Ailə Həyatı
I. Ər Və Arvad Arasında Bağın Saxlanması
Ümumdünya Ədalət Evi
Tədqiqat Departamenti Tərəfindən Hazırlanmışdırç Mart 2008
Bəhai Müqəddəs Yazılarından, Həzrət Şövqi Əfəndi tərəfindən və onun adından,
habelə Ümumdünya Ədalət Evi tərəfindən yazılmış məktublardan çıxarışlardan məcmuə.
Baxın, birlik olan ailənin işləri necə rahat gedir; o ailənin üzvləri necə tərəqqi edirlər, onlar dünyada necə rifaha yetişirlər. Onların işləri qaydasındadır, rahatlıq və sakitlikdədirlər, inamlıdırlar və mövqeləri yəqindir və hamı onlara həsəd aparır. Belə bir ailə günbəgün öz inkişafını və şöhrətini artırır.
-Həzrət Əbdül-Bəha
Mündəricat
Ön Söz
Çıxarışlar
I. Ər Və Arvad (Həyat Yoldaşları) Arasında Bağın Saxlanması
Həzrət Bəhaullahın Yazılarından Çıxarışlar
Həzrət Əbdül-Bəhanın Yazılarından Və Nitqlərindən Çıxarışlar
Həzrət Şövqi Əfəndinin Adından Yazılmış Məktublardan Çıxarışlar
Ümumdünya Ədalət Evi Tərəfindən Və Onun Adından Yazılmış Məktublardan Çıxarışlar
II. Valideyn-Uşaq Münasibətləri Və Məsuliyyətləri
Həzrət Bəhaullahın Yazılarından Çıxarışlar
Həzrət Əbdül-Bəhanın Yazılarından Və Nitqlərindən Çıxarışlar
Həzrət Şövqi Əfəndinin Adından Yazılmış Məktublardan Çıxarışlar
Ümumdünya Ədalət Evi Tərəfindən Və Onun Adından Yazılmış Məktublardan Çıxarışlar
III. Ailə Həyatının Keyfiyyətcə Yaxşılaşdırılması
Həzrət Bəhaullahın Yazılarından Seçmələr
Həzrət Əbdül-Bəhanın Yazılarından Və Nitqlərindən Çıxarışlar
Həzrət Şövqi Əfəndinin Adından Yazılmış Məktublardan Çıxarışlar
Ümumdünya Ədalət Evi Tərəfindən Və Onun Adından Yazılmış Məktublardan Çıxarışlar
Ön Söz
Ailəyə böyük əhəmiyyət verilir, çünki o, həm fərdin ruhani inkişafı və xoşbəxtliyi, həm də cəmiyyətin inkişafı üçün təməldir. O, “insan cəmiyyətinin bütün strukturu üçün bünövrəni” təşkil edir. (Kitabi-Əqdəs). Ailədə inkişaf etdirilən münasibət və əlaqələr cimanın daim genişlənən çevrələrinə keçdikdə, “bütün millətin nizamına, əmin-amanlığına və zənginliyinə bilavasitə təsir göstərər.” (Əbdül-Bəha). Ailə barədə bəhai baxışı ən yaxşı şəkildə belə ifadə oluna bilər ki, ailənin hər bir fərdi üzvünün digərinə münasibətdə tutduğu mövqe onların Allaha olan münasibətlərinə ekvivalent olmalıdır. Beləliklə, öz oğlun və qızına təlim-tərbiyə verməkdə valideynlərin səyləri Allahın övladlarına təlim-tərbiyə verirlərmiş kimi başa düşülməlidir.
Ailə gələcəyin böyüklərini, uşaqları bəsləyib yetişdirmək, Allahı sevmək, ruhani düşüncəli olmaq, “gözəl davranış qaydalarına uyğunlaşmaq”, “insanlığın bütün fəzilətlərini və tərifəlayiq keyfiyyətlərini” mənimsəmək üçün münbit mühit yaradır.
Bəhai ailəsinin strukturuna gəldikdə isə, ancaq ümumi bir baxış vardır ki, bu strukturu müəyyən edir. Bəhai yazıları öyrədir ki, geniş ailə normadır və ata ailənin “başçısı” olsa da, (Ədalət Evinin 28 dekabr 1980-ci il tarxli məktubu) ailə üçün hər iki valideynin səlahiyyətləri və ilkin məsuliyyətləri vardır. Kitabi-Əqdəs valideynlərə həvalə edir ki, oğul və qızlarına oxumaq və yazmaq öyrətsinlər, onları “elm və incəsənətin ağuşunda böyütsünlər.” “Uşaqğın ilk tərbiyəçisi olaraq” ana ailə həyatının erkən vaxtlarında uşaqların ruhani və maddi təlim-tərbiyəsi üçün məsul olaraq çox mühüm mövqedə dayanır. O, uşaqların “sağlamlığını bəsləməli,” onları “xəstəliklərdən qorumalıdır.” Ananın ata tərəfdən tam dəstək almaq haqqı varıdr, amma atanın bu haqı yoxdur. Atanın birinci dərəcəli məsuliyyəti ailə üçün azuqəni təmin etmək və onu qorumaqdır (Ailə Həyatı, 30). Ata bu məsuliyyətləri üzərinə götürə bilməyəndə atalıq ondan alınır.
Uşaqların öz valideynlərinə itaət etmək vəzifələri və mənəvi öhdəlikləri vardır. (Ədalət Evinin 28 dekabr 1980-ci il tarixli məktubu). Həzrət Bəhaullahın təliminə görə, əgər uşaqlar öz valideynlərinə itaət etməslərsə, Allaha itaət etməyi öyrənməyəcəklər. Xüsusilə böyük oğulun, öz anasının və onun övladlarının ehtiyaclarını ödəmək üçün mənəvi borcu vardır.
Həzrət Əbdül-Bəha davamlı olaraq “ailənin bütövlüyünə” və heç bir ailə üzvünün hüquqlarının pozulmamasının vacibliyinə baxmaq ehtiyacını vurğulayırdı. Ailənin hər bir üzvünün öz imtiyazları vardır. Əgər onların hüquq və imtiyazlarına əməl olunmazsa, ailənin birliyini saxlamaq mümkün olmaz. Bəhai baxışına görə, ailəinin bütün üzvləri “qarşılıqlı və bir-birini tamamlayan öhdəiklərə” malikdirlər. (Ədalət Evi, 28 dekabr 1980)
Kitabi-Əqdəs təknigahlılığı hökm edir. Birgə yaşamağa, sınaq və qeydiyyatsız, rəsmi nigahsız evliliyə icazə verilmir. Hər bir bəhai, hətta bir tərəf bəhai olmadıqda belə, Kitabi-Əqdəsdə göstərildiyi kimi, bəhai qanunları əsasında evlənməlidir.
Uşaqların təlim-tərbiyəsindən başqa, ev işlərinin bölüşdürülməsi və ev qayğıları Bəhai yazılarında xüsusi olaraq müəyyən edilməmişdir. Qonaqpərvərlik ailə həyatının əsas elementlərindən birini təşkil edir. Qonaqpərvərlik üçün ən evin mebelləri yenilənməlidirəsas ünsürlərdən biri müxtəlif köklərdən olan insanları sevinclə qarşılamaq, onlara qida və sığınacaq verməkdir. Bəhai toplantılarına ev sahibliyi etdikdə isə o ev “ruhların məclisi” olur. Hər bir ev ailənin bəslənməsi üçün fiziki mühit yaradır və təmiz saxlanılmalıdır. “Təmizkarlıq ruhaniyyətə təsir edir.” Kitabi-Əqdəs hökm edir ki, “hər 19 ildən bir, əgər mümkündürsə, təmzlik və təkmilləşmə üçün evin mebeli yenilənməlidir.”
Ailə daxilində münasibətlər “diktator səlahiyyəti ilə deyil, təvazökar yoldaşlıqla, özbaşına güclə deyil, açıq və mehriban məşvərətlə” səciyyələnməlidir. (Ədalət Evi, 28 dekabr 1980). Ailədə nə kişi, nə də qadın biri digərinin üzərində “ədalətsizcəsinə üstünlük” etməməlidirlər (Əmrin Vəlisinin katibi onun adından yazır, 22 iyul, 1943). Həzrət Bəhaullah uşaqlara valideynlərinə xdimət etmək öhdəliyni hökm edir və “qəti şəkildə buyurur ki, Allahın təkliyini etiraf etdikdən sonra, uşaqlar üçün ən mühüm vəzifə öaz valideynlərinin haqlarına münasibətdə lazımi münasibət göstərməkdir.”
On Doqquz Gün ziyafətlərində, Bəhai Müqəddəs Günlərində, gündəlik dualarınızda və Müqəddəs Yazıları oxumağınızda, Təlim İnstitutunun proqramlarında, Bəhai yay və qış məktəblərində iştirakınızda, Bəhai qonaqpərvərliyi, məşvərəti və müxtəlifliyin dəyərləndirilməsi vərdişinin yaradılmasında, uşaqlarınızın Bəhai müqəddəs Günlərində məktəbdən saxlanmasında, işləyən valideynlərin işə getməməsində fəal olun. Ha Günlərini ailəliklə qeyd edin və ailə dəyərlərinin paylaşmasında və inkişaf etdirilməsində mümkün qədər bəhai ailələri ilə, xüsusilə qonşuluğunuzda və yaxınlığınızda olan bəhai ailələri ilə yaxından ünsiyyət edin….
-Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
Çıxarışlar
I. Ər və arvad(həyat yoldaşları) arasında bağın saxlanması 1-38
II. Valideyn-uşaq münasibətləri və məsuliyyətləri 39-81
III. Ailə həyatının keyfiyyətcə yaxşılaşdırılması 82-121
I. Ər Və Arvad (Həyat Yoldaşları) Arasında Bağın Saxlanması
Həzrət Bəhaullahın Yazılarından Çıxarışlar
1. VƏ O, İNSANLARA fəzl və ehsanını nazil etmək və dünyanı nizama salmaq istəyəndə, hökmlər nazil etdi və qanunlar yaratdı; onların arasında O, nigah qanununu təsis etdi və onu nicat və rifah qalası kimi müəyyən etdi. Və bunu Özünün Ən Müqəddəs Kitabında, müqəddəslik səmasından nazil olanlarda bizə əmr etdi. (Bəhai duaları 2004, Azərbaycan dilində, səh 291)
2. İzdivac edin, ey insanlar, ta ki, bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim sizə əmrlərimdən biridir, onu özünüzə köməkçi tutun. (Kitabi-Əqdəs, 63-cü paraqraf)
3. Bunu hamı bilməli və bu mənada yəqinlik günəşinin şəfəqinə yetişməli, onunla nurlanmalıdır: Qadın və kişi həmişə Allahın nəzərində bərabər olmuş və olacaqdır. Allahın nurunun Məşriqi öz ziyasını hamıya eyni parlaqlıqla saçır. Həqiqətən də Allah qadını kişi üçün, kişini də qadın üçün yaratmışdır. Allahın gözündə ən sevgili insanlar ən sabit olanlar və Allaha, şərəfi ucalsın, məhəbbətdə başqalarını ötüb keçənlərdir. (Ərəb və Fars dillərindən tərcümə olunmuş Lövhdən)
4. Alicənablığın(mərdliyin) əvvəli insanın öz var-dövlətini özünə, ailəsinə və Din yoldaşları arasındakı yoxsullara xərcləməsidir. (Həzrət Bəhaullahın Kitab`i-Əqdəsdən sonra nazil olmuş Löhləri)
Həzrət Əbdül-Bəhanın Yazılarından Və Nitqlərindən Çıxarışlar
5. BƏHAİ NİGAHI İKİ tərəfin bir-birinə öhdəliyi və onların ağıl və qəlblərinin qarşılıqlı bağlılığıdır. Lakin hər kəs tam diqqət etməlidir ki, digərinin xasiyyətini hərtərəfli tanıya bilsin, ta ki, onlar arasındakı əhd daimi bir bağ olsun. Məqsəd bu olmalıdır: sevən munislər və yoldaşlar olmaq, əbədiyyətə qədər bir-birilə razılıqda olmaq.
Bəhailərin həqiqi nigahı budur ki, ər və arvad həm cismən, həm də ruhən birləşsinlər, ta ki, onlar həmişə bir-birinin ruhani həyatını inkişaf etdirsinlər və Allahın bütün aləmlərində əbədi birlikdən həzz alsınlar. Bu, Bəhai nigahıdır. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr, paraqraf 86.1 və 86.2)
6. Nigah insanların əksəriyyəti arasında cismani bağdır və bu birlik yalnız müvəqqəti ola bilər, zira sonda bu, fiziki parçalanmaya məhkumdur.
Bəha əhli arasında isə nigah həm cismani, həm də ruhani olmalıdır, çünki həm ər, həm də arvad eyni şərabdan hərarətlənər, hər ikisi eyni misilsiz Simaya məftun olar, hər ikisi eyni ruhla yaşayar və hərəkətə gələr, hər ikisi eyni nurla işıqlanar. Onlar arasında bu bağlılıq ruhani bir əlaqədir və ona görə də bu bağlılıq əbədi yaşayacaq. Eynilə də, onlar cismani dünyada güclü və daimi bağlardan həzz alarlar, çünki əgər nigah həm ruha, həm də cismə əsaslanarsa, bu birlik həqiqi birlik olar və ona görə də daimi olar. Lakin bu bağ cismani bağlılıqdan başqa bir şey deyilsə, o, əlbəttə ki, müvəqqətidir və mütləq ayrılıqla sona yetər.
Ona görə də Bəha əhli evlənməyə qərar verəndə bu ittifaq həqiqi münasibət, ruhani və həmçinin, cismani birlik olmalıdır ki, həyatın hər bir mərhələsində və Allahın bütün dünyalarında onların qovuşması daimi olsun; çünki bu həqiqi birlik Allahın məhəbbətindən saçan şüadır.
Eynilə də, həqiqi mömin dərəcəsinə qədər böyüyən o ruhlar bir-birilə ruhani əlaqələr yaradırlar və bu dünyaya məxsus olmayan incəlik nümayiş etdirirlər. Onların hamısı bir qurtum ilahi məhəbbət şərabından cuşa gəlir və onların bu birliyi, bu rabitəsi də əbədi qalır. Özlərini unutqanlığa məhkum etmiş qəlblər bəşəri qüsurları özlərindən silkələyib atır, insanaxas köləlik qandallarından özlərini azad edirlər və onların hamısı, şübhəsiz, birliyin səmavi şəfəqləri ilə nurlanacaq və heç zaman ölməyən aləmdə həqiqi biliyə yetişəcəklər. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr, paraqraf 84.2 və 84.4)
7. Ey Allahın iki mömini! Şəriksiz Rəbbiniz qadın və kişini yaratdı ki, onlar bir-birilə yaxın həmdəm kimi yaşasınlar və hətta vahid bir ruh olsunlar. Onlar bir-birinin rifahının qayğısına qalmalı olan iki həyat yoldaşı, iki munis dostdurlar.
Əgər belə yaşasalar, onlar bu dünyada tam razılıq, səadət və ürək sakitliyi ilə yaşayacaq və səma səltənətində ilahi fəzl və lütfün hədəfinə çevriləcəklər. Əks təqdirdə onlar öz həyatlarını böyük acılar içində, hər an ölüm arzulayaraq başa vuracaq və səma səltənətində utanacaqlar.
Elə isə, ruhən və qəlbən bir-birinizlə bir yuvadakı göyərçinlər kimi yaşayın ki, hər iki dünyada xeyir-dua alasınız. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr, paraqraf 92.1 və 92.3)
8. Xülasə, Allahın Mələkutunun təməli harmoniya və məhəbbət, birlik, yoldaşlıq və ittifaq üzərində qurulub, ixtilaf üzərində deyil, xüsusilə, ərlə arvad arasında. Əgər onlardan biri boşanmaya səbəb olarsa, o, şübhəsiz, böyük çətinliklərə düşər, dəhşətli fəlakətlərin qurbanı olar və dərin peşmançılıq çəkər. (Fars dilindən tərcümə olunmuş Lövhdən)
9. İnsan üçün ailə qurmaq çox əhəmiyyətlidir. Gənc vaxtlarında cavanlıq təkəbbürü üzündən o, bunun əhəmiyyətini dərk etmir, lakin o, yaşlananda bu, peşimançılıq mənbəyi olacaq... Bu əzəmətli Əmrdə ailə qurmuş cütlüyün həyatı səma mələklərinin həyatına bənzəməlidir—fərəh və ruhani ləzzət dolu həyat, birlik və razılıq içində sürülən həyat, həm mənəvi, həm də fiziki dostluq. Ev nizam-intizamlı və mütəşəkkil olmalıdır. Onların ideyaları və fikirləri həqiqət günəşinin şüaları və göylərdəki ulduzların parıltısı kimi olmalıdır. Hətta iki quş təkin onlar yoldaşlıq və harmoniya ağacının budaqları üzərində cəh-cəh vurmalıdırlar.
Onlar həmişə fərəh və şadlıqdan şövqlənməli və başqalarının qəlbləri üçün şadlıq mənbəyi olmalıdırlar. Onlar öz yoldaşları üçün nümunə olmalı, bir-birinə qarşı həqiqi və səmimi məhəbbət nümayiş etdirməli və uşaqlarına elə tərbiyə verməlidirlər ki, ailələrinin şan-şöhrəti şölə saçsın. (Həzrət Əbdül-Bəhanın Fars dilindən tərcümə edilmiş nitqlərindən)
10. Nigahda qan qohumluğu nə qədər uzaqdırsa, o qədər yaxşıdır, çünki ərlə arvad arasında ailə bağlarının belə uzaq olması bəşəriyyətin rifahı üçün əsasdır və insanlar arasında dostluğa kömək edir. (Ərəb və Fars dillərindən tərcümə olunmuş Lövhdən)
11. Allahın hikməti əmr etmişdir ki, nigahın tərəfləri mənşəcə bir-birindən uzaq olsunlar. Yəni, ərlə arvad arasındakı qohumluq nə qədər uzaq olarsa, onların uşaqları da o qədər güclü, gözəl və sağlam olar. (Ərəb və Fars dillərindən tərcümə olunmuş Lövhdən)
12. Əlbəttə, bu gün hamı məhəbbətə, birliyə, mehribanlığa, bütövlüyə, dostluğa, yoldaşlığa və ilahi sitayişə dəvət olunmalıdır. Mən ümid edirəm ki, sən və sənin əziz ərin bütün ruh və rayihə ilə xidmət etməkdə davam edəsiniz, bu dünyada iki parlaq şam kimi yaşayasınız və əbədi üfüqdən şəfəq saçan iki ulduz kimi bərq vurasınız. (Fars dilindən tərcümə olunmuş Lövhdən)
13. Sənin hörmətli ərinlə bağlı isə: sən onunla böyük iltifatla rəftar etməli, onun arzularını nəzərə almalı və hər zaman onunla barışıq mövqeyində durmalısan, o vaxtadək ki, o, sənin Allahın Mələkutuna tərəf çevriləndən sonra ona olan incə rəftarının və Allaha məhəbbətinin ancaq artdığını, həmçinin, bütün şəraitlərdə onun arzularına qayğıkeş münasibətini görsün.
Mənİqtidar Sahibindən rica edirəm ki, səni Öz məhəbbətində sabit saxlasın və sən bütün o diyarlara müqəddəsliyin şirin rayihələrini yaymaqda davam edəsən. (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr, paraqraf 91.2 və 91.3)
14. Ey Allahın kənizi! Sənin məktubun yetişib. Sənin əziz ərin öz təhsilini tamamlamaq istəyir və sən isə Afrikaya getməyə can atırsan. İndi siz ikiniz məşvərət etməli, son dərəcə məhəbbətlə məsləhətləşməli, sağlam bir qərarda razılığa gəlməli və tam birlik içində olmalısınız, çünki ər və arvad bir şəxs kimi olmalıdırlar ki, hər bir işdə müvəffəq olsunlar. (Fars dilindən tərcümə olunmuş Lövhdən)
15. Siz ərin öz arvadının ilahi nuru qəbul etməsinin qarşısını ala biləcəyi və ya arvadın öz ərini Allahın Mələkutuna daxil olmaq fikrindən daşındıra biləcəyi haqda soruşursunuz. Həqiqətdə, ər arvada və yaxud da arvad ərə ifrat dərəcədə bağlı olmasa, onların heç biri digərinin Mələkuta daxil olmasının qarşısını ala bilməz. Əlbəttə ki, onlar Allahı yaddan çıxararaq biri-birinə sitayiş etsələr, o halda hər biri digərinin Onun Mələkuta daxil olmağının qarşısını ala bilər. (Ərəb dilindən tərcümə edilmiş Lövhdən)
Həzrət Şövqi Əfəndinin Adından Yazılmış Məktublardan Çıxarışlar
16. BU KƏDƏRLƏNDİRİCİ VƏ üzücüdür ki, ərlər və arvadlar heç də həmişə bir-birini üz-üzə görməyiblər. Bütün belə hallarda, mən inanıram, bizim mərhum Ağamız ərlərinin onların işinə rəğbəti olmayan bəhailər tərəfindən son dərəcə qayğı və hörmət göstərilməsinə çağırırdı. O düşünürdü ki, onların rəğbəti sübutla deyil, məhəbbətlə qazanılmalıdır, lakin çox əfsus olardı ki, o, arvadının Əmr üçün işləməsinə etiraz edə, hər şeydən yüksək və üstün bir şey ki, o öz ailəsinə verə bilər. (Fərdə ünvanlanmış 20 mart 1928-ci il tarixli məktubdan)
17. Ər və arvadın fikir və imanında belə ixtilaf yaranması çox təəssüfləndirici haldır, çünki o, şübhəsiz, ailə bağlarının, xüsusilə, çətin vəziyyətlərdə qalası olan ruhani bağları zəiflədir. Digər tərəfin uzaqlaşmasına səbəb olan hərəkət etmək də bu vəziyyətin düzəldiməsi üçün yol deyil. Əmrin məqsədlərindən biri, əslində, ailə ocağında sıx bağlara nail olmaqdır. Ona görə də bütün belə hallarda Həzrət Əbdül-Bəha qarşı tərəfin arzularına itaət etməyi və dua etməyi məsləhət görərdi. Dua edin ki, əriniz tədricən nuru görə bilsin və eyni zamanda elə hərəkət edin ki, onu özünüzə yaxınlaşdırasınız, nəinki onda önyarğı yaradasınız. Bu harmoniyaya nail olduqdan sonra siz maneəsiz xidmət edə biləcəksiniz. (Fərdə ünvanlanmış 15 iyul 1928-ci il tarixli məktubdan)
18. Həzrət Şövqi Əfəndi inanır ki, sizin arvadınız ailəsinə bir az daha çox vaxt ayıra biləcək, lakin o həmçinin ümid edir ki, siz də onun ürəyinə belə əziz və yaxın olan, onda xidməti belə qiymətləndirilən Əmrə xidmət etmək üçün vaxt və imkan tapmaqda ona kömək edəcəksiniz. (Fərdə ünvanlanmış 19 iyun 1931-ci il tarixli məktubdan)
19. Bəhai nigahının təbiəti və xüsusiyyətilə bağlı sualınıza dair: sizin də düzgün qeyd etdiyiniz kimi, belə bir evlilik bütün dörd valideynin tam razılıqları ilə şərtlənir. Həmçinin, sizin bəşəriyyətin birliyi prinsipinin hər bir həqiqi bəhaini, irqin özünü birlik yolunda əngəl kimi görməkdən qoruması barədə fikriniz də bu məqamda Əmrin Təlimləri ilə tam müvafiqdir. Çünki nə Həzrət Bəhaullah, nə də Həzrət Əbdül-Bəha nə irqlərarası nigaha etiraz etmiş, nə də onu pisləmişlər. Bəhai Təlimləri, əlbəttə ki, məhz öz təbiəti ilə irqçiliyin bais olduğu bütün məhdudiyyətləri aşır və ona görə də heç bir irqi fəlsəfə məktəbi ilə eyniləşdirilə bilməz. (Milli Ruhani Məhfilə ünvanlanmış 27 yanvar 1935-ci il tarixli məktubdan)
20. Beləliklə, Bəhai cinsi əxlaq meyarı çox yüksəkdir, lakin bu heç cür ağlasığmaz dərəcədə sərt deyil. Azad məhəbbət ittiham olunur, lakin bu zaman nigah müqəddəs bir akt kimi təşviq olunur və hər bir insan məcbur edilməsə də, evliliyə təşviq olunmalıdır. İnsanın bütün başqa instinktləri kimi, cinsi instinkt də şər bir şey deyil. Əgər düzgün istifadə olunsa, insana sevinc və məmnuniyyət gətirən bir gücdür. Düzgün istifadə olunmadıqda və ya sui-istifadə olunduqda isə, bu təkcə həmin şəxsə deyil, həmçinin, onun yaşadığı cəmiyyətə saysız-hesabsız ziyanlar gətirir. Bəhailər tərki-dünyalığı və özünü “saxlamağın” ifrat formalarını ittiham edir, eyni zamanda, insan cəmiyyətini dağıdan müasir cinsi etika nəzəriyyələrinə də yaxşı baxmırlar. (Fərdə ünvanlanmış 39 may 1935-ci il tarixli məktubdan)
21. Çünki Həzrət Bəhaullah Özünün Qanunlar Kitabında aydın şəkildə buyurur ki, nigahın əsl məqsədi nəsil törətməkdir ki, uşaqlar böyüyəndə Allahı tanısınlar, Onun Məzhərlər vasitəsilə nazil olan Hökmlərini və Qanunlarını etiraf edib onlara itaət etsinlər. Beləliklə, nigah, Bəhai Təlimlərinə uyğun olaraq, ilk növbədə sosial və əxlaqi bir aktdır. Bunun valideynlərin bilavasitə şəxsi ehtiyaclarının və maraqlarının fövqünə qalxan bir məqsədi vardır. (Fərdə ünvanlanmış 14 oktyabr 1935-ci il tarixli məktubdan)
22. Ərinizin Əmrə qarşı münasibətinə dair: bu münasibət ədavətli olsa da, siz həmişə ümid etməlisiniz ki, barış və dostluq yolu ilə, hikmət, nəzakət və səbirlə çalışaraq siz ərinizin Dinə rəğbətini qazana bilərsiniz. Heç bir halda öz şəxsi dini inamınızı güclə ona diktə etməyə və zorla qəbul etdirməyə çalışmayın. Nə də siz onun Əmrə qarşı çıxmasının sizin fəaliyyətlərinizi ciddi şəkildə mane olmasına icazə verməlisiniz... Siz Həzrət Bəhaullahın sizin səylərinizi hidayət etməsində və gücləndirməsində inamlı olmaqla səbir, nəzakət və inamla hərəkət etməlisiniz. (Fərdə ünvanlanmış 14 oktyabr 1935-ci il tarixli məktubdan)
23. Lakin Mühafiz sizin bütün həyatınızı Əmrə xidmətə həsr etməyinizi tamamilə bəyənir, həmçinin, nəzərinizə o faktı da çatdırmağı vacib bilir ki, evlənəcəyiniz təqdirdə, bir bəhai qadını, bir həyat yoldaşı olaraq, sizin vəzifənizdir ki, sizin ümumi bəhai fəaliyyətinizin çox yaxın və vacib bir hissəsini təşkil edən evdəki vəzifələrinizə laqeyd baxmayasınız.Əlbəttə, ailə qayğıları Əmrin kollektiv maraqlarına və rifahına tabe edilməlidir. Lakin əgər bir bəhai normal, yaxşı balanslaşdırılmış və konstruktiv həyat sürmək istəyirsə, onlara da lazımi əhəmiyyət verilməlidir. (Fərdə ünvanlanmış 23 noyabr 1937-ci il tarixli məktubdan)
24. Cinsi əlaqə barədə Bəhai konsepsiyası, əgər qısa ifadə olunsa, bu inama əsaslanır ki, iffət (bakirəlik) hər iki cinsdən olan fərdlər tərəfindən saxlanmalıdır, həm də yalnız ona görə yox ki, bu yüksək dərəcədə təqdirəlayiqdir, həm də ona görə ki, bu, xoşbəxt və uğurlu ailə həyatının yeganə yoludur. Nigahdankənar cinsi əlaqənin hər hansı bir forması yolverilməzdir, ona görə də, bu qanunu pozan kəs nəinki Allah qarşısında məsul olacaq, həmçinin, cəmiyyət tərəfindən də lazımi cəzaya məruz qalacaq.
Bəhai Dini cinsi həvəsin əhəmiyyətini qəbul edir, lakin onun azad məhəbbət, siğə və digər qeyri-qanuni və ədəbsiz formalarını ittiham edir və hamısını insana və onun yaşadığı cəmiyyətə qeyd-şərtsiz zərərli hesab edir. Cinsi instinktdən düzgün istifadə etmək hər bir fərdin təbii hüququdur və məhz bu məqsədə görədir ki, nigah institutu yaradılmışdır. Bəhailər cinsi həvəsin boğulmasına deyil, onun tənzimlənməsinə və ona nəzarət olunmasına inanırlar. (Fərdə ünvanlanmış 5 sentyabr 1938-ci il tarixli məktubdan)
25. Həzrət Bəhaullahın təsis etdiyi kimi, nigah institutu, nigah ittifaqının fiziki cəhətinə lazımi əhəmiyyət verməklə yanaşı, bunu, hikmət Sahibi və mehriban Pərvərdigarın ona əta etdiyi əxlaqi və ruhani məqsədlər və funksiyalarla müqayisədə, ikinci dərəcəli sayır. Yalnız müxtəlif dəyərlərə onların özünəlayiq əhəmiyyət verildiyi zaman və yalnız fiziki olanın mənəvi olana, cismani olanın ruhani olana tabe olması əsasında nigah münasibətlərindəki bizim tənəzzül edən dövrümüzün belə acı ilə şahid olduğu bu ifratçılıq və pozğunluqdan qaçmaq və ailə həyatının ilkin təmlizliyini bərpa etmək olar və Allahın onun yerinə yetirməsi məqsədilə müəyyən etdiyi həqiqi funksiyasını yerinə yetirə bilər. (Fərdə ünvanlanmış 8 may 1939-cu il tarixli məktubdan)
26. Ər və ya arvadımızdan başqa tanış olduğumuz adamla dərin məhəbbət bağlarının həyatımızda tuta biləcəyi yerlə bağlı qaldırdığınız sual təlimlərin işığında asanlıqla aydınlaşdırılır. İsmətlilik, həm nigahdan əvvəl, həm də nigahdan sonra, ləkəsiz və saf cinsi əlaqə həyatı deməkdir. Nigahdan əvvəl tamamilə bakirə, nigahdan sonra seçdiyin dosta mütləq vəfalı. Bütün cinsi fəaliyyətdə vəfalı, sözdə və əməldə vəfalı...
Onlar normal, qanuni ailə həyatlarından kənarda insanın fiziki həyatına deyil, ruhani həyatına əsaslanan, əbədi olan yoldaşlıq və məhəbbət bağları yaratmağa çalışmalıdırlar. Bu, bir çox sahələrdən biridir ki, bəhailər burada nümunə olmalı və insanın ruhunun yüksəldiyi və onun bədəninin onun nurlanmış ruhu üçün alətdən başqa bir şey olmadığı həqiqi insani həyat tərzinə doğru gedən yolu göstərməlidirlər. Deməyə ehtiyac yoxdur ki, bu, qanuni nigah yolu ilə tamamilə normal cinsi əlaqə həyatını kənar etmir. (Fərdə ünvanlanmış 8 sentyabr 1941-ci il tarixli məktubdan)
27. O, sizin uşaqlarınızın təlim-tərbiyəsi ilə bağlı sizinlə əriniz arasında baş qaldırmış çətinlikləri eşidərək çox təəssüflənir. Bəhainin qeyri-bəhai ilə evləndiyi bütün hallarda, xüsusilə də, başqa dindən olan qeyri-Bəhai ilə, onlar əvvəlcədən uşaqlarının gələcək dini tərbiyəsi haqqında müəyyən anlayışa malik oilmalıdırlar; Bunu etməyəndə və valideynlər razılığa gələ bilməyəndə bəhai məsləhət üçün öz Məhfilinə müraciət etməlidir. (Fərdə ünvanlanmış 8 sentyabr 1947-ci il tarixli məktubdan)
28. O əminliklə hesab edir ki, bəhailər, əgər mümkünsə, xüsusilə də, sizin və sizin ailəniz kimi fəal surətdə və göz önündə xidmət edən bəhailər, yeni inananlar və gənc bəhailər üçün hər bir yolla yüksək nümunələr göstərməlidirlər. Həzrət Bəhaullah boşanmanın çox əleyhinə olduğu (baxmayaraq ki, O buna icazə verib) və evliliyi ən müqəddəs məsuliyyət hesab etdiyi üçün, inananlar gücləri yetən hər şeyi etməlidirlər ki, bağladıqları nigahı saxlasınlar və onları nəcib motivlərlə idarə olunan nümunəvi birliyə çevirsinlər. (Fərdə ünvanlanmış 19 oktyabr 1947-ci il tarixli məktubdan)
29. Nigah problemləri əksər hallarda çox mürəkkəb və incə olur və biz bəhailər də, ziyalı və mütərəqqi insanlar olmaqla, bu zəruri və ya arzuolunan olduqda, belə məsələlərdə elmə müraciət etməkdə tərəddüd etməməliyik. Əgər siz və sizin əriniz öz problemləriniz haqqında yaxşı bir həkimlə―təklikdə və ya birlikdə―danışsaydınız, bilərdiniz ki, siz ərinizi sağalda bilərsiniz və ya ən azı, siz buna cəhd etmiş olardınız. Bu təəssüfləndirici haldır ki, belə bir cəlallı Əmrdə birləşmiş və ailə ilə xeyir dua almış iki inanan harmoniya içində birlikdə yaşaya bilmirlər və o hesab edir ki, siz konstruktiv hərəkət etməli və vəziyyətin pisləşməsinə imkan verməməlisiniz. Ayrılma kölgəsi ərlə arvadın başı üzərində dolananda onların etmədikləri şey qalmamalıdır ki, bu reallığa çevrilməsin. (Fərdə ünvanlanmış 5 iyul 1949-cu il tarixli məktubdan)
30. O sizə məsləhət edir ki, ən azı müəyyən bir müddət, mehriban və səbirli olmaqla özünüzü ona həsr edib çalışasınız ki, ərinizi sakitləşdirəsiniz. Bəlkə bu yolla siz onun Əmrə qarşı müxalifliyini bir qədər yumşalda bilərsiniz. Lakin onun heç bir haqqı yoxdur ki, sizi bunda güzəştə getməyə məcbur etsin. Fərdi ruhun öz Yaradanı ilə münasibəti tamamilə şəxsi və müqəddəsdir və bu cür məsələlərdə heç kəsin diktə etmək haqqı yoxdur. (Fərdə ünvanlanmış 17 fevral 1950-ci il tarixli məktubdan)
Ümumdünya Ədalət Evi Tərəfindən Çıxarışlar
31. HƏZRƏT BƏHAULLAH DÜNYAYA birlik gətirmək üçün gəlmişdir və bunun da təməli ailə birliyidir. Ona görə də biz inanmalıyıq ki, Əmr ailəni zəiflətmək deyil, gücləndirmək məqsədi daşıyır. Məsələn, Əmrə xidmət ailəyə laqeyd qalmağa səbəb olmamalıdır. Siz vaxtınızı elə qurmalısınız ki, sizin ailə həyatınız harmoniya təşkil etsin və siz ailənizə lazımi diqqət yetirə biləsiniz.
Həzrət Bəhaullah həmçinin məşvərətin əhəmiyyətini vurğulayıb. Biz fikirləşməməliyik ki, həll yolunu axtarmağın bu layiqli üsulu Əmrin inzibati institutları ilə məhdudlaşır. Tam və açıq müzakirələrlə aparılan, mötədillik və tarazlılığın lazımlılığını bilməklə canlanan ailə məşvərəti evdaxili ixtilaflar üçün universal dərman ola bilər. Arvadlar ərləri üzərində, ərlər də arvadlar üzərində hökmranlığa cəhd etməməlidirlər. (Ümumdünya Ədalət Evinin adından fərdi inananayazılmış 1 avqust 1978-ci il tarixli məktubdan)
32. Həzrət Əbdül-Bəhanın məktubunuzun birinci paraqrafında istinad etdiyiniz Lövhü yalnız bir nəsihətdir, hökm deyildir . Bundan əlavə, bu, İranda xüsusi bir vəziyyət haqqında rəhbərlik üçün Həzrət Əbdül-Bəhaya məktub yazaraq rəhbərlik istəyən qadınların şərəfinə nazil olmuşdur. Təəssüf ki, Lövhün nazil olduğu şərait haqqında məlumat yoxdur, çünki daxil olan məktub və ya xahiş tapılmamışdır. Ona görə də bu sitat, hansısa xüsusi bir vəziyyətə ünvanlanmış bir nəsihət kimi qəbul edilməlidir. Çoxlu digər sitatlar kimi, bu sitat da ailə həyatının müxtəlif cəhətləri haqqında dostları mövcud Yazılarla təmin etmək üçün bu məcmuəyə daxil edilmişdir.
Ey hər şeyə Kifayət edən Allahın kənizləri!
Çalışın, elə məziyyətlər əldə edəsiniz ki, sizi bütün qadınlar arasında şərəfləndirsin və ayırsın. Əlbəttə, bir qadın üçün bundan böyük iftixar və şərəf yoxdur ki, Allahın Əzəmət Dərgahında qulluqçu olsun. Bu məqam üçün onu layiq edən keyfiyyətlər isə ayıq və diqqətli ürək, Bənzərsiz Allahın birliyinə möhkəm inam, Onun bütün kənizlərinə ürəkdən gələn məhəbbət, ləkəsiz paklıq və iffət, ərinə itaət və hörmət, uşaqlarının təlim-tərbiyəsinə və yetişdirilməsinə diqqət, təmkinlilik, sakitlik, ləyaqət və özünü idarə, Allahı tərif etməkdə səy, gecə-gündüz Ona sitayiş, Onun müqəddəs Əhdində sabitlik və möhkəmlik, Onun Əmrinə son dərəcə atəş, şövq və bağlılıq. Mən Allaha dua edirəm ki, bu bəxşişlərin hər birini sənə əta etsin.
Sizin dediyiniz kimi, kişi və qadının bərabərliyi birmənalıdır. Bu məsələ Yazılarda aydın və dəqiq ifadə olunmuşdur. Ədalət Evi dəfələrlə göstərmişdir ki, elə vaxtlar olur ki, ər və arvad bir-birinin arzularına güzəştə getməlidirlər. Dəqiq hansı hallarda bu cür güzəştlər edilməlidir—bu bir məsələdir ki, evli cütlük özü müəyyən etməlidir. Allah eləməsin, əgər onlar razılığa gəlməsələr və onların narazılığı yadlaşmağa gətirirsə, onlar etibar etdikləri və səmimiliyində və sağlam mühakiməsində əmin olduqları adamlardan məsləhət istəməlidirlər ki, birlik içində olan bir ailə kimi bağlarını saxlasınlar və möhkəmlətsinlər.
Ədalət Evi ümidvardır ki, yuxarıdakı izahat ailədə ərin və arvadın haqları barədə sizin çətinliyiniz və çaşqınlığınızın aradan qaldırılmasında kömək edəcəkdir. Lakin siz anlayışınızı daha da dərinləşdirmək üçün qadınlar haqqında bu yaxınlarda buraxılmış məcmuəyə müraciət edə bilərsiniz. (Ümumdünya Ədalət Evinin adından fərdi inananayazılmış 2 oktyabr 1986-cı il tarixli məktubdan)
33. Bildiyiniz kimi, bəşəriyyətin birliyi prinsipi Bəhai Yazılarında bir özək kimi təsvir olunur ki, Həzrət Bəhaullahın bütün Təlimləri onun ətrafında fırlanır. Bunun çox geniş yayılmış tətbiqi mənaları vardır ki, cəmiyyətin bütün sferalarına təsir edir və onu yeni formaya salır. Bu, insanların bir-biri ilə münasibət tərzlərində təməl dəyişikliklər edilməsini və əsrlərdən bəri davam edən və hər bir fərdin hörmət və ehtiramla rəftar olunma kimi məxsusi haqqını danan adətlərin aradan qaldırılmasını tələb edir.
Ailə daxilində hər bir ailə üzvünün haqlarına hörmət edilməlidir. Həzrət Əbdül-Bəha buyurmuşdur:Ailə bağlarının bütövlüyü və toxunulmazlığı daima nəzərdə saxlanmalı və fərdi üzvlərin hüquqları tapdalanmamalıdır. Oğulun, atanın, ananın―heç birinin hüququ tapdalanmamalıdır, onlardan heç biri özbaşına olmamalıdır. Oğulun ata qarşısında öhdəliyi olduğu kimi, atanın da oğul qarşısında öhdəliyi vardır. Ananın, bacının və digər ailə üzvlərinin müəyyən müstəsna hüquqları vardır. Bütün bu hüquqlar və müstəsna səlahiyyətlər qorunmalıdır...
Öz iradəsini qəbul etdirmək və istəyini yerinə yetirmək məqsədilə fiziki cəhətdən güclü olanın zəifə güc tətbiq etməsi Bəhai Təlimlərinin açıqca pozulmasıdır. Birinin başqasını güc işlətməklə, zorakılıq hədəsi ilə istəmədiyi şeyi etməyə məcbur etməsinə heç cür haqq qazandırıla bilməz. Həzrət Əbdül-Bəha yazır: Siz ey Allahın aşiqləri! Bu dövrdə, Qüdrət Sahibi Allahın bu dövründə, zorakılıq və güc, məcburiyyət və zülm―bunların hər biri və hamısı ittiham olunur”. Qoy ehtirasdan və ya qəzəbini boğmaqda özünə nəzarət edə bilməyən bir kəs başqasına zorakılıq işlətmək istəyəndə belə bir rüsvayçı davranışın Həzrət Bəhaullahın Vəhyi tərəfindən ittiham olunduğunu yadına salsın.
Tənəzzül etməkdə olan sosial nəzmin əxlaqi süqutunun əlamətləri arasında ailə daxilində yüksək dərəcə zorakılıq halları, qadınların və uşaqların alçaldılması və onlarla qəddar rəftar və seksual təcavüzün geniş yayılmasıdır. Bu mühümdür ki, İsmi-əzəmin icmasının üzvləri son dərəcədə ehtiyatlı olsunlar ki, belə təcrübə və ya vərdişlərin üstünlük təşkil etməsi səbəbindən onları qəbul etməsinlər. Onlar hər zaman ayıq olmalıdırlar ki, onların bütün insanların ləyaqət və haqlarına hörmətlə yanaşan, uca əxlaqi tonu, zülmdən və bütün forma zorakılıqdan azad olmağı ilə fərqlənən bir həyat tərzi nümunəsi göstərmək kimi bir öhdəlikləri vardır.
Məşvərət Həzrət Bəhaullah tərəfindən razılığa nail olunması və kollektiv fəaliyyət istiqamətinin müəyyən edilməsi üçün bir vasitə kimi əmr edilmişdir. Bu ailə cütlüklərinə və ailə daxilində və həqiqətən, inananların qarşılıqlı qərarvermədə iştirak etdikləri bütün sahələrdə də tətbiq olunmalıdır. Bu, bütün iştirakçıların fikirlərini mütləq azadlıqla, bəyənilməmək, töhmət və ya fikirlərinin aşağılanması təhlükəsindən qorxmayaraq ifadə etməsini tələb edir. Əgər zorakılıq qorxusu, qəddarlıq və ya pis davranış varsa, müvəffəq olmaq üçün bu zəruri tələblərə çatmaq qeyri-mümkündür.
Sizin bir sıra suallarınız qadınlarla rəftara aiddir və bunlara ən yaxşı şəkildə Bəhai Təlimlərində təsbit olunmuş cinslərin bərabərliyi prinsipi işığında baxıla bilər. Bu prinsip heyranedici idealların elan edilməsindən daha çox şeyləri ehtiva edir; bu insan münasibətlərinin bütün cəhətlərinə aid dərin mənalar daşıyır və Bəhai ailə (ev) və icma həyatının tərkib elementi olmalıdır. Bu prinsipin tətbiqi uzun əsrlər boyu üstünlük təşkil edən vərdişlərdə və təcrübələrdə dəyişikliklərə səbəb olur. Buna bir misal, kişinin qadına evlilik təklif etməsi kimi ənənəvi bir adətin Bəhai Təlimləri tərəfindən qadınlar tərəfindən də kişilərə edilə biləcəyinə dəyişməsi haqqında suala Həzrət Şövqi Əfəndinin cavabında var. Cavab belədir ki, “Mühafiz bunu bildirmək istəyir ki, iki cins arasında mütləq bərabərlik vardır və heç bir fərq və ya üstünlüyə icazə verilmir”... Zaman keçdikcə, bəhai kişi və qadınları cinslərin bərabərliyi prinsipini bütün tamlığı ilə tətbiq etməyə çalışdıqca, bu həyati prinsipin uzaqlara gedən mənaları haqqında daha dərin anlayışlar meydana çıxacaq. Həzrət Əbdül-Bəhanın bəyan etdiyi kimi, “Kişi və qadın arasında bərabərlik gerçəkliyi tam bərqərar olmayınca və əldə edilməyincə, bəşəriyyətin yüksək sosial inkişafı mümkün deyil”.
Ümumdünya Ədalət Evi son illərdə təkidlə dəvət edirdi ki, bəhai qadınları və qızları icmalarının sosial, ruhani və inzibati həyatlarında daha böyük səpgidə iştirak etməyə təşviq olunsunlar və Bəhai qadınlara müraciət etmişdir ki, qalxsınlar və Əmrə xidmət meydanında öz rollarının vacibliyini nümayiş etdirsinlər.
Kişinin öz iradəsini qadına qəbul etdirmək üçün güc işlətməsi Bəhai Təlimlərinin ciddi surətdə pozulmasıdır. Həzrət Əbdül-Bəha buyurub ki: Keçmişdə dünya güclə idarə olunurdu və kişilər də həm bədən, həm də əqli cəhətdən güclü və aqressiv keyfiyyətlərə malik olmaları səbəbindən onlar qadınlar üzərində hökmranlıq edirdilər. Lakin balans artıq dəyişir; güc öz hökmranlığını itirir və qadınların daha güclü olduğu əqli ayıqlıq, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər üstünlük əldə edir.
Bəhai kişilərin ətraflarındakı dünyaya iki cins arasındakı münasibətə təcavüz və güc tətbiqinin aradan qaldırıldığı və onların əməkdaşlıq və məşvərətlə əvəz olunduğu yeni yanaşmanı nümayiş etdirmək imkanları vardır. Ümumdünya Ədalət Evi ona ünvanlanmış suala cavabda göstərmişdir ki, nə ər, nə də arvad heç vaxt ədalətsizcəsinə üstünlük etməməlidirlər və elə vaxtlar var ki, əgər məşvərətlə razılığa gəlmək mümkün olmursa, onda ər və arvad bir-birinin arzusuna güzəştə getməlidirlər; hər bir cütlük özü müəyyən etməlidir ki, belə bir hörmətli güzəşt hansı şəraitdə edilməlidir.
Qadınlarla rəftar barəsində Həzrət Bəhaullahın Öz Qələmindən belə bir bəyan buyurulub: Allahın dostları ədalət, insaf, mehribanlıq və məhəbbət naxışları ilə bəzənməlidirlər. Onlar özlərinin qəddarlıq və haqqın tapdalanması obyekti olmalarına icazə vermədikləri kimi, eyni cür də belə bir zülmün qadınların başına gəlməsinə icazə verməməlidirlər. O, həqiqətən, doğrunu deyir və bəndələrinə və kənizlərinə faydalı olanları hökm edir. O həm bu, həm də o biri dünyada hamını Qoruyandır.
Heç bir bəhai ər öz həyat yoldaşını döyməməlidir və ya onu qəddar rəftara məruz qoymamalıdır; belə hərəkət nigah münasibətlərindən yolverilməz sui-istifadə və Həzrət Bəhaullahın Təlimlərinə zidd olardı.
Cəmiyyətdə ruhani dəyərlərin olmaması cinslər arasındakı əlaqələri idarə edən münasibətlərin alçalmasına gətirib çıxarır ki, bu zaman qadına ancaq cinsi tələbatın ödənməsi obyeki kimi baxılır, bütün insanların haqqı olan hörmət və ehtiramdan rədd edilir. Həzrət Bəhaullah xəbərdarlıq etmişdir: “Öz şəhvəti və pozğun meyllərinin ardınca düşənlər azmışlar və onların səyləri əbəsdir. Onlar, həqiqətən, ziyana uğrayanlardır”. İnananlar Həzrət Bəhaullahın “həqiqi ardıcılı”na aid Onun bəyanında yetişməyə təşviq olunduqları yüksək əxlaqi meyarlar üzərində düşünməlidirlər ki: “Və əgər onun qarşısına ən yaxşı şəkildə bəzənmiş gözəl və cazibədar bir qadın çıxarsa, o zərrə qədər də onun gözəlliyinə ehtiras gözü ilə baxmaz. Belə bir kəs, doğrudan da, ləkəsiz paklıqdan yaranmışdır. Əzəli Qələm Qüdrətli və Səxavətli Rəbbinizin adından sizə belə təlim verir”.
Ən mənfur seksual cinayətlərdən biri təcavüzdür. İnanan belə bir hərəkətin qurbanı olanda, icma üzvləri ona məhəbbətlə qayğı və dəstək göstərməlidirlər və əgər o istəsə, yaşadığı ölkənin qanunları çərçivəsində cinayətkarı məhkəməyə verməkdə azaddır. Əgər bu təcavüz nəticəsində o hamilə olarsa, bəhai təsisatları evlənmək üçün ona heç bir təzyiq qoymamalıdırlar. Hamiləliyi davam etdirmək, yoxsa kəsmək―bu onun öz ixtiyarındadır ki, tibbi və digər müvafiq amilləri nəzərə alaraq və Bəhai Təlimlərinin işığında qərar versin. Əgər təcavüz nəticəsində yaranmış hamiləlikdən uşaq doğularsa, bu onun öz ixtiyaına buraxılır ki, uşağı saxlamaq üçün atasından maliyyə dəstəyi istəsin ya yox; lakin atanın uşaq üzərində valideynlik haqqı iddiası mövcud şərtlər nöqteyi-nəzərindən Bəhai qanunu altında sual doğurardı.
Mühafiz onun adından yazılmış məktubda bunu aydınlaşdırıb ki, “Bəhai Dini cinsi həvəsin əhəmiyyətini qəbul edir” və “Cinsi instinktdən düzgün istifadə etmək hər bir fərdin təbii hüququdur və məhz bu məqsədə görədir ki, nigah institutu yaradılmışdır”. Evlilik əlaqəsinin bütün başqa tərəflərində olduğu kimi, bu cəhətində də qarşılıqlı hörmət və ehtiram olmalıdır. Əgər bir bəhai qadını zorakılığa və ya əri tərəfindən seksual təcavüzə məruz qalırsa, onun kömək və məsləhət və ya qanuni müdafiə axtarmaq üçün Ruhani Məhfilə müraciət etmək haqqı vardır. Belə bir zorakılıq evliliyin davam etməsini ciddi təhlükə altına alar və barışmaz antipatiya şəraitinin yaranmasına gətirib çıxarar. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 24 yanvar 1993-cü il tarixli məktubdan)
34. Ataya ailənin başçısı kimi istinad etmək barədə dərin anlayış əldə etmək istəyən bir inanana cavab kimi, Ədalət Evinin adından yazılmış məktubda deyilir: Sizin məktubunuzda qeyd etdiyiniz kimi, Ümumdünya Ədalət Evi bəyan etmişdir ki, üzərinə qoyulan bir sıra məsuliyyətlərdən nəticə çıxararaq, ata ailənin “başçı”sı hesab oluna bilər. Lakin bu istilahın mənası, ümumiyyətlə işlədilən məna ilə eyni deyil. Daha çox yeni məna kişi və qadının bərabərliyi prinsipi işığında və Ümumdünya Ədalət Evinin nə qadının, nə də kişinin bir-biri üzərində ədalətsiz olaraq hökmranlıq etməməsi haqda bəyanı işığında axtarılmalıdır. Ədalət Evi əvvəllər inananın sualına cavab olaraq bildirmişdir ki, “başçı” istilahının işlədilməsi ərə üstünlük vermir, nə də ona xüsusi haqqlar verir ki, o, ailənin digər üzvlərinin haqqlarını əzsin.” Ədalət Evi, həmçinin, buyurmuşdur ki, əgər mehriban məşvərətlə razılığa nail olunmursa, “elə vaxtlar olur ki, arvad ərinə güzəştə getməlidir, elə vaxtlar da olur ki, kişi arvadına güzəştə getməlidir, lakin heç biri ədalətsizcəsinə digərinin üzərində hökmranlıq etməməlidir” bu, tez-tez, ərlə arvad arasında razılıq əldə edilməyəndə qərar verməkdə qeyd-şərtsiz hüquqa malik olmaqla assosiasiya olunan “başçı” sözünün ənənəvi işlədilmə mənası ilə aydın təzad təşkil edir. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 15 iyul 1993-cü il tarixli məktubdan)
35. Evli cütlük arasında birliyin qorunub saxlanması son dərəcə vacibdir və əgər bu, Əmrə xidmətdən zərər çəkərsə, bu vəziyyəti düzəltmək üçün həll yolu tapılmalıdır.
Başqa sözlə, sizin seçdiyiniz yol elə bir yol olmalıdır ki, Əmrin maraqlarına xidmət etsin, eyni zamanda, sizin evlilik ittifaqınızın möhkəmlənməsinə kömək etsin. Siz Həzrət Şövqi Əfəndinin adından yazılmış məktubdan aşağıdakı çıxarışda görəcəksiniz ki, dostlar Əmrə xidməti ailələrinə laqeyd baxmaq üçün səbəb kimi istifadə etməməyə təşviq olunurlar: Əlbəttə, Həzrət Şövqi Əfəndi istərdi ki. siz və başqa dostlar bütün vaxtınızı və enerjinizni Əmrə verəsiniz, çünki bizim səriştəli işçilərə böyük ehtiyacımız var, lakin ev-ailə elə bir institutdur ki, Həzrət Bəhaullah onu möhkəmləndirməyə gəlib, zəiflətməyə deyil. Bəhai ailələrində çox heyfsiləndirici şeylər məhz bu məqama etinasızlıqdan baş verib. Əmrə xidmət edin, lakin ailə qarşısındakı vəzifələrinizi də unutmayın. Məhz özünüz balans tapmalısınız və elə etməlisiniz ki, bunların heç biri digərinə laqeyd baxmağa səbəb olmasın. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 18 aprel 1994-cü il tarixli məktubdan)
36. Bunu qeyd etmək faydalıdır ki, evlilik münasibəti elə bir münasibətdir ki, hər iki tərəfin davranışında dərin nizamlama tələb edir. Bu münasibətin intimliyi onların xasiyyətlərindəki ən yaxşı və ən pis şeyləri ortalığa çıxarır, hər iki tərəf, belə desək, sanki balanslaşdırma fəaliyyətində olurlar. Bəzi cütlüklər elə evliliyin başlanğıcında yüksək dərəcədə harmoniya əldə edir və bütün evlilikləri boyu onu saxlaya bilirlər. Çoxları isə belə bir harmoniya əldə etmək üçün bir müddət vuruşmalı olacaqlarını görürlər. Bu doğrudur ki, nigahda hər iki tərəfin haqları digəri tərəfindən qorunmalıdır, lakin bunu da yadda saxlamaq lazımdır ki, bu zaman birinin digərinə münasibəti ancaq hüquqi şərtlərə əsaslanmır. Bunun ən əsas təməli məhəbbətdir. Belə olduğu üçün, həyat yoldaşının səhv əməlinə sırf mühakiməedici reaksiya düzgün deyil. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 2 yanvar 1996-cı il tarixli məktubdan)
37. Sizin qaldırdığınız bu məsələ bu günkü cəmiyyətdə qarşılaşdıqları müxtəlif ehtiyaclara baxmağa və fürsətləri həll etməyə çalışan bəhai cütlüklər üçün böyük əhəmiyyətə malikdir . Gündəlik həyatın bir çox digər cəhətlərində olduğu kimi, bu məsələnin həlli Əmrin Təlimlərinin başa düşülməsi və tətbiq edilməsi ilə tapıla bilər. İnananlar bir faktı başa düşməli və narahat olmamalıdırlar ki, alınan həll yollarına Vəd Olunmuş Kəsi qəbul etmək lütfü ilə xeyir-dua almayanlar və bəşərin əksər hissəsinin bu cür modelləri geniş şəkildə qəbul etməsinə baxmayaraq, Bəhai Təlimlərinə yad olan fikir və düşüncə tərzində dolaşıb qalanlar tərəfindən adekvat bir yol kimi baxılmaya bilər.
Bu məsələyə baxarkən diqqət mərkəzində olacaq məqam Həzrət Bəhaullahın bütün sədaqətli möminlərinin həyatlarının məqsədi olmalıdır: Allahı tanımaq və Ona ibadət etmək. Bu insanlara xidməti və Allahın Əmrinin irəliləməsini nəzərdə tutur. Bu məqsədə xidmət edərkən, onlar qarşılarındakı hər bir imkanı nəzərdən keçirməlidirlər ki, mümkün olan qədər istedad və qabiliyyətlərini işkişaf etdirsinlər.
Bu yer həyatının məhdudiyyətlərinə görə, bu qaçılmazdır ki, inananlar çox hallarda, öz istedadlarını tam inkişaf etdirmək üçün fürsətlərdən məhrum olduqlarını görsünlər. Bu iqtisadi resursların və ya təhsil vəsaitlərinin azlığından və ya evlilik və valideynliklə bağlı azad surətdə götürülmüş başqa öhdəlikləri qarşılama və digər vəzifələri yerinə yetirmə zərurətindən ola bilər. Bəzi hallarda bu, Əmrin xatirinə edilmiş fədakarlıq üçün şüurlu qəbul edilmiş qərarın da nəticəsi ola bilər, çünki mühacir özünün bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün vasitələrin az olduğu postda da xidmət etməli olur. Lakin bu cür məhrumiyyətlər və məhdudiyyətlər o demək deyil ki, sözügedən bəhailər özlərinin təməl, ilahidən gələn məqsədlərini yerinə yetirə bilmirlər; bunlar sadəcə bu həyatda vaxta və səylərə olan çoxlu tələblərin qiymətləndirilməsi və balanslaşdırılması üçün ümumi çətinliyin elementləridir.
Həm ər, həm də arvad şəraitlərin belə geniş müxtəlifliyi üzündən onları müxtəlif yollarla aparan karyera imkanlarını izləyəndə, nigah tərəflərinin verdikləri qərar barədə qaldırdığınız sualın bir universal cavabı yoxdur. Hər bir cütlük necə ən yaxşı şəkildə hərəkət etməyi müəyyən etmək üçün bəhai məşvərəti prosesinə arxalanmalıdır. Belə etməklə onlar başqaları ilə yanaşı, aşağıdakı amilləri nəzərə ala bilərlər:
Ərlə arvad arasındakı məşvərəti canlandıran bərabərlik hissi;
Ümumdünya Ədalət Evi suallara cavab olaraq əvvəllər bəyan etmişdir ki, mehribanlıqla məşvərət etmək evlilik münasibətlərinin əsas prinsipi olmalıdır. Əgər razılığa nail olunmursa, onda elə vaxtlar olur ki, ya ər arvadın, ya da arvad ərin istəklərinə güzəştə getməlidir; dəqiq hansı hallarda bu cür güzəştlər edilməlidir―bu bir məsələdir ki, evli cütlük özü müəyyən etməlidir.
Nigah bağının qorunub saxlanması və evli tərəflərin arasında birliyin möhkəmləndirilməsi Bəhai Yazılarında güclü vurğulanır;
Ananın uşağın ilk tərbiyəçisi, ərin isə ailəni maliyyə tərəfdən saxlamaq üçün əsas məsuliyyəti daşıyan şəxs olduğu bəhai ailə konsepsiyası;
Ədalət Evinin başqa yerlərdə də təsdiq etdiyi kimi, bu, heç cür onu nəzərdə tutmur ki, bu funksiyalar dəyişməz olaraq təsbit edilmişdir və konkret ailə şəraitinə cavab vermək üçün dəyişilə və ya uyğunlaşdırıla bilməz.
Geniş yayılmış işsizlik dövründə iş perspektivi, qeyri-adi imkanlar və ya ərin və ya arvadın birinin qeyri-adi qabiliyyətləri və ya Əmrin fədakar addım atılmasını zəruri edən təxirəsalınmaz ehtiyacı.
Belə bir məşvərətin müvəffəqiyyətinə heç şübhəsiz, ona yanaşılan dua haləti və münasibətindən, hər iki tərəfin bir-birinə olan hörmətindən, həm öz aralarında, həm də ailənin digər üvləri arasında birliyi və harmoniyanı qoruyub saxlayan bir həll yolunu tapılmasında həqiqi istək və onların bərabərlik konteksti daxilində güzəştə getməyə və uyğunlaşmağa hazır olmaları təsir edəcək.
Cəmiyyət Həzrət Bəhaullahın Vəhyinin dəyişdirici təsiri altında onilliklər və əsrlər boyunca təkamül etdikcə, o, mütləq Bəhai Təlimlərinin sosial nöqteyi-nəzərdən tətbiqinə kömək edən və peşəkar fəaliyyətləri vasitəsilə Həzrət Bəhaullahın Əmrinə xidmət etmək kimi atəşli arzularını yerinə yetirmək istəyən cütlüklərin qarşılaşdığı çətinlikləri asanlaşdıran təməl dəyişikliklərə məruz qalacaq. (Ümumdünya Ədalət Evinin adından fərdi inanana yazılmış 26 iyun 1996-cı il tarixli məktubdan)
38. Həzrət Əbdül-Bəhanın bir Lövhündən bir çıxarışda deyilir: “Ərini əziz tut və həmişə ona xoş və mehriban xasiyyət göstər, onun xasiyyəti nə qədər pis olsa da”.
Bu bəyan barədə suala cavab verərəkən Katibliyin 12 aprel 1990-cı il tarixli aşağıdakı açıqlaması verilmişdir: Bu aydındır ki, heç bir ər arvadını―bu istər emosional, mental və ya fiziki olsun―hər hansı növ təhqirə və ya zorakılığa məruz qoymamalıdır. Belə bir töhmətəlayiq hərəkət bəhai Yazılarının hökm etdiyi qarşılıqlı hörmət və bərabərlik münasibətinə―o münasibət ki, məşvərət prinsipləri ilə idarə olunan, istənilən forma zorakılığın, o cümlədən, başqasının iradəsinə tabe olmağa məcbur etmək üçün güc tətbiq etməyin qaçıldığı bir münasibətə tam əks olardı. Bəhai qadın belə vəziyyətə düşdükdə və bu vəziyyətin əri ilə məşvərət etməklə düzəlməsini qeyri-mümkün hesab etdikdə, o məsləhət və rəhbərlik üçün Yerli Ruhani Məhfilə müraciət edə bilər, həmçinin, səriştəli peşəkar məsləhətçidən kömək istəməyi də faydalı görə bilər. Əgər ər də bəhaidirsə, Yerli Ruhani Məhfil təhqiramiz hərəkətdən qaçmaq lazım olduğunu onun nəzərinə çatdıra bilər və zəruri olarsa, onu təlimlərin nəsihətlərinə uyğun hərəkət etməyə məcbur etmək üçün daha qəti tədbirlərə əl ata bilər. (Ümumdünya Ədalət Evi tərəfindən yazılmış 20 mart 2002-ci il tarixli Memorandumdan)