top of page

 

 

Professor Forelə Ünvanladığı Lövh

Həzrət Əbdül-Bəha

Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili


 

Mündəricat


Ey Möhtərəm Şəxs, Həqiqət Aşiqi!    5
Materialistlər Haqqında    6
Əqli Qabiliyyətlər    7
Böyümə Qüvvəsi Ruhdur    8
Fitri Güc    10
Filosofların Məktəbləri    11
Allahın Mahiyyəti    12
Birləşmə Növləri    13
İnsanın Mahiyyəti    15
Qeyri-Məhdud Sonsuz Qüvvə    16
Təbiətin Mahiyyəti    17
Ağlın Və Ruhun Gücləri    20


Həzrət Əbdül-Bəha Haqqinda    23
 

 


Ön Söz


AVQUST HENRİX FOREL (1848-1931) psixiatr, biologiya sahəsində fəal avanqard və maarifçi artıq yetkin çağlarında və həyat təcrübəsi ilə müdrikləşmiş bir yaşda, 1920-ci ildə yeni yayılmaqda olan Bəhai Dini ilə tanış olmuşdu. 1908-ci ildə Lev Tolstoy kimi, Forel də Bəhai Dininə heyran olmuşdu. Lakin Bəhai dini onun ictimai-siyasi baxışlarına və məqsədlərinə çox uyğun olsa da, Forel uzun illər ərzində apardığı axtarışların və elmi araşdırmaların nəticələrindən hasil olan, “ideal və maddi olanın birliyi” (Monizm) dünyagörüşündən əl çəkmək istəmirdi. Ona görə də Forel, Bəhai Dininin Banisi Həzrət Bəhaullahın (1817-1892) böyük oğlu Həzrət Əbdül-Bəhaya (1844-1921) məktub göndərdi və o, məktubda soruşdu ki, Forel, monist qalmaqla Bəhai Dininin ardıcılı ola bilərmi. Həzrət Əbdül-Bəhanın Forelə verdiyi öyrədici və hərtərəfli cavab məktubu dini və elmi, ruha və materiyaya aid məsələlərin, habelə elmi araşdırmaların xarakteri və həyatın mənasının işıqlandırılması cəhətdən mükəmməl bir sənəddir.


(Professor Doktor Forelə Lövhün alman nəşrinin öz sözündən alınmışdır)


“Ölümündən əvvəl o, vəsiyyətnaməsində yazmışdı: “Mən Bəhai oldum. Arzu edirəm ki, bu din yaşasın və bəşəriyyətin faydası üçün çiçəklənsin; mən səmimiyyətlə bunu arzu edirəm”.
 

 


Ey Möhtərəm Şəxs, Həqiqət Aşiqi!
Çox hörmətli cənab, professor Forel!
Allahın xeyir-bərəkəti sizin üzərinizə olsun!

Odur Allah!

Ey möhtərəm şəxs, həqiqət aşiqi! Sizin 28 iyul 1921-ci il tarixli məktubunuz alınmışdır. Onun məzmunu çox məmnunedici idi və onu göstərirdi ki, həmd olsun Allaha, Siz hələ gəncsiniz və həqiqəti axtarırsınız, sizin zəkanız güclü, əqlinizin qənaətləri aydındır.

 

Mənim doktor Fişerə yazdığım məktubun çoxsaylı nüsxələri hər tərəfə yayılmışdır və hər kəs bilir ki, bu 1910-cu ildə yazılmışdır. Bundan başqa, müharibədən əvvəl də bu məzmunda çoxlu məktublar yazılmışdı. San-Fransiskoda universitet qəzetində bu suallara istinad edilmişdi, qəzetin tarixi də dəqiq məlumdur. Eynilə də, həmin universitetdə aydın ifadə olunmuş fikirləri geniş fikirli filosoflar yüksək dərəcədə təqdir etmişdilər. O sənədin bir nüsxəsi də əlavə olunur və göndərilir. Sizin işlərinizin, şübhəsiz, böyük faydası vardırvə əgər onlar dərc olunmuşsa, hər birindən bir nüsxə bizə göndərin.

 


 
Materialistlər Haqqında


İLAHLIQ MƏSƏLƏSİ İLƏ bağlı inancları izah edilmiş materialistlər haqqında danışarkən, filosofların hamısı deyil, duyğularla qavranılan şeylərə sitayiş edən, yalnız beş duyğudan asılı olan, idrak meyarı ancaq duyğu orqanları ilə qavranılan şeylər olan dar görüşlü filosoflar qrupu nəzərdə tutulurdu. Duyğu ilə qavranılan hər şey onlar üçün gerçəkdir, duyğulara tabe olmayan qalan hər şey isə ya gerçək deyil, ya da şübhəlidir. Hətta Allahın mövcudluğunu belə onlar tamamilə şübhə altına alırlar.


Sizin də yazdığınız kimi, filosofların hamısı deyil, dar düşüncəli filosoflar nəzərdə tutulurdu. Sokrat, Platon və Aristotel kimi, Allahı qəbul edən filosoflara gəldikdə, onlar, həqiqətən, hörmətə və ən yüksək təqdirə layiqdirlər, çünki onlar insanlığa görkəmli xidmətlər etmişlər. Eynilə də, biz materialist, mahir, mütəvazi filosofları da təqdir edirik ki, onlar xidmət göstərmişlər.


Biz bilik və hikməti bəşərin tərəqqi təməli hesab edir və geniş baxışlı filosofları yüksək dəyərləndiririk. San-Fransisko Universitetinin jurnalını oxuyun ki, həqiqət sizə məlum olsun.

 


 
Əqli Qabiliyyətlər


İNDİ ƏQLİ QABİLİYYƏTLƏRLƏ bağlı—onlar, həqiqətən, ruhun fitri xassələridir, necə ki, işıq şüaları günəşin ayrılmaz xüsusiyyətləridir. Günəşin şüaları təzələnir, lakin günəşin özü isə həmişə eyni və dəyişməz qalır. Baxın ki, insan zəkası necə inkişaf edir və zəifləyir, bəzən hətta yox da olur, amma ruh isə dəyişmir. Əqlin üzə çıxması üçün insan bədəni salamat olmalıdır; sağlam ağıl isə ancaq sağlam bədəndə ola bilər, halbuki, ruh bədəndən asılı deyil. Məhz ruhun gücü ilə ağıl dərk edir, təsəvvür edir və təsir göstərir, ruh isə azad bir qüvvədir. Ağıl mücərrəd şeyləri konkret olan şeylər vasitəsilə dərk edir, amma ruhun özünün sonsuz təzahürləri vardır. Ağılın bir çərçivəsi var, ruh isə hüdudsuzdur. Məhz görmə, eşitmə, dadbilmə, iybilmə və lamisə duyğuları vasitəsilə ağıl dərk edir, halbuki ruh bütün vasitələrdən azaddır. Müşahidə etdiyiniz kimi, ruh, istər yatmış olsun, istərsə oyaq, hərəkətdədir və daim işləyir. Mümkündür ki, yatdıqda belə, oyaq ikən həlli tapılmayan mürəkkəb bir məsələnin həllini tapsın. Bundan əlavə, ağıl, duyğular işləməyədə dərk edə bilmir, rüşeym mərhələsində və erkən körpəlikdə ağıl gücü tamamilə görünmür, halbuki, ruh həmişə tam gücə malikdir. Qısası, kifayət qədər sübutlar vardır ki, ağlın itirildiyi təqdirdə belə, ruhun gücü mövcud olmaqda davam edir. Lakin ruhun özünün müxtəlif dərəcə və məqamları vardır. Minerallarda ruhun olması ilə bağlı: bu şübhəsizdir ki, minerallar da o məqamın tələblərinə uyğun ruh və həyata malikdirlər; belə ki, hətta materialistlərə o mübhəm sirr aydın olmuşdur ki, bütün varlıqların həyatı vardır, necə ki Quranda buyrulur: “Hər şey canlıdır”.
 
 


Böyümə Qüvvəsi Ruhdur


BİTKİLƏR ALƏMİNDƏ DƏ, həmçinin, böyümə qüvvəsi vardır və bu böyümə qüvvəsi ruhdur. Heyvanlar aləmində hissetmə duyğuları vardır, insan aləmində isə hər şeyi əhatə edən bir qüvvə vardır. Sonuncudan əvvəlki bütün bu qeyd edilən mərhələlərdə ağıl gücü mövcud deyil, lakin ruh mövcuddur və özünü təzahür etdirir. Hissetmə duyğusu ruhu dərk etmir, lakin ağılın idrak qüvvəsi onun mövcud olduğunu isbat edir.


Eynilə də, ağıl hər şeyi əhatə edən və görünməyən Gerçəkliyin mövcudluğunu sübut edir, və o, özünü bütün mərhələlərdə təzahür etdirir, onun(ruhun) mahiyyətini dərk etmək isə ağlın (idrakın) fövqündədir. Beləliklə, necə ki, minerallar aləmi bitkilər aləminin nə təbiətini, nə də kamilliklərini dərk etməyə qabil deyil; o cür də bitkilər heyvanların təbiətini, heyvanlar isə qalan hər şeyi əhatə edən və açan insan gerçəkliyinin mahiyyətini dərk edə bilmir.


Heyvanlar təbiətin əsiridir və onun qanun-qaydalarını aşa bilməz. Lakin insanda təbiət dünyasının fövqündə olan kəşfetmə (nüfuzetmə) gücü vardır və bu güc təbiətin qanunlarını dərk və idarə edir və onun əksinə hərəkət edə bilir. Günəşin özü bütün əzəməti ilə təbiətə o dərəcədə tabe olur ki, özünün heç bir iradəsi yoxdur və onun qanunlarından bir tük qədər də yayına bilmir. Eynilə də, bütün başqa varlıqlar—istər mineral, bitki yaxud da heyvan olsun—təbiətin qanunundan çıxa bilmir, əskinə, hamısı onun əsiridir. Lakin insan, onun bədəni təbiətin əsiri olsa da, ağlı və ruhu ilə azaddır və təbiətin üzərində ağadır (hakimdir).


Baxın: təbiətin qanununa uyğun olaraq, insan yer üzündə yaşayan və hərəkət edən bir canlıdır, lakin onun ruhu və ağlı təbiətin qanununu pozur, hətta quş kimi havada uçur, yüksək sürətlə dənizlərin üstündən keçir, balıq kimi dərinliklərə baş vurur və oradakı şeyləri kəşf edir. Bu, həqiqətən, təbiətin qanunlarının ən böyük məğlubiyyətidir.


Elektrik qüvvəsi də belədir: insan, dağları parçalayan bu ramedilməz şiddətli gücü şüşə kürəciyin içərisinə salmışdır! Bu, təbiətin qanunlarının aşkar pozulması deməkdir. Eynilə də, insan, təbiətin öz qanunlarına görə gizli qalmalı olam mübhəm sirləri açır və onları görünməz müstəvidən görünən müstəviyə keçirir. Bu da təbiətin qanunlarının pozulmasıdır. Eynən bu cür də o, şeylərin daxili xassələrini açır ki, bunlar da təbiətin sirləridir. O, həmçinin, yaddaşdan silinmiş keçmiş hadisələri üzə çıxarır və induksiya gücü ilə hələ məlum olmayan gələcək hadisələri öncədən deyir. Bundan əlavə, rabitə və kəşflər, təbiətin qanunları ilə böyük olmayan məsafəyə qədər məhdudlaşdırılmışdır, halbuki insan, bütün şeylərin mahiyyətini açan daxili qüvvəsi ilə Şərqi və Qərbi birləşdirir. Bu da təbiətin qanunlarının pozulmasıdır. Eynilə də, təbiətin qanununa görə bütün kölgələr yox olur, insan isə onu lövhənin üzərində əks etdirib saxlayır və bu da təbiətin qanununun pozulmasıdır. Düşünün və fikirləşin: bütün elmlər, incəsənət, sənətlər, ixtira və kəşflər nə vaxtsa təbiətin sirri olmuşdur və təbiətin qanunlarına uyğun olaraq gizli də qalmalı idilər; lakin insan öz dərketmə gücü ilə təbiətin qanunlarına müdaxilə edir və bu gizlənmiş sirləri görünməz aləmdən görünən aləmə gətirir. Yenə də, bu, təbiətin qanunlarının pozulmasıdır.
 

 


Fitri Güc


XÜLASƏ, İNSANIN GÖZƏ görünməyən fitri gücü qılıncı təbiətin əlindən alır və bu qılıncla da onun özünə ağır zərbə endirir. Qalan varlıqlar isə, onlar nə qədər böyük olsalar da, bu kamilliklərdən məhrumdurlar. İnsanda iradə və ağıl var, təbiət isə bunlardan məhrumdur. Təbiətin azadlığı yoxdur, insan isə azaddır. Təbiət idrakdan məhrumdur, insan isə dərk edir. Təbiət keçmiş hadisələrdən xəbərsizdir, insan isə onlardan agahdır. Təbiət gələcəyi görə bilmir; insan isə öz nüfuzetmə qüvvəsi ilə gələcək şeyləri bilir. Təbiət özünün fərqində deyil, insan isə hər şeyin haqqında bilir.


Kimsə fərz etsə ki, insan təbiət dünyasının bir hissəsidir və bütün bu kamilliklərə malikdir, bunlar isə təbiət dünyasının təzahürləridir, odur ki, təbiət bu kamilliklərin yaradıcısıdır və onlardan da məhrum deyil, onda o şəxsə cavab verib deyin: hissə bütövdən asılıdır; hissə bütövün malik olmadığı kamilliklərə malik ola bilməz.


Təbiət deyəndə xassələr və şeylərin mahiyyyətindən çıxan zəruri münasibətlər məcmusu nəzərdə tutulur. Bu şeylərin ünsürləri son dərəcə müxtəlif olsa da, bir-birilə sıx bağlıdır. Bütün bu müxtəlif ünsürlər üçün vahid bir birləşdirici vasitə lazımdır ki, onların hamısını bir-birinə bağlasın. Məsələn, insan bədənini təşkil edən müxtəlif üzvlər və əzalar, hissələr və elementlər fərqlənsələr də, insan ruhu kimi məlum olan o birləşdirici ünsürlə (güclə) bir-birinə bağlanmışdır ki, bu ruh onların mükəmməl harmoniya və ciddi müntəzəmliklə işləməsini təmin edir və beləliklə, həyatın davam etməsini mümkün edir. İnsan bədəninin özü isə bu birləşdirici ünsür barəsində heç nə bilmir, baxmayaraq ki, o, bu birləşdirici ünsürün diktəsi altında tam qanunauyğunluqla hərəkət edir və öz funksiyalarını yerinə yetirir.

 


 
Filosofların Məktəbləri


İNDİ FİLOSOFLARA GƏLDİKDƏ, onlar iki məktəbə mənsubdurlar. Birinin nümayəndəsi müdrik Sokratdır ki, Allahın varlığına və ölümdən sonrakı həyata inanırdı; onun fikri dar düşüncəli insanların fikirlərinə əks olduğu üçün bu ilahi müdriki zəhərlədilər. Bütün ilahi filosoflar, aqillər və ariflər, bu sonsuz varlıqları müşahidə edəndə, gördülər ki, bu böyük və sonsuz kainatda hər şey minerallarda qurtarır, minerallar aləminin nəticəsi isə bitkilər aləmidir, bitkilər aləminin nəticəsi heyvanlar aləmi, heyvanlar aləminin nəticəsi isə insan aləmidir. Bu sonsuz kainatın bütün əzəməti və həşəməti ilə son nəticəsi insanın özüdür ki, o, bu varlıq dünyasında bir müddət müxtəlif xəstəlik və ağrılarla əzab-əziyyət çəkir, sonda özündən sonra heç bir iz və bəhrə qoymadan yox olub gedir. Əgər belə olsaydı, şübhəsiz ki, bu intəhasız kainatın bütün kamillikləri ilə heç bir səmərə, heç bir bəhrə, heç bir daimilik və təsirə malik olmadan boş və yalan olması üzə çıxardı. Onda onun heç bir mənası olmazdı. Beləliklə, onlar inandılar ki, bu belə deyil, öz əzəməti ilə ağılları heyran edən bu Böyük Emalatxana özünün bütün sonsuz kamillikləri ilə, bu mənasızlıqla bitə bilməz və ona görə də başqa bir dünya mütləq vardır və necə ki, bitkilər aləmi insan aləmindən agah deyil, eləcə də biz, insanın buradakı həyatının ardınca gələn Böyük Həyat haqqında bilmirik. Lakin bizim o həyatı dərk etməməyimiz onun mövcud olmamasına dəlalət etmir. Məsələn, minerallar aləmi, insan aləmindən tamamilə bixəbərdir və bunu dərk edə bilməz, lakin bir şey haqqında bilməmək onun mövcud olmamasının sübutu deyil. Nə qədər qəti dəlillər vardır ki, bu sonsuz dünyanın insanın buradakı həyatı ilə bitmədiyini nümayiş etdirir.


 


 
Allahın Mahiyyəti


İNDİ İSƏ ALLAHIN Mahiyyəti haqqında: Həqiqətən, o, özünün mahiyyətindən kənar heç nə ilə müəyyən oluna bilməz və heç vəchlə dərk edilə bilməz. Zira insanın dərk edə biləcəyi hər şey bir məhdud gerçəklikdir və məhdudiyyətsiz deyil; əhatə olunandır, hər şeyi əhatə edən deyil. O, insan tərəfindən dərk edilə və idarə oluna bilər. Bu da yəqindir ki, insanın bütün təsəvvürləri asılılıqlara bağlıdır, mütləq deyil; onlar ağılda mövcuddur, gerçəkdə deyil. Bundan əlavə, asılılıqlar dünyasında mərhələlər arasındakı fərqlər idraka mane olur. Elə isə asılı olan mütləq olan Gerçəkliyi necə dərk edə bilər? Öncə də qeyd edildiyi kimi, asılılıqlar aləmində mərhələlər (məqamlar) arasındakı fərqlər dərk etməyə bir əngəldir. Minerallar, bitkilər və heyvanlar insana xas olan və bütün şeylərin həqiqətini açan əqli qabiliyyətdən məhrumdur, lakin insan özündən aşağıda bütün həyat mərhələlərini dərk edir. Hər bir üstün mərhələ aşağı mərhələni dərk edir və onun təbiətini açır, lakin aşağı olan yuxarı məqamın mahiyyətindən agah deyil və onu dərk edə bilməz. Beləliklə insan İlahiliyin Mahiyyətini dərk edə bilməz, lakin öz əqli gücü ilə, müşahidəsi və məntiqi ilə, fitri qabiliyyətləri və imanınının nüfuzedici gücü ilə Allaha inana, Onun Fəzlinin nemətlərini aşkar edə bilər. O yəqin olur ki, İlahi Mahiyyət gözə görünməsə də, İlahinin mövcudluğu duyğularla hiss edilməsə də, qəti ruhani dəlillər o görünməz Gerçəyin mövcudluğunu təsdiq edir. İlahi Mahiyyət öz-özlüyündə, mahiyyəti etibarilə, hər hansı təsvirin fövqündədir. Məsələn, efirin təbiəti məlum deyil, amma o mövcuddur və bu, onun təzahür etdirdiyi təsirlərlə müəyyən olunur, istilik, işıq və elektrik onun dalğavari hərəkətidir və bu dalğavari hərəkətlərlə biz onun mövcudluğunu müəyyən edirik. İlahi Fəzlin nemətlərinə baxdıqda, biz Allahın mövcudluğunda əmin oluruq. Məsələn, biz müşahidə edirik ki, varlıqların mövcudluğu müxtəlif elementlərin birləşməsi ilə şərtlənir, onların qeyri-mövcudluğu isə tərkib elementlərin dağılmasının nəticəsidir. Çünki dağılma müxtəlif tərkib elementlərin bir-birindən ayrılmasıdır. Beləliklə, biz müşahidə edirik ki, elementlərin birləşməsi varlıqlarına meydana çıxmasına səbəb olur və bilərək ki, bu varlıqlar sonsuzdur, varlıqlar sonsuz isə, onda Səbəb necə sonlu ola bilər?

 


 
Birləşmə Növləri


BİRLƏŞMƏ ÜÇ CÜRDÜR, yalnız üç cürdür: təsadüfi, zəruri və özbaşına (şüurlu). Varlıqların müxtəlif tərkib elementlərinin birləşməsi təsadüfi ola bilməz, çünki hər bir nəticə üçün səbəb olmalıdır. Bu məcburi (zərurətdən doğan) ola bilməz, elə isə onda birləşmə tərkib elementlərin daxili xassəsi olmalıdır və bu daxili xassə ondan heç vəchlə ayrıla bilməz, necə ki, işıq şeyləri aydınlığa çıxarır, istilik elementləri genişləndirir, günəş şüaları günəşin ayrılmaz xassəsisidir. Beləlikə bu şərtlər altında hər hansı bir strukturun parçalanması mümkün deyil, çünki bir şeyin xassəsi ondan yarıla bilməz. Üçüncü birləşmə qalır ki, bu da özbaşına (şüurlu) birləşmədir və bu, görünməz güc Qədim Qüvvə kimi təsvir edilmişdir—o bu elementlərin bir araya gəlməsinə səbəb olur və hər bir birləşmə də fərqli bir varlığın meydana çıxmasına gətirir.


Bizim o İlahi Gerçəkliyə aid etdiyimiz iradə, bilik və digər qədim sifətlərə və kamilliklərə gəldikdə isə, bunlar varlıqların mövcudluğunu bu görünən aləmdə əks etdirən əlamətlərdir, dərkedilməz İlahi Mahiyyətin mütləq kamillikləri deyildir. Məsələn, biz yaradılmış şeylərə baxanda, sonsuz kamilliklər müşahidə edirik, yaradılmış şeylər isə son dərəcə nizam və kamillik içində olarkən, biz qənaətə gəlirik ki, bu varlıqların mövcudluğunun asılı olduğu Qədim Qüvvə onlar barədə bilgisiz ola bilməz; Odur ki, biz Ona Hər Şeyi Bilən deyirik. Bu yəqindir ki, O, qüdrətsiz deyil, onda bu, Ən Qüvətli olmalıdır; O, yoxsul deyil, hər şeyə Malikdir. O, mövcudluqdan məhrum deyil, əbədiyaşar olmalıdır. Burada bizim o Universal Həqiqətə aid etdiyimiz bu sifət və kamillikləri sadalayarkən məqsədimiz insan ağlının dərk edə biləcəyi kamillikləri təsdiq etmək deyil, o Varlığın qüsurlardan azad olmasını göstərməkdir. Ona görə də biz deyirik ki, Onun sifətləri dərkedilməzdir.


Xülasə, bizim ona aid etdiyimiz bütün bu keyfiyyətləri və sifətləri ilə Universal Həqiqət bütün udrak və anlayışdan müqəddəs və münəzzəhdir. Lakin biz bu sonsuz kainat üzərində geniş baxışla düşündükdə, müşahidə edirik ki, hərəkətverici qüvvə olmadan hərəkət, səbəb olmadan nəticə mümkün deyildir; hər bir varlıq bir sıra təsirlər altında meydana çıxmışdır və davamlı olaraq reaksiyalara məruz qalır və özü də təsir göstərir. Bu təsirlər də, öz növbəsində daha başqa təsirlərdən meydana çıxır. Məsələn, bitkilər bahar yağmurlarının təsir altyında böyüyür və çiçəkləyir, bu zaman buludlar isə başqa təsirlərin altında formalaşır və o təsirlərin özləri də yenə başqa təsirlərə məruz qalır. Məsələn, bitkilər və heyvanlar, bu günkü filosofların hidrogen və oksigen adlandırdıqları amillərin təsirləri altında byüyür və inkişaf edir və bu iki elementə təsir göstərir. Bu ikisi də öz növbəsində daha başqa təsirlər altında formalaşır. Eyni şeyi başqa varlıqlar haqqında da demək olar, onlar istər başqa şeylərə təsir etsinlər, ya da təsirə məruz qalsınlar.


Bu səbəb-nəticə prosesinin sadəcə sonsuzluğa qədər davam etməsi aşkar bir mənasızlıqdır (absurddur). Belə bir səbəb-nəticə zənciri qaçılmaz olaraq Əbədiyaşar və Qüdrət Sahibi bir Kəsdə bitməlidir, O Kəs ki, heç nədən asılı deyil və Özü Son Hədd Səbəbdir. Bu Universal Gerçəklik duyğularla qavranıla bilməz, gözə gürünməz. Və O, belə də olmalıdır, çünki O, hər şeyi Əhatə Edəndir, əhatə olunan deyil və bu cür sifətlər nəticəyə xasdır, səbəbə deyil.
 

 


İnsanın Mahiyyəti

 

BİZ MÜŞAHİDƏ ETDİKCƏ görürük ki, insan meyvənin içində olan bir mikroorqanizmə bənzəyir; bu meyvə çiçəkdən törəmişdr, çiçək isə ağacdan çıxmışdır, ağac şirə ilə qidalanır, şirə isə torpaqdakı maddələr və sudan formalaşmışdır. Elə isə bu mikroorqanizm bağın təbiətini necə anlaya bilər, bağbanı necə başa düşər və onun varlığını necə dərk edər? Aydındır ki, bu mümkün deyil. O orqanizm dərk etsə və fikirləşsəydi, başa düşərdi ki, bu bağ, bu ağac, bu çiçək və bu meyvə bu nəzmi-nizam və kamillikdə heç cür özbaşına meydana çıxa bilməzdi. Eynilə də aqil və düşünən insan yəqin biləcək ki, bu sonsuz kainat bütün əzəməti və mükəmməl nizamı ilə öz-özünə yarana bilməzdi.


Eynilə də varlıq dünyasında öncə qeyd etdiyimiz efir kimi gözə görünməyən qüvvələr vardır ki, duyğularla qavranılmır, gözlə görünmür. Lakin onun törətdiyi təsirdən, onun dalğalarından və titrəyişlərindən, işıq, istilik və elektrik qüvvəsi yaranır və meydana çıxır. Bu cür də böyümə, hssetmə, anlayış, fikir, yaddaş, təxəyyül və bəsirət qüvvələri vardır; bütün bu daxili qüvvələr gözə görünmür və duğularla hiss olunmur, lakin hamısı göstərdiyi təsirlə ortadadır.

 


 
Qeyri-Məhdud Sonsuz Qüvvə


İNDİ İSƏ QEYRİ-MƏHDUD sonsuz Qüvvə barədə; məhdudiyyətin özü qeyri-məhdudluğun mövcudluğunu isbat edir, zira məhdud qeyri-məhdudla bilinir, necə ki zəiflik qüvvətin, cahillik biliyin, yoxsulluq zənginliyin olduğuna sübutdur. Zənginlik olmadan yoxsulluq olmazdı, biliksiz cahillik, işıqsız qaranlıq olmazdı. Qaranlığın özü işığın olmasının sübutudur, çünki qaranlıq işığın olmamasıdır.


 
 
Təbiətin Mahiyyəti


İNDİ İSƏ TƏBİƏT barədə, bu, şeylərin mahiyyətinə xas olan daxili (fitri) xassələrdən və zəruri münasibətlərdən başqa bir şey deyildir. Və bu sonsuz sayda gerçəkliklər(varlıq formaları) təbiətləri etibarilə müxtəlifdir, lakin onlar son dərəcə ahəng içindədirlər və bir-birilə sıx bağlıdırlar. İnsan baxışını genişləndirəndə və məsələyə diqqətlə baxanda yəqinliklə müəyyən edə bilər ki, hər bir gerçəklik başqa bir gerçəkliyin zəruri şərtidir. Odur ki, bu müxtəlif və sonsuz gerçəklikləri (varlıq formalarını) əlaqələndirmək və bir ahəngə salmaq üçün ümumi vəhdət yaradan bir Qüvvə zəruridir ki, mövcud olan varlığın hər bir hissəsi öz funksiyasını mükəmməlliklə yerinə yetirə bilsin. İnsan bədəninə baxın, hissəni bütövün göstəricisi kimi götürün (hissə bütövün qanunlarına tabedir). Baxın ki, insan bədəninin bu müxtəlif hissələri və üzvləri necə bir-birilə bağlıdır və bir-birilə ahəngdar vəhdətdədir. Hər bir hissə qalan bütün hissələr üçün zəruri şərtdir və özünün də funksiyası var. Ümumi birləşdirici vasitə məhz ağıldır ki, hər biri öz xüsusi funksiyasını mükəmməl bir qaydada yerinə yetirən tərkib hissələri bir-birilə birləşdirir və bununla da, əməkdaşlıq və bir-birinə təsir mümkün olur. Bütün hissələr mövcudluğun müəyyən zəruri qanunlarına uyğun fəaliyyət göstərir. Bütün bu hissələri idarə edən həmin o birləşdirici vasitə hər hansı bir formada zədələnsə, şübhəsiz ki, tərkib hissələr və üzvlər lazımi qaydada funksiyalarını yetirə bilməyəcəklər; və o birləşdirici qüvvə insan bədənində duyulmasa da, yaxud görünməsə də, mahiyyəti bilinməsə də, onun təsirləri ən böyük güclə özünü təzahür etdirir.


Beləliklə, bu isbat olundu və müəyyən edildi ki, ecazkar kainatdakı bu sonsuz varlıqlar yalnız o zaman öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilər ki, o Universal Mahiyyət tərəfindən yönəldilsin və idarə olunsun və beləcə, dünyada nizam bərqərar olsun. Məsələn, insan bədəninin tərkib hissələri arasında qarşılıqlı təsir və əməkdaşlıq aşkar və mübahisəsizdir, lakin bu kifayət deyil; ümumi vəhdət yaradıcı vasitə zəruridir ki, tərkib hissələri yönəltsin və idarə etsin ki, bu hissələr qarşılıqlı təsir və əməkdaşlıqla öz zəruri və müvafiq funksiyalarını mükəmməl bir qaydada yerinə yetirə bilsinlər.


Allaha həmd olsun, siz yaxşı bilirsiniz ki, istər böyük olsun, istər kiçik, bütün varlıqlar arasında qarşılqlı təsir və əməkdaşlıq aşkardır və isbat olunmuşdur. Böyük cisimlərin qarşılıqlı təsiri gün kimi aşkardır, lakin kiçik cisimlərin halında isə, qarşılıqlı təsir bilinməsə də, hissə bütövin qanunauyğunluqlarına tabedir. Ona görə də bütün bu qarşılıqlı təsirlər o hər şeyi əhatə edən Qüvvə ilə bağlıdır ki, o da onların oxu, mərkəzi, mənbəyi və hərəkətverici qüvvəsidir.


Məsələn, bizim müşahidə etdiyimiz kimi, insan bədəninin tərkib hissələri arasındakı əməkdaşlıq aydın bir şəkildə bərqərar olmuşdur və bu hissələr və üzvlər bədənin bütün təkib hissələrinə xidmət göstərir. Məsələn, əl, ayaq, göz, qulaq, ağıl, təxəyyül—bunların hamısı insan bədəninin müxtəlif hissə və üzvlərinə kömək edir, lakin bütün bu qarşılıqlı təsirlər görünməz, hər şeyi əhatə edən bir qüvvə ilə bir-birinə bağlanmışdır ki, bu qüvvə, bu qarşılıqlı təsirlərin mükəmməl bir nizamda üzə çıxmasına səbəb olur. Bu insanın daxili qüvvəsidir, onun ruhu və ağlıdır ki, heç biri gözə görünmür.


Eynilə də, zavod və fabriklərə və onların müxtəlif maşın və mexanizmləri arasındakı qarşılıqlı əlaqəyə baxın ki, onlar bir-birləri ilə necə əlaqəlidir. Lakin bütün bu münasibət və qarşılıqlı təsirlər onların hərəkətverici qüvvəsi, onların mərkəzi oxu və enerji mənbəyi olan mərkəzi bir qüvvəyə bağlıdır. Bu mərkəzi qüvvə ya buxar qüvvəsi, ya da idarəedici insanın bacarığıdır.


Ona görə də bu aşkar və isbat olur ki, varlıqlar arasında qarşılıqlı təsir, əməkdaşlıq, qarşılıqlı əlaqə kainatdakı bütün qarşılıqlı təsirlərin mənbəyi, hərəki gücü və mərkəzi oxu olan hərəkətverici Qüvvənin idarəsi və iradəsi altındadır.


Bu cür də, nizamına görə mükəmməl olmayan istənilən bir birləşmə və quruluşu biz təsadüfi adlandırırıq, münasibətlərində qayda, nizam, mükəmməllik olan və hər bir hissəsinin öz yerində, başqa hissələr üçün zəruri şərt olduğu birləşmələri isə iradə və biliklə yaradılmış quruluş hesab edirik. Heç bir şübhə yoxdur ki, bu sonsuz varlıqlar və bu müxtəlif ünsürlərin saysız-hesabsız formada birləşməsi iradə və idrakdan məhrum olmayan bir Gerçəklikdən törəmiş olmalıdır. Ağıl üçün bu, aydın və sübut olumuş bir şeydir və heç kəs bunu dana bilməz. Lakin bu o demək deyildir ki, Universal Gerçəklik və ya onun sifətləri dərk edilmişdir. Nə Onun Mahiyyətini, nə də əsl sifətlərini heç kəs dərk etməmişdir. Lakin biz bunu deyirik ki, bu sonsuz varlıqlar, bu zəruri münasibətlər, bu mükəmməl nizam elə bir mənbədən törəməlidir ki, iradə və idrakdan məhrum deyildir, və sonsuz formalar halında təzahür edən bu sonsuz birləşmələrə hər şeyi əhatə edən bir Hikmət səbəb olmuşdur. Bunu tərs və inadkar olanlardan başqa heç kəs şübhə altına almaz, alsa da o aydın və aşkar dəlili danmış olur və bu mübarək ayənin obyektinə çevrilir: “Onlar kar, lal və kordurlar və doğru yola qayıtmazlar”.

 


 
Ağlın Və Ruhun Gücləri


İNDİ İSƏ AĞLIN və insan ruhunun güclərinin eyni şey olması barədə sualına dair. Bu güclər ruhun fitri xassələrindən başqa bir şey deyil, bu, təxəyyül gücü, fikir, idrak qüvvəsi kimi təzahür edir. Bunlar elə qüvvələrdir ki, insanın mahiyyətinin mühüm şərtləridir, necə ki günəşin şüası onun özünəməxsus xassəsidir. İnsan bədəni güzgüyə bənzəyir, onun ruhu isə günəş kimidir, onun əqli gücləri isə işığın mənbəyindən nəşət edən şüalar timsalındadır. Şüanın güzgüyə düşməsi dayana bilər, lakin o günəşdən heç vaxt ayrıla bilməz.


Qısası, məsələ bundadır ki, insan aləmi bitkilər aləminə münasibətdə fövqəltəbiidir, hərçənd, əslində bu belə deyil. Bitkiyə nisbətən, insanın gerçəkliyi, onun eşitmə və görmə qabiliyyətləri bitkilərə nisbətən fövqəltəbiidir və bitki üçün insan zəkasının təbiətini və güclərini dərk etmək mümkün deyil. Eynilə də insan üçün İlahi Mahiyyəti və o biri dünyanın təbiətini dərk etmək heç cür mümkün deyil. Lakin o İlahi Mahiyyətin rəhmani feyzləri bütün varlıqların üzərinə yağır və gərəkdir ki, insan İlahi Mahiyyətin özü üzərində deyil, İlahi Fəzlin təcəlliləri üzərində düşünsün ki, onlardan da biri ruh hesab olunur. İnsan zəkasının son həddi budur. Öncə də qeyd edildiyi kimi, bizim İlahi Mahiyyətə aid etdiyimiz bu sifətləri və kamillikləri biz varlıqların mövcudluğundan və onların müşahidəsindən çıxarmışıq, bu o demək deyil ki, biz Allahın mahiyyətini və kamilliyini dərk etmişik. İlahi Mahiyyət dərk edir və azaddır deyərkən biz onu nəzərdə tutmuruq ki, biz İlah İradəni və Məqsədi açmışıq, bu o deməkdir ki, biz onlar haqqında şeylərin mahiyyətində təzahür etmiş və açılmş İlahi Fəzl vasitəsilə bilik əldə etmişik.


Sosial prinsiplərə gəldikdə isə, konkret olaraq Həzrət Bəhaullahın əlli il öncə hər yana yayılmış təlimlərinə gəlincə, onlar həqiqətən qalan bütün təlimləri özündə ehtiva edir. Bu aydın və aşkardır ki, bu təlimlərsiz bəşəriyyətin tərəqqisi və inkşafı heç cür mümkün deyil. Dünyada hər bir cəmiyyət bu İlahi Təlimlərdə özünün ən yüksək arzularının həyata keçmə imkanlarını görürlər. Bu təlimlər bir ağaca bənzəyir ki, bütün ağacların ən nəfis meyvələrini gətirir. Məslən, filosoflar bu səmavi təlimlərdə özlərinin sosial problemlərinin ən mükəmməl həll yolunu, eyni dərəcədə də, fəlsəfi məsələlərinin doğru və gözəl izahatını tapırlar. Eyni tərzdə də inanan insanlar dinin həqiqətlərinin bu səmavi təlimlərdə açıq-aşkar təzahür etdiyini görür, bəşəriyyətin xəstəlik və zəifliyi üçün onların gerçək və əsl dərman omasını aydın və qəti şəkildə sübut edirlər. Bu uca təlimlər yayılsa, insanlıq bütün təhlükələrdən, bütün xroniki xəstəlik və bəlalardan azad olacaqdır. Eyni cür də, Bəhai iqtisadi prinsipləri aşağı gəlirli sosial siniflərin və müxtəlif iqtisadi məktəblərin iqtisadçılarının ən yüksək arzularının təcəssümüdür.


Xülasə, bütün kəsim və partiyaların arzuları Həzrət Bəhaullahın təlimlərində öz gerçəkləşmə imkanlarını tapır. Bu təlimlər kilsələrdə, məscidlərdə və başqa sitayiş yerlərində bəyan ediləndə, istər Buddanın ya Konfusinin ardıcılları olsun, istərsə də siyasi dairələr və ya materialislərin sıraları, hamı şahid olacaq ki, bu təlimlər bəşəriyyətə yeni həyat bəxş edir, onun sosial həyatının bütün xəstəlikləri üçün kəsərli dərmandır. Heç kəs bu prinsiplərin heç birində qüsur tapa bilməz, xeyr, əksinə, elə ki bəyan edildi, hamı heyran olacaq və hamı onların həyati zərurətini etiraf edərək deyəcək: “Həqiqətən, bu həqiqətdir, və həqiqətdən kənar nə varsa, ancaq aşkar yanılmadır”.


Yekunda, bu bir neçə söz də yazıram ki, bunlar həqiqətin hər kəs üçün aydın və qəti dəlilləridir. Onların barəsində ürəyinizdə düşünün. Hər bir hökmdarın iradəsi onun hakimiyyətdə olduğu dövrdə hakim olur, hər bir filosofun iradəsi onun həyat dövründə ardıcılları arasında öz ifadəsini tapır. Lakin Müqəddəs Ruhun gücü Allahın Məzhərlərinin mahiyyətində parlaq şəfəq saçır və Onların iradəsini elə möhkəmləndirir ki, bu iradənin gücü min il ərzində bir böyük millətə təsir edir və insan ruhunu dirçəldir və bəşəriyyəti yenidən canlandırır. Baxın, bu qüvvə necə də böyükdür! Bu qeyri-adi bir Qüvvədir, Allahın Peyğəmbərlərinin missiyasının həqiqəti üçün kifayətedici bir sübut, İlahi Vəhyin qüvvəsinin qəti dəlilidir.
 

 
Həzrət Əbdül-Bəha Haqqinda


HƏZRƏT ƏBDÜL-BƏHA Bəhai Dininin Banisi Həzrət Bəhaullahın böyük oğludur. 1892-ci ildən 1921-ci ilə qədər O, Atasının təliminin Şərhçisi və Nümunəsi, alovlu təbliğatçısı olmuşdur. O, bu yeni, ruhani yetkinliyə əsaslanan, irqi, sinfi, milli və dini təəssübkeşliklərin fövqündə dayanan dünyagörüşününün nümunəvi ardıcılı olmuşdur.


Həzrət Əbdül-Bəha 1844-cü il 23 mayda İranda doğulmuşdur. Erkən gənclik yaşlarında Atası ilə birlikdə sürgünə göndərilmiş, 40 il məhbəs və sürgündə yaşamışdır.


Türkiyədəki ənənəvi sultanlıq rejimi yıxıldıqdan sonra, Həzrət Əbdül-Bəha 1908-ci ildə azadlıq əldə etmiş, Avropa və Amerikaya səyahət etmişdir. Hər iki qitədə O, çoxlu şəhərlərdə olmuş, müxtəlif təşkilatlara daxil olan insanlar və ən müxtəlif dünyagörüş- lərinin çoxsaylı nümayəndələri ilə görüşmüşdür. Çoxlu görüşlər keçirmiş, böyük və kiçik auditoriyalar qarşısında çıxışlar etmiş və Atası tərəfindən əsası qoyulan Bəhai dininin mahiyyətini açıqlamış, dayanıqlı ümumdünya sülhünə nail olmağın planını izhar etmişdir.


Lövhün “Əbdül-Bəhanın müdrikliyi” adı ilə çıxan italyan nəşrinə ön sözdən tərcümə
Bəhaül-Əbha Sizin üzərinizə olsun.
Hayfa, 21 sentyabr 1921-ci il.
Əbdül-Bəha Əbbas
 
 

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7
Anchor 8
Anchor 9
Anchor 10
Anchor 11
Anchor 12
Anchor 13
bottom of page