top of page

 

 

Dörd Vadi

Həzrət Bəhaullah

Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili


 

 

Mündəricat

 

Ön Söz                                                                                       4
O, Qüdrətli və Sevimlidir!                                                     6
Birinci Vadi - Dini Şəriəyə Möhkəm Yapışan                    8
İkinci Vadi - Sırf Məntıq və Ağıla Yapışan                         10
Üçüncü Vadi - Sırf İlahı Məhəbbətə Gözləyən                  12
Dördüncü Vadi – Itaət, Ağıl, və Yol Göstərici Ilhama Yapışan    14

 

 


Ön Söz

“Dörd vadi” və “Yeddi vadi” Həzrət Bəhaullah tərəfindən Bağdadda sürgündə olduğu dövr ərzində nazil edilmiş iki ayrıca kitabdır. Bunların hər ikisi tamamilə bir-birindən fərqli kitablardır və birbaşa əlaqələri yoxdur; lakin, bəzən onlar birlikdə çap edilir və dostlar çaşırlar ki, yeddi vadidən hansı dörd vadiyə daxildir.  Cavab odur ki, heç biri və bu kitablar iki müxtəlif mövzudadır.

“Yedi Vadi” Həzrət Bəhaullah tərəfindən 1860-cı ildə Bağdadda onun bu şəhərdə sürgündə olduğu zaman, Qədiriyyə təriqətindən olan Sufizm tərəfdarı hakim Şeyx Mühyiəddin tərəfindən verilmiş suala cavab olaraq nazil edilmişdir. Həzrət Bəhaullahın “Yedi Vadi” əsəri Allahı gerçək axtaranın özünü paklaşdırmaq və Allahı qəlbinə buraxaraq ona layiq olmaq üçün “Eşqin yeddi vadisi” boyunca səyahət etməli olduğunuu söyləyən məşhur şair Fəridəddin Əttarın 800 illik mistik nəzəriyyəsi barədə yeni anlayış aşkar edir.

“Dörd Vadi” Həzrət Bəhaullah tərəfindən 1857-ci ildə Sufizmin Qədiriyyə təriqətinin fəxri və şəkksiz lideri Şeyx Abdu-r-Rəhman-i-Talabani tərəfidən verilən suala cavab olaraq nazil edilmişdir. Bu kitabda Həzrət Bəhaullah “eşqin yeddi vadisi”nin keyfiyyətlərini deyil, Allahı axtaranın “keyfiyyətlərini” və öz səyahətində nə cür axtarmaq lazım olduğunun “daxili xüsusiyyətlərini” izah edir. Hər bir axtaranın analitik zəkası nədir? O, öz inkişaf səfəri boyunca səyahət edərkən onun baxışları hansılardır? O, ciddi dini qanunlara, məntiqə, Allah sevgisinə, yaxud itaətkarlığa riayət edirmi? Axtaranı Allaha yetişməyə şövqləndirən nədir? Bu kitabda Həzrət Bəhaullah buyurur: “Ey mənim ağam, yolçuluq səmalarına ucalan kəslər dörd dəstədən ibarətdir. Onları müxtəsər şəkildə qeyd edirəm ki, hər dəstənin əlaməti və məqamı sizə bəlli və aydın olsun”. Həmin dörd dəstəni təxminən aşağıdakı kimi qeyd etmək olar:

  1. 1. Dini qanunlara ciddi şəkildə riayət etmək vasitəsilə yol tutanlar.

  2. 2. Məntiq və ağıldan istifadə etmək vasitəsilə Allaha tərəf yol tutanlar.

  3. 3. Tamamilə Allahın sevgisi ilə yol tutanlar.

  4. 4. İtaətkarlıq, ağıl və şövq yanaşmalarının hər üçünün birləşməsi ilə yol tutanlar.

Sonuncu mistik birliyin ən yüksək və ya ən doğru forması hesab olunur. Biz inanırıq ki, Həzrət Bəhaullahın “Yeddi vadi” və “Dörd vadi” kitablarının səmimi qəlblə öyrənilməsi onlara öz qəlblərini və ruhlarını təmizləməyə və inkişafın bu mistik mərhələsi vasitəsilə səfərlərinə qarşı xürafatdan onları azad etməklə onların öz batini nəfslərinə qalib gəlməklərini və özləri üçün həqiqəti açmaqlarını son nəticədə mümkün edəcəkdir. Həqiqət birdir və həqiqət barədə milyonlarla iddia ola bilməz. Bu, özü-özlüyündə onun sübutudur ki, həqiqət Allahdan başqa heç kəsə məxsus deyildir və həqiqət tapmaq istəyənlər şəxsi səfərə çıxmalı və özləri üçün həqiqəti açmalıdırlar. “Yeddi vadi” əsərində Həzrət Bəhaullah həqiqəti axtaran hər bir şəxsə bunu çox aydın izah edir.

“Bu səfərlər dünya ölçüsündə görünən sona malik deyillər, lakin ayrılmış yolçu əgər gözəgörünməz xeyir-dua onun üzərinə saçarsa və Əmrin Mühafizi ona kömək olarsa – bu yeddi mərhələni yeddi addlma, hətta yeddi nəfəsə, hətta bir nəfəsə keçə bilər, əgər Allahın buna iradəsi və istəyi olarasa”. 

Biz yalnız bunu edə bilərik ki, həqiqəti tapmaq üçün şəxsi səyahətinizdə sizə “Uğur olsun” deyək, çünki o bunu istədiyi şəxsə açacaqdır.”

---Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

 

 

 
O, Qüdrətli və Sevimlidir!


Ey haqqın ziyası, səxavətli Hüsaməddin.

Göy və yer sənin kimi şah doğmayıb! 
 

Bilmirəm nə üçün birdən-birə məhəbbət tellərini qırdınız və möhkəm dostluq əhdini sındırdınız. Yoxsa, Allah eləməmiş, Mənim sədaqətimdə bir qüsur tapıldı, yaxud Mənim səmimiyyətimdə bir nöqsan göründü ki, nəzərinizdən silindim və yaddan çıxarıldım.
 

Bizdən nə tərslik gördün ki, lütfünü bizdən kəsdin,
Bircə ondan başqa ki, biz zəifik, sən isə möhtəşəm! 

 

Yaxud da “bir oxla döyüşdən geri döndün ”. Məgər eşitməmisiniz ki, dönməzlik yolun şərti və hüzura daxil olmağın bələdçisidir?! “Həqiqətən, “Rəbbimiz Allahdır!”―deyən və sonra da bu sözündən dönməyən kəslərə mələklər nazil olacaqdır ”. Həmçinin buyurur: “Sənə əmr edildiyi kimi, (bu yolda) dönməz ol! ” Buna görə də vüsal taxtında əyləşən kəslər üçün belə davranış lazım və vacibdir.


Mən kamilliyin şərti olan şeyi sənə deyirəm
İstər sözüm sənə nəsihət olsun, istər başağrısı! 


Hərçənd məktuba cavab almamış sədaqət və ehtiramdan söz açmaq aqillər yanında yanlış və yersizdir, amma ecazkar məhəbbət möhkəm qayda və adətləri pozub yox etdi.


Leylinin hekayətini oxuma,
Məcnunun qəmindən danışma

Sənin eşqin keçmişdəkilərin söhbətlərini unutdurdu
Sənin adın çəkiləndə, aşiqlər onu eşitdilər
Həm eşidənlər, həm də danışanlar rəqs etdilər. 


İlahi hikmət və rəbbani nəsihət barədə:


Mən hər ayın başında üç gün, ey sənəm,
Şübhəsiz, gərək divanə olam.
Bax, bu gün o üç kundən birincisidir
Bu, şadlıq günüdür, matəm günü deyil. 


Eşitmişəm ki, müzakirə və tədris üçün Təbriz və Tiflis tərəflərə yollanmısınız, yaxud məqamları yüksəltmək üçün Sənəndəcə təşrif buyurmusunuz. Ey mənim ağam, yolçuluq səmalarına ucalan kəslər dörd dəstədən ibarətdir. Onları müxtəsər şəkildə qeyd edirəm ki, hər dəstənin əlaməti və məqamı sizə bəlli və aydın olsun.

 


 
Birinci Vadi - Dini Şəriəyə Möhkəm Yapışan


ƏGƏR YOLÇULAR MƏQSƏD Kəbəsini axtarırlarsa, bu məqam nəfslə  əlaqədardır, lakin burada o nəfs nəzərdə tutulur ki, “Allahın özü onda qanunları ilə qaimdir ”. Bu məqamda nəfs Məhbubdur, qovulmuş deyil; qəbul olunandır, rədd edilən deyil. Bu məqam münaqişə ilə başlanır, lakin cəlal taxtına əyləşməklə başa çatır. Necə ki, buyurur:


Ey dövranın Xəlili və ağlın İbrahimi,
Yolu kəsən bu dörd quşu öldür! 


Yəni onlar öldükdən sonra həyatın sirri aşkara çıxır. Və bu, Allahın razı olduğu nəfs məqamıdır ki, onun barəsində buyurur: “Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Bəndələrimin zümrəsinə daxil ol! Və mənim cənnətimə varid ol! ” Bu məqama dair çoxlu işarələr və saysız-hesabsız dəlillər var. Odur ki, buyurur: “Öz əlamətlərimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində göstərərik ki, bunun haqq olduğu onlara bəlli olsun ” və bilsinlər ki, Ondan başqa Allah yoxdur.


Beləliklə, məlum olur ki, nəfs kitabını mütaliə etmək lazımdır, nəhv  kitabını yox! Necə ki, buyurur: “Oxu öz kitabını! Bu gün sən özün özünlə haqq-hesab çəkməyə kifayətsən ”.


Belə nəql edirlər ki, ilahi ariflə bir nəhv alimi yoldaş və sirdaş olub yola çıxdılar. Nəhayət, gəlib əzəmət dəryasının sahilinə çatdılar. Arif dayanmadan Allahdan kömək diləyib özünü suya vurdu. Nəhv alimin ümidləri isə suyun üzərindəki köpüklər kimi puç oldu və o, çaşıb qaldı. Arif onu harayladı ki, nə üçün dayanmısan? O, dedi: “Ay qardaş, nə edim, nə irəli gedə bilirəm, nə də qayıtmaq istəyirəm”. Birincisi dedi: “Seybəveydən və Qövləveyyədən əxz etdiklərini, İbn Hacibin və İbn Malikin  dediklərindən özünə yüklədiklərini tök və sudan keç!”


Bil ki, burada nəhv yox, məhv olmaq gərəkdir,
Əgər özünü məhv etmisənsə, çəkinmədən suya gir! 


Bir də buyurur: “O kəslərdən olmayın ki, Allahı unutduqları üçün Allah da onların özlərini unutdu, Onlar bəd əməl sahibləridir ”.

 


 
İkinci Vadi - Sırf Məntıq və Ağıla Yapışan


ƏGƏR YOLÇULAR BƏYƏNİLMİŞ Hücrənin sakinləridirsə, bu məqam ağıla aid olur ki, onu “Peyğəmbər” adlandırırlar və ən böyük əsas bilirlər. Lakin burada hər naqis ağıl yox, ilahi ümumi ağıl nəzərdə tutulur ki, bu məqamda dünya və onun əhlinin tərbiyələnməsi onun hökmranlığı ilə baş verir. Necə ki, müdrik Sənai deyir:


Cılız ağıl Quranı necə əhatə edə bilər?
Hörümçək Simürğü ovlaya bilərmi?!
Əgər istəyirsənsə ki, ağıl səni qəfildən şikar etməsin,
Onun qulağından tutub Rəhmanın məktəbinə apar.


Və bu məqamda çoxlu təlatümlər və saysız burulğanlar vardır. Yolçu gah ucalır, gah da enir. Odur ki, buyurur: “Sən gah məni ən yüksək ərşə çəkirsən, gah da məni yandırıcı odla həlak edərsən”. Bu məqamda “Kəhf” surəsindəki bu mübarək ayənin gizli mənası məlum olur: “Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yol göstərdiyi kəs doğru yoldadır. Allahın azdırdığı şəxsə isə əsla doğru yol göstərən bir rəhbər tapa bilməzsən ”. Kim həmin ayənin işarələrindən agah olarsa, bu ona kifayətdir. Odur ki, belə kəslərin barəsində buyurur: “O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən uzaqlaşdırmaz ”.


Bu, mizan məğamıdır və imtahanın sonudur. Bu məqamda axtarışlara zərurət yoxdur. Və həmin dəryada seyr edənlərin öyrədilməsi barədə buyurur: “Allahdan çəkinin, Allah sizi öyrədir ”. Həmçinin buyurur: “Elm bir işıqdır, Allah onu istədiyi kəsin qəlbinə salar ”. Elə isə bu yeri hazırlamaq və inayətin nazil olmasına qabil etmək lazımdır ki, səxavət saqisi mərhəmət piyaləsindən ona kəramət şərabı içirtsin. “Qoy yarışanlar bundan ötrü yarışsınlar ”. İndi isə Mən deyirəm: “Biz Allahdanıq və Ona doğru qayıdacağıq ”.

 


 
Üçüncü Vadi - Sırf İlahı Məhəbbətə Gözləyən


ƏGƏR AŞİQLƏR CAZİBƏ Evinə sığınmışlarsa, bu səltənətin taxtında eşqin camalından savayı kimsə otura bilməz. Mən bu məqamın şərhində acizəm və təsvirində gücsüzəm.


Eşq hər iki aləmə biganədir,
Onda yetmiş iki divanəlik var

Eşq mütrübü sima  vaxtı bu nəğməni çalar:
“Bəndəlik―zəncir, ağalıq isə başağrısıdır ”


Bu məqam xalis məhəbbət tələb edir və tam səmimiyyət istəyir. Belə dostların vəsfində buyurur: “O kəslər ki, danışmağa tələsmirlər, Onun əmrinə əməl edərlər ”.


Bu məqama nə ağlın səltənəti kifayətdir, nə də nəfsin hakimiyyəti. Necə ki, Allahın peyğəmbərlərindən biri soruşmuşdu: “İlahi, Sənə necə qovuşum?” Cavab gəlmişdi ki: “Nəfsini at, sonra mənə doğru yüksəl!”


Bunlar o kəslərdir ki, aşağı sırada oturmaqla yuxarı başda oturmağı bərabər tuturlar, camal eyvanı ilə Məhbubun yolunda döyüşmək meydanını bir sanırlar. Bu evin ibadət edənləri nə axtardıqlarını bilmədən atlarını çaparlar. Onlar Yarda Yarın özündən başqa bir şey görməzlər; bütün sözlər mənasızdır və bütün mənasız sözləri işlədərlər; başı ayaqdan seçməzlər və əllə ayaq arasında fərq qoymazlar; ilğıma su deyərlər, getməyi qayıtmağın sirri adlandırarlar. Odur ki, deyərlər:


Xanəgahda Sənin uzünün gözəlliyi vəsf edildi,
Sufi bunu eşidən kimi meyxanaya yollandı
Sənin eşqin səbrin binasını büsbütün dağıtdı,
Sənin zülmün ümidin qapısını birdəfəlik bağladı. 


Bu məqamda öyrənmək və öyrətmək şübhəsiz, fayda verməz və əhəmiyyətsiz olar.


Aşiqlərin müəllimi Yarın hüsnüdür
Onların dəftəri və kitabı Onun üzüdür
Onların dərsi həyəcan, şövq və coşqunluqdur
Orada nə əlavələr var, nə də fəsillər silsiləsi
Bu tayfanın müşk saçan qıvrım telidir
Onlar dövr məsələsini  öyrənirlər,
Amma Yarın ətrafında dövr etmək məsələsini 


Burada Uca və mübarək Allaha yalvarılır:


Ey Allah, ey lütfü ilə istəkləri yerinə yetirən!
Sən olan yerdə kimisə xatırlamaq rəva deyil!
Mənim canımda olan bilik zərrəsini
Həva-həvəsdən və alçaq torpaqdan xilas et!
Mənə əvvəlcədən bəxş etdiyin bilik damlasını
Öz dəryalarına qovuşdur! 


Mən deyirəm: “Qüdrət və qüvvət yalnız ” Qoruyan və Qəyyum “Allaha məxsusdur ”.

 


 
Dördüncü Vadi – Itaət, Ağıl, və Yol Göstərici Ilhama Yapışan


ƏGƏR ARİFLƏR MƏHBUBUN Camalına qovuşmuşlarsa, bu məqam qəlbin ərşidir və bu məhəllin irşad sirridir. Bu “O nəyi istəyərsə, edər və iradə etdiyi kimi hökm verər ” rəmzidir. Əgər göylərdə və yerdə olanlar surun çalınacağı günə qədər bu şərəfli rəmzin və incə sirrin şərhini versələr, şübhəsiz, onun bir sözünün öhdəsindən gəlməzlər və onu saya bilməzlər. Çünki bu, qəzavü-qədər məqamıdır və təqdir sahibinin sirridir. Odur ki, bu məsələ barədə sual verdikdə, buyurmuşdur: “Bu, elə bir dərin dənizdir ki, onun dibinə heç vaxt çatmaq olmaz”. Yenə sual verdikdə, buyurmuşdur: “Bu, elə qaranlıq gecədir ki, onda yolu tapmaq mümkünsüzdür ”.


Bu məqamı dərk edən kəs, əlbəttə, onu gizli saxlar; əgər ondan bircə qətrəni izhar etsə, yaxud büruzə versə, şübhəsiz, başı dar ağacına ucalar. Bununla belə, and olsun Allaha, əgər istəyən tapılsaydı, Mən bu sirri ona açardım. Çünki buyurur: “Məhəbbət elə bir şərəfdir ki, qorxaq zahidin könlündə olmaz”. Ağ yolla və qırmızı sütunla Allaha doğru yol gedən kəs yalnız insanların əlində olan şeyləri kənara atmaqla öz həqiqi vətəninə çata bilər. Allahdan qorxmayan kəsi Allah hər şeydən qorxudar, Allahdan qorxan kəsdən isə hər şey qorxar.


Ərəbcə daha xoş olsa da, fars dilində de,
Onsuz da eşqin daha yüz dili var. 


Bu məqamda bu beyt necə də şirindir:


Əgər O, səxavət dürrü bağışlarsa, ürəklər ona sədəfdir,
Əgər O, bəla oxu atarsa, canlar ona hədəfdir.


Əgər kitabın hökmünə zidd olmasaydı, şübhəsiz, qatilimə öz malımdan pay verərdim və miras bağışlardım, ona minnətdar olub əllərini gözümə sürtərdim. Lakin neyləyim, nə malım var, nə də qəzavü-qədər sultanı belə yazıb . İndi mən Bəha Yusifinin “Ha” köynəyindən  onun gəlişinin ətrini duyuram. Sanki mən Onun ən yaxında olduğunu hiss edirəm, baxmayaraq ki, siz onun çox uzaqda olduğunu düşünürsünüz.


Canım bir cananın ətrini duyur,
Mehriban Yarımın ətri gəlir
Yoldaşlıq xatirinə illər boyu
O xoş hallardan biri barədə danış
Qoy yer və göy gülsün,
Ağıl, ruh və göz yüz dəfə artsın! 


Bu, tam ayıqlıq və özünü xalis yox etmək məqamıdır. Bu məqamda məhəbbətə yer yoxdur, səmimiyyətə ehtiyac qalmır. Necə ki, buyurur: “Məhəbbət də belə sevənlə sevilən arasında pərdədir”. Məhəbbət bu məqamda köynəyə və hicaba çevrilir, ondan başqa hər şey pərdə olur. Odur ki, həkim Sənan deyir:


Heç zaman həris ürək dilbərə yaxınlaşmaz,
Pərdəli ruh heç zaman qızıl gülə qovuşmaz


Çünki bu, Əmr aləmidir və məxluqatın bütün xüsusiyyətlərindən uzaqdır. Bu evdə məskən salan kəslər sevinc taxtı üzərində oturub tam fərəh və xoşluq içərisində ilahi qüdrətlə Allahlıq edirlər, ədalət taxtında əyləşib hökm verirlər və hər kəsə haqqı çatan qədər əta edirlər. Bu piyalədən içənlər Əzəli ərşin üzərindəki qüdrət qəsrlərində yaşayır və ucalıq çadırlarındakı əzəmət kürsülərində otururlar. Onlar “orada nə qızmar günəş, nə də sərt soyuq görürlər ”.


Bu məqamda uca göylərlə alçaq yerlər ziddiyyət təşkil etmir və fərqlənmirlər. Çünki bu, lütflər məqamıdır, ziddiyyətlər məkanı deyil. Onlar hər an yeni bir məqamda özlərini göstərsələr də əslində hamısı bir məqamdadır. Odur ki, bu məqam barəsində buyurur: “Bir işlə məşğul olmaq onu digərindən yayındırmaz ”. Və başqa bir məqamda buyurur: “Hər günün bir məqamı var ”. Bu, elə bir təamdır ki, dadı dəyişməz və rəngi təğyir tapmaz. Əgər ondan bir qədər yesən, şübhəsiz, bu ayələri oxuyarsan: “Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yerləri Yaradana çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm! ”. “Beləcə İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinlik hasil edənlərdən olsun ”. “Elə isə əlini qoltuğuna sal, sonra onu qüvvətlə çıxar ki, aləmdəkilərə nur göstərəsən ”.


Sevinən Saqinin əlindəki bu sərin su necə də safdır! Xumar olmuş Kəsin əlindəki bu pak şərab neçə də xoşdur! Kafur qatılmış piyalədəki bu şadlıq içkisi onu içənlərə necə də yaxşıdır! Nuş olsun o kəslərə ki, ondan içib ləzzətini bildi və Onu tanımaq məqamına yetişdi!


Mənim bundan artıq söyləmək imkanım yoxdur
Çünki dəniz arxa sığışa bilməz. 


Bu mətləbin sirri ismət xəzinələrində gizlənir və qüdrət dəfinələrində saxlanır. O, bəyan cövhərlərindən uca və nitq incəliklərindən üstündür. Bu məqamda heyrət olduqca seviləndir və tam yoxsulluq son dərəcə bəyəniləndir. Odur ki, buyurur: “Yoxsulluq―mənim fəxrimdir ”. Bundan əlavə, deyilib: “Allahın qüdrət qübbəsinin altında elə tayfa var ki, onları şərəfli yoxsulluq libasında gizlədib ”. Onlar Onun gözü ilə görür, onun qulağı ilə eşidirlər. Necə ki, məşhur bir hədisdə bu barədə deyilib.


Bu məqam haqqında aşkar və sirli ayələr və xəbərlər çoxdur. Lakin biz onlardan yalnız iki hədislə kifayətlənirik. Qoy bunlar öyrənənlər üçün nur, axtaranlar üçün şadlıq olsun. Birincisi budur ki, buyurur: “Ey bəndəm, mənə itaət et ki, səni özüm kimi edim! Mən dedim ki, “ol!”―oldu, sən də desən ki, “ol!”―olar”. İkincisi budur ki, buyurur: “Ey Adəm övladı! Məni tapandan sonra, heç kəslə ünsiyyət bağlama. Mənə can atdığın zaman isə Məni özünə yaxın olduğumu görərsən”.


Bütün qeyd olunan ecazkar işarələr və uca dəlillər Vahid hərfə və vahid nöqtəyə aiddir. “Allahın qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik görməzsən ”.


Bir müddət əvvəl Mən sizi yad edib bu yazını başlamışdım və əvvəlki məktubunuz yetişmədiyi üçün başlanğıcda bir qədər giley və şikayət etmişdim. Lakin yeni məktubunuz bu incikliyi aradan qaldırdı və Mənim bu yazını göndərməyimə səbəb oldu. Bəndənizin o Həzrətə məhəbbətini xatırlatmağa ehtiyac yoxdur və buna “Allahın şahid olması yetər ”. Cənab Şeyx Məhəmmədin―Allah-Təala onu salamlasın!-hüzuruna bu iki misranı ərz etməklə kifayətləndim:


Mən sənin küçəni axtarıram, çünki o, uca ərşdən yaxşıdır,
Mən sənin üzünü görürəm, çünki o, cənnət bağından yaxşıdır. 


Mən eşq əmanətini Qələmə tapşırdıqda, o, daşımaqdan boyun qaçırtdı və özündən getdi. Ayıldıqdan sonra isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim. Mən bağışlanmasını diləyənlərin birincisiyəm ”. Həmd olsun Allaha―aləmlərin Rəbbinə!


Bu hicranın və bu ciyər yanğısının şərhini
İndi demə, başqa bir zamana saxla!
Daha yaxşısı budur ki, dilbərlərin sirri
Başqalarının hekayətində deyilsin
Fitnə, qarışıqlıq və qan tökməyə çalışma,
Bundan artıq Şəms Təbrizidən  danışma! 


Salam olsun sizə, sizin ətrafınızda dolananlara və sizi görmək şərəfinə nail olanlara!


Mənim bura qədər yazdıqlarımı milçək yedi―bu da mürəkkəbin yaxşılığındandır. Bu barədə Sədi belə bir beyt söyləyib:


Mən daha bir şey yazmaq istəmirəm,
Çünki sözlərim çox şirin olduğundan milçək mənə əziyyət verir


Daha əlimin yazmağa taqəti yoxdur və yalvarır ki, bəsdir. Ona görə də deyirəm:


“Mənim qüdrət və İzzət Sahibi olan Rəbbim
insanların Ona aid etdikləri sifətlərdən pak və ucadır ”

 

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 8
Anchor 7
bottom of page