Həzrət Əbdül-Bəha Haqqında Hekayələr
Mərziyeh Geyil
Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
Tərcüməçilər: Ramazan Əsgərli, Yeganə Fərzəliyeva
Mündəricat
Ön söz 4
Sözdən Qiymətli Əməl 7
Həm Tibbi, Həm Ruhani Müalicə 9
İnsanlara Xidmət Məramı 10
Bölüşmək 12
Qənaətli Həyat 13
Məhəbbət Tikanı Gülə Çevirər 15
Hər Şəraitdə İnsanlığa Xidmət Baxışı 17
İnsanların Rifahı Naminə Fədakarlıq 18
Qeybət Onu Çox Kədərləndirir 20
İnsanların Qəlblərindən Agah 21
Xəstələrə Şəfa Vermək Qabiliyyəti 22
Ölümdən Sonrakı Həyat Haqqında Təsəlliverici 24
Allaha Təvəkkül 25
Allah Verən Əzabın Hikməti 26
Allah Verən Müsibət Xoşbəxtlikdir 27
İlahi Elm Təvazökarlıq Gətirər 28
Məhəbbətin Açılmaq Sirləri 29
Ön söz
BU KİTABDA HƏZRƏT Əbdül-Bəha haqqında xatirələr və hekayələr toplanmışdır. Həzrət Əbdül-Bəhanın bütün həyatı Allahın Əmrinə sədaqətlə xidmətin bir nümunəsi olmuşdur. Nə vaxtsa O, buyurub: “Baxın, şam necə yanır. O, damla-damla əriyərək həyatını verir ki, işıq saçsın”. Başqalarının yolunu işıqlandırmaq naminə Özünü bütünlüklə həsr edən Həzrət Əbdül-Bəhanın həyatı bu sözlərin təcəssümüdür. Kitaba daxil edilən hekayələr Həzrət Əbdül-Bəha haqqında yazılmış çoxlu xatirələr və söhbətlərdən kiçik bir topludur.
Həzrət Əbdül-Bəha Qərbə səfər edən zamanı yəni, 1910-1913-cü ilədək hələ Həzrət Bəhaullahın 15,000 nazil olunmuş Ayələr, Lövhlər və Kitablar, Həzrət Əbdül-Bəhanın 22,000 Lövhlər və kitablar inglis dilinə tərcümə olmamışdır. Sadəcə bir neçə dua kitabları və bəzi müqəddəs ayələr inglis dilinə çevrilmişdir. Qərbdə bəhailər həmişə soruşurdu ki, Bəhai prinsipləri necədir və Həzrət Əbdül-Bəhadan maraqlanırdılar ki, Əhdin Mərkəzi nə deməkdir. Həzrət Əbdül-Bəha onlara deyirdi, “Mənə bax, arxamca gəl, mənim kimi ol; özünü, yalnız maddi həyatını fikirləşmə, yeyirsən, ya yatırsan, rahatsan, yaxşısan, ya xəstəsən, dostlasan, ya düşmənləsən, səni tərif edirlər, ya məzəmmət―bütün bu şeylərə heç fikir verməməlisən. Mənə bax və mənim kimi ol; sən özün və bu dünya üçün ölməlisən ki, yenidən doğulasan və səma səltənətinə daxil olasan. Bir şama bax, necə də işıq saçır. O, öz canını damla-damla əridir ki, işıq saçsın”.
Həzrət Əbdül-Bəha bütün Bəhai prinsipinin və Əhdin Mərkəzinin ünsürünü bu cümlədə bəşəriyyətə xülasə etdi. Həzrət Bəhaullah buyurmuşdu ki, Həzrət Əbdül-Baha insanın Kamil bir Nümunəsidir və hamı onun kimi yaşamalıdır, amma O, Özünə nə ad seçmişdi? “Əbdül-Bəha!” Əbdül-Bəhanın mənası “Bəhanın qulu”-dur. Onun özü üçün seçdiyi bu ad Onun həyatının mahiyyətini ifadə edir, o həyat ki, Bəhai dini ardıcılları üçün Kamil bir Nümunədir. Erkən yaşlarından, hələ uşaq ikən Atasını Tehran həbsxanasında görməyə icazə verilən vaxtdan əzab və qələbələrlə dolu uzun ömür yolunun sonuna, Kərmil dağının ətəyindəki Məqamda rahatlıq tapana qədər Həzrət Əbdül-Bəha yalnız bir məqsədə can atırdı–Həzrət Bəhaullahın Əmrinə və Bəşəriyyətə xidmət etmək. Qərbə gedəndə Həzrət Əbdül-Bəhanı “Şərq Peyğəmbəri” adlandırmışdılar və bəzi möcüzəli hadisələr üçün bəhailər Həzrət Əbdül-Bəhadan soruşurdular ki, Onun məqamı nedir? Onun cavabı həmişə bu idi: “Mənim adım Əbdül-Bəhadır. Mənim sənətim Əbdül-Bəhadır. Mənim həqiqətim Əbdül-Bəhadır. Mənim tərifim Əbdül-Bəhadır. Camali-Mübarəkə bəndəlik bərq vuran və parlayan tacımdır və bəşər irqinə xidmət əbədi dinimdir...Əbdül-Bəhadan başqa nə adım, nə rütbəm, nə zikrim, nə də tərifim vardır və heç vaxt da olmayacaqdır. Bu, mənim atəşli istəyimdir. Bu, mənim ən böyük arzumdur. Bu, mənim əbədi həyatımdır. Bu, mənim əbədi şərəfimdir”.
Bu kitabın hekayələri bizi Həzrət Əbdül-Bəhanın gündəlik sadə həyat tərzi ilə tanış edir və bizə öyrədir ki bəhailər necə yaşamalı və hansı məramla həyatını keçirməlidir. O, mehriban və mülayim, səxavətli və cəsur idi. Həzrət Əbdül-Bəhanın şəxsiyyətində böyük müdriklik riqqətə gətirən təvazökarlıqla birləşirdi, Onun Allaha və insanlara məhəbbəti sonsuz idi. Həyatının hər gününü insanlara xidmətə həsr edirdi və ətrafındakı bütün insanlara sevinc gətirirdi. Yoxsul və acizlər Əbdül-Bəhanın xüsusi himayəsi altında idilər, yetimlər üçün isə O, doğma bir ata idi. Dostları Onu heyrətli dərəcədə sevirdilər, Ona kin bəsləyənlər isə Həzrət Əbdül-Bəhanın kamil şəxsiyyətində və xasiyyətində bir qüsur tapa bilmirdilər. O, Allahın Elçisi deyildi, lakin Onun bütün həyatı insan kamilliyi üçün bir nümunə idi.
Həzrət Əbdül-Bəhanın Avropa və Amerikaya çoxsaylı səfərləri―və bu zaman Onun yetmişə yaxın yaşı vardı―Bəhai dinini milyonlarla insanın tanımasına səbəb oldu. Onu kilsə və sinaqoqlara, məbəd və məscidlərə, universitet və xeyriyyə təşkilatlarına çıxış etmək üçün dəvət edirdilər. Minlərlə insanlar yüksək dövlət məmurlarından, alimlərdən və filosoflardan başlayaraq sadə fəhlələr və miskin avaralar qədər insanlar Onu görməyə gəlirdilər. Səhər ertədən gecə keçənədək Həzrət Əbdül-Bəha Öz hikməti və məhəbbəti ilə onlarla bölüşürdü. İnsanlar ruhlanmaqla, yeni ümidlərlə Ondan ayrılırdılar və həyatının çox hissəsini zindanda keçirməsinə baxmayaraq həyat haqqında son dərəcə geniş biliyə malik olan və insanı narahat edən şeyləri yüksək həssaslıqla duyan Həzrət Əbdül-Bəhaya heyran olurdular. Həzrət Əbdül-Bəhanı heç görməmiş milyonlarla insanlar Onun Özü və Missiyası haqqında çoxlu sayda qəzet məqalələrindən məlumat alırdılar.
Həzrət Əbdül-Bəha Əmrə həyatının son gününə qədər sədaqətlə xidmət edərək 1921-ci ildə Müqəddəs Torpaqda həyatını dəyişdi. Nə vaxtsa O, buyurub: “Baxın, şam necə yanır. O, damla-damla əriyərək həyatını verir ki, işıq saçsın”. Başqalarının yolunu işıqlandırmaq naminə Özünü bütünlüklə həsr edən Həzrət Əbdül-Bəhanın həyatı bu sözlərin təcəssümüdür.
Sözdən Qiymətli Əməl
HƏZRƏT ƏBDÜL-BƏHA ÜÇÜN əməl hər zaman sözdən qiymətli olub və bu da, Onun etdiyi işlərdə öz əksini tapırdı. O, bir həqiqi rəhbər kimi, heç vaxt davamçılarını özü etmədiyi işi yerinə yetirməyə çağırmırdı və həmişə onlara kömək edirdi.
Əkkada Həzrət Əbdül-Bəhanın həyatı insanlara xidmət etməklə keçirdi. O, səhər tezdən durar, çay içər vəmahiyyəti məhəbbət olan işlərinə başlayardı. Çox zaman elə olurdu ki, bütün gün yeməksiz və istirahətsiz işləyər, evə gec gələrdi. Adətən, O, ilk növbədə öz evi ilə üzbəüz kirayə tutduğu evə gedərdi. Bu evdə O, hər gün öz qonaqlarını, eləcə də kömək üçün gələn dəstə-dəstə adamları qəbul edərdi.
Məsələn, dükan açmaq istəyən bir kəs, Onun yanına məsləhət almağa gəlirdi. Başqa bir adam dövlət işlərindən birində işləməsi üçün Onun yanına zəmanət məktubu almağa gəlirdi.
Həyat yoldaşı əsgərlikdə olan bir imkansız qadın, uşaqlarla təkbaşına və çörəksiz qaldıqları üçün Ona müraciət edirdi.Yaxud kimisə Həzrət Əbdül-Bəhayanın yanına gəlib, hər hansı bir ailədə uşaqlarla necə pis rəftar edilməsindən, qadınların əri və ya qardaşı tərəfindən döyülməsindən danışırdı.
Həzrət Əbdül-Bəha təcrübəli vəkillər göndərirdi ki, imkansız adamları məhkəmədə hakimin qarşısında müdafiə etsinlər. Bu yolla O, yəqin edirdi ki, onlarla ədalətlə davranılır.
Onun yanına başqa qonaqlar―çox möhtərəm şəxslər də gəlirdi: Qubernator, din xadimləri, məhkəmə məmurları və s. Həzrət Əbdül-Bəhanın hüzuruna Onu eşitmək üçün ya tək-tək, ya da bir yerdə gəlirdilər. O, qonaqları ətirli qəhvəyə qonaq edər və onlar son xəbərləri birlikdə müzakirə edərdilər.
Onlar həmişə Həzrət Əbdül-Bəhadan məsləhət istəyər, hər hansı bir məsələni izah etməyi və ya təkliflər xahiş edərdilər, çünki onlar görürdülər ki, O, müdrikdir, insanlara sonsuz məhəbbət və anlayışla doludur və onlara həmişə kömək edirdi. Hər məhkəmə iclasından sonra hakim Həzrət Əbdül-Bəhanın görüşünə gəlirdi. O, ən çətin məsələləri Həzrət Əbdül-Bəhaya danışırdı, çünki bilirdi ki, Həzrət Əbdül-Bəha hər zaman ədalətlə mühakimə yürüdür.
Həzrət Əbdül-Bəhanın yanına kömək üçün gələnlərin sayı çox olduğundan, elə olurdu ki, bəzi günlər O, heç öz ailəsini görmürdü. Xəstələr Ondan xüsusi qayğı və diqqət görürdülər. Onlar Həzrət Əbdül-Bəhanı görməyi arzulayan zaman, O, onlara baş çəkməyə gedərdi. Hər gün hər bir xəstənin yanına bir nəfəri göndərərdi ki, onlardan necə yatdıqlarını, əhvallarını, nəyəsə ehtiyacları olub-olmadığını soruşsun. Onların dərman və başqa bir şeyə ehtiyacları olan zaman, O, lazım olan hər şeyi onlara göndərirdi. O, Öz istirahətindən və yeməyindən başqa heç vaxt heç kimə və heç nəyə laqeyd münasibət göstərmirdi.
Bəzən insanlar Həzrət Əbdül-Bəhanın köməyi müqabilində təşəkkür etmək üçün Ona şirniyyat və meyvə göndərərdilər, amma O, bütün göndərilmiş meyvələri, şirniyyatları evi ilə üzbəüz yerləşən görüş zalında hüzuruna gələn qonaqlara göndərərdi. Ərəblər Onu “Səxavətliliyin Ağası” adlandırırdılar.
Həm Tibbi, Həm Ruhani Müalicə
HƏZRƏT ƏBDÜL-BƏHA HƏM tibbi, həm də ruhani müalicənin təsirinə inanırdı. Əkkada xəstəxana olmadığı üçün, O, Nikolaki bəy adlı bir həkim tutmuşdu. Həzrət Əbdül-Bəha müntəzəm olaraq həkimin haqqını ödəyirdi ki, o, kasıblara xidmət etsin və ondan xahiş etmişdi ki, heç kəsə müalicənin haqqını kimin ödədiyini söyləməsin. Ancaq kasıblar yenə də elə bilirdilər ki, həmişə kömək üçün Həzrət Əbdül-Bəhaya üz tutmalıdırlar.
Məsələn, Naum adlı imkansız şikəst bir qadın hər həftə Həzrət Əbdül-Bəhanın yanına sədəqə almaq üçün gəlirdi. Bir gün bir nəfər şəxs qaça-qaça Həzrət Əbdül-Bəhanın yanına yaxınlaşıb dedi: “Ya Əbdül-Bəha”, yazıq Naum qızılca xəstəliyinə tutulub, heç kim onun yaxınlığına getmir, nə edək?” Həzrət Əbdül-Bəha dərhal onun yanına xidmətçi qadın göndərdi. Onun üçün kirayə ev tutdu, Özünün şəxsi yataq dəstini verdi, həkim çağırdı, ona ərzaq və lazım olan bütün şeyləri göndərdi. Sonra Özü onun yanına getdi ki, diqqətdən kənarda qalıb-qalmadığını öyrənsin. Naum vəfat edəndə isə Həzrət Əbdül-Bəha onun dəfnini təşkil etdi və dəfnin bütün xərclərini ödədi.
İnsanlara Xidmət Məramı
AMERİKANIN İLK BƏHAİLƏRİNDƏN biri Lua Getsinger Əkkada onunla nə baş verdiyini belə nəql edir. O, Həzrət Əbdül-Bəha ilə görüşmək üçün şəhər-zindana ziyarətə getmişdi. Bir gün Həzrət Əbdül-Bəha Luaya dedi ki, çox mühüm işləri olduğundan bir xəstə və yoxsul dostuna baş çəkə bilmir. Luadan xahiş etdi ki, Onun əvəzinə gedib həmin xəstəyə baş çəksin...
“Onun üçün yemək götür” Əbdül-Bəha dedi, “və ona mənim kimi qayğı göstər”. O, Luaya bu adamın harada yaşadığını söylədi. Lua isə Həzrət Əbdül-Bəhanın Öz işinin bir hissəsini ona etibar etdiyinə görə fəxr və sevinc hissi ilə oraya yollandı.
Lakin çox keçmədi ki, Lua qayıtdı. “Ey Əbdül-Bəha” o, həyəcanla dedi: “Siz yəqin təsəvvür edə bilməzsiniz ki, məni necə dəhşətli bir yerə göndərmisiniz. Bu adamın evinin üfunətindən və çirkindən, özünün görkəmindən az qala huşumu itirmişdim. Hansısa bir yoluxucu xəstəliyə tutulmamaq üçün mən oradan qaçdım”.
Həzrət Əbdül-Bəha ona kədərli və bir ata ciddiyyəti ilə nəzər saldı və dedi: “Əgər Allaha xidmət etmək istəyirsənsə, sən gərək insanlara xidmət edəsən, çünki sən onda Allahın surətini və bənzərini görə bilərsən”. Sonra Həzrət Əbdül-Bəha Luaya bu adamın evinə qayıtmağı tapşırdı.
O, dedi: “Əgər ev çirklidirsə, Sən onu təmizləməlisən. Əgər sənin qardaşının üstü çirkdirsə, onu yumalısan, əgər o, acdırsa, onu yedizdirməlisən. Bunları etməmiş geri qayıtma. Əbdül-Bəha onun üçün bu işləri dəfələrlə edib. Məgər sən bunu bircə dəfə edə bilməzsənmi?” Həzrət Əbdül-Bəha insanlara xidmət etməyi Luaya belə öyrətdi.
Bölüşmək
ÇOX ZAMAN HƏZRƏT Əbdül-Bəha ailəsi ilə birlikdə şam yeməyi zamanı Ona kasıb bir kimsənin evdə yeməyə bir şeyi olmaması barədə xəbər çatırdı. Ailə heç bir söz demədən, dərhal öz yeməklərini yığışdırıb, zənbilə qoyar və çətinliyə düşmüş ailəyə gönərirdilər. Belə hallarda Həzrət Əbdül-Bəha təbəssümlə deyərdi: “Bizə heç nə olmaz, bizim dünən də şam yeməyimiz olub, sabah yenə də olacaq”.
Qənaətli Həyat
ƏKKADA HƏBSDƏ OLARKƏN Həzrət Əbdül-Bəha gecələməyə yeri olmayanlara çox zaman öz yatağını verirdi. O, heç vaxt bir dəstdən artıq əbasının olmasına razı olmurdu. Nə üçün başqalarının bir libası belə olmadığı halda, mənim iki libasım olmalıdır?
Bir dəfə Əkka Qubernatoru Həzrət Əbdül-Bəhanın yanına gəlməli idi. Həzrət Əbdül-Bəhanın həyat yoldaşı, onun köhnə libasının bu mühüm görüş üçün yaramadığından narahat oldu. O, çox istəyirdi ki, Həzrət Əbdül-Bəha belə mühüm görüşdə daha yaxşı görünsün. Həzrət Əbdül-Bəha isə yalnız geyindiyi libasın təmizliyi və səliqəliliyinə fikir verərdi. Həzrət Əbdül-Bəhanın həyat yoldaşı nə edəcəyini düşünməyə başladı.
Nəhayət, o, Onun üçün bir dəst təzə libas (əba) sifariş emək və görüş ərəfəsində təzə libası köhnənin yerinə qoymaq qərarına gəldi. “O, əlbətdə, bu dəyişikliyi hiss etməyəcək” deyə fikirləşdi. Dərzinin tikdiyi libas həm yaraşıqlı, həm də kifayət qədər bahali idi. Görüş keçirilən gün Onun həyat yoldaşı həmin libası köhnənin yerinə qoydu.
Ancaq Həzrət Əbdül-Bəha libasını geyinmək istəyəndə, baş vermiş dəyişikliyi dərhal hiss etdi. O, bütün evi axtarmağa başladı və öz-özünə söyləyirdi: “Mənim libasım haradadır, Mənim libasım haradadır, buraya qoyulan libas mənim deyil”.
Həzrət Əbdül-Bəhanın həyat yoldaşı əslində nə baş verdiyini izah etməyə çalışanda, həmişə Özündən çox başqalarının qayğısına qalan Həzrət Əbdül-Bəha dedi: “Sən bir fikirləş, bu libası aldığın pula mən adətən geyindiyim libasdan düz beş dəst ala bilərdim. Nə üçün sən düşünürsən ki, mən bu qədər pulu özümə bir dəst libas almağa xərcləyərəm? Yaxşı, əgər sən hesab edirsən ki, mənə təzə paltar lazımdır, mən etiraz etmirəm, ancaq bu paltarı geri qaytarıb, həmin qiymətə beş dəst yeni―mənim adətən geyindiyim libasdan sifariş et. O zaman görəcəksən ki, mənim həm təzə libasım, həm də başqalarına paylamaq üçün dörd dəst artıq paltarım olacaq.
Məhəbbət Tikanı Gülə Çevirər
ƏKKANIN QUBERNATORLARINDAN BƏZİLƏRİ, Həzrət Əbdül-Bəhaya yaxşı münasibət bəsləyirdilər. Lakin onların arasında elələri də var idi ki, Onun düşmənlərinin sözlərinə qulaq asıb, Onunla ədalətsiz rəftar edirdilər. Bir gün belə bir hadisə baş verdi. Həzrət Əbdül-Bəhanın düşmənləri xəbər yaydılar ki, O, Əkkanı tərk edərək Hayfaya gedib və Karmel dağında öz bir çox dostlarının köməyi ilə alınmaz qala tikdirir və tezliklə O, Fələstini və Suriyanı zəbt edib, Türk hakimiyyətini devirəcək. Həqiqətən də Həzrət Əbdül-Bəha ailəsi ilə birlikdə təmiz dağ havası olan Hayfaya köçdü, doğrudan da burada Onun müxtəlif millətdən dostları var idi, lakin Onun tikdirdiyi qala Həzrət Babın Müqəddəs Məqamından başqa bir şey deyildi. Ancaq qubernator düşmənlərin sözlərinə inanıb, Həzrət Əbdül-Bəhanın ailəsini yenidən Əkkaya, qala-zindana qaytardı.
Ancaq bütün bəhailərə nifrət edən qubernator, bəhailərin yeganə qazanc yeri olan dükanlarını əllərindən almaq qərarına gəldi. O, polislərə əmr etdi: “Bəhailərin 15 dükanı var; sabah səhər tezdən bəhailərin―onların bütün dükanlarını bağlayıb, açarlarını mənə gətirin”.
Həmin axşam Həzrət Əbdül-Bəha dükanların sahibləri olan bəhailəri evinə dəvət edib dedi: “Sabah dükanları açmayın, səbr edin, görək Allah bizə sabah nə göndərəcək”.
Növbəti səhər Qubernator oturub açarların ona gətirilməsini gözləyirdi. Polislər gəlib xəbər verdilər ki, dükanlar bağlıdır. Qubernator onları yenidən göndərdi: “Gedin bir daha yoxlayın, dükanlar açılmayıb ki?” Polislər qayıdıb, dükanların hələ də bağlı olduğunu söylədilər. Baxmayaraq ki, dükanlar, adətən saat 7-dən açılırdı, onlar çox gözləməli oldular. Amma bu dəfə saat 10 olsa da, dükanlar hələ də bağlı idi. Qubernator dükanların gec-tez açılacağına ümid edərək, gözləməkdə davam edirdi. Bu vaxt şəhərin baş muftisi qubernatorun yanına gəldi.”İşlər necədir?” deyə Qubernator soruşdu. “Pis deyil” o, cavab verdi. “Ancaq mən Dəməşq şəhərindən məni çox kədərləndirən bir teleqram almışam”.
Qubernator teleqramı oxumağa başlayanda, rəngi avazıdı. Məktubda deyilirdi ki, hökümət onun vəzifədən uzaqlaşdırılmasını əmr edir və tezliklə polisin müşayiəti ilə Dəməşqə gətirilməsini tapşırır.
Həzrət Əbdül-Bəha Qubernatorun başına gələni eşıdəndə, onun yanına gəldi. “Siz kədərlənməməlisiniz―Həzrət Əbdül-Bəha dedi: “Bu dünyada hər şey dəyişir. Mən sizə necə kömək edə bilərəm? Həzrət Əbdül-Bəhanın bu təklifindən Qubernator bərk təəccübləndi və mütəəssir oldu. “Məni öz doğmalarımın yanından ayırırlar və onların qayğısına qalıb, kömək etməyə bir kəs yoxdur. Onun bu sözünə Həzrət Əbdül-Bəha cavab verdi: “Mən sizə kömək edərəm, siz ailənizi hara göndərmək istərdiniz?
“Əgər onlar mənim dalımca Dəməşqə gələ bilsəydilər!” Qubernator çox həyəcanla dedi.
“Mənə etibar edin”, Həzrət Əbdül-Bəha cavab verdi, “ürəyinizi sakitləşdirin. Sizin uşaqlarınızı və həyat yoldaşınızı Dəməşqə müşayət edəcəklər. Onlar sizin arxanızca oraya gələcəklər”.
Belə də oldu. Qubernatorun ailəsi Dəməşqə gələndə o, hədsiz dərəcədə xoşbəxt idi. O, ailəsini Dəməşqə gətirən adamdan ona nə qədər pul verəcəyini soruşdu. “Siz mənə heç bir şey ödəməməlisiniz” deyə o, cavab verdi. “Mən ancaq Ağanın, Həzrət Əbdül-Bəhanın əmrini yerinə yetirmişəm”.
Qubernator ona hədiyyə vermək istəyəndə isə o, belə cavab verdi: “Mənə heç bir mükafat lazım deyil, mən öz “Sərkər Ağamın əmrini yerinə yetirmişəm və buna görə də heç nə götürmərəm”.
Bu zaman Qubernator onu öz evində qonaq etmək istədi. Amma o razılaşmadı: ““Sərkər Ağam tapşırıb ki, dərhal qayıdım”.
“O zaman heç olmasa mənim bu məktubumu Həzrət Əbdül-Bəhaya çatdırın” Qubernator xahiş etdi və Həzrət Əbdül-Bəhaya belə bir məktub göndərdi: “Ey Həzrət Əbdül-Bəha, Sizə yalvarıram, məni bağışlayın. Mən sizi başa düşməmişəm, Sizi tanımamışam, mən Sizə böyük pislik etmişəm, Siz isə əvəzində mən böyük yaxşılıq etdiniz”.
Hər Şəraitdə İnsanlığa Xidmət Baxışı
BİRİNCİ DÜNYA MÜHARİBƏSİNƏ xeyli qalmış Həzrət Əbdül-Bəha bəhailəri xəbərdar etdi ki, çətin dövr üçün tədarük görsünlər. O, yaxşı məhsul almaq üçün taxıl əkməyi onlara öyrətdi. Sonra Həzrət Əbdül-Bəha taxılın yeraltı anbarda necə saxlanması haqda onlara məsləhət verdi.
Müharibə vaxtı Fələstinin başqa ölkələrlə əlaqəsi kəsildiyindən, adamlar ərzaq tapmaqda çətinlik çəkirdilər. Fələstində aclıq başlandı, çoxları acından öldü. Amma Hayfa və Əkkənin yaxınlığında yaşayanları Həzrət Əbdül-Bəha xilas etdi. Çünki onun və başqa bəhailərin taxılları ac insanları yedirtmək üçün kifayət edirdi.
Yaxınlıqda yaşayan müxtəlif millətlərdən olan adamlar öz taxıl payını almaq üçün Həzrət Əbdül-Bəhanın yanına gəlirdilər, O da taxılı orduda əsgərlərə pay bölünən kimi, bölüb paylayırdı. Beləliklə, 1914-1918-ci illərdə ölkədə minlərlə insan ölümdən xilas oldu.
İnsanların Rifahı Naminə Fədakarlıq
İNGİLİSLƏR HƏZRƏT ƏBDÜL-BƏHANIN insanların rifahı naminə fədakarlıqla xidmət etməsini yüksək qiymətləndirirdilər.
1920-ci il aprelin 20-də Hayfada Britaniya höküməti Onu Cəngavər elan etdi. Baxmayaraq ki, Həzrət Əbdül-Bəha heç zaman şöhrət axtarmırdı, lakin bu dövlətə öz hörmətini bildirmək üçün razılaşmalı oldu. Ancaq bu əlamətdar gündə də O, özünü deyil, xidmətçisini fikirləşirdi. Belə bir hadisə baş vermişdi:
Hökumət məmurları, Yerusəlimdəki Britaniya Sarayının Yerusəlimdəki nümayəndələri Allaha təmənnasız xidməti üçün hamının sevdiyi və hörmət etdiyi Həzrət Əbdül-Bəhanın şərəfinə Hayfaya yığışmışdılar. Həzrət Əbdül-Bəhanı mərasim keçirilən yerə gətirmək üçün böyük bir maşın göndərdilər. Ancaq maşın gələndə Həzrət Əbdül-Bəhanı heç bir yerdə tapa bilmədilər. Onu axtarmağa adamlar göndərdilər. Nəhayət, O, tək, müşayət olunmadan, gözlədiklərindən tamamilə başqa bir tərəfdən gəldiyini gördülər; O, təvazökarlıqla və eyni zamanda da əzəmətlə yaxınlaşırdı.
Həzrət Əbdül-Bəhanın vəfalı xidmətçisi və artıq neçə illərdir ki, öz “Sərkər Ağasını faytonda gəzdirən faytonçusu İsfəndiyar yaxınlıqda dayanmışdı. Həzrət Əbdül-Bəha üçün göndərilən gözəl maşını görəndə İsfəndiyar bərk kədərləndi. O, fikirləşdi: “Mən daha lazım deyiləm”. Ancaq Həzrət Əbdül-Bəhanın gözündən heç nə yayına bilməzdi. Öz sevimli xidmətçisini qəmli görən Həzrət Əbdül-Bəha işarə etdi ki, atları arabaya qoşsun və İsfəndiyar bir göz qırpımında Onun əmrini yerinə yetirdi. Tezliklə fayton göründü və faytonçu yerində İsfəndiyar oturmuşdu. O, əvvəlki kimi lazımlı olduğu üçün xoşbəxt idi. Onlar Qubernatorun bağına yaınlaşanda Həzrət Əbdül-Bəha İsfəndiyara dedi ki, Onu yan qapıya aparsın, çünki diqqət mərkəzində olmaq istəmirdi. Həzrət Əbdül-Bəha həmin gün Ona verilən “Ser Abbas Əfəndi” titulundan heç vaxt istifadə etməmişdi. Onu həmişə ya “Sərkər Ağa, ya da sadəcə olaraq Əbdül-Bəha kimi tanıyırdılar.
Qeybət Onu Çox Kədərləndirir
HƏZRƏT ƏBDÜL-BƏHANIN HÜZURUNDA insanlar özlərini həmişə xoşbəxt hiss edir və bu, onların yaxşı insan olmasına kömək edirdi. Əkkaya ziyarətə gedən bir qadın hesab edirdi ki, o, daha heç vaxt başqa bir insana məhəbbətdən başqa bir hiss bəsləməz. Amma Müqəddəs Torpaqda olduğu zaman bir dəfə günorta vaxtı, iki tanışı ilə otaqda söhbət edərkən o, rəfiqəsi haqqında xoşagəlməz söz işlətmişdi.
Həmin vaxt xəstələrə və kasıblara baş çəkən Həzrət Əbdül-Bəha evə qayıdırdı. O dərhal xoşagəlməz sözləri eşitmiş iki qadından birini yanına çağırdı və dedi: “Mən burada olmayanda, kimsə başqası haqqında xoşagəlməz söz işlədib” və əlavə etdi: “Bəhailər arasında məhəbbətin olmaması və bir-birinə şər atması Onu çox kədərləndirir. O, qadından xahiş etdi ki, dua oxusun və bu söhbət haqqda heç kimə heç nə deməsin.
Bir qədər keçəndən sonra hamı şam süfrəsinin arxasına yığışdı. Rəfiqəsinin arxasınca danışan qadının gözləri Həzrət Əbdül-Bəhanın mülayimlik və xeyirxahlıqla dolu gözlərinə sataşana qədər pis iş tutduğunu başa düşmürdü. Həzrət Əbdül-Bəhanın gözləri ona hər şeyi dedi və o, hönkürtü ilə ağlamağa başladı. Bir müddət Həzrət Əbdül-Bəha ona fikir vermədi. Şam yeməyi davam edirdi. Qadın isə pis iş tutduğunu anlayıb ağlayırdı.
Nəhayət Həzrət Əbdül-Bəha ona tərəf dönüb gülümsədi və sanki çağırırmış kim, bir neçə dəfə onun adını çəkdi. Elə həmin anda qadının ürəyi sevinclə doldu. O, hiss etdi ki, Həzrət Əbdül-Bəha onu bağışlayacaq və insanlara məhəbbətlə yanaşmaqda ona kömək edəcək.
İnsanların Qəlblərindən Agah
BƏZƏN ELƏ GÖRÜNÜRDÜ ki, Əbdül-Bəha insanlardan soruşmadan, onların qəlbindən keçən istəklərini bilirdi.
Bir dəfə Əbdül-Bəhanın evində şam yeməyi zamanı Onun yanında bir qadın oturmuşdu və diqqətlə Əbdül-Bəhanın müdrik nitqinə qulaq asırdı. Qadıının qarşısında su ilə dolu bir stəkan var idi. O, bu stəkana baxır və fikirləşirdi: “Ah, kaş ki, Həzrət Əbdül-Bəha mənim ürəyimi götürüb stəkandan su tökülən kimi, sıxıb oradakı maddi bağlılıqları çıxaraydı və sonra onu İlahi məhəbbətlə və anlayışla dolduraydı”.
Bu fikir qadının ağlına gələn kimi, Həzrət Əbdül-Bəha onu sanki oxudu. O, bir dəqiqəliyə söhbəti dayandırdı, heç kəs hiss etmədən xidmətçisinə farsca nəsə dedi və sonra söhbətinə davam etdirdi. Xidmətçi hiss olunmadan qadına yaxınlaşdı, onun stəkanını götürüb boşaltdı və yenidən onun qarşısına qoydu.
Həzrət Əbdül-Bəha söhbəti dayandırmadan, sərbəst şəkildə əlini uzadaraq stolun üstündəki su ilə dolu qabı götürüb qadının boş stəkanına doldurdu. Heç kim Onun nə etdiyinə fikir vermədi―heç kim, təkcə qadından başqa. Bunun nə demək olduğunu o, başa düşdü və onun qəlbi sevinclə doldu. O, indi bildi ki, buradakı hər kəsin ən gizli fikirləri və arzuları Əbdül-Bəha üçün açıq bir kitabdır və Onun məhəbbəti hamıya paylanır.
Xəstələrə Şəfa Vermək Qabiliyyəti
HƏZRƏT BAB VƏ Həzrət Bəhaullah kimi Həzrət Əbdül-Bəha da möcüzələr etmək qabiliyyətinə malik idi. Məsələn, xəstələrə şəfa vermək. Baxmayaraq ki, bəhailər öz dinlərini təbliğ edərkən, adətən, möcüzələr haqqında danışmırlar, lakin burada bir hadisə misal gətirilir.
Bu hadisə 1916-cı ilin əvvəllərində baş vermişdi. Bir dəfə Həzrət Əbdül-Bəha və onun vəfalı faytonçusu Əkkadan Nazaretə gedirdilər. Həzrət Əbdül-Bəha yorulmuşdu və onlar balaca bir kəndin kəndxudasının evində dincəlməli oldular. Orada Həzrət Əbdül-Bəha sadə bir şam yeməyindən sonra bir saata yaxın dincəldi. Sonra O, onu görmək üçün yığılan kəndin hörmətli adamları və kəndxuda ilə söhbət etmək üçün çıxdı. Adamlar kəndin həyatı haqqında danışdılar, Həzrət Əbdül-Bəha isə onlara bir neçə müdrik məsləhət verdi.
Söhbətdən sonra kəndxuda Həzrət Əbdül-Bəhaya öz gəlişi ilə böyük şərəf gətirdiyinə və məsləhətlər verdiyinə görə təşəkkür etdi. “Sizin gəlişiniz bizim kəndin adamlarına İlahi səxavət və kömək gətirdi. Ancaq mənim sizdən bir xahişim də var”.
“Nə xahişiniz var?” Həzrət Əbdül-Bəha soruşdu. “Əgər gücüm çatarsa, mən bu xahişi yerinə yetirməyə çox şad olardım”. Kəndxuda cavab verdi: “Mənim yeganə uşağım―14 yaşında bir qızım var, artıq iki ildir ki, o, vərəm xəstəliyinə tutulub. Həkimlər deyirlər ki, mənim qızım heç vaxt sağalmayacaq. Hər gün anası, mən və bütün qohumlarımızın göz yaşı axıtmaqdan başqa əlimizdən bir şey gəlmir. Allah bizə başqa uşaq verməyib. Mən hiss edirəm ki, Siz mənim qızımın sağalması üçün dua oxusanız, Allah ona ikinci həyat bəxş edər. Biz inanırıq ki, Allah sizin dualarınızı eşidir və bilirik ki, layiq olub olmadığından asılı olmayaraq, Həzrət Əbdül-Bəhanın mərhəməti hamının üzərinə yağır”. Kəndxuda bunu deyib hönkürtü ilə ağladı.
Həzrət Əbdül-Bəha cəld yerindən qalxdı. “Qızınız hardadır?” O, soruşdu. “Qonşu otaqdadır” kəndxuda cavab verdi.
Həzrət Əbdül-Bəha döşəmənin üstündə yorğan-döşəkdə uzanmış qızı gördü. Anası və ailənin başqa üzvləri onun yanında oturmuşdular. Bəziləri qıza xidmət edir, qalanları isə ancaq ağlayırdılar.
Həzrət Əbdül-Bəha baş tərəfdən ona yaxınlaşdı və onun yatağının yanında əyləşdi. O, qızın balaca əllərini əlinə alıb, nəbzini yoxladı. Qızın hərarəti çox yüksək idi və qanlı öskürəyi ara vermirdi. Tamam gücdən düşmüş uşaqdan bir dəri, bir sümük qalmışdı. Həzrət Əbdül-Bəha Öz şəfalı əlini qızın alnına qoyub, saçını sığalladı. Sonra bir fincan çay gətirilməsini xahiş etdi. Həzrət Əbdül-Bəha çaydan bir qədər içib, dua etməyə başladı. O, beş dəqiqəyə qədər dua oxudu. Sonra qalan çayı az-az qaşıqla qıza içirtdi. O, iki dəfə əlini onun alnına toxundurdu. Sonra Əbdül-Bəha yenə dua oxumağa başladı. Bu dəfə O, on dəqiqəyə qədər dua oxudu.
Sonra ayağa qalxdı və valideynləri ürəkdən inandırdı: “Heç şübhəniz olmasın, Allah sizin qızınızı tam sağaldacaq. Qəm yeməyin, ağlayıb ahu-zar etməyin. Böyük tammm inamla qulluq edin. Tezliklə qızınız sağalıb ayağa duracaq”.
Sonra O, bir neçə dəqiqəliyə qonaq otağına qayıtdı, kəndxuda və qonaqlarla vidalaşıb, evdən çıxdı və öz faytonuna oturdu.
Elə həmin gecə qız xeyli tərlədi və hərarəti tədricən düşməyə başladı. Kəndxudanın dediyinə görə iki aydan sonra onun qızı tamam sağalmışdı. 1922-ci ildə isə O, Əkkada hökümət məmurlarından birinə ərə getdi və üç sağlam uşağın anası oldu.
Qızın atası tez-tez Əkkada, Hayfada və Nazaretdə bu hadisəni danışar və hər dəfə də öz söhbətini bu sözlərlə tamamlayardı: “Zati-Müqəddəs Əbdül-Bəha qızımı mənə qaytardı”.
Ölümdən Sonrakı Həyat Haqqında Təsəlliverici
HƏZRƏT ƏBDÜL-BƏHA ölümdən sonrakı həyat haqqında çoxlu təsəlliedici sözlər bilirdi. Əkkadan olan bir qadın Həzrət Əbdül-Bəha və özünün kiçik qızı haqqında hadisəni belə nəql edirdi.
Həzrət Əbdül-Bəha onun xəstə qızını görməyə gəlmişdi. O, özü ilə iki ağ qızılgül gətirmişdi və onları uşağa verdi. Sonra səmimi bir səslə O, anaya müraciət etdi: “Sən səbrli olmalısan”.
Elə həmin gecə uşaq vəfat etdi. Ananın “nə üçün?” sualına Həzrət Əbdül-Bəha belə cavab verdi: “Bütün insanlar Allahın bağında bitən ağaclardır. Bizim ilahi Atamız isə Bağbandır. Bağban görəndə ki, bu ağacın böyüməsi üçün yer çox dardır, O, daha uyğun, daha gözəl yer hazırlayır ki, ağac böyüyə bilsin və çoxlu bar versin. Sonra Bağban həmin ağacı başqa yerə əkir. Başqa ağaclar təəccüblənir və deyirlər: “Bu gözəl ağac idi, nə üçün bağban onu yerindən çıxardı?” Onun səbəbini təkcə İlahi Bağban bilir. Sən indi ağlayırsan, ancaq görə bilsəydin ki, sənin övladın necə valehedici yerdədir, sən bir daha kədərlənməzdin. Sənin qızın indi quş kimi azaddır və şən ilahi nəğmələr oxuyur.
Əgər sən müqəddəs Bağı görə bilsəydin, özün də yer üzündə qalmaq istəməzdin. Hələ isə sənin borcun bundan ibarətdir.
Allaha Təvəkkül
BİR DƏFƏ BİR çox bəlalara düçar olmuş bir qadın Həzrət Əbdül-Bəhanın yanına gəlir. O, qadını sakitləşdirməyə çalışır: “Kədərlənməyin, əzizim, kədərlənməyin”.
Qonaq danışmağa başlayır: “Üç ildir ki, qardaşım həbsxanadadır. O, günahkar deyil, o, həbs olunmamalı idi. O, iradəsizdir, başqalarının sözünə inanır. Onun hələ dörd ili qalıb. Anamla atam gecə-gündüz onun dərdini çəkirlər. Əvvəllər bizə kürəkənimiz kömək edirdi, o da bu yaxınlarda vəfat etdi”.
Həzrət Əbdül-Bəha bu hadisədə insan faciəsini gördü. Ağıla gələn hər cür bəlalar bu ailənin üzvlərinin başına gəlib―onlar kasıb və zəifdirlər, üstəlik alçaldılmışlar; bütün ümüdlərini itirib, məyus və ümidsiz bir hala düşmüşlər.
Həzrət Əbdül-Bəha dedi: “Siz Allaha təvəkkül etməlisiniz”.
Ancaq qadın ucadan dedi: “Biz Allaha nə qədər çox təvəkkül ediriksə, o qədər də pis olur”.
“Siz heç vaxt Ona təvəkkül etməmisiniz” Həzrət Əbdül-Bəha dedi:
“Axı mənim anam bütün günü Bibliya oxuyur”, qadın cavab verdi. “Anam Allahın ona kömək etməməsinə layiq deyil. Mən özüm də Bibliya oxuyuram. Mən hər axşam yatmazdan əvəl doxsan birinci və iyirmi üçüncü psalomları oxuyuram. Mən hələ dua da edirəm”.
Həzrət Əbdül-Bəha ona məhəbbətlə baxıb dedi: “Dua eləmək―Bibliyanı oxumaq demək deyil. Dua eləmək―Allaha inanmaq və onun iradəsini qəbul etməkdir. Sən səbrli olmalı və Allahın iradəsinə itaət etməlisən, o zaman sənin həyatın dəyişəcək. Sən öz ailəni Allahın ixtiyarına ver, Allaha etibar et və Onun iradəsini sev. Möhkəm gəmilər tufanlara sinə gərirlər, onlar dalğaların üzü ilə üzürlər. Sən möhkəm gəmi ol, sınmış, dağılmış gəmi olma”.
Allah Verən Əzabın Hikməti
BİR GÜN YOL qəzasına düşmüş və nəticədə uzun müddət yataqda qalan qonşusuna baş çəkməyə gələn Həzrət Əbdül-Bəha, insanlara nə üçün əzab (bəla) verilməsi haqqında ona bir hadisə danışır.
Bir hökmdar var idi. O, öz təbəələrindən birinə yüksək vəzifə vermək istəyirdi. Amma bu vəzifəni vermək əvəzində, onu həbsxanaya saldırdı. Həmin adam çaşıb qaldı, çünki lütf gözləyirdi. Sonra hökmdar əmr etdi ki, onu çubuqla döysünlər. Bu adam yenə heç nə başa düşmədi. Axı o, elə bilirdi ki, hökmdar onu çox sevir. Sonra bu adamı boğazından asdılar və o, az qala ölmüşdü. Bu adam özünə gələndə, hökmdardan soruşdu: “Əgər sən məni sevirdinsə, bütün bunları niyə mənim başıma gətirdin?” Hökmdar ona belə cavab verir: “Mən səni özümə baş vəzir götürmək istəyirəm. Bu əzablardan sonra sən bu vəzifəyə daha çox yarayırsan. Mən istədim ki, sən özün bu əzablardan keçəsən. İndi sən kimi isə bu cür cəzalandırmalı olsan, bilərsən ki, bu nə deməkdir. Mən səni sevirəm, ona görə də istəyirəm ki, sən bu işdə mükəmməl olasan”.
Allah Verən Müsibət Xoşbəxtlikdir
BİR DƏFƏ QƏRBDƏN Əkkaya, Həzrət Əbdül-Bəhanın yanına bir qadın gəldi və başına gələn müsibətlər haqqında danışdı.
Həzrət Əbdül-Bəha diqqətlə ona qulaq asır, o isə durmadan danışırdı. Qadının başına gələn bəlalar o qədər də böyük deyildi, amma ona elə gəlirdi ki, bu dəhşətdir. Nəhayət, Həzrət Əbdül-Bəha ayağa qalxdı və dedi ki, Onun başqa bir görüşü də var və O, getməlidir.
O, pəncərəyə işarə edib, dedi “Bax, bir adam gəlir ki, mən səni onunla tanış etmək istərdim. Onun adı Mirzə Heydər Əlidir. Biz Ona Karmel dağının mələyi adını vermişik. O, yer üzündə gəzir, amma göylərdə yaşayır. Mirzə Heydər Əli öz həyatında çox müsibətlər görüb və bu müsibətlər haqqında sənə danışar.
Həzrət Əbdül-Bəha bağa çıxdı və Mirzə Heydər Əli ilə qayıtdı. Onu qonağa təqdim etdi, Özü isə başqa görüşə getdi. Mirzə Heydər Əli qadınla danışmağa başladı. İndi necə gözəl bir vaxtda yaşadıqlarını və tezliklə İlahi dövrün gəlməsi haqqında böyük təvazökarlıq və incəliklə söz açdı.
O, öz dininə görə sürgünlərə, sınaqlara və uzun illər zindan həyatına məruz qalmışdı. Qadın ona getdikcə artan səbirsizliklə qulaq asırdı. Bir qədər sonra onun sözünü kəsib dedi: “Həzrət Əbdül-Bəha dedi ki, siz mənə öz bədbəxtliklərinizdən danışacaqsınız”.
Mirzə Heydər Əli təəccübləndi: “Bədbəxtliklərdən? Xeyr, xanım, mənim heç vaxt bədbəxtliyim olmayıb. Mən ümumiyyətlə bədbəxtliyin nə olduğunu bilmirəm”.
İlahi Elm Təvazökarlıq Gətirər
HƏZRƏT ƏBDÜL-BƏHA öz həyatının əlli ildən çoxunu zindanlarda və sürgünlərdə keçirib. Uşaq vaxtı O, heç vaxt məktəbə getməyib. Gənclik dövründə isə heç bir universitet tələbələri ilə ünsiyyətdə olmayıb. Hətta yetkin yaşlarda da O, nə dünya ədəbiyyatından məşhur kitablar oxumuş, nə də yüksək təhsilli adamlarla söhbət etmişdir.
Ancaq Həzrət Əbdül-Bəha Avropa və Amerikaya səyahət edərkən böyük siyasətçilər, alimlər, filosof və görkəmli adamlarla görüşmüşdür. Siz fikirləşə bilərsiniz ki, Həzrət Əbdül-Bəhanın həyat təcrübəsi onu bu cür görüşlərə hazırlamayıb, ancaq bu belə deyil, Həzrət Əbdül-Bəha heç vaxt cahil görünməyib. Söhbət zamanı hansı mövzuya toxunulurdusa, O, hər zaman özünü tamamilə sərbəst hiss edirdi. Elə təsəvvür yaranırdı ki, Həzrət Əbdül-Bəha hər şey haqqında hamıdan çox bilir və istənilən suala çətinlik çəkmədən cavab verirdi. Ancaq eyni zamanda Öz üstünlüyünü insanlara hiss etdirmək istəmirdi. O, həmişə təvazökar, xeyirxah idi və başqalarının fikrinə diqqətlə yanaşırdı. O, həm də hamı ilə nəzakət və ehtiramla rəftar edirdi, çünki O, “hər kəsdə İlahi Atanın surətini görürdü”.
Məhəbbətin Açılmaq Sirləri
BİR GÜN BİR keşiş məqalə yazmaq məqsədilə məlumat toplamaq üçün Həzrət Əbdül-Bəhanın yanına gəlmişdi. O qədər də gənc olmayan bu keşişi nə Əbdül-Bəhanın özü, nə də Bəhai dini maraqlandırırdı. Əsasən qonaq özü danışırdı və elə sual verirdi ki, ona məqalə yazmaqda kömək etsin. Həzrət Əbdül-Bəha onun suallarına qısa, bəzən də “Bəli” və “Xeyr” sözlərilə cavab verirdi. Baxmayaraq ki, onu suallar yox, sualı verən adam maraqlandırması hiss olunurdu, o, söhbətin mövzusunu itirmirdi. Həzrət Əbdül-Bəha həmişə Özünün sevdiyi formada―əlini dizlərinin üstünə qoyaraq, sərbəst oturmuşdu. Onun baxışlarında o qədər məhəbbət və anlayış vardı ki, onu təsvir etmək çətindir. Həzrət Əbdül-Bəhanın üzü daxili nuru əks etdirirdi. Keşiş isə danışmaqda davam edirdi. Həzrət Əbdül-Bəhanın yanında oturmuş adamların səbri tükənməyə başladı. Onlar düşünürdülər ki, “nə üçün Həzrət Əbdül-Bəha bu söhbəti dayandırmır. Məgər O, görmür ki, bu boş yerə vaxt itirməkdir. Bu adamı məqalə üçün alacağı puldan başqa heç nə maraqlandırmır”. Ancaq Həzrət Əbdül-Bəha axıra qədər ona qulaq asdı.
Nəhayət, keşiş dayandı. Bir dəqiqəlik sükutdan sonra Həzrət Əbdül-Bəhanın yumşaq, məlahətli səsi eşidildi. Onun dedikləri sözbəzsöz tərcümə edilirdi. Həzrət Əbdül-Bəha Həzrət İsa Məsih haqqında, onun insanlara məhəbbəti, Xristian Missiyasının vacibliyi, Keşişlərin özündə Allahın əlamətlərini cəmləşdirməsi haqqında danışdı və qeyd etdi ki, ruhanilər insanların qəlbini möminlik həyatına cəlb etməlidir. O, gələcəkdə Məsihin yer üzündə İlahi səltənətin qurulması üçün dua etməyi əmr etməsi haqqında və Məsihin əvvəlcədən xəbər verdiyi kimi, bu Səltənətin qurulması üçün Həzrət Bəhaullahın Zühur etməsi barəsində danışdı.
Təxminən beş dəqiqə ərzində keşiş tamamilə dəyişdi. O, Həzrət Əbdül-Bəhaya baş əyib, bir dəqiqəliyə bir şagird kimi Onun ayaqları yanında donub qaldı. Sanki o, və o otaqda olanlar da, tamam başqa bir aləmə düşdü. Keşişin üzü nurlandı, sanki onun daxilində işıq yandı.
Həzrət Əbdül-Bəha qalxıb, qonağı mehribanlıqla bağrına basıb, qapıya qədər ötürdü. O, orada dayandı və gözləri sübh çağı Onun dostlarından birinin gətirdiyi qızılgül dəstəsinə dəydi. Dəstədə ən azı qırx, bəlkə də altmışa yaxın qızılgül var idi. Onlar o qədər çox, saplaqları uzun idi ki, onları heç bir güldana qoymaq mümkün deyidi və ona görə də onları çətir qabına qoymalı oldular.
Gülləri görəndə Həzrət Əbdül-Bəha güldü. Onun uşaq gülüşü bütün otağa yayıldı. O, dayandı, gül dəstəsini götürüb qonağa uzatdı. Keşiş yerində dayanıb qalmışdı. Onun bəyaz saçları, gül dəstəsinin arxasından görünürdü. O, tamam dəyişmiş, nurlanmış və sakitləşmişdi. Bəli, Həzrət Əbdül-Bəha Allaha məhəbbəti necə aşılamağı yaxşı bilirdi.