Dialoq və mübahısənın müqayisəsi
Tədqiqat Mərkəzi

Ümumdünya Ədalət Evi


Tərcümə və çap: Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

Ümumdünya Ədalət Evinin Dünya Xalqlarına Müraciəti
Oktyabr 1985-ci il

Mündəricat

Ön söz                       5

Birinci Bölmə          7
İkinci Bölmə            12
Üçüncü Bölmə        18
Dördüncü Bölmə    23

 


 
Ön söz
 

VƏD OLUNMUŞ DÜNYA Sülhü sənədi 1985-ci ildə Bəhai Dininin ali inzibati və ruhani orqanı Ümumdünya Ədalət Evi tərəfindən tərtib edilmişdir. Bu sənəd dünyada sülhün bərqərar olmasının zəruri şərtlərini, habelə, onun əksinə işləyən maneələri müəyyən edir. 1988-ci ilədək bu müraciət 198 dövlət başçısına təqdim edilmiş və dünyanın 80 dilinə, o cümlədən. Azərbaycan dilinə tərcümə edilmiş, dünya üzrə bir milyondan çox insana paylanmışdır.


Bu sənəddə Ümumdünya Ədalət Evi təsdiq edir ki, dünya sülhü mümkündür və insanlığın tarixində birinci dəfədir ki, əlçatan yaxınlıqdadır. Lakin sənəd onu da bəyan edir ki, indiki beynəlxalq idarəetmə sistemi qüsurludur və mühaibə, terrorizm, anarxiya və iqtisadi qeyri-stabillik təhdidlərini aradan qaldırmaq iqtidarında deyildir. Bəşərin qarşısındakı problemi daha da ağırlaşdıran belə bir inancdır ki, insan varlığı fitrətən savaşa meylli və aqressivdir, bu qüsur uzun vədəli qlobal sülhün yaranmasını və stabilliyin dayanıqlı olmasını qeyri-mümkün edir.


Bu bəyanat əks bir arqument irəli sürür ki, insan nəsli tarix boyu inkişaf etmiş və böyümüşdür, insan mahiyyətcə ruhani varlıqdır və onu Allah yaratmışdır. Ona görə də, insanlar, əgər bunu istəsələr, sivilizasiya qurmağa və sülhməramlı bir dünya qurmağa qabildirlər. Ümumdünya Ədalət Evi təsdiq edir ki, sülh dinsiz baş tuta bilməz və Bəhai dininin Banisi Həzrət Bəhaullahın bu sözlərinə istinad edir ki, “Din dünyada nizamın yaradılması və onda yaşayan hər kəsin barış məmnuniyyəti üçün bütün vasitələrdən ən böyüyüdür”.
Ümumdünya Ədalət Evinin fikir budur ki, dini savaşın mənbəyi müxtəlif dinlərin özlərindən deyil, əksinə, insanlığın laqeydliyindən, “yanlış şərhlər təlqin etməkdən” qaynaqlanır. Bu şərhlər inamı ağıldan, dini elmdən ayırmışdır. Dini aidiyyatı olmayan bir amil kimi rədd edərək, dünyadakı cəmiyyətlər, dünyanın bir bütöv olaraq maraqlarına xidmət etmək və onları dəstəkləməkdə uğursuzluğa uğramış geniş sayda ideologiyalar qəbul etmişlər.


Sadəcə konkret silahları qadağan etməklə, spesifik münaqişələri həll etmək və yaxud yeni müqavilələr bağlamaqla sülh əldə etmək olmaz. Bu, bütöv, yeni bir öhdəlik tələb edir. Bəyanatda təsdiq edilir ki, bir sıra əhatəedici prinsiplərə və barış içində olan və ədalətli bir dünya qurmaq üçün səmimi maraqlara əsaslanan yeni bir fəaliyyət çərçivəsi qəbul edilməlidir. Məsələnin kökündə dayanan və həll edilməli olan problemlər içərisində aşağıdakılar vardır:


•    İrqi, cinsi və dini inanca əsaslanan irqçilik ə ayrıseçkilik
•    Zənginlərlə yoxsullar arasında qeyri-adi fərq
•    Cilovu buraxılmış millətçilik
•    Dini ədavət
•    Kişilərlə qadınlar arasında qeyri-bərabərlik
•    Dünya üzrə çox insanın təhsil imkanlarına əlinin çatmaması
•    İnsanlar arasında ünsiyyətdə təməlli çatışmazlıq


Bəhailər bu maneələri aşmaqdan ötrü əllərindən gələni edirlər və bu yaxınlarda öz qonşuları ilə ünsiyyət etməyə başlamış və qonşuluqlarında məşğul olmağa başlamışdır.

Birinci Bölmə

İNSAN NƏSLİNİ BÜTÜN başqa həyat formalarından fərqləndirən qabiliyyətlər insan ruhu kimi tanınan bir məhfumda toplanıb; ağıl bunun mühüm xassəsidir. Bu bəxşişlər insanlığı sivilizasiyalar qurmağa və maddi cəhətdən çiçəklənməyə qabil etmişdir. Lakin bu nailiyyətlər tək halda sirli təbiəti transsendentallığa meyl edən, görünməz aləmə, son həqiqətə, Allah adlanan bilinməz Cövhərlər Cövhərinə yetişməyə can atan insan ruhunu heç vaxt məmnun etməmişdir. Bir-birinin ardınca gələn böyük ruhani Simalar tərəfindən bəşəriyyətə gətirilən dinlər bəşərlə o son gerçəklik arasında ilkin bağlar olmuş və bəşəriyyətin sosial tərəqqi ilə yanaşı ruhani uğurlara nail olması üçün onun qabiliyyətini stimulə etmiş və təkmilləşdirmişdir.


İnsanların işlərini və münasibətlərini düzəltmək, dünya sülhünə nail olmaq üçün edilən heç bir ciddi-cəhd dinə əhəmiyyət verməyə bilməz. İnsanın dini qavraması və ona itaət etməsi geniş mənada tarixin özünü təşkil edir. Görkəmli bir tarixçi dini “insan təbiətinin bir qabiliyyəti” kimi təsvir etmişdir. Bu qabiliyyətin təhrif olunmasının cəmiyyətin çaşqınlığına, fərdlərin daxilində və oların aralarında olan münaqişələrə xeyli dərəcədə səbəb olmasını çətin ki, inkar etmək mümkün olsun. Lakin insafla düşünən heç bir müşahidəçi də sivilizasiyanın mühüm təzahürlərinin üzə çıxmasına dinin etdiyi üstün təsiri də hesaba almaya bilməz. Bundan da ötəsi, sosial nizam üçün bunun əvəzedilməzliyi onun hüquqa və mənəviyyata bilavasitə təsiri ilə dəfələrlə nümayiş etdirilmişdir.


Sosial bir güc kimi, din haqqında Həzrət Bəhaullah buyurmuşdur: “Din dünyada nizamın qurulması və onun sakinlərinin əmin-amanlığı və məmnunluğu üçün ən böyük vasitədir”. Dinin çökməsi və təhrif olunmasına istinad edərək O, yazırdı: “Əgər dinin çırağı sönərsə, qarışıqlıq və çaşqınlıq meydana çıxar, insaf, ədalət, sakitlik və sülh işıqları daha parlamaz”. Bu cür nəticələri sadalayaraq Bəhai yazıları göstərir ki, “insan təbiətinin pozulması, davranış normalarının tənəzzülü, insan təsisatlarının təhrif olunması və çökməsi bu şərtlərdə özünü ən pis və iyrənc tərəfdən göstərir. İnsanın xasiyyəti pozğunlaşır, etibar sarsılır, intizamın ipi boşalır, vicdanın səsi susur, ədəb və həya hissi kütləşir, borc, həmrəylik, qarşılıqlı yardım və sədaqət anlayışları təhrif olunur, dinclik, sevinc və ümid duyğularının özü tədricən sönür”.


Ona görə də əgər bəşəriyyət iflicedici münaqişə vəziyyətinə qədər yuvarlanıbsa, onda o, dönüb özünə, öz biganəliyinə, qulaq asdığı siren səslərinə, din naminə törədilmiş anlaşılmazlıq və çaşqınlıqların mənbəyinə baxmalıdır. Kor-koranə və xudbincəsinə öz ortodoksal ehkamlarına yapışıb qalan, Allahın Peyğəmbərlərinin kəlamlarının yanlış və ziddiyyətli şərhlərini öz tərəfdarlarına sırıyanlar bu çaşqınlıq üçün ağır məsuliyyət daşıyırlar–o çaşqınlıq ki, imanla ağıl, elmlə din arasında süni baryerlər vasitəsilə yaradılmışdır. Çünki böyük dinlərin Banilərinin Öz həqiqi bəyanlarının və missiyalarını yerinə yetirməyə məcbur olduqları sosial mühitin obyektiv olaraq öyrənilməsi göstərir ki, bəşərin dini icmalarını və bu səbəbdən də insanların işlərini və münasibətlərini parçalayan ədavət və təəssübkeşliklərə haqq qazandıran heç nə yoxdur. 


Başqaları ilə bizimlə edilməsini istədiyimiz rəftarla davranmaq barədə təlim–bütün böyük dinlərdə bu və ya digər formada təkrar olunan bir ədəb qaydası olmaqla yuxarıda deyilənləri iki mənada xüsusilə gücləndirir: Birincisi, bu, yerindən və yaranma vaxtından asılı olmayaraq bu dinlərdə olan mənəvi münasibəti, sülhpərvər cəhəti ümumiləşdirir; ikincisi isə, bu dinlərin əsas dəyərini–onların birliyini göstərir–o dəyər ki, bəşəriyyət tarixə özünün rabitəsiz və dağınıq baxışı üzündən qiymətləndirməyi bacarmamışdır.


Əgər bəşəriyyət özünün kollektiv uşaqlıq dövrünün Mürəbbilərini öz həqiqi xarakterləri ilə, vahid bir sivilizasiya prosesinin hərəkətvericiləri kimi tanısaydı, onların ardıcıl gələn missiyalarının üst-üstə gələn təsirlərindən daha çox fayda götürmüş olardı. Lakin əfsus ki, bəşəriyyət bunu edə bilmədi.


Bir çox ölkələrdə baş verməkdə olan fanatik dini qızğınlıqlara belə baxmaq olar ki, onlar sadəcə ölümqabağı konvulsiyadan başqa bir şey deyil. Bu qızğınlıqla bağlı olan zorakı və dağıdıcı təzahürlərin təbiətinin özü onun ortaya çıxardığı ruhani müflisliyə şəhadət verir. Hazırkı dini fanatizm partlayışının ən qəribə və kədərli xüsusiyyətlərindən biri budur ki, o, hər bir halda, təkcə bəşərin birliyinə aparan ruhani dəyərləri deyil, həm də guya xidmət etmək istədiyi dinin özünün qazandığı misilsiz mənəvi qələbələri də sarsıdır.


Bəşərin tarixində din nə qədər həyati bir güc olsa da və döyüşkən dini fanatizmin indiki zamanda yenidən qalxması nə qədər kəskinləşsə də, bir çox onilliklər ərzində getdikcə daha çox insanlar bu baxışa tərəfdar idilər ki, dinin və dini institutların müasir dünyanın əsas problemlərinə heç bir aidiyyatı yoxdur. Bunun yerinə onlar ya maddi məmnuniyyət naminə hedonist məqsədlər arxasınca düşdülər, ya da altında cəmiyyətin inildədəyi aşkar bəlalardan onu xilas etmək üçün insan uydurması olan ideologiyalara üz tutdular. Əfsuslar olsun ki, bu ideologiyaların çoxu bəşəriyyətin birliyi konsepsiyasını qəbul etmək və müxtəlif xalqlar arasında razılığı irəlilətmək əvəzinə, dövləti ilahiləşdirməyə, bəşərin qalan hissəsini bir millətə, bir irqə və ya sinfə tabe etməyə, müzakirə və fikir mübadiləsini boğmağa və ya aclıq çəkən milyonları rəhmsizcəsinə bazar sisteminin ixtiyarına buraxmağa can atdı, o bazar sistemi ki, bir tərəfdən bəşərin əsas hissəsinin vəziyyətini daha da ağırlaşdırırsa, digər tərəfdən onun cüzi bir hissəsinin bizim əcdadlarımızın xəyalına belə gəlməsi mümkün olmayan cah-cəlal içində yaşamasına imkan yaradır.


Zəmanəmizin müdriklərinin yaratdıqları saxta dinlərin bəhrəsi necə də faciəvidir?! Onların mehrabında sitayş etməyə öyrədilmiş bütöv xalqların kütləvi məyusluğunda onların dəyərlərinə tarixin çıxardığı qəti hökmü oxumaq olar. Onların hesabına insan işlərinin zirvəsinə ucalanların qeyri-məhdud hakimiyyətdə olduqları onilliklərdən sonra iyirminci əsrin son illərində dünyanın hər bir regionunu zədələyən sosial və iqtisadi xəstəlikləri bu ehkamlar doğurmuşdur. Bütün bu zahiri bəlaların kökündə bütün ölkələrdə insan kütlələrini bürüyən apatiyada, məhrumiyyətə və əzaba düçar olmuş milyonların ürəklərində ümid qığılcımlarının sönməsində üzə çıxan ruhani tükənmə durur.


İndi zamanı gəlmişdir ki, materializm ehkamlarını istər qərbdə, istərsə də şərqdə, istər kapitalizm, istərsə də sosializm ölkələrində təbliğ edənlər guya həyata keçirdikləri mənəvi rəhbərlik barədə hesabat versinlər. Onların ideologiyalarının vəd etdiyi o “yeni dünya” haradadır? İdeallarına sədaqətlərinə and içdikləri o dünya sülhü haradadır? Bu və ya digər irqin, millətin və ya sinfin yüksəldilməsi ilə mədəniyyətdə yeni nailiyyətlərə aparmalı olan o sıçrayışlar haradadır? Nə üçün bəşəriyyətin əksər hissəsi getdikcə daha da aclıq və səfalət bataqlığına batır, o zaman ki, insan işlərinin indiki hakimlərinin ixtiyarında fironların, sezarların və hətta on doqquzuncu əsrin imperialist maqnatlarının xəyalına belə gəlməyən var-dövlət var?


Bütün bu ideologiyaların eyni zamanda həm mənbəyində duran və həm də onların ümumi xüsusiyyəti kimi çıxış edən maddiyyat arxasınca qaçmağın tərif və təqdir olunmasında biz belə bir yanlış fikrin kökünü görürük ki, insan varlıqları islaholunmaz dərəcədə xudbin və aqressivdirlər. Bizim gələcək nəsillərimizə layiq olan yeni dünyanı tikmək üçün yer, məhz burada təmizlənib hazırlanmalıdır.


Təcrübələrin işığında materialstik idealların bəşərin ehtiyaclarını ödəməkdə uğursuzluğa düçar olması zəruri edir ki, planetin əzabverici problemlərinə çıxış yolu tapmaq üçün yeni səylərin qoyulması cəhdlərinə tələb açıqca etiraf olunsun. Cəmiyyətdə hökm sürən dözülməz şərait ümumi iflasdan danışır, elə bir vəziyyət ki, hər tərəf öz mövqeyini yumşaltmaq əvəzinə onu bir az da gücləndirir. Aydındır ki, universal əlac tapılması təxirəsalınmaz bir tələbdir. Bu ilk növbədə münasibət məsələsidir. Bəşəriyyət köhnəlmiş konsepsiyalardan və işləməyən fərziyyələrdən yapıışıb öz azmışlığında (yanılmağında) davammı edəcək? Yoxsa ideologiyalardan asılı olmayaraq onun liderləri irəli çıxacaq və qəti iradə nümayiş etdirərək müvafiq həll yollarının axtarılması üçün birlikdə məşvərət edəcəklər?


İnsan nəslinin gələcəyi qayğısına qalanlar bu məsləhət üzərində düşünə bilərlər: “Əgər uzun zamanlar bəslənən ideallar, əsrlərlə müqəddəs elan edilmiş təsisatlar, əgər müəyyən sosial postulatlar və dini ehkamlar ümumilikdə bəşəriyyətin rifahına daha kömək edə bilmirsə, əgər onlar daha davamlı olaraq təkamül edən bəşəriyyətin ehtiyaclarına xidmət edə bilmirsə, onları silmək və köhnəlmiş və unudulmuş ehkamların atıldığı yerə atmaq lazımdır. Nə üçün bunlar, dəyişməz inkişaf və dağılma qanununa məruz qalan dünyada insanın yaratdığı hər bir təsisatı saran tənəzzüldən kənarda qalmalıdırlar? Çünki hüquqi normalar, siyasi və iqtisadi nəzəriyyələr yalnız bütövlükdə bəşərin maraqlarını qorumaq üçün tərtib edilmişdir və bəşəriyyət, hər hansı bir xüsusi qanun və ya ehkamın toxunulmazlığına qurban getməməlidir”.



İkinci Bölmə
 

NÜVƏ SİLAHININ, ZƏHƏRLİ qazların və ya bakterioloji silahların istifadəsinin qadağan edilməsi müharibənin köklü səbəblərini aradan qaldırmayacaq. Sülh yaratma prosesinin elementi olaraq bu cür praktiki tədbirlərin nə qədər mühüm olması göz önündə olsa da, özlüyündə bunlar çox səthi tədbirlərdir və davamlı və qalıcı təsir göstərə bilməz. İnsanlar başqa cür müharibə aparmaq formaları yaratmaqda və ərzağı, xammal materiallarını, maliyyəni, sənaye gücünü, ideologiyanı və terrorizmi bir-birini yıxmaq üçün qurtarmaq bilməyən hakimiyyət və üstünlük davası naminə bir vasitə kimi istifadə etməkdə kifayət qədər mahirdirlər. Nə də ki, insanların münasibət və işlərindəki mövcud qarışıqlıqlar ayrı-ayrı münaqişələrin və millətlər arasındakı narazılıqların sadəcə yoluna qoyulması ilə həll edilə bilər. Əsl ümumdünya planı qəbul edilməlidir.


Əlbəttə, dövlət başçıları gündəlik olaraq çoxsaylı məsələlərlə qarşılaşırlar və buradan problemin dünya miqyaslı xarakerdə olmasını etiraf edirlər. Bununla yanaşı, problemlərə görə narahat olan və bundan yaxşı hali olan qrupların, habelə, Birləşmiş Millətlərin qurumlarının qarşılanmalı olan təxirəsalınmaz ehtiyaclar barədə istənilən məlumatsızlığı istisna etmək üçün təklif etdikləri çoxsaylı araşdırmalar və planları vardır. Lakin ortalıqda olan şey iradənin iflic olmasıdır. Məhz bu məsələ diqqətlə nəzərdən keçirilməli və qətiyyətlə həllini tapmalıdır. Bizim artıq qeyd etdiyimiz kimi, bu iflicolmanın kökü özünə möhkəm yer etmiş bu inamdadır ki, bəşəriyyət qaçılmaz olaraq, islaholunmaz dərəcədə savaşa meyllidir və bu baxış da milli maraqları dünya nizamının tələblərinə tabe etmək imkanını nəzərdən keçirməkdə laqeydliyə və birləşmiş ümumdünya hakimiyyət orqanının qurulmasının təsəvvürə gəlməyən əhəmiyyətə malik olmasını cəsarətlə qarşılamaqdan boyun qaçırmağa gətirib çıxarır. Bu, həmçinin, ümumilikdə savadsız və zülm altında olan kütlələrin bütün bəşərlə birlikdə dinclik, harmoniya və firavanlıqda yaşayacaqları yeni nizama can atmalarını ifadə etməkdə onların qabiliyyətsizlikləri ilə də bağlıdır.


Dünya nizamına doğru atılmış ilkin addımlar, xüsusilə də II Dünya Müharibəsindən sonrakı tədbirlər müəyyən ümidlər verir. Bir sıra ölkələr öz münasibətlərini elə rəsmiləşdirirlər ki, bu, qarşılıqlı maraq doğuran məsələlərdə onları bir-birilə əməkdaşlığa qabil edir və getdikcə güclənən bu tendensiya göstərir ki, son nəticədə bütün ölkələr onlara bu istiqamətdə hərəkət etməyə imkan verməyən iflic halından çıxa bilərlər. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, Karib Hövzəsi Ölkələri Birliyi və Ümumi Bazarı, Mərkəzi Amerika Ölkələri Ümumi Bazarı, Qarşılıqlı İqtisadi Yardım Şurası, Avropa Birliyi, Ərəb Ölkələri Liqası, Afrika Birliyi Təşkilatı, Amerika Dövlətləri Təşkilatı, Sakit Okeanın Cənub Ölkələrinin Forumu–bütün bu təşkilatlar dünya nizamına yol hazırlamaq üçün qoyulan birləşmiş səyləri ifadə edir.


Planetin daha dərin kök salmış bəzi problemlərinə getdikcə artan diqqət də başqa bir ümidverici əlamətdir. Birləşmiş Millətlər Təşkilatının aşkar çatışmazlıqlarına baxmayaraq, bu təşkilatın qəbul etdiyi qırxdan artıq qətnamə və konvensiya, hətta hökumətlərin öz öhdəliklərini çox da şövqlə qəbul etmədikləri hallarda belə, sadə insanlarda yeni ümidlərin doğmasına səbəb olmuşdur. İnsan haqları üzrə universal Bəyannamə, genosid cinayətinin qarşısının alınması və cəzalandırılması Konvensiyası və irqi, cinsi və ya dini etiqad zəminində bütün forma ayrıseçkiliyin qaradan qaldırılması ilə bağlı eyni tipli tədbirlər; uşaq hüquqlarının qorunması; bütün insanların işgəncədən müdafiəsi; aclığın və qida çatışmazlığının aradan qaldırılması; elmi və texnoloji tərəqqinin sülh maraqları və bəşərin faydası naminə istifadə edilməsi–bütün bu tədbirlər, əgər qətiyyət və cəsarətlə həyata keçirilsə və genişləndirilsə, beynəlxalq münasibətləri idarə etməkdə müharibə kabusunun gücünün itdiyi günü daha da yaxınlaşdıracaqdır. Bu bəyannamələrin və konvensiyaların aid olduğu məsələlərin əhəmiyyətini vurğulamağa ehtiyac yoxdur. Lakin bu qəbildən olan bir sıra məsələlər dünya sülhünü qurmaq üçün bilavasitə əhəmiyyət daşıdığından, onların üzərində ayrıca dayanmağa dəyər.


Ən fəlakətli və müqavimət göstərən bəlalardan biri olan irqçilik sülhün yolunda ən böyük maneədir. Bütün təzahürləri ilə irqçilik insan ləyaqətinin elə bir formada təhqiridir ki, heç bir bəhanə ilə ona bəraət qazandırmaq olmaz. İrqçilik öz qurbanlarının qeyri-məhdud potensialının açılmasını saxlayır, irqçilərin özlərinin mənəviyyatını pozur və bəşərin tərəqqisinə mane olur. Bu bəladan can qurtarmaq üçün bəşəriyyətin birliyi bütün dünyada etiraf olunmalı və bu, müvafiq qanunvericilik tədbirləri ilə möhkəmləndirilməli və dəstəklənməlidir.


Yoxsullar və zənginlər arasındakı hədsiz uçurum dəhşətli iztirab mənbəyi olaraq, dünyanı son dərəcə qeyri-sabit bir vəziyyətdə, faktiki olaraq, müharibə astanasında saxlayır. Ancaq bir neçə cəmiyyət bu vəziyyətin öhdəsindən gələ bilmişdir. Bu məsələnin həlli ruhani, mənəvi və praktiki tərəfləri əhatə edən kombinə olunmuş bir yanaşmanın tətbiqini tələb edir. Bu problemə yeni bir baxış lazımdır və bu baxış, iqtisadi və ideoloji polemikalardan qaçmaqla çox geniş sahələrdən olan ekspertlərin məsləhətləşmələrini və təxirə salınmadan qəbul edilməli olan qərarlarda maraqları olan insanların da cəlb olunmasını nəzərdə tutur. Bu elə bir məsələdir ki, yalnız ifrat yoxsulluq və zənginliyin aradan qaldırılması ilə bağlı deyil, həm də o ruhani həqiqətləri ehtiva edir ki, onların başa düşülməsi məsələyə yeni, universal bir münasibət yarada bilər. Belə bir münasibətin yetişdirilməsinin özü əslində məsələnin həllinin əsas hissəsi deməkdir.


Sağlam və məntiqli vətənpərvərliklə heç bir əlaqəsi olmayan azğın millətçilik, daha geniş bir sədaqət hissinə, bütövlükdə bəşərə məhəbbət hissinə yol verməlidir. Bu barədə Həzrət Bəhaullahın təsdiqi budur: “Yer kürəsi bir vətəndir, bütün insanlar isə onun vətəndaşlarıdır”. Dünya vətəndaşlığı konsepsiyası elmi tərəqqi və ölkələrin bir-birindən mübahisəsiz asılılığı vasitəsilə dünyanın vahid bir ölkəyə (geniş mənada qonşuluğa) qədər “kiçilməsinin” bilavasitə nəticəsidir. Dünyanın bütün insanlarına olan məhəbbət öz ölkəsinə olan sevgini istisna etmir. Dünya cəmiyyətinin bir hissəsinin rifahı ən yaxşı şəkildə bütövün rifahının həyata keçirilməsi ilə təmin olunur. Xalqlar arasında qarşılıqlı ehtiramı, bağlılığı və həmrəylik hissini tərbiyə edən müxtəlif sahələrdə hazırkı beynəlxalq fəaliyyətləri əhəmiyyətli dərəcədə artırmaq lazımdır.


Dini ədavət bütün tarix boyu tərəqinin yolunda ən böyük maneə olan saysız-hesabsız müharibə və münaqişələrin səbəbi olmuşdur və indi isə bütün dinlərdən olan inanan və inanmayan insanlarda getidkcə daha çox ikrah hissi yaradır. Bütün dinlərin ardıcılları bu ədavətin qaldırdığı əsas sualları diqqət mərkəzinə gətirməli və onlara birgə aydın cavablar tapmalıdırlar. Onlar arasındakı fərqlər həm nəzəri, həm də praktiki cəhətdən necə həll edilməlidir? Bəşəriyyətin dini liderlərinin qarşısında meydan oxuyan məsələ budur ki, onlar şəfqət hissi ilə dolu bir ürək və həqiqəti tapmaq istəyi ilə bəşərin taleyi üzərində düşünsünlər və Qüdrətli Rəbblərinin qarşısında müti halda özlərindən soruşsunlar ki: məgər onlar teoloji fərqlərdə insan anlayışının yüksəlməsi və sülh naminə birlikdə işləməyə onları qabil edəcək böyük qarşılıqlı dözüm ruhunda güzəştə gedə bilməzlərmi?


Qadınların emansipasiyası, qadın və kişilər arasında tam bərabərliyə nail olunması sülh üçün ən mühüm, hərçənd, çox da geniş şəkildə etiraf olunmayan şərtlərdən biridir. Belə bir bərabərliyin inkar olunması dünya əhalisinin yarısına qarşı ədalətsizliyə səbəb olur və kişilərdə ziyanlı münasibət və vərdişlərin inkişafına gətirib çıxarır ki, bu da ailədən iş yerinə, siyasi həyata və son nəticədə beynəlxalq münasibətlərə keçir. Belə bir inkara bəraət qazandırılması üçün nə mənəvi-əxlaqi, nə praktiki və nə də bioloji əsas vardır. Qadınların yalnız insan işlərinin bütün sahələrinə razılıqla qəbul edildiyi təqdirdə beynəlxalq sülhün yarana biləcəyi mənəvi və psixoloji iqlim-mühit yaradılacaqdır.


Hər bir dindən və millətdən olan sədaqətli insanlardan ibarət bir ordunun xidmət etdiyi universal təhsil məsələsi dünya hökumətlərinin ən yüksək səviyyədə dəstəyini haqq edir. Çünki cəhalət xalqların tənəzzülünün və çökməsinin, təəssübkeşliklərin əbədiləşməsinin, heç şübhəsiz, ən əsas səbəbidir. Bütün vətəndaşlarına təhsildən faydalanmaq imkanı yaratmayan heç bir ölkə müvəffəqiyyət qazana bilməz. Bu sahədə resursların çatışmazlığı bu məqsədə nail olmaqda bir sıra ölkələrin imkanlarını məhdudlaşdırır və onları prioritetlər qoymağa məcbur edir. Bu məsələ barəsində qərar çıxarmağa cəlb olunan qurumlar prioritetləri müəyyən edərkən, yaxşı olard ki, üstünlüyü qadınların və qızların təhsil almasına versinlər, çünki məhz təhsilli anaların vasitəsilə biliyin faydası daha səmərəli yolla və sürətlə cəmiyyətdə yayıla bilər. Bundan əlavə, zamanın tələblərinə uyğun olaraq, standart təhsilin tərkib hissəsi kimi, hər bir uşağa dünya vətəndaşlığı konsepsiyasının öyrədilməsinə diqqət verilməlidir.


İnsanlar arasında ünsiyyət üçün fundamental və universal vasitənin çatışmazlığı dünya sülhü işinə yönəlik səylərə xeyli ziyan vurur. Beynəlxalq köməkçi dilin qəbul edilməsi bu məsələnin həllində çox böyük bir irəliləyiş olardı və bu məsələ təxirəsalınmaz diqqət tələb edir.


Bütün bu məsələlərdə iki məqam xüsusilə vurğulanmalıdır. Biri budur ki, müharibəyə son qoyulması sadəcə müqavilə və protokolların imzalanması məsələsi deyildir; bu mürəkkəb bir məsələdir və adətən sülh yaratma işi ilə bağlı olmayan problemlərin həllinə yeni bir səviyyədə öhdəlik tələb edir. Yalnız siyasi razılaşmalara əsaslanan kollektiv təhlükəsizlik isə sadəcə bir xülyadır. Digər bir məqam da budur ki, sülh işini həll etməkdə ən birinci çətinlik bu kontekstdə baxılan məsələlərin təmiz praqmatizm çərçivəsindən çıxarılaraq prinsip səviyyəsinə qaldırılmasıdır. Çünki, mahiyyətcə, sülh ruhani və ya mənəvi münasibətlə dəstəklənən daxili bir vəziyyətdən yaranır və əsas etibarilə, məhz bu münasibətin yaradılmasında həmişəlik həll yolları tapıla bilər. 


Müəyyən ruhani prinsiplər vardır ki–bəziləri onları ümumbəşəri dəyərlər adlandırılar–onların köməyilə hər bir sosial problemin həlli tapıla bilər. İstənilən xeyirxah niyyətli qrup, öz qarşısında olan problemlərin praktiki həlli üçün tədbirlərin ümumi sxemini verə bilər, lakin yaxşı niyyət və praktiki bilik kifayət deyil. Ruhani prinsipin əsas dəyəri bundadır ki, o, təkcə insanın mahiyyəti ilə ahəngdar olan prespektivi vermir, o, həm də praktiki tədbirlərin görülməsini və tətbiqini asanlaşdıran münasibət, dinamika, iradə və şövq yaradır. Hökumət başçıları və hakimiyyətdə olanların hamısı, hər hansı bir məsələnin həlli üçün ilk növbədə onunla bağlı prinsipləri müəyyən etsələr və onlara uyğun hərəkət etsələr, onların səyləri daha səmərəli olar.


 
Üçüncü Bölmə
 

İLK NÖVBƏDƏ HƏLL edilməli olan məsələ budur ki, dərin kök salmış münaqişə modellərini özündə əks etdirən indiki dünya harmoniya və əməkdaşlığın hökm sürdüyü dünyaya necə cevrilə bilər.


Dünya nizamı yalnız bəşərin bir olması kimi sarsılmaz inam–elə bir ruhani prinsip üzərində qurula bilər ki, onu bütün humanitar elmlər təsdiq edir. Həyatın ikinci dərəcəli cəhətlərinin son dərəcə müxtəlif olmasına baxmayaraq, antropologiya, fiziologiya, psixologiya kimi elmlər ancaq bir insan növünü ayırd edir. Bu həqiqətin dərk edilməsi hər cür–irqinə, sinfinə, rənginə, dininə, millətinə, cinsinə, maddi səviyyəsinə görə təəssübkeşlikləri tərk etməyi və insanların özlərini başqalarından üstün tutmasına səbəb olan hər şeydən imtina etməyi tələb edir.


Bəşəriyyətin birliyinin qəbul edilməsi bütün dünyanın bir ölkə, bütün bəşərin vahid evi olaraq yenidən təşkili və idarə olunması üçün ilk fundamental şərtdir. Bu ruhani prinsipin bütün dünyada etirafı və qəbul edilməsi dünya sülhü qurmaq üçün edilən hər bir uğurlu cəhd üçün çox vacibdir. Ona görə də bu prinsip bütün dünyada bəyan edilməli, məktəblərdə öyrədilməli, cəmiyyətin strukturunda onun doğuracağı üzvi dəyişikliklərə hazırlıq üçün hər bir ölkədə təsdiq və müdafiə olunmalıdır.


Bəhai nöqteyi-nəzərincə, bəşərin birliyinin qəbul edilməsi bütün sivil dünyanın–həyatın bütün mühüm aspektlərində: onun siyasi mexanizmlərində, ruhani cəhdlərində, ticarət və maliyyədə, yazı və dilində bir olan, lakin eyni zamanda da onun federal vahidlərinin milli xüsusiyyətlərinə görə sonsuz müxtəlifliyə malik olmaqla, birləşmiş dünyanın yenidən qurulmasını və hərbsizləşdirilməsini tələb edir.


Bu əsas prinsipin mənalarını izah edərək Bəhai Dininin Vəlisi Həzrət Şövqi Əfəndi 1931-ci ildə yazırdı: “Cəmiyyətin mövcud təməlini devirmək məqsədindən çox uzaq olmaqla, o, bunun əsaslarını genişləndirmək və hər zaman dəyişən dünyanın ehtiyacları ilə səsləşən bir şəkildə onun təsisatlarına yeni forma vermək məqsədi daşıyır. Bu nə ağıllı tərəfdarlıqla ziddiyyətə girir, nə də sədaqətliliyin ilkin və mühüm elementlərini dağıdır. Bunun məqsədi nə odur ki, insanların ürəyində sağlam və ağıllı vətənpərvərlik alovunu söndürsün, nə də ifrat mərkəzləşmədən qaçmaq üçün bu qədər mühüm olan milli muxtariyyət sistemini ləğv etsin. O, dünya xalqlarını və millətlərini bir-birindən fərqləndirən etnik mənşənin, iqlim, tarix, dil və ənənə, fikir və adətlərin müxtəlifliyini nə rədd edir, nə də ki, onu boğur. O, daha geniş bir sədaqətliliyə çağırır, insanlığı indiyə kimi ruhlandıran hər hansı bir cəhddən daha yüksəyinə səsləyir. O, milli maraq və motivləri, birləşmiş dünyanın imperativ iddialarına tabe etməkdə təkid edir. O, bir tərəfdən ifrat mərkəzləşməni rədd edir, digər tərəfdən isə yeknəsəkliyə aparan cəhdləri inkar edir. Onun şüarı müxtəliflikdə birlikdir”.


Bu məqsədlərə nail olunması ölkələrin siyasi mövqelərinin bir neçə mərhələdə tənzimlənməsini tələb edir, o mövqelər ki, aydın müəyyən olunmuş qanunlar və ölkələr arasındakı münasibətləri tənzimləmək üçün hamılıqla qəbul olunan və hər yerdə yerinə yetirilən prinsiplərin olmaması səbəbindən anarxiyanın astanasında dayanıb. Millətlər Liqası, Birləşmiş Millətlər Təşkilatı və onların yaratdıqları digər çoxlu təşkilatlar və bağladıqları müqavilələr beynəlxalq münaqişələrin mənfi təsirlərinin yumşaldılmasında, əlbəttə, faydalı olmuşdur, lakin onlar müharibənin qarşısını almaq iqtidarında olmamışlar. Doğrudan da, II dünya müharibəsindən sonra sayı onlarla ölçülən müharibələr olmuşdur və hətta bəziləri bu günədək tüğyan edir. Bu problemin üstünlük təşkil edən cəhəti artıq XIX əsrdə meydana çıxmışdı, o zaman ki, Həzrət Bəhaullah dünyada sülhün bərqərar olması üçün Öz təkliflərini irəli sürdü. Kollektiv təhlükəsizlik prinsipi Onun dünya hakimlərinə ünvanlanmış müraciətlərində elan olunurdu. Həzrət Şövqi Əfəndi Onun bu prinsipini belə şərh edir: “Bu tutarlı və çəkili sözlər, dünyanın bütün millətlərinin gələcək İttifaqının yaradılması üçün zəruri müqəddimə kimi qaçılmaz olaraq, qeyri-məhdud milli suverenliyin məhdudlaşdırılmasına işarədən başqa nə ola bilərdi? Dünya fövqəl dövlətinin hansısa bir forması inkişaf etdirilməlidir ki, bunun da xeyrinə olaraq dünyanın bütün ölkələri müharibə etmək hququndan və vergi almağın müəyyən hüquqlarından və onlara aid ərazilərdə daxili nizam-intizamın qorunması məqsədi ilə saxlanılan silahlı qüvvələrdən başqa ordu saxlamağın bütün hüquqlarından könüllü surətdə əl çəksinlər. Belə bir fövqəl dövlətin tərkibində Beynəlxalq İcraedici orqan olmalıdır ki, bu birliyə daxil olan hər hansı üsyankar dövlətin sözsüz tabeçiliyini təmin etmək üçün tam səlahiyyətli olsun; Dünya Parlamenti olmalıdır ki, onun üzvləri müvafiq ölkələrin xalqları tərəfindən seçilməli və müvafiq hökumət də bu seçkiləri təsdiq etməlidir; bunun tərkibində Ali Məhkəmə olmalıdır ki, onun səlahiyyəti, aidiyyatı olan tərəflər öz işlərini könüllü olaraq onun baxmasına vermədikləri halda belə, onlar üçün məcburi hökmə malik olsun”.


Elə bir dünya cəmiyyəti ki, onda bütün iqtisadi baryerlər həmişəlik ləğv ediləcək və Kapitalla Əməyin qarşılıqlı asılılığı qəti şəkildə təsdiq olunacaq; bu birlikdə dini fanatizm və çəkişmə səs-küyü həmişəlik susdurulacaq. Burada irqi ədavətin alovu birdəfəlik söndürüləcək; burada vahid beynəlxalq hüquq sistemi–dünya federasiyasına daxil olan dövlətlərin düşünülmüş mühakimələrinin məhsulu–əsasında federal vahidlərin birləşmiş qüvvələrinin dərhal və uzlaşmış müdaxiləsi üçün təxirəsalınmaz sanksiyalar verilməsi imkanı olacaq; və nəhayət elə bir dünya cəmiyyəti ki, orada dəyişkən və savaşqan milliyyətçilik, daimi olacaq dünya vətəndaşlığı şüuruna çevriləcək–həqiqətən də, Həzrət Bəhaullahın öngördüyü Nizamın ən geniş götürdükdə konturları belə xəyala gəlir, elə bir Nizam ki, tədricən yetkinləşməkdə olan dövrün ən gözəl meyvəsi kimi qiymətləndiriləcəkdir.


Bu uzaq gedən planların tətbiqi Həzrət Bəhaullah tərəfindən belə göstərilmişdir: “O zaman gələcək ki, böyük, insanların cahanşümul bir toplantısının məcburiyyəti gerçəkləşəcəkdir. Yer üzünün hakimləri və kralları onda iştirak etməli və onun müzakirələrində iştirak edərək, elə yollar və vasitələr axtarmalıdırlar ki, bunlar bütün dünyada insanlar arasında Ən Böyük Sülhün təməlini qoymağa imkan versin”.


Cəsarət, qətiyyət, təmiz niyyət, xalqlar arasındakı təmənnasız məhəbbət–sülh uğrunda atılan bu nəhəng addım üçün tələb olunan bütün ruhani və mənəvi keyfiyyətlər hərəkət etmək qətiyyətinə doğru yönəlib. Və zərurui iradə gücünü inkişaf etdirmək üçün insanın həqiqi mahiyyətinə, xüsusilə, məhz onun ağlına ciddi surətdə baxmaq lazımdır. Bu geniş potensialın əhəmiyyətini başa düşmək onun misilsiz dəyərini açıq, qərəzsiz və səmimi məşvərət vasitəsilə və sonra da bunun nəticələri əsasında hərəkət etməklə praktiki istifadə etməyin social tələbat olmasını dərk etmək deməkdir. Həzrət Bəhaullah insan işlərini nizama salmaq üçün diqqəti istrarla məşvərətin faydasına və zəruriliyinə çəkir. O, buyurmuşdur: Məşvərət dərin agahlıq verir və fərziyyəni yəqinliyə çevirir. Bu parlayan bir işıqdır ki, qaranlıq aləmdə istiqamət verir və yol göstərir. Zira hər bir şeyin kamillik və yetkinlik dərəcəsi vardır və həmişə də olacaqdır. Anlamaq qabiliyyətinin yetkinliyi də məşvərət vasitəsilə üzə çıxır”. Onun təklif etdiyi məşvərət əsasında hərəkət vasitəsilə sülhə nail omaq üçün edilən cəhd elə özlüyündə yer üzü xalqları arasında elə bir xeyirli və təsirli ruh doğura bilər ki son və qalibiyyətli nəticənin qarşısında heç bir qüvvə dayana bilməz”.


Belə bir ümumdünya toplantısının keçirilməsi barədə Həzrət Bəhaullahın oğlu və Onun təlimlərinin səlahiyyətli Şərhçisi Həzrət Əbdül-Bəha bu anlayışları verir: “Onlar Sülh İşini hamının məşvərət mövzusu etməli, öz ixtiyarlarında olan hər cür vasitə ilə dünya millətlərinin Birliyini qurmalıdırlar. Onlar məcburi müqavilə imzalamalı və şərtləri möhkəm, pozulmaz və dəqiq olan əhd bağlamalıdırlar. Onlar bu işi bütün dünyaya elan etməli və bütün insan nəslinin təsdiqini və razılığını almalıdırlar. Bu ali və nəcib təşəbbüs–bütün dünyanın sülh və rifahının həqiqi mənbəyi–yer üzündə yaşayan hər kəs üçün müqəddəs sayılmalıdır. Bəşərin bütün qüvvələri bu Ən Böyük Anlaşmanın sabitliyini və daimi olmasını təmin etmək üçün səfərbər olunmalıdır. Bu əhatəli və hərtərəfli Paktda hər bir ölkənin ərazi və sərhədləri dəqiq müəyyən edilməli, dövlətlərin bir-birinə qarşı münasibətlərini tənzimləyən prinsiplər aydın ortaya qoyulmalı və bütün beynəlxalq razılaşma və öhdəliklər təsdiq olunmalıdır. Eynilə də, hər bir dövlətin silahlı qüvvələri ciddi şəkildə məhdudlaşdırılmalıdır, zira, əgər hər hansı dövlətə müharibəyə hazırlaşmaq imkanı verilsə və o, silahlı qüvvələrini artırmağa çalışsa, onda bu başqa dövlətlərdə şübhə və etibarsızlıq yaranmasına səbəb olacaq. Bu təntənəli Paktın təməlində duran əsas prinsip elə müəyyən olunmalıdır ki, əgər hər hansı bir hökumət sonradan onun hər hansı bir şərtini pozarsa, yer üzündəki bütün hökumətlər qalxıb onu tam təslim etməlidirlər, yox, bütün insan nəsli bütövlükdə qətiyyətlə öz ixtiyarında olan bütün vasitələrdən istifadə edərək o hökuməti məhv etməlidirlər. Bütün əlaclardan ən böyüyü olan bu vasitə dünyanın xəstə bədəninə tətbiq olunsa, o xəstəlikdən mütləq sağalacaq və əbədiyyətədək əmin-amanlıqda olacaqdır”.


Belə bir əzəmətli məşvərət toplantısının çağırılmasının vaxtı çoxtdan yetişmişdir.


Ürəyimizin bütün atəşi ilə biz bütün ölkələrin başçılarını çağırırıq ki, bu fürsəti yaxalasınlar və bu dünya miqyaslı toplantını keçirmək üçün qətiyyətli addımlar atsınlar. Tarixin bütün qüvvələri insan nəslini bu akta doğru itləyir, o akt ki, həmişəlik olaraq bəşəriyyətin uzun zamandan bəri gözlənilən yetkinliyinin səhərinin açılmasından xəbər verəcək.


Üzvlərinin tam dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatı belə bir müvəffəqiyyət çələngini haqq edən bir tədbirin uca məqsədləri səviyyəsinə qalxmayacaqmı?


Qoy bütün dünyanın kişiləri və qadınları, gəncləri və uşaqları bütün xalqlar üçün bu təxirəsalınmaz tədbirin həmişəyaşar dəyərini etiraf etsinlər və buna razılıqlarını bildirmək üçün səslərini qaldırsınlar. Doğrudan da, qoy məhz bu nəsil planetin social həyatının təkamülündə bu şərəfli mərhələni başlatsın!


 
Dördüncü Bölmə
 
BİZİM NİKBİNLİYİMİZİN MƏNBƏYİ sadəcə müharibələrin dayanması və beynəlxalq əməkdaşlıq qurumlarının yaradılması ilə bitməyən gələcəyə yönəlmiş bir baxışdır. Millətlər arasındakı həmişəlik sülh çox mühüm bir mərhələdir, lakin bəşəriyyətin ictimai-sosial inkişafının, Həzrət Bəhaullah təsdiq edir, son məqsədi deyildir. Nüvə fəlakəti qorxusundan dünyanın məcbur olub getdiyi ilkin və müvəqqəti barışın, bir-birinə etibar etməyən öıkələrin xoşluqla dəstəkləmədikləri siyasi sülhün, təhlükəsizlik və birgə yaşamaq naminə praqmatik razlaşmaların, əməkdaşlıq üçün hətta bütün bu addımların mümkün edəcəyi çoxlu təcrübələrin arxasında ülvi və son bir məqsəd durur: bütün dünya xalqlarının vahid bir ailədə birləşməsi.


İxtilaf elə bir təhlükədir ki, dövlətlər və xalqlar daha buna dözə bilməzlər; bunun nəticəsi o qədər dəhşətlidir ki, təsəvvür etmək belə etmək mümkün deyil, o qədər açıq-aşkardır ki, heç bir dəlil-sübut istəmir. Həzrət Bəhaullah bir əsrdən də çox öncə yazmışdır, “Bəşərin rifahına, dincliyi və təhlükəsizliyinə onun birliyi bərqərar olmayınca, nail olmaq mümkün deyil”. “Birliyə yönəldilməsi və onun əsrlərlə davam edən əzablarına son qoyulması üçün bəşəriyyətin inildəməsini və ölməsini” qeyd edərək Həzrət Şövqi Əfəndi daha sonra yazırdı ki: “Bütün bəşərin birləşməsi insan cəmiyyətinin indi yaxınlaşdığı mərhələnin səciyyəvi bir əlamətidir. Ailənin, tayfanın, şəhər-dövlətin və millətin birliyinə müvəffəqiyyətlə cəhd edilmiş və tamamilə bərqərar olmuşdur. Dünya birliyi bir hədəfdir ki, üzülmüş bəşəriyyət onun uğrunda çalışır. Milli dövlətin yaranması sona yetmişdir. Suveren dövlətə xas olan anarxiya özünün kulminasiyasına doğru hərəkət edir. Yetkinliyə çatmaqda olan dünya bu bütü tərk etməli, insanlar arasında olan münasibətlərin vahidliyini və bütövlüyünü etiraf etməli və həyatının bu təməl prinsipini ən yaxşı şəkildə təcəssüm etdirən mexanizmi birdəfəlik qurmalıdır”.


Dəyişikliyə aparan bütün müasir güclər bu baxışın gerçəkliyini təsdiq edir. Bunun sübutlarına artıq əvvəldə xatırladılan və bütün dünyada sülhə töhfə verən çoxsaylı beynəlxalq hərəkatlar və irəliləyişlərdə müşahidə edilən əlamətlərdə də görmək olur. Yer üzünün faktiki olaraq hər bir mədəniyyətini, irqini və xalqını təmsil edən, Birləşmiş Millətlərin çeşidli qurumlarında xidmət edən kişilər və qadınlar ordusu ümumdünya “mülki xidmət korpusu”nu təşkil edirlər və bunun dərin təəssürat yaradan müvəffəqiyyətləri hətta qeyri-əlverişli şərtlərdə belə əldə oluna bilən əməkdaşlığın dərəcəsindən xəbər verir. Birliyə can atma, ruhani bahar kimi, ən müxtəlif peşələrdən olan insanları bir araya gətirən saysız-hesabsız beynəlxalq konqreslərdə özünü göstərir. Bu, uşaqları və gəncləri əhatə edən beynəlxalq layihələrə çağırışlara motivasiya edir. Bu, həqiqətən də, tarixən ədavətdə olan dinlərin və təriqətlərin qarşısıalınmaz şəkildə bir-birinə yaxınlaşmasına səbəb olan ekumenizmə doğru təqdirəlayiq bir hərəkatın əsl mənbəyidir. Əleyhinə dayanmadan mübarizə apardığı müharibə və özünü üstün tutmaq kimi əks meyyllərə qarşı müqavimət göstərməklə yanaşı, dünya birliyinə can atmaq, iyirminci əsrin bu son illərində planetin həyatının dominant və nüfuzedici təzahürlərindən biridir.


Bəhai icmasının təcrübəsinə bu cür genişlənən birliyə bir misal kimi baxıla bilər. Bu, çoxlu millətlərdən, mədəniyyətlərdən, siniflərdən və dinlərdən gələn və bir çox ölkələrdə insanların ruhani, social və iqtisadi ehtiyaclarına xidmət edən çoxşaxəli fəaliyyətlərə cəlb olunmuş üç-dörd milyon insanın icmasıdır. Bu icma bütün bəşər ailəsinin müxtəlifliyini təmsil edən, öz işlərini hamı tərəfindən qəbul olunmuş məşvərət prinsipləri ilə aparan və insanlıq tarixində ilahi hidayətin insanların üzərinə yağan nemətlərinə eyni dərəcədə ehtiram göstərən vahid bir social orqanizmdir. Bunun mövcudluğu Onun Banisinin birləşmiş dünya haqqında baxışının həyata keçirilməsinin mümkünlüyününün daha bir inandırıcı sübutu, bəşəriyyətin vahid bir qlobal cəmiyyətdə, onun yetkinlik yaşına çatmasının gətirə biləcəyi çətinlikləri qarşılamaq iqtidarında olan cəmiyyətdə yaşaya bilməsinin başqa bir dəlilidir. Əgər bəhailərin təcrübəsi hansısa bir dərəcədə insan nəslinin birliyinə olam ümidləri gücləndirməyə öz töhfəsini verə bilərsə, biz onu bir model olaraq öyrənmək üçün məmnuniyyətlə təklif edərik.


İndi bütün dünyanın qarşısında duran vəzifənin son dərəcə yüksək əhəmiyyəti üzərində düşünərkən, biz Özünün sonsuz məhəbbətindən dolayı bütün bəşəri eyni bir tayfa olaraq xəlq edən, insanın qiymətli mahiyyətini ucaldan, onu ağıl, hikmət, nəciblik və ölümsüzlüklə şərəfləndirən və insanlara “Onu tanılmaq və sevmək” kimi misilsiz bir fərq və qabiliyyət əta edən,–elə bir qabiliyyət ki, ona “bütün xilqətin yaradıcı impulsu və ilkin məqsədi” kimi baxılmalıdır–ilahi Yaradanın əzəməti qarşısında mütiliklə təzim edirik.


Bizim çox möhkəm bağlı olduğumuz inam budur ki, bütün insan varlıqları “hər zaman inkişafda olan sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar”, “vəhşi heyvanlar kimi davranmaq insana yaraşmaz,” insana layiq olan məziyyətlər bütün insanlara münasibətdə etibar, dözümlük, mərhəmət, şəfqət və xeyirxahlıqdır. Biz bu inancı bir daha təsdiq edirik ki, “insanın bir insan olaraq malik olduğu daxili imkanlar, onun yer üzündə bütünlüklə təyinatı, onun mahiyyətinin fitri gözəlliyi Allahın bu vəd olunmuş Günündə aşkara çıxmalıdır”. Bəşəriyyətin can atdığı birliyin və sülhün əldə oluna bilən hədəflər olmasında bizim sarsılmaz inamımızın əsası budur.


Bu müraciət yazılarkən, dinlərinin doğulduğu ölkədə məruz qaldıqları təqiblərə baxmayaraq, bəhailərin gözlənti dolu səsləri eşidilməkdədir. Onlar ümidlərini qətiyyən itirmirlər və bu möhkəmlikləri ilə bu inama şəhadət verirlər ki, əsrlərdən bəri bəslənən bu sülh arzusunun yaxınlaşmaqda olan gerçəkləşməsinə indi Həzrət Bəhaullahın Vəhyinin dəyişdirici təsiri altında ilahi hökm gücü əta edilmişdir. Beləliklə, biz sizə yalnız sözlə ifadə olunan baxışı çatdırmırıq: biz iman və fədakarlıqdan doğan əməllərin gücünün ortalığa qoyulmasına çağırırıq; biz dindaşlarımızın hər yerdə sülh və birlik üçün həyəcan dolu çağırışlarını çatdırırıq. Biz bütün təcavüz qurbanları ilə, münaqişə və ədavətə son qoyulmasına can atanlarla, sülhə və dünya nizamına sədaqətləri ilə uca məqsədlərə çatmağa kömək edənlərlə həmrəyik, o məqsədlər ki, Mehriban Yaradan bəşəriyyəti məhz onun üçün yaratmışdır.


Atəşli ümidlərimizi sizə çatdırmaq istəyimizin bütün ciddiyyəti və inamımızın dərinliyi ilə biz Həzrət Bəhaullahın möhkəm vədini burada bildiririk: “Bu mənasız çəkişmələr, bu viranedici müharibələr sona yetəcək və “Ən Böyük Sülh” gələcək”.


Ümumdünya Ədalət Evi