƏL yaşamış nəsillər, ya ölkələrində olan ən yaxşı və ən gözəl şeylərlə əhatə olunmuş kəslər?! İbrət alın, ey insanlar və yolunu azanlardan olmayın!
Tezliklə sizdən başqaları gələr, sizin mallarınızı ələ keçirər və sizin evlərinizdə sakin olar. Mənim sözlərimi eşidin və cahillərdən olmayın!
Hər kəs özü üçün elə bir şey seçməlidir ki, heç kəs onu ələ keçirə bilməsin və bütün hallarda onun öz əlində qalsın. And olsun Allaha, əgər siz ariflərdənsinizsə, bilin ki, bu, Allahın məhəbbətidir.
Özünüzə elə evlər tikin ki, yağışlar və sellər onları dağıda bilməsin və onlar sizi zamanın hadisələrindən qorusun. Belə öyrədir sizi bu tənha Məzlum!
          

 
Seçmə 124 (↑)
HƏR CÜR MƏHDUDİYYƏTDƏN uzaq və mövcudatın idrakından üstün olan ecazkar Birlik Əbədi Varlığın şərəfli dərgahına necə də yaraşır! O əzəldən və həmişə Öz müqəddəs və şərəfli məkanında olub və əbədi olaraq da Öz istiqlal və cəlal məqamında qalacaqdır. Onun pak Mahiyyəti yaranmışların idrakından nə qədər ehtiyacsız olmuşdur və nə qədər də yerin və göylərin sakinlərinin tərifindən uca və yüksək olacaqdır!


Sonsuz səxavətinin ucalığı və hədsiz kəramətinin yüksəkliyi sayəsində O, görünən və müşahidə olunan bütün şeylərdə Öz irfanının əlamətini əmanət qoyub ki, heç bir şey öz imkanı və mərtəbəsi çərçivəsində Onu tanımaqdan məhrum qalmasın. Həmin əlamət—xilqət aləmində onun Camalının güzgüsüdür. Və bu ən yüksək və ən uca güzgünün təmizlənməsi üçün nə qədər çox səy və cəhd göstərilsə, onun adları və sifətlərinin təzahürləri, Onun elm və əlamətlərinin görüntüləri həmin güzgüdə bir o qədər aydın görünər və əks olunar. İş o yerə çatar ki, hər bir yaradılmış şey öncədən müəyyən olunmuş məqamına uyğun öz gücünü zahir edər, öz həddini və imkanlarını bilər və ondan “O, həqiqətən, Allahdır və Ondan başqa Allah yoxdur!” həqiqətinə şəhadət nidası eşidilər...


Bu güzgü mənəvi cəhdlər və ruhani səylər nəticəsində bu dünyanın çirkablarından və şeytani təsəvvürlərdən təmizlənib ilahi qüdsiyyət bağçasına və əbədi ünsiyyət məkanına yaxınlaşa və qovuşa bilər. Lakin hər bir işin öz vaxtı və hər meyvənin öz fəsli var, ona görə də bu inayətin təzahürü və bu səxavətin baharı Allahın Günlərinə təsadüf edir. O, bütün günlərə onların mahiyyətinə uyğun olaraq, Öz fəzlinin möcüzələrindən bir pay bəxş etsə də, Zühur Günləri üçün müdriklərin idrakına sığmayan bir məqam müəyyənləşdirib. Belə ki, əgər göylərdə və yerdə olanların qəlbləri bu daimi sevinc günlərində o solmaz İlahi Şərəf Günəşinin qarşısında dayanıb Ona diqqət yetirsələr və Onun İradəsinə tabe olsalar, hamılıqla özlərinin müqəddəsləşməsinin, Onun işığından nurlanmasının və Onun fəzli ilə saflaşmasının şahidi olarlar. Necə də ucadır bu fəzl ki, heç bir fəzl ondan üstün ola bilməz! Necə də ucadır bu inayət ki, dünyada onun bənzəri və xilqətdə onun oxşarı ola bilməz! Necə də ucadır O—Ona aid edilən sifətlərdən və Onun haqqında deyilənlərdən!


Buna görədir ki, həmin günlərdə heç kəsin heç kəsə ehtiyacı olmayıb və olmayacaq. Artıq aşkarlığı ilə göründüyü kimi, o ilahi Gündə Rəbbin dərgahının qasidləri elə bir elm və hikmətlə dilə gəlmişlər ki, həmin müqəddəs və pak şəxslərdən başqa heç kəs, lap min il təlim və təhsillə məşğul olsa da, onun bir sözündən belə agah olmamışdır və olmayacaqdır. Odur ki, İlahi Həqiqət Günəşinin zühur etdiyi günlərdə Allahın dostları heç bir elmə ehtiyac duymamış və möhtac olmamışlar, əksinə, elm və hikmət çeşmələri onların öz qəlbləri və fitrətlərindən fasiləsiz olaraq axmış və çağlamışdır.
         

 
Seçmə 125
EY MƏNİM QARDAŞIM! Əzəl Sultanını dərk etmək yoluna axtarış qədəmini qoymaq istəyən mücahid şəxs hər şeydən əvvəl gizli ilahi sirlərin aşkara çıxdığı məkan olan qəlbini kəsb edilmiş elmlərin qara tozlarından və şeytani istəklərin izlərindən büsbütün təmizləməli və pak etməlidir. Bundan başqa, Əzəli Məhbubun daimi məhəbbət məbədi olan sinəsini tamamilə saflaşdırmalıdır. Həmçinin ürəyini su və torpaq dünyasına bağlılıqdan, yəni kölgə kimi ötəri əkslərin və keçəri surətlərin hamısına bağlılıqdan xilas etməlidir. O qəlbini elə təmizləməlidir ki, orada sevgi və nifrət izləri qalmasın və beləliklə, sevgi onu kor-koranə yanlışlığa meylləndirməsin, yaxud nifrət onu həqiqətdən ­uzaqlaşdırmasın. Necə ki, bu gün insanların əksəriyyəti məhz bu iki səbəbdən Əbədi Üzdən və İlahi Mənalar Həzrətindən uzaq düşmüşlər və çobansız azğınlıq və unutqanlıq çöllərində sərgərdandırlar.


Həmin şəxs hər zaman Haqqa təvəkkül etməli və insanlardan üz döndərməlidir. Torpaq dünyasından əl çəkməli və Rəbblər Rəbbinə bağlanmalıdır. Özünü heç kəsdən üstün tutmamalı, lovğalıq və təkəbbürü qəlbinin lövhəsindən silməlidir. Dözüm və səbrə könül verməli və susmağı özünə şüar etməli və mənasız danışıqdan qaçmalıdır, çünki dil—közərən oddur, çox danışmaq isə öldürücü zəhərdir. Adi od bədənləri, dilin odu isə ruhları və könülləri yandırır. Birincinin təsiri ancaq bir qədər sürər, ikincinin təsiri isə bir əsr qalar.


O şəxs həmçinin qeybəti azğınlıq saymalı və heç vaxt ona aludə olmamalıdır, çünki qeybət qəlbin yanan çırağını söndürər və ruhun həyatını məhv edər.


Aza qane olmalı və çox istəmək fikrindən daşınmalıdır. Bu dünyadan inqita edənlərlə yoldaşlığı qənimət bilməli, acgöz və təkəbbürlü kəslərdən gen gəzməyi nemət sanmalıdır. Səhərlər zikrlə məşğul olmalı və var qüvvəsi ilə o Yarı axtarıb tapmağa çalışmalıdır. Məhəbbət və zikr odu ilə qəfləti yandırmalı, Allahdan başqa hər şeyin yanından şimşək tək ötüb keçməlidir. Binəsiblərə əl tutmalı, yoxsullardan öz səxavətini əsirgəməməlidir. Nəinki dili olan insanlara, hətta dilsiz-ağızsız heyvanlara qarşı da mehriban olmalıdır. Canını Canandan əsirgəməməlidir və xalqın tənəsindən qorxub Haqdan uzaqlaşmamalıdır. Özünə rəva görmədiyini başqasına da rəva görməməli, etməyəcəyi şey üçün söz verməməlidir. Şər iş törədənlərdən tam qətiyyətlə yan keçməli və onların bağışlanmasını diləməlidir. Günahkarların günahı üzərindən əfv qələmi çəkməli və onlara həqarətlə baxmamalıdır, çünki heç kəsin aqibəti məlum deyil. Nə çox günahkarlar ölüm anında iman cövhərinə yetişib əbədiyyət şərabını içər və Səma Sakinlərinə qoşular. Və nə çox itaətkarlar və möminlər ruhları bədənlərindən çıxan zaman dəyişilər və cəhənnəmin dibinə vasil olar.


Xülasə, bütün bu inandırıcı sözlərdən və qətiyyətli göstərişlərdən məqsəd odur ki, həqiqəti axtaran yolçu Allahdan başqa hər şeyi fani bilməli və Məbuddan başqa hər şeyi bir heç sanmalıdır.


Və bunlar ali şəxslərin xüsusiyyətləri və ruhanilərin keyfiyyətləridir ki, Elnül-yəqin yolu ilə gedən mücahidlər üçün lazım olan şərtlər kimi xatırlandı. Həqiqəti axtaran yolçu yalnız bu vacib məqamlara yetişdikdən sonra ona “mücahid” demək doğru olar. Elə ki, o “Bizdən ötrü cihad edənlər” sırasına qoşular, şübhəsiz, o zaman “onlara Öz yollarımızı göstərərik” müjdəsini alar.


Və elə ki, onun qəlbində axtarış, səy, şövq, vəfa, eşq, valehlik, cazibə və sevgi çırağı yanar və Birlik dənizindən məhəbbət nəsimi əsər, həmin vaxt şəkk və şübhənin azdırıcı zülməti yox olar və elm və yəqinlik nurları onun bütün vücudunu bürüyər. O anda Gizli Müjdəçi, Ruhun müjdəsi ilə İlahi Şəhərdən sübh şəfəqi tək parlayar və irfan surunun səsi ilə ürəyi, qəlbi və ruhu qəflət yuxusundan oyadar. Və əbədi Müqəddəs Ruhun inayətləri və nemətləri ona yeni həyat bəxş edər. Belə ki, o özünün yeni göz, yeni qulaq, təzə qəlb və ürək sahibi olduğunu görər, kainatdakı aydın əlamətlərə və insan qəlbindəki nişanələrə diqqət yetirər, Allahın ecazkar gözü ilə baxıb hər bir zərrənin Eynül-yəqin və Nurül-yəqin məqamlarına qovuşmaq üçün açılmış qapı olduğunun şahidi olar və hər şeydə İlahi Vəhyin sirlərini və əbədi Zühurun əlamətlərini seyr edər.


And olsun Allaha, əgər hidayət yolu ilə gedən və möminlik mərtəbələrinə yetişmək istəyən kəs bu uca və ülvi məqama qovuşarsa, Haqqın rayihəsini ən uzaq məsafələrdən duyar və İlahi hidayətin nurlu sabahının bütün şeylərin məşriqindən açıldığını dərk edər. Hər bir zərrə və hər bir şey onu Məhbubuna və İstəklisinə doğru istiqamətləndirər. O elə ayıq olar ki, haqq ilə batili günəşlə kölgə kimi bir-birindən seçər. Məsələn, əgər Haqqın nəsimi dünyanın Şərqindən əssə və o da həmin vaxt dünyanın Qərbində olsa, şübhəsiz onu hiss edər. Eləcə də Haqqın bütün əlamətlərini—onun ecazkar kəlamlarını, yüksək işlərini və parlaq əməllərini başqalarının işlərindən, əməllərindən və əlamətlərindən fərqləndirər. Necə ki, sərraf ləli adi daşlardan və hər bir insan yazı payızdan, istini soyuqdan seçə bilir. Canın burnu dünyanın və məxluqatın zökəmindən xilas olan kimi o, şübhəsiz, Cananın ətrini ən uzaq məsafələrdən duyar və həmin ətrin təsiri ilə Həzrət Mənnanın Yəqinlik Şəhərinə varid olar.


Və o ruhani şəhərdə Həzrət Sübhanın hikmətinin möcüzələrini müşahidə edər. Həmin şəhərdəki Ağacın yarpaqlarının xışıltısından o, bütün gizli elmləri eşidər, həmin şəhərin torpağından Rəbblər Rəbbinin zikrini və tərifini zahiri və batini qulağı ilə dinləyər, “qayıdış”ın və “yenidən dirilmən”in sirlərini öz gözləri ilə görər.


Adlar və Sifətlər Sultanının əmri ilə o Şəhərə nəsib olmuş əlamətlər, nişanələr, təzahürlər və görüntülər barədə nə deyim?! Bu Şəhərə yetişmək yanğını su olmadan aradan qaldırır, Allaha məhəbbəti odsuz alovlandırır. Onun hər bir otunda dərkedilməz Hikmətin sirləri gizlənib, hər gülünün budağında min bülbül şur və şövq ilə oxuyur. Onun ecazkar lalələrindən Musanın odunun sirri aşkar olur və pak nəsimlərindən İsanın Müqəddəs Ruhunun ətri duyulur. Burada qızılsız sərvət, ölümsüz əbədiyyət bəxş olunur. Onun hər yarpağında bir cənnət gizlənir və hər qəsrində min hikmət saxlanır.


Allahı axtarmaq yolunda hünərlə cəhd edənlər Ondan başqa hər şeydən əllərini üzdükdən sonra bu Şəhərə o qədər öyrəşirlər ki, bir an ondan ayrılmağı ağıllarına belə gətirimirlər. Onlar qəti dəlilləri bu məclisin Sünbülündən eşidir, aydın sübutları ondakı Gülün camalından və onun Bülbülünün avazından əxz edirlər. Bu şəhər aşağı-yuxarı hər min ildə bir dəfə təzələnir və bəzənir...


Həmin şəhər Allahın Sözüdür ki, hər bir dövrdə və zühurda göndərilir. Məsələn, Musanın dövründə bu, Tövrat idi, İsanın zamanında—İncil, Məhəmməd Rəsulullahın dövründə Quran idi, indiki əsrdə Bəyandır, Allahın göndərəcəyi Kəsin dövründə isə Onun Öz Kitabı olacaq ki, əvvəlki bütün Kitablar ona istinad etmişlər və o, cəmi Kitablardan üstündür.
        
 

Seçmə 126
BİZ HARAYA SÜRGÜN olunsaq da və başımıza nələr gəlsə də, Allah adamları tam qətiyyət və əminliklə nəzərlərini Uca Üfüqə dikməli, dünyanın islahı və ümmətlərin təlim-tərbiyəsi ilə məşğul olmalıdırlar. Bizim başımıza nə gəlibsə və nə gələcəksə, Əmrin yüksəlişinə səbəb olub və olacaq. Elə isə Allahın Əmrini tutun və ondan yapışın, çünki o, Əmr və Hikmət Sahibi tərəfindən nazil olub. Biz hədsiz şəfqət və mərhəmətlə aləm əhlini onlara xeyirli olan şeylərə yönəltdik və yol göstərdik. 


Aləmin Ən Uca Üfüqündən parlayan Həqiqət Günəşinə and olsun ki, Allah adamlarının dünyanı abadlaşdırmaq və nəcibləşdirməkdən, insanları saflaşdırmaqdan özgə məqsədi olmayıb və yoxdur. Onlar bütün insanlarla dürüst və səmimi davranmışlar, zahirləri batinləri ilə eyni olub, batinləri də zahirlərini əks etdirib. Onların inandıqları Əmrin həqiqəti gizli və pünhan deyil. Bu həqiqətlər bütün insanların gözü qabağında aşkar və aydındır. Onların əməllərinin özü bu sözləri təsdiq edir.


Bu Gün hər bir göz sahibi Bu Zühur sübhünün nurlarını müşahidə edə bilər, hər bir qulaq sahibi Turda Danışanın nidasını eşidə bilər. İlahi Mərhəmət dənizinin dalğaları elə yüksəyə qalxıb ki, Allahın Əlamətlərinin Məşriqi və Dəlillərin Məzhəri pərdəsiz və açıq şəkildə bütün məzhəblərin və xalqların nümayəndələri ilə oturub-durur və ünsiyyət saxlayır. Neçə-neçə insanlar Bizim Hüzurumuza pis niyyətlə daxil olub, oranı sədaqətli və sevgili dost kimi tərk etmişlər. Fəzilət qapısı hamının üzünə açıqdır. Biz zahirdə günahkarlar və itaətkarlarla eyni cür ünsiyyət saxlayırıq ki, bəlkə bəd əməl sahibləri sonsuz bəxşiş dəryasından agah olalar. Bizim Səttar adımızın işığı elə yayılır ki, pislər də özlərinin yaxşılardan sayıldığını güman edirlər. Bizi axtaranlardan heç kəs məyus olmur, Bizə üz tutanlardan heç biri Hüzurumuza yetişməkdən məhrum edilmir...


Ey dostlar, Onun nəzərində bəyənilmiş əxlaq və gözəl əməllərlə Şərəfli Haqqa kömək göstərin. Bu Gün Allaha kömək etmək istəyən hər bir kəs özündə olana deyil, Allahın yanında olana diqqət yetirməlidir, öz mənfəəti barədə deyil, Allahın itaət olunmalı adının yüksəlişi barədə düşünməlidir. Öz qəlbini nəfsin istəklərindən və ehtiraslarından pak etməlidir, çünki qalibiyyətin silahı və zəfərin ilkin şərti Allahdan çəkinməkdir. Allahdan çəkinmək bir zirehdir ki, Əmrin bədənini qoruyar və bir qalxandır ki, Allah adamlarına qələbə gətirər. O bir bayraqdır ki, daim müzəffər olub və o bir gücdür ki, heç bir qüvvə ona rəqib ola bilməz. Onun sayəsində Allaha yaxın kəslər Qoşunların Rəbbi olan Allahın izni ilə könül şəhərlərini fəth və məftun etmişlər...
         
 

Seçmə 127
DE: EY İNSANLAR, əgər siz Allahı tanımaq və Onun qüdrətini dərk etmək istəyirsinizsə, Mənə yalnız Mənim gözümlə baxın. Siz dünya durduqca Mənim Əmrim barədə düşünsəniz də və Hökmran, Qadir, Həmişəyaşar və Hikmət Sahibi olan Allahın əbədiyyəti boyunca şeylər üzərində fikirləşsəniz də, bundan özgə bir yolla Məni tanıya bilməzsiniz. Beləcə Biz Əmrimizin həqiqətini bəyan etdik ki, bəlkə insanlar qəflətdən qalxdılar və ariflərdən oldular.


Baxın o kəslərin halına ki, hamısı Mənim Özümü və əhli-əyalımı Allahın yolunda və onların imanını qorumaqdan ötrü fəda etməyimin şahidi olmuşlar və yaxşı bilirlər ki, bütün insanların qorxudan titrədiyi və onların özlərinin də dostlardan və düşmənlərdən üzlərini gizlədərək canlarını qorumaqla məşğul olduqları zaman Mən düşmənlərin arasında idim.


Bununla belə, Biz Əmri izhar etdik və elə bir məqama çatdırdıq ki, ürəklərində Qulama kin bəsləyən müşriklərdən başqa hamı Allahın səltənətini və Onun qüdrətli hökmranlığını etiraf etdi. Bütün məxluqatı əhatə edən bu Zühura və aləmdə misli görünməmiş bu Nura baxmayaraq, Bəyan əhli Mənə etiraz etdi. Onlardan bəziləri doğru yoldan üz döndərib iman gətirdikləri Kəsi inkar etdilər və Qüdrətli, Qoruyan, Ulu və Əzəmətli Allaha itaətsizlik göstərdilər. Bəziləri də doğru yolun astanasında duruxaraq Allahın Əmrinin həqiqiliyini o kəsin təsdiq etməsinə bağladılar ki, o Mənim bir sözümlə yaranmışdır. Beləcə, onların əməlləri hədər getdi, amma bunu anlamadılar. Onlardan biri isə Allahı özü ilə müqayisə edərək adlara elə aldandı ki, Mənimlə açıq mübarizəyə qalxdı, Mənim qətlimə fitva verdi və özünün günahkar olduğu şeyləri Mənə aid etdi.


İndi Mən dərdimə və kədərimə görə Məni xəlq edən və Məni göndərən Kəsə şükr edirəm. Və Mənim üçün müəyyən etdiklərinə, tənhalığıma və Ondan ­uzaqlaşanların əlində giriftar olmağıma görə Ona həmd edirəm. Mən Allaha təvəkkül edərək, başıma gələn bəlalara dözmüşəm və dözəcəyəm. Və Ona dua edərək deyirəm: “Ya Rəbb, bəndələrini Öz səxavət və bəxşiş dərgahına doğru hidayət eylə, onları öz fəzlinin və lütflərinin möcüzələrindən məhrum etmə, çünki onlar Sənin aləmi bürüyən mərhəmətinlə onlar üçün nə etdiyini bilmirlər. Ya Rəbb, onlar zahirən zəif və köməksiz, daxilən yetimdirlər, Sən isə Kəramətli, Fəzilətli, Ulu və Əzəmətlisən! İlahi, onlara qəzəblənmə, müəyyən vaxta qədər onlara Öz mərhəmətinin möcüzələrinə layiq olan şəkildə yanaş, bəlkə onlar Sənə doğru qayıdıb Sənə qarşı törətdikləri əməllərə görə bağışlanmalarını dilədilər. Həqiqətən, Sən Bağışlayan və Mərhəmətlisən!..”
          
 

Seçmə 128
DE: EY İNSANLAR! Məgər özünü Mərhəmətli Rəbbinə mənsub edən kəsə şeytan əməlləri törətmək yaraşarmı?! And olsun Sübhanın Camalına ki, yox! Əgər siz ariflərdənsinizsə, bunu bilin.


Qəlblərinizi dünya sevgisindən, dillərinizi Ondan başqasının zikrindən, vücudunuzu Onu görməyinizə mane olan və sizi nəfsin istədiklərinə yaxınlaşdıran bütün şeylərdən təmizləyin. Allahdan qorxun, ey insanlar və möminlik yolu ilə gedənlərdən olun!


De: Ey insanlar, əgər siz dediklərinizə əməl etmirsinizsə, onda sizinlə o kəslərin arasında nə fərq var ki, “Bizim Rəbbimiz Allahdır” dedilər, amma O, müqəddəslik buludları üzərində onların yanına gələndə Ona qarşı küfr edib inkarçılardan oldular?! Özünüzü dünyadan və onun bər-bəzəyindən xilas edin. Onlara yaxınlaşmaqdan çəkinin, çünki onlar sizi günaha və pis əməllərə sövq edir və sizin doğru və şərəfli Yolla getməyinizə mane olur. 


Bilin ki, “dünya” sözündən məqsəd sizin öz Yaradanınızdan qafil olmağınız və Ondan başqasına bağlanmağınızdır, “axirət”in mənasi isə Şərəfli və Bənzərsiz Allaha yaxınlaşmağınız deməkdir. Bu Gün sizi Allah sevgisindən uzaqlaşdıran bütün şeylər dünya deməkdir. Onlardan qaçın ki, nicat tapanlardan olasınız. Heç bir şeyin təsiri ilə Allahdan uzaqlaşmayan kəsin yer üzünün zinətləri ilə bəzənməsinin və onda olan nemətlərdən faydalanmasının ziyanı yoxdur, çünki Allah göylərdə və yerdə olan bütün şeyləri tövhid əhli olan bəndələri üçün yaradıb. Ey insanlar, Allahın sizə halal etdiklərindən yeyin və özünüzü Onun ecazkar nemətlərindən məhrum etməyin. Sonra Ona təşəkkür edin, təriflər söyləyin və şükr edənlərdən olun.

Ey evini tərk edib Allahın hüzurunu axtaran kəs! Rəbbinin sözlərini insanlara çatdır, bəlkə bu, onların nəfsin və ehtirasın ardınca getməsinə mane oldu və onlara Ulu və Əzəmətli Allahı xatırlatdı. De: Ey insanlar, Allahdan qorxun, qan tökməkdən əl çəkin, heç kəslə ədavət saxlamayın və yaxşılardan olun! Yer üzündə sülh bərqərar olduğu zaman fitnə-fəsad törətməkdən çəkinin və yolunu azanların ardınca getməyin.

Sizlərdən öz Mövlasının Əmrini təbliğ etmək istəyən kəs, qoy hər şeydən əvvəl, özünü tərbiyə etsin ki, onun nitqi eşidənlərin qəlbini cəzb etsin, əks-təqdirdə onun sözləri həqiqəti axtaranların ürəklərinə təsir göstərməz. Məbada, ey insanlar, o kəslərdən olmayın ki, insanları yaxşı işlər görməyə çağırır, özləri isə bunu unudurlar. Belələrinin yalanını öz ağızlarından çıxan sözlər, eləcə də şeylərin həqiqətləri və Allaha yaxın mələklər aşkar edərlər.


Əgər belə bir insanın sözü bir kəsə təsir bağışlayırsa da, bu, onun özündən deyil, Qüdrət və Hikmət Sahibinin müəyyən etdiyi kimi, Allahın Sözlərinin təsirindən irəli gəlir. Allahın yanında o, bir çırağa bənzəyir ki, bəndələr ondan işıq alar, o isə öz-özünə yanar və sönüb qurtarar.


De: Ey insanlar, bəndələr arasında özünüzü və Əmri hörmətdən salan işlər tutmayın və pozuculuq etməyin. Ağlınızın qəbul etmədiyi şeylərə yaxın düşməyin. Günah işlətməkdən çəkinin, çünki bu, Kitabda sizə haram buyurulub. O Kitabda ki, ona Allahın bütün günahlardan təmizləyib müqəddəs etdiyi kəslərdən başqa kimsə toxuna bilməz.


Özünüzə və insanlara qarşı ədalətli olun, elə edin ki, Mənim sadiq bəndələrim arasında sizin əməllərinizdən ədalət əlamətləri aşkara çıxsın. İnsanların malına xəyanət etməkdən çəkinin və onlar arasında etibar qazanın. Allahın Öz fəzli sayəsində sizə verdiklərindən yoxsulları məhrum etməyin, çünki O, xeyriyyəçilik edənə əvəzini verər və öz malından keçənlərə payladıqlarından iki dəfə artıq mükafat verər. Həqiqətən, Ondan başqa Allah yoxdur. Bütün xilqət və səltənət Ona məxsusdur. O, kimə istəyirsə əta edir, kimi istəyirsə məhrum qoyur. O, Bağışlayan, Səxavətli, Qüdrətli və Kəramətlidir. De: Allahın Əmrini təbliğ edin, Ey Bəha əhli, zira Allah Öz Əmrinin təbliğini hər kəsə vacib buyurub və bunu əməllərin ən üstünü edib.


Bu iş isə yalnız təbliğ edənin Qoruyan, Şərəfli və Qadir Allahı tanımasından sonra məqbul sayılar. Və O, təbliğin sözlə həyata keçirilməsini müəyyən edib, başqa yolla yox! Ulu və Hikmət Sahibi olan Allahın səltənətindən əmr belə nazil olub. Kiminləsə mübahisə etməkdən çəkinin, əksinə, gözəl sözlər və bəlağətli nəsihətlərlə Əmri ona çatdırın. Əgər qəbul edərsə, bu, onun özü üçündür: qəbul etməzsə, ondan uzaqlaşın və üzünüzü Allahın müqəddəs nurlu dərgahına doğru tutun.


Dünya və onda olan şeylər üstündə heç kəslə ­çəkişməyin, çünki Allah dünyanı dünya əhlinin ixtiyarına buraxıb. Və dünyadan yalnız bəndələrin qəlbini istəyib ki, onları da vəhy və kəlam qoşunları ilə fəth edər. İlahi hökm Lövhəsində Hökm edən və Hər şeyi Bilən Allah tərəfindən Bəhanın barmaqları ilə əmr belə yazıldı.
         
 

Seçmə 129

EY ALLAH YOLUNUN yolçusu!! Allahın mərhəmət dəryasından öz qismətini al və özünü onun dərinliklərində gizlənmiş şeylərdən məhrum etmə. Onun xəzinələrindən pay alanlardan ol. Bu dəryadan bircə qətrə, göylərdə və yerdə olanların üzərinə səpilsə, Qüdrətli, Hər şeyi Bilən, Hikmət Sahibi Allahın kəraməti ilə onları zəngin etməyə kifayət edər. Təmənnasızlıq əlləri ilə ondan götür və bütün yaradılmışların üzərinə səp ki, onlar bəşəri məhdudiyyətlərdən xilas olub, Allahın qüdrətli taxtına, bu müqəddəs və nurlu Məkana yaxınlaşsınlar.


Əgər onu təklikdə etməli olsan, kədərlənmə! Rəbbin ilə kifayətlən, Onun ruhu ilə ünsiyyət bağla və şükr edənlərdən ol! Öz Mövlanın Əmrini göylərdə və yerdə olanların hamısına çatdır. Əgər kimsə sənin çağırışına cavab versə, Ruh tərəfindən sənə təlqin olunmuş Rəbbin Allahın hikmət cəvahirlərini ona aç və həqiqi inananlardan ol. Əgər kimsə üz çevirsə, sən də ondan üz döndər və sənin Rəbbin və aləmlərin Rəbbi olan Allaha təvəkkül eylə.


Haqq olan Allaha and olsun! Bu gün kim öz Rəbbinin adını zikr etməkdən ötrü ağzını açsa, Mənim Hikmət Sahibi olan və Hər Şeyi Bilən adımın səmasından İlahi ilham qoşunları ona nazil olar. Və oun üzərinə hər biri əlində xalis nur piyaləsi ilə Səma Sakinləri enər. Şərəf və Qüdrət Sahibi tərəfindən Əmr səltənətində belə müəyyən olunmuşdur.


And olsun Allaha, Müqəddəs Pərdənin arxasında elə seçilmiş bəndələr gizlədilib ki, onlar yerdə zühur edərək Əmrə kömək göstərəcəklər və əgər bütün insan nəsli onlarla müharibəyə qalxsa da, heç kəsdən qorxmayacaqlar. Onlar göylərdə və yerdə olanların ­gözləri qarşısında ayağa qalxıb ən uca səslə Qüdrətli Allahı zikr edəcəklər və insanları Şərəfli və Tərifəlayiq Allahın yoluna dəvət edəcəklər. Onların arxasınca get və heç kəsdən qorxma. Və o kəslərdən ol ki, dünyanın iğtişaşı onları Yaradanın yolunda kədərləndirməz və ­camaatın tənəsi onları çəkindirməz.


Allahın Lövhələri və Əlamətləri ilə Mənə iman gətirənlərin yanına get və onlara Müqəddəs Cənnətin müjdəsini ver. Sonra müşriklərə xəbərdarlıq et. De: Ey insanlar, and olsun Allaha, mən sizin yanınıza Cəlal Taxtı tərəfdən Qüdrətli, Ulu və Əzəmətli Allahın xoş xəbəri ilə gəlmişəm. Və sizin Rəbbiniz və keçmiş ata-babalarınızın Rəbbi olan Allahın dəlilini əlimdə ­tutmuşam. Siz onu Peyğəmbərlərin və Rəsulların yanınızda olan dəlilləri əsasında Haqq Tərəzisində çəkin. Əgər onun Allah tərəfindən göndərilmiş həqiqət olduğunu görsəniz, onunla mücadilə etməkdən çəkinin, əməllərinizi zay etməyin və müşriklərdən olmayın. Bu, Allahın əlamətləridir ki, haqq gücü ilə nazil oldu və bununla da Onun Əmrinin gerçəkliyi yer üzündə bərqərar oldu, müqəddəslik bayraqları göylərlə yer arasında ucaldı.


De: bu, möhürlü və sirli bir Səhifədir ki, Allahın dəyişməz Hökmü onda gizli saxlanmış və onda Müqəddəs Barmağın yazdığı və açılmaz sirr pərdəsinə bürünmüş sözlər yazılmışdır və Əzəli Varlıq və Qüdrət Sahibinin fəzlinin bir əlaməti olaraq indi nazil olmuşdur. Orada Biz səma və yer əhlinin taleyini müəyyən etmiş və əvvəldən axıradək bütün elmləri yazmışıq. Heç bir şey Onun elmindən gizli qalmaz, yaranmışların və yaranacağların işləri Onu aciz qoya bilməz. Əgər ­ariflərdənsinizsə, bunu bilin.


De: Allahın Vəhyi, şübhəsiz, təkrarlandı və Biz Qüdrət Əlimizi göylərdə və yerdə olanların hamısının üstünə açdıq, Öz böyük sirrimizdən olduqca kiçik bir hissəni xalis yaranmışlara aşkar etdik. O zaman Tur əhli Bizim Sinamıza yayılan bu Qırmızı Nurun parıltısı önündə həlak oldu. Beləcə, Rəhmanın Camalı dəlil ­buludları üzərində gəldi və Qüdrət və Hikmət Sahibi olan Allahın hökmü ilə əmr icra olundu.


De: Ey Behişt Hurisi, Uca Səma sakini! Müqəddəs qəsrdən çıx, necə istəyirsənsə, parlaq ipəkdən Əbədiyyət Libasına və Bəha adına naxışlı Nur Əbasına bürün! Sonra Ulu və Uca Rəbbinin ərşi tərəfdən yüksələn şirin və ecazkar nəğmələri dinlə! Sonra Hurilər bəzəyi ilə niqab üfüqündən çıx və bəndələri öz bəyaz üzünün nurlarından məhrum etmə! Əgər yer və səma əhlinin ah-naləsini eşitsən, kədərlənmə. Qoy onlar fəna torpağında ölsünlər və yox olsunlar, çünki onların ürəklərində kin-küdurət alovu şölələnir. Sonra yerdə və göylərdə olanlar arasında Adlar və Sifətlər hökmdarı olan Rəbbinin zikrində ən gözəl nəğmələr oxu! Biz sənin işini belə müəyyən etdik, çünki Biz hər şeyə qadirik.


Məbada, Paklıq Cövhəri olan Vücudundan nur libasını çıxarasan. Əksinə, yaranmışlar səltənətində hər zaman Onun əbədiyyət bəzəklərini artır ki, Sənin sayəndə Allahın zinəti bütün şeylərdə aşkara çıxsın və aləmdəkilərə Sənin Rəbbinin mərhəməti tam şəkildə şamil olsun.


Əgər bir kəsdən Rəbbinə məhəbbətin ətrini duysan, özünü onun yolunda fəda elə, çünki Biz səni bundan ötrü xəlq etmişik və bu barədə Səninlə əbədiyyət aləmində yaxınlarımızın yanında əhd-peyman bağlamışıq. Ehtiras əhlinin atdığı güman oxlarından sızlama, onları öz ixtiyarına burax, çünki onlar şeytanların göstərişlərinə tabe olurlar.


Yer və səma əhli arasında ucadan söylə: Haqq olan Allaha and olsun. Mən elə bir Səma Hurisiyəm ki, Bəha Məni Əbha adının qəsrində xəlq etdi və Səma Sakinlərinin yanında Məni adlar bəzəyi ilə zinətləndirdi. Mən ismət pərdələrinin arxasında saxlanırdım və dünya əhlinin nəzərlərindən gizli idim. O zaman Mən Rəhmanın əmin-amanlıq məkanından ecazkar bir Avaz eşitdim və müşahidə etdim ki, bütün cənnət əhli həmin avazı eşitmək şövqü ilə hərəkətə gəlib və onun Sahibini görmək istəyir. Beləcə, Biz Əbədiyyət Dili ilə “Qəyyumül-əsma”da nazil etdiklərimizi şirin bir avazla bu aydın Lövhədə də nazil etdik.


De: O, Öz hökmranlığına uyğun olaraq, nəyi istəyirsə, hökm edir, Öz iradəsinə əsasən, necə istəyirsə, buyurur. Və O, istədiyinə və buyurduğuna görə sorğu-suala tutulmaz, çünki O, İxtiyar, Qüdrət və Hikmət Sahibidir.


Allaha və Onun hökmranlığına qarşı çıxan kəslər öz ehtiraslarının əsiri olanlardır. Onlar cəhənnəmdəki yerlərinə qayıdarlar. İnkarçıların yeri necə də əzablıdır!..
         
 

Seçmə 130
SƏRVƏTİN OLANDA SƏXAVƏTLİ ol, yoxsulluğunda isə şükr elə. Başqalarına münasibətdə etibarlı ol, qoy alnın açıq, üzün ağ olsun. Kasıblar üçün xəzinə, varlılar üçün nəsihətçi ol. Köməyə çağırana cavab ver və öz vədinə sadiq ol. Mühakiməndə insaflı, nitqində ehtiyatlı ol. Heç kəslə ədalətsiz davranma, hamıya qarşı mehriban ol. Zülmətdə çıraq ol, qəmginlərə sevinc gətir, susuzlara dəniz ol, sənə pənah gətirənlərə havadarlıq et, məzlumlara kömək göstər, onların əlindən tut və arxa ol. Əməllərində bütov və dürüst ol. Qəriblərə vətən, xəstələrə şəfa, sığınacaq istəyənlərə qala ol. Korlara göz ol, azanlara yol göstər. Həqiqətin üzünə gözəllik, etibarın alnına bəzək, əxlaqın evinə dirək, aləmin bədəninə nəfəs, ədalət qoşunlarına bayraq və məziyyət üfüqünə nur ol. İnsan ürəyinin torpağına düşən şeh, elm dəryasında üzən gəmi ol. Səxavət səmasının günəşi, hikmətin başının tacı, nəsillərin alnının işığı, itaətkarlıq ağacının meyvəsi ol.
         
 

Seçmə 131
ƏZƏL HÖKMDARININ QƏLƏMİ həmişə dostları xatırlamaqla məşğuldur və daim hərəkətdədir. Gah ondan mərhəmət çayları axır, gah da aydın Kitab nazil olur. O, bənzərsizdir və heç kəs bəyanda ona bərabər ola bilməz. O, əzəldən ucalıq və əzəmət minbərində oturaraq, bütün bəşər üçün ehtiyaclarını ödəyən nəsihətlər və xeyirli məsləhətlər söyləyir.


Haqq şahiddir və Onun yaratdıqları da təsdiq edər ki, Mən bir an da Özümü gizlətməmişəm və Özümü onların ziyanlarından qorumağa çalışmamışam. Aləm əhlinin gözü qarşısında ayağa qalxaraq Məni razı salan şeyləri buyurmuşam. Mənim məqsədim dünyanı islah etmək və insanları rahat görməkdir. Bəşərin rifahı, onun sülhü və əmin-amanlığı onun birliyi tam bərqərar olmayınca mümkün deyil. Bu birlik isə ancaq Uca Qələmin nəsihətlərinə diqqət verməklə yarana bilər.


Onun sözləri dünyanı birlik nuru ilə işıqlandırar, Onun zikri məhəbbət odunu alovlandıraraq onlarla Onun cəlalı arasında maneə törədən pərdələri və hicabları yandırar. Bir mömin əməl elə bir gücə malikdir ki, torpağı belə fələklərdən yuxarı keçirər. O, hər bir düyünü açar və itirilmiş gücü geri qaytarar.


Ey Allah adamları! Paklaşın, paklaşın! Mömin olun, mömin olun De: Ey Allah adamları, Əzəli Haqqın qələbəsi, Onun köməkçisi və qoşunları Kitablarda və Lövhələrdə gün kimi aydın və aşkar göstərilib. Bu qoşunlar pak əməllərdən və Allahın nəzərində bəyənilmiş xasiyyətlərdən ibarət olmuşdur və olacaqdır. Bu Gün bir kimsə Bizim Əmrimizə köməyə qalxsa və gözəl əxlaq və düzlük qoşunlarını özünə köməyə çağırsa, şübhəsiz, bu əməlin təsirləri hər tərəfdə özünü göstərər və bütün aləmdə aşkara çıxar...
         
 

Seçmə 132
Haqqın—Onun şərəfi daha da yüksəlsin—Özünü insanlara zahir etməkdə məqsədi budur ki, insan mədəninin dərin qatlarında gizli qalmış həqiqət və məna cövhərlərini aşkara çıxarsın.


Bu Gün Allahın Dini və OnunVəhyinin cövhəri budur ki, müxtəlif məzhəblər və çoxsaylı təriqətlər ədavətə səbəb olmasınlar. Bütün bu qaydalar, qanunlar, möhkəm və mətin yollar bir Mənbədən aşkara çıxıb və bir Məşriqdən parlayıb. Bütün bu müxtəlifliklər onların bəyan edildiyi vaxtın və zamanın, əsrin və dövranın tələbinə görə meydana çıxıb.


Ey Bəha əhli, hümmət kəmərini möhkəm bağlayın ki, bəlkə insanlar arasında məzhəb çəkişmələri və münaqişələrinə son qoyuldu və bunların izi aradan qaldırıldı. Allaha və Onun bəndələrinə məhəbbət naminə bu böyük və əhəmiyyətli Zühura köməyə qalxın. Dini təəssübkeşlik və ədavət dünyanı yandıran bir alovdur və onu söndürmək çox çətindir. Yalnız Allahın qüdrətli Əli insanları bu dəhşətli bəladan xilas edə bilər...


Bu kəlam Bəyan taxçasında yanan çırağa bənzər: Ey aləm əhli, hamınız bir ağacın meyvələri və bir budağın yarpaqlarısınız. Hədsiz məhəbbət, birlik, səmimiyyət və mehribanlıqla davranın. And olsun Həqiqət Günəşinə, birliyin nuru o qədər güclüdür ki, bütün aləmi işıqlandırıb nura boyayar. Hər şeydən agah olan Haqq bu sözlərin doğruluğuna şahid olmuşdur və şahiddir.


Cəhd edin ki, bəşəriyyəti qorumaq və hifz etmək məqamı olan bu uca və ülvi məqama çatasınız. Bu məqsəd—məqsədlərin sultanı, bu istək—istəklərin hökmüdarıdır. Lakin Ədalət Günəşinin üfüqü zülmün qara buludundan xilas olmayınca, bu məqamın cəlalının insanlara açılması müşkül məsələdir...


Bütün insanlarla, ey Bəha əhli, birlik və dostluq ruhunda ünsiyyət saxlayın. Əgər siz bir həqiqətdən agahsınızsa və ya sizdə başqalarında olmayan bir cövhər varsa, onu məhəbbət və mehribanlıq dili ilə hər kəslə paylaşın. Əgər o, sözünüzü qəbul edərsə və dedikləriniz ona təsir göstərərsə, deməli, məqsədə çatmısınız. Əks-təqdirdə isə onu öz ixtiyarına buraxın və Allaha dua edin ki, ona yol göstərsin. Məbada onunla qeyri-iltifatla davranasınız. Şəfqətli və mehriban dil insanların qəlbini cəzb edər. O, ruhun qidasıdır, sözlərə məna donu geyindirər. O, hikmət və anlayış nurunun doğduğu üfüqə bənzər...
         
 

Seçmə 133

İLAHİ ƏMRLƏR ONUN ən uca Vəhy səmasından nazil olmuşdur. Hamınız onlara əməl etməlisiniz. İnsanların üstünlüyü, yüksəlişi və nailiyyətləri həmişə bundan asılı olmuşdur və olacaqdır. Kim onlara əməl etdisə, əbədi rahatlıq tapdı.


Tövhid Məzhərini və Birlik Məşriqini tanıdıqdan sonra hər kəsin iki vəzifəsi var: Birincisi—Onun məhəbbətində dönməz olmaq. Belə ki, hay-küyçülərin qışqırıqları və saxta iddiaçıların iddiaları onu Haqdan uzaqlaşdırmamalıdır və o, onları bir heç sanmalıdır. İkincisi—Onun əmrlərinə tabe olmaq. O, hər zaman insanlara bu əmrləri vermiş və gələcəkdə də verəcəkdir. Onların vasitəsilə haqq batildən seçilir və məlum olur...
         
 

Seçmə 134
İNSANLARIN ÜZƏRİNƏ QOYULAN birinci və ən başlıca vəzifə, Əbədi Həqiqət olan Kəsi tanıdıqdan sonra, Onun Əmrində möhkəm olmaqdır. Ondan möhkəm yapış və fikri möhkəmcə Allaha bağlananlardan ol. Bundan dəyərli heç bir əməl olmamışdır və yoxdur. Əməllərin sultanı budur, and olsun Ulu və Əzəmətli Rəbbinə!...


Haqqın bəyəndiyi əməllər və məziyyətlər aydın və aşkardır. Belə ki, bu barədə bütün səmavi Kitablarda deyilmiş və yazılmışdır. Etibar, düzlük, Haqqı zikr edərkən qəlbin təmizliyi, səbr, Allahın qəzavü-qədərinə razılaşmaq, Onun müəyyən etdiklərinə qane olmaq, bəlalara dözmək və hətta şükr etmək, bütün hallarda Allaha təvəkkül etmək bu keyfiyyətlərdəndir. Bu işlər Allahın yanında ən böyük və ən üstün əməllər kimi xatırlanır. Bütün digər işlər ikinci dərəcəli hökmlərdir və qeyd edilən əməllərə tabe olmuşdur və olacaqdır...


Xülasə, qəlbin ruhu Allahı tanımaq, onun zinəti “Həqiqətən, O istədiyini edər və istədiyinə hökm verər” kəlamını qəbul etmək, onun libası Allahdan çəkinmək, onun kamilliyi isə Onun Əmrində dönməz olmaqdır. Allah Onu istəyənlərə belə bəyan edir. Həqiqətən, O, Ona üz tutanları sevir. Ondan başqa Allah yoxdur. Odur Bağışlayan və Səxavətli! Həmd olsun Allaha—aləmlərin Rəbbinə!..
         
 

Seçmə 135
EY HƏRFİ-HƏYY! Allahın qulağı sənin sədanı eşitdi və Allahın gözü sənin məktubunu nəzərdən keçirdi. Və indi O, Özünün—Qoruyan və Qəyyumun cəlal taxtından ayələri ilə səni çağırır.


Xoş sənin halına ki, Qoruyan, Qüdrətli və Sevimli Rəbbinin gücü ilə nəfs və yanlış xəyallar bütünü sındırdın və şübhə pərdələrini cırdın. Elə isə sənin başqa Hərflərdən üstün olan Hərflər sırasına daxil edilməyin düzgün olar. Buna görə də Allah əvvəllər səni üzünün nuru ilə yaranmışları və yaranacaqları işıqlandıran Əlinin (Həzrət Babın) dili ilə seçmişdir. Allaha həmd elə və şükr et, çünki O sənin elə bir Əmri qəbul etməyinə kömək göstərdi ki, ondan yerin və göyün sakinləri lərzəyə gəldi, Əmr və xilqət aləmlərində olanlar imdad istədi, könüllərdə gizli olan sirlər məlum oldu və sınandı.


İndi Ulu Rəbbin Uca Üfüqdən sənə xitab edərək, deyir: Xoş sənin halına, ey Hərfi-Həyy, çünki sən Mənə iman gətirdin, Səma Sakinlərinin yanında Məni xəcil etmədin, əhdinə vəfa etdin, özünü yanlış xəyallar pərdəsinin arxasından çıxararaq, Rəbbin olan Allaha, görünən və görünməz şeylərin Rəbbinə, Abad Evin Rəbbinə üz tutdun. Mən səndən razıyam, çünki üzlərin qara olduğu bir gündə sənin üzünün işıq saçdığını gördüm.


De: Ey Bəyan əhli! Məgər Biz bütün Lövhələrdə və bütün gizli Kitablarda sizə vəsiyyət etmədikmi ki, nəfsinizin və ehtirasınızın ardınca getməyin, Böyük Tərəzinin qurulduğu və Qoruyan, Qüdrətli və Müqəddəs Rəbbinizin ərşinin sağ tərəfindən Ruhun nəğmələrinin ucaldığı Gündə nəzərlərinizi uca cəlal Mənzərinə dikin?! Məgər Biz sonrakı Zühurda Bizim Camalımızı görməyinizə mane olacaq bütün şeyləri, hətta onlar Allahın adlarının mücəssəmələri və Onun sifətlərinin təzahürləri, eləcə də onların səltənətləri olmuş olsa belə, sizə qadağan etmədikmi?! Amma Mən Özümü zühur etdirdikdə, siz inkar edib üz çevirdiniz və Allahın əlamətlərini oyun-oyuncaq bilən kəslərdən oldunuz.


Camalıma and olsun, Allahın səltənəti durduqca səcdə edib yalvarsanız da, bu Gün sizdən heç bir şey qəbul olunmaz, çünki bütün işlər Onun əmrindən asılıdır və bütün əməllər Onun qəbuluna və razılığına bağlıdır. Bütün kainat Onun əlində bir ovuc torpaqdır. Bu Gün Allahı tanımayınca və Onu sevməyincə, heç kəsin sədası Ona yetişməz. Bu, Onun Dininin əsasıdır—bunu anlayın.


Nə üçün siz çöllükdəki ilğıma razı oldunuz, amma Allahın insan qəlbini təravətləndirən təmiz və sərin su ilə doldurduğu dəryadan üz çevirdiniz?! Allahın nemətini belə bir şeyə dəyişdiyiniz üçün vay sizin halınıza! Siz o kəslərdən oldunuz ki, birinci dəfə Məni inkar etmişdilər—bunu özünüz başa düşün.


Elə isə Allahın qarşısında ayağa qalxın və Rəbbinizin yanında həddinizi aşdığınıza görə bağışlanmağınız üçün tədarük görün. Bu, mənim sizə əmrimdir—bunu eşidin. Canıma and olsun, sizin etdiklərinizi nə Quran ümməti, nə Tövrat və ya İncil, nə də ki, başqa bir Kitab əhli etmişdir. Mən Öz canımı Onun Əmrinin isbatı üçün fəda etdim və bütün Lövhələrdə sizə Onun zühurunun müjdəsini verdim. Lakin O, Bəhanın qiyafəsində Əzəmət Libası ilə və başqa bir parlaqlıqla zühur edəndə, siz Ona—Qalibiyyətli və Qəyyuma qarşı müharibəyə qalxdınız. Ayılın, ey insanlar, Allahın yolunda Mənim başıma gətirdiklərinizə görə utanın! O kəslərdən olmayın ki, Onun yüksək şərəf səmasından onlara nazil olanı inkar etdilər.


Ey Hərfi-Həyy, indi sənin Rəbbin Uca Aləmdən belə söyləyir. Rəbbinin sözlərini bəndələrə çatdır, bəlkə onlar ayılıb o Allahın qarşısında tövbə etdilər ki, onları və onlardan başqalarını xəlq etdi və bu parlaq, müqəddəs və aşkar Camalı onlara göndərdi...
         
 

Seçmə 136
DE: EY İNSANLAR, qəlblərinizi təmizləyin və onları Məndən başqasına bağlılıqdan xilas edin. Mənim zikrim bütün şeyləri pak edər—əgər ariflərdənsinizsə, bunu bilin. De: Əgər bu gün bütün şeylər dünya bihudəliklərindən və ehtiras pərdələrindən qurtulsalar, Allah onların hamısını: “O, yaradılış səltənətində istədiyini edər” libasına bürüyər və bununla da bütün şeylərdə Onun hökmranlığının əlamətləri aşkara çıxar. Necə də Uludur bu Qadir, Qalibiyyətli, Şərəfli və Qüdrətli Sultan!


Allahın ayələrindən sənə yetişənləri, ey Mənim bəndəm, Ona yaxın kəslərin avazı ilə oxu, qoy nəğmələrinin şirinliyi sənin öz qəlbini alovlandırsın və bütün insanların ürəyini cəzb etsin. Bir kəs Allahın nazil etdiyi ayələri öz evində təklikdə belə oxusa, Qüdrətlinin gəzərgi mələkləri onun dodaqlarının söylədiyi sözlərin ətrini hər yana yayar və bununla da bütün mömin könüllər yerindən oynar. O, əvvəlcə onların təsirindən bixəbər ola bilər, lakin ona inayət edilmiş mərhəmətin gücü gec-tez onun ruhuna öz təsirini göstərər. İlahi Vəhyin sirləri qüdrət və hikmət Məşriqi olan Kəsin İradəsinin gücü ilə belə müəyyən olunmuşdur.


Ey Xəlil, and olsun Allaha, Qələm Lövhə üzərində hərəkət etsə də, öz qəlbində Əzəli Camalın İradəsi ilə yarananların Onun başına gətirdiklərini yada salıb ağlayır və sızlayır, onunla bərabər Ərşin yanındakı çıraq da nalə çəkir. Allah buna şahiddir və bunu bilir. Əgər bir kəs qulağını müşriklərin hay-küyündən təmizləyib yaradılmış şeylərə diqqət yetirsə, müşrik bəndələrimizdən çəkdiyimiz əziyyətlərə görə onların fəryad etdiyini və inlədiyini eşidər. Beləcə Biz sənə öz müsibətlərimizdən cüzi bir qismini çatdırdıq ki, sən Bizim başımıza nələr gəldiyini biləsən və öz başına gələnlərə səbrlə dözəsən.


Hər vaxt və bütün hallarda Öz Rəbbinə yardım göstər və Onun köməkçilərindən ol. Sonra Ruhun bu parlaq və aydın Lövhədə söylədiklərini insanlara xatırlat. De: Ey insanlar, yer üzündə fitnə-fəsad toxumları səpməyin və heç kəslə vuruşmayın. Bütün işlərdə səbrli olun və Allaha güvənib Ona təvəkkül edənlərdən olun. Öz mərhəmətli Rəbbinizə hikmət və söz qılıncı ilə kömək göstərin. Bu, insanın şəninə yaraşır, bundan başqası isə hökmran və Sübhan Allaha gərək deyil. Lakin insanlar azıblar və doğrudan da qafildirlər.


Ey insanlar, qəlblərin qapılarını Allahın Zikri və sizin aranızda Hikmət Mənbəyi olan Kəsin zikr açarları ilə açın! Allah yer üzündə olan şeylərdən yalnız bəndələrin qəlblərini Özü üçün seçib və onları Öz nurunun zühur etdiyi ərşə çevirib. Elə isə onları bütün başqa şeylərdən təmizləyin, qoy onlarda nədən ötrü yaradılıblarsa, o da əks olunsun. Həqiqətən, bu, Allahın ən böyük fəzlidir.


De: Ey insanlar, dillərinizi düzlükdə, qəlblərinizi isə dürüstlük naxışı ilə bəzəyin. Çəkinin, ey insanlar, heç kəsə xəyanət etməyin və camaat arasında Allahın etibarlı kəsləri və Onun səxavət nişanələri kimi tanınaraq, yaxşılardan olun. Pislik və pozğunluq edən kəslərin isə səyləri əbəsdir və onlar ziyana uğrayarlar. Ey insanlar, çalışın ki, nəzərləriniz Allahın mərhəmətinə dikilsin, qəlbləriniz Onun ecazkar zikrlərini xatırlasın, ürəkləriniz Onun inayətinə və fəzlinə əmin olsun, ayaqlarınız Onun rizasının yolu ilə addımlasın. Əgər siz əməl edənlərdənsinizsə, Mənim sizə vəsiyyətim budur.
         
 

Seçmə 137
BƏZİLƏRİ İNSANLARIN MALINI özlərinə halal bilir və Kitabın hökmünü saya salmırlar. Onlara bəla burulğanı və Qüdrətli, Qadir Allahın əzabı nəsib olsun!


And olsun Müqəddəslik Üfüqünün Günəşinə, bütün aləm qızıla və gümüşə dönsə də, həqiqətən iman və iqan səltənətinə yüksəlmiş kəs nəinki onu ələ keçirməyə çalışmaz, ona heç gözünün ucu ilə də baxmaz. Bu barədə şirin ərəb dilində və fəsahətli sözlərlə əvvəllər nazil olub. And olsun Allaha, hər kəs Onun şirinliyini dadsa, heç vaxt Allahın izn verdiklərindən başqa bir şey etməz, Yardan savayı heç kəsə baxmaz, dünyanın faniliyini bəsirət gözü ilə görər və qəlbən əbədi aləmə bağlanar.


De: Ey Əzəli Camala məhəbbət iddiası edənlər, utanın, Allahın yolunda Onun çəkdiyi əziyyət və məşəqqətlərdən ibrət götürün və ayılın. Əgər məqsəd bu ikrah doğuran sözlər və faydasız əməllər idisə, onda O bütün bu əziyyətlərə niyə qatlaşırdı?! Axı, Mənim Zühurumdan əvvəl istənilən oğru və quldur sizin etdiklərinizi edir və sizin dediklərinizi deyirdi.


Doğrusunu söyləyirəm: Bu şirin sədanı eşidin və özünüzü nəfsin və ehtirasın çirkabından təmizləyin! Bu Gün İlahi Çadırda sakin olanlar və əbədi şərəf taxtında oturanlar acından ölsələr də, başqasının, o nə qədər alçaq və ləyaqətsiz olsa da, malına əl uzatmazlar.


Tək Haqq Allahın Özünü zühür etdirməkdə məqsədi insanları düzgünlüyə və saflığa, möminliyə və etibara, Allahın İradəsinə təslim olub, onunla razılaşmağa, dostluğa, mehribanlığa, dürüstlüyə və müdrikliyə dəvət etməkdir. Onun məqsədi hamını müqəddəslik xalatı ilə bəzəmək, hər bir insanı pak və xeyir əməllərin libası ilə zinətləndirməkdir. De: Özünüzə və insanlara rəhminiz gəlsin, müqəddəslik cövhərindən də pak olan İlahi Əmri natəmiz, nalayiq təsəvvürlərin və gümanların çirkabına bulaşdırmayın.
         
 

Seçmə 138
EY MƏRHƏMƏTLİ VƏ yaranmışları Öz qüdrətinə tabe edən Allah! Görürsən ki, Sənin bəndələrin və qulların Sənin əmrinə və İradənə əsasən gündüzlər oruc tuturlar və Sənin fəzilət dəfinələrində, fəzl və kəramət xəzinələrində saxlanan nemətlərə yetişmək ümidi ilə səhərlər Səni zikr etmək və Səni tərif etmək üçün ayağa dururlar. Ey yaranmışların cilovunu əlində saxlayan, adlar və sifətlər səltənətini ovcunda tutan Allah! Səndən diləyim budur ki, Öz Günündə bəndələrini Öz mərhəmət buludunun yağışlarından məhrum qoyma və onları Öz razılıq dənizinin damlalarından binəsib etmə.


Ya Rəbb, bütün zərrələr Sənin qüdrətinə və hökmranlığına şəhadət verir, bütün əlamətlər Sənin əzəmət və qüvvətini təsdiq edir. Elə isə ey aləmin Rəbbi, Əzəl hökmdarı və ümmətlərin Sultanı, bu bəndələrinə rəhm elə ki, Sənin əmrlərinin ipindən yapışdılar və Sənin iradənin səmasından nazil olan hökmlərə boyun əydilər.


Ya Rəbb, görürsən ki, onların nəzərləri Sənin inayətinin üfüqünə dikilib, onların qəlbləri Sənin lütflərinin dəryasına yönəlib, onların səsləri Sənin Əbha adınla Uca Məqamdan yüksələn şirin sədanın önündə kəsilib.


Ya Rəbb, o dostlarına kömək et ki, Sənin yanında olanlara çatmaq ümidi ilə özlərində olanları atdılar, aləmdən üz çevirib Sənin Uca Üfüqünə üz tutduqlarına görə bəla və müsibətlərlə əhatə olundular. Ya Rəbb, Səndən diləyim budur ki, onları nəfs və ehtirasın işlərindən hifz elə, dünyada və axirətdə xeyirli olacaq şeylərə nail olmalarında onlara yardım göstər.


Ya Rəbb, səni and verirəm yaradılmışlar səltənətində ucadan səslənərək hamını Sidrətül-müntəhaya və ən uca şərəf məqamına dəvət edən o gizli və qorunan Adına ki, Öz mərhəmət buludunun yağışlarını bizə və bütün bəndələrinə nazil eylə və bununla da bizi Səndən başqasının zikrindən uzaqlaşdırıb Öz fəzilət dənizinin sahilinə yaxınlaşdır. Ya Rəbb, Uca Qələminlə bizə elə bir yazı yaz ki, onun sayəsində bizim ruhlarımız Sənin Cəbərutunda, bizim adlarımız Sənin Mələkutunda, bizim həyatımız Sənin qoruduğun gizli məkanlarda, bizim bədənlərimiz isə Sənin alınmaz xəzinələrində əbədi qalsın. Çünki bütün olanlar və olacaqlar Sənin qüdrətinə tabedir. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli Qoruyan və Qəyyumsan.


Ya Rəbb, görürsən ki, rica edən əllər Sənin səxavət və kəramət səmana doğru qalxıb. Səndən diləyim budur ki, onları Öz əta və ehsan xəzinələrində olanlardan başqa bir şeylə geri qaytarma! Ya Rəbb, bizi, bizim ata və analarımızı bağışla, Sənin fəzilət və səxavət dənizindən umduqlarımızı bizə nəsib elə! Ey bizim Məhbubumuz, Sənin yolunda etdiklərimizi bizdən qəbul elə! Həqiqətən, Sən Qüdrətli, Uca, Bənzərsiz, Vahid, Bağışlayan və Mərhəmətlisən!
         
 

Seçmə 139
EY NƏBİLİ-ƏZƏM, Əzəl Dilinin Öz cəlallı Adının səltənətindən nida edərək sənə dediklərini eşit! O hər an Uca Mələkutda belə söyləyir və bütün şeylərin qəlbində belə oxuyur: “Mənəm Allah, Məndən başqa Allah yoxdur! Mən əzəldən Qüdrətli Sultan olmuşam və həmişə də hər şeyi Qoruyan Hökmdar olacağam. Mənim dəlilim—Mənim qüdrətim və bütün aləmləri bürüyən səltənətimdir”...


Ey Mənim Adım, xoş sənin halına ki, Bəha ­Gəmisinə mindin, mənim ucadan uca qüdrətim sayəsində böyüklük dənizində seyrə çıxdın və o kəslərdən oldun ki, onlar şərəfə layiq görülmüş və adları Allahın Barmağı ilə yazılmışdır. Sən dirilik piyaləsini o Qulamın əlindən alıb içdin ki, Sübhanın Məzhərləri Onun başına dolanır və Rəhmanın Məşriqləri hər səhər və hər axşam Onun görüşündən bərəkət alırlar.

Onun şərəfi səninlədir, çünki sən Allahdan Allaha doğru səfər etdin və əbədiyyət məkanına daxil oldun. Bu, elə bir yerdir ki, aləmdəkilər onu təsvir edə bilməz. Orada müqəddəslik nəsimi sənin öz Mövlana məhəbbətlə dolu qəlbini ehtizaza gətirdi, irfan suyu səni bütün müşriklərin və qovulmuşların çirkabından təmizlədi. Sən insanlar arasında o Zikrin Mücəssəməsini tanımaqla Allahın Zikr Cənnətinə yetişdin.


Elə isə Allaha şükr elə ki, Onun Əmrinə xidmət etməkdə sənə yardımçı oldu və sənin qəlbinin bağçasında elm və hikmət sünbülləri əkdi. Beləcə, Onun fəzli səni və bütün aləmdəkiləri bürüdü. Ehtiyatlı ol ki, yerdə və göydə xəlq olunmuş heç bir şey səni kədərləndirməsin. Özünü bütün təhriklərdən qoru və pərdə arxasında qalanların bütün boş və mürəkkəb mübahisələrini bir kənara at. Sonra Öz Rəbbinin Əmri yolunda Əzəmətli Ruhun sənə təlqin etdiklərini söylə ki, bunun sayəsində məxluqatın qəlbi mübarək və cəlallı məkana doğru meyl etsin.


Bil ki, Biz qılınc hökmünü aradan qaldırdıq və Əmrə kömək üçün dildən və sözün gücündən istifadə yolunu müəyyən etdik. Öz fəzlimiz sayəsində Biz belə əmr etdik. De: Ey insanlar, yer üzündə fitnə-fəsad törətməyin və heç kəslə çəkişməyin, çünki Rəbbiniz yer üzünü və onun şəhərlərinin hamısını hökmdarların ixtiyarına vermiş və onları orada olanlar üçün Öz qüdrətinin məzhərlərinə çevirmişdir. O, Mülk aləmindən Özü üçün heç bir şey istəməmişdir. Haqqın Özü buna şahiddir. O, Özü üçün yalnız qəlb şəhərlərini saxlamışdır ki, onları yer üzünün çirkabından təmizləyərək müşriklərin əli çatmayan bir Məkana yaxınlaşdırsın. Ey insanlar, söz açarları ilə qəlb şəhərlərinin qapılarını açın! Biz, öncədən müəyyən edilmiş həddə uyğun olaraq, sizin vəzifənizi belə nazil etdik.


And olsun Haqqa, dünya, onun bər-bəzəyi və onda olan bütün nemətlər Allahın nəzərində bir ovuc torpaqdan başqa bir şey deyildir, hətta ondan da əskikdir. Əgər insanlar bəsirət sahibi olsalar, bunu anlayarlar. Elə isə özünüzü dünyadan və onda olanlardan təmizləyin, ey Bəha əhli! Allaha and olsun, onlar sizə layiq deyil, onları arzulayanların ixtiyarına buraxın və üzünüzü müqəddəs və nurlu Mənzərə doğru tutun!


Sizə yaraşan şey Allahı və Onun Zatının Məzhəri olan Kəsi sevmək və Onun tərəfindən müəyyən edilənlərə tabe olmaqdır—bunu bilin!


De: Özünüzü düzlük və ədəblə bəzəyin, özünüzü həlimlik və ədalət xalatından məhrum etməyin, qoy sizin könüllərinizdən bütün məxluqatın üzərinə xoş müqəddəslik nəsimləri əssin. De: Ehtiyatlı olun, ey Bəha əhli! Sözləri ilə əməlləri bir olmayanların yolu ilə getməyin. Çalışın ki, sizin sayənizdə yer üzündə Allahın əlamətləri və Onun əmrləri aşkara çıxsın. Öz əməllərinizlə insanlara doğru yol göstərin, çünki istər yüksək, istərsə də aşağı təbəqədən olan bəndələrin əksəriyyətinin sözləri əməllərindən fərqlənir. Məhz əməlləriniz sizi başqalarından fərqləndirə bilər və sizin nurunuzu yer üzündə olanlara aşkar edər. Xoş o kəsin halına ki, mənim nəsihətimi eşidər və Elm və Hikmət Sahibi tərəfindən əmr edilənə tabe olar.
         
 

Seçmə 140
EY MƏHƏMMƏDƏLİ, XOŞ sənin halına ki, qəlbini Şərəfli və Tərifəlayiq Rəbbinə məhəbbət bəzəyi ilə zinətləndirdin! Bu gün bu məqama nail olan kəsə bütün xeyirlər üz verər.


Baxma ki, bu günlər Allahın dostları zahirən zillətə düçar olublar. Bu zillət əslində bütün şərəflərdən və dünyəvi məqamlardan üstündür. Bundan böyük nə şərəf ola bilər ki, Əzəl Dili Böyük Məhbəsdə öz dostlarını xatırlamaqla məşğuldur?! Tezliklə aranı kəsən buludlar dağılar və “Şərəf Allaha və Onun dostlarına məxsusdur!” kəlamının parlaq günəşi Onun İradəsinin səmasından boylanaraq işıq saçar.


Yüksək və aşağı təbəqədən olan bütün insanlar daim bu məqamı arzulamışlar. Lakin Həqiqət Günəşi parlayanda, onlar hamılıqla məhrum olub pərdə arxa­sında qaldılar. Yalnız o kəslərdən başqa ki, Haqqın inayətinin ipindən yapışmışdılar və Ondan savayı hər şeydən əllərini üzüb Onun müqəddəs məqamına üz tutmuşdular.


Aləmin Məqsuduna şükr elə ki, bu ən böyük şərəfə nail oldun. Çox keçməz ki, dünya və onda olan bütün şeylər fənaya uğrayar və şərəf sənin Qüdrətli və Səxavətli Rəbbinin dostlarına qalar.
                

Seçmə 141

HƏQİQƏTƏN, KİTAB, ANLAYAN kəslər üçün nazil olmuşdur. O, insanlara ədalətli və çəkingən olmağı əmr edir, pis əməlləri və pozğunluğu qadağan edir ki, bəlkə onlar ayıldılar.

De: Ey insanlar, Lövhələrdə sizə əmr olunanlara əməl edin, fəsad əhlinin yanlış gümanlarının ardınca getməyin, çünki onlar pis əməllər törədir, amma özlərini Müqəddəs, Şərəfli və Uca Allaha mənsub edirlər. De: Biz bəla və müsibətləri ondan ötrü qəbul etdik ki, siz paklaşasınız. Nə üçün siz bu barədə düşünmürsünüz?! And olsun Allaha, Bizim çəkdiyimiz əziyyətlər haqqında düşünən kəs qəm odunda alışıb yanar. Sənin Rəbbin dediklərimə şahiddir. Biz bütün bəlalara dözdük ki, siz təmizlənəsiniz, siz isə qafillərdən oldunuz.

De: Bu Ətəkdən yapışan hər bir kəs Səma Sakinlərinin ikrah etdiyi şeylərdən pak olmalıdır. Şərəfli Rəbbin tərəfindən bu aydın Lövhədə belə əmr olundu. De: Siz Mənim məhəbbətimi bir kənara qoyub Mənim qəlbimi kədərləndirən işlərmi törətmək istəyirsiniz?! Hər şeyi Bilən və hikmət Sahibi olan Allah tərəfindən nazil olanları anlamaqda sizə mane olan nədir?!

Həqiqətən, Biz sizin əməllərinizi görürük. Biz onlardan müqəddəslik və paklıq ətri duyanda, sizi salamlayırıq. O zaman behişt əhlinin dili Allaha yaxın kəslərin arasında sizi zikr edir və sizə tərif söyləyir.

Allahın Ətəyindən tut və Onun heç kəsin qıra bilmədiyi möhkəm İpindən yapışın! Məbada bu Böyük Xəbəri inkar edən kəslərin hay-küyü sənə mane olsun! Bəndələr sənə etiraz etsələr və əleyhinə qalxsalar belə, bu Lövhədə sənə əmr olunanları onlara çatdır. Həqiqətən, Sənin Rəbbin Qalibiyyətli və Qoruyandır. Sənə və Mənim dostlarımdan səninlə olanlara Mənim şərəfim nəsib olsun! Bil ki, onlar şərəfə nail olacaqlar.

       

Seçmə 142

AND OLSUN MƏHBUBUN Camalına! Bu, bütün məxluqatı əhatə edən bir Mərhəmətdir və bu, İlahi fəzlin bütün kainatı bürüdüyü və hər şeyə nüfuz etdiyi bir Gündür. Ey Əli, Mənim mərhəmət bulağım axmaqda, şəfqətli qəlbim yanmaqdadır. Çünki O, heç vaxt istəməyib ki, onun dostlarını kədər bürüsün, yaxud onlar qəmə batsınlar.

Hər dəfə Mənim “Rəhman” adım dostlarımdan razı olmadığım bir söz eşidəndə, qüssəli və qəmli bir halda öz yerinə qayıtdı. Və hər zaman Mənim “Səttar” adım kiminsə təhqiramiz işlərlə məşğul olduğunu görəndə, hədsiz kədər və məyusluq içərisində müqəddəs məkana döndü və ağlayıb-sızlamağa başladı. Mənim “Bağışlayan” adım dostlarımın bir günahının şahidi olduqda, nalə çəkib huşsuz halda yerə yıxıldı və əmr mələkləri onu götürüb Böyük Mənzərə apardılar.

Haqq olan varlığıma and olsun, ey Məhəmmədəli, Bəhanın ürək yanğısı səninkindən artıqdır və Onun naləsi sənin naləndən daha güclüdür! Hər dəfə kiminsə günaha batdığı Müqəddəs Hüzura ərz ediləndə, Əzəli Vücud utandığından Camalını gizlətmək istəyir, çünki O, həmişə vəfa gözləyib və onun şərtlərinə əməl edib.

Sənin sözlərin Mənim hüzurumda oxunan kimi Mənim vəfa dənizim dalğalandı, sənin qəlbin üstündən Mənim əfv yellərim əsdi, inayət ağacım Sənə kölgə saldı və fəzl asimanım sənin üzərinə öz nemətlərini yağdırdı. And olsun əbədi Üfüqün Günəşinə ki, sənin kədərindən kədərliyəm və sənin qəmindən qəmginəm….Sənin ahın Əbha çadırından keçib əlçatmaz, müqəddəs və uca məkana yetişdi…. Mən sənin xidmətlərini və Mənim yolumda çəkdiyin əzabları təsdiq edirəm. Mənim sənə olan məhəbbətimə bütün zərrələr şəhadət verir.

Ey Əli, sənin bu çağırışın olduqca xoşagələndir. Mənim Əmrimi həm qələminlə, həm də dilinlə bəyan et. İnsanları aləmlərin Pərvərdigarına doğru elə bir hərarət və şövq ilə çağır ki, hamının qəlbinə od düşsün.

De: Ey mənim Allahım, ey Məhbubum, ey Məni hərəkətə gətirən, Qütb Ulduzum və qəlbimdə car çəkən, ey Mənim sirdaşım! Həmd olsun sənə ki, üzümü Sənə tutmağıma, Sənin zikrinlə alovlanmağıma, Sənin adını çağırmağıma və Sənə tərif söyləməyimə kömək etdin.

Ya Rəbb, Ya Rəbb! Əgər qəflət olmasaydı, Sənin mərhəmət bayrağın sancılardımı və səxavət bayrağın ucalardımı?! Əgər xəta olmasaydı, Sənin eyibləri Örtən, günahları Bağışlayan, Hər şeyi Bilən və Hikmət Sahibi olmağın necə bilinərdi?! Mənim canım Səndən qafil olanların qəflətinə fəda olsun, çünki onun ardınca Sənin “Rəhman” və “Rəhim” adının mərhəmət nəsimləri əsər. Mənim həyatım Sənə qarşı günah işlədənlərin günahına fəda olsun, çünki onun sayəsində sənin fəzlinin ətri duyular və Sənin lütflərinin müşkü ətrafa səpilər. Mənim zatım Sənə asi olanların asiliyinə fəda olsun, çünki onun vasitəsilə Sənin əta üfüqündən inayət Günəşin parlayar və Sənin səxavət yağışların bütün məxluqatın üstünə tökülər.

Ya Rəbb, mən bütün günahlarımı boynuma aldım və heç bir insanın etiraf etmədiyi şeyləri etiraf etdim. Mən Sənin əfv dənizinin sahilinə tələsdim və Sənin kəramət çadırının kölgəsində məskən saldım. Ey Əzəl hökmdarı və aləmi Qoruyan Kəs, Səndən rica edirəm, mənə elə bir keyfiyyət bəxş et ki, onun aşkara çıxması ilə ruhlar Sənə məhəbbətin səmasında və könüllər Sənin Ruhunla ünsiyyətin fəzasında uçsunlar. Mənə Öz qüdrətindən elə bir güc ver ki, onunla bütün məxluqatı Sənin Zühurunun Şəfəqinə və Sənin Vəhyinin Məşriqinə doğru döndərim.

Ya Rəbb, mənim bütünlüklə Sənin İradənə təslim olmağıma və xidmətində durmağıma kömək elə, çünki mən bu həyatı yalnız ondan ötrü sevirəm ki, Sənin Vəhy Çadırının və Cəlal Taxtının ətrafına fırlanım. İlahi, görürsən ki, mən Səndən ötrü hər şeydən əlimi üzmüşəm və Sənin qarşında da boyun əymişəm. Mənimlə istədiyin kimi, Sənin cəlalına yaraşan və Həzrətinə layiq olan tərzdə rəftar elə!

Ey Əli, sən aləmlərin Rəbbinin inayətinə nail olmusan və olacaqsan. Onun gücü və qüvvəsi ilə bəndələr arasında Onun Əmrinə kömək etmək və zikrini ucaltmaq üçün ayağa qalx! Adi elmləri və yazıb-oxumağı bilmədiyinə görə kədərlənmə. Bütün feyzlərin qapıları Haqqın qüdrətli əlindədir, onları Ona bəndəlik edənlərin üzünə açmışdır və açır. İnşaallah, bu xoş ətir hər zaman sənin qəlbindən aləmə yayılar və onun səmərəsi bütün diyarlarda aşkar olar. O hər şeyə qadirdir. Həqiqətən, O, Qüdrətli, Şərəfli və Qüvvətlidir.

      

Seçmə 143

XOŞ SƏNİN HALINA, ey bəndə, çünki sən Haqqı tanıdın və Rəhmana qarşı küfr etdiyi üçün Ana Lövhədə zalımlar sırasına daxil edilən kəsdən üz döndərdin. Allaha məhəbbətində və Onun Əmrində dönməz ol. Sonra ­sözlərinlə Ona kömək göstər. Rəhman zalımların əlində məhbus olduğu bir zamanda sənə belə əmr edir.

Əgər Mənim yolumda bəlalara düçar olsan, mənim başıma gələn bəlaları, Mənim sürgün və həbs olunmağımı xatırla. Qüdrət və Hikmət Sahibi olan Allah tərəfindən sənə belə çatdırırıq.

Canıma and olsun, tezliklə dünyanın və onda olanların büsatını pozar və başqa bir büsat qurarıq. Həqiqətən, O, hər şeyə qadirdir.

Qəlbini Məni zikr etmək üçün, qulağını isə Mənim ayələrimi eşitmək üçün təmizlə! Sonra Mərhəmətli Rəbbinin taxtının qurulduğu yerə üz tut. De: Ya Rəbb, həmd olsun Sənə ki, məni Öz Məzhərini tanımağa müvəffəq eylədin, Sənin vüsal və görüş Kəbənə uz tutmağıma kömək göstərdin. Səni and verirəm göyləri yaran və yeri parçalayan Adına ki, Səndən başqalarından üz çevirib Sənə üz tutanlar üçün yazdıqlarını mənim üçün də yaz, Əbha Çadırında Sənin yanında düzlük məqamında oturmağı mənə nəsib eylə! Həqiqətən, Sən istədiyini edənsən. Səndən başqa Allah yoxdur, Sən Qüdrət və Hikmət Sahibisən.

      

Seçmə 144

UCA QƏLƏM BU Əmrin təbliğini hər kəsə vacib buyurmuş və bir vəzifə olaraq həvalə etmişdir... Allahdan başqa hər şeydən inqita etmiş kəsə, şübhəsiz, Allah elə bir ilham bəxş edər ki, onun qəlbindən hikmət və bəyan çeşmələri çağlayıb axar. Həqiqətən, sənin mərhəmətli Rəbbin nəyi istəyirsə, edir və necə istəyirsə, hökm verir.

Əgər sən bu dünya barədə düşünsən və ondakı şeylərin fani olduğunu anlasan, Rəbbinin Əmrinə xidmətdən özgə bir yol seçməzsən. O zaman bütün yer üzündə olanlar sənin əleyhinə birləşsələr belə, Ona tərif söyləməyinə mane ola bilməzlər.

Yolunla düz get və Ona xidmətdə çalışqan ol. De: Ey insanlar, bütün Yazılarda vəd olunmuş Gün yetişdi. Allahdan qorxun və sizin xəlq edilməyinizin səbəbi olan Kəsi tanımaqdan özünüzü məhrum etməyin. Ona doğru tələsin—bu, sizə dünyadan və onda olanlardan daha xeyirlidir. Əgər arifsinizsə, bunu bilin.

 

Seçmə 145

ZƏLİL GÜNƏ DÜŞMÜŞ bir kəs gördükdə, ona ikrah və təkəbbürlə baxmayın, çünki Şərəfli Sultan bu günlərdə belələrinin qayğısına qalar və bunun necə olduğunu öz iradəsini Qüdrət və Hikmət Sahibi olan Rəbbinin İradəsinə tabe edən şəxslərdən başqa kimsə bilməz. Ey varlılar tayfası! Yerə yıxılmış bir yoxsul gördükdə, ondan qaçmayın; onun yanında oturub qəzavü-qədər dəryasından onun başına nələr yağdığı barədə sorğu-sual edin. And olsun Allaha, siz onunla ünsiyyət edəndə Səma Sakinləri sizi görərək, sizə salam göndərər, sizə şəfaət göstərər, öz müqəddəs, pak və fəsahətli dilləri ilə sizi xatırlayar və tərifləyərlər. Xoş o alimin halına ki, öz elmi ilə başqalarının qarşısında öyünməz. Xoş o yaxşının halına ki, günahkara istehza ilə baxmaz və ondan gördüklərini gizlədər ki, Allah da onun özünün günahlarını gizlətsin...

      

Seçmə 146

BİZ İSTƏYİRİK Kİ, sizin hamınızı və hər birinizi aləmdəkilər arasında bütün xeyirlərin mənbəyi və düzlüyün nümunəsi kimi görək. Məbada özünüzü qardaşlarınızdan üstün tutasınız. Yer üzündə Allahın Mücəssəməsinə nəzər salın. Həqiqətən, O, Özünü aləmin islahı üçün fəda etdi. Doğrudan da, O, Kəramətli, Şərəfli və Ucadır. Aranızda ixtilaf yaranan zaman Məni üzünüzün qarşınızda görün və Mənim adımın xatirinə, Mənim aşkar və nurlu Əmrimə məhəbbətinizin əlaməti olaraq bir-birinizin səhvlərinə göz yumun. Biz istəyirik ki, sizi hər zaman Öz razılıq cənnətimizdə dostluq və yoldaşlıq halında görək və sizdən ülfət, mehribanlıq, məhəbbət və birlik ətri duyaq. Hər şeyi Bilən Etibarlı Kəs sizə belə nəsihət verir. Biz daim sizin aranızdayıq—sizdən mehribanlıq ətri duyduqda sevinirik və bundan başqa bir şey görmək istəmirik. Bütün ariflər və bəsirət sahibləri buna şəhadət verir...

      

Seçmə147

AND OLSUN İSMİ-Əzəmə! Heyfdir bu Gün, kimsə ötəri şeylərə könül bağlasın. Ayağa qalxın, Allahın Əmrindən möhkəm yapışın və bir-birinizlə hədsiz məhəbbət ilə rəftar edin. Məhbubun xatirinə nəfsinizin pərdələrini sönməz Alovla büsbütün yandırın, şad və gülər üzlə bir-birinizlə ünsiyyətdə olun. Siz Haqqın Sözü olan Kəsin davranışını bütün cəhətləri ilə öz gözünüzlə görmüsünüz. O, heç vaxt istəməyib ki, hətta bir gecəlik də Allahın dostlarından kim isə bu Qulamdan incisin.

Allahın Sözü aləmin qəlbinə od salıb. Heyfdir ki, bu oddan alovlanmayasınız! Ümidvarıq ki, inşaallah, bu mübarək gecəni birlik gecəsinə çevirəcəksiniz, hamınız birləşərək gözəl və bəyənilmiş xasiyyətlərlə bəzənəcəksiniz. Çalışın ki, kimi isə fanilik burulğanından xilas edib Allahın əbədi Dininə qovuşdurasınız. Bəndələr arasında elə rəftar edin ki, haqqın əlamətləri sizdən aşkar olsun. Çünki Onun Ruhunun yenidən yaratdıqları, Ona səcdə və ibadət edənlərin, Onun Cəlal Taxının ətrafında təvaf edənlərin birincisi sizsiniz! And olsun Məni istədiyi kimi danışdıran Kəsə! Sizin adlarınız Uca Mələkutda sizin öz yanınızda olduğundan daha məşhurdur. Güman etməyin ki, bu söz bir uydurmadır. Kaş Mərhəmətli Rəbbinizin gördüyü kimi, siz də öz şəninizin ucalığını, qədrinizin böyüklüyünü, məqamınızın yüksəkliyini görəydiniz. Allahdan diləyimiz budur ki, nəfsiniz və ehtirasınız sizin üçün müəyyən olunana yetişməyinizə maneə törətməsin...

      

Seçmə 148

EY SALMAN, ARİFLƏRİN və müdriklərin söylədiklərinin və ya yazdıqlarının hamısı, insan zəkasının labüd məhkum olduğu həddi heç vaxt aşmamış və heç vaxt da aşmağa ümid edə bilməz. Çünki ali şəxslər inqita etmiş və arif könüllər nə qədər dərin dalsalar da, nə qədər elm və irfan səmasında uçsalar da, öz təsəvvürlərinin yaratdığı və öz düşüncələrinin məhsulu olan şeylərin hüdudlarını aşa bilməzlər. Bütün ariflərin irfanı, bütün zikr edənlərin zikri və bütün vəsf edənlərin vəsfi Rəbbin təzahürünün onların özündə yaratdıqları ilə məhdudlaşır. Hər kəs bu barədə düşünsə, təsdiq edər ki, elə bir hədd var ki, insanların onu aşması mümkün deyil. Əvvəli olmayan əvvəldən üzü bəri Allahı görmək və dərk etmək cəhdləri Onun xilqətinə aid hədlərlə məhdudlaşmışdır o xilqət ki, Onun yaradıcı İradəsi ilə başqa bir məqsəd üçün deyil, məhz Onun Özü üçün yaranmışdır. Allah elə ucadır ki, heç kəsin irfanı ilə tanınmaz və heç kəsin təsvirinə sığmaz. Onunla xəlq etdikləri arasında nə bir bilavasitə əlaqə və rabitə var, nə də Onun yaratdıqlarının işarə və əlamətləri Onun mahiyyətinə yaxınlaşa bilər. O, məxluqatı aləmləri əhatə edən iradəsi ilə yaratdı. Haqq əzəldən Öz ülvi səltənətində və Birlik zirvəsində məxluqatın irfanından üstün olmuş, həmişə də Öz əlçatmaz yüksəkliyində və uca hökmranlığında mövcudatın idrakından uzaq olacaqdır. Yerdə və göydə olanların hamısı Onun bir sözü ilə yaranmış və Onun İradəsi ilə xalis yoxluqdan varlıq səhnəsinə qədəm qoymuşdur. Allahın Sözündən yaranmış məxluq Əzəli Mahiyyətə necə yetişə bilər?!..

      

Seçmə 149

DE: BU GÜN kim göylərdə və yerdə olanların hamısından əlini üzüb Allahın Müqəddəs Vəhy Günəşi olan Kəsə üz tutsa, hər şeyi Bilən və Hikmət Sahibi olan Rəbbinin adlarından biri ilə bütün məxluqata üstün gələr. Bilin ki, Həqiqət Günəşi əvvəlki əsrlərdə misli görünməmiş bir parlaqlıqla işıq saçdı. Ey insanlar, Onun ziyası ilə nurlanın və biganələrdən olmayın...

      

Seçmə 150

DE: QƏLƏBƏ YETİŞƏN zaman hamı mömin olduğunu iddia edər və Allahın Əmrinə sığınar. Xoş o kəslərin halına ki, hər tərəfdən fitnə-fəsadın baş qaldırdığı bu günlərdə Əmrdə möhkəm oldular və onun həqiqətindən dönmədilər...

Seçmə 151

EY İLAHİ BÜLBÜLLƏR, zillət tikanlığından mənəvi parlaqlıq gülüstanına tələsin! Ey torpağa bağlı dostlar, ruhani yuvaya doğru yollanın. Cana müjdə verin ki, Canan zühur tacını başına qoyub və Əzəl Gülzarının qapılarını açıb. Gözlərə müjdə verin ki, Onun Gözəlliyini görmək zamanı gəldi. Qulaqlara müjdə verin ki, Onun səsini eşitmək vaxtı yetişdi. Şövq bağçasındakı dostlara xəbər verin ki, Yar insanların arasına çıxdı. Səba şanapipiklərinə bildirin ki, Nigar görüşə icazə verib. Ey Cananın Üzünün aşiqləri, hicran qəmini əbədi vüsal sevinci ilə, ayrılıq zəhərini görüş balı ilə əvəz edin.

Əgər indiyə qədər aşiqlər Məşuqun dalınca qaçırdılarsa və sevənlər Məhbubun ardınca gedirdilərsə, bu günlər Sübhanın fəzli mərhəmət buludlarından elə yağır ki, Məşuq özü aşiqləri çağırır və Məhbub özü sevənləri arayır. Bu fəzli qənimət sayın və bu neməti az bilməyin. Əbədi nemətləri qoyub ötəri şeylərə qane olmayın. Qəlbinizin gözündən niqabı götürün və ürəyinizin gözündəki pərdəni cırın ki, Yarın Camalını hicabsız görəsiniz və indiyədək görmədiyinizi görüb, eşitmədiyinizi eşidəsiniz.

Məni eşidin, ey fani bülbüllər! Əbədi gülzarda elə bir Gül açılıb ki, bütün güllər Onun yanında tikana bənzər, gözəllik cövhərinin Onun yanında dəyəri yoxdur. Elə isə canınızın təpəri, ürəyinizin istəyi, ruhunuzun şövqü, iradənizin coşqunluğu və bütün varlığınızın gücü ilə çalışın ki, vüsal bağçasına daxil olub bənzərsiz Gülü iyləyəsiniz və müqəddəsliyin şirin rayihələrini duyasınız və Əbədi hüzurdan öz payınızı alasınız. Bu nəsihətə qulaq asan kəs bütün zəncirləri qırar və cünun eşqinin dadını bilər, öz Sevgilisinə qovuşar və canını Cananına tapşırar. Bu qəfəsdən çıxaraq o, bir ruh quşu kimi öz müqəddəs və əbədi yuvasına doğru qanad çalar.

Neçə gecələr keçdi, neçə gündüzlər ötdü, neçə vaxtlar bitdi, neçə saatlar getdi, amma siz fani dünyaya bağlı olmadan bir nəfəs də almadınız. Çalışın ki, qalan bu bir neçə nəfəsiniz hədər getməsin. Ömürlər şimşək tək ötüb keçər, başlar torpaq yastığa qoyular. O zaman artıq çarə tapılmaz, işlər əldən çıxar.

Əbədi Şam açıq-aşkar yanıb işıq saçır və bütün fani pərdələri yandırır. Ey pərvanələr! Qorxunu unudub tələsin və özünüzü oda vurun! Ey aşiqlər, ürəyinizdən və canınızdan keçib Məşuqun yanına gəlin və rəqibsiz Məhbuba doğru qaçın! İndiyə kimi Gizli qalmış Gül indi sizin gözləriniz qarşısındadır, özü də örtüksüz və hicabsız bütün büsatı ilə! O bütün müqəddəs ruhları vüsala çağırır. Bu çağırışı qəbul edənlərin iqbalı nə gözəldir! Xoş bu ecazkar hüsnün nuruna boyananların halına!

      

Seçmə 152

GÖZÜN—MƏNİM ƏMANƏTİMDİR, onu nəfsin və ehtirasın tozu ilə qaraltma. Qulağın Mənim səxavətimin təzahürüdür, öz şəhvani istəklərinin hay-küyü ilə onu Mənim hər yeri bürüyən sözümü eşitməkdən məhrum etmə. Qəlbin Mənim xəzinəmdir, Mənim onda qoyduğum gizli gövhərləri oğru nəfsinə və xain ehtiraslarına tapşırma. Əlin Mənim inayətimin əlamətidir, onun gizli və qorunan Lövhələrimi götürməsinə mane olma… Sən istəmədən, Mən fəzlimi sənin üzərinə yağdırdım. Sən rica etmədən, Mən sənin arzunu yerinə yetirdim, sən layiq olmadan hədsiz fəzl və səxavətimi səndən əsirgəmədim…. Ey Mənim bəndələrim! Torpaq kimi itaətkar olun ki, Mənim irfanımın müqəddəs, əlvan və ətirli çiçəkləri vücudunuzun torpağından cücərsin. Od kimi şölələnin ki, qəflətin qalın pərdələri yansın, sizin soyuq və pərdə arxasında olan bədənləriniz İlahi Məhəbbətin hərarətindən dirilik və əbədilik kəsb etsin. Hava kimi incə və azad olun ki, Mənim taxtım olan məkana, müqəddəslik Dərgahıma daxil ola biləsiniz...

      

Seçmə 153

EY SÜRGÜN OLUNMUŞ və vəfalı dost! Qəflətin ­susuzluq və yanğısını Mənim fəzlimin müqəddəs çeşməsi ilə söndür, uzaqlığın zülmət gecəsini Mənə yaxınlığın nurlu sabahı ilə işıqlandır. Mənim sənə olan ölməz məhəbbətimin evini ötəri şəhvətin zülmü ilə xaraba qoyma və ruhani Qulamın camalını nəfsin qara pərdələri ilə örtmə. Xalis möminlik yolunu seç və Allahdan başqa heç kəsdən çəkinmə. Tamah və ehtiras çör-çöpü ilə qəlbin nurlu çeşməsinin yolunu bağlama və ürəyin axar bulağının çağlamasına mane olma. Haqqa sığın və Onun inayət ipindən yapış, çünki Ondan başqa heç kəs heç kəsi yoxsulluqdan varlılığa çatdırmaz və nəfsin zillətindən xilas edə bilməz.

Ey bəndələr, əgər siz Mənim gizli və baqi sərvətlər dəryamdan xəbər tutsanız, əlbəttə, bu dünyanı, xeyr, bütün xilqəti bir heç sanarsınız. Axtarış odunu canınızda elə şiddətlə yandırın ki, Canana yaxınlıq və onunla görüş məqamından ibarət olan uca və ülvi məqsədə nail olasınız...

Ey bəndələr, Həzrət Sübhana sizin inamınızın yəqinlik şəhərinin bünövrəsini mövhumat və yanlış gümanlar lağımı ilə dağıtmayın. Çünki bu gümanların əzəldən faydası olmayıb və onlar heç zaman kimi isə doğru yola istiqamətləndirməyib. Ey bəndələr, siz Mənim hökmranlığımın uca, uzun, açıq və qüdrətli əlinin bağlandığınımı zənn edirsiniz, əzəli, tükənməz, hər şeydən üstün və sizə nazil olan mərhəmətimin kəsildiyinimi düşünürsünüz, səxavət və kəramətimin yüksək və əlçatmaz buludlarının daha yağış yağdırmadığınımı fərz edirsiniz? Məgər Mənim misilsiz hökmranlığımın qüdrətini göstərən möcüzələr yoxa çıxıb?! Yoxsa Mənim hər yeri bürüyən İradəmin aləmdəkilərə təsiri itib?! Əgər siz belə düşünmürsünüzsə, onda nə üçün Mənim solmaz, müqəddəs və şərəfli Camalımın zühuruna mane olursunuz? Onda nə üçün Mənim Nurlu və Qüdrətli mahiyyətimin Məzhərinin əbədi qüdsiyyət səmasında görünməsinin qarşısını almağa çalışırsınız?! Əgər insaf gözünüzü açsanız, bütün məxluqatın bu yeni və ecazkar Şərabdan məst olduğunu görərsiniz, yer üzünün bütün zərrələrinin Onun işığından nurlandığını müşahidə edərsiniz. Sizin zənn etdikləriniz necə də pisdir, sizin hələ də düşündükləriniz nə qədər çirkindir!

Ey bəndələr, öz əslinizə qayıdın və sizin yaradılışınızın Mənbəyi olan Kəsə dönün. Özünüzü nəfs və ehtirasın qəflətindən xilas edib bu gizli və uca Vəhyin Sinasında yanan sönməz Oda yetişməyə tələsin. Hər şeyi əhatə edən, ilkin və mübarək Sözü dəyişdirməyin, Onun şərəfli paklığını və müqəddəsliyini pozmayın və Onun ucalığını alçaltmayın. Ey qafil bəndələr, Mənim mərhəmətimin möcüzələri bütün görünən və görünməz aləmləri əhatə etsə də, səxavət və fəzlimin təzahürləri məxluqatın bütün zərrələrini bürüsə də, bilin ki, əzabımın qamçısı çox güclüdür və qəzəbimin şiddəti olduqca böyükdür. Mənim mehribanlıqla verdiyim nəsihətləri təkəbbür və ehtirasdan təmiz olan bir qulaqla eşidin, zahiri və batini gözünüzlə Mənim Əmrimin möcüzələrinə nəzər salın.

İndi, ey bəndələr, İlahi şərəf taxçasında yanaraq işıq saçan əbədi, nurlu və müqəddəs Çıraqdan özünüzü məhrum etməyin. İlahi məhəbbət alovunu hidayət yağı ilə öz işıqlı ürəyinizin dönməzlik taxçasında yandırın. Onu İlahi hidayət yağı ilə qızışdırın və onu özünüzün dönməzlik sığınacağında qoruyun. Allahdan başqa hər şeydən əlinizi üzüb təvəkkül şüşəsi ilə onu müşriklərin nəfsinin yellərindən qoruyun. Ey Mənim bəndələrim, Mənim İlahi Vəhyim elə bir dənizə bənzəyir ki, onun dərinliklərində saysız-hesabsız, son dərəcə qiymətli, incə və parlaq gövhərlər gizlənib. Hər bir axtaran kəs, əlbəttə, cəhd və axtarış kəmərini bağlayıb həmin dənizin sahilinə can atmalıdır ki, gizli və hökmü vacib Lövhlərdə müəyyən olunmuş qismətini axtarış və cəhdinin səviyyəsinə uyğun olaraq əldə etsin. Elə isə əgər bir kəs Onun müqəddəs sahilinə qədəm qoymasa və Onu axtarmağa başlamasa, heç o dənizdən və ondakı gövhərlərdən bir şey azalarmı, yaxud ona bir nöqsan gələrmi?! Sizin özlüyünüzdə düşündükləriniz necə də əbəs və pisdir və sizin xəyallarınız nə qədər də çirkindir! Ey Mənim bəndələrim, Haqq olan Allaha and olsun, o ən əzəmətli, o dərin və dalğalanan dəniz sizə heyrətedici dərəcədə yaxındır. Baxın, hətta şah damarınızdan da yaxındır! Əgər istəsəniz, bir an içində o əbədi feyzdən, Sübhanın fəzlindən, Rəhmanın səxavətindən, Əbhanın qüdrətli kəramətindən öz nəsibinizi ala bilərsiniz!

Ey mənim bəndələrim, əgər Mənim səxavət və fəzlimin sizdə əmanət qoyulmuş möcüzələrindən agah olsanız, şübhəsiz, yaradılmış hər şeydən əlinizi üzərsiniz və özünüzü tanımağa nail olarsınız ki, bu da əslində Məni tanımaq deməkdir. Və bu halda Məndən başqa heç kəsə ehtiyac duymazsınız, Mənim inayət dəryamı və kəramət dənizimi zahiri və batini gözünüzlə özünüzdə Mənim Əbha adımdan parlayan günəş kimi açıq və aşkar görərsiniz. Bu ən uca və müqəddəs məqamı öz güman və ehtiraslarınızın təhrikləri ilə, öz xəyalınızın və batini korluğunuzun doğurduğu istəklərlə zay etməyin. Siz o quşa bənzəyirsiniz ki, güclü qanadları ilə sonsuz sevinc və hədsiz bir arxayınlıq içərisində səmaların ənginliklərində uçur, sonra yem ümidi ilə yerdəki suya və palçığa meyl edir və tam acgözlüklə özünü suya və palçığa bulaşdırır. Sonra yenidən havaya qalxmaq istəyəndə, özünün aciz və gücsüz olduğunu görür, çünki suya və palçığa batmış qanadlar artıq uçmağa qadir deyil. Beləliklə, bir vaxtlar uca səmalarda uçan o quş indi fani torpaqda məskən salmağa məcburdur. İndi ey bəndələr, öz qanadlarınızı qəflət və güman palçığına, kin və ədavət torpağına bulaşdırmayın ki, müqəddəs irfan səmalarında uçmaqdan məhrum olmayasınız.

Ey mənim bəndələrim, Mən Allahın gücü və ruhun qüvvəti sayəsində əbədi dəryanın sədəflərindəki gövhərləri İlahi elm və hikmət xəzinəsindən çıxardım. Pərdə və hicab arxasında olan Huriləri bu üstün qüdrət və hikmət sözlərinin libasına bürüdüm. Vəhyimin nəfis şərabının möhürünü qüdrət əli ilə açdım və onun gizli və müqəddəs ətrini bütün məxluqatın üstünə səpdim. İndi hər yanı bürüyən bu uca feyzlərə və parlayıb işıq saçan bu inayətə baxmayaraq, özünüzü məhrum etsəniz, bunun günahı sizin özünüzdə olar və olacaqdır...

Ey mənim bəndələrim, Mənim könlümdə İlahi hidayət Sübhünün şəfəqlərindən özgə bir şey yoxdur və Mən sizin Pərvərdigarınızın nazil etdiyi xalis haqq olan sözlərdən başqa bir şey demirəm. Elə isə nəfsinizə tabe olmayın, Allahla əhdinizi pozmayın, vədinizə xilaf çıxmayın, tam qətiyyətlə, ürəyiniz, qəlbiniz və dilinizlə Ona üz tutun və ağılsızlardan olmayın. Dünya mənası olmayan bir tamaşadır, varlıq şəklində bəzənmiş bir yoxluqdur. Ürəyinizi ona bağlamayın, Pərvərdigarınızdan uzaq düşməyin və qafillərdən olmayın. Doğrusunu deyirəm, dünya su şəklində görünən ilğıma bənzər, susuzluqdan yananlar ona yetişmək üçün çox çalışarlar, ona çatanda isə onun xəyal olduğunu görüb məhrum və binəsib qalarlar. Yaxud o, məşuqun canı və ruhu olmayan şəklinə bənzəyir. Aşiq ona çatanda görür ki, bu məşuq onu “nə doydurur, nə də ehtiyacını ödəyir”. Və aşiqin hədsiz əziyyətdən və həsrətdən başqa bir hasili olmur.

Ey bəndələr, əgər yaşadığınız bu günlərdə və bu aləmdə Allahın müəyyən etdiyi və aşkara çıxardığı bəzi işlər sizin istəyinizcə deyilsə, pərişan olmayın, çünki bunun ardınca xoş və səmavi həzz verən günlər gələr. Müqəddəs və ruhani aləmlər gözləriniz qarşısında açılar. Bu dünyada və ondan sonra da O, bütün bunlardan sizə bir qismət ayırıb, bir sevinc payı və bir ruzi təyin edib. Əlbəttə, siz onların hamısına çatacaq və nail olacaqsınız...

      

Seçmə 154

XÜLASƏ, EY SALMAN, Haqqı sevənlərə çatdır ki, heç kəsin sözlərinə etiraz nəzərləri ilə baxmasınlar, əksinə, şəfqət və mərhəmət gözü ilə nəzər salsınlar. Yalnız o kəslərdən başqa ki, bu Gün Allahı rədd edən atəşin yazılar yazırlar. Bu gün Allahı rədd edən şəxslərə bacardığı şəkildə cavab yazmaq hər bir kəsin borcudur. Qadir və Qüdrətli Allah tərəfindən belə müəyyən olunub, çünki bu gün Haqqa söz və kəlamla kömək etmək lazımdır, qılınc və ona bənzər şeylərlə yox. Biz əvvəllər də belə nazil etmişdik və indi də deyirik—bunu bilin.

And olsun bu Gün bütün şeylərdə “Həqiqətən, Məndən başqa Allah yoxdur!” söyləyən Kəsə! Əgər bir kəs Allahı rədd edən şəxsi təkzib edən bir söz yazsa, ona elə bir məqam bəxş edilər ki, bütün Səma Sakinləri o məqamın həsrətini çəkər, bütün insanların qələmi o məqamı təsvir etməkdə aciz qalar və bütün məxluqatın dili onu vəsf etməkdə gücsüz olar. Belə ki, bu Gün bu ən müqəddəs, ən uca və ən yüksək Əmrdə dönməz olan Kəs göylərdə və yerdə olan bütün şeylərə bərabərdir. Allah Özü buna şahiddir və bunu bilir.

Ey Allahın dostları, rahat yatağınızda yatmayın! Elə ki, Rəbbinizi, Yaradanı tanıdınız və Onun başına gələnləri eşitdiniz, qalxın və Onun köməyinə tələsin! Sonra Onun Əmrini bəyan edin və bir an belə susmayın. Bu, sizə indiki və gələcək xəzinələrdən daha xeyirlidir—əgər arifsinizsə, bunu bilin...

      

Seçmə 155

ALLAHIN BƏNDƏLƏR ÜÇÜN yazdığı birinci vəzifə—Onun Vəhyinin Məşriqini və qanunlarının Şəfəqini tanımaqdır ki, bu Kəs Onun Əmrinin səltənətində və xilqət aləmində Allahlığın Təmsilçisidir. Buna nail olan kəs bütün xeyirlərə yetişər, bundan məhrum olan kəs isə bütün saleh əməllərə sahib olsa belə, yolunu azmışlardan sayılar. Bu yüksək məqama və uca üfüqə yetişən hər kəs aləmin Məqsudunun hər bir hökmünə tabe olmalıdır. Bu iki vəzifə bir-birindən ayrılmazdır və biri digəri olmadan qəbul olunmaz. İlahi İlham Mənbəyi olan Kəs tərəfindən belə hökm olunmuşdur.

Allah tərəfindən bəsirət verilmiş kəslər Allahın qanunlarına dünyanın nizamı və xalqların qorunması üçün ən böyük vasitə kimi baxırlar, bundan qafil olanlar isə cılız və düşüncəsizlərdir. Həqiqətən, Biz sizə nəfsin və ehtirasın çərçivəsindən çıxmağı əmr etdik, Uca Qələmin yazdıqlarından yox! Çünki o, dünyada olanlar üçün dirilik ruhudur. Rəhmanın nəsimi əsdiyi üçün hikmət və bəyan dənizləri dalğalandı. Bunu qənimət bilin, ey ağıl sahibləri! Allahın əmrlərindən çıxıb Onunla əhdini pozan və onu bir kənara atan kəslər Ehtiyacsız və Uca Allahın yanında yolunu azmışlardan sayılarlar.

Ey yer əhli! Yəqin bilin ki, Mənim əmrlərim bəndələrim arasında inayətimin çıraqları və məxluqat üçün Mənim mərhəmətimin açarlarıdır. Vəhy Sahibi olan Rəbbinizin İradə səmasından əmr belə nazil olmuşdur. Əgər bir kəs Rəhmanın İradəsinin ağzından çıxan ­sözlərin şirinliyini dadsa, yer üzünün xəzinələrinə sahib olmuş olsa belə, bütün malik olduqlarını qurban verər ki, Onun inayət və lütf üfüqündən parlayan əmrlərdən birini isbat etsin.

De: Mənim qanunlarımdan Mənim libasımın ətri duyular və bunun sayəsində qələbə bayraqları ən yüksək zirvələrdə və təpələrin başına sancılar. Mənim qüdrət dilim əzəmət səltənətimdən bütün məxluqata xitab edərək deyib: “Mənim Camalıma məhəbbətiniz naminə Mənim qanunlarıma əməl edin!” Xoş o aşiqin halına ki, heç bir dillə vəsfi mümkün olmayan bir həddə fəzl rayihəsi gələn sözlərdən Məhbubun ətrini duydu. Canıma and olsun, kim Mənim lütf əllərimdən insaf şərabını alıb içsə, şübhəsiz, Mənim aləmin üfüqündən parlayan əmrlərimin ətrafına fırlanar.

Siz elə zənn etməyin ki, Biz sizə sadəcə ehkamlar nazil etdik, yox, Biz qüdrət və qüvvət barmaqları ilə möhürlənmiş kuzənin ağzını açdıq. Vəhy Qələmindən nazil olanlar buna şəhadət verir. Fikirləşin, ey düşüncə sahibləri!..

Bəyan üfüqündən hökmlər Günəşi parlayanda, hamı onlara tabe olmalıdır—lap Onun əmrindən dinlərin könül səması yarılsa belə! Çünki O, istədiyini edər və istədiyinə görə sorğu-suala tutulmaz. Həqiqətən, Məhbub nə hökm edərsə, o, bəyəniləndir. And olsun xilqətin sahibinə! Rəhmanın ətrini duyan və bu sözlərin Mənbəyini tanıyan kəs insanlar arasında Allahın hökmlərini isbat etmək üçün gözlərini oxlara hədəf edər. Xoş bunu qəbul edənin və bu xitabın mənasını anlayanın halına!..

      

Seçmə 156

ƏZƏLI HAQQIN ÜZÜ Cəlal Üfüqündən Bəha əhlinə müraciət edərək, buyurur “Bütün hallarda insanların rahatlığına və rifahına səbəb olan işlərlə məşğul olun. Bütün ağlınızı və iradənizi aləm əhlinin tərbiyəsinə sərf edin ki, bəlkə İsmi-Əzəmin köməyi ilə xalqlar arasındakı çəkişmə və ixtilafa son qoyuldu, onların hamısı bir məclisin və bir şəhərin əhli kimi göründü. Qəlbinizi nurlandırın, onu kin və ədavət çör-çöpündən təmizləyin. Hamınız bir aləmin sakinlərisiniz və bir sözdən yaranmısınız. Xoş o kəsin halına ki, bütün insanlarla sonsuz məhəbbət və mehribanlıqla ünsiyyətdə olar!”

      

Seçmə 157

BİZİM ƏMRİMİZİ TƏBLİĞ etmək üçün vətənlərini tərk edən kəslərə Ruhül-Əmin yardım göstərər, Qüdrətli və Hər şeyi Bilən Allahın hökmünə uyğun olaraq, Bizim seçkin mələklər dəstəsi onların yanında olar. Xoş o kəsin halına ki, Allaha xidmət etmək şərəfinə nail oldu! Canıma and olsun, Qadir və Qüdrətli Rəbbinin istədiyi əməllərdən başqa, heç bir əməl bu əməllə müqayisəyə gəlməz. Həqiqətən, o, əməllərin ağası və bəzəyidir. Qüdrətli Zahir Edən, Günlərin Qədimi tərəfindən belə müəyyən olunmuşdur.

Əmrimizin təbliğinə qalxan kəs özünü bütün dünyəvi şeylərdən azad etməli və hər zaman Bizim Dinimizin qələbəsini özünün ali məqsədi hesab etməlidir—Qorunan Lövhədə belə müəyyən olunmuşdur. Öz Rəbbinin Əmri naminə vətənini tərk etdiyi zaman onun azuqəsi—Allaha təvəkkül, libası isə Allahdan qorxmaq olmalıdır—Qüdrətli və Tərifəlayiq Allah tərəfindən belə müəyyən edilmişdir. O, məhəbbət odu ilə yandığı və təvazökarlıq bəzəyi ilə zinətləndiyi təqdirdə, onun sözləri bəndələri alovlandırar. Həqiqətən, sənin Rəbbin Hər şeyi Bilən və hər şeydən Xəbərdardır. Xoş o kəsin halına ki, bu çağırışı eşitdi və ona cavab verdi. Həqiqətən, o, Allaha yaxın kəslərdən sayılar...

      

Seçmə 158

ALLAH BÜTÜN İNSANLARA Öz Əmrini təbliğ etməyi vacib buyurub. Bu hökmü yerinə yetirmək istəyən kəs Onun Müjdəsini bəyan etməzdən əvvəl gözəl və bəyənilən xasiyyətlərlə bəzənməlidir ki, onun sözləri ona üz tutanların qəlblərini cəzb edə bilsin. Əks-təqdirdə, onun sözləri bəndələrin qəlbinə təsir göstərməz.

      

Seçmə 159

İNSANLARA VƏ ONLARIN ağlının azlığına nəzər salın. Onlar özlərinə ziyan olan şeyləri istəyir, xeyir olan şeylərdən isə yan keçirlər. Bilin ki, onlar sərgərdan qalmışlar.

Biz görürük ki, bəzi insanlar azadlıq istəyir və onunla fəxr edirlər. Onlar aşkar bir cəhalətdədirlər. Çünki hədsiz azadlıq sonda elə bir qarışıqlıqla nəticələnir ki, onun alovunu söndürmək olmur. Hesablayan və hər şeyi Bilən Kəs sizə belə xəbərdarlıq edir. Bilin ki, azadlığın təcəssümü və təzahürü heyvandır. İnsan isə müəyyən qayda-qanuna tabe olmalıdır ki, bu, onu öz cəhalətindən və məkrlilərin zərərindən qorusun. Azadlıq insanı ədəb və ləyaqət hüdudlarından çıxarar və onu rəzil bir varlığa çevirər.

Baxın, insanlar qoyunlara bənzəyir, onları qorumaq üçün mütləq çoban lazımdır. Bu, şəksiz bir həqiqətdir. Biz bəzi məqamlarda azadlığı bəyənirik, başqalarında isə yox, çünki Biz hər şeyi bilirik.

De: Əsl azadlıq—Mənim əmrlərimə tabe olmaqdadır. Əgər ariflərdənsinizsə, bunu bilin. Əgər insanlar vəhy səmasından onlara nazil olanlara tabe olsalar, özlərinin əsl azadlıqda olduqlarını görərlər. Xoş o kəsin halına ki, Allahın aləmlərə üstün gələn İradəsinin səmasından nazil olanlardan Onun istəyini anlayar! De: Sizə xeyirli olan azadlıq yalnız Haqq olan Allaha bəndəlik etməkdədir. Kim onun şirinliyini dadsa, onu göylərin və yerin mülkünə dəyişməz!..

     

Seçmə 160

BU GÜN TÖVHİD əhli Haqqı bütün müqayisə və bənzətmələrdən üstün bilənlərdir, müqayisə və bənzətmələri Haqqa bərabər tutanlar yox! Məsələn, diqqət yetirin: sənətkar bir sənət əsəri yaradır, yaxud rəssam bir rəsm çəkir. İndi əgər deyilsə ki, həmin sənət əsəri və rəsm sənətkarla rəssamın özüdür, bu, yalan olar. And olsun göyün və yerin Rəbbinə! Onlar yalnız sənətkarın və rəssamın kamil yaradıcılığından xəbər verir.

Ey fani Şeyx! Özünü fani edib Allahla əbədi qalmağın mənası odur ki, hər kəs özünə Haqqın iradəsi önündə fani və heç bir şey kimi baxmalıdır. Məsələn, əgər Haqq buyursa ki: “Belə et!”, o, hədsiz səy, şövq və cazibə ilə bunu yerinə yetirməyə çalışmalıdır. Yoxsa özlüyündə bir şey uydurub onu haqq sanmamalıdır.

Orucluq duasında belə nazil olub: “Əgər Sənin İradənin ağzından onlara müraciətlə bu sözlər çıxsa ki: “Ey insanlar, Mənim Camalıma məhəbbətiniz xatirinə oruc tutun və onu müəyyən vaxta və həddə bağlamayın!”—İzzətimə and olsun, onlar oruc tutar və ölənə qədər yeməzlər”. Budur fani olmağın mənası! Bu məqam barədə yaxşı fikirləşin ki, xilqətin Sahibinin sözlərindən axıb süzülən dirilik çeşməsindən içmək şərəfinə nail olasınız və Haqqın həmişə məxluqatdan üstün olduğuna şəhadət verəsiniz. Həqiqətən, O Bənzərsiz, Əbədi, Hər şeyi Bilən və Hər şeydən Xəbərdardır. Bu məqam bütün məqamlar içərisində ən böyüyü olmuşdur və olacaqdır.

Cənabınız Allahın istəyinə tabe olmalıdır, Allahın istəyi isə Lövhələrdə nazil olanlardır. Belə ki, özünüzün qətiyyən istəyiniz və iradəniz olmamalıdır. Budur həqiqi tövhid məqamı! Allahdan diləyin ki, bu məqamda sabit olasınız və insanları məxsusi görkəmdə zühur edib məxsusi sözlər söyləyən Məlum Sultana doğru istiqamətləndirəsiniz. Budur imanın və iqanın cövhəri! Öz yanlış təsəvvürlərinə uyub adını “batin” qoyan kəslər əslində bütlərə pərəstiş edirlər. Rəhman öz Lövhələrində buna şəhadət verir. Həqiqətən, O, Hər şeyi Bilən və Hikmət Sahibidir.

      

Seçmə 161

HİMMƏT KƏMƏRİNİ QURŞA ki, öz qonşunu Rəhman Allahın yoluna daxil edəsən. Bu həqiqətən, Hər Şeyə Malik və Ulu Allahın yanında ən üstün əməllərdən sayılır. Allahın Əmrində elə dönməz ol ki, hətta yer üzündə olanların hamısı səninlə mübarizə və mücadiləyə qalxsalar belə, heç bir şey səni öz üzərinə düşən xidmətdən yayındıra bilməsin.

İlahi Hidayətin Dan Yerini işıqlandıran Kəsin Müjdəsini yayarkən külək kimi azad olun. Görün, külək Allahın hökmünə uyğun olaraq həm xaraba, həm də abad olan yerlərin üstündən necə əsir. Nə abadlığı görüb sevinir, nə də xarabalığı görüb kədərlənir—Yaradanın buyurduğu kimi, o hər yana əsir. Tək olan Haqq Taalanı sevdiyini iddia edən kəs də belə olmalıdır. O baxışlarını Onun Əmrinin əsaslarına dikməli və səylə onun təbliğinə çalışmalıdır. Tamamilə Allah naminə Onun Əmrini bəyan etməli və elə həmin ruhla da onun sözlərini dinləyənin istənilən cavabını qəbul etməlidir. Qəbul edən və iman gətirən kəs öz mükafatını alar, üz döndərən kəsin isə cəzası özünə çatar. Üfüqləri işıqlandıran Günəş İraqdan çıxarkən, zülmət quşları barədə xəbərdarlıq etmişdi. Şübhəsiz, bəzi yerlərdən qarğa səsləri ucalacaqdır, necə ki, ötən illərdə olmuşdu. Bütün hallarda Haqqa pənah aparın ki, yalançı şəxslərə tabe olmayasınız.

Bu əzəmətli Zühurla bütün zühurlar başa çatdı. Hər şeyi Bilən və Hikmət Sahibi olan Rəbbiniz sizə belə nəsihət verir. Həmd olsun Allaha—aləmlərin Rəbbinə!

      

Seçmə 162

HƏZRƏT RƏHMAN İNSANI görən və eşidən bir varlıq kimi xəlq etmişdir. Bəziləri onu “kiçik aləm” saysa da, lakin əslində o, “böyük aləm”dir. Bu Vəd Olunmuş Gündə hər bir insanın məqamı, rütbəsi və ləyaqəti aşkara çıxmalıdır.

Uca Qələm bütün hallarda hədsiz sevinc və mehribanlıqla Haqqın övliyalarını xatırlamış və onları ruhlandırmışdır. Xoş o kəsin halına ki, dünyanın müxtəlif işləri onu tövhid nurunun işığından məhrum etmədi və o, tam qətiyyətlə və Qəyyumun adı ilə möhürlənmiş şərabdan içdi. O, aləmlərin Rəbbi olan Allahın Kitabında behişt əhli sırasına yazılar...

      

Seçmə 163

HƏMD OLSUN ALLAHA! O, aləmə elə bir zinət vurub və elə bir libas geyindirib ki, qoşun, əsgər, qüdrət və sərvət sahibləri bunu anlamağa qadir deyil. De: Qüdrət bütünlüklə aləmlərin Məqsudu olan Allaha məxsusdur, əzəmət bütünlüklə səma və yer əhlinin Məbudu olan Allaha məxsusdur. Torpaqdan olan bu qüvvələr isə öz təbiəti etibarilə heç xatırlanmağa da layiq olmamışlar və deyildirlər.

De: Bu quşların su içdiyi çeşmələr bu dünyadan deyil. Onların mənbəyi insan idrakından uca və kənardır. Allahın işıqlı Əli ilə yanan odu söndürməyə kimin qüdrəti çatar? Qüvvətli, Qalibiyyətli və Qadir Rəbbin qüdrət əlinin şölələndirdiyi alovu söndürməyə kimin gücü çatar?! Fitnə tonqalının alovunu isə Qüdrət əli söndürdü. Həqiqətən, O, istədiyi şeyə qadirdir. Onun “Ol!” deməsi ilə aləm mövcud oldu. De: Mənim seçilmişlərimin tərpənməz dağını nə aləmin küləkləri, nə də ümmətlərin qasırğaları dağıda bilər. Sübhanallah! Bu tayfanı Haqqın övliyalarını əsir edib məhbəsə salmağa nə vadar etdi?! Tezliklə sadiqlər Ədalət Günəşinin Uca Üfüqdən parlamasını görəcəklər. Aləmin Mövlası bu ağır məhbəsdən sənə belə xəbər verir...

      

Seçmə 164

EY BƏŞƏR ÖVLADLARI! Möhkəm İpdən yapışın, çünki o, aləmlərin Rəbbi olan Allahın sayəsində yer üzündə sizə xeyir gətirər. Ədalət və insaf yolu ilə gedin və Allahdan uzaq düşmüş bütün o cahillərin sizə əmr etdiklərini boşlayın. Onlar başlarını əmmamələrlə bəzədilər və Hikmət Sahibinin Əmrini aşkar edən Kəsin əleyhinə fitva verdilər. Onların məqamı bəndələr arasında Mənim Adımla yüksəldi, lakin Mən özümü zühur etdirən zaman onlar aşkar bir zülmlə Mənim əleyhimə fitva verdilər. Beləcə Qələm həqiqəti söylədi, amma insanlar qafil oldular.

Ədalətdən yapışan kəs heç bir işdə orta həddi aşmaz və Hər şeyi Görənin sayəsində bəsirət sahibi olar. Əgər elm və sənət adamlarının haqqında danışdıqları təməddün orta həddi aşarsa, insanlara bədbəxtlik gətirər. Hər şeydən Xəbərdar olan Kəs sizə belə xəbərdarlıq edir. Təməddün həddini aşdığı zaman fəsad mənbəyinə çevrilər, orta həddə olduqda isə xeyir mənbəyi olar. Düşünün, ey insanlar və sərgərdan qalmayın! Tezliklə şəhərlər onun odundan yanar və Əzəmət Dili söyləyər: “Hökmranlıq—Qüdrətli və Tərifəlayiq Allaha məxsusdur!” Hər bir şeyə bu cür nəzər sal və sonra da bu ecazkar Lövhədə səni xatırladığına görə Rəbbinə şükr elə, Həmd olsun Allaha—əzəmətli ərşin Sahibinə!

Əgər bir kəs həqiqətən Uca Qələmdən nazil olanlar barədə düşünsə və onun şirinliyini dadsa, şübhəsiz, öz istəyindən və iradəsindən xilas olub Allahın İradəsi ilə hərəkət edər. Xoş o kəsin halına ki, bu məqama nail oldu və bu böyük fəzldən məhrum qalmadı.

Bu gün Biz nə qorxub imanını gizlədəni bəyənirik, nə də səs-küylə özünün Əmrimizə mənsub olduğunu söyləyəni. Hər bir kəs hikmətlə hərəkət etməli və Əmrin xeyrinə ən yaxşı yolla xidmət göstərməklə məşğul olmalıdır. 

Hamı bu Məzlumun həyatı barədə düşünməlidir. Əmrin əvvəlindən indiyə qədər Biz dostların və düşmənlərin arasında olmuşuq. Və hər tərəfdən Bizi bəla və müsibətlər əhatə etdiyi çağlarda bütün yer əhlini tam cəsarətlə Uca Üfüqə dəvət etmişik. Uca Qələm belə məqamlarda öz müsibətlərini xatırlamağı xoşlamayıb və xoşlamır, çünki bu, şübhəsiz, yaxınların, tövhid əhlinin və sadiqlərin kədərlənməsinə səbəb olar. Həqiqətən, O, Doğrusunu Deyən, hər şeyi Eşidən və Biləndir. Biz çox vaxt düşmənlərin əlində olmuşuq və indi də ilanlar arasında yaşayırıq.

Bu Müqəddəs Torpaq bütün İlahi Kitablarda təsvir olunub və xatırlanıb. Peyğəmbərlərin və Rəsulların əksəriyyəti bu Torpaqda zühur edib. Bu, həmən biyabandır ki, orada bütün peyğəmbərlər: “Ləbbeyk, ey Allahım, Ləbbeyk!”—söyləmişlər. Allahın Zühuru bu torpaqda vəd olunub. Bu, qəzavü-qədər vadisi, bəyaz torpaq və nurlu məkandır. Bu gün aşkara çıxanların hamısı əvvəlki Kitablarda xatırlanıb. Lakin onun əhalisi bütün ilahi Kitablarda qəbul olunmayıb. Belə ki, bəzi məqamlarda onlar “əfi balaları” adlandırılıb. Və indi bu Məzlum “əfi balaları” arasında uca səslə nida edir və hamını Son Məqsədə, Yüksək Zirvəyə və Uca Üfüqə doğru çağırır. Xoş o kəsin halına ki, bəyan səltənətindən bu dilin söylədiklərini eşidər, vay o kəsin halına ki, qafil olub uzaqda qalar...

      

Seçmə 165

BİL Kİ, HƏR bir eşidən qulaq, əgər o pak və təmizdirsə, hər an hər tərəfdən bu müqəddəs sözləri bəyan edən səsi eşidir: “Həqiqətən, biz Allahdanıq və Ona da qayıdacağıq”. İnsanın cismani ölümünün və onun qayıtmasının sirləri açılmamışdır və hələ də gizli qalır. And olsun Allahın həqqaniyyətinə! Əgər onlar açılsaydı, bir çoxları qorxu və qüssədın həlak olar, bəziləri isə elə sevinərdilər ki, Şərəfli Haqqdan ölüm diləyər və hər an həsrətlə sonlarını yaxınlaşdırmağı istəyərdilər.

Yəqinlik hasil edənlər üçün ölüm—dirilik suyu ilə dolu bir piyalə təqdim edir; o, sevinc saqisidir, fərəh bəxş edər və əbədi həyat əta edər.

İnsanın yerdəki varlığının meyvəsini dadmış, yəni Şərəfli Haqqı—tərifi ucalsın Onun—tanımış kəslərə gəldikdə isə, onların sonrakı həyatı elədir ki, Biz onu təsvir etməyə qadir deyilik. Bunun biliyi yalnız bütün aləmlərin Rəbbi olan Allahın yanındadır.

      

Seçmə 166

DÜZ MİN İL tamam olmamışdan qabaq Allahdan bir Vəhy iddiasında olan kəs yalançı və fırıldaqçıdır. Allahdan diləyimiz budur ki, onun bu iddiadan əl çəkib tövbə etməsinə yardım göstərsin. Əgər o tövbə etsə, Allah onu, şübhəsiz, bağışlayar. Əgər o, dediyində israr etsə, Allah onun qarşısına elə bir şəxs çıxarar ki, ona rəhm etməz. Həqiqətən, Onun cəzası şiddətlidir! Kim bu ayəni aşkarda nazil olduğundan fərqli bir şəkildə təfsir etsə, o, Allahın Ruhundan və Onun bütün yaradılmışları bürüyən mərhəmətindən məhrum olar. Allahdan qorxun və yanınızdakı mövhumata tabe olmayın! Qüdrət və Hikmət Sahibi olan Rəbbinizin sizə əmr etdiklərinə tabe olun!

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7
Anchor 8
bottom of page