top of page

 

 

Həzrət Əbdül-Bəha Haqqında Hekayələr

Mərziyeh Geyil

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

Tərcüməçilər: Ramazan Əsgərli, Yeganə Fərzəliyeva


 

 

Mündəricat


Gülüş Ruhani Yüngülləşmədir    31
Siqaret Çəkməkdən Uzaq Durun    33
İrqlərə Səmimi Hörmət    35
Əqəliyyətlərə Səmimi Hörmət    38
Acgöz Olmamaq Və Əliaçıq Yaşamaq    39
Fədakarlıq Hər Şəkildə Allaha Dadlıdır    40
Hər Şəraitdə İnsanlar Xidmətdə Ayıq    41
Dünyanın Xoşbəxtliyi Bəşəriyyətin Birlikdə Xidmətindədir    42
Bəşəriyyət Bir Ailənin Üzvləridir    43
Səma Səltənəti Uşaqlara Məxsusdur    44
İnsanları Xoşbəxt Görmək Arzusu    45
Qadın Kişi Bərabərliyinə Baxış    46
Həzrət Bəhaullahın Gücü Tükənməzdir    47
Ruh Allahın Melodiyası İlə Harmoniyadadır    48
Allaha Təvəkkül Edən Heç Nədən Qorxmaz    49
Uşaqlar Rəbbin Bütün Qüdrətli Təcəllilərini Görə Bilirlər    50
Allah Qarşısında Bütün İnsanlar Bərabərdir    51
Bizim Başqasını İstəməməyimiz Onun Ruhuna Bəllidir    52
Ruhani Sevinc Və Bilik Səma Səltənətində Zənginlikdir    53
İnsanlar Ruhən Kamil Olduqda Əzəmətli Qüvvə Açılır    55
Əhdin Mərkəzinin Səmavi Gücü    57
Şəxsiyyətə Sitayiş Yox Əsas Ruhun İşığıdır    58
 

 


Gülüş Ruhani Yüngülləşmədir


BU HEKAYƏ İYİRMİ nəfərə yaxın məşhur, yüksək vəzifəli amerkalıların iştirak etdiyi qəbul zamanı Həzrət Əbdül-Bəhanın yaratdığı təəssüratdan danışır.
 
Bu görüşü Həzrət Əbdül-Bəha Əkkada, zindanda olarkən, Onu ziyarət etmiş bir qadın təşkil etmişdi. Həzrət Əbdül-Bəhanı ziyarət etdikdən sonra onun həyatı tamamilə dəyişmişdi və O, istəyirdi ki, dostları da Həzrət Əbdül-Bəha ilə tanış olsunlar. Ancaq bu qadını görüşün necə keçəcəyi narahat edirdi, çünki qonaqlar məşhur alimlər, artistlər və həkimlər idi. Bu adamları din o qədər də maraqlandırmırdı. Onlardan bəziləri Allahın varlığına inanmır və bu sual onları heç də maraqlandırmırdı.


“Əlbəttə, qadın görüşün uğurlu keçməsini istəyirdi və onu Həzrət Əbdül-Bəhanın vəziyyəti necə idarə edəcəyi maraqlandırırdı. Bir qədər tərəddüdlə, o, Həzrət Əbdül-Bəhadan ölümdən sonrakı həyat barədə danışmağı xahiş etdi, qalan məsələlərdə isə Ona təvəkkül etməyi qərar aldı.


Nahar vaxtı söhbət adi şeylərdən gedirdi. Həzrət Əbdül-Bəha da söhbətin mövzusunu dəyişdirməyə səy göstərmirdi. Ancaq bir qədər vaxtdan sonra söhbəti ruhani mövzuya gətirmək üçün ev sahibəsi Həzrət Əbdül-Bəhanı qonaqlara təqdim etdi.


Həzrət Əbdül-Bəha qonaqlardan icazə istədi ki, çox sayda bildiyi Şərq hekayətlərindən birini danışsın. O, söhbəti bitirəndə, hamı ürəkdən güldü, artıq buz qırılmışdı. Qonaqlar da öz hekayətlərindən danışmağa başladılar. Həzrət Əbdül-Bəha gülümsəyərək, bir hekayə də danışdı və sonra daha birini nəql etdi. Onun gülüşü otağı doldurdu. O, dedi ki, insanları gülməsi çox yaxşıdır. Gülüş―ruhani yüngülləşmədir, azad olmaqdır.


Həzrət Əbdül-Bəha nəql etdi ki, həbsxanada olarkən, Onların həyatı çox ağır idi. Lakin Həzrət Əbdül-Bəha ilə birlikdə oturan hər bir kəs, gün ərzində başına gələn ən gülməli hadisələri danışardı. Bəzən elə olurdu ki, danışıb gülməyə bir şey tapmaq çətin olurdu, ancaq hər dəfə gözlərindən yaş gələnə qədər gülərdülər. Həzrət Əbdül-Bəha dedi: “Xoşbəxtlik sizin harada və hansı şəraitdə olmağınızdan asılı deyil”.


Nahar vaxtı Əbdül-Bəhanın Həzrət Bəhaulahın təlimi, ruhani mövzular haqqında dediyi sözlər ancaq bunlardan ibarət idi. Əgər O, din haqqında uzun bir mühazirə oxusaydı, bəlkə də, bu qədər təsirli olmazdı.


Qonaqlar dağılandan sonra öz qonaq otağına getməyə hazırlaşan Həzrət Əbdül-Bəha ev sahibəsinə yaxınlaşdı və çəkinərək ondan soruşdu: “Siz Məndən razısınızmı?”

 


 
Siqaret Çəkməkdən Uzaq Durun


HƏZRƏT ƏBDÜL-BƏHANIN təbliğ etməsi barədə başqa bir misal.


Bir nəfər ağır cərrahiyə əməliyyatı keçirmişdi. Bir ildən sonra onu daha bir əməliyyat gözləyirdi. Bu onu o qədər narahat edir və əsəbiləşdirirdi ki, ömrünün çox hissəsini siqaret çəkmiş bu adam qərara gəlir ki, onu tərgitsin. O, əvvəllər həmişə öyünürdü ki, istədiyi zaman siqareti tərgidə bilər. Həyatında bir neçə dəfə, bir neçə aylığına o, siqareti tərgitmişdi. Amma bu dəfə o, heyrətlə şakr etdi ki, onun əsəblərinin belə gərgin vaxtında nə qədər çalışsa da, 1-2 gündən artıq siqaret çəkmədən dayana bilmir. Nəhayət, o, Həzrət Əbdül-Bəhanın yanına gedib ondan kömək istəmək qərarına gəldi. O, eşitmişdi ki, Həzrət Əbdül-Bəha bəhailəri inandırır ki, siqaret çəkməkdən uzaq dursunlar. O, öz-özünə dedi: “Əlbəttə, bu vərdişin öhdəsindən gəlmək üçün Həzrət Əbdül-Bəha mənə bir məsləhət verər”.
 
O, Həzrət Əbdül-Bəha ilə növbəti görüşdə bu barədə Ona danışdı. Bu zaman o, anasının qarşısında nəyisə etiraf edən uşağı xadırladırdı. Onun səsi getdikcə azalırdı və bir qədərdən sonra tamam kəsildi. Həqiqətən də, Həzrət Əbdül-Bəha başqalarından daha çox başa düşür. Onun baxışlarında elə böyük məhəbbət vardı ki, onunla həmsöhbət olan kəs bu baxışların istiliyini hiss etməyə bilməzdi. Həzrət Əbdül-Bəha astadan soruşdu: “Çoxmu siqaret çəkirsən?” Kişi cavab verdi.


Onda Həzrət Əbdül-Bəha davam etdi. “Mən fikirləşmirəm ki, bu bir neçə siqaret sənə zərər gətirsin. Şərqdə elə adamlar var ki, durmadan siqaret çəkirlər. Üst-başlarına, saç-saqqallarına siqaret tüstüsü hopub. Çox vaxtlar da onlardan pis qoxu gəlir. Sən ki, bunlar kimi deyilsən. Bir də ki, sən çoxdan siqaret çəkirsən. Məncə, narahat olmağa dəyməz”.


Həzrət Əbdül-Bəha gülümsədi. Onun nəvazişli gözlərində qığılcımlar parladı―sanki Gəzrət Əbdül-Bəha yaxşı bir zarafat etdiyinə görə sevindi.


Bu adam heyrətləndi. Həzrət Əbdül-Bəha siqaret çəkməyin zərəri haqqında ona moizə oxumadı. O, hətta “tütünün sağlamlığa necə pis təsir etməsini” də izah etmədi. O, “bütün iradəni toplayıb bu zərərli vərdişi tərgitməyi” də tapşırmadı. Bunun əvəzində tam sərbəstlik verdi. Bu adam öz üzərindən böyük bir yükün götürüldüyünü hiss etdi. Həzrət Əbdül-Bəhanın ona hikmətli məsləhət verdiyini başa düşdü. Daxilindəki narahatlıq aradan qalxdı, əsəbiliyi keçdi. Həmin gün siqaret çəksə də artıq o, özünü günahkar hiss etmirdi. Ən maraqlısı isə bu idi ki, bu söhbətdən iki gün sonra o, gördü ki, artıq siqaret çəkmək ona ləzzət etmir və bundan sonra o, yeddi il siqaret çəkmədi.

 


 
İrqlərə Səmimi Hörmət


BİR DƏFƏ HƏZRƏT Əbdül-Bəha Nyu-Yorkun kasıb məhəllələrindən birinin sakinləri ilə görüşə getmişdi. İrandan və Amerikadan olan bir dəstə dostları Onu müşayiət edirdi. Küçələri keçərkən onların qeyri-adi görkəmi ətrafdakıların diqqətini cəlb etdi. Belə ki, iranlilar şərq üslubunda baş örtüyü və uzun ətəkli paltar geyinmişdilər. Əvvəlcədən gözlənildiyi kimi, onların arxasınca bir dəstə oğlan düşüb, nalayiq səs-küy salırdılar.
 
Həzrət Əbdül-Bəhanın qaldığı mənzilin sahibəsi ola Xanım Kenni Ona olan bu münasibətə dözə bilməyib, dəstədən bir qədər geri qaldı ki, uşaqlarla söhbət etsin. O, bir neçə kəlmə ilə izah etdi ki, Həzrət Əbdül-Bəha övliyadır. İnsanlara və Həqiqətə olan böyük məhəbbətindən ömrünün çox hissəsini zindanda keçirib və indi O, Boveri Missioner yerinə kasıblarla görüşə gedir.


“Biz də gedə bilərikmi?” uşaqların başçısı soruşdu. Xanım Kinni dedi ki, indi bu mümkün deyil. “Ancaq əgər siz növbəti bazar günü bizə gələ bilsəniz, mən sizin Həzrət Əbdül-Bəha ilə görüşünüzü təşkil edərəm”. O, uşaqların gəlməsinə o qədər inanmasa da, onlara öz ünvanını verdi.
Növbəti bazar günü uşaqlar Xanım Kinninin evinə gəldilər. Onlar çox idilər, təxminən 20-30 nəfər, hamısı da kasıb ailədən idilər. Uşaqlar o qədər də yaxşı geyinməmişdilər, ancaq xüsusi bir yerə hazırlaşmış kimi, təmiz və səliqəli idilər. Uşaqlara qapını açan kimi səs-küylə içəri girib, pilləkənlə yuxarı qalxdılar.


Onları qəbul etməyə hazırlaşan Həzrət Əbdül-Bəha qapının yanında dayanmışdı. O, uşaqların hər biri ilə ayrı-ayrı görüşdü. Kiminsə əlini sıxdı, kimisə bağrına basdı. Və hər dəfə də təbəssüm və gülüşlə―və bu Onu uşaqlara bənzədirdi.


Siz uşaqların bu zəngin evdə, onlara yad olan şəraitdə özlərini narahat hiss etdiklərinimi düşünürsünüz? Əsla! Onlar sanki Həzrət Əbdül-Bəha ilə bir otaqda olmaqdan xoşbəxt idilər.


Otağa axırda daxil olan uşaqların içərisində, təxminən 13 yaşlı, dərisinin rəngi fərqli olan bir oğlan var idi. Onun dərisi kifayət qədər qara olduğundan və uşaqların arasında ona bənzər uşağın olmadığından hiss olunurdu ki, o, bir qədər çəkinir, qəbul olunmayacağından qorxur. Həzrət Əbdül-Bəha bu uşağı görəndə onun üzü səmavi təbəssümlə nurlandı. O, əlini qaldırıb uşağa təmtəraqla salam verdi və hamının eşidəcəyi səslə uşaqların arasında “Qara qızılgül” olduğunu söylədi.


Birdən otaqda sakitlik yarandı. Oğlanın tutqun sifəti sözlə ifadə oluna bilməyən bir sevinc və məhəbbətlə işıqlandı. Başqa uşaqlar ona yeni gözlə baxdılar. Əvvəllər onların ağlına gəlməzdi ki, bu oğlanı qara qızılgül kimi gözəl bir şeylə müqaisə etmək olar.


Uşaqlar əvvəlki kimi özlərini rahat və sərbəst hiss edirdilər, onların üzü ciddi görkəm almışdı və gözlərini Həzrət Əbdül-Bəhanın gözlərindən çəkmirdilər. Onların müəmmalı baxışları təkrar-təkrar qaradərili oğlanın üzərində dayanırdı. Həzrət Əbdül-Bəha uşaqlara hiss etdirmədən, onlara yaxşı dərs vermişdi.


Qonaqlar gələn kimi Həzrət Əbdül-Bəha şirniyyat almaq üçün adam göndərdi və tezliklə şirniyyat gətirdilər. Bu içərisində bahalı konfetlər olan beşgirvənlik qutu idi. Qutunu açdılar və Həzrət Əbdül-Bəha uşaqların içərisi ilə keçə-keçə, hərəsinə bir böyük ovuc konfet verir, hər dəfə də gözəl bir söz və ya təbəssümlə, onların başını sığallayır və gülümsəyirdi. Sonra o, stolun yanına qayıdıb, içərisində bir neçə konfet qalmış qutunu stolun üstünə qoydu və oradan uzun, qara şokolad götürdü. Əvvəl şokolada, sonra isə qonaqlarına baxdı. Uşaqlar nə isə gözləyirmiş kimi diqqətlə Həzrət Əbdül-Bəhaya baxırdılar. O, bir söz demədən otağın o başından bu başına keçərək qaradərili oğlanın oturduğu yerə gəlib, otaqdakı uşaqlara təsirli bir baxışla göz gəzdirərək, şokoladı oğlanın qara yanaqlarına yaxınlaşdırdı.


Həzrət Əbdül-Bəhanın üzü nur saçırdı və O, həmin oğlanı bağrna basanda bu nur sanki bütün otağı doldurdu. Heç bir sözə ehtiyac yox idi. Bütün uşaqlar onun nə demək istədiyini onsuz da başa düşmüşdülər. O, bu qaradərili oğlanın nəinki qara qızılgülə, həm də qara şokalada bənzətmişdi. Siz qara şokaladı ən yaxşı hesab edib onu yeyirsiniz. Qara dərili qardaşınıza da baxın, o da gözəldir.

 


 
Əqəliyyətlərə Səmimi Hörmət


BİR DƏFƏ, HƏZRƏT Əbdül-Bəha Vaşinqtonda olanda, qaradərili amerikalı dostu cənab Qreqorini Həzrət Əbdül-Bəhanın şərəfinə səhər yeməyi verən yüksək mənsəbli bir dövlət məmurunun evinə dəvət etdi. Cənab Qreqori mat qamışdı, çünki dəvətnamə almamışdı, digər tərəfdən isə, adətən, ağ amerikalılar qara amerikalılarla bir stol arxasında oturmurlar. Lakin o, hiss edirdi ki, bir halda, Həzrət Əbdül-Bəha onu orada görmək istəyir, getməlidir.


Həzrət Əbdül-Bəha dostunu həmişəki kimi qarşıladı―hərarət və mehribanlıqla, gülərüzlə. Onlar bir saata qədər müxtəlif mövzularda söhbətlər etdilər. Nəhayət, xidmətçi qapıda göründü və elan etdi ki, səhər yeməyi hazırdır.


Tez yerindən qalxan Həzrət Əbdül-Bəha yemək otağına tərəf getdi, cənab Qreqori isə qaldı və bilmədi ki, nə etsin. Çıxıb getsinmi, yoxsa gözləsin?


Həzrət Əbdül-Bəha stola yaxınlaşdı və birdən dayanIb ingiliscə ucadan dedi: “Bəs mənim dostum cənab Qreqori haradadır? Mənim dostum cənab Qreqori mənimlə birlikdə səhər yeməyi yeməlidir”.


Ev sahiblərinin cənab Qreqorinin arxasınca xidmətçi göndərməkdən başqa çarələri qalmadı. Bu zaman Həzrət Əbdül-Bəha isə, yanındakı bıçaqları, çəngəlləri və qədəhləri bir tərəfə yığdı ki, onun üçün Öz yanında yer hazırlasın.


Səhər yeməyi zamanı cənab Qreqori Həzrət Əbdül-Bəha ilə bir yerdə, ən hörmətli yerdə əyləşmişdi. Həzrət Əbdül-Bəha Özü isə qonaqları elə əyləndirdi ki, dərhal hamı, ən azı müəyyən müddətdə dərisinin rənginə görə başqa insanlardan xoşlanmamaq kimi cəfəng şeyləri unutdular.

 


 
Acgöz Olmamaq Və Əliaçıq Yaşamaq


HƏZRƏT ƏBDÜL-BƏHA heç vaxt heç kimdən pul hədiyyəsi almazdı. Amma cib dəsmalı, konfet qutusu, bir səbət meyvə və ya bir dəstə gül kimi sadə bəxşişlər Ona böyük məmnunluq gətirirdi. Bu cür bəxşişləri O, minnətdarlıq təbəssümü ilə qəbul edər və sonra onları Onun yanına qonaq gələn dostlara paylayardı. Və Həzrət Əbdül-Bəhadan belə hədiyyələr almağı hamı sevərdi. Hətta İran şahzadəsi Onun hədiyyəsini saxlayırdı―bu, qırmızı dəridən olan bir cüt otaq ayaqqabısı idi ki, Həzrət Əbdül-Bəha ona Londanda olanda bağışlamışdı.


Bir dəfə bir qadın Həzrət Əbdül-Bəhaya dedi: “Mən dotumdan Sizə bir çek gətirmişəm, o, xahiş edir ki, bunu qəbul edəsiniz ki, onunla bir yaxşı avtomobil alasınız ki, İngiltərə və Avropanın digər ölkələrində onunla səyahət edəsinz.


Həzrət Əbdül-Bəha cavabında dedi: “Mən sizin dostunuzun hədiyyəsini məmnuniyyətlə qəbul edirəm”. O, iki əli ilə çeki sanki ona xeyir-dua verirmiş kimi iki əli ilə aldı və dedi: “İndi isə mən onu sizə qaytarıam ki, siz onu kasıblara kömək üçün xərcləyəsiniz”.

 


 
Fədakarlıq Hər Şəkildə Allaha Dadlıdır


İNDİ İSƏ AŞQABADDAN kasıb bir bəhainin göndərdiyi hədiyyə haqqında. O, eşitmişdi ki, Londona Həzrət Əbdül-Bəha ilə görüşə gedən bir səyyah onların şəhərindən keçəcək və o, çox sevdiyi “Sərkər Ağasına hədiyyə göndərmək istədi. Ancaq uyğun bir hədiyyə olmadığından, səyyahdan xahiş etdi ki, Həzrət Əbdül-Bəhaya olan məhəbbətinin nişanəsi kimi balaca bir dəsmala bükülmüş nahar yeməyini Ona aparsın.


Səyyah Londona çatanda xeyli vaxt keçmişdi. O, Həzrət Əbdül-Bəhanın yanına gələndə, O, bir neçə qonaqla birgə səhər yeməyi yeməyə hazırlaşırdı. Səyyah kasıb bəhainin dəsmala bükülmüş hədiyyəsini söz verdiyi kimi, Həzrət Əbdül-Bəhaya təqdim etdi və bu hədiyyəni necə almasını Ona söylədi. Həzrət Əbdül-Bəha dəsmalı açdı. Orada bir parça quru qara çörək və büzülmüş alma var idi. Həzrət Əbdül-Bəha nə etdi?! O, çörəyi hissələrə bölüb qonaqlara bu fəhlənin naharını Onunla bölüşməyi təklif etdi. “Mənimlə bu kiçik məhəbbət sovqatını dadın” dedi. Həzrət Əbdül-Bəha özünün səhər yeməyinə isə əl vurmadı.

 


 
Hər Şəraitdə İnsanlar Xidmətdə Ayıq


HƏZRƏT ƏBDÜL-BƏHA Dublində olarkən, balaca bir mehmanxanada qalırdı. Bu hadisəni elə həmin vaxt o mehmanxanada yaşayan bir qadın danışır.
 
Bir gün səhər tezdən qadın təsadüfən pəncərədən baxanda görür ki, Həzrət Əbdül-Bəha otaqda vargəl edə-edə Öz katibinə nə isə deyir, katib isə yazır. Bu zaman mehmanxananın yanından paltarı köhnə və cırılmış bir qoca keçirdi. Həzrət Əbdül-Bəha katibini göndərib, qocanı çağırtdırır. Həzrət Əbdül-Bəha onunla salamlaşmaq üçün qabağa çıxır. O, Öz köhnə dostu ilə görüşürmüş kimi gülümsəyərək, qocanın əlini sıxır. O, qocanın əhvalını bir qədər yaxşılaşdırmaq məqsədilə onunla bir neçə dəqiqə söhbət edir. Nəhayət, qoca azacıq da olsa gülümsədi, lakin onun gözləri çox kədərli idi. Söhbət edərkən Həzrət Əbdül-Bəha gördü ki, onun şalvarı o qədər cırıqdır ki, bədənini güclə örtür. Əbdül-Bəha dedi “Biz nə isə etməliyik”.


Hələ çox tez olduğundan küçədə heç kim yox idi. Həzrət Əbdül-Bəha divarın kölgəsinə keçib plaşa bürünərək şalvarının düyməsini açdı. Sonra O, əyildi və şalvar yerə düşdü. Plaşa bürünərək qocaya tərəf döndü və şalvarı ona uzatdı. “Allah sənə kömək olsun” O, dedi. Sonra Əbdül-Bəha otağa, katibinin yanına qayıtdı və heç nə olmamış kimi işləməkdə davam etdi.

 


 
Dünyanın Xoşbəxtliyi Bəşəriyyətin Birlikdə Xidmətindədir


BİR DƏFƏ LONDONDA ziyarətçilərdən biri belə bir sual verdi: “bu bədbəxt dünya nə vaxtsa xoşbəxt olacaqmı?”


Həzrət Əbdül-Bəha ona cavab verdi: “Baxın, o zamandan artıq iki min il keçib ki, Həzrət İsa o zaman öz ümmətinə belə bir dua öyrətmişdi: “Qoy Sənin səltənətin zahir olsun; Qoy Sənin iradən həm yerdə, həm də göydə bərqərar olsun”. Siz necə düşünə bilərsiniz ki, O, bizə heç vaxt baş verməyəcək bir şey üçün dua etməyi vəsiyyət etsin? Hələ bu dua təkcə dua deyil, həm də öngörmədir, peyğəmbərlidkir”.


Qonaq dedi: “Əbdül-Bəha, bəs onda səma səltənəti nə zaman zahir olacaq? Onun iradəsi yerdə və göydə nə qədər tez ortaya çıxacaq?”.


“Bu çox şeydən asılıdır” Həzrət Əbdül-Bəha dedi. “Hər şeydən əvvəl ondan asılıdır ki, sizlərin hər biriniz ürəkdən, gecə və gündüz Onun Əmrinə xidmət etdiriniz. Sizin hamınız məşəllərsiniz ki, Mən Öz əllərimlə yandırmışam. Siz də gedin və başqalarını alovlandırın, o vaxta qədər ki, Onun bir-birindən ayrı qalan bəndələri böyük Birlik altında toplaşsınlar”.


“Təkbaşına çalışanlar qarışqaya bənzəyirlər―O, buyurdu―lakin onlar birləşəndə qartal kimi olurlar. Təklikdə işləyənlər bir damla kimidirlər, lakin onlar birləşəndə böyük çay olurlar, elə bir çay ki, şəffaf həyat sularını dünyanın səhra guşələrinə aparırlar. Bu qüdrətli həyat çayı axdıqda, o, bütün bədbəxtlikləri, bəla və kədəri yuyub aparacaq. Birləşin! Yalqız damla olmaq təhlükəlidir: o, asanlıqla izsiz yox ola bilər”.

 


 
Bəşəriyyət Bir Ailənin Üzvləridir


HƏZRƏT ƏBDÜL-BƏHA rastlaşdığı bütün insanlara öz ailəsinin üzvü kimi yanaşırdı. Bir dəfə O, İngiltərədə iki xanımla söhbət edərkən xanımlardan biri soruşdu: “Cənab, məgər Siz Hayfaya Öz sevimli ailənizlə bir yerdə olmağa can atmırsınızmı?”
 
Həzrət Əbdül-Bəha gülümsəyərək cavab verdi: “İstərdim siz biləsiniz ki, ikiniz də mənim üçün qızlarım kimisiniz, siz mənə Hayfadakı doğma qızlarım qədər əzizsiniz”.


Xanımlar öz qulaqlarına inanmadılar. Onlar bu şərəfə necə nail olmuşdular? Ancaq bu söhbətdən xanımlar Onu başa düşdülər ki, “Bütün insanlar bir ailənin üzvləridir” deyən zaman Həzrət Bəhaullah bəşəriyyətin birliyi ilə nəyi nəzərdə tutmuşdur.

 


 
Səma Səltənəti Uşaqlara Məxsusdur


HƏZRƏT ƏBDÜL-BƏHA uşaqları çox sevirdi. Bir dəfə O, Londonda olarkən bir ailə Onu bir neçə dostları ilə birlikdə öz evinə dəvət etmişdi. Ailədə üç uşaq var idi. Bir dəqiqə keçməmiş bu uşaqlar Həzrət Əbdül-Bəhanın dizləri üstündə oturdular. Uşaqlar gah Onun boynunu qucaqlayır, gah da Onunla oynamaq istəyirdilər. Həzrət Əbdül-Bəha söhbət edərkən pişik balası kimi susurdular.
 
O, danışarkən uşaqların başını sığallayırdı: “Bu uşaqlar xoşbəxtdirlər. Həzrət İsa onlar haqqında buyurub: “Səma səltənəti onlara məxsusdur”. “Onlar maddi aləmə iddialı deyillər. Onların qəlbi təmizdir. Biz uşaqlara bənzəməliyik... Öz qəlbimizi təmizləməliyik, o vaxt biz Rəbbi Onun bütün qüdrətli təcəlliləri ilə görə bilərik və Elçilərinin gətirdiyi qanunlara tabe olarıq”.


Elə həmin gün Həzrət Əbdül-Bəha Riçmond parka gəzintiyə çıxmışdı. Orada ponilərə (kiçik boylu at cinsi) minmiş oğlanlar və qızlar arasında yarış keçirilirdi. Həzrət Əbdül-Bəha bir neçə iştirakçı oğlanların arasında bir balaca qızın olduğunu gördü. Həzrət Əbdül-Bəha yarışlarda bu balaca qızın qalib gəlməsindən çox razı qaldı. “Əhsən!,Əhsən!” deyə qızı alqışladı.

 


 
İnsanları Xoşbəxt Görmək Arzusu


HƏZRƏT ƏBDÜL-BƏHA bütün insanları xoşbəxt görmək istəyirdi. O, bunu göstərməyi bacarırdı. O, insanların öz həyatlarından razı olub olmadıqları ilə maraqlanardı. Bilmək istərdi ki, onlarda hər şey qaydasındadırmı?


Bir dəfə Londonda mətbəxdən gələn qəhqəhəli gülüş səsi onun diqqətini cəlb etdi.O, cəld bu şən söhbətə qoşulmaq üçün mətbəxə keçdi. Həzrət Əbdül-Bəha dedi: “Sizin belə şad olmağınız Mənim çox xoşuma gəlir. Deyin görüm sizi belə güldürən nədir?”


Məlum oldu ki, İrandan olan xidmətçi İngiltərəli təsərrüfat müdirəsi ilə söhbət edirmiş.


İrandan olan xidmətçi dedi: “Şərqdə, qadınlar örtük örtürlər və bütün işləri özləri görürlər”. Onun bu sözlərinə İngilis qadın belə cavab verdi: “Qərbdə qadınlar örtük örtmürlər, çalışırlar ki, işin heç olmasa bir hissəsini kişilər görsün. Ona görə də gümüş əşyaları təmizləməkdə davam edin”. Həzrət Əbdül-Bəha ürəkdən güldü və onların əhvalını bir qədər də qaldırmaq üçün hərəsinə bir qızıl pul verdi.
 

 


Qadın Kişi Bərabərliyinə Baxış


HƏZRƏT ƏBDÜL-BƏHA qadınların işinə, həyatına və inkişafına şəfqətlə yanaşırdı. O, Avropa və Amerikada səyahətdə olarkən bir çox məşhur qadınlar―Xanım Enni Bezant, Teosaf cəmiyyətinin prezidenti, müxtəlif qadın təşkilatlarının başçıları, sosial xidmət işçiləri, qadın kolleclərinin direktorları onu görməyə gəlirdilər.


Bir dəfə qadınların seçki hüququ uğrunda hərəkatın fəal iştirakçısı olan Xanım Həzrət Əbdül-Bəhanın yanına gəlmişdi. Həzrət Əbdül-Bəha dünyanın müxtəlif yerlərində yaşayan qadınların vəziyyəti haqqında bir qədər danışdıqdan sonra, üzünü gələn qonağa tutdu: “Siz necə fikirləşirsiniz, qadınların bu seçkilərdə iştirak etməsi nə üçün lazımdır?”


O, cavab verdi: “Mən ona inanıram ki, insan irqi İlahidəndir, onun ucalması qabaqcadan təyin olunub. Ancaq bir qanadla uçmaq mümkün deyil.


Həzrət Əbdül-Bəha onun cavabından çox razı qaldı. O, gülümsəyərək soruşdu: “Bəs əgər qanadın biri zəifdirsə, nə etmək olar?”


Qadın cavab verdi: “O zaman biz zəif qanadın güclənməsinə çalışmalıyıq, əks halda uçuş rəvan olmaz”.


Üzündən təbəssüm əskik olmayan Həzrət Əbdül-Bəha ona yenə sualla müraciət etdi: “Əgər mən qadınların güclü qanad olmasını sübüt etsəm, sizin sözünüz nə olacaq?”


“Siz mənim əbədi minnətdarlığımı qazanarsınız” deyə qadın cavab verdi.

 


 
Həzrət Bəhaullahın Gücü Tükənməzdir


İNSANLAR HƏZRƏT ƏBDÜL-Bəhanın hər zaman güclü və enerjili olmasına çox təəccüb edirdilər.
Bir dəfə O, bir yığıncaqdan evə bərk yorğun qayıtmışdı. Dostları onu belə yorğun, əldən düşmüş görüb, narahat oldular. Hələ Həzrət Əbdül-Bəha öz otağına çatmaq üçün çoxlu pilləkən qalxmalı idi.


Birdən hamını heyrətləndirərək, Həzrət Əbdül-Bəha dayanmadan qaçaraq pilləkənin yuxarsına çıxdı və pilləkənlərin başından aşağıya baxıb dedi: “Siz hamınız çox qocasınız. Ən cavanınız mənəm”. Onun üzündəki yorğunluq tamamilə silinib getmişdi. O, dayanıb gülümsəyirdi, hamının çox təəccübləndiyini görəndə isə dedi: “Həzrət Bəhaullahın gücü tükənməzdir. Mən indicə bu gücdən istifadə etdim”.

 


 
Ruh Allahın Melodiyası İlə Harmoniyadadır


HƏZRƏT ƏBDÜL-BƏHA ingiliscə, demək olar, heç danışmasa da, Öz missiyasını insanlara çatdırmaqda Onun heç bir çətinliyi yox idi. Əgər insanlar Onun sözünü başa düşmürdülərsə, O, onların ürəyinə müraciət edirdi və hər şey aydın olurdu.
 
Bu əhvalat yazmağı və oxumağı bacarmayan bir amerikalı şaxtaçı barədədir. O, Həzrət Əbdül-Bəha haqqında eşitmişdi və piyada uzun bir yola çıxaraq San-Fransiskoya gəlmişdi ki, Onunla görüşsün. Bu şəxsin təhsili yox idi, lakin onda ruhun gücü vardı. Bir dəfə O, Həzrət Əbdül-Bəhanın çıxış etdiyi bir məclisə gəldi. Şaxtaçı ürəyi və gözləri ilə Ona diqqət kəsilmişdi, Onun hər hərəkətini və səsini tuturdu. Elə bil ki, o, dodaqlarını canlandırcı bir çeşməyə dayamışdı və ondan içirdi.


Tərcüməçi Həzrət Əbdül-Bəhanın nitqini ingilis dilinə çevirməyə başlayanda, şaxtaçı pıçıldadı: “Bu adam niyə mane olur?”


Həzrət Əbdül-Bəha yenə danışmağa başlayanda şaxtaçı yenə də Ona diqqət kəsildi. Və yenə də ingilis dilinə tərcümə etməyə başlayanda o, səbrini itirdi və dedi: “Axı niyə icazə verirlər ki, bu adam nitqi kəssin? Onu buradan götürmək lazımdır”.


Şaxtaçının yanında oturan adam ona izah etdi: “O, rəsmi tərcüməçidir. O, fars dilindən ingilis dilinə tərcümə edir ki, sən başa düşəsən”. Bunun cavabında şaxtaçı: “Məgər O, fars dilində danışırdı? Niyə, axı elə onsuz da hamı başa düşürdü”.

 


 
Allaha Təvəkkül Edən Heç Nədən Qorxmaz


HƏZRƏT ƏBDÜL-BƏHA heç vaxt heç nədən qorxmazdı. Bir dəfə necəsə, məşhur bir qadın bəhai bir məktub aldı. Məktubda deyilirdi: “Yaxşı olardı, Həzrət Əbdül-Bəhaya xəbər verəsiniz ki, mən bildiyimə görə, Onun yaxın günlərdə planlaşdırdığı səfər Onun üçün təhlükəli ola bilər”.


Bu məktubu yazan adam həmin qadının sadiq dostu idi və qadın da qərar aldı ki, təhlükə barədə Həzrət Əbdül-Bəhanı xəbərdar etsin.


Həzrət Əbdül-Bəha bunu eşidəndə O, sadəcə güldü və dedi: “Qızım, məgər sən bilmirsənmi ki, həyatım boyu mənim təhlükədə olmadığım bir gün belə olmayıb və Mən bu dünyanı tərk edib Öz Atamla görüşmək imkanına sevinməliyəm?”


Özünü itirmiş qadını qorxu bürüdü: “Ey “Sərkər Ağa! O, həyəcənla dedi: “Biz istəmirik ki, Sən bizi tərk edəsən!”


“Narahat olma” O, cavab verdi. “Mənim düşmənlərimin yuxarıdan veriləndən başqa mənim üzərimdə heç bir hökmləri yoxdur. Əgər sevgili Rəbb Mənim həyatımın Öz qurbangahında alınmasını istəsə, bu mənim üçün ən böyük gün olacaq və mən buna yalnız ümid edirəm”.


Bu sözlərdən sonra Həzrət Əbdül-Bəhanın dostları başa düşdülər ki, həqiqi iman nə deməkdir. Və bu onların öz imanlarını elə möhkəmlətdi ki, hətta bir dəfə onların bağına yad bir adam gəlib onları xəbərdar edəndə ki, təkcə Həzrət Əbdül-Bəhanın deyil, onların hamısının həyatı təhlükədədir, onlardan biri təmkinlə bu sözləri dedi: ““Sərkər Ağanı qoruyan güc, Onun xidmətçilərini də qoruyar. Ona görə də biz heç nədən qorxmuruq”.


Bu sözlərdən heyrətə düşən adam bir söz belə söyləmədən çıxıb getdi.

 


 
Uşaqlar Rəbbin Bütün Qüdrətli Təcəllilərini Görə Bilirlə


HƏZRƏT ƏBDÜL-BƏHANIN Parisdən getməsindən iki gün əvvəl bir qadın elə məclis zamanı təngənəfəs Onun evinə girərək dedi: “Oh, nə yaxşı ki, vaxtında gələ bildim”, deyə o, köksnü ötürdü. Mən Amerikadan gəlmişəm və indi sizə deməliyəm ki, niyə belə tələsirdim. Və o, öz hekayəsini nəql etdi.


“Bir dəfə”, qadın danışmağa başladı―mənim balaca qızım öz sualı ilə məni heyrətləndirdi:


―Anacan, əgər Həzrət İsa bu gün yer üzündə olsaydı, sən nə edərdin?
―Əziz balam, mən elə ilk qatara minib mümkün qədər tez onun yanına gedərdim.
―Axı anacan, o, doğrudan da indi yer üzündədir.


Balacanın bu sözlərindən məni qəribə bir hiss bürüdü.


―Bu nə deməkdir, mənim əzizim. Axı sən bunu haradan bilirsən?
―O, özü mən deyib, əlbətdə o, yerdədir, qızım cavab verdi.


Heyrətə düşmüş halda öz-özümə fikirləşdim: Bu, balamın dili ilə mənə çatdırılmış müqəddəs müjdə deyilmi?” Və mən dua elədim ki, hər şey tezliklə aydınlaşsın.


O biri gün qızım yenə bu barədə söhbət açdı və nə üçün mənim onun sözlərindən sonra hələ də bir tədbir görmədiyimi soruşdu: “Anacan, əzizim, nə üçün sən hələ də Rəbb İsanı görməyə getməmisən? O, artıq iki dəfə mənə deyib ki, buradadır, yer üzündədir. Mən cavab verdim: “Körpə balam, axı sənin anan Onun harada olduğunu bilmir. Onu harada axtarsın?” Qızım həyəcanla dedi: “Biz öyrənərik, anacan öyrənərik”.


Həmin gün mən qızımla gəzməyə çıxmışdım. Birdən O, dayandı, donub qaldı, sonra qışqırdı”: O, ordadır, ordadır!” Qızım həyəcandan əsir və Həzrət Əbdül-Bəhanın fotoşəkli olan vitrini göstərirdi. Mən bu şəkli alıb sizin ünvanı öyrəndim və elə həmin axşam paraxoda bilet alıb, buraya gəldim!”
 

 


Allah Qarşısında Bütün İnsanlar Bərabərdir


HƏZRƏT ƏBDÜL-BƏHA Londonda olanda bir qadın onunla görüşməyə icazə istədi. Giriş qapısında onunla qarşılaşan xidmətçi soruşdu: “Sizinlə görüş vaxtı təyin olunubmu?” Qadının görüşü təyin olumadığından, onu məyusluq bürüdü.


“Mən təəssüf edirəm, ancaq Həzrət Əbdül-Bəha indi çox mühim adamlarla məşğuldur. Onu narahat etmək olmaz”.


Belə bir görüşdə təkid etmək üçün kiçik bir adam olduğunu hiss edən qadın geriyə, qapıya tərəf qayıtdı. Onu bürüyən ümidsizlik və pərişanlıq necə də acı idi! O, piləkənlərlə aşağı düşdü. Elə həyət qapısına çatar-çatmaz xidmətçi qaça-qaça gəlib dedi: “Həzrət Əbdül-Bəha sizi görmək istəyir. Siz qayıtmalısınız. Tapşırıb ki, sizi Onun yanına aparım”. Evdəkilər qonaq otağından gələn Həzrət Əbdül-Bəhanın səsini eşitdilər. “Bir ürəyi incitdilər. Tez olun, tez olun o qadını mənim yanıma gətirin!”

 


 
Bizim Başqasını İstəməməyimiz Onun Ruhuna Bəllidir


BİR GÜN LONDONDA bir neçə dost, axşamı Həzrət Əbdül-Bəha ilə bir yerdə, kənar adamların iştirakı olmadan keçirməyi qərara aldılar. Belə hallar çox az-az olurdu.


Dostlar bu axşam Həzrət Əbdül-Bəhanı tamamilə onların ixtiyarında olacağına çox sevinirdilər. Ancaq yarım saat keçməmiş bir qəzet müxbiri onların bu sevincini boşa çıxardı. Xidmətçilərə fikir vermədən otağa daxil olan müxbir inadkarlıqla Həzrət Əbdül-Bəhadan müsahibə götürmək üçün icazə vermələrini tələb edirdi. Stula yayılıb oturan müxbir icazə istəmədən siqaret yandırıb, Həzrət Əbdül-Bəhaya dedi: “Bilirsinizmi, mən qəzet üçün məqalə yazıram və bir neçə məsələləri Sizinlə müzakirə etmək istərdim”. Müxbir çox nəzakətsiz danışmaqda davam edir, otaqdakılar isə üzgün halda susub, qulaq asırdılar. Bu müxbir onların sakit bir axşam keçirmək planlarını alt-üst etmişdi. Bir az sonra Həzrət Əbdül-Bəha ayağa qalxdı və müxbirə Onun arxasınca gəlməyi işarə etdi. Onlar Həzrət Əbdül-Bəhanın otağına keçdilər.


Həzrət Əbdül-Bəha çıxdıqdan sonra otaq sanki dərhal boşaldı. Dostlar kədərlə bir-birinin üzünə baxdılar. “Bu dəhşətli müxbir getdi, amma təəssüf ki, Həzrət Əbdül-Bəha da getdi”.


Ev sahibəsi Həzrət Əbdül-Bəhanın otağının qapısına yaxınlaşıb katibinə dedi: “Lütfən Həzrət Əbdül-Bəhaya deyin ki, görüş təyin etmiş olduğunuz xanımlar Onu gözləyirlər”. Sahibə qonaqların yanına qayıtdı və bütün bunların nə ilə qurtaracağını gözlədi. Elə bu vaxt dəhlizdə addım səsləri eşidildi. Sonra Həzrət Əbdül-Bəha qapının yanında müxbirlə mehribanlıqla xudahafizləşərək, dostlarının yanına qayıtdı.


Onu görəndə dostların üzündə yenə əvvəlki xoşbəxt ifadə göründü. Lakin Həzrət Əbdül-Bəha qapıda görünəndə ciddi bir tərzdə otaqdakıların üzünə baxıb dedi: “Siz o, zavallının çıxıb getməsini o qədər istəyirdiniz ki, o, özünü narahat hiss edirdi. Mən onu apardım ki, bir qədər ürəkləndirim”.
 

 


Ruhani Sevinc Və Bilik Səma Səltənətində Zənginlikdir


BİR GÜN HƏZRƏT Əbdül-Bəhanın yaşadığı evin həyət qapısından kişi səsi eşidildi: “Mən bu evin sahibəsini görə bilərəmmi?” Xidmətçi cavab vermək istədi: “Bəli, ancaq...”


Kişi ona aman verməyərək bərkdən dedi: “Çox rica edirəm, lütfən, mən o qadını görməliyəm”. Səsə evin sahibəsi çıxdı. Kişi onu görüb soruşdu: “Siz Həzrət Əbdül-Bəha yaşayan evin sahibisinizmi?”


―“Bəli, siz Onu görmək istəyirdinizmi?”
―“Mən piyada otuz mil yol gəlmişəm”, deyə kişi cavab verdi. Qadın onu içəri dəvət etdi: “Keçin, əyləşin. Bir tikə çörək yeyin, sonra hər şeyi danışarsınız”.


Kişi qonaq otağına keçdi və əyləşdi. O, adi bir səfil kimi görünürdü. Ancaq qonaq söhbətə başlayanda, məlum oldu ki, O, heç də həmişə belə olmayıb. Qonaq öz tarixçəsini danışmağa başladı:


“Atam kəndin keşişi olub. Mənim gözəl təhsil almağa imkanım var idi, amma indi mən evi-eşiyi olmayan bir dilənçiyəm. Adətən Temzanın sahillərində gecələyirəm. Mənim bu vəziyyətə necə gəlib çatmağım vacib deyil. Keçən gecə mən nə Allaha, nə də insanlara lazım olmayan bu gərəksiz həyatıma son qoymaq istədim. Son dəfə çıxıb gəzişmək istədim. Təsadüfən vitrində, qəzet köşkündə, şüşənin arxasında bir nəfərin rəsmini gördüm. Yerimdəcə quruyub qaldım. Gözümü Onun üzündən çəkə bilmirdim. Mənə elə gəlirdi ki, bu adam mənimlə danışır və məni yanına çağırır”.


O, özü ilə qəzet gətirmişdi. Ev sahibəsi qəzetdə Həzrət Əbdül-Bəhanın fotoşəklini gördü.


Qonaq sözünə davam etdi: “Mən qəzetdə oxudum ki, O, burada, bu evdə yaşayır. Öz-özümə dedim ki, əgər belə bir adam, həqiqətən də, yer üzündə yaşayırsa, mən mütləq dəyişməliyəm və həyatımı yenidən başlamalıyam. Onu tapmaq üçün piyada buraya yollandım. Deyin, O, burdadır? O, Məni qəbul edəcəkmi?”


―“Şübhəsiz O, sizi qəbul edəcək”, ev sahibəsi cavab verdi. “Onun yanına gedək”. Qadın qapını döyəndə, qapını Həzrət Əbdül-Bəha Özü açdı və qonaqla çoxdan gözlədiyi dostu kimi salamlaşdı.


“Buyur, buyur keç! Çox şadam ki, sən gəldin. Əyləş!”


Bu zavvalı Həzrət Əbdül-Bəhanın ayaqlarının yanındakı alçaq kürsüdə oturdu. O, elə titrəyirdi ki, bir kəlmə söz deməyə belə taqəti yox idi.


“Şad ol, Şad ol” deyə Həzrət Əbdül-Bəha onun əllərindən tutaraq, yana əyilmiş başını mehribanlıqla sığalladı. Ecazkar təbəssümü, məhəbbət və şəfqət dolu baxışları ilə təsəlli verərək dedi: “Siz alçaldılanda, qəm-qüssə sizi bürüməsin. Bu dünyada hər kəs üçün Allahın Qüdrəti və Mərhəməti sonsuzdur. Ruhani sevinc və bilik axtarın. O vaxt siz yer üzündə yaşasanız da, ruhani aləmdə olacaqsınız. İndi kasıb olsanız da, səma Səltənətində varlı olacaqsınız”.


Qonağın kədəri sanki Həzrət Əbdül-Bəhanın qayğı və məhəbbətinin istisində yavaş-yavaş əriyirdi, Onun sözləri, təsəllisi sanki xəstəyə şəfa verirdi.


Qonaq getməyə hazırlaşanda onun üzündə, baxışlarında elə bil təzə nə isə yaranmışdı. O, çiyinlərini düzəltdi, sanki, qarşısına bir məqsəd qoymuş kimi, əzmlə ayağa qalxdı və ev sahibəsinə tərəf dönüb dedi: “Zəhmət olmasa, Həzrət Əbdül-Bəhanın dediklərini mənim üçün yazın. Mən gözlədiyim hər şeyi əldə etdim, hətta ondan da çox”. Sahibə ondan soruşdu: “Siz indi nə etmək fikrindəsiniz?” “Mən torpaqda işləmək istəyirəm. Ən zəruri olan şeyləri almaq üçün pul qazanacağam. Əgər bir qədər pul artıra bilsəm, bir parça torpaq alacağam. Sonra orada özümə bir koma tikib, həyətində bənövşə əkib-becərəcəyəm. Sonra bu bənövşələri bazarda satacağam.


Həzrət Əbdül-Bəha dediyi kimi “kasıblıq önəmli deyil, zəhmət isə şərəflidir. Mən sizə təşəkkür etməliyəm, düzdürmü? Əlvida”. Qonaq bunu deyib, çıxıb getdi.

 


 
İnsanlar Ruhən Kamil Olduqda Əzəmətli Qüvvə Açılır


HƏZRƏT ƏBDÜL-BƏHA gözləmirdi ki, insanlar Onun yanına gəlsinlər. Əgər onlar Onu görmək istəyirdilərsə, çox vaxt O, Özü onların yanına gedirdi.
 
Həzrət Əbdül-Bəha Parisdə yaşadığı zaman, Yaponiyanın İspaniyadakı səfiri və onun xanımı Onu çox görmək istəyirdilər. Ancaq səfirin xanımı özünü bir qədər pis hiss edirdi. “Çox təəssüf ki, bərk soyuqladığımdan, bu axşam evdən çıxa bilməyəcəyəm, sabah tezdən isə İspaniyaya getməliyik. Bircə Onu görə bilsəydim!” Səfirin xanımının sözləri Həzrət Əbdül-Bəhaya çatdı. Ağır iş günündən sonra evə təzəcə qayıtdığına və axşamdan xeyli keçdiyinə baxmayaraq, Həzrət Əbdül-Bəha dedi: “Səfirə və xanımına deyin ki, əgər onlar mənim yanıma gələ bilmirlərsə, mən onların yanına gedərəm”.


Həzrət Əbdül-Bəha həmişəki dəyişməyən təbəssümü ilə soyuğa, yağışa məhəl qoymadan, səfirin yaşadığı mehmanxanaya yollandı.


Onlar Yaponiyalı səfiri və xanımını maraqlandıran mövzulardan xeyli söhbət etdilər. Həzrət Əbdül-Bəha Yaponiyanın beynəlxalq əhəmiyyətinin böyüklüyündən, onların ölkəsinin həyat tərzindən, müharibələrə son qoymağın vacibliyindən və bəşəriyyətə xidmətdən danışdı. O, fəhlələrin həyat şəraitinin yaxşılaşdırmağın vacibliyini qeyd etdi, oğlanlar və qızların bərabər səviyyədə təhsil almalarından danışdı, bəşəriyyətin tərəqqi etməsi üçün iki qanadın―elm və din olmasından söhbət etdi. Sonra Həzrət Əbdül-Bəha bildirdi ki, kainatda insanın hələ aşkar edə bilmədiyi əzəmətli bir qüvvə var. Biz Allaha dua etməliyik ki, insanlar ruhən kamil olmadan, o qüvvə açılmasın. Bu qüvvə ruhən səviyyəsiz insanların əlinə düşərsə, o, dünyanı məhv edər.


Həzrət Əbdül-Bəha bütün bu və digər həllini tələb edən mühüm məsələlərdən danışır, ona qulaq asanlar isə fikirləşirdilər: “Öz ömrünün böyük bir hissəsini zindanda keçirən bu şəxs necə olur ki, dünya səviyyəli məsələlərin həllindən belə yaxşı baş çıxarır. Bu hikmət Onda hardandır?


Amerika Universitetinin məşhur professoru bir dəfə ucadan demişdi: “Mən əminəm ki, Həzrət Əbdül-Bəha Şərqlə Qərbi birləşdirəcək. O, yer üzündə addımlayaraq mistik bir yol salır”.


Başqa bir görkəmli şəxs Həzrət Əbdül-Bəha haqqında belə fikir söyləmişdi. “Hesab edirəm ki, mənim tanıdıqlarım içərisində ən Mükəmməl şəxs Həzrət Əbdül-Bəhadır”.

 


 
Əhdin Mərkəzinin Səmavi Gücü


HƏZRƏT ƏBDÜL-BƏHA böyük enerjiyə malik idi. Bu enerji elə böyük idi ki, sanki fiziki olaraq hiss oluna bilərdi. Məsələn, söhbət zamanı Həzrət Əbdül-Bəha ilə yanaşı əyləşmiş bir adam haqqında belə bir hadisə danışırdılar: bir saat davam edən söhbət zamanı və suallara cavab verərkən Həzrət Əbdül-Bəha bu adamın əlindən tutmuş və əlini onun dizinin üstünə qoymuşdu.


Sonralar bu kişi danışırdı ki, bütün bu vaxt ərzində ona Həzrət Əbdül-Bəhadan arasıkəsilmədən enerji ötürülürdü. O, keçirdiyi hissi təsvir edə bilmirdi. Ancaq hər dəfə bunu xatırlayanda, Həzrət Əbdül-Bəhanın bu sözləri haqqında fikirləşirdi: “Allahın Əmrində insanların və mələklərin başa düşə bilmədiyi bir qüvvə var”.


Başqa bir şəxs də Həzrət Əbdül-Bəhada olan enerji haqqında belə deyir ki, bir dəfə avtomobillə yol gedərkən Həzrət Əbdül-Bəha ilə yanaşı əyləşibmiş və bu zaman hiss edib ki, sanki İlahi mənbədən enerji alır.


Həzrət Əbdül-Bəhanı görənlər başa düşürdülər ki, O, kamilliyin mücəssəməsidir və özlərini kamilləşdirmək üçün Ondan enerji alırdılar.

 


 
Şəxsiyyətə Sitayiş Yox Əsas Ruhun İşığıdır

 

HƏZRƏT ƏBDÜL-BƏHA Qərbdə səyahət edərkən bir çoxları Onun fotoşəklini çəkməyə çalışırdılar. Əllərində fotoaparat olan adamlar Onun qapısının ağzına yığışır, şəklini çəkməyə imkan axtarırdılar. Bir dəfə Onun qaldığı evin sahibəsi fotomüxbirlərdən birinə dedi: “Sizcə xarici qonağın razılığı olmadan, onun şəklini çəkmək nəzakətli hərəkətdirmi?”


“Yox, xanım” fotoqraf cavab verdi “lakin başqaları şəkil çəksə və mən çəkməsəm, şefim fikirləşər ki, mən heç nəyə yaramıram”.


Ev sahibəsi bunu Həzrət Əbdül-Bəhaya danışanda, O, ürəkdən gülüb dedi: “Əgər şəkil çəkmək istəyirlərsə, qoy yaxşı çəksinlər. Qəzetdəki şəkillər sadəcə olaraq dəhşətlidir”.


Bundan sonra dostlarının ürəyini sevindirərək, şəklinin çəkilməsinə razı oldu. O, dedi: “Kiminsə şəklini çəkmək hələ hər şey deyil. Şəkil xarici görünüşdür, çıraqdır. Əsas Onun içərisində yanan işıqdır. Bu işığı şəkildə görə bilməzsiniz”.


Həzrət Əbdül-Bəha heç vaxt Özünə şöhrət və təmtəraq axtarmırdı. Bir gün Xanım Florian Kinq Ona dedi: “Cənab, Sizsiz cənnət mənim gözümdə qaranlıq görünərdi. Siz mənim üçün Öz varlığınızda Həzrət Bəhaullahı da, Həzrət Məhəmmədi də, Həzrət İsanı da, Həzrət Musanı da, Həzrət Buddanı da təcəssüm etdirirsiniz”.


Həzrət Əbdül-Bəha əlini o qadına tərəf uzadıb dedi: “Yaxın gəl, əlimdən tut”. Onun üzü nurlandı. Onun Özü elə Nur idi.


“Cənab” Xanım Kinq ucadan dedi―“Olarmı mən Sizin əlinizdən öpüm?”


“Yox, qızım” Həzrət Əbdül-Bəha gülümsədi “bu yolverilməzdir. Şəxsiyyətə sitayiş etmək olmaz. Əsas işığın özüdür, o işığın saçdığı lampa deyil”.


 

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7
Anchor 8
Anchor 9
Anchor 10
Anchor 11
Anchor 12
Anchor 13
Anchor 14
Anchor 15
Anchor 16
Anchor 17
bottom of page