top of page
3
1
2
Anchor 1
Anchor 2
Anchor 3

 

Həzrət Bəhaullahın Yazılarından Seçmələr

Seçmə 70-99 Ruh və Onun Ölümsüzlüyü

 

Həzrət Şövqi Əfəndi Tərəfindən Tərtib Olunmuş 

və İngilis Dilinə Tərcümə Edilmişdir
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

 

Seçmə 70-99‑‑Ruh və Onun Ölümsüzlüyü

 

Seçmə 70

BU ƏN ƏZƏMƏTLİ, bu yeni Dünya Nizamının təsirindən dünyanın tarazlığı pozulub, məxluqatın gözünün bənzərini görmədiyi bu misilsiz, bu ecazkar Quruluşun təsirindən bəşərin müvazinətli həyatı kəskin dəyişikliyə uğrayıb.

Mənim sözlərimin dənizinə baş vurun ki, bəlkə onun sirlərini aça və dərinliklərində gizlənmiş hikmət gövhərlərini aşkar edəsiniz. Diqqət edin ki, bu Əmrin həqiqətini qəbul etməkdə tərəddüd etməyəsiniz–elə bir Əmr ki, onun vasitəsilə Allahın səltənət və qüdrəti aşkara çıxmış, Onun hökmranlığı bərqərar olmuşdur. Sevinc şüaları saçan üzlə Ona doğru tələsin. Bu, Allahın dəyişməz dinidir, keçmişdə əzəli, gələcəkdə əbədi. Qoy axtaran kəs ona çatsın, kim ki, axtarmaq istəmir, bilsin ki, Allah Özünə Kifayətdir və yaratdıqlarına ehtiyacı yoxdur.

De: Bu, Allahın Əlində olan qüsursuz Tərəzidir, onda göylərdə və yerdə olanlar çəkilir və onların qisməti müəyyən olunur, bu həqiqətə inanan və onu qəbul edənlərdən olasınız. De: Bütün dövrlərdəki dəlillər onunla sübuta yetdi—bunu yəqin bilin! De: Onunla bütün yoxsullar varlandı, bütün alimlər elm öyrəndi və axtaranlar Allahın dərgahına yüksəlməyə qabil oldu. Məbada onu aranızda ixtilaf səbəbi edəsiniz. Qüdrətli və Mehriban Rəbbinizin Əmrində tərpənməz dağlar kimi möhkəm olun.

Seçmə 71

EY YER ƏHLİ, Mənim camalımın günəşi qürub edəndə və Mənim varlığımın səması görünməz olanda, təşvişə düşməyin. Mənim Əmrimi irəli aparmaq və Mənim Sözümü insanlar arasında ucaltmaq üçün ayağa qalxın. Biz hər zaman sizinləyik və həqiqətin gücü ilə sizi qüvvətləndirəcəyik. Biz, həqiqətən, Qüdrət Sahibiyik. Hər kəs Məni tanısa, Mənə xidmət etmək üçün elə qətiyyətlə ayağa qalxar ki, göylərin və yerin qoşunları onu məqsədindən döndərə bilməz. 

İnsanlar yuxuya gediblər. Əgər ayılsalar, ürəkdən hər şeyi Bilən və hikmət Sahibi olan Allaha doğru tələsərlər və Ağalarının onları öz yanında olan bircə kəlmə ilə xatırlaması üçün əllərində olan hər şeyi, hətta dünyanın bütün xəzinələrini belə kənara atarlar xilqətin gözlərinin heç vaxt görmədiyi və Onun Özündən başqa heç kəsə açılmamış Lövhədə gizli olan elmləri bilən və aləmləri qoruyan Kəs sizə belə xəbər verir. Onları ehtiraslarının məstliyi elə bürüyüb ki, aləmin Ağasını görmürlər, halbuki Onun nidası hər tərəfdən ucalır: “Məndən—Qüdrət və Hikmət Sahibindən başqa Allah yoxdur!”

De: Malik olduğunuz şeylərə görə sevinməyin; axşam onlar sizindir, səhər isə onlara başqası sahib olacaq. Hər şeyi Bilən və hər şeydən Agah olan Allah sizə belə xəbərdarlıq edir. De: Təsdiq edə bilərsinizmi ki, malik olduğunuz şeylər əbədidir və əminlikdədir?! Rəhmana and olsun ki, yox! Əgər siz insaf əhlisinizsə, bilin ki, sizin həyatınızın günləri yellər kimi ötüb keçər, sizdən əvvəlkilərin büsatı pozulduğu kimi, sizin də izzətinizin büsatı pozular. Düşünün, ey insanlar! Hanı keçmiş günləriniz, hanı ötən əsrləriniz?! Xoş o günlərə ki, Allahın zikri ilə keçdi və o çağlara ki, Hikmət ­Sahibinin tərifinə sərf olundu! Canıma and olsun, nə ­qüdrətlilərin cah-cəlalı qalacaq, nə varlıların sərvəti, nə də zalımların şövkəti! Hamısı Onun bir sözü ilə tezliklə fənaya uğrayacaq. Həqiqətən, O, Müqtədir, Qadir və Qüdrətlidir. İnsanların malik olduqları şeylərin onlara faydası yoxdur, onlara faydası olan şeylərə isə etinasızdırlar. Tezliklə onlar yuxudan ayılacaqlar və Qüdrətli, Tərifəlayiq Rəbblərinin günlərində itirdiklərini tapa bilməyəcəklər. Əgər onlar anlasalar, adlarının Ərşdə xatırlanması üçün malik olduqları şeyləri qurban verərlər. Bil ki, onlar ölülərdən sayılırlar.

     

Seçmə 72

DE: EY İNSANLAR, Mənim Hüzurumun səltənəti görünməz olanda və Mənim bəyan dənizimin dalğaları sakitləşəndə, sizi iztirab bürüməsin. Mənim sizin aranızda zühurumda bir hikmət, qeyb olmağımda isə başqa bir hikmət var. Bunu Bənzərsiz və Hər şeydən Xəbərdar olan Allahdan başqa kimsə bilməz. Həqiqətən, Mən sizi öz cəlal səltənətimin üfüqündən görürəm və Mənim Əmrimin zəfərinə köməyə qalxanlara Səma sakinlərinin qoşunu və sevimli mələklərin ləşkəri ilə yardım edərəm.

Ey yer əhli! Əbədi Haqq olan Allah Mənə şahiddir ki, sizin ixtiyar sahibi olan Rəbbinizin nitqinin şirinliyindən daşlardan duru və həzin sular axmaqdadır, siz isə bundan xəbərsizsiniz. Malik olduğunuz şeylərdən əl çəkin, sonra da inqita qanadlarında xilqətin fövqünə yüksəlin. Qələminin hərəkəti ilə insanları dəyişdirən məxluqatın Sahibi sizə belə əmr edir.

Anlayırsınızmı, Əbha Rəbbiniz sizi hansı üfüqdən çağırır?! Bilirsinizmi, Adlar sahibi olan Rəbbiniz sizə hansı Qələmlə əmr edir?! Canıma and olsun ki, yox! Əgər siz bunu bilsəydiniz, dünyanı tərk edib bütün qəlbinizlə Məhbuba doğru can atardınız. Və Onun sözü sizi elə bir şövqə salardı ki, bundan Böyük Aləm həyəcana gələrdi—qalsın ki, bu kiçik aləm. Beləcə Mənim fəzlimin nişanəsi olaraq, inayətimin səmasından kəramət yağışları yağdı ki, siz şükr edənlərdən olasınız...

Ehtiyatlı olun ki, nəfsiniz və ehtirasınız aranıza təfriqə salmasın. Bir əlin barmaqları və bir bədənin əzaları kimi olun. Əgər siz yəqinlik hasil edənlərdənsinizsə, Vəhy Qələmi sizə belə nəsihət verir.

Allahın mərhəmətinə və lütflərinə diqqət yetirin. Həqiqətən, O sizin üçün faydalı olan şeyləri əmr edir, halbuki Onun aləmdəkilərə ehtiyacı yoxdur. Nə sizin bəd əməlləriniz Bizə ziyan vura bilər, nə də sizin yaxşı işlərinizin Bizə xeyri var. Biz yalnız Allah xatirinə sizi dəvət edirik. Bütün anlayış və bəsirət sahibləri buna şəhadət verərlər...

      

Seçmə 73

BU AYDIN VƏ aşkardır ki, Allahın bütün adları və sifətlərinin, xeyr, aşkar və gizli bütün yaradılmış şeylərin məzhərlərinin mahiyyəti üzərindən pərdələr götürülərsə, onlarda Allahın Əlamətindən başqa bir şey qalmaz—o əlamət ki, Allahın Özü onlarda əmanət qoymuşdur. Bu əlamət Sənin Rəbbin , göylərin və yerin Rəbbi olan Allahın istədiyi qədər onlarda qalacaqdır. Əgər belə bir nemət bütün yaradılmış şeylərə əta edilmişdirsə, onda yaradılışı və mövcudluğu bütün xilqətin məqsədi olan möminin məqamının üstünlüyü özlüyündə aydındır. Və “iman” sözü əvvəli olmayan əvvəldən axırı olmayan axıra qədər olduğu və olacağı kimi, mömin də daim diri olmuş və olacaqdır. Onun ruhu həmişə də Allahın Məşiyyəti ətrafında dövr edəcəkdir. O, Allah durduqca duracaq, Allah qaldıqca qalacaq, Allahın Zühuru ilə üzə çıxacaq və Allahın əmri ilə gizli olacaqdır. Və bu aydındır ki, Əbədiyyət üfüqündə ən uca saraylar Allaha və Onun əlamətlərinə iman gətirənlərin məskənidir. O müqəddəs məkana ölüm heç vaxt yol tapa bilməz. Beləcə, Biz sənə Rəbbinin əlamətlərindən bəzilərini çatdırdıq ki, Ona məhəbbətində səbat göstərəsən və bu həqiqəti dərk edən ariflərdən olasan.

      

Seçmə 74

ALLAHIN AĞZINDAN ÇIXAN hər bir kəlməyə elə bir qüvvə əta edilmişdir ki, insan bədəninə yeni həyat bəxş edər, əgər siz ariflərdənsinizsə, bunu bilin. Yer üzündə gördüyünüz bütün ecazkar şeylər Onun uca və ali İradəsi, Onun qəti və ecazkar Məqsədi ilə meydana çıxmışdır. Onun ağzının üfüqündən sifətlərindən birini insanlara bəyan edərək “Yaradıcı” adının günəşi parlayan zaman elə bir qüvvə hasil oldu ki, sonrakı bütün əsrlərdə insan əlinin yaradacağı bütün sənətləri meydana gətirdi. Bu, şəksiz bir həqiqətdir. Və bu söz bütün məxluqata nur saçar-saçmaz, bunun bütün yaranmış şeylərdə olan canlandırıcı gücü belə sənətlərin yaranması və kamilləşməsi üçün dünyəvi vasitə və alətləri meydana çıxardı. Əgər siz yəqinlik hasil edənlərdənsinizsə, bunu bilin. Gördüyünüz bütün ecazkar sənətlər hamılıqla bu Adın aşkara çıxmasının bilavasitə nəticəsidir və bundan sonra elələri meydana gələcək ki, indiyədək onların haqqında eşitməmisiniz. Allahın Lövhlərində belə hökm olunmuşdur və bəsirət sahiblərindən başqa bunu heç kəs anlamaz. Eynilə də nitq üfüqündən Mənim “Hər şeyi Bilən” Adımın günəşi parlayan anda, bütün yaradılmış şeylər bu Addan öz imkanları və qabiliyyətləri çərçivəsində elə güc qazanarlar ki, bununla ən ecazkar elmlər haqda bilikləri açar və zaman keçdikcə Qüdrətli və Hər şeyi Bilən Allahın əmri ilə bunları nümayiş etdirərlər. Bunu yəqin bil ki, hər bir adın təzahürü İlahi qüvvənin bu cür üzə çıxması ilə müşayiət olunur. De: Allahın ağzından çıxan hər bir hərf hərflərin anasıdır, eləcə də, İlahi Vəhyin Çeşməsi olan Kəsin söylədiyi hər bir söz sözlərin anasıdır və Onun Lövhü də lövhlərin Anasıdır. Xoş bunu anlayanların halına.

      

Seçim 75

MƏNİM ADIMLA GÖZÜNÜZÜ tutan qalın pərdələri cırın, tövhidin gücü ilə təqlid bütlərini sındırın. Sonra isə Rəhmanın müqəddəs razılıq cənnətinə daxil olun. Qəlbinizi Allahdan savayı hər şeydən təmizləyin, Onun geniş və əzəmətli Əmrinin vətənində və Onun ulu və qüsursuz hökmranlığının kölgəsində rahatlığın şirinliyini dadın. Nəfsani arzular hicabı ilə özünüzü pərdələməyin, çünki Mən hər bir kəsi kamil şəkildə xəlq etmişəm ki, yaradıcılığımın kamilliyi aydın olsun. Bu o deməkdir ki, hər kəs özlüyündə Sübhanın Camalını dərk etmək qabiliyyətinə malik olmuşdur və olacaqdır. Əgər o, bu məqama çatmaq qabiliyyətinə malik olmasaydı, məsuliyyət onun üzərindən götürülərdi. Böyük Qiyamət zamanı Allahın qarşısında bir nəfərdən soruşulanda ki, nə üçün Mənim Camalıma iman gətirməyib Məndən üz çevirdin, əgər o bütün aləm əhlinə istinad edərək: “Heç kəsin qəbul etmədiyini və hamının üz döndərdiyini görüb onların ardınca getmişəm və əbədi Camaldan uzaq düşmüşəm”—desə, bu üzr heç vaxt eşidilməz və qəbul olunmaz. Çünki heç kəsin imanı başqasından asılı olmamışdır və olmayacaqdır.

Vəhyin sirlərindən biri də budur ki, onu bütün səmavi Kitablarda möhtəşəm Qüdrət dili ilə nazil etmiş və Qüvvət qələmi ilə yazmışam. Elə isə indi bir qədər düşünün ki, zahiri və batini gözünüzlə bu uca və əbədi lövhədə qətiyyətli və təkidli müraciətlə nazil etdiyim hikmətlərin incəliklərini və səmavi biliklərin cövhərlərini görüb dərk edəsiniz və özünüzü ən yüksək məskəndən, Sidrətül-müntəhadan, qüdrət və şərəf məkanından uzaqlaşdırmayasınız.

Haqqın əlamətləri günəş kimi bəndələrin yaratdıqlarında açıq-aşkar nur saçır. Onun işlərindən heç biri Ondan başqasının işinə bənzəməz. Onun elminin məşriqindən elm və məna günəşləri parlayar, Onun Qələminin cənnətindən Rəhmanın ətirli yelləri əsər. Xoş bunu anlayanların halına!..

      

Seçmə 76

EY MƏNİM BƏNDƏM, Ulu və Əlçatmaz Rəbbinin Ərşindən Sənə göndərilən vəhyi eşit! Ondan başqa Allah yoxdur. O, məxluqatı yaratdı ki, Özünü—Rəhimli və Rəhmanı tanısınlar. Və bütün millətlərin şəhərlərinə Öz Elçilərini göndərdi ki, onlar insanlara Onun razılığı cənnətinin müjdəsini versinlər və onları daimi əmin-amanlıq Sığınacağına, əbədi müqəddəslik və uca şərəf Məqamına yaxınlaşdırsınlar.

İnsanların bir qismi Allahın Nuru ilə hidayət olunaraq Onun hüzuruna yetişdilər və itaət əlindən əbədi dirilik şərbəti içib Onu, həqiqətən, tanıyan və iman gətirənlərdən sayıldılar. Onların bir qismi isə etiraza qalxaraq ən Qüvvətli, Qüdrətli və Hikmət Sahibi Allahın nişanələrini inkar etdilər.

Beləcə əsrlər keçdi və zaman gəlib günlərin Ağasına yetişdi, həmin gün Bəyan Günəşi mərhəmət üfüqündən parladı və Şərəf Sahibinin Camalı əzəmətli Əlinin, Babın şəxsində işıq saçdı. O Özünü aşkar edər-etməz, hamı etiraza qalxdı. Onlardan bir qismi Onu Qüdrətli və Günlərin Qədimi Allaha qarşı iftira deyən bir şəxs kimi dandılar. Başqa bir qismi Onu dəli adlandırdı ki, bunu da üləmalardan biri Mənim hüzurumda söylədi və Mən özüm bunun şahidiyəm. Bir başqaları isə Onun Allahın Səsi olmasını qəbul etməyərək etiraz etdilər və Ona Qüdrətlinin sözlərini oğurlayıb mənasını təhrif edən və öz sözlərinə qarışdıran biri kimi damğa vurdular. Onların ağzından çıxan bu sözlərə görə Əzəmət Gözləri acı göz yaşları tökür, onlar isə öz yerlərində oturub şadlanmaqdadırlar.

O dedi: “Ey insanlar, Allah Mənim şahidimdir, Mən sizin Rəbbiniz və ulu babalarınızın Rəbbi olan Allahdan Vəhy ilə gəlmişəm. Ey insanlar, malik olduğunuz şeylərə diqqət yetirməyin. Allah tərəfindən nazil olan şeylərə nəzər salın. Həqiqətən, bu sizə bütün yaradılmışlardan daha xeyirlidir—əgər arifsinizsə, bunu bilin. Ey insanlar, Allahın sizin yanınızda olan dəlil və sübutlarına bir daha nəzər salın və onları bu Gün nazil olan Vəhylə müqayisə edin ki, həqiqət, qüsursuz həqiqət aydın və aşkar əlamətlərlə sizə bəlli olsun. Ey insanlar, Şeytanın ardınca getməyin, Rəhmanın dininə itaət edin və möminlərdən olun. Əgər insan Allahın Vəhyini tanıya bilməsə, ona nə fayda verər?! Heç nə. Buna Mən Özüm şahidəm. Qüdrətli, Hər şeyi Bilən və Hikmət Sahibi”.

Onun nəsihətləri çoxaldıqca, onların ədavəti də artırdı. Nəhayət, Onu şərəfsiz bir qəddarlıqla qətlə yetirdilər. Zalımlara Allahın lənəti olsun.

Az sayda insan Ona iman gətirdi. Bəndələrimizin az bir hissəsi şükr edəndir. O bütün Lövhələrində, hətta hər bir gözəl sətrində onlara vəsiyyət etdi ki, zühur vaxtı göylərdə və yerdə xəlq olunmuş heç bir şeyə təslim olmasınlar. Və dedi: “Ey insanlar, Mən özümü Onun Zühurundan ötrü zahir etdim və Öz Kitabım Bəyanı məhz Onun Əmrinin isbatı üçün nazil etdim. Allahdan çəkinin və Quran əhli Mənə etiraz etdiyi kimi, siz də Ona etiraz etməyin. Onun sorağını eşidən kimi, Ona doğru can atın və Onun nazil etdiklərindən yapışın. Ondan başqa heç kəs sizə fayda verməz, xeyr, hətta sizdən əvvəl olanların şəhadət verdiklərini birincisindən sonuncusuna qədər göstərsəniz belə”.

Və bir neçə il ötdükdən sonra İlahi hökmün səması parçalandı və Əlinin (Həzrət Babın) Camalı, həqiqətən, Adlar buludunda başqa bir libasla gəldi. O zaman elə bu insanlar bəd niyyətlə nuru bütün xilqəti bürüyən Kəsin əleyhinə qalxdılar. Onlar Onun əhd-peymanını qırdılar, Onun həqiqətini inkar etdilər, Onunla çəkişməyə başladılar, Onun əlamətlərini qüsurlu saydılar, dəlillərini yalan sandılar və müşriklərdən oldular. Axırda Onu qətlə yetirmək fikrinə düşdülər. Azmış qafillərin işi belə olur.

Lakin özlərinin aciz olduqlarını gördükdə, hiyləyə əl atdılar və hər an yeni bir hiylə qurdular ki, Allahın Əmrinə ziyan vursunlar və onu təhqir etsinlər. De: Vay sizin halınıza! Allaha and olsun! Bununla siz özünüzü rüsvay edirsiniz. Sizin mərhəmətli Rəbbinizin aləmdəkilərə ehtiyacı yoxdur—heç nə Onun malik olduqlarını nə artıra bilər, nə də azaldar. İman gətirdinizsə, özünüz üçündür, küfr etdinizsə, özünüzə qayıdar. Onun Əbasının ətəyini müşriklər heç vaxt çirkləndirə bilməz.

Ey Allaha iman gətirmiş bəndə! Qüdrətli Allahın həqqaniyyətinə and olsun! Əgər Mən başıma gələnləri danışsam, ürəklər və ağıllar buna dözməz. Allah Özü buna şahiddir. Sən özünü qoru və onların arxasınca getmə. Rəbbinin Əmri barəsində səylə düşün. Rəbbini başqalarının köməyi ilə deyil, Onun Özünün vasitəsilə tanı, çünki başqası heç vaxt sənə kifayət etməz və əgər sən dərk edənlərdənsə, buna bütün yaradılmış şeylər şəhadət verir.

Qüdrətli və Şərəfli Rəbbinin izni ilə pərdə arxasından çıx, yerlə göy arasında olanların gözləri qarşısında Ulular Ulusu Rəbbinin adı ilə Ölməzlik Piyaləsini al və onu iç—ləngiyənlərdən olma! Allaha and olsun, Piyalə sənin dodaqlarına toxunanda, Səma sakinləri nida edər: “Nuş olsun sənə, ey Allahın yolunda yəqinlik hasil edən bəndə!” Əbədiyyət Şəhərinin sakinləri söyləyər “Xoş sənin halına, ey Onun məhəbbət Piyaləsindən içən kəs!” Böyüklük dili isə belə nida edər: “Müjdə olsun sənə, ey bəndə, sən elə bir şərəfə nail oldun ki, ona yalnız göylərdə və yerdə olan bütün şeylərdən əlini üzmüş, əsl inqita mücəssəmələri nail olurlar!”

      

Seçmə 77

İNDİ İSƏ SƏNİN insanın yaradılışı barədə sualına dair. Bil ki, bütün insanlar Qoruyan və Qəyyum Allahın fitrəti ilə yaradılmışdır. Hər bir kəsin imkanları Allahın qüdrətli və qorunan Lövhələrində yazılan miqdarda müəyyən olunub. Lakin sizin malik olduğunuz hər şey ancaq sizin öz iradənizlə aşkara çıxır. Sizin öz əməlləriniz bunun həqiqətinə şəhadət verir. Məsələn, Bəyanda insanlara qadağan olunmuş şeyə nəzər salın. Allah bu Kitabda Öz hökmü ilə istədiyini halal edib və Özünün hökmran qüdrəti ilə istədiyini haram buyurub. Buna o Kitabda yazılanlar şahidlik edir. Məgər siz bunu təsdiq etməyəcəksiniz? Lakin insanlar bunu bilə-bilə, Onun qanununu pozurlar. Əgər insaf əhlisinizsə, deyin, bunlardan hansı Allaha aiddir, hansı sizin özünüzə? De: Bütün yaxşı əməllər Allahdandır, bütün pis işlər isə sizin özünüzdəndir. Məgər bunu bilmirsiniz? Əgər siz anlayansınızsa, bu, bütün Lövhələrdə nazil olub. Bəli, Allah sizin əməllərinizi onlar aşkara çıxdıqdan sonra bildiyi kimi, aşkara çıxmazdan əvvəl də bilir. Həqiqətən, Ondan başqa Allah yoxdur. Bütün xilqət və hökm Ona məxsusdur. Hər şey Ona agahdır və hər şey Onun müqəddəs və gizli Lövhələrində yazılmışdır. Lakin Onun hər şeyi öncədən bilməsi insanların əməllərinin səbəbi ola bilməz, necə ki, sizin müəyyən bir şeyi qabaqcadan bilməyiniz və ya onun olmasını istəməyiniz onun baş verməsinin səbəbi deyil və ola da bilməz.

      

Seçmə 78

XİLQƏTİN BAŞLANĞICI HAQQINDA sualın barədə. Bil ki, xilqət əzəldən olub və həmişə də olacaq. Onun əvvəlinin başlanğıcı olmayıb və axırının da sonu yoxdur. “Xaliq” adı özlüyündə “məxluq”un olmasını tələb edir və eləcə də “Rəbb” adı “tərbiyələnən”in mövcudluğunu nəzərdə tutur.

Keçmişin Peyğəmbərlərinə aid edilən: “Allah var idi, lakin Onu tanıyan bir məxluq yox idi”, “Rəbb var idi, lakin sitayiş edən yox idi” və digər bu kimi kəlamlara gəldikdə isə, onların mənası həmişə aydın olmuşdur və heç vaxt da yanlış anlaşılmamalıdır. Məhz bu həqiqətə Onun nazil etdiyi bu kəlamlar da şəhadət verir ki: “Allah var idi, Onunla heç bir şey yox idi və O həmişə olduğu kimi qalacaq”. Hər bir bəsirət sahibi təsdiq edər ki, indi Rəbb zühur etmişdir, lakin Onun cəlalını etiraf edən yoxdur. Bu o deməkdir ki, Onun dərgahı Ondan başqa hər kəsin əlinin yetməsindən və anlamasından ucadır. Fani dünyada ifadə olunan və ya anlaşılan heç nə, onun fitrətinə uyğun olaraq qoyulmuş məhdudiyyəti heç vaxt aşa bilməz. Haqq isə bunlardan ucadır. O, əzəldən belə olub. Ona heç zaman bir bərabər və ya şərik, nə qoşulub, nə də qoşula bilər. Nə bir qələm Onu təsvir edə bilər, nə də bir dil Onu vəsf edə bilər. O, əbədi olaraq Özündən başqa hər şeydən hədsiz uca olaraq qalacaq.

Məsələn, ali Məzhərin zühuru anına diqqət yetir. O Əzəli Mahiyyət özünü tanıtdırmazdan və Allahın Kəlamı ilə danışmazdan qabaq artıq Onu tanıyan bir kəsin olmadığı dünyada hər şeyi Biləndir. O həqiqətən, məxluqu olmayan Xaliqdir. Zira, Onun Vəhyindən dərhal əvvəlki anda hər bir məxluqun ruhu Ona təslim olar. Bu, həmən gündür ki, onun barəsində buyurur: “Bu Gün hökmranlıq kimə məxsusdur?” Və buna cavab verən bir kəs tapılmaz!

      

Seçmə 79

ALLAHIN ALƏMLƏRİ BARƏDƏ sual vermişdin. Bil ki, həqiqətən, Allahın saysız-hesabsız aləmləri vardır və onların sonu yoxdur. Onları hər şeyi Bilən və Hikmət Sahibi olan Allahın özündən başqa heç kəs saya və əhatə edə bilməz. Yuxu barəsində fikirləş. Əgər fikirləşsən, görərsən ki, o, insanlar arasında Allahın ən böyük əlamətidir. Məsələn, gecə yuxuda bir şey görürsən və bir ildən, iki ildən, yaxud bundan çox və ya az müddətdən sonra həmən yuxu eynilə çin olur. Əgər yuxuda gördüyün aləmlə sənin olduğun bu aləm eyni olsaydı, yuxuda gördüyün hadisə elə onun baş verdiyi zaman bu dünyada da baş verməliydi və bu belə olsaydı, sən də bunun şahidi olmalıydın. Belə olmadığı üçün də, buradan belə hasil olur ki, yaşadığın dünya yuxuda gördüyün dünyadan fərqli və ayrıdır. Yuxuda gördüyün dünyanın nə əvvəli var, nə də sonu. Əgər desən ki, bu aləm sənin özündəndir və onda olanlar Şərəfli və Qüdrətli Allahın əmri ilə orada gizlənir, haqlısan. Eləcə də desən ki, ruh yuxu zamanı bütün dünyəvi məhdudiyyətlərin fövqünə qalxaraq və dünyəvi bağlılıqlardan özünü təmizləyərək Allahın köməyi ilə bu aləmin batini mahiyyətində gizlənmiş başqa bir aləmdə seyrə çıxır, bu da doğrudur. Həqiqətən, Mən deyirəm, Allahın bu aləmdən başqa aləmləri və bu xilqətdən başqa xilqətləri vardır. Və Onun bütün bu aləmlərdə təyin etdiyi şeylərə hər şeyə Nüfuz edən və hər şeyi Bilən Allahın Özündən başqa kimsə nə nüfuz edə, nə də hesabını bilər. Sənə deyilənlər üzərində düşün ki, sənin Rəbbin və aləmlərin Rəbbi olan Allahın məqsədini anlayasan. Bu sözlərdə İlahi Hikmətin sirləri gizlənib. Biz ona görə təfsilata varmadıq ki, sözümüzlə yarananların əməlləri nəticəsində Bizi kədər bürüyüb. Əgər Bizim Səsimizi eşidənlərdənsinizsə, bunu bilin...

      

Seçmə 80

Sən Məndən soruşursan ki, cismani ölümdən sonra Allahın Peyğəmbərləri və Onun övliyalarından başqa, digər insan övladında onun bu dünyadakı fərdiyyət, şəxsiyyət, idrak və şüuru qalır, yoxsa itib gedir? Əgər onların qaldığını fərz etsək, onda necə olur ki, sağlığında, məsələn, bayılma və ya ağır xəstəlik nəticəsində insanın əqli qabiliyyətləri zədələndikdə, o, şüurunu və idrakını itirir? Bədənin tərkibinin və ünsürlərinin yox olduğu ölümdən sonra şəxsiyyət və şüurun qaldığını necə təsəvvür etmək olar ki, onların mövcudluğunu təmin edən vasitələr büsbütün dağılıb sıradan çıxır?

Cənabınıza məlum olsun ki, ruh bədənin və ya əqlin bütün qeyri-sabitliklərindən ucadır və onlardan asılı deyil. Xəstədə müşahidə olunan zəiflik bədənlə ruhun arasında olan müxtəlif maneələrdən doğur və hər hansı bədən xəstəlikləri ruha təsir etmir. Məsələn, çırağa diqqət yetirin: o yanır və işıq saçır, lakin arada bir maneə olduqda, onun nurunun qarşısı kəsilsə də, o azalmayan parlaqlıqla işıq saçmaqda davam edir. Eləcə də xəstəlik zamanı müxtəlif maneələr xəstənin bədənində ruhun qüdrət və qüvvətinin aşkara çıxmasına əngəl törədərək, onu gizli saxlayır. Lakin ruh bədəni tərk etdikdən sonra yer üzündə misli-bərabəri olmayan bir qüdrət, qüvvət və güc kəsb edir. Bütün incə, pak və müqəddəs ruhlar böyük qüdrət və hədsiz sevinc içərisində olacaqlar.

Əgər çıraq dəmir örtüyün içərisində olarsa, kənardan onun işığı qətiyyən görünməz, halbuki, o öz yerində işıq saçmaqda davam edir. Eynilə də buludun arxasındakı Günəşə diqqət yetirin. O öz yerində parlayıb işıq saçır, lakin bulud qarşısını kəsdiyi üçün onun nuru zəif görünür. İnsanın ruhu həmin günəşə, yer üzündəki qalan bütün şeylər isə onun bədəninə bənzədilə bilər. Bədən bütünlüklə o nurun işığı və ziyası ilə işıqlanır və ondan güc alır, amma bu, o vaxta qədər davam edir ki, müxtəlif maneələr aranı kəsməsin. Onların arasında maneə yarandıqdan sonra günəşin nuru zəif görünməyə başlayır.

Yenə də günəşə baxın, o zaman ki, o tamamilə buludların arxasında qalır, onun işığı zəif olur. Halbuki yer onun nuru ilə işıqlanır. Nə buludların olması, nə də onların yoxluğu heç cür günəşin nuruna təsir etmir. İnsan ruhu da bir günəşdir ki, bədəni nurlandırır və bədən ondan güc alır. Buna belə də baxmaq lazımdır.

Həmçinin hələ ağacın özündə olan meyvənin zəifliyini göz önünə gətirin. Ağacdan çıxmazdan əvvəl o, ağacda mövcud olsa da, o qədər zəif olur ki, qətiyyən görünmür. Əgər kimsə ağacı parça-parça etsə, həmin meyvədən əsər-əlamət tapmaz. Amma ağacdan çıxdıqdan sonra o, ecazkar gözəllik və böyük mükəmməlliklə görünməyə başlayır, necə ki, bu, bütün meyvələrdə müşahidə olunur. Elə meyvələr də var ki, yalnız ağacdan dərildikdən sonra tam yetişir.

      

Seçmə 81

RUH VƏ İNSAN öləndən sonra onun yaşaması haqqında sual vermişdin. Bu həqiqəti bil ki, bədəndən ayrıldıqdan sonra ruh elə bir görkəmdə Allahın hüzuruna yüksəlir ki, nə qərinələr və əsrlərin dəyişiklikləri, nə də bu dünyanın fəlakətləri və hadisələri onu dəyişdirə bilər. Və Allahın Mələkutu, Onun səltənəti, hökmranlığı, qüdrəti və hakimiyyəti durduqca, o da qalar. Və onda Allahın əlamətləri və sifətləri təzahür edər və Onun inayət və lütfləri aşkar olar. Bu məqamı, onun ülviyyət və ucalığını təsvir etməyə Qələmin qüdrəti çatmır. Mərhəmət Əli onu elə bir şərəfli məqama daxil edər ki, bunu heç bir sözlə anlatmaq və dünyada olan şeylərlə təsvir etmək mümkün deyil. Xoş o ruhun halına ki, insanların şühbələrindən pak bir halda bədəndən çıxar. Belə bir ruh öz Yaradanının İradəsi ilə hərəkət edib uca Cənnətə daxil olar. Yüksək Behiştin sakinləri olan Hurilər onun ətrafına toplaşar, Allahın Peyğəmbərləri və övliyaları onunla ünsiyyət etmək istər. O ruh onlarla sərbəst şəkildə söhbət edər və aləmlərin Rəbbi olan Allahın yolunda başına gələnləri onlara danışar.

Əgər bir kəs ərşin və yerin Rəbbi olan Allahın aləmlərində onun üçün müəyyən olunanlardan agah olsa, dərhal bu ən uca, ən yüksək, ən müqəddəs və ən şərəfli məqama çatmaq şövqü ilə alışıb yanar... İndi də fars dilində eşit. Ey Əbdülvəhhab, sənə Mənim şərəfim nəsib olsun! Sən ruhun əbədi yaşaması barədə sual vermişdin. Bu Məzlum onun əbədi yaşamasını təsdiq edir. Həm də onun necəliyini soruşmuşdun. Ruhun ölümdən sonrakı təbiəti nə təsvir edilə bilər, nə də onu bütünlüklə insanların gözü qarşısında açmaq caizdir. Peyğəmbərlər və Elçilər yalnız insanları haqqın doğru yoluna istiqamətləndirmək üçün gəlmişlər. Onların Vəhylərindən məqsəd bu olmuşdur ki, bəndələr tərbiyə alsınlar və dünyalarını dəyişərkən, tam paklıq, müqəddəslik və saflıq halətində Ulu Rəfiqin hüzuruna yollansınlar. Allaha and olsun, belə ruhların işığı dünyanın tərəqqisinə və insanların məqamının yüksəlməsinə səbəb olur. Onlar varlıq dünyasının mayası, dünyadakı möcüzələrin və sənətlərin başlıca səbəbləridir. Onların sayəsində buludlardan yağış yağar və yer öz bəhrəsini verər. Hər şeyin səbəbi, hərəkətverici qüvvəsi və canlandırıcı əsası olmalıdır. Bu ruhlar və inqita təcəssümləri varlıq dünyasının ali hərəkətverici gücü olmuşlar və olacaqlar. Bu aləmlə o aləmin fərqi ana bətni ilə bu dünyanın fərqi kimidir.

Xülasə, ruh bədəndən ayrılıb Allahın Hüzuruna çatanda, əbədi yaşamağa və o aləmdə qalmağa layiq olan bir görkəm alar. Bu əbədi yaşayış—zamanca əbədilikdir, mahiyyətcə əbədilik deyil, çünki bir səbəbə bağlıdır. Mahiyyətcə əbədilik heç nədən asılı olmur və bu da yalnız Şərəfli Haqqa məxsusdur. Xoş bunu anlayanların halına! Əgər sən Peyğəmbərlərin əməlləri barədə düşünsən, tam yəqinliklə təsdiq edərsən ki, bu aləmdən başqa da aləmlər vardır. Uca Qələmdən nazil olmuş “Hikmət Lövhəsi”ndə yazıldığı kimi, yer üzünün əksər müdrikləri və alimləri əsrlər boyu İlahi Kitablarda nazil olanları qəbul və təsdiq ediblər. Hətta təbiətə əsaslanan materialistlər öz yazılarında Elçilərin hikmətinə şəhadət vermiş və yazmışlar ki, Elçilər məhz bəndələri tərbiyə etmək məqsədilə cənnətdən və cəhənnəmdən, savabdan və əzabdan bəhs etmişlər. Elə isə diqqət yetirin ki, bəşəriyyətin əksəriyyəti inam və baxışlarından asılı olmayaraq, Peyğəmbərlərin aliliyini tanıyır və üstünlüklərini etiraf edirlər. Bəziləri o Xalis Cövhərlərə hikmət mücəssəmələri deyirlər, bəziləri də onları Allahın adından Danışan Şəxslər hesab edirlər. Əgər bu şəxslər Allahın aləmlərinin yalnız bu aləmdən ibarət olduğunu düşünsəydilər, düşmənlərin əhatəsinə düşməyə razı olardılarmı? Heç bir insanın düşmədiyi və ya şahidi olmadığı bəla və məşəqətlərə həvəslə qatlaşardılarmı?

      

Seçmə 82

RUHUN TƏBİƏTİ BARƏDƏ sual vermişdiniz. Bilin ki, ruh—Allahın əlamətidir və elə bir səmavi cövhərdir ki, bütün elm sahibləri onun mahiyyətini dərk etməkdə və bütün irfan əhli onun sirrini anlamaqda acizdir. Ruh—yaradıcısı olan Allahın ucalığından söz açan, Onun cəlalını etiraf edən, Onun həqiqətindən yapışan və Ona səcdə edən ilk şeydir. Əgər o, Allaha sədaqətli olsa, onda Onun nurunu əks etdirəcək və sonda Ona qayıdacaq. Amma əgər o, öz Yaradıcısına sədaqətli qalmasa, onda nəfs və ehtirasın qurbanı olacaq və son nəticədə, onların girdabında batacaq.

Bu Gün insanların şübhə və mövhumatına uymayıb Əbədi Haqdan üz döndərməyən, üləmaların hay-küyünün və əmirlərin hökmünün Onun Müjdəsini tanımağa mane olmasına izn verməyən şəxs bütün insanların Rəbbi olan Allahın nəzərində Onun ən böyük əlamətlərindən sayılar və həmin şəxsin adı Uca Qələmlə İlahi Kitaba yazılar. Xoş belə ruhun həqiqi məqamına varanın və onun şərəfini və məziyyətini anlayanın halına!

Ruhun inkişaf mərtəbələri, o cümlədən, ehtiraslı, çılğın, ilhamlanmış, xeyirxah, rahatlanmış, ilahi razılığa nail olmuş və digər bu kimi ruhlar barədə keçmişin kitablarında çox sözlər yazılmışdır. Uca Qələm bu mərtəbələri şərh etmək istəməmişdir və istəmir. Bu Gün Allaha itaət göstərən və ona sığınan hər bir ruh bütün adlarla şərəfləndirilər və bütün məqamlara layiq görülər.

İnsan yatanda onun ruhu haqqında demək olmaz ki, o fitrətən hansısa zahiri mənbənin təsirinə məruz qalır. İlkin halında və ya mahiyyətində o hər hansı dəyişikliyə məruz qalmır. Onun işindəki hər hansı dəyişiklik xarici səbəbdən baş verir. Onun ətrafında, anlayışında və qavrayışındakı hər bir dəyişikliyi məhz bu xarici amillərə aid etmək lazımdır.

Gözə diqqət yetirin. O, yaradılmış bütün şeyləri görə bilir, lakin cüzi bir maneə üzündən bu qabiliyyətdən məhrum olur. Ucadır o Kəs ki, bu səbəbləri yaratdı və yüksəkdir o Kəs ki, bütün işləri onlardan asılı elədi. Dünyada olan şeylərin hər biri Onu tanımağın qapısıdır, Onun hökmranlığının əlamətidir, Onun Adlarının təzahürüdür, Onun əzəmətinin rəmzi və qüdrətinin nişanəsidir və Onun doğru yoluna aparan cığırdır...

Həqiqətən, Mən deyirəm, ruh mahiyyət etibarilə Allahın əlamətlərindən biri və Onun sirləri içərisində bir sirrdir. O, Qüdrət Sahibinin böyük bir əlamətidir və ilahi aləmlərdən xəbər verən bir carçıdır. Onda elə bir şey gizlənib ki, hazırkı aləm onu dərk etmək qabiliyyə­tinə malik olmamışdır və malik deyildir. İndi nəzər sal Özünün bütün qanunlarına sirayət edən Allahın Ruhunun təzahürünə və onu Ondan üz döndərən ehtiraslı təbiətlə müqayisə et ki, Ona qarşı çıxır, insanları Adlar Sahibindən uzaqlaşdırır, onları şəhvət və pozğunluğa təhrik edər. Bil ki, həqiqətən, belələri açıq-aşkar ziyandadırlar...

Və bir də soruşmuşdun ki, ruh bədəndən ayrıldıqdan sonra onunla nə baş verir. Bu həqiqəti bil ki, əgər insanın ruhu Allahın yolu ilə getmişsə, o, mütləq, Ona qayıdacaq və Məhbubun cəlalına qovuşacaq. Allahın həqqaniyətinə and olsun! O elə bir məqama yetişəcək ki, onu qələm təsvir, dil isə tərif edə bilməz. Allahın Əmrinə sədaqətli qalan və Onun Yolunda dönmədən gedən ruh, süud etdikdən sonra, elə bir qüvvə kəsb edər ki, Qüdrətlinin yaratdığı bütün aləmlər ondan feyz alar. Belə bir ruh Kamil Ruhun və İlahi Mürəbbinin əmri ilə, xalis bir maya olar ki, varlıq dünyasını cana gətirər, bu dünyanın möcüzə və sənətlərini meydana çıxaran güc hasil edər. Xəmirə nəzər salın—onun mayaya ehtiyacı var. İnqita təcəssümü olan ruhlar da aləmin mayasıdırlar. Bu barədə düşün və şükr edənlərdən ol!

Bu məqamlardan və eləcə də ruhun tərəqqisində bu mərtəbələrdən Bizim Lövhələrimizdə müəyyən qədər bəhs olunub. Həqiqətən, Mən deyirəm, ruh hər cür giriş və çıxışdan üstün olan bir əlamətdir. O sakitdir, amma yenə də uçur; o hərəkətdədir, eyni zamanda da dayanır. O həm şərtiliklər aləminə, həm də əvvəli və axırı olmayan aləmə şəhadət verir. Sizin yatarkən gördüyünüz yuxu, bir çox illər keçdikdən sonra, gözləriniz qarşısında çin olur. Baxın ki, yuxuda gördüyünüz dünyanın möcüzəsi nədir. Allahın hikməti və onun çoxlu təzahürləri barədə düşün...

Allahın ecazkar əlamətlərinə bax və xilqətin xüsusiyyətləri və əlamətləri üzərində düşün. Xatəmi-ənbiya (Həzrət Məhəmməd) buyurub: “İlahi, mənim sənə olan heyrətimi çoxalt!”

Maddi aləmin sonu barəsində sualına gəldikdə isə bu məsələnin anlaşılması müşahidəçilərin baxışından asılıdır. Bir mənada o, sonludur, başqa bir mənada isə bundan üstündür. Haqq əzəldən olub və həmişə də olacaq. Xilqət də həmçinin, nə əvvəli olub, nə də sonu olacaq. Sadəcə, yaranmış hər şey müəyyən bir səbəbdən asılıdır. Bu gerçəklik özlüyündə, şübhə yeri qoymadan Yaradanın birliyini sübut və təsdiq edir.

Bir də göy cisimləri barədə sual vermişdin. Onların təbiətini başa düşmək üçün əvvəla, aydınlaşdırmaq lazımdır ki, keçmiş və sonrakı kitablarda göy cisimlərindən və səmadan danışarkən nəyi nəzərdə tutmuşlar və həmçinin onların maddi aləmlə əlaqəsi və ona təsiri hansı şəkildə həyata keçir. Bütün ürəklər belə bir çaşdırıcı mövzudan heyrətə gəlmiş, bütün ağıllar onun sirrindən mat-məəttəl qalmışlar. Bir olan Allahdan başqa heç kəs bu məsələdən agah deyil. Bu Yerin həyatını neçə-neçə minilliklər boyu müşahidə edən alimlər bu müddət ərzində planetlərin nə qədər olduğunu və yaşını hesablaya bilməmişlər. Bu insanların irəli sürdükləri nəzəriyyələr baxışlarda nə qədər fərqlər yaradıb. Bil ki, hər bir sabit ulduzun öz planetləri və hər bir planetin öz məxluqatı var—hesablayanlar onları saymaqda acizdir.

Ey nəzərlərini Mənim üzümə dikən kəs! Bu Gün Cəlal Üfüqü öz şəfəqini yayıb və Uca Allahın nidası yüksəlib. Əvvəllər Biz Lövhələrdə nazil etmişik ki, bu gün heç kəs üçün öz Rəbbinə sual vermək günü deyil. Allahın Cəlal Məşriqinin səsləndirdiyi Nidasını eşidən hər kəsə yaraşan odur ki, ayağa qalxsın və desin: “Ləbbeyk, ləbbeyk, ey Adların Sahibi! Ləbbeyk, ləbbeyk, ey Səma Qurucusu Şəhadət verirəm ki, Sənin zühurunla Allahın kitablarında gizli olanlar nazil oldu və Peyğəmbərlərin Yazılarında yazılanlar yerinə yetdi!”

      

Seçmə 83

İNSANIN MAHİYYƏTİNDƏKİ İLAHİ əmanətə—düşünmə qabiliyyətinə diqqət yetir. Məsələn, özünə nəzər sal—onda görərsən ki, səndə olan hərəkət və sükunət, iradə və istək, eləcə də eşitmə və görmə, iybilmə və nitq qabiliyyətləri, digər zahiri və batini duyğular onun sayəsində mövcuddur. Və bunlar bu qabiliyyətə o qədər bağlıdır ki, əgər onun bədənlə əlaqəsi kəsilsə, bütün bu duyğular təsirini itirər və fəaliyyətdən qalar. Və bu, tamamilə aydın və məlumdur ki, qeyd olunan qabiliyyətlərin mövcudluğu Bənzərsiz Sultanın təzahürünün əlaməti olan düşünmə qabiliyyətindən asılıdır və onunla şərtlənmişdir və həmişə də belə olacaqdır. Belə ki, onun görünməsi ilə bütün bu adlar və sifətlər meydana gəlir, onun itməsi ilə onların hamısı yox olub fənaya uğrayır.

Belə olan halda əgər deyilsə ki, o, görmə qabiliyyəti ilə birdir, bu, qətiyyən düzgün olmaz, çünki görmə qabiliyyətinin özü onun vasitəsilə yaranır və onun sayəsində mövcud olur. Yaxud eşitmə qabiliyyətinin əqldən güc aldığını düşünərək deyilsə ki, o, eşitmə qabiliyyətidir, bu da mənasız olardı.

Eləcə də insanın vücudunda müşahidə olunan böyüklü-kiçikli digər adlar və sifətlər hamılıqla ona tabedir. Bütün bu müxtəlif adlar və görünən sifətlər həmin ilahi əlamətin vasitəsilə meydana gəlir və aşkara çıxır. O isə öz mahiyyəti baxımından bütün bu adlardan və sifətlərdən son dərəcə üstündür, hətta ondan başqaları onun cəlalı qarşısında bir heçdir və unudulmağa layiqdir.

Əgər sonsuzluğa qədər əvvəlki və sonrakı ağılların əldə etdikləri və ya edəcəkləri bəhrələrdən bütün zəkan və idrakınla faydalanmaqla bu ilahi və lətif Cövhər, Şərəfli və Əbədi Varlığın bu təzahürü barədə düşünsən, təbii ki, onun mahiyyətini dərk etməkdə və məziyyətini anlamaqda özünün aciz və gücsüz olduğunu görərsən. Əgər özündə olan bu Cövhərin dərk edilməsində öz ­aciz­lik və gücsüzlüyünün şahidi oldunsa, əlbəttə, özünün və bütün məxluqatın Bənzərsiz Mahiyyəti və sönməz Şərəf Günəşini tanımaqda aciz olduğunu batini və zahiri gözünlə görərsən. Bu məqamda öz acizliyini etiraf etmək bəsirət baxımından bəndənin idrakının ən yüksək səviyyəsi və bəndələrin yetkinliyinin ən son həddidir...

     

Seçmə 84

HAQQIN BÜTÜN YARADILMIŞLARDAN pak və üstün olduğuna şahid ol. Bütün kainat Onun cəlalını əks etdirir, amma O Özü hər şeydən müstəqil və ucadır. Tövhidin əsl mənası budur. Əbədi olan Kəs elə bir Qüdrətdir ki, Onun şərtsiz hökmranlığı hər şeyə hakimdir və Onun surəti mövcudatın güzgüsündə əks olunur. Bütün mövcudat Ondan asılıdır və Ondan güc alır. Budur tövhidin mənası və məqsədi! Budur onun təməl ehkamı.

Mövhumata uymuş bəzi şəxslər öz təsəvvürlərində bütün şeyləri Haqqa şərik etmişlər, bununla belə özlərini tövhid əhli saymışlar. And olsun Haqqa ki, bu şəxslər kor-koranə təqlid əhli olmuşlar və olacaqlar və Allah anlayışını çərçivə və məhdudluğa salanların sırasında sayılacaqlar.

Tövhid—“bir”i “bir” bilməkdir və onu bütün ədədlərdən üstün tutmaqdır, daha “iki”ni “bir” saymaq deyil. Həqiqi inanan o kəsdir ki, ikiliyi vahidlə səhv salmır, heç bir çoxluğun Allahın təkliyi haqqında anlayışına kölgə salmasına izn vermir, İlahi Varlığı Onun Öz təbiəti etibarilə, say məhdudiyyətindən üstün olan bir Varlıq kimi qəbul edir.

Tövhidə inamın mahiyyəti odur ki, haqqın Zühurunun Şəfəqini görünməz, əlçatmaz və dərkolunmaz Mahiyyət ilə bir biləsən, bu mənada ki, heç bir şərh, izah və işarə olmadan birincinin hərəkətlərinin, əməllərinin, əmrlərinin və qadağalarının bütün cəhətlərdən Allahın Özünün İradəsi ilə olduğunu düşünəsən. Budur tövhidə, həqiqətən, inananın çatmağa ümid etdiyi ən son məqam! Xoş bu məqama çataraq, dönməzlərdən olanların halına.

      

Seçmə 85

EY MƏNİM BƏNDƏLƏRİM! Yaxşı olar ki, bu könül oxşayan Baharda üzərinizə yağan ilahi leysan yağışı ilə qəlbinizi yuyub təravətləndirəsiniz. Onun əzəmətli cəlal Günəşi işıq saçır və Onun sonsuz fəzl buludu kölgə salıb. Belə böyük bir səxavətdən özünü məhrum etməyənin, Məhbubunun gözəlliyini bu yeni libasda görüb tanıyanın mükafatı necə də böyükdür!

De: Ey insanlar, Allahın Çırağı yanır, onu itaətsiz­liyinizin şiddətli küləkləri ilə söndürməyin. Bu Gün qalxmaq və Rəbbiniz Allahı tərif etmək və ucaltmaq günüdür. Bədəninizin qayğısına qalıb qəlbinizi çirkaba bulaşdırmaqla məşğul olmayın. Əhrimən pusquda dayanıb, ayıq olun. Onun hiyləgər tələsindən qorunun və bir olan Allahın adının işığı ilə özünüzü zülmətdən xilas edin. Yara diqqət yetirin, özünüzə yox!

De: Ey yolunu azmışlar, Müjdəçi müjdə verdi ki—və Onun söylədiyi ancaq həqiqətdir—Yar gəlir. Budur O gəlib, nə üçün süstlük və məyusluq göstərirsiniz? O Pak və Gizli Kəs pərdəsiz gəlmişdir, niyə pərişan olmusunuz? Əvvəl və Axır, Hərəkət və Sükunət aşkara çıxıb. Bu Gün Əvvəl Axırda görünür, Hərəkət Sükunətdən doğur. Bu hərəkət bütün məxluqat boyu Pərvərdigarın kəlamının hərarətindən yarandı. Bu hərarəti duyan hər bir kəs Yarın yanına tələsdi. Kim duymadısa, elə məyus oldu ki, bir daha ayağa qalxmadı. Hikmətli o şəxsdir ki, bu dünya və onda olanlar onun Bu Günün işığını görməsinə mane olmadı, insanların boş danışıqları onu möminlikdən uzaqlaşdırmadı. Ölü, həqiqətən, o kəsdir ki, bu Vəhyin xoş səhərində bu könül oxşayan nəsimdən oyanmadı. Əsir, doğrudan da, o kəsdir ki, Ali Xilaskarı tanımadı və ruhunun tamah zindanında əzilmiş və aciz halda sərgərdan qalmasına imkan verdi.

Ey bəndələr, kim bu Çeşmədən içdisə, əbədi Həyata qovuşdu, kim içmədisə, ölülər cərgəsinə qoşuldu. De: Ey bədxahlar, tamahınız sizi Ehtiyacsızın şirin sədasını eşitməkdən uzaq saldı. Tamahdan əl çəkin ki, Onun İlahi işinin sirrini anlayasınız. O, bütün cəlalı ilə dünyanı işıqlandıran Günəş tək parlaq və aşkardır.

De: Ey nadanlar, sizi şiddətli bəlalar gözləyir və onlar sizi qəfil tutacaq! Çalışın ki, onlar sovuşsun və sizə ziyan vurmasın. Əzəmətli cəlalı ilə gələn Allahın uca adını tanıyın. Hər şeyi Bilən, Hər şeyin Sahibi və Hamını Qoruyan Odur.           

 

Seçmə 86

İNDİ DƏ RUHLARIN bədəni tərk etdikdən sonra bir-birindən xəbər tutmasına dair sualın barədə. Bil ki, Qırmızı Gəmidə məskən salan Bəha əhlinin ruhları bir-biri ilə əlaqədə və ünsiyyətdə olar, bir yerdə oturar, bir məqsədə doğru gedər, birgə yüksələrlər və beləcə, bir ruh kimi olarlar. Həqiqətən, onlar bilən, görən və anlayandırlar. Hər şeyi Bilən və Hikmət Sahibi olan Allahın əmri ilə belə müəyyən olunmuşdur.

İlahi Gəmidə məskən salan Bəha əhli hamılıqla bir-birinin əhvalından xəbərdar olar, bir-birilə əlaqə saxlayar, həmsöhbət və munis olarlar. Lakin bu məqama çatmaq ruhların yəqinlik səviyyəsindən və əməllərindən asılıdır. Bir səviyyədə və bir məqamda duran ruhlar bir-birinin qabiliyyətlərindən, keyfiyyətlərindən, dərəcə və məziyyətlərindən tam agah olarlar. Aşağı dərəcədə olanlar isə özlərindən yüksəkdə duran ruhların səviyyələrindən və məqamlarından lazım olduğu qədər xəbər tutmazlar. Rəbbinin yanında hərənin öz qismət payı var. Xoş o kəsin halına ki, Allaha üz tutub və ruhu Hökmlü, Qüdrətli, Bağışlayan və Rəhmli Allaha doğru uçana qədər Ona məhəbbətində dönməz olub.

Kafirlərin ruhuna gəldikdə isə, Canıma and olsun, onlar son anda nə itirdiklərini anlayar və ağlayıb yalvarar, Allahın qarşısında müti olarlar. Onların ruhları bədənlərindən çıxdıqdan sonra da bu hala düşərlər.

Bu, kifayət qədər məlum və aydındır ki, hər bir kəs öləndən sonra öz hərəkətlərindən və əməllərindən agah olacaq. İlahi Qüdrət üfüqündə parlayan Günəşə and olsun ki, həmən anda Haqqın ardınca gedənləri təsvirəgəlməz bir sevinc və şadlıq bürüyər. Günaha batanlar isə ağlasığmaz qorxuya, iztiraba və dəhşətə düşərlər. Xoş o kəsin halına ki, imanın əbədi və ləziz şərabını Dinlər Sahibinin lütf və inayət əlindən alıb içdi...

Bu gün Allahın dostları Zühura və onun üzə çıxardıqlarına nəzər salmalıdırlar. Bir çox keçmiş rəvayətlərin əsası olmamışdır və yoxdur. Və əvvəlki nəsillərin dərk etdiklərinin və kitablarında yazdıqlarının əksəriyyəti nəfsin istəklərindən irəli gəlmişdir. Gördüyünüz kimi, insanların Allah kəlamına verdiyi şərhlərin və təfsirlərin çoxu həqiqətdən uzaqdır. Necə ki, bu, pərdə götürüləndən sonra məlum və aydın oldu və onlar özləri də təsdiq etdilər ki, Allah kəlamından bir kəlməni belə dərk etməmişdilər.

Bunları deməkdə məqsəd odur ki, əgər Allahın dostları qəlblərini və qulaqlarını əvvəllər eşitdiklərindən təmizləsələr və bütün diqqətlərini Əmrin Məzhərinə və Onun aşkara çıxardıqlarına yönəltsələr, bu, Allahın yanında ən çox bəyənilən bir iş olar...

Həmd elə və şükr edənlərdən ol! Mənim tərəfimdən Allahın Öz məhəbbətinə layiq gördüyü və məqsədlərinə yetişdirdiyi dostlara salam yetir. Həmd olsun Allaha—aləmlərin Rəbbinə!

      

Seçmə 87

BİR DƏ SUAL vermişdin ki, nə üçün tarix kitablarında bəşərin Atası Adəmdən əvvəlki peyğəmbərlər və o zamanın sultanları barədə bir şey yazılmayıb. Belə bir yazının yoxluğu onların mövcud olmamasına dəlalət etməmişdir və etmir. Uzun müddət keçdiyinə və yerdə baş verən dəyişikliklərə görə bu barədə məlumatlar qalmamışdır.

Bundan əlavə, Adəmdən əvvəl indi insanlar arasında yayılmış yazı qaydaları və şəkilləri mövcud deyildi. Elə vaxt olub ki, insanların yazı sənətindən, ümumiyyətlə, anlayışları olmayıb və başqa üsullardan istifadə olunub. Lazımi qaydada izahat üçün bunu təfsilatı ilə danışmaq lazım gələr.

Adəmdən sonrakı dəyişikliklərə diqqət yetirin. Əvvəllər yer üzündə indi məlum və məşhur olan dillər və indi istifadə olunan qaydalar mövcud deyildi. İnsanlar indiki dillərdən fərqlənən bir dildə danışırdılar. Dillərin müxtəlifliyi Babilistan adı ilə məşhur olan yerdə meydana çıxdı. Buna görə də o yer “Babilistan” adlandı ki, bunun da mənası “dillərin müxtəlifliyinin yarandığı yer” deməkdir. 

Bundan sonra Suriya dili insanlar arasında nüfuz qazandı. Əvvəllər ilahi Kitablar bu dildə nazil olunurdu. O vaxta qədər ki, Xəlil ər-Rəhman (Həzrət İbrahim) İlahi nurla varlıq üfüqündə göründü. O, Həzrət İordan çayını keçərkən bir dildə danışdı ki, bu da “ibrani” adlandı. Xəlil ər-Rəhman çayı keçdiyi zaman həmin dildə danışdığından ona “ibrani” adı verildi ki, bu da “keçid dili” deməkdir. Bundan sonra ilahi Kitablar və Müqəddəs Yazılar ibrani dilində nazil oldu. Bir müddət keçdikdən sonra isə o, ərəb dili ilə əvəz olundu...

İndi görün ki, Adəmdən sonra dildə, nitqdə və yazı qaydalarında bu qədər dəyişikliklər olubsa, Adəmdən əvvəlki zamanda dəyişikliklər daha böyük olmuşdur.

Bu sözləri deməkdə məqsəd odur ki, əzəldən Haqq öz ülvi ucalığında və əlçatmaz yüksəkliyində Özündən başqasının zikrindən üstün olub və həmişə də belə olacaq. Xilqət də həmişə olmuşdur, Şərəfli Birlik Məzhərləri və Əbədi Qüdsiyyət Şəfəqləri də əvvəli olmayan çağlardan göndərilmiş və insanları tək Haqqa dəvət etmişlər. Lakin dünyada baş verən dəyişikliklər və təbəddülatlar nəticəsində onların adları və onların həyatı haqqında məlumatlar bizə gəlib çatmamışdır.

Müəyyən Kitablarda Tufandan söz açılır. Həmin hadisə zamanı yer üzündə olan bütün şeylər suya qərq olub—istər tarix kitabları, istərsə də digər şeylər. Həmçinin çoxlu fəlakətlər baş verib ki, bu da bir sıra hadisələrin izinin itməsinə səbəb olub. Bütün bünlardan əlavə, yer üzündə mövcud olan tarix kitablarında ziddiyyətlər müşahidə olunur. Müxtəlif millətlərin yazılarında dünyanın yaşı və tarixi barədə müxtəlif ­sözlər deyilib və müxtəlif hadisələr qələmə alınıb. Bəziləri bu tarixin səkkiz min il, bəziləri isə daha artıq, on iki min il olduğunu deyirlər. Hər kəs Cukun kitabına baxsa, kitablar arasında nə qədər fərq olduğundan hali olar.

Allahın istəyi budur ki, nəzərlərini bu Ən Böyük Məhzərə dikəsən, bütün bu ziddiyyətlərə və məlumatlara fikir verməyəsən.

      

Seçmə 88

ƏGƏR SİZ ARİFLƏRDƏNSİNİZSƏ, bilin ki, ədalətin əsası və mənbəyi zühur günü Allahın Mahiyyətinin Məzhəri tərəfindən əmr olunanlarda təcəssüm etmişdir. De: Həqiqətən, o, yerlə göy arasında ədalətin qüsursuz tərəzisidir. Onun qanunu yerdə və göylərdə olanları qorxuya salsa belə, həmin qanun açıq-aşkar ədalətdir. İnsanların qanundan qorxuya və təlaşa düşməsi ana südündən ayrılan körpənin ağlamasına bənzər—əgər görənlərdənsinizsə bunu bilin. Əgər insanlar Allahın Vəhyinin məqsədini anlasaydılar, qorxuya düşməzdilər, əksinə, sevinər və şükr edənlərdən olardılar.

 

      

Seçmə 89

ALLAH KƏLAMININ ZAVALA uğramadığını yəqin etdiyin kimi, Onun mənalarının da heç zaman tükənmədiyini yəqin bil. Bu mənalar yalnız onu şərh etmək üçün təyin olunanların və onun sirlərinin xəzinəsi olan kəslərin yanındadır və yalnız onlar onun çoxtərəfli hikmətlərini dərk edə bilərlər. Və o kəslər ki, Müqəddəs Yazılara baxıb onlarda Allahın insanlar arasında Nümayəndəsinin hökmranlığına etiraz etmək üçün bir şey axtarırlar, onlar, doğrudan da, ölüdürlər—yerisələr də, danışsalar da, yeyib-içsələr də, diri deyillər.

Ah, kaş ki, dünya Mənə inanardı! Əgər Adlar Sahibi olan Rəbbinin öyrətdiklərindən Bəhanın qəlbində gizli saxlananlar aşkara çıxarsa, yer üzündə olanlar ildırım vurmuş kimi donub qalarlar.

Çoxlu mənalar var ki, onlar sözlərin libasına sığmır. Və onlardan bir çoxu ifadəyə gəlmir—onları nə bəyan etmək olur, nə də onlara işarə etmək. Bir çoxlarını isə vaxtı yetişmədiyi üçün söyləmək mümkün deyil. Necə ki, bu barədə deyilib: “Hər bildiyini deyə bilməzsən, hər dediyinin vaxtı çatmayıb və hər vaxtı çatanı adamlar dinləməyə hazır deyil”.

Bu mənalardan elələri də var ki, Bizim biliyimizin nurunun xəzinələri olan və gizli fəzlimizi qəbul edən kəslərin irfanına uyğun olaraq açıla bilər. Allahdan diləyimiz budur ki, səni bütün biliklərin Mənbəyi olan Kəsi tanımağa müvəffəq eyləsin və səni bütün dünyəvi elmlərdən ayırsın, zira “Bütün elmlərin Məqsədini tapdıqdan və tanıdıqdan sonra elm axtarmaq məzəmmətə layiq bir işdir”. Elmin Mənbəyindən və Mədənindən yapış ki, heç bir dəlili və nurlu kitabı olmadan elm iddiasına düşənlərə ehtiyacın qalmasın.

Seçmə 90

GÖYLƏRDƏ VƏ YERDƏ olan bütün şeylərdə ilahi adlar və sifətlər öz təzahürünü tapır. Belə ki, hər bir zərrədə o Həqiqi Günəşin nuru açıq-aşkar görünür, sanki həmin nur olmasa, Mülk aləmində heç bir şey varlıq libasına bürünməz və mövcudluq şərəfinə layiq bilinməz. Hər bir zərrədə neçə-neçə bilik günəşləri parlayır və hər bir qətrədə neçə-neçə hikmət dənizləri dalğalanır. Xüsusən, insan mövcudatın içərisində bu xalata bürünüb və bu şərafətlə seçilib. Belə ki, bütün ilahi adlar və sifətlər insanın xüsusiyyətlərində ən kamil və ən üstün bir şəkildə təzahür edir. Və bütün bu adlar və sifətlər onda cəmlənmişdir. Buna görədir ki, buyurub: “İnsan Mənim sirrimdir və Mən də onun sirriyəm”. Bütün səmavi Kitablarda və İlahi Səhifələrdə bu yüksək və incə mətləbə dəlalət edən çoxsaylı ayələr yazılmış və qeyd olunmuşdur. Necə ki, buyurur: “Biz Öz əlamətlərimizi həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik”. Və başqa bir məqamda buyurur: “Sizin özünüzdə də Allahın əlamətləri vardır, məgər görmürsünüz?!” Digər bir məqamda isə buyurur: “Allahı unudan kəslərdən olmayın, çünki o da belələrinə özlərini unutdurdu”. Necə ki, Əbədiyyət Sultanı (Həzrət Məhəmməd)—görünməz sarayda olanların ruhu Ona fəda olsun!—buyurur: “Özünü tanıyan Rəbbini tanıyar”.

Xülasə, bu sözlərdən məlum olur ki, bütün şeylər, öz mahiyyətləri ilə İlahi adlardan və sifətlərdən danışır və onların hər biri öz qabiliyyəti çərçivəsində Allahın tanınmasına doğru yol göstərir və Onu nişan verir. Belə ki, Onun sifətləri və adlarının təzahürləri o qədər güclüdür ki, bütün görünən və görünməz şeyləri bürümüşdür. Buna görədir ki, buyurur: “Səndən başqasında Səndən olmayan zühur qüdrəti olsaydı, o Sənə məzhər olardımı?! Kordur o göz ki, Səni görmür”. Yenə də Əbədiyyət Sultanı buyurur: “Elə bir şey görmədim ki, onda və ondan əvvəl və sonra Allahı görməyim”. Kümeyl rəvayətində isə deyilir: “Əzəl sübhündə bir nur parladı—onun şüaları bütün insanlara nüfuz etdi”. İnsan məxluqatın ən şərəflisi və ən kamili olduğu üçün başqaları ilə müqayisədə İlahi əlamətlərin ən güclü dəlili və ən böyük ifadəsidir. İnsanların ən kamili, ən üstünü və ən ləyaqətlisi isə Həqiqət Günəşinin Məzhərləridir—Onlardan başqa hər şey Onların iradəsi ilə mövcuddur və Onların mərhəməti sayəsində hərəkət edir...

     

Seçmə 91

BU ƏMRİ İSBAT edən dəlillərdən biri də budur ki, hər bir Vəhy və Zühur Dövründə Görünməz Mahiyyət Öz Məzhərində bəşər qiyafəsində zühur edərkən, bir sıra tanınmayan, dünyaya bağlılığı və mənsəbi olmayan insanlar Peyğəmbərlik Günəşinin ziyası ilə nurlanaraq, hidayət Ayının işığında doğru yolu tapır və Allahın Hüzuruna yetişirdilər. Buna görədir ki, zəmanənin üləmaları və dövranın varlıları onlara istehza və rişxəndlə yanaşırdılar. Necə ki, həmin yolunu azmışların dilindən buyurur: “Onun (Həzrət Nuhun) tayfasının kafir əyanları” dedilər: “Biz Səni yalnız özümüz kimi bir insan sayır, elə ilk baxışda təkcə aramızdakı səfillərin Sənə uyduğunu görürük. Və sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik” Beləcə, etiraz edib o müqəddəs Məzhərlərə deyirdilər: “Sizin ardınızca yalnız bizim aramızda olan səfillər gedirlər ki, onlar da heç bir diqqətə layiq deyillər”. Məqsədləri bunu söyləmək idi ki, tayfanın üləmaları, varlıları və tanınmış adamları sizə iman gətirməyiblər. Bu və buna bənzər dəlillərlə onlar haqlı olan Kəsin yalan danışdığını sübut etməyə çalışırdılar.

Amma bu ən parlaq Zühurda və ən əzəmətli Səltənətdə bir sıra böyük üləmalar, mükəmməl fəzilət sahibləri və yetkin fəqihlər Onun dərgahına yetişərək yaxınlıq və vüsal piyaləsindən içdilər, hədsiz inayətə nail oldular və Cananın yolunda dünyadan və bütün yaranmışlardan keçdilər...

Onların hamısı Zühur Günəşinin sayəsində doğru yolu tapıb Onun həqiqiliyini təsdiq və etiraf etdilər. Belə ki, onların əksəriyyəti mal-dövlətindən və əhli-əyalından keçdi və Cəlal Sahibinin razılığını qazandı. Onlar Məhbubdan ötrü canlarını qurban verdilər, bütün malik olduqlarını Ona fəda etdilər. Belə ki, onların sinələri düşmən güllələrinə hədəf oldu, onların başları müşriklərin nizələrinin bəzəyinə çevrildi. Elə bir torpaq qalmadı ki, bu inqita mücəssəmələrinin qanını içməsin, elə bir qılınc qalmadı ki, onların boynunu vurmasın. Onların əməlləri sözlərinin doğruluğuna ən yetərli sübutdur. Məgər Yarın yolunda bu cür canlarından keçən və öz fədakarlıqları ilə dünyanı heyrətə salan həmin müqəddəs şəxslərin şəhadəti bu bəndələr üçün kifayət etmirmi?! Məgər bu, dini bir dirhəmə satan, əbədiyyəti faniliyə dəyişən, yaxınlıq Kövsərini şor bulaqlarla əvəz edən, xalqın malını ələ keçirməkdən özgə istəkləri olmayan bir çox bəndələrin sözlərini inkar etmək üçün kifayət deyilmi?! Göründüyü kimi, onlar hamılıqla dünyanın bər-bəzəyinə uymuş və Ulu Rəbbdən uzaq düşmüşlər.

İndi özünüz insaf edin: sözləri ilə əməlləri bir olan, zahirləri ilə batinləri uyğun gələn, öz hərəkətləri ilə ağılları mat qoyan, dəyanətləri və bədənlərinin dözümü ilə qəlbləri heyrətə salan o şəxslərin şəhadəti eşidilib qəbul olunmalıdır, yoxsa nəfsin istəyi olmadan bir an belə nəfəs almayan, yanlış gümanlar qəfəsindən qurtula bilməyən bu inkarçıların şəhadəti?! Axı bunlar zülməti sevən yarasalar kimi gündüzlər yalnız fani dünyanın nemətlərini əldə etmək üçün başlarını yataqdan qaldırırlar, gecələr isə alçaq işlərin tədbirini görməyincə, rahatlıq tapmırlar; bunlar nəfsin istəklərinə uyaraq, ilahi təqdiri unudublar, gündüzlər qazanc dalınca qaçır, gecələr isə cismani istəklərini ödəməklə məşğul olurlar. Hansı şəriətdə və hansı məzhəbdə caizdir ki, bu cür məhdud şəxslərin etirazına qoşularaq, Haqqın rizası naminə öz canlarından, mallarından, adlarından, sanlarından, şöhrətlərindən və şanlarından keçən kəslərin sözlərini qəbul və təsdiq etməkdən boyun qaçırasan?!..

Onlar necə də eşq və məhəbbətlə, şövq və həyəcanla canlarını Sübhanın yolunda fəda etdilər! Bu ki hamıya aydın və bəllidir! Belə olan halda bu Əmri necə kiçiltmək olar?! Hansı əsrdə belə əzəmətli Əmr zahir olub?! Əgər bu əshabələr də Allahın yolunda mücahid sayılmasalar, onda daha kim mücahid sayılmalıdır?! Məgər onlar şöhrət, dövlət və sərvətmi istəyirdilər?! Onların Haqqın rizasından özgə məqsədləri var idimi?! Əgər həmin əshabələr bütün bu qəribə əlamətləri və heyrətamiz hərəkətləri ilə birlikdə yanlış yolda ­olublarsa, onda daha kim haqlı olduğunu iddia etməyə layiqdir?! And olsun Allaha, əgər insanlar İlahi Vəhyin sirləri üzərində düşünsələr, onların bu hərəkətləri yer üzündə olanların hamısı üçün yetərli bir sübut və danılmaz bir dəlildir. “Zülm edən kəslər isə hansı fəlakətlə üzləşəcəklərini tezliklə biləcəklər”...

İndi bu sədaqətli şəhidlərə diqqət yetirin ki, Kitabın aydın mətni onların doğruluğunu təsdiq edir. Siz gördünüz ki, onların hamısı canını, malını, əhli-əyalını və malik olduğu bütün şeyləri fəda etdilər və Cənnətin uca qəsrlərinə yüksəldilər. Ola bilərmi ki, bu uca şəxsiyyətlərin və fədakar kəslərin bu yüksək və əzəmətli Əmri təsdiq edən şəhadəti məqbul sayılmasın, amma qızıldan ötrü dinlərindən keçən, başçı olmaq naminə bütün bəşərin Rəhbərindən qaçan bu dəstənin bu aşkar nuru inkar edən şəhadəti qəbul olunsun?! Halbuki bütün insanlar artıq onları tanımışlar və dərk etmişlər ki, onlar Allahın dini yolunda nəinki canlarından, mallarından və digər şeylərindən, hətta dünyəvi mənsəblərinin bir zərrəsindən belə keçməzlər...

      

Seçmə 92

ALLAHIN KİTABI AÇIQDIR və Onun Kəlamı bəşəri Ona tərəf səsləyir. Lakin ondan yapışan və onun yayılması üçün çalışan kəslər gözə dəymir—kiçik bir dəstədən savayı. Həmin kiçik dəstəyə aləmin pasını təmiz qızıla çevirə bilən İksir əta edilmiş və onlar Adəm övladının sağalması üçün ən düzgün dərman verilməklə vəzifələndirilmişlər. Əbədi həyat bu ən qiymətli, ən ecazkar və ən uca Əmrin qəbul edilməsinə bağlıdır.

Ey Allahın dostları, bu Məzlumun sədasını eşidin və İlahi Əmrin yüksəlişinə səbəb olan işlərdən yapışın! Həqiqətən, O istədiyi kəsi doğru yola yönəldər. Bu, elə bir Əmrdir ki, onun sayəsində zəiflər qüvvət bəzəyi ilə görünər, yoxsullar sərvət çələngi ilə zinətlənər.

Dostluq və birlik ruhu ilə bir-birinizlə məsləhətləşin və qiymətli ömrünüzü dünyanın islah edilməsinə, Əzəl hökmdarının Əmrinin yayılmasına sərf edin. Həqiqətən, O hamıya yaxşı işlər görməyi əmr edir və insanın məqamına əksiklik gətirən bütün şeyləri qadağan edir...

     

Seçmə 93

BİL Kİ, BÜTÜN yaradılmış şeylər Allahın təzahürünün əlamətidir. Hər bir şey öz səviyyələri çərçivəsində və müəyyən bir məqamda Allahın əlamətləri olmuş və həmişə olacaqdır. Nurlu Sultanın adlar və sifətlər səltənətində təzahür etdiyi məqamda bütün şeylər Onun cəlalının nişanəsinə çevrilir. Bu təzahür o qədər ümumi və əhatəlidir ki, bütün kainatda Onun şəfəqini əks etdirməyən heç bir şey tapılmaz. Bu halda əlamətlərdən savayı bir şey görünmədiyi üçün yaxınlıq və uzaqlıq barədə təsəvvürlərə yer qalmır...Əgər Allahın qüdrət Əli şeylərdən Onun əlaməti olmaq xüsusiyyətini alsa, dünyada heç bir şey gözə dəyməz. 

Gör sənin Pərvərdigarın nə qədər pak və müqəddəsdir, Onun səltənəti və hökmranlığı necə də əzəmətlidir! Əgər Onun qoy Onun şəni ucalsın!—adları və sifətlərinin təzahürləri olan məxluqat və mövcudat onlara əta edilmiş məziyyətlə müəyyən bir məqamda yaxınlıq və uzaqlıq anlayışlarından yüksəkdə durursa, gör onları yaradanın Özünün Mahiyyəti nə qədər ucadır?...

Şairin: “Yar mənə məndən yaxındır; Qəribə burasıdır ki, mən Ondan uzağam”—beytini hansı məqsədlə yazdığı barədə düşün... Haqq buyurub ki, Mən insana onun şah damarından da yaxınam. Buna görə də şair deyir: baxmayaraq ki, Məhbubun təzahürü mənə şah damarımdan da yaxındır və mən də bu məqamı yəqin bilir, bu rütbəni təsdiq edirəm, bununla belə, mən Ondan uzağam. Yəni Rəhmanın qərar tutduğu yer və Rəbbin təzahür etdiyi taxt olan qəlb öz Yaradıcısının zikrindən qafildir və başqaları barədə düşünməklə məşğuldur, Ondan uzaq düşərək, dünyaya və onun çirkabına meyl edir.

Lakin bu da yadda saxlanmalıdır ki, Haqq özlüyündə yaxınlıq və uzaqlıq məfhumlarından yüksəkdə durur. O, bu məqamlardan ucadır və Onun bütün şeylərlə əlaqəsi dərəcə tanımır. Bəzilərinin yaxınlığı və ya uzaqlığı onların Məzhərlərin özlərinə münasibətdə yaxınlıq və uzaqlığı deməkdir.

Bu, aydın bir məsələdir ki, qəlb—Rəhmanın təzahür etdiyi taxtdır. Necə ki, keçmiş müqəddəs bəyanlarda bu məqamı nazil etmiş və o cümlədən buyurmuşuq: “Mən yerə və göyə sığmaram, lakin Mənə inanan və Mənim Əmrimə sədaqətli qalan bəndəmin qəlbinə sığaram”. Rəbbin zühur etdiyi yer və Rəhmanın nur saçdığı məkan olan qəlb bir çox hallarda o Nur Sahiblərindən və o təzahür Çeşmələrindən qafil olur. Bu cür qəflətdə olarkən, o, Haqdan uzaqdır və ona “uzaq” deyilməsi düzgündür. Haqqın Hüzurundan qafil olmadıqda isə qəlb Haqqa yaxınlaşır və ona “yaxın” adı yaraşır.

Buna da diqqət yetir ki, insan bir çox hallarda hətta özündən də qafil olur, lakin Haqq özünün hər şeyi əhatə edən elmi ilə daim onu xatırlayır, parlaq Cəlalının aşkar işığını həmişə onun üstünə saçır. Buna görə də O, təbii ki, ona onun özündən də yaxın olmuş və olacaqdır. Çünki O hər şeyi Bilən, hər şeyi Görən və hər şeyi Əhatə edəndir, fani insan isə yol azandır və özündə olan sirlərdən bixəbərdir...

Bütün şeylərin Allahın əlamətləri olması barədə sözlərimizdən belə təsəvvür yaranmasın ki, Allah eləməsin, xeyirxah və ya zalım, müşrik və ya mömin olmasından asılı olmayaraq, bütün insanların Allahın nəzərində məqamı birdir. Yaxud da İlahi Varlıq—Onun adı ucalsın və Şərəfi yüksəlsin—ilə məxluqat arasında birbaşa əlaqə və rabitə mövcuddur. Necə ki, bəzi cahillər öz yanlış xəyallarının səmasına ucaldıqdan sonra tövhidi belə mənalandırmışlar: bütün şeylər Haqqın əlamətləridirsə, deməli, onlar arasında heç bir fərq yoxdur. Bəziləri isə bundan da qabağa gedərək, əlamətləri Haqqa şərik etmiş və Ona bənzətmişlər. Sübhanallah! Həqiqətən, O təkdir və Vahiddir, O Öz Mahiyyətində yeganədir, öz sifətlərində yeganədir! Ondan başqaları nəinki Onun Özünün, hətta Onun adlarından birinin, Onun sifətlərindən birinin təzahürü qarşısında bir heçdir.

And olsun Rəhman adıma ki, Uca Qələm bu sözləri yazarkən iztirab keçirir və titrəyir. Allahın əbədi və sahilsiz Dəryasının dalğaları və ləpələri yanında bir damla nə qədər kiçik və əhəmiyyətsizdir?! Əzəli Varlığın yaradılmamış və deyilməmiş cəlalı qarşısında müvəqqəti və fani şeylər necə də heçdir?! Bu cür fikirlərə və sözlərə görə böyük Allah bizi bağışlasın. De: Ey insanlar, mövhumi şeylərin Qəyyumla nə əlaqəsi və məxluqatın Xaliqlə nə oxşarlığı ola bilər?! Axı bunlar Onun Qələminin təsiri ilə yaranmışlar və həmin təsirin özü də bütün şeylərdən müqəddəs, pak və ucadır.

Bu məqamdan keç və İlahi əlamətlərin bir-birinə münasibət məqamına diqqət yetir: Günəş ilahi əlamətlərdən biridir. Məgər onu zülmətlə bir məqamda görmək olarmı?! Haqq olan Allaha and olsun ki, yox! Qəlbini toz basanlardan və gözləri əyri görənlərdən başqa heç kəs bunu söyləməz. De: Özünüzə diqqət yetirin. Dırnağlarınız da, gözləriniz də sizə məxsusdur. Məgər onların hər ikisi sizin üçün eyni məqama və eyni dəyərəmi malikdir?! Əgər “Bəli!“ söylənilərsə, de: Şərəfli Rəbbinizə yalan danışırsınız, çünki bunlardan birincisini kəsib atır, ikincisini isə canınız kimi əziz tutursunuz.

Rütbə və məqamı aşmaq caiz deyil, səviyyələri ­gözləmək lazımdır, yəni hər bir şeyi öz məqamında görmək gərəkdir.

Bəli, mənim hər şeyə nüfuz edən Adımın Günəşi bütün şeylərə saçanda, hər bir şeydə təyin olunmuş miqdarda xüsusi bir təsir və fərqli bir məziyyət əmələ gəldi. Necə ki, məsələn, zəhər öldürücü bir şey olsa da, öz məqamında onun müsbət təsirə və faydaya malik olduğu müşahidə edilir. Şeylərdəki bu təsir gücü həmin mübarək Adın təsirindəndir. Pakdır adların və sifətlərin Xaliqi! Qocalmış və qurumuş ağacı oda atın və təzə-tər Ağacın kölgəsində məskən salıb onun meyvələrindən dadın.

İlahi Məzhərlərin zamanında insanların çoxu bu cür nalayiq sözlər söyləmişlər. Necə ki, ilahi Kitablarda və səmavi Səhifələrdə bütün bunlar təfsilatı ilə nazil olmuşdur.

Tövhid—bütün şeylərdə Əbədi Haqqın təzahürünün əlamətini görməkdir, xilqəti Xaliqə bərabər tutmaq deyil.

Məsələn, “Rəbb” adının günəşinin bütün şeylərdə nur saçmasına diqqət yetirin. Belə ki, bütün şeylərdə bu adın təzahürünün əlamətləri müşahidə edilir və hamının tərbiyəsi ondan asılıdır. Tərbiyə də iki cürdür. Biri bütün şeyləri əhatə edir, yəni Allah hamını tərbiyələndirir və ruzi verir. Buna görə də O, Özünü “Aləmlərin Rəbbi” adlandırmışdır. Digəri isə yalnız bu Adın kölgəsində bu əzəmətli zühura daxil olan kəslərə məxsusdur. Ondan kənarda qalan şəxslər isə bu məqamdan məhrum olmuş və bu Ən Böyük Adın mərhəmət səmasından nazil olan Birlik süfrəsindən uzaq düşmüşlər. O şəxslərlə bu şəxslər arasındakı uçurum necə də böyükdür? Əgər pərdə qaldırılarsa, bütün məxluqat, Allaha üz tutaraq Onun məhəbbəti naminə aləmdən əlini üzənlərin məqamlarını bütün parlaqlığı ilə görər və ildırım vurmuş kimi donub qalar.Tövhid əhli, deyildiyi kimi, bu iki tayfada həmin iki Adın təzahürünü müşahidə edər, çünki bu təzahür olmazsa, hər şey məhv olar.

Həmçinin “Vahid” Adının Günəşinin parıltısına diqqət yetir. O bütün şeylərə nur saçıb, yəni bütün şeylərdə Allahın birliyinin əlaməti özünü göstərir. Belə ki, bütün şeylər Haqdan söz açır, Onun hökmranlığına, Onun vahidliyinə və Onun qüdrətinə dəlalət edir. Bu təzahür—Onun mərhəmətidir ki, hər şeyi bürüyüb. Lakin müşriklər bu təzahürdən qafildirlər, buna görə də yaxınlıq və görüş hüququndan məhrum olmuşlar. Göründüyü kimi, bütün müxtəlif millətlər Onun vahidliyini təsdiq edir, Onun yeganəliyini etiraf edirlər. Əgər bu insanlarda Allahın vahidliyinin əlaməti olmasaydı, onlar heç vaxt mübarək: “Ondan başqa Allah yoxdur”—kəlamını qəbul etməzdilər. Bununla belə, onlar həqiqətdən necə də qafil və uzaqdırlar və Ali Məzhəri tanımadıqları üçün Allahın yanında tövhid əhlindən sayılmırlar. Müşriklərdə müşahidə olunan İlahi Varlığın təzahür əlaməti müəyyən mənada tovhid əhlinin saçdığı nurun inikasıdır. Bunu bəsirət sahiblərindən başqa kimsə anlamaz, Tövhid əhli isə bu Adın ilkin məzhərləridir. Məhz onlar İlahi əlin təklif etdiyi piyalədən İlahi Birlik şərabı içmiş və Allaha doğru üz tutmuşlar. Bu müqəddəs şəxslərlə o uzaq düşmüş kəslər arasındakı məsafə necə də böyükdür.

İnşaallah, sən iti gözlə baxıb bütün şeylərdə Əzəl Sultanının təzahürünün əlamətini müşahidə edərsən və o ən müqəddəs və ən pak Mahiyyətin bütün şeylərdən uca və üstün olduğunu görərsən. Allahın vahidliyinə və yeganəliyinə inamın əsası və cövhəri budur. “Allah vardı və Ondan başqa heç kim yox idi”. İndi də O necə vardısa, elədir. Ondan başqa Allah yoxdur. Odur Yeganə, Vahid, Qüdrətli, Ulu və Əzəmətli!

      

Seçmə 94

İNDİ DƏ SƏNİN iki Allahın mövcudluğuna dair sualların barədə. Çəkin, çəkin, Rəbbin olan Allaha şərik qoşma! O, əzəldən vahid, yeganə, bənzərsiz, dəyişməz, pak, əbədi, daimi və qəyyumdur. O, Mülk aləmində heç kəsi Özünə şərik tutmayıb, Onun vəziri, bənzəri, əvəzi və oxşarı yoxdur. Dünyanın bütün zərrələri buna şəhadət verir, eləcə də uca məkandakı nurlu üfüqdə olanlar və adları Ərşdə xatırlananlar bundan söz açırlar.

Allahın Özünün Özü üçün şəhadət verdiyinə sən də özlüyündə şəhadət ver ki, Ondan başqa Allah yoxdur, Ondan savayı hər şey Onun əmri ilə yaranıb, Onun izni ilə qurulub, Onun hökmünə tabedir, Onun şərəfli yeganəliyinin sübutları qarşısında bir heçdir, Onun şərəfli birliyinin təzahürləri önündə puçdur.

Həqiqətən, O əzəldən və həmişə Öz Mahiyyəti baxımından vahiddir, Öz sifətlərinə görə bənzərsizdir, öz əməlləri baxımından misilsizdir. “Oxşar” sözü yalnız Onun xəlq etdiklərinin vəsfində, “şərik” anlayışı yalnız Onun bəndələrinin təsvirində işlədilə bilər. Onun Özü isə xəlq etdiklərinin vəsfindən üstündür, çünki O, ucalıq zirvəsində və əlçatmazlıq yüksəkliyində təkdir. Aləmdəkilərin könül quşları, nə qədər yüksəyə uçsalar da, Onun tanınmaz Mahiyyətini tanımağın müqəddəs zirvəsinə doğru qalxa bilməzlər. O, məxluqatı yaratdı və onun əmrinin bircə kəlməsi ilə mövcudat meydana gəldi. Onun İradəsinin barmaqları ilə hərəkətə gələn Qələmdən süzülmüş bir kəlmə ilə yaranan şey Onun şəriki və mücəssəməsi ola bilərmi?! O elə ucadır ki, heç kəsin işarəsi ilə göstərilməz və heç kimin idrakı ilə dərk olunmaz. Ondan başqa hamı Onun qapısını kəsdirən yoxsuldur, Onun qüdrətinin təzahürü qarşısında acizdir, onun Səltənətində bir quldur. Onun isə aləmdəkilərə ehtiyacı yoxdur.

Abidlə Məbud, məxluqatla Xaliq arasında yaranan bəndəlik əlaqəsi Onun insanlara mərhəmətindən doğur, onların buna haqqı olmalarından irəli gəlmir. Bütün yəqinlik hasil edənlər və bəsirət sahibləri buna şəhadət verir.

      

Seçmə 95

SƏNİN PƏRVƏRDİGARININ VƏ aləm əhlinin Pərvərdigarının Kitabında nemətin tükənməz səviyyələri müəyyən olunub və həmişə də olacaq. İnsana bəxş edilmiş ilk və başlıca nemət ağıldır və ondan məqsəd Şərəfli Haqqı tanımaqdır. Bu bəxşiş insana hər şeyin həqiqətini anlamaq qüvvəsi verir, ona düzgün yol göstərir və bütün xilqətin sirlərini açmağa kömək edir. Rütbəcə ikinci nemət görmə qabiliyyətidir, çünki ağıl gözün şahidliyi vasitəsilə bilgi əldə edir. Eləcə də eşitmə, duyma və sair bu kimi nemətlər insan vücudunda görünür və müşahidə olunur. Ucadır, ucadır qadir Allah ki, bu qabiliyyətləri insan vücudunda xəlq etmiş və aşkara çıxarmışdır.

Onların hər birində Şərəfli Haqqın əzəmət, qüdrət, qüvvət və vüsətinin əlamətləri üzə çıxır və müşahidə olunur. Bütün bədəni bürüyən lamisə qüvvəsi barədə düşün. Eşitmə və görmə qabiliyyətlərinin müəyyən bir məkanı olduğu halda, lamisə qüvvəsinin məkanı bütün bədəndir. Onun əzəməti necə də yüksəkdir və səltənəti necə də böyükdür!

Bu deyilənlər insanın məqamına xasdır. Lakin bütün nemətlərdən ən üstünü, təbiətcə fənaya uğramayan və Allahın Özünə məxsus olan nemət İlahi Vəhy nemətidir. Xaliqin insana əta etdiyi hər bir nemət, bu istər maddi olsun, istərsə də ruhani, ondan doğur. Əslində ilkin Səmavi Süfrə O olub və O da olacaq. Allahın ən əzəmətli dəlili, Onun həqiqətinin ən güclü sübutu, Onun ən kamil nemətinin əlaməti, ən üstün mərhəmətinin nişanəsi, ən yüksək inayətinin sübutu və ən böyük fəzilətinin rəmzi odur. Bu Gün Onun Zühurunu qəbul edən hər bir kəs Allahın ən uca nemətinə nail olar.

Rəbbinin bu böyük kəramətinə şükr elə və de: Həmd olsun Sənə, ey ariflərin Məqsudu!

      

Seçmə 96

UCA QƏLƏM FASİLƏSİZ olaraq çağırır, lakin onu eşidən necə də azdır. Dünyanın müxtəlif bər-bəzəkləri Adlar səltənətinin sakinlərini özünə məşğul edib, halbuki görən və eşidən hər bir kəs onun faniliyinə şəhadət vermişdir və verir.

Bu əsrdə bütün yer əhli arasında yeni bir həyat çağlamaqdadır, lakin hələ heç kəs bunun səbəbini tapmayıb və hərəkətverici qüvvəsini anlamayıb. Görürük ki, Qərb əhalisi əslində heç bir faydası olmayan cılız bir şeydən yapışıb, özü də onun meydana çıxıb yüksəlməsi yolunda minlərlə canı qurban vermiş və verməkdədir. İran əhalisi isə sədası, ülviyyəti və əzəməti bütün aləmi bürümüş bu möhkəm və sarsılmaz Əmrin zühuruna baxmayaraq, ölgün və solğun bir haldadır.

Ey dostlar, sizə əta edilmiş məziyyətlərin qədrini bilin və sizin üçün müəyyən olunmuş uca məqama biganə olmayın. Çəkdiyiniz zəhmətləri onun-bunun mövhumi təsəvvürləri ilə hədər etməyin. İrfan səmasının ulduzları və sübh çağının nəsimləri sizsiniz. Hamının həyatının asılı olduğu axar sular sizsiniz. Kitabın hərfləri sizsiniz. Tam birlik və ittifaqla səy göstərin ki, Allahın Gününə yaraşan şeyə nail olasınız. Doğrusunu deyirəm: fəsad, çəkişmə və ağlın ikrah etdiyi şeylər insanın şəninə layiq olmamışdır və layiq deyildir. Bütün qüvvənizi Allahın Əmrinin təbliğinə sərf edin. Kim bu uca məqama layiqdirsə, özü bu işə başlasın, bunu edə bilməyən isə bütün binaların təməlini sarsıdan, dağları parçalayan və insanları mat qoyan bu Əmri yaymaqdan ötrü özünə bir vəkil tutsun. Əgər bu Günün məqamı aşkarlanarsa, insanlar onun bir anlıq cəlalından pay almaq üçün yüz min candan keçərlər, o ki qaldı bu dünya və onun fani sərvətləri ola.

Bütün işlərə hikmətlə yanaşın və ondan möhkəm yapışın. İnşaallah, hamınız Allahın istədiyini yerinə yetirər və Onun sevimlilərinin məqamını anlamağa nail olarsınız ki, Onun xidmətində dayanır və Ona tərif söyləyirlər. Onlara Allahın şərəfi, göylərdə və yerdə olanların şərəfi, yüksək behiştdə və uca cənnətdə olanların şərəfi nəsib olsun!

      

Seçmə 97

BƏZİ MÜŞRİKLƏRİN BU ölkənin insanlarına təlqin etdiyi şübhələrdən biri də budur ki, qızıl misə çevrilə bilərmi? De: And olsun Rəbbimə ki, bəli! Lakin onun elmi Bizim yanımızdadır. Biz kimə istəsək, yanımızdakı elmi öyrədərik. Kimin buna şübhəsi varsa, qoy Rəbbi olan Allahdan diləsin ki, bunu ona göstərsin və ona yəqinlik bəxş etsin. Əgər siz anlayansınızsa, bilin ki, misin qızıla çevrilməsi özlüyündə qızılın da misə çevrilməsi üçün kifayətedici bir sübutdur. Bütün filizlər çəki, görünüş və maddə baxımından bir-birinə çevrilə bilərlər, lakin onun elmi Bizim yanımızdakı Gizli Kitabdadır.

      

Seçmə 98

DE: EY ÜLƏMA tayfası! Allahın Kitabını öz yanınızda olan qaydalar və elmlərlə ölçməyin, çünki O, məxluqat arasında Haqqın tərəzisidir. İnsanların yanında olan şeylər bu böyük tərəzidə çəkilər, həm də onun çəki ölçüsü onun öz meyarı ilə yoxlanar—bunu bilin!

Mənim inayət gözüm sizin halınıza ağlayır, çünki siz gecə-gündüz, səhər-axşam çağırdığınız Kəsi tanımadınız. Ey insanlar, ağ üzlərlə və işıqlı könüllərlə o mübarək və qırmızı Məkana üz tutun ki, orada Sidrətül-Müntəha car çəkir: “Həqiqətən, Məndən—Qoruyan və Qəyyumdan başqa Allah yoxdur!”

Ey üləma tayfası! Sizlərdən kiminsə qüdrəti çatarmı ki, kəşf və irfan meydanında Mənə rəqib olsun, yaxud hikmət və bəyan səhnəsində Mənimlə yarışsın?! Mərhəmətli Rəbbimə and olsun ki, yox! Dünyada olanların hamısı fanidir, bu isə Qüdrətli və Sevimli Rəbbinizin üzüdür.

Ey insanlar, Biz elmləri bütün elmlərin Məqsədini tanımaqdan ötrü müəyyən etdik, siz isə onu bütün gizli işləri aşkara çıxaran Kəsin nuru qarşısında özünüz üçün bir pərdəyə çevirdiniz. Əgər siz bu bəyan günəşinin doğduğu üfüqü tanısaydınız, bütün insanlardan və onların malik olduqlarından əl çəkib bu mübarək cəlal Taxtına üz tutardınız.

De: Bu, elə bir səmadır ki, orada Ana Kitab saxlanılır—bunu anlayın. Bu, O Kəsdir ki, Onun sayəsində Qaya dilə gəldi və Sidrə mübarək torpaqda ucalan Tur dağında nida etdi: “Hökmranlıq—Hər şeyin Sahibi, Qüdrətli və Mehriban Allaha məxsusdur!”

Biz mədrəsələrə getməmişik və sizin yazdıqlarınızı oxumamışıq. Eşidin, bu Ümmi sizi Əbədi Allaha doğru dəvət edir. Əgər siz başa düşsəniz, bu sizə yer üzünün bütün xəzinələrindən xeyirlidir...

      

Seçmə 99

DÜNYANIN BÜTÜN BÖLGƏLƏRİNDƏ imanın gücü və bünövrəsi zəifləyib—Onun sağaldıcı dərmanından başqa heç nə onu bərpa edə bilməz. Allahsızlıq pası insan cəmiyyətini daxildən yeyir—Onun qüdrətli Vəhyinin İksirindən başqa nə onu təmizləyə və cana gətirə bilər? Ey Həkim, məgər insanda o qüdrət varmı ki, maddənin bölünməz və kiçik bir zərrəsinə elə bir təsir göstərsin ki, o xalis qızıla çevrilsin?! Belə bir dəyişmə çətin və müşkül görünür, amma şeytani qüvvəni səmavi gücə çevirmək bundan da çətindir ki, bu qüdrətə də ancaq Biz malikik. Belə bir dəyişiklik etməyə qadir olan Qüvvə İksirdən də böyükdür. Bu uca məqam və bu qüdrət isə yalnız Allah kəlamına məxsusdur.

 

Anchor 4
bottom of page