top of page
Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4

Ailə Həyatı

III. Ailə Həyatının Keyfiyyətcə Yaxşılaşdırılması

 


Həzrət Bəhaullahın Yazılarından Seçmələr
82. MÜBARƏKDİR O EV ki, Mənim inayətimə nail olub, harada ki, Mənim zikrim ucalıb, Mənim tərifimi ucaldan, Mənim fəzlimin ipindən möhkəm yapışan və Mənim ayələrimi səsləndirməklə şərəflənən dostlarımın hüzuru ilə nəcibləşib. Onlar, həqiqətən, Allahın Qəyyumül-Əsmada və digər Yazılarda təriflədiyi uca bəndələrdir. Həqiqətən, O hər şeyi Eşidən, Cavab Verən və hər şeyi Dərk Edəndir.  (Ərəb dilindən tərcmə edilmiş Lövhdən)


83. Alicənablığın(mərdliyin) əvvəli insanın öz var-dövlətini özünə, ailəsinə və Din yoldaşları arasındakı yoxsullara xərcləməsidir.


Zənginliyin cövhəri Mənə olan Məhəbbətdir; Məni sevən kəs hər şeyə malikdir, Məni sevməyən isə, həqiqətən, yoxsul və möhtacdır. Cəlal və Əzəmət Barmağının nazil etdiyi budur.  (Həzrət Bəhaullahın Kitab-i-Əqdəsdən sonra nazil olmuş Lövhləri, (Vilmette; Bahai Publishing Trust, 1988), səh 156)


84. Heç bir şübhə ola bilməz ki, Ən Cəlallı Qələmdən nə nazil olmuşsa, istər hökmlər, istərsə də qadağalar olsun, inananların özlərinə fayda gətirir. Məsələn, bu hökmlərdən biri Hüququllah hökmüdür. Əgər insanlar Hüquq ödəmək imtiyazına nail ola bilirlərsə, Haqq Allah―Onun şərəfi ucalsın―onlara mütləq xeyir-bərəkət ehsan edəcək. Bundan əlavə, bu Hüququ ödəmə ona və övladlarına öz əmlaklarından faydalanmalarına kömək edəcək. Sənin də müşahidə etdiyin kimi, insanların sərvətinin böyük hissələri əllərindən çıxır, Allahın etdiyi kimi, onlara yadlar, ya da yadların onlardan yaxşı olduğu varislər əl qoyur.


Allahın son hikməti hər hansı təsvirdən və ya uyğun zikrdən uzaqdır. Həqiqətən, insanlar öz gözləri ilə görürlər, amma danırlar, onlar agahdırlar, amma özlərini elə aparırlar ki, guya bilmirlər. Onlar Allahın əmrlərinə riayət etmiş olsaydılar, onda həm bu dünyanın, həm də o biri dünyanın xeyrinə çatardılar.  (Ərəb və Fars dillərindən tərcümə olunmuş Lövhdən)

Həzrət Əbdül-Bəhanın Yazılarından Və Nitqlərindən Çıxarışlar
85. MƏN ALLAHDAN DİLƏYİRƏM ki, O, Öz fəzli ilə sənin evini ilahi hidayət nurunun və Allah Kəlamının yayıldığı və hər zaman məhəbbət alovunun Onun vəfalı bəndələrinin və kənizlərinin qəlblərində yandırıldığı ocağa çevirsin. Bunu yəqin bil ki, Allahın Adının mədhi naminə Əbha Səltənətinə tərif sədalarının ucaldıldığı ev, həqiqətən səmavi bir evdir və Allahın Cənnətində ləzzət bağlarından biridir.  (Ərəb dilindən tərcümə olunmuş Lövhdən)


86. Əgər bir ailədə məhəbbət və razılıq zahir olarsa, o ailə inkişaf edəcək, nurlu və ruhani olacaqdır; lakin orada ədavət və nifrət olarsa, dağılma və yıxılma qaçılmazdır.  (Ümumi Sülhün bəyanı: Həzrət Əbdül-Bəhanın 1912-ci ildə ABŞ və Kanadaya səfəri zamanı söylədiyi nitqindən. İkinci nəşr (Vilmette: Baha`i Publishing Trust. 1982), səh 144-145)


87. Dünya millətlərini bir ailənin üzvləri ilə müqayisə et. Ailə kiçicik bir millətdir. Sadəcə olaraq ailənin dairəsini genişləndir və sən millət alacaqsan. Millətin dairəsini genişləndir və sən bütün bəşəriyyəti alacaqsan. Ailəni əhatə edən şəraitlər milləti əhatə edir. Ailədə baş verənlər millətin həyatında baş verir. Əgər bir ailənin üzvləri arasında ixtilaf yaranarsa, onlar bir-birilə dava edərlərsə, bir-birini soyarlarsa, bir-birini qısqanarlarsa və bir-birindən inciklik üzündən intiqam alarlarsa və öz xeyrlərini güdərlərsə, bu ailə inkişaf və tərəqqi edə bilərmi? Xeyr, bu, tərəqqi və inkişafın məhvinə səbəb olardı. Millətlərin böyük ailəsində də belədir, çünki millətlər ailələr toplusudur. Ona görə də, ədavət və ixtilaf ailəni dağıtdığı və onun tərəqqisinə mane olduğu kimi, millətləri də dağıdır və onların inkişafına mane olur.  (Ümumi Sülhün bəyanı: Həzrət Əbdül-Bəhanın 1912-ci ildə ABŞ və Kanadaya səfəri zamanı söylədiyi nitqindən. səh 157)


88. Bütün dostlarınız və qohumlarınızla, hətta yadlarla son dərəcə məhəbbət və mehribanlıqla rəftar edin.  (Fars dilindən tərcümə olunmuş Lövhdən)


89. Özünü bədbəxt hiss etmə; kədər burulğanı keçib gedər; qəm-qüssə əbədi deyil; məyusluq yox olar; Allaha məhəbbət atəşi alovlandırılar və kədər və ümidsizliyin tikan və qanqalı yandırılar! Şad ol; Bəhanın lütflərinə arxayın ol ki, qeyri-müəyyənlik və tərəddüd yox olsun və görünməz yağmurlar varlıq meydanına yağsın!..


Əgər dostlar və qohumlar özlərini səndən uzaq tutarlarsa, qəm yemə, zira Allah sənə yaxındır. Bacardığın qədər qohumlar və yadlarla ünsiyyət et; mehribanlıq göstər; son dərəcə səbr və təmənnasızlıqla qarşıla; Onlar sənə qarşı çıxdıqca, sən onlara ədalət və insaf yağdır; onlar sənə nifrət və müxalifət göstərdikcə, sən onlara böyük düzlük, dostluq və barışıqla meydan oxu.  (Həzrət Əbdül-Bəha Abbasın Lövhləri, (Nyu-York: Bahai Publishing Committee), III cild, səh. 557 və 558)


90. Ey Allahın yolu ilə gedən menriban qardaşlar! Ona şükrlər edin ki, siz həm fiziki, həm də ruhani qardaşlığı birləşdirmisiniz, sizin batininiz zahiriniz kimi olub və sizin zahiri varlığınız batini gerçəkliyinizi əks etdirir. Bu qardaşlığın şirinliyi qəlbə nəşə gətirir, bu yaxınlığın ətri ürəyi sevindirir. Şükranlıq edən quşlar kimi, Allahı tərif edin ki, siz öz yuvanızı Onun bağında qurmusunuz. Və beləcə siz, bundan sonra da Mərhəmət Sahibinin Əbha Mələkutundakı qızılgül bağında ilahi Sidrə ağacının budaqları üzərində yuva tapacaqsınız. Zira siz hidayət çəmənliyinin quşları və kəramət çardağının bülbüllərisiniz. Bu necə heyrətamiz bir fəzl, necə böyük bir bəxşişdir! Elə isə belə bol fəzl və parlaq nailiyyət üçün Allaha şükrlər edin.  (Fars dilindən tərcümə edilmiş Lövhdən)


91. Mələkutun müjdələrini insanların qulaqlarına çatdırın, Allahın sözünü hər yana və hər tərəfə yayın. Rəbbin nəsihətlərinə uyğun hərəkət edin: yəni elə bir tərzdə, elə keyfiyyətlərə meydana çıxın ki, bu dünyanın cisminə canlı ruh verəsiniz və bu balaca uşağı, bəşəriyyəti yetkinliyə çatdırasınız. Hələ ki, imkanınız var, Hər bir görüşdə məhəbbət çırağı yandırın və nəvazişlə hər bir ürəyi sevindirin və ruhlandırın. Öz yaxın adamınız kimi, yadın qayğısına qalın; özgələrə sədaqətli dostlarınıza göstərdiyiniz kimi mehribanlıq göstərin. Əgər kimsə sizinlə savaşmaq istəyirsə, siz onunla dost olun; kimsə ürəyinizə yara vursa, siz onun yaralarına şəfaverici məlhəm olun; kimsə sizə rişxənd etsə və ələ salsa, onu məhəbbətlə qarşılayın. Kimsə sizə tənə vursa, onu tərif edin; o sizə ölümcü zəhər versə, əvəzində nəfis bal verin. O sizin həyatınızı təhdid etsə, onu həmişəlik sağaldan dərman verin. Əgər onun özü ağrı olsa, siz onun dərmanı olun; əgər o tikan olsa, siz qızılgül və zərif bitki olun. Bəlkə sizin belə hərəkətləriniz və sözlərinizlə bu qaranlıq dünya nəhayət ki, işıqlana; bu torpaq dünyası səmavi aləmə çevrilə, bu şeytani zindan Rəbbin sarayına çevrilə―ta ki, müharibə və ədavətə son qoyula və bunlar daha olmaya, məhəbbət və birlik öz çadırlarını dünyanın ən uca zirvələrində qura.  (Həzrət Əbdül-Bəha Abbasın Lövhləri, cild III, səh. 503-504)


92. Hər bir qeyri-kamil ruh xudbindir və ancaq öz xeyrini düşünür. Lakin onun düşüncə dairəsi bir az genişlənəndə o ailəsinni rifahı və rahatlığı üçün düşünür. Onun fikri bir az da genişlənəndə, onun düşüncələrini həmvətənlərinin firavanlığı məşğul edir və bir qədər də bu dairə genşlənəndə, o öz ölkəsi və xalqının şan-şöhrəti barədə düşünməyə başlayır. Lakin onun fikirləri və baxışı ən yüksək səviyyədə genişlik əldə edəndə və kamilllik dərəcəsinə yetişəndə, o bəşərin yüksəlməsi və rifahı ilə maraqlanır. Ona o bütün xalqların xeyirxahı olur, bütün ölkələrin rifahı və çiçəklənməsinə can yandırır. Kamilliyin göstəricisi budur.  (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr, paraqraf 34.2)


93. Ya Rəbb! Bu Ən Əzəmətli Zühurda sən uşaqların öz valideyinləri üçün şəfaətini qəbul edirsən. Bu zühurun xüsusi və sonsuz baxşişlərindən biri budur. Ona görə də, Ey mehriban Rəbbim, bu bəndənin Sənin təklik astananda xahişini qəbul eylə və onun atasını Sənin fəzl dəryana qərq eylə, çünki bu oğul Sənə xidmət etmək üçün qalxıb və Sənin məhəbbətin yolunda davamlı səy göstərməkdədir. Həqiqətən, Sən Verici, Bağışlayan və Mehribansan.  (Bəhai duaları, Bakı 2004, səh.31)
 
94. Ey Mərhəmətlinin kənizləri! Camali-Qədimə şükrlər edin ki, siz bu əsrlərin ən əzəmətlisində, bütün dövrlərin ən nurlusunda böyümüş və bir araya gətirilmisiniz. Belə bir nemətə yaraşan minnətdarlıq kimi, Əhddə etibarlı və möhkəm dayanın, Allahın göstərişlərinə və müqədəs Qanuna itaət edərək uşaqlarınızı körpəlikdən hərtərəfli təlim-tərbiyə südü ilə bəsləyin və onları elə böyüdün ki, həyatlarının ilk günlərindən, ürəklərinin lap dərinliyində, təbiətlərinin lap mahiyyətində, elə bir həyat tərzi kök salsın ki, hər şeydə ilahi Təlimlərə uyğun olsun.


Zira analar ilk tərbiyəçilər, ilk mürəbbilərdir və həqiqətən, məhz analardır ki, öz uşaqlarının xoşbəxtliyini, gələcəklərinin parlaqlığını, onların nəzakətliliyini, öyrənmələrini və mühakimə qabiliyyətlərini, anlayış və inamlarını müəyyən edirlər.  (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr, paraqraf 96.1 və 96.2)


95. Sən ey Allahın məhəbbət çardağında yenicə çiçəkləmiş kəs! Ona həmd-səna eylə ki, sən Onun sevimli kəslərinin nəslindənsən, Onun məhəbbət qoynunda bəslənmisən və Onun irfan ağuşunda böyüməkdəsən. Bu mənim hərarətli arzumdur ki, sən ananın və atanın ümidini doğruldasan, onların ən səmimi arzularının bağında sərv ucalığında olasan, onların qeyrət ağacının şirin və lətif meyvəsi olasan, Allahın Sözünə xidmət edəsən və Onun Əmrinə şan və şöhrət gətirəsən.  (Fars dilindən tərcümə edilmiş Lövhdən)

Həzrət Şövqi Əfəndinin Adından Yazılmış Məktublardan Çıxarışlar
96. HƏQİQİ BƏHAİ EVİ əsl qaladır ki, Əmr öz kampaniyalarını planlaşdırarkən ona arxalana bilər. Əgər və bir-birilərini sevirlərsə və evlənmək istəyirlərsə, Həzrət Şövqi Əfəndi istəmir ki, bununla onlar özlərini xidmət imtiyazından məhrum etdiklərini düşünsünlər. Əslində, belə birlik onların xidmət imkanını artıracaq. Gənc bəhailərin evlənməsindən və Həzrət Bəhaullahın arzu etdiyi həqiqi Bəhai ailəsinin əsasını qoymalarından daha gözəl bir şey yoxdur.  (Fərdi inanana yazılmış 6 noyabr 1932-ci il tarixli məktubdan)


97. Sizin ailə çətinliklərinizi, narahatlıqlarınızı və əzab-əziyyətlərinizi öyrənəndə o dərindən narahat oldu və istərdi ki, siz ruhdan düşməyəsiniz, Qüdrətlinin qüsursuz hidayət və köməyində səbirli və inamlı olasınız. Bizim hamımızın bu həyatda xırda maddi əngəllərimiz olur. Biz onlardan tamamilə canımızı qurtara bilmərik. Bunlardan qurtarmaq üçün hər şeyi etdikdən sonra ən yaxşısı fikrimizi bizim ürəyimizə tək həqiqi xoşbəxtlik və sakitlik gətirəcək şeydə cəmləşdirməkdir. Və siz Onun Əmrini tanımaq və qəbul etmək üçün sizə imkan verdiyinə görə Allaha minnətdar olmalısınız. Çünki bu, iztirablı anlarınızda sizin üçün yeganə sevinc və təsəlli mənbəyidir. Əmri təbliğ etməkdən daha dəyərli bir şey varmı ki, onun üçün işləyəsən? Mühafizin sizə məsləhəti budur. O istəyir ki, nə qədər ki bacarırsınız, öz maddi çətinliklərinizi unudasınız və tamamilə özünüzü Təlimlərin öyrənilməsi və yayılmasında toplayasınız. Sizdə tələb olunan maraq, coşqu, sədaqət və qabiliyyət vardır və bu heyfdir ki, siz bu gözəl keyfiyyətləri tamlıqla istifadə etməyəsiniz.  (Fərdi inanana yazılmış 4 oktyabr 1933-cü il tarixli məktubdan)


98. Mühafiz mənim sizi səbirli və inamlı olmağa və hər şeydən əvvəl, ərinizin sizə göstərdiyi bütün qarşıdurma və nifrətə baxmayaraq, ona tam iltifat və məhəbbət göstərməyinizə inandırmağımı xüsusilə istəyir. Belə hallarda barışdırıcı və dostcasına münasibət hər bir bəhainin yalnız vəzifəsi deyil, həm də Dinin əvvəlki düşmən və əleyhdarlarının Əmrə rəğbətini və məftunluğunu qazanmaq üçün ən səmərəli yoldur. Məhəbbət, əlbəttə ki, ən qüdrətli bir iksirdir ki, ən rəzil və ən düşgün adamları ilahi ruhlara çevirə bilər. Qoy sizin nümunəniz Dinimizin bu gözəl təliminin həqiqətini bir daha təsdiq etməyə xidmət etsin.  (Fərdi inanana yazılmış 6 dekabr 1935-ci il tarixli məktubdan)


99. Mühafizin sizə sözü budur ki, siz, şəxsi həyatınızda, həmçinin, sosial münasibətlərinizdə Həzrət Bəhaullahın Müjdəsinin gözəlliyini, paklığını və canlandırıcı gücünü əks etdirmək üçün davamlı çalışmalısınız. Bəhai gəncləri bu gün dünyanın gənclərinə nümunə olmalıdırlar, buna görə də ən yüksək davranış meyarları ilə yaşamalıdırlar. Hər bir gənc kişi və qadın tərəfindən Əmrin ideallarına və təlimlərinə bu cür yaxın, birləşmiş və konkret bağlılıqdan başqa heç nə ətraf dünyanın ciddi diqqətini və nəzərini ona belə cəzb və cəlb edə bilməz.  (Bəhai gənclər qrupuna yazılmış 17 mart 1937-ci il tarixli məktubdan)


100. Sizin təsvir etdiyiniz və ailənizdə hökm sürən şərait, xüsusilə, bunun sizin qardaş və bacılarınıza təsir etməsi, əlbəttə kədərləndiricidir, lakin bu şəraitdə sizin gücünüzün yetmədiyiyini hiss etdiyiniz müəyyən elementlər olsa da, siz şəraitinizi yaxşılaşdırmaqda, nə qədər yavaş olmasından asılı olmayaraq, ümidinizi heç kəsməməlisiniz. Tamamilə passiv münasibət sizə ancaq yeni məyusluqlar gətirməklə nəticələnəcək. Ona görə də siz cürət toplamalı, şəraitinizin və vasitələrinizin imkan verdiyi qədər ailə şəraitinizi düzəltmək üçün inamla və inadla çalışmalısınız.  (Fərdi inanana yazılmış 20 fevral 1940-cı il tarixli məktubdan)


101. O eşidəndə ki, kədərli bir ruhi vəziyyətdədir, təəssüf etdi. O görəndə ki, ailəsi Təlimlərə həssas deyil, əlbəttə ki, məyus olmamalıdır―çünki heç də hər bir qəlb ruhani cəhətdən nurlanmayıb. Doğrudan da, Peyğəmbərlərin də Özlərinin ailə üzvlərinin çoxu, hətta Allahın Məzhərlərinin göstərdiyi nümunə və əqidəlilik qarşısında belə onlar iman gətirmədilər; ona görə də, dostlar belə şeylərdən üzülməməlidirlər, əksinə, sevdikləri insanların gələcəyini Allaha buraxsınlar və Əmrə öz xidmətləri və sədaqətləri ilə onların sonda ruhani cəhətdən yenidən doğulmaları üçün şəfaət göstərmək haqqı qazansınlar.  (Fərdi inanana yazılmış 9 mart 1942-ci il tarixli məktubdan)


102. Allahın bu gün üçün Müjdəsinə oyanmış, Onun Əmrinə xidmətə özlərini həsr etmiş, bəşərin xeyri üçün işləyən iki qəlb arasında bağlanan nigah başqalarının da həyatında qüdrətli bir güc, bəhailər, həmçinin qeyri-bəhailər üçün nümunə ola bilər və onları ilhamlandırar.  (İki inanana yazılmış 4 avqust 1943-cü il tarixli məktubdan)


103. Mühafiz sizin ailə üzvlərinizdən bəzilərinin, xidmətinə qalxdığınız Əmrə düşmən münasibətinə görə dərindən təəssüf edir və hesab edir ki, siz gücünüz çatan hər şeyi etməlisiniz ki, onlara qarşı çıxmaqdan qaçasınız―əlbəttə, Əmrdən imtina etməkdən və onda fəaliyyətsiz olmaqdan başqa.


Siz onları Əmrdə maraqlandıra bilmədiyiniz halında, ediləsi ən yaxşı şey belə hallarda Ağanın həmişə məsləhət etdikləridir: onları özlərinə buraxmaq və onlar üçün dua oxumaq. Mühafiz də, siz əmin ola bilərsiniz, onların nurlanması üçün dua edəcəkdir. Çox insanlar, Əmrə sərt müqavimət göstərdikdən sonra, bəhai qohumu və ya dostunun səbri, məhəbbəti, nəzakət və duaları ilə sonda Əmrə cəlb olunurdular.  (Fərdi inanana yazılmış 14 oktyabr 1943-cü il tarixli məktubdan)


104. O hesab edir ki, siz bütün vasitələrlə ərinizə böyük məhəbbət və hüsn-rəğbət göstərməlisiniz; əgər bizim nə vaxtsa bir bəhai kimi necə davranacağımızda şübhəmiz olarsa, onda Həzrət Əbdül-Bəhanı yadımıza salmalıyıq və Onun həyatını öyrənməli və özümüzdən soruşmalıyıq: O nə edərdi, çünki O bizim hər yöndən kamil Nümunəmizdir. Və siz bilirsiniz ki, O necə riqqətli və şəfqətli idi, Onun məhəbbəti və mehribanlığı günəş işığı kimi, necə hər kəsə nur saçırdı.


Sizin ərinizin və uşağınızın sizin məhəbbətinizə haqları var və sizə Əmrdə imanınızı nümayiş etdirmək imkanı verirlər.


Siz həmçinin, Həzrət Bəhaullaha dua etməlisiniz ki, sizi ərinizlə birləşdirsin və evinizi həqiqi və xoşbəxt bir ev etsin.  (Fərdi inanana yazılmış 9 mart 1946-cı il tarixli məktubdan)


105. Sizin ailə problemlərinizlə bağlı olaraq, O, hesab edir ki, əgər məsləhət almaq arzusunda olsanız, bu məsələlər barədə Məhfilə müraciət edə bilərsiniz; bu Məhfillərin vəzifələrindən biri dostlara məsləhət və yardım etməkdir və Məhfilə müraciət etmək sizin bir imtiyazınızdır.  (Bəhai cütlüyünə ünvanlanmış 10 aprel 1947-ci il tarixli məktubdan)


106. Mühafiz uzun müddət hiss edirdi ki, bəhailəri bəzi hallarda Həzrət Bəhaullahın qoyduğu yüksək nigah ideallarına uyğun yaşamırlar. Onlar bu gün insanların ailə bağlarına yüngül və xudbin münasibətinin təsiri altına düşməyə meyllidirlər. Bu səbəbdən o, sizin müvəffəqiyyətlə Bəhai qanunlarına uyğun yaşadığınızı, buna görə əlinizdən gələni etdiyinizi və ərinizlə olan bu müqəddəs bağı qoruyub saxladığınızı görəndə, doğrudan da, çox sevinir. O, ümid edir ki, siz başqalarına nümunə olacaqsınız. Çünki o, bəzi bəhailərin Əmrə xidmət adı ilə öz ərlərinə qarşı məsuliyyətdən boyun qaçırmalarını və ya gedib yeni ər tapmalarını heç bəyənmir.  (Fərdi inanana yazılmış 21 aprel 1950-ci il tarixli məktubdan)


107. Mühafiz dua edəcək ki, sizin ananız bəhai olsun və çox fəal surətdə Əmrə xidmət etsin. Bu yadda saxlanmalıdır ki, ananız oxumağından və ya öyrənməyindən daha çox, sizin təmiz bir bəhai həyatı yaşamağınızdan təsirlənəcək. Bir insan Bəhai təlimlərinin başqa bir insanın həyatına təsirini görəndə, bu çox vaxt daha güclü nəticə verir.  (Fərdi inanana yazılmış 12 iyul 1952-ci il tarixli məktubdan)


108. Bizim həyatda şəxsi arzularımızın həyata keçməsi nadir hallarda bizə xoşbəxtlik gətirir. Əksinə, bu, adətən yeni bir qrup şöhrətpərəst arzuların baş qaldırmasına səbəb olur. Digər tərəfdən, biz həm bir insan olaraq ailəmiz və ətrafımız qarşısında, həm də bir bəhai kimi, Allahın Əmri qarşısında vəzifələrimizin icrasına qərq olanda və bulunduğumuz şəraitdə Əmrə bacardığımız qədər xidmət edəndə başa düşməyə başlayırıq ki, xoşbəxtlik nədir.  (Fərdi inanana yazılmış 23 may 1956-cı il tarixli məktubdan)


109. Mühafiz sizin üçün, uşaqlarınız və sizin əziz əriniz üçün dua oxuyacaqdır. İndi ki sizin hamınız Allahın Dinində birləşmisiniz və şadlıqla bir yerdə işləyirsiniz, şübhəsiz, xeyir-dualar sizə yetişəcək və Müqəddəs Ruhun təyidləri sizin işinizi uğurlayacaqdır. Müqəddəs Ruhu cəzb edən maqnit Allahın Əmrində xidmətdir, xüsusən də, Onun əzəmətli Əmrini təbliğ etməkdir. Mühafiz dua edcək ki, sizin ailənizin hər üzvü Allahın razılıq kəhkəşanında parlaq ulduz olsun. Kəlamın öyrənilməsi, onun ilahi mənası üzərində təfəkkür etmək, dua və sonra hərəkət vacibdir. Sonra isə hərəkətdə inadcıl olmalı. Əgər bu addımlara riayət olunsa, insan ruhən inkişaf edəcək və Allahın Əmrinə xidmətdə müvəffəq olacaq.  (Fərdi inanana yazılmış 5 iyun 1956-cı il tarixli məktubdan)


110. Siz evinizdə ailənizlə elə bir Bəhai məhəbbəti ruhu yaratmalısınız ki, sizin arvadınızı həqiqətən Əmrə gətirsin və uşaqlarınızı ona cəzb etsin... Evdə harmoniya sizin uşaqlarınız üçün ən vacib şeydir.  (Fərdi inanana yazılmış 15 avqust 1957-cı il tarixli məktubdan)

Ümumdünya Ədalət Evi Tərəfindən Çıxarışlar
111. YERLİ RUHANİ MƏHFİLİN tam yetkinliyə çatması prosesində nail olacağı ən səciyyəvi məqsədlər arasında bəhai dindarlarının (sürüsünün) sevimli çobanı kimi hərəkət etmək, dostlar arasında birlik və razılıq yaratmaq, təbliğ işini istiqamətləndirmək, Allahın Əmrini mühafizə etmək, Ziyafətləri, icmanın ildönümlər və müntəzəm görüşlərini təşkil etmək, icmanı öz planları ilə tanış etmək, icmanı öz təkliflərini verməyə dəvət etmək, gənclərin və uşaqların rifahını irəlilətmək, şərait imkan verdikdə, humanitar fəaliyyətlərdə işitrak etmək kimi fəaliyyətlər vardır. Fərdi inanana münasibətdə Məhfil onu davamlı olaraq Əmri öyrənməyə, onun parlaq müjdəsini yaymağa, təlimlərə uyğun yaşamağa, Fonda azad və müntəzəm surətdə ianə verməyə, icmanın fəaliyyətlərində iştirak etməyə, ehtiyac olduqda, məsləhət və kömək üçün Məhfilə üz tutmağa təşviq etməlidir.  (Bir Milli Ruhani Məhfilə yazılmış 30 iyul 1972-ci tarixli məktubdan)


112. Sizin də yaxşı bildiyiniz kimi, Həzrət Bəhaullah buyurmuşdir: “Hüquq, həqiqətən, ciddi hökmdür. Bunu ödəmək hər kəsə vacib buyrulmuşdur, çünki bu rifah, xeyir-bərəkət və bolluq mənbəyidir. Bu bir nemətdir ki, Allahın, zənginlik və səxavət Rəbbinin bütün aləmlərində hər bir ruhla birgə qalacaq. “Allahın hüququnu” ödəmək imtiyazı olan sədaqətli inanan, bu ruhani öhdəlikdən qaçmaq bəhanəsindən uzaq olmaqla, əlindən gələni edəcəkdir ki, onu yerinə yetirsin. Digər tərəfdən, bu Qanuna itaət etmək bir vicdan məsələsi və ödənişi könüllü bir akt olduğundan, ruhani borcları və bu barədə nə edəcəkləri barədə qərar verməyi özlərinə buraxmaqla dostların sadəcə məlumatlandırılmasından o yana getmək yaraşmazdı...
 
Eyni prinsip, vəsaitini ailəsinə bolluqla xərcləyən, ehtiyacdan çox yuxarı olaraq evlər tikən və ya alan, onları bəzəyən və ya təchiz edən və bu xərcləri Hüququllah ödəməkdən qaçmaq üçün əsaslandıran dostlara da şamil edilir.  (Ümumdünya Ədalət Evi tərəfindən fərdi inanana yazılmış 6 fevral 1973-cü il tarixli məktubdan)
113. Bəşəriyyətin inkişafı üçün uşaqların lazımi təlim-tərbiyəsi həyati vacibdir və bütün təlim-tərbiyə növlərinin özəyi və cövhəri ruhani və əxlaqi təlimdir. Biz insanlara həqiqəti və Bəhai Dini həyat tərzini təbliğ edəndə, laqeydlik, materializm, mövhumat və digər çoxlu yanlış önyarğılarla mübarizə aparmalıyıq; lakin yeni doğulan uşağımızda bizə pak, dünyanın ləkələmədiyi qəlblər hədiyyə edilir. Böyüdükcə isə onlar saysız-hesabsız sınaq və çətinliklərlə qarşılaşacaqlar. Bizim vəzifəmiz erkən vaxtlarından onları həm ruhən, həm də fiziki yöndən Allahın bizə göstərdiyi yolla tərbiyə etməkdir ki, böyüyəndə Onlar Onun Əmrinin müdafiəçiləri, bəşərin arasında bütün sınaqların öhdəsindən gəlmək üçün hazırlanmış ruhani və əxlaqi nəhənglər olsunlar və həqiqətən, “anlayış göyünün ulduzları”, “bütün insanların həyatının asılı olduğu axar sular” olsunlar”.  (Ümumdünya Ədalət Evi tərəfindən bütün Milli Ruhani Məhfillərə yazılmış 31 avqust 1976-cı il tarixli məktubdan)


114. Sizi və sizin ərinizin ailə müşkülləriniz barədə sizin Ruhani Məhfilinizlə məsləhətləşməyinizi və lakin heçbir məsələhət almadığınızı, həmçinin ailənizin olduğu situasiyanı ailə məsləhətçisi ilə müzakirə etməyinizi və bunun da nəticəsiz qalmasını görərək Ədalət Evi sizin və ərinizin başa düşməsi üçün bunu çox zəruri hesab edir ki, əmin-amanlıq və ruhani xoşbəxtlik hissi yaratmaqla, evlilik rifah mənbəyi ola bilər. Lakin bu elə bir şeydir ki, o sadəcə baş vermir. Evliliyin məmnuniyyət sığınağı olması üçün o, nigah partnyorlarının özlərindən əməkdaşlıq, onların ailələrindən isə dəstək tələb edir.  (Ümumdünya Ədalət Evi tərəfindən fərdi inanana yazılmış 24 iyun 1979-cu il tarixli məktubdan)


115. Qadının cəmiyyətdə rolu barədə Bəhai konsepsiyası çox unikaldır. Ana olmağın dəyərini azaltmaq kimi hazırkı tendensiyanın əksinə olaraq, Əmr təsdiq edir ki, bu funksiya yüksək dərəcədə məsul, yeni nəslin sağlam inkişafı üçün və beləliklə, hər zaman irəliləyən sivilizasiyanın yaradılması və saxlanması üçün həyativacib bir funksiyadır. Uşaqların təlim-tərbiyəsinin ananın ən birinci məsuliyyəti kimi təsbit olunması bilavasitə o faktdan irəli gəlir ki, uşağı bətnində yetişdirən odur. Onun münasibəti, duaları, hətta yediyi qida və onun fiziki halı belə, uşaq hələ anasının bətnində ikən ona böyük təsir göstərir...


Lakin Bəhai Təlimləri çağırmır ki, qadınlar evə qapadılsınlar və tələb etmir ki, onlar yalnız evdarlıq funksiyaları ilə məşğul olsunlar. Bəhai Zühur Dövründə qadınların rolu barədə göstərilən bəzi əlamətlər Həzrət Əbdül-Bəhanın nitqlərində verilmişdir ki, “qadınlar kişilərlə bərabər olaraq həyatın bütün sahələrində irəliləməli və öz missiyalarını yerinə yetirməlidirlər” və Həzrət Bəhaullahın Zühur Dövründə qadınlar kişilərlə yan-yana addımlayırlar. Elə bir sahə və ya bir hal yoxdur ki, onlar kişilərdən geridə qalsınlar: onların kişilərlə bərabər hüquqları var və gələcəkdə də cəmiyyətin idarə olunmasında bütün sahələrə daxil olacaqlar. Onlar elə yüksələcəklər ki, insan aləmində fəaliyyətin hər bir sahəsində ən yüksək səviyyələri tutacaqlar. Əmin olun. Onların bu günkü vəziyyətinə baxmayın. Gələcəkdə qadınların dünyası parlaq şəfəqlərlə gur işıq saçacaq, çünki Həzrət Bəhaullahın iradəsi və məqsədi belədir.  (Ümumdünya Ədalət Evi tərəfindən fərdi inanana yazılmış 4 avqust 1992-ci il tarixli məktubdan)


116. Əmrin Təlimləri uşaqların təlim-tərbiyəsinə zəruri diqqətin ayrılması və ailə həyatının bəslənməsi barədə kifayət qədər aydın təlimat verir. Sizin diqqəti çəkdiyiniz problem Əmrin irəlilədilməsində, Bəhai icmasının inzibati fəaliyyətlərində və möhkəmlənmə işində yardım üçün edilən inadcıl çağırışlarla qarşılaşanda baş qaldırır. Uşaqlar və digər ailə üzvləri qarşısında məsuliyyətlərinə laqeyd qalmadan və bütün bəhailərin qarşılaşdıqları vaxt məhdudiyyətini, enerji və resurs çatışmazlığını nəzərə alaraq, bu çağırışlara necə cavab vermək qərarı bəhailərə meydan oxuyan bir məsələdir.


Bu çətinliyin öhdəsindən gəlmək üçün yeganə düzgün bir yanaşma yoxdur, çünki fərdi hallar çox geniş fərqlənir. Lakin bu aydındır ki, bəhailər tarazlığa çalışmalıdırlar, o tarazlıq ki, onda uşaqların və ailənin qanuni ehtiyacları Bəhai icmasının və onun böyüməsinin ehtiyacları ilə birlikdə nəzərə alınır. Ailə inkişaf etdikcə, onun bütün üzvlərinin Əmrin işinə cəlb olunmasına şüurlu şəkildə elə bir tərzdə çalışılmalıdır ki, uşaqlar özlərini bununla bağlı hiss etsinlər və valideynlərinin də məşğulluğundan rəncidə olmasınlar; bu təşviq və yetişdirmə prosesi vasitəsilə yaradılmalı və ailə üzvlərinin motivasiyası ailə məşvərəti vasitəsilə saxlanmalıdır.  (Ümumdünya Ədalət Evi tərəfindən fərdi inanana yazılmış 25 iyul 1995-ci il tarixli məktubdan)


117. Sizin bütün suallarınız Bəhai uşaqlarının təlim-tərbiyəsi kimi vacib bir məsələyə aiddir. Ədalət Evi bunu son dərəcə vacib sayır ki, bəhai valideynlər Təlimləri davamlı və sistematik şəkildə öyrənmələri üçün uşaqlarına kömək etməyə, onların həyatlarını ruhaniləşdirməyə, xarakterlərini Həzrət Bəhaullahın meyarlarına uyğun formalaşdırmağa çalışmalıdırlar. Valideynlər tərəfindən bu həyativacib vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi uşaqlarının dirçəlməsinə fövqəladə ehtiyac olan və tənəzzül edən sosial nəzmin səciyyəvi xüsusiyyətləri kimi görünən destruktiv qüvvələr tərəfindən tutulması və Həzrət Bəhaullahın sağaldıcı fəzlindən məhrum olması təhlükəsini azaldır.  (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 2 iyul 1995-ci il tarixli məktubdan)


118. Bu günün qeri-əxlaqi təsirindən uşaqların qorunması bəhai valideynlərin qarşılaşdıqları ən ciddi çətinliklərdən biridir. Mediyanın, xüsusilə televiziyanın uşaqlara olan təsiri barədə sizin narahatlığınız rəğbətlə qarşılanmışdır. Sizin də yaxşı bildiyiniz kimi, uşaqların, böyüdükləri cəmiyyətin əxlaqi problemlərindən qorunması üçün heç bir praktiki yol yoxdur. Ona görə də bu, valideynlərə həvalə olunur ki, həyatlarının erkən anlarından uşaqlarının həm Bəhai təsisatlarının təqdim etdikləri bəhai dərsləri, həm də evdə aldıqları əxlaqi tərbiyə və nümunə vasitəsilə ruhani tərbiyə almaları üçün əllərindən gələni etsinlər. Bəhai təlim-tərbiyəsi barədə nəşr olunmuş məcmuə (Compilation on Baha`i Education) çoxlu faydalı rəhbərliklər verir.


Bəhai uşaqları üçün xoşagəlməz davranışlara məruz qalmaqdan qaçmaq qeyri-mümkün olduğu üçün bu vacibdir ki, uşaqların belə davranışla mediya vasitəsilə və gündəlik həyatda qarşılaşması, ayrı cür olmağın praktiki və həmçinin, ruhani cəhətdən vacibliyinı qiymətləndirməkdə onlara kömək etmək və yönəltmək vasitəsi kimi valideynlər tərəfindən hikmətlə istifadə olunsun. Siz uşağınızın hansı dərəcədə bu cür təsirlərə məruz qalmasını azlatmaq istəməniz, təlimlərin işığında sizin öz mühakimənizə buraxılır.  (Ümumdünya Ədalət Evi adından bəhai cütlüyə yazılmış 4 sentyabr 2001-ci il tarixli məktubdan)


119. Ədalət Evi sizin Camali-Mübarəkə məhəbbətinizi və Onun Əmrinə xidmət etmək və Onun razılığını qazanmaq üçün atəşli arzunuz barədə biləndə təsirləndi. Bir insanın xidmət etməsi üçün çoxlu yollar var və hər kəs öz imkanları və həddləri daxilində ən yaxşı nə edə biləcəyini özü seçir. Əmrə xidmət fürsətləri insanın öz ailəsinə kömək etmə imkanını istisna etməyi heç də zəruri etmir. Bunu qeyd etmək vacibdir ki, insanın həyatının hər bir cəhəti Həzrət Bəhaullaha xidmətin bir elementidir: insanın valideynlərinə olan məhəbbəti və hörməti; insanın öz təhsilinin arxasınca getməsi; yaxşı sağlamlığı saxlamaq; peşə və ya sənət əldə etmək; başqaları ilə rəftar və yüksək əxlaqi meyarları saxlamaq; evlənmək və uşaq böyütmək; Əmri təbliğ etmək və Bəhai icmasının gücünü artırmaqda iştirak etmək və əlbəttə, hər gün dua etmək və Yazıları öyrənmək.  (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 22 sentyabr 2002-ci iltarixli məktubdan)


120. Sizin evlənmək üçün valideynlərinizin razılığını almalı olduğunuz barədə sualınıza dair: müəyyən nadir hallar vardır ki, bu tələbat tətbiq olunmur: əgər valideynlərdən biri və ya hər ikisi: vəfat edib; ya hansı biri rəsmən ruhi xəstədir və buna görə hüquqi qərar verə bilmir; ya itkin düşüb; ya uşağa dair məsuliyyətdən rəsmi olaraq azad edilib və ya himayədarlıqdan məhrum edilib; ya uşağı istismar və ya təhqir edib.


Son iki hal o qədər geniş bir diapazon alıb ki, hər bir xüsusi halda baxılmaq üçün Ədalət Evinə göndərilməlidir.  (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 19 dekabr 2006-cı il tarixli məktubdan)


121. Siz bu prinsipin  uşaqların və gənclərin təlimi ilə bağlı tətbiqindən narahatsınız və soruşursunuz ki, uşağınızın bəhai olmamaq seçimini etməsi qəbul olunardırmı? Bu kontekstdə həqiqəti müstəqil axtarmağın məqsədini başa düşməyin bir yolu, fərdlərə öz axtarışları və nəyə inanacaqları barədə daxili inancları əsasında və valideynlərinin və ya başqalarının nəyə inandıqlarının qeyri-iradi qəbul etmək kimi bir məcburiyyət qoymamaqla, özləri üçün qərar vermə azadlığı ilə buraxmağın ədalətliliyini qəbul etməkdir. Bu, həmçinin, o deməkdir ki, yetişmiş fərdin özünü hansı inanc sisteminə bağlaması barədə qərar qəbul etmə məsuliyyətini özü öz üzərinə götürməlidir. Bəhai valideynləri tərəfindən Əmr haqqında biliklə böyüdülmüş uşaqlar aldıqları tərbiyənin elə xarakerindən biləcəklər ki, bu məsuliyyəti şəxsən özləri üçün həyata keçirməlidirlər. Bu məqam Həzrət Şövqi Əfəndinin bir məktubda Milli Ruhani Məhfilə verilən məsləhətində aydınlaşdırılmışdır: “Uşaq müəyyən yaşa çatanda, valideynlərinin arzu və istəklərindən asılı olmayaraq, öz dinini seçməkdə ona tam azadlıq verilməlidir”.


Buna baxmayaraq, uşaqların erkən yaşlarından əxlaqi tərbiyəyə ona görə ehtiyacları var ki, ən azı başqaları ilə sosial münasibətdə inkişaf etsinlər. Əxlaqi təlimin ümumi özəyi bütün nazil olmuş yazılarda tapıla bilər və bu Bəhai valideynlər üçün lazımlıdır, əslində, zəruridir ki, öz uşaqlarını ruhani varlıqlar, cəmiyyətin ədəbli və dürüst üzvləri olmalarına yönəltmələri üçün öz prinsiplərinə əməl etsinlər. Hər şeydən başqa, Həzrət Bəhaullah bunu bütün əməllərin ən üstünü və tərifəlayiqlisi kimi təsvir edərək hər kəsə Onun Əmrini təbliğ etməyi vacib buyurub. Bunu bilərək, bəhai inananın başqalarını Allahın ən son Vəhyi barədə təbliğ etdiyini öz uşağından saxlamağı, doğrudan da, qəribə olardı. Bundan əlavə, erkən yaşından uşaqlarına ruhani tərbiyə verməyi bəhai valideynlərinə O əmr etmişdir, lakin bunu elə etmək lazımdır ki, fanatizmə yol açmasın.


Bu günkü cəmiyyətdə gənc insanların acınacaqlı vəziyyətinin bunu aydınca nümayiş etdirdiyi kimi, həyatlarında yol tapmaq üçün tam özbaşına buraxılmış uşaqlar qaranlıq perspektivlə qarşılaşırlar. Gələcəyə hazırlamaq məqsədilə uşaqlara aşılanacaq şeylərdən biri, bir insan üçün öz gözləri ilə görməyin―başqa sözlə müstəqil axtarışın―vacibliyini vurğulayan ədalət keyfiyyətidir. Müəyyən bir formada təlim və ya istiqəmətləndirmə olmadan insan həqiqəti araşdıra bilməz. Bu, hər hansı bir formada təlim almadan maddi gerçəkliyi açmağa, çətin ki, qabil olan alim üçün də doğrudur. Əmrin öryənməyə açıq münasibəti dostlarda bu inamı təşviq etməlidir ki, onlara nüfuzedici ağıl əta ediləcək. Təlimləri onlar nə qədər çox öyrənərlərsə, bu qabiliyyət də o qədər oyanar və inkişaf edər.  (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 31 iyul 2007-ci il tarixli məktubdan)


 

bottom of page