Vəfadarlar Haqqında Xatirələr (bölmə 1)
Həzrət Əbdül-Bəhanın Söhbətlərindən
İnglis Dilindən Tərcümə - Mərziyyih Geyil, Bəhai Dünya Mərkəzi
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
Həzrət Bəhaullahın Həvarilər
Mündəricat
Ön söz 6
Nəbil`i-Əkbər 8
İsmullahul Əsdəq 12
Molla Əli Əkbər 15
Şeyx Salman 19
Mirzə Məhəmməd Əli Əfnan 22
Hacı Mirzə Həsən Əfnan 26
Məhəmməd Əli İsfahani 28
Bağban Əbdü`s Saleh 30
Ustad İsmayıl 32
Nəbil Zərəndi 35
Dərviş Sidq`Əli (Sidq-həqiqi) 39
Ağa Mirzə Mahmud və Ağa Rza 41
Qəzvinli Pidarcan 43
Şeyx Sadiq`i-Yəzdi 44
Şah Məhəmməd Əmin 46
Məşədi Fəttah 48
Nəbil Qaini 49
Ön Söz
HƏYATININ AXIR İLLƏRİNDƏ―1914-1915-ci illərdə Həzrət Əbdül-Bəha hər axşam zəvvarlarla yeni tikilmiş Hayfa müsafirxanada bu hekayələrə söhbət edərdi. Kitab Həzrət Əbdül-Bəhanın yazıya alınmış söhbətlərindən ibarətdir. Onunla ünsiyyətə girən hər kəs üçün Həzrət Əbdül-Bəha üstün bir tərz və bəlağət nümunəsi idi.
Həzrət Əbdül-Bəhanın doqquz yaşı olanda Həzrət Bəhaullahın Məqamını tanıdı və Onu bir Peyğəmbər kimi qəbul edərək həmin anda Özünü Həzrət Bəhaullahın ayaqlarına atdı və ağlaya-ağlıya Onun yolunda şəhidlik istədi. Bu andan etibarən bütün həyatını Həzrət Bəhaullaha həsr etdi və öz adını Əbdül-Bəhaya dəyişdi. Bu adın mənası “Bəhanın Qulu” deməkdir. Həzrət Bəhaullahı ziyarətə gələn bütün zəvvarlar kiçik yaşlarından Onu tanıyırdılar çünkü, ziyarətçiləri hazırlaşdırırdı. Yəni, şəhərə daxil olanları yerləşdirir, onlara ev tapır, ziyarətdən öncə onları hamama aparır, hətta lazım gələndə yeni paltar verirdi. Ziyarətçilərə Allahın Elçisinin hüzuruna gedərkən necə davranmaq lazım olduğunu öyrədirdi ki, məbada, Allahın Elçisinin yanında kimsə bir səhv edə və sonra peşmançılıq çəkə. Həzrət Əbdül-Bəha axşamlar həmin vəfalı zəvvarlara öz evindən yemək göndərir və həmişə onlarla təmasda olurdu. Ona görə də onların həyatları və güzəranları ilə yaxşı tanış idi. Bu hekayələri Həzrət Əbdül-Bəha (artıq Həzrət Bəhaullahdan sonra Əhdin Mərkəzi seçildikdə) gənc zəvvarların xahişi ilə danışırdı.
Bu xatirələrin farsca transkripsiyası sonralar Həzrət Əbdül-Bəhanın Özü tərəfindən düzəldilmiş, 1924-cü ildə çap edilmiş tək cilddə toplanmışdı. İngilis dilinə tərcüməsi 1971-ci ildə çap edilmişdi. Vəfadarlar Haqqında Xatirələr Bəhai Dininin Qəhrəmanlıq Erasının mühüm bir hissəsidir. On iki aya yaxın bir müddətdə, bəlkə ondan da az bir müddətdə onu bir kitaba çevirərək Həzrət Əbdül-Bəha İlahi Plan Lövhlərini nazil etməyə başladı―bu bir hərəkətə hazırlıq əmri idi ki, onun daxilində Onun müraciət etdiyi Onun Vəfdarlar Haqqında Xatirələrində verdiyi məsləhətləri əmələ çevirə bildi.
Həzrət Əbdül-Bəha Onun həyatı dövründə Onu tanıyanların həyatlarını təsvir edərkən, eyni zamanda ruhani səyahətimizdə bizim hamımıza müraciət edir. Çünki, O, yalnız on doqquzuncu əsrdə yaşamış bu qadın və kişilərin həyatını deyil, həm də bizim dövrümüzdə bizi təsvir edir. O, bizim nigarançılığımıza müraciət edir. Bizimlə qələbə və uğursuzluqlarımızdan danışır. O, insan həyatının, haqqında danışılmayan ölçülərindən bəhs edir, insan həyatının sükut edən, tərcümeyi hallarda toxunulması çətin olan kökündən, daxili “mən”dən danışır. Bu özəl, bu daxili şəxsiyyət, Onun Vəfadarlar Haqqında Xatirələrdə haqqında danışdığı şəxsiyyətdir. O, bu daxili həyatı zəngin bir kontekstdə, sosial-tarixi matrisaya salır. O, çoxlu ziyarətləri təsvir edir, siz və mənə isə buraxır ki, özümüzün həyatımızı bu ziyarətlər kontekstində quraq. Bizim hamımız bu hekayələrin hər birində gizlənmiş mesajlarla öz həyatmızı formalaşdırmalı və müəyyən etməliyik.
---Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
Nəbil`i-Əkbər
NƏCƏF ŞƏHƏRİNDƏ ŞEYX Mürtəza adlı çox tanınmış bir müctəhidin tələbələri arasında misli-bərabəri olmayan bir nəfər vardı. Onun adı Ağa Məhəmməd Qaini idi, sonralar İlahi Məzhər ona Nəbil`i-Əkbər adı vermişdi. Bu görkəmli insan müctəhidin tələbələri arasında lider olmuşdu. Onların hamısının arasından seçilərək yalnız ona müctəhid rütbəsi verilmişdi–çünki mərhum müctəhid bu dərəcəni heç vaxt verməzdi.
O, yalnız ilahiyyatda deyil, humanitar elmlərdə, İşraqilik fəlsəfəsində, mistiklərin təlimlərində və Şeyxi məktəbi kimi elmin başqa sahələrində də üstün idi. O, hərtərəfli bir insan idi, özlüyündə inandırıcı bir sübut idi. Onun gözü İlahi hidayət nuruna açılanda və Cənnətin rayihələrini duyanda o, Allahın atəşinə çevrildi. Onun ürəyi atlandı, sevinc və məhəbbətdən vəcdə gələrək dəryaların nəhəng balığı kimi nərə çəkdi.
Tərif yağışı altında o, müctəhiddən yeni məqam (dərəcə) aldı. Sonra Nəcəfi tərk etdi və Bağdada gəldi. Burada o, Həzrət Bəhaullahı görmək şərəfinə nail oldu. Burada o, Sinada (Turda) Müqəddəs Ağacda yanan işığı gördü. Tezliklə elə bir hala düşdü ki, nə gecə dincəldi, nə də gündüz.
Bir dəfə, evin kişilər üçün ayrılmış otağında (birunda) döşəmədə, şərəfli Nəbil Həzrət Bəhaullahın hüzurunda ehtiramla təzim etmişdi. Bu vaxt Kərbəla müctəhidlərinin etibarlı yoldaşı Hacı Mirzə Həsən Əmu Fəxrüd-Dövlə Zeynül Abidin Xanla içəri daxil oldular. Nəbilin necə mütilik və ehtiramla təzim etdiyini görəndə Hacı donub qaldı.
“Ağa,” O, pıçıldadı, “sən burda nə edirsən?”
Nəbil dedi: “Sən nə üçün gəlmisən, mən də o səbəbdən burdayam.”
Bu iki qonaq gördüklərindən özlərinə gələ bilmirdilər, çünki hamı bilirdi ki, bu adamın müctəhidlərin arasında bərabəri yoxdur və məşhur Şeyx Mütəzanın ən sevimli tələbələrindən biridir.
Sonra, Nəbil`i-Əkbər İrana qayıtdı və Xorasana getdi. Qainin hakimi Mir Ələm Xan əvvəlcə ona hər cür iltifat göstərdi və onunla ünsiyyətə yüksək dəyər verdi. Bu o dərəcədə nəzərə çarpırdı ki, insanlar onun hakimi ovsunladığını düşünürdülər, əslində isə o, bu alimin bəlağətinə, bilik və kamilliyinə məftun olmuşdu. İnsan bundan bir qənaət hasil edər ki, başqaları ona necə ehtiram göstərirdilər, “çünki insanlar padşahlarının inancı arxasınca gedirlər”.
Nəbil bir müddət bu cür hörmət və ehtiram içində yaşadı, lakin onun Allaha olan məhəbbəti onu gizlədən bütün pərdələri yandırdı. Bu məhəbbət odu əvvəlcə onun ürəyində tutuşdu, alovlandı və bütün varlığını bürüdü.
Min dəfə çalışdım ki,
Gizlədim məhəbbətimi,
Amma mən nə edə bilərdim ki,
O tonqalın üstündə od tutmayım!
O, Qainə işıq gətirdi və xeyli sayda insanları Əmrə dəvət etdi. Bu yeni adla o, hər tərəfdə tanınanda, paxıl və bədxahlar qalxdılar və Tehrana böhtan dolu xəbərlər göndərdilər və beləliklə, Nəsrəddin şah qəzəbləndi. Şahın qorxusundan hakim bütün gücü ilə Nəbilə hücuma keçdi. Tezliklə bütün şəhəri iğtişaş bürüdü və əhali qəzəblənib onun üstünə qalxdı.
Allahın bu məftun aşiqi heç vaxt təslim olmadı, hamının qarşısında dayandı. Nəhayət, onlar onu evdən çəkib çıxardılar, o adamı ki, onun gördüyünü onlar görməmişdi və O, Tehrana yollandı. Orada o, sərgərdan və evsiz-eşiksiz qaldı.
Burada düşmənlər yenə ona hücum etdilər. Burada o, keşikçilər tərəfindən təqib olundu; gözətçilər onu hər yerdə axtarırdı, hər bir küçədə və xiyabanda onu soruşur, arxasınca düşüb onu tutmaq və işgəncə vermək istəyirdilər. Gizlənərək o, onların yanından əzilənin ahı kimi keçib təpələrə qalxırdı; ya da məzlumun gözyaşı kimi, sürüşüb vadilərə düşürdi. O, daha başına onun məqamını bildirən türban qoymazdı; o, qiyafəsini dəyişmiş, adi bir adamın papağını qoymuşdu ki, onlar onu tanıya bilməsinlər və rahat buraxsınlar.
Gizlində isə o, bütün gücü ilə Əmri yaymaqda davam edir, sübutlar gətirir və çoxlu ruhlara yol göstərən bir çıraq olurdu. O, hər zaman təhlükələrə məruz qalırdı, lakin həmişə ayıq və sayıq idi. Hökumət heç vaxt onu axtarmağı dayandımadı, nə də insanlar onun əhvalatlarını danışmaqdan dayandılar.
Sonra o, Buxara və Aşqabada getdi, bölgələrdə dini davamlı olaraq təbliğ etdi. Bir şam ki, o, öz həyatını sərf edirdi; lakin iztirablarına baxmayaraq, o heç vaxt ruhdan düşmürdü, əksinə, onun sevinc və şövqü hər gün daha da böyüyürdü. Nitqində o, çox bəlağətli idi; o, bacarıqlı bir həkim, hər bir xəstəliyin dərmanı, hər bir yaraya məlhəm idi. O, işraqiləri onların özlərinin fəlsəfi prinsipləri ilə istiqamətləndirərdi, mistiklərlə isə o, onlara İlahi Gəlişi “ilhamlanma” və “səmavi görmə” istilahları ilə isbatlayardı. Şeyxi liderlərini o, onların mərhum baniləri Şeyx Əhməd və Seyid Kazımın öz sözlərini iqtibas gətirməklə inandırar, İslam ilahiyyatçılarını isə Qurandan olan mətnlər və insanlığı düz yola yönəldən İmamların hədisləri ilə Əmrə gətirərdi. Beləcə o, xəstəyə birbaşa dərman, yoxsula zəngin bəxşi idi.
Buxarada o, heç nəsiz qalmışdı və çoxlu müşküllərin qurbanına çevrilmişdi, nəhayətdə o, öz vətənindən uzaqda vəfat etdi və heç bir yoxsulluğun olmadığı Mələkuta tələsdi.
Nəbil`i-Əkbər Əmrin həqiqətini nümayiş etdirən mükəmməl bir oçerkin müəllifi idi, lakin indi o, dostların əlində yoxdur. Ümid edirəm ki, bir gün o, üzə çıxacaq və alimlərə bir nəsihət kimi xidmət edəcək. Bu doğrudur ki, bu ani ötən dünyada o, saysız-hesabsız düşmənlərin hədəfi olmuşdu; amma Mürtəza, Mirzə Həbibullah və Ayətüllah Xorasani və Molla Əsədullah Mazandarani kimi o qüdrətli üləmalar nəsli–hamısı izsiz yox olub gedəcəklər. Onları arxada heç bir ad buraxmayacaqlar, nə bir əlamət, nə bir bəhrə. Onlar haqqında bir kəlmə belə söylənməyəcək; heç kəs onlar haqqında bir daha danışmayacaq. Lakin bu müqəddəs Əmrdə dəyanətli qaldığı üçün, insanları istiqamətləndirdiyi, Əmrə xidmət etdiyi və onun şöhrətini yaydığı üçün bu ulduz, Nəbil əbədi işıq üfüqündən daim parlayacaqdır.
Bu aydındır ki, Allahın Əmrindən kənarda hansı şöhrət əldə edilirsə edilsin, sonda o, zillətə çevrilir; Allahın yolunda sonda qarşıya çıxan yüngüllük və rahatlıq deyil, qayğı və kədərdir; bütün bu sərvət isə yoxsulluqdur, başqa heç nə deyil.
O, bir hidayət nişanəsi, bir təqva rəmzi idi. O, həyatını verdi, ölməklə qalib oldu. O, bu dünyadan və onun mükafatlarından yan keçdi; rütbə və var-dövlətə gözlərini yumdu; o özünü bütün bu cür qandal və zəncirlərdən azad etdi, hər cür dünyəvi fikri kənara qoydu. Bir zamanlar geniş bilikli müctəhid, filosof, mistik və bəsirətli bir şəxs, eyni zamanda da uğurlu bir ədəbiyyatçı, bərabəri olmayan bir natiq idi. O böyük və hərtərəfli bir zəka sahibi idi.
Həmd olsun Allaha, sonda o, ilahi fəzl kuzəsi oldu. Əbha Allahın bəhası onun üzərinə olsun. Allah Əbha Mələkutunun nurunu onun qəbrinin üzərinə yağdırsın. Qoy Allah onu vüsal cənnətinə yetirsin və ona nur dəryasında qərq olmuş mominlər aləmində əbədi olaraq pənah versin.
İsmullahul Əsdəq
ALLAH ƏMRİNİN ƏLLƏRİNDƏN biri bu dünyanı tərk etmiş və Üfüqi-Əlaya yüksəlmiş cənab İsmullaul Əsdəqdir. Bir digəri cənab Nəbil`i Əkbər idi, başqaları isə cənab Molla Əli Əkbər, Cənab Şeyx Məhəmməd Rza Yəzdi idilər. Bir başqası da möhtərəm şəhid, Ağa Mirzə Vərqa idi.
İsmullahul Əsdəq həyatının əvvəlindən son nəfəsinə qədər Rəbbin həqiqi bir bəndəsi idi. Gənc ikən o, mərhum Seyid Kazımın çevrəsinə qoşulmuş, onun tələbələrindən biri olmuşdu. O, həyatının paklığı ilə məşhur idi və müqəddəs Molla Sadıq kimi şan-şöhrət qazanmışdı. O, mübarək bir şəxs, kamil bir insan, alim və çox hörmət olunan bir adam idi. Xorasan camaatı ona çox bağlanmışdı, çünki o, bir alim, misli-bərabəri olmayan üləmalar arasında ən məşhuru idi. Əmrin mübəlliği kimi, o, elə bəlağətlə, elə bir qeyri-adi güclə danışardı ki, onu dinləyənləri çox asanlıqla öz tərəfinə çəkərdi.
Bağdada gəldikdən və Həzrət Bəhaullahın hüzuruna müşərrəf olduqdan sonra bir gün o, kişilərin qaldıqları evin həyətində, balaca bir bağçada otururdu. Mən də bir az yuxarıdakı otaqda idim, o otağın qapısı həyətə açılırdı. Bu vaxt İran şahzadəsi, Fətəli şahın nəvəsi o evə gəldi. Şahzadə ona dedi: “Sən kimsən?” İsmullah cavab verdi: “Mən bu Astananın xidmətçisiyəm. Mən bu qapının gözətçilərindən biriyəm.”Mən yuxarıdan qulaq asırdım və o Əmri təbliğ etməyə başladı. Şahzadə əvvəlcə qızğınlıqla etiraz edirdi; amma hardasa iyirmi beş dəqiqədə mülayim və yumşaqlıqa cənab İsmullah onu sakitləşdirdi. Deyilənlərə o cür sərtliklə etiraz edən və qəzəbi üzündən aydın oxunan şahzadənin qəzəbi indi təbəssümə çevrilmişdi və İsmullaha rast gəlməkdən çox məmnun olduğunu ifadə etdi və onun deməli olduqlarını dinlədi.
O, həmişə şən bir şəkildə, şadlıqla təbliğ edirdi və müsahibinin ona qarşı necə şiddətli qəzəblə olmasından asılı olmayaraq, o, mülayim və yumorla cavab verərdi. Onun təbliğ etmək tərzi əla idi. O, həqiqətən də, Allahın adı, İsmullah idi, onun şan-şöhrətinə görə deyil, çünki o, seçilmiş bir ruh idi.
İsmullah çox böyük sayda islam hədislərini əzbərləmişdi və Şeyx Əhmədin və Seyid Kazımın təlimlərinə mükəmməl yiyələnmişdi. O, Əmrin ilk dövründə Şirazda iman gətirmişdi, və tezliklə də babi kimi tanınırdı. O, açıq və cəsarətlə təbliğ etməyə başladığından, onlar onun boynuna xalta salıb küçələri və bazarları dolandırdılar. Hətta bu vəziyyətdə belə o, təmkinli və gülümsər halda, insanlara danışmaqda davam edirdi. O, təslim olmurdu; O, susmurdu. Onu azad edəndə o, Şirazi tərk etdi və Xorasana getdi, orada da Əmri yaymağa başladı, daha sonra o, səyahətini davam etdirdi və Bab`ül-Babın yanında Təbərsi qalasına getdi. Orada o, fədakar fədailər dəstəsinin üzvü olaraq şiddətli əzab-əziyyətlər çəkdi. Qalada onu həbs etdilər və Mazandaranın başçılarına təhvil verdilər ki, onu dolandırsınlar və sonda əyalətin bir şəhərində öldürsünlər. Zəncirlənmiş halda, İsmullahı təyin edilmiş yerə gətirəndə, Allah bir insanın ürəyinə bu fikri saldı ki, onu gecənin yarısı azad etsin və onun üçün təhlükəsiz olan bir yerə göndərsin. Bütün bu əzablı sınaqlarda o, imanında sabit qaldı.
Düşünün, məsələn, düşmən qalanı necə mühasirəyə almışdı və dayanmadan mühasirə toplarından güllə yağdırırdı. İnananlar−onların arasında İsmullah da vardı, on səkkiz gün ac qaldılar. Onlar ayaqqabılarının dərilərini yeməklə dözdülər. Tezliklə bu da qurtardı, sudan başqa bir şeyləri qalmadı. Onlar hər səhər bir qurtum su içir, sonra isə ac və taqətdən düşmüş halda qalada uzanıb qalırdılar. Onlara hücum olunanda isə, dərhal ayağa sıçrayar, düşmənin qarşısında möhtəşəm cürət və heyrətamiz müqavimət göstərər, ordunu qala divarlarından geri oturdardılar. Aclıq on səkkiz gün çəkdi. Bu dəhşətli bir sınaq idi. Hər şeydən əvvəl onlar evdən uzaq, mühasirədə idilər, düşmən onları ətraf dünyadan ayırmışdı. Onlar yenə də aclıq çəkirdilər. Bundan əlavə, ordunun qəfil hücumları, yağış kimi yağan güllələr və qalanın düz ortasında partlayan mərmilər. Bu şəraitdə sarsılmaz imanı saxlamaq və səbr göstərmək son dərəcə çətindir və bu cür amansız bəlalara dözmək nadir hadisədir.
İsmullah atəşin altında səylərini zəiflətmədi. Azad olan kimi, daha da geniş təbliğ etdi. O, aldığı hər nəfəslə insanları Allahın Mələkutuna çağırdı. İraqda o, Həzrət Bəhaullahın hüzuruna müşərrəf oldu, və sonra da Əzəmətli Zindanda Onun fəzl və lütflərini aldı.
O, dalğalanan bir dəniz, yüksəkliklərdə pərvaz edən bir şahin idi. Onun alnı parlayırdı, dili bəlağətli, gücü və dəyanəti heyrətamiz idi. Təbliğ üçün ağzını açanda, dəlillər onun dilindən süzülürdü. Münacat oxyuanda gözləri bahar buludları kimi göz yaşı yağdırardı. Onun üzü nurlu, həyatı ruhani, biliyi isə həm fitri, həm də qazanılmış idi.; Onun şövqü, dünyadan göz yumması, onun möminliyi və təqvası səmavi idi.
İsmullahın qəbri Həmədandadır. Həzrət Bəhaullahın Uca Qələmindən onun üçün çoxlu Lövhlər xüsusilə də, o, vəfat edəndən sonra xüsusi bir Ziyarətnamə nazil etmişdir. O, böyük bir şəxsiyyət, hər şeydə kamil idi.
Bu cür mübarək şəxslər indi dünyanı tərk ediblər. Allaha şükrlər olsun, onlar çox yaşamadılar və Həzrət Bəhaullahın süudundan sonrakı iztirab və əziyyətləri, şiddətli bəlaları görmədilər; çünki uca dağlar belə bunun qarşısında titrəyər və silkələnər, uca təpələr əyilərdi.
O, həqiqətən də, Allahın adı, İsmullah idi. Bəxtiyardır o kəs ki, o məzarın ətrafına təvaf edib, o qəbrin torpağı ilə özünü mübarəkləndirib. Əbha Cənnətində ona salam və vəsflər olsun.
Molla Əli Əkbər
ƏMRİN DAHA BİR Əli möhtərəm Molla Əli Əkbər idi, Əbha Allahın bəhası onun üzərinə olsun. Həyatının erkən illərində bu nurlu insan yüksək təhsil görmüşdü və ciddi cəhdlə gücə-gündüz öyrənirdi, ta o vaxtadək ki, dövrünün elmlərini yaxşı mənimsədi, dünyəvi elmlərdən, fəlsəfə, və fiqhdən yaxşı hali oldu. O, tez-tez filosofların, mistiklərin, şeyxlərin məclislərinə gedər, elmin o sahələrinin dərinliklərində hərtərəfli gəzərək, fitri hikmət və müdriklik axtarardı; lakin o, həqiqət çeşməsi üçün susuz idi, Səmadan gələn qida üçün ac idi. Təfəkkürün o sahələrində özünü kamilləşdirmək üçün o, nə qədər çalışırdısa da, heç vaxt qane olmur, rahatlanmırdı; o, heç vaxt istədiyinə çatmamışdı; onun dodaqları çatlamışdı; o çaşqın, şaşqın idi, elə hiss edirdi ki, o, yolundan azıb sərgərdan olub. Səbəb bu idi ki, o, dayələrdə heç bir ehtiras tapmırdı; nə sevinc, nə nəşə vardı; eşqin cüzi bir iyi belə yox idi. Və o, nə qədər o çoxsayıı inancların dərinliyinə gedirdisə, aşkar edirdi ki, Məhəmməd Peyğəmərin gəlişindən bəri saysız-hesabsız təriqətlər meydana çıxıb; etiqadların özləri öz aralarında belə fərqlənir; haçalanmış fikirlər, müxtəlif məqsədlər, sayagəlməz yollar və istiqamətlər. Və o, onların hər brinin müəyyən bir çağırış altında ruhani həqiqəti açmaq iddiasında olduqlarını gördü; hər biri inanırdı ki, yalnız o həqiqi yoldadır–halbuki Məhəmmədin dənizi coşar və bir dalğa ilə bu təriqətlərin hamısını dəryada batırardı. “Sən onlardan bir səs-səmir eşitməzsən ”.
Kimsə tarixin dərsləri üzərində fikirləşsə, görər ki, bu dəniz saysız-hesabsız dalğalar coşdurub, lakin sonda onların hamısı çəkilib gedən kölgə kimi çəkilib və yox olub. Dalğalar yox olub, lakin dəniz yaşamaqda davam edir. Məhz buna görə Əli Qəbli-Əkbər heç vaxt öz susuzluğunu söndürə bilmirdi, ta o günədək ki, o Həqiqətin sahilində dursun və desin:
Xəzinə ilə aşıb-daşan bir dəniz budur
İnciləri atmaqçün külək onu coşdurur
Əbanı çıxar tulla, qərq ol, üzməyə çalışma sən
Üzməkdən duyma qürur, dərinliyə baş vur sən.
Fəvvarə kimi, onun ürəyi doldu və püskürdü; axar şəffaf sulartək məna və həqiqələr onun dodaqlarından süzülməyə başladı. Əvvəlcə, itaətkarlıqla, ruhani yoxsulluqla o, yeni işığı yığdı, ancaq bundan sonra bu işığı kənara verməyə başladı. Necə də gözəl deyilib:
Başqalarına o həyat bəxşişi daşımalıymış,
Həyat bəxşişindən kim pay almamış?
Mübəlliğ bu cür başlamalıdır: əvvəlcə özünü, sonra başqasını təbliğ etməlidir. Əgər onun özü hələ cismani nəfs və ehtiras yolunda gedirsə, onda başqasını o necə “Allahın aşkar əlamətinə ” hidayət edə bilər?
Çoxsaylı insanların Əmrə gəlməsində bu möhtərəm insan çox müvəffəq idi. Eşq yolunda irəlilədikcə, Allah xatrinə o, bütün ehtiyatkarlığı bir kənara atdı. O, sərsəri bir məcnun olmuşdu, ağlını itirmiş kimi görünürdü. Dininiə görə Tehranda yuxarı və aşağı təbəqə, hamı ona istehza edirdi. Küçə və bazarlara gəzərkən, insanlar onu barmaqla göstərir, onu bəhai deyə çağırıdılar. Ara qarışanda birinci tutulan o, olurdu. O, buna həmişə hazır idi və bunu gözləyirdi də, çünki bu həmişə belə olmuşdu.
O, dəfələrlə zəncirlənmiş, zindana atılmış, qılıncla təhdid edilmişdi. Bu mübarək şəxsin böyük Əminlə birlikdə olan fotoşəkli onların əlləri zəncirdə olanda çəkilmişdir və bu görən gözü olanlar üçün bir nümunədir. Onlar, bu iki görkəmli insan orada zəncirlənmiş, qandallanmış lakin təmkinli, itaətkar və təşviş olmadan oturmuşlar.
Hətta iş o yerə gəlib çatmışdı ki, nə vaxt ki, bir hay-küy qalxırdı, Molla Əli türbanını başına qoyar, əbasına bürünər və oturub gözləyərdi ki, onun düşmənləri ayağa qalxsınlar, fərraşlar içəri soxulsunlar və mühafizəçilər gəlib onu zindana aparısnlar. Amma Allahın qüdərtinə baxın! Bütün bunlara baxmayaraq, o, salamat qalırdı. “Arif aşiqin əlaməti budur, siz onu dənizdə də quru görərsiniz”. O, məhz belə idi. Onun həyatı bir tükdən asılı idi; bədxahlar onun pusuqusunda idilər; o, hər yerdə Bəhai kimi tanınırdı–amma yenə də bütün ziyanlardan qorunurdu, ölən günə qədər o, dənizin dərinliklərində quru, atəşin içində soyuq və salamat qalırdı.
Həzrət Bəhaullahın süudundan sonra, Molla Əli Aləmin Nurunun Vəsiyyətinə sadiq, xidmət etdiyi və müjdələdiyi Əhddə möhkəm qaldı. Məzhərin bu dünya həyatı zamanı onun arzusu onu Həzrət Bəhaullahın yanına gətirdi və O, onu lütf və iltifatla qəbul etdi, onun üzərinə xeyir-dualarını yağdırdı. Sonra o, İrana qayıtdı, bütün vaxtını Əmrə xidmətə həsr etdi. Qəddar zülmkarlarla açıq ziddiyyətdə olmaqla, onu nə qədər təhdid etmələrindən asılı olmayaraq, o, onları saymadı. O, heç vaxt məğlub olmadı. O, nə deməli idisə, dedi. O, Allahın Əmrinin Əllərindən biri idi, dəyanətli, sarsılmaz, möhkəm.
Mən onu çox sevirdim, çünki onunla söhbət etmək həzz verirdi, müsahib kimi ondan yaxşısı yox idi. Bu yaxınlarda, bir gecə mən onu yuxuda gördüm. Hərçənd, o, bədəncə həmişə iri idi amma yuxuda o, daha da böyük və nəhəng görünürdü. Mən ona dedim: “Cənab, siz çox böyümüş və möhkəm olmusunuz”. “Bəli” o, dedi, “Əlhəmdülillah! Mən elə yerlərdə olmuşam ki, oralarda hava təmiz və gözəl, su şəffaf və pak idi; mənzərələr göz oxşayırdı, yeməklər isə ləzzətli. Bunların hamısı mənə düşürdü, əlbəttə, odur ki, mən indi hər vaxt olduğundan daha qüvvətliyəm və mən erkən gəncliyimin enerjisini bərpa etmişəm. Rəhmanın nəsimi mənim üzərimə əsib və bütün vaxtım Allahdan danışmaqla keçib. Mən Onun sübutlarını gətirir, Dinini təbliğ edirdim” (O, dünyada Dinin təbliğinin mənası müqəddəslik rayihələrinin yaymaqdır; bu əməl təbliğlə eynidir). Biz bir qədər də bir yerdə danışdıq, sonra bəzi adamlar gəldilər və o, yox oldu.
Onun uyuduğu yer Tehrandadır. Hərçənd onun cismi torpağın altındadır, lakin onun pak ruhu “həqiqət kürsüsündə, qüdrətli Padşahın hüzurunda ” yaşamaqda davam edir. Mən Allahın dostlarının məzarlarını ziyarət etməyi çox istəyirəm, kaş bu mümkün olardı. Bunlar Camal`i-Mübarəkin bəndələridir. Onlar Onun yolunda əzablar çəkiblər. onlar ağır zəhmət və kədərlə qarşılaşıblar; onlar ziyana uğrayıb, zərərə məruz qalıblar. Əbha Allahın bəhası onların üzərinə olsun. Onlara salam və mədhlər olsun. Allahın inayəti və əvfi onların üzərinə olsun.
Şeyx Salman
HİCRƏTDƏN 1266 İL sonra etibarlı qasid Şeyx Salman birinci dəfə Allahın səsini eşitdi və onu ürəyi sevincdən atlandı. O zaman o, Hindiyanda idi. Dəfedilməz bir cazibə ilə O, Tehrana piyada yola düşdü, atəşli bir məhəbbət içində o, gizlicə inananlara qoşuldu. Bir gün o, Ağa Məhəmməd Tağı Kaşani ilə bazardan keçirdi, fərraşlar onu təqib etdilər və harada yaşadığını öyrəndilər. Ertəsi gün jandarm və fərraşlar onu axtarmağa gəldilər və tutub jandarm idarəsinin başçısının yanına apardılar.
“Sən kimsən?” jandarm rəisi soruşdu.
“Mən Hindiyandanam”, Salman cavab verdi. “Tehrana gəlmişəm və İmam Rzanın türbəsini ziyarət etmək üçün Xorasana gedirəm”.
“Dünən o ağ əbalı kişi ilə sən nə edirdin?” rəis soruşdu.
Salman cavab verdi: “Mən ona bir gün ondan əvvəl ağ əba satmışdım, dünən isə o mənə onun pulunu verirdi.”
“Sən buralarda yadsan, ona necə etibar edə bilərsən?”
“Pul dəyişən adam ödəniş üçün mənə təminat evrdi,” Salman dedi. O hörmətli inanan Ağa Məhəmməd Sərrafı (pul dəyişən) nəzərdə tuturdu.
Rəis fərraşlardan birinə dönüb dedi: “Onun pul dəyişənin yanına aparın və bunu araşdırın”.
Onlar gözlənilən yerə (pul dəyişənin yanına) çatanda fərraş qabağa keçdi. “Nə baş verib,” fərraş Salmana dedi, “əba satmaq söhbəti və sənin ödəniş üçün zamin durmağın? Hamısını izah et”.
“Mən bu barədə heç nə bilmirəm”, pul dəyişən dedi”. “Dalımca gəl”, fərraş Salmana dedi. “Axır ki, hər şey aydındır. Sən babisən”.
İş belə gətirmişdi ki, Salmanın başında olan tüban Şüştərdə camaatın geydiyi türbanlara oxşayırdı. Onlar yol ayrıcına çatanda Şüştərli bir kişi dükandan bayıra çıxdı. O, Salmanı qucaqladı və qışqırdı:
“Hacı, Məhəmməd-Əli, sən harda idin? Sən nə vaxt gəlmisən? Xoş gəlmisən!”
Salman dedi, “Mən bir neçə gün öncə gəlmişəm, indi də məni jandarmlar həbs ediblər”.
Sən ondan nə istəyirsən?” tacir fərraşdan soruşdu. “Sənə nə lazımdır?”
“O babidir”, fərraş dedi. “Şüştərli kişi: “Allah eləməsin (Əstəğfurullah) dedi. “Mən onu yaxşı tanıyıram. Hacı Məhəmməd-Əli Allahdan qorxan bir müsəlmandır, şiədir, İmam Əlinin sədaqətli ardıcılıdır”. Bunu deyib o, fərraşa bir qədər pul verdi və Salmanı azad etdi.
Onlar dükana daxil oldualar və tacir Salmandan necə dolandığını soruşdu. Salman ona dedi: “Mən Hacı Məhəmməd Əli deyləm.”
Şüştərli kişi donuq qaldı. “Sən dəqiq ona bənzəyirsən!” O dedi. “Siz ikiniz də eynisiniz. Bir halda ki, Hacı Məhəmməd Əli deyilsən, onda mənim fərraşa verdiyim pulu qaytar”.
Salman dərhal pulları ona verdi və çəhər darvazasından çıxıb Hindiyana getdi.
Həzrət Bəhaullah İraqa gələndə Onun müqəddəs hüzuruna yetişən birinci qasid Salman oldu, sonra isə o Hindiyanlı dostlara ünvanlanmış Lövhlərlə geri qayıtdı. İldə bir dəfə bu mübarək şəxs piyada öz Məhbubunu görməyə gedər, sonra isə eyni yolla geriyə dönər və bir çox şəhərlərə, İsfahan, Şiraz, Kaşan, Tehran və başqa şəhərlərə Lövhlər aparardı.
69-cu ildən 1309-cu ilə −Həzrət Bəhaullahın süuduna qədər ildə bir dəfə o, məktubları gətirir, Lövhləri götürər, hər birini ünvanlanmış şəxsə çatdırardı. O uzun dövrdə hər il o, İrandan İraqa, ya Ədirnəyə, ya da Əkkada Əzəmətli zindana piyada gələrdi; böyük şövq və məhəbbətlə gəlir, sonra da geri qayıdırdı.
Onda qeyri-adi dözümlülük vardı. O, piyada səyahət edir, bir qayda olaraq soğan və çörəkdən başqa bir şey yeməzdi və bu vaxt ərzində o, elə yollarla gedərdi ki, nə bir dəfə tutuldu, nə də bir Lövh itirdi. Hər bir məktub sağ-salamat çatdırılırdı, hər bir Lövh ünvanına çatıdırlırdı. İsfahanda o, dəfələrlə şiddətli sınaqlara məruz qaldı, lakin bütün hallarda səbrli qaldı, şükr etdi və qeyri-bəhailərdən “Babilərin Cəbrayılı” (mələk) adını aldı.
Bütün həyatı boyu, Salman Allahın Əmrinə böyük xidmətlər göstərdi, onun yayılmasına bir vasitə oldu, inananların şadlığına töhfələr vedi, hər il İranın şəhər və kəndlərinə İlahi müjdələr gətirdi. O, Həzrət Bəhaullahın ürəyinə yaxın idi, O, Salmana xüsusi və lütf və fəzl (inayət) ilə baxırdı. Müqəddəs Yazıların arasında onun adına nazil olmuş Lövhlər vardır.
Həzrət Bəhaullahın süudundan sonra, Salman Əhdə sadiq qaldı və bütün gücü ilə Əmrə xidmət etdi. Sonra əvvəllər olduğu kimi, hər il o Əzəmətli Zindana gələr, inananların məktublarını çatdırar, cavablarla İrana qayıdardı. Nəhayət, Şirazda o, əbha Mələkutuna uçub getdi.
Tarixin lap əvvəlindən bu günə qədər, bu qədər etibara layiq heç bir qasid olmamışdır. Salmanla müqayisə olunacaq bir qasid heç vaxt olmamışdır. Ondan sonra İsfahanda onun övladları qalmışdır və İrandakı müşküllər üzündən indi sıxıntıdadırlar. Bu yəqindir ki, dostlar onların ehtiyaclarını ödəyəcəklər. Əbha Allahın bəhası onun üzərinə olsun; Ona salam və mədhlər olsun.
Mirzə Məhəmməd Əli Əfnan
HƏZRƏT BƏHAULLAHIN ZAMANINDA, Əzəmətli Zindanın ən sıxıntılı vaxtlarında, Qalaya daxil olmağa və ya oradan çıxmağa əhbablardan heç kəsə icazə vermirdilər. Əyri Papaqla Seyid şəhərin ikinci darvazasının yanında yaşayır və həmişə gecə və gündüz oradan nəzarət edirdilər. Bir bəhai müsafir görən kimi, dərhal Qubernatorun (hakimin) yanına qaçar, ona çuğullayardılar ki, müsafir məktublar gətirir və cavabları geri aparır. Onda hakim bu müsafiri həbs edər, kağızları əlindən alar, onun özünü zindana salar, onu sıxışdırardı. Bu oradakı hökumət adamları üçün bir adət halını almışdı və uzun müddət idi ki, belə davam edirdi–həqiqətən də, doqquz il, o vaxtadək ki, yavaş-yavaş bu adətdən əl çəkdilər.
Elə bu dövr idi ki, Hacı Mirzə Məhəmməd Əli Əfnan, Müqəddəs Ağacın o böyük budağı Əkkaya səfər etdi. Hindistandan Misirə, Misirdən də Marselə gedirdi. Bir gün mən karvansarayın damında idim. Dostlardan bəziləri də mənimlə idilər və mən ora-bura gəzişirdim. Gün batan vaxtı idi. Bu vaxt Mən uzaqlara, dənizin sahilinə baxanda gördüm ki, bir fayton gəlir. “Ağalar”, mən dedim, “Mən hiss edirəm ki, o faytonda müqəddəs bir şəxs var”. O, hələ çox uzaqda idi, ancaq görünürdü.
“Gəlin alaqapıya (darvazaya) gedək”, mən onlara dedim. “Hərçənd bizə alaqapıdan çıxmağa icazə verməyəcəklər, amma onlar gələnə qədər orada dayana bilərik”. Mən özümlə bir-iki adam götürdüm və biz getdik.
Şəhər alaqapısında mən gözətçini çağırdım, ona bir şey verdim və dedim: “Bu fayton qalaya gəlir və məncə o bizim dostlarımızdan birini gətirir. O, buraya çatanda onu saxlama və bu barədə Hakimə bir söz demə”. O, mənim üçün bir stul gətirdi və mən əyləşdim.
Bu vaxt günəş artıq batmışdı. Onlar əsas alaqapını da bağladılar, amma kiçik qapı açıq qaldı. Qapıçı bayırda qaldı, fayton gəldi və onunla bir alicənab kişi də gəldi. Onun necə nurlu bir çöhrəsi vardı! O, başdan ayağa qədər işıq idi. Sadəcə onun üzünə baxmaq insanı xoşbəxt edirdi. O, elə inamlı, elə arxayın, imanında elə köklü görünürdü, onun danışığı elə nəşəli idi ki, O, doğrudan da, mübarək bir varlıq idi. O, bir kişi idi ki, günbəgün tərəqi edirdi, iman və yəqinliyini, nurlu keyfiyətini, əsl məhəbbətini hər gün artırırdı. Əzəmətli Zindanda keçirdiyi bir neçə gün içərisində o, qeyri-adi dərəcədə inkişaf etdi. Məsələ bundadır ki, onun faytonu Hayfadan Əkkaya gələndə hələ yolun yarısından onun ruhu, onun nuru hiss edilirdi.
Həzrət Bəhaullahın onun üzərinə yağdırdığı lütfləri aldıqdan sonra, ona getmək izni verildi və o, Çinə getdi. Orada kifayət qədər uzun bir müddət o, Allahın zikri ilə və İlahi rizayətə uyğun bir şəkildə öz günlərini keçirdi. Sonra o, Hindistana getdi və orada vəfat etdi.
Başqa bir möhtərəm Əfnan və Hindistandakı dostlar belə məsləhət bildilər ki, onun cənazəsini İraqa, yəqin ki, Nəcəfə göndərsinlər və Müqəddəs Şəhərə yaxın bir yerdə dəfn edilsin; çünki müsəlmanlar onun onların qəbirstanlığında dəfn olunmasına etiraz etmişdilər və onun cəsədini müvəqqəti bir saxlanma yerində yerləşdirilmişdi. O zaman Bombeydə olan Ağa Seyid Əsədullaha bütün hörmət və izzətlə cəsədi İraqa gətirmək həvalə edilmişdi. Gəmidə düşmən mövqedə olan iranlılar vardı və onlar bu şəhərə çatanda məlumat verdilər ki, babi Mirzə Məhəmməd Əli Əfnanın cənazəsi Nəcəfə aparılır ki, orada Məqamın müqəddəs həndəvərində Sülh Vadisində dəfn edilsin. Bu da dözülməz bir şey idi. Onlar onun mübarək cənazəsini gəmidən salmaq istədilər, lakin edə bilmədilər. Baxın ki, gizli İlahi hökmlər nələr edə bilər.
Onun cənazəsini Bəsrəyə qədər gətirdilər. Bu o zamanlar idi ki, dostlar gizli qalmalı idilər, Seyid Əsədullah özünü elə apamalı idi ki, guya onlar cənazəni Nəcəfdə dəfn etməyə aparırlar, amma ümid edirdilər ki, hansısa bir yolla Bağdad yaxnlığında dəfn etsinlər. Çünki Nəcəf müqəddəs şəhər olsa da və həmişə də olmalıdır, amma yenə də dostlar başqa bir yeri seçdilər. Ona görə də Allah düşmənləri qaldırdı ki, onlar Nəcəfdə dəfnə mane olsunlar. Onlar dəstə ilə içəri soxuldular və qarantin yerində cənazəni ələ keçirmək istədilər ki, onu ya Bəsrədə dəfn etsinlər, ya dənizə atsınlar ya da səhra qumlarında buraxsınlar.
Bu iş elə bir əhəmiyyət kəsb etdi ki, sonda cənazənin Nəcəfə gətirilməsi qeyri-mümkün oldu və Seyid Əsədullah onu Bağdada aparmalı oldu. Burada da dəfn üçün bir yer yox idi ki, Əfnanın cənazəsi düşmənlərin əlindən narahat edilməsin. Sonda Seyid qərara aldı ki, onu Bağdaddan beş fərsəng kənarda yerləşən Salman Farsinin−Pak Salmanın məqamına aparsın və onu Qtesifonda, Salmanın qəbrinin yanında, Sasani padşahlarının sarayının arxasında dəfn etsin. Cənazə oraya aparıldı və Allahın o əmanəti, bütün hörmət və ehtiramla Nuşirəvan sarayının yanında təhlükəsiz bir yerdə dəfn edildi.
Bu isə bir tale idi ki, min üç yüz il sonra, İranın qədim şahlarının paytaxt şəhəri tapdalandı və ondan daş və qumdan başqa heç bir iz qalmadı, sarayın damı çökdü və elə bölündü ki, yarısı yerə töküldü. Bu bina özünün keçmiş şahanə büsat və əzəmətini qaytarmalıdır. Bu dorğudan da qüdrətli bir tağdır. Onun girişinin eni əlli iki addım, qüllələri çox ucadır.
Beləliklə Allahın fəzli və lütfü uzun illər bundan əvvəlki iranlıları bürüdü ki, onların xaraba paytaxtı yenidən tikilsin və yenidən çiçəklənsin. Bunun yerinə yetməsi üçün Allahın köməkliyi ilə hadisələr elə cərəyan etdi ki, Əfnanın orada dəfn edilməsinə gətirib çıxardı və heç bir şübhə yoxdur ki, bu yerdə qürur yaradacaq bir şəhər tikiləcək. Bu barədə mən çoxlu məktublar yazmışam, ta o vaxtdək ki, o müqəddəs cənazə bu yerdə dəfn oluna bilsin. Seyid Əsədulla Bəsrədən mənə məktublar yazardı, mənsə ona cavab verərdim. Oradakı ictimai fiqurlardan biri bizə tamamilə sədaqətli idi və mən ona tapşırmışdım ki, əlindən gələn hər şeyi etsin. Seyid Əsədullah Bağdaddan mənə məlumat verdi ki, bimir nə etsin və cənazəni harada dəfn etsin. “Mən onu harda dəfn etsəm də, onu qazıb çıxaracaqlar”.
Nəhayət ki, həmd olsun Allaha, onu Camal`i-Mübarəkin dəfələrlə getdiyi bir yerdə dəfn etdilər. Onun addımları ilə şərəflənmiş, Onun Lövhlər nazil etdiyi, və Bağdadlı inananların Onun hüuzurnda olduqları bir yerdə−məhz o yer ki, İsmi`-Əzəm adəti üzrə gəzməyə çıxardı. Bu necə baş verdi? Bu, Əfnanın ürəyinin təmizliyinə görə oldu. Bu olmasaydı, bütün o yollar və vasitələrin heç biri işləməzdi. Həqiqətən, Allah göyü və yeri Yaradandır (Tərpədəndir, Parçalayandır).
Mən Əfnanı çox sevirdim. Ona görə mən çox nəşələnirdim. Onun üçün mən uzun bir Ziyarətnamə yazdım və başqa kağızlarla bir yerdə İrana göndərdim. Onun dəfn olunduğu yer müqəddəs yerlərdən biridir ki, orada Məşrik`ul-Əzkar tikilməlidir. Mümkün olsa, şah sarayının əsl tağı da bərpa edilməli və İbadət Evinə çevrilməlidir. İbadət Evinin köməkçi binaları da orada tikilməlidir xəstəxana, məktəblər və universitet, ibtidai məktəb, kasıb və yoxsullar üçün sığınacaq; habelə köməksiz və yetimlər evi, səyyahlar üçün mehmanxana. Allah rəhmlidir (Gracious God)! Şahın sarayı bir vaxtlar bəzəkli və cah-cəlalla parlayırdı. İndi isə onu hörümçək toru basıb, harada ki, qızıl parçalardan pərdələr asılmışdı, şahın təbili çalınır və musiqiçilər ifa edirdilər, indi gələn səs ancaq qırğıların və qarğaların kobud bağırtı səsləridir. “Bu şəhər, həqiqətən, bayquşlar diyarının paytaxtıdır, harada ki, sən onun əks-səda verən çağırışlarından başqa bir səs eşitməzsən”. Biz Əkkaya gələndə kazarmalar məhz belə idi. Qala divarlarının içərisində cəmi bir neçə ağac vardı və onların budaqları üzərində, həmçinin müdafiə divarlarının üzərində bütün gecəni bayquşlar ulayardı. Bayquşun ulaması necə də narahat edicidir, o, ürəyi necə kədərləndirir.
Ekən gəncliyindən qocalıb əldən düşənə qədər Müqəddəs Ağacın o mübarək budağı üzündəki o təbəssümlə hamının arasında çıraq kimi işıq verirdi. Sonra o, ölümsüz bir cəlal aləminə uçub getdi və nur dənizinə qərq oldu. Onun üzərinə Mərhəmətli Rəbbinin nəsimləri əssin. Fəzl və əfv suları yumaqla, onun üzərinə Allahın rəhməti və lütfü olsun.
Hacı Mirzə Həsən Əfnan
HƏZRƏT BƏHAULLAHA QOŞULMAQ üçün öz vətənlərini tərk edənlər arasında Mirzə Həsən, böyük Əfnan da vardı, o son günlərdə mühacirət etmək şərəfinə çatmış və Rəbbinin lütf və ünsiyətinə nail olmuşdu. Həzrət Bab qohum olan Əfnan Uca Qələm tərəfindən xüsusi olaraq Müqəddəs Ağacın budağı adlandırılmışdı. Hələ uşaq ikən o, Həzrət Babın Özündən bəxşişini almış, və O gözqamaşdırıcı Gözəlliyə qeyri-adi bağlılıq göstərmişdi. Hələ yetkinlik yaşına çatmamış, o tez-tez üləmaların cəmiyyətinə gedər, elmləri və sənətləri öyrənərdi. O, gecə-gündüz ən dərin ruhani məsələlər üzərində təfəkkür edər, Həyat Kitabında yazıldığı kimi, Allahın qüdrətli əlamətlərinə heyranlıqla baxardı. O, hətta riyaziyyat, həndəsə və coğrafiya kimi maddi elmlərdə də hərtərəfli bilgi sahibi idi. Qısası, bir çox sahələrdə o, əsaslı biliyə malik, qədim və müasir zamanların fikri ilə hərtərəfli tanış idi.
Sənəti tacir olan bu şəxs öz işinə gündüz və axşam ancaq qısa bir zaman ayırırdı, vaxtının çox hissəsini müzakirə və araşdırmalara həsr edirdi. O, həqiqətən elmli bir insan idi, aparıcı elm adamları arasında Allahın Əmri üçün bir yaxşı ad-san və nüfuz amili idi. Bir neçə yığcam ifadə ilə o, çaşdırıcı məsələləri həll edərdi. Onun nitqi lakonik, özlüyündə bir möcüzə kimi idi. O, Həzrət Babın zamanında iman gətirəsə də, məhz Həzrət Bəhaullahın zamanında o, alışmışdı. Sonra onun Allaha olan məhəbbəti əngəl yaradan bütün pərdələri və boş düşüncələri yandırdı. Allahın dinini yaymaq üçün o, əlindən gələni etdi və Həzrət Bəhaullaha olan atəşli məhəbbəti ilə hər yerdə tanındı.
Mən azmışam, ey Eşq, mübtəla və heyranam,
Eşqin dəlisiyəm, bütün yer üzündə
Məni dəlilər arasında birinci sayırlar,
Hərçənd mən ilk gəlişimdə hikmətli və ləyaqətli idim.
Həzrət Babın süudundan sonra, mübarək və müəqddəs əyalına xidmət və qulluq etmək kimi uca bir şərəf daşıdı. Onun görkəmli oğlu evlənərək Müqəddəs Ailənin üzvü olanda o, Həzrət Bəhaullahdan ayrılığın qəmini çəkərək İranda yaşayırdı. Əfnan bundan sevindi. O, iranı tərk etdi və Məhbubunun lütfünə pənah apardı. Onun üzünə baxanda insan heyrətlənirdi, üzü elə nurlu idi ki, hətta bəhai omayanlar belə deyərdilər ki, onun alnından səmavi nur saçılır.
O, bir müddətə çıxıb getdi, Beyruta səyahət etdi və orada tanınmış bir alim Xacə Fındıqla tanış oldu. Bu şəxs böyük Əfnanın bilikli olmasını müxtəlif dairələrdə təriflədi və təsdiq etdi ki, belə geniş və müxtəlif biliklərə sahib olan bir şəxs bütün Şərqdə nadir bir insandır. Sonra Əfnan Müəqddəs Torpağa qayıtdı, Bəhcidə Uca Sarayın yanında yerləşdi və bütün fikirlərini insan mədəniyyətinin cəhətlərinə yönəltdi. Vaxtının çoxunu o, qeydin sirlərini açmağa həsr edir, ulduzların hərəkəti üzərində düşünürdü. Onun bir teleskopu vardı və onunla hər gecə ulduzları müşahidə edirdi. O, xoşbəxt, qayğısız və rahat bir qəlblə həyat yaşayırdı. Həzrət Bəhaullahın qonşuluğunda onun gündüzləri səadət içərisində keçirdi, gecələri isə baharın ilk səhəri kimi parlaq idi.
Lakin sonra Məhbubun bu dünyadan ayrılması zamanı gəldi. Əfnanın rahatlığı pozuldu, sevinci kədərə döndü. Ən Böyük Kədər bizim üzərimizə gəlmişdi, ayrılıq bizi əridirdi, bir vaxtlar parlaq gündüzlərimiz zülmət gecəyə döndü, başqa zamanların qızılgülləri indi toz-torpağa çevrildi. O, ürəyi yanaraq, gözləri yaş tökərək bir az yaşadı. Lakin o, Məhbubunun həsrətini çəkə bilmirdi, çox keçmədi ki, o, ruhunu təslim etdi və əbədi həyata uçub getdi. Daimi vüsal Cənnətinə getdi və nur dənizi içərisində qərq oldu. Nə qədər ki, əsrlər və dövrlər davam edir, ən böyük rəhmət, bol kəramət, hər bir xeyir-dua onun üzərinə olsun. Onun mübarək qəbri Əkkada Mənşiyyədədir.
Məhəmməd Əli İsfahani
İSFAHANLI MƏHƏMMƏD ƏLİ lap ilk günlərdən Əmr gətirilmiş erkən inananlardan biri idi, o, bir mistik idi, onun evi mistiklər və filosoflar üçün toplantı yeri idi. Alicənab, yüksək düşüncəli bir şəxs olmaqla İsfahanın ən möhtərəm sakinlərindən biri idi və kasıb və ya zəngin olsun, hər bir qərib üçün o qonaqçı (ev sahibi) və sığınacaq idi. Onun şux və əla bir xasiyyəti vardı, mülayim və təmkinli idi, gülərüz və səxavətli, gözəl həmsöhbət (müsahib) idi.
Sonra o, Əmri qəbul etmişdi və Turdakı Ağacdan od almışdı. Onun evi Allahın şərəfinə həsr edilmiş təbliğ mərkəzi olmuşdu. İnananlar səmavi məhəbbətlə alışdırılmış çırağın ətrafına toplaşan kimi, gecə-gündüz orada toplaşırdılar. O evdə uzun bir müddət müqəddəs ayələr oxunur, aşkar dəlillər ortaya qoyulurdu. Baxmayaraq ki, bunu hamı bilirdi, Məhəmməd Əlini narahat etmirdilər, çünki o, İsfahanın imamcüməsinin qohumu idi. Lakin sonda işlər elə gətirdi ki, imamcümənin özü onu qovdu (göndərdi) və dedi: “Mən daha səni müdafiə edə bilmirəm. Sən ağır təhlükədəsən. Sənin üçün yaxşısı budur ki, buranı tərk edəsən və səfərə çıxasan”.
Belə olduqda o, evini tərk etdi və İraqa getdi və orada aləmlərin Məqsudunun hüzüuruna daxil oldu. Bir müddət orada qaldı, hər gün tərəqqi etdi, yaşamağa bir şeyi yox idi, lakin çox şad və məmnun idi. Əla xasiyyətli bir insan kimi inananlara və başqalarına eyni cür yaxın idi.
Həzrət Bəhaullah və Onun məiyyəti Konstantinopola gedəndə o da müşayiət edənlər arasında idi və Onunla Sir Torpağına, Ədirnəyə getdi. Kim dəyişərdisə, o, dəyişməzdi və daim qəlbinin səbatlılığını saxlayırdı. Nə olursa olsun, o, eyni cür qalırdı. Ədirnədə də onun günləri Həzrət Bəhaullahın hifzi altında şad-xürrəm keçirdi. Onun nə qədər kiçik də olsa bir biznesi vardı, lakin təccüblü dərəcədə yaxşı gəlir gətirirdi.
Məhəmməd Əli Həzrət Bəhaullahı Əkka qalasına da müşayiət etdi, orada zindana salındı, Camali-Mübarəklə birlikdə zindanda olmaqla qalan həyatı boyu Həzrət Bəhaullahın dustaq yoldaşları arasında sayılaraq, o böyük üstünlüyünə nail oldu.
O, günlərini sonsuz bəxtiyarlıq içində keçirdi. Burada da o, kiçik bir bizneslə məşğul olurdu, bu onun səhərdən günortaya qədər vaxtını alırdı. Günortadan sonra isə o, samovarını götürər, heybədən düzəldilmiş kisəyə salar, bağa və ya çəmənliyə gedər, ya da harayasa çölə bir yerə çıxar və çay içərdi. Onu bəzən Məzrə mülkündə, bəzən Rizvan bağında görmək olardı. Ya da Malikanədə Həzrət Bəhaullaha qulluq etmək şərəfinə nail olardı.
Məhəmməd Əli onun qarşısına çıxan hər bir nemətə çox diqqətlə yanaşardı. “Mənim bu günkü çayım necə də ləzətlidir”, o, deyərdi. Çay barədə danışanda “bu nə ətir, bu nə rəng!” deyərdi. Bu çəmən nə gözəldir”. Çiçəklər necə də qəşəngdir!” O, deyərdi ki, hər şeyin, hətta havanın və suyun da öz xüsusi ətri var. Günlər onun üçün təsvirəgəlməz nəşə içində keçirdi. “Hətta padşahlar belə bu qoca qədər xoşbəxt deyillər! insanlar deyərdi. “O, bu dünyadan tamamilə azad olub”, deyə onlar söyləyərdilər. “O, sevinc içərisində yaşayır”. İş həm də belə gətirmişdi ki, onun yeməyi də ən yaxşı yeməklər olurdu və evi isə Əkkanın ən yaxşı yerində yerləşirdi. Allahın işinə bax! O, burada əslində bir dustaq idi, lakin rahatlıq, əmin-amanlıq və sevinc içərisində yaşayırdı.
Əbədi işığa qovuşmaq vaxtı gələndə Məhəmməd Əlinin yaşı səksəni ötmüşdü. O, Həzrət Bəhaullahdan xeyli Lövhlər və bütün şərtlər altında sonsuz lütflər almışdı. Əbha Allahın bəhası onun üzərinə olsun. Onun üzərinə sonsuz xeyir-dualar olsun, Allah ona əbədiyyətə qədər sevinc bəxş etsin. Onun nurlu məzarı Əkkadadır.
Bağban Əbdü`s Saleh
MÜHACİRƏT EDƏNLƏR VƏ Ən Böyük Zindandakı yoldaşlardan biri Ağa Əbdü`s-Saleh idi. Bu ali ruh erkən inananların övladı İsfahanlı idi. Onun nəcib ürəkli atası ölmüş və bu uşaq yetim böyümüşdü. Ona baxacaq və ya böyüdəcək bir kimsə yoxdu və ona ziyan vermək istəyən hər kəsin əlində bir qurban idi. Nəhayət o, böyüdü, kamala çatdı və Məhbubunu axtarmağa başladı. O, Ən Böyük Zindana mühacirət etdi və burada Rizvan bağında bağban təyin olunmaq şərəfinə yetişdi. Bu işdə ondan yaxşısı yox idi. İmanında da o, çox qəvi, sədaqətli, etibara layiq bir şəxs idi; xasiyyətinə gəldikdə isə o, “sən nəcib xasiyyətlisən” ayəsnin təcəssümü idi. Məhz buna görə o, Rizvanda bağban olmaq üçün seçildi və ən böyük neməti əldə etdi: demək olar ki, hər gün o, Həzrət Bəhaulahın hüzuruna daxil olurdu.
Zira İsmi-Əzəm məhbus idi və doqquz il Əkka qalasında həbsdə saxlanıldı. Və həmişə həm kazarmalarda, həm də ondan sonra evdən, kənardan polis və fərraşlar daim onu gözətləyirdilər. Camal`i-Mübarək çox kiçik bir evdə yaşayırdı və ayağını heç vaxt öz yaşadığı yerdən kənara qoymamışdı, çünki zülmkarlar qapını daim nəzarətdə saxlayırdılar. Lakin doqquz il keçdikdən sonra hər anı nəzarətdə olan və dəyişməyən günlər arxada qaldı. Və o zaman zalım Əbdül-Həmidin və onun bütün xırda məmurlarının düşmənçilik bəsləyən iradələrinə rəğmən Həzrət Bəhaullah qaladan hökmran və qüdrətlə və şəhərin kənarında şahanə bir malikanədə məskən saldı.
Baxmayaraq ki, Sultan Əbdül-Həmidin siyasəti həmişəkindən daha sərt idi; baxmayaraq ki, Məhbusunun ciddi həbsində davamlı olaraq təkid edirdi–amma Camal`i-Mübarək indi, hər kəsin bildiyi kimi, qüdrət və cəlalı ilə yaşayırdı. Bəhaullah Malikanədə keçirər və sonra yenə də Məzrəiyə kənd yerinə qayıdardı. Bir müddət üçün Hayfaya səfər edər, arada bir Onun çadırı Karmel Dağının yüksəkliklərində qurulardı. Hər yerdən dostlar təşrif gətirər və Onu dinləyərdilər. İnsanlar və hökumət adamları bütün bunları görürdülər, lakin heç kəs bir kəlmə belə danışmırdı. Bu isə Həzrət Bəhaullahın ən böyük möcüzələrindən biridir: ki, O, məhbus olsa da, cah-cəlala əhatə olunmuşdu və hökmran idi. Zindan saraya çevrildi, məhbəsin özü isə Cənnət (Behişt) Bağı oldu. Əvvəllər tarixdə belə bir şey baş verməmişdi. Heç bir dövr belə bir şeyin şahidi olmayıb ki, zindana salınmış bir insan ətrafda qüdrət və hökmranlıqla gəzsin ki, zəncirdə olan bir şəxs Allahın Əmrinin şan-şöhrətini göylərə qaldırsın, Şərqdə və Qərbdə parlaq qələbələr qazansın və Qüdrətli Qələmi ilə dünyanı fəth etsin. Bu ali Məzhərin fərqli xüsusiyyəti belədir.
Bir gün hökumətin liderləri, ölkənin dayaqları, şəhərin üləmaları, aparıcı mistiklər və intellektuallar Malikanəyə gəldilər. Camal`i-Mübarək onlara heç bir diqqət yetirmədi. Onların Onun hüzuruna daxil olmalarına izn verilmədi və O, onların heç biri barədə soruşmadı. Mən onlarla oturdum, bir neçə saat onlarla həmsöhbət oldum, sonra gəldikləri yerdə də çıxıb getdilər. Hərçənd sultanın xüsusi fərmanı vardı ki, Həzrət Bəhaullah təcrid olunmuş halda (tək) kamerada daimi keşikçi nəzərətində saxlanılsın, heç vaxt kənara ayaq qoymasın, hətta heç bir inananı belə görməsin–belə bir fərmana, belə bir sərt əmrə baxmayaraq, Onun çadırı Karmel Dağının yüksəkliklərində əzəmətlə ucaldı. Hakimiyyətin bundan daha böyük nümayişi nə ola bilər ki, zindanda Rəbbin bayrağı ucaldı və bütün dünyanın gözü qarşısında dalğalandı! Həmd olsun belə bir qüdrət və əzəmətin Sahibinə, Həmd olsun Ona qüvvət və həşəmətlə silahlanmış Kəsə, Həmd olsun Əkka zindanında əsir ikən düşmənlərini məğlub etmiş Kəsə!
Xülasə, Əbdü`s Saleh bəxtəvərlik ulduzu altında yaşadı, çünki o, müntəzəm olaraq Həzrət Bəhaullahın hüzuruna gələrdi. Uzun illər bağban kimi xidmət etməklə şərəfləndirilmişdi və o həmişə sədaqətli, doğruçu və imanında qəvi idi. Hər bir inanan qarşısında o, müti idi; bütün bu müddətdə o, heç kəsi incitmədi, heç kəsin qəlbinə toxunmadı. Və Nəhayət o, öz bağını tərk etdi və Allahın rəhmətinə tələsdi.
Camal`i-Qədim Əbdü`s Salehdən razı idi, vəfat etdikdən sonra onun şərəfinə Ziyarətnamə nazil etdi, habelə onun haqqında fikir söylədi və o qeydə alındı və digər Yazılarla birlikdə çap olundu.
Əbhanın bəhası onun üzərinə olsun! Uca Mələkutda Allahın şəfqəti və lütfü onun üzərinə olsun.
Ustad İsmayıl
MÜBARƏK YOLDAŞLARIN ARASINDA bənna (usta) Ustad İsmayıl da vardı. Tehranda o, Fərrux Xanın tikinti nəzarətçisi idi, şad və xoşbəxt yaşayırdı, yüksək məqam sahibi idi və hamı ona ehtiram göstərirdi. Lakin onun ürəyi Əmrə məftun oldu və bununla da ovsunlandı və onun müqəddəs ehtirası bütün pərdələri yandırdı. Sonra o, ehtiyatkarlığı buraxdı, Bəhailərin bir sütunu kimi bütün Tehranda tanındı.
Fərrux xan onu əvvəlcə lazımınca qoruya bilirdi. Lakin vaxt keçdikcə, onu çağırdı və dedi: “Usta, sən mənə çox əzizsən, mən səni mühafizə etmişəm və bacardığım qədər sənin arxanda durmuşam. Amma şah sənin haqında məlumat alıb və sən bilirsən ki, o, necə qaniçən bir zalımdır. Mən qorxuram ki, o, səni xəbərdarlıqsız tuta və tutsa, asacaq. Sənin üçün ən yaxşısı budur ki, buralardan çıxıb gedəsən. Bu ölkəni tərk elə və başqa bir yerə get, bu təhlükədən qaç”.
Təmkinlə, şad bir halda ustad işini buraxdı, mal-mülkün gözlərini yumdu və İraqa getdi və burada yoxsul bir həyat sürməyə başladı. O, yenicə bir həyat yoldaşı tapmışdı və onu hədsiz sevirdi. Qızın anası gəldi, hiyləgər bir yolla, yəqin ki, ziyarət məqsədilə qızını Tehrana aparmaq üçün onun icazəsini aldı. Kirmanşaha çatan kimi qadın müctəhidin yanına getdi və ona dedi ki. Kürəkəni öz dinindən döndüyü üçün qızı onun həyat yoldaşı kimi qala bilməz. Müctəhid boşanma işini həll etdi və qızın kəbinini başqa bir kişiyə kəsdi. Bunun xəbəri Bağdada çatanda həmişəki kimi dəyanətli İsmayıl ancaq güldü: “Əlhəmdülillah!”dedi. “Bu yolda mənim itirəcəyim bir şey qalmayıb. Mən hər şeyimi, o cümlədən, həyat yoldaşımı da itirmişəm. Mən malik olduğum hər şeyi Ona verə bildim”.
Həzrət Bəhaullah Bağdaddan ayrılıb Rumeliyə gedəndə dostlar arxada qaldılar. Bu zaman Bağdad sakinləri o köməksiz inananların əleyhinə qalxdılar və əsir olaraq onları Mosula göndərdilər. Bu zaman Ustad qoca və zəif idi, lakin o, piyada getdi, səfər üçün heç nəyi yox idi, dağlardan və səhralardan, vadilərdən və təpələrdən keçdi və nəhayət, Ən Böyük Zindana gəlib çıxdı. Bir dəfə Həzrət Bəhaullah Ruminin bir qəsidəsini onun üçün yazmış və demişdi ki, üzünü Həzrət Bab tərəf tusun və musiqiyə bəstələnmiş sözləri oxusun. Belə ki, uzun zülmət gecələrdə o, sərgərdan idi, Ustad bu misraları oxuyardı:
Eşq mübtəlasıyam, heyrətdəyəm
Eşqin dəlisiyəm, bütün kürreyi-ərzdə,
Mənə ilk məcnun dedilər,
Halbuki gələndə ağıllı və hikmətli idim.
Ey mənə bu piyaləni satan eşq,
Ey uğrunda yanıb bağrı qan ollduğum eşq
O eşq ki, onunçün ağlayıb həsrət çəkirəm
Sən Ney çalansan, mənsə tütəyəm.
Əgər isəyirsən mənim yaşamağımı,
Öz nəfəsini üfür məndən
İsanın toxunuşunu mənə ver
Əsrlərdir ki, ölü yatıram.
Sənsən Axır da, sənsən Əvvəl də
Sənsən zahir də, sənsən batin də
Hər gözdən nihansan sən
Amma hər gözdə sakinsən sən.
O, qanadları sınmış bir quş kimi idi, lakin o, nəğmə oxuyurdu və bu onu yeganə Eşqinə tərəf getməkdə saxlayırdı. O, gizlənə-gizlənə Qalaya yaxınlaşdı, içəri daxil oldu, lakin artıq üzülmüşdü, tükənmişdi. O, bir neçə gün qaldı, sonra Həzrət Bəhaullahın hüzuruna gəldi, sonra ona göstəriş verildi ki, Hayfada qalmaq üçün yer axtarsın. O, Hayfaya getdi, lakin orada heç bir sığınacaq tapmadı, nə bir yuva, nə bir mağara, nə su, nə də bir taxıl dənəsi. Nəhayət, o, şəhərdən kənarda bir mağarada sakin oldu. O, balaca bir araba əldə etdi, onun üzərinə saxsı qab-qacaq, üskük, sancaq və başqa xırdavat şeylər düzdü. Hər gün səhər ertədən günortaya qədər ətrafda dolaşır, bu xırdavatın pərakəndə satışı ilə məşğul olurdu. Bəzi günlər onun qazancı iyirmi para, bəzən otuz olurdu, ən yaxşı gündə qırx para qazanardı. Sonra o, evinə−mağaraya qayıdar, bir parça çörəyə qane olardı. O, həmişə şükr edərək deyərdi: “Allaha həmd olsun ki, mən belə bir fəzl və lütfə nail olmuşam, mən dostdan və düşməndən ayrılmışam, bu mağarada pənah tapmışam. İndi mən onlardanam ki, hər şeyini verib ki, bazarda İlahi Yusifi alsın (Mən İlahi Yusifə məftun olmuşam). Bundan böyük nemət nə ola bilər!”
O, öləndə bu vəziyyətdə idi. Dəfələrlə eşitmişdik ki, Həzrət Bəhaullah Ustad İsmayıldan razılığını bildirmişdi. Xeyir-bərəkət onu sarmışdı, Allahın nəzəri onun üstündə idi. Salam və mədhlər onun üzərinə olsun. Əbhanın Bəhası onun üzərinə olsun.
Nəbil Zərəndi
HƏZRƏT BƏHAULLAHIN YANINDA olmaq üçün öz vətənindən mühacirət etmiş şəxslərdən biri də böyük Nəbil idi. Gəncliyinin çiçəkləyən vaxtında o, Zərənddə ailəsi ilə vidalaşdı və İlahi yardımla Əmri təbliğ etməyə başladı. O aşiqlər ordusunun başçısı oldu və öz xahişi ilə İraqi-Əcəmi tərk edib Mesopatomiyaya getdi, lakin Axtardığını tapa bilmədi. Çünki Məhbub o zaman Kürdüstanda, Sar-qalu mağarasında yaşayırdı və orada, o çöllü-biyabanda tək-tənha, yoldaşsız, dostsuz, bir insanın belə olmadığı bir yerdə ürəyində sakin olan gözəlliklə ünsiyətdə idi. Ondan heç bir xəbər yox idi, İraq zülmətə bürünmüşdü, kədərə qərq olmuşdu.
Nəbil görəndə ki, bir zamanlar alışdırılmış və saxlanmış atəş demək olar sönmüşdü, inananların sayı bir neçə nəfər qalmışdı, Yəhya isə gizli bir deşiyə girmişdi və orada hərəkətsiz və fəaliyyətsiz gizlənmişdi, qış qoyuğu hər tərəfi bürümüşdü–ağır kədər içində özünü borclu hiss etdi ki, çıxıb Kərbəlaya getməlidir. Həzrət Bəhaullah Kürdüstandan qayıdandan və Bağdada gələnə qədər o, orada qaldı. Onda orada hədsiz sevinc yaşanırdı, ölkədəki hər bir inanan həyata qayıtdı, onlardan biri də Nəbil idi ki, Həzrət Bəhaullahın hüzuruna tələsdi və böyük bəxşişlər aldı. İndi o, günlərini şadlıqda keçirir, Rəbbini tərif və vəsf edən mədhiyyələr yazırdı. O, istedadlı bir şair idi, dili isə çox bəlağətli, o dəmir kimi möhkəm və cəsur, ehtiraslı bir məhəbbətdən alışmış bir insan idi.
Bir müdəətdən sonra o Kərbayalaya qayıtdı, daha sonra Bağdada geri döndü və oradan da İrana getdi. Seyid Məhəmmədlə ünsiyyət etdiyi üçün səhv yola düşmüş, ağır iztiraba düçar olmuş və üzülmüşdü. Lakin bir meteor kimi, şeytani təsəvvürlərdən bir güllə kimi ayrıldı və iblis pıçıltılarını dəf etdi və Bağdada geri getdi və Müqəddəs Ağacın kölgəsində rahatlıq tapdı. Daha sonra ona göstəriş verildi ki, Kirmanşaha getsin. O, yenə qayıtdı və hər bir səfərində xidmət göstərməyə qadir oldu.
Həzrət Bəhaullah və Onun məiyyəti Bağdadı, “Sülh Məkanı”nı (Darüssəlam) tərk etdi və Konstantinopola “İslam şəhəri”nə getdi. Həzrət Bəhaullah oradan ayrılandan sonra Nəbil dərviş paltarı geyindi, piyada yola çıxdı və karvanı yolda haqladı. Konstantinopolda ona tapşırıldı ki, İrana qayıtsın və orada Əmri təbliğ etsin, həmçinin, bütün ölkə boyu gəzsin şəhərlərdə və kəndlərdə inananları baş verənlərlə tanış etsin. Bu missiya yerinə yetiriləndə və “Mən sizin Rəbbiniz deyləmmi?” təbili çalınanda−çünki indi “səksəninci il” idi. Nəbil Adrionopola tələsdi və gedərkən səsləndi: “Bəli, həqiətən Sən bizim Rəbbimizsən? Bəli, həqiqətən!” və “Ya rəbb, ya Rəbb, Ləbbeyk!”.
O, Həzrət Bəhaullahın hüzuruna daxil oldu, sədaqət və şərəf andının qırmızı şərabından içdi. Sonra ona xüsusi tapşırıqlar verilirdi ki, hər yerə getsin və hər bir diyarda Allahın indi zühurunun baş verməsi çağırışını qaldırsın, sədaət dolu müjdələri yaysın. Həqiqət Günəşi doğdu. O həqiqətən, alımışdı və rahatlıq verməyən məhəbbətə tutuşmiuşdu. Böyük vəcdlə o ölkəni başdan başa gəzər, bütün xəbərlərdən ən yaxşısı olan bu xəbəri gətirər və ürəkləri dirçəldərdi. O, hər bir məclisdə məşəl kimi alovlanırdı, o, hər bir toplantının ulduzu idi, məstedici piyaləni o, hamıya təklif edirdi. O, səyahətində təb səsi kimi getdi və nəhayət Əkka qalasına çatdı.
O zamanlar məhdudiyyətlər çox sərt idi. Qapılar qapalı, yollar bağlı idi. Nəbil qiyafəsini dəyişmiş halda, Əkka alaqapısına yaxınlaşdı. Seyid Məhəmməd və onun rəzil yoldaşları dərhal hakimin yanına qaçdılar və bu gələn səyyahın əleyhinə danışdılar. “O iranlıdır,” dedilər, “o, əslində göründüyü kimi, Buxaralı bir şəxs deyil. O, buraya gəlib ki, Bəhaulahdan bir xəbər alsın”. Hökumət onu dərhal şəhərədən çıxardı.
Məyus olmuş Nəbil Səfəd şəhərinə çəkilib getdi. Sonra o, Hayfaya gəldi və Karmel Dağında mağarada məskən saldı. O, dostdan, yaddan ayrı yaşadı, gecə-gündüz ağladı və sızladı, dualar oxudu. Orada o, zahid kimi guşənişin oldu və qapıların açılmasını gözlədi. Qapılar taybatay açıldı və Məzlum gözəllik, əzəmət, cəlal içində üzə çıxdı, Nəbil Ona tərəf sevincli bir ürəklə can atdı. Sonra o, özünü şam kimi istifadə etdi və Allahın məhəbbət atəşi ilə yandı. Gündüz və gecə o, hər iki aləmin və Onun astanasının yanında olanların yeganə Məhbubunun tərifinə nəğmələr oxudu, beşlik və altılıq formalarda şeirlər, lirik və uzun mədhiyyələr yazdı. Demək olar ki, o, hər gün Məzhərin hüzuruna daxil olurdu.
Bu Həzrət Bəhaullahın süud etdiyi günə qədər belə davam etdi. Bu ən ağır dərddən, bu sarsıdıcı fəlakətdən, Nəbil zar-zar ağladı, əsdi və Göyə nalə çəkdi. O, gördü ki, “şidad”−sıxıntı ilinin–rəqəm qarşılığı (əbcəd hesabı ilə) 309 idi və bu aydın oldu ki, Həzrət Bəhaullah indi baş verəni əvvəlcədən xəbər vermişdi.
Tamamilə sınmış halda, Həzrət Bəhaullahdan ayrılığın ümidsizliyi içində, son dərəcə çaşqınlıqda, göz yaşları tökərək Nəbil elə bir əzabda idi ki, onu görən hər kəs çaşırdı. O, mübarizə aparmaqda davam edirdi, lakin yeganə arzusu həyatına qəsd etmək idi. O, daha iztirab çəkə bilmədi, onun arzusu onu yandırırdı, o, daha dəhşətli ağrılara dözə bilmirdi. O, beləcə aşiqlər ordusunun sultanı oldu və özünü dənizə atdı.
O, özünü təslim edəndən bir gün əvvəl o, ölüm ilini bir sözlə yazmışdı. “Batdı”. Sonra o, həyatını Məhbuba fəda etdi və məyusluqdan azad oldu və daha özünü təcrid etmədi.
Bu görkəmli şəxs bilgili, hikmətli və bəlağətli idi. Onun təbii istedadı (dahiliyi) təmiz ilhamdan idi və poetik istedadı şəffaf axın idi. Xüsusilə onun “Baha, Baha” qəsidəsi tam vəcd halında yazılmışdı. Bütün həyatı boyu erkən gəncliyindən qocalıb əldən düşənə qədər vaxtını Rəbbinə xidmətdə və sitayişdə keçirdi. O, məşəqqətlər çəkdi, talesizliklər yaşadı, əzablara düçar oldu. Məzhərin dilindən heyrətamiz şeylər eşitdi. Ona Cənnətin nurları göstərilmişdi, o, ən əziz arzusuna çatdı. Və sonda dünyanın Günəşi qürub edəndə o, daha tab gətirə bilmədi və özünü dənizdə batırdı. Fədakarlıq suları onu örtdü. O, batdı və axırda isə o, Ən Yüksəyə qalxdı.
Onun üzərinə bol xeyr-dualar olsun, onun üzərinə inayət olsun. Qoy Allahın Mələkutunda o, böyük qələbə və aşkar fəzl qazansın.
Dərviş Sidq`Əli (Sidq-həqiqi)
AĞA SİDQ`ƏLİ vətəni tərk edib Həzrət Bəhaullahın yanına gedən və Zindana atılan şəxslərdən daha biri idi. O, dərviş idi; azad yaşayan, dost və yaddan eynilə qopmuş bir şəxs idi. O, ariflər zümrəsinə mənsub idi və savadlı bir şəxs idi. O, bir müddət yoxsul bir geyimdə həyat sürdü, Şəriət şərabı içdi, Təriqət səfəri etdi, lakin başqa sufilərdən fərqli olaraq, həyatını həşiş tozuna sərf etmədi; əksinə, o, özünü onların boş xəyallarından təmizlədi və ancaq Allahı axtardı, Ondan danışdı, Allahın yolu ilə getdi.
Onun gözəl şairlik təbi vardı və aləmlərin zülm verdiyi, rədd etdiyi Kəsi vəsf etmək üçün qəsidələr (mədhiyyələr) yazırdı. Əkka kazarmasında zindanda olakən yazdığı bir şeir vardı və onun əsas bəndi belədir:
Sənin zülfünün buruğu yüz ürəyi tovlayır,
Sən Saçını atanda ürəklər göz yaşı tökür.
O azad və müstəqil ruh Bağdadda izi bilinməyən Məhbubun izini tapdı. İraq üfüqündə o, Günəşin doğuşuna şahid oldu və bu doğuşdan nemət və bərəkət aldı. O, Həzrət Bəhaullahın cazibəsinə düşdü və zərif Yoldaşlığa məftun oldu. Hərçənd o, sakit, təmkinini pozmayan bir insan idi, amma onun əzaları öz müjdəsini çatdırmaq istəyən çoxlu dillər kimi idi. Həzrət Bəhaullahın məiyyəti Bağdadı tərk etmək ərəfəsində olanda, o, yalvardı ki, onu mehtər kimi özləri ilə götürsünlər. Bütün günü o, karvanın yanında gedir, gecə olanda isə atlara baxırdı. O, bütün ürəyi ilə işləyirdi. Ancaq gecə yarıdan keçəndə o, yatağa gedir, uzanıb dincəlirdi; onun yatağı isə əbası, yastığı isə palçıqdan düzəldilmiş kərpic idi.
Səyahət zamanı o, həsrətli bir məhəbbətlə dolmuş halda şeirlər oxuyardı. O, dostları çox xoşhal edərdi. Onun adı özlüyündə danışırdı: o, pak saflıq və həqiqət idi; o, məhəbbətin özü idi; o, iffətli ürək və Həzrət Bəhaullahın məftunu idi. O, özünün yüksək məqamında, yəni mehtər kimi, sultan kimi hökmran idi; o, doğrudan da, dünyanın hakimlərindən daha şanlı idi. O, Həzrət Bəhaullaha qulluq etməkdə canfəşan idi; o hər şeydə dürüst və səmimi (həqiqi) idi.
Aşiqlərin karvanı irəli gedirdi. O, Konstantinopola yetişdi; O, Adrianopola keçdi və nəhayət Əkka zindanına gəldi. Sidq-Əli hər yerə yetişirdi, sədaqətlə Əmirinə xidmət edirdi.
Hələ kazarmada olarkən, Həzrət Bəhaullah xüsusi bir gecə ayırdı və onu Dərviş Sidq-Əliyə həsr etdi. O, yazdı ki, hər il o gecə dərvişlər güllü-çiçəkli bir bağda toplantı yeri ayarlamalı və Allahı zikr etmək üçün bir araya gəlməlidirlər. O, davam edərək dedi ki, “dərviş” avara, sərgərdan gəzən, gecə-gündüz mübahisə edən və səfehliklə keçirən insanların adı deyil; əksinə, O, buyurdu, Allahdan başqa hər şeydən özlərini tamamilə ayırmış, Onun qanunlarından yapışan, Onun Əmrində möhkəm, Əhdinə vəfalı, ibadətində sabit olan kəslərə aiddir. İranlıların dedikləri kimi, bu o kəslərin adı deyil ki, ətrafda avaralar kimi gəzirlər, çaşmış, fikri dağınıq, başqalarına yük, bütün insanlardan ən qaba və kobuddurlar.
Bu görkəmli dərviş bütün həyatı boyu Allahın pənahverici lütfü altında yaşamışdır. O, dünyəvi şeylərdən tamamilə göz yummuşdu. Xidmətdə o, diqqətli idi, inananlara bütün qəlbi ilə qulluq edirdi. O, onların hamısının xidmətçisi və Müqəddəs Astanada isə vəfalı idi.
Nəhayət bir vaxt gəldi ki, Rəbbindən çox da uzaq olmadan, həyat xalatını çıxardı, fiziki gözlər üçün kölgəyə keçdi, amma ruhun gözü üçün isə gün kimi açıq olan aləmə getdi və orada o, əbədi şərəf taxtında qərar tutdu. O, bu dünyanın zindanından qurtuldu, çadırını geniş və hüdudsuz diyarda qurdu. Allah onu həmişə yaxınında saxlasın və onu o əsrarəngiz aləmdə əbədi vüsal və gözəl seyrangahda bəxtiyar etsin; qoy o, nur köynəyinə bələnsin. Onu üzərinə Əbha Allahın bəhası olsun. Onun məzarı Əkkadadır.
Ağa Mirzə Mahmud və Ağa Rza
BU İKİ MÜBARƏK ruh, Kaşanlı Mirzə Mahmud və Şirazdan olan Ağa Rza Allahın məhəbbəti ilə alışmış və Onun bilik yağı ilə yanan iki şam idilər. Uşaqlıqdan ilahi nemətlərlə əhatə olunmaqla onlar əlli beş il ərzində hər cür xidmət göstərməkdə müvəffəq olmuşdular. Onların xidmətləri saysız-hesabsızdır, saya gəlməz.
Həzrət Bəhaullahın məiyyəti Bağdaddan İstanbula yola düşəndə, Onu böyük insan izdihamı yola salırdı. Yolda onlar dəhşətli aclıq çəkdilər. Bu iki ruh piyada, Həzrət Bəhaulahın olduğu hovdanın (kəcavənin) önündə adımlayır və hər gün yeddi-səkkiz fərsəng yol qət edirdilər. Taqətdən düşmüş və çox zəif halda onlar dayanacaq yerinə çatardılar; amma nə qədər üzülmüş olsalar da onlar dərhal yemək bişirmək hazırlıqlarına başlayar, inananların rahatlığına baxardılar. Onların qoyduqları səylər həqiqətən də bir insanın bədəninin dözümündən yuxarı idi. Elə vaxtlar olurdu ki, onlar iyirmi dörd saatın cəmi iki-üç saatını yata bilirdilər; çünki dostlar yeməklərini yeyib qurtaran kimi, bu iki dost qab-qacağın yığışdıırlması və yuyulması ilə məşğul olardılar. Bu onların gecə yarısına kimi vaxtını alardı və ancaq ondan sonra onlar dincələ bilirdilər. İşıqlananda onlar qalxar, hər şeyi yığışdırar və yenə də Həzrət Bəhaullahın hovdasının önündə gedərdilər. Baxın, onlar necə vacib bir xidməti yerinə yetirirdilər və necə bir nemət üçün seçilmişdilər: səfərin başlamasından, Bağdaddan, İstanbula gələnə qədər onlar Həzrət Bəhaullahın yanında gedirdilər; onlar dostların hər birini şad edirdilər; onlar hamıya rahatlıq və dinclik gətirirdilər; onlar dostların istədikləri hər şeyi hazırlayırdılar.
Ağa Rza və Mirzə Mahmud Allaha məhəbbətin cövhəri idilər, Allahdan başqa hər şeydən göz yummuşdular. Bütün o vaxt ərzində onların səslərini qaldırmalarını heç vaxt heç kəs eşitmədi. Onlar heç vaxt keç kəsi incidib qırmadılar. Onlar etibarlı, sədaqətli və dürüst idilər. Həzrət Bəhaullah onların üzərinə Öz xeyir-dualarını yağdırdı. Onlar daim Onun hüzuruna daxil olar və O, isə onlardan razı olduğunu bildirərdi.
Kaşandan Bağdada gələndə Mirzə Mahmud gənc idi. Ağa Rza isə Bağdadda iman gətirdi. Bu iki insanın ruhani halətləri təsvirə gəlməzdi. Bağdadda yeddi aparıcı inanandan ibarət bir qrup yoxsul və kimsəsiz olduqlarından kiçik və tək bir otaqda yaşayırdılar. Onlar ancaq ki, özlərini dolandırırdılar, amma o qədər ruhani, bəxtəvər idilər ki, özlərini Beşhiştdəki kimi hiss edirdilər. Bəzən bütün gecəni dan yeri ağarana qədər dua oxuyardılar. Gündüzlər onlar işləməyə gedərdilər və axşama kimi biri on para, biri iyirmi, digəri isə otuz və ya qırx para qazana bilərdi. Bu pullar axşam yeməyinə xərclənərdi. Bir gün onlardan biri iyirmi para qazandı, qalanları isə heç nə qazana bilmədilər. Pulu olan bir qədər xurma aldı və başqaları ilə paylaşdı; bu, yeddi nəfərin şam yeməyi idi. Onlar bu qıtlıq həyatından tam razı və son dərəcə xoşbəxt idilər.
Bu iki şərəfli kişi günlərini insan həyatında ən yaxşı olan hər şeyə həsr etdilər: onların görən gözləri vardı; onlar ağıllı və huşyar idilər; onların eşidən qulaqları vardı, sözlərində insaflı idilər. Onların yeganə arzuları Həzrət Bəhaullahı məmnun etmək idi. Onlar üçün Onun Müqəddəs Astanasında xidmətdən başqa heç nə kərəm və nemət sayılmırdı. Ən Böyük Dərddən (Həzrət Bəhaullahın Süudu) sonra kədər onları əriyən şam kimi yandırdı; onlar ölüm arzuladılar və Əhddə möhkəm qaldılar və o Günəşin Dininin yayılması üçün gərgin və yaxşı çalışdılar. Onlar Əbdül-Bəhanın yaxın və etibarlı yoldaşları idilər və onlara hər bir şeydə etibar etmək olardı. Onlar daim təvazökar, itaətkar, iddiasız və müti idilər. Bütün o zaman ərzində onlar nəfs qoxusu gələn bir söz belə söyləmədilər.
Və nəhayət, Əbdül-Bəhanın olmadığı zaman onlar solmaz cəlal Mələkutuna uçub getdilər. Mən çox kədərləndim, çünki onlar vəfat edəndə mən onların yanında deyildim. Cismən orada olmasam da, mənim ürəyim orda idi və onları ağlayırdım; amma zahirən mən onlarla vidalaşmadım; ona görə kədərlənirəm.
Onlara salam və mədhlər olsun; onların üzərinə rəhmət və bəha olsun. Allah onlara Cənnətdə, Sidrənin altında yuva versin. Onlar Qüdrətli və Qüvvət Sahibi Rəblərinin yanında nur köynəyinə bürünsünlər.
Qəzvinli Pidarcan
MƏRHUM PİDARCAN BAĞDADA mühacirət edən inanalar arasında idi. O, dindar, Məhbuba məftun olmuş qoca bir kişi idi; İlahi eşq bağında o, tam açmış bir qızılgül idi. O buraya, Bağdada gəldi, günlərini Allahla ünsiyyətdə və dualar oxumaqda keçirdi; o, yerdə gəzsə də, Səmanın yüksəkliklərinə səyahət edirdi.
Allahın qanununa riayət etmək üçün o, ticarəti seçdi, çünki heç nəyi yox idi. O, bir neçə cüt corabı büküb qoltuğunun altına vurar, küçə və bazarlarda gəzərək onları satar, oğrular da onun mallarını çalıb aparardılar. Nəhayət, o, məcbur oldu ki, corabları əli uzanmış halda ovcunda tutsun və getsin. Lakin o, dua oxuduğu vaxtlarda bir gün görəndə ki, gözlərinin qabağındaca əllərində saxladığı corabları oğurlayıblar, məəttəl qaldı. Onun bu dünya üçün huşyarlığı dumanlanmışdı, çünki o, başqa bir aləmə səyahət etmişdi. O, vəcd halətində olurdu. O, məst olmuşdu, görmək halında deyildi.
Bir müddət İraqda o, məhz belə yaşayırdı. Demək olar ki, hər gün o, Həzrət Bəhaullahın hüzuruna müşərrəf olurdu. Onun adı Abdullah idi, amma əhbablar ona Pidarcan−əziz ata−ləqəbi vermişdilər, çünki o, onların hamısı üçün mehriban bir ata idi. Nəhayət, o, Həzrət Bəhaullahın pənahverici qayğısı altında o, “qüdrətli sultanın hüzurunda həqiqət kürsüsünə” uçub getdi.
Allah onun qəbrini Öz rəhmətinin bol yağmurları ilə ətirləndirsin və ilahi şəfqət nəzərlərini onun üzərinə salsın. Salam və mədhlər olsun ona.
Şeyx Sadiq`i-Yəzdi
BAĞDADA MÜHACİRƏT EDƏNLƏRDƏN biri də möhtərəm, adı Sadqi kimi mömin olan Şeyx Sadiq Yəzdi idi. O, Cənnətin meşəsində hündür bir palma, Allahın məhəbbət səmalarında şölə saçan bir ulduz idi.
Məhz İraqda olanda o, Həzrət Bəhaullahın hüzuruna tələsdi. Onun bu dünyanın şeylərindən özünü ayırması və ruhun həyatına bağlanması təsvirə gəlməz. O, məhəbbət təcəssümü, ürəyi yumşaqlıq mücəssəməsi idi. O, gecə və gündüz Allahla ünsiyyət edir, dua və yalvarış halətinə qərq olurdu. Çox vaxtlar onun gözlərindən yaşlar axardı. Camali-Mübarək onu xüsusi bir lütf üçün seçmişdi, O, diqqətini nə zaman Sadiqə tərəf döndərsəydi, Onun inayətini açıqca görmək olardı.
Bir gün xəbər gətirdilər ki, Sadiq ölüm ayağındadır. Mən onun yanına getdim və onu son nəfəsdə gördüm. O, bağırsaq keçməzliyindən əziyyət çəkirdi, qarnı ağrıyırdı və köpmüşdü. Mən Həzrət Bəhaullahın yanına tələsdim və vəziyyəti təsvir etdim. “Get”, O, dedi. “Əlini köpmüş yerə qoy və bu sözləri söylə: “Sən ey Şəfa Verən”.
Mən ayıtdım. Gördüm ki, onun keçməzlik olan yeri alma boyda şişib; o daş kimi idi, davamlı hərəkətdə, fısıldayır, ilan kimi ətrafına burulurdu. Mən əlimi onun üzərinə qoydum; Üzümü Allaha tutdum və müticəsinə Ona yalvardım və “Ya Şafi” sözlərini təkrar dedim. Birdən xəstə kişi ayağa qalxdı. Onun bağırsaq keçməzliyi keçdi. Şişi yox olub getdi.
Bu ruh mücəssəməsi olan insan Həzrət Bəhaulahın məiyyəti Bağdadan çıxmaq üçün yol alana qədər şad və məmnun yaşadı. Əmr edildiyi kimi, Sadiq arxada, o şəhərdə qaldı. Lakin həsrət onun içində o qədər ehtirasla vururdu ki, Həzrət Bəhaullah Mosula çatanda o, ayrılığa daha dözə bilmədi. Ayaqyalın, başıaçıq, o, Mosula gedən çapara qoşuldu. O, qaçdı, o, çılpaq düzənlikdə ən böyük rəhmətin kölgəsində yıxıldı və öz dincliyini tapdı.
Qoy Allah ona “kafur çeşməsində doldurulmuş şərab qədəhindən”ndən içirsin və onun məzarına saf sular yağdırsın; Allah onun o çöllükdəki torpağını müşklə ətirləndirsin və onun üzərinə səfbəsəf nur yağdırsın.
Şah Məhəmməd Əmin
ƏMİN, ETİBARLI KƏS ləqəbi olan Şah Məhəmməd erkən inananlar arasında idi və ən dərin heyranlardan idi. O, ilahi Çağırışı gəncliyinin çiçəkləyən vaxtında eşitmiş və üzünü Mələkuta döndərmişdi. O, boş mövhumat pərdələrini gözləri önündən çırıb atmış və ürəyinin arzusuna çatmışdı; nə insanlar arasındakı xülyalar, nə də hədəf olduğu tənə və məzəmmətlər onu geri döndərə bildi. O, tərpənməz dayandı və müşkül dənizi ilə üzləşdi; o, Gəliş (məşhər) gününün möhkəmliyi ilə dayanaraq onu saxlayan və yolunda əngəl yaradanlarla üzləşdi. Onlar onun ürəyinə nə qədər şübhə salmağa çalışırdılarsa, o, o qədər də güclü olurdu; onlar ona nə qədər işgəncə verirdilərsə, o, o qədər tərəqqi edirdi. O, Allahın camalının əsiri idi, Əbhanın gözəlliynin köləsi idi; o, Allaha məhəbbətin alovu, Onu tanımağın vuran fəvvarəsi idi.
Onun ürəyində eşq elə yanırdı ki, rahatlığı yox idi; Məhbubun hicranına dözmək daha mümkün olmayanda o, doğma diyarını, Yəzdi tərk etdi. Səhranın qumu onun ayağının altında ipək oldu; əsən külək kimi uçaraq o, dağları və ucsuz-bucaqsız düzləri aşdı və nəhayət Məhəbbətin qapısında dayandı. O, özünü hicran tələsindən azad etdi və İraqda Həzrət Bəhaullahın hüzuruna daxil oldu.
Elə ki, o bəşərin Sevgilisinin evinə yola düşdü, o, hər bir fikirdən boşaldı, hər bir qayğıdan qurtuldu və sonsuz lütf və fəzl aldı. O, İraqda bir neçə gün qaldı və sonra İrana qayıtmaq göstərişi aldı. O, bir müddət orada qaldı və inananları ziyarət etdi; onun pak nəfəsi onların hər birini canlandırdı, hər biri Əmri üçün alışdı, dincliklərini itirdilər və əvvəlkindən daha səbrsiz oldular.
Sonra o, Mirzə Əbül-Həsənlə, ikinci Əminlə Ən böyük Zindana gəldi. Bu səfərində o, bir neçə çətinliklə qarşılaşdı, çünki zindana yol tapmaq hədsiz dərəcə çətin idi. Nəhayət, Həzrət Bəhaullah onu ictimai hamamda qəbul etdi. Mirzə Əbül-Həsən öz Rəbbinin əzəmətli hüzurunda elə sarsıldı ki, titrədi, ayağı dolaşdı və yerə yıxıldı; başı yarıldı və qan axdı.
Əmin, yəni Şah Məhəmməd, Əmin ləqəbi ilə şərəfləndirilmişdi və onun üzərinə kərəm yağışı yağırdı. İstək və məhəbbətlə dolu, Həzrət Bəhaullahdan olan Lövhləri özü ilə götürərək, o, geriyə, İrana yol aldı və orada, daim etibara layiq bir şəkildə o, Əmr üçün çalışdı. Onun xidmətləri böyük idi, özü isə inananların ürəklərinə təsəlli idi. Enerjili olmaqda, şövq və qeyrətdə onunla heç kəs müqayisə oluna bilməzdi və heç kəsin xidməti onun xidmətinə bərabər olmazdı. O, insanlar arasında pənahgah idi, Müqəddəs Astanaya sədaqətinə görə hər yerdə tanınır, hər yerdə dostlar tərəfindən sevinclə qarşılanırdı.
O, heç vaxt bir an da dincəlmədi. O, bir gecə də rahat yatağında yatmadı, nə də başını dincliklə yastığa qoydu. O, bir quş kimi daim uçuşda idi, maral kimi sürətli qaçırdı, tənhalıq çölündə mehman olmaqla tək və cəld idi. O, bütün inananlara sevinc gətirirdi; onun gəlişi hamı üçün yaxşı xəbər idi; hər bir axtarana o, əlamət və nişanə idi. O, Allahın məftunu idi, Allahın məhəbbət səhrasında sərgərdan idi. Külək kimi o, düzlərin üzərindən əsir, təpələrin üstündə cövlan edirdi. O, hər gündüz başqa bir ölkədə, hər gecə başqa bir diyarda olurdu. O, heç vaxt dincəlmədi, o, heç vaxt aram olmadı. O, xidmət etmək üçün daim ayaqda idi.
Lakin onu Azərbaycanda Miyandabda zindana saldılar. O, hansısa kürdlərin, günahsız və müdafiəsiz bir adamdan bir sual belə soruşmayan düşmən bir qrupun qəddarlığının qurbanı oldu. Başqa xaricilər kimi, bu qəribin də kürdlərə bədxah olmasına inanaraq onu məzlumcasına öldürdülər.
Onun şəhid olması xəbəri Zindana yetişəndə, bütün məhbuslar kədərləndilər, onun üçün göz yaşları tökdülər və son saatında onun köməksiz qaldığı kimi Allaha pənah aparıdılar. Hətta Həzrət Bəhaullahın çöhrəsində belə kədərin aşkar əlamətləri vardı. Uca Qələmdən o fəlakətli çöldə ölmüş insan haqqında son dərəcə incə bir Lövh nazil oldu və onun haqqında çoxlu digər Lövhlər endirildi.
Bu gün Allahın mərhəmət kölgəsində o, parlaq Cənnətdə sakindir. O, müqəddəslik quşları ilə həmsöhbətdir və parlaq təcəllilər yığıncağında o, nura qərq olmuşdur. Onun xatirəsi və tərifi kitabların səhifələrində və insanların dilində və dodaqlarında zamanın sonuna qədər yaşayacaq.
Ona salam və mədhlər olsun; Əbhanın bəhası onun üzərinə olsun; ona Allahın ən böyük rəhməti olsun.
Məşədi Fəttah
Məşədi Fəttah bir ruh mücəssəməsi idi. O, sədaqətin özü idi. Hacı Əli Əşrəfin qardaşı−eyni bir pak nəsildən gəlirdi və Əli Əsgərin vasitəsilə Əmrə gəlmişdi. Kastor və Polluks əkizlər kimi, onlar da daim bir yerdə olar, hər ikisi iman nuru ilə işıqlanmışdı.
Bu iki qardaş hər şeydə cüt idilər; onlar eyni dərəcədə yəqinlik və imana, eyni anlayışa malik idilər, eyni vaxtda Azərbaycandan Ədirnəyə mühacirət etmişdilər. Həyatın hər bir şəraitində onlar bir şəxs kimi yaşayırdılar; onların davranışı, məqsədləri, dinləri, xasiyyətləri, rəftarı, imanı, yəqinliyi biliyi–hamısı bir idi. Hətta Ən böyük Zindanda belə onlar bir yerdə idilər.
Məşədi Fəttahın bir qədər ticarəti vardı; bu onun dünyada malik olduğu yeganə şey idi. O, bunu Ədirnədə müəyyən şəxslərə əmanət etdi, bu vicdansız adamlar onun mallarını əldən çıxardılar. Beləliklə, Allahın yolunda o, malik olduğu hər şeyi itirdi. O, günlərini tam razlıqla Ən Böyük Zindanda keçirdi. O, tam bir təmənnasızlıq idi; ondan heç kəs bir söz belə eşitməmişdi ki, bu onun mövcudluğuna çarə etsin. O, daim zindanın bir küncündə olar, sakitcə təfəkkür edər, Allahın zikri ilə məşğul olardı; həmişə, ruhən ayıq və huşyar, dua və yalvarış halətində idi.
Sonra Böyük Dərd gəldi. O, Həzrət Bəhaullahdan ayrılığın iztirabına döz bilmədi və Onun süudundan sonra o qəmdən öldü. Mübarəkdir o; Mübarəkdir o; Ona müjdələr olsun; yenə, ona müjdələr olsun. Əbhanın bəhası onun üzərinə olsun.
Nəbil Qaini
BU GÖRKƏMLİ ŞƏXS, Molla məhəmməd Əli, Həzrət Babıb bəyanından əvvəl ürəyi Həzrət Bəhaullaha cəzb olunanlardan biri idi; bu o zaman idi ki, o, irfan şərabının piyaləsini Fəzl Saqisinin əlindən içmişdi. İş belə gətirmişdi ki, Qainin şahzadəsi Mir Əsədullah Xanın oğlu olan bir prinsə əmr edilmişdi ki, siyasi girov kimi Tehranda qalsın. O, gənc idi, sevgili atasından uzaqda yaşayırdı, Molla Məhəmməd Əli isə onun müəllimi və mühafizəçisi idi. O gənc Tehranda qərib olduğundan, Camal`i-Mübarək ona xüsusi iltifat göstərirdi. Nə qədər gecələr gənc şahzadə Həzrət Bəhaullahın malikanəsində Onun qonağı olmuşdu, Molla Məhəmməd Əli isə onu müşayiət edərdi. Bu Həzrət Babın bəyanından öncə idi.
Məhz bu zaman idi ki, etibarlı dostların öncülü olan bu şəxs Həzrət Bəhaullaha heyran olmuşdu və getdiyi hər yerdə Onun tərifini yayırdı. Elə ki, İslamda edirlər, Həzrət Bəhaullahın etdiyini öz gözləri ilə gördüyü böyük möcüzələri və eşitdiyi heyrətamiz şeyləri danışırdı. O, vəcdə gəlmişdi və məhəbbətlə yanırdı. Bu halətdə o, şahzadə ilə birlikdə Qainə qayıtdı.
Sonralar o, görkəmli alim, Ağa Məhəmməd Qaini (ləqəbi Nəbil`i-Əkbər idi) mərhum Şeyx Mürtəza tərəfindən müctəhid, yəni dini qanun doktoru təyin edildi; sonra o, Bağdada getdi və Həzrət Bəhaullahın atəəşli ardıcılı oldu və geriyə, İrana tələsdi. Aparıcı üləma və müctəhidlər onun alim kimi nailiyyətlərindən, onun elminin genişliyindən və uca mərtəbəsindən agah idilər və bunu etiraf edirdilər. O, Qainə yetişəndə açıq şəkildə Əmri təbliğ etməyə başladı. Molla Məhəmməd Əli Camal`i-Mübarəkin adını eşidən andaca Babı qəbul etdi. “Mən Camal`i-Mübarəki Tehranda görmək şərəfinə nail olmuşam” o, dedi. “Mən Onu görən anda Onun köləsi oldum”.
Bu istedadlı, yeksək zəkalı şəxs öz kəndi Sar Çahda Əmri təbliğ etməyə başladı. O, öz ailəsini istiqamətləndirdi və başqalarını da təbliğ etdi, xeyli insanı Allahın məhəbbət qanunu altına gətirdi və hər kəsi xilas yolunda apardı.
O zamana qədər o, həmişə Qainin hakimi Mir Ələm Xanın yaxın yoldaşı olmuşdu, ona mühüm xidmətlər göstərmişdi və Hakimin hörmət və etibarını qazanmışdı. İndi isə o, utanmaz şahzadə dininə görə qəzəblə onun əleyhinə qalxdı, onun əmlakını əlindən aldı və talan etdi; çünki Nəsrəddin şahdan qorxurdu. O, Nəbil`i-Əkbəri sürgün etdi və Nəbil`Qainini taladı. Onu zindana saldıqdan və işgəncə verdikdən sonra onu evsiz-eşiksiz bir səfil kimi ordan çıxardı.
Nəbil üçün qəfil fəlakət bir xeyir-dua idi, onun dünyəvi malının əlindən alınması və çöllərə salınmasıAllahın ona əta edəcəyi şahanə tac və ən böyük lütf olacaqdı. Bir müddət o tehranda qaldı, zahirən bir məkanı olmayan bir səfil, daxilən isə nəşə içində idi; çünki Əhddə möhkəm olan hər bir ruhun əlaməti budur.
Onun böyük adamların cəmiyyətinə çıxışı vardı və müxtəlif şahzadələrin vəziyyətini bilirdi. Ona görə də o, onların bəzilərinin yanına gedir və onlara müjdə verirdi. O, inanaların ürəklərinə təsəlli, Həzrət Bəhaullahın düşmənlərinə isə sıyrılmış bir qılınc idi. O, haqqında Quranda oxuduqlarımız şəxslərdən biri idi: “Onlar Allahın Əmri üçün mübarizə aparar və heç kəsin tənəsindən qorxmazlar”. O, Əmri irəli aparmaq üçün gecə-gündüz ağır zəhmət çəkdi, bütün gücü ilə Allahın aşkar əlamətlərini yaydı. O, Allaha məhəbbət şərabından içərdi, fırtına buludları kimi gurultulu, dənizin dalğaları kimi coşğun idi.
Sonra Ən Böyük Zindanı ziyarət etmək üçün ona izn verildi; çünki Tehranda bir inanan kimi gözə görünürdü. Hamı onun iman gətiridiyini bilirdi; o, nə ehtiyat edir, nə səbr edir, nə də qorunurdu; o, susmağın nə olduğunu bilməz, öz imanını gizlətmək yolu tutmazdı. O, qətiyyən qorxan deyildi, amma dəhşətli təhlükədə idi.
Ən Böyük zindana gələndə düşmən mövqeyində olan nəzarətçilər onu uzaqlaşdırdılar və əldən saldılar ki, o, qalaya daxil olmaq yolunu tapa bilməsin. Onu məcbur etdilər ki, Nazaretə getsin, orada o, bir müddət, iki oğlu Ağa Qulam Hüseyn və Ağa Əli-Əkbərlə dərd çəkərək və dua edərək qərib kimi yaşadı. Nəhayət, onu qalaya gətirmək planı tərtib edildi və onu günahsızların saxlandığı zindana çağırdılar.O, elə bir vəcdlə gəlmişdi ki, onu təsvir etmək mümkün deyil, ona Həzrət Bəhaullahın hüzuruna daxil olmaq izni verilmişdi. O, oraya daxil olanda və gözlərini qaldırıb Camal`i-Mübarəkə baxanda, əsdi, titrədi və huşunu itirib yerə yıxıldı. Həzrət Bəhaullah ona inayətlə müraciət etdi və o, yenidən ayağa durdu. O, bir neçə gün kazarmada gizli qaldı və sonra Nazaretə qayıtdı.
Nazaret əhalisi onunla çox maraqlanırdılar. Onlar bir-birlərinə deyirdilər ki, açıq görünür ki, öz ölkəsində böyük və görkəmli, məşhur və yüksək məqama malik bir adamdır; onlar özlərindən soruşurdular ki, bu insan niyə dünyanın Nazaret kimi ucqar bir yerini yaşam yeri seçib və belə bir yoxsulluq və məşəqqətə o, necə razı olub.
İsm`i-Əzəmin vədinin yerinə yetməsilə Zindanın qapıları taybatay açılanda bütün əhbablar və səhayətçilər qala-şəhərə rahat və hörmətlə girib-çıxa bilirdilər, Nəbil Qaini də hər ay Həzrət Bəhaulahı ziyarət etmək üçün buraya səfər edərdi. Lakin Onun əmrinə uyğun olaraq o, Nazaretdə qalmaqda davam edirdi və burada o, bir neçə xristianı Əmrə gətirmişdi; və orada o, gecə-gündüz Həzrət Bəhaullaha edilən zümlərə görə ağlayırdı.
Onun həyat üçün qazanc əldə etmək işi mənimlə şərik olmağında idi. Yəni, mən ona üç kran verirdim, bununla o, iynə alırdı və bu onun ehtiyat malı olurdu. Nazaretli qadınlar mübadilə ilə iynənin müqabilində ona yumurta verirdilər və beləcə o, gündə otuz ya qırx yumurta alırdı: üç iynəyə bir yumurta. Sonra o, bu yumurtaları satır, gəliri ilə dolanırdı. O, zaman Əkka ilə Nazaret arasında gündəlik karvan olduğundan, o, hər gün iynə götürmək üçün Ağa Rzanın yanına gələrdi. Allaha həmd olsun! O, ilkin kapitalın xərclənməsi hesabına iki il yaşaya bildi; o, daim şükr edirdi. Tək bir bu faktla siz onun düya malından necə göz yumduğunu deyə bilərsiniz: Nazaretlilər deyirdilər ki, bu qoca kişinin davranış və rəftarından açıqca görünürdü ki, o, çox zəngin idi və əgər o, belə təvazökar şərtlərlə yaşayırsa, bu ancaq ona görə ola bilər ki, o, yad bir yerdə yad bir adamdır və öz var-dövlətini gizlətmək üçün iynə satmaq kimi xırdavatçılıqla məşğul olur.
Həzrət Bəhaullahın hüzuruna gələndə hər dəfə o, daha çox lütf və məhəbbət görürdü. İlin hər bir fəslində o, mənim yaxın dostum və yoldaşım idi. Məni kədər bürüyəndə onu çağırmaq üçün adam göndərirdim və sadəcə onu yenidən görəndə sevinirdim. Onunla söhbət necə gözəl, onunla ünsiyyət necə cəzbedici idi. Onun üzü parlaq idi; ürəyi azad; hər cür bağlılıqdan azad, daim qanadlanardı. Sona yaxın o, Ən Böyük Zindanda məskən saldı və hər gün Həzrət Bəhaullahın hüzüuruna daxil oldu.
Bir gün o, dostları ilə bazarda gedəndə Hacı Əhməd adlı qəbir qazanı görür. Səhhəti yerində olsa da, o, qəbir qazana üzünü tutdu və gülə-gülə dedi: “Mənimlə gəl”. İnananların və qəbir qazanın müşayiəti ilə o, Nəbiullah Salehin yanına getdi. Orada dedi: “Ey Hacı Əhməd, səndən bir xahişim var: mən bu dünyadan köçəndə mənim qəbrimi burada, Ən Pak Budağın yanında qazarsan. Bu mənim sizdən ricamdır”. Bunu dedi və o adama bəxşiş olaraq pul çıxarıb verdi.
Həmin axşam, gün batandan bir az keçmiş, xəbər gəldi ki, Nəbil Qaini xəstələnib. Mən dərhal onun evinə getdim. O, oturmuşdu və söhbət edirdi. O, işıq saçırdı, gülür, zarafat edirdi, lakin aydın olmayan səbədən onun üzündən tər tökülürdü–tər üzündən aşağı sel kimi axırdı. Bundan başqa onda elə bir əlamət görünmürdü. Tərləmə hey davam edirdi; o, zəiflədi, yatağına uzandı və səhərə yaxın vəfat etdi.
Həzrət Bəhaullah onun haqında sonsuz fəzl və inayətlə danışardı və onun adına br neçə Lövh nazil etmişdi. Camal`i-Mübarək Nəbilin vəfatından sonra, o şövq və atəşi, o iman gücünü xatırlayaraq, adətən deyərdi ki, Həzrət Babın gəlişindən öncə Onu Özünü tanımış bir kişi vardı.
Onun ecazkar bəxşişləri üçün ona salamlar olsun. “Onu bəxtəvərlik və gözəl bir yuva gözləyir. Və Allah kimi istəsə, Öz mərhəməti üçün seçir.”