top of page
Anchor 1
Anchor 2
Anchor 3

 

 

Bəhai Dini

 
Azər Cəfərov

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfilinin razılığı ilə nəşr olunmuşdur

 

Kitabda Bəhai dininin yaranması, formalaşma mərhələləri və Azərbaycanla bağlı tarixi haqqında məlumat verilir. Bəhai dininin teoloji bazisini təhlil etmək yolu ilə onun hansısa dinin daxilində təriqət deyil, müstəqil dini təlim olması əsaslandırılır. Kitabda həmçinin, Bəhai dininin prinsipləri, bəhailərin həyat-tərzi və dünyagörüşü haqqında da məlumatlar vardır. Kitab geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

ISBN 9952-8049-4-6

Qrifli nəşr  © Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili, 2005

MÜNDƏRİCAT

Giriş 6

I Fəsil Bəhai Dininin Tarixi Oçerkləri 9

İran İlahi Zühur Həsrətində 10

Həzrət Babın Bəyanı 14

İranda Babilər Hərəkatı 20

Həzrət Babın Təlimi 23

Həzrət Babın Edamı 25

Bəhaullah―Allahın Nuru 28

İraqda Sürgündə 32

İstanbula Sürgün 35

Əkkaya Sürgün 38

Həzrət Əbdül-Bəha 42

Həzrət Əbdül-Bəhanın Nadir Məqamı 45

Üç Əsas Şəxsin Həyatı Dövründə Bəhai Dininin İnkişafı 46

Həzrət Şövqi Əfəndi Əmrin Mühafizi Kimi 47

Yeni Dövr Və Azərbaycan 49

II Fəsil Yeni İlahi Təlim 55

Bəhai Dini: Təriqət Yoxsa Müstəqil Din 55

Teoloji Bazis 59

III Fəsil Bəhai Dininin Prinsipləri 63

Bəşəriyyətin Birliyi 63

Dinlərin Birliyi 74

Mövhumatın Aradan Qaldırılması 80

Din Və Elmin Hormoniyası 81

Həqiqətin Müstəqil Axtarışı 82

Kişi Və Qadın Hüquq Bərabərliyi 83

Ümumi İcbari Təhsil 85

Hərb Və Sülh Məsələləri 86

IV Fəsil Bəhaullah Əhdi Və Bəhai İnzibati Qaydaları 89

Bəhaullah Əhdi 89

Kiçik Əhd 97

 

Giriş

HƏZRƏT BƏHAULLAH BƏLALAR içərisində çabalayan Bəşəriyyəti xilas etmək və ona yol göstərmək üçün gəlmiş İlahi Zühurdur. Bəhai dini―Həzrət Bəhaullah ardıcıllarının dinidir. “Bəhaullah” ərəb dilində “Allahın Nuru” mənasını bildirir. Ona görə də ardıcılları özlərini “bəhai” (“nur daşıyıcıları”) adlandırırlar.

XIX əsrin ikinci yarısında İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, bu gün dünyanın 234 ölkəsində yaşayan 2100-ə qədər millət, xalq və etnik qrupa mənsub 6 milyondan çox insanı birləşdirir. Hazırda Bəhai dini ədəbiyyatı 802 dilə tərcümə edilmişdir.

Dünya bəhailəri vahid dini təşkilatda, Bəhailərin Beynəlxalq Birliyində birləşmişlər. Bu Birlik planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları―EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidəki Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir.

Bəhai dininin inzibati quruluşunda Ali İnzibati və Ruhani orqan “Allahın Uca Ədalət Evi”dir. Bu Ali orqanın iqamətgahı və mərkəzi təsisatları İsrailin Hayfa şəhərində, Kərmil dağında yerləşmişdir. Uca Ədalət Evinin 9 nəfərdən ibarət tərkibi hər 5 ildən bir keçirilən Bəhailərin Beynəlxalq Qurultayında Milli Məhfillərin (Şuraların) üzvləri tərəfindən seçilir. Uca Ədalət Evi Milli Məhfillər (2003-cü ildə dünyada 183 Milli Məhfil olmuşdur) vasitəsilə Bəhai icmalarına rəhbərlik edir, bütün planet üzrə bəhai prinsiplərinin və qanunlarının həyata keçirilməsinə dair tövsiyyələr verir.

Bəhailərin Beynəlxalq və Milli təsisatları ilə yanaşı, onların yerli səviyyələrdə fəaliyyət göstərən və ildə bir dəfə (aprel ayında) seçkilər vasitəsilə formalaşdırılan (üzvlərinin sayı 9 nəfərlən ibarət) Yerli Məhfilləri də vardır.

Bəhai dinində ruhani təbəqənin (molla, keşiş və s.) olmaması, yerli, milli və beynəlxalq səviyyələrdə inzibati qurumların ən mükəmməl demokratik qaydalarla seçilməsi və hər bir bəhainin bu qurumlarda iştirakı üçün imkanların açıq olması, başqa dinlərdən fərqli olaraq Bəhai dinində təriqətçilik və parçalanma imkanlarını heçə endirmişdir. Dinlərin tarixində analoqu olmayan belə monolit beynəlxalq dini ruhani-inzibati sistemin yaradılması Həzrət Bəhaullahın tarixdə ilk dəfə olaraq dini-ruhani təlim ilə forma və məzmunca yeni tipli inzibati idarəetmə və demokratik seçki sistemini birləşdirməsi hesabına mümkün olmuşdur. Bəhai ruhani-inzibati sisteminin möhkəmliyinə təsir göstərən ən əhəmiyyətli amil isə hər bir möminin bu qurumların nüfuzuna ehtiramla yanaşması, müqəddəs sayması və danışıqsız tabe olmasıdır.

Müsəlman ölkəsi olan İranda yaranmasına baxmayaraq, Xristianlıq İudaizmdən və ya İslam Xristianlıqdan fərqləndiyi kimi, Bəhai dini də İslamdan fərqlənir. Bununla belə, Bəhai dini özündən əvvəlki dinlərin İlahi mahiyyətini təsdiq edir və bu dinlərin Peyğəmbərlərini Vahid Allahın Zühurları kimi tanıyır.

Bəhai dininin vətəni İran olsa da, dünyanın heç bir ölkəsində bəhailər bu ölkədə olduğu kimi ciddi təqiblərə məruz qalmamışlar. Son 100 ildə İranda bəhai əqidəsinə görə 20 min insan şəhid edilmiş, on minlərlə insan həbsxanalara salınmış, başqa ölkələrə mühacirət etməyə məcbur olmuşdur. Dəfələrlə, istər şah, istərsə də indiki rejim dövründə İranın müxtəlif şəhər vəəyalətlərində yüzlərlə insanın ölümünə səbəb olmuş talanlar törədilmiş, bəhailərə məxsus evlər, dükanlar yandırılmış, qəbirstanlıqlar və ibadət evləri dağıdılmışdır. Ölkədən çıxmaq imkanı olmayan 350 min insan ən elementar insan haqlarından (ali təhsil almaq, dövlət idarələrində işləmək, təqaüd almaq və s.) məhrum edilmişdir.

Yarandığı ilk dövrlərdə bu din Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Artıq XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərirdi. Stalin rejimi dövründə, 1937-38-ci illərdə SSRİ-də, o cümlədən Azərbaycanda bəhai dini ardıcıllarına qarşı aparılan təqiblər yüzlərlə fəal üzvün öldürülməsi, minlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Bu təqiblər yerli icmaları zəiflətsə də, Azərbaycanda Bəhai dinini məhv edə bilmədi. Fiziki təqiblərlə yanaşı ölkədə bəhailərə qarşı iftira və böhtan kampaniyası da aparılırdı. Yerli və mərkəzi qəzetlərdə bəhai dini ardıcıllarının “beynəlxalq imperializmə qulluq etməsi” və ya “ingilis cəsusları” olması haqda məqalələr çıxır, bu haqda ayrı-ayrı “tədqiqatçıların” monoqrafiyaları nəşr olunurdu. Bəhai icmalarının fəaliyyətinə qoyulmuş qadağalar XX əsrin 90-cı illərinə, sovet dövlətinin süqutuna kimi qüvvədə qalmışdır.

Respublikamız müstəqillik əldə etdikdən sonra insan haqlarının qorunması sahəsində atılmış bir sıra ciddi addımlar, o cümlədən Etiqad Azadlığı haqda Qanunun qəbul olunması bəhai icmalarına açıq fəaliyyət üçün şərait yaratdı. 90-cı illərin əvvəllərində Bakı, Sumqayıt, Balaxanı, Gəncə, Naxçıvan və digər icmalarda Yerli Məhfillərə seçkilərin keçirilməsi, 1992-ci ildə Azərbaycan bəhailərinin I Qurultayında Milli Ruhani Məhfilin seçilməsi, həmçinin Bəhai dini ədəbiyyatının azərbaycan dilinə tərcümə edilməsi ən əlamətdar hadisələrdən hesab olunur.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitab Bəhai dininə giriş vəzifəsini yerinə yetirir. Yeni Dünya Dininin sistemli şərhinə az da olsa iddia etməyən bu kitabın məqsədi Bəhai dininin tarixi oçerklərini, o cümlədən, onun Azərbaycanla bağlı tarixini, prinsip və müddəalarını oxuculara çatdırmaq olmuşdur. Əlbəttə, kiçik bir kitabçada Bəhai dini ilə bağlı bütün maraq kəsb edən məsələləri geniş əhatə etmək mümkün deyildir. Müəllif arzu edir ki, həqiqət axtarıcısı olan oxucu kitabda verilmiş məlumatlarla kifayətlənməyəcək, Bəhai dinini tədqiq etmiş tanınmış müəlliflərin əsərlərinə müraciət edəcəkdir.

 

 

I Fəsil Bəhai Dininin Tarixi Oçerkləri

1844-Cİ İL MAYIN 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir gənc Özünü İmam Mehdi Sahib-əz-zaman elan edərək “Bab” (ərəbcə “qapı” deməkdir) adlandırır. Bildirir ki, Onun əsas məqsədi insanları Müqəddəs Kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi Kəsi qəbul etməyə hazırlamaqdır. Bununla belə, Babın ruhani dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. Hərəkat səkkiz il sonra çətinliklə yatırılır. Bab edam edilir. On minlərlə insan öldürülür. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli―Bəhaullah (ərəbcə “Allahın Nuru” deməkdir) həbsxanaya salınır. Sonra həbsxana İraqa sürgün ilə əvəz olunur. 1863-cü ilin baharında (aprelin 21-dən mayın 2-ə kimi) Həzrət Bəhaullah Özünü Həzrət Babın vəd etdiyi İlahi Zühur elan edir. Bəşəriyyətə Allahdan Yeni İlahi təlimin nazil olduğunu bildirir. Həzrət Bəhaullah Həzrət Babın ilahi məqamını―Babi və Bəhai dinlərinin Peyğəmbəri və Yeni İlahi Vəhyin (Həzrət Bəhaullah Əhdinin) Müjdəçisi olduğunu təsdiq edir. Bab Bəhai dininin Yerdə qurmaq istədiyi İlahi Sivilizasiyaya açılan Qapı idi.

 

İran İlahi Zühur Həsrətində

İRAN ÖLKƏSİ HƏR tərəfdən yüksək dağlarla əhatə olunmuş geniş yayladan ibarətdir. Ölkənin mərkəzində Böyük duzlu səhra, şimalda Xəzər dənizi və Turan səhrası, cənubda Fars körfəzi və Hind okeanı yerləşir.

Bəhai dinin yarandığı şəraiti qiymətləndirərkən nəzərə almaq lazımdır ki, XIX əsrin başlanğıcında bütün Orta Şərq siyasi, iqtisadi və ictimai tənəzzülə qərq olmuşdu. Uzun illər qonşu ölkələrlə üzücü müharibələr aparmış İran dövləti də XVIII əsrin sonları və XIX əsrin əvvəllərində çox dərin böhran içində idi. Qədimlərdə böyük imperiyalar yaratmış İran xalqı XIX əsrin astanasında zəifləmiş və dünyadan təcrid olunmuşdu. Bir ovuc adam zənginlik içində üzdüyü halda, əhalinin böyük əksəriyyəti yoxsulluqdan əziyyət çəkirdi. Bəzi şəxslərin islahat cəhdlərinə geniş yayılmış korrupsiya və hakimiyyətdən sui-istifadə mane olurdu. İranın hakim dairələri pozğunlaşmış və çıxılmaz maliyyə çətinlikləri qarşısında qalmışdı. Əhalisinin böyük əksəriyyəti kəndlilərdən, sənətkarlardan, tacirlərdən və köçərilərdən ibarət olan bu ölkədə mövcud ictimai işlər də ümidsiz halda idi. Yoxsulluqdan, zülm və haqsızlıqdan təngə gəlmiş insanlar ölkəni tərk edib, qonşu məmləkətlərə üz tuturdu. Ölkə daxilində istehsalın azalması və dövlətin zəifləməsi səbəbindən yolların səfərlər üçün bərbad və qorxulu olması ticarəti iflic vəziyyətinə salırdı. Yollarda quldurluq və talan adi işə çevrilmişdi. Ölkənin şəhər və kəndləri çirkli və üfunətli idi. Tez-tez baş verən yoluxucu xəstəliklər ölkə əhalisi üçün əsl bəlaya çevrilmişdi.

Bununla bərabər ölkədə dünyəvi elmlərin tədrisinə etinasızlıq göstərilir, Qərb elmləri və mədəniyyəti murdar və dinə zidd sayılırdı. Ağlasığmaz ədalətsizliyi ilə ad qazanmış şəriət məhkəmələri məzhəkəni xatırladırdı. Bir-birini tez-tez əvəz edən Qacar nəslinin şahlarının bəziləri zəif, bəziləri isə son dərəcə qəddar idi. İranın din xadimləri―ruhanilər özlərinin riyakarlığı və dözümsüzlüyü ilə Şərqdə ad qazanmışdılar. Xalq savadsız, avam və mövhumatçı idi. Məzlum insanların zülm və haqsızlıqlara qarşı çıxışları xüsusi amansızlıqla yatırılırdı; kəsilmiş başlar nizəyə taxılıb şəhər meydanlarında düzülür, şaqqalanmış bədənlər qala divarlarından asılır, çıxardılmış gözlərdən təpəciklər düzəldilirdi.

İran əhalisinin böyük əksəriyyəti İslamın şiə məzhəbinə mənsub idi. Lakin ölkədə xeyli sayda sünnilər, zərdüştilər, yəhudilər və müxtəlif xristian təriqətləri də (aysorlar, ermənilər və s.) vardı. Onların hamısı özlərini tək olan Allahın ümməti hesab etsələr də, bir-birlərindən kənar gəzir, nifrət edir və alçaq nəzərlərlə baxırdılar. Hər bir təriqət digərini murdar və kafir sayırdı. Yəhudi və zərdüşti üçün yağışlı gündə küçədə gəzmək qorxulu idi, onlardan hər hansı birinin islanmış paltarı müsəlmana toxunsaydı, onu murdarlaya bilərdi və o bu təhqiri öz həyati bahasına ödəməliydi. Əgər müsəlman yəhudidən və ya xristiandan pul almış olsaydı, onu cibinə qoymazdan əvvəl yuyub pak etməliydi.

Bununla belə, İran həm İslam, həm də Xristianlıq üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki bu ölkə hər iki dinin Müqəddəs Yazılarında xatırlanmışdı. XIX əsrin əvvəllərində Tövrat yazılarını tədqiq etmiş keşiş X.Bonar Assuriya və İranla bağlı peyğəmbərlikləri qəbul etsə də, özünün etiraf etdiyi kimi, bu yerlərin “Axır zamanda” hansı səbəbdən bəxtiyar olacağı ona aydın deyildi.

Bu zamanlarda İranın şiəəhli dünyada nə isə fövqəladə bir hadisənin baş verəcəyini həyəcan və qorxu içində gözləyirdi. Çünki hicri-qəməri təqvimi ilə On ikinci İmam Mehdi Sahib-əz-zamanın müəmmalı şəkildə qeybə çəkilməsinin min ilinin tamamı yaxınlaşırdı. Onlar inanırdılar ki, o, hələ sağdır və özünün əvvəlki görkəmində zühur edəcəkdir. Onun padşahlığına, Onun şöhrətinə, qələbələrinə və “əlamətlərinə” dair peyğəmbərlikləri maddi baxımdan izah etməyə çalışırdılar. Onlar gözləyirdilər ki, Mehdi saysız-hesabsız qoşunu ilə gələcək və özünü ali hökmdar elan edəcək, Yerdəədaləti bərpa edəcək, zalımları, günahkarları cəhənnəmə vasil edəcək, yoxsulluğun, səfalətin, bəlaların kökünü kəsəcəkdir. Hökmdarlıq taxtında əyləşən Mehdinin Yerdə quracağı Ədalət cəmiyyəti min il davam edəcəkdir.

Həmin illərin hadisələrinin canlı şahidi və salnaməçisi Nəbil Zərəndi öz kitabında İlahi Zühurun nə üçün 1260-cı (1844) ildə baş verəcəyini belə izah edirdi:

“Vəd olunmuş Şəxsin 60-cı illərdə zühur edəcəyi Həzrət Peyğəmbərdən (Məhəmməd peyğəmbər nəzərdə tutulur) və pak imamlardan nəql olunan hədislərdə qeyd edilmişdir. Həzrət İmam Cəfər Sadiq Qaimin nə zaman zühur edəcəyi barədə ona verilmiş sualın cavabında buyurmuşdur: “60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez xatırlanacaq”.

Mirzə Məhəmməd Əxbari bir sıra şerlərində Qaimin zühur edəcəyi ildən bəhs etmişdir və onların məzmunu belədir ki, “ağac” ilində (1260-ci il) yer üzü Qaimin nuru ilə işıqlanacaq, “ağac” ilində dünyanı Onun əzəməti bürüyəcək, əgər “ağac” ilinə qədər sağ qalsan, xalqların, hökmdarların, insanların və dinin yeniləşməsini öz gözünlə görəcəksən.

“Möminlərin əmiri Həzrət Əli ibn Əbu Talibin dilindən nəql olunan hədisdə buyurulur ki, “ağac” ilində İlahinin doğru yol göstərən ağacı dünyada əkiləcəkdir”.

Həmin günlər imam Mehdi Sahibəzzamanın tezliklə zühur etməsinə inam şeyxilər təriqətində daha güclü idi. Lakin şeyxilər sözü gedən peyğəmbərlikləri məcazi mənada şərh edirdilər. Təriqətin başçısı Şeyx Əhməd Əhsai hesab edirdi ki, zühur edəcək şəxsin hakimiyyəti mistik olacaqdır. Onun şöhrəti dünyəvi deyil, ruhani xarakter daşıyacaqdır. Onun qələbələri insan qəlblərinin qalalarını fəth etməkdən ibarət olacaqdır. Şeyx Əhməd inanırdı ki, gəlişi hələ çox qədimlərdən xəbərdarlıq edilmiş Allahın bu Elçisi bütün xalqların gözlədiyi bəşəriyyətin böyük Müəllimidir. Şeyx Əhmədin əqidəsinə görə, Onun dünyada görünməsi bəşəriyyət üçün Yeni Eranın, Əbədi Sülhün yaranmasının və bütün dinlərin birləşməsinin başlanğıcı olacaqdır.

Şeyx Əhməd əvvəlcə İraqa―Nəcəf şəhərinə, sonra isə müsəlmanların müqəddəs şəhəri Kərbəlaya yola düşür. Məhz burada, Kərbəlada Şeyx Əhməd özünün vaizçilik fəaliyyətinə başlayır və yalnız bundan sonra İrana dönür. Orada o, Seyid Kazım adlı cavanla görüşür. Şeyx Əhmədin təlimi haqqında eşidən Seyid Kazım Rəşti onunla görüşməkdən ötrü məxsusi olaraq ölkənin bir tərəfindən digərinə gəlmişdi. Şeyx Əhməd onu sevinclə qarşılayır. O, anlayır ki, Seyid Kazımın simasında biliklərini və ürəyindəki niyyəti bölüşdürə biləcək adamı tapmışdır. Onlar birlikdə səyyahət etməyə və başqa insanları öyrətməyə başlayırlar.

Şeyx Əhməd Əhsai 1826-cı ildə Seyid Kazım Rəştini öz varisi təyin edib dünyasını dəyişir. Müəlliminin vəfatından sonra Seyid Kazım Kərbəlada məskən salıb, İlahi Zühur haqda Şeyx Əhmədin vaizçiliyini davam etdirir. Onun yanına oxumağa gələnlərdən biri Molla Hüseyn adlı şəxs idi. Molla Hüseyn gözəl dini təhsilə malik idi. Seyid Kazım ümidini Molla Hüseynə bağlayaraq, onu xüsusi göstərişlə İrana göndərir. Zühurun baş verəcəyi vəd olunmuş vaxt yaxınlaşdıqca qocalıb taqətdən düşmüş Şeyx Kazımın həyəcanı çoxalırdı. O, bir gün şagidlərini yanına çağıraraq, onlara İranın şəhər və kəndlərinə səpələnib Onu axtarmağı, bundan ötrü rahatlıqlarından, mallarından, lazım gələrsə, canlarından keçməyi göstəriş verir. Onlara zühur edəcək Kəsin əlamətlərini deyir:

“O, alicənab nəsildəndir, Peyğəmbərin nəslindən. O, yaşca cavandır, lakin fitri biliklərə malikdir. Onun təlimi Şeyx Əhmədin vəzinəəsaslanmır, Ona Allahdan gəlir. Onun sonsuz bilikləri yanında mənim biliyim damcıdır; mənim bacardığım Onun Qüdrətinin möcüzəli üzü qarşısında yalnız toz zərrəciyidir. O, orta boyludur, qeyri-adi möminliyi ilə seçilir”.

Seyid Kazım Rəştinin vəfatından sonra, Onun sevimli şagirdi Molla Hüseyn başda olmaqla ardıcılları İranın şəhər və kəndlərinə səpələnib, Zühur edəcək Kəsin axtarışına başlayırlar.

Bu zaman İran məmləkətindən min kilometrlərlə uzaqda, Amerika, Avropa və xristian dünyasının digər yerlərində insanlar həyəcan içində idi. Asiyada Volf, İngiltərədə Edvard İrvinq, Şotlandiyada Meyson, Cənubi Korolinada Deyvis, Pensilvaniyada Uilyam Miller, Almaniyada Leonard Kelber bir-birlərindən xəbərsiz Tövrat və İncil Yazılarının tədqiqi əsasında nəticə çıxarırlar ki, zamanın sonu çatıbdır və 30-50-ci illər arasında Həzrət İsa Məsihin ikinci zühuru baş verəcəkdir. ABŞ Konqresinin nümayəndələr palatasında bu haqda məruzələr dinlənilir. 1844-cü ildə “Gəlişin” həyəcanı özünün ən yüksək nöqtəsinə çatır. Fələstin, Türkiyə, Əfqanıstan və bəzi ölkələrdə Qiyamət Gününün yaxınlaşması təbliğ olunurdu. Uilyam Millerin təbliğatı Amerikada “Adventistlər kilsəsi”nin yaranmasına səbəb olur.

U.A.Spayser “Müasirlik peyğəmbərliklər işığında” kitabında qeyd edir: “Müqəddəs Yazıların tədqiqatçıları ümumi bir rəyə gəliblər ki, Daniyel Peyğəmbərin Bəşəriyyət üçün təyin etdiyi 2300 il sona çatır və 1844-cü il “Qiyamət Günü” olacaqdır”.

İran əhli kimi xristianlar da bu zühuru fövqəladə hadisələrin baş verməsi kimi anlayırdılar; İsa Məsih buludlar üstündə mələklərin əhatəsində yerə enməli, Yerdə qurduğu İlahi Səltənətin hökmdarı olmalı idi.

 

 

Həzrət Babın Bəyanı

İLAHİ ZÜHURU TAPMAQ eşqi ilə İranın şəhər və kəndlərini dolaşan Molla Hüseyn və Seyd Kazımın üç ardıcılı Şiraz şəhərinə çatır. Molla Hüseyn dostlarını şəhərə göndərir, özü isə şəhər divarının bayırında dayanır. Bu zaman yaşıl çalmalı (bu onun seyid olduğunu göstərirdi) bir cavan ona yaxınlaşır və Molla Hüseyni öz evinə dəvət edir. Naməlum cavanın nəzakəti, dostcasına danışığı və səliqəli geyimi Molla Hüseynə çox yaxşı təsir bağışlayır və onun təklifini qəbul edir.

Şirazın şəhər divarlarının bayırında Molla Hüseyni qarşılayan cavanın adı Seyid Əli Məhəmməd idi. O, hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən idi. O, 20 oktyabr 1819-cu ildə Şirazda anadan olmuşdu. Valideynlərini erkən yaşlarında itirmiş Seyid Əli Məhəmməd dayılarının himayəsi altında böyümüşdü. Dayısı Seyid Əlini birinci dəfə məktəbə göndərəndə müəllim onu geriyə qaytarır. Müəllimin dediyinə görə, onun öyrətmək istədiyi bütün məsələlərin hamısını uşaq artıq bilirdi. Əli Məhəmməd kitablardan oxumadığı və kimsədən öyrənmədiyi qeyri-adi fitri biliyə malik idi. Bu biliklər ona ən çətin, hətta müəllimlərin bilmədiyi suallara cavab verməkdə köməklik edirdi. Yeniyetmə ikən Əli Məhəmməd dayısının ticarət kontorunda çalışaraq Şiraz və Buşir limanında onun işləri ilə məşğul olurdu. Seyid Əli Məhəmməd Molla Hüseyn ilə görüşən vaxt artıq on ilə yaxin idi ki, ticarət ilə məşğul idi. O, anasının xalası qızı ilə evli olub, həmin nigahdan Əhməd adlı oğlu olmuş və o hələ uşaq ikən vəfat etmişdi. Molla Hüseyni qarşılayıb, onu Şirazın kənarında yerləşmiş evinə dəvət edən naməlum gəncin şəxsiyyəti belə idi...

Axşam namazının vaxtı çatır. Hər iki gənc namaza dururlar. Namaz zamanı Molla Hüseyn Allahdan Vəd edilmiş Zühuru tapmaqda ona yardımçı olmasını diləyir. Onlar ibadətlərini qurtarıb söhbətlərini davam etdirirlər. Ev sahibinin səmimiyyətindən və nəzakətindən təsirlənmiş Molla Hüseyn ürəyinin ən böyük arzusunu ona açır, səfərinin və axtarışının məqsədini danışır. Onu diqqətlə dinləyən Əli Məhəmməd Seyid Kazımın göstərdiyi əlamətlərlə maraqlanır. Cavabında Molla Hüseyn müəllimindən eşitdiyini təkrar edir: “O, alicənab nəsildəndir... Fitri biliyə malikdir... Cismani qüsurları yoxdur”.

Molla Hüseyn söhbətini bitirir və bir-neçə dəqiqə otaqda sükut hökm sürür. Sonra Seyid Əli Məhəmməd təmkinli, lakin hökmlü və güclü səsi ilə deyir: “Görürsənmi, bütün bu əlamətlər məndə vardır”. Molla Hüseyn heyrətlənir və etiraz etməyə başlayır. O deyir ki, Vəd Edilmiş qeyri-adi müqəddəs şəxs olmalıdır. Onun bəyan edəcəyi Əmr isəən Qüdrətli Əmr olacaqdır. Sonra O, öz etirazını kəsərək, bir-neçə il əvvəl yazdığı vərəqi çıxarır. Yazıda Şeyx Əhməd və Seyid Kazım təliminin ən mürəkkəb yerlərinin şərhinə cəhd edilmişdi. O, ev sahibindən bu yazıya baxmağı xahiş edir. Seyid Əli Məhəmməd bu yazını sürətlə oxuyur və Molla Hüseynin rast olduğu bütün çətin yerlərin sadə və aydın izahını verir. Sonra Seyid Əli Məhəmməd deyir:

“İndi isə Yusif surəsinin mənasının açıqlanması vaxtı çatdı”.

Təəccüb və böyük sevinc hissi Molla Hüseyni çuğlayır. Yusif surəsi Quran-i-Kərimin onuncu surəsi idi. Bir dəfə Molla Hüseyn Seyid Kazımdan onun üçün bu surəyə şərh yazmağı xahiş edir. “Bu mənim imkanım xaricindədir” deyə Seyid Kazım cavab verir, “Məndən sonra gələcək O Qüdrətli Kəs sənin xahişin olmadan onu sənə izah edəcəkdir”.

Müəlliminin Molla Hüseynə öncədən söylədiyi kimi, ev sahibi qələmini götürərək yazmağa başlayır. Sözləri yaza-yaza, O, onları məlahətli bir səslə zümzümə edirdi. Sonralar “Hökmdarlıq surəsi” adlanan bütöv bir fəsli yazıb qurtarmayınca O, qələmini yerə qoymur. Onun səsinin və dediyi sözlərin gücündən məftun olmuş Molla Hüseyn isə yerdə oturub Onu dinləyirdi.

Beləliklə, həmin gecə Seyid Əli Məhəmməd öz Missiyasını Molla Hüseynə elan edir və Bab adını götürür. Bu hadisə 1844-cü il may ayının 22-də gün batandan 2 saat 11 dəqiqə sonra baş verir. Bu tarix və vaxt Bəhai dinin ardıcılları tərəfindən Bəşəriyyətin tarixində Yeni Eranın başlanğıcı kimi qeyd edilir.

“Ey Mənə birinci iman gətirmiş!―məhz bu sözlərlə O, Molla Hüseynə müraciət edir―Mən, həqiqətən deyirəm, Mən Babam, Mən Allahın qapısıyam!”

“Bab” sözü ərəbcə “qapı” mənasını bildirir. Bununla da Həzrət Bab Özünü Sülh və Ümümdünya qardaşlığının Yeni Erasının qapısı kimi təqdim edirdi.

Molla Hüseyn onu axtaran dostlarını və vaxtı unudaraq bütün gecəni oturub, Həzrət Babın söhbətinin davamına qulaq asır. Bu zaman şəhər şirin yuxuya qərq olmuşdu. Həzrət Bab Molla Hüseynə xəbərdarlıq edir ki, O, bir müddət gördükləri və eşitdikləri haqda heç kimə, hətta səfər dostlarına belə danışmamalıdır. Həzrət Bab deyir: “Məni əvvəlcə on səkkiz adam, bir-birindən xəbərsiz, öz ürəklərinin səsi ilə tanımalıdırlar. Çağırışsız və dəvətsiz, bir-birlərindən asılı olmadan, onların hamısı mənə olan yollarını tapacaqlar”.

Şiraz məscidlərində səhər azanı veriləndə Molla Hüseyn Həzrət Babın evini tərk edir. Bu zaman onun ürəyi sevinc, fərəh, ilham və ehtiram hissi ilə çırpınırdı. Sonralar Molla Hüseyn etiraf edirdi: “O gecə qəflətən mənə əyan olmuş ilahi Əmrin həqiqəti ildırım kimi bir müddət mənim vücudumu sarsıtdı. Gözlərim Onun işığından qamaşırdı, Onun fövqəladə gücü bütün varlığıma hakim kəsilmişdi. Həyəcan və sevinc, qorxu və heyrət qəlbimi bürümüşdü. Eyni zamanda özümdə təsvirə gəlməyən bir yüngüllük və qüvvə hiss edirdim. İlahi Əmri dərk etməzdən öncə o qədər zəif və gücsüz idim ki, deyiləsi deyil. Bir şey yaza bilmirdim, yol yeriyə bilmirdim, əlim-ayağım həmişəəsir və titrəyirdi. Amma İlahi Əmrin Məzhərini tanıdıqdan sonra mənim vücudumda cahilliyin yerini ilahi bilik, zəifliyin yerini qəribə bir güc və qüvvət tutdu. Mənə elə gəlirdi ki, fövqəladə bir gücə malikəm, əgər bütün dünya, bütün insanlar mənə qarşı çıxsa, təkbaşına hamıya qələbə çala bilərəm. Dünyadakı bütün şeylər mənim gözümdə bir ovuc torpağa dönmüşdü”.

Bu görüşdən qırx gün keçməmiş Həzrət Babın digər ardıcılları da onu tanıdılar. Bir-birinin ardınca, hər birinə ayrılıqda, qeyri-ixtiyari, kimə namaz vaxtı, kimə yuxuda ikən Şiraz tacirinin yeri ayan olur. Onların hamısı əvvəllər Seyid Kazımın şagirdləri olmuşdular. Vaxtilə Molla Hüseyni Şiraza gətirmiş həmin qüvvə, indi də onları İranın cənubundakı bu şəhərə cəzb edirdi. Sonuncu olaraq Quddus adlı gənc yorğun və toza bulaşmış halda Şiraza çatır. O, Molla Hüseyni küçədə görərək, təşviş içində İlahi Zühurun axtarışı ilə bağlı sorğu-suala tutur. Molla Hüseyn çox çalışsa da onu sakitləşdirə bilmir. Bu zaman Quddus küçədə Həzrət Babı görür. “Sən nə üçün Onu məndən gizlətmək istəyirsən?”―deyə Quddus üzünü heyrətindən özünü itirmiş Molla Hüseynə çevirir―“Axı mən Onu hətta yerişindən belə tanıyacaqdım! Əminliklə şəhadət verirəm ki, nə Şərqdə, nə də Qərbdə Ondan başqa heç kim haqq olmasına iddia edə bilməz. Heç kim Onun müqəddəs şəxsiyyəti tək Əzəmət və Cəlal saça bilməz”.

Beləliklə, Həzrət Babın 18 şagirdi Onu tanıyaraq, Ona iman gətirirlər. Quran-i-Kərimdə buyrulur:

“Biz onu Səqərə atacağıq! Sən nə bilirsən ki, nədir Səqərə! O, qoymaz və buraxmaz! O, insanı yandırıb yaxar! Onun üstündə on doqquz nəfər vardır”(Əl-Muddəssir, 26-30)

Bu ayədə Allah İlahi Zühuru inkar edənləri, Ona qarşı təkəbbür göstərənləri və Onun sözlərini saya salmayanları cəhənnəm alovuna atacağına söz verir. Sonra Allahın insanları cəhənnəm alovundan, müharibə, nifrət, dağıntı və əzabdan qurtaracaq “On doqquz nəfəri” göndərmək istəyindən söhbət açılır. Həzrət Bab Öz Missiyasını elan edərkən, Ona ilk iman gətirən 18 nurlanmış qəlb olmuşdur. Bab onları “Canlının Hərfləri” adlandırmışdı. On səkkiz nəfər Canlının Hərfləri və on doqquzuncu Həzrət Babın Özü həmin “On doqquz nəfərdir” ki, Quran-i-Kərimdə buyrulduğu kimi, xalqları məhv olmaqdan xilas etməlidirlər.

Həzrət Bab Şiraza toplanmış şagidlərini çağıraraq, onlara İranın hər yerinə səpələnib, Onun təlimini yaymaq və insanların ürəyini Allahın Aşkarlayacağı kəsin gəlişinə hazırlamaq göstərişini verir, onlara bu işin böyük məsuliyyətindən danışır, ehtiyatlı və mötədil olmağa çağırır, göstərdikləri səylərə görə onları işgəncə və ölüm gözlədiyini xəbərdalıq edir.

“Ey mənim əziz dostlarım, indi siz İlahi Kəlamın daşıyıcılarısınız. Allah öz sirlər xəzinəsini sizə etibar edib ki, siz ilahi Əmri hər yana yayasınız, öz danışıq və rəftarınızın düzgünlüyü ilə ilahi Nurun gücünü nümayiş etdirəsiniz. Sizin bədəninizin bütün əzaları məqamınızın ucalığına dəlalət etməli, həyatınızın təmizliyindən və məqsədinizin böyüklüyündən söz açmalıdır. Çünki bu, həmin Gündir ki, Ulu Allah onun barəsində Quranda buyurub: “Bu gün Biz onların ağızlarını möhürləyirik, onların tutduğu əməllər barədə bizə onların əlləri danışar, ayaqları isə şahidlik edər”(Yasin surəsi, 65-ci ayə)....

Ey hürufi-həyy, ey mənə iman gətirənlər! Bilin ki, bu günün əzəməti ötən günlərə nisbətən qat-qat artıqdır, onlar heç cür müqayisəyə gəlməz. Siz o kəslərsiniz ki, zühur səhərinin işığını gördünüz, Əmrin sirlərindən agah oldunuz. Hümmət kəmərinizi möhkəm bağlayın və o Quran ayəsini xatırlayın ki, bu gün barəsində buyurur: “Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı gün” (Fəcr surəsi, 22-ci ayə). “Ürəklərinizi dünyəvi arzu və istəklərdən təmizləyin, özünüzü ilahi əxlaqla bəzəyin! Yaxşı əməllərinizlə Allah kəlamının doğruluğunu sübuta yetirin və daim Quranın bu ayəsini nəzərə alın ki, “əgər Ondan üz döndərsəniz, sizi sizlər kimi olmayan başqa bir tayfa ilə əvəz edər” (Məhəmməd surəsi, 38-ci ayə). “Elə etməyin ki, başqaları gəlib İlahi Səltənəti sizdən alsınlar, siz isə binəsib qalasınız. Yorğunluq vəəzginlik gətirən ibadətlərin kifayət etdiyi dövr çatıb. Bu gün elə bir gündür ki, hər bir kəs pak qəlbi, gözəl əməlləri və həqiqi möminliyi sayəsində ilahi Ərşə ucala bilər, Allah dərgahına yaxınlaşıb, Onun tərəfindən qəbul oluna bilər. Yaxşı söz Ona tərəf yüksələr və yaxşı sözü də saleh əməl ucaldar” (Fatir surəsi, 10-cu ayə).

Siz həmin yoxsul vəəzilən insanlarsınız ki, Quranda sizin haqqınızda buyurulub: “Biz yer üzündə yoxsul vəəzilən kəslərə mərhəmət göstərmək, onları başçı və varis etmək istədik” (Qəsəs surəsi, 5-ci ayə). Allah sizi bu ali məqama dəvət edir və siz yalnız o təqdirdə bu ali məqama yüksələ bilərsiniz ki, bütün dünyəvi istək və məqsədlərin üzərindən adlayıb, Qurandakı bu ayənin təsdiqinə çevriləsiniz:“Şərəfli bəndələri Ondan qabaq söz danışmaz və yalnız Onun əmri ilə iş görərlər” (Ənbiyə surəsi, 26-27-ci ayələr). Siz İlkin Nöqtədən (Həzrət Babın ləqəblərindən biri) ayrılmış ilk hərflərsiniz. Siz ilahi zühur çeşməsindən axan dirilik suyunun bulaqlarısınız. Allahdan diləyin ki, sizi qorusun, dünyəvi istək və nemətlərin sizin paklıq və gözütoxluğunuza xələl gətirməsinə, sizin şirinliyinizi acıya çevirməsinə imkan verməsin. Mən sizi yaxınlaşan Allah günü üçün tərbiyələndirib hazırlamışam, istəyirəm ki, sizin əməlləriniz Qüdrətli Hökmdar tərəfindən qəbul edilsin. Gələcək Allah gününün sirləri bu gün bəlli deyil. O günün yenicə doğulmuş körpəsinin məqamı bu günün yaşlılarından möhtərəm olacaq, o Zühurun dövründəki cahilin mərtəbəsi bu günün alimindən daha yüksək olacaq.

İndi isə dünyanın dörd bir tərəfinə səpələnin, sabit qədəm və təmiz qəlblə yolları Allah gününün gəlişi üçün hamarlayın. Öz zəiflik və gücsüzlüyünüzə baxmayın, öz qüdrətli Allahınızın qüvvət vəəzəmətini nəzərdə tutun. Məgər Allahın köməkliyi ilə Həzrət İbrahim Nəmruda üstün gəlmədimi?! Məgər Allahın yardımı ilə Həzrət Musa Firona və onun adamlarına qalib gəlmədimi?! Baxmayaraq ki, Həzrət Musanın öz əsasından başqa bir silahı yox idi. Məgər Allah Həzrət Məsihin yəhudilər üzərində qələbə çalmasına şərait yaratmadımı?! Hərçənd Həzrət Məsih əleyhissəlam zahirən kimsəsiz və aciz idi. Məgər Allah ərəb qəbilələrini Həzrət Rəsula (s) tabe etmədimi?! Həmin vəhşi qəbilələr o Həzrətin müqəddəs təlimi sayəsində tərbiyələnib dəyişdilər və saflaşdılar. Odur ki, işinizə Allahın adı ilə başlayın, Allaha təvəkkül edin, Ona üz tutun və yəqin bilin ki, son nəticədə qələbə və zəfər sizinlə olacaq!”

 

 

İranda Babilər Hərəkatı

BABIN ARDICILLARI ONUN təlimini yaymaq sevinci ilə ölkənin müxtəlif yerlərinə yola düşürlər. Onların insanlara çatdırdıqları Müjdə İranda qeyri-adi həyəcana səbəb olur. Müjdəni dinləmək üçün hər yerdə insanlar dəstə-dəstə toplaşır, Həzrət Babın şöhrəti isə gündən günə artırdı; dövlətli və kasıb, savadlı və savadsız, şəhərli və kəndli, hamı eyni dərəcədə imkan daxilində Onun haqqında çox eşitmək və çox bilmək istəyirdi. Bir neçə nüfuzlu din xadimi də Həzrət Babın ardıcılına çevrilir. Tezliklə bu Gəncin söhbəti ildırım sürətilə bütün ölkəyə yayılır və İranda kütləviliyinə görə tarixdə görünməmiş babilər hərəkatını törədir. On minlərlə insan bu hərəkata qoşulur.

Lakin Həzrət Bab özünü Mehdi elan etməklə kifayətlənmir. O, “Birinci Nöqtə” müqəddəs adını qəbul edir. Bu titulla Məhəmməd Peyğəmbərin ardıcılları Ona müraciət edirdilər. Hətta imamlar öz məqamlarına görə “Birinci Nöqtə” dən aşağıda dayanırdılar. O, yeni təqvim tətbiq edərək, Günəş ilini bərpa edir və Yeni Eranın başlanğıcını Özünün Zühur etdiyi ildən (1844) qoyur.

Həzrət Babın belə bəyanatları hakim dairələri təşvişə salır və bu, hərəkatı məhv etməkdən ötrü göstərilən cəhdlərin getdikcə daha amansız xarakter almasına gətirib çıxarır. Hökumət və ruhanilər hərəkata qarşı ciddi tədbirlər görməyə başlayırlar. Fanatiklər Şirazda Quddusu və Babın ardıcıllarından olan bir nəfər yaşlı şəxsi ələ keçirirlər; onların saqqalını yandırırlar, burun dəliklərində deşik açaraq ip keçirirlər və bu vəziyyətdə Şirazın küçələrində gəzdirirlər. Sonra vəhşicəsinə döyüb, təkrar Şiraza qayıtdıqda çarmıxa çəkəcəkləri ilə hədələyib şəhərdən qovurlar.

İranın hər yerində babilərə qarşı qızğın təqib dalğası baş qaldırır. Babın özü isə tutularaq ev dustağı edilir. İğtişaşların səbəbini təhqiq etmək məqsədi ilə İran şahı şəxsən etibar etdiyi Vahid adlı kifayət qədər yüksək təhsilə malik, hörmətli və nüfuzlu din xadimini ölkənin cənubuna göndərir. Həzrət Bab ilə olan üç görüşdən sonra Vahid Onun ən sədaqətli ardıcılına çevrilir və Onun təlimini yaymağa başlayır.

Hadisələrin gedişində bu cür dönüş Şahın baş vəzirini çox qorxudur və o, Şahın Həzrət Bab ilə gözlənilən görüşünün hökmdara arzuedilməz təsirindən ehtiyatlanmağa başlayır. Baş vəzir Həzrət Babın ölkənin şimal sərhəddi yaxınlığındakı Maku həbsxanasına salınmasına nail olur.

Maku həbsxanasının ətrafında sadə kəndlilər yaşayırdı, onlar kəndlərindən kənarda baş verən hadisələrlə maraqlanmır, gəlmələri düşməncəsinə qarşılayırdılar. İlk vaxtlar həbsxana rəisi də Həzrət Baba düşmən münasibəti bəsləyirdi. Lakin o, tezliklə bu Məhbusun qeyri-adi adam olduğunu anlayır, Ona ehtiramla yanaşmağa və məhəbbət göstərməyə çalışır. Həzrət Babın təsirini ətraf kəndlərin sakinləri də öz üzərlərində hiss edirlər və Onun avazla oxuduğu duaları eşitmək ümidi ilə həbsxana divarlarının ətrafına toplaşırlar. Kəndlilər Həzrət Babdan onların ağır zəhmətləri üçün Öz xeyir-duasını verməsini xahiş edirlər. Tezliklə Həzrət Babın adı ilə and içmək kəndlilərin sadə məişət həyatında vərdişə çevrilir.

Bir müddət sonra ölkənin hər yerindən Həzrət Babın yanına ziyarətçilər gəlməyə başlayırlar. Həbsxana rəisi onları Həzrət Babın yanına buraxır və özü də tədricən Onun sadiq tərəfdarına çevrilir. Bu xəbərlər yenə baş vəzirin narahatçılığına səbəb olur və o, Həzrət Babı şahın qaynının rəis olduğu uzaq Çehriq qalasına göndərir.

Çehriq qalasının rəisi özünün qəddarlığı ilə ad qazanmışdı. İlk vaxtlar o da Həzrət Baba pis münasibət bəsləyirdi. Lakin sonra o da başqaları kimi, Həzrət Babın təsiri altına düşür. Burada da Həzrət Bab yerli sakinlərin hörmət və məhəbbətini qazanır. Makuda olduğu kimi, Çehriqdə də ölkənin hər yerindən zəvvarlar Həzrət Babın görüşünə gəlirdilər. Onlardan biri hətta dərviş paltarında Hindistandan gəlmişdi. Öz ölkəsində o şahzadə idi. O, yuxuda Həzrət Babı görərək, Onunla yalnız bir dəfə görüşmək arzusu ilə var-dövlətindən və titulundan imtina etmiş, uzaq İrana yollanmışdı. Həzrət Bab şahzadəni qəbul edib, təlimini yaymaq üçün onu geriyə, Hindistana göndərir.

İranda Həzrət Babın təlimi yayıldıqca Ona qarşı təqiblər də güclənirdi. Həzrət Babın ilk şagidləri və təliminin yüzlərcə tərəfdarı amansız işgəncələrə məruz qalmış və öldürülmüşdü. Tehran, Azərbaycan, Fars, Mazandaran əyalətlərində hərəkat iştirakçılarına divan tutulması xüsusi qəddarlıqlarla müşahidə olunurdu; başlar kəsilir, adamlar topların ağzına qoyulub atılır, yandırılır və ya tikə-tıkə doğranılırdı. Həzrət Babı saxlayıb böyütmüş və Onun Missiyasına inam gətirmiş dayısı da qətlə yetirilir. Şagirdlərinin və tərəfdarlarının kütləvi şəkildə öldürülməsi Həzrət Baba qəm-qüssə gətirirdi. Bununla belə O, Çehriq həbsxanasında Öz Vəhyinin çox hissəsini qələmə alır. O, dərk edir ki, tezliklə Onun da növbəsi çatacaqdır. Babi hərəkatının yayılmasının qarşısını almaq iqtidarında olmayan İranın hakim dairələri bu bidətin kökünü birdəfəlik kəsmək məqsədi ilə Həzrət Babı edam etmək qərarına gəlirlər.

 

 

Həzrət Babın Təlimi

HƏZRƏT BAB TƏNTƏNƏLİ şəkildə Özünü Allah Vəhyinin müstəqil daşıyıcısı və Ondan sonra gələcək daha böyük Allah Elçisinin müjdəçisi elan edir. Həzrət Bab İslamın namaz, oruc, kəbin, boşanma və vərəsəlik ilə bağlı qanun və mərasimlərinin şəklini dəyişir. Həzrət Babın yazıları olduqca cox idi. Onlardan bəziləri Quran ayələrinə şərh və təfsirlərdən, ictimai və etik baxışlar toplusundan, bəziləri isə dualardan, lövhlərdən ibarət idi. Lakin əksər yazılarında yeganə mövzu Allahın tezliklə Aşkarlayacağı Kəsin―İlahi Zühurun tərifi və təsviri təşkil edirdi. O, bildirirdi ki, Onun Missiyası Ondan sonra gələcək daha böyük Allah Elçisinin gəlişini əvvəlcədən xəbər verməkdir. Bu Böyük Allah Elçisini O, “Allahın Aşkarlayacağı Kəs” adlandırırdı. Həzrət Bab deyirdi ki, bu gələcək Allah Elçisi bütün xalqları birləşdirəcək, yerdə ədalətli və əbədi sülhü bərqərar edəcəkdir. Həzrət Bab Ondan sonra gələcək Zühur haqda yazırdı:

“Mən ancaq bu Qüdrətli Kitabın hərfiyəm və bu hüdudsuz Dəryanın damlasıyam. O zühur edəndə mənim əsl təbiətim, mənim sirlərim, müəmmalarım və eyhamlarım aşkar və anlaşılan olacaqdır... Əgər hər hansı bir şəxs Ondan bir ayə eşidərsə və onu təkrar edərsə, bu “Bəyanı” (Babın əsas Vəhy Kitabı) min dəfə oxumaqdan yaxşıdır”.

Həzrət Bab söyləyirdi ki, növbəti Peyğəmbər Onun ölümündən sonra çox tezliklə gələcəkdir. Lakin Həzrət Babın vəzifəsi təkcə Həzrət Bəhaullah təliminin (Bəhai dininin) müjdəçisi olmaqdan ibarət deyildi. Bəhai təliminə görə Həzrət Bab və Həzrət Bəhaullah, hər ikisi Bəhai dininin baniləridir. Həzrət Bəhaullahın aşağıdakı sözləri bu həqiqəti təsdiqləyir:

“Bu ali və fövqəladə Vəhyi Mənim əvvəlki Vəhyimdən ayıran qısa zaman məsafəsi bir sirrdir; belə ki, onu heç bir insan açıqlaya bilməz; o elə gizlidir ki, heç bir ağıl onu dərk edə bilməz. Onun müddəti qabaqcadan müəyyənləşdirilmişdivəheç kim onun səbəbini dərk edə bilməz, ancaq Mənim Gizli Kitabımın məzmununu anladıqdan sonra onu başa düşə bilər”.

Həzrət Babın təliminin bir hissəsini Dirilmə, Qiyamət Günü, Cənnət və Cəhənnəm məsələlərinin şərhi təşkil edirdi. O söyləyirdi ki, Dirilmə anlayışı Həqiqət Günəşinin (İlahinin) yeni Zühurudur. Ölülərin Dirilməsi―nadanlıq, etinasızlıq və cəhalət məzarlarında yatanların ruhani oyanması deməkdir. Qiyamət Günü―Yeni Zühur günüdür, Cənnət―Allahı Onun Peyğəmbəri vasitəsilə dərk etmək və sevmək səadətidir. Bununla da Cənnət insanın öz həyatı ərzindəəldə etdiyi ən böyük kamillikdir, ölümündən sonra isə İlahi Səltənətə daxil olma vəəbədi həyat hüququdur. Cəhənnəm―Allahı bu cür dərk etməkdən məhrum olmaqdır ki, bunun da nəticəsində kamilliyə nail olmaq qeyri-mümkün olur və Əbədi Mərhəmət itirilir. Həzrət Bab qətiyyətlə bildirirdi ki, bu anlayışların başqa mənası yoxdur və insanın fiziki dirilməsi, Maddi Səma və Cəhənnəm haqqında mülahizələr insan təxəyyülünün uydurmasıdır.

Həzrət Babın Yazılarında öyüd-nəsihətlər də xüsusi yer tuturdu. O, öz ardıcıllarına buyururdu ki, onlar bir-birlərinə bəslədikləri qardaş məhəbbəti və nəzakətli davranışla fərqlənməlidirlər. Onlar faydalı sənətə və peşələrə yiyələnməli, təhsil almalıdırlar. Onun təliminə görə qadınlara daha geniş azadlıq verilməli, yoxsullar ümumi xəzinədən yardım almalıdır. Lakin O dilənçiliyi, narkotik maddələrlən və spitli içkilərdən istifadəni qəti qadağan edirdi. Həzrət Bab “Bəyan” əsərində yazırdı:

“Allaha ibadət et, hətta əgər ibadətinin mükafatı atəş də olsa, sənin ibadətində heç bir dəyişiklik olmamalıdır. Əgər sən qorxudan Allaha ibadət edirsənsə, onda bu Allahın Dərgahına layiq deyil; əgər sən nəzərlərini Cənnətə dikib yalnız ora düşmək ümidi ilə ibadət edirsənsə, bu zaman sən Allahın yaratdığını Ona şərik qoşursan”.

 

 

Həzrət Babın Edamı

HƏZRƏT BAB TƏBRİZ şəhərinə gətirilir. Onu şəhərin küçələri ilə gəzdirərkən bir gənc irəli atılaraq, Onun ayaqlarına sarılır və ona Həzrət Bab ilə birgə ölməyə icazə verilməsini yalvara-yalvara xahiş edir. Bu gənc də tutulub ölümə məhkum edilir.

Həzrət Bab bu həyatdakı sonuncu gecəsini xoş əhval-ruhiyyə və sevinc içində keçirir. O, bilirdi ki, bütün çətinliklərə baxmayaraq, Onun Missiyası yerinə yetmişdir.

Edam günü Həzrət Bab həbsxanada şagirdinə son sözlərini yazdırarkən onu kobudcasına tələsdirirlər. O, üzünü zabitə tutub deyir: “Mən bu adama bildiklərimi deyib qurtarmayınca dünyanın heç bir qüvvəsi mənə mane ola bilməz”. Qəzəblənmiş zabit isə : “yalnız məndən başqa” deyib, Həzrət Babı bayıra itələyir.

Həzrət Bab Onun ölüm hökmünə imza atmış üç tanınmış din xadiminin evinə aparılır. Onların heç biri Həzrət Bab ilə görüşə çıxmır. Lazımi sənədlərə qol çəkilir və möhürlə təsdiqlənir. Həzrət Bab və Onun bir ardıcılını Təbrizin küçələrində gəzdirib meydana gətirirlər. Seyid olduğu ücün müsəlman əsgərlərinin Həzrət Baba güllə atmayacağından ehtiyat edən hökümət meydana erməni polkunu gətirdir. Həzrət Bab və şagirdini divara bağlayırlar və erməni polkunun 750 əsgəri atəş açır. Bu zaman bütün dünyanı heyrətə gətirən qəribə hadisə baş verir. Ətrafı bürümüş barıt tüstüsü dağılanda edama toplaşmış insan dənizindən bağırtı qopur; Həzrət Bab qeyb olmuşdu. Ardıcılı isə sağ-salamat idi. Həzrət Babı həbsxanada, əvvəlki yerində, yarımçıq qalmış sözlərini şagirdinə çatdıran vəziyyətdə tapırlar. Həzrət Bab Onu aparmağa gəlmiş adamlara deyir:

“Mən sözümü qurtardım, indi niyyətinizi həyata keçirə bilərsiniz”.

Bu hadisədən heyrətlənmiş erməni əsgərləri edamı davam etdirməkdən imtina edirlər. Meydana başqa polkun əsgərləri gətirilir. Bu dəfə Həzrət Bab və şagirdinin bədənini güllələr parça-parça edir. Həzrət Babın edamı 9 iyul 1850-ci ildə baş verir. Həmin gün Təbrizdə güclü qasırğa qalxır, şiddətli külək əsir, toz-duman bütün günü səmanı örtür. Cəsədlər şəhər divarlarının bayırına atılır. Lakin babilər həmin gecə cəsədləri götürüb etibarlı yerdə gizlədirlər. Cəsədlər 40 il İranın müxtəlif yerlərində gizli saxlandıqdan sonra, məxfi yollarla Fələstinə gətirilərək, Karmil dağının ətəyində dəfn olunur. Zərdüşt Peyğəmbərin “Dəsatir-Əzmani” kitabında (təqribən 2500 il əvvəl yazılıb) bu hadisələri xatırladan çox qəribə yazılar vardır. Orada deyilir:

“İran ölkəsindəki insanlar şər işlər törədən zaman, ərəblər içindən bir nəfər qiyam edəcək. Və Onun vasitəsilə onlar taxt-tacı, torpaqlarını və dinlərini itirəcəklər və məhv ediləcəklər... Ərəblərin dininin 1000 ilinin tamamında, onun ardıcılları öz dinlərini təriqətlərə parçalamaqla məhv edəcəklər və onu bu şəkildə Yaradana təqdim edəcəklər. O, bunu onlardanqəbul etməyəcək. İranlılar Müdrik insana qulaq asmayacaqlar. O, tək qalacaq və həqiqəti deyəcək. Onlar xəstələnəcək və ağılla düşünmək əvəzinə, əllərində silah Ona qarşı çıxacaqlar. İranlıların törətdiyi ən şər əməl isə Mələklər Rəbbi olan Kəsi öldürməki olacaqdır”.

Həzrət Babın edamı babilər hərəkatını nəinki zəiflətmir, əksinə, ona yeni qüvvə ilə təkan verir.İran Azərbaycanında bu hərəkata Həzrət Babın ən yaxın ardıcılı, Azərbaycanın görkəmli şairə qadını, əslən Qəzvin şəhərindən olan Qürrətül-Eyn başçılıq edirdi. O, Həzrət Baba iman gətirmiş ilk 18 nəfərdən biri idi. Qürrətül-Eyn xanım Həzrət Babın gətirdiyi yeni İlahi təlimin qaydalarına uyğun olaraq, İslam şərqində çadrasını atmış ilk müsəlman qadın idi. Bu hadisə 1848-ci ildə 81 nəfərin iştirak etdiyi babilərin Bədəşt Konfransında baş verir. Elə buradaca Həzrət Bəhaullah Qürrətül-Eyni Tahirə (mənası “Pak” deməkdir) adlandırır. Konfransda Tahirə xanım dostları qarşısında çadrasını ataraq üzü açıq halda dindaşlarına bəyan edir ki, Yeni dövrün gəlişi ilə köhnə qanunlar ləğv edilmişdir. Lakin hamı belə bir dəyişikliyə hazır deyildi, buna görə də bəziləri bu hərəkəti hiddət ilə qarşılayır. Həzrət Bəhaullahın işə qarışması nəticəsində tərəflər arasında sülh əldə edilir. Sonralar möminlərin bir qismi Həzrət Baba müraciət edərək Tahirə xanımın bu hərəkətinə öz narazılıqlarını bildirmişdilər. Həzrət Bab demişdi: “Mən onun haqqında nə deyə bilərəm, onu Qüdrətin və Nurun Dili Tahirə adlandırmışdır”. Hərəkat yatırılarkən Tahirə xanım xüsusi qəddarlıqla qətlə yetirilmişdi.

Zəncanda 1850-ci il üsyanı zamanı üsyançılar arasında Zeynəb adlı çox gənc azərbaycanlı qız da olmuşdur. Tarix elmləri doktoru, professor Zülfəli İbrahimov bu qəhrəman qız haqqında yazmışdır: “Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza “Şahnamə”nin qəhrəmanı Rüstəmin adını vermişdi. Xalq ona Rüstəmə deyirdi”. Başqa tədqiqatçı, tarix elmləri doktoru, professor Sabir Gəncəli yazır: “Şah qoşunları dəfələrlə hücüm edib Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdü”.

İllər keçəcək və təqribən 70 il sonra sovet hakimiyyəti dövründə çadranı atmaq və qadın azadlığı Azərbaycanda kütləvi hərəkata çevriləcək. Sonralar bu hərəkat İslam Şərqinin bir sıra ölkələrinə yayılacaqdır. Bakı meydanlarının birində ucaldılmış çadrasını atan “Azad qadın” heykəli Azərbaycan bəhailəri üçün Tahirə və Zeynəbin daşa həkk olunmuş arzuları idi.

Həmin vaxtlarda babilik hərəkatı Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Həzrət Bab öz Missiyasını elan etdiyi vaxt Onun ardıcıllarından biri Molla Sadiq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər Onun tərəfdarı yaranır. Rus hökuməti general Behbudovu beş min nəfərlik ordu ilə Molla Sadiq Vənəndliyə qarşı göndərir. O zaman artıq hakimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər.

Həzrət Babın edamından iki il sonra ümidsizlik və kədərdən düşüncələri tutqunlaşmış ardıcılları olan iki gənc şaha sui-qəsd edirlər. Onların istifadə etdiyi silah primitiv olduğu üçün şah yalnız yüngülcə yaralanır. Bu sui-qəsd babilərə qarşı növbəti təqib dalğasına təkan verir. Hakim dairələr sadə xalqı ölkəni babilərdən təmizləməyə yönəlmiş qisasçılıq hərəkətlərinə təhrik edirlər. Dəhşətli və amansız kütləvi talanlar zamanı minlərlə kişi, qadın və uşaq qətlə yetirilir. Həmin günlər küçələrdə qanlı səhnələrin, qətl və vəhşiliklərin təsadüfi şahidi olmamaqdan ötrü İranda bir çoxları, o cümlədən xaricilər evdən bayıra çıxmamağı üstün tuturdular. O zaman ən görkəmli babilərdən biri, sonralar Həzrət Bəhaullah adı ilə tanınmış şəxs də zindana atılır.

Anchor 4

 

Bəhaullah―Allahın Nuru

“BƏHAULLAH” ƏRƏB DİLİNDƏ “Allahın Nuru, Cəlalı” mənasını bildirir. Bəhaullah adını qəbul etmiş bu şəxsin əsl adı Mirzə Hüseyn Əli idi. O, 1817-ci il noyabrın 12-də Tehranın ən adlı-sanlı, varlı ailələrinin birində dünyaya göz açmışdı. Onun atası şah sarayının baş vəziri idi. Uşaqlıqda Hüseyn Əli var-dövlət, rahatçılıq, sərvət içində böyüyürdü. Atasının ölkənin müxtəlif yerlərində zəngin mülkləri var idi. O dövrün zadəgan ailələrindən olan başqa iranlı gənclər kimi Həzrət Bəhaullah İslamın əsaslarını, İran ədəbiyyatını və poeziyasını, həmçinin xəttatlığı dərindən mənimsəmişdi. Həzrət Bab kimi, Həzrət Bəhaullah da müəllimlərindən öyrənmədiyi və kitablardan oxumadığı qeyri-adi biliyə sahib idi. Onun biliyinin dərinliyi və genişliyi, güclü məntiqi adamları heyran edirdi. Bir dəfə yeddi yaşında ikən sarayda mülkiyyət mübahisələrində atasını əvəz etmiş və işi udmuşdu.

Qeyri-adi qabliyyəti Onda hədsiz qürur yaratmırdı. Əksinə, O sadə, şən, xeyirxah və mehriban uşaq kimi böyüyürdü. Onun tələbləri çox sadə idi. O, təbiəti, quşları, ağacları, çiçəkləri, heyvanları sevir, sarayda deyil, şəhərdən kənarda, təbiətin qoynunda yaşamağa üstünlük verirdi. Valideynlərinin Ona verdiyi pulları əyləncələrə deyil, yoxsullara və ehtiyacı olanlara xərcləyirdi. Dövrünün adət-ənənəsinə uyğun olaraq Hüseyn Əli çox erkən evlənmişdi. Onun ömür yoldaşı da çox varlı ailədən olmasına baxmayaraq, sadə tələblərə malik idi. Onlar bir yerdə ömür sürür və ağır həyat şəraitinə sahib insanların vəziyyətini yaxşılaşdırmaq naminə birgə çalışırdılar. Onların evlərini qapısı həmişə yeməyə, sığınacağa və köməyə ehtiyacı olanların üzünə açıq idi. Onları “yoxsulların valideyni” adlandırırdılar. Atası vəfat edəndə Həzrət Bəhaullaha sarayda onun vəzifəsini tutmaq təklif edilir, lakin O, bundan imtina edir.

Həzrət Bab Öz Missiyasını bəyan edəndən 3 ay sonra, yəni 1844-jü ilin yayında Molla Hüseyn Tehrana Həzrət Babın müraciətindən ibarət yazı gətirir və nəzarət edir ki, bu bağlama Həzrət Bəhaullahın əlinə keçsin. Həzrət Bəhaullah müraciəti oxuyub Həzrət Baba iman gətirir və Onun ən fəal ardıcılı olur. O vaxt Onun iyirmi yeddi yaşı vardı. Həzrət Bəhaullah Həzrət Bab ilə heç vaxt şəxsən görüşməmişdi, lakin Onunla daim məktubla əlaqə saxlayır, təlimini bütün qəlbi ilə müdafiə edir və onu yaymağa çalışırdı. Nəticədə O, maraqları mənsub olduğu zümrənin maraqlarına zidd gələn və hələ az tanınmış hərəkatın sıralarına qoşulur.

Həzrət Bab həbsxanada olarkən Həzrət Bəhaullah Onun təqib olunan tərəfdarlarına hər cür köməklik göstərirdi. O, Özü iki dəfə həbs edilir, hətta bir dəfə həmfikirlərini zərbə altından çıxarmaqdan ötrü fanatik kütlənin qəzəbini Öz üzərinə yönəldir. Dəfələrlə döyülməsinə və daşlanmasına baxmayaq, Həzrət Bəhaullah qorxmadan, yorulmadan babiləri müdafiə edir, yeri gələndə onlara yardım göstərir və dəyərli məsləhətlər verirdi. Həzrət Bab vaxtının bitdiyini hiss edən kimi Öz möhürünü, Yazılarını və qələmini Həzrət Bəhaullaha göndərir. Məhz Həzrət Bəhaullahın göstərişi ilə Həzrət Babın cəsədinin qalıqları Təbrizdən Tehrana gətirilir və etibarlı yerdə gizlədilir.

Şaha sui-qəsd edilən vaxt Həzrət Bəhaullah böyük vəzirin qonağı idi. Ona baş çəkməyə gələn dostları həyəcan yatana kimi gizlənməyi məsləhət görürlər. Lakin Həzrət Bəhaullah bu təklifdən imtina edir. Bunun əvəzinə Onu tutub zindana salmaq əmrini almış hərbi hissənin yerləşdiyi yerə gedir. Hərbi hissədə Onun üst paltarını soyundurub, əllərinə və ayaqlarına qandal vururlar. Sonra ayaqyalın, başıaçıq, günortanın qızmar günəşi altında Onu Tehran həbsxanasına aparırlar. Küçəboyu toplanmış adamlar Onu təhqir edir, üstünə daş atırdılar. Nümayişə çatıb, Ona daş atmaq istəyən qoca qarıya imkan yaratmaq üçün Həzrət Bəhaullah keşikçi dəstəsindən addımları zəiflətməyi xahiş edir: “Bu qoca qadını məyus etməyin. Ona savab saydığı işi görməkdə mane olmayın”.

Həzrət Bəhaullahın salındığı Siyah-Çal həbsxanası əvvəlcə şəhərin ictimai hamamlarından birinin su anbarı kimi inşa edilmişdi. Onu qatı qaranlıq dəhliz ilə aparıb nərdivanla dəlikdən quyuya salırlar. Düşdüyü yer qaranlıq, nəm və hər cür həşərat və gəmircilərlə dolu idi. Yüz əlli adam, tamamilə çılpaq halda, yataqsız, nəm yerdə sıxlaşıb oturmuşdular. Bunların böyük əksəriyyəti qatillər, oğru və quldurlar idi. İçərisində Həzrət Bəhaullah olmaqla babilərdən ibarət dəstənin üzvləri isə divara zəncirlənmişdilər. Həzrət Bəhaullahın ayaqlarına kündə keçirilmiş, çiyinlərindən ağır zəncir asılmışdı; O, nə ayağa qalxa, nə də uzana bilirdi. Bu zəncirlər Onu dəhşətli şəkildə əzdiyi üçün izləri ömrünün sonununa qədər bədənində qalmışdı. Məhbuslara üç gün nə yemək, nə də su verirlər. Nəhayət dördüncü gün yemək verilir, lakin onun zəhərli olduğu aşkar olur. Həzrət Bəhaullahın ali zümrə içərisində böyük hörməti və nüfuzu olduğu üçün hakim dairələr Onu edam etməyə cəsarət etmirlər. Keşikçilər hər gün babilərdən kimisə ya işgəncəyə, ya da edama aparırdılar. Hər dəfə növbəti adam edama aparılanda o, Həzrət Bəhaullaha müraciət edib Ondan xeyir-dua alır, sonra böyük şadyanalıq və fərəhlə ölümün görüşünə tələsirdi. Həzrət Bəhaullah bacardığı qədər məhbusları sakitləşdirər və onlara təskinlik verərdi.

Siyah-Çal həbsxanasında Həzrət Bəhaullah Onun gəlişini Həzrət Babın öncədən xəbər verdiyi “Allahın Aşkarlayacağı Kəs” olduğunu izah edən möcüzəli hadisənin şahidi olur. İlk dəfə məhz burada Həzrət Bəhaullah Vəhy hadisəsi ilə üzləşir. Sonralar Həzrət Bəhaullah bu hadisəni belə xatırlayırdı: 

“Ta” torpağında (Tehranda) həbsxanada olduğumuz zaman daimi əziyyətlər və dəhşətli qoxulardan çox az yatırdıq. Arabir yuxuya gedəndə hiss edirdik ki, başımızın üstündən sinəmizə nəsə axır. Sanki uca bir dağın zirvəsindən böyük bir şəlalə yerə tökülürdü. Bu səbəbdən elə bil bütün əzalarım od tutub yanırdı. O anlarda dilimizdə elə sözlər səslənirdi ki, heç kəsin onları eşitməyə qüdrəti çatmazdı”.

Bu epizod haqqında Həzrət Bəhaullah həyatının son dövrlərinə aid edilən şaha ünvanlanmış məktubunda yazmışdır:

“Ey şah! Mən bəndələrdən biri idim və Öz yatağımda yatmışdım. Birdən Sübhanın nəsimləri Mənim üzərimə əsdi və Mənə bütün şeylərin elmini öyrətdi. Bu, Mənim tərəfimdən deyil, yox, Qüdrətli və hər şeyi Bilən Kəs tərəfindəndir. O, Mənə yerlə göy arasında Öz nidamı ucaltmağı əmr etdi. Bunun nəticəsində Mənim başıma elə işlər gəldi ki, ariflər onları görüb göz yaşı tökdülər”.

Həzrət Bəhaullahı həbsxanaya salmış şəxslər onun şaha sui-qəsddəəli olduğunu sübut edən dəlillər tapa bilmirlər. Şah sarayındakı rus səfiri də öz nüfuzundan istifadə edərək Həzrət Bəhaullahın azad edilməsinə çalışır və ona Rusiyada yaşamaq üçün sığınacaq təklif edir. Bir müddət tərəddüd etdikdən sonra şah Həzrət Bəhaullahın həbsdən azad edilməsinə razı olur. Beləliklə, 1852-ci ilin dekabrında Həzrət Bəhaullahın dəhşətli Siyah-Çal qalasındakı məhbusluğu sona yetir. Lakin məhz bu yeraltı “zülmətə bürünmüş, üfunət verən, soyuqdan və rütubətdən donmuş” məhbəsdə Ona Allahdan Vəhy gəlmişdir.

Həzrət Bəhaullah bütün var-dövlətindən məhrum edilir və bir ay ərzində ailəsi ilə birlikdə İranı tərk etmək əmrini alır. Şəxsi əşyaları əlindən alınmış və uzaq səfərə hazırlıq görməyə imkan tapmamış Həzrət Bəhaullah yola çıxmaq məcburiyyətində qalır. Həmin il qış qarlı və şaxtalı keçirdi. Səfərə çıxanda Həzrət Bəhaullahın ömür yoldaşı Nəvvab xanım hamiləliyin yeddinci ayında idi. Siyah-Çal həbsxanasından sonra Həzrət Bəhaullah Özü də xəstələnmiş və zəif düşmüşdü. Bağdada səfər üç ay çəkir. Səfər qarlı-boranlı dağlardan keçirdi. Dağların qoynuna dolanan yollar dar, sürüşkən və təhlükəli idi. Ailə gecəni dar sığınacaqlarda keçirir, bütün vaxtı ərzaq çatışmazlığından və yuxusuzluqdan əziyyət çəkirdi. Uşaqlara yemək almaqdan ötrü Nəvvab xanım paltarlarının gümüş düymələrini satmağa məcbur olur.

 

 

İraqda Sürgündə

HƏZRƏT BƏHAULLAH 1853-CÜ il aprelin 8-də əldən düşmüş və xəstə halda Bağdada çatır. Bir çoxları Onun yolun ağırlığına tab gətirəcəyinə və ya mənzil başına gəlib çatdıqdan sonra sağ qalacağına ümid etmirdilər. Lakin bir müddət sonra O, Özünə gəlir.

Həzrət Bəhaullah İraqda on il yaşayır. Tezliklə, Onun nüfuzu İraqda başsız qalmış, ümidini itirmiş və düşgün düşmüş babi icmasında hiss olunmağa başlayır. Bununla belə, Onun artan təsirinin doğma qardaşında yaratdığı qısqanclığın babilər arasında fikir ayrılığına və münaqişəyə səbəb olacağından ehtiyat edən Həzrət Bəhaullah Bağdadı tərk etmək məcburiyyətində qalır. Bağdada gəlişindən bir il sonra O bir gecə şəhərdən gedir.

Sonrakı iki ili O, Kürdüstan dağlarında zahid kimi yaşayır. Məğrur və döyüşkən xalq kimi tanınan kürdlər iranlılara qarşı xüsusi düşmənlikləri ilə seçilirdilər. Tərki-dünyalığına baxmayaraq, Həzrət Bəhaullah çox az vaxtda Özünün xeyirxahlığı və hikməti ilə onların arasında şöhrət qazanır. Diyarın alim adamları Onunla görüşməyə can atır; O, təkcə tanınmış şəxslərin deyil, sadə insanların da sevimlisi olur. Tezliklə, Kürdüstan dağlarında yaşayan müdrik və müqəddəs şəxsin şöhrəti haqqındakı söhbətlər uzaq Bağdada çatır. Həzrət Bəhaullahın ailəsi qeyri-adi zahid haqqında eşidən kimi Onun kim olduğunu başa düşürlər və onun arxasınca qayıtmaq xahişi ilə çapar göndərirlər. Həzrət Bəhaullah xahişi qəbul edir və səfərinin ikinci ilinin (19 mart 1856-ci il) tamamında Bağdada qayıdır.

Həzrət Bəhaullahın olmadığı dövr ərzində babi icmasında vəziyyət pisliyə doğru dəyişmişdi. Növbəti yeddi ili O, babilərin tərbiyəsinə və onlara təliminin əsaslarını öyrətməyə sərf edir. Öyüd-nəsihətləri və öz şəxsi nümunəsi vasitəsi ilə O, babi icmasında dəyişikliklərə nail olur. Bununla da O, hərəkatın möhkəmliyini və onun təmizliyini təmin etmək qabiliyyəti olan yeganə adam olduğunu sübut edir.

Bağdad şəhəri o zaman babiləri möhkəm xarakterli, həqiqi həyat motivlərinə malik insanlar kimi yadda saxlamışdır. Həzrət Bəhaullah və Onun ardıcılları sadə və asketik həyat sürürdü. Onların maddi imkanları məhdud, lakin həyatları sevinclə dolu idi. Həzrət Bəhaullaha dağlarda baş çəkən kürd mistikləri və din xadimləri indi də Bağdadda Onun yanına gəlməyə başlamışdılar. Bəzi yerli din xadimləri də maraqlanaraq Onunla görüşməyə can atır, mistiklər, şairlər, hökumət məmurları, şahzadələr Onunla tanış olmağa cəhd edirdilər. Onlardan bir çoxları Onun ardıcıllarına çevrilirlər.

Xəstələr və əzabkeşlər Onun yanına gəlir, ədalət axtaranlar qapısı qarşısında toplaşırdılar. Onlar arasında müsəlmanlarla yanaşı xristian və yəhudilər də var idi. Bağdad şəhərində Allah ayələri Həzrət Bəhaullahın qələmindən axıb süzülürdü. Onun əsas ilahiyyət əsəri olan “Kitabi-İqan” iki gün və iki gecə ərzində yazılmışdı. Bağdadda O, həcmcə kicik, lakin çox cəlbedici ruhani dərslik olan “Kəliməti-Məknunə” ni, həmçinin sufi mistiklərinə cavab kimi düşünülmüş “Yeddi vadi və dörd vadi” mistik əsərini yazmışdır.

Həzrət Bəhaullahın artmaqda olan təsirinə qısqanan Bağdad müsəlmanlarının bir qrup lideri İran şahının razılığı ilə Onu gözdən salmağa çalışırlar. Onlar ondan hamının təsdiq edəcəyi möcüzəni göstərməyi tələb edirlər. Həzrət Bəhaullah onların arzuladığı istənilən möcüzəni göstərməyə hazır olduğunu bildirir. Lakin üləmalar öz aralarında razılığa gələ bilmədikləri üçün Həzrət Bəhaullahın çağırışı cavabsız qalır.

Həzrət Bəhaullahın artan nüfuzundan qorxuya düşən İranın Bağdaddakı konsulu Onun şəhərdən uzaqlaşdırılması üçün cəhdlər göstərməyə başlayır. O, öz məqsədinə çatır. Həzrət Bəhaullaha heyran olmuş və Onun sürgün edilməsi göstərişinə məhəl qoymayan Bağdadın qubernatoru, altıncı dəfə tərəddüddən sonra göstərişə tabe olraq Həzrət Bəhaullaha Osmanlı imperatorunun Onun İstanbula köçürülməsi əmrini elan edir.

Həzrət Bəhaullahın köçürülməsi xəbəri Bağdadda əhalinin hiddətinə səbəb olur. Onun yola düşməsi xəbərindən kədərlənib ağlayan yüzlərcə insan evinin ətrafına toplaşırlar. Nəhayət, bura o qədər insan yığılır ki, Həzrət Bəhaullah çayın o biri sahilindəki bağa köçməyə məcbur olur. Öz ardıcıllarını ruhlandıraraq və onlara ilham verərək O, orada on iki gün qalır. Həzrət Bəhaullah Öz Missiyası haqqında heç vaxt heç kimə heç nə deməsə də, Onun məhz Həzrət Babın öncədən xəbər verdiyi Kəs olduğunu bəziləri əvvəllər də intuitiv olaraq hiss etmişdilər. Yalnız burada, Rizvan bağında O, Öz ardıcılları qarşısında rəsmi şəkildə bəyan edir ki, məhz O, “Allahın aşkarlayajağı Kəs”, İlahi Zühur, Allahın bəşəriyyətə göndərdiyi Peyğəmbərdir. Bu xəbər onların böyük kədərini sevincə çevirir. Həzrət Bəhaullahın bütün Dinlərin Vəd etdiyi Kəs olması, Onun gətirdiyi Dinin bütün Bəşəriyyət üçün qabaqcadan təyin edilməsi və Yeni Günün tarix üfüqündə ucalacağının elan edilməsi on iki gün ərzində, yəni 1863-cü il aprelin 21-dən mayın 2-ə kimi davam edir.

Bu günlər tarixə hər il bəhailərin ən müqəddəs və əhəmiyyətli bayram kimi qeyd etdikləri Rizvan bayramı adı ilə daxil olmuşdur. Bəhailər bu bayramın birinci, üçüncü və doqquzuncu günlərini qeyd edirlər.

Quran-i-Kərimdə Həzrət Bəhaullahın İlahi Zühuruna dair çoxlu sayda müjdə ayələr vardır. Lakin aşağıdakı ayə daha çox heyranedicidir.

“Yer öz Rəbbinin Nuru ilə işıqlanacaq, kitab qoyulacaq, onlar arasında ədalətlə hökm olunacaq” (Əz-Zumər,69).

 

 

İstanbula Sürgün

HƏZRƏT BƏHAULLAHIN İSTANBULA səfəri təntənəli yürüşə bənzəyirdi. Onun keçdiyi şəhər və kəndlərin hakimiyyət nümayəndələri Onu ehtiramla qarşılayırdılar.

İstanbuldakı İran səfiri öz hökümətindən əhalini Həzrət Bəhaullaha qarşı qaldırmaq göstərişini alır. Səfir Həzrət Bəhaullahı İslam qanunlarına hörmət qoymayan və Osmanlı imperiyasını məhv etməyə çalışan şəxs kimi qələmə verməyə çalışır.

Həzrət Bəhaullah artıq dörd ay idi ki İstanbulda yaşayırdı. Bu zaman İran və Osmanlı hökmdarları Onun növbəti sürgünü haqqında razılığa gəlirlər. O, dərhal Ədirnəyə köçmək əmrini alır.

Dekabr ayı idi. Qış hətta yaşlı adamların yadına gəlmədiyi şaxtalı şəraitdə keçirdi. Həzrət Bəhaullah və yol yoldaşları kifayət qədər azuqə ehtiyatı götürmədən səfərə çıxmaq məcburiyyətində qalırlar. Onlar yağışın və küləyin altında yeldöyən açıq yerlərdən keçərək gedirdilər. Səfər on iki gün çəkir, onlar bəzən gecələr də yol gedərək tamamiləəldən düşmüş halda Ədirnəyə çatırlar. Ədirnədə Həzrət Bəhaullah beş il yaşayır. Ona qarşı heç bir ittihamnamə irəli sürülmədiyi halda, O, bu dəfə Osmanlı sultanının məhbusu vəziyyətində idi.

Ədirnədə Bəhai dini Həzrət Bəhaullahın qardaşı Mirzə Yəhya və Seyid Məhəmməd adlı bir nəfərin təqsiri üzündən ciddi daxili böhran keşirir. Mirzə Yəhya hələ Bağdad və İstanbulda ikən Həzrət Bəhaullahı gözü götürmürdü. Paxıllıq hissi onu içindən elə yandırırdı ki, o, Həzrət Bəhaullahın yeməyinə zəhər qatmaqla Onu öldürmək qərarına gəlir. Zəhər Həzrət Bəhaullaha güclü iztirablar gətirir. Bu sui-qəsdin təsirini O, həyatının son günlərinə kimi hiss edir.

Ədirnədə olarkən Həzrət Bəhaullah hökmdarlara, bütün dünya hökumətlərinin başçılarına və din rəhbərlərinə Öz Missiyasının formal izahını verməklə müraciət edir. Ədirnədə və sonralar Əkkada O, Avropa hökmdarlarına məktub yazaraq, onları Yeni Dini tanımağa çağırmışdır. O, onlara həmçinin aralarındakı çəkişmələrə son qoymağı, tərki-silah olmağı və öz xalqlarının qayğısına qalmağı məsləhət bilmişdir.

Həzrət Bəhaullah ingilis kraliçası Viktoriyaya ünvanlanmış məktubunda yazırdı:

“Allah bütün dünyanı sağaltmaqdan ötrü ali vasitə və güclü alət hazırlamışdır, bu bütün xalqların bir ümümdünya Əmrində İttifaqı, bir ümumi Dindir. Bacarıqlı, Qüdrətli və İlhamverici Loğmanın vasitəçiliyi olmadan ona çatmaq mümkün deyildir”.

Deyilənə görə kraliça Viktoriya müraciəti oxuduqdan sonra bu sözləri demişdir: “Əgər bu doğrudan da Allahdandırsa, yaşayacaqdır. Yox, əgər Allahdan deyilsə, ondan elə bir ziyan dəyməz”.

Həzrət Bəhaullaha Tehran həbsxanası Siyah-Çalda əyan olmuş, lakin haqqında 10 il heç kimə deyilmədiyi Missiyasının məqsədi 1863-cü ildə Bağdad yaxınlığındakı Rizvan bağında açıq şəkildə elan edilmişdir. İndi, yəni 1868-ci ildə bu dünya hökmdarlarının hamısına və hər birinə ayrılıqda çatdırılırdı. Həzrət Bəhaullahın məktubunu III Napaleon, rus çarı II Aleksandr, Prusiya hökmdarı I Vilhelm, Avstriya Hökmdarı Frans-İosif, Papa IX Piy, Türkiyə sultanı və İran şahı alırlar.

Məhz Ədirnə dövründə Bəhai Dininin ardıcılları arasında “Allahu-Əbha” (Allah nurlulardan Nurludur) salamlama adəti yaranır və Həzrət Bəhaullaha inam gətirənlər özlərini “bəhai” adlandırmağa başlayırlar. Dinin bu mərhələsində İran və İraqdakı bəhailərin təqiblərə məruz qalmasına və kütləvi şəkildə məhv edilməsinə baxmayaraq, hərəkat genişlənməkdə davam edirdi. Bəzi bəhailər Həzrət Bəhaullahı görmək ümüdi ilə İran və İraqdan Ədirnəyə səfərlər edirdilər.

Osmanlı dövlətinin Ədirnədəki nümayəndəsinin Həzrət Bəhaullaha ehtiramla yanaşması bu şəhərdəki İran konsulunu qıcıqlandırırdı. Konsul, həmçinin Mirzə Yəhya və Seyid Məhəmməd Həzrət Bəhaullahın növbəti sürgününə çalışırdılar. Onlar İstanbula yalan məlumatlar göndərir, Həzrət Bəhaullahın Osmanlı imperiyasını məhv etmək istəyində olduğunu iddia edirdilər.

Həzrət Bəhaullaha böyük hörmətlə yanaşan Ədirnə qubernatoru bir neçə dəfə yazılı şəkildə bu ittihamları rədd edir. Lakin mərkəzi hökumət son nəticədə Onun sürgün edilməsi haqqında göstəriş verir.

Bir səhər Həzrət Bəhaullahın evini əsgərlər mühasirəyə alırlar. Şəhər sakinləri, müsəlmanlar və xristianlar göstərişi eşitməkdən ötrü küçələrə çıxırlar. Bir neçə ölkənin konsulu öz havadarlığını təklif edirlər, lakin Həzrət Bəhaullah onların köməyini qəbul etmir.

 

 

Əkkaya Sürgün

ƏSGƏRLƏRIN MÜŞAYƏTİ İLƏ sürgün edilənlər Ədirnədən Qallipola (Türkiyə) gətirilirlər. Onlar nə aparıldıqları yer, nə də özlərinin gələcək taleləri haqqında heç nə bilmirdilər. Qallipolda Həzrət Bəhaullah və ardıcıllarının çox hissəsi, o cümlədən Mirzə Yəhyanın bir neçə ardıcılı Əkka şəhərində məhbəsə, Mirzə Yəhyanın isə Həzrət Bəhaullahın dörd ardıcılı ilə Kipr adasına sürgünə göndərildiyi elan edilir.

Qallipoldan yola düşmək ərəfəsində Həzrət Bəhaullah dostlarına qarşıdakı yolun çox çətin, hətta əvvəlkilərdən də qat-qat ağır olacağını xəbərdarlıq edir. O, həmçinin deyir ki, bu yolu qət etmək üçün kim özündə kifayət qədər güc hiss etmirsə, qoy Onu indidən tərk etsin, çünki sonra geriyə çəkilmək gec olacaqdır. Lakin heç kim Onu tərk etmir.

Əkka şəhəri Osmanlı imperiyasının ucqarında məhbəs kimi istifadə olunan yer idi. Bura ölkənin hər yerindən ən qəddar caniləri sürgün edirdilər. Əkkanın suyu və havası çirkli, ərazisi isə yoluxucu xəstəliklər və zərərli həşaratlarla dolu idi. Əkka haqqında deyirdilər ki, bu şəhərin havası o qədər üfunətlidir ki, quş üstündən uçanda yerə ölü düşür.

Əkkaya dəniz yolu məhrumiyyətlərlə dolu idi. Əkkaya 31 avqust 1868-ci ildə çatan məhbuslar bəhailərin dinsiz və qədar cinayətkar olması xəbərini eşidib qəzəblənmiş yerli əhali ilə üzləşirlər. Küçələrə çıxmış insanlar onları daşa basaraq, nalayiq sözlərlə təhqir edir və üstlərinə tüpürürdülər.

Şəhər məscidinin qarşısında Həzrət Bəhaullah və Onun yoldaşlarının ömürlük sürgünə məhkum edilməsi haqqında sultanın əmri oxunur. Əmrdə yerli əhaliyə onlarla hər hansı bir formada əlaqə saxlamaq qadağan edilirdi. Əkkada məhbəs rejimi çox ağır idi. Bəhailərə öz aralarında və xarici aləmlə ünsiyyət saxlamağa icazə verilmirdi. Həzrət Bəhaullah çirkli, yağış və küləyin içəri dolduğu pəncərəsiz kamerada yerləşdirilir, qalanlarını isə qonşu kameralara salırlar. Birinci gecə onlara nə yemək, nə də su verilir. İki nəfərdən başqa məhbusların hamısı malyariya və dizenteriyaya tutulur, üç nəfər isə xəstəlikdən ölür.

İran və başqa ölkələrin bəhailəri Həzrət Bəhaullahın təzə sürgün yerindən, Onun, ümumiyyətlə, sağ qalmasından və ya həlak olmasından xəbərsiz idilər. Həzrət Bəhaullah haqqında xəbərlər onlara çatanda bir çoxları Əkkaya yollanırlar. İlk vaxtlar onlar şəhərə girə bilmirdilər və Həzrət Bəhaullahı həbsxana pəncərəsində bir an da olsa görmək ümidi ilə saatlarla qala divarlarının bayırında dururdular. Bəziləri özləri ilə dibçəklərdə bitki gətirirdilər. Səhradan keçərkən özlərinə suyu qıymayıb bitkiləri suvarırdılar. Əkka şəhərinin ətrafında bu bitkilərdən ibarət bağlar salınırdı.

Əkka həbsxanasında Həzrət Bəhaullahın ikinci oğlu Mirzə Mehdi həlak olur. O, həbsxananın damından yıxılaraq, zədədən ölür. Son nəfəsində Atasından xahişi o olur ki, onun ölümü Həzrət Bəhaullahı görmək həsrətində olanların əziyyətinin əvəzi kimi qəbul edilsin.

Bir neçə aydan sonra həbsxananın kameraları türk hərbi hissələrinin yerləşdirilməsi üçün lazım olur. Məhbuslar oradan çıxarılıb şəhər evlərinin birində yerləşdirilirlər. Onlar burada da darısqal şəraitdə yaşamağa məcbur olurlar. Öncə Bağdad, İstanbul, Ədirnədə baş verənlər tədricən Əkkada da baş verir; həbsxananın rəisi, şəhərin hakim dairələri, sadə şəhərlilər və digər sürgünə məhkum olunmuşlar Həzrət Bəhaullahın təqsirsizliyini və Onun müstəsna şəxsiyyət olmasını dərk edirlər. Ailənin təsərrüfat qayğılarını Öz üzərinə götürmüş Həzrət Bəhaullahıın böyük oğlu Həzrət Əbdül-Bəha şəhərlilərin ehtiram və məhəbbətini qazanır. Həbsxananın rəisi öz oğlunu Həzrət Bəhaullahın yanına göndərir və düşünür ki, bu onun təlim-tərbiyəsi üçün faydalı olar. Həzrət Bəhaullahı görməyə gəlmiş qubernator Ona hansısa xidməti göstərmək arzusunda olduğunu söyləyir. Cavabında Həzrət Bəhaullah şəhərin su kəmərini bərpa etməyi ondan xahiş edir. Həzrət Bəhaullahın Əkkada məhbusluğunun doqquzuncu ili sultanın sürgün rejimi haqqında göstərişi əslində həbsxana və şəhər rəhbərliyi tərəfindən tamamilə unudulur.

Həzrət Əbdül-Bəha atası üçün şəhər kənarında böyük olmayan, lakin rahat bir evi kirayə edir. On il ərzində nə bir ağac, nə bir ot görməyən təbiət aşiqi olan Həzrət Bəhaullah oraya köçür. İki il sonra Həzrət Əbdül-Bəha Bəhjidə ev alır və Həzrət Bəhaullahın yerdəki həyatının son on üç ili burada keçir.

Həzrət Əbdül-Bəha bütün cari işləri öz üzərinə götürdüyü üçün Həzrət Bəhaullah büsbütün Öz yazılarına qapılır. O, nadir hallarda şəxsən kiminləsə görüşürdü, lakin Onun təsiri hər yerdə hiss olunurdu. Əyalətin hakim dairələri Onun hakimiyyətinə və nüfuzuna qibtə ilə yanaşırdılar.

Kembric universitetinin tanınmış şərqşünas alimi professor E.Q.Braun Bəhjidə beş gün olmuş və Həzrət Bəhaullah ilə görüşü haqqında aşağıdakı xatirələrini yazmışdır:

“Küncdə, divara yaxın qoyulmuş divanda qəribə ahıl adam oturmuşdu. Mənim gözlərim qarşısında dayanmış O Kəsin üzünü mən heç zaman unuda bilmərəm, hərçənd ki, Onu təsvir etmək gücünə də qadir deyiləm. Bu bəsirətli gözlər sanki insanın qəlbini oxuyurdu; Onun hündür alnı qüvvət və hakimiyyət nuru saçırdı. Kimin qarşısında olduğumu soruşmağa artıq ehtiyac yox idi. Kralların qibtə etdikləri, imperatorların nahaq yerə içlərini çəkdikləri, belə məhəbbət və ehtiram mərkəzinə çevrilmiş Kəs qarşısında mən baş əydim. Mülayim, ləyaqətlə ifa edilmiş səs məni oturmağa dəvət edərək, bunun ardınca dedi: “Allaha şükr olsun ki, sən gəldin! Sən məhbusu və sürgün olunmuşu görməyə gəldin... Dünyaya firavanlıq və xalqlara xoşbəxtlikdən başqa Biz heç nə arzulamırıq; bununla belə Bizi ədavət qızışdırıcıları və ağılları qarışdıranlar sayıb, qandala və sürgünə layiq görürlər... Əgər bütün millətlər bir din ətrafında birləşərsə və bəşər oğulları bir-birinə qardaş olarsa, insanlar arasında bir-birinə bağlılıq və birlik yolları möhkəmlənərsə, dini və irqi ayrı-seçkilik ləğv edilərsə, burada zərərli nə var ki? Onsuz da bu baş verəcəkdir: mənasız çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaqdır və böyük Sülh bərqərar olacaqdır... Avropada sizə lazım olan bu deyilmi? İsa Məsih məgər bunu demirdimi? Axı Biz görürük, sizin hökmdarlar bəşəriyyətə xoşbəxtlik gətirə biləcək sərvətlərini insan nəslini məhv edəcək vasitələrin yaradılmasına səxavətlə sərf edirlər... Bu çəkişmələr və qırğınlar, bu ixtilaflar kəsiləcəkdir və bütün insanlar bir böyük ailə olacaqlar... İnsanlar təkcə öz vətənlərini sevməklə deyil, bütün dünyanı sevməklə fəxr etməlidirlə”.

Həyatının son illərində Həzrət Bəhaullah dörd dəfə Hayfa şəhərində olmuş və Kərmil dağının ətəklərində Öz çadırını qurmuşdur. O, Həzrət Əbdül-Bəhaya Həzrət Babın məzarını yerləşdirməkdən ötrü qayalı yamacda yer göstərmişdir. Bu gün həmin yamacda ağaclar çiçək açır, yaşıl otlar boy atır, kiparislərin kölgəli sırası Həzrət Bab və Onun gənc dostunun dəfn olunduğu ağ mərmərdən tikilmiş binanı əhatə edir.

Həzrət Bəhaullah 40 il məhbəs və sürgün həyatını yaşadıqdan sonra 29 mart 1892-ci ildə Öz dünyasını dəyişir. İyirmi dörd il əvvəl məhbusların gəlişini xəbərdarlıq edən Əkkanın kilsə zəngləri indi Onun getdiyini car çəkirdi. Çoxlu insan Həzrət Bəhaullahın Bəhcidəki evinə gələrək acı-acı ağlayırdı. Yeddi gün ərzində şəhərin tanınmış adamları və başçıları təşrif buyuraraq, öz son ehtiramlarını verirdilər. Sultana aşağıdakı məzmunda teleqram göndərilir: “Bəhanın günəşi qürub etdi!”

Sonralar Əmrin Mühafizi Həzrət Şövqi Əfəndi yeni dünya dininin birinci yüzilliyinə həsr etdiyi xülasəsində bu cür yazmışdır: “Həzrət Bəhaullahın süud etməsi ilə dünyanın din tarixində bir çox cəhətlərinə görə analoqu olmayan dövr başa çatır. Nə özünün yüksəkliyinə, nə səmərəliyinə, nə də müddətinə görə dünyanın əvvəlki dinləri arasında bərabəri olmayan dövr qurtardı”.

 

 

Həzrət Əbdül-Bəha

HƏZRƏT BƏHAULLAHIN BÖYÜK oğlu Həzrət Əbdül-Bəha (əsl adı Abbas Əfəndi) 1844-cü il mayın 23-də, Həzrət Babın Molla Hüseynə Öz Missiyasını açıqladığı həmin gecə anadan olmuşdur. Həzrət Bəhaullah Siyah-Çal həbsxanasına salınanda Həzrət Əbdül-Bəhanın səkkiz yaşı vardı. Həmin gecə qaragüruh onların yaşadığı evi mühasirə etdiyi üçün başqa yerdə gizlənməyə məcbur olurlar. Həzrət Əbdül-Bəha valideynlərini sürgündə də müşayət edirdi və Həzrət Bəhaullahın Rizvan bağındakı bəyanatından doqquz il əvvəl atasının Missiyası Ona məlum idi. Bu zaman Onun cəmi doqquz yaşı vardı.

Həzrət Bəhaullahın Bağdadı tərk edib, Kürdistan dağlarına yollanması Həzrət Əbdül-Bəhanın böyük kədərinə səbəb olur. Onun olmadığı iki il ərzində Həzrət Əbdül-Bəha Həzrət Babın Yazılarındakı mətnləri köçürmək və öyrənməklə məşğul olur. Atasının geriyə qayıtması Ona böyük sevinc gətirir və o zamandan etibarən Həzrət Əbdül-Bəha Onun ən yaxın dostu və köməkçisi olur. Həzrət Əbdül-Bəhanın rəsmi təhsili yox idi. Bütün bildiklərini O, Həzrət Bəhaullahdan öyrənmişdi. O da atası kimi təbiəti, kənd həyatını və at sürməyi çox sevirdi.

İstanbula səfər zamanı Həzrət Əbdül-Bəha sürgünə göndərilənlərin ərzaq və yataqla təmin edilməsi məsələləri ilə məşğul olur, gecələr isə atasının çadırını qoruyurdu. Ədirnədə O, Həzrət Bəhaullahın bütün cari işlərini tədricən Öz əlinə alır. Hamı Onu “Ağa” deyə çağırırdı. Bu titulu Ona Həzrət Bəhaullah vermişdi. Atasının süudundan sonra O, özünü sadəcə olaraq “Əbdül-Bəha”, yəni “Bəhanın qulu” deyə adlandırırdı. O, atasının qonaqlarını qəbul edir, lakin bəsirətli daxili baxışı ilə onların arasında gerçəkdən həqiqət axtaran kəsləri tanıyırdı. Hamı onu sevir, hətta pisliyini istəyənlər də Ona hörmətlə yanaşırdılar. O, çox nəzakətli, mülayim, mərhəmətli, səxavətli və həmişə xeyirxah idi.

Əkkada Həzrət Əbdül-Bəha Həzrət Babın köhnə ardıcıllarından birinin qızı Minirə xanımla evlənir. Onların ailə həyatı xoşbəxt idi, bununla belə dünyaya gəlmiş doqquz övladından beşi müxtəlif vaxtlarda ölür.

Əkka məhbuslarının sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlər zəifləyən kimi Həzrət Əbdül-Bəha səsli-küylü şəhər küçələrində tez-tez görünməyə başlayır. O, dərisinin rəngindən, dinindən, ictimai vəziyyətindən asılı olmayaraq gücü çatdığı qədər hamıya köməklik edirdi. O, yoxsulların evinə gedir, onları qayğı ilə əhatə edir, xəstələrə təskinlik verirdi. Onun şəxsi tələbləri çox sadə idi. O, sadə yaşayır, ucuz paltar geyinir, lakin bununla belə həmişə səliqəli görünürdü O, günçıxandan günbatana kimi işləsə də, gecənin çox hissəsini namaz və ibadət içində keçirirdi. Həzrət Əbdül-Bəha uşaqları çox sevir, onun ən çox xoşladığı isə insanlara hədiyyə vermək və onları xoşbəxt görmək idi. O deyirdi: “Mənim evim―şənlik və gülüş evidir”.

Həzrət Bəhaullah öz dünyasını dəyişdikdən sonra ailəsinə Onun ruhani vəsiyyəti oxunur. Vəsiyyətnamədə Həzrət Əbdül-Bəha Bəhai dininin başçısı və Həzrət Bəhaullah təliminin yeganə səlahiyyətli şərhçisi təyin edilirdi. Həzrət Bəhaullah öz ardıcıllarına Həzrət Əbdül-Bəhaya müraciət etməyi və ona qulaq asmağı buyururdu. Lakin bilavasitə göstərişinə baxmayaraq, Həzrət Bəhaullahın ailə üzvlərindən bəziləri qısqanclıq və paxıllıq hissinin təsiri altında Onun iradəsinə uyğun hərəkət etməkdən imtina etdilər. Onlar bütün vasitələrlə Həzrət Əbdül-Bəhanın nüfuzunu qırmağa çalışırdılar. Nəticədə Həzrət Əbdül-Bəha 1901-1908-ci illər ərzində yenə Əkkada məhbus vəziyyətinə salınır. Osmanlı dövlətinin hakim dairələri 1904 və 1907-ci illərdə Ona qarşı olan ittihamları yoxlamaq məqsədi ilə xüsusi komissiya təyin edirlər.

Hər iki komissiyaya pulla ələ alınmış şəxslərin yalançı şahidliyi təqdim edilir və iş o yerə gəlib çatır ki, 1907-ci ildə sultana Həzrət Əbdül-Bəhanı edam və ya sürgün etmək təklif olunur. Lakin gənc türklər inqilabı keçmiş Osmanlı imperiyasının bütün siyasi dustaqlarını və vicdan məhbuslarını həbsxanalardan azad edir.

O çətinlik və bəla illərində də Həzrət Əbdül-Bəha çalışmaqdan əl çəkmirdi. O, Əkkada acların və xəstələrin qayğısına qalır, müxtəlif ölkələrdəki bəhailərlə geniş yazışma aparırdı. Qohumları tərəfindən kəsilmək bilməyən həmlələrə baxmayaraq, Həzrət Bəhaullahın Ona göstərdiyi yerdə, Kərmil dağının ətəyində kiçik məqbərə tikdirir. Bu məqbərədə Həzrət Babın cənazəsi dəfn edilir.

Həbsdən azad edildikdən sonra Həzrət Əbdül-Bəha Avropa və Amerikaya səfərlər planlaşdırmağa başlayır. Səhhətinin pisləşməsi ilə əlaqədar səfərini 1911-ci ilin avqustuna kimi təxirə salır və həmin il Həzrət Əbdül-Bəha Qərbə yola düşür. O zaman Onun yetmişə yaxın yaşı var idi. Bu müddətin altmış ilini sürgündə və bir neçə ilini həbsdə keçirmiş, daim repressiya və yeni məşəqqətlərin təkrarlanması təhlükəsi altında olmuşdur.

Həzrət Əbdül-Bəha 1911-ci ilin setyabrında Böyük Britaniyaya gəlir və Londonun Siti Templ kilsəsində Onun ilk çıxışı olur. Sonrakı iki ili O, Avropa və Amerikaya səfər edərək, böyük hikmət və tam sədaqətlə Bəhai təlimini yayır. O, vaxtının çox hissəsini açıq çıxışlara və qonaqların qəbuluna sərf edirdi. Onun səyahəti sadə olub təmtaraq və lüzumsuz xərclərdən azad idi. ABŞ-da O, ölkənin bir sahilindən digərinə hərəkət edərək, bu ölkədə və qonşu Kanadada yüzdən çox mühazirə oxuyur.

Həzrət Əbdül-Bəha 1913-cü ildə Hayfaya qayıdır. Birinci dünya müharibəsi başlayanda türk hökuməti Onu yenə həbsxanaya salır. Həyatının daha dörd ili təcriddə və təhlükə içində keçir. Bununla belə, O, Fələstin əhalisini ərzaqla təmin etmək məqsədilə Keneret gölünün sahilində buğda yetişdirilməsini təşkil edir. O, tam itaət, ibadət və mərhəmət içində keçən həyatını yaşamaqda davam edir. Türklər Həzrət Əbdül-Bəhanı Kərmil dağında çarmıxa çəkməklə hədələyirlər. Bu təhlükə haqqında xəbər Londona çatanda general Ellenbiyə Həzrət Əbdül-Bəhaya hər cür köməklik göstərmək əmri verilir. General Hayfanı bir neçə gün tez ələ keçirərək Londona bu məzmunda teleqram göndərir: “Bu gün Fələstin azad edilmişdir. Dünyaya xəbər edin: cənab Əbdül-Bəha təhlükədən sovuşmuşdur”.

Birinci dünya müharibəsi qurtardıqdan sonra Britaniya hökuməti Yaxın Şərqdə sülh və tərəqqinin müdafiəsində xüsusi xidmətlərinə görə Həzrət Əbdül-Bəhanı cəngavər rütbəsi ilə təltif edir. O, mükafatı qəbul etsə də, bu zadəgan titulundan heç vaxt istifadə etmir.

Həzrət Əbdül-Bəha 1921-ci il noyabrın 28-də Hayfada dünyasını dəyişir. Lakin ömrünün son gününə kimi O, çalışmaqda davam edirdi. Müsəlmanlar, yəhudi və xristianlar dəfn prosesinə gələrək, Ona son ehtiramlarını verir və bəhailərlə birlikdə bu böyük itkidən kədərləndiklərini bildirirdilər.

 

 

Həzrət Əbdül-Bəhanın Nadir Məqamı

HƏZRƏT ƏBDÜL-BƏHA bəhai dininin tarixində müstəsna yer tutur. Əslində O, adi insan olsa da, eyni zamanda bəhai təliminin kamil nümunəsi kimi fövqəl insani biliklərə malik idi. Həzrət Bəhaullahdan sonra Bəhai dininin lideri olaraq O, insanlar üçün İlahi Vəhy işığını əks etdirən qüsursuz güzgüyə bənzəyirdi. Onun yorulmaz və etibarlı rəhbərliyi altında bəhailərin birliyi qorunmuş və Həzrət Bəhaullahın prinsiplərinə uyğun olaraq inzibati strukturların yaradılmasına başlanmışdır. Bir sıra məktub və lövhlərində, əvvəllər Həzrət Bəhaullah etdiyi kimi, O da bu prinsipləri təfsilatı ilə izah edir və onların həyata keçirilməsi yollarını göstərirdi. Onun adi gündəlik həyatı sübut edir ki, insan hətta ən çətin şəraitdə Allaha tam sədaqətlə yaşamaq və bəşəriyyətə xidmət etmək qabiliyyətindədir.

 

 

Üç Əsas Şəxsin Həyatı Dövründə Bəhai Dininin İnkişafı

HƏZRƏT BABIN VAİZÇİLİYİ dövründə (1844-1850) Onun təlimi yalnız İran və İraqda yayılır, lakin 1853-1892-ci illər ərzində Həzrət Bəhaullahın dövründə Bəhai dininin ardıcılları artıq on üç ölkədə var idi. Həzrət Bab və Həzrət Bəhaullah bu yeni dinin birgə yaradanları olsalar da, “Əhdin Mərkəzi” kimi Həzrət Əbdül-Bəhanın məxsusi mövqeyi sayəsində Onun Yazıları da Bəhai Dininin Müqəddəs kitablarının bir hisssəsini təşkil edir. Həzrət Bəhaullahın süudundan (1892) Həzrət Əbdül-Bəhanın süuduna qədər (1921) olan vaxt ərzində Allahın Əmri daha 22 ölkəyə yayılır və 1921-ci ildə onun ardıcılları artıq 37 ölkədə var idi. Bəhai Dini dünya dininə çevriləndə Onun təsir dairəsinə artıq Çin, Birma, Avstraliya, Rusiya, səkkiz Avropa və üç Afrika ölkəsi, Braziliya, Kanada və ABŞ daxil idilər. Eyni zamanda İranda bəhailərin təqib olunması davam edirdi. Edamlar və işgəncələr vaxtaşırı kütləvi hal alırdı. Hökumət nümayəndələrinin səhlənkarlığı, əksər hallarda isə köməyi ilə ruhanilər tərəfindən qızışdırılan fanatiklərin azğınlaşmış dəstələri bəhailərə hücum edir, onların əmlakını talayır və yandırır, əzabla öldürülənlərin üzülmüş cəsədəri üzərində iyrənc işlərdən belə çəkinməyərək, kişiləri, qadınları və hətta azyaşlı uşaqları vəhşi işgəncələrə və əzablı ölüm cəzalarına düçar edirdilər.

 

 

Həzrət Şövqi Əfəndi Əmrin Mühafizi Kimi

HƏZRƏT ƏBDÜL-BƏHANIN süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Həzrət Şövqi Əfəndinin “Allah yanaşı addımlayır” kitabında “Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası” adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək “öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatınaəlavə təkan” vermişdilər.

Həzrət Əbdül-Bəhanın Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Həzrət Şövqi Əfəndi Rəbbani Bəhai dinin Mühafizi təyin edilirdi. Həzrət Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının Onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Həzrət Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Həzrət Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Həzrət Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.

Əmrin Mühafizi Həzrət Şövqi Əfəndinin istedadı və fədakarlığı sayəsində Bəhai dünyasındakı uğurlar, o cümlədən İnzibati Quruluşun inkişafı və Müqəddəs Torpaqda Bəhai Dininin dünya Mərkəzinin genişləndirilməsi və bəzədilməsi mümkün olmuşdur. Dünyasını erkən dəyişmiş Həzrət Şövqi Əfəndinin həyatı və uğurları haqqında çox danışılmışdır. Həzrət Şövqi Əfəndinin dünya tarixinə verdiyi töhfələrin hərtərəfli qiymətləndirilməsinin zamanı hələ çatmamışdır və bəhai dünyasından kənarda O, hələ kifayət qədər tanınmamışdır.

Onun ədəbi irsinə həcmi 181 min sözdən ibarət Bəhai Erasının birinci yüzilliyinin tarixi daxildir, nəşr olunmuş məktubları―bu daha 300 min sözdən ibarət mətndir. Bundan başqa, ayrı―ayrı şəxslərə, qruplara, komitələrə, Yerli və Milli Məhfillərə yazdığı minlərlə məktub da bura daxil edilə bilər.

Onun Yazılarının böyük hissəsi fars və ərəb dillərindədir; bu dillərdə yazılmış on beş min məktubu toplanmış, mikrofilmlərə salınmış və öyrənilmişdir. Onun fars vəərəb dillərindən ən zərif və ifadəli ingilis dilinə olan tərcümələri daha 750 min sözdən ibarətdir. Məhz bu tərcümə işləri Onun şərhçi kimi keyfiyyətlərini daha qabarıq şəkildə üzə çıxarmışdır; şərq dilləri üzrə mütəxəssislər etiraf edirdilər ki, yalnız Həzrət Şövqi Əfəndinin tərcümələrini oxuduqdan sonra orijinalların mənasını daha yaxşı dərk etməyə başlamışlar.

Həzrət Şövqi Əfəndinin istedadı ədəbi fəaliyyətlə məhdudlaşmırdı; O, Milli Ruhani Məhfillərə Əmri yaymaq planlarını hazırlamaqda, Kərmil dağında Həzrət Babın məbədinin və Əkka yaxınlığındakı Bəhci ətrafındakı bağların layihələşdirilməsində və salınmasında yaxından iştirak edirdi. İnsan təbiətinin böyük bilicisi kimi O, bütün qruplardan və dinlərdən olan insanlara dəyərli və ruhlandırıcı məsləhətlər verirdi. Bütün bunlar və yaşadığı sadə şəxsi həyatı ilə birlikdə Bəhai Dininin birinci və yeganə Mühafizi Həzrət Şövqi Əfəndinin nadir şəxsiyyətini təşkil edirdi.

Həzrət Şövqi Əfəndi 1957-ci ilin noyabrında ömür yoldaşı Ruhiyyə xanımla Londonda səfərdə olarkən Asiya qripinə tutularaq dünyasını dəyişir. O, Londonun Yeni Sautgeyt qəbirstanlığında dəfn olunmuşdur. Onun həyatı və əməyi hesabına Mühafizlik Həzrət Bəhaullahın dünya Nizamının təməl daşlarından biri kimi qalmaqdadır.

 

 

Yeni Dövr Və Azərbaycan

XIX ƏSRİN İKİNCİ yarısında Bəhai icmaları Şimali Azərbaycanın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki, Naxçıvan və digər yerlərində fəaliyyət göstərirdi. Qeyd edək ki, Bakı və Balaxanı icmaları, ümumiyyətlə, dünyanın ən qədim Bəhai icmalarından hesab olunurlar. 1860-70-ci illərdə Bakı icmasının yaradılmasında Azərbaycanın xalq şairi Mikayıl Müşfiqin babası Xızılı Mirzə Əbdülqədir İsmayılzadə böyük rol oynamışdır. Artıq XIX əsrin 80-ci illərinin əvvəllərində bu icmalarda yüzlərlə insan var idi. Bakı icmasının arxivində həmin icmanın adına 1887-ci ildə alınmış Çadrovı küçəsi (indiki Mirzağa Əliyev) 216 nömrəli evin mülkiyyət hüququna dair sənəd vardır.

Bəhai icmaları Azərbaycanda yaranan gündən hər cür dini fanatizmi, mövhümat və cəhaləti pisləmiş, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər arası dialoq vəəməkdaşlığa can atmışlar. Respublikamızda çox az adam bilir ki, ilk dəfə azərbaycanlı qızların məktəbə qoyulması bəhailər tərəfindən edilmişdir. Bu cür fəaliyyətlər fanatik ruhanilərin xoşuna gəlməmiş, nəticədə Bakı, Mərdəkan, Balaxanı, Bərdə və Şamaxıda Bəhai dinini qarşı cox ciddi təzyiqlər olmuşdur. Tanınmış din xadimi axund İbrahimxəlil biləndə ki, yeganə oğlu Molla Sadiq bəhailiyi qəbul edib və onun ən fəal mübəlliği olub, qəzəblənib, onun ölümünə fitva verir. 1901-ci ildə Bakı qoçuları Molla Sadiqi neft quyusuna atıb qətlə yetirirlər. Fitvanın qurbanı olduğu üçün müsəlman qəbirstanlığında dəfn olunmağa icazə verilmir və dostları Molla Sadiqi bağ sahələrinin birində torpağa tapşırırlar. Yalnız cox uzun illər sonra Onun məzarı Mərdəkan qəbirstanlığına köçürülür.

Bəhai dini təliminin fərdlərə, cəmiyyətə və bütövlükdə bəşəriyyətə təklif etdiyi tərəqqi və maarifçilik yolu Azərbaycanın tərəqqipərvər və azad fikirli şəxslərinin diqqətini özünə cəlb etmiş, onların hörmət və rəğbətini qazanmışdır. Azərbaycanın maarifçi şairi Seyid Əzim Şirvani (1835-1888) bəzi şerlərində Bəhai dini təliminə öz rəğbətini bildirmişdir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov və maarifçi, demokrat şair Məhəmməd Hadi (1879-1920) də öz yazılarında Bəhai təlimini dəfələrlə xatırlamışlar. Digər görkəmli maarifçi şair Mirzə Ələkbər Sabir (1862-1911) Balaxanı icması ilə sıx əlaqədə olmuş, bir müddət icmanın maddi və mənəvi dəstəyini almışdır. Şair icmanın üzvü, Kəblə İbrahimlə daha yaxın dostluq münasibətləri saxlamış, bir müddət onun evində yaşamışdır. Kəblə İbrahimin yaxın qohumu 70 yaşlı Mərziyyə Rzayevanın (hazırda Bakı şəhərinin sakini, təqaüdçü) dediklərinə görə M.Ə.Sabir Balaxanıda yaşadığı dövrlərdə icmanın bəzi tədbirlərində qonaq kimi iştirak etmişdir (bu məlumatı o, öz anasının dilindən eşidib).

Azərbaycan xalqının maariflənməsində, mədəniyyətinin inkişafında mesenat kimi xidmətlər göstərmiş milyonçu Musa Nağıyev (1849-1919) və xalq şairi Əliağa Vahidin müəllimi, Qafqaz türkləri arasında “ustad şair” kimi tanınmış Mirzə Əbdülxaliq Yüsif də Bakı icmasının üzvləri olmuşlar. Musa Nağıyev uzun illər Bakı Ruhani Məhfilinin üzvi kimi də fəaliyyət göstərmişdir. Milyonçunun şəxsi nüfuzu bəhailərə qarşı açıq təzyiqlərin qarşısının alınmasında xüsusi rol oynamışdır.

Bəhai dini bu dövrdə dahi rus mütəfəkkiri L.N.Tolstoyun da diqqətini özünə cəlb edir. Bu təlimlə O, ilk dəfə 1884-cü ildə tanış olur. Yazıçının məktublarında və gündəliyində 1910-cu ilə kimi babi (sonralar bəhai) təlimi haqqında qeydlər vardır. O, “Bab” pyesinin müəllifi İ.A.Qrinevskayaya yazdığı məktubunu aşağıdakı sözlərlə bitirmişdir: “Babi təlimi qardaşlıq, bərabərlik və məhəbbət kimi fundamental ideyalara söykəndiyi üçün böyük gələcəyi vardır”.

Lev Tolstoy bu yeni din haqqında Firuddin Xan Bədəlbəyova yazdığı cavab məktubunda öz fikrini belə ifadə edir: “İslam Dinindən törəmiş, bəhailiyə keçən babilərin təlimi ən böyük və təmiz dini təlimlərdən biridir”.

Lakin daim ruhani axtarışlarda olan, Universal Din yaratmaq arzusu ilə yaşayan yazıçının həyatının müxtəlif dövrlərində Bəhai dininə münasibəti birmənalı olmamışdır, bəzən onu göylərə qaldırmış, hərdən də ona tənqidi yanaşmışdır. Bu təbii idi, çünki L.N.Tolstoyun Bəhai təlimi haqqında tam və obyektiv məlumat almaq imkanı olmamışdı.

Həzrət Əbdül-Bəha L.N.Tolstoyun Bəhai dini ilə maraqlanması xəbərini eşidən kimi, Bakı icmasının üzvi Əli-Əkbər Naxçıvaniyə yazıçı ilə əlaqə saxlayıb, onu bu təlim ilə bağlı tam və obyektiv məlumat ilə təmin etmək göstərişini verir. Bir müddət sonra Ə.Naxçıvaniyə cavab məktubunda L.Tolstoy babi və bəhai təlimləri haqqında kitab yazmaq istəyində olduğunu bildirir.

1902-ci ilin sentyabrında İran bəhaisi Əzizulla Yasnı Polyanada L.Tolstoy ilə görüşüb, Həzrət Əbdül-Bəhanın məktubunu ona çatdırır. Həzrət Əbdül-Bəha məktubda yazırdı:

“Elə hərəkət edin ki, sizin adınız iman dünyasında xoş xatirə qoysun. Bu dünyaya çox filosoflar gəlib və hər biri, belə deyək, beş metr hündürlüyündə bayraq qaldırıb. Siz isə bayrağı on metrə qaldırmısınız, Birlik dəryasına baş vurun və Allahın Əbədi köməyini əldə edin”.

Əzizulla bu görüşdə yazıçının Həzrət Bəhaullah və Onun təliminə münasibəti ilə maraqlanır. L.Tolstoy cavabında deyir:

“Mən Onu necə inkar edə bilərəm... Mən əminəm ki, Onun dini bütün dünyanı fəth edəcəkdir”.

XIX əsrin sonları və XX əsrin əvvəllərində Bəhai dini Azərbaycanla yanaşı, Rusiya imperiyasının başqa ərazilərində də öz ardıcıllarını tapırdı. 1882-ci ildə Türküstanda İran mühacirlərindən ibarət ilk Bəhai icması yaranır. Artıq 1890-cı ildə mühacirlərin sayı min nəfərə çatır.

XX əsrin 20-ci illərində Bəhai icmaları Qafqaz və Türküstanla yanaşı, Rusiyanın mərkəzi ərazilərində, o cümlədən Moskva, Sankt-Peterburq şəhərlərində də var idi. Ən iri icma isə Aşqabad icması hesab olunurdu. 1918-ci ildə Aşqabad əhalisinin 10 faizdən çoxunu bəhailər təşkil edirdi. Şəhərdə icmaya məxsus xəstəxana, qəbirstanlıq, kitabxana və oxu zalı, iki məktəb və iki uşaq bağçası var idi. Qeyd edək ki, bəhai məktəbləri dini mənsubiyyətindən asılı olmayaraq bütün uşaqların, həm qızların, həm də oğlanların üzünə açıq idi. O zaman Türküstan əhalisinin 90 faizdən çoxu savadsız olduğu halda, bəhailər arasında savadlılar 95 faiz təşkil edirdi. İcma həmçinin “Şərqin Günəşi” jurnalını buraxır, müxtəlif xeyriyyə-çilik işləri ilə məşğul olurdu.

Bəhailərin ətraf cəmiyyətə nümayiş etdirdiyi dini dözümlülük və İslam adət-ənələrinə hörmətlə yanaşmaları, onların maarifçilik ideyaları insanlar tərəfindən böyük rəğbətlə qarşılanırdı. Bu həm Azərbaycan, həm də Türkistan ziyalıları arasında Bəhai dininə marağın artmasına səbəb olurdu.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bir sıra tarixi və fəlsəfi mahiyyətli əsərlərin müəllifi Hüseyn Cavid (1884-1941) bəzi məlumatlara görə, Almaniyada olan zaman Bəhai dinini qəbul etmiş, bu təlimin ideyalarını öz əsərlərindəəks etdirmişdir. Tədqiqatçı alim Rəfael Hüseynov Hüseyn Cavidin həyatına həsr etdiyi tədqiqat əsərində qeyd edir ki, H.Cavid öz həyat yoldaşını bəhailərə məxsus tərzdə, “Allahu-Əbha” deyə salamlayırmış. Hüseyn Cavidin oğlu Ərtoğrul Bəhai gəncləri ilə, xüsusən də Ətaullah Qasımovla (1938-ci ildə represiya qurbanı olmuş Fərəc Qasımovun oğlu) yaxın dostluq əlaqələri saxlamışdır.

Oktyabr çevrilişi nəticəsində Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi bəhai icmaları üçün ağır günlərin başlanğıcı oldu. Xüsusi dekretlə dini nigahların ləğv edilməsini və icma mülkiyyətində olan torpaq sahələrinin dövlətin mülkiyyətinə keçməsini nəzərə almasaq, ilk illər sovet dövləti bəhai icmasının daxili işlərinə qarışmırdı.

1922-ci ildən başlayaraq mətbuatda bəhai təlimini antibolşevik ideologiyada ittiham edən məqalələrin çıxması ciddi təqiblər üçün bir növ işarə oldu. 1926-cı ildə İran mənşəli bəhailərin kütləvi şəkildə Azərbaycan və Orta Asiya respublikalarından İrana deportasiyası ilə bəhailərə qarşı təqib kampaniyası başlayır. İcmalarda yığıncaqlar keçirmək və ianələr toplamaq qadağan edilir. Dini ədəbiyyat və məhfil iclaslarının protokolları müsadirə edilir. Aşqabadda nəşr edilən “Şərqin Günəşi” jurnalı bağlanır, arxivi məhv edilir, avadanlığı isə müsadirə olunur. Bir müddət sonra kəskin qadağalar götürülsə də, məclislərin keçirilməsi üçün xüsusi dövlət razılığının olması tələbi qoyulur.

1928-ci ildə bütün SSRİ ərazisində bəhailərə qarşı kütləvi təqib kampaniyası yeni qüvvə ilə alovlanır. Bakıda Ruhani Məhfilin iki üzvü həbs edilir. 1929-cu ilin iyulunda təkrar həbslər zamanı Bakı, Bərdə, Daşkənd, Aşqabadda daha 24 nəfər həbsxanaya atılır. Altı ay sonra onlardan 16 nəfəri azadlığa buraxılır, qalanları Sibirə sürgün edilir. İcmaların dövlət qeydiyyatı və Nizamnamələri ləğv edilir, komitələr buraxılır, bəhai məktəbləri bağlanılır, müəllimlər işdən çıxarılır. Dövlətin xüsusi fərmanı ilə dini icmaların mülkiyyətində olan daşınmaz əmlak, o cümlədən Çadrovı kuçəsi 216-da yerləşən Bakı Bəhai dini icmasına məxsus bina dövlətin mülkiyyətinə keçir. İcma qarşısında ya binanı boşaltmaq, ya da onu yüksək haqla dövlətdən icarəyə götürmək kimi şərt qoyulur. Dövlət orqanları ilə danışıqlardan sonra icarə haqda razılaşma əldə edilir.

30-cu illərin əvvəllərində sovet hakimiyyəti mövcud rejimi bir qədər də kəskinləşdirərək, icmalardan Məhfillərin buraxılmasını və bütün fəaliyyətlərin dayandırılmasını tələb edir. Bəhailər dövlətin tələblərini yerinə yetirərək kollektiv fəaliyyətlərini dayandırırlar.

Bu vəziyyət 1934-cü ilə kimi davam edir. 1934-cü ilin əvvəllərində dövlətin siyasəti gözlənilmədən dəyişir; müsadirə olunmuş əmlak yenidən icmalara qaytarılır, yenidən bir yerə toplanmağa, məclislər keçirməyə icazə verilir. Həmin ilin aprelində SSRİ-nin 14 şəhərində Yerli Məhfillərə seçkilər keçirilir, daha 20 yaşayış məntəqəsində icmalar yenidən bərpa olunur. Bakı, Gəncə, Bərdə, Balaxanı və Salyanda icmalar öz fəaliyyətlərini tamamilə bərpa edirlər.

Lakin 1937-ci ildə vəziyyət gözlənilmədən yenidən dəyişir. Həmin ilin Oktyabrından 1938-ci ilin fevralına kimi bütün SSRİ ərazisində bəhai icmalarına qarşı təqib kompaniyası başlayır. Hər yeri həbslər və deportasiya dalğası bürüyür. Yüzlərlə insan həbs olunur. Təkcə Aşqabad şəhərində bir gecədə 500 nəfər bəhai həbs edilir. Azərbaycanda həbslər Bakı, Balaxanı, Bərdə, Gəncə, Səlyan, Xilli (indiki Neftçala), Naxçıvan icmalarında aparılır. Həbs olunanlardan 38 nəfəri güllələnir və ya cəza yerində naməlum səbəbdən həlak olur. Yüzlərlə ailə İrana deportasiya və Qazaxstana sürgün olunur. Qaytarılmış mülkiyyət yenidən müsadirə edilir. Bəzi icmalar böyük itki verdiyindən onları bir daha bərpa etmək mümkün olmur. Təqiblər 1949-cu ilə kimi davam edir.

1956-cı ildən sonra ölkədə siyasi abı-havanın yumşalmasına baxmayaraq, bəhai icmalarının açıq fəaliyyəti qeyri-mümkün şəraitdə idi. İcma üzvləri müxtəlif mənzillərdə on-on iki nəfərlik qruplar şəklində görüşmək məcburiyyətində idilər. Yerli Ruhani Məhfil seçki yolu ilə deyil, möminlərin təklifləri əsasında formalaşırdı. Məhfil üzvlərinin sayı 9 nəfər deyil, 5-6 nəfər ilə məhdudlaşırdı. Xaricdəki dindaşlarla əlaqə yalnız 60-cı illərin ortalarında mümkün oldu. Bu əlaqələr şəxsi səviyyədə olub, təsadüfi xarakter daşıyırdı. Bayramlar, süud və mövlud günləri çox konsperativ şəkildə, “ad günləri”, “yubileylər” adı altında keçirilirdi.

Andropovun qısa hakimiyyəti dövründə, 1982-ci ilin noyabrında DTK-nın xüsusi qrupu Bakı şəhərində əməliyyat keçirərək, icmanın üç nəfər üzvünü həbs edib, onları 7 saat ərzində psixoloji təzyiq altında dindirirlər. Bu əhvalatdan sonra icma üzvlərinə bir yerə toplanmaq, hansısa tədbirlər həyata keçirmək qadağan edilir. Bu qadağalar 1987-ci ilə kimi davam edir. 1988-ci ildən etibarən Bəhai dini icmasının açıq fəaliyyəti üçün əlverişli şərait yaranır. 1989-cu ildə icmanın dövlətlə münasibətləri bərpa olunur. 1990-cı ildə Bakı Ruhani Məhfilinə, 1992-ci ildə isə Milli Ruhani Məhfilinə açıq seçkilər keçirilir.

1990-cı ildə Gəncə, Balaxanı, sonrakı illər Sumqayıt, Naxçıvan, Salyan icmaları bərpa olunur. Onların bəzilərində Yerli Məhfillərə seçkilər keçirilir. 1993-cü ildə Bakı icması, 2001-ci ildə Sumqayıt icması, 2004-cü ildə isə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili dövlət qeydiyyatına alınır. Bununla da Azərbaycan Bəhai dini icması dövlətlə münasibətlərində yeni mərhələyə qədəm qoyur.

Anchor 5
Anchor 6
Anchor 7
Anchor 8
Anchor 9

II Fəsil Yeni İlahi Təlim

Bəhai Dini: Təriqət Yoxsa Müstəqil Din

KEÇƏN ƏSRİN 80-Cİ illərində dünyanın bir çox ölkələrində ijtimaiyyət arasında, o cümlədən elmi dairələrdə Bəhai dininə marağın birdən-birə artması, iki əsas hadisə iləəlaqədar idi:

1. İranda indiki siyasi rejim qurulduqdan sonra (1979) bəhailərə qarşı təqib kampaniyasının geniş vüsət alması nəticəsində yüzlərlə insanın qətlə yetirilməsi, həbsxanalara salınması, on minlərlə insanın ölkədən qaçmağa məcbur olması dünya ictimaiyyətinin hiddətinə səbəb olmuş, Bəhai dini ardıcıllarına qarşı İran dövlətinin apardığı bu siyasət ayrı-ayrı dövlətlər və BMT tərəfindən kəskin pislənmişdir.

2. Bəhailərin Beynəlxalq birliyinin Ali inzibati və Ruhani orqanı Allahın Uca Ədalət Evi 1963-cü ildə qurulduqdan sonra Bəhai dini Asiya, Afrika, Cənubi Amerika və Okeaniya adaları ölkələrində sürətlə yayılmağa başlamışdır. “Britanika” ensiklopediyasının məlumatına görə, Bəhai dini 60-80-ci illərdə dünyada ən sürətlə yayılan din olmuşdur. Bu dinin ardıcıllarının sayı qısa vaxt ərzində 400 min nəfərdən (1963) 5 milyona (1980) çatmışdır.

Bu faktlar tədqiqatçıların diqqətindən yayınmamış, Bəhai dininin ardıcıl şəkildə tədqiqi üçün zəmin yaratmışdı. Hələ XIX əsrin ortalarında Babi və Bəhai dini təlimləri və onların Peyğəmbərləri―Həzrət Bab və Həzrət Bəhaullahın Yazıları və şəxsiyyəti tədqiqatçıları vaxtaşırı özünə cəlb edirdi. Babilik təliminin ilk tədqiqi fars ədəbiyyatının görkəmli bilicisi, Peterburq Universitetinin professoru Mirzə Kazım Bəyə məxsus olmuşdur. Mirzə Kazım Bəyin “Bab və babilər” əsəri 1865-ci ildə nəşrdən çıxmış, bir il sonra fransız dilinə tərcümə edilmişdir. Əsər sonralar Almaniya, Fransa, İngiltərə və Amerikada təkrar-təkrar nəşr olunmuşdur. XIX əsrin ikincı yarısı və XX əsrin əvvəllərində M.A.Qamazov, M.F.Axundov, B.R.Rozen, E.Q.Braun, A.Q.Tumanskiy, B.A.Dorn, A.A.Jukovskiy, S.İ.Umanes, C.E.Esslemont və başqaları yazılarında Babi və Bəhai təlimləri haqqında məlumat vermişlər.

Həzrət Bəhaullah ilə şəxsən görüşmüş E.Braun ilk dəfə Bəhai təlimini İslamdan fərqləndirərək, onu müstəqil din kimi göstərmişdir. Halbuki, ondan çox-çox sonralar bəzi nüfuzlu tədqiqatçılar (A.Masse, Z.Bünyatov və b.) Bəhai dinini İslam təriqəti kimi qiymətləndirmiş və onun müstəqil dini təlim olmasını görə bilməmişdilər.

XX əsrin əvvəllərində Bəhai dininə maraq Həzrət Əbdül-Bəha ilə bağlı olmuşdur. Azərbaycanda “Sərkərağa”, “Əbdül-Bəha Abbas”, Avropa və Şimali Amerikada “Ağa”, İraq və Yaxın Şərq ölkələrində “Böyük Budaq”, “Sirri-Xuda” və digər adlarla tanınan Həzrət Əbdül-Bəha Bəhai dininin Peyğəmbəri Həzrət Bəhaullahın böyük oğlu və Onun süudundan sonra bu dinin uzun illər (1892-1921) başçısı olmuşdur.

İngilis şərqşünası C.E.Esslemont Həzrət Əbdül-Bəhanın Bəhai dinində tutduğu məqama nəzər yetirmiş, Onun haqqında daha ətraflı məlumat vermişdi. Xüsusi təhsili olmayan, həyatının cox hissəsini məhbəs və sürgünlərdə keçirmiş, lakin fars, ərəb, türk dillərini mükəmməl bilən Həzrət Əbdül-Bəha tədqiqatçını özünün dərin teoloji bilikləri, fəlsəfi və etik fikirləri, mütərəqqi ictimai baxışları və rasional düşüncə tərzi ilə heyrətləndirmişdi.

Həzrət Əbdül-Bəha tədqiqatçılara Bəhai Yazılarının, həmçinin Tövrat, İncil, Quran mətnlərinin şərhçisi kimi də tanışır. Bəhai dininin Peyğəmbərlərinin, həmçinin əvvəlki dinlərin Müqəddəs Yazılarındakı metaforlardan, rəmzlərdən ibarət olan və yaxud kifayət qədər anlaşılmayan mətnlərin həqiqi anlamı Həzrət Əbdül-Bəha tərəfindən açıqlanmışdır.

Qeyd etmək lazımdır ki, yarandığı gündən bu günə kimi Bəhai dininə aid bütün Müqəddəs Yazılar, dinin əsas Şəxsiyyətlərinin (Həzrət Bab, Həzrət Bəhaullah, Həzrət Əbdül-Bəha Abbas, Həzrət Şövqi Əfəndinin) əlyazmaları, məktubları, tarixi hadisələrin protokollaşdırılmış sənədləri, şərhlər, izahlar, fotoşəkillər və həcmi yüz cildlərlə ölçülən digər sənədlər diqqətlə toplanılaraq, Beynəlxalq Bəhai Mərkəzinin Arxivində qorunub saxlanılmışdır. Bu tədqiqatçının işini asanlaşdırmaqla yanaşı, tədqiqatın obyektivliyini artıran əhəmiyyətli amil sayılmalıdır. Bəhai dinindən əvvəlki dinlərin tədqiqi üçün bu cür imkanlar demək olar ki, yox dərəcəsindədir; belə ki, Budda təliminin həqiqi mahiyyətini izah etmək, Həzrət İsa Məsih və Zərdüşt Peyğəmbərin həyatı ilə bağlı hadisələrin həqiqi xronikasını göstərmək, Krişnanın tarixi şəxsiyyət olmasını əsaslandırmaq olduqca çətindir. Hətta Məhəmməd Peyğəmbərin həyatı və şəxsiyyəti haqqında kifayət qədər məlumatlar olsa da, İslam tarixinin ilk dövrləri ilə bağlı bir çox məsələlərin həqiqi izahını bu gün vermək mümkün deyildir.

Hazırda dünyada mövcud on bir əsas “canlı” dindən yalnız İslam (VII əsr)və Sihhizmin (XVI əsr) tarixi yüz illiklərlə, qalan dinlər―Hinduzm, Buddizm, Caynizm, Daosizm, Konfusiçilık, Sintoizm, Zərdüştilik, İudaizm və Xristianlıq min illiklərlə ölçülür. Bəhai dini bu dinlərlə müqayisədə çox cavandır (160 il). Təbii ki, ardıcıllarının sayı da azdır (6 milyon nəfər). Onun formalaşmasında sonuncu tarixi mərhələ yalnız 1963-cü ildə Uca Ədalət Evinin qurulması ilə sona çatıbdır. Bu baxımdan, Bəhai dininin öyrənilməsi dinşünas alimlərə onun timsalında dinlərin yaranma və formalaşma mərhələlərini araşdırmaqdan ötrü geniş imkanlar aça bilər. 

Müasir dinşünaslıqda dinlər coğrafi yayılmasına və əhatə etdiyi xalqların, millətlərin və etnik qrupların sayına görə iki qrupa bölünür: milli dinlər və dünya dinləri.

Milli dinlərə İudaizm, Hinduzm, Sihhizm, Caynizm, Daosizm, Konfusiçilık, Zərdüştülik, Sintoizm aid edilir. Onlardan bəzilərinin (məsələn, Hinduizm, Daosizm, Konfusiçilık) yüz milyonlarla insanı əhatə etməsinə baxmayaraq, bir və ya bir-neçə xalq və etnik qrupu əhatə etdiyinə görə milli dinlər sayılır.

Dünya dinləri həm sayına, həm dəəhatə dairəsinə görə milli dinlərdən fərqlənir. Bu dinlər yüzlərlə xalq, millət və etnik qrupu əhatə edir. Müasir elmdə yalnız üç din―Xristianlıq, İslam və Buddizm dünya dini hesab olunur. Bəhai dini də ardıcıllarının sayının azlığına baxmayaraq, həm özünün millətlərüstü və universal cəhətlərinə, həm dəəhatə dairəsinə görə dünya dini sayıla bilər. Bu məsələyə bir qədər aydınlıq gətirək.

Bəhai dini bütün dinlər kimi Şərqdə yaransa da, o, ayrıca götürülmüş xalq və ya etnik qrupa yönəlməyib və yaxud hansısa bir mədəniyyətlə məhdudlaşmır. Heç kim Xristianlığı yəhudi mühitində yarandığına görə “yəhudi milli dini” və ya İslamı ərəblər arasında formalaşdığına görə “Ərəblərin dini” adlandırmır. İlk ardıcılları iranlılar olduğuna görə Bəhai dinini də “iranlıların dini” hesab etmək düzgün deyildir. Hazırda 6 milyon ardıcılı arasında iranlılar çox az hissə təşkil edir. Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində vardır. “Britanika” ensiklopediyasının məlumatına əsasən coğrafi yayılmasına görə, dinlər aşağıdakı sıraya malikdir: Xristianlıq (254 ölkə) , Bəhai dini (234 ölkə), İslam (174) və Buddizm (68).

Hələ yüz il əvvəl Edvard Braun, qeyd edildiyi kimi, Bəhai dininin müstəqil təlim olması fikrini söyləmişdir. Bununla belə bəzi tədqiqat işlərində o yalnış olaraq “islam təriqəti”, “islamda reformasiya hərəkatı” və yaxud “dinlərarası ekumençiliyə çağırış” kimi göstərilmişdir.

Teoloji Bazis

HANSISA DİNİ TƏLİMİN müstəqil olması onun boş yerdə yaranması demək deyildir. Bir dinin özündən əvvəlki dinin teoloji bazisində yaranması bütün dinlər üçün ümumi qanunauyğunluqdur; Buddizmin ənənəvi Hinduizmin (Brahmanizmin) teoloji bazisində yaranması və bu təlimin artıq müstəqil din şəkilində Tibet, Çin, Yaponiya, Cənubi-Şərqi Asiyaya yayılaraq, bu ölkələrin xalqları üçün çox güclü mədəni amilə çevrilməsi buna əyani misal ola bilər. Eynilə Hinduizm özündən əvvəl nazil olmuş Brahmanizmin, o isə daha qədim din olan Veda inancının teoloji bazisində formalaşmışdır.

İlkin xristianlıq dövründə (I-II əsrlər) Həzrət İsa Məsihin şagirdləri və ardıcılları Onun dini təlimini İudaizm çərçivəsində təbliğ edirdilər və təqribən iki əsr ərzində müasirləri Xristianlığa İudaizmdən ayrılmış qol kimi baxmışdır. Xristianlıq yalnız Müqəddəs Yazıları, təşkilatı strukturu, ayin və mərasimlər sistemi formalaşdıqdan və nəhayət, qeyri-semit mənşəyli xalqlar və etnik qruplar bu təlimi qəbul etdikdən sonra müstəqil din kimi tanınmışdır.

Bəhai dini İslamın teoloji bazisində formalaşmış dini təlimdir. Onun İslamın mədəni konteksində yaranması, bir çox cəhətlərinə―tarix, dil, terminologiya və qismən teologiya məsələlərində bu dinə yaxınlığını müşahidə etmiş ilk tədqiqatçılar onu yalnış olaraq İslam təriqətlərləri sırasına daxil etmişlər. Sonrakı araşdırmalarda biz əmin olacağıq ki, teoloji mahiyyətinə görə Bəhai dinini İslamın məzhəb və cərəyanlarına aid etmək mümkün deyildir. Bu təlim, bəzi tədqiqatçıların (A.Masse, 1963) təkidinə baxmayaraq, İslamı inkişaf etdirmək və ya onu müasirləşdirməyi bir məqsəd kimi qarşısına qoymamışdır. Ona görə də Bəhai təlimini Martin Lüterin “Reformasiya hərəkatı” (XVI əsr) ilə eyniləşdirmək və yaxud onu İslam daxilində reformasiya hərəkatı kimi təqdim etmək obyektivlikdən uzaqdır. Digər tərəfdən, bəhailər Quran-i-Kərimi Allahın nazil etdiyi Müqəddəs Vəhy kitabı hesab etsələr də, O, Bəhai dini üçün teoloji əsas və qanunlar mənbəyi deyildir. Bəhai dininin əsasını və onun qanunlarının mənbəyini Bəhai dininin banisi Həzrət Bəhaullahın Yazıları təşkil edir.Bəhai dini təliminə görə, Həzrət Məhəmməd Vəhyinin (Əhdinin) zamanı hicri tarixi ilə 1260-cı ildə (miladi 1844-cü il) bitmiş, Həzrət Bəhaullahın zühuru ilə bəşəriyyətin tarixində Yeni Era başlamışdır. Hələ 1848-ci il Bədəşt konfransında bu yeni təlimin tərəfdarları yeni Vəhyin mahiyyətini dərk edərək İslam qanunlarının ləğv edildiyini bəyan etmişdilər. Beləliklə İslamın ən böyük ehkamı―Həzrət Məhəmməd Əhdinin bəşəriyyət üçün sonuncu olması―bəhailər tərəfindən qəbul edilmir. Ona görə də Bəhai dinində mərkəzi mövqedə Həzrət Məhəmməd deyil, Həzrət Bəhaullah durur. Həmçinin bu təlimin yalnız ona məxsus bir sıra anlayışlar və başqa dinlərdə analoqu olmayan nadir İnzibati Sistem və digər əlamətlərdən ibarət teoloji bazis ilə ortaya çıxması, onun İslamda hansısa dəyişikliklər etmək və ya ona hansısa yeniliklər gətirmək marağında olmadığını, əksinə, Bəhai təliminin bütövlükdə din anlayışında və insanların dini baxışlarında köklü dəyişiklər etmək istədiyini göstərir. Bəhai təliminin İslam təriqəti deyil, müstəqil din olmasını şərtləndirən başqa cəhətlər də vardır ki, onlar aşağıdakılardan ibarətdir:

I. Bəhai dinində Peyğəmbərin (Həzrət Bəhaullah) və Onun nazil etdiyi Vəhy Kitabının (Kitab-i-Əqdəs) və digər Müqəddəs Yazıların mövcudluğu;

II. Həzrət Bəhaullahın vasitəçiliyi ilə yeni İlahi Əhdin (Bəhaullah Əhdinin) bağlanması;

III. Bu dinə məxsus xüsusi təqvimin (19 gün və 19 aydan ibarət) və vaxt hesabının (tarix 1844-cü ildən hesablanır və həmin il Bəhai Erasının başlanma ili hesab edilir), müqəddəs yerlərin, bayramların, həmçinin özünəməxsus kəbin və dəfn qaydalarının olması;

IV. Namaz, oruc və digər ibadət qaydalarının İslamdan fərqli şəkildə icra edilməsi. Namaz zamanı üzün qiblə kimi xüsusi səmtə (İsrail ərazisində yerləşmiş Bəhciyə―Həzrət Bəhaullahın bu dünyada sonuncu Vəhy məkanına) yönəldilməsi;

V. Bəhai dinində ruhanilərin (molla, axund, keşiş və s.) olmaması və başqa dinlərdə analoqu olmayan xüsusi İnzibati Sistemin tətbiq edilməsi (bu haqda sonra ətraflı məlumat veriləcək);

VI. Ardıcıllarının öz inanclarını hansısa din daxilində təriqət deyil, müstəqil din, özlərini isə Yeni Əhdin (Bəhaullah Əhdinin) tərəfi hesab etməsi; 

İlk dəfə 1925-ci il mayın 10-da Misirin Bəni Suif əyalətinin apelyasiya məhkəməsi ərləri bəhai olduğuna görə üç kəbin müqaviləsini etibarsız saymaqla Bəhai dininin İslama aid olmadığını təsdiq etmişdir. Məhkəmənin qərarında belə bir izahat verilmişdir:

“Bəhai inancı―özünəməxsus qaydaları, prinsipləri və qanunları olan, hansı ki, İslamın qaydalarından, prinsiplərindən və qanunlarından fərqlənir və ona ziddiyyət təşkil edir, tamamilə yeni müstəqil dindir. Ona görə də heç bir bəhai müsəlman sayıla bilməz və ya əksinə, necə ki, buddist, brahmin və ya xristian müsəlman sayılmır və ya əksinə”.

Məhkəmənin rəsmi hökmü aşağıdakı sözlərlə bitmişdir:

“Əgər onlardan (ərlərdən) hər hansı biri tövbə edib, Məhəmməd ə.s. Allahın Rəsulu olmasına şəhadət verib, İslam dininin böyük çadırı altına qayıdarsa və təsdiq edərsə ki, Məhəmməd ə.s. nəbilərin və rəsulların möhürüdür və Onun dini sonuncudur və heç bir qanun Onun qanununu ləğv etməyəcək və Qurani-Kərim Allahın sonuncu kitabı, nəbilərə və rəsullara göndərilmiş sonuncu Vəhydir, onda həmin adam qəbul olunacaq və öz kəbin müqaviləsini təsdiq etdirmək hüququ əldə edəcək”.

Bəhai dini mövcud dinlərin teoloji bazisi əsasında “mexaniki” şəkildə “quraşdırılmış” və yaxud hansısa dinləri birləşdirməyə çalışan hərəkat da deyildir. Ona məxsus bəzi anlayışların universal xarakteri, dinlərarası dialoq və əməkdaşlığa can atması, dini dözümlüyü təbliğ etməsi, dinlərarası təşkilatı, birləşməyə çağırış və yaxud hansısa dinlərin “simbiozunu” yaratmaq cəhdi kimi başa düşülməməlidir. Qeyd edək ki, ayrı-ayrı müstəqil dinlərdən “simbioz din” yaratmaq və yaxud din daxilində mövcud təriqətləri birləşdirmək cəhdləri dünya tarixində dəfələrlə olmuşsa da, onların təcrübəsi uğursuzluqla nəticələnmişdir; İranda V əsrdə zərdüşti və xristian təlimləri əsasında manilik təlimini yaratmaq istəyi, XVI əsrdə Hindistanda İslam, brahmanizm, sufilik, xristianlıq, zərdüştilik əsasında Əkbərin (Babur sülaləsinin üçüncü hökmdarı) sinkretizmi, XVIII əsrdə Nadir şahın İranda şiəliklə sünniliyi birləşdirmək cəhdi buna sübutdur.

İndi də Bəhai dininin teoloji bazisi ilə bağlı digər məsələləri araşdırmağa çalışaq.

Hər bir dinin Allah, İlahi Vəhy, Dünyanın yaradılışı və sonu, İnsanın yaradılışı, İnsanın ruhu və ölümdən sonrakı həyat, Əhd (Allahla insan arasında razılaşma) və digər təsəvvür və anlayışlarlardan ibarət ruhani biliklər sistemi və ya teoloji bazisi vardır. Teoloji bazisinin oxşarlığına görə dünyada mövcud dinlər iki qrupa―İbrahimi (Yəhudilik, Xristianlıq, İslam) və Şərq dinlərinə (Hinduizm, Buddizm, Daosizm və s.) bölünür.

İbrahimi dinlər bəzi fərqli cəhətlərinə baxmayaraq, çox oxşar teoloji bazisə malikdirlər. Bu Allahın maddi dünyanı (materiyanı) altı gündə yoxluqdan yaratması, Adəm və Həvva, Cənnət və Cəhənnəm, mələklərlə bağlı hekayətlər, Allahın insanları Tövhidə vəəməlisalehliyə dəvət edən Peyğəmbərlər göndərməsi (hər üç dində İbrahim peyğəmbərin məqamı xüsusivurğulandığına görə İbrahimi dinlər adlanırlar), axır-zaman Peyğəmbərinin (Yəhudilikdə Həzrət Musa, Xristianlıqda Həzrət İsa Məsih, İslamda Həzrət Məhəmməd) və Xilaskarın (Yəhudilikdə Maşiax, Xristianlıqda Həzrət İsanın ikinci zühuru, İslamda Mehdinin) gəlişi, Qiyamət ilə bağlı fövqəlhadisələrin (Günəşin qaralması, Ayın parçalanması, ulduzların yerə tökülməsi, ölülərin qəbirlərdən qalxması və s.) baş verməsi, insanların əməllərinə görə birqisminin Cənnətə, digər qisminin isə Cəhənnəmə göndərilməsi ilə bağlı təsəvvürlərdir.

Bəhai dini İslamın teoloji bazisində formalaşsa da, İbrahimi dinlərdə mövcud təsəvvür və anlayışların bu təlimdə tamamilə fərqli izahı vardır. Bu haqda sonrakı fəsillərdə ətraflı danışılacaqdır.

III Fəsil Bəhai Dininin Prinsipləri

Bəşəriyyətin Birliyi

Həzrət Bəhaullah buyurur: “Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir”.

Həzrət Əbdül-Bəha buyurur: Bütün insanlar―bir ağacın yarpaqları və meyvələridirlər... Onların mənşəyi birdir. Eyni yağış onları sulayır, eyni günəş onları böyüdür və eyni külək onları canlandırır... Bütün bəşəriyyət Allahın Mərhəməti və Bərəkəti iləəhatə olunmuşdur. Müqəddəs Yazılarda deyilir: Allah qarşısında bütün insanlar bərabərdir, O, tərəfgir deyildir”.

Həzrət Bəhaullahın təlimində Bəşəriyyətin Birliyi mərkəzi mövqedə durur. İnsan bədəni təkamül prosesində fiziki inkişafın müxtəlif mərhələlərindən keçdiyi kimi, Bəşəriyyət də özünün sosial inkişafı prosesində müxtəlif mərhələlərdən keçir. Ən qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamışlar, sonradan bu qruplar qəbilə birliklərinə çevrilmiş, daha sonralar şəhər dövlətlər, xalqlar və nəhayət XIX-XX əsrlərdə müasir millətlər yaranmışlar. Həzrət Bəhaullah öyrədir ki, bəşəriyyətin Birliyi kamillik yolunda sonuncu sosial mərhələdir. O, izah edirdi ki, Onun gəlişindəəsas məqsəd insanların birliyini mümkün etməkdir. O, yazırdı: “Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik”.

Həzrət Bəhaullahın təlimi planetin bütün insanları üçündür. Dünyanın birliyi hamıya aiddir. Ondan kənarda heç kim qala bilməz. Bununla belə bizim getdiyimiz birlik darıxdırıcı yekcinslik deyildir, əksinə, bu müxtəlifliyin birliyidir. Həzrət Bəhaullahın öyrətdiyi kimi, bu birlik çərçivəsində insanların istənilən qrupu öz istək və ideallarını daha yaxşı ifadə edəcəkdir. Eyni zamanda hər bir qrup, hər bir xalq başqalarının da irsindən və nailiyyətlərindən istifadə edə biləcəkdir. Həzrət Əbdül-Bəha yazırdı, “Bəşəriyyətin şərəfi hər kəsin irsidir”.

Həqiqi birlik, hər bir insan ayrılıqda Bəşəriyyətin birliyini bu günki günün əsas ruhani prinsipi kimi qəbul etdiyi zaman əldə edəcəkdir Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edilməyəcəkdir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insanların onun vətəndaşı” olmasını dərk edənə kimi o insan şüurunda tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə bəşər tarixində görünməmiş üzvi dəyişikliklərə səbəb olacaqdır. Belə birliyin əsası ruhani olsa da, dünya xalqlarının bu istiqamətdə atacağı bəzi konkret addımlar da göstərilməlidir. Bunlar aşağıdakılardır:

―Bütün dünya xalqlarının ədalətlə təmsil olunduğu, onların ümumi mənafeyini qorumaq, planetdə əmin-amanlığı və sülhü təmin etmək məqsədilə Dünya Parlamentinin və Dünya Federatif Dövlətinin yaradılması, Dünya vətəndaşlığının təsis edilməsi;

―Dünyanın təbii sərvətlərindən Dünya Federativ Dövlətinin nəzarəti altında Bəşəriyyətin xeyrinə birgə istifadə edilməsi;

―Dünya xalqlarının öz aralarında əlaqə və ünsiyyətini və millətlərin inteqrasiyasını asanlaşdırmaq məqsədilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi;

―Dünyanın bütün məktəblərində uşaqlara ana dili ilə yanaşı Beynəlxalq dilin öyrədilməsi;

―Həm millətlər daxilində, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması.

Həzrət Bəhaullah 140 il əvvəl Avropanın dövlət başçılarına ünvanladığı məktubunda bildirirdi ki, bəşəriyyət planetimizdə indiki həyat tərzinin kökündən dəyişəcəyi yeni tarixi dövrə qədəm qoymuşdur. Əvvəllər məlum olmayan problemlər yeni dövrdə elə həddə çatacaq ki, hətta ən qüdrətli dövlətlər onları təklikdə həll etmək iqtidarında olmayacaqdır. Həzrət Bəhaullah qarşıdan gələn qlobal problemlərdən xilas olmağın yolunu da göstərirdi; onlar Bəşəriyyətin Birliyi çərçivəsində öz həllini tapa bilərdi. O, yazırdı:

“Ey Yer kürəsinin ədavət aparan xalqları və insanları! Öz nəzərlərinizi birliyə tərəf çevirin və qoy onun işığı sizi nurlandırsın. Bir yerə yığılın, aranızda çəkişmələrə səbəb olan nə varsa, Allah xatirinə onu məhv etməyə çalışın. Ey insanlar, oyanın! İnam qüdrəti ilə silahlanaraq sizin aranızda didişmələr salan təsəvvürlərinizin mənasız bütlərini sındırın. Sizin Mərhəmətli Rəbbiniz istəyir ki, dünyada olan bütün insanlar vahid ruh və vahid bədən kimi olsunlar”.

Zəmanəmizdə qlobal problemlərin miqyası və kəskinliyi artdıqca bu nəsihətin gücü özünü daha artıq şəkildə göstərməkdədir. Silahlanma və regional münaqişə ocaqlarının mövcudluğu, ekoloji böhran, dünya miqyasında dini, etnik, irqi zəmindəqarşıdurmaların artması, narkomaniya və müalicəsi məlum olmayan yeni-yeni xəstəliklərin yayılması və digər problemlər bəşəriyyətin ümumi xəstəliklərə tutulmasından xəbər verir.

Bununla belə, Bəhai təliminə görə, həm bu cür destruktiv təbiətli proseslər, həm də getdikcə güclənməkdə olan millətlərarası siyası və iqtisadi inteqrasiya prosesləri Allahın Böyük Planı əsasında bəşəriyyəti birləşdirməyə başlamışdır. Dünya təsərrüfatında beynəlxalq əmək bölgüsünün və kooperasiyanın yaranması, ticarətin liberallaşması, miqrasiya və digər proseslər dövlətlərarası sərhədləri şəffaflaşdırmağa və dağıtmağa başlamışdır. Avropa Birliyi (AB), Cənub-Şərqi Asiya ölkələri Assosiasiyası (ASEAN), Mərkəzi Amerika ölkələri Ümumi Bazarı, Karib hövzəsi ölkələri Birliyi, Amerika dövlətləri Təşkilatı, Cənubi Sakit okean ölkələri Forumu və digər bu tip beynəlxalq vəregional təşkilatlar siyası və iqtisadi inteqrasiya proseslərinin nəticəsi kimi ortaya çıxmışdır. XXI əsrdə dövlətüstü qurumların yaradılmasının daha böyük vüsət alacağı və onlarca dövləti əhatə edən qitələrarası təşkilatların formalaşacağı gözlənilir.

Allahın birləşdirici qüvvələri təkcə eninə deyil, dərininə də işləməkdədir. Belə ki, əvvəlki dövrlərdə təkcə coğrafi sədlər dünyanın birləşməsinə mane olmağa kifayət edirdisə, indi bu səddlər də aradan qaldırılır. Adi insani, dostluq və ya işgüzar münasibətlər bəşər tarixində ilk dəfə olaraq Yer kürəsinin ən uzaq məntəqələrində yaşayan adamları bir-birilə tez və asanlıqla ünsiyyət yaratması imkanı əldə edildikdən sonra mümkün olmuşdur. Kino, incəsənət, peyk vasitəsilə teleradio kanalların yayılması, idman və turizm planetimizin sakinlərini bir-birinə yaxınlaşdırmışdır. Dünən Amerikada baş verən hadisə bu gün dünyanın hər yerində məlum olur və insanları həyacanlandırır. Bu gün Avropada söylənmiş məruzə sabah Asiyada, Afrika və Avstraliyada oxunur, özünə tərəfdar vəəleyhidar tapır. Yeni rabitə vasitələrinin, İnternet sisteminin inkişafı bu prosesi daha da gücləndirmişdir. Həzrət Əbdül-Bəha yazır:

“İnsan aləminin ən böyük ehtiyacı birlik vəəməkdaşlıqdır. İnsanlar arasında dostluq və həmrəylik əlaqələri nə qədər güclü olarsa, insanların bütün fəaliyyətləri də bir o qədər güclü olar. Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər, şəhərlər və ya kəndlər olsun, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Deməli, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur. Doğrudan da, bu ecazkar dövrün, bu şərəfli əsrin (yəni XX əsrin A.C.) möcüzələrindən biridir. Ona görə ki, nur əsri olan bu əsrə yeganə və müqayisə edilməz qüdrət, cəlal və şöhrət bəxş edilmişdir”.

Əvvəlki dövrlərdə Bəşəriyyətin Birliyinə mane olan ikinci sədd dillərin müxtəlifliyi idi. Xarici dillərin, xüsusən də beynəlxalq dillərin öyrənilməsi sayəsində bu çətinlik müəyyən dərəcədə aradan qaldırılmışdır və belə güman etməyəəsas da vardır ki, yaxın gələcəkdə bütün ölkələrdə hamının qəbul etdiyi bir beynəlxalq dilin tədrisinə ciddi yanaşmaqla bu sədd tamamilə aradan qaldırılacaqdır. Bu məsələ ilə bağlı Həzrət Bəhaullah yazır:

“Çox çəkməz ki, dünyadakı bütün insanlar bir dil və bir yazı ilə bəzənərlər. O zaman hər kəs hansı şəhərə yollansa, özünü evindəki kimi hiss edər. Bu işlər lazım və vacibdir”.

Üçüncü ən böyük maneə dini, milli, irqi, siyasi mövhumatlar və dözümsüzlüklərdir. Onlar bütün dövrlərdə münaqişələrə səbəb olmuş və müharibələr törətmişdir. Ölkələr arasında və ya müxtəlif ölkələrin daxilində hər cür qarşıdurmalar, nifrət və hədələr bu və ya digər mövhumat səbəbindən baş verir. Bu da yox olub gedir. Dünyanın hər yerində insanların düşüncəsi dəyişilir. Xalqın tərbiyələndirilməsi qapalığa, əyalətçiliyə meyilli, millətçi, irqçi siyasətçilərin, mühafizəkar və fanatik ruhanilərin əlindən çıxır. İndi ən yeni və daha liberal ideyaların hətta ən qapalı və mühafizəkar dini və siyasi dairələrə daxil olmasına heç nə mane ola bilmir. Həzrət Bəhaullah yazır:

“Həqiqətən, Allah İradəsinin səmasından enən sözlər Kainat üçün birlik və harmoniya mənbəyidir. İrqi və milli fərqlərə göz yumun və hamılıqla birliyi alqışlayın. Biz dünyaya yaxşılıq və xoşbəxtlik arzu edirik. Arzu edirik ki, bütün xalqlar inamına görə bir xalq, insanlar isəəslən qardaş olsunlar; insan oğulları arasında bağlılıq və birlik telləri artsın; dini çəkişmələr kəsilsin, irqi və milli ayrıseçkilik təzahürlərinə son qoyulsun”.

Bəhai təliminə görə dünyada baş verən proseslər sübut edir ki, formalaşmaqda olan Qlobal Təfəkkürün zərbələri altında qrup düşüncənin məhsulu olan baxışlar və ideologiyalar tədricən aşınmaya, ən mürtəce siyasi, dini-siyasi rejimlər isə öz mövqelərini əldən verməyə başlamışdır. Həzrət Şövqi Əfəndi 1931-ci ildə yazmışdır:

“Həzrət Bəhaullahın çağırışı ilk növbədəəyalətçiliyin, qapalılığın, mövhumatın bütün formalarına qarşı çevrilmişdir. Əgər keçmişdə könüllərdə bəslənilən ideallar, zaman-zaman müqəddəs sayılan təsisatlar, bəzi sosial fərziyyələr və dini qanunlar bu gün Bəşəriyyətin böyük hissəsinin rifahının yaxşılaşmasına təsir göstərmirsə, əgər onlar daim inkişafda olan Bəşəriyyətin mənafeyinə xidmət etmirsə, onları süpürüb dövrünü başa vurmuş və unudulmuş təlimlər zibilxanasına atmaq lazımdır. Nə üçün ümumi dəyişkənlik və dağılma qanununa tabe olan dünyada onlar ümumi qanundan kənarda qalmalıdır? Axı, hüquqi standartlar, iqtisadi və siyası nəzəriyyələr yalnız Bəşəriyyətin bütövlükdə maraqlarını gözləməkdən ötrü təsis edilmişdir, ona görə də ayrı-ayrı qanun və ya doktrinaların qorunması naminə Bəşəriyyət əzab çəkməməlidir”.

Bəşəriyyətin Birliyi insan cəmiyyətinin sosial və mənəvi inkişafının bütün gedişatı ilə, xüsusən də XX əsrdə ona daxilən xas olan ziddiyyətlərin kəskinləşməsilə hazırlanmışdır. Uca Ədalət Evinin Dünyanın Dini Liderlərinə ünvanlanmış aprel 2002-ci il tarixli məktubunda deyilir:

“XX əsrin mirası budur ki, o dünya xalqlarını özlərini vahid insan nəslinin üzvləri kimi görməyə və Yer kürəsini bütün insanların ümumi evi olduğunu anlamağa məcbur etdi. Davamlı konfliktlərə və zorakılıqlara baxmayaraq, nə vaxtsa insan təbiətinin ayrılmaz xüsusiyyəti kimi təsəvvür olunan təəssübkeşliklər artıq hər yerdə geriyə çəkilir. Bununla bərabər, bəşər ailəsini mədəni, etnik və milli mənsubiyyətinə görə Babil həngaməsinə çevirən maneələr də dağılmaqdadır. Belə köklü dəyişikliyin belə qısa bir zamanda baş verməsi gələcəkdə olacaq imkanların böyüklüyünü təsəvvür etməyə kömək edir.”

Lakin Bəşəriyyətin birliyə doğru dönməz inkişafının aşkar əlamətlərinə baxmayaraq, bu proses bir qrup insanların istəyi əleyhinə baş verməkdədir. Dünyanın siyasi, dini, iqtisadi liderləri xalqların həqiqi birliyinə deyil, Bəşəriyyətin parçalanması səbəbindən yaranmış qlobal böhranın yumşaldılmasına çalışırlar. Dünya və vətən haqqında anlayışları genişləndirmək və Bəşəriyyətin birliyini tanımaq haqqında tək-tək çağırışlar həm ictimaiyyətin bir hissəsi, həm də “uzaqgörən siyasətçilər” tərəfindən laqeydliklə qarşılanır. “Açıq cəmiyyət” konsepsiyasının müəllifi Karl Popper―“Dünyanın bir çox intellektual liderlərinin xəyanətinə baxmayaraq, özünün hələ körpəlik dövrünü yaşayan Sivilizasiyamız böyüməkdə davam edir”―sözlərini deyərkən, görünür, həmin liderləri nəzərdə tuturmuş.

İnsan qruplarının müxtəlifliyi, mədəniyyətlər, dillər və dinlər arasındakı fərqlər və ziddiyyətlər bir çoxları üçün keçilməz səddə bənzəyir. Alman filosofu İohann Qerder (XVIII əsr) vaxtilə aforizmə çevrilmiş bir fikir söyləmişdir: “Avropada heç bir xalq öz mədəniyyətini təklikdə yaratmayıbdır”. Bəşəriyyətin Birliyi prinsipində məqsəd insanların qəlbindəki sağlam düşüncəli vətənpərvərlik alovlarını söndürmək deyildir. Bu prinsiplə həmçinin dünyanın millət və xalqlarının dil, tarix, ənənələr, düşüncə tərzi, estetik xüsusiyyətlər və adətlərlə şərtlənmiş müxtəliflikləri nə inkar edilir, nə də ləğv edilir. Əksinə, onun qarşıya qoyduğu əsas məqsədlərdən biri də maddi dəyərlərə söykənən indiki insan cəmiyyətinin törətdiyi hədsiz mərkəzləşmənin, yeknəsəkliyin nəticələrini aradan qaldırmaqdır. Bəhai təliminə görə, XX əsrdə başlamış Qlobal iqtisadi və siyasi inteqrasiya proseslərinin təbii inkişafı Dünyada Kiçik Sülhün və yaxud Dünya Dövlətləri Federasiyasının yaranmasına gətirib çıxaracaqdır. Bəşəriyyətin iqtisadi və siyasi birliyinin arxasınca onun ruhani birliyi formalaşacaq ki, bu da Yerdə Yeni Sivilizasiyanın qurulması ilə nəticələnəcəkdir. Həzrət Bəhaullah bu yeni Sivilizasiyanı “Böyük Sülh Əsri”, Həzrət Əbdül-Bəha “İlahi Sivilizasiya” adlandırmış, Həzrət Şövqi Əfəndi isə Onun 500 min il ərzində mövcud olacağını (“Bəha” tsiklı müddətində) bildirmişdir. Uca Ədalət Evi buyurur:

“Allahın coşğun inkişaf edən, bütün bəşəriyyətə bütövlükdə toxunan, durmadan həyata keçməyə doğru irəliləyən böyük Planı bəşəriyyətin birliyinə mane olan bütün maneələri aradan qaldırır və onu bədbəxtlik və iztirab kürəsində əridib bütövləşdirir. Allahın İradəsi ilə bu proses Kiçik Sülhün qurulmasına gətirib çıxaracaq... Dünyanın siyasi cəhətdən birləşməsi. Bəşəriyyət buna nail olaraq bir bədənə bənzəyəcək, lakin onda həyat ruhu olmayacaq. Sonra bu vahid bədənə həyat ruhu vermək zərurəti olacaq―əsl birliyi və ruhaniliyi bərqərar etmək lazım gələcək ki, bunun da ali təzahürü Böyük Sülh olacaq və bu vəzifə bəhailərin üzərinə düşür, o bəhailər ki, şüurlu surətdə və məqsədyönlü şəkildə, Yazıların prinsiplərinəəməl edərək və Allahın daim istiqamətləndirən gücünə inanaraq yer üzündə İlahi Səltənətin qurulmasına çalışır və öz yaxınlarını ona daxil olmağa çağırırlar”.

Həzrət Bəhaullahın Vəd etdiyi İlahi Sivilizasiyanın quruluşunu, maddi və mənəvi ölçülərini və imkanlarını bu gün təsəvvürə gətirmək qeyri-mümkündür. Azərbaycan ərazisində 500 min il əvvəl yaşamış Azıxantrop insan üçün XXI əsrin Sivilizasi nə qədər sirli və əlçatmazdırsa, bu gün İlahi Sivilizasiya bizim üçün o qədər anlaşılmaz və dərkedilməzdir. İlahi Sivilizasiyanın Yerdə qurulması və Kainata yayılması təkcə Bəşəriyyətin deyil, bütün Kainatın inkişafında yeni Tarixi mərhələ olacaqdır. İlahi Sivilizasiyada bütün bəlaların, xəstəlik və təbii fəlakətlərin, yoxsulluq və səfalətin, zülm və haqsızlığın sonu çatacaqdır. Hər yerdə məhəbbət, xoşbəxtlik, sağlamlıq, firavanlıq, azadlıq, yüksək ruhanilik və əxlaqi paklıq bərqərar olacaqdır. Yer Kürəsi Cənnətə çevriləcək və çiçəklənən bağa bənzəyəcəkdir. İlahi Plana uyğun olaraq insanların birgə səyi vəəməyi ilə qurulucaq bu cəmiyyətin ruhani, elmi-texnoloji, intelektual-mədəni səviyyəsi o qədər yüksələcək ki, Həzrət Bəhaullahın buyurduğu kimi, Onun nuru bütün Kainatı işıqlandıracaqdır. Həzrət Əbdül-Bəha buyurur:

“Eynilə də bu ecazkar tsikldə bu dünya dəyişəcək və insan dünyası sakitlik və gözəlliklə meydana çıxacaq. Dartışmalar, mübahisə və qətllər sülh, doğruluq və barışla əvəz olunacaq; sevgi və dostluq yaranacaq. Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Ən Müqəddəs Kitabın qanunları qüvvəyə minəndə, ixtilaf və mübahisələr millətlərin və ölkələrin ümumi tribunalı qarşısında mütləq ədalətlə son həllini tapacaq və baş qaldıran çətinliklər həll olunacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək, yer üzü bir ölkə olacaq və bəşəriyyət tək icmaya çevriləcək. Ölkələr arasında münasibətlər―xalqların və icmaların qarışması, birləşməsi və dostluğu―elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Səmavi məhəbbətin işığı nur saçacaq, düşmənçilik və nifrətin zülməti yer üzündən qovulacaq. Ümumdünya sülhü öz çadırını yer kürəsinin düz ortasında quracaq və mübarək Həyat Ağacı böyüyəcək və elə qol-budaq atacaq ki, bütün Şərqin və Qərbin üzərinə kölgə salacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət vəədavət aparan millətlər―hansı ki, qurd və quzuya, bəbir və çəpişə, aslana və buzova bənzəyirlər―bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə, varlıqların sirlərinin gerçəkliyi haqda biliklə və Allahın biliyilə dolacaq”.

Həzrət Bəhaullah, Həzrət Əbdül-Bəha və Həzrət Şövqi Əfəndinin Yazılarından məlum olur ki, İlahi Sivilizasiya Yerdə Bəşəri Birliyin yaranması ilə öz inkişafına başlayacaqdır. Lakin bu Cəmiyyətin sonrakı inkişaf mərhələləri və onun Kainatdakı əhatə dairəsi məlum deyildir. Bəşəri Birlik insanlıq tarixində yeni sosium olmaqla İlahi Sivilizasiyanın embrion halında olan təsisatlarını öz “bətnində” yetişdirən xüsusi mühit olacaqdır. Qeyd edildiyi kimi, belə bir təsisat―İnzibati Quruluş Bəhai icmasının daxilində embrion şəklində inkişafdadır. Tarixi məqamda o, kamilləşmiş formada üzə çıxaraq, İlahi Sivilizasiyanın İnzibati Quruluşunu təşkil edəcəkdir. İndiki sivilizasiya ilə İlahi Sivilizasiyanın qovşağında formalaşan Bəşəri Birliyin tarixi məqamı Həzrət Şövqi Əfəndinin 11 mart 1936-cı il tarixli məktubunda işıqlandırılmışdır:

“Həzrət Bəhaullahın nəzərdə tutduğu insan nəslinin birliyi prinsipi bütün xalqların, irqlərin və təbəqələrin öz aralarında sıx və daimi əməkdaşlıq etdikləri, birliyə daxil olan bütün muxtar dövlətlərin mənafelərinin bütünlüklə qorunduğu və bu dövlətləri yaradan şəxslərin azad təşəbbüslərinə tamamilə təminat verildiyi Dünya Dövlətinin bərqərar olması kimi başa düşülür.

Bizim təsəvvür edə bildiyimiz bu cür dünya idarəetməsinin Qanunvericilik Orqanı olmalıdır. Bütün bəşəriyyət tərəfindən etimad göstərilmiş bu orqanın üzvləri isə onun tərkibinə daxil olan hər bir millətin sərvətləri üzərində ciddi nəzarət qoymalı və bütün dünya xalqlarının tələbatlarını ödəyən, onların həyat tərzini yaxşılaşdıran və onların düzgün qarşılıqlı əlaqələrini təmin edən qanunlar verməlidir.

Bütün beynəlxalq qüvvələr tərəfindən dəstəklənən dünya icraçı orqanı dünya qanunvericilik orqanı tərəfindən qəbul olunan ganunları yerinə yetirməli və bütün dünya idarəsinin üzvlərinin birliyini qorumalıdır. Beynəlxalq Tribunal ayrı-ayrı dövlətlər və xalqlar arasında baş verən bütün məsələlərigündəliyə gətirməli və danışıqsız yerinə yetirməli olan qəti qərarlar verməlidir.

Belə idarəetmə sistemi bütün yer kürəsini əhatələyən və tam sürətlə və dəqiqliklə fəaliyyət göstərən, hər cür milli müdaxilədən və məhdudiyyətlərdən azad olan etibarlı beynəlxalq əlaqələrin mövcudluğuna təminat verəcəkdir.

Belə sistemdə Dünya Paytaxtı bütün aləmi ruhlandıran və bəşəriyyətin bütün xeyirxah qüvvələrini birləşdirən mərkəz olacaqdır.

Dünya sisteminə mənsub olan beynəlxalq dil ya yenidən tərtib edilməli, ya da mövcud dillərin içərisindən seçilməlidir. Və bu dil sistemə daxil olan bütün federativ millətlərin məktəblərində onların ana dilləri ilə yanaşı tədris olunmalıdır. Beynəlxalq yazı, ədəbiyyat, vahid beynəlxalq pul sistemi, vahid çəki və ölçü sistemi―bütün bunlar dünyanın bütün xalqlarının və irqlərinin qarşılıqlı münasibətlərini və qarşılıqlı ünsiyyətini asanlaşdırmalı və sadələşdirməlidir.

Belə bir Dünya Birliyində bəşəriyyətin iki ən nəhəng qüvvəsi olan din və elm sülhə gələcək və qarşılıqlı yardım şəraitində ahəngdar surətdə inkişaf edəcəklər. Belə bir sistemdə fəaliyyət azadlığından tamamilə istifadə edən kütləvi informasiya vasitələri insanların düşüncə və dünyagörüşlərini bütünlüklə əks etdirməyə başlayacaqdır, belə ki, o, müxtəlif şəxsi məqsədləri və ya qrupların mənafelərini müdafiə etmək vəzifəsindən qurtaracaq, dövlətlərin və xalqların hər cür təsirindən azad olacaqdır. Dünyanın iqtisadi ehtiyatları düzgün hesablanacaq, xammal mənbələrindən tam istifadə olunacaq, onun bazarları düşüncəli surətdəəlaqələndiriləcək, dünyanın sərvətləri isə ədalətlə bölüşdürüləcəkdir.

Beynəlxalq rəqabətə və hər cür digər zərərli fitnə-fəsadlara son qoyulacaqdır. İrqi xurafatları və nifrəti xalqlar arasındakı dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əvəzləyəcəkdir. Dini çəkişmələri törədən səbəblər birdəfəlik aradan qaldırılacaq, iqtisadi sədlər və məhdudiyyətlərin, xüsusi sinfi fərqlərin kökü birdəfəlik kəsiləcəkdir.

Bir tərəfdən olduqca ağır ehtiyac içində yaşamaq və digər tərəfdən həddindən artıq sərvətlərin yığılması və təmərküzləşməsi aradan qaldırılacaqdır. İndi müxtəlif iqtisadi və siyasi müharibələrə sərf olunan nəhəng enerjilər insanların etdikləri kəşflərin və onların texniki nailiyyətlərinin tez bir zamanda tətbiq edilməsinə yönəldiləcəkdir. Bu həm əmək məhsuldarlığının artırılması, xəstəlikləri törədən səbəblərin aradan qaldırılması, elmi ixtiraların genişləndirilməsi, fiziki sağlamlıq səviyyəsinin yüksəldilməsi, düşünmə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi sahələrindəki, həm də tam istifadə olunmamış yeraltı yataqların və sərvətlərin emal edilməsi, insan ömrünün uzadılması və bütün bəşəriyyətin əxlaqi, intellektual və mənəvi həyatını möhkəmləndirən digər təşəbbüslərin stimullaşdırılması sahəsindəki məsələlərə toxunacaqdır.

Bütün dünyaya rəhbərlik edən, sarsılmaz nüfuza malik olan, ixtiyarında zəngin sərvətlər və geniş imkanlar olan Dünya Federasiya Sistemi; müharibə fəlakətlərindən və onun acı nəticələrindən qurtarmaq haqqında həm Şərqin, həm də Qərbin baxışlarının və mənafelərinin ifadəçisi olan Dünya Federasiya Sistemi; yeraltı sərvətlərdən və mədənlərdən maksimum istifadə olunmasına çalışan sistem; zorakılığı cilovlayan və onu ədalətə tabe edən sistem; Allahın Təkliyini hər yerdə şüurlara təlqin etməklə şərtlənən və vahid dünya Vəhyinə loyal münasibət göstərməyi hamıya aşılayan sistem―indi ümumi, həyati maraqlar əsasında birləşmiş bəşəriyyətin nail olmağa çalışdığı son məqsədi bax budur.

Bəşəriyyətin indi yaxınlaşdığı ideal―bütün xalqların birliyidir. Ailənin, tayfaların, ölkələrin və millətlərin formalaşması mərhələləri insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmış mərhələdir. Bütün dünyanın birliyini həyata keçirmək bütün bəşəriyyətin arzuladığı məqsəd və onun yekun mərhələsidir.

Millətlərin formalaşması dövrü qurtarmışdır. Dövlət suverenliyinin xüsusiyyəti olan anarxiya özünün ən yüksək nöqtəsinə can atır. Dünya öz kamilliyinə nail olan kimi xurafatlardan imtina etməli, bütün bəşəriyyətin birliyini və onun qarşılıqlı əlaqələrinin bütövlüyünü dərk etməli və birdəfəlik olaraq elə təşkilati idarəetmə aparatı yaratmalıdır ki, bu həyati və müqəddəs problemi öz mövcudluğu tarixindəən yaxşı tərzdə həyata keçirə bilsin”.

Dinlərin Birliyi

HƏZRƏT ƏBDÜL-BƏHA buyurur: “Allahın bizim mədəni əsrimizə olan hədiyyəsi―bəşəriyyətin birliyi və dinlərin əzəli birliyi haqqında bilikdir”.

Bəhai dininin ardıcılları inanırlar ki, dünyanın böyük dinləri ilahi mənşəyə malikdirlər. Onların hamısı müxtəlif yerlərdə və vaxtlarda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Allahın Vəhyi vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır və Bəşəriyyət durduqca bu rəhbərlik də davam edəcəkdir. Bəhai təliminə görə Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər Onun tarixi mərhələləridir. Bu Din tarix boyu kamilləşmək yolu ilə inkişaf etmişdir.Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Tövrət, İncil, Quran-i-Kərim və s.) isə bir İlahi Kitabın səhifələridir. Bu Din cansız deyildir. Əksinə, o, daim inkişafdadır. Həzrət Musanın təlimində biz tumurcuğu, Həzrət İsa və Həzrət Məhəmmədin təlimində çiçəyi görürüksə, Həzrət Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Tumurcuq və çiçək töküldükləri üçün faydasız sayılmamalıdır. Onların hər biri öz dövründə zəruri və faydalı idi, onlarsız meyvə yetişə bilməzdi. Eyni proses Peyğəmbərlərin təlimlərində də baş verir; onların xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamamlayır. Onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur, onlar Vahid Dinin müxtəlif tarixi mərhələləridir.

Allah alidir və O, insanın dərketmə qabliyyətindən kənardadır. O, bəşəriyyəti kamil və qüsursuz şəxslər olan Elçilər vasitəsi ilə idarə edir. Bu Elçilərə və ya Peyğəmbərlərə Allahın Zühurları kimi dəbaxmaq mümkündür. Onlar Allah deyillər, lakin mükəmməl güzgütək Onun işığını insanlara əks etdirirlər. Onlar günəşin işığını yerə çatdıranşüalara bənzəyirlər. Peyğəmbərlər Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Onlar Öz həyatları və təlimləri vasitəsilə Allahın kamilliyini əks etdirirlər. Allah bu Zühurlarının vasitəçiliyi ilə insanı Onu dərk etməyə və sevməyə çağrir. İnsan üçün Allahın dərk edilməsi yalnız Zühurun vasitəçiliyi ilə mümkündür. Ona görə də Zühurun kamilliklərinin dərk edilməsi insanın məhdud dərrakəsinə Allah haqqında tam bilik əldə etməyə imkan verir.

“Lütfinin nişanəsi, mərhəmətinə sübut kimi O, insanlara Özünün İlahi rəhbərliyinin dan ulduzlarını, Onun ilahi biliyinin rəmzlərini aşkarladı və bu nurlandırılmış Varlıqlarların dərk edilməsini özünün dərk edilməsi ilə eyni olmasını müəyyən etdi”.

Allah Elçisinin Yerdə görünməsi çox nadir hadisə olduğu üçün bəşəriyyətə din gətirmiş yalnız bir neçə Peyğəmbərin adı məlumdur: Həzrət Krişna, Həzrət İbrahim, Həzrət Zərdüşt, Həzrət Musa, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd, Həzrət Bab və Həzrət Bəhaullah. Onların hər biri yeni Dinin əsasını qoymuş və müstəqil mədəniyyətlərin inkişafına təkan vermişlər. Onların hər biri vaxtiləələ salınmış, qovulmuş, alçaldılmış, insanlar tərəfindən qəbul edilməmişlər. Müasirlərinin yalnız çox az qismi Onların həqiqi mahiyyətini duymuşlar. Hər Allah Elçisinin Yerdəki həyatı sona yetdikdən sonra O, milyonlarla insanın məhəbbət və etiqad obyektinə çevrilmişdir. Allah Elçiləri təklikdə, yerdəki qüvvələrin köməyi olmadan insanların ürəklərində Öz hakimiyyətlərini qururdular. Onlar bəşəriyyətin həqiqi müəllimləri idilər. Onların məqsədi insanları bir-birinə yaxınlaşdırmaq, insan sivilizasiyasının tərəqqisinə nail olmaq idi.

Bəhai təliminə görə, hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yuksək ruhani səviyyədə bütün dünya dinləri arasında tam harmoniya mövcuddur. Fərq yalnız sosial səviyyədə müşahidə edilir. Bu özünü dini mərasim və ayinlərdə, qanun və sərəncamlarda göstərir. Dinin sosial cəhətləri əbədi ola bilməz, dövrdən dövrə cəmiyyət dəyişdikcə, onlar da dəyişməlidirlər. Həzrət Əbdül-Bəha yazır:

“Hər İlahi Vəhy iki hissədən ibarətdir. Birincisi əsas olub əbədidir. O, İlahi həqiqətlərin və başlıca prinsiplərin şərhidir. O, bütün dinlərdə vahid və dəyişməzdir.

İkinci hissə praktiki həyata, qarşılıqlı və işgüzar münasibətlərə aid olub, onun məzmunu insanın təkamülünə və Peyğəmbərin dövrünün tələblərinə uyğun şəkildə dəyişir. Məsələn, Həzrət Musanın dövründə ən adi oğurluğa görə əli kəsirdilər. Lakin bu qanunlar Həzrət İsanın dövrünə uyğun gəlmirdi və O, onları ləğv etdi. Eynilə boşanmaların geniş hal alması, nigah qanununun laxlaması səbəbindən Həzrət İsa boşanmanı da qadağan etdi.

Dövrünün tələblərinə uyğun olaraq HəzrətMusa ağır cinayətlərə görə “On qanun” müəyyən etdi. O zamanlar bu kəskin qanunlar olmadan icmanı müdafiə etmək, onun ictimai təhlükəsizliyini qorumaq mümkün deyildi, çünki İsrail övladları Tih səhrasında yaşayırdılar. Orada nə məhkəmə, nə də həbsxanalar var idi. Lakin Həzrət İsanın dövründə bu qanunlara ehtiyac olmadı. Beləliklə, yerin və zamanın adət-ənələrinə aid edilən dinin ikinci hissəsi o qədər dəəhəmiyyətli deyildir, lakin Allah Dininin əsasını təşkil edən birinci hissə isə vahiddir və Həzrət Bəhaullah onu bərpa etdi”.

Dinlər arasında fərq insanların İlahi təlimlərə süni əlavələr etməsi nəticəsindədə yaranır. Beləliklə, təlimlərin saflığı ardıcılları tərəfindən zaman-zaman təhrif olunur. Hər dinin zahiri, maddi cəhətləri yaranma, yüksəlmə və tənəzzül mərhələlərindən keçir. Zaman keçdikcə insanlar dinin ruhaniyyətilə bağlı hissəsini unudub, onun zahiri, maddi cəhətlərindən (ayin, mərasim və s.) möhkəm yapışır, onları mütləq həqiqətə çevirirlər. Lakin insan cəmiyyəti bir yerdə durmur, o daim inkişafdadır. Biliklər artdıqca və ictimai-iqtisadi münasibətlər təkmilləşdikcə, insanların dünyagörüşü dəyişir və kamilləşir. Bu zaman inkişaf etmiş cəmiyyət dinin dondurulmuş sosial qanunlarına sığmır. Bu da fərdlərin və bütövlükdə cəmiyyətin dindən uzaqlaşmasına, ruhaniyyətin vəəxlaqın aşağı düşməsinə səbəb olur. Tənəzzül mərhələsi yüksək həddə çatanda Allah Yerə yeni Peyğəmbər göndərir, insanların ürəyinə yeni inam toxumu atılır, unudulmuş ruhani prinsiplər yenidən bərpa edilir, inkişaf etmiş yeni cəmiyyətin tələblərinə uyğun qanun və hökmlər elan edilir və bununla da növbəti yüksəliş başlayır. Həzrət Bəhaullah yazır:

“Yenə də dinlərin mahiyəti barədə yazmışdınız. Müdriklər dünyanı insan bədəninə bənzətmişlər. İnsan bədəninə geyim lazım olduğu kimi, dünyanın bədəninə dəədalət və bilik libası gərəkdir. Deməli, Allahın dini dünyanın libasıdır, elə ki, köhnəldi, Allah onu təzə libasla bəzəyir. Hər dövr ayrıca bir rəftar tələb edir və Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir və aşkar olur”.

Həzrət Krişna “Bhaqavat-Qita”da deyir:

“Din tənəzzülə uğradıqda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm zahir oluram... Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm”.

Bütün Peyğəmbərlər bir Dinə xidmət etdir və bir İlahi Planı mərhələ-mərhələ həyata keçirdikləri üçün onların təlimlərindəki ardıcıllığı görməmək mümkün deyildir. Ona görə də dinləri bir-birindən ayırıb qarşı-qarşıya qoymaq, birini həqiqi, saf, digərini səhv və natəmiz hesab etmək yolverilməzdir. Bütün dinlər və müqəddəs Yazılar öz əsaslarında həqiqi, bütün Peyğəmbərlər Allahın Zühurlarıdırlar. Həzrət Bəhaullah yazır:

“Əgər onlara diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər”.

Hər dəfə Peyğəmbər gələndə, Ondan əvvəlkilər tərəfindən başlanmış təlimin qurulması prosesi davam etdirilir, yeni Müjdə gətirilir və gələcək Zühurun gəlişi üçün əsas qoyulur. Peyğəmbərlər Öz mahiyyətlərinə görə bir-birindən fərqlənmirlər. Lakin Allahın Onlara tapşırdığı vəzifələrdən, İlahi yükün ağırlığından və məsuliyyətindən asılı olaraq onlar fərdi məqamlara malikdirlər. Həzrət Bəhaullah yazır:

“Əlbəttə Allahın bütün Peyğəmbərləri Onun sevimliləridirlər, Onun Müqəddəsləri və Onun seçilmiş Müjdəçiləridir, hamısı bir nəfər kimi Onun adını daşıyır və Onun mükəmməlliyini təcəssüm etdirirlər. Onları bir-birindən ancaq Onların Vəhylərinin gücü və Onların halələrinin saçdığı nurun parlaqlığı fərqləndirir”.

Peyğəmbərlərin ikili mahiyyəti ilə bağlı məsələyə Həzrət Bəhaullahın Yazılarında geniş açıqlamalar verilmişdir; Allah insanı Öz surətində, Öz oxşarında yaratmış, Öz sifətlərini və keyfiyyətlərini onda cəmləşdirmişdir. Lakin Allah Özünün bəzi cəhətlərini, yəni Tanrılıq, Rəbbilik kimi atributlarını yalnız Peyğəmbərlərdə zahir etdirmişdir. Ona görə də Allah Elçiləri Allahın hökmdarlıq sifətlərinin daşıyıcıları kimi adi insanlardan qat-qat yüksəkdə dururlar. Həzrət Bəhaullah yazır:

“Bu Varlıq Cövhərləri əsasən bir və eyni olmaları baxımından Rəbbilik, Tanrılıq, Mütləq Təklik vəsfləri ilə vəsfləndirilirlər, çünki onların hamısı Tanrı zühuru taxtında oturur, Tanrı kürsüsündə əyləşirlər. Yəni Tanrının zühuru Onların zühurlarıyla, Tanrının gözəlliyi onların Camalı ilə görünür”.

Həzrət Babın Məhəmməd şaha yazdığı məktubda peyğəmbərlərin İlahi mahiyyəti ilə bağlı bəzi məqamları izləyə bilərik:

“Allah məni digər adamlar kimi gildən deyil, başqa maddədən yaratmışdır. O, mənə müdriklərin əsrlərlə dərk edə bilməyəcəyini və möminlərin anlamayacağını bəxşiş etmişdir. Mən bütün yaradılmışların çıxdığı Çıxış Nöqtəsiyəm. Mən şöhrəti heç vaxt qaralmayan Allahın Üzüyəm, şöləsi heç vaxt sönməyən Allahın Nuruyam. Məni tanıyan kəslərin nəsibi cəsurluq və dünyanın bütün rifahları olacaq; Məni tanımayankəsləri isə Cəhənnəm alovu və saysız-hesabsız bəlalar gözləyir”.

Həzrət Bəhaullah “Kitab-i-İqanda” peyğəmbərlərin mahiyyəti ilə bağlı geniş açıqlama vermişdir:

“Əgər bu kamil Məzhərlərdən “ Mən Allaham!” nidası eşidilərsə, bu, doğrudur və buna heç bir şübhə yoxdur. Axı dəfələrlə sübut edilmişdir ki, onların zühuru, sifətləri və adları ilə yer üzündə Allahın zühuru, Allahın adı və Allahın sifəti aşkar olur. Buna görə də buyurur: “Atdığın zaman sən atmadın, Allah atdı” (“Ənfal” surəsi,17-ci ayə). Və həmçinin: “Sənə beyət edənlər, şübhəsiz, Allaha beyət etmiş olurlar” (“Fəth” surəsi,10-cu ayə). Əgər onlar: “Mən Allahın Rəsuluyam” nəğməsini oxusalar, bu da doğrudur və buna şəkk-şübhə yoxdur. Necə ki, buyurur: “Məhəmməd sizin kişilərinizdən heç birinin atası deyildir, lakin Allahın rəsuludur” (“Əzhab” surəsi, 40-cı ayə). Bu məqamda onların hamısı o Həqiqi sultan vəƏzəli Varlıq tərəfindən göndərilmişlərdir. Əgər onların hamısı: “Mən peyğəmbərlərin möhürüyəm (sonuncusuyam)!” deyə nida etsələr, bu da doğrudur və burada şübhəyə yer yoxdur. Çünki onların hamısı bir şəxs, bir qəlb, bir ruh, bir bədən və bir Vəhy deməkdir. Və hamısı o Həqiqi Ruhlar Ruhunun və əzəli Cövhərlər Cövhərinin başlanğıc və sonunun, əvvəli və axırının, zahiri və batininin təzahürüdür. Həmçinin onlar: “Biz Allahın qullarıyıq!” deyə buyursalar, bu da şübhəsiz və aydındır. Çünki onlar dünyada bəndəliyin ən yüksək dərəcəsini nümayiş etdirirlər və yer üzündə heç kəs bəndəliyin bu səviyyəsinə çata bilmir”.

Bütün Allah Elçiləri kimi, Həzrət Bəhaullah da həm Allahın səsi, həm də bu səsin insan bələdçisi idi. O, bu həqiqəti belə etiraf edirdi:

“Ya Rəbb, məni Səninlə bağlayan həmin əlaqə haqqında düşünərkən, Məni elə arzu çulğalayır ki, bütün yaradılanlara elan etmək istəyirəm―“Həqiqətən Mən Allaham”, lakin Mən özümə nəzər salarkən, özümü palçıqdan da kobud görürəm”.

Peyğəmbərlərin ikili mahiyyəti ilə bağlı açıqlamalar və onlara Allahın Zühurları kimi baxılması dövrün din xadimləritərəfindən düzgün başa düşülmür və Həzrət Bəhaullaha qarşı kəskin həmlələrlə nəticələnirdi. O, bu haqda yazırdı:

“Sizlərdən bəziləri deyirdilər: O, bunu iddia edir ki, O, Allahdır. Allah-Təalaya and olsun! Bu görünməmiş böhtandır. Mən, ancaq Allahın quluyam, Ona və Onun əlamətlərinə inanıram. Mənim dilim və Mənim qəlbim və Mənim bütün daxili aləmim və Mənim xarici varlığım buna şahiddir ki, Allahdan başqa allah yoxdur, bütün yaradılanlar Onun Əmri ilə, Onun İradəsinin əməli ilə yaranmışdır. Mən, ancaq o kəsəm ki, Allahın Öz istəyi ilə Mənə bəxş edilib ki, Onun Səxavətini hər yerdə söyləyim. Vəəgər bu Mənim günahımdırsa, onda həqiqətən, cinayətkarlardan birincisiyəm”.

Bəhailər inanırlar ki, Həzrət Bəhaullah zaman etibari ilə Allahın yerdəki sonuncu Rəsuludur. Onun missiyası dünya dinlərinin birliyini həyata keçirməkdir. O, öyrədir ki, Din sülhün və bəşəriyətin tərəqqisinin ilkin amilidir. Ümümdünya sülhü həmçinin Dinin dünya miqyasında təzələnməsini şərtləndirir.

Anchor 10
Anchor 12

Mövhumatın Aradan Qaldırılması

DİNİ, İRQİ, SİNFİ, milli və başqa mövhumatlara qarşı real vasitə―şüurluluq və bəşəriyətin birliyidir. İnsanlar Öz aralarında ruhani birlik əldə etməklə bu mövhumatları aradan qaldıra bilərlər. Həzrət Bəhaullah deyir ki, müxtəlif irqlərin və millətlərin mövcudluğuna onların birliyi nöqteyi-nəzərindən baxmaq lazımdır.

Həzrət Əbdül-Bəha yazırdı:

“Allahın gözündə dərinin rənginə görə fərq yoxdur; hamı rənginə və ona xidmətinin gözəlliyinə görə birdir. Dərinin rəngi mühüm deyildir, yalnız insanın ürəyi mühümdür. Əgər daxildə ürək ağ və təmizdirsə, zahirin necəliyi əhəmiyətsizdir. Allah adamları dərisinin rəng çalarlarına və bədən quruluşuna görə fərqləndirmir. O, ürəyə baxır. Yaxşılıq və xasiyyəti ləyaqətli olan Allah hüzurunda hörmətli, Onun səltənətinə sədaqətli olan isə Onun sevimlisidir. Varlıq və Xəlqetmə səltənətində dərinin rəngi məsələsi çox az əhəmiyyət kəsb edir.

Bağdakı çiçəklərə bax: növünə, rənginə, formasına görə onlar müxtəlif olsalar da, bir bulağın suyu ilə suvarılır, bir küləyin nəfəsi ilə canlanır, bir günəşin şüaları ilə möhkəmlənirlər və bu fərqlər onların füsunkarlığını gücləndirir və gözəlliyini artırır”.

Din Və Elmin Hormoniyası

HƏZRƏT BƏHAULLAH ÖYRƏDİR ki, dinlə elm arasında harmoniya mövcuddur. Həqiqi din və həqiqi elm bir-birinə zidd deyildir. Onlar həqiqətin bir-birini tamamlayan tərəfləridir. Belə ki, Allah dini insana tədricən aşkarlayır. İnsan isə öz dərrakəsinə arxalanaraq elmin sirlərini açır. Hər ikisi insana lazımdır. Din ruhani yüksəlişdə vacib köməkçidir. Elm isə maddi tərəqqi vasitəsidir. Həzrət Bəhaullah dinə və elmə dünyanın iki ən qüdrətli amili kimi baxır.

“Din və elm―insanın şüurunu yüksəkliyə qaldıran və insanın ruhunu inkişaf etdirən iki qanaddır. Bir qanadla uçmaq olmaz. İnsan əgər din qanadına söykənərək uçmağa cəhd edirsə, o, sürətlə xurafat bataqlığına düşəcəkdir. Əgər o yalnız elm qanadında uçarsa, irəli getməyərək, materializmin qaranlıq bataqlığına düşəcəkdir”.

Tarixdən yaxşı məlumdur ki, müasirləri tərəfindən təzyiq və hücumlara həm dinin yaradıcıları, həm də elm pionerləri məruz qalmışlar. Elm və din ardıcılları arasındakı münaqişələr isə çox vaxt vərdiş halına keçmiş cahillik və mövhumat səbəbindən baş verirdi. Bununla belə həqiqi sivilizasiya yalnız insanlar tərəfindən həm dinin, həm də elmin zəruriliyi dərk edildikdən sonra mümkün olacaqdır. Həzrət Əbdül-Bəha yazır:

“Din və elm birlikdə addımlayır və elmə zidd olan istənilən din həqiqi deyildir”.

Qeyd etmək lazımdır ki, elmin son nailiyyətləri Kainat və xəlq edilmiş bütün varlıqların vəhdəti ideyasını təsdiq edir.

Həqiqətin Müstəqil Axtarışı

HƏZRƏT BƏHAULLAH İSTƏMİR ki, kimsə onun təlimini kor-koranə qəbul etsin. O tələb edir ki, hər kəs bu təlimi diqqətlə nəzərdən keçirib və onun mahiyyətini dərk edib, müstəqil mühakimədən sonra qərar qəbul etsin. 

Bu cür müstəqil axtarış tarixdə ilk dəfədir ki, praktiki cəhətdən mümkün olmuşdur. Artıq hansısa insan qrupunun keçmişdə olduğu kimi başqalarına dini şərh etməsinə ehtiyac yoxdur. Bəşəriyyət Həzrət Bəhaullah təliminin həqiqət və ya yalan olmasını sərbəst araşdıracaqdır; bundan ötrü yalnız daha çox insanın oxumağı bacarması lazımdır. Kiminsə təhriki ilə dini kor-koranə qəbul etməklə müqayisədə həqiqətin sərbəst axtarışı insandan daha çox şey tələb edir. Həzrət Bəhaullah izah edir ki, insan irsi inamları və cəhaləti təqlid etməməlidir. İnsan həmçinin özünün son dərəcə haqlı, başqalarının isə səhv olması fikrindən də qəti imtina etməlidir. Həzrət Əbdül-Bəha yazır:

“Düşüncəsi sizin düşüncənizdən fərqli insanlara rast gələndə onlardan üz çevirməyin. Hamı həqiqəti axtarır, ona doğru gedən yollar müxtəlifdir. Mülahizələrdəki fərqlərə, düşüncələrdəki fikir ayrılıqlarına imkan verməyin ki, sizi dostlarınızdan ayırsın və ya mübahisə yaratsın. Onun əvəzində səylə həqiqəti axtarın və bütün insanları öz dostlarınıza çevirin”.

İnsanlar tərəfindən həqiqətin əsl axtarışı onların birliyinə gətirib çıxaracaqdır. Həzrət Əbdül-Bəha bu haqda deyir:

“Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəi axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər”.

Kişi Və Qadın Hüquq Bərabərliyi

BƏHAİ DİNİ TƏLİMİNƏ görə kişi və qadın hüquq bərabərliyi Yeni Dünya Nizamının qurulması üçün zəruri mənəvi və ruhani prinsipdir. Kişi və qadının istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin sosial-iqtisadi inkişafını yaxşılaşdırmaq mümkün olmayacaqdır. Həzrət Əbdül-Bəha buyurur:

“İnsan aləminin iki qanadı vardır; onlardan biri qadınlar, digəri―kişilərdir. Əgər qanadlardan biri inkişaf etməyibsə, quş uça bilməz”.

“Qadınlara öz qabliyyətlərini yüksək dərəcədə inkişaf etdirmək imkanı verilməyincə, kişilər də malik ola biləcəkləri yüksəkliyə çata bilməyəcəklər”.

Həzrət Bəhaullah bildirir ki, qadınların təhsili kişilərin malik olduğu təhsilin standartlarına uyğun gəlməlidir, yəni qadınlar və kişilər cəmiyyətdə bərabər təhsil hüququna malik olmalıdırlar. Əgər ailənin həm oğlan, həm də qızının təhsili üçün pulu yoxdursa, valideynlərə pulu qızın təhsilinə sərf etməyi məsləhət görülür, çünki o potensial ana və gələcək nəsillərin tərbiyəçisidir.

Həzrət Bəhaullah öyrədir ki, qadınların hüquq bərabərliyinin bərqərar olmasına mane olmaq və ya onun inkişafını ləngitmək mümkün deyildir. O, həmçinin deyir ki, qadınlar sülhlə bağlı məsələlərdə hərtərəfli və bərabər hüquqda iştirak etdiyi zaman müharibələrə son qoyulacaqdır.

Bu dəyişikliklər öz-özünə baş verməyəcəkdir. Potensiallarının tam inkişafı üçün qadınların özləri cəhd etməlidirlər. Həzrət Əbdül-Bəha buyurur:

“Daha yüksək kamilliyə çatmaq, bütün məsələlərdə kişilərlə bərabər olmaq, ənənəvi olaraq geri qaldıqları bütün sahələrdə irəli getməsi və kişilərin onları qabiliyyət və vərdişlərinə görə bərabərliyi tanımasından ötrü qadınları mübarizə gözləyir”.

Həzrət Əbdül-Bəha başqa bir yazısında, qadınlar cəmiyyətdə həqiqi yer tutduqdan sonra nələr baş verəcəyini belə izah etmişdir:

“Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”.

Ümumi İcbari Təhsil

HƏZRƏT BƏHAULLAHIN DİGƏR ən vacib göstərişi―ümumi icbari təhsilin zəruriliyidir; bütün kişi və qadınlar savadlı olmalıdırlar.

Bilik―Allahın insana verdiyi ən böyük nemətdir və özünü biliklər əldə etmək imkanından məhrum edənlər dostları ilə müqayisədə məhdud həyatda yaşamağa məhkumdurlar. Elm, incəsənət və sənətin insanlara fayda gətirən və yerdə həyat şəraitini yaxşılaşdıran sahələrində bilik və vərdişlərin əldə edilməsi daha əhəmiyyətlidir.

Mövhumatlar və cəhalət çox vaxt biliksizlik səbəbindən törəyir və təhsilin yayılması onları insan mühitindən kənarlaşdırmağa kömək edir.

İnsanlar öz qabiliyyətlərinə və istedadlarına görə fərqlənirlər. Uşaqlara verilən təhsildə məqsəd onlarda təbii imkanları inkişaf etdirmək və onları yaradıcı əməkdaşlığa həvəsləndirmək olmalıdır. Həzrət Əbdül-Bəha yazır:

“Həzrət Bəhaullah bildirir ki, savadsızlıq və biliyin olmaması bəşəriyyəti parçalayan maneələrdən olduğu üçün hamı ümumi və peşə təhsili almalıdır. Bu vasitənin köməkliyi ilə qarşılıqlı anlaşılmazlıq aradan qaldırılacaq, bəşəriyyətin birləşməsinə yeni təkan veriləcəkdir. Ümumi təhsil―universal qanundur.

Təhsil bütün uşaqlar üçün icbari olmalıdır. Ümumi təhsiləəlavə olaraq hər bir uşaq ixtisas, sənət, vərdişlər almalıdır ki, cəmiyyətin bütün üzvləri özlərini yaşayışla təmin edə bilsinlər. Xidmət ruhunda görülmüş iş ibadətin ən yüksək formasıdır”.

Hərb Və Sülh Məsələləri

BƏŞƏRİYYƏT YARANANDAN BƏRİ irili-xırdalı minlərlə, on minlərlə müharibələr və hərbi toqquşmalar baş vermişdir. Nəticədə milyonlarla insan həlak olmuş, yaralanmış, şəhərlər, kəndlər viran qalmış, maddi və mənəvi sərvətlər məhv edilmiş, dövlətlər, xalqlar, bütöv mədəniyyətlər tarixin səhifəsindən silinmişdir.

Müharibələrə səbəb nədir? Həzrət Şövqi Əfəndi 11 may 1932-ci il tarixli məktubunda yazır:

“Əgər biz davamlı sülh yaratmaq istəyiriksə, o zaman biz dünyada üstünlük təşkil edən milli dözümsüzlük, inamsızlıq və özünü yüksək tutma, habelə iqtisadi, sosial və dini fərqləri aradan qaldırmalıyıq. Bütün bunlar Həzrət Bəhaullahın təlimi ilə həyata keçə bilər. Çünki o, insanın qəlbini dəyişir və bizim sosial mühitimizi sağlam vəəmin-amanlı bir hala gətirmək üçün dəqiq prinsiplər verir”.

Müharibə həmişəmi səhvdir? Həzrət Əbdül-Bəha yazır:

“Elə vaxt olur ki, müharibə sülh üçün güclü əsas olur, dağıntı isə quruculuq üçün vasitənin özünə çevrilir. Məsələn, əgər yüksək düşüncəli bir hökmdar öz ordusunu separatçının və ya təcavüzkarın qarşısını almaq üçün yeridirsə və yaxud parçalanmış dövləti və insanları birləşdirmək üçün vuruşmaqla özünü göstərirsə, qısası əgər o, haqq işi üçün müharibə edirsə, onda zahirən görünən qəzəb əslində mərhəmətdir, aşkar zülm isəədalətin cövhəridir. Belə müharibə sülhün təməl daşıdır”.

Bəhailər passifistdirlərmi? Bəhai təlimi bəhailərdən idarəsi altında olduqları hökümətin qanunlarına itaət etməyi tələb edir. Uca Ədalət Evinin 9 Fevral 1967-ci il tarixli məktubunda deyilir:

“Bəhailər hökumətlərin qanun-qaydanı saxlamaq və öz xalqlarını mühafizə etmətk üçün gücdən istifadə etmək hüququnu və vəzifəsini qəbul edirlər.

Beləliklə, bəhailərə görə, belə məqsəd üçün qan tökülməsi qaçılmaz olaraq mahiyyətcə səhv deyildir. Bəhai dini, fərdin bağışlamaq və “öldürməkdənsə ölmək” borcu ilə cəmiyyətin ədaləti qoruyub saxlamaq borcu arasında çox aydın və dəqiq fərq qoyur”.

Uca Ədalət Evi bu məktubunda Həzrət Şövqi Əfəndinin 21 Noyabr 1935-ci il tarixli məktubundan sitat gətirir. Məktubda deyilir:

“Mütləq pasifistlərə və ya vicdan məsələsinə qörə müharibədə iştirak etməyənlərə gəldikdə: onların münasibəti, bəhai nöqteyi-nəzərindən baxdıqda tamamilə antisosialdır və bu fərdin vicdanını həddən çox yüksəltdiyi üçün qaçılmaz olaraq cəmiyyətin nizamsızlığına və xaosa gətirib çıxarır. Beləliklə, ifrat pasifistlər anarxistlərə çox yaxındırlar. Belə ki, bu qrupların hər ikisi fərdin hüquq və ləyaqətini həddən artıq vurğulayırlar. Sosial həyatın bəhai konsepsiyasının əsasında fərdin iradəsinin ictimai iradəyə tabe olması durur. Bu fərdi nə əzir, nə də onu antisosial, cəmiyyət üçün təhlükəli olan bir varlığa çevrilən nöqtəyə qədər ucaldır. Hər şeydə olduğu kimi, Bəhai konsepsiyası da “qızıl orta” prinsipinə əməl edir”.

Bəhailər tərkisilahlanmaya inanırlarmı? Həzrət Əbdül-Bəha bu haqqda yazır:

“Tərkisilah məsələsinə gəldikdə, bütün millətlər eyni zamanda tərkisilah olmalıdırlar. Bəzi millətlərin silahlarını yerə qoymaları, digərlərinin isə silahlı qalmaları fərz edilməzdir və bu heç zaman sülhə gətirib çıxara bilməz. Dünya sülhü Beynəlxalq razılaşma ilə həyata keçirilə bilər. Bütün millətlər eyni vaxtda silahı yerə qoymağa razılaşmalıdırlar”.

Kollektiv təhlükəsizlik nədir? Həzrət Bəhaullah buyurur:

“Labüd məsələ budur ki, yer üzündə böyük bir məclis qurulsun, hökmdarlar və sultanlar həmin məclisdə Böyük Sülh barədə müzakirələr aparsınlar. Onun da yolu budur ki, böyük dövlətlər dünyanın rahatlığı üçün möhkəm sülhə can atsınlar vəəgər bir hökmdar başqa bir hökmdarın üstünə qalxsa, hamılıqla birləşib onun qarşısını alsınlar”.

Həzrət Əbdül-Bəha “İlahi Sivilizasiyanın Sirləri” kitabında yazır:

“Onlar (hökmdarlar) məcburi müqavilə imzalamalı və Əhd bağlamalıdırlar. Əhdin şərtləri sağlam, sarsılmaz və qəti olmalıdır. Onlar bunu bütün dünyaya elan etməli və bunun üçün bütün insan nəslinin dəstəyini almalıdırlar. Bu ali və yüksək öhdəlik―sülhün və bütün dünyanın rifahının real mənbəyi―yer üzərində yaşayan hər bir kəs üçün müqəddəs olmalıdır... Hər şeyi əhatə edən bu Paktda hər bir millətin hüdud və sərhədləri aydın göstərilməli, bir hökumətin digərinə münasibətini müəyyən edən prinsiplər dəqiq, aydın təsdiq olunmalı, bütün beynəlxalq razılaşma və öhdəliklər aydınlaşdırılmalıdır. Bu şəkildə hər bir hökumətin silahı ciddi surətdə məhdudlaşdırılmalıdır, çünki hər hansı bir millətin müharibəyə hazırlığına və hərbi qüvvələrinin artırılmasına icazə verilsə, bu başqalarının şübhəsini artıracaqdır. Bu mühüm Pakta dayaq olan fundamental prinsip elə göstərilməlidir ki, əgər hər hansı bir hökümət sonra bu Paktın bu və ya digər şərtini pozarsa, Yer üzünün bütün dövlətləri qalxıb, onu tam tabe etməlidirlər, əks tədqirdə bütün insan irqi bir tam kimi öz sərəncamlarında olan qüvvələrlə qəti qərara gəlib, bu hökuməti məhv etməlidir”.

Bəhai orduda xidmətdən boyun qaçıra bilərmi? Bəhai təlimi tələb edir ki, bəhailər yaşadıqları ölkənin hökümətinin qanunlarına itaət etsinlər. Əgər qanun tələb edirsə, bəhailər orduda xidmət etməli və mümkün olduğu halda qeyri-döyüşçü statusu almağı xahiş etməlidirlər.

IV Fəsil Bəhaullah Əhdi Və Bəhai İnzibati Qaydaları

Bəhaullah Əhdi

UCA ƏDALƏT EVİNİN bir bəhaiyə yazdığı məktubda deyilir: “Əhd―Allahla insan arasında razılaşma olub, mahiyyəti odur ki, Allah, Onun qoyduğu davranış qaydalarına əməl edən insana Öz xeyr-duasını verir, əvəzində ondan özünü aparmaq haqqında öhdəlik alır. Eləcə də hər İlahi Zühur Öz ardıcılları ilə Əhd bağlayaraq, axır zamanda Yeni İlahi Zühurun Yerə göndəriləcəyini onlara vəd edir və onlardan Onu tanıyacaqları haqda öhdəlik alır. Həmçinin Kiçik Əhd də mövcuddur. Bu Əhdə görə isə ardıcılları İlahi Zühurun varisini qəbul etməlidirlər. Əgər möminlər Kiçik Əhdəəməl edirlərsə, Din öz birliyini və təmizliyini saxlayacaqdır. Əks halda, onu parçalanma və tənəzzül gözləyir. Həzrət Bəhaullah öz ardıcıllarına Həzrət Əbdül-Bəhaya münasibətdə məhz belə bir Əhdi müəyyən etmişdir. Həzrət Əbdül-Bəha isə Onu İnzibati Qaydada əbədiləşdirmişdir”.

Bəhai təliminə görə, Allah Öz Peyğəmbərlərini bir-birinin ardınca yerə göndərərək, Onların vasitəçiliyi ilə insanlarla Əhd (“İbrahim Əhdi”, “Musa Əhdi”, “İsa Əhdi”, “Məhəmməd Əhdi”, “Bəhaullah Əhdi” və s.) bağlayaraq, bəşəriyyəti sonu görünməyən gələcəyə doğru aparır. Əhd haqqında Tövrat, İncil və Qurani-Kərim Yazılarında da məlumat verilmişdir. Quran-i-Kərimdə deyilir:

“Xatırla ki, Biz bir zaman Peyğəmbərlərdən Əhd almışdıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da. Biz Onlardan möhkəm bir Əhd almışdıq”(Əl-Əhzab,7).

Allahın Tövratda Nuh, İbrahim, Musa və başqa peyğəmbərlər, İncildə isə İsa Məsih ilə bağladığı Əhddən danışılır. Nuh Əhdində bütün canlıları məhv etmiş daşqın qurtardıqdan sonra Allah Nuha və Onun oğullarına xeyir-dua verib deyir:

“Mən sizinlə və sizdən sonra gələn nəslinizlə sabit bir Əhd kəsirəm; bir daha tufanla bütün canlılar məhv edilməyəcək, yer üzünü viran qoyan tufan olmayacaqdır. Mən göy qurşağımı buludların arasına qoyuram və o, Mənimlə yer arasındakı Əhdin bir rəmzi olacaqdır. Mən ona baxıb, yer üzündə yaşayan bütün canlılarla kəsdiyin əbədi Əhdi xatırlayacağam. Budur, mənim yer üzündəki bütün canlılarla kəsdiyim Əhdin rəmzi” (Yaradılış, 8:18-22).

İbrahim Əhdində Allah İbrahim peyğəmbərəçoxlu sayda xalqların atası olacağını vəd edir. Tövrətdə oxuyuruq:

“Durduğun yerdən şimala və cənuba, şərqə və qərbə bax. Gördüyün bütün torpaqları əbədi olaraq sənə və sənin nəslinə verəcəyəm. Səndən xalqlar və şahlar törədəcəyəm. Özümlə sənin və səndən sonra sənin nəslin və onların nəsli arasında Əhd qoyuram” (Yaradılış, 13:14-16, 15:1-69, 17:15-16).

Hazırda məlumdur ki, qeyd edilən Əhd təkcə yəhudilərə və xristianlara (yəni İbrahim Peyğəmbərin birinci arvadı Saradan olan oğlu İshaqın nəslindən) deyil, İbrahim Peyğəmbərin Həcər və Hetturadan olan övladlarının nəslinə də aiddir. Belə ki, Həzrət Məhəmməd Həzrət İbrahimin Həcərdən olan oğlu İsmayılın nəslindən olduğu üçün müsəlmanlar özlərini İbrahim Əhdinin həmvarisi hesab edirlər. Eynilə Həzrət Bəhaullah da İbrahim Peyğəmbərin üçüncü arvadı Hetturanın övladının nəslindən olduğu üçün bəhailər də özlərini bu Əhdə bağlı görürlər. Beləliklə, bəhailər güman edirlər ki, İbrahim Əhdi Allahın beş nəhəng Elçisinin zühur etməsinə təkan vermişdir: Həzrət Musa, Həzrət İsa, Həzrət Məhəmməd, Həzrət Bab (Seyid Əli Məhəmməd Həzrət Məhəmmədin nəslindəndir) və Həzrət Bəhaullah. Quran-i-Kərimdə deyilir:

“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat üzərində seçilmiş etdi” (Ali-İmran, 33).

Allah Elçilərinin gətirdikləri Əhdlər yaşadıqları dövrün xüsusiyyətlərindən, insanların ruhani səviyyəsindən asılı olmayaraq, dörd əsas tərkib hissədən və ya vəzifədən ibarətdir:

I. Yeni İlahi Əhdin məqsədlərini insanlara bəyan etmək və öncə göndərilmiş Peyğəmbərlərin və Müqəddəs Kitabların həqiqiliyini təsdiq etmək;

II. Unudulmuş Allah həqiqətlərini və ruhani prinsipləri bərpa etmək, insanları yeni İlahi biliklərlə zənginləşdirmək və Dinin dövrün tələblərinə cavab verməyən sosial qanunlarını yeniləri ilə əvəzləmək;

III. Gələcək Peyğəmbərin müjdəsini insanlara çatdırmaq;

IV. Kiçik Əhdi bağlamaq;

İstənilən Əhdin bu tərkibdə insanlara çatdırılması bütün dövrlərdə olmuş və gələcəkdə də belə olacaqdır. Əhdin ən əhəmiyyətli tərkib hissəsi və ya İlahi Zühura tapşırılmış ən məsul vəzifə―gələcək Zühur haqda müjdənin insanlara çatdırılmasıdır. Həzrət Bab yazır:

“Aləmlərin Rəbbi olan Allah bütün insanlarla qabaqcadan Əhd bağlamadan, onları növbəti Vəhyi və növbəti Kitabı qəbul etməyə çağırmadan öz tərəfindən Peyğəmbər göndərməmiş və Kitab açmamışdır”.

 

Həzrət Babın sitatından məlum olur ki, İlahi Zühurların özlərindən sonrakı Zühurların gəlişini müjdələməsi Əhdin ən əsas şərtidir. Həzrət Əbdül-Bəha bu haqda yazır:

 

“Həzrət İbrahim Həzrət Musa haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş müjdəsini gətirdi. Həzrət Musa Vəd olunmuş Həzrət İsa Məsih haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş xəbərini dünyaya çatdırdı. Həzrət İsa Məsih Həzrət Məhəmməd ə.s. haqqında Əhdi təyin etdi və Onun Zühurunu xəbər etdi. Həzrət Məhəmməd ə.s. Həzrət Bab haqqında Əhdi təyin etdiyi üçün Həzrət Bab Həzrət Məhəmmədin Vəd etdiyi Kəsdir, çünki Həzrət Məhəmməd ə.s. Onun haqqında xəbər gətirmişdi. Həzrət Bab Camali-Mübarək, Həzrət Bəhaullah haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş müjdəsini verdi, çünki Camali-Mübarək Həzrət Babın Vəd etdiyidir. Həzrət Bəhaullah min və ya çox min illər sonra Zühur edəcək Kəs haqqında xəbəri çatdırdı. Bu Zühur Həzrət Bəhaullahın Vəd etdiyi Kəs olacaq və O, min və ya çox min illər sonra gələcək”.

 

İlahi Təliminlərini axır-zaman Peyğəmbərinin (Yəhudilikdə HəzrətMusa, Xristianlıqda Həzrət İsa Məsih, İslamda Həzrət Məhəmməd ə.s.) gəlişi ilə kamilləşmiş və Onun gətirdiyi Müqəddəs Kitabı isə sonuncu səmavi Kitab hesab edən İbrahimi dinlərdən fərqli olaraq, Bəhai təlimi Vəhy və Peyğəmbərlərin gəlişinin sonsuzluğu mövqeyindən çıxış edir. “Bəhaullah Əhdi” də Onun Öz sözlərinə görə Bəşəriyyətin ruhani təkamül prosesində yekunlaşdırıcı və yaxud sonuncu mərhələ deyildir. Həzrət Bəhaullah bildirir ki, Allah Elçilərinin ardıcıl sırası dünya durduqca davam edəcəkdir: “Allah öz Müjdəçilərini Musa və İsanın ardınca getməyə göndərmişdir və bu Onun tərəfindən sonu olmayanın sonunadək davam edəcəkdir”.

 

İlahi Əhdlər ardıcıldır və onları təmsil edən İlahi Zühurlar Allah tərəfindən müəyyənləşdirilmiş dövrlərdə zühur etmiş və bu gələcəkdə də baş verəcəkdir. Böyük Əhd konsepsiyasına görə Allah Kainatı Nəhəng Vəhy Tsiklləri vasitəsilə idarə edir. Artıq bir tsikl (“Adəm” tsikli) başa çatmış, ikinci tsikl (“Bəha” tsiklı) Həzrət Bəhaullahın zühuru ilə Öz tarixi missiyasına başlamışdır.

 

“Adəm” tsikli Adəm Peyğəmbərin zühuru ilə başlamış, bir neçə min il (dəqiq başlanma tarixi məlum deyildir) davam etmiş və Həzrət Məhəmməd ə.s. ilə sona yetmişdir. Bu dövr ərzində Yerə çoxlu sayda Peyğəmbərlər (nəbilər və rəsullar) göndərilmiş, Müqəddəs Kitablar (Bhaqavat-Qita, Tövrət, İncil, Avesta, Quran-i-Kərim və s.) nazil olmuşdur. Bu tsikl dövründə Bəşəriyyət bir-birilə rəqabət aparan dinlərə, millətlərə, dövlətlərə parçalanmışdır. Müqəddəs Yazılarda Allahın bilərəkdən buna yol verdiyi göstərilmişdir:

 

“Budur, onlar bir xalqdır və dilləri də eynidir... Onların dilini elə qarışdıraq ki, bir-birinin danışığını başa düşməsinlər” (Bibliya, 11:1-9).

 

“Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik, əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin Allahın verdikləri sizi imtahan etməsi üçündür” (Qurani-Kərim, 5:48).

 

Həzrət Bəhaullah bildirir ki, bu tsikllərin nə əvvəli, nə də sonu vardır. Peyğəmbərlərin gəlişi əzəldən olmuş və əbədiyyətə kimi davam edəcəkdir. O, yazır:

 

“Bir də sual vermişdiniz ki, nə üçün tarix kitablarında bəşərin Atası Adəmdən əvvəlki peyğəmbərlər və o zamanın sultanları barədə bir şey yazılmayıb. Belə bir yazının yoxluğu onların mövcud olmamasına dəlalət etməmişdir və etmir. Uzun müddət keçdiyinə və yerdə baş verən dəyişikliklərə görə bu barədə məlumatlar qalmamışdır. Bundan əlavə, Bəşərin Atası Adəmdən əvvəl indi insanlar arasında yayılmış yazı qaydaları və şəkilləri mövcud deyildi. O vaxtlar yazı ümumuyyətlə yox idi və başqa üsullardan istifadə olunurdu”.

 

“Bəha” tsikli Həzrət Babın zühuru ilə başlamışdır. “Bab” ərəbcə qapı deməkdir. Bu mistik adın çoxlu sayda izahı var. Bir izah da o ola bilər ki, Bab “Adəm” Vəhy tsiklindən “Bəha” Vəhy tsiklinə açılan qapı və yaxud bir Eradan başqa Eraya atılmış körpü idi. Bu tsikldə də 500 min il ərzində çoxlu sayda Peyğəmbərlərin gəlişi gözlənilir. Həzrət Bəhaullah Ondan sonrakı növbəti Zühurun 1000 ildən tez olmayaraq gələcəyini müjdələmişdir. O, yazırdı:

 

“Düz min il tamam olmamışdan qabaq bir Əmr iddiasında olan kəs yalançı və iftiraçıdır”.

 

“Adəm” tsiklində Allah bəşəriyyəti sınaqlar və bəlalar silsiləsindən keçirməklə kamilliyə qaldırırdısa, “Bəha” tsiklində Yerdə İlahi Sivilizasiyanın qurulması üçün dərin ictimai, siyasi, iqtisadi, mədəni və psixoloji zəminin yaradılması qarşıya məqsəd qoyulmuşdur. 

 

Həzrət Bəhaullah bildirir ki, Onun Əhdinin təsiri altında hərəkətə gətirilmiş qüvvələr köhnə Sivilizasiyanı dağıtmağa və yerində Ədalət və Sülh cəmiyyəti olan İlahi Sivilizasiyanı yaratmağa başlamışdır. Bu haqda Müqəddəs Yazılarda həm rəmzi, həm də açıq şəkildə işarələr və əlamətlər vardır:

 

“Ədalət Onun qurşağı, sədaqət də onun belini sarıyan kəmər olacaq. Onda qurd quzu ilə birgə yaşayacaq, bəbir çəpişlə yan-yana uzanacaq, buzov da, gənc aslan da, kökəldilmiş öküz də bir yerdə olacaqlar və balaca uşaq onlara yol göstərəcək. İnək ayı ilə otlayacaq, balaları bir yerdə uzanacaqlar; aslan da öküz kimi saman yeyəcək. Südəmər körpə kobra yuvasının ağzında oynayacaq, süddən kəsilən bala da əlini gürzə yuvasına uzadacaq. Mənim müqəddəs dağımın heç bir yerində zərər verməyəcək, təxribat etməyəcəklər. Çünki sular dənizi qapladığıkimi, Yer üzü də Rəbbin biliyi ilə dolacaqdır” (Yeşaya,11:4-9).

 

Burada yəqin aydın olur ki, “qurd”, “quzu”, “bəbir”, “yuva” və s. rəmzi anlayışlardır. Mətndə söhbət bir-birindən fərqli, bir-birinə qarşı rəqabət və düşmənçilikdə olan insan qruplarının, xalqların, dinlərin öz aralarında birlik əldə etməsindən, əmin-amanlıq tapmasından gedir. Başqa bir Yazıda biz bu əlamətləri daha aşkar şəkildə görürük:

“Millətlər arasında Rəbb mühakimə edəcək, bir çox xalqların davalarını həll edəcək, onlar qılınclarını çəkiclə döyüb gavahına, nizələrini bağban bıçağına dəyişəcəklər; millət-millətə qılınc qaldırmayacaq və bir də müharibə etməyi öyrənməyəcəklər” (Yeşaya 2:2-4).

“Pərvərdigara! Olacağına şübhə edilməyən Bir Gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!” (Ali-İmran, 9).

Həzrət Bəhaullah bu İlahi dövr haqqında yazır:

“Bu həmin Gündür ki, Allahın ən gözəl nemətləri insanlara bəxş edilmişdir. Allahın Özünün bütün qüdrət nemətlərini yaratdıqlarına verdiyi Gündür. Bu Gündən başlayaraq, yer üzünün bütün insanları öz aralarındakı çəkişmələrə son qoymalıdırlar, Onun məhəbbəti və qayğı Ağacı kölgəsində hamılıqla birlikdə, sülh şəraitində yaşamalıdırlar. Tezliklə, indiki, mövcud köhnə qaydalar ləğv ediləcək və onun əvəzində yeni qaydalar bərqərar olacaqdır. Həqiqətən, Allah düzünü söyləyir, gözə görünməyən hər şey Ona məlumdur”.

Həzrət Bəhaullahın açıqlamalarından və Müqəddəs Yazıların mətnlərindən göründüyü kimi, İlahi Sivilizasiyanın Yerdə qurulması Bəhaullah Əhdinin bağlanması ilə başlamışdır. Bu Əhdin müjdəsi 6 min ildən çoxdur ki, Peyğəmbərlər vasitəsi ilə insanlara çatdırılır. Həzrət Bəhaullah bu Günün məqamı haqqında yazır:

“Bütün yaradılışın səbəbi bu Ali, bu Müqəddəs Günün Vəhyidir. Onun bütün Kitablarında və lövhlərində Allah Günü adlanan və seyrini Onun bütün peyğəmbələrinin, Onun seçilmişlərinin və Onun müqəddəslərinin arzuladıqları gündür”.

Müqəddəs Yazılardakı “Cəngavərlər Rəbbinin gəlişi” (Tövrat), “İsanın ikinci Zühuru” (İncil), “Mehdinin gəlişi və Yerdə Ədalət Cəmiyyətinin qurulması” (İslam) anlayışları da Həzrət Bəhaullah Əhdinin Yeni Dünya Qaydaları əsasında Yerdə quracağı İlahi Sivilizasiya haqqındadır. Həzrət Əbdül-Bəha yazır:

“Bu Əzəmətli Adın zühuruna gəldikdə isə O, həmin Kəsdir ki, Allah Özünün bütün Müqəddəs Yazılarında və Kitablarında―Tövrat, İncil və Quranda Onun barəsində qabaqcadan xəbər vermişdi”.

Müqəddəs Yazılarda əlamət və dəlillərin açıq-aşkar verilməsinə baxmayaraq, Həzrət Bəhaullah gəldiyi zaman din xadimləri əvvəlki Peyğəmbərlər kimi Onu da qəbul etməmiş, Onu və ardıcıllarını ağlasığmaz zülmlərə məruz qoymuşlar. Həzrət Bəhaullah yazır:

“De: Ey yəhudilər, əgər siz ikinci dəfə Ruhu çarmıxa çəkmək istəyirsinizsə, Allaha and olsun, bu həmin ruhdur ki, sizin aranızda zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O, öz canını Allahın yolunda qurban demişdir və əgər göylərdə və yerdə olanların hamısı ona qarşı birləşsələr də, O, heç kəsdən qorxan deyil. Buna əmin olun!

De: Ey İncil əhli, əgər siz Allahın rəsulu Məhəmmədi qətlə yetirmək istəyirsinizsə, Allaha and olsun, bu, Onun özüdür ki, haqqla zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O, şərəf səltənətində Məhbubunun görüşünə müştaqdır. Allahın əmri belədir, bunu bilin.

De: Ey Quran əhli, əgər siz Bəyanı nazil edən Əlinin vücudunu asmaq istəyirsinizsə, Allaha and olsun, bu, Onun Məhbubudur ki, başqa adla zühur etmiş və mənaların kölgəsində mütləq hökmranlıqla gəlmişdir. O, Haqdır, qeybin sirlərini biləndir və sizdən əvvəlki zühurda etdiyiniz hərəkətləri gözləyir. Bütün şeylər buna şəhadət verir, bunu eşidin.

Ey Bəyan əhli, əgər siz Əlinin dili ilə, ondan əvvəl Məhəmmədin dili ilə, ondan qabaq isə Ruhun (İsanın) dili ilə müjdəsi verilmiş Şəxsin qanını tökmək istəyirsinizsə, budur, O, sizin aranızdadır və Onun yanında sizin istədiklərinizə mane olacaq bir köməkçi yoxdur. Bunu bilin!”

Kiçik Əhd

HƏR BİR ƏHDDƏ ən əhəmiyyətli tərkib hissə İlahi Zühurun―Peyğəmbərin Öz ardıcılları ilə bağladığı Kiçik Əhddir. Kiçik Əhdin şərtinə görə, Peyğəmbər dünyanı tərk etməmişdən öncə öz varisini (canişini) ardıcıllarına təqdim edir, onlardan Onu qeyri-şərtsiz qəbul edəcəkləri barədəƏhd alır. Bu qanun da universal xarakter daşıyır, çünki əvvəlki dinlərdə də Kiçik Əhdlə bağlı göstərişlər vardır; Müqəddəs yazılardan göründüyü kimi Musa Peyğəmbər İsa Navini, Həzrət İsa Məsih həvvari Pyotru, Həzrət Məhəmməd ə.s. İmam Əlini (Qədir-Xumda) Öz varisi elan etmişdir. Əhdin şərtlərinə əməl edildikdə din öz saflığını və birliyini qoruyub saxlayır, şərt pozulduqda isə dini təlim çirklənir, o özü isə saysız-hesabsız məzhəb və təriqətlərə parçalanır. Kiçik Əhddə varisin (canişinin) vəzifələri aşağıdakılardan ibarətdir:

1. Dinin birliyini qoruyub saxlamaq;

2. Zühurun nazil etdiyi Müqəddəs Yazılarda metafor və rəmzlərdən ibarət mətnlərin şərhini vermək, bəzi qanun və qaydaları izah etmək; 

3. Dinin ruhani prinsiplərinə toxunmadan zaman keçdikcə öz əhəmiyyətini və vacibliyini itirmiş bəzi sosial qaydaları dəyişdirmək;

4. Öz davranışı, həyat-tərzi vəəxlaqı ilə ardıcıllar üçün Ən Böyük Nümunə olmaq;

5. Bu funksiyaları yerinə yetirə biləcək Özündən sonrakı növbəti varisi (canişini) təyin etmək.

Bəhaullah Əhdi öz başlanğıcını Bəhaullah Vəhyindən götürən və daim inkişafda və kamilləşməkdə olan orqanizmə bənzəyir. Həzrət Bəhaullahın “Kitab-i-Əhd”i 1892-ci ildə oxunduqdan və onun məzmunu aydın olduqdan sonra Əhd qüvvəyə minmişdir. Zaman-zaman Bəhaullah Əhdində Kiçik Əhdlə bağlı onun aşağıdakı formaları aşkarlanmışdır:

I. Həzrət Əbdül-Bəhanı öz varisi təyin etməsinə dair Həzrət Bəhaullah Əhdi―Kiçik Əhdin hissəsi;

II. Həzrət Şövqi Əfəndi və Uca Ədalət Evinə dair Həzrət Əbdül-Bəha Əhdi―Kiçik Əhdin hissəsi;

Həzrət Əbdül-Bəhanı Əhdin Mərkəzi və təliminin səhvsiz və qüsursuz şərhçisi təyin etməsi onu göstərir ki, Dinin əsas Şəxsiyyəti sağ ikənƏhd embrion şəklində tədricən inkişaf etmişdir. Öz əli ilə yazdığı “Kitab-i-Əhd”də Həzrət Bəhaullah möminlərə müraciət edərək bildirir ki, əgər onlar Allahın bəşəriyyətə göndərdiyi bəxşişləri almaq istəyirlərsə, yalnız Həzrət Əbdül-Bəhaya müraciət etməlidirlər. Həzrət Bəhaullah yazır:

“Mənim varlığımın dəryası sahillərdən geri çəkilməyə başlayanda və Mənim Vəhy Kitabım yazılıb qurtaranda nəzərlərinizi Ona, Allahın seçdiyi Kəsə, bu Qədim Kökün Budağı olan Kəsə çevirin”.

Həzrət Əbdül-Bəha möminlərə “Əhdin Mərkəzi”nin məqamını belə izah etmişdir:

“Bu gün ən mühümü―Əhddə möhkəmlikdir, çünki Əhddə möhkəmlik fikir ayrılığının qarşısını alır.

Həzrət Bəhaullah Əhdi təkcə “Mən Vəd olunmuş Kəsəm” kəlməsindən ibarət deyildir, onun mahiyyəti Həzrət Əbdül-Bəhanın Yazıların şərhçisi və Onun Əhdinin Mərkəzi olmasından və Həzrət Bəhaullahın Vəd etdiyi Kəsin min ildən və ya çox-çox min illər sonra zühur etməsindən ibarətdir. Həzrət Bəhaullah bizə məhz beləƏhd qoymuşdur. Ondan geri çəkilən Həzrət Bəhaullahın qapısının astanasına belə ayaq basmağa layiq deyildir. Mübahisəli məsələlərdə yalnız Həzrət Əbdül-Bəhanın məsləhətinə qulaq asmaq lazımdır. Hamı Onun istədiyinin ətrafına toplanmalıdır. Həzrət Əbdül-Bəhadan sonra Uca Ədalət Evi möminləri fikir ayrılığından və parçalanmadan çəkindirəcəkdir”.

İnsanlar artırmağa, azaltmağa və ya öz düşündüklərini əlavə etməyə meyilli olduğu üçün Həzrət Bəhaullah heç kimə Onun Yazılarını şərh etmək səlahiyyətini verməmişdir. Yalnız Həzrət Əbdül-Bəha Kiçik Əhdin şərtinə uyğun olaraq Allah Kəlamını şərh etmək səlahiyyətini almışdı.

Həzrət Əbdül-Bəha Peyğəmbər deyildi, Həzrət Bəhaullah Əhdinin keşikçisi kimi Ona Peyğəmbərlərə məxsus hüquq və səlahiyyətlər verilmişdi. Həzrət Əbdül-Bəha yazırdı:

“Keçmiş dinlərdə çoxlu sayda məzhəb və təriqətlər yaranırdı, çünki başında ideyası olan hər bir kəs Allah Kəlamını istədiyi kimi şərh etməyə cəhd edirdi; ona görə də Həzrət Bəhaullah möminlər―bəhailər arasında fikir ayrılığına səbəb olacaq hər cür səbəbi aradan götürmək qərarını vermişdi. Bundan ötrü O, öz dəsti-xətti ilə Öz Əhdini yazdı. Orada O, Öz yaxınlarına, həmçinin dünyanın bütün xalqlarına bu sözlərlə müraciət etdi: “Həqiqətən, bu Vəsiyyətnamədə Mən Əhdimin Mərkəzi olacaq Kəsi təyin edirəm. Hamı ona tabe olmalıdır; hamı Onun sözlərinə diqqətlə qulaq asmalıdır; O, Mənim Kitabımın şərhçisidir və Mənim məqsədim yalnız Ona məlumdur. Hamı Ona tabe olmalı və Onu dinləməlidir. Onun sözləri həqiqətdir, çünki Mənim Kitabımda deyilənlər Ona aşkardır. Mənim Yazılarımın həqiqi mənası Ondan başqa heç kimə aşkar deyildir”. Bu sözlər bəhailəri ixtilaf və fikir ayrılığından qorumalıdır ki, onlar həmişəlik razılıq və birlik içində olsunlar... Ona görə də Həzrət Bəhaullahın təyin etdiyi Əhdin Mərkəzinə tabe olan kəs Həzrət Bəhaullahın İradəsini yerinə yetirir, tabe olmayan isə Həzrət Bəhaullahın İradəsinə qarşı çıxır”.

Həzrət Əbdül-Bəhanın canişinliyi dövründə (1892-1921) məsuliyyətsiz şəxslər dəfələrlə Əhdin Mərkəzinə qarşı çıxmış, təlimə öz şəxsi ideyalarını qatıb, beləliklə onu daxildən parçalamağa cəhd etmişdilər. Lakin Həzrət Bəhaullah Əhdi möhkəm özül üzərində qurulduğundan Onu uçurmaq mümkün olmamışdır. Minlərlə möminin Əhdin Mərkəzi ətrafında sıxlaşması nəticəsində Allah Kəlamının saflığı və Bəhai Dinin birliyi qorunmuşdur.

1921-ci ildə Həzrət Əbdül-Bəhanın dünyanı tərk etməsi ilə Bəhai dinində Quruculuq Əsri başlayır. Həzrət Əbdül-Bəha Kiçik Əhdin Ona aid hissəsinə uyğun olaraq Həzrət Şövqi Əfəndini Öz Vəsiyyətnaməsində Allah Əmrinin Mühafizi təyin edir. Bununla da Allah Kəlamının saf şəkildə möminlərə çatdırılmasının növbəti mərhələsi təmin edilmiş oldu.

Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəha Öz Yazılarında vaxtı çatanda Dinin yerli, milli və beynəlxalq səviyyələrdə fəaliyyət göstərəcək İnzibati Quruluşundan danışmışdılar. Mühafizlik xidmətinin elə ilk illərində Həzrət Şövqi Əfəndi bütün diqqətini bu İnzibati Quruluşun yaradılmasına yönəldir. Məhz Onun canişinliyi dövründə Bəhaullah Əhdinin İnzibati Quruluşunun yerli və milli təsisatları yaradıldı. Həzrət Şövqi Əfəndinin Mühafizliyi vasitəsilə Həzrət Bəhaullah Vəhyinin İlahi Gücü Dinin Mərkəzindən Milli Məhfillərə, onlardan isə Yerli Məhfillərə axıb gedirdi.

Həzrət Şövqi Əfəndi dünyanı tərk etdikdən sonra Həzrət Bəhaullah Əhdinin İnzibati Quruluşunda sonuncu qüllə―Uca Ədalət Evi quruldu.

“Həzrət Bəhaullah, bu gün Allah Kəlamını nazil etmiş Kəs, Hakimiyyətin Mənbəyi, Ədalətin Ölçüsü, Yeni Dünya Qaydasının Yaradıcısı, Böyük Sülhün əsasını qoyan, Dünya Sivilizasiyasının İlhamvericisi, bütün Bəşəriyyətin Hakimi, Qanunverəni, Birləşdirən və günahlarını Bağışlayan―İlahi Səltənətin Yerə endiyini bəyan etmiş, onun hökmlərini və qanunlarını müəyyən etmiş, onun prinsiplərini əsaslandırmış və təsisatlarının təməlini qoymuşdur. Onun Vəhyinin hərəkətə gətirdiyi qüvvələri istiqamətləndirməkdən ötrü O, Öz Əhdini müəyyən etmiş və bu Əhdin gücü Həzrət Əbdül-Bəha və Həzrət Şövqi Əfəndinin canişinliyi dövründə Onun dininin vahidliyinin zamini, möhkəmliyinin rəhni və bütün dünyada yayılmasına təsir göstərən əsas amil olmuşdur. Həzrət Bəhaullahın həyatverici Əhdi indi Uca Ədalət Evinin vasitəçiliyi ilə öz işini görməkdədir” (UƏE–nin Kostitusiyasından).

Həzrət Əbdül-Bəha yazır:

“Əgər Əhdin müdafiə gücü Allahın sarsılmaz Dinini mühafizə etməsə idi, günlərin bir günü bəhailər arasında 1000 müxtəlif təriqət yaranardı, necə ki, əvvəlki əsrlərdə belə olmuşdu”.

Anchor 13
Anchor 15
Anchor 16
Anchor 17
bottom of page