top of page

Bəhai Dini

 
Azər Cəfərov

MÜNDƏRİCAT

Uca Ədalət Evi 101

Allah Əmrinin Əlləri 112

Müşavirlərin Qitə Kollegiyası 113

Köməkçi Heyət Üzvləri 115

Beynəlxalq Təbliğ Mərkəzi 116

Yerli Ruhani Məhfillər 117

Milli Ruhani Məhfillər 119

Köməkçi Heyət Üzvlərinin Köməkçiləri 120

Yüksək İnzibati Standart 123

On Doqquz Gün Ziyafətləri 125

İki Sütun 126

Bəhai Fondları 128

Bəhai İbadət Evləri 129

V Fəsil Bəhailər Nəyə İnanirlar 130

Yaradılış 131

İnsanın Yaranması 133

İnsanın Təbiəti 135

İnsanın Ruhu, Həyat Və Ölüm 136

Xeyir və Şər 138

“Zamanın Sonu”, “Qiyamət” Və “Dirilmə” 139

VI Fəsil Bəhailərin Həyat Tərzi 142

Davranış 142

İbadət 143

Bəşəriyyətə Xidmət 145

Əmrin İnsanlara Çatdırılması 146

Ailə 148

Bəhai Məşvərəti 151

Yeni Vətənpərvərlik 154

Siyasətə Qarışmamaq Və Dövlətə İtaət 155

Bəhai Təqvimi 159

“Xarici” Dünya İlə Qarşılıqlı Əlaqə 162

Bəhailərin Beynəlxalq Birliyi və Birləşmiş Millətlər Təşkilatı 163

Uca Ədalət Evinin Dövlət Başçılarına Və Dünyanın Dini Liderlərinə Müraciətləri 164

Xülasə 166

Bəhai Kimdir? 166

Uca Ədalət Evi

UCA ƏDALƏT EVİNİN seçilməsi ilə Bəhai Dininin tarixində yeni era başlamışdır. Allahın İlahi rəhbərliyi Bəhai icmasına 113 il ərzində, əvvəlcə İlahi Zühurun―Həzrət Bəhaullahın şəxsiyyəti vasitəsilə, sonra Əhdin Mərkəzi (Həzrət Əbdül-Bəha) və Əmrin Mühafizi (Həzrət Şövqi Əfəndi) vasitəsilə iltifat edilmişdir. Lakin Həzrət Şövqi Əfəndinin həyatdan getməsi və Uca Ədalət Evinin təntənəli şəkildə elan edilməsi ilə rəhbərliyin bu vasitəsi Allah ilə üzvi şəkildə bağlı olan şəxsiyyətin tək əlaqəsindən seçkili orqana verilmişdir. Bu orqanın ayrı-ayrı üzvləri səhvsiz olmasalar da, onların kollektiv qərarı Allah tərəfindən istiqamətləndirildiyi üçün qüsursuzdur. Bununla da Uca Ədalət Evinin səlahiyyətlərinə aid edilən məsələlər üzərində Allahın fasiləsiz rəhbərliyi təmin edilmişdir. Uca Ədalət Evinin səlahiyyətləri dəqiq müəyyənləşdirildiyi üçün Bəhai Yazılarındakı qanun və başqa göstərişlərdə dəyişiklərin edilməsinin qarşısı alınmışdır. Bu dinlərin tarixində görünməmiş hadisə idi. Heç vaxt əvvəllər Allahın Peyğəmbərləri ümumi seçkilər vasitəsi ilə seçilmiş Şuraya qanunlar vermək və Onun dinini idarə etmək hüququnu verməmişvəbu işlərin Allah tərəfindən istiqamətləndiriləcəyini vəd etməmişdi. Həzrət Bəhaullah Əhdi bəşəriyyəti Uca Ədalət Evi vasitəsilə Müqəddəs Yazılarda öz əksini tapmayan və izahı aydın olmayan bütün məsələlərlə bağlı fasiləsiz İlahi göstərişlərlə təchiz etmişdir. 

Uca Ədalət Evinin seçilməsi üçün şərait yalnız 1963-cü il aprelin 21-də mümkün oldu. O vaxt dünyada mövcud olan 56 Milli Ruhani Məhfilin üzvləri bir araya gələrək ilahi mühitdə, ruhaniyyətlə dolu bir şəraitdə və dərin sədaqət içində dünya bəhailəri sırasından bu Ali Ruhani Orqana 9 üzv seçdilər. Bəhailər elə hesab edirlər ki, bu Həzrət Şövqi Əfəndinin Mühafiz kimi təyinindən sonra Din tarixindəən əlamətdar hadisə idi. İndi Uca Ədalət Evinə seçkilər həmin ruhda, həmin ruhani atmosferdə hər 5 ildən bir keçirilir. Uca Ədalət Evi 1972-ci ildə Öz Konstitusiyasını nəşr etdirir. Kostitusiyada Uca Ədalət Evinin yaradılması ilə bağlı Yazılardakı göstərişlər, həmçinin məqsəd və səlahiyyətləri öz əksini tapmışdır. Konstitusiyaya olan əlavələrdə Uca Ədalət Evinin üzvlərini seçmək üçün hər beş ildən bir keçirilən Beynəlxalq Qurultayların keçirilmə qaydaları da təfərrüatı ilə verilmişdir.

Bəhai seçkiləri (istər Uca Ədalət Evinə, istərsə də Milli və Yerli Məhfillərə olsun) dünyanın müxtəlif yerlərində tətbiq edilən seçkilərin heç birinə bənzəmir. Bəhailər üçün bu tədbir Ali Ruhani Orqana üzvlər seçmək vasitəsi ilə Allaha öz sədaqətinin ifadəsidir. Seçkilərdə namizədlər irəli sürülmür, təbliğ və hər hansı formada seçki qabağı kampaniya qadağandır. Seçkilər ibadət və meditasiya ruhunda keçirilir. Seçicilərin müqəddəs borcu isə “özündə sonsuz sədaqət, təmənnasız xidmət, yüksək müdriklik və həyat təcrübəsini” birləşdirən kəslərə səs verməkdir. Bəhai seçkilərində səsvermə aktı azad və gizlidir. Hətta ən yaxın qohumların və ya dostların seçkilərlə bağlı məsləhətləşməsi qadağandır. Belə bir hərəkət Allahın Əmrinə qarşı xəyanət hesab olunur.

Hər bir dinin ruhani vəəxlaqi cəhətləri vardır. Həzrət İsa Məsihin Dağdakı Vəzi, Həzrət Məhəmməd ə.s. müraciətləri ruhani vəəxlaqi təlimlər olub, tərəfdarlarına güclü təsir etmişdir. Başqa dinlər də oxşar ruhani təlimlərə malikdir. Zamanın dəyişkənliyi hər din tərəfdarının bu təlimlərə olan ehtiramını dəyişməmişdir. Məsələn, müsəlmanlar gündəlik namazla bağlı qanunları vicdanla yerinə yetirirlər. Ondan bir qarış kənara çıxmanı günah hesab edirlər.

Həzrət Bəhaullaha qədər İlahi Zühurlar inzibati prinsipləri öz ruhani təlimlərinə daxil etmirdilər. Həzrət Bəhaullah ruhani və inzibati qanunların hüquqlarını bərabərləşdirərək öz təliminə daxil etmişdir. Ona görə də inzibati prinsipin pozulması, məsələn, seçkiqabağı kampaniya ruhani qanun pozuntusu kimi Həzrət Bəhaullahın Əhdinə xəyanət hesab olunur. Bunun köməkliyi ilə seçkili orqanların (Uca Ədalət Evi, Milli və Yerli Məhfillərin) paklığı, birliyi və korrupsiyadan kənar olması təmin edilir. Bu orqanların özləri isə qanunsuz hərəkətlərdən mühafizə edilmiş olurlar. Həzrət Bəhaullah Uca Ədalət Evinə İlahi rəhbərliyin kanalı olmaq göstərişini vermişdir və ona görə də Uca Ədalət Evinə Dinin adi beynəlxalq orqanı kimi baxılmamalıdır. Uca Ədalət Evi Allahın ona bəxş etdiyi qüsursuzluq və səhvsizlik xassəsinə malikdir. Əvvəlki bölmələrdə İlahi Zühurların qüsursuzluğu məsələsi haqqında danışıldı; Həzrət Bab və Həzrət Bəhaullah―Allahın İlahi Zühurları kimi yalnız onlara məxsus Ali qüsursuzluq xassəsinə malikdirlər. Onlar öz işıq və istiliyini yaradan, yəni başqa enerci mənbələrindən asılı olmayan günəşə bənzəyirlər. Lakin Həzrət Əbdül-Bəha, Həzrət Şövqi Əfəndi və Uca Ədalət Evi Allahın mühafizəsi altında olduqları üçün O, onlara qüsursuzluq xassəsi vermişdir. Onlar günəş şüalarını əks etdirən aya bənzəyirlər. Bu qüsursuzluq Həzrət Bəhaullahın Yazıları ilə təsdiq edilmişdir. Həzrət Əbdül-Bəha yazır:

“Mütləq qüsursuzluq yalnız və yalnız İlahi Zühurlara (Peyğəmbərlərə) məxsusdur. Qazanılmış qüsursuzluq isə hər bir müqəddəs ruha bəxş edilə bilər. Məsələn, Uca Ədalət Evi, əgər zəruri şərtlər daxilində, bütün xalqlardan və millətlərdən seçilmiş üzvlərin iştirakı ilə qurularsa, O, Allahın rəhbərliyi və himayəsi altında olacaqdır. Əgər həmin Ədalət Evi, yekdilliklə və ya səs çoxluğu ilə qərar çıxaracaqsa, həmin qərar səhvdən qorunacaqdır. Ədalət Evinin üzvlərinə qüsursuzluq xas deyil, amma bu bütöv təsisat Allahın doğru rəhbərlik və himayəsi altındadır; bu bəxş olunmuş qüsursuzluqdur”.

Uca Ədalət Evi hakimiyyəti və qüsursuzluğu Allahdan alır. “Bişarat” lövhündə Həzrət Bəhaullah Uca Ədalət Evinə hakimiyyətin idarəsini bəxş edir və rəhbərliyində qüsursuz olacağını vəd edir:

“Allahın Ədalət Evinin üzvləri insanların işlərinə görə məsuliyyət daşıyırlar. Onlar, həqiqətən, Allahın bəndələriarasındaOnunqəyyumlarıdır və Onun ölkələrində hakimiyyətin dan ulduzlarıdır.

Ey Allahın bəndələri! Bu dünyanı idarə edən Ədalətdir. Zira onu iki sütun saxlayır: təltif və cəza. Bu iki sütun dünya üçün həyat mənbəyidir. Hər günün bir yeni müşkülü və hər bir müşkülün uyğun həlli olduğu üçün bu işlərdə Uca Ədalət Evinə müraciət edilməlidir ki, onlar zamanın tələbinə və ehtiyacına uyğun olaraq hərəkət edə bilsinlər. Allah yolunda Onun Əmrinə xidmət edən kəslər gözəgörünməz səltənətdən İlahi ilham alanlardır. Onlara itaət etmək hər bir kəsin borcudur. Bütün dövlət işlərində Uca Ədalət Evinə istinad edilməlidir”.

Həzrət Bəhaullah “Kəlimət-i-Firdovsiyə” lövhündə yazır:

“Ədalət Evinin qəyyumlarının üzərinə Kitabda açılmamış məsələlərlə bağlı biri-biriləri ilə məşvərət etmək və razılığa gəldiklərini həyata keçirmək vəzifəsi qoyulmuşdur. Həqiqətən, Allah onların arzularına ilham verir. O, həqiqətən İlhamverən və Hərşeyi biləndir”.

Həzrət Əbdül-Bəha da Öz Yazılarında Uca Ədalət Evinin hakimiyyətini və qüsursuzluğunu təsdiq etmişdir:

“Müqəddəs və gənc budaq―Allah Əmrinin Mühafizi, həmçinin dünya səviyyəsində seçilməli olan Uca Ədalət Evi―hər ikisi Əbha gözəlliyinin qayğı və himayəsi, Əbədi Camalın və Ən Uca olanın (qoy mənim canım onlara fəda olsun) mühafizəsi və doğru rəhbərliyi altındadır. Onların bütün qərarları Allahdandır. Kim ona və onlara itaət etmirsə, Allaha itaət etmir, kim onlara qarşı qiyam edirsə, Allaha qarşı qiyam etmiş olur, ona qarşı çıxan Allaha qarşı çıxır, kim onunla münaqişə edirsə, Allah ilə münaqişə edir, onu inkar edən kəs Allahı inkar etmiş olur, kim ona inamını itirirsə, Allaha inamını itirmiş olur. Kim ondan uzaqlaşırsa və özünü ondan ayırırsa və kənara çəkilirsə, əslində öz Allahından uzaqlaşmış, ayrılmış olur, Qoy Allahın qəzəbi, ən sərt hiddəti və qisası onların nəsibi olsun!

Bu Bəha əhlinin inamının əsasıdır (mənim həyatım onlara fəda olsun): Həzrət Bab Allahın Birlik və Təklik Məzhəri vəƏbədi Camalın Müjdəçisidir. Əbha Gözəlliyi―Həzrət Bəhaullah (mənim həyatım Onun sadiq dostlarına fəda olsun) Allahın Ali Zühuru və Onun İlahi Mahiyyətinin Dan Ulduzudur. Bütün hamı Onun bəndələridir və Onun Əmrinə əməl edənlərdir! Hər bir kəs üzünü Müqəddəs Kitaba çevirməlidir və orada ifadə olunmayan hər bir şeyə görə Uca Ədalət Evinə müraciət edilməlidir. Həmin orqanın ya yekdilliklə, ya da səs çoxluğu ilə qəbul etdiyi qərarlar əsl həqiqətdir və Allahın məramıdır. Əgər kimsə ondan uzaqlaşarsa, həqiqətən, nifaqı sevən kəslərdəndir. O, ədavət göstərmiş və Kitab-i-Əhdin Sahibindən üz çevirmişdir”.

Sonra Həzrət Əbdül-Bəha lövhdə buyurur:

“Qoy elə təsəvvür yaranmasın ki, Uca Ədalət Evi bütün qərarları özünün baxış və konsepsiyalarına uyğun olaraq qəbul edəcək. Allah qorusun! Uca Ədalət Evi qərarların qəbulu və qanunların yaradılmasını Müqəddəs Ruhun ilhamı və təsdiqləri ilə həyata keçirəcəkdir, çünki o, Əbədi Gözəlliyin himayə və mühafizəsi altındadır və onun qərarlarına itaət əsas vəzifə və borcdur və heç kim ondan yayına bilməz.

Ey mənim bəndələrim! Deyin ki, həqiqətən, Uca Ədalət Evi Rəhman və Rəhim olan Allahın qanadları altındadır, yəni Onun mühafizəsi, qayğısı və himayəsi altındadır, zira o əmr etmişdir ki, dindar möminlər səlahiyyəti ilahidən müəyyənləşdirilmiş və qanunlarına ilham verilmiş və ruhani olan bu müqəddəs təsisata itaət göstərsinlər”.

Yazılardan aydın olur ki, Uca Ədalət Evinin nüfuzuna və qüsursuzluğuna inam Bəhai dininin ehkamıdır. Dini qəbul edən fərd Həzrət Bəhaullahın bu əsr üçün İlahi Zühur olmasını qəbul etməlidir. Lakin bu bəhai olmaq prosesinin yalnız başlanğıcıdır. Həzrət Bəhaullahı qəbul edən mömin Həzrət Əbdül-Bəhanı Əhdin Mərkəzi, Həzrət Şövqi Əfəndini Dinin Mühafizi kimi tanımalı, onların kəlamlarını və onların Müqəddəs Mətnlərə olan şərhlərini ilahidən istiqamətləndirildiyinə və qüsursuz olduğuna inanmalıdır. Həmçinin bəhai inanmalıdır ki, Uca Ədalət Evi indi dinin başçısı və onun Ali Orqanıdır. Onun müraciətlərinin, qanunlarının və ümumi təlimatlarının hamısı Allahın qüsursuz rəhbərliyi ilə alınmış və Həzrət Əbdül-Bəhanın sözləri ilə desək, “Bu orqanın yekdilliklə və ya səs çoxluğu ilə qəbul etdiyi, şübhəsiz, həqiqətdir və Allahın Özünun məqsədidir”.

Bəhai olmayan şəxs üçün Uca Ədalət Evini “bütün ən yaxşı olanların mənbəyi və bütün qüsurlardan azad” kimi təsəvvür etmək və o çümlədən, bunu elmi cəhətdən sübuta yetirmək bir qədər çətindir. Uca Ədalət Evinin nüfuzuna və qüsursuzluğuna əmin olmaqdan ötrü fərd Həzrət Bəhaullahı bu əsr üçün Allahın göndərdiyi Elçisi kimi tanımalı, Onun bu baxımdan dediklərini qəbul etməli və Onun sözlərindəki mənaların müqəddəsliyinə əmin olmalıdır. Mömin öz inamında böyüdükcə və onun Həzrət Bəhaullah təlimini dərk etməsi dərinləşdikcə, o, tədricən yəqin edir ki, Allah “Onu (Uca Ədalət Evini) səhvlərdən qoruyur və onu qüsursuzluq qanadları altında hifs edir”.

Hətta 1963-cü ildən bəri Uca Ədalət Evinin işinə salınmış ötəri nəzər belə hər bir möminə anladır ki, bu Orqan tərəfindən verilmiş istənilən göstəriş İlahidən ilhamlandırılmışdır və onun istənilən planına və hərəkətinə xeyir-dua verilmişdir. İstər Dinin mərkəzində, istərsə Dünya miqyasında onun uğurları və qələbələri, istərsə də vəsaitinin azlığına baxmayaraq, son qırx ildə etdiyi tərəqqi möcüzəyə bənzəyir. Böhranlı anlarda da, qələbələrdə də Uca Ədalət Evi Bəhai icmasını Allahın qoyduğu yolla aparmışdır. Bütün bu nailiyyətlər onu həmişə müşayiət edən və bütün vaxtı hər addımına rəhbərlik edən Allahın köməyi və yardımı sayəsində mümkün olmuşdur.

Normal haldır ki, Uca Ədalət Evinin üzvləri Allah köməyinin mövcudluğunu həmişə dərk edirlər. Onlar yaxşı bilirlər ki, Uca Ədalət Evinin qərarları Allah tərəfindən istiqamətləndirilir. Onlar öz seçicilərinə aşkar şəkildə bildirirlər ki, bu Ali Orqanda xidmət etməyə layiq deyillər. Lakin bununla belə, bu cür ağır məsuliyyətin yükünü böyük əminliklə öz çiyinlərinə götürürlər. Çünki onlara yaxşı məlumdur ki, məsələlərin müzakirəsi zamanı Allahın rəhbərliyi və köməyi onlara çatacaqdır.

Seçkilərdən sonra Uca Ədalət Evinin qəbul etdiyi ən vacib qərarlardan biri, Mühafizlik haqqında qərar idi. Belə ki, Həzrət Şövqi Əfəndi Öz varisini təyin etmədiyi üçün bu vacib məsələ ilə bağlı Uca Ədalət Evi qərar qəbul etməli idi. Həzrət Şövqi Əfəndinin varisi kimi Allah Əmrinin Mühafizinin təyin olunması iləəlaqədar Müqəddəs Mətnləri dərindən öyrəndikdən və uzun sürən müzakirələrdən sonra Uca Ədalət Evi belə bir nəticəyə gəlir ki, Həzrət Şövqi Əfəndiyə varis olacaq ikinci Mühafizin təyin olunması və ya bu təyinatın mümkünlüyünü qanuniləşdirmək üçün heç bir yol yoxdur.

Dinin daimi başçısı, Mühafizin olmadığı şəraitdə Uca Ədalət Evi rəsmi şəxslərə malik deyildir. Onun bütün üzvləri məsləhət və başqa funksiyaların yerinə yetirilməsi məsələsində bərabər hüquqlara malikdirlər. Bu onun ən çox diqqəti cəlb edən keyfiyyətlərindən biridir.

Uca Ədalət Evinin üzvü olmaq yalnız kişilərə icazə verilmişdir. Həzrət Bəhaullah Uca Ədalət Evini yaradarkən nəzərdə tutulurdu ki, ona üzv kimi kişilər daha əlverişlidir. Bu müdriklik bu gün hələ aydın deyildir. Həzrət Əbdül-Bəha söz vermişdir ki, bu əmrin müdrikliyi yaxın gələcəkdə aydınlaşacaqdır. Lakin Allah Qanununun aydın mətnindən göründüyü kimi, Uca Ədalət Evi kişilər üçündür. Günəş çıxanda üfüqdə aydın göründüyü kimi, bu müdriklik də aşkar olunacaqdır.

Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəha Yazılarında Uca Ədalət Evinə bəşəriyyətin maraqlarına uyğun olaraq işləməyi və dünya işlərinin yaxşılaşmasına təsir etməyi məsləhət görürdülər. Həzrət Bəhaullah “Kəlimət-i Firdosiyə” lövhündə Uca Ədalət Evinin üzvlərinə aşağıdakı sözlərlə müraciət edir:

“Biz Ədalət Evinin üzvlərini müdafiə edirik və onlara əmr edirik ki, qadınların, kişilərin və uşaqların mühafizəsini və təhlükəsizliyini təmin etsinlər. Onların borcudur ki, hər zaman və hər bir şəraitdə insanların maraqlarına böyük diqqət yetirsinlər.

“İşraqat” lövhündə isə O buyurur:

“Dünyanın tərəqqisi, millətlərin rifahı, xalqların əmin-amanlığı və yer üzərində yaşayan bütün insanların asayişi Allahın fərmanları və prinsiplərinə daxildir. Din insanlara hədiyyələrdən ən gözəlini bəxş edir, rifah badəsini təklif edir və əbədi həyat verir və bəşəriyyətə həmişəyaşar nemətlər yağdırır. Dünyadakı başçı və hökmdarların və xüsusən, Allahın Ədalət Evinin qəyyumlarının borcudur ki, bütün qüvvələrini Onun mövqeyinin qorunmasına, maraqlarının həyata keçirilməsinə və dünyanın gözlərində onun durumunun ucaldılmasına cəlb etsinlər”.

Həzrət Əbdül-Bəha “İradə və Əhd” kitabında aşağıdakıları buyurur:

“Uca Ədalət Evi üzvlərinin vəzifəsidir ki, müəyyən bir yerdə toplaşsınlar və fikir ayrılığı yaradan problemləri, qaranlıq qalan sualları və Kitabda aydın ifadə olunmamış məsələləri müzakirə etsinlər. Onların qəbul edəcəkəri qərarlar Kitabın özü ilə eyni qüvvəyə malikdir. Uca Ədalət Evi Kitabda aydın ifadə olunmamış qanunları qəbul etmək və gündəlik işlərdə həyata keçirmək hüququna malik olduğu kimi, həmçinin də həmin qanunları ləğv etmək hüququna malikdir. Belə ki, misal üçün bu gün Ədalət Evi müəyyən qanunu qəbul edir və həyata keçirir, yüz ildən, şəraitlər dəyişdikdən sonra isə başqa bir Ədalət Evi zamanın tələblərinə uyğun olaraq həmin qanunu dəyişdirməli olacaq. O, bunu edə bilər, çünki bu qanun İlahi mətnin hər hansı bir hissəsini təşkil etmir. Ədalət Evi qanunları həm qəbul edə, həm də ləğv edə bilər.

Hamı rəhbərliyə müraciət etməli, Əmrin Mərkəzinə vəƏdalət Evinə üz tutmalıdir. Başqa hər hansı bir yerə üz tutan adam, həqiqətən, ciddi bir xəta içərisindədir”

Həzrət Əbdül-Bəha Uca Ədalət Evinə seçkilərin prinsipləri haqqında da yazmışdır:

“Allahın hər şeyin mənbəyi kimi yaratdığı və hər cür xətadan qoruduğu Ədalət Evi—bu təsisat beynəlxalq səsvermə yolu ilə, yəni möminlər tərəfindən seçilməlidir. Onun üzvləri Allah qorxusunun bəyanediciləri, bilik və anlamın sübh şəfəqləri olmalıdırlar. Allaha etiqatda möhkəm olmalı və bütün bəşəriyyətin xeyirxahları olmalıdırlar. Haqqında danışılan ev Uca Ədalət Evidir ki, onun yaradılması üçün öncə hər bir ölkədə Yerli Ədalət Evləri təsis edilməlidir və həmin yardımçı Ədalət Evləri Uca Ədalət Evinin üzvlərini seçməlidirlər. Bütün məsələlərdə bu təsisata istinad edilməlidir”.

Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəhanın yuxarıda dediklərindən aydın olur ki, Uca Ədalət Evi Bəhaullah Əhdinin mühafizidir və elə bir kanaldır ki, onun vasitəsilə Vəhyin gücü insanlara axır və bu Ali Orqanın vasitəsilə Bəhai icmasının birliyi və dinin bütövlüyü qorunacaqdır. Əvvəlki dinlərdə birliyin olmaması onunla izah edilir ki, dinin liderləri və onun əsaslarını öyrənənlər dini təlimlərə müxtəlif şərhlər verirdi. Bununla da onların ixtilaf törədən nöqteyi-nəzərləri dini parçalayırdı. Lakin Bəhai Dinində bu mümkün deyildir, çünki Müqəddəs yazıların şərhi Həzrət Əbdül-Bəha və Həzrət Şövqi Əfəndinin səlahiyyətlərindədir. Bu şərhlər əsli olub, qüsursuzdur. Digər tərəfdən Dinin müxtəlif cəhətlərinə toxunan şərhlər, izahlar və fikirlər Uca Ədalət Evi tərəfindən təsdiq edilməyincə, həqiqi hesab olunmayacaqdır. Həzrət Əbdül-Bəhanın qələmi ilə yazılmış mətndə deyilir:

“Qısası, cəmiyyət qanunlarının Ədalət Evində müzakirəyə verilməsi müdriklikdir. Eynilə İslam dinində də heç də bütün qanunlar təfsilatı ilə açıqlanmamışdı. Quranda onların demək olar ki, onda birinin onda biri açıqlanmışdı, baxmayaraq ki, bir çox əhəmiyyətli məsələlər orada yaxşı izah edilmişdi, bununla belə şərh olunmamış minlərlə qanunlar vardı. Həmin qanunlar sonrakı əsrlərdə ilahiyyatçılar tərəfindən İslamın şəriət qanunlarına uyğun şəkildə yaradılmışdır. Və ayrı-ayrı ilahiyyatçılar İlkin Mənbə ilə ziddiyyət təşkil edən nəticələr əldə etmişlər. Bütün bunlar həyata keçirilmişdir. Bu gün qərar qəbul etmək Ədalət Evinə məxsusdur vəəgər Ədalət Evi təsdiq etməsə, ayrı-ayrı alimlərin nəticə və çıxarışları heç bir nüfuza malik olmayacaqdır”.

Yuxarıdakı müddəa oxucuda belə bir fikir yaratmamalıdır ki, Bəhai alimlərinin əlləri bağlıdır və onlar dinlə bağlı öz şəxsi tədqiqatlarını aparmamalı və öz nəticələrini çıxarmamalıdırlar. Əksinə, hər bir mömin yazıları oxumaqda və öz şəxsi şərhini verməkdə sərbəstdir, bir şərtlə ki, onun nöqteyi-nəzəri şəxsi olub, əsli hesab olunmamalıdır. Uca Ədalət Evi bu məsələni belə izah edir:

“Bizim dində etibarlı təfsir ilə hər bir fərdin dinin təlimlərini öyrənmə prosesindəəldə etdiyi anlam və ya şərh arasında dəqiq hədd qoyulmuşdur, belə ki, birinci ancaq Mühafizə məxsusdur, ikincisi isə Mühafizin özü tərəfindən bizə verilmişdir və ondan heç bir vəchlə sui-istifadə etmək olmaz. Əslində belə bir şərh insan şüurunun məhsulu hesab olunur və təlimləri daha yaxşı başa düşməyə kömək edir, bir şərtlə ki, dostlar arasında heç bir mübahisə və münaqişəyə səbəb olmur və hər kəs başa düşür ki, bunlar onun subyektiv baxışlarıdır. Hər kəs təlimləri daha yaxşı başa düşdükcə fərdi şərhlər də ardıcıl olaraq dəyişir. Həzrət Şövqi Əfəndi yazmışdır: “Etiqadı dərinləşdirmək o deməkdir ki, Həzrət Bəhaullahın və Ağanın Yazılarını o qədər dərindən öyrənmək lazımdır ki, onları olduqları kimi saf şəkildə təqdim etmək mümkün olsun... Biz yazıları nə qədər çox oxusaq, bir o qədər çox həqiqət taparıq, bir o qədər çox inanarıq ki, bizim əvvəlki anlayışlarımız xətadan xali olmamışdır. Beləliklə, fərdi intuisiyalar tərbiyəvi və yardımçı olmaqla yanaşı, yalnış yola da çəkə bilər. Buna görə də dostlar qorxmadan və inamlarının sarsılmasına yol vermədən başqalarının fikirlərinə qulaq asmağı və öz fikiklərini bəhai dostlarına zor ilə qəbul etdirmədən ifadə etməyi öyrənməlidirlər”.

Əvvəlki dinlərdə də onların çərçivəsi daxilində izah edilən təlim və göstərişlər yaradılırdı. Bu təlim və göstərişlər Allah tərəfindən verilmişdi ki, onları qəbul etmiş adamları tərəqqiyə doğru aparsın. Bu təlim və göstərişlər insanların yaşadığı şəraitə uyğunlaşdırılmışdı və onların imkanları daxilində idi. Təlimlərin həyatda tətbiqi nəticəsində dini icmaların üzvləri artır, onların dərketmə səviyyəsi yüksəlirdi. İnkişaf nəticəsində onlar nəhayət elə bir səviyyəyə çatırdılar ki, əldə etdikləri biliklər onların ruhani vəəqli tələblərini təmin etmirdi. Dinin təlim və qanunları köhnəldikcə və onların yeni şəraitdə tətbiqi mümkün olmadıqca, insanlar bu təlimləri yeni dövrün tələblərinə uyğun olaraq dəyişdirmək və ya ləğv etmək hüququnu öz üzərlərinə götürür və müəyyən addımlar atırdılar. Nəticədə ardıcıllar arasına ixtilaf düşür, din çoxsaylı təriqətlərə parçalanır, insanların dindən uzaqlaşması və ya əksinə, Zühur dövrünün qanunlarına qayıtmaq çağırışları artır. Lakin insan Allah Zühurlarının gətirdiyi təlimlərə qarışmaq, onları dəyişmək hüququna malik deyildir. Yalnız Allahın Yeni Zühurları əvvəlki Peyğəmbərlərin qanunlarını ləğv etmək və yeni era üçün yeni qanunlar gətirmək hüququna malikdir. Əks halda insanın müdaxiləsi dini təlimləri korlaya bilər.

Həzrət Bəhaullah bunları görürdü və Ona gün kimi aydın idi ki, Onun Dinində də inkişafın hər bir mərhələsində insanlar yeni qanunlara ehtiyac duyan ağlagəlməz sürətlə inkişaf edəcəkdir. Ona görə də O, Uca Ədalət Evinə ikinci dərəcəli qanunlar vermək səlahiyyəti vermişdir. Bu qanunlar dövrün şəraitinə uyğun gəlməli, lakin sonralar şərait dəyişdikdə onlar da dəyişdirilməlidir. Qeyd etmək lazımdır ki, Həzrət Bəhaullah tərəfindən şəxsən verilmiş Qanunlar, təlim və göstərişlər Allahın yeni Zühuruna qədər dəyişməzdir. Onları yalnız 1000 il sonra gələcək Zühur dəyişdirə bilər. Həzrət Əbdül-Bəha yazır:

“Allah Qanununun əsasını təşkil edən ən zəruri məsələlər Kitabda aydın ifadə olunmuşdur, amma yardımçı qanunları Ədalət Evi qəbul etməlidir. Bunun müdrikliyi ondadır ki, dövrlər dəyişir, çünki dəyişmə bu dünyanin, zamanın və məkanın zəruri keyfiyyəti vəəsas xüsusiyyətidir. Ədalət Evi buna uyğun olaraq hərəkət edəcəkdir”.

Həzrət Şövqi Əfəndinin Mühafizliyi zamanında, Quruculuq Əsrinin birinci iki dövrü dini təsisatların təməlinin əvvəlcə Şimali Amerikada, sonra isə on illik ruhani yürüş nəticəsində dünyanın hər yerində qurulması iləəlamətdar idi. Uca Ədalət Evinin təsis edilməsi ilə Bəhai Dini Quruculuq əsrinin üçücü dövrünə qədəm qoyur. Diqqəti cəlb edən digər əhəmiyyətli fakt üçüncü dövr ərzində dinin yerli və milli təsisatlarının güclənməsi və İnzibati Quruluşun inkişafının növbəti mərhələsində Müşavirlərin Qitə Kollegiyasının (təyin edilən orqan) Uca Ədalət Evi tərəfindən təyin edilməsi idi. Bu qurumun üzvləri gələcəkdə Bəhai dininin müdafiəsi və dünyada yayılması ilə bağlı məsələlərə baxmalı idilər. Dinin açılışında yeni mərhələ 1986-cı ildə Uca Ədalət Evi Quruculuq əsrin dördüncü mərhələyə qədəm qoymasını elan etməsi ilə başlamışdır. Hazırda bu dövrün müddəti məlum deyildir. Lakin bəhailər inanırlar ki, Uca Ədalət Evinin bilavasitə rəhbərliyi altında Bəhai dini hər yerdə tanınana və Həzrət Bəhaullahın Yeni Dünya Quruluşu bütün dünyada möhkəmlənənə kimi fəal inkişaf edəcəkdir.

İran bəhailərinə yazdığı məktubunda Həzrət Şövqi Əfəndi gələcək qələbələri təsvir edərək, qeyd etmişdir ki, Uca Ədalət Evinin rəhbərliyi altında Allahın Əmri yüksələcək və dünyanın bütün insanlarına çatacaqdır. Məktubda deyilir:

“Bütün ölkələrdə Milli Ruhani Məhfillər sütunlar kimi Yerli Məhfillərin güclü və möhkəm təməli üzərində tədricən və səbatla qurulacaqdır. Bu sütunlar üzərində özünün möhtəşəm quruluşunu mövcudiyyət dünyasından yüksəkliyə qaldıran əzəmətli struktur, Uca Ədalət Evi yaradılacaqdır. Beləliklə, HəzrətBəhaullahın ardıcıllarının birliyi yer üzünün hər tərəfində həyata keçiriləcək və əbədi həyatın dirilik suyu Allahın Dünya Quruluşunun ilkin mənbəyindən dünyanın bütün savaşan millətlərinin və xalqlarının üzərinə səpiləcək, bu fani dünyanın şər və ədalətsizliyini yuyub aparacaq və insanlığın əsrlər boyu mövcud olmuş xəstəlik və nasazlıqlarını sağaldacaqdır. O zaman Həzrət Bəhaullahın Ali hakimiyyət taxtı vəd olunmuş torpaqda qurulacaq vəədalətin tərəzisi yüksəklərə qaldırılacaqdır. O zaman etiqadın azadlıq bayrağı dalğalanacaq, Onun Ali Qanunu açıqlanacaq və bu qar kimi bəyaz yerdən qanun və fərman çayları əvvəlki əsrlərdə oxşarı olmayan bir fəthedici qüvvə və pərəstiş olunacaq əzəmətlə axacaqdır. Onda Cəlal Dilinin söyləmiş olduğu həqiqət gələcək:

Ey Kərmil, Sionu çağır və bu sevinc dolu xoş müjdəni söylə! Ölümü gözlərdən gizlədən Kəs gəlir!.. Onun fəthedici hakimiyyəti bəyan edilir! Onun hər tərəfi bürüyən şöhrəti açıqlanır! Ey Kərmil, xoşbəxt o kəslərdir ki, sənin ətrafina toplaşırlar, sənin şöhrətini bəyan edirlər və hamıya söyləyirlər ki, Allahının, Rəbbinin səxavəti sənə bəxş edilmişdir. Tezliklə, Allah Gəmisini sənə tərəf sürəcək. Adlar kitabında adları qeyd olunmuş Bəha möminlərini bəyan edəcəkdir. Bununla dinin sütunları Yer üzərində möhkəmcəsinə qurulacaq və Onun gizli qüvvəsi açıqlanacaq, nişanələri parlayacaq, bayraqları dalğalanacaq və Onun işığı insanlar üzərinə yayılacaqdır”.

Allah Əmrinin Əlləri

BƏHAİ DİNİNİN YAZILARINDA son dərəcə vacib işlərdən ötrü seçilmiş xüsusi şəxslərdən ibarət qrupun adı çəkilir. Həzrət Əbdül-Bəha Öz vəsiyyətnaməsində bu şəxslərə həvalə edilmiş işlərin mahiyyətini və onların seçilmə qaydasını izah etmişdir:

“Allah Əmrinin Əlləri Allah Əmrinin Mühafizi tərəfindən müəyyən edilir və təyin edilir. Onların hamısı Onun kölgəsi olmalı və Onun tələblərinə itaət etməlidirlər...

Allah Əmri Əlinin vəzifəsi—İlahi Əmri yaymaq, insanların ruhunu düz yola çağırmaq, təhsilin, insan xarakterinin yaxşılaşmasına kömək etmək və hər cür şəraitdə bütün dünya işlərindən çəkinməklə müqəddəsliyi qorumaqdır. Davranışları, ədaları, əməlləri, sözləri ilə onlar Allah qarşısında öz qorxularını ifadə etməlidirlər. Allah Əmrinin Əlləri Allah Əmrinin Mühafizinin rəhbərliyi altındadırlar”.

Həzrət Şövqi Əfəndi 1951-1957-ci illər ərzində sayı 32 nəfərdən ibarət olan Allah Əmrinin Əllərini təyin edir. Həzrət Şövqi Əfəndinin 1957-ci ildə qəfil vəfatından sonra məhz onlar rəhbərlik yükünü çiyinlərinə alaraq 1963-cü ilə, yəni Uca Ədalət Evinin ilk tərkibi seçilənə kimi bu funksiyanı yerinə yetirmişlər.

Müşavirlərin Qitə Kollegiyası

HƏZRƏT ƏBDÜL-BƏHANIN ruhani Vəsiyyətinə uyğun olaraq Əmrin Mühafizi Özünün nəslindən kimisə Öz xələfi təyin etməli idi. Lakin Həzrət Şövqi Əfəndinin övladları yox idi. Digər tərəfdən isə Vəsiyyətnamədə göstərilən yüksək tələblərə cavab verən adamı tapmaq mümkün olmadı. Hamıya yaxşı bəlli idi ki, yalnız Dinin Mühafizi Allah Əmrinin Əllərini təyin edə bilərdi. Uca Ədalət Evi 1963-cü ildə seçiləndə Onun qarşısında duran birinci dərəcəli vəzifə Yeni Mühafizin seçilməsinin mümkünlüyü ilə bağlı hər hansı bir göstərişin aşkar edilməsi məqsədi ilə Müqəddəs Yazıların diqqətlə öyrənilməsi idi. Axı Mühafizsiz Allah Əmrinin Əllərini kim təyin edə bilərdi? Nəhayət, 1963-cü il oktyabrın 6-da Uca Ədalət Evi növbəti müraciətini elan edir:

“Allah Əmrinin Mühafizi vəzifəsində Həzrət Şövqi Əfəndinin xələfi ilə bağlı sualın cavabını tapmaq məqsədi ilə duaların müşayəti ilə Müqəddəs Yazıları tədqiq etdikdən, həmçinin uzun müddətli məsləhətləşmələrdən, o cümlədən o zaman Müqəddəs Torpaqda olan Allah Əmrinin Əllərinin rəyini öyrəndikdən sonra Uca Ədalət Evi belə qərara gəlir ki, Allah Əmrinin növbəti Mühafizinin təyin edilməsinin az da olsa qanuni yolu yoxdur”.

Uca Ədalət Evi 1964-cü ilin noyabrında elan edir ki, problemi və Müqəddəs Yazıları hər tərəfli tədqiq etdikdən və Allah Əmrinin Əllərinin rəyini dinlədikdən sonra qəti qərara gəlir: Allah Əmrinin Əllərinin təyin edilməsinin heç bir imkanı yoxdur və olmayacaqdır.

Əmrin Mühafizi tərəfindən Allah Əmrinin Əllərinə aid əvvəllər baxılan ümumi xarakterli işlərin həlli indi hamının müraciət etdiyi, Əmrin Ali və Mərkəzi orqanı Uca Ədalət Evinin səlahiyyətlərinə aid edilirdi.

Uca Ədalət Evi 1968-ci ildə on bir nəfərdən ibarət “Müşavirlərin Qitə Kollegiyasını” yaratdığını elan edir. Onların üçü Afrika, altısı Şimali və Cənubi Amerika, biri Avropa, biri də Avstraliya üçün idi. Qeyd edilirdi ki, “onların vəzifəsi uyğun regionlarda Köməkçi Heyət Üzvlərinin işini istiqamətləndirməkdən, Milli Ruhani Məhfillərlə məsləhətləşməkdən və əməkdaşlıq etməkdən, həmçinin Allah Əmrinin Əllərinə və Uca Ədalət Evinə bu regionlardakı işlərin vəziyyəti haqqında məlummat verməkdən ibarətdir”.

Bu qərar Əmrin Əllərini Köməkçi Heyətdəki inzibati vəzifələrdən azad edirdi. Bu məsələni Uca Ədalət Evinin müraciəti bir qədər də aydınlaşdırdı:

“Allah Əmrinin Əlləri—bəhai dünyasının malik olduğu ən böyük cəvahirlərdən biridir. Köməkçi Heyətdəki inzibati işlərdən azad olmaqla, Onlar öz səylərini Dinin ümumi müdafiəsi, Onun yayılması ilə bağlı fundamental məsələlərdə, Bəhai Birliyinin ruhani sağlamlığının və Bəhai Dininin Dünya üzrə həyat qabiliyyətinin saxlanmasında cəmləşdirə bilərlər”.

Köməkçi Heyət Üzvləri

ƏMRİN MÜHAFİZİ 1954-CÜ ilin aprelində həmin il təyin etdiyi Allah Əmrinin Əllərinə göstəriş verir ki, onlar hər Qitədən bəhailər arasından özlərinə köməkçilər seçsinlər. “Köməkçi Heyət Üzvləri” adı ilə tanınan bu şəxslərin vəzifələri “Allah Əmrinin Əllərinin müavinləri, köməkçiləri və məsləhətçiləri” olmaq idi. Bu Köməkçi Heyət üzvləri Allah Əmrinin Əllərinin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərirdilər. Onlar Bəhai İnzibati Qaydalarının ümumi tələblərinə tabe olsalar da, onun orqanlarının tərkibinə daxil deyillər.

Beynəlxalq Təbliğ Mərkəzi

UCA ƏDALƏT EVİ 1973-cü ilin iyununda daha bir təsisatın yaradıldığını elan edir. Haqqında Bəhai Yazılarında öncədən yazılmış bu orqan Allah Əmrinin Əllərindən, üç Müşavirdən ibarət olmalı və başqa işlərlə yanaşı aşağıdakı səlahiyətləri də daşımalı idi:

“Müşavirlərin Qitə Kollegiyasının fəaliyyətini əlaqələndirmək, şövqləndirmək və istiqamətləndirmək, onlarla Uca Ədalət Evi arasında birləşdirici həlqə kimi fəaliyyət göstərmək;

Bütün qitələrdəki işlərdən tam xəbərdar olmaq və bu informasiya əsasında Uca Ədalət Evi üçün hesabatlar tərtib etmək və həmçinin Müşavirlərin Qitə Kollegiyasına məsləhətlər vermək;

Dini təlimlə bağlı işləri yeni ərazilərə, onu qəbul etməyə və ya ona ehtiyacı olanlara, həm bəhai, həm də qeyri-bəhailər arasında yaymaq üçün daim hazır vəziyyətində olmaq”.

Yerli Ruhani Məhfillər

HƏZRƏT BƏHAULLAH ÖZ Yazılarında tez-tez “Yerli Ədalət Evləri”nin adını çəkir. O, Qanunlar kitabında yazır:

“Allah tələb edir ki, hər bir şəhərdə Ədalət Evləri qurulsun ki, ora Bəha rəqəminin (9) sayı qədər məşvərətçilər yığıla bilsinlər. Onlar gərək Mərhəmətli Allahın insanlar arasında müvəkkilləri ola və özlərinə Allah tərəfindən bütün yerdə yaşayanların rifahı üçün təyin edilmiş mühafizlər kimi baxalar”.

Həzrət Əbdül-Bəha bu orqanları “Ruhani Məhfillər” adlandırmış və onlar haqqında belə yazmışdır:

“Bu Ruhani Məhfillər—işıqsaçan çıraqlar və müqəddəslik ətrini bütün diyarlara yayan, bilik işıqlarını isə bütün varlıqlar üzərinə saçan səma bağlarıdır. Həyat ruhu onlardan bütün istiqamətlərdə axır. Onlar, həqiqətən, bütün vaxtlarda və istənilən şəraitlərdə insan tərəqqisininmənbələridir”.

Beləliklə, Yerli Ədalət Evlərinin yaradılması harada olmasından asılı olmayaraq, istənilən bəhai qrupunun məqsədidir. Uca Ədalət Evi 1974-cü ildə Yerli Ruhani Məhfillərin səlahiyyətlərini artırmışdır:

“Allahın verdiyi Yerli Ruhani Məhfil təsisatı insan cəmiyyətinin birinci səviyyəsində fəaliyyət göstərir və Həzrət Bəhaullahın Yeni Nəzminin əsas inzibati vahididir.

Bu təsisat ailələrə və ayrı-ayrı şəxslərə arxalanır. O, onları daim Həzrət Bəhaullah Vəhyinin qanunları, hökmləri və prinsipləri ilə canlanan və qorunan dürüst ifadə olunmuş bəhai birliyində birləşməyə qaldırmalıdır. Bu təsisat Allahın Əmrini qoruyur; O, dostlarla quzularını sevən çoban kimi rəftar edir.

Yerli Ruhani Məhfillərin gücləndirilməsi və onların rolunun inkişaf etdirilməsi—həyatı əhəmiyyətli məqsəddir... Getdikcə daha çox düşünən insanı dinə cəlb etməklə, iflasa uğramış və ölməkdə olan hazrkı qaydaların rəhbərliyini və ümidini itirmiş milyonlarla qurbana sığınacaq verməklə, onlar həmrəyliyi və Bəhai icmasının artan üstünlüklərini nümayiş etdirirlər.

Dostlar Yerli Ruhani Məhfillərə ilk əvvəl üzvlərini seçmək üçün səsvermədə iştirak etməklə, sonra Ruhani Məhfillərin plan və proqramlarını səylə həyata keçirməklə, təhlükəli və çətin dəqiqələrdə onlara müraciət etməklə, onların işi üçün dua oxuyub, uğurlarına sevinməklə onlara sidq-ürəklə kömək etməlidirlər. Yerli Ruhani Məhfil—əsas mükafat, İlahi bəxşişdir. Hər bir icma onu böyütməli, sevməlidir. Ona kömək etməli, ona itaət göstərməli, ondan ötrü dua oxumalıdır”.

Xüsusi hallardan başqa, Yerli Ruhani Məhfillər Rizvan bayramının birinci günü (yəni aprelin 20-də günbatandan aprelin 21-də günbatana kimi) seçilirlər. Məhfilin üzvləri gizli səsvermə yolu ilə, əvvəlcədən kiminsə namizədliyi ürəli sürülmədən və seçki kampaniyası aparılmadan Yerli Ruhani Məhfilin mənsub olduğu həmin şəhər, rayon, kənd və ya başqa ərazi vahidində yaşayan bütün bəhailər (21 yaşından yuxarı), qadınlar və kişilər arasından seçilirlər. Bu ərazilər müxtəlif ölkələrdə müxtəlifdir, lakin bunlar həmişə həmin ölkənin qəbul olunmuş ən kiçik inzibati vahididir.

Həzrət Şövqi Əfəndi 1923-cü ilin martında Yerli Ruhani Məhfillərin bəzi vəzifələrini aşağıdakı kimi formalaşdırmışdır:

“Əmrin yayılması, onun istiqaməti, yolları və vasitələri, miqyası, dərinliyi öz özlüyündə vacib olsalar da, bu Məhfillərin bütün diqqətinin cəmləşdiyi yeganə cəhət deyildir. Yerli Ruhani Məhfillər öz üzvləri arasında razılığın və dostluğun inkişafına kömək etməli, inamsızlığı, soyuqluğu və ürəklərdəki kənarlaşmanı aradan qaldırmalı, bunun əvəzində Əmrə xidmətin maraqlarına uyğun olaraq fəallığı və səmimi əməkdaşlığı ürəklərə salmalıdır. Məhfil istənilən vaxt yoxsula, məzluma, xəstəyə, yetimə, dula, dərisinin rəngindən, ictimai vəziyyətindən və dinindən asılı olmayaraq hamıya kömək əlini uzatmağı bacarmalıdır. Onlar gənclərin həm maddi, həm də ruhani təhsilinə, uşaqların təlim-tərbiyəsinə hərtərəfli köməklik göstərməli, mümkün olan yerlərdə bəhailərin təhsil müəssisələrini açmalı, onların işini təşkil etməli, üzərlərində nəzarəti həyata keçirməli, onların inkişafı və fəaliyyəti üçün əlverişli şərait yaratmalıdırlar”.

Milli Ruhani Məhfillər

HƏZRƏT ƏBDÜL-BƏHA Özünün Ruhani Vəsiyyətnaməsində Uca Ədalət Evinə seçkiləri təsvir edərkən “ikinci Ruhani Məhfillərin” adını çəkmişdir. Əmrin mühafizi 1923-cü ildə bir sıra ölkələri özlərində Milli Ruhani Məhfillər təşkil etməyə çağırmışdır. Onun məktubunda deyilir:

“Milli Məhfillərin bilavasitə məqsədi—dostların və Yerli Məhfillərin çoxtərəfli fəaliyyətini daim xüsusi müzakirələr vasitəsi ilə şövqləndirmək, birləşdirmək vəəlaqələndirməkdir; bundan başqa, Müqəddəs Torpaqla sıx və daim əlaqəyə girmək vasitəsilə həmin ölkədəƏmrin işlərinə ümumi rəhbərliyi həyata keçirməkdir.

Milli Məhfil birincidən az əhəmiyyətli olmayan başqa məqsədə də xidmət edir. Belə ki, vaxtı gələndə o Milli Ədalət Evinə çevrilməlidir… Vəsiyyətnamənin aşkar mətninə uyğun olaraq o, başqa ölkələrin Milli Ruhani Məhfillərilə birgə Uca Ədalət Evinin, hərəkatın işlərinə rəhbərlik edəcək, onları bütün dünyada təşkil edəcək və birləşdirəcək o Ali Toplantının üzvlərini müstəqil seçkilər vasitəsilə seçkisini həyata keçirəcəkdir”.

Sonrakı illər dünyada çoxlu Milli Ruhani Məhfillər yaranır. Mühafizin rəhbərliyi altında onların funksiyası aydınlaşmaqda, fəaliyyətləri isə güc və nüfuz toplamaqda idi. Hazırda planetimizdə 183 Milli Ruhani Məhfil fəaliyyət göstərir.

Milli Ruhani Məhfillər Rizvan Bayramı vaxtı (aprelin 21-dən mayın 2-ə kimi) Milli Qurultaya toplanmış nümayəndələr tərəfindən seçilirlər. Qurultayın üç əsas vəzifəsi vardır: keçən ilki Milli Ruhani Məhfilin hesabatını qəbul etmək; Milli Məhfilin yeni tərkibini seçmək; nəhayət, yeni seçilmiş üzvlərin iştirakı ilə müzakirələr aparmaq.

Milli və Yerli Məhfillər elə ilk toplantılarında doqquz nəfərdən ibarət olan üzvləri arasından səs çoxluğu ilə sədr, sədr müavini, katib və xəzinədar seçirlər. Bu və ya digər vəzifəyə seçilmiş Məhfil üzvi Milli Ruhani Məhfilin ona verdiyi səlahiyyətlərdən başqa səlahiyyətlərə malik deyildir.

Köməkçi Heyət Üzvlərinin Köməkçiləri

ALLAH ƏMRİNİN ƏLLƏRİ və Müşavirlər Heyəti bilavasitə Milli Ruhani Məhfillərlə, Köməkçi Heyət Üzvləri isə Yerli Ruhani Məhfillər və fərdi bəhailərlə işləyirlər. Əllər və Müşavirlər Dinin Mühafizi (Həzrət Şövqi Əfəndi) və Uca Ədalət Evi tərəfindən təyin edilirlər. Onlar İnzibati Qaydanın “seçkili qoluna” mənsub deyillər və Milli Ruhani Məhfillərə seçilə bilməzlər.

Köməkçi Heyət Üzvləri bununla belə ayrı-ayrı məsələlərin həlli məqsədi ilə özlərinə “köməkçilər” təyin edirlər və bu köməkçilər istənilən seçkili inzibati vəzifədə qala bilər və ya istər yerli, istərsə də milli səviyyədə istənilən komitənin üzvü təyin edilə bilərlər.

Uca Ədalət Evi 1969-cu il oktyabrın 1-də seçkili və təyinatlı vəzifələrin səlahiyyətəri ilə bağlı əlavə izahat vermişdir:

“Ruhani Məhfillərin səlahiyyətinə Təlimin yayılması ilə bağlı işlərin təşkili və istiqamətləndirilməsi daxildir. Bu vəzifələr çərçivəsində onlar bütün icma üzvlərini şövqləndirmək və həvəsləndirmək üçün bütün mümkün olan işləri görməlidirlər. Bununla belə, inzibati işlər və təlimin yayılması, həmçinin Bəhai icmasının başqa işləri ilə yüklənmiş Ruhani Məhfillərin təbii ki, möminləri ruhlandırmaq üçün vaxtı çatmayacaqdır.

Qərarların qəbul edilməsi səlahiyyəti Ruhani Məhfillərə Məxsusdur, onlar eyni zamanda bu qərarları realizə edən ilkin qüvvəni özündə birləşdirən möminləri istiqamətləndirirlər. Köməkçi Heyət Üzvlərinin əsas vəzifəsi—bu qüvvəni üzə çıxarmaqda kömək etmək və onu təşkil etməkdir. Fəaliyyətin bu növü həyati əhəmiyyətə malikdir, ona görə də, əgər Köməkçi Heyətin Üzvləri bu işləri səmərəli yerinə yetirmək iqtidarındadırlarsa, onlar imkan daxilində inzibati işlərdə iştirakdan çəkinməlidirlər”.

Beləliklə, köməkçilərin işi Köməkçi Heyətə “təşəbbüsləri üzə çıxarmaqda və uyğun məsələləri yerinə yetirməyə yönəlmiş fəaliyyəti istiqamətləndirməkdə” kömək etmək, həmçinin bəhailəri Köməkçi Heyətə və Ruhani Məhfillərə rəhbərlik və kömək üçün müraciətlərə həvəsləndirməkdir.

Yerli və Milli Komitələr

YERLİ VƏ MİLLİ Məhfillərin üzvləri şəxsi keyfiyyətlərinə—Əmrə şəksiz sədaqətinə, fədakar doğruluğuna, ağlına və digər müsbət cəhətlərinə görə seçilirlər. Onlar nadir hallarda ictimai fəaliyyətin bütün sahələrində mütəxəssis ola bilərlər. Bu səbəbdən Ruhani Məhfillər tərkibi mütəxəssislərdən ibarət olan komitələri təyin edirlər. Komitələr, yalnız onları seçmiş Ruhani Məhfillər qarşısında cavabdehdirlər. Onlar görüşlər keçirir, komitələrin vəzifəli şəxslərini seçir, öz fəaliyyətləri ətrafında məsləhətləşir, öz səlahiyyətləri çərçivəsində görəcəkləri işləri müəyyən edir, onları təyin etmiş orqanlara (Yerli və Milli Ruhani Məhfillərə) hesabat verirlər. Bununla da bəhai icmasında məsuliyyət ayrı-ayrı şəxslərin deyil, seçkili orqanların üzərinə qoyulmuşdur. Öz növbəsində bu orqanlar icma üzvlərinin təcrübəsindən, təşəbbüs və qabiliyyətindən istifadə etməklə, onların hər hansı bir sahədə öz maraqlarına uyğun iştirakı üçün şərait yaradır. Beləliklə, şəxsi iştirak və məsuliyyət bəhai icmalarının həyatında daha bir fərqli cəhətdir.

Yüksək İnzibati Standart

İSTƏNİLƏN BƏHAİ ORQANINA seçilmiş üzvlərin çatmağa çalışdıqları bir nümunə mövcuddur. Bəzən elə gəlir ki, ona çatmaq mümkün deyildir, lakin üzvlərinin kimliyindən, London, Nyu-York, Tokio, Tehran, Buenos-Ayresin ziyalılarından və ya Mərkəzi Afrika piqmeylərindən, fin laplandlarından və ya Avstraliya aborigenlərindən asılı olmayaraq, o hər bir Ruhani Məhfilin məqsədidir. Bu standartın bəzi elementləri Həzrət Şövqi Əfəndinin aşağıdakı sitatında verilmişdir:

“Gəlin yadda saxlayaq ki, Əmrin əsasında fərdin, şübhəsiz ki, özünüifadə, öz əqidə və baxışlarını azad bildirmək hüququ prinsipi durur...

Gəlin həmçinin yadda saxlayaq ki, Allah Əmrinin əsas məqsədi diktatorcasına hakimiyyətdə deyil, əksinə xeyirxah yoldaşlıqdadır, özbaşına hakimiyyətdə deyil, səmimi ruhda və sevgi dolu məşvərətdədir...

Dostların şüurlu surətdə və sərbəst olaraq öz nümayəndələri kimi seçdikləri şəxslərin vəzifələri, onları seçənlərin borclarından heç də az həyati mahiyyət daşımır. Onların vəzifələri əmr vermək deyil, məsləhət etməkdir və nəinki ancaq öz aralarında və həmçinin, mümkün qədər təmsil etdikləri çoxsaylı dostlarla da məsləhətləşməkdir. Məhfil üzvləri özlərini yalnız Allah Əmrinin daha səmərəli və daha layiqli surətdə təqdim olunması üçün seçilmiş vasitələr kimi təsəvvür etməlidirlər... Onlar tədricən şəxsi müstəsnalıq ruhundan, məxfilik mühitindən kənar olmalı, özlərini ədabazlıq mövqeyindən azad etməli, öz mülahizələrindəki təəssübkeşliyin və xurafatın bütün formalarını aradan qaldırmalıdırlar. Onlar öz işlərini müdriklik hüdudları çərçivəsində dostlara etibar etməli, onları öz planları ilə tanış etməli, öz narahatlıqlarını və problemlərini onlarla bölüşməli və onların tövsiyyə və məsləhətlərinə qulaq asmalıdırlar. Ehtirassız, diqqətli və iltifatlı məsləhətləşmədən sonra onlara hansısa bir qərara gəlmək lazım olarsa, onlar dualarla Allaha müraciət etməli, düzgün və qərəzsiz seçim etməli vəəksəriyyətin səsinə qulaq asmalıdırlar, hansı ki, Ağanın dediyi kimi, həqiqətin səsi olub, etiraz edilməməli, lakin bütün qəlbi ilə həyata keçirilməlidir. Dostlar bu səsi hamılıqla müdafiə etməli və onu Əmrin müdafiəsinin və inkişafının yeganə vasitəsi hesab etməlidirlər”...

On Doqquz Gün Ziyafətləri

BƏHAİ TƏQVİMİ İLƏ bir ildə 19 ay vardır. Hər ayın əvvəlində bəhai icmaları öz üzvlərinin iştirakı ilə yığıncaqlar keçirirlər. Bu tədbir inzibati səciyyə daşıyır. Həmin yığıncaqda Yerli Ruhani Məhfil icma üzvləri ilə məsləhətləşir, onları öz planları ilə tanış edir və ümumi maraq kəsb edən məsələlər ətrafında onlardan təkliflər alır. Bu cür görüşlər—On Doqquz Gün Ziyafətləri adlanır. On Doqquz Gün Ziyafətləri üç hissədən ibarət olub, elə təşkil edilir ki, bu görüşlərdə icmanın ruhani birliyi və ruhani yüksəlişi qabarıq şəkildə təzahür edir. On Doqquz Gün Ziyafətlərində yalnız icma üzvləri, yəni bəhailər və başqa bəhai icmalarından olan qonaqlar iştirak edə bilərlər. Ziyafətin ruhani, birinci hissəsi xüsusi təntənə ilə keçirilir. Bu hissədə Bəhai Yazılarından seçmələr oxunur. Sonra ikinci, inzibati hissəbaşlayır ki, bu hissədə Yerli Ruhani Məhfil üzvlərinin iştirakı ilə məsləhətləşmələr aparılır. Ruhani Məhfilin və yerli komitələrin müxtəlif fəaliyyətlərinin hesabatı verilir, yerli fondun vəziyyəti haqqında xəzinədarın hesabatı dinlənilir. Bu hissə sona çatdıqdan sonra, görüşün sosial hissəsi başlayır ki, burada icmanın maddi vəziyyətindən asılı olaraq dostlara adi su və yaxud zəngin şam yeməyi təklif edilə bilər.

On Doqquz Gün Ziyafətləri ilə bağlı onu da qeyd etmək lazımdır ki, 15 yaşına çatmamış bəhai uşaqları bu məclislərdə sərbəst iştirak edə bilərlər. Lakin 15 yaşına çatmış hər bir şəxs müstəqil şəkildə, valideynlərinin təzyiqi olmadan, Bəhai dininə mənsub olduğunu təntənəli şəkildə elan etməlidir. Bununla belə, o, 21 yaşına kimi bəhai seçkilərində iştirak edə bilməz. Bəhai dininə mənsub olduğunu elan etməyən on beş yaşından yuxarı gənc oğlan və qız valideynləri bəhai olsa belə, On Doqquz Gün Ziyafətlərində iştirak edə bilməz.

Əgər Bəhai icması On Doqquz Gün Ziyafətlərini şən, fəal və səmərəli keçirirsə, bu icmanın birliyini, onun yüksəlişdə olduğunu göstərir.

İki Sütun

BELƏLİKLƏ, HƏZRƏT BƏHAULLAHIN Ümümdünya İnzibati Qaydasında iki tərəf və ya iki qol mövcuddur. Birinci qol “təyin edilən” tərəf olub, ora daxildir: Həzrət Əbdül-Bəhanın Vəsiyyəti ilə təyin edilən Əmrin Mühafizi; Əmrin Mühafizinin təyin etdiyi Allah Əmrinin Əlləri; Uca Ədalət Evinin təyin etdiyi Müşavirlər; Müşavirlərin təyin etdiyi Köməkçi Heyət Üzvləri; Köməkçi Heyət Üzvlərinin təyin etdiyi köməkçilər.

İkinci “seçilən” qola və ya tərəfə daxildir: sıravi bəhailərin seçdiyi Yerli Ruhani Məhfillər; sıravi bəhailər arasında seçilmiş nümayəndələrin Qurultayda seçdiyi Milli Ruhani Məhfillər və nəhayət, Milli Ruhani Məhfillərin hər beş ildən bir seçdikləri Uca Ədalət Evi.

Əmrin Mühafizi sonralar “Bəhaullah Əhdi” adı altında nəşr edilmiş 1934-cü il 8 fevral tarixli məktubunda iki təsisatı—Mühafizlik və Uca Ədalət Evini “qüdrətli inzibati binanı saxlayan” “iki sütun” adlandırmışdır. Bu məktubun paraqraflarının birində Əmrin Mühafizi yazır:

“Həzrət Bəhaullahın inzibati qaydasının bu iki bir-birini tamamlayan idarəsinə, fəaliyyətlərində əsaslı, öz məqsəd və vəzifələrində bir-birini qarşılıqlı tamamlayan İlahi mənşəyi olan qurumlar kimi baxılmalıdır. Onların ümumi təməli məqsədi—bizim Dinin Qaynağından axan Allahın verdiyi hakimiyyətin fasiləsizliyini təmin etmək, Onun ardıcıllarının birliyini qorumaq və onun təliminin vəhdətini və çevikliyini saxlamaqdır. Bu iki təsisat Əmrin işlərini birgə idarə edir, bütün fəaliyyətləri əlaqələndirir, Onun maraqlarını qoruyur, Onun qanunlarına əməl edir, Onun köməkçi təsisatlarına yardım edir. Beləliklə, bu təsisatlardan hər biri dəqiq müəyyənləşdirilmiş sahədə fəaliyyət göstərir: onların hər birinə konkret məsələ və səlahiyyətləri səmərəli yerinə yetirməkdən ötrü yanaşı fəaliyyət göstərən orqan alət verilmişdir”.

“Yeni Dünya Nizamı” adlanan bu nadir sistemə bir daha nəzər salsaq, “Allahın Peyğəmbərlərinin arzuladığı və qədim dövrlərdən şair və yazıçıların təsəvvürlərini şövqləndirən idealların” təcrübədə necə həyata keçdiyini görərik. Bu sözlər Həzrət Şövqi Əfəndinin qərbdəki bəhailərə 1930-cu ildə yazdığı və tarixə “Dünya Nizamı” adı altında daxil olmuş məktubundan götürülmüşdür. Bu məktubunda O, Bəhai dini ilə başqa dinlərin inzibati sistemlərini müqayisə etmişdir. Həzrət Şövqi Əfəndi yazır:

“Həzrət Bəhaullah bəşəriyyəti təkcə yeni və canlandırıcı Ruh ilə doldurmamışdır... O və Ondan sonra Həzrət Əbdül-Bəha bir sıra qanunları aydın və dəqiq təyin etmiş, müəyyən təsisatların əsasını qoymuş və İlahi qüvvənin mövcudluğunu göstərmişlər. Bütün bunların hamısı gələcək cəmiyyətin modeli, dünyanı birləşdirməyin yeganə vasitəsi, Yerdə Ədalət səltənətinin Bəyannaməsi olmalıdır”.

Bəhai Fondları

BƏHAİ DİNİNİN DÜNYADA sürətlə yayılması və bütün qitələrdə füsünkar İbadət Evlərinin tikilməsi, Bəhai dininin bir çox yerli və milli mərkəzləri üçün evlərin alınması, yüzlərcə yerli və milli fondların, həmçinin bəhai məktəblərinin, təhsil və başqa müəssisələrin yaradılması ilə bağlı çox vaxt təbii sual ortaya çıxır: Bu vəsaitlər necəəldə edilir?

Bəhai fondlarında yalnız bəhailər iştirak edə bilərlər. Əgər maliyyə mötəbər və tanınmış mənbədən deyilsə, bu vasitə ilə təlimin yayılması ilə bağlı hansısa tədbir görmək, icma üçün mülkiyyət əldə etmək, ümumiyyətlə, hər hansı bir işlə məşğul olmaq yolverilməzdir. Fonda yardım hər bir bəhainin müqəddəs borcudur. İanənin miqdarı, verilmə vaxtı, forması, təyinatı (ümumi istifadə və ya konkret məqsədlər üçün)—bütün bunlar hər möminin öz ixtiyarındadır. İanələr Yerli, Milli, Qitə və Beynəlxalq fondlara, ətrafdakılara bildirilmədən, hətta əksər hallarda gizli şəkildə verilir.

Əgər qeyri-bəhai Bəhai fondlarına ianə vermək istəyirsə, ona anladılır ki, bu cür mənbədən olan vəsaitlər Bəhai dininin məqsədlərindən ötrü istifadə edilə bilməz. Bəhai fondları ilə bağlı Həzrət Həzrət Şövqi Əfəndi yazır:

“Mən sizə bir əsas müddəanı xatırlatmaq məcburiyyəti duyuram: Fonda edilən bütün ianələr son dərəcə könüllü olmalıdır. Hər bir kəsi aydın şəkildə başa salmaq lazımdır ki, hər hansı bir şəkildə olan məcburiyyət, hətta zəif və dolayısı ilə olsa da belə, başlanğıcdan Fondun yaradılmasının əsasını qoyan prinsipə ziddir”...

“Mən təkidlə onlara məsləhət görmüşəm ki, daim və qəlbən əsas və həyati təsisatlar olan Milli Fonda və Milli Ruhani Məhfilə yardım göstərsinlər. Onların hamısına aydın başa salınmalıdır ki, bu təsisatlara müntəzəm olaraq ianə verilməsi gələcək nailiyyətlərin təməl daşı və bütün gələcək xeyir-duaların axacağı bir mənbədir”.

Bəhai İbadət Evləri

GƏLƏCƏKDƏ BƏHAİ İBADƏT Evləri hər şəhərdə və hər kənddə tikiləcəkdir. Lakin bu gün onlar “hər qitəyə və ya adalar qrupuna bir məbəd” prinsipi ilə ucaldılır. Hazırda dünyanın müxtəlif yerlərində gələcək tikintilər üçün xeyli torpaq sahələri alınmışdır. Bəhailərin azlıq təşkil etdiyi ölkələrdə vəsaitin dinin yayılmasına və inkişaf etməkdə olan ölkələrdə isə az savadlı və yoxsul möminlərə yardım üçün sərf edilməsi daha çox məqsədəuyğun hesab olunur. Ona görə də füsünkar məbədlərin tikintisi Bəhai Dininin on milyonlarla insanı əhatə edəcəyi yaxın gələcəyə saxlanmışdır. Artıq tikilmiş İbadət Evləri isə Allaha etiqadın yeni prinsiplərini nümayiş etdirir.

Bəhai İbadət Evi doqquz qapısı və bir günbəzi olan mərkəzi binadan ibarətdir. Onun qapıları dinindən, irqindən və millətindən asılı olmayaraq hamının üzünə açıqdır. İbadət Evinin daxilində dualar, musiqisiz, yalnız səslə ifa edilir. Burada müxtəlif Dinlərin Yazılarından parçalar da oxuna bilər, lakin inzibati fəaliyyət binadan kənarda aparılır.

Vaxt ötdükcə İbadət Evlərinin ətrafında əlavə binalar, məsələn, bəhai məktəbləri, xəstəxana, uşaq evləri tikilir. Başqa sözlə, İbadət Evi bəhailərin fikrincə, icmanın təkcə ruhani deyil, sosial ehtiyaclarına, təhsil-tərbiyə və humanitar tələblərinə xidmət edir. Bəhai İbadət Evlərinin adı ərəb dilində “Məşriq-ül-Əzkar” kimi səslənir, mənası “Allah mədhinin işıqlandığı yer” deməkdir.

Hazırda Bəhai İbadət Evləri dünyanın yeddi ölkəsində ucaldılmışdır: Uilmett (ABŞ), Kampala (Uqanda), Frankfurt-na-Mayne (AFR), Sidney (Avstraliya), Panama-Siti (Panama), Yeni Dehli (Hindistan) və Apia (Qərbi Samoa).

Uilmett İbadət Evi bir köməkçi müəssisəyə—ahıllar evinə malikdir; Uilmett, Kampala və Frankfurtda, həmin ölkələrin Milli Ruhani Məhfilləri yerləşmişdir.

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7

V Fəsil Bəhailər Nəyə İnanirlar

Allahın Mahiyyəti

BƏHAİ TƏLİMİNƏ GÖRƏ, insanın məhdud şüuru Allahı heç zaman dərk edə bilməz. Həzrət Bəhaullah öyrədir ki, məhdud qeyri-məhdudu anlaya bilməz. Sonlunun sonsuzu anlaması o deməkdir ki, yəni biz masadan onu düzəltmiş dülgər haqqında anlayışlı olmasını gözləyirik. Həzrət Əbdül-Bəha yazır:

“İnsan İlahi Mahiyyəti dərk edə bilməz, lakin özünün mühakimə və müşahidə qabiliyyətinin, Dinin ona verdiyi intuisiya və duyma qüvvəsinin köməkliyi ilə Allaha inana və Onun mərhəmət bəxşişlərini aşkarlaya bilər”.

İnsanlar Allahın mahiyyətini dərk edə bilməsələr də, onlar İlahi Reallığın mövcudluğuna inana bilərlər. Həzrət Bəhaullah yazır:

“Bil ki, Həqiqi Vahid Allah bütün xəlqedilmiş varlıqlardan ayrılan və onlar üzərində ölçüyəgəlməz dərəcədə yüksələn O Kəsdir. Bütün Kainat Onun şöhrətinin əksidir. O, Öz yaratdıqlarından asılı deyildir və onlardan üstündür. İlahi Birliyin həqiqi mənası bundadır... Bütün mövcud olanlar Ondan asılıdır və aləmdəki hər şeyin mövcudluq mənbəyi Ondan törəyir”.

Allah kainatın qurucusudur, lakin bununla belə O, hər bir adamın, vaxtilə yaşamış, yaşayan və ya nə vaxtsa yaşayacaq hər kəsin ayrılıqda qayğıkeş Atasıdır. Allahda bu iki cəhətin birləşməsi insanın dərketmə qabliyyəti çərçivəsindən kənara çıxır. Bunu bütün dünya dinləri də təsdiq edir. Bütün dünya dinlərində Allahın Böyüklüyü təriflənir, eyni zamanda Allahın insanlara olan böyük məhəbbəti və Onun hər bir fərdin varlığının məqsədini müəyyən etməsi təsdiq edilir. 

Yaradılış

BƏHAİ TƏLİMİNƏ GÖRƏ maddi dünya (materiya) məkanca sonsuz, zaman etibarilə əbədidir. Onun nə vaxtsa “yoxluqda yaradılması” və ya nə vaxtsa zamanın sonunda “yox edilməsi” anlayışı tamamilə yalnış təsəvvürdür. Allah Əbədi və Əzəli olduğu kimi, Onun xilqəti də əbədi və əzəlidir. Həzrət Bəhaullah yazır:

“Xilqət haqqında sualın barədə. Bil ki, xilqət əzəldən olub və həmişə də olacaq. Onun əvvəlinin başlanğıcı və axırının sonu yoxdur. Maddi aləmin sonu barəsində sualına gəldikdə isə bu məsələnin anlaşılması müşahidəçilərin baxışından asılıdır. Bir mənada o, sonludur, başqa bir mənada isə bundan üstündür. Allah əzəldən olub və həmişə də olacaq. Xilqət də həmçinin...

Aləmlər barədə sual vermişdin. Bil ki, həqiqətən, Allahın tükənməz aləmləri vardır və onların sonu yoxdur. Onları Hərşeyi Bilən və Hikmət Sahibi olan Allahın Özündən başqa heç kəs əhatə edə bilməz. Hər bir sabit ulduzun öz planetləri və hər bir planetin öz məxluqatı var, hesablayanlar onları saymaqda acizdir”...

Həzrət Əbdül-Bəha materiyanın əbədi vəəzəli olmasına aşağıdakı açıqlamanı vermişdir:

“Bil ki, ruhani həqiqətlərin başa düşülməsi üçün ən çətin amillərdən biri varlıq aləminin, yəni bu sonsuz Kainatın başlanğıcının olmaması haqqında həqiqətdir. Bilin ki, xilqətsiz Xaliq qeyri-mümkündür və qəyyumluq altında olan olmasa, Qəyyum da olmaz, çünki Allahın bütün adları və atributları varlıqların olmasını tələb edir. Əgər heç bir məxluqatın mövcud olmadığı bir zamanı təsəvvür etmək mümkün olsaydı, onda belə təsəvvür Allahın Özünü inkar etmək olardı. Əgər nə vaxtsa mütləq yoxluq hökmranlıq etmiş olsaydı, bu zaman varlıq da mövcüd ola bilməzdi. Buradan belə nəticəyə gəlmək olur ki, Tək olan Allahın Mahiyyəti, yaxud, başqa sözlə desək, Xaliqin mövcudluğu əbədi vəəzəlidir, yəni Onun nə əvvəli, nə də sonu vardır, deməli, varlıq aləminin də nəəvvəli, nə sonu var”...

Kainatın hansısa bir hissəsində “İlkin partlayışı”, xaoc və yaradılışı və yaxud əksinə dağılma, parçalanma və məhvolmanı xatırladan proseslər müşahidə edilə bilər. Bu hal sonu olmayan Kainata bütövlükdə şamil deyildir. Həzrət Əbdül-Bəha bu haqda da yazır:

“Mümkündür ki, Kainatın müəyyən bir hissəsi olan dünyalardan biri dağılsın, lakin digər dünyalar öz mövcudluğunu davam etdirəcəklər. Bir halda ki, dünyalardan hər birinin öz başlanğıcı var, deməli, onun sonu da vardır; belə ki, hər bir birləşmənin həm bütün məcmusunun, həm də ayrı-ayrı hissələrinin dağılması labüddür. Fərq yalnız ondadır ki, biri tez, digəri isə tədricən dağılır; lakin birləşmə yolu ilə yaranmış şeyin heç zaman parçalanmaya məruz qalmaması mümkün deyildir”.

İnsanın Yaranması

BƏHAİ TƏLİMİNDƏ ALLAHIN insanı xəlq etməsi anlayışı da məlum dinlərdən fərqlənir. Təbiətdəki digər canlılar kimi insan növü də Allahın İradəsi ilə milyon-milyon illər ərzində çox bəsit formadan inkişaf edərək mürəkkəbləşmiş və müasir insan formasına düşmüşdür. İnsan embrionu ana bətnində, özünün ilkin inkişaf mərhələlərində balıq və ya sürünən canlının əlamətlərini daşısa da, o, balıq və ya sürünən deyil, insan olduğu kimi, insan növü də miyon-milyon illər ərzində inkişafının müxtəlif dövrlərində zahirən başqa canlılara bənzəsə də, Allahın İradəsi ilə anlaşılmaz gizli qüvvəyə malik xüsusi növ idi. Bəhai təlimindəki bu müddəa Darvinin insanın təbii seçmə yolu ilə meymundan yaranması nəzəriyyəsindən əsaslı şəkildə fərqlənir. Bu məsələyə açıqlıq gətirən Həzrət Əbdül-Bəha yazır:

“Tamamilə aydındır ki, bizim Yer kürəmiz indiki vəziyyətinə bir dəfəyə düşməyib, o, hal-hazırki kamilliyinə gəlib çatanadək tədricən müxtəlif mərhələlərdən keçmişdir. İnsan öz mənşəyinin başlanğıcında Yer bətnində, ana bətnindəki embrion kimi yavaş-yavaş böyümüş və inkişaf etmiş, bir formadan başqa formaya keçərək, indiki gözəlliyinə və kamilliyinə, indiki quruluşuna və qüdrətinə gəlib çatmışdır. Ehtimal ki, əvvəllər o, belə gözəl, qamətli və zərif olmamış və yalnız tədricən bu surətə, bu formaya, bu gözəlliyə və bu qamətə yiyələnmişdir. İnsanın Yer üzündə mövcud olduğu ən ilkin vaxtlardan onun müasir vəziyyətinə, quruluşuna və formasına çatana qədər, şübhəsiz ki, uzun müddət lazım olmuşdur. Lakin öz mənşəyinin lap başlanğıcında da insan xüsusi növ olmuşdur.

Əgər yox olmuş orqanların izlərinin, həqiqətən, insan bədənində hələ də mövcud olduğunu hətta etiraf etsək belə, buheç də insan növünün dəyişkənliyini və bənzərsiz olmamasını sübut etmir, əksinə, yalnız insan orqanlarının, onun forma və xarici görünüşünün dəyişkənliyini və kamilləşməsini bildirir, o, özü isə həmişə xüsusi növ, yəni heyvan deyil, insan olmuşdur”.

İnsanın yaradılışı ilə bağlı İbrahimi dinlərin teoloji bazisində xüsusi yeri olan Adəm bə Həvva hekayətinə Həzrət Əbdül-Bəha aşağıdakı açıqlamanı vermişdir:

“Əgər biz bu hekayəni camaatın anladığı hərfi mənada qəbul etsək, onda bu son dərəcə qeyri-adi hekayədir. Ağıl onu nə anlaya, nə təsdiq edə, nə də təsəvvür edə bilər, çünki məsələnin belə qoyuluşu, bu cür təfərrüat, belə davranış və məzəmmət düşüncəli adama, xüsusilə də bu sonsuz Kainatı belə mükəmməl formada və bu ucsuz-bucaqsız dünyanı belə mütləq qanunauyğunluqda, belə ciddi nizamla və mükəmməlliklə yaradan Allah-Təalaya xas deyildir. Buna görədə qadağan olmuş ağacın meyvəsini yeyib Cənnətdən qovulan Adəm və Həvva haqqında hekayəni rəmzi mənada qəbul etmək lazımdır. İlahi sirləri özündə saxlayan bu hekayənin böyük mənası var və o, heyrətamiz şərhlərə malik ola bilər”.

İnsanın Təbiəti

İNSAN—MİNERAL, BİTKİ və heyvanatla müqayisədə həyatın daha yüksək formasıdır. Allah insana şüur, düşüncə vermişdir. O, ona həmçinin Allahı tanımaq və sevmək qabliyyəti olan ruh da bəxşiş etmişdir.

Həzrət Bəhaullah buyurur:

Ey insan oğlu! Sənin yaradılışını sevdim, odur ki, səni yaratdım! İndi məni sev ki, səni xatırlayım və sənin qəlbini həyat ruhu ilə doldurum”.

“Dünyanı, onda yaşayan və hərəkət edən bütün varlıqları xəlq etdikdən sonra, O, Özünün Muxtar adının işığı ilə məxluqat içərisindən Onu tanımaq və Onu sevmək üçün insanı seçdi ki, bu da Kainatın yaradılmasının səbəbi və son məqsədi idi... Allah xəlq etdiklərinin hər birinin batini həqiqətinə öz adlarından birinin nurunu səpmiş və Onu Öz sifətlərindən birinin Əzəmətini əks etdirən etmişdir. Lakin insanın mahiyyətində O, Özünün bütün adlarının və sifətlərinin şöləsini cəmləşdirmiş və onu Özünün güzgüsü etmişdir. Bütün xəlq edilmişlərdən yalnız insan belə böyük fəzl, beləəzəli mərhəmət üçün seçilmişdir”.

İlahi Zühurlara müraciət etməklə insan Allahın məhəbbət, həqiqət, mərhəmət, ədalət kimi keyfiyyət və xüsusiyyətlərini mənimsəyə bilər.

Allahın təliminə müraciət etməkdə hər kəs sərbəstdir. Onun gözündə hamı bərabərdir. Bununla belə, hər bir ruh nadir qabliyyət və xassələrlə təmin olunmuş fərdi yaranmadır. Bütövlükdə insan çatacağı potensialı öz şəxsi cəhdlərinin köməkliyi iləəldə edir.

Hər bir insana yüksək ruhani təbiət xasdır. İnsan onu inkişaf etdirməlidir ki, Allahı dərk edə bilsin və Onu sevsin. Lakin hər bir insan fiziki, yəni heyvani təbiətə də sahibdir. Həzrət Bəhaullah öyrədir ki, insanın bədəni ruhunun sadiq nökəri olmalıdır. İnsanın ən böyük xoşbəxtliyi fiziki tələblərinin öyrənilməsində deyil, ruhaniyyətdədir.

İnsanın Ruhu, Həyat Və Ölüm

RUH FİZİKİ DEYİL, ruhani mahiyyət olub, onun mənbəyi Allahın ruhani aləmlərindədir. İnsan bədənin ölməs ilə ruh məhv olmur. İnsanın Yerdəki həyatı dövründə ruhun bədənə bağlılığı güzgüdəəks olunan işığın güzgüyə bağlılığını xatırladır. Güzgü parçalansa da, işıq parlamaqda davam edir.

Ruhun bədənlə birləşməsi ana bətnində, mayalanma anında baş verir. Yerdəki fiziki mövcudluq—hər bir ruh üçün vacib təcrübədir. Bu mərhələdə insan özünün düzlük, mərhəmət, məhəbbət, səxavətlilik kimi ruhani qabiliyyətlərinin inkişafı üçün imkan əldə edir. Bu keyfiyyətlər insana fiziki mövcudluğu sona yetdikdən sonra da lazımdır. Ana bətnində uşağın gözü, burnu, əli və ayağı inkişaf etdiyi kimi, bu ruhani keyfiyyətlər də insanın Yerdəki həyatı zamanı inkişaf edir. Ana bətnində uşağa bu orqanlar lazım deyildir. Lakin həyatda insan onlarsız çox ağır vəziyyətə düşə bilər.

İnsanın ana bətnindəki həyatı doğumdan sonrakı həyatından fərqləndiyi kimi, ruhun ölümdən sonrakı həyatı da bu dünyadakı həyatından kəskin şəkildə fərqlənir. Bədəndən azad olmuş ruh qəfəsdən azad olmuş quş kimi öz inkişafını və Allaha doğru hərəkətini davam etdirir. Bizim o biri dünyadakı inkişafımız bizim indi ruhani yüksəliş üçün sərf etdiyimiz cəhdlərdən asılı olacaqdır.

“Cənnət” və “cəhənnəm” yer, məkan deyil, haldır. “Cənnət” Allaha yaxınlıq, “cəhənnəm” isə Ondan uzaqlıqdır. Bu hal indiki və ondan sonra gələn o biri həyatda da mövcuddur. Eynilə haqqında Müqəddəs Yazılarda danışılan “həyat” və “ölüm” anlayışları da insanın ruhani həyatının olub olmaması mənasında səslənir.

Ölüm insanı qorxutmamalıdır, əksinə ona yeni, daha dolğun həyatın başlanğıcı kimi baxılmalıdır. Həzrət Bəhaullah buyurur:

“Ey uca məqam oğlu! Ölümü sənin üçün bir şadlıq müjdəçisi qərar verdim, nə üçün hüznlənirsən? Nuru öz şəfəqlərini sənin üzərinə səpmək üçün yaratdım, nə üçün ondan pərdələnirsən?”

“Bil ki, bədəndən ayrıldıqdan sonra ruh elə bir görkəmdə Allahın hüzuruna yüksələr ki, qərinələr, əsrlər, dünyanın fəlakətləri və hadisələri onu dəyişdirə bilməz. Və Allahın səltənəti, hökmranlığı, qüdrəti və hakimiyyəti durduqca, o da qalar. Və onda Allahın əlamətləri və sifətləri, Allahın inayəti və lütfləri təzahür edər. Qələmin, bu məqamı, onun ülviyyət və ucalığını təsvir etməyə qüdrəti çatmır. Fəzlin əli onu elə bir məqama daxil edər ki, bunu heç bir sözlə anlatmaq və dünyada olan şeylərlə təsvir etmək mümkün deyil. Xoş o ruhun halına ki, insanların şübhələrindən pak bir halda bədəndən ayrılar. Belə bir ruh öz Rəbbinin İradəsi ilə hərəkət edib uca cənnətə daxil olar, yüksək behiştin huriləri onun ətrafına toplaşar, o, Allahın peyğəmbərləri və övliyaları ilə ünsiyyətdə olub onlarla söhbət edər və aləmlərin Rəbbi olan Allahın yolunda başına gələnləri onlara danışar”.

Xeyir və Şər

HƏZRƏT BƏHAULLAH İZAH edir ki, bütün Kainatda yalnız bir qüvvə, məhz, məhəbbət və mərhəməti tükənməz olan Qüdrətli Allahın xeyir-dua qüvvəsi mövcuddur. Buradan belə görünür ki, Şər, özünün bütün təzahürlərində pozitiv mahiyyət deyil, Xeyirin olmaması və ya onun azlığıdır. İşığın olmaması nejəzülmətdirsə, Xeyirin də olmaması Şərdir.

Əgər insan pis hərəkət edirsə, bu o deməkdir ki, onun alçaq, heyvani təbiəti yüksək ruhani təbiəti ilə müqayisədə daha çox inkişaf etmişdir. Belə insan onu əhatə edənlərin köməkliyi ilə özünün yüksək olan cəhətini inkişaf etdirməlidir.

Bütün insanlar üçün istəyin olması təbiidir. İstək hətta uşaqlarda da vardır. İstək əgər həmin şəxs və ya bəşəriyyət üçün bütövlükdəyaxşılığa istiqamətlənibsə, təqdirəlayiqdir. Çünki istək Allah tərəfindən insana verilmiş, daha çox əldə etmək cəhdi və ya impuls olub, insana daha çox bilik əldə etmək, xasiyyətini düzəltmək və Allaha yaxınlaşmaq imkanı verir.

Xeyir—Allahın göstərişlərinə əməl etmək, Şər isə bu göstərişlərdən xəbərdar olub, bilə-bilə ondan üz çevirməkdir. Həzrət Bəhaullah insana qüvvə, cəsarət və həyat məqsədləri verir, O, Allahın rəhmdilliyini qeyd etməklə yanaşı, həmçinin aydın şəkildə göstərir ki, insan öz qüvvəsindən və qabiliyyətlərindən istifadəyə və ya sui-istifadəyə görə fərdi məsuliyyətdən də canını qurtara bilməz.

“Zamanın Sonu”, “Qiyamət” Və “Dirilmə”

BAŞQA DİNLƏRİN TEOLOJİ bazisində Zamanın Sonu, Qiyamət və Dirilmə ilə bağlı təsəvvürlərin xüsusi yeri vardır. Həmin dinlərin Müqəddəs Kitablarında axır-zamanda fövqəladə hadisələrin baş verəcəyi haqqında geniş məlumat verilmişdir:

“Ulduzlar sönəcəyi; Göy yarılacağı; dağlar parça-parça olub dağılacağı (Əl-Mursəlat,8-10)... Günəş sarınıb büküləcəyi zaman; ulduzlar səpələnəcəyi zaman; vəhşi heyvanlar bir yerə toplanacağı zaman; ruhlar qovuşacağı zaman; göy qopardılacağı zaman (Ət-Təkvir, 1-3,5,7,11)... Yer özünəməxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; Yer öz yükünü çıxardıb atacağı zaman; Məhz o gün yer öz hekayətini söyləyəcəkdir—Allahın ona etdiyi Vəhy ilə! (Əz-Zilzal, 1-5)... Göyün buludla parçalanacağı gün (Əl-Furqan,25)... Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə (Əd-Duxan,10)”...

Oxşar ayələri İncildə də oxuyuruq. İsa Məsih buyurur:

“Fəqət o günlərin məşəqqətindən dərhal sonra Günəş qaralacaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcək və göylərin qüdrəti sarsılacaqlar. O zaman insan Oğlunun əlaməti göydə görünəcək; o vaxt yer üzünün bütün qəbilələri şivən qaldıracaqlar və İnsan Oğlunun göyün buludları üzərində qüdrət vəəzəmətlə gəldiyini görəcəklər” (Matta, 24:29-30).

Həzrət Bəhaullah “İqan” kitabında izah edir ki, “Günəş”, “Ay”, “ulduzlar”, göydə və yerdə baş verən digər əlamətlər haqqında söylənmiş bu xəbərlər rəmzi məna daşıyırlar və hərfi mənada başa düşülməməlidir. Peyğəmbərlər ilk növbədə bunları fiziki deyil, ruhani anlamlara aid etmişlər. Onlar Qiyamət Günü ilə əlaqədər olaraq Günəş barəsində danışarkən Həqiqət Günəşini, yəni Peyğəmbəri nəzərdə tuturlar. Günəş ən böyük işıq mənbəyidir. Həzrət Musa yəhudilər üçün, Həzrət İsa xristianlar üçün və Həzrət Məhəmməd müsəlmanlar üçün belə Günəş olmuşdur. Beləliklə, Allahın hər bir Zühurunun gəlişi Qiyamət Günüdür. Müqəddəs kitabların bu və ya digər yerlərində işlənmiş “Dünyanın Sonu” ifadəsi Qiyamət Günü gələn kimi dünyanın gözlənilmədən dağılması demək deyildir. Bu ifadənin düzgün tərcüməsi “Əsrin başa çatması və ya Dövrün sonu” deməkdir. Bəhai təliminə görə Həzrət Bəhaullahın gəlişi bizim yaşadığımız bütün dünya üçün ən böyük Qiyamət Günüdür.

Peyğəmbərlər deyəndə ki, Günəş qaralacaq, bu, o deməkdir ki, bu Mənəvi Günəşlərin saf təlimləri yalançı təsəvvürlərlə, yalnış anlayışlarla və xurafatlarla bulandırılacaq və millətlər zülmət içində çaşıb qalacaqlar. Dini rəhbərlər və ruhanilər kiçik işıq mənbəyi olan Ay və ulduzlar kimi adamları ruhlandırmalı və onlara düzgün yol göstərməlidirlər. Deyəndə ki, Ay işığını itirəcək və qana dönəcək və ulduzlar göydən yerə töküləcəklər, bu, o deməkdir ki, ruhanilər, mollalar, kilsə başçıları hörmətdən düşəcək, dini və siyasi çəkişmə və münaqişələrə qoşulacaq, ruhani niyyətlərdən uzaqlaşaraq, dünyəvi qayğılarla məşğul olcaqlar.

Peyğəmbərcəsinə söylənmiş bu xəbərlərin mənası, heç də bir izahla məhdudlaşmır və onların bu rəmzlərlə şərh edilə bilən digər mənaları da mövcuddur. Həzrət Bəhaullah buyurur ki, “Ay”, “ Günəş” və “ulduzlar” anlayışı başqa mənada hər bir dinin müəyyən etdiyi qanunlara və qaydalara tətbiq edilir. Belə ki, sonrakı hər bir Vəhydəəvvəlki dinin bütün mərasimləri, formaları, adətləri və göstərişləri dövrün tələblərinə uyğun olaraq dəyişdirilir və bu baxımdan “Günəş” və “Ay” dəyişilir və “ulduzlar” yerə tökülür.

Qiyamət Günü, həm də Dirilmə Günüdür—ölülərin diriləcəyi gündür. Bəhai təliminə görə, “dirilmənin” kobud fiziki bədənlə heç bir əlaqəsi yoxdur. Əgər bədən ölmüşsə, deməli, artıq onun işi bitmişdir. O, çürüyür və onun hissələri həmin bədəni yaratmaq üçün heç zaman birləşmirlər.

Dirilmə—Peyğəmbərlər vasitəsilə nazil olmuş İlahi Kəlam sayəsində insanın mənəvi həyata doğulmasıdır. Onun dirilib ayağa qalxdığı qəbir—nadanlıq və Allaha etinasızlıq, cəhalət qəbridir. Dirilmə Günü iyirmi dörd saatdan ibarət olan gün deyil, o, Həzrət Bəhaullahın gəlişi ilə başlamış və hal-hazırkı dünya dövrünün bitəcəyi vaxtadək davam edən bütöv bir Eradır. O, indiki sivilizasiyanın bütün izlərinin Yer üzündən silinməsinə və İlahi Sivilizasiyanın qurulmasına qədər davam edəcəkdir. Quran-i-Kərimdə buyrulur:

“Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz. O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız” (Əl-Bəqərə,28).

Bu ayədə Allah Quran əhlinə müraciət edərək onlara xəbərdarlıq edir ki, heç vəchlə yeni Allah Elçisini inkar etməsinlər. Belə ki, onlar ruhən ölü olduqları vaxt Allah onlara Peyğəmbər (Məhəmməd ə.s.) və müqəddəs Quran vasitəsilə yeni həyat bəxş etmişdir. Allah habelə öncədən xəbər verir ki, vaxt gələcəkdir ki, müsəlmanlar öz dinlərində davamsız, hərəkətlərində zəif olduqlarına və ayrıldıqlarına (təriqətlərə parçalandıqlarına) görə yenə də öləcəklər. Beləliklə, Allah-Təala əmin edir ki, bu ölüm sonuncu olmayacaqdır. Həzrət Bəhaullahın vasitəsilə Allah müsəlmanlara və digər ümmətlərə yeni həyat bəxş edir. Həzrət Bəhaullaha beyət etməklə onlar yeni xalqa çevriləcəklər.

Bu ayədə iki ölümün və yeni həyatın adı çəkilir. Onlardan heç biri fiziki deyildir. Bu mənəvi “həyat” və mənəvi “ölümdür”.

VI Fəsil Bəhailərin Həyat Tərzi

Davranış

BƏHAİLƏR SÖZLƏRİ İLƏ deyil, əməlləri ilə seçilməlidirlər. Həzrət Bəhaullahın buyurduğu keyfiyyətlər bütün əsas dinlərdə də göstərilmişdir: insan vicdanlı, mehriban, qəlbiaçıq, qonaqpərvər, nəzakətli və səxavətli olmalı, öz valideynlərinə ehtiram göstərməlidir. O, böyük sevinc və ürəklə Allah iradəsini qəbul etməlidir.

Həzrət Bəhaullah tərki-dünyalığı bəyənmir və insana Allahın verdiyi bütün həyat nemətlərindən bəhrələnməyi buyurur.

Allaha gedən yol həm maddi sıxıntılar, həm dəəksinə var-dövlət, bolluq içindən keçə bilər. Həzrət Bəhaullah öz ardıcıllarına yoxsulluqdan qəmgin olmamağı və var-dövlətə bel bağlamamağı məsləhət görür. İnsan üçün ən böyük nemət—sakit ürəkdir. Buna isə Allahın qoyduğu qaydalara əməl etməklə çatmaq mümkündür.

Müalicə üçün müstəsna zəruri halları çıxmaqla, Həzrət Bəhaullah spirtli içkilərin və narkotik maddələrin istənilən növündən istifadəni qadağan etmişdir. Narkotik maddələr və spirtli içkilər insanın fiziki və ruhani sağlamlığına ziyan vurur. Bunlara əlavə olaraq Həzrət Bəhaullah aşağıdakı qadağaları qoymuşdur: qumar oynamaq, nigahdan kənar cinsi əlaqədə olmaq, oğurluq, homoseksualizm, heyvanlarla qəddar davranmaq, qeybət, kiməsə günahları tövbə etmək, iftira, kremasiya, qəsdən yanğın törətmək, dilənçilik, peşəkar nigahsızlıq, qul alveri, qətl və əl öpmək (Şərqdə ehtiram kimi istifadə olunan adət—A.C.). Bununla da O, Özü ilə təkcə Yeni Eranın qanunlarını gətirməmiş, həmçinin başqa dinlərin Bəşəriyyətin Birliyinə və Sivilizasiyanın inkişafına mane olan qayda-qanunlarını ləğv etmişdir.

İbadət

NAMAZ VƏ DUA. İbadətsiz insanın ruhani inkişafı mümkün deyildir. Qida bədənin inkişafı üçün nə qədər vacibdirsə, ibadət də ruhun inkişafı üçün bir o qədər zəruridir. Həzrət Bəhaullah bütün hallar üçün dualar nazil etmişdir. Namazlar bu dualar arasında xüsusi yer tutur. Həzrət Bəhaullah namazı bəhailər üçün vacib etmişdir. Həzrət Əbdül-Bəha buyurur:

“Sən ey ruhani dost! Sən namazın hikməti barədə soruşmuşdun. Bil ki, namaz zəruri və vacibdir. Əgər insana hər hansı böyük maneə üz verməyib, yaxud imkansız deyilsə, onda heç bir bəhanə, onun namaza əməl etməməsinə haqq qazandıra bilməz. Namazın hikməti budur: o, bəndə ilə Haqq arasında əlaqə yaradır, çünki bu vaxt insan bütün ürəyi və qəlbi ilə üzünü Qadir Allaha tutur, Onunla ünsiyyət axtarır, Onun məhəbbətini və həmdəmliyini arzulayır. Aşiq üçün öz sevgilisi ilə söhbətdən böyük ləzzət yoxdur və axtaran üçün onun axtardığı ilə yaxın olmaqdan böyük hədiyyə yoxdur. Allahın səltənətinə cəzb olunmuş hər kəsin ən böyük istəyi odur ki, tam sədaqətlə öz Məhbubuna üz tutmağa fürsət tapsın və beləliklə də Onun səxavət və xeyir-duasını axtarsın və dua və iman dəryasına qərq olsun. Bundan əlavə, namaz insanda ayıqlıq və huşyarlıq yaradır, onun imtahanlardan qorunmasına və hifz olmasına kömək edir”.

Həzrət Şövqi Əfəndi yazır:

“Gündəlik namazın sayı üçdür. Ən qısası bir ayədən ibarətdir və iyirmi dörd saatda bir dəfə, günorta vaxtı qılınmalıdır. Orta namaz gündə üç dəfə, səhər, günorta və axşam qılınmalıdır. Böyük namaz üç namazdan ən müfəssəlidir və iyirmi dörd saatda bir dəfə qılınmalıdır. Hər kəs meyli çəkdiyi vaxt onu qıla bilər.

Mömin bu üç namazdan istənilən birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və onları müşayiət edən hər hansı səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.

Həzrət Bəhaullah bu namazlara, Şəfa duası, Əhməd Lövhü kimi bir neçə başqa dualara xüsusi güc vəəhəmiyyət inayət etmişdir. Ona görə də onları belə qəbul etmək lazımdır. Möminlər onları şübhəsiz inamla oxumalıdırlar ki, onların vasitəsi ilə Allahla daha yaxın ünsiyyətəgirə bilsinlər və özlərini Onun qanun və hökmlərinə daha tam uyğunlaşdırsınlar”.

Bu namazlar təklikdə Allahla ünsiyyətdə qılınır. Başqa dualar həm təklikdə, həm də başqa insanlarla bir yerdə olanda oxuna bilər. On beş yaşına çatmış hər bir bəhai üç vacib namazdan (böyük, orta, kiçik) birini seçməkdə sərbəstdir. Camaat namazı, yəni birinin bir ayə oxuması və digərlərinin cavab verməsi Bəhai dinində yoxdur.

Müqəddəs Yazıların səhər və axşam oxunması. Həzrət Bəhaullah bəhailərə hər günün başlanğıcında və sonunda Müqədəs Yazıları oxuyub onlar üzərindədüşünməkdən ötrü bir qədər vaxt ayırmağı məsləhət görmüşdür. Bu məşğələlərdə məqsəd—zehnimizi yormadan onu təzələməkdir. Həzrət Bəhaullah buyurur ki, Müqəddəs Yazıları uzun-uzadı başdansovdu oxumaqdansa, kiçik parçanı sevinc və həvəslə oxumaq daha faydalıdır.

Oruc. Hər il mart ayının 2-dən 20-dək, ondoqquz gün ərzində, günçıxandan günbatana qədər olan müddət ərzində bəhailər yemək və içməkdən özlərini saxlayaraq oruc tuturlar. On beş yaşına qədər olan uşaqlar və yaşı yetmişi keçmiş yaşlılar, xəstələr, hamilə qadınlar və uşaq əmizdirən analar, səfərdə olanlar və ağır fiziki əməklə məşğul olan şəxslər oruc tutmaqdan azaddırlar.

Oruc—insanın ruhani yeniləşməsinə köməkdir. Bu müddət ərzində bəhailər il ərzində topladıqları ziyanlı vərdişlərdən azad olmaqdan ötrü ən ciddi cəhdlər göstərirlər. Oruc tutmaqda məqsəd insanı Allaha yaxınlaşdırmaqdır. Həzrət Bəhaullah buyurur:

“Namaz və Orucdan bərk yapışın. Həqiqətən, Allahın dini səmaya bənzər; oruc onun Günəşi, namaz isə onun ayıdır. Əslində, onlar dinin sütunlarıdır ki, onların sayəsində möminlər Allahın qanunlarını pozanlardan ayrılmışdır”...

Anchor 8
Anchor 9
Anchor 10
Anchor 11

Bəşəriyyətə Xidmət

BƏHAİLƏRDƏ MƏXSUSİ GEYİM forması yoxdur. Onlar xüsusi irqi və ya milli qrupdan da deyillər. Ona görə də onları ilk baxışda başqa adamlardan ayırmaq çətindir. Bir fərd kimi onlar özlərinə arxayın və təmkinlidirlər, çünki onlar ətrafda baş verənləri dərindən dərk edir və həyatda öz vəzifələrini yaxşı bilirlər. Allahın onlardan bu və ya digər situasiyada hansı əməli hərəkət istədiyini hiss edirlər.

Onlar təkcə milyonlarla yoxsulun, acın, evsizin, xəstənin, əzilənin, təqib olunanın halına acımaqla kifayətlənmirlər. Bəhailər Allahın vəziyyəti yaxşılaşdırmaqdan ötrü onlara göstərdiyi yol və vasitələrdən ibarət biliklərlə xoşbəxtdirlər. Onlar hiss edirlər ki, bu prosesə pozitiv kömək göstərə bilərlər.

Əgər biz Allahı seviriksə və Onun təliminin arxasınca getmək istəyiriksə, gərək başqa insanlara xidmət edək. Həzrət Bəhaullah bu cür xidmətə böyük əhəmiyyət verir. Əgər bizim niyyətimiz saf, qərəzsiz və Allaha olan məhəbbətəəsaslanırsa, bəşəriyyətə xidmət üçün etdiyimiz hərəkətlər ibadətə, Allaha etiqad və Onunla birliyə çevriləcəkdir.

Həzrət Bəhaullah öyrədir ki, insanlar öz gündəlik əməklərinə də Allaha xidmət kimi baxmalıdırlar. İnsan əmək üçün yaranmamışdır, əksinə əmək onun üçün yaranmışdır. Fəaliyyət insanı ucaltmaqdan, nəcibləşdirməkdən ötrüdür, onu alçaltmaqdan ötrü deyildir. Bütün insanlar əsaslı əmək hüququna malikdirlər. Hər kəs öz əllərinin və beyninin köməkliyi ilə özünə çörək pulu qazanmalıdır. İş ağır mükəlləfiyyətə və ya ağır borca çevrilməməlidir, bəşəriyyətə xidmət ruhunda görülmüş istənilən iş—Allaha ibadətdir.

Əmrin İnsanlara Çatdırılması

BƏHAİ DİNİNDƏ PEŞƏKAR ruhanilər yoxdur. Hər bəhai öz dininin müəllimidir. Hər bir bəhai təlimi yaymağı özünə borc və ona verilmiş imtiyaz hesab etməlidir. Bəhai Dininin müəllimi Allaha inamında möhkəm olmalı, dinin qoyduğu qaydalara uyğun şəkildə yaşamağa cəhd etməlidir. Həzrət Bəhaullah buyurur ki, Dinin təqdim edilməsinin ən yaxşı yolu—Bəhai təlimi əsasında şəxsi həyat qurmaq və başqa insanlara nümunə olmaqdır. Əgər söz söyləmək lazımdırsa, kəlmələr çox böyük hikmətlə seçilməlidir. Əmri bütün insanlara çatdırmaq bəhailərin müqəddəs borcudur. Əgər kimsə qulaq asmaq istəmirsə, ruhdan düşməməli, o kəs üçün dua etməli və onu Allahın ixtiyarına buraxmalıdır.

Bəşəriyyət bütövlükdə Allah Kəlamını ona kömək edəcək bir qüvvə kimi rədd etmişdir və bu səbəbdən insanlar öz yaxınları ilə harmoniyada yaşamaq qabiliyyətlərini itirmişlər. Ona görə də bizlərdən hər birimiz edə biləcəyi ən şərəfli iş—Allah Kəlamını insanların şüuruna yenidən çatdırmaqdır. Beləliklə, bəhailərin həyatda vəzifəsi çox sadədir: Həzrət Bəhaullahın göstərişlərini insanlara çatdırmaq. Bütün insanlar müstəqil mühakiməetmə qabliyyətinə malik olduğu üçün bu Əmrin vacibliyini qiymətləndirmək onlara çətin olmayacaqdır. Bəhai dini hamı üçündür, o azaddır və məhdudiyyətlərə bağlı deyildir. Onun haqqında öyrənmək imkanından heç kim məhrum olmamalıdır.

Bəhai Dini haqqında eşitmiş konkret fərdin necə hərəkət edəcəyi Onun özündən asılıdır; bu məsələdə azacıq da olsa təzyiq və məcburiyyət yolverilməzdir. Lakin təbii sual ortaya çıxır: Əgər Allah Kəlamının insanlara çatdırılması son dərəcə vacib işdirsə və Bəhai dinində bundan ötrü peşəkar ruhanilər yoxdursa, əgər heç kimə dini təbliğatdan ötrü pul ödənilmirsə, onda bu din planlaşdırmaya və təşkilata söykənmədən dünyanın ən ucqar guşələrinə necə yayılır? Bu belə deyildir: Bəhai Dininin Yazılarında dinin yayılmasının dünya üzrə proqramının layihəsi, həmçinin inkişaf etdikcə yerdə İlahi Səltənətin özülünün yaranmasını təmin edəcək inzibati sistemin planı vardır. Bütün bəhailərin iştirak etdiyi məhz bu inzibati quruluşda, yerli, milli, beynəlxalq səviyyələrdə həyata keçiriləcək bu idarəetmə sistemində onların həyatının ən vacib cəhəti reallaşır. Bu inzibati sistem Bəşəriyyətin din tarixində nadir hadisə olduğu üçün hazırki kitabda ona bir qədər çox diqqət verilmişdir. Qeyd etmək vacibdir ki, icmaların idarəedilməsi və inzibati formalar çox vaxt ruhaniyətdən uzaq siyasi anlayışlar hesab olunurlar. Bəhai dinində onlar dinin və müqəddəs Yazıların vacib tərkib hissəsi olub, daha qabarıq ruhani elementlərdən—namaz, oruc, həyatın dini normalarından və s. ayrılmazdır. Əslində sadalanan cəhətlər bilavasitə inzibati fəaliyyətə aiddir. Bəhai inzibati orqanlarının birində iştirak isə möminə dərin ruhani məmnunluq gətirən ruhani təcrübə verir.

Ailə

XOŞBƏXT VƏ MÖHKƏM ailələr—harmonik və sabit cəmiyyətin təməl daşıdır. Bəhai dinində rahib nigahsızlığı qadağandır, ailə qurmaq məcburi olmasa da, tədqirəlayiq hesab olunur. Bəhai dinində nigah yüksək mənəvi mövqedə durur və ona Allah göstərişinin icrası kimi baxılır. Həzrət Bəhaullah buyurur:

“Hər dəfə O, insanlara firavanlıq və mərhəmət göstərmək istəyəndə, O, onlara qanunlar açdı; onlar arasında O, nigah qanununu müəyyənləşdirdi. Onu xoşbəxtlik və nicat qalası etdi”.

Nigah kişi və qadının ruhani və fiziki mövcudluğu üçün ən əlverişli şəraitdir. Yalnız nigah münasibətlərində onlar öz insani potensiallarını optimal şəkildə inkişaf etdirə bilir, ruhən böyüyür və başqalarından ötrü özünü qurban etmək imkanı əldə edirlər.

Nigahda ilkin məqsəd uşaqların tərbiyəsidir:

“İzdivac edin, ey insanlar, ta ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim əmrlərimdən biridir sizə, onu özünüzə köməkçi tutun”.

Valideyn borcu—kişi və qadının birinci vəəsas borcudur. Ona görə də nigahın məhz bu cəhəti Allahın insan üçün təyin etdiyinin icrası ilə daha sıx bağlıdır. Allah göstərişlərinin uşaqlara öyrətməyin ən yaxşı yolu—şəxsi nümunədir və bu məqsəd valideyn olan bəhailərə yaxşı bəllidir. Allahın məhəbbətinin insanlar arasında məhəbbətin həqiqi mənbəyi olduğunu dərk edən nigahda olan tərəflər bir-birlərinə qarşı sevgini Allaha olan sevgidə axtarırlar. Nigahdakı xoşbəxtlik bundan asılıdır. Həzrət Əbdül-Bəha yazır:

“Öz üzünü Allaha tərəf çevirmədən və Onun gözəlliyinə cəlb olunmadan həqiqi məhəbbət mümkün deyildir”.

Ruhu Allaha bağlayan əsas keyfiyyətlər—sədaqət və vəfa ailədə məhəbbət tellərinin özülü olmalıdır. Bu keyfiyyətlərin ən dəyərli ifadəsi—ismətlilikdır. Həzrət Şövqi Əfəndi yazır:

“Cinslər arasında münasibətlər problemi məsələsində Bəhai konsepsiyası ondan ibarətdir ki, həm kişilər, həm də qadınlar tərəfindən ismətlilik ciddi şəkildə gözlənilməlidir, bununla belə bu təkcə onun yüksək əxlaqi səbəbindən deyil, həm də ona görədir ki, bu nigahda xoşbəxt və zəngin həyatın yeganə yoludur. Ona görə də Bəhai Dinində nigahdan kənar cinslərin istənilən qarşılıqlı münasibətlərinə icazə verilmir; bu qaydanı pozan kəs Allah qarşısında nəinki məsuliyyət daşıyır, həm də cəmiyyət tərəfindən ədalətli cəzaya layiqdir.

Bəhai Dini seksual impulsun əhəmiyyətini qəbul edir, lakin onun qeyri-qanuni və yersiz təzahürləri olan azad məhəbbət, qrup nigahı və buna oxşar formaları pisləyir, belə ki, onların hamısı insan və onun yaşadığı cəmiyyət üçün potensial təhlükə mənbəyidir. Cinsi instinktdən düzgün istifadə—hər bir insanın təbii hüququdur və məhz bu məqsəddən ötrü nigah təsisatı müəyyən edilmişdir. Bəhailər cinsi instinktin susdurulmasına inanmırlar, lakin onun tənzimlənməsinə və istiqamətləndirilməsinə inanırlar”.

Nigah—xeyirxah ailənin əsasıdır; öz növbəsindəyaxşı ailələr—sabit sivilizasiyanın əsasıdır. Həzrət Əbdül-Bəha yazır:

“Bil ki, nigahın olması tələbi əbədidir. O, heç vaxt ləğv edilməyəcək, dəyişdirilməyəcəkdir. O—İlahi yaradılışdır... bu İlahi yaradılışın kiçicik də olsa dəyişdirilməsinə və ya düzəlişinə imkan yoxdur”.

Nigahda düzlük və sədaqətin olması çox əhəmiyyətlidir. Çünki nigahdan kənar hər cür cinsi əlaqə qadağandır və bəhailərə gənc ikən nigaha girmək təklif edilir. Bəhailərdə boşanma mümkün olsa da kəskin şəkildə pislənilir. Yalnız bütün barışıq cəhdləri uğursuz olduğu zaman boşanmaya yol verilir.

Valideynlərə öz övladlarına nigah təşkil etmək qadağandır. Bəhai ömür yoldaşını özü tapmalıdır. Lakin özünün tapdığı halda belə valideynlərinin razılığının olması vacibdir. Hər iki tərəfdən ata və ananın (əgər onlar sağdırsa) razılığı olmasa nigah baş tuta bilməz. Əgər hər iki ailə gələcək nigahla bağlı yekdil razılığa gəliblərsə, bu onun uğurlu olması üçün böyük imkanlar yaradır.

Bəhai ömür yoldaşını istənilən dini, milli və ya irqi mühitdən seçə bilər. Madam ki, bütün bəşəriyyət bir xalq hesab olunur, milli və mədəni mənsubiyyətlərinə görə çox fərqlənən insanlar arasında qarışıq nigahların olması son dərəcə adi hal olmalıdır. Bu cür nigahlar ailəni cəmiyətin daha geniş dairələri ilə birləşdirir və bununla da bəşəriyyətin birliyinə kömək etmiş olur.

Bəhailərdə çoxarvadlılıq qadağandır. Əgər şəxs poliqam nigahda ikən (çoxarvadlı) Bəhai Dinini qəbul edirsə, o, bütün arvadlarına eyni dərəcədə qayğı göstərməkdə davam etməlidir. Lakin növbəti nigah ona icasə verilmir. Nigahın bağlanma qaydaları çox sadədir. Kişi və qadın şahidlərin qarşısında aşağıdakı sözləri təkrar edirlər: “Biz hamımız Allah xatirinə razıyıq”. Evlənənlərin arzusu ilə nigahın bağlanma prosesinə musiqi, dualar və bədii proqram da əlavə edilə bilər.

Əgər ölkə qanunları Bəhai nigahlarını tanımırsa, evlənənlər həmin gün vətəndaş nigahı da bağlamalıdırlar. Əgər nigahdakı tərəflərdən yalnız biri bəhaidirsə və onun iştirakı başqa dinin formal qəbuluna gətirib çıxarmırsa, o, digər tərəfin dini nigah mərasimində iştirak edə bilər. Bəzi ölkələrdə Bəhai icmalarında bağlanmış nigahlar dövlət tərəfindən rəsmən qəbul edilir (məsələn, 1978-ci ildən Şotlandiyada olduğu kimi).

Bəhai ailəsində bütün ailə üzvlərinin hüquqlarına hörmətlə yanaşılmalı və onun birliyi bütövlükdə qorunmalıdır. Uşaqlar valideyn, valideynlər isə uşaqlar qarşısında müəyyən öhdəliklərə malikdirlər. Məsələn, valideynin əsas vəzifəsi—uşaqlara Allahı və başqa insanları sevməyi öyrətməkdir. Həzrət Bəhaullah öyrədir ki, uşaqların təhsil alması məsuliyyəti də valideynlərin üzərinə düşür. Əgər bu qayğını dövlət öz üzərinə götürmürsə və valideynlərin isə buna imkanı yoxdursa, belə ailəyə dostlar və icma birlikdə kömək etməlidirlər.

Bəhai Məşvərəti

HƏZRƏT BƏHAULLAHIN MƏSLƏHƏTLƏŞMƏ və məşvərət prinsipləri haqqında təlimi bu tanış anlayışlara yeni məna verir. Bəhai məşvərəti—eyni vaxtda həm onun iştirakçılarının ruhani yüksəlişi prosesi, həm də insanın birgə fəaliyyət etmək qabliyyətinə uyğunlaşdırılmış qərar qəbulunun praktiki metodudur. Məşvərət prinsiplərinin və bəhai məsləhətləşməsinin aparılması vərdişlərinin köməyi ilə həqiqəti aşkarlamaq, çətin məsələlərin lazımi həllini tapmaq və yeni ideyaları irəli sürmək imkanı əldə edilir. Bəhailər bu prosesi həyatlarının bütün sahələrində həyata keçirməyə, ailə və şəxsi problemlərinin həllində, işlərində və öz icmalarının fəaliyyətində tətbiq etməyə çalışırlar. Həzrət Bəhaullah yazır:

“Məşvərət—yol göstərən rəhbərlik çırağıdır və qarşılıqlı anlam bəxş edəndir”.

Məşvərət—həm ayrı-ayrı adamların, həm də insan qruplarının firavanlığının açarıdır. Yalnız son illər bəşəriyyət bu prinsipi dərk etmək üçün kifayət qədər yetişmişdir.

Məşvərət zamanı bəhailər öz ruhani və intellektual qabiliyyətlərini inkişaf etdirir və başqaları ilə harmonik əməkdaşlıq etməyi öyrənirlər. Bu sənəti öyrənmək asan deyildir, çünki o, hər bir iştirakçıdan ruhani cəhətlər tələb edir. Həzrət Əbdül-Bəha yazır:

“Həqiqi məşvərət mülahizələrin məhəbbət atmosferində ruhani mübadiləsidir”.

Bəhai dinində partiya, qrup, fraksiya yoxdur. Heç kim öz ideyalarını başqalarından mühafizə edə bilməz və ya başqalarının köməyi ilə onun müdafiəsini təşkil edə bilməz. Müqəddəs Yazılardakı ruhani prinsiplərə daim müraciət etməklə, bəhailər məşvərətdən qabaq faktlara qərəzsiz yanaşmaya böyük diqqət yetirirlər. Məşvərətdə iştirak edən bütün tərəflər öz ideyalarını, mühakimə və fikirlərini ortaya gətirir, onlar ümumiyə çevrildikdə ideyanın sahibi olan şəxs ondan asanlıqla ayrılır. Beləliklə, bu zaman öz “eqo”sundan uzaqlaşma halı baş verir. Adamların özgələrinin ideyaları ilə mübarizə apardığı və bu zaman başqalarının köməyini əldə etməyə çalışdığı vəziyyət ilə müqayisədə bu cür yanaşma zamanı daha böyük obyektivliyə nail olmaq mümkündür.

Formal məqamlara, yəni sahiblərinin təhsil səviyyəsinə və ya maddi vəziyyətinə baxmayaraq, bütün təkliflərə diqqətlə yanaşılmalıdır. Etiraf edilir ki, bəhai məşvərəti prosesində ideyaların toqquşması zəruridir. Həzrət Əbdül-Bəha bunu belə izah edir:

“Həqiqət qığılcımının şöləsi yalnız müxtəlif nöqteyi-nəzərlərin toqquşması zamanı yaranacaqdır”...

Bəhai məşvərəti elə vasitədir ki, onun köməkliyi ilə ideyaların bu cür toqquşması məhsuldar və səmərəli nəticələr verir. Bu zaman məşvərətdə iştirak edənlər arasında harmoniya hətta güclənir.

Vicdanın səsi ilə öz baxışlarını söyləmək azadlığı bəhai məşvərətinin vacib cəhəti olub, bu vasitədən mülayimliklə, nəzakətlə və heç kimin nəzərini alçaltmadan istifadə edilməlidir. Dualar, fərdi ruhani cəhtlər və ürəkləri “İlahi Səltənətə” çevirmək vasitəsilə yaradılmış əlverişli atmosferdə yeni yaradıcı enerji azad olur. Çox vaxt son qərar ayrı-ayrı adamların irəli sürdükləri təkliflərə uyğun gəlmir. Belə ki, məşvərət nəticəsində tamamilə yeni ideya yaranır.

Bəhai icmasında belə bir təcrübə də mövcuddur ki, müzakirələrdə hər bir kəs iştirak edə bilər, həm də belə iştirak tədqirəlayiq hesab edilir. Bəzən məsləhətləşmələr hansısa vəziyyəti yaxşı dərk etmək və ya hamının fikrini eşitmək məqsədi ilə bir qrup bəhai tərəfindən də təşkil edilə bilər. Lakin, əgər söhbət Ruhani Məhfil tərəfindən qərar qəbulunun vacibliyindən gedirsə, başqa prinsip qüvvəyə minir. Ruhani Məhfilin qəbul etdiyi qərar qüvvəyə mindiyi andan hamı onu bütün qəlbi ilə müdafiə etməli və qəbul edilmiş qərara uyğun hərəkət etməlidir. Hətta ona qarşı çıxmış və onun qəbulu əleyhinə səs vermiş şəxslər də bu cür hərəkət etməlidirlər. Ruhani Məhfildə yekdilliklə qəbul olunmuş qərarlara üstünlük verilsə də, bu vacib tələb hesab edilmir, bəzən səsvermədən də istifadə olunur. Bütün Ruhani Məhfillər səs çoxluğu ilə qəbul olunmuş qərarların könüllü qəbulu prinsipini rəhbər tuturlar. Həzrət Əbdül-Bəha yazır:

“Onlar hər bir məsələdə həqiqəti aşkara çıxarmağa çalışmalı və öz fikirləri üzərində israr etməməlidirlər, çünki bir kəsin öz baxışlarında inadkarlıq və təkid göstərməsi sonda münaqişəyə və nifaqa aparacaq və həqiqət gizli qalacaqdır”.

Məşvərətə öyrənmək asan deyildir, lakin o bəhailərin Dünya Nizamında əhəmiyyətli elementdir. Həzrət Əbdül-Bəha yazır:

“Məşvətər prinsipi İlahi binanın təməl elementlərindən biridir”.

Həzrət Şövqi Əfəndi isə yazır: “Səmimi və buxovsuz məşvərət bu misilsiz nizamın əsasıdır”.

Yeni Vətənpərvərlik

BƏHAİLƏR—DÜNYA VƏTƏNDAŞLARIDIR. Vətənpərvərlik—insanın öz vətəninə təbii bağlılığıdır. Sağlam və şüurlu vətənpərvərlik müsbət cəhət olsa da, XXI əsrdə bu tam kifayət deyildir. Tərəqqi edən dünya insanlardan planetə bütövlükdə loyal münasibət göstərməyi tələb edir. Buna isə bəşəriyyətin birlik və vəhdətini ruhani dərketmə yolu ilə çatmaq mümkündür. Həzrət Bəhaullah yazır:

“İnsanlar təkcə öz vətənlərini deyil, bütün dünyanı sevməklə fəxr etməlidirlər. Dünya bir vətəndir, bütün insanlar onun vətəndaşlarıdır!”.

Siyasətə Qarışmamaq Və Dövlətə İtaət

SİYASƏTƏ QARIŞMAĞIN TÖRƏDƏCƏYİ təhlükə. Uca Ədalət Evi buyurur: “Əmrin insanların qəlblərini fəth edərək Allahın iradəsi ilə irəliləyən ordusu məğlubedilməzdir, lakin onun ardıcıllarının düşünülməmiş və məsuliyyətsiz hərəkətləri onun irəliləyişini ləngidə bilər... Bu və ya digər bəhainin hər hansı ölkədə—öz vətənində və ya başqa yerdə—düşünmədən etdiyi hərəkət və ya verdiyi bəyanat Əmrə ciddi ziyan vura bilər və hətta din qardaşlarının ölümünə səbəb ola bilər”.

Siyasətə münasibət. Həzrət Şövqi Əfəndi buyurur: “Bizim heç birimiz—nə ağlımız, nə ürəyimiz, nə sözümüz, nə də əməlimizlə dövlət və hökumətlərin siyasət və mübahisələrində iştirak etməməliyik. Biz bu haqda hətta fikirləşməməliyik... Qoy onlar öz dövlətlərinin siyasi səylərindən, hökumətlərinin siyasətindən, partiya və qrupların plan və proqramlarından kənar olsunlar, onları nə sözlə, nə dəəməllə müdafiə etsinlər”.

Bəhailərin siyasi qarşıdurmaya münasibəti. Həzrət Şövqi Əfəndi buyurur: “Cəmiyyətdə siyasi qarşıdurmalar baş verəndə onlar heç kimi ittiham etməməli və ya kiminsə tərəfini tutmamalı, kiminsə proqramını müdafiə etməməli və ya hansısa bloka qoşulmamalıdırlar, çünki bütün bunlar bəhailərin yaratmalı və möhkələndirməli olduqları Ümumdünya Qardaşlığının ali maraqlarına ziddir”.

Bəhailər siyasətdə nə üçün iştirak etməməlidirlər? Həzrət Şövqi Əfəndi buyurur: “Biz, bəhailər, bütün dünyada birik; biz mahiyyət etibarilə İlahi olan yeni Dünya nəzmi qurmağa can atırıq. Əgər bəhailər, məqsədləri bir-birnə birbaşa zidd olan siyasi partiyalara qoşularsa, biz bunu necə həyata keçirə bilərik? Bəs onda bizim birliyimiz necə olar? Siyasət bizi fəlakətli şəkildə parçalayardı ki, bu da kökündən bizim məqsədlərə ziddir. Aydındır ki, əgər Avstriyada hər hansı bəhai hətta ən alicənab məqsədləri olan, istənilən siyasi partiyaya qoşulmaqda azaddırsa, onda Yaponiyada, Amerikada və Hindistanda başqa bir bəhai, eyni hüquqlardan istifadə edərək, tamamiləəks prinsipləri təbliğ edən partiyaya qoşula bilər. O halda Dinin birliyi necə olar? Siyasi partiyanın üzvi olduğuna görə iki din qardaşı bir-birinə qarşı fəaliyyət göstərəcək (necə ki, bu çoxsaylı qardaş qırğınlarına cəlb olunan Avropa xristianları ilə baş vermişdi)”.

Bu haqda Uca Ədalət Evi qeyd edir:

“İstənilən siyasi partiyaya üzv olmaq mütləq Həzrət Bəhaullahın bəyan etdiyi ayrı-ayrı və ya bütün sülhsevərlik və birlik prinsirlərindən imtina etməklə nəticələnir. Necə ki, Həzrət Əbdül-Bəha buyurmuşdur: “Bizim partiyamız—Allahın partiyasıdır; biz başqa heç bir partiyaya mənsub deyilik”...

Əgər Dinimizin təsisatları, Allah eləməsin, siyasətə cəlb olunsaydılar, bəhailər görərdilər ki, onlar məhəbbət oyatmaq əvəzinə, düşmənçilik toxumu əkirlər. Əgər onlar hansısa ölkədə kiminsə tərəfini tutsaydılar, bu, mütləq başqa ölkələrdə yaşayan insanların Dinin məqsəd və vəzifələri barədə təsəvvürünə təsir göstərərdi. Əgər bəhailər özlərinin siyasi mübahisələrə cəlb olunmalarına imkan versəydilər, onda bəşəriyyəti dirçəltmək və ona kömək etmək əvəzinə, onlar özləri tam müvəffəqiyyətsizliyə uğrayardılar”.

Partiyalara və siyasətçilərə münasibət. Həzrət Şövqi Əfəndi buyurur:

“Biz söz və əməlimizlə bütün siyasi partiyalarla münasibətdə tam bitərəfliyimizi sübut etməli və eyni zamanda, ölkə və xalqlara fərq qoymadan bütün bəşəriyyətə məhəbbət bəsləməliyik—Həzrət Bəhaullahın ən nəcib təlimi budur”.

Uca Ədalət Evi buyurur:

“Bəhailər cəmiyyətin bütün təbəqələrindən olan insanlarla—ali hakimiyyət nümayəndələri və dövlət liderləri ilə, eləcə də sadə xalqla, Dinimiz haqqında biliyi hamıya və hər kəsə çatdıraraq, ünsiyyət edə bilər və etməlidir, lakin bu zaman biz yol verməməliyik ki, onu siyasi məqsədlərlə və partiyaproqramları ilə eyniləşdirsinlər”.

Seçkilərdə iştirak. Həzrət Şövqi Əfəndi buyurur:

“Əgər dostlar özlərini bu və ya digər partiya ilə eyniləşdirmirlərsə, seçkilərdə iştirak edə bilərlər. Siyasi mübarizədə iştirak, şübhəsiz, Dinin ali maraqlarına ziyan gətirər və Əmrə düzəlməz zərər vurardı...

Əgər bəhai seçkilərdə səs verirsə və ya dövlətin işlərində iştirak edirsə, bu, onun Dinin ən mühüm ruhani və sosial prinsiplərinə zidd olan proqram və fəaliyyətlərin müdafiəsinə çevrilməməlidir... Qeyd etməyi lazım bilirəm ki, bəhailərin vətəndaş seçkilərində iştirakı və ya müəyyən vəzifəni tutmağa razılıq vermələri qətiyyən hansısa siyasi partiyanın proqramını qəbul etməsi demək deyildir...

Hər kəs öz səsvermə hüququndan elə istifadə etməlidir ki, istənilən siyasi partiyadan uzaq olsun və həmişə yadda saxlasın ki, o, bu və ya digər partiyanın üzvü kimi deyil, müstəqil şəxs kimi səs verir. Hər bir bəhai, fəaliyyət və mühakimələrində tam azadlığını saxlayaraq bunu aydın başa düşməlidir”.

Hakimiyyət orqanlarına tabe olmağın zəruriliyi. Həzrət Şövqi Əfəndi buyurur:

“Onların vəzifəsi—öz hökumətinə, onların apardığı siyasətdən asılı olmayaraq, həmişə tam loyal münasibət göstərməkdir...

Bəhainin mövqeyi ikitərəfli olmalıdır: yaşadığı ölkənin hakimiyyət orqanlarına tamamilə tabe olmaq və siyasi məsələlərə və işlərə qarışmamaq”.

Uca Ədalət Evi Həzrət Bəhaullahın və Həzrət Əbdül-Bəhanın sözlərinə əsaslanaraq yazır:

“Elə həmin Həkim öz ardıcıllarına, tək həqiqi Allahın sevimli övladlarına müraciət edərək yazırdı: Bu dünyanın qayğılarına və onda olan heç bir şeyə uymayın və onun dünyəvi hakimlərinin işlərinə qarışmayın. Tək həqiqi Allah—qoy şöhrəti göylərə ucalsın—dünyaya hökmranlığı padşahlara vermişdir. Heç kimə hakimiyyət başında duranların ölçülüb-biçilmiş mühakimələrinin əksinə çıxmaq hüququ verilməmişdir.

Başqa bir Lövhdə möminlərin üzərinə öz ölkələrinin hökumətləri ilə münasibətdə sədaqətli, vicdanlı və səmimi olmaq vəzifəsini qoyur. Həzrət Əbdül-Bəha həmin prinsipləri yenidən təsdiq edir. Amerikada möminlərin qarşısında çıxış edərək O, deyirdi: “Bəhai Dininə görə sosial quruluşun və iqtisadi şəraitin yaxşılaşması üçün hakimiyyət orqanlarının qoyduğu qanun və prinsiplərə əməl etmək zəruridir.

Və nəhayət, Onun Vəsiyyətnaməsində buyrulur: “Biz öz ölkəmizin hökumətinə tabe olmalı və onun xeyirxahları kimi çıxış etməliyik”...

Bəhailər və cəmiyyətin rifahı. Həzrət Şövqi Əfəndi yazır:

“Tamamilə aydın anlamaq lazımdır ki, bəhailərin mövqeyi heç vəchlə öz ölkəsinin rifahına laqeyd olmaq deyildir və cüzi də olsa, tanınmış, hakimiyyətdə olan hökumətin nüfuzuna qarşı durmağı nəzərdə tutmur. Nə də ki, o, öz hökumətinin və xalqının ali maraqlarının həyata keçirilməsinəən fəal şəkildə kömək etməkdən imtina etməyi nəzərdə tutur. Bu mövqe Həzrət Bəhaullahın hər bir həqiqi və sadiq ardıcılının birliyin ali normalarından və Əmrin işinə sədaqətli olmaqdan əl çəkməyərək, öz ölkəsinin həyati maraqlarına təmənnasız, vicdanla və səmimiyyətlə xidmət etməsi deməkdir”.

Uca Ədalət Evi yazır:

“Bəhainin öz ölkəsinə məhəbbəti özünü, siyasi partiyalarda iştirak etməkdə və ya diplomatik və siyasi fəaliyyətlə məşğul olmaqda deyil, öz ölkəsinin çiçəklənməsi üçün vicdanlı əməyində, dövlət və inzibati-təsərrüfat təsisatlarında işi ilə kömək etməyində göstərməlidir”.

Bəhai Təqvimi

DÜNYADA ÇOXLU SAYDA təqvim sistemi vardır. Ona görə dəəgər həqiqi Ümümdünya birliyi məqsəd kimi qarşıya qoyulursa, vaxtın ölçülməsinin hamı tərəfindən tanınan vahid sistemi qəbul edilməlidir. Bəhailərin həyatında fərqli cəhətlərdən biri də onların Həzrət Babın vaxtilə gətirdiyi təqvimə bağlılıqlarıdır. Bəhai icmalarında bu təqvimdən istifadə olunur. Bu təqvim özündə vaxtın ölçülməsi və tarixin qoyulması ilə bağlı bəzi yeni prinsipal ideyalar saxlayır. Əsas vahid kimi Günəş ili qəbul edilir. Lakin il Qədim İran və Azərbaycanda olduğu kimi martın 21-i, yaz bərabərliyi günü başlayır. Yeni ilin birinci günü “Novruz bayramı” adı altında təntənəli şəkildə qeyd edilir. Beləliklə, ilin başlanma anı astronomik əsasa malikdir. Bəhai Erasına gəldikdə isə, onun birinci ili 1844-cü ildən, yəni Həzrət Babın bəyanı ilindən götürülür.

Bəhai təqvimində 19 ay, hər ayda 19 gün vadır. Onlar birlikdə 361 günə bərabər olur.Ona görə də 18-ci və 19-cu ayların arasına (fevralın 26-dan martın 1-ə kimi) “Ha günləri” adlanan günlər əlavə edilmişdir. Novruz bayramı ərəfəsindəki 19-cu ay (martın 2-dən martın 20-də daxil olmaqla) orucluq ayı hesab olunur. Həzrət Bab orucluq ayını Allahın adlarından biri ilə “Əla”, yəni “Ən uca, ən yüksək” adlandırmışdır. Sutkaya gəldikdə isə bəhai günü Günəşin qalxması ilə başlayıb, enməsi ilə sona yetir. Ayların adı aşağıdakılardır:

Anchor 12
Anchor 13
Anchor 14
Anchor 15
Anchor 16

İl ərzində bəhailər aşağıdakı bayram və ildönümlərini qeyd edirlər:

*Novruz Bayramı (Yeni il), 21 mart

*Rizvan Bayramı (Həzrət Bəhaullahın Bəyanı), 21 aprel

*Rizvan Bayramının 9-cu günü, 30 aprel

*Rizvan Bayramının 12-ci günü, 2 may

*Həzrət Babın bəyanı, 23 may

*Həzrət Bəhaullahın süudu, 29 may

*Həzrət Babın şəhadəti, 9 iyul

*Həzrət Babın Mövludu, 20 oktyabr

*Həzrət Bəhaullahın mövludu, 12 noyabr

*Əhd günü, 26 noyabr

*Həzrət Əbdül-Bəhanın süudu, 28 noyabr

“Xarici” Dünya İlə Qarşılıqlı Əlaqə

KİTABIN BU FƏSLİNDƏ əsas diqqət bəhailərin həyat-tərzinə, icmaların fəaliyyətinə və bəhai təqviminə yetirilmişdir. Lakin elə təsəvvür yaranmasın ki, bəhailər dünyadan aralı öz “kommuna”larında və ya insanlardan uzaq hansısa bir yerdə yaşamaq və işləmək istəyirlər. Əksinə, onlar öz yaxınlarına və bütövlükdə bəşəriyyətə fayda gətirən istənilən fəaliyyət növünə hərtərəfli qoşulmağa çalışırlar. 

Öz işlərini planlaşdırarkən bəhailər bəşəriyyətin tərəqqisinə xidmət edən təşkilat və hərəkatlarda iştirak üçün də vaxt ayırmağı yaddan çıxarmırlar. Yerli və Milli səviyyələrdə bəhailər, ölkənin vəziyyətindən asılı olaraq, tez-tez qeyri-dövlət və ictimai təşkilatlar və hərəkatlar, məsələn, ekoloji qruplar, qadın, uşaq və gənclər təşkilatları və başqaları iləəməkdaşlıq edirlər. Əgər bu təşkilatlardan hansısa ölkə və ya dünyadakı siyasi və ya partiya hərəkatlarına qoşulursa və yaxud mübarizə aparan qruplaşmalardan hansınasa öz münasibətini (yaxşı və ya pis) bildirirsə, bəhailər o dəqiqə həmin təşkilatı tərk edirlər.

Bəhailərin Beynəlxalq Birliyi və Birləşmiş Millətlər Təşkilatı

BƏHAİLƏRİN BEYNƏLXALQ BİRLİYİ BMT-nin çox saylı təşkilatlarında, o cümlədən İqtisadi və Sosial Şurada, insan hüquqları, qadın hüquqları, Sosial inkişaf, əhali komissiyalarında, BMT-nin narkotik maddələrdən sui-istifadə ilə mübarizə Fondunda, həmçinin BMT-nin bütün konfranslarında və “beynəlxalq illərində” iştirak edir. İcma həmçinin BMT-nin inkişaf və humanitar məsələlərlə məşğul olan orqanları, YUNİSEF, qaçqınlarla iş üzrə BMT-nin Ali Komissarlığı, Ətraf Mühit Proqramı (YUNEP), ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) iləəməkdaşlıq edir. Bəhailərin Beynəlxalq Birliyi BMT-nin səlahiyyətlərinə aidiyyatı olan məsələrlə bağlı çoxlu kitabça, müraciət nəşr etdirmişdir. Bunlardan Sülh və tərkisilah, sosial və iqtisadi inkişaf, irqi ayrı-seçkiliyin ləğv edilməsi, elm və texnika, insan hüquqları, qadınların vəziyyəti, əhali, narkotik maddələrdən sui-istifadə, ətraf mühitin mühafizəsi, uşaqlar problemi, gənclər və ahıllar, ailə, su, səhralaşma, insan məskənləri problemi, kosmik fəza, milli azlıqlar, atom enerjisindən dinc məqsədlərdən ötrü istifadəni göstərə bilərik. Bu sənədlərdə bəhailərin təkcə həyat və cəmiyyət problemləri ilə bağlı baxışları göstərilmir, eyni zamanda dünyanın konkret problemlərinə bəhai prinsiplərinin tətbiqi təklif edilir.

Bəhailərin Beynəlxalq Birliyi ilə Ümumdünya Təbiət Fondu (ÜTF) arasında 1987-ci ilin oktyabrında müqavilə imzalanmışdır. Bununla da Bəhai Dini say etibari ilə ÜTF-nin “Dinlər və Təbiəti Mühafizə” şəbəkəsinə qoşulmuş dünya dinlərindən altıncısı olmuşdur.

Uca Ədalət Evinin Dövlət Başçılarına

Və Dünyanın Dini Liderlərinə Müraciətləri

UCA ƏDALƏT EVİ 1985-ci ilin oktyabrında planetimizin bütün insanlarına ünvanlanmış və “Ümümi Sülhün Vədi” adını almış müraciətini dərc etdirir. Bu sənəd 1986-cı ilin dekabrına, yəni Beynəlxalq Sülh İlinin yekun ayına kimi 186 dövlətin başçılarına təqdim edilir. Əksər yerlərdə Milli Ruhani Məhfillərin nümayəndələri dövlət başçılarına bu müraciətləri bilavasitə təqdim etmiş, eyni zamanda onlara Sülhün əldə edilməsi yolları haqda Bəhai baxışlarını izah etmişlər. Bəhailər bu müraciəti həmçinin milli və yerli səviyyələrdə tanınmış siyasi xadimlərə də çatdırmışlar. Beynəlxalq Sülh İli ərzində müraciət 63 dilə tərcümə edilərək milyon nüsxədə yayılmışdır. Daha çox həmvətənlərinin onun məzmunu ilə tanış olmasından ötrü bir çox icmalar öz yerli mətbutlarında müraciəti tam və ya seçmələrlə dərc etdirmişlər. “Ümumi Sülhün Vədi” bəhailərə Beynəlxalq Sülh İlindən əvvəl və sonrakı fəaliyyətlərininin əsas istiqamətlərini müəyyən etmişdir. Bu müraciət bütün planet sakinlərinə insanlar arsında sülhə nail olmağın yollarını dərk etməkdə kömək edir. Bəhailər Sülh işinə kömək edən tədbirləri təşkil etməkdə davam edərək xalqlara onların birləşmə yollarını göstərir və bütün insanların ümumi sülhü yaratmaqda qabil olduqlarını nümayiş etdirirlər. Uca Ədalət Evinin müraciətində deyilir:

“Qarşıda gələn illərin yeni əzablar və bəlalar gətirə bilməsinə baxmayaraq və yaxın gələcək nə qədər dumanlı görünsə də, Bəhai icması əmindir ki, bəşəriyyətin çox sürətlə yaxınlaşdığı konvulsiv dəyişikliklər sivilizasiyanın sonu deyildir, əksinə, onlar “insanın gizli imkanlarının” azad olmasına, “onun Yerdəki təyinatının, onun mahiyyətinin daxili gözəlliyinin” tam aşkarlanmasına xidmət edir.

Bizim nikbinliyimizin qaynağı—müharibələrin kəsilməsi və beynəlxalq əməkdaşlıq təşkilatının yaradılmasından uzağa gedən öncəgörmələrdir. Həzrət Bəhaullahın təsdiq etdiyi kimi, xalqlar arasında daimi sülh vacib mərhələ olsa da, bəşəriyyətin sosial inkişafında son məqsəd deyildir. Nüvə fəlakətinin qorxusundan dünyada yaranmış ilkin barışığın, xalqların inamsızlıq və qarşılıqlı rəqabət içərisində daxil olduğu siyasi sülhün arxasınca, hətta əməkdaşlıq sahəsində çox təcrübələrdən sonra böyük Ali məqsəd gəlir: dünyanın bütün xalqlarının vahid dünya ailəsində birləşməsi”.

Uca Ədalət Evi 2002-ci ilin aprelində “Dünyanın Dini Liderlərinə” müraciətini dərc etdirir. Bu müraciət də Milli Məhfillər tərəfindən öz ölkələrindəki ayrı-ayrı dinlərin liderlərinə çatdırılmışdır. Bu müraciətdə Uca Ədalət Evi dini qarşıdurmaların bütün dünyada getdikcə artmasının gələcəkdə törədə biləcəyi fəlakətləri xəbərdarlıq edir və bu vəziyyətdən çıxmağın konkret yollarını göstərir. Müraciət aşağıdakı sözlərlə bitir:

“Hər gün keçdikcə, dini təəssübkeşlik ocaqlarının alışma təhlükəsi böyüyür ki, bu, nəticələri təsəvvürə gəlməyən dünya miqyaslı böyük yanğına çevrilə bilər. Belə bir təhlükə hökumət tərəfindən təkbaşına aradan qaldırıla bilməz. Biz özümüzü aldatmalı deyilik ki, qarşılıqlı dözümlülüyə edilən çağırışlar, öz-özlüyündə… düşmənçilik təzahürlərini söndürəcəkdir. Bu böhran dini liderlərdən keçmişdən qətiyyətlə ayrılmağı tələb edir. Vicdan məsələlərində başqalarına təsir göstərməyin imkan verilən yeganə səbəbi ancaq insan rifahına xidmət ola bilər. Sivilizasiyanın bu əzəmətli dönüş mərhələsində belə xidmət üçün tələblər bundan da artıq aydın ola bilməz. Həzrət Bəhaullah inandırır ki, “Bəşəriyyətin birliyi tamamilə bərqərar olmayınca onun rifahına, əmin-amanlığına və təhlükəsizliyinə nail olmaq qeyri-mümkündür”.

Xülasə

Bəhai Kimdir?

  • BƏHAİ ALLAHIN BİRLİYİNƏ inanır;

  • Bəhai Həzrət Bəhaullahın ardıcılıdır;

  • Özünü Bəhai hesab edən şəxs Bəhai Dinini Allahın Müstəqil dini kimi; Həzrət Bəhaullahı bütün dinlərin vəd etdiyi Kəs və Bəhai dininin Peyğəmbəri kimi; Həzrət Babı Həzrət Bəhaullahın Müjdəçisi kimi; Həzrət Əbdül-Bəhanı Əhdin Mərkəzi, Həqiqi Nümunə və Müqəddəs Yazıların qüsursuz və səhvsiz Şərhçisi kimi; Həzrət Şövqi Əfəndini Əmrin Mühafizi və MüqəddəsYazılarınŞərhçisi kimi tanıyır və qəbul edir;

  • Bəhai Həzrət Bəhaullahın Təlimlərinə və Həzrət Əbdül-Bəhanın Vəsiyyətnaməsindəki hökmlərə itaət edir və Öz Dininin işlərini idarə etmək üçün Həzrət Bəhaullahın ucaltdığı İlahi Təsisatlara—Uca Ədalət Evinə, Milli və Yerli Ruhani Məhfillərə tabe olur;

  • Bəhai Həzrət Krişna, Həzrət Musa, Həzrət Zərdüşt, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd və Həzrət Bab kimi İlahi Tərbiyəçilərin gətirdiyi dinlərin İlahi Mahiyyətini və birliyini tanıyır;

  • Bəhai öz həyatından hər cür milli, irqi, etnik, dini və ya sosial mövhumatı və xurafatı silib atmağa çalışır. O, bəşəriyyəti sevir və Dinin əsas prinsipini—bəşəriyyətin birliyini—uca tutur. Hər cür—dini, siyasi, milli, irqi təəssübkeşlik ona yaddır; 

  • Bəhai hər hansı bir formada siyasi baxışlara və inanclara qoşulmur. O, yaşadığı ölkənin hökumətinə və dövlətin kostitusiyasına sidq ürəklə itaət edir və ona səmimi hörmət bəsləyir;

  • Bəhai əxlaq və etika saflığı prinsiplərinin tərəfdarıdır. O, hamı ilə nəzakətli, hörmətcil və qonaqpərvərdir; O, Həzrət Əbdül-Bəhanın aşağıdakı prinsipini əsas tutur: “Xalqın əxlaqı, əqli və istedadı tərbiyə edilməyənə qədər mədəniyyətin heç bir etibarlı əsası ola bilməz”.

  • Bəhai nigahdan əvvəl və nigahdan sonra ismətliliyini qoruyub saxlayır; 

  • Bəhai cəmiyyətdə və ailədə kişi və qadın bərabərliyini tanıyır. Təknigahlıqdan başqa heç bir nigah formasını qəbul etmir;

  • Bəhai elm və dinin harmoniyasını təsdiq edir;

  • Bəhai təhsil alır, peşə öyrənir, dolanışıq üçün vəsait qazanır və bəşəriyyətə xidmət edir;

  • Bəhai dini birliyin yaradılmasına təşviq etməklə ümumdünya sülhünə çalışır;

  • Bəhai qeybətdən, mübahisədən, ixtilafdan və narazılıqdan çəkinir.

Anchor 17
Anchor 18
bottom of page