Vəfadarlar Haqqında Xatirələr (bölmə 3)
Həzrət Əbdül-Bəhanın Söhbətlərindən
İnglis Dilindən Tərcümə - Mərziyyih Geyil, Bəhai Dünya Mərkəzi
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
Həzrət Bəhaullahın Həvarilər
Mündəricat
Cəmşidi- Gürcü (Gürcü Cəmşid) 110
Hacı Cəfər Təbrizi və onun qardaşları 112
Hacı Mirzə Məhəmməd Tağı, Əfnan 115
Məhəmməd İbrahim Təbrizi 128
Zeynül-Müqərrəbin 137
Hüseyn-Ağa Təbrizi 144
Hacı Məhəmməd Rza Şirazi
HACI MƏHƏMƏD RZA Şirazdan gəlmişdi. O, ruhani, müti, özünü günahkar bilən, təmkin və iman mücəssəməsi idi. Allahın çağırışı ucalanda o, möhtac ruh səmavi fəzlin kölgəsinə tələsdi. “Mən sizin Rəbbiniz deyiləmmi?” çağırışını eşidən kimi, o, cavab verdi: “Bəli” və insanların yolunda çıraq oldu.
Uzun bir müddətdə o, Əfnana, Hacı Mirzə Məhəmməd Əliyə xidmət etdi, onun sədaqətli və yaxın bir yoldaş idi, hər şeydə əmin tanınırdı. Uzaq ölkələrə səfərlər etdikdən sonra o, Müqəddə Torpağa getdi, orada tam təslimiyyət və müti halda başını Müqəddəs Astananın önündə yerə qoydu, Həzrət Bəhaullahın hüzuruna daxil olmaqla müşərrəf oldu, orada piyalə əllərdən sonsuz nemətlər içdi. Demək olar ki, hər gün Həzrət Bəhaullahın hüzuruna daxil olmaqla və müqəddəs lütf və fəzllə əhatə olunaraq xeyli müddət orada qaldı. Xasiyyətinə görə o, görkəmli bir şəxs idi, Allahın hökmlərinə uyğun yaşayırdı: təmkinli, uzun müddət əzab-əziyyət çəkməyi, Allahın iradəsinə təslimiyətində o fədakarlığın özü idi. Onun heç bir şəxsi məqsədi, bu fani dünyaya heç bir bağlılığı yoxdu. Onun yeganə arzusu Rəbbinin razılığı, yeganə ümidi müqəddəs yolda addımlamaq idi.
Sonra o, Beyruta getdi və şərəfli Əfnanan o, şəhərdə xidmət etdi. O, uzun müddət bu mivalla yaşadı və Həzrət Bəhaullahın hüzuruna daxil olmaq, ən Böyük Gözəlliyə baxmaq üçün dəfələrlə qayıtdı. Sonra o, Sidonda xəstələndi. Əkkaya səfər etmək gücünə malik deyildi, beləcə kamil razılıq və məmnunluq içində Əbha Mələkutuna yüksəldi və nur dəryasına qərq oldu. Uca Qələm onun şərəfinə sonsuz nemət əta etsin. O, doğrudan da, Həzrət Bəhaullaha xidmətdə sədaqətli, möhkəm və qüvətli sütunlardan biri idi. Camal`i-Mübarəkin dodaqlarından biz çox-çox onun tərifini eşitmişdik.
Ona salam və tərif olsun, Əbhanın bəhası olsun. Uca Cənnətin Rəbbinin rəhm və mərhəməti onun üzərinə olsun. Onun nurlu məzarı Sidonda, Müqəddəs Yəhanın məqamı deyilən yerin yaxınlığındadır.
Hüseyn Əfəndi Təbrizi
BU GƏNC TƏBRİZDƏN idi, o, qırmızı şərabla dolub-daşan piyalə kimi Allaha məhəbbətlə dolu idi. Gəncliyinin çiçəkləyən çağında o, İranı tərk edib Yunanıstana getmişdi və orada tacir kimi dolanışıq pulu qazanırdı; ta o günə kimi ki, İlahi kərəmlə yönəldilərək o, Yunanıstandan Smirnaya getdi və orada yer üzündə yeni Zühurun müjdəsini aldı. O, qışqırdı, cuşa gəldi və yeni xəbərin ahəngindən məst oldu. O, borclarını və gəlir-çıxarını bağladı, ürəyinin Mövlasını görmək üçün yola çıxdı və Həzrət Bəhaullahın hüzuruna yetişdi. Bir müddət o, etibarlı qulluqçu və yoldaş kimi, Camal`i-Mübarəkə xidmət etdi. Sonra ona göstəriş verildi ki, yaşamaq üçün Hayfaya yerləşsin.
Burada o, vəfadarlıqla inananlara qulluq göstərdi, evi isə Bəhai zairlər üçün bir yolüstü mənzil idi. Onun gözəl xasiyyəti vardı, əla rəftarı, yüksək və ruhani niyyəti vardı. Dostla da, yadla da o, eyni dərəcədə dostcasına davranırdı; o, hər millətdən olan insanlara mehriban və onların xeyirxahı idi.
Ən Böyük Nur uca Mələkuta yüksələndə, Hüseyn Əfəndi Ona vəfalı, möhkəm və səbatlıq qaldı və əvvəlki kimi, əhbabların dostu olaraq qaldı. Uzun bir müddət o, yer üzünün sultanlarından özünü daha yaxşı hiss edərək belə yaşadı. O, Camal`i-Mübarəkin qardaşı Mirzə Məhəmməd Qulunun kürəkəni oldu, bir müddət aram və sakit qaldı. O, yanlış yola şirnikləndirilməkdən diqqətlə qaçdı, çünki qorxurdu ki, bəlaların şiddəti quduzlaşar, daha yüksəyə qalxar və çox ruhları dibsiz bir uçuruma atardı. O, ah-nalə edərdi, çünki bu qorxu daim onunla idi. Nəhayət o, daha dünyaya dözə bilmədi, öz əli ilə həyat libasını soyundu.
Ona salam və tərif olsun, Allahın rəhməti və İlahi mərhəmət olsun. Allah onu bağışlasın və uca Behiştə daxil etsin, o Cənnət ki, qalanlarının üzərində ucalır. Onun müşk ətirli məzarı Hayfadadır.
Cəmşidi- Gürcü (Gürcü Cəmşid)
DAHA BİR MÜHACİR və köçkün Gürcüstandan gəlmiş, lakin Kaşanda böyümüş rəşadətli Gürcü Cəmşid idi. O, gözəl, imanlı, etibarlı, yüksək ləyaqət hissinə malik bir gənc idi. Yeni Dinin gəlməsini eşidəndə və İranın üfüqündə Həqiqət Günəşinin doğuşuna oyananda o, müqəddəs bir vəcdə gəldi, həsrətlə doldu və sevdi. Yeni atəş o qeyri-müəyyənlik və onun saran şübhə pərdələrini yandırdı; Həqiqət nuru öz şüalarını saçdı, qarşısında hidayət çırağı yandı.
O, bir qədər İranda qaldı, sonra Osmanlı ərazisində olan Rumeliyə getdi və Sirr Torpağında. Ədirnədə isə Həzrət Bəhaullahın hüzuruna müşərrəf oldu; məhz orada onun görüşü baş verdi. Onun sevinci və atəşi sonsuz idi. Sonra Həzrət Bəhaullahın göstərişi ilə o, Ağa Məhəmməd Bağır və Ağa Əbdül Qəffarla İstanbula getdi. O şəhərdə zalımlar onu zindana saldılar və zəncirlədilər.
İran səfiri Cəmşid və Ustad Məhəmməd Ali Dəlləyin əleyhinə düşmən rəhbərləri və döyüşçülər kimi çuğulluq elədi. Cəmşidi o, bu günlərin Rüstəmi, Məhəmməd Əlini isə xəbər aparanın dediyinə görə, nərə çəkən aslan kimi təsvir etdi. Bu iki hörmətli şəxs dustaq edilib qəfəsə salınanlardan birincilər idilər; sonra onları nəzarət altında Türkiyə torpaqlarından çıxardılar və İran sərhədinə gətirdilər. Onlar İran hökimətinə təhvil verilməli və edam edilməli idilər, onları aparan nəzarətçilər isə əgər ayaqlığı itirib məhbusları qaçırsaydılar, dəhşətli cəza ilə təhdid olnmuşdular. Bu səbəbdən də, harada ki, dayanırdılar, qurbanlar demək olar ki, girilib-çıxılmaz yerlərə salınırdılar. Bir dəfə onları bir çalaya, quyu kimi bir yerə salmışdılar və onlar bütün gecəni əzab və iztirab çəkmişdilər. Səhər açılanda Cəmşid qışqırmışdı: “Ey bizə zülm edənlər! Biz Yusif Peyğəmbərmiyik ki, bizi bu quyuya atmısınız? Yadınıza salın ki, O, quyudan bədirlənmiş ay kimi necə çıxdı? Biz də Allahın yolu ilə gedirik, biz də Onun xatirinə buraya salınmışıq və bilirik ki, bu dərinlik Rəbbin uca zirvələridir”.
Elə ki, İran sərhədinə çatdılar, Cəmşidlə Məhəmməd Əli kürdlərin başçılarına təhvil verildilər ki, onları Tehrana göndərsinlər. Kürd başçıları gördülər ki, bu dustaqlar günahsız, mehriban və xoş rəftarlı və düşmən əlinə düşmüş qurbanlardır. Onları paytaxta göndərmək əvəzinə, azad etdilər. Sevincək, onlar piyada yola düşdülər və Həzrət Bəhaullahın yanına getdilər və Ən Böyük Zindanda Onun evini yanında bir ev tapdılar.
Cəmşid Həzrət Bəhaullahın lütf və fəzlini alaraq, dəfələrlə Onun hüzuruna müşərrəf olaraq bir müddət tam səadət içərisində keçirdi. O, aram və sakit idi. İnananlar ondan razı idilər, o, isə Allahdan razı idi. Məhz bu halətdə ikən o, səmavi çağırışı eşitdi: “Ey əmin ruh, Onun səndən, sənin Ondan razı olduğun Rəbbinə dön”. Allahın “Qayıt” əmrinə o “Ləbbeyk” deyə cavab verdi. Ən Böyük Zindandan o, ən uca Cənnətə yüksəldi; bu torpaq dünyasından o, pak və parıltılı Mələkuta uçdu. Allah Cəbərutda ona yardım etsinvə onun Behişt Şəfəqlərinə qovuşdursun, İlahi bağlarda əmin-amanlıqda saxlayıb əbədi yaşatsın.
Ona salam və tərif olsun. Onun müşk ətirli məzarı Əkkadadır.
Hacı Cəfər Təbrizi və onun qardaşları
ÜÇ QARDAŞ VARDI, üçü də Təbrizdən idilər: Hacı Həsən, Hacı Cəfər və Hacı Tağı. Bu üç qardaş yüksəkliklərdə süzən qartal kimi idilər; onlar Əmrin Allaha məhəbbət işığı ilə sayrışan üç ulduzu idilər.
Hacı Həsən erkən inananlardan idi; yeni Nurun ilk doğuşundan iman gətirmişdi. O, şövqlə dolu, iti zəkalı idi. İman gətirdikdən sonra o, hər yerə gedir, İranın şəhər və kəndlərini dolaşırdı; onun nəfəsi həsrətli könülləri yerindən oynadırdı. Sonra o, İraqa getdi və Məhbubun ilk səfərindən Onun hüzuruna yetişdi. O, ən gözəl Nuru görən kimi o, məftunluq içində Cəlal Mələkutuna getdi; o eşq dəlisi idi, həsrətli bir eşqin köləsi idi. Bu zaman ona göstəriş verildi ki, İrana qayıtsın. O, xırdavatçı idi, kiçik dulusçuluq şeyləri satar, şəhərləri dolaşardı.
Həzrət Bəhaullahın İraqa ikinci səfərində Hacı Həsən Onu yenidən görmk istədi, Bağdadda bir daha Onun hüzurunda gözləri qamaşdı. Aradabir o, İrana gedər və qayıdardı, bütün fikri-zikri təbliğ və Əmri yaymaq idi. Onun biznesi dağıldı. Mallarını oğrular apardılar və beləliklə, özünün dediyi kimi, yükü çiynindən götürüldü–o, yükdən azad oldu. O, hər bir dünyəvi bağdan qaçdı. O, maqnit kimi bərk yapışmışdı; o, sevgili Yar üçün, hər iki dünyanın Məhbubu üçün dəli-divanə idi. Onu çulğalamış vəcdlə, qəribə halətdə yaşaması ilə hər yerdə tanınırdı; o, bəzən tam bir bəlağətlə, müqəddəs ayələr qədər də hədislərdən dəlillər, məntiqi və sağlam sübutlar gətirərək Əmri təbliğ edərdi. Onda onu eşidənlər onun ağlı, gücü, müdrikliyi və təmkini haqqında danışardılar. Lakin elə vaxtlar da olurdu ki, onda eşq atəşi alovlanar, bir an belə sakitlik bilməzdi. O anlarda o, atlanıb-düşər, oynayar, sonra yenidən şairlərdən uca səslə şeirlər söyləyər, ya oxuyardı. Ömünün sonuna yaxın o cənab Münibin yaxın dostu oldu; bu iki dost sirli inamla paylaşdı, hər bir kökslərində nə qədər nəğmələr daşıdılar.
Dostların son səfərində o, Azərbaycana getdi və orada, ehtiyatkarlığı yelə verərək, İsm`i-Əzəmi nərə çəkdi: “Ya Bəha`ül-Əbha!” düşmənlər onun qohumları ilə əlbir oldular və o, günahsız, vəcd halında olan ruhu aldadıb bağa apardılar. Orada onlar əvvəlcə ona suallar verdilər və cavablarına qulaq asdılar. O, danışdı; o, Əmrin gizli həqiqətlərini izah etdi və qətiyyətli sübutlar gətirdi ki, doğrudan da Zühur baş vermişdir. O, Qurandan ayələr gətirdi, Məhəmməd Peyğəmbərdən və Müqəddəs İmamlardan hədislər söylədi. Onun ardınca, məhəbbətin o, divanə və həsrətli vəcd halında, oxumağa başladı. O, şahnaz üstündə oxuyurdu; oxuduğu şairlərin sözləri idi ki, Rəbb gəlmişdir. Onlarsa onu öldürdülər; onun qanını tökdülər. Onlar onun əzalarını burub parçaladılar və bədənini torpaq altında gizlətdilər.
Hacı Məhəmməd Cəfərə gəldikdə isə, qardaşı kimi doğuşundan mülayim olan bu insan Camal`i-Mübarəkə məftun olmuşdu. İraqda idi ki, o, Aləmin Nurunun hüzuruna daxil oldu və o da ilahi eşq oduna tutuşdu və Allahın xəfif nəsimlərindən məst oldu. O, qardaşı kimi, xırdavatçı idi, daim bir yerdən o biri yerə gedər, xırdavat satardı. Həzrət Bəhaullah Bağdaddan İslamın Paytaxtına gedəndə, Hacı Cəfər İranda idi, Camal`i-Mübarək və məiyyəti Ədirnədə qalmağa gələndə, Cəfər və qardaşı Hacı Tağı Azərbaycandan buraya gəldilər. Onlar hardasa bir künc tapıb yerləşdilər. Sonra bizə zülm edənlər Həzrət Bəhaullahı Ən Böyük Zindana göndərmək üçün təkəbbürlü əllərini uzatdılar, və həqqi Məhbubu müşayiət etməyi inananlara qadağan etdilər, çünki onların məqsədi Camal`i-Mübarəki bu zindana ancaq bir neçə nəfərlə gətirmək idi. Hacı Cəfər müşayiət edəcək qrupdan onları çıxardıqlarını görəndə, ülgücü çıxardı və boğazını kəsdi. Toplaşanlar kədər və narazılıqlarını bildirdilər, onda səlahiyyətlilər bütün inananlara icazə verdilər ki, Həzrət Bəhaullahı müşayiət etsinlər–bu Cəfərin məhəbbətinin ifadəsi olan hərəkətinin neməti idi.
Onlar onun yarasına tikiş qoydular, lakin heç kəs düşünmürdü ki, o, sağalacaq. Ona dedilər ki, “müvəqqəti olaraq o, olduğu yerdə qalmalıdır. Əgər boğazın sağalsa, sən də qardaşınla birlikdə göndəriləcəksən. Buna əmin ol”. Həzrət Bəhaullah da göstəriş verdi ki, belə olsun. Beləcə, biz Cəfəri xəstəxanada buraxdıq və Əkka zindanına getdik. İki ay sonra o və qardaşı Hacı Tağı qalaya gəldilər və başqa məhbuslara qoşuldular. Xilas olmuş Hacının mehribanlığı, atəşi günbəgün daha da artırdı. Toran düşəndən dan yeri ağarana qədər o, oyaq qalar, avazla dua oxuyar, göz yaşları tökərdi. Sonra bir gecə o, karvansarayın damından yıxıldı, möcüzə və əlamətlər Mələkutuna yüksəldi.
Bəxtəvərlik uduzu altında doğulmuş Hacı Tağı isə hər mənada Hacı Cəfərin qardaşı idi. O da eyni ruhani halətdə yaşayırdı, lakin o, aram idi. Hacı Cəfərin ölümündən sonra, o, bir otaqda yalnız qalardı. O, sükutun özü idi. O, tək-tənha, ehtiram və nəzakətli bir qaydada hətta gecəni belə orada oturardı. Bir gecə o, dua oxumaq üçün dama çıxıbmış. Səhərisi gün onu yıxıldığı yerdə tapdılar. O, huşunu itirmişdi, demək olmurdu ki, o, təsadüfən yıxılıb, yoxsa özünü atıb. Özünə gələndə o dedi: “Mən bu həyatdan bezmişəm və ölməyə cəhd elədim. Bir an belə bu dünyada qalmaq istəmirəm. Dua edin ki, mən gedim”.
Budur o üç qardaşın həyat hekayəsi. Hər üç qardaş yəqinlik hasil etmiş ruhlar idilər; hər üçü Allahdan razı, Allahın onlardan razı olduğu ruhlar idilər. Onlar alov idilər; onlar Əmrin əsiri idilər; Onlar pak və müqəddəs idilər. Ona görə də bu dünyadan üzülərək, Üzlərini Cəbərruya döndərərək, onlar yüksəldilər. Allah bağışlama aləmində onları Özünün fəzl libasına bürüsün və əbədiyyətə qədər onları Öz mərhəmət sularında qərq etsin. Onlara salam və tərif olsun.
Hacı Mirzə Məhəmməd Tağı, Əfnan
MÖMİN, NURLU SİMA və ilahi təcəlli olan ruhlardan biri cənab Məhəmməd Tağı Əfnan idi. Onun ləqəbi Vəkilüddövlə idi. Bu görkəmli Budaq Müqədəs Ağacın pöhrəsi idi; əsilzadə nəslin gözəl xasiyyəti onda təzahür edirdi. Onun qohumluğu həqiqi qohumluq idi. O, Kitab`i-İqanı oxuyub iman gəriənlərdən, Allahıın şirin rayihələri ilə ovsunlanmış, Onun ayələrinin oxunmasından nəşələnən biri idi. Onun həyəcanı elə idi ki, qışqırırdı: “Ya Rəbb, Ya Rəbb, Ləbbeyk!” Sevincək halda oranı tərk etdi və İraqa tələsdi. O, atəşli bir məhəbbətlə dolu olduğu üçün, dağları aşdı, geniş düzənləri keçdi, dincəlmək üçün dayanmadan Bağdada gəldi.
O, Həzrət Bəhaullahın hüzuruna daxil oldu və onun nəzərində qəbula layiq görüldü. Onda necə müqəddəs bir vəcd, necə bir atəş və bu dünyadan göz yumma vardı! Bu təsvirə gəlməz. Onun mübarək siması elə gözəl, elə nurlu idi ki, Əhbablar İraqda, ona ad da vermişdilər: onlar ona “bütün həzzlərin (fərəhlərin) Əfnanı” deyirdilər. O, doğrudan da, mübarək bir ruh idi, ehtirama layiq bir şəxs idi. O, həyatının başlanğıcından son nəfəsinə qədər vəzifəsində heç vaxt yanlışlıq etmədi. Həyata başlayan andan Allahın şirin rayihələrinə məftun oldu, günləri sona yaxınlaşanda Allahın Əmrinə əla xidmət göstərdi. Onun həyatı mömin həyatı, nitqi xoş, əməlləri layiqli idi. Xidmətdə, ibadətdə o, heç vaxt qüsur etmədi, böyük məsuliyyətə o, hazırlıq və sevinclə girərdi. Onun həyatı, davranışı, etdiyi hər şey, etmədiyi hər şey, başqaları ilə münasibəti−hamısı Əmri təbliğ etməyin bir yolu idi və bir nümunə, başqalarına bir nəsihət idi.
Bağdadda Həzrət Bəhaullahı görmək ərəfinə nail olduqdan sonra, o, İrana qayıtdı və bəlağətli bir dillə Əmri təbliğ etməyə başladı. Necə təbliğ etməsi isə belə idi: bəlağətli dil, hazır qələm, gözəl xasiyyət, xoş sözlər, mömin yol və əməl. Hətta düşmənlər belə, onun alicənablığına, ruhani keyfiyytlərinə şahidlik edirdilər və onlar deyərdilər: “sözündə və əməlində, möminliyində, etibarlılığında və imanın möhkəmliyində onunla müqayisə olunacaq bir kəs yoxdur; o, hər şeydə misilsizdir; amma əfsus ki, o Bəhaidir!” Yəni: “Nə yazıq ki, o, bizim kimi pozğun, diqqətsiz, günah işlədən, şəhvətə batmış, ehtiras məxluqu deyil!” Ya Rəbb! Onlar öz gözləri ilə gördülər ki, o, Əmr haqqında öyrənən kimi dəyişdi, bu dünyadan ayrıldı və Həqiqət Günəşinin şüalarını saçmağa başladı. Və yenə də onun göstərdiyi nümunədən faydalana bilmədilər.
Yəzddə olduğu günlərdə, zahirən, o, ticari işlərlə məşğul olurdu, əslində isə o, Əmri təbliğ edirdi. Onun yeganə məqsədi Allahın Sözünü ucaltmaq, onun tək arzusu İlahi şirin rayihələri yaymaq, onun bir fikri Rəbbinin sarayına daha da yaxın olmaq idi. O, Həzrət Bəhaullahın razılığının mücəssəməsi idi; İsm`i-Əzəmin fəzlinin məşriqi idi; Nə qədər tez-tez Həzrət Bəhaullah Onun yanında olanlara Əfnandan son dərəcə razı olduğunu bildirmişdi; Nəticədə, hər kəs əmin idi ki, gələcəkdə o, hansısa yüksək bir iş həyata keçirəcəkdir.
Həzrət Bəhaullahın süudundan sonra, Əhddə möhkəm və dəyanətli Əfnan əvvəllər etdiyindən daha çox xidmətlər göstərdi; bunu o, nə qədər maneələrə, çəkilməz dərəcədə ağır iş yükünə, onun diqqətini tələb edən sonsuz dərəcədə işlərə baxmayaraq edirdi. O, rahatlığından, işindən, əmlakından, mülklərindən, torpaqlarından əl çəkdi və Aşqabada getdi və Məşrik`ul-Əzkarın tikintisinə başladı; bu çox böyük ölçüdə bir xidmət idi, beləliklə o, Bəhai İbadət Evini tikən ilk şəxs oldu, insanı birləşdirmək üçün bir Evin ilk inşaatçısı oldu. Ona kömək edən Aşqabad bəhailəri ilə birlikdə o, birincilik çələngini müvəffəqiyyətlə daşıdı və Evi tikib başa çatdırdı. Uzun bir müddət onun Aşqabadda dincliyi olmadı. Gündüz və gecə, o, inananları davam etməkdə təşviq etdi. Onlar da öz növbəsində gərgin səylər qoydular, gücləri çatandan da artıq fədakarlıq etdilər və Allahın Evi yüksəldi, onun şanı Şərq və Qərb boyunca yayıldı. Əfnan cüzi bir məbləğdən başqa malik olduğu hər şeyi sərf etdi ki, bu binanı ucaltsın. Fədakarlıq etməyin yolu budur. Vəfadar olmaq bu deməkdir.
Daha sonra o, Müqəddəs Torpağa yollandı, seçilmiş mələklərin dövrə vurduqların yerin yanında, Həzrət Babın Məqamının kölgəsində müqəddəs və pak halda, Rəbbə yalvararaq və dua edərək günlərini keçirdi. Allahın tərifi daim onun dodaqlarında idi, həm dili, həm də ürəyi ilə dua edirdi. Onda əsrarəngiz bir ruhaniyyət, çox qəribə bir nur vardı. O, o ruhlardan biri idi ki, “Mən sizin Rəbbiniz deyiləmmi?” təbili səslənməzdən əvvəl cavab vermişdi: “Ləbbeyk, Ləbbeyk!” Məhz İraq dövrü idi ki, Hicrətin yetmişinci ili ilə səksəninci ili arasında idi ki, oda tutuşdu və Aləmin Nurunu sevdi, Həzrət Bəhaullahda doğulan dan yerini gördü və “Mən Bəhanın Əbha Səltənətində yaşayan Kəsəm!” sözlərinin yerinə yetməsinə şahid oldu.
Əfnan qeyri-adi xoşbəxt bir insan idi. Mən nə vaxt kədərlənirdimsə, onunla görüşər, dərhal da sevinc mənə qayıdardı. Allaha həmd olsun, nəhayət, Həzrət Babın məqamının yaxınlığında, o, nur içində Əbha Səltənətinə tələsdi amma onun itkisi Əbdül-Bəhanı dərindən kədərləndirdi.
Onun nurlu məzar Hayfada, Həzrətü`l-Qüdsün yanında, İliyanın kahasına yaxındır. Orada möhkəm və yaxşı tikilmiş bir türbə ucaldılmalıdır. Allah onun uyuduğu yerə Cənnətindən şüalar salsın, o müqəddəs torpağı Mələyi-Əlanın şəfəqlərindən şüalar salsın. Əbhanın bəhası onun üzərinə olsun.
Əbdüllah Bağdadi
HƏLƏ ÇOX CAVAN olanda, insanlar Əbdüllah Bağdadi haqqında pozğun, ancaq eyş-işrətə özünü həsr edən bir adam kimi baxırdılar. Hamı onu cismani ehtirasların bataqlığında batmış qeyri-adi həvəslər “qoçağı” hesab edirdilər. Lakin iman gətirən andan o, Allahın şirin rayihələrindən məst oldu və yeni bir varlğa çevrildi. O, özünü qəribə bir heyranlıq halında, tamamilə dəyişmiş halda tapdı. O, bu dünyanın adamı idi, indi isə Səma əhli olmuşdu; o, cismani həyatla yaşayırdı, indi isə ruh həyatı yaşayırdı; o, qaranlıqda gəzirdi, indi isə işıqda gəzirdi. O, hisslərinin əsiri idi, indi isə o, Allahın köləsi idi. O, əvvəllər gil və torpaq idi, indi isə baha əldə edilmş bir inci idi; əvvəllər kobud və cilalanmamış bir daş idi, indi isə bərq vuran bir yaqut idi.
Hətta qeyri-bəhailər arasında insanlar ondakı bu dəyişiklikdən heyrətə gəlmişdilər. Bu cavanda nə baş vermişdi, onlar bilmək istəyirdilər; bu necə oldu ki, o, birdən bu dünyadan ayrıldı, hərarətli və sədaqətli oldu? “O, ki korlanmış və pozğun idi”, onlar deyirdilər, “bu gün isə o, pəhrizkar və ismətli olub. O, öz tamahında batmışdı, indi isə pak bir ruh olub, mömin həyatı yaşayır. O, bu dünyanı arxada qoyub. O, ziyafət keçirməkdən dayanıb, keyf əhlini buraxıb, şənlik paltarını yığışdırıb. Onun ağlı məhəbbətdən çaşıb”.
Xülasə, o, zövqü-səfanı və malik olduqlarını buraxdı və piyada Əkkaya yollandı. Onun üzü elə parladı, təbiəti elə nurlandı ki, ona baxmaq bir nəşə idi. Mən adətən deyərdim: “Ağa Əbdüllah, halın necədir?” O, belə cavab verərdi: “Mən qaranlıqda idim; indi Camal`i-Mübarəkin lütfündən, işıqdayam. Bir toz topası idim; O, məni münbit bir torpağa çevirdi. Mən daimi bir işgəncədə idim; İndi isə əmin-amanlıqdayam. Mən zəncirlərimə vurulmuşdum; O, onları qırdı. Mən o şeyə, bu şeyə həris idim; İndi Rəbbimə yapışmışam. Qəfəsdə bir quş idim; O, məni açıb buraxdı. Bu gün mən səhrada yaşasam da, döşəyim və yastığım çılpaq yerdir amma mən hiss edirəm ki, bunlar ipəkdir. Köhnə zamanlarda mənim örtüyüm sətin idi, ruhum isə əziyyət çəkirdi. İndi mən evsiz-eşiksizəm, amma xoşbəxtəm”.
Lakin Həzrət Bəhaullahın necə təqib olunduğunu, Onun necə bir səbrlə əziyyət çəkdiyini gröəndə alovlu ürəyi sındı. Əbdüllah Onun uğrunda ölmək istədi. Və iş belə gətirdi ki, o, öz həyatını sevimli Yar üçün qurban verdi və bu qaranlıq dünyadan işıq diyarına tələsdi. Onun nurlu məzarı Əkkadadır. Əbhanın bəhası onun üzərinə olsun; ona Rəbbin fəzlindən rəhmət olsun.
Məhəmməd Mustafa Bağdadi
Məhəmməd Mustafa şölələnmiş bir işıq idi. O, məşhur alim Şeyx Məhəmməd Şiblin oğlu idi; o, İraqda yaşayırdı, lap cavanlığından onun misilsiz və bərabərinin olmadığı aydın görünürdü; hikmətli, cəsarətli, hər mənada haqq edərək o, hər yanda tanınırdı. Uşaqlıqdan atasının tərbiyəsi ilə ürəyinin mehrabında iman işığını yandırmışdı. O, xurafatın mane olan pərdələrindən qurtuldu, ətrafa həssas gözlərlə baxdı, Allahın yeni böyük əlamətlərinə baxdı və nəticəsindən asılı olmayaraq sisini qaldırdı: “Yer Rəbbinin nuru ilə işıqlanmışdır”.
Ya Rəbb! Müxalifət güclü idi, cəza aşkar, dostların hər biri dəhşətə düşmüşdü, bir küncə çəkilib imanlarını gizlətmişdilər; belə bir zamanda bu qorxu bilməz şəxsiyyət cəsarətlə öz işi ilə məşğul oldu və kişi kimi hər cür zalımın qarşısında dayandı. Yetmişinci ildə İraqda Həzrət Bəhaullaha məhəbbəti ilə məşhur olan bir şəxs vardısa, o da bu şərəfli şəxs idi. O zaman Bağdadda və onun ətrafında olan bir neçə şəxs sürünüb yuvaya və deşiklərə girmiş, öz qış yuxularına getmiş, küncdə-bucaqda gizlənmişdilər. Lakin bu heyranedici Məhəmməd Mustafa cürətlə, vüqarla bir kişi kimi gələr və gedər, düşmənlər isə, onun fiziki gücündən və cəsarətindən qorxaraq ona hücum etmirdilər.
Həzrət Bəhaullah Kürdüstan səfərindən qayıdandan sonra, o qorxmaz şəxsin igidliyi və duruşu daha da artmış və güclənmişdi. İzn veriləndə o, Həzrət Bəhaullaha xidmət göstərər, Onun dilindən lütf və fəzl ifadələri eşidərdi. O, İraqdakı bütün dostlar arasında lider idi, Böyük Ayrılıqdan sonra isə, Məhbubun məiyyəti İstanbula yola düşəndə, o, sədaqətli və dəyanətli qaldı və düşmənə duruş gətirdi. O, özünü xidmət üçün özünü hazırladı, açıq, camaat qarşısında, hamının gözü önündə Əmri təbliğ etdi.
Həzrət Bəhaullahın “Allahın Zahir edəcəyi Kəs” olmasını elan etməsi hər yana yayılan kimi, bu bəyandan öncə və çağırış səslənməzdən öncə iman gətirənlərin arasında olmaqla Məhəmməd Mustafa nida etdi: “Həqiqətən, biz iman gətirdik!” Çünki, hətta bu Bəyandan əvvəl işığın özü dünyanın insanlarını ayırmış pərdələrdən elə nüfuz edib keçirdi ki, hər görən göz şəfəqi görür, hər bir axtaran qəlb öz Məhbubunun camalını görə bilərdi.
Onda Məhəmməd Mustafa bütün gücü ilə, Əmrə xidmətə qalxdı. Nə gecə dincəldi, nə də gündüz. Sonra Qədim Camal Ən Böyük Zindana getdi; bunun ardınca dostlar Bağdadda həbs edildilər və Mosula göndərildilər; tanınmış düşmənlərin ədavəti və Bağdad əhalisinin müxalifətindən sonra da o, dayanmadı, öz yerində qalmaqda davam etdi. Uzun bir zaman beləcə keçdi. Lakin Həzrət Bəhaullaha can atması ilə, ürəyindəki qiyam elə idi ki o, təkbaşına Ən Böyük Zindana yola düşdü. O, son dərəcə məhdudiyyətlər qoyulmuş dövrdə oraya yetişdi və Həzrət Bəhaullahın hüzuruna müşərrəf oldu.
Sonra o, Əkkanın yaxınlığında bir yer tapıb yerləşmək üçün izn istədi və Beyrutda yaşamasına icazə verildi. O, oraya getdi və vəfa ilə Əmrə xidmət etdi, gəlib-gedən bütün zairlərə kömək etdi. O, əla bir xidmətçi, səxavətli və iltifatlı bir ev sahibi idi, gəlib getdikcə o, özünü fəda edirdi ki, zairlərin işlərinin qayğısına qalsın.Bütün bunlara görə o, hər yanda tanınırdı.
Həqiqət Günəşi qürub edəndə və Mələyi-Əlanın Nuru süud edəndə, Məhəmməd Mustafa Əhdə sadiq qaldı. O, tərəddüd edənlərin qarşısında elə möhkəm durmuşdu ki, onlar nəfəs belə çəkməyə cürət etmirdilər. O, meteor kimi idi, şeytanlara qarşı tuşlanmış top gülləsi idi, pozuculara qarşı qisas qılıncı idi. Pozuculardan bir nəfər belə onun yaşadığı küçədən keçməyə cürət etmirdi və əgər təsadüfən onunla rastlaşsaydılar, Quranda təsvir olunanlar kimi görünürdülər: O “Tənə vuranın tənəsi onları Allahın yolundan döndərməz, küfr edənin dəhşətli gücü onu sarsıtmaz” ifadəsinin təcəssümü idi.
Əvvəlki kimi eyni həyat tərzi sürərək o, inananlara azad bir ruhla, pak niyyətlə xidmət edirdi. Bütün ürəyi ilə, o, Müqəddəs Torpağa gələnlərə, Mələyi Əlanın dövrəyə aldığı yerə təvaf etməyə gələn zairlərə xidmət edirdi. Sonra o, Beyrutdan İskəndəruna köçdü, bir müddət orada qaldı, sonra öz Rəbbinə maqnit kimi cəzb olunaraq, Ondan başqa hər şeydən göz yummaqla, Onu müjdələrinə sevinərək, heç kəsin kəsə bilməyəcəyi ipdən möhkəm yapışaraq, ruh qanadları üzərində o, Uca Səmaya yüksəldi.
Allah onu ən Uca Cənnətə, bəha məclisinə qaldırsın. Allah onu nurlar diyarına, əsrarəngiz Mələkuta, qüdrətli, qüvvət Sahibi Rəbbin şəfəqlərinin toplantısına gətirsin. Əbhanın Bəhası onun üzərinə olsun.
Süleyman Xan Tunukabani
SÜLEYMAN XAN CAMALƏDDİN ləqəbi almış bir mühacir və köçkün idi. O, Tunukabanda, o bölgənin qədim ailələrindən birində doğulmuşdu. O, zənginlik içində bəslənmiş, rahatlığa öyrəşmiş, təmtəraqlı bir həyatda böyümüşdü. Uşaqlıqdan onun uca iddiaları və nəcib məqsədləri vardı, ləyaqət və qeyrət təcəssümü idi. O, əvvəlcə öz yodaşlarından uzaqlaşmaq və yüksək bir məqama (mərtəbəyə) nail olmağı planlaşdırdı. Bu səbəbdən də doğulduğu yeri tərk etdi və paytaxt Tehrana getdi, ümid etdi ki, orada o, öz nəslini ötüb keçərək lider olacaq.
Lakin Tehranda Allahın rayihəsi onun yoluna əsdi və o, Məhbubun çağırışını dinlədi. O, yüksək rütbə eşqinin narahatlıqlarından qutuldu; bütün səs-küydən və boş danışıqlardan, şan-şöhrətdən, dəbdəbə və saraylardan, bu torpaq topasından, bu dünyadan xilas oldu. O, zəncirləri atdı, Allahın fəzli ilə dinclik tapdı. İndi onun üçün şərəf kürsüsünün insanların ayaqqabılarını çıxardıqları yerdən heç bir fərqi yox idi, yüksək vəzifə isə keçib getmiş və unudulmuş bir şey idi. O, yaşamın ləkəsindən təmizlənmiş, ürəyi yüngülləşmişdi, çünki o, onu indiki həyatda saxlayan qandalları qırıb atmışdı.
Zəvvar paltarı geyinərək, o, sevgili Yarı axtarmağa yollandı və Ən Böyük Zindana gəldi; bir müddət o, burada Camal`i-Qədimin pənahında dincəldi; burada Həzrət Bəhaullahın hüzuruna müşərrəf oldu, Onun müqəddəs dodaqlarından möhtəşəm təlimlər eşitdi. Rayihəli hava ilə nəfəs alandan, gözləri nurlanandan, qulaqları Rəbbin sözlərinə köklənəndən sonra ona izn verildi ki, Hinidstana səfər etsin və əmr edildi ki, həqiqi axtaranlara həqiqəti öyrətsin.
Ürəyini Allaha bağlayaraq, Allahın şirin rayihələrinə vurğun halda, Allaha məhəbbət atəşinə tutularaq, o, Hindistana yola düşdü. Orada o, gəzib-dolaşdı, hər hansı bir şəhərə gələndə Əzəmətli Mələkutun çağırışını qaldırdı və müjdə verdi k,i Dağda Danışan gəlmişdir. O, Təlimlərin müqəddəs toxumlarını səpərək Allahın əkinçilərindən biri oldu. Bu əkin məhsuldar idi. Onun vasitəsilə əhəmiyyətli sayda insan Nicat Gəmisinə yol tapdılar. İlahi hidayət nuru o ruhların üzərinə saçıldı, onların gözləri isə Allahın qüdrətli əlamətlərini görməklə nurlandı. O, hər bir məclisin mərkəzi siması, şərəfli qonağı oldu. Bu gün Hindistanda, onun orada olmasının xeyri aydın görünür, onun təbliğ etdiyi adamlar isə indi öz növbələrində başqalarını Əmrə istiqamətləndirilər.
Hindistan səfərindən sonra Süleyman xan Həzrət Bəhaullahın yanına qayıtdı, lakin o, gələndə süud baş vermişdi. O, dayanmadan göz yaşları tökdü, onun ürəyi kədər buxurdanı oldu. Lakin o, Cənnətdə kök salaraq Əhdə sadiq qaldı.
Süudundan bir az əvvəl Həzrət Bəhaullah buyurmuşdu: “Kimsə İrana getsə və əgər bunu çatdıra bilsə, bu mesaj Əminus-Sultana çatdırılmalıdır: “Sən dustaqlara kömək etmək üçün addım atmısan; sən həqiqətən onlara layiqli xidmət göstərmisən; bu xidmət unudulmayacaq. Əmin ol ki, bu sənə şərəf gətirəcək, sənin bütün işlərinə xeyir-bərəkət cəzb edəcək. Ey Əminus-Sultan! Tikilən hər bir ev bir gün çöküb xarab olacaq, Allahın evindən başqa; o, daha da böyüyəcək, hər gün daha da yaxşı qorunacaq. Onda var gücünlə Allahın Taxtına xidmət eylə ki, Cənnətdə evə aparan yolu kəşf edəsən və əbədi qalacaq binanı tapasan”. Həzrət Bəhaullahın süudundan sonra bu mesaj Əminus-Sultana çatdırıldı.
Azərbaycanda türk mollaları Ağa Seyid Əsədullahı alçaltdılar, izlədilər və Ərdəbildə onun qanını axıtmaq qəsdinə durdular; Lakin hakim bir qurğu ilə onun döyülməsinin və sonra da öldürülməsinin qarşısnı ala bildi; o, qurbanı zəncirlərdə Təbrizə göndərdi və oradan isə Tehrana göndərdi. Əminus-Sultan dustağın köməyinə yetişdi və öz idarəsində, Əsədullaha sığınacaq verdi. Bir gün Baş nazir xəstə olanda Nəsrəddin şah ona baş çəkmək üçün onun yanına gəldi. Nazir vəziyyəti izah etdi, dustağına xeyli tərif yağdırdı; O qədər ki, Şah gedəndə Əsədullaha böyükl iltifat göstərdi və ona təsəlli sözləri dedi. Onda, o erkən vaxtlarda dustaq dar ağacını bəzəmək üçün asılar və güllələnərdi.
Bir müddət sonra Əminus-Sultan şahın qəzəbinə tuş gəldi. Gözdən düşmüş, rüsvayçılıqla, o, Qum şəhərinə sürgün olundu. Bunun üzərinə bu bəndə Süleyman xanı İrana göndərdi, o, mənim yazdığım duanı və rəsmi məktubu apardı. Duada yıxılmış nazir üçün Allahdan kömək və kərəm, yardım rica edilirdi ki, o, unudulmuşluq küncündən çıxıb lütf məqamına qayıtsın. Məktubda biz aydın bir şəkildə qeyd etmişdik: “Tehrana qayıtmağa hazırlaş. Tezliklə Allahın köməyi yetişəcək; fəzl işığı yenidən sənin üzərinə saçılacaq; tam səlahiyyətlə sən azad olacaqsan və Baş Nazir ediləcəksən. Bu, zülmə məruz qalmış bir insan üçün sənin qoyduğun səylərin mükafatıdır”. O məktub və dua bu gün də Əminus-Sultanın ailəsindədir.
Süleyman xan Tehrandan Quma getdi. Onun göstərişlərinə uyğun olaraq o, Məsumənin məqbərəsində bir hücrədə yerləşdi. Əminus-Sultanın qohumları onu orada ziyarət etdilər; Süleyman Xan hakimiyyətdən düşmüş Naziri xəbər aldı və onunla görüşmək istədiyini bildirdi. Bütün təvəkkülünü Allaha bağlayaraq Süleyman Xan Nazirin evinə tələsdi, onunla ayrıca görşdükdən sonra Əbdül-Bəhanın məktubunu ona təqdim etdi. Nazir ayağa qalxdı və sonsuz bir ehtiramla məktubu qəbul etdi. Sonra Xana müraciət edərək dedi: “Mən ümidimi itirmişdim.. Əgər bu arzu yerinə yetərsə, mən xidmətə qalxacağam; Mən Allahın dostlarını qoruyacaq və dəstəkləyəcəyəm”. Sonra o, minnətdarlığını, borclu olduğunu və sevincini bildirdi və əlavə etdi: “Allaha həmd olsun, mən yenidən ümid edirəm; Ümidvaram ki, Onun köməyilə mənim xəyalım gerçəkləşəcək”.
Xülasə, Nazir söz verdi ki, dostlara xidmət edəcək və Süleyman xan oranı tərk etdi. Sonra Nazir ona yol məsrəflərini ödəmək üçün bir qədər pul təklif etdi, lakin Süleyman xan imtina etdi və Nazirin təkid etməsinə baxmayaraq, heç nə qəbul etmədi. Xan qayıdıb səfərindən hələ Müqəddəs Torpağa yetişməmişdi ki, Əminus-Sultan sürgündən geri çağrıldı və yenidən dərhal Baş Nazir vəzifəsinə dəvət edildi. O, vəzifəni qəbul etdi və tam səlahiyyətlə işləməyə başladı; əvvəlcə, o, doğrudan da, inananları dəstəklədi, lakin sona yaxın, Yəzddəki şəhidliklər zamanı o, biganə qaldı. O, qurbanlara nə bir yolla yardım göstərdi, nə müdafiə etdi, nə də onların hamısını öldürənə qədər onların dəfələrlə etdikləri şikayətlərə qulaq asdı. Odur ki, o da vəzifədən çıxarıldı və darmadağın edildi; o qədər vüqarla dalğalanan bayraq endirildi, o ümidvar ürək məyusluğa düçar oldu.
Süleyman xan Müqəddəs Torpaqda, ətrafında Uca Mələklərin dövrə vurduqları Məqamın yaxınlığında yaşamaqda davam etdi. Qaçılmaz ölüm gələnə qədər o, inananlarla yoldaşlıq etdi, Yaşayan və ölməz Olanın saraylarına yola düşdü. O, bu torpaq topasına, dünyaya arxa çevirdi və nur diyarına tələsdi. O, fani varlıq qəfəsini sındırdı və sonsuz, məkansız Fəzaya uçub getdi. Allah onu rəhmət sularında qərq etsin, Əfvini onun üzərinə yağdırsın, ona bol fəzl möcüzələri əta etsin. Ona salam və tərif olsun.
Misgər Əbdürrəhman
BU, KAŞANDAN OLAN səbrli, dözümlü bir kişi idi. O, lap erkən inananlardan biri idi. Hələ bığ yeri tərləməmişdi ki, o, Allaha məhəbbət şərabından içdi, öz gözləri ilə səmavi süfrənin onun qarşısında açıldığını gördü və bol fəzldən öz imanını və payını aldı.
Bir az keçdikdən sonra o, evini tərk etdi, Bağdada olan qızılgül gülşəninə yola düşdü və orada Həzrət Bəhaullahın hüzuruna müşərrəf oldu. O, bir müddət İraqda qaldı, sonsuz lütf tacını başına qoydu. O, Həzrət Bəhaullahın hüzuruna daxil olar, dəfələrlə piyada Onu İki Kazımın məqamına müşayiət edərdi; bu onun üçün böyük həzz idi.
Əbdürrəhman Mosula sügün olunanların arasında idi və sonra o, özünü Əkka qalasına çatdırdı. Burada o, Həzrət Bəhaullahdan xeyir-dua alaraq yaşadı. O, kiçik ticarətlə, xırdavatçılıqla məşğul olurdu, amma bundan razı idi, xoşbəxt və rahat idi. Beləcə möminlik yolu ilə addımlayaraq, o, səksən yaşına qədər yaşadı, bu yaşda, hüzur içində və sakit bir halda Allahın Astanasına uçub getdi. Allah orada onu kərəm və şəfqətə bürüsün, ona əfv libası geyindirsin. Onun nurlu məzarı Əkkadadır.
Məhəmməd İbrahim Təbrizi
BU NƏCİB VƏ əsilzadə insan, Əkka zindanında olan möhtərəm Əbdül-Fəttahın oğlu idi. Atasının orada məhbus olduğunu öyrənəndə, o, bütün sürətlə qalaya gəldi ki, o da şiddətli bəlalarda ona şərik olsun. O, hikmətli, anlayışlı, İlahi eşq şərabından içib həyəcanlanmış, lakin gözəl, xislətinə xas təmkini olan və sakit bir şəxs idi.
O, atasının xasiyyətini götürmüşdü, belə bir deyimin təcəssümü idi ki, uşaq əcdadının sirli mahiyyətidir. Bu səbəbdən uzun müddət ərzində, İlahi Hüzurda o, ləzzət tapdı, tam bir əmin-amanlqıdan həzz aldı. Gündüzlər o, ticarəti ilə məşğul olar, axşamlar evin qapısına tələsərdi ki, dostlarla bir yerdə olsun. O, dəyanətli və səmimi olanların hamısı ilə yaxın idi. O, casəratlə oldu idi. O, Allaha minnətdar, pəhrizkar və ismətli idi, Rəbbin kərəm və fəzlini gözləyir və onlara bel bağlayırdı. O, atasının çırağını yandırdı, Əbdül-Fəttahın evini işıqlandırdı, bu tez ötüb keçən dünyada törəmələri (nəsli) arxada buraxdı.
O, həmişə inananları xoşbəxt etmək üçün lazım olan şeyləri edərdi; o, daim onların rifahına diqqət yetirirdi. O, müdrik, təmkinli və ciddi, möhkəm idi. Allahın fəzli ilə o, sonadək sədaqətli, imanda salamat qaldı. Allah ona əfv piyaləsindən içirsin; Allahın kəramət və razılıq çeşməsindən dadsın; Allah onu ilahi nemət zirvələrinə qaldırsın. Onun şirin rayihəli məzarı Əkkadadır.
Məhəmməd Əli Ərdəkanı
CAVANLIĞININ ÇİÇƏKLƏYƏN BİR zamanında nurlu Məhəmməd Əli Allahın nidasını eşitdi və ürəyini ilahi fəzlə təslim etdi. O, Müqəddəs Ağacın pöhrəsi, Əfnanın xidmətində durdu, xoşbəxt və məmnun yaşadı. Necə oldu ki, Əkka şəhərinə gəldi, xeyli müddət Müqəddəs Astanada oldu, əbədi şərəf tacı qazandı. Həzrət Bəhaullahın fəzlinin nəzəri onun üzərində idi. O, vəfalı bir ürəklə xidmət etdi. onun şad bir təbiəti, yaraşıqlı bir çöhrəsi vardı; O inanan, axtaran, sınaqdan çıxmış və etibarlı bir insan idi.
Həzrət Bəhaullahın günlərində, Məhəmməd Əli dəyanətli qaldı, Böyük Dərddən sonra onun ürəyi ona xəyanət etmədi, zira o, Əhdin şərabından içmiş, fikri Allahın nemətləri üzərində cəmləşmişdi. O, Hayfaya köçdü, son nəfəsinə qədər Karmel Dağında, Müqəddəs Məqamın yanındakı Həzrət`ül-Qüdsə yaxın br yerdə möhkəm bir inanan kimi yaşadı, sonra ölüm gəldi, yer həyatının xalısı yığışdırıldı və bir kənara qoyuldu.
Bu şəxs Astananın həqiqi xidmətçisi, inananlara yaxşı dost idi. Hamı ondan məmnun idi, hamı üçün gözəl, mülaym və incə bir yoldaş idi. Allah ona Öz uca Mələkutunda yardım etsin, Əbha Mələkutunda ona yuva versin, Cənnət bağlarından görüş yerindən, Allahın mistik seyrangahından onun üzərinə bol feyz yağdırsın. Onun əmbər ətirli məzarı Hayfadadır.
Hacı Ağa Təbrizi
TƏBRİZDƏN GƏLMİŞ BU ruhani şəxs erkən gəncliyindən mistik biliyi hiss etmiş, Allahın tünd şərabından içmişdi və köməksiz yaşlarında Əmrdə daim dəyanətli qalmışdı.
Mövlasına məftun olmuş halda o, bir müddət Azərbaycanda yaşadı. Allahın adını daşıyanlardan biri kimi o tərəflərdə məşhur olanda insanlar onun həyatını viranə qoydular. Qohumları və dostları onun əleyhinə çıxdılar, hər gün onu təqib etmək üçün yeni bir bəhanə tapdılar. Nəhayət o, evini tərk etdi, ailəsini götürdü və Ədirnəyə qaçdı. Ədirnə dövrünün sonuna yaxın o, oraya çatdı və zalımlar onu həbsə aldılar.
Bizlərlə, evsiz-eşiksiz sərgərdanlarla birlikdə və Camal`i-Qədimin hifzi altında o, Ən Böyük Zindana gəldi; o, dost və sirdaş idi, müti halda və dözümlə dərd və fəlakətləri bizimlə paylaşdı. Məhdudiyyətlər bir qədər yumşalandan sonra, o, ticarətlə məşğul oldu, Həzrət Bəhaullahın kərəmi ilə, rahatlıq və dinclik içərisində idi. Lakin onun bədəni keçmişdəki məşəqqətlərdən, bütün əzab-əziyyətlərdən zəifləmişdi, duyğu gücləri korlanmışdı; elə ki, sonda o, sağalmağına ümid olmayan bir vəziyyətdə xəstə düşdü. Həzrət Bəhaullahdan uzaqda olmadan, Onun hifz kölgəsində, bu ən əhəmiyyətsiz dünyadan uca Səmalara, bu qaranlıq yerdən nurlar diyarına tələsdi. Allah onu əfv sularında qərq etsin; Allah onu Behişt bağlarına gətirsin və onu orada əbədən salamat saxlasın. Onun pak qəbri Əkkadadır.
Qulam Əli Nəccar
SƏNƏTİ DÜLGƏR OLAN və sənətdə ustad olan bu şəxs Kaşandan gəlmişdiş İman və yəqinlikdə o, qınından sırılmış qılınc kimi idi. Öz şəhərində o, mömin, doğruçu və etibara layiq bir şəxs kimi məşhur idi. O, alicənab, pəhrizkar və ismətli bir insan idi. İman gətirəndə isə onun Həzrət Bəhaullahla görüşmək kimi bir intizarı sakitləşmək bilmədi; nəşəli bir sevgi ilə dolaraq, o, Kaf torpağından yola düşdü və İraqa getdi, orada o, qalxan Günəşin şəfəqlərinə baxdı.
O, yumşaq, səbrli, sakit, əsasən özünə qapalı bir şəxs idi. Bağdadda öz sənəti üzrə işləyirdi, dostlarla əlaqə saxlayırdı, Həzrət Bəhaullahın hüzurunda olmaqla davam gətirirdi. Bir müddət ,o tam xoşbəxtlik və dinclik içində yaşadı. Sonra həbs olunanlar Mosula göndəriləndə, o da qurbanların arasında idi, onlar kimi zalımların qəzəbinə düçar olmuşdu. O, xeyli müddət zindanda qaldı, azad olunan kimi Əkkaya gəldi. O, burada da məhbuslara bir dost idi və Qalada da öz bacarıqlarını işlətməkdə davam etdi. Həmişəki kimi, o, tənhalığa qaçırdı, dostdan və yaddan uzaq durmağa meylli idi, çox vaxt isə özbaşına yaşayırdı.
Sonra bizim üstümüzə ən böyük sınaq, ən böyük dərd gəldi. Qulam Əli Müqəddəs Türbənin üzərində işə başladı və bütün gücünü işə saldı. Bu gün də Həzrət Bəhaullahın Məqamının daxili həyətinin üstündəki şüşə çardaq onun bacarığının məhsulu olaraq oradadır. O, ürəyi büllur kimi saf bir şəxs idi. Onun üzü parlayırdı. Onun daxili haləti sabit idi; heç vaxt dəyişməz, tərəddüd etməzdi. O, son nəfəsinə qədər dəyanətli, sevən və düz (səmimi) idi.
Bu qonşuuluqda bir neçə il qaldıqdan sonra o, Allahın hər şeyi saran mərhəmət qonşuluğuna ucaldı və uca Cənnətdə sakin olanların dostu oldu. O, Həzrət Bəhaullahın görüşünə hər iki dünyada müşərrəf oldu. Bu, ən qiymətli nemət, dəyəri bilinməyən bir bəxşişdir, Ona salam və tərif olsun. Onun nurlu məzarı Əkkadadır. Əbhanın bəhası onun üzərinə olsun.
Cənab`i Münib
ONUN ADI MİRZƏ Ağa idi və özü isə bir ruh idi. O, Kaşanlı idi. Həzrət Babın günlərində o, Allahın şirin rayihələrinə cəlb olunmuşdu. O, məhz o zaman oda tutuşmuşdu. O, gözəl, yaraşıqlı, lətafətlə dolu və incə bir gənc idi. O, tayı-bərabəri olmayan bir xəttat, şair idi, həmçinin gözəl səsi vardı. O, hikmətli və həssas (qavrayışlı) idi. Allahın Əmrində dəyanətli; Allahdan başqa hamıdan əl üzmüş Allaha məhəbbətin bir alovu idi.
Həzrət Bəhaullahın İraqda yaşadığı illərdə, Cənabi Münib Kaşanı tərk etdi və Onun hüzuruna tələsdi. O, getdi, kiçik və sadə bir evdə çox çətinliklə dolandı və Allahın Sözlərini yazmaqla məşğul olmağa başladı. Onun alnında Zühurun bəxşişlərini aydınca görmək olardı. Bütün bu fani dünyada onun malik olduğu cəmi bir şey vardı, bu da onun qızı idi, lakin o, İraqa tələsərkən hətta qızını belə İranda qoyub gəlmişdi.
O zaman ki, Həzrət Bəhaullah və Onun məiyyəti təmtəraq və təntənə ilə Bağdaddan ayrıldı, Cənab Münib də dəstəni piyada müşayiət etdi. Bu cavan İranda asan və xoş bir həyat sürmüşdü, keyfə həvəsi olan bir həyat. O, həm də bir qədər incə və zərif idi və öz istədiyi kimi yaşayırdı.bu aydındır ki, bu cür bir insan Bağdaddan İstanbula gedərkən nə çəkmişdi. Amma bununla belə, o, sevinclə çöllərdə uzun məsafələr ölçdü, gecə və gündüzünü avazla dualar oxumaqla keçirdi, Allaha üz tutaraq Onunla ünsiyyət etdi.
O səfərdə o, mənim yaxın sirdaşım idi. Bəzi gecələr biz birlikdə Həzrət Bəhaullahın hovdasının yanında hərəmiz bir tərəfdə yol gedərdik, sevincimizi isə təsvir etmək mümkün deyil. O gecələrdə bəzən o, şeirlər oxuyardı; onlardan bəziləri Hafizin qəsidələri idi, biri belə başlayırdı, “Gəl, bu qızılgülləri səpək, gəl bu şərabı süzək”, yaxud bir başqası:
Biz Sultanımıza təzim etsək də
Özümüz səhər ulduzuyuq
Bizim rənglərimiz dəyişməzdir
Biz qırmızı şir, qara əjdahayıq.
Camal`i-Mübarək İstanbuldan ayrılanda, Cənabi-Münibə göstəriş verdi ki, İrana qayıtsın və Əmri bəyan etsin. Əmrə uyğun olaraq, o, İrana getdi və uzun bir zaman, xüsusilə Tehranda görkəmli xidmətlər etdi. O, yenə də İrandan Ədirnəyə qayıtdı, Həzrət Bəhaullahın hüzuruna daxil oldu, Ona qulluq etmək imtiyazından ləzzət aldı. Ən böyük fəlakət zamanı isə, yəni Əkkaya sürgün olunanda, o da bu Yolda həbs edildi və indi artıq zəif və xəstə halda, Həzrət Bəhaullahın məiyyəti ilə birlikdə səfərə çıxdı.
O, şiddətli xəstəlikdən sarsılmışdı və ürək yandıran qədər zəif idi. Amma o, yenə də müalicə ala biləcəyi Ədirnədə qalmağa razı olmadı, çünki o, həyatını fəda etmək və Rəbbinin ayaqları altına yıxılmaq istəyirdi. Biz dənizə yetişənə qədər getdik. O, indi o qədər zəifləmişdi ki, üç nəfər kişi onu qaldırıb gəmiyə aparmalı oldu. Gəmiyə qalxandan sonra onun vəziyyəti elə pisləşdi ki, kapitan onu gəmidən endirməkdə israr etdi, lakin bizim dəfələrlə ricamızı dinləyərək Smirnaya qədər gözlədi. Smirnada gəminin kapitanı polkovnik Ömər Bəyə müraciət etdi, bizi müşayiət edən hökumətin nümayəndəsi ona dedi: “Əgər siz onu quruya (yerə) salmasanız, mən bunu zorla edəcəyəm, çünki gəmi bu vəziyyətdə sərnişin qəbul etməyəcək”.
Belə olduqda, biz məcbur olduq ki, Cənabi-Münibi Smirnada (indiki İzmir) xəstəxanaya qoyaq. O qədər zəif idi ki, bir söz belə deməyə taqəti yoxdu, amma güclə özünü demək olar, sürüyüb Həzrət Bəhaullahın yanına gəldi, Onun ayaqlarına yıxıldı və ağladı. Həzrət Bəhaullahın da çöhrəsində şiddətli bir ağrı vardı.
Biz Cənabi Münibi xəstəxanaya apardıq amma məmurlar bizə bir saatdan çox vaxt vermədilər. Biz onu yatağa uzatdıq; onun mübarək başını yastığa qoyduq; biz onu tutduq və çoxlu öpdük. Sonra onlar bizi zorla oradan çıxardılar. Aydındır ki, biz nə hiss etdik. Mən o anı xatırlayanda həmişə gözlərim yaşarır; Mənim ürəyimdən daş asılıb, onun nə olduğunu yadıma salıram. Böyük bir insan; son dərəcə hikmətli, dəyanətli, təvazökar və ciddi idi; iman və yəqinlikdə onun bənzəri yoxdu. Onda batini və zahiri, ruhani və fiziki kamilliklər birləşmişdi. Məhz ona görə o, sonsuz bəxşiş və fəzl ala bildi.
Onun məzarı Smirnadadır, amma unudularaq baxımsız qalıb. Nə vaxt imkan olsa, dostlar onu axtarıb tapmalı, o tərk edilmiş torpaq (məzar) tez-tez ziyarət olunan məbədə çevrilməlidir ki, oranı ziyarət edən zairlər onun son mənzilinin şirin rayihələrindən nəfəs alsınlar.
Mirzə Mustafa Nəraqi
PAK VƏ GÖZƏL ruhların arasında, Nəraqın öndə gələn sakinlərindən və ilk inananlardan biri Mirzə Mustafa da vardı. Onun üzü İlahi Məhəbbətdən parlayırdı. Onun fikri çəmənlər və çiçək ləkləri kimi gözəl mistik mənalar anemonları ilə məşğul idi.
Məhz Həzrət Babın zamanında o, dodaqlarını ruhani həqiqət camına toxundurdu və ağlında qəribə qarışıqlıq, ürəyində şiddətli həsrət oyandı. O, Allahın yolunda bütün varidatını atdı; o, hər şeyi itirdi, evini tərk etdi, qohumlarını, fiziki rifahını, fikir rahatlığını əldən verdi. Qum üzərindəki balıq kimi, o, həyat suyuna yetişmək üçün savaşdı. O, İraqa gəldi, könül dostlarına qoşuldu və Həzrət Bəhaullahın hüzuruna daxil oldu. Bir müddət orada nəşə və məmnunluq içində sonsuz nemətlər alaraq yaşadı. Sonra o, İrana göndərildi, orada bütün gücü ilə, Əmrə xidmət etdi. O, sağlam və müvəffəq bir şəxs idi, möhkəm, dağlar kimi tərpənməzdi. Salamat, etibara layiq; o qədər çaxnaşma və təşviş içində olan bu adama çöl itlərinin ulartısı milçək vızıltısı idi; sınaq və bəlalar onun beynini dincəldirdi; birdən tutuşan bəlalar alovuna atılanda onun işıldyan qızıl olması üzə çıxdı.
Həzrət Bəhaullahın məiyyəti İstanbuldan Ədirnəyə yola düşən gün Mirzə Mustafa İrandan gəlib çıxdı. Onun Həzrət Bəhaullaha yetişmək üçün bir dəfədən başqa şansı yox idi; bura gələndə ona göstəriş verildi ki, İrana qayıtsın. Belə bir məqamda o, qəbula müşərrəf oldu.
Mirzə Mustafa Azərbaycana çatanda Əmri yaymağa başladı. Gecə və gündüz o, dua halətində qaldı orada. Təbrizdə aşıb-daşan piyalədən içdi. Onun atəşi artdı, onun təbliği çaxnaşma qaldırdı. Belə olduqda görkəmli alim məşhur Şeyx Əhməd Xorasani Azərbaycana gəldi və onlar qüvvələrini birləşdirdilər. Nəticə belə bir dəfedilməz ruhani yanğın oldu ki, onlar Əmri açıq və camaat qarşısında təbliğ etdilər və Təbriz camaatı qəzəblə ayağa qalxdı.
Fərraşlar onların arxasınca düşüb qovdular və Mirzə Mustafanı tutdular. Bu zaman zalımlar dedilər: “Mirzə Mustafanın iki uzun saç hörüyü vardı. Bu o adam deyil”. Birdən Mirzə Mustafa papağını çıxardı və saçlarını silkələyib tökdü. “Baxın!” O dedi, “Mənəm”. Belə olduqda onu həbs etdilər. Onlar ona və Şeyx Əhmədə işgəncə verdilər və nəhayət Təbrizdə, bu iki böyük insan ölüm piyaləsindən içib şəhid olsunlar və Üfüq`i-Əlaya tələsdilər.
Onlarınn öldürüldükləri yerdə Mirzə Mustafa qışqırdı: “Birinci məni öldürün, məni Şeyx Əhməddən əvvəl öldürün ki, onların onun qanını tökmələrini görməyim!”
Onların böyüklüyü Həzrət Bəhaullahın Yazılarında həmişəlik üçün yazılıb. Onlar Ondan çoxlu Lövhlər aldılar, onların ölümündən sonra O, Öz uca qələmi ilə onların yaşadıqları iztirabları yazdı.
Gəncliyindən yaşlı vaxtına qədər bu nurlu insan Mirzə Mustafa bütün həyatını Allahın yolunda xidmətə həsr etdi. Bu gün o, Əbha Cənnətində, Allahın təsvirəgəlməz mərhəməti yanında sakindir və son dərəcə yüksək bir şadlıqla sevinir, Rəbbinin tərifini söyləyir. Ona xeyir-bərəkət olsun, gözəl yuva Rəblərin Rəbbindən ona böyük sevinc müjdələri olsun. Allah ona o uca Məclisdə məqam bəxş etsin.
Zeynül-Müqərrəbin
BU GÖRKƏMLİ ŞƏXS Həzrət Babın yoldaşları və Həzrət Bəhaullahın dostları arasında ən böyük şəxsiyyətlərdən biri idi. İslamda olarkən, o, artıq paklıq və həyatının təmizliyi ilə məşhur idi. O, bir çox istiqamətlərdə istedad sahibi və böyük biliyə malik idi, O, bütün Nəcəfabadın lideri və ruhaniyyət təcəssümü idi, o, bölgənin bütün böyükləri ona sonsuz ehtiram göstərirdilər. O, danışanda həlledici fikir onun olardı; O, hökm yürüdəndə, o keçirdi; çünki hamı onu meyar hesab edir, son mötəbərlilik məqamı bilirdilər.
O, Həzrət Babın bəyanını duyar-duymaz, ürəyinin dərinliklərindən dedi: “Ey bizim Rəbbimiz! Biz həqiqətən, çağıranın səsini eşitdik. O, bizi Dinə çağırdı–“Rəbbinizə inanın və biz inandıq”, o, bütün mane olan pərdələrdən xilas oldu; onun şübhələri dağıldı, keçmişin vəd verdiyi Camalı vəsf və tərənnüm etməyə başladı. İsfahanda öz evində, uzun zamandan bəri həsrəti çəkilən Kəsin zühurunun baş verməsini hər yana yaymaqla məşhur idi. Riyakarlar ona rişxənd edir, lənətləyir və əzab-əziyyət verirdilər. İnsanlar isə “otlar üzərindəki ilan kimi kütlə”, əvvəllər ona təsim edənlər, indi ona zərər vurmaq üçün qalxdılar. Zülmkarlar hər gün yeni qəddarlıq, yeni əziyyət gətirirdilər. O, bunların hamısına dözdü, gözəl bəlağətlə təbliğində davam etdi. Onların hiddəti artıqca o, dəyanətli, sabit qaldı. Əlində o İlahi müjdələr camını uzadıb durmuşdu, Allahı tanımağın məstedici içkisindən gələn hər kəsə təklif edirdi. Onda qətiyyən qorxu yoxdu, təhlükənin nə olduğunu bilmirdi, Rəbbin müqəddəs yolu ilə sürətlə gedirdi.
Şaha qəsd cəhdindən sonra heç bir sığınacaq yox idi; ağır müsibətlərsiz nə bir axşam, nə də bir səhər vardı. Belə bir vaxtda onun Nəcəfabadda qalması inananlar üçün böyük təhlükə olduğundan, oranı tərk etdi və İraqa getdi. Bu o zaman idi ki, Camal`i-Mübarək Kürdüstanda idi, orada O, güşənişinliyə çəkilmişdi və Sar-Qalu mağarasında yaşayırdı, onda Cənabi Zeyn Bağdada gəldi. Lakin onun ümidləri parçalandı, ürəyi kədərləndi, çünki hər şey səssiz idi: Allahın Əmrindən bir söz belə yox idi, onun nə adı, nə də şanı qalmışdı; nə yığıncaqlar vardı, nə də bir çağırış eşidilirdi. Yəhya qorxudan dəhşətə düşərək ortadan yox olub hardasa qaranlıq bir yerdə gizlənmişdi. Ölgün, susqun, o, özünü gizlətmişdi. Nə qədər çalışsa da, Cənab Zeyn bir kəsi tapa bilmədi. Tək bircə təsadüdən o, möhtərəm Kəlimlə rastlaşmıdı. Lakin bu zaman inananlar çox böyük ehtiyatkarlıq edirdilər və o, çıxıb Kərbəlaya getdi. Bir müddət orada qaldı, Yazıların üzünü köçürməklə məşğul oldu, sonra da evinə, Nəcəfabada döndü. Burada mənfur təqibləri və amansız düşmənlərin hücumları dözülməz oldu.
Lakin şeypur ikinci dəfə səslənəndə, o həyat qayıtdı. Onun qəlbi Həzrət Bəhaullahın gəlişinə cavab verdi; Təbilin səsinə: “Mən sizin Rəbbiniz deyiləmmi?” onun ürəyi cavab verdi:”Bəli!” Bəlağətlə, Allahın Zahir edəcəyi Kəsin–Həzrət Babın Vəd Verdiyi Kəsin−doğrudan da gəldiyini sübut etmək üçün o həm məntiqi, həm də tarixi sübutlar gətirərək yenidən təbliğ başladı. Susuzlara o canlandırıcı su, axtaranlara Mələyi-Əladan gələn cavab idi. Yazılarımda və danışıqlarında, möminlər arasında o, birinci idi, izah və şərhlərində isə Allahın qüdrətli əlaməti idi.
Onun həyatı İrtanda qaçılmaz təhlükə altında idi; Onun Nəcəfabadda qalması ara qarışdıranları qızışdıra və iğtişaş sala biləcəyi üçün, o, Ədirnəyə tələsdi və Allahın sığınacağını axtararaq və “Ya Rəbb, Ləbbeyk (Burdayam)” söyləyərək getdi. Aşiqin ziyarətçi paltarını geyinərək o arzusunun Məkəsinə yetişdi. Bir müddət o orada, Həzrət Bəhaullahın hüzurunda qaldı, sonra ona cənab Mirzə Cəfər Yəzdi ilə birlikdə Əmri bəyan etmək üçün getmək əmri verildi. O, İrana qayıtdı və daha da bəlağətlə elə təbliğə başladı ki, Rəbbin gəlişinin müjdələri göylərdə əks-səda verdi. Mirzə Cəfərlə birlikdə o hər yerə getdi, abad və xaraba şəhərləri gəzdi, Camal`i-Mübarəkin indi zühur etmə müjdəsini yaydı.
O, bir də İraqa qayıtdı, burada o, hər bir məclisin mərkəzi, dinləyənlərin sevinci idi. O, həmişə müdrik məsləhətlər veriridi. O, həmişə Allahın məhəbbət oduna tutuşub yanırdı.
İnananlar İraqda həbs edilib Mosula göndəriləndə, Cənab Zeyn başçı oldu. Bir müddət o, başqalarına bir təsəlli kimi və onların müşküllərini həll etməyə çalışaraq Mosulda qaldı. O, insanların ürəklərində məhəbbət şamı yandırar, bir-birlərinə iltifatlı olmağa sövq edərdi. Sonra o, Həzrət Bəhaullah xidmət etmək üçün izn istədi; buna icazə veriləndə, o, Zindana gəldi, və Məhbubun hüzuruna daxil olmaq şərəfinə malik oldu. Sonra o, özünü müqəddəs ayələri yazmaq və dostları təşviq etməklə məşğul etdi. Mühacirlərə o, sevginin özü idi. Müsafirlərin ürəklərini qızdırırdı. O, heç vaxt bir an belə dincəlmədi, Bəhai Yazılarını səhvsiz bir diqqətlə köçürərkən hər gün yeni fəzl və nemətlər aldı.
Erkən yaşlarından son nəfəsinə qədər bu görkəmli kişi Məzhərə xidmətində heç vaxt qüsur etmədi. Süuddan sonra o, elə kədərə düşdü, davamlı göz yaşı tökdü, elə iztirab çəkdi ki, günlər keçdikcə o da əridi. O, Əhdə sədaqətli qaldı və Dünyanın Nurunun bu bəndəsinin yaxın sirdaşı idi, amma o, bu həyatdan getmək istəyirdi və getməsini hər gün gözləyirdi. Nəhayət, aram və xoşbəxt bir halda, Mələkutun müjdələrinə sevinərək, o, uçub əsrarəngiz diyara getdi. Orada o, hər cür kədərdən qurtuldu və şəfəqlərin toplandığı yerdə o, nura qərq oldu.
Ona Parlaq Fəzadan salamlar və tərif, Mələyi-Əladan Əbanın bəhası, əbədi Mələkutdan böyük sevinclər olsun. Allah ona Əbha Cənnətində ucaməqam əta etsin.
Əzim Təfrişi
BU ALLAH ADAMI Təfriş qəsəbəsindən idi. O, bu dünyadan qopmuşdu, qorxmaz, eynilə qohum və yadlardan müstəqil idi. O, erkən inananlardan biri idi, vəfadarların dəstəsinə mənsub idi. İman şərəfini o, İranda olanda qazandı və dostlara kömək etməyə başladı; o, hər bir inananın xidmətçisi, hər bir müsafirin etibarlı köməkçisi idi. Musa Qumi ilə, onun üzərinə Allahın bəhası olsun, o, İraqa gəldi, Dünyanın Nurundan kərəm payını aldı və Həzrət Bəhaullahın hüzuruna daxil olmaqla şərəfləndi, Ona xidmət etməklə bəxşişlər və fəzl obyekti oldu.
Bir müddətdən sonra Əzim və Haci Mirzə Musa İrana qayıtılar, Əzim burada tamamilə Allah xatirinə dostlara xidmət göstərməkdə davam etdi. Məvacibsiz yaxud maaşsız o, Mirzə Nəsrullah Təfrişiyə bir neçə il xidmət etdi, onun imanı və yəqinliyi hər gün artdı. Sonra Mirzə Musa İrandan Ədirnəyə getdi, onun yanında Cənab Əzim də gəldi və Həzrət Bəhaullahın hüzuruna daxil oldu. O, məhəbbət və sədaqətlə, tamamilə Allah xatirinə xidmət göstərməkdə davam etdi; Məiyyət Əkkaya yola düşəndə Əzim Həzrət Bəhaullahı müşayiət etmək imtiyazı aldı və o da Ən Böyük Zindana daxil oldu.
Zindanda o, Ailəyə (Evin adamlarına) xidmət etmək üçün seçilmişdi. O, həm evdə, həm də evdən kənarda su daşıyan idi. Kazarmalarda o, çoxlu ağır işlər götürdü. Nə gecə, nə də gündüz onun qətiyyən dincliyi yox idi. Əzim–“böyük, möhtəşəm”–xasiyyətinə görə əzəmətli, möhtəşəm idi. O, səbrli, dözümlü, təmkinli idi, bu dünyanın ləkələrindən qaçırdı. Və ailənin su daşıyanı olduğundan, hər gün Həzrət Bəhaullahın hüzuruna gəlmək şərəfinə malik idi.
O, bütün dostlara yaxşı sirdaş, onların ürəklərinə bir təsəlli idi; onların hamısına, orda olanlara da, olmayanlara da şadlıq gətirirdi. Həzrət Bəhaullahın dəfələrlə bu şəxsi tərif edən sözlər söylədiyi eşidilmidi. O, daim eyni bir daxili haləti saxlayırdı; o, daim sabit idi, dəyişkliyə heç vaxt məruz qalmazdı. Daim şad görünürdü. Yorğunluğun nə olduğunu bilməzdi. Heç vaxt məyus olmazdı. Kimsə bir şey etməsini istəsə, dərhal onu edərdi. İmanında dəyanətli və möhkəm, Allahın ətirli qayğı bağında bitmiş bir ağac idi.
Uzun illər ərzində Müqəddəs Astanada xidmət etdikdən sonra o, Mələkutun müjdələrindən şad halda, sakit, aram, bu tez solan dünyadan çıxıb ölüm bilməyən dünyaya getməyə tələsdi. Dostlar, onların hamısı, onun vəfatından göz yaşları axıtdılar, lakin Camal`i-Mübarək onları təsəlli etdi, çünki gedən şəxsin üzərinə O, Öz fəzl və tərifini bolluca yağdırmışdı.
İlahi şəfqət Mələkutundan Əzimə rəhmət olsun; gecə düşəndə və günəş doğanda Allahın bəhası onun üzərinə olsun.
Mirzə Cəfər Yəzdi
DÖYÜŞ MEYDANININ BU cəngavəri həqiqəti arayanların ən biliklilərindən biri, elmin bir çox sahələrindən yaxşı xəbərdar idi. Uzun bir zaman o, məktəblərdə oxumuş, dinin əsasları və dini hüquqda ixtisaslaşmış, hikmət və metafizikada, məntiq və tarixdə, manqul və maqul elmlərində araşdırmalar aparmışdı. Lakin o, başa düşməyə başladı ki, onun yoldaşları təkəbbürlü və özlərindən razıdırlar və bu onda ikrah yaratdı. Məhz bu vaxtlar idi ki, o, Mələyi-Əladan nida eşitdi və bir an da tərəddüd etmədən səsini qaldırdı və cavab verdi: “Ləbbeyk!” və bu sözləri təkrar etdi: “Ey bizim Rəbbimiz! Biz həqiqətən, çağıranın səsini eşitdik. O bizi Dinə çağırdı–“Rəbbinizə inanın və biz inandıq”.
O, Yəzddə böyük çaxnaşma və iğtişaş görəndə, vətənini tərk etdi və Nəcəfə, nəcib şəhərə getdi; burada təhlükəsizlik məqsədilə din ailmləri ilə qarışdı, geniş biliyi ilə onların arasında məşhurlaşdı. Sonra Bağdadda gələn səsi eşitdi və oraya tələsdi, geyim tərzini dəyişdi. Yəni, başına dünyəvi adam papağını qoydu və dülgər kimi dolanışıq pulu qazanmağa getdi. O, bir dəfə Tehrana getdi, qayıtdı, Həzrət Bəhaullahın fəzlinin kölgəsində o, səbrli və qane idi, yoxsulluq libasında sevinirdi. Böyük biliyinə baxmayaraq o, təvazökar, müti və könlü alçaq idi. O, daim sükut edər, hər cür insana gözəl bir yoldaş idi.
İraqdan İstanbula səfər zamanı Mirzə Cəfər Həzrət Bəhaullahın məiyyətində idi və dostların ehtiyaclarına baxırdı və bu bəndə ilə qoşa işləyirdi. Biz yolda istirahət üçün dayandıqda, inananlar uzun yolçuluqdan sonra dincələr və ya yatardılar. Mirzə Cəfərlə mən ora-bura, ətrafdakı kəndlərə gedər, karvan üçün çovdar, saman və digər şeylər axtarardıq.
O ərazidə aclıq olduğu üçün, elə olurdu ki, biz bəzən ay çıxandan sonra gecənin yarısına qədər kənddən kəndə dolaşırdıq. Ən yaxşı halda biz nə tapırdıqsa, onu alır və məiyyətin yanın qayıdırdıq.
Mirzə Cəfər səbrli və dözümlü, Müqəddəs Astanada vəfalı bir xidmətçi idi. O, gecə və gündüz işləyərdi, bütün dostların xidmətçisi idi. Sakit, az danışan, hər şeydə Allaha təvəkkül edən bir insan idi. Əkka sürgünü meydana çıxan qədər o, Ədirnədə xidmət etməkdə davam etdi və o da həbs olundu. O, buna görə minnətdar idi, davamlı olaraq şükr edərək deyirdi, “Allaha həmd olsun! Mən tam yüklənmiş gəmidəyəm”.
Zindan ona qızılgül bağı idi, dar hücrəsi isə geniş və rayihəli bir saray. Biz kazarmalarda qalanda o, çox ağır xəstələndi və yatağa düşdü. O, çox ağırlaşmalar keçirdi, axırda həkim ondan əlini üzdü və daha yanına gəlmədi. Xəstə kişi son nəfəsini alırdı. Mirzə Ağa Can Həzrət Bəhaulahın yanına qaçdı və dedi ki, ölüb. O, nəinki nəfəs almırdı, bədəni də artıq süstləşmişdi. Ailəsi başına toplaşmış, ağlayır, acı göz yaşları tökürdülər. Camal`i-Mübarək buyurdu: “Get və Ya Şafi” duasını oxu və Mirzə Cəfər diriləcək. Çox tez bir zamanda o, əvvəlki kimi olacaq”. Mən özümü onun yanına yetirdim. Onun bədəni soyuq idi, ölümün bütün əlamətləri vardı. Yavaş-yavaş o, tərpəşməyə başladı. Bir az keçmiş o, əzalarını hərəkət etdirə bildi, bir saat keçməmiş o, başını qaldırdı, qalxıb oturdu və gülməyə və zarafat etməyə başladı.
Ondan sonra o, çox yaşadı, həmişəki kimi dostlara xidmətlə məşğul oldu. Bu verici xidmət onun üçün qürur mənbəyi idi: o, hamı üçün xidmətçi idi. O, həmişə təvazökar və müti idi, Allahı zikr edərək, son dərəcə ümid və imanla dolu idi. Nəhayət, hələ Ən Böyük Zindanda ikən, o, bu yer həyatını tərk etdi və o, biri aləmə (qeyb aləminə) uçub getdi.
Ona salam və tərif olsun. Əbhanın bəhası, Rəbbin nəzəri onun üzərinə olsun. Onun nurlu məzarı Əkkadadır.
Hüseyn-Ağa Təbrizi
Müqəddəs Astanaya yaxın olan bu şəxs Əli Əsgər Təbrizinin möhtərəm oğlu idi. Yanar bir məhəbbətlə dolu, atası ilə birlikdə o, Təbrizdən Ədirnəyə gəldi və öz arzusu ilə, sevinc və ümidlərlə Ən Böyük Zindana getdi. Əkka qalasına gələn gündən bəri o, qəhvə xidmətini öz üzərinə götürdü və dostlara xidmət etdi. Bu incə rəftarlı şəxs o qədər səbrli, elə anlayışlı və itaətkar idi ki, qırx ilin ərzində son dərəcə ağır çətinliklərə baxmayaraq (çünki gecə və gündüz dost və yad qapıda dəstə ilə dayanardı), gələnlərin hamısına vəfa ilə kömək olaraq onların hər birinə xidmət edirdi. Bütün o zaman ərzində, Hüseyn Ağa bir nəfəri belə incitməmişdi, nə də kimsə, onunla əlaqəsi olan bir yerdə, tək bir şikayət etmişdi. Bu həqiqətən də, bir möcüzə idi, daha heç kəs belə bir xidmət rekordu (yüksək xidmət nəticəsi göstərə) vura bilməmişdi. O, həmişə gülər, etibarlı bir insan kimi tanınaraq ona həvalə edilmiş hər bir işə diqqətlə yanaşardı. Allahın Əmrində o, dəyanətli, vüqarlı və səmimi idi; bədbəxtlikdə o, səbrli və dözümlü idi.
Həzrət Bəhaullahın süudundan sonra imtahan atəşi alovlandı və xəyanət (pozuculuq) burulğanı binanı silkələdi. Bu inanan yaxın qohumluq əlaqələrinə baxmayaraq, sədaqətli qaldı, Allahın Əmrində o, tənə vuranın tənəsindən qorxmaz” sözlərini təzahür etdirdi. O, imanında bir an belə tərəddüd etmədi, nə də tərpəndi, dağlar kimi möhkəm durdu, alınmaz qala kimi, yerə möhkəm kök atmış kimi, vüqarlı dayandı.
Əhdi sındıranlar onun anasını öz yerlərinə apardılar, orada onun qızı yaşayırdı. Onlar ağıllarına gələn hər şeyi etdilər ki, onun imanını laxlatsınlar. Əhdi sındırdıqlarını gizlədərək, onlar inanılmaz dərəcədə onu iltifat yağışına tutdular, onu mehribanlıq və lütfkarlıqla əhatə etdilər. Amma, nəhayət, Həzrət Bəhaullahın o hörmətli kənizi pozuculuq iyini duyan kimi Bəhci Sarayını tərk etdi və geriyə, Əkkaya tələsdi. “Mən Camal`i-Mübarəkin kəniziyəm”, o dedi, “Onun Əhdinə və Vəsiyyətinə sadiqəm. Mənim kürəkənim göyün şahzadəsi olsa da, onun mənə nə faydası var? Məni qohumluq və hissiyyat oyunu ilə aldatmaq olmaz. Xudbin istəklərin təcəssümü olan kəslərin zahiri dostluq təzahürləri məni maraqlandırmır. Mən Əhdin yanındayam və Vəsiyyətnamənin tərəfindəyəm”. O, bir daha Əhdi sındıranlarla görüşmək istəməzdi; o, özünü onlardan tamamilə ayırdı və üzünü Allaha tutdu.
Hüseyn Ağa özünün Əbdül-Bəhadan heç vaxt ayırmadı. O, mənə ən yüksək ehtiram göstərir və mənin daimi yoldaşım idi, ona görə də onun vəfatı ağır bir zərbə idi. Hətta indi də, o, yadıma düşəndə mən kədərlənirəm. onun itkisini ağlayıram. Amma Allaha həmd olsun ki, bu Allah adamı Camal`i-Mübarəkin günlərində həmişə Onun Evinin yaxınlığında qaldı və Onun razılığının hədəfi oldu. Həzrət Bəhaullahın, Hüseyn Ağanın məhz bu xidməti göstərmək üçün yaradıldığını buyurması dəfələrlə eşidilmişdi. Qırx illik xidmətdən sonra o, bu tez ötüb keçən dünyanı tərk etdi və Allahın aləmlərinə uçub getdi. Ona salam və tərif, kəramətli Rəbdən rəhmət olsun. Rəfiqi-Əladan saçan nur onun məzarını sarsın.