Ailə Həyatı
II. Valideyn-Uşaq Münasibətləri Və Məsuliyyətləri
Həzrət Bəhaullahın Yazılarından Çıxarışlar
39. VALİDEYNLƏRİN VACİB BORCUDUR ki, uşaqları imanda dəyanətli olmağı öyrətməklə böyütsünlər, səbəbi də budur ki, Allahın dinindən özünü uzaqlaşdıran uşaq elə hərəkət edəcək ki, öz valideynlərinin və Allahın rizasını qazanmayacaq. Çünki hər bir tərifəlayiq əməl din işığından doğar və bu ali nemətdən məhrum olan uşaq heç bir şərdən üz döndərməz, nə də ki, heç bir yaxşılığa yaxın getməz. (Ərəb və Fars dillərindən tərcümə olunmuş Lövhdən)
40. Və başqa bir Lövhdə bu uca sözlər nazil edilmişdir: “Ey Məhəmməd! Günlərin Qədimi üzünü sənin üzünə tərəf döndərib, səni xatırlayır və Allahın adamlarına öz uşaqlarını tərbiyə etməyi nəsihət edir. Əgər ata bu son dərəcə ağır hökmə etinasız olarsa, o, atalıq hüququndan məhrum olmalıdır və Allahın qarşısında günahkardan sayılmalıdır. Xoş o kəsin halına ki, Rəbbin nəsihətlərini ürəyinin səhifəsinə həkk edir və onlardan möhkəm yapışır. Allah, həqiqətdə, Öz bəndələrinə onlara kömək edən və fayda verən, onları Ona yaxınlaşdıran şeyləri hökm edir. Fərman Verən, Əbədi Odur. (Kitab`i-Əqdəs: Suallar və cavablar, nömrə 105)
41. İnsan həyatı ağacının ən layiqli meyvəsi etibarlılıq və möminlik, düzlük və səmimiyyətdir; lakin hamısından ən böyüyü, Allahın birliyini etiraf etdikdən sonra, Ona tərif və alqış olsun, insanın öz valideynlərinin haqqına hörmətdir. Bu təlim Allahın bütün Kitablarında xatırladılmışdır və Uca Qələm də onu təsdiq etmişdir. Rəhmli Rəbbin Quranda nazil etidiklərinə, ucalsın Onun sözləri, nəzər salın: “Allaha sitayş edin və Ona bənzərlik və şərik qoşmayın. Və valideynlərinizə mehribanlıq və xeyirxahlıq göstərin”. Baxın insanın valideyninə qayğı və məhəbbəti tək Haqqı tanımaqla necə bağlanmışdır! Xoşbəxt o kəslərdir ki, ona həqiqi hikmət və irfan əta edilmişdir, o kəs ki, görür və dərk edir, oxuyur və başa düşür, o kəs ki, Allahın keçmiş Müqəddəs Kitablarında və bu bənzərsiz və ecazkar Lövhdə nazil etdiyinə riayət edir”. (Kitab`i-Əqdəs, Suallar və cavablar, nömrə 106)
42. Şərəf Qələmi hər kəsə uşaqların təlim-tərbiyəsi və təhsilinə dair nəsihət edir. Allahın İradəsinin Bizim Məhbəs-Şəhərə yetişdiyimiz zaman nazil etdiklərinə və Ən Müqəddəs Kitabda yazılanlara baxın. Hər bir ataya vacib buyurulmuşdur ki, oğluna və qızına oxumaq və yazmaq öyrətsin və Müqəddəs Lövhdə nazil olanlar barədə onlara təlim versin. Ona əmr olunanı bir kənara qoyan kəs olduqda, əgər o zəngindirsə, Əminlər uşaqların təhsili üçün tələb olunanı ondan alsınlar, əks təqdirdə, məsələ Ədalət Evinə həvalə olunur. (Kitab`i-Əqdəsdən sonra nazil olmuş Lövhlər, (Vilmette: Baha`i Publishing Trust, 1988), səh 128)
43. Uşaqlar üçün birinci dərəcəli vacib, hər şeydən üstün olan şey onlara Allahın təkliyini və Onun qanunlarını öyrətməkdir. Zira bu olmadıqda, Allah qorxusu aşılana bilməz, və Allah qorxusu olmadıqda mənfur və iyrənc hərəkətlər törənəcək, bütün hədləri aşan fikirlər bəyan ediləcək...
Valideynlər hər cür səy qoymalıdırlar ki, öz övladlarını dindar böyütsünlər, zira uşaqlar bu ən böyük zinəti əldə etməsələr, öz valideynlərinə itaət etməyəcəklər ki, bu da müəyyən mənada o deməkdir ki, onlar Allaha itaət etməyəcəklər. Həqiqətən, belə uşaqlar heç kimi saymayacaq və istədikləri kimi hərəkət edəcəklər. (Ərəb və Fars dillərindən tərcümə olunmuş Lövhdən)
44. De, ey Mənim ümmətim! Valideynlərinizə ehtiram göstərin və onlara hörmət və izzət qoyun. Bu, Uca və Əzəmətli Rəbbinizin səxavət buludlarından xeyir-duaların sizin üzərinizə enməsinə səbəb olacaq. (Ərəb dilindən tərcümə olunmuş Lövhdən)
45. Bu ən əzəmətli Zühur Dövrünün fərqli cəhətlərindən biri odur ki, bu Vəhyin həqiqətini tanımış və qəbul etmiş, Onun Hökmdar Rəbb adının şərəfinə Tək Haqq Allahın məhəbbətinin möhürlənmiş qədəhindən nəfis şərabı içmiş kəslərin qohumlarına ölümlərindən sonra, əgər onlar zahirən inanan deyildirlərsə də, fəzl ilə əfv inayət ediləcək və onlar Onun mərhəmət dənizindən pay alacaqlar.
“Fəqət bu nemətə, yalnız nə Ali Həqiqət olan Kəsə, nə də Onun əhbablarına ziyan vurmamış kəslər layiq görüləcək. Səma Taxtının Sahibi, bu dünyanın və o biri dünyanın Hökmdarı tərəfindən belə əmr olunmuşdur”. (Ərəb və Fars dillərindən tərcünə olunmuş Lövhdən)
Həzrət Əbdül-Bəhanın Yazılarından Və Nitqlərindən Çıxarışlar
46. EY MƏNİM İKİ sevimli övladım! Sizin qovuşmağınızın xəbəri mənə çatan kimi, məndə hədsiz sevinc və şükranlıq hissi oyandı. Həmd olsun Allaha, o iki vəfalı quş bir yuvada sığınacaq tapmışlar. Mən Allaha yalvarıram ki, O, mötəbər bir ailə qurmaq üçün onlara yardım etsin, çünki nigahın vacibliyi bol xeyir-dua alan bir ailənin tərbiyə edilməsindədir, ta ki onlar tam şadlıqla, şam kimi, dünyanı işıqlandırsınlar. Çünki dünyanın işıqlanması insanın mövcud olmasından asılıdır. Əgər bu dünyada insan olmasaydı, dünya meyvəsiz ağac kimi olardı. Mən ümid edirəm ki, siz hər ikiniz hətta bir ağac kimi olacaq və inayət buludlarının yağışları ilə təravət və məlahət əldə edəcək, çiçəklənəcək və bəhrə verə biləcəksiniz, ta ki, sizin nəsliniz əbədiyyətə qədər yaşasın. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr. Paraqraf 88.1)
47. Əgər mürəbbi olmasaydı, bütün ruhlar vəhşi qalardılar və əgər müəllim olmasaydı, uşaqlar cahil qalardılar.
Məhz bu səbəbdən, bu yeni dövrdə, təlim və tərbiyə Allahın Kitabında könüllü deyil, hökmü vacib əməl kimi yazılmışdır. Yəni ata və ananın üzərinə bir vəzifə olaraq qoyulmuşdur ki, öz qızlarına və oğullarına təlim-tərbiyə vermək üçün əllərindən gələni etsinlər, onları bilik südü ilə bəsləsinlər, elm və sənət ağuşunda yetişdirsinlər. Əgər onlar bu məsələdə etinasız olsalar, güzəştsiz Allahın hüzurunda məsuliyyət daşıyacaq və töhmətə layiq olacaqlar. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr. Paraqraf 98.1və 98.2)
48. Siz uşaqlarda gözəl xasiyyət tərbiyə edilməsinə ən mühüm məsələ kimi baxmalısınız. Hər bir ata və ananın vəzifəsi budur ki, uşaqlarına daim və yorulmadan öyüd versinlər və onları əbədi şərəfə aparan şeylərə yönəltsinlər. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr. Paraqraf 108.1)
49. Qoy analar uşaqların tərbiyəsinə birinci dərəcəli əhəmiyyət kəsb edən məsələ kimi baxsınlar. Qoy onlar əllərindən gələni etsinlər, çünki budaq yaşıl və zərif olanda o sizin öyrəşdirdiyiniz istiqamətdə böyüyər. Ona görə də anaların borcudur ki, öz balalarını, bağban öz ağaclarını bəslədiyi kimi tərbiyə etsinlər. Qoy onlar gecə və gündüz çalışsınlar ki, öz uşaqlarında iman və yəqinlik, Allah xofu, aləmlərin Məhbubunun məhəbbətini və bütün yaxşı keyfiyyətləri və xüsusiyyətləri tərbiyə etsinlər. Hər vaxt ana öz uşağının yaxşı iş tutduğunu görsə, qoy o, uşağı tərifləsin və alqışlasın və onu həvəsləndirsin; əgər cüzi bir arzuolunmaz xüsusiyyət özünü göstərərsə, qoy ana uşağa öyüd-nəsihət versin və onu cəzalandırsın və bu zaman münasib vasitələrdən istifadə etsin, lazım gələrsə, bir az sözlə tənbeh də etsin. Lakin uşağı döymək və ya təhqir etmək qadağandır, çünki uşaq döyülərsə və ya alçaldılarsa, onun xasiyyəti tamamilə korlanar. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr. Paraqraf 95.2)
50. Körpə yaşlarından uşaqlarınızı ilahi fəzilət südü ilə qidalandırın, onları kamilliklər beşiyində bəsləyin və səmavi nemət qucağında böyüdün. Hər bir faydalı bilik sahəsindən onların bəhrələnməsi üçün imkan yaradın. Qoy onlar hər bir yeni, nadir və ecazkar sənət və incəsənət növünə yiyələnsinlər. Onları zəhmətə və çalışqanlığa öyrədin, çətinliklərə alışdıırn. Onlar elə tərbiyə edin ki, həyatlarını mühüm olan şeylərə həsr etsinlər və o peşəyə yiyələnsinlər ki, bəşəriyyətə fayda versin. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr. Paraqraf 102.3)
51. Əgər siz valideynlərinizə, onları, ümumiyyətlə, məmnun etmək məqsədilə mehribanlıq göstərsəniz və diqqət yetirsəniz, bu həm də Məni məmnun edər, çünki valideynlərə böyük ehtiram göstərilməlidir və onların razı qalması çox mühümdür, bir şərtlə ki, onlar nə sənə Qüdrətlinin Astanasına yetişməyə mane olsunlar, nə də ki, səni Mələkutun yolunda addımlamaqdan saxlasınlar. Həqiqətən, onlara yaraşan budur ki, səni bu istiqamətdə ruhlandırsınlar və həvəsləndirsinlər. (Fars dilindən tərcümə olunmuş Lövhdən)
52. Həmçinin ata və ana da öz uşaqları üçün böyük əziyyətlərə və çətinliklərə dözür və çox vaxt uşaq yetkinlik yaşına çatdıqda, valideynlər o biri dünyaya köçürlər. Bu nadir hallarda baş verir ki, ata və ana bu dünyada öz uşaqları xatirinə məruz qaldıqları əziyyətlərin və çəkdikləri qayğının mükafatını görsünlər. Ona görə də, uşaqlar bu əziyyət və qayğının müqabilində, xeyriyyəçilik etməli, şəfqət göstərməli, öz valideynlərinin bağışlanması və əfv olunması üçün dua etməlidirlər. Belə ki, siz də öz növbənizdə, atanızın sizə göstərdiyi məhəbbət və mehribanlıq üçün minnətdarlıq əlaməti olaraq onun xatiri üçün kasıba ehsan verməli, böyük təslimiyyət və itaətlə günahlarının bağışlanması və əfv edilməsi üçün yalvarmalı və ali mərhəmət rica etməlisiniz. (Bəzi suallara cavablar, Bakı 2005, səh.185)
53. Atanın oğul ilə və yaxud da oğulun ata ilə ticarət və kommersiya məsələlərinə dair məşvərət etməsi sualınızla bağlı; məşvərət Allah Qanununun təməl ünsürlərindən biridir. Belə məşvərət, istər ata ilə oğul arasında, istərsə də başqaları ilə, əlbəttə ki, məqbuldur. Bundan yaxşı heç nə yoxdur. İnsan bütün məsələlərdə məşvərət etməlidir, çünki bu onu hər bir müşkülün kökünə aparacaq və ona düzgün həlli tapmaqda yardım edəcək. (Fars dilindən tərcümə olunmuş Lövhdən)
54. Sən ey Əbdül-Bəhanın əzizi! Atana layiq oğul ol, o ağacın meyvəsi ol. Onun ruhundan və qəlbindən doğulmuş bir oğul ol, yalnız qanından və canından deyil. Əsl oğul odur ki, ruhən oğul olsun. Mən Allaha dua edirəm ki, sən həmişə dəyanətli və möhkəm qalasan. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr. Paraqraf 117.1)
55. Ata hər zaman çalışmalıdır ki, oğluna təlim-tərbiyə versin və onu səmavi təlimlərlə tanış etsin. O oğluna məsləhət verməli, hər vaxt ona nəsihət etməlidir, ona tərifəlayiq davranış və xasiyyət öyrətməli, məktəbdə təhsil almağa qabil etməli, faydalı və lazımlı sənət və elmləri öyrənməyə hazırlamalıdır. Qısası, qoy o, ona insan aləminin məziyyətlərini və kamilliklərini aşılasın. Hər şeydən daha vacib, o davamlı olaraq onu Allahı zikr etməyə çağırmalıdır ki, onun vuran venaları və arteriyaları Allaha məhəbbətlə döyünsün.
Oğul isə, digər tərəfdən, atasına son dərəcə itaət göstərməli, özünü itaətkar və müti bir xidmətçi kimi aparmalıdır. Gücə-gündüz o səylə çalışmalıdır ki, sevgili atasının rahatlığını və rifahını təmin etsin və onun razılığına nail olsun. O öz dincliyini və səfasını unutmalı, davamlı olaraq çalışmalıdır ki, atasının və anasının ürəyinə şadlıq gətirsin ki, bununla da o, Qüdrətli Allahın razılığına nail olsun və qeybin qoşunları tərəfindən yardım alsın. (Fars dilindən tərcümə olunmuş Lövhdən)
56. Müqəddəs Əmrin qorunmasını təmin edən tədbirlərdən biri uşaqların təlimidir və bu, bütün İlahi Təlimlərin ən əsas prinsiplərindən biridir. Beləliklə lap əvvəldən analar körpələrini yaxşı əxlaq beşiyində tərbiyə etməlidirlər ki,―zira məhz analar ilk tərbiyəçilərdir―uşaq yetkin yaşa çatdıqda bütün tərifəlayiq məziyyət və keyfiyyətlərə malik olduğu üzə çıxsın.
Və bundan əlavə, İlahi Təlimlərə uyğun olaraq, hər bir uşaq oxumağı və yazmağı öyrənməli, faydalı və lazımlı elm sahələrinə yiyələnməli, həmçinin, sənət və ya bacarıq əldə etməlidir. Bu məsələlərə ən yüksək səviyyədə diqqət verilməlidir; onlara etinasızlıq, bunları etməkdə qüsur yolverilməzdir.
Baxın, nə qədər həbsxanalar, istintaq və saxlama müəssisələri və işgəncə yerləri hazırlanıb ki, insan oğlunu qəbul etsin, bunların məqsədi cəza tədbirləri vasitəsilə onların müdhiş cinayətlər törətməsinin qarşısını almaqdır, halbuki bu işgəncə və cəzanın özü mənəviyyatsızlığı ancaq artırır və bu cür vasitələrlə arzu olunan məqsəd əldə olunmur.
Ona görə də insan hələ körpəlikdən elə tərbiyə olunmalıdır ki, o heç vaxt cinayət törətməsin, əksinə, bütün enerjisini mükəmməlliyə nail olmağa yönəltsin, hansısa bir şər əməli törətməyin özünə ən ağır cəza kimi baxsın, günah əməlin özünü hər hansı həbs hökmündən daha ağır hesab etsin. Zira fərdin elə tərbiyə edilməsi mümkündür ki, hərçənd tamamilə aradan qaldırılması mümkün olmasa da, cinayət çox azalmış olacaq, nadir hallarda baş verəcək.
Məna budur ki, insanlığın xasiyyətini tərbiyə etmək Allahın ən vacib hökmlərindən biridir və belə bir təlimin təsiri günəşin ağaca və meyvəyə göstərdiyi təsir kimidir. Uşaqlara çox diqqətlə nəzarət olunmalı, onlar qorunmalı və təlim almalıdırlar; əsl valideynlik borcu və valideynlik mərhəməti budur.
Əks təqdirdə uşaqlar çöldəki yabanı otlara çevriləcəklər, lənətlənəcək, Zəqqum ağacı olacaqlar, doğrunu yanlışdan ayıra, yüksək insani keyfiyyətləri alçaqlıq və hiylədən fərqləndirə bilməyəcəklər. Onlar lovğalıq və təkəbbür içində böyüyəcək və Bağışlayıcı Rəbbin nifrətinə düçar olacaqlar.
Ona görə də Səmavi məhəbbət bağçasında böyüməkdə olan hər bir uşaq son dərəcə qayğı və təlim tələb edir. (Ərəb və Fars dillərindən tərcünə olunmuş Lövhdən)
Həzrət Şövqi Əfəndinin Adından Yazılmış Məktublardan Çıxarışlar
57. BU ƏLBƏTTƏ, ÇOX heyfsiləndirici haldır ki, valideynlər və uşaqlar nigah kimi bəzi ciddi məsələlərdə ixtilafdadırlar, lakin ən yaxşısı budur ki, bir-birinin fikri pislənməsin və bu məsələ gərgin ortamda müzakirə olunmasın, bəlkə dostcasına bir yolla həll edilsin.
Həzrət Bəhaullah aydın deyir ki, nigah qeydiyyata alınmazdan əvvəl valideynlərin razılığı alınmalıdır və bunun, şübhəsiz, böyük hikməti vardır. Bu, ən azı, gənc insanları məsələni hərtərəfli araşdırmadan evlənməkdən saxlayacaqdır. Bu, Əmrin bu təlimi ilə uyğundur ki, Həzrət Şövqi Əfəndi teleqram vurmuşdur, valideynlərinizin razılığı mütləq alınmalıdır. (İki inanana ünvanlanmış 29 may 2009-cu il tarixli məktubdan)
58. Mühafiz də çox şad olmuşdur ki, sizə uşaq kimi bir nemət əta olunmuşdur ki, onun varlığı, o əminliklə hiss edir ki, sizin hətta ikinizin rifahına və xoşbəxtliyinə və sizin bəhai ailə həyatınızın daha da zənginləşməsinə öz töhfəsini verəcək. O dua edəcək ki, sizin mehriban qayğınız və rəhbərliyiniz altında bu əziz körpə həm cismən, həm də ruhən böyüsün və elə bir təlim-tərbiyə alsın ki, sonralar onu Əmri bütün qəlbi ilə qəbul etməyə və ona xidmət etməyə qabil etsin. Bu, həqiqətən, bir bəhai valideyni kimi sizin ən müqəddəs vəzifənizdir və sizin də ailə həyatınızın müvəffəqiyyəti və xoşbəxtliyi heç şübhəsiz, bunun həyata keçmə tərzindən və dərəcəsindən asılı olacaq. (Fərdi inanana yazılmış 21 iyul 1938-ci il tarixli məktubdan)
59. Sizin qənaət edib yığdığınız vəsaitlə bağlı, Mühafiz sizə məsləhət görərdi ki, mötədilliyi gözləməklə hərəkət edəsiniz və o, Əmrə sizin səxavətlə ianə vermək arzunuzu dəstəkləməklə yanaşı, sizi təkidlə dəvət edir ki, sizin də təsdiq etdiyiniz kimi, sizin maliyyə dəstəyinizə ehtiyacı olan valideynləriniz qarşısında olan vəzifə və məsuliyyətlərinizi də nəzərə alasınız. (Fərdi inanana yazılmış 10 noyabr 1939-ci il tarixli məktubdan)
60. Bəhai uşağı tərbiyə edib böyütmək vəzifəsi, Bəhai Yazılarında dəfələrlə vurğulandığı kimi, ananın əsas məsuliyyətidir; onun, həqiqətən, unikal imtiyazı evində elə bir şərait yaratmaqdır ki, bu, həm maddi, həm də ruhani rifaha və inkişafa ən yaxşı şəkildə kömək etsin. Uşağın anasından aldığı birinci tərbiyə onun gələcək inkişafının ən möhkəm təməlini təşkil edir və buna görə də, sizin həyat yoldaşınızın (arvadınızın) birinci dərəcəli vəzifəsi budur ki, indidən çalışsın, yenicə doğulmuş uşağına elə ruhani təlim versin ki, onu sonradan Bəhai həyatının bütün məsuliyyətlərini və vəzifələrini tamlıqla üzərinə götürməyə və lazımi qaydada yerinə yetirməyə qabil etsin. (Fərdi inanana yazılmış 16 noyabr 1939-ci il tarixli məktubdan)
61. Uşaqların təlimi ilə bağlı suala dair: Həzrət Bəhaullahın və Həzrət Əbdül-Bəhanın uşaqları hələ balaca ikən valideynlərinin onlara təlim verməsinin zəruriyyətini vurğulaması işığında, bu daha məqbuldur ki, onlar ilk təlim-tərbiyəni evdə analarından alsınlar, nəinki körpələr evinə göndərilsinlər. Lakin şərait bəhai ananı məcbur etsə ki, o uşaqları körpələr evinə göndərsin, buna heç bir etiraz yoxdur. (Fərdi inanana yazılmış 13 noyabr 1940-cı il tarixli məktubdan)
62. Valideynlərdən biri qeyri-bəhai olduqda uşaqların təlim-tərbiyəsi yalnız valideynlərə aid olan məsələdir və onlar bu haqda yaxşı hesab etdikləri və öz ailələrində birliyin qorunub saxlanması və uşaqların gələcək rifahı üçün ən əlverişli olanı qərar verməlidirlər. Lakin uşaq həddi-buluğa çatanda, onun valideynlərinin arzu və istəklərindən asılı olmayaraq, ona öz dinini seçməkdə tam azadlıq verilməlidir. (Milli Ruhani Məhfilə yazılmış 14 dekabr 1940-cı il tarixli məktubdan)
63. Ailə bağları nə qədər dərin olsa da biz həmişə yadda saxlamalıyıq ki, ruhani bağlar ondan da dərindir; onlar əbədidir və ölümdən sonra da qalır, o zaman ki, fiziki bağlar ruhani tellərlə dəstəklənməsə, ancaq bu həyatla məhdudlaşır. Siz dua və nümunə ilə gücünüz çatan hər şeyi etməlisiniz ki, ailənizin gözünü Əmrə açasınız, amma onların əməllərinə görə çox da kədərlənmə. Səninlə birlikdə Mələkutun işığında yaşayan bəhai qardaş və bacılarına üz tut.
Doğrudan da, inananlar ehtiyac olanda güc və təskinlik üçün bir-birinə olan məhəbbətdən istifadə etməyi hələ tam öyrənməyiblər. Allahın Əmrinə nəhəng güc əta edilmişdir və inananların bundan daha çox faydalanmamasının səbəbi budur ki, Əmrin yaratdığı məhəbbət, güc və harmoniya qüvvələrindən tam istifadə etməyi onlar öyrənməyiblər. (Fərdi inanana yazılmış 8 may 1942-ci il tarixli məktubdan)
64. Mühacirliyin (pioner getməyin) valideynlərin razılığı ilə şərtləndirilməsi və onlar tərəfindən buna uyğun hərəkət etməyin zəruriyyəti barədə Mühafizin bəyanatı ilə bağlı siz soruşmusunuz ki, bu qayda eyni dərəcədə həm yetkinlik yaşına çatmış və həm də çatmamış uşaqlara da aid edilirmi? Mühafizin cavabı budur ki, bu qayda ancaq yetkinlik yaşına çatmamış uşaqlara aiddir. (Milli Ruhani Məhfilə yazılmış 18 yanvar 1943-cü il tarixli, fars dilindən tərcümə edilmiş məktubdan)
65. Bəhai nigahı üçün sağ olan valideynlərin razılığının tələb olunmasını Həzrət Bəhaullah aydın şəkildə buyurmuşdur. Bu, valideynlərin bəhai və ya qeyri-bəhai, uzun illər boşanmış olmalarından asılı olmayaraq tətbiq edilir. Bu böyük qanunu O, sosial quruluşu gücləndirmək, ailə bağlarını sıx möhkəmlətmək, uşaqların ürəklərində onlara həyat verən və onların ruhunu Yaradana tərəf əbədi səyahatə göndərən valideynlərinə qarşı hörmət və ehtiram yaratmaq üçün vermişdir. Biz bəhailər başa düşməliyik ki, müasir cəmiyyətdə tam əks proses gedir; gənclər öz valideynlərinin arzularına getdikcə az məhəl qoyurlar, boşanmaya təbii haqq kimi baxılır və bu, ən tutarsız, ən əsassız və ən rəzil bəhanələrlə əldə edilir. Bir-birindən ayrılmış insanlar, xüsusilə, onlardan biri uşaqlar üzərində tam qəyyumluq hüququna malik olanda, həmin uşaqların dünyaya gəlməsində bir valideyn kimi məsul olan öz nigah partnyorlarının vacibliyini kiçiltməyə çalışırlar. Bəhailər Bəhai qanunlarına və təlimlərinə ciddi əməl edərək ailə həyatını və ailə münasibətlərinin gözəlliyini belə sürətlə dağıdan, cəmiyyətin mənəvi binasını dağıdan bu aşındırıcı qüvvələrə qarşı mübarizə aparmalıdırlar. (Milli Ruhani Məhfilə yazılmış 25 oktyabr 1947-ci il tarixli məktubdan)
66. Uşaqlar on beş yaşına qədər valideynlərinin rəhbərliyi altındadırlar. On beş yaşında onlar valideynlərinin bəhai və ya qeyri-bəhai olmasından asılı olmayaraq, bir inanc kimi Əmrə imanlarını elan edə və bəhai gənci kimi qeydiyyata alına bilərlər. Bəhai valideynlərin yaşı on beşdən aşağı uşaqları bəhailər kimi, görüşlərdə iştirak edə və dostlarla ünsiyyət edə bilərlər. Əgər qeyri-bahai valideynlər yaşı on beşdən aşağı olan uşaqlarına bəhai yığıncaqlarında iştirak etməyə, faktiki olaraq bəhai olmalarına icazə verirlərsə, buna da icazə verilir. (Milli Ruhani Məhfilə yazılmış 23 iyul 1954-cü il tarixli məktubdan)
67. Əgər sizin valideynlərinizin səhhəti elədir ki, sizin onların yanında olmanız, doğrudan da, lazımdır, onda siz onları tərk etməməlisiniz. Lakin əgər onların qayğısına qala biləcək başqa bir qohum varsa, onda siz də işləyə və Əmrin orada sağlam təməl üzərində qurulmasında dostlara kömək edə bilərdiniz. (Fərdi inanana yazılmış 28 oktyabr 1955-ci il tarixli məktubdan)
Ümumdünya Ədalət Evi Tərəfindən Çıxarışlar
68. ÜMUMDÜNYA ƏDALƏT EVİ sizin 23 iyun 1977-ci il tarixli, uşaqlarınızın Əmrin fəal müdafiəçiləri və tərəfdarları kimi böyüməsinin sizin və ərinizin ən atəşli arzunuz olmasını ifadə edən məktubunuzu almışdır və siz soruşursunuz ki, Bəhai valideynlərin mühacirlik meydanında məsuliyyətlərini nəzərə alaraq, valideynlərinin Əmrə xidmət öhdəlikləri nəticəsində uşaqların çəkdikləri əziyyyətlər necəsə kompensasiya olunacaqmı. Ümumdünya Ədalə Evi tərəfindən xahiş edilmişdir ki, aşağıdakı məqamları sizə çatdıraq.
Bu problemə baxarkən ailənin birliyi gerçəkliyini və onların fəaliyyətlərində uşaqların rolunu nəzərdə saxlamaq vacibdir.
Bu başa düşülməlidir ki, erkən yaşlarından uşaq şüurlu və düşünən bir varlıqdır, ailənin onun qarşısında öz məsuliyəti olan bir üzvüdür və bir çox yollarla Əmrə özünün fədakarlıqlarını edə bilər. Bunun uşaqlara hiss etdirilməsi məsləhət görülür ki, onlara valideynlərinin göstərə bildiyi xidmətlərlə bağlı qərarların qəbul edilməsində iştirak etmək imtiyazı və fürsəti verilir və beləliklə, onların öz həyatlarına təsir edəcək nəticələr doğuran o xidmətləri qəbul etmək barədə özləri şüurlu qərar verirlər. Doğrudan da, uşaqlar bunu başa düşməyə yönəldilə bilərlər ki, bu, onların valideynlərinin atəşli arzusudur ki, uşaqlarının bütün ürəkləri ilə dəstəklədikləri bu cür xidmətlərin altına girsinlər. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 23 avqust 1977-ci il tarixli məktubdan)
69. Ümumdünya Ədalət Evi sizin 19 fevral 1982-ci il tarixdə göndərilmiş, uşaqlarınızı düzgün yola yönəltmək və Camali Mübarəkin Əmrinin möhkəm ardıcılları kimi onları yetişdirmək məsuliyyətlərinizi yerinə yetirmək kimi atəşli arzunuzu ifadə edən məktubunuzu almışdır. Bizdən aşağıdakı məqamları sizə çatdırmaq xahiş edilmişdir:
Ədalət Evi sədaqətli bəhai valideynlərin ailələrindən olan uşaqların Əmri tərk etmələri ilə bağlı sizin narahatlığınızı bölüşür. Təəssüf, belə hallar olub ki, valideynlər uşaqlarına və ailənin birliyinə zərər verərək Əmrə xidmət ediblər.
Yazılarda valideynlərin öz uşaqlarına verməli olduqları rəhbərliklər barədə çoxlu işarələr vardır. Bəlkə də siz Bəhai təlim-tərbiyəsi haqqında məcmuəni oxumusunuz...
Bu məcmuədə ailə birliyinin vacibliyinə istinad edən çoxlu yazılar vardır. Əgər uşaqlar xoşbəxt və birlik içində olan, fikirlərin və əməllərin ruhani məsələlərə, Əmrin tərəqqisinə yönəldiyi ailələrdə böyümüşlərsə, buna inanmaq üçün hər cür əsas var ki, onlar səmavi keyfiyyətlər əldə edəcək və Onun Əmrinin müdafiəçiləri olacaqlar.
Ümidvarıq ki, yuxarıda deyilənlər sizə yardımçı olacaq və bir daha inam verəcək, analıq vəzifələrinə sevinc və inamla yanaşmağa kömək edəcək. Bir çox digər fəaliyyət sahələrində olduğu kimi, valideynlikdə də biz ancaq əlimizdən gələni edə bilərik, onun da fərqində olmalıyıq ki, ola bilsin, can atdığmız mükəmməl meyarlardan qaçılmaz olaraq geri də qalaq, lakin bunda inamlı olmalıyıq ki, Onun Əmri yolunda çalışanlara Allah yardım edəcək, bizim dualarımıza cavab verəcək və qüsurlarımızı gücə çevirəcək. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 26 mart 1982-ci il tarixli məktubdan)
70. Ümumdünya Ədalət Evi sizin 14 sentyabr 1982-ci il tarixli, 19 Gün Ziyafətləri və Bəhai Müqəddəs Günlərinin qeyd edildiyi icma yığıncaqlarında Yerli Ruhani Məhfillərin uşaqlar üçün davaranış meyarları ilə əlaqədar valideynləri və uşaqları yönəltməkdə rolu ilə bağlı məktubunuzu almışdır.
Ədalət Evi bizi təlimatlandırmışdır ki, bunları deyək: uşaqlara təlim verilməlidir ki, onlar Camali Mübarəkin ardıcıllarının yığıncaqlarının ruhani əhəmiyyətini başa düşsünlər və hansı zahiri formada keçirilməsindən asılı olmayaraq onlarda iştirak etmək şərəfini və lütfünü qiymətləndirsinlər. Belə aydın olur ki, bəzi bəhai tədbirləri uzun olur və çox balaca uşaqlar üçün belə uzun müddət sakit qalmaq çətindir. Ruhani Məhfil həmçinin icmanın tədbiri zamanı ayrıca bir otaqda uşaqlar üçün də onların qabiliyyətinə uyğun tədbir təşkil etməklə valideynlərə kömək edə bilər. Böyüklərin hamısının iştirak etdiyi bu cür tədbirlər artan yetkinliyin bir əlaməti olur və yaxşı davranışla fərqlilik qazanılır.
İstənilən halda, Ədalət Evi göstərir ki, valideynlər uşaqları üçün məsuldurlar və Bəhai görüşlərində iştirak edəndə onların özlərini yaxşı aparmalarını təmin etməlidirlər. Əgər uşaqlar narahatlıq yaratmaqda davam edirlərsə, onda yığıncaqdan çıxarılmalıdırlar. Bu sadəcə Bəhai yığıncaqlarının lazımi qaydada, layiqli bir şəkildə keçirilməsini təmin etmək üçün deyil, həmçinin uşaqları nəzakətlilik, başqalar;na hörmət, ehtiram və valideynlərə itaətdə tərbiyə etməyin bir cəhətidir. (Ümumdünya Ədalət Evinin adından bir Milli Ruhani Məhfilə yazılmış, 14 oktyabr 1982-ci il tarixli məktubdan)
71. Həzrət Əbdül-Bəhanın sizin məktubunuzda istinad etdiyiniz bəyanında ifadə olunmuş məqamların Yazılarda heç bir müfəssəl izahatı tapılmamışdır; bəyan onun çıxarıldığı Lövhün ümumi kontekstində başa düşülməlidir. Bu, gələcəkdə həyatın çətinliklərinin öhdəsindən gəlmək və tarazlı, mütərəqqi cəmiyyətin normalarını saxlamağa öz töhfələrini vermək üçün gənclərin erkən yaşlarından hazırlanmasının zəruri şərtlərini nəzərə çatdırır və bu şərtlərə lazımi diqqət yetirilmədiyi təqdirdə təbii olaraq gözlənilən ciddi nəticələrə diqqəti çəkir. Tamamilə Həzrət Bəhaullahın gətirdiyi qanun və hökmlərlə idarə olunan cəmiyyətdə bu şərtlərin maksimum səmərə verəcəyi çərçivəni başa düşmək daha asan olacaq.
Bunu qeyd etmək lazımdır ki, Həzrət Əbdül-Bəhanın bəyanı, başqalarının etdiyi cəhdlərə aiddir. Bu, fərdin özünün öyrənməsi və xasiyytini cilalaması üçün etdiyi səylərə istinad etmir. Xoşbəxtlikdən, bizim müqəddəs yazılarda Allahın mərhəmət payı barədə təkrar-təkrar verilən vədlər vardır ki, azmış ruhlar ona yetişər və Əmrin qəhrəmanlarının, həmçinin, sadə insanların həyatından da bizdə sübutlar var ki, insanın imanının gücü onun davranışını necə dəyişir. Bildiyiniz kimi, Məzhərin gəlişindən əsas məqsəd fərdlərin xasiyyətini dəyişmək və bununla da, bütöv cəmiyyəti islah etməkdir; beləliklə O, bu cür geniş fəyişikliklərin baş verməsinə səbəb olan qanunlar və hökmlər verir; ideal nəticə tədricən fərdi mübarizə, sınaq, səhv və hər şeydən öncə, Allaha möhkəm imanla əldə edilir. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 4 iyun 1984-cü il tarixli məktubdan)
72. Ananın evdən kənarda işləməsinə aid sizin sualınıza gəldikdə, buna bəhai ailəsi konsepsiyası perspektivindən baxmaq kömək edərdi. Bu konsepsiya o prinsipə əsaslanır ki, ailənin maliyyə təminatında əsas məsuliyyət kişinindir, ana isə uşaqların əsas və birinci tərbiyəçisidir. Lakin bu heç də onu nəzərdə tutmur ki, bu funksiyalar dəyişməz olaraq təsbit edilmişdir və konkret ailə şəraitinə cavab vermək üçün dəyişilə və ya uyğunlaşdırıla bilməz, nə də bu o demək deyil ki, qadının yeri evlə məhdudlaşdırılır. Əksinə, ilkin məsuliyyət müəyyən edilmişkən, bu da gözlənilir ki, atalar da uşaqların tərbiyəsində əhəmiyyətli rol oynaya bilər və qadınlar da ailənin dolandırılmasına kömək edə bilər. Sizin də düzgün qeyd etdiyiniz kimi, Həzrət Əbdül-Bəha qadınları təşviq edirdi ki, onlar “dünyanın işlərində tam və bərabərliklə iştirak etsinlər”.
Sizin xüsusi sorğunuzla əlaqədar olaraq, ananın evdən kənardakı işə verəcəyi vaxt barədə qərar ailə daxilindəki zaman-zaman fərqlənən şəraitdən asılıdır. Ailə məşvərəti cavab tapmaqda kömək edər.
Gələcəkdə peşəkar təlim kursları daha da çevikmi olacaq sualnıza dair, Ədalət Evi göstərir ki, gələcək şərtlər özü belə məsələləri diktə edəcək. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 9 avqust 1984-cü il tarixli məktubdan)
73. Sizin istinad etdiyiniz axtaran, belə görünür ki, uşaqların təlim-tərbiyəsi barədə valideynlərin məsuliyyəti barədə Bəhai təlimlərini düzgün şərh etməyib. Atanın, mütləq, oynadığı rol çox böyükdür. Kitab`i-Əqdəsin özündə Həzrət Bəhaullah buyurub: Hər bir ataya vacib buyrulmuşdur ki, oğluna və qızına oxumağı və yazmağı və Müqəddəs Lövhdə təsbit olunanların hamısını öyrətsin... Öz oğlunu və ya başqasının oğlunu böyüdən kəs sanki Mənim oğlumu böyütmüşdür; Mənim şərəfim, Mənim inayətim, Mənim bütün dünyanı saran mərhəmətim onun üzərinə olsun.
Ananın oynadığı rola verilən böyük əhəmiyyət onun uşağın ilk tərbiyəçisi olması faktından irəli gəlir. Onun münasibəti, onun duaları, hətta onun nə yeməsi və fiziki halı belə uşaq hələ anasının bətnində olanda ona böyük təsir göstərir. Uşaq doğulanda onun üçün yaradılmış südü Allah məhz anaya vermişdir və bu nəzərdə tutulur ki, mümkünsə, ilk günlərdə və aylarda o uşaqla olmalıdır ki, onu tərbiyə etsin və bəsləsin. Bu o demək deyil ki, ata uşağını sevmir, onun üçün dua oxumur və ya onun qayğısına qalmır, ailəni dolandırmaq onun əsas məsuliyyəti olduğundan, adətən, uşaqla olmaq vaxtı məhduddur, ana isə bu sürətli formalaşma vaxtında, o zaman ki, o həyatında nə zamansa ola biləcəyindən daha sürətlə böyüdüyü və inkişaf etdiyi bir vaxtda uşaqla yaxından ünsiyyətdə olur. Uşaq böyüdükcə və getdikcə daha çox sərbəst olduqca, onun anası və atası ilə qohumluq münasibəti dəyişir və ata çox böyük rol oynaya bilər.
Axtarana bunu vurğulamaq faydalı olardı ki, kişi və qadının bərabərliyi prinsipi təlimlərdə aydın şəkildə göstərilib və müəyyən sahələrdə onlar arasında funksiya müxtəlifliyinin olması faktı bu prinsipi inkar etmir. (Ümumdünya Ədalət Evinin adından iki inanana yazılmış 23 avqust 1984-cü il tarixli məktubdan)
74. Ədalət Evi çox qadınların tək analar kimi uşaqlarını böyütmək və onları saxlamaq kimi bütün məsuliyyətləri öz üzərlərinə götürərək çəkdikləri əziyyətləri tam etiraf edir. Bəhai dininin məqsədi insan cəmiyyətinin bütün təməlində köklü dəyişikliklərə təsir göstərməkdir ki, bu, bəşəriyyətin ruhaniləşdirilməsini, insani münasibətlərdə birliyə nail olunmasını və kişilərin və qadınların bərabərliyi kimi həyativacib prinsiplərin qəbul edilməsini ehtiva edir; bunun nəticəsində ailələrin stabilliyi yüksələcək və nigahların dağılmasını çoxaldan şərtlərdə kəskin azalma olacaq. Bu məqsədə sürətlə çatmaq üçün, bəhai icması bunun müvəffəqiyyəti üçün zəruri olan ruhani qüvvələri cəzb etməkdə davam etməlidir; bu, Bəhai təlimlərində yazılmış prinsiplərə o inamla ciddi riayət etməyi tələb edir ki, bu təlimlərin arxasında olan hikmət tədricən bəşəriyyətə aşkar olacaq. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 11 yanvar 1988-ci il tarixli məktubdan)
75. Sizin qaldırdığınız məsələlərə ailə münasibətlərinə dair Bəhai təlimlərinin işığında daha yaxşı baxıla bilər. Valideynlərlə uşaqlar arasında qarşılıqlı hörmət və ehtiram ruhu olmalıdır ki, bu, uşaqların məsləhət və rəhbərlik üçün valideynlərinə üz tutduqları, valideynlərin isə öz övladlarını tərbiyə etdikləri və yetişdirdikləri bir ruhdur. Bu münasibətin bəhrəsi odur ki, uşaqlar cilalanmış ayırd etmə və mühakimə qabiliyyyətləri ilə yetkinlik həyatına daxil olurlar və beləliklə, onların rifahına daha çox köməkçi olan bir tərzdə həyatda istiqamət götürürlər.
Bu qarşılıqlı hörmət çərçivəsində, övladları son nəticədə evliliyə gətirib çıxara biləcək dostluq münasibətləri yaradanda valideynlərdən müdriklik və ehtiyatlılıq göstərmələri tələb olunur. Onlar hansı vəziyyətdə məsləhət verilməsini və hansı şəraitdə onların müdaxiləsinin əngəl kimi anlaşıla biləcəyini diqqətlə nəzərdən keçirməlidirlər.
Öz tərəflərindən, övladlar anlamalıdırlar ki, valideynləri onların ancaq rifahını istəyir və valideynlərin nöqteyi-nəzəri ona hörmətlə yanaşmağı və diqqətlə baxmağı haqq edir.
Bildiyiniz kimi, nigah tərəfinin ilkin seçimi birbaşa evlənən adamlar tərəfindən edilir, sonra isə sağ olan bütün valideynlərin razılığı istənilir və nigahın baş tutması üçün tələb olunur. İnsan münasibətlərinin bütün başqa cəhətlərində olduğu kimi, bu məsələdə də, anlaşılmazlıqların həll edilməsində və Bəhai təlimlərinin işığında ən yaxşı davranış tərzini aydınlaşdırmaqda məşvərət böyük dəyərə malikdir. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 25 iyul 1988-ci il tarixli məktubdan)
76. Hərçənd ki, uşaqların böyüməsində anaların rolu, doğrudan da çox böyükdür, biz hesab edirik ki, Yazıların bu sahədə ataların üzərinə qoyduğu məsuliyyətlərin vacibliyini azaltmamaq çox vacibdir. İndi belə bir meyl var ki, atalar uşaqların təlim-tərbiyəsini haqq qazanıldırmayacaq dərəcədə analara buraxırlar və biz belə bir təəssürat yaranmasını istəmirik ki, Bəhai təlimləri belə bir münasibəti təsdiq edir. (Ümumdünya Ədalət Evinin 28 fevral 1989-cu il tarixli memorandumundan)
77. Əmrin təbliği, şübhəsiz, bütün əməllərdən ən üstünü və təriflisidir və təbliği və mühacirliyi (pionerliyi) birləşdirəndə dostlar ikiqat xeyir-dua alırlar. Ailənin ehtiyaclarını ödəmək də yüksək dərəcədə ruhani vacibliyə malikdir və Əmrə hansısa konkret formada xidmət etmək xatirinə ailənin inkişafına məhəl qoymamaq yolverilməzdir. Həm Əmri təbliğ etmək və həm də ailənin ehtiyaclarını ödəmək Allaha xidmət nöqteyi nəzərindən yüksək tutulmalıdır, lakin ailənin hansısa xüsusi bir vəziyyəti bunların hər ikisinə yanaşılma dərəcəsini müəyyən edir. Bu qaçılmazdır ki, pionerlərin uşaqları valideynləri kənar bir yerə gedəndə onların fədakarlıqlarını paylaşmağa çağrılırlar, necə ki, Həzrət Bəhaullahın və Həzrət Əbdül-Bəhanın uşaqları bunu etmişdilər. Lakin bu unudulmamalıdır ki, uşaqlar da pionerliyin xeyir-duasını və mükafatını alırlar. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 8 fevral 1990-cı il tarixli məktubdan)
78. Siz uşaqlarla rəftara aid bir neçə sual qaldırmışsınız. Bəhai Yazılarından bu aydındır ki, uşaqların təlim-tərbiyəsinin vacib elementlərindən biri intizamın tətbiq edilməsidir. Həzrət Şövqi Əfəndi onun adından uşaqların təlim-tərbiyəsi haqqında məktubda bildirir ki: Hər hansı növ intizam, istər fiziki, əxlaqi və ya intellektual olsun, doğrudan da, çox zəruridir və əgər bu element nəzərə alınmazsa, heç bir təlimin tamam və ya səmərəli olduğunu demək olmaz. Uşaq doğulanda kamillikdən çox uzaq olur. O nəinki köməksizdir, əslində, qeyri-mükəmməldir və hətta təbii olaraq şərə meyllidir. O təlim almalıdır, təbii meylləri tarazlaşdırılmalı, nizamlanmalı və nəzarətdə saxlanmalıdır və lazım gələrsə, bu meyllərin qarşısı alınmalı və ya tənzimlənməlidir ki, onun sağlam fiziki və əxlaqi inkişafı təmin edilmiş olsun. Bəhai valideynlər uşaqlara sadəcə müqavimət göstərməmək yanaşmasını qəbul edə bilməzlər, xüsusən, də o uşaqlara münasibətdə ki, onlar təbiətən nadinc və dəlisovdurlar.
Hətta bu da kifayət deyil ki, velideynlər onlar üçün dua oxusunlar. Bəlkə, onlar çalışmalıdırlar ki, taktla, yumşaqlıq və səbrlə, onların gənc beyninə bu cür əxlaqi davranış prinsiplərini təlqin etsinlər və elə bir nəzakət və mehriban qayğı ilə Əmrin prinsipləri və təlimləri ilə tanış etsinlər ki, onlar “Allahın həqiqi oğulları” və Onun Mələkutunun sədaqətli və ziyalı vətəndaşları olsunlar...
Uşaqların fiziki intizamlılığı onların təlim və tərbiyəsinin münasib bir hissəsi olsa da, belə tədbirlər, dünyanım bəzi yerlərində olduğu kimi, uşaqların döyülməsi və təhqir edilməsi ilə müşayiət olunan qəzəb və zorakılıqdan uzaq olmaqla, “yumşaqlıq və səbrlə” və “mehriban qayğı” ilə həyata keçirilməlidir. Uşaqlarla belə ikrahoyadıcı tərzdə rəftar, onların insan haqlarının inkar edilməsi və Bəhai icmasında zəifin güclüyə olan etibarına xəyanətdir.
İnsan əxlaqının, uşaqların seksual istismarı və ya təhqir olunmasından da betər iyrənc korlanmasını təsəvvür etmək çətindir, hansı ki, özünün ən rəzil formasını inçestdə1 tapır. Bəşəriyyətin taleyində, o zaman ki, Mühafizin sözləri ilə deyilsə, “insan təbiətinin pozulması, insan əxlaqının deqradasiyası, insan institutlarının pozğunluğu və çürüməsi özünü ən pis və ən iyrənc cəhətləri ilə göstərir” və o zaman ki, “insanda vicdanın səsi susub”, “ədəb, abır və həya hissləri tutqunlaşıb,” Bəhai təsisatları onların himayəsinə əmanət edilmiş uşaqların qorunması öhdəliklərində güzəştsiz, səbatlı və ayıq olmalı, imkan verməməlidirlər ki, nə təhdidlər, nə də şəraitə uyğun hərəkətə çağırışlar onları öz vəzifələrini yerinə yetirməkdən döndərsin. Valideyn, nigah partnyorunun uşağı seksual yöndən təhqir etməsini bildikdə susmamalı, Ruhani Məhfilin, lazım gələrsə, hökumət orqanlarının köməyilə bütün zərurui addımları atmalı, bu son dərəcə qeyri-əxlaqi davranışa son verilməsinə nail olmalı, bərpa və müalicə tədbirləri görməlidir.
Həzrət Bəhaullah uşaqlara münasibətdə valideynlərin daşıdıqları vəzifələri çox güclü vurğulayıb. O uşaqları çağırıb ki, ürəklərində valideynlərinə qarşı minnətdarlıq hissi yaşatsınlar və Allahın Özünü məmnun etmək vasitəsi kimi çalışıb onların razılığını qazansınlar. Lakin O buyurub ki, müəyyən şəraitdə, valideynlər etdikləri əməlin nəticəsi olaraq, valideynlik hüququndan məhrum edilə bilərlər. Ümumdünya Ədalət Evi bu barədə qanun çıxarmaq səlahiyyətinə malikdir. Ədalət Evi indiki zamanda qərara gəlib ki, valideynlərin evlənməyə razılıq verməsi kimi belə hüquqlara layiq olmadıqlarını ortalığa çıxaran bu cür məsələlər ona yönəldilsin. Bu cür suallar, məsələn, valideyn inçest törətdikdə, ya mayalanma təcavüz nəticəsində olduqda və ya valideyn bilərəkdən uşağı seksual istismardan qorumadıqda meydana çıxa bilər. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 24 yanvar 1993-cü il tarixli məktubdan)
79. Baxmayaraq ki, bəhai uşaqları valideynlərinin dinini avtomatik (qeyri-iradi) olaraq qəbul etmirlər, amma valideynlər uşaqlarının böyüdülməsi və rifahı üçün məsuldurlar. Buna görə də Bəhai valideynlər elə ilk vaxtlardan uşaqlarda Allah haqqında anlayış və Ona məhəbbət yaratmalı, çalışmalıdırlar ki, onları Həzrət Bəhaullahın nəsihətlərinə, əmrlərinə və qanunlarına bütün ürəkləri ilə itaət etməyə yönəltsinlər. Bunların arasında bütün Məzhərlərin tanınması və Onlara məhəbbət, bütün dinlərin ardıcılları ilə ünsiyyət, bütün insan varlıqlarına dostcasına münasibət və həqiqətin müstəqil axtarışı kimi məsələlər vardır. Ona görə də, bəhai uşaqlarının bəhai hesab olunması təbiidir, lakin o vaxt bunun əksini söyləmək olar ki, buna bir səbəb olsun.
Belə bir bilik və anlayış təməli ilə daha aydın fikirləşməsi və yetkinlik yaşına çatdıqda və ya böyüdükdə hansı istiqaməti seçməsi barədə özü qərar verməsi üçün uşaq daha yaxşı hazırlıqlı olacaq. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 24 yanvar 1993-cü il tarixli məktubdan)
80. Müqədəs Yazılarda ailə birliyinin vacibliyini, uşaqların valideynləri və valideynlərin də uşaqları qarşısında böyük məsuliyyətlərini vurğulayan çox sayda parçalar vardır. Bu mənada, bəhailər doğrudan da valideynlərinə itaət etməyə çağırılırlar...
Bununla belə, Əmrin ən vacib prinsiplərindən biri hər şeydə mötədillik prinsipidir. Hətta məziyyətlər belə, əgər onlar ifrata çatdırılarsa və başqa, tamamlayıcı məziyyətlərlə tarazlaşdırılmazsa, olmazın ziyan vura bilər. Məsələn, uşaqdan gözləmək olmaz ki, valideynin günah etməmək haqqında göstərişinə əməl etməsin. Bundan əlavə, belə bir təhlükə də var ki, hər hansı bir qanun ayrıca, onun əsasında duran təməl prinsipdən və ya başqa qanunlardan təcrid edilmiş halda həddən artıq böyüdülsün. Həzrət Əbdül-Bəha tərəfindən izah edildiyi kimi, ailənin birliyi son dərəcə vacibdir, lakin ailənin hər bir üzvünün hüquqları ilə tarazlaşdırılmalıdır.
Həzrət Bəhaullahın təlimlərinə uyğun olaraq, bəşəriyyətin hüceyrəsi olan ailə müqəddəslik qanunları ilə tərbiyə edilməlidir. Ailədə bütün məziyyətlər tərbiyə olunmalıdır. Ailə bağlarının bütövlüyü və toxunulmazlığı daima nəzərdə saxlanmalı və fərdi üzvlərin hüquqları tapdalanmamalıdır. Oğulun, atanın, ananın―heç birinin hüququ tapdalanmamalıdır, onlardan heç biri özbaşına olmamalıdır. Oğulun ata qarşısında öhdəliyi olduğu kimi, atanın da oğul qarşısında öhdəliyi vardır. Ananın, bacının və digər ailə üzvlərinin müəyyən müstəsna hüquqları vardır. Bütün bu hüquqlar və müstəsna səlahiyyətlər qorunmaqla yanaşı, ailənin də birliyi saxlanmalıdır. Bir nəfərin ziyanı hamının ziyanı, bir nəfərin rahatlığı hamının rahatlığı, bir nəfərin şərəfi hamının şərəfi deməkdir. (Ümumi Sülhün bəyanı: Həzrət Əbdül-Bəhanın 1912-ci ildə ABŞ və Kanadaya səfəri zamanı söylədiyi nitqindən. İkinci nəşr (Vilmette: Baha`i Publishing Trust. 1982), səh 168).
Valideynlərə itaət etmək tələbini başa düşməyə və buna yanaşmağa təsir edən başqa bir təməl prinsip hər şeydə məşvərət etmək barədə nəsihətdir. Həzrət Əbdül-Bəhanın sözlərinə görə, məşvərət əslində, “Allahın Qanununun təməl ünsürlərindən biridir”. Əgər məşvərət vasitəsilə uşaq və valideyn bir-birlərinin baxışları barədə anlayışlarını dərinləşdirsələr, fikir və məqsəd birliyinə nail olsalar, onda itaət üstündəki konfliktlərdən qaçmaq olar.
Bir tərəfdən valideynə itaət, digər tərəfdən isə özünüifadə, azadlıq və ruhani inkişaf arasındakı münasibət barədə sizin müzakirələrinizlə bağlı, Ədalət Evi sizin nəzərinizə alternativ bir baxış təklif edir. Hərçənd fərd öz hərəkətlərinə və ruhani inkişafına özü cavabdehdir, lakin fərdlər təcrid olunmuş halda yaşamırlar, onlar ailənin və ya icmanın bir üzvüdürlər. Valideynlərinə, ya Əmrin təsisatlarına, ya hökumət orqanlarına və ya o məsələ üzrə qanuna ehtiram olaraq şəxsi arzularından imtina etmək azad iradənin ifadəsidir, onun məhdudlaşdırılması deyil. İtaət etməyi seçməklə uşaq ailənin birliyinə töhfə vermiş olur və bununla da Allahın Əmrini irəlilədir. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 27 sentyabr 1997-ci il tarixli məktubdan)
81. Bizim uşaqlarımız ruhani cəhətdən bəslənməli və Əmrin həyatına daxil olmalıdırlar. Onlar əxlaqi təhlükələrlə bu qədər dolu olan dünyada tərk edilməməlidirlər ki, sovrulub getsinlər. Cəmiyyətin hazırkı vəziyyətində uşaqları qəddar tale gözləyir. Ölkələrdə bir-birinin ardınca milyonlarla insan sosial dislokasiyaya məruz qalmışlar. Uşaqlar istər zəngin, istərsə də yoxsul şəraitlərdə yaşasınlar―valideynlərindən və digər yaşlılardan özlərini uzaqlaşdırılmış, tərk edilmiş hiss edirlər. Bu yadlaşmanın kökü, insanların ürəyini dünyanın hər yerində qəsb edən allahsızlığın kökündə duran materializmdən doğan məncillikdədir. Bizim dövrümüzdə uşaqların sosial dislokasiyası süqut etməkdə olan cəmiyyətin aydın əlamətidir; bu şərait heç də hansısa irq, sinfə, millət və ya iqtisadi şəraitlə məhdudlaşmır, bu onların hamsını kəsib keçir. Bizim ürəyimizə kədər gətirən bir şey budur ki, dünyanın bir çox yerlərində uşaqlar əsgərliyə aparılır, işçi kimi istismar olunur, virtual kölə kimi satılır, fahişəliyə məcbur edilir, pornoqrafiya obyektinə çevrilir, öz arzularının dalınca qaçan valideynlər tərəfindən atılır, saymaqla qurtarmayan qurban formalarına məruz qalırlar. Bu cür dəhşətlərin çoxu uşaqların öz valideynləri tərəfindən onların başına gətirilir. Ruhani və psixoloji zərəri qiymətləndirmək mümkün deyil. Bizim ümumdünya icmamız da bu şəraitin nəticələrindən qaça bilməz. Bu gerçəkliyin başa düşülməsi bizim hamımızı uşaqların və gələcəyin naminə təxirəsalınmaz və davamlı səylərə sövq edir...
Uşaqlar icmanın malik ola bildiyi ən qiymətli sərvətdir, çünki gələcəyin vədi və təminatı onlarladır. Onlar gələcək cəmiyyətin xaraketinin toxumlarını özlərində daşıyırlar, o cəmiyyət ki, icmanı təşkil edən böyüklərin uşaqlara münasibətdə etdiklərindən və edə bilmədiklərindən formalaşır. Onlar icmanın əmanətidir ki, onlara etinasızlıq cəzasız qala bilməz. Uşaqlara hərtərəfli məhəbbət, onlarla rəftar tərzi, onlara verilən diqqətin keyfiyyəti, böyüklərin onlara münasibət ruhu―bütün bunlar tələb olunan münasibətin ən vacib cəhətləridir. Məhəbbət intizam, uşaqları çətinliyə alışdırmağı, onların şıltaqlıqlarına göz yummamağı, onları ancaq özbaşlarına buraxmamağı tələb edir. Elə bir mühit yaradılıb saxlanmalıdır ki, uşaqlar icmaya mənsub olduqlarını hiss etsinlər və onun məqsədlərini bölüşsünlər. Onlar mehribanlıqla, lakin təkidlə Bəhai meyarlarına doğru yönəldilməli, Əmri öyrənməli və şəraitlərinə uyğun təbliğ etməlidirlər...
İndi isə biz uşaqlarını böyütmək üçün əsas məsuliyyət daşıyan valideynlərə bir neçə söz demək istərdik. Biz onları çağırırıq ki, uşaqlarının ruhani tərbiyəsinə davamlı fikir versinlər. Bəzi valideynlər düşünürlər ki, bu, müstəsna olaraq, icmanın məsuliyyətidir. Başqaları fikirləşirlər ki, uşaqların həqiqəti axtarmaq müstəqillyini saxlamaq üçün Əmr onlara öyrədilməməlidir. Bir başqaları da belə bir işi üzərlərinə götürmək üçün özlərini qeyri-uyğun hesab edirlər. Bunların heç biri düz deyil. Sevgili Əbdül-Bəha buyurub ki, “bu ataya və anaya bir vəzifə kimi hökm olunmuşdur ki, hər cür səy qoysunlar ki, qızlarına və oğullarına təlim versinlər” və əlavə edir ki, “əgər onlar bu məsələyə etinasız olsalar, güzəştsiz Allahın hüzurunda məsuliyyət daşıyacaq və töhmətə layiq olacaqlar”. Təhsil səviyyəsindən asılı olmayaraq. Valideynlər uşaqlarının ruhani inişafını formalaşdırmaqda ən məsul mövqedə dururlar. Onlar heç vaxt öz uşaqlarının əxlaqi xasiyyətini formalaşdırmaqda öz qabiliyətlərini olduğundan az qiymətləndirməməlidirlər. Çünki onlar şüurlu olaraq Allaha məhəbbətlə, Onun qanunlarına riayət etməyə çalışmaqla, Əmrə xidmət etmək ruhu ilə, fanatik olmamaları və qeybətin aşındırıcı təsirindən azad olmaları ilə yaratdıqları ev mühiti vasitəsilə lazım olan təsiri göstərirlər. Camal`i-Mübarəkin hər bir inananı özlərini elə aparmağa məsuldurlar ki, Təlimlərin belə yüksək dəyər verdiyi valideynlərə təbii itaəti aydın göstərsinlər. Əlbəttə, evdə qoyulan səylərə əlavə olaraq, valideynlər icmanın təşkil etdiyi bəhai uşaq dərslərini dəstəkləməlidirlər. Bunu da yadda saxlamaq lazımdır ki, uşaqlar elə bir dünyada yaşayırlar ki, qəddar gerçəklikləri onlara yuxarıda təsvir olunan dəhşətlər vasitəsilə birbaşa yaşamaqla və ya kütləvi informasiya vasitələrinin sel kimi axan məlumatları ilə çatdırır. Onların çoxu vaxtından əvvəl böyüməyə məcbur olurlar və bunların da arasında elələri var ki, öz həyatlarını yönəltmək üçün meyarlar və intizam axtarırlar. Tənəzzül edən cəmiyyətin bu tutqun fonu qarşısında bəhai uşaqları gözəl gələcəyin nişanələri kimi parlamalıdırlar. (Ümumdünya Ədalət Evinin dünya Bəhailərinə Rizvan 2000 müraciətindən)