top of page
3
1
2


Əminlik Kitabı (Kitab-i-İqan)
 

Həzrət Bəhaullah

ön söz

Bəhai dininin Peyğəmbəri Hz. Bəhaullahın bu müqəddəs kitabı Əmrin izhar edilməsindən iki il əvvəl Bağdadda nazil olmuşdur. «Kitabi-İqan», nəinki Bəhai dinində, həm də bütün dünyada mühüm və əvəzsiz olan nadir kitablardan biridir. Belə ki, din böyüklərinin və alimlərinin mübahisəsinə səbəb olan məsələlərin - keçən dinlərin müqəddəs kitablarındakı kəlmə və işarələrin izahını, açarını burada tapmaq olar. Bundan əvvəl nazil olmuş din kitablarında göstərildiyinə görə, bu müşküllərin izahı «Axır-zaman»a, yəni bu müqəddəs zühura həvalə olunmuşdur. Məsələn, Daniyal Nəbi «Tövrat»da buyurur: «Ey Daniyal! Bu kəlamı gizli saxla və kitabı Axır-zamana kimi möhürlə.» Yaxud, Yəhya «İncil»ində bu barədə belə söylənilir: «Sizə deyiləsi çox mətləblərim var, lakin indi siz onları qəbul etmək iqtidarında deyilsiniz. Bir gün o, yəni həqiqət ruhu gələr və sizə həqiqət yollarını göstərər». «Quran»da isə belə buyurulur: «Onun izahını Allahdan və elmə kamil olanlardan başqa heç kəs bilməz». Həzrət İmam Cəfər Sadiq bu barədə yazır: «Elmdə kamil olanlar dedikdə, Həzrət Mehdi Sahib-əz-Zaman və onun əshabələri nəzərdə tutulur». Həzrət Bəhaullah «Kitabi-Əqdəs»də bu mövzu ilə əlaqədar bildirir: «Siz belə hesab etməyin ki, biz yalnız ehkam nazil etmişik, yox, biz möhürlənmiş kuzənin möhürünü açmışıq».

«Kitabi-İqan»ın yaranmasının maraqlı tarixçəsi var. Bir gün Bağdad əhbablarından biri Həzrət Bəhaullaha xəbər gətirir ki, Həzrət Babın Kərbəla və Nəcəf ziyarətlərindən gəlmiş iki dayısı indi Bağdaddadırlar. Həzrət Bəhaullah onlarla görüşmək istədiyini həmin əhbaba bildirir. Ertəsi gün Həzrət Babın böyük dayısı Hacı Seyid Məhəmməd Həzrət Bəhaullahın hüzuruna gəlir. Həzrət Bəhaullah ona deyir: «Heyf, sizin ailənizdə zahir olan bu Nura ki, siz Ondan məhrumsunuz.» Hacı Seyid Məhəmməd cavabında bildirir: «Biz Mehdi Sahib-əz-Zaman haqqında çox vəsflər, təriflər eşitmişik, məsələn, zahiri səltənət, məmləkətləri fəth etmək və s. Onun mübarək adını eşitdikdə daim təzim etmişik. Lakin indi deyirlər ki, o mövcud olan Qaim bizim bacımız oğludur». Həzrət Bəhaullah buyurur ki, onlar bu məsələ ilə bağlı olan suallarını yazıb gətirsinlər, o isə Allahın qüdrəti ilə bu müşküllərə cavab versin. Hacı Seyid Məhəmməd təşəkkür edib gedir və səhəri gün suallarını Həzrət Bəhaullaha təqdim edir. Həzrət Bəhaullah həmin suallara cavab olaraq iki gün, iki gecə ərzində bu kitabı — «Kitabi-İqan»ı nazil edir. Hacı Seyid Məhəmməd «Kitabi-İqan»ı oxuduqdan sonra bu Əmrə iman gətirir.

Bu müqəddəs kitab əvvəl «Risaleyi-Xal» («Dayıya Risalə»), sonralar isə «Kitabi‑İqan» adlandırıldı. «Kitabi-İqan»ın Əfnan (Həzrət Babın ailəsi) ailəsində saxlanılan əsli 1948-ci ildə həzrət Şövqi Əfəndiyə təqdim olunmuş və bu gün də Hayfada, Beynəlxalq Bəhai Arxivindədir. «Kitabi-İqan» İrandakı ilk möminlər arasında ən çox yayılan və oxunan bir əsərdir. O dövrdə əl yazısıyla çoxaldılan bu əsər fars ədəbiyyatının ən seçilmiş nümunələrindən biridir.Bu əsər hər oxunduqda yeni həqiqətlər bəxş etdiyindən dərinliyinə baş vurulmayan bir dənizi xatırladır. Bəşəriyyətin birliyi, sülhü və əmin-amanlığı naminə Həzrət Bəhaullahın gətirdiyi həyat nizamı bu gün dünyamızın hər yerinə yayılmaqdadır.

Bakı Bəhailərinin Ruhani Məhfili, Bakı , 1998

 

I HİSSƏ

BİSMİ RƏBBİNƏL ƏLİYUL ƏLA.
UCALAR UCASI RƏBBİMİZİN ADIYLA.

Bu bölmə yerdə və göylərdə mövcud olanlardan büsbütün əl çəkməyincə insanın irfan dənizi sahillərinə yetişə bilməyəcəyini anladır. Ey yer üzünün insanları! Ruhlarınızı təmizləyin. Təmizləyin ki, Allahın sizin üçün müəyyən etdiyi məqama yetişib, Bəyan Göylərində qurduğu qubbəyə girə biləsiniz.

Bu bölmənin mahiyyəti budur: iman yolunda addımlayıb və iqan (yəqinlik) qədəhindən içmək istəyənlər qəlblərini və özlərini dünyanın bütün maddi şeylərindən təmizləməlidirlər, yəni qulaqlarını onun-bunun sözlərindən və qəlblərini boş şübhələrdən, ruhlarını aldadıcı maddi parıltılardan, gözlərini mənasız şeylərə baxmaqdan uzaq tutmalıdırlar. Onlar Allaha təvəkkül edib ətəyindən yapışaraq, Onun yolunda addımlamalıdırlar. Bu təqdirdə onlar Allahın Elm və İdrak Günəşinin şüaları ilə işıqlanmağa layiq sayılar və Gözəgörünməzin sonsuz baxışlarını əks etdirmiş olarlar. Başqa cür də ola bilməz. Çünki əgər hər hansı bir insan Haqqın möminlərinin əməllərini, ya danışıqlarını Haqqı tanımaq üçün tərəzi kimi qəbul etsə, o heç bir vaxt izzət sahibi olan Rəbbi tanımaq Cənnətinə girə bilməz. Birlik Sultanının elm-hikmət çeşmələrinə yetişə bilməz və ölümsüzlük məqamlarına ayaq basa bilməz. Allaha yaxınlaşmaq şərabından, riza nemətindən pay ala bilməz.

Keçmişə bir nəzər salın: xeyli alim və avam adamlar Birlik Sultanının müqəddəs şəxslərdə Zühur etməsini nə qədər arzulamışlar. Belə ki, hər zaman, hər an onların qulaqları səsdə olaraq, böyük bir istəklə gözləyərək diləmişlər: «İlahi, nə olaydı, rəhmət yelin əsməyə başlayaydı, vəd olunmuş Camalın görünməyən otaqdan çıxıb, Zühur meydanına qədəm qoyaydı», - deyə geçə-gündüz yalvarıb-yaxarardılar. Lakin elə ki, inayət qapıları açılıb, kərəm buludları göy üzünü tutar və görünməz Günəş qüdrət üfüqlərindən görünərdi, bu zaman gözləyənlər dərhal Ona qarşı çıxardılar. Onun, yəni Allahın ziyarətindən üz çevirərdilər. Bütün bunlar Səmavi Kitabların hamısında təfsilatı ilə yazılmışdır.

İndi bir az düşünün: xalqın bu qədər həsrətlə gözləməsindən sonra belə dönük çıxmasının səbəbi nə idi? Onların Allaha qarşı hücumu elə idi ki, onu təsvir etməkdə dil, yaxud qələm aciz idi. Allah tərəfindən göndərilən elə bir Peyğəmbər və Rəsul olmayıb ki, insanlar Ona qarşı etiraz edib, güclü müqavimət göstərməsinlər. Necə ki buyurur: «Vay bu bəndələrin halına! Onlara heç bir Peyğəmbər gəlməyib ki, ona istehza etməsinlər»! Başqa bir yerdə də buyurulduğu kimi: «...Hər ümmət öz Peyğəmbərləri ilə mübarizə aparıb və haqqı batil etməyə cəhd göstərib».

 

Beləliklə, Allahın Qüdrət buludlarından və Allahın İzzət səmasından nazil olan Kəlmələr bəndələrin saya biləcəyindən daha çoxdur və ağıl və göz sahiblərinə «Hud» surəsini oxumaq kifayətdir. Bu mübarək surənin ayələrini ürəyinizdə oxuyub bir azca düşünün və heç bir hissə qapılmadan onun əsl mahiyyətini qavramağa çalışın ki, Peyğəmbərlərin heyrət doğuran əməlləri ilə tanış olasınız və pis fikirli bəndələrin bu Peyğəmbərləri necə rədd və təkzib edən sözlərini xatırlayasınız. Belə olsa, insan ruhunu nəfs və qəflət məskənindən Allahın mərifət və birlik yuvasına uçura bilərsiniz. Bəli, belə etməklə Zülcəlalın sonsuz hikmətinin qaynağından dərk edə-edə içər və Onun əbədi İdrak Ağacının meyvələrindən bol-bol yeyərsiniz. Beləliklə, sonsuzluq və müqəddəslik göylərindən enən süfrədən təmiz ürəklər üçün müəyyən olunmuş pay budur!

 

Peyğəmbərlərə rəva görülən cəfaları və xalqın Onlara qarşı irəli sürdüyü etirazların səbəbini öyrənmiş olsanız, çox şey bilərsiniz və öz dininizdə, Allah Əmrində daha dərin bir qənaət, daha köklü bir iman sahibi olarsınız. Xalqın Peyğəmbərlərə qarşı etirazını nə qədər çox görsəniz, onda öz dininizdə və əqidənizdə bir o qədər möhkəm olarsınız. Bunları sübut etmək üçün keçmiş Peyğəmbərlərə aid bəzi əhvalatları burada qısaca xatırlamaq istəyirik. Məlum olduğu kimi, keçən əsrlərdə Peyğəmbərlərə xalq tərəfindən o qədər əzab-əziyyət verilib ki, qələm onları yazmaqda xəcalət çəkir. Bəlkə, bu halda zəmanəmizdə alim və cahillər tərəfindən qaldırılmış ziddiyyətlər və etirazlar qarşısında bəzi adamlar sarsıntıya uğramaz, onların yəqinlik və inamı daha da artar.

 

Nəbilərdən biri olmuş Nuh 950 il müddətində öz qövmünə yalvardı, onları əmniyyət və sülh vadisinə çağırdı, heç kəs onun çağırışını qəbul etmədi. Onun müqəddəs şəxsiyyətinə qarşı edilən əziyyətlər gündən-günə şiddətlənirdi. Bu hal o dərəcəyə çatmışdı ki, heç kim Onun bu qədər cəfalardan sonra sağ qalacağını ehtimal etmirdi. O, istehzalara məruz qaldı və bir çox kinayə oxlarına hədəf oldu. Necə ki buyurulur: «Ümmətinin əyan-əşrafı yanından ötüb-getdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: «Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi, siz bizi məsxərəyə qoyduğunuz kimi, məsxərəyə qoyacağıq». Nuh bu minval ilə bir xeyli zaman öz məsləkdaşlarına təyin olunmuş vaxtda bir neçə dəfə zəfər vəd etdi. Vaxt yetişəndə isə İlahi Vəd baş tutmadı. Bu da ona səbəb oldu ki, Onun az olan əshabələrindən bəziləri Ondan üz çevirərək ətrafından uzaqlaşdılar. Məşhur kitabların çoxunda yazılanlar buna sübutdur. Yəqin ki, bu kitabları Siz diqqətlə oxumusunuz. Oxumamısınızsa, şübhəsiz, oxuyacaqsınız. Nəticədə, bu kitablarda və rəvayətlərdə göstərildiyi kimi, Onun tərəfdarlarından 40 və ya 72 nəfər Onunla qaldı. Nəhayət, kitabların yazdığına və rəvayətlərə görə, Nuh artıq dözə bilməyərək: “Ey Rəbbim! Yer üzərində bir nəfər belə kafir qoyma!” - deyə bir fəryad qopardı.

 

İndi Siz bir an bu adamların inadcıllığı üzərində düşünün. Bu adamlar nə üçün bu müddət ərzində belə etiraz edərək Ondan uzaqlaşdılar? Nədən bu insanlar rədd və inkar köynəyini atıb, qəbul və iman əbasını geymədilər və nə hikmətlə Allah Vədləri həyata keçmədi və bir neçə mömin Ondan üz çevirmişdi? Bu barədə çox dərin düşünmək lazımdır. Təki, görünməz şeylərin sirlərinə vaqif olasınız. Həqiqət bağçasının mənəvi ətirlərini qoxulayasınız və aydınlığın qaranlıqdan, doğrunun əyridən, haqqın batildən, hidayətin zəlalətdən, xoşbəxtliyin bədbəxtlikdən və gülün tikandan fərqləndirilməsi üçün Allahın insanları imtahana çəkdiyini aydın görüb anlaya biləsiniz. Necə ki buyurur: «Əlif, Lam, Mim» «İnsanlar yalnız: «İman gətirdik!» - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?». 

 

Nuhdan sonra Hudun camalının nuru bu maddi aləmin üfüqündən parladı. Hud, deyilənlərə görə, 700 il müddətində xalqı Zülcamalın (Allah) Yaxınlıq Cənnətinə dəvət elədi. Bu müddət ərzində saya gəlməz bəlalar Onun üzərinə tünd yağışlar kimi yağdı. Dəvət artdıqca inkar da artdı, səy çoxaldıqca qarşıdurma da şiddətləndi: «...Kafirlərin küfrü onların ancaq ziyanını artırar!» 

 

Ondan sonra Salehin mübarək şəxsi mənəvi aləmin görünməz Cənnətindən peyda oldu. O da xalqı Allaha yaxın olmaq üçün şəriətə dəvət etdi. O, yüz ildən artıq bir müddətdə xalqı Allahın buyurduğu şeyləri etməyə və qadağan etdiyi şeylərdən çəkinməyə çağırdı. Lakin onun bütün səyləri, nəsihətləri nəticəsiz qaldı. Belə vəziyyət qarşısında qalan Saleh bir neçə dəfə xalqdan uzaqlaşaraq tənha bir guşədə yaşadı. O Camali-Əzəlin xalqı Allahın Mədinəsinə dəvətdən başqa məqsədi yox idi. O dedi: «Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur». Buyurulduğu kimi, bir az sonra da: «Onlar dedilər: Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiklərinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barəsində şəkk-şübhə içindəyik», - buyurulmuşdur. Bütün bunlar bir fayda vermədi və nəhayət, fəryadla onların hamısı cəhənnəm oduna qaytarıldı.

 

Ondan sonra Allahın Dostu olan İbrahimin gözəl camalı örtük arxasından göründü, yəni hidayət bayrağı dalğalandı. O, yer üzündəki insanları möminlik işığına dəvət etdi. O nə qədər nəsihət verdisə də onlarda qısqanclıq və qəflətdən başqa bir şey əldə edə bilmədi. Lakin yalnız o adamlar dünyəvi şeylərdən uzaqlaşdılar ki, inam qanadlarıyla uçaraq xalqın dərk etmədiyi məqama ucaldılar. Atəş rəvayəti sona yetdikdən sonra, bütün risalə və kitablarda yazıldığı kimi, Allahın insanlar arasındakı bu çırağını — Həzrət İbrahimi məmləkətdən çıxartdılar.

 

Onun dövrü bitdikdən sonra Musanın növbəsi gəldi. Və O Həzrət Əmr Əsasıyla, Allahı tanımaq işığı ilə, Allahın Şövkət və Qüdrət əjdahasıyla Onun məhəbbət dağından, Nur Sinası tərəfindən Zühur meydanında zahir oldu. O, bütün yer üzündəkiləri ölümsüz həyat Səltənətinə və Vəfa Ağacı meyvələrinə çağırdı. Şübhəsiz ki, Firon ilə qövmünün necə Ona qarşı çıxdıqlarını və müşriklərin şəkk-şübhə daşı atdıqları barədə eşitmisiniz. Nəhayət, Firon və qövmü o qədər azğınlaşdılar ki, Allahın bu Ağacının atəşini saxtalıq və üzüdönüklük suyu ilə söndürməyə qalxdılar. Fəqət onlar İlahi Hikmət atəşinin maddi su ilə və İlahi Qüdrət işığının şiddətli küləklər ilə söndürülməyəcəyi həqiqətindən xəbərsiz idilər. Xeyr, əksinə, bu kimi hallarda su atəşin alovlanmasına və külək işığın şölələnməsinə səbəb olur. Kəskin bir göz ilə baxıb, Allah rizasının yolu ilə getsəniz, bunun belə olduğunu görərsiniz. Bu münasibətlə Ulu Allahın Özü həbibinə - Həzrət Məhəmmədə nazil etdiyi Kitabda anlatdığı kimi, Firon ailəsinə mənsub bir mömin nə qədər gözəl demişdir: «Firon ailəsindən olub, imanını gizli saxlayan bir kişi dedi: «Məgər siz bir adamı: «Rəbbim Allahdır!» - deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq - aşkar möcüzələr gətirmişdir. Əgər o yalan deyirsə, yalnız öz əleyhinədir; yox əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddini aşanı və yalançını doğru yola müvəffəq etməz». Nəhayət, zülmdə o qədər irəli getdilər ki, bu mömini yaman işgəncələrlə şəhid etdilər. Allahın lənəti zalım qövmün üzərinə olsun. 

 

İndi bu işlər barədə düşünün. Bu qarşıdurmanı doğuran səbəblər nə idi? Həqiqi Allah Zühurunun Dünya xalqları içərisindən seçilmiş Peyğəmbərləri, bütün Səmavi Kitablarda yazıldığı kimi, Özlərindən sonra bir başqa Peyğəmbərin də gələcəyini insanlara xəbər verib, Onların əlamətlərini də bildirdiyi halda, bu kimi etirazlar və çəkişmələr nədən olub? Onda nə üçün insanların gələcəyi müjdələnən Müqəddəs Məzhərləri gözləməsinə və Müqəddəs Kitablarda Onların əlamətlərinin göstərilməsinə baxmayaraq, bütün dövrlərdə Allah Peyğəmbərlərinə və Nəbilərinə belə təcavüzlər, təzyiqlər və zülmlər edilməkdə idi? Necə ki buyrulmuşdur: «...Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn Peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də Onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz»

 

Düşünün, insanların belə davranmasına səbəb nə idi? Zülcəlalın Camalını əks etdirən bu Allah Elçilərinə nə üçün belə münasibət bəslənirdi? Burası həqiqətdir ki, o dövrlərdə insanların haqdan üz çevirməsinə və haqqa göz yummasına səbəb nə idisə, indi də bəndələrin qəflətinə səbəb odur. Desək ki, Allahın dəlilləri tam və mükəmməl deyildi və insanlar da bu səbəbdən etiraz edirdi, onda bu açıq bir küfr olardı. Necə ola bilər ki, Allah xalqı doğru yola yönəltmək üçün Öz qulları arasından birisini seçir və ona kifayət qədər tam sübutlar vermir və eyni zamanda insanları Ona inanmadıqları üçün cəzalandırır. Çünki Allahın Kərəmi, fəzli Məzhərləri göndərmək vasitəsilə yaranmışlara çatdırılıb. Bir an belə olmamışdır ki, rəhmət yağmurları Onun inayət buludundan yağmamış olsun. İnsanların belə çirkin davranışlarına səbəb təkəbbür və qürür vadisində addımlamaları, qəriblik çöllərində azmaları, öz xülya və uydurmalarına tabe olmaları və öz üləmalarından eşitdiklərini həqiqət sanmalarıdır. Onların əsas qayğısı etiraz etmək, yeganə arzusu həqiqətə göz yummaqdır. Dərk edən hər bir adama məlumdur ki, insanlar həqiqət Günəşi Məzhərinin hər bir zühuru zamanı öz gözlərini, qulaqlarını və qəlblərini hər gördüklərindən, eşitdiklərindən və duyduqlarından təmizləmiş olsaydılar, Allah Camalından və Qüdsiyyət Zühurunun vüsalından məhrum olmazdılar. Nə etmək olar ki, bu cür adamlar Allahın dəlillərini öz bilgiləri və din xadimlərindən aldıqları bilgilərlə eyni tərəziyə qoyduqda və Allah dəlillərinin öz məhdud ağıllarına uyğun gəlmədiyini görəndə bu cür yaramaz hərəkətlərə yol verirdilər.

 

Bütün tarix boyu insanların əbədi qurtuluş dənizinin sahillərinə çatmasına əngəl törədənlər zamanın din alimləri olmuşlar. Xalqı idarə etmək cilovu bu sinfin əlində olmuşdur. Onların bəziləri ya hakimiyyət hərisliyindən, ya biliksizlik üzündən xalqı daim haqdan uzaq saxlamışlar. Onların izni və fitvaları ilə Allahın hər bir Peyğəmbəri şəhidlik şərbətini içərək uca İzzət Üfüqünə uçmuşdur. Varlıq Sultanlarına və Məqsud Cövhərlərinə zamanın hökmdarları və əsrin din xadimləri tərəfindən nə zülmlər edilməmişdir? Bu adamlar əbədi səadəti bu bir neçə günlük fani həyata fəda etmişlər. Belə ki, onların gözləri Sevgilinin Üzündə parlayan nuru görməmiş, qulaqları Arzu Quşunun Məlahətlə ötməsini eşitməmişdir. Bu səbəbdən bütün Səmavi Kitablarda zamanın alimlərindən bəhs edilmişdir. Və O deyir: «Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda, nə üçün inkar edirsiniz?» və «Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?» Buyurduğu kimi, başqa bir yerdə də: «De ki, «Ey kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün iman gətirən şəxsləri Allahın yolundan geri döndərməyə çalışırsınız?» - buyurulmuşdur. Aydındır ki, xalqı düzgün yoldan azdıran «kitab əhli» o zamanın ruhaniləridir və Allahın Gözü ilə baxarsınızsa, onların əməllərinə bir çox ayə və hədislər də yazıldığını görmüş olarsınız.

 

İndi də İlahi baxışınızı Rəbbani bilik üfüqlərinə dikib, Allahın nazil etdiyi kamil kəlamlar haqqında bir az düşünün ki, cəlal pərdəsi arxasında və fəzl otağı içərisində gizli saxlanılan bütün ruhani hikmət sirləri sizə açıqlansın. İnsanların bütün etirazları və mübahisələri onların idrakındakı və düşüncələrindəki çatışmamazlıqdan irəli gəlmişdir. Məsələn: insanlar haqq Camalını əks etdirənlərin (yəni Peyğəmbərlərin) gələcək Zühurun əlamətlərində buyurduqları bəyanatı dərk edə bilmədilər və Onun həqiqətini anlamadılar. Belə olanda fəsad bayraqları qaldırılmış, fitnə ələmləri sancılmışdır. Burası bəllidir ki, əbədi bülbüllərin nəğmələrini və Mənəvi Göyərçinlərin kəlamlarını əzəli Şəxsiyyətlərdən başqa, heç kəs dərk edə bilməz. Zülm Qibtisi Ədl Sibtisinin şərabından məhrumdur. Kafir Firon Musanın Nurundan xəbərsizdi. Necə ki buyurulur: «Quranın ayələrinin mənasını Allahdan və ən bilikli alimlərdən başqa heç kəs bilməz.» Buna baxmayaraq, insanlar Kitabın həqiqi şərhini ilk mənbələrdən əxz etmir, Allahdan uzaq olanlardan soruşurdular.

 

Məsələn, Musanın dövrü bitib, İsanın Nuru ruhun dan yerindən dünyanı işıqlandıranda yəhudilər bir ağızdan etiraz edərək deyirdilər ki, Tövratda gələcəyi haqqında xəbər verilən Şəxs Tövratın qanunlarını müdafiə etməli və həyata keçirməlidir. Halbuki, bu Nasiri əhli olan cavan özünü Məsih adlandırıb Musanın ən böyük hökmlərindən olan şənbə və boşanma hökmlərini ləğv etmişdi. Tövratda yazılan, yəhudilərin gözlədiyi əlamətlər hələ həyata keçməyib. Allahın Nur doğuşları və Müqəddəs Məzhərləri Musadan sonra nə qədər Zühur ediblər. Buna baxmayaraq, hələ də yəhudilər öz nəfs pərdələri, şeytani xəyalları ilə gözləyirlər ki, xəyal etdikləri şəxs dərk olunan əlamətlərlə nə vaxtsa zahir olacaqdır. Beləliklə, Allah onları günahlarına görə belə yaxalamış, onlardan iman ruhunu belə almış, onları Cəhənnəmin odu ilə belə cəzalandırmışdır. Onun da yeganə səbəbi budur ki, onlar Tövratda yazılan Zühurun əlamətlərini anlamamışlar. Bu millət əlamətlərdən bəhs edən sözlərin həqiqi mənalarını qavraya bilmədiyindən və bu əlamətlər zahirən baş vermədiyindən İsanın Camalını tanımaqdan məhrum qaldı və Allahın hüzuruna yetişə bilmədi. Və Onun gəlişini bu günə qədər də gözləməkdə davam edir. Bütün ümmətlər qədim zamanlardan bəri bu cür uydurma düşüncələrə qapılaraq özlərini təmizlik və müqəddəslik bulaqlarından axan şəffaf sulardan məhrum etmişlər.

 

Bu sirləri örtən örtüyü qaldıraraq, Biz dostlardan birinin naminə nazil olan lövhələrdə keçmiş Nəbilərə aid bəzi sözlərin mənasını Hicaz (ərəb) dilinin gözəl nəğmələrilə yazmışdıq. İndi də Biz zati-alinizin xahişinə cavab olaraq bu səhifələrdə həmin ayələri İraq ləhcəsinin (fars dilinin) lətif ahəngi ilə təkrarlayırıq. Bəlkə, bu yolla uzaqlıq çöllərində susuz gəzənlər yaxınlıq dənizinə yol tapar, ayrılıq çöllərində yol azanlar yaxınlıq və vüsal Çadırına yönələrlər. Beləliklə, yolu azdıran buludlar dağılsın, cahanı nurlandıran hidayət günəşi can üfüqündən doğsun! Allaha güvənərək Ondan imdad diləyirəm ki, bu qələmdən insanların ruhlarını dirildəcək şey axsın və hər bir kəs qəflət yatağından qalxaraq, Birlik Bağçasında Allahın iznilə qüdrət əli tərəfindən əkilmiş Cənnət Ağacının üzərindəki yarpaqların xışıltısını duysun.

 

İdrak sahibi olanlara aydın və məlumdur ki, İsa məhəbbətinin atəşi yəhudi məhdudiyyətinin pərdələrini yandırıb. Onun hökmü müəyyən dərəcədə xalqı cəlb etdi. Bir gün həzrət İsa bəzi əshabələrinə ayrılıq sözünü xatırlatdı və şövq atəşini alovlandırdı və buyurdu ki, mən gedirəm və yenə gələcəyəm. Başqa bir münasibətlə də: «Mən gedirəm və Məndən sonra bir başqası gələcəkdir, Mənim söylədiklərimi tamamlayacaqdır»,-dedi. Bu iki söz həqiqətdə bir sözdür. Birlik Məzhərlərinə Allah gözüylə baxmış olsanız, bunun belə olduğuna sağlam inam hasil edərsiniz. 

 

Əgər mənəviyyat gözüylə baxılsa, həqiqətən Xatəmin (həzrəti Məhəmməd) əhdində İsanın həm Kitabı, həm də Əmri sübut oldu. Ad bəhsinə gəlincə Həzrətin Özü: «İsa Mənəm», - buyurmuşdur. O, İsanın əsərlərini və yazılarını da təsdiq edərək, onların Allahdan gəldiyini bəyan etmişdir. Bu mənada nə Onların Özləri, nə də yazıları arasında fərq görünmür. Çünki hər ikisi Allahın əmri üçün qiyam edib və hər ikisi Allahın zikrini söyləyib və hər ikisinin Kitabı eyni ilahi Əmrin buyurduqlarını bildirəndir. Beləki İsa Peyğəmbər Özü: «Mən gedirəm və yenə gələcəyəm», - buyurmuşdur. Günəşin özü bu xüsusda bir örnəkdir. Bu günün Günəşi: «Mən dünənin Günəşiyəm»,- deyirsə, doğru söyləmiş olur. Zamanın ardıcıllığını fikrində tutub deyərsə ki, Mən dünənin Günəşi deyiləm, yenə doğru söyləmiş olar. Günlər də onun kimidir. Bütün günlərin eyni gündən başqa bir şey olmadığı iddia edilirsə, bu iddia yerində və doğrudur. Yox əgər deyilsə ki, onlar bir-birindən adına və necəliyinə görə fərqlənir, bu da doğrudur. Görürsünüz ki, günlər eyni gündən başqa bir şey olmamaqla bərabər, hər bir günün özünə görə ayrı bir adı, başqa bir vəsfi, ayrı bir xüsusiyyəti vardır ki, başqalarında bu tapılmaz. Müqəddəs Məzhərlər arasındakı ayrılıq, başqalıq və birlik məqamlarını da eyni izah və qaydaya görə anlayınız. Belə ki, o adlar və sifətlər yaradıcısının birlik və başqalıq məqamlarıyla bağlı sözlərindəki gizli mənaları dərk edib, işin həqiqətinə vaqif olsanız, Əzəli Camalın nə səbəbdən müxtəlif sıralarda başqa-başqa ad və ünvan almaqda olduğu haqqındakı sualınıza tam bir cavab tapa bilərsiniz.

 

Sonradan İsanın əshabələri və şagirdləri Qayıdış və Zühurun əlamətlərinin nələr olduğunu və bu hadisələrin nə zaman baş verəcəyini Ondan soruşdular. Eyni sualı müxtəlif hallarda bir neçə dəfə O misilsiz Camala verdilər. Həzrət İsa hər dəfə Qayıdış və Zühurun yeni əlamətini bəyan edirdi. Bu barədə dörd «İncil»də yazılmışdır.

 

Mən məzlum müxtəlif münasibətlərlə əlamətlərə dair İsanın verdiyi cavablardan birini Allah rizası üçün burada anladaraq, Müqəddəs Ağacın xəzinəsində gizlədilmiş nemətləri Allah qullarına açmaq istərdim. Belə ki, fani bəndələr Əbədiyyət Meyvəsindən məhrum olmasınlar və Zülcəlal Həzrətlərinin Dar-əs-Salam deyilən Bağdad şəhərində axıtdığı Əbədiyyət Suyundan bir neçə damcıya qovuşa bilsinlər. Biz bunun üçün nə mükafat, nə də təşəkkür gözləyirik: «Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz Sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik». Haqqında bəhs edilən bu yemək aydın ruhu və təmiz qəlbi olanları əbədi həyata qovuşduran bir yeməkdir. Bu yemək: «Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et...», ayəsində göstərilən yeməkdir. Bu qida heç bir vaxt buna layiq olanlardan əsirgənilməz və əsla tükənməz. Bu qida hər zaman Mərhəmət Ağacında bitir və bütün fəsillərdə rəhmət və ədalət Göylərindən enir. Necə ki buyurulur: «Pak kəlmə pak ağac kimidir ki, onun kökü sabitdir, budaqları göyə çəkilib, meyvəsini heç zaman əsirgəməz».

 

Yazıq o kəsdir ki, özünü bu gözəl hədiyyədən uzaq tutar, bu daimi nemətdən və bu əbədi həyatdan məhrum qalar. İndi o bu mənəvi nemətin qədrini bilməlidir ki, bəlkə, həqiqət Günəşinin heyrətedici lütfləri sayəsində ölmüş cəsədlər təzə bir həyat tapa və solmuş ruhlar hüdudsuz ruhun təsiri ilə yenidən dirilə. Ey Qardaşım! Can bədəndə ikən Əbədiyyət Qədəhlərindən dadmağa çalış, çünki can mehi hər zaman Canan Şəhərindən əsməz, Bəyan Nəhrləri daima axmaz, Cənnət qapıları daima açıq qalmaz. Gün gələr, Cənnət Bülbülləri bu bağçadan çıxıb İlahi yuvalara gedər. O zaman Bülbülün nəğməsini eşidə bilməzsən və gülün Camalını görə bilməzsən. Bu halda Əbədiyyət Göyərçinin eşq və həvəslə ötməkdə və Allah baharı yer üzünü gözəllikləri ilə bəzəməkdə ikən bu fürsəti qənimət bilərək qəlbinin qulağını Onun nəğmələrini dinləməkdən məhrum etmə. Budur Mənim öyüd-nəsihətim Sizlərə və Allahın sevdiklərinə. İstəyən qəbul edər, istəməyən rədd edər. Allahın görülüb müşahidə edilən şeylərə ehtiyacı yoxdur.

 

Budur İncil bağçasında sonrakı Zühurun əlamətlərini lətif bir səslə tərənnüm eyləyən Məryəm oğlu İsanın sözləri! Matveyə aid edilən birinci Kitabda yazıldığına görə, öz Gələcək Zühurunun əlamətlərinin nə olduğu sualına İsa belə cavab vermişdir: «O qaranlıq günlərdən dərhal sonra günəş qaralacaq, ay öz işığını verməyəcək, ulduzlar Göydən düşəcək, Yerin qüvvəti sarsılacaqdır... O zaman İnsan Oğlunun əlaməti göydə görünəcək; o vaxt yer üzünün bütün qəbilələri ah-nalə edəcəklər və İnsan Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcəklər. Və O Öz Mələklərini gur səsli şeypur ilə göndərəcək.» Bu ibarənin farsca tərcüməsi belədir: Zülm və bəla bütün insanlara gəldikdən sonra günəş öz nurunu saçmayacaq, yəni qaralacaq, ay öz işığını verməyəcək, göy ulduzları yer üzünə düşəcək və yerin dirəkləri sarsılacaq. O zaman insan oğlunun əlamətləri göydə görünəcək, yəni gələcəyi vəd olunan Zatın və varlıq cövhərlərinin Camalı bu əlamətlərdən sonra görünməzlik səltənətindən görünən aləmə gələcəkdir. Buyurulur ki, o anda yer üzündə olan bütün qəbilələr fəryad və fəqan edəcəklər və xalq o Allah Birliyi Camalının bulud üzərində Qüdrət, Əzəmət və böyük Comərdliklə göydən gəldiyini görəcəklər, o vaxt O Öz mələklərini böyük şeypur səsilə göndərəcəkdir. Lukaya, Marka və Yəhyaya aid edilən o biri üç Kitabda (İncil) da eyni ibarələr vardır. Ərəbcə lövhələrdə bunların geniş bəhsi verildiyindən onları burada təkrarlamadıq; yalnız onlardan birini anlatmaqla məhdudlaşdıq.

 

Xristian alimləri bu sözlərin həqiqi mənalarını və bu kəlmələrdə ifadə edilən rəmzləri anlamayıb, zahiri mənalarını əsas götürdüklərindən Məhəmməd feyzinin şəriətindən və Əhməd fəzlinin buludundan məhrum olmuşdular. Digər tərəfdən xristian icması içərisindəki cahil xalq da öz din alimlərinə baxıb Cəlal Sultanının Camalını ziyarətdən məhrum qalmışdır. Belə ki, Əhməd Günəşinin Zühurunda, yəni həzrət Məhəmmədin Zühurunda belə əlamətlər meydana gəlmədi. Beləliklə, əsrlər və dövrlər gəlib keçdi. O Ruh Cövhəri Özü Əbədi Səltənət yerinə döndü. Bir daha ruhani bir şəxs Allahın Sur şeypurunu üfülədi və ölü nəfslər qəflət qəbirlərindən, azmış yollarından hidayət məhəlləsinə gəldilər. O tayfalar vədə verilmiş əlamətlərin nə vaxt zahir olacağını hələ də gözləyir ki, onun yolunda canlarını, mallarını fəda etsinlər. Başqa ümmətlər də belə bir yanlış, şübhəli düşüncələrlə Allahın tükənməyən rəhmət Çeşmələrindən məhrum olub öz xəyalları ilə məşğuldurlar. 

 

Bu cümlədən başqa İncildə bir də bu ayə var: «Göy və yer dağılar, amma Mənim sözlərim yox olmaz». Buna görə də İncil əhli İncil şəriətinin heç bir zaman məhv olmayacağını söyləyir. Bu cəhətdən «İncil» əhli deyirdi ki, «İncil»in hökmü heç vaxt batil olmayacaq və nə zaman başqa bir şəxs «İncil»də olan əlamətlərlə gəlsə, gərək bütün aləmdə yayılıb həmişəlik olana qədər o dinin hökmünü icra edə. Bu onların təməl etiqadlarındandır. Və onların tam qənaətinə görə bir Kimsə «İncil»də yazılmış bütün vəd olunmuş əlamətlərlə Zühur etsə və «İncil»in hökmlərindən hər hansı birinə əks çıxsa, onlar belə bir Kimsəni tanımamalı, bəlkə də, Onu kafir elan etməli, məsxərəyə qoymalıdırlar. Necə ki Məhəmməd Günəşinin doğuşunda da belə oldu. İndi əgər Allahın Müqəddəs Kitablarında yazılan bu kəlmələrin mənasını hər Zühurda o Zühur sahibindən soruşsaydılar, mütləq ki, Allahın Zühuruna və hikmətli elm sirlərinə vaqif olardılar.

 

İndi bu bənddə Mən bu kəlamların mənasını bir qədər aydınlaşdıracağam. Ta ki idrak və göz sahibləri onun mənasından, Allahın Məzhərlərinin buyurduqlarında olan işarələrə vaqif olaraq sifət, ad dənizinin kəlmələrinin heybətindən məhrum qalmayıb, Allahın zatının təcəllisi olan Çıraqlarından hicablanmasınlar.

 

Buyurulduğu kimi, «O günlərin sıxıntısından dərhal sonra» sözlərinə gəldikdə isə, bu o zamana işarədir ki, insanlara zülm və təzyiq ediləcək, həqiqət Günəşinin izləri və hikmət Ağacının meyvələri insanlar arasında yox olacaq, xalqın cilovu cahil və nadanların əlinə düşəcək, insanın yaranmasında əsas qayəni təşkil edən birlik və Allahı tanımaq qapıları qapanacaq, elm şübhəyə çevriləcək və hidayət əxlaqsızlığa yer verəcək. Necə ki bu hal bu gün baş verir; hər bir zümrənin cilovu bir cahilin əlinə düşmüş, cilovunu əllərində tutanlar xalqı istədikləri kimi idarə edirlər. Onların arasında Məbuddan ad, Məqsuddan isə bir ləfz qalmışdır. Xudbinlik və hərislik küləkləri o dərəcədə hakim kəsilmişdi ki, daxillərindəki ağıl (idrak) və vicdan işığı sönmüşdür. Halbuki, Tanrı qapıları, Rəbbami(Rəbbani) qüdrət ilə açılmış elm işığı və müqəddəslik mərhəməti bütün yaradılmışların cövhərlərini çox işıqlandırıb və ruhlandıraraq doğru yola yönəltmişdir. Belə ki, hər şeydə bir elm qapısı açılmış, hər zərrədə Günəşin izləri izhar edilmişdir. Dünyanı bürüyən bütün bu elm təzahürlərinə baxmayaraq, bilik qapısını hələ qapalı bilir və mərhəmət yağmurlarını hələ kəsilmiş sayırlar. Onlar elmin sağlam ipini buraxıb, zənnə qapılmışlar. Anlaşılan bilik və biliyin qapısına binadan etibar etməmişlər: O bilik qapısının zühuru haqqında belə düşünməmişlər, çünki zənn və xəyalda çörək qapısı görmüşlər, elm Məzhərinin uğrunda isə canları fəda etməkdən başqa bir yol yoxdur. Ona görə də təbii ki, onlar birincidən möhkəm yapışmış, ikincidən isə uzaq qaçmışlar. Allah hökmünün tək bir hökm olduğuna ürəklərində etiraf etdikləri halda hər tərəfdən bir hökm və hər məhəllədən bir əmr gəlir. İki adam eyni qanun haqqında bir razılığa gələ bilmir, çünki onlar öz nəfslərindən başqa bir ilahi axtarmırlar, xəta yolundan başqa bir yol seçmək istəmirlər. Rəhbərlik, onların fikrincə, əldə edilə biləcək ən böyük qayə, təkəbbür və qürur isə istək, arzuların ən yüksək nailiyyətidir. Onlar öz hiylələrini Rəbbani təqdirlərdən üstün tutmuş, təslim və itaətkarlığı rədd edərək, tədbir və riyakarlıqla məşğul olmuşlar. Onlar şövkətlərinə bir əksiklik və izzətlərinə bir xələl gəlməsi qorxusuyla bütün imkanlarını toplayaraq vəziyyətlərini mühafizə etməyə çalışırlar. Allah mərifətilə sürmələnib işıqlanmış bir gözlə ətrafa baxılsa, bir dəstə yırtıcı heyvanın birləşərək insan leşləri üzərinə daraşdığı görünər.

 

İndi hansı təzyiq və sıxıntı bu deyilənlərdən daha böyükdür: həqiqəti arayıb Allahı tanımaq istəyən bir kimsənin bunun üçün harasa gedə bilməyəcəyindən və onu kimsədən soruşa bilməyəcəyindən daha yaman bir sıxıntı ola bilərmi? Fikirlərin bir-birinə uyğun olmadığından və yolların bir-birindən ayrıldığını görən belə bir şəxs çaşıb qalır. Bu təzyiq və sıxıntı hər Allah Zühurunun əlamətlərindəndir. Bunlar baş vermədikdə həqiqət Günəşi doğa bilməz. Bunun üçündür ki, bütün rəvayətlərdə və hədislərdə bu şeylər, yəni küfrün dünya üzünü bürüyəcəyi və bəşəriyyətin qaranlıqda boğulacağı və buna bənzər şeylər söylənilmişdir. Hədislərin məşhurluğu və arzumun qısa olmasını nəzərə alaraq həmin hədislərin mətnlərindən burada misal gətirməkdən çəkindim. 

 

Əgər insanlar öz xəyallarıyla bu daralmanı dünyanın daralması və ya buna bənzər bir şey kimi təsəvvür edirlərsə, bu heç vaxt baş verməyəcək və onlar lazım gələndə deməli olacaqlar ki, bu şərt yerinə yetirilməmişdir. Necə ki, onlar bu barədə demişlər və indi də deyirlər. Qısası, «darlıq» dedikdə İlahi Biliyin darlığı və İlahi kəlamların dərk edilməməsi nəzərdə tutulur. Günəşin və Günəşi əks etdirən Aynaların batması zamanı insanlar, dediyimiz kimi, darlıq və çətinlik içərisinə düşərək kimə tərəf yönələcəklərini bilmirlər. Buna görə biz sənə bu kəlamların mənasını dərk etmək imkanı verir və Müdriklik sirrini sənə açırıq ki, onun mənasından xəbərdar olasan, İdrak və Müdriklik piyaləsindən içənlərdən biri olasan. Ona görə hədislərin mənasını öyrədir, hikmətin sirlərindən səni xəbərdar edirik ki, məqsədinin nə olduğunu bilib, elm və irfan qədəhindən içənlərə qoşulasan. 

 

«Günəş qaralacaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcəklər» kəlamı haqqında Peyğəmbərlərin sözlərində olan «Günəş» və ya «Ay» təbirlərindən məqsəd heç də göydəki Günəş və Ay deyildir. Əksinə, Peyğəmbərlər bu təbirlərə bir çox mənalar vermişlər. Mənalar yerinə görə müxtəlifdir. Məsələn, günəşin bir mənası əzəli doğuşdan yüksələrək bütün varlıqlar üzərinə işıq və hərarət saçan həqiqət Günəşidir. Bu həqiqət Günəşləri Allahın sifətləri və isimləri aləmindəki Külli Məzhərlərdir. Necə ki Göy, Günəş həqiqi Məbudun Əmrilə meyvələr, ağaclar, rənglər, minerallar və sair kimi mövcud aləmdə olan maddi şeylərin inkişafını mümkün edirsə, eləcə də birlik ağacları, təklik meyvələri, təcrid yarpaqları, elm və iqan çiçəkləri, hikmət və bəyan reyhanları da Mənəvi Günəşin sayəsində inkişaf edir. Bunun üçündür ki, bu Günəşlər doğanda dünya yeniləşir, əbədi həyat suları axır, ehsan dənizi dalğalanır, mərhəmət buludları göy üzünü örtür, comərdlik yelləri bütün varlıqlar üzərində əsir. Bu İlahi Günəşlərin hərarət və mənəvi atəşindən dünya təməlində Allah Sevgisi hərarəti hasil olur. Bu mücərrəd ruhların inayəti ilədir ki, əbədi həyat ruhu ölülərin cəsədlərinə üflənir. Göydəki günəş əslində bu mənəvi Günəşin Əzəmət və Camalını əks etdirən işarədən başqa bir şey deyildir. Bu Günəş şəriki, bənzəri və rəqibi olmayan bir Günəşdir. Bütün varlıq bu Günəşlə mövcuddur. Bütün varlıq Onun feyzindən meydana gəlir və hər şey Ondan çıxır və yenə Onun əmr xəzinəsinə dönür. Bütün yaranmışlar Ondan başlamış və yenə Onun hökm dəfinələrinə dönmüşdür. 

 

Eşitmiş və eşitməkdə olduğunuz kimi, bu mənəvi Günəşlərə bəzi ad və sifətlərin təyin edilməsi zəif, naqis ağılların dərk etməsi məqsədilə Onlar haqqında bir fikir vermək üçündür. Yoxsa Onlar hər isimdən uca və hər vəsfdən ali olmuş və olmaqda davam edəcəkdir. İsim özü Onların müqəddəs sahəsinə yol tapa bilməz, sifət cövhəri Onların İzzət Səltənətinə ayaq basa bilməz. Nə mümkündür ki, Allahın dostları öz nəfslərindən başqa bir şey vasitəsilə vəsf edə bilsin və nə də mümkündür ki, Ulu Allahın Peyğəmbərləri özlərindən başqa bir şeylə tanına bilsin. Onlar qulların hər vəsfindən üstün, hər anlağından ucadırlar. 

 

“Günəş” təbiri İsmət əhlinin sözlərində Allah Peyğəmbərlərinin bu nurlu birlik örnəkləri üçün çox tətbiq edilmişdir. Həmin təbirlər içərisində «Nütba» duasında yazılmış aşağıdakı sözlər: «Haradadır doğan günəşlər? Hara getdi nurlu aylar? Necə oldu parıldayan ulduzlar?» - deyilir. Demək ki, “Günəş”, “Ay” və “Ulduz” təbirlərində məqsəd ilk öncə nəbilər, vəlilər, onların dostları və əsabələridir. Görünən və görünməyən aləmlər bunlardakı elm və irfan nuru ilə aydınlanır.

 

Başqa bir anlamda da bu təbirlərdən məqsəd sonrakı Zühur zamanında yaşayıb, xalqın din cilovunu əllərində saxlayan əvvəlki Zühur üləmalarıdır. Bunlar həqiqət Günəşinin sonrakı Zühurunda o Günəşin işığı ilə nurlanırlarsa, Allah yanında məqbul olub işıqlanacaqlar, əks təqdirdə yol göstərən olsalar da, onlar nurlarını itirmiş hesab olunacaqlar. Çünki küfr və iman, hidayət və dəlalət, xoşbəxtlik və bədbəxtlik, nur və zülmət kimi vəsflər Allah Günəşinin təsdiqinə bağlıdır. Qiyamət günündə həqiqi irfan qaynağı tərəfindən hər hansı bir din xadimi haqqında iman hökmü verilərsə, elm, riza, nur və imam vəsfləri o alim haqqında doğru olur. Əks təqdirdə ona cəhalət, mənfilik, küfr və zülm damğası vurulur. 

 

Göy günəşinin doğması ilə bərabər ulduz işığının ortalıqdan silindiyini hər göz sahibi görür və bilir. Onun kimi də Həqiqət Günəşinin və Mənəvi Günəşin doğması nəticəsində zahiri elm, hikmət və irfan günəşi yox olur və qaralır.

 

«Günəş» Təbirinin din alimlərinə tətbiq edilməsi onların tutmuş olduqları yüksək məqam və şan-şöhrətlərinə görədir. Əgər onlar Allah Günəşinin ifadəçilərinə çevrilirlərsə, onda onlar yüksəlmiş günəşlər hesab olunurlar. Əks təqdirdə onlar Siccin günəşlərindən sayılırlar. Necə ki, buyurulur: «Günəş və Ay cəhənnəmlikdir». Bu ayədə adı çəkilən «Günəş» və «Ay»dan məqsədin nə olduğunu hər halda bilirsiniz və bunu söyləməyə gərək ki, ehtiyac olmasın. Bu cür Günəş və Ayın ünsüründən olan, yəni haqdan üz çevirən hər kəs, həqiqətən də, Cəhənnəmdən gəlmiş və yenə ora qayıdacaqdır.

 

İndi, ey sual edən, Urvatil-Visxadan yapışmalıyıq ki, zəlalətin qaranlıq gecəsindən çıxıb, hidayətin işıqlı sabahına dönək, mənfinin kölgəsindən qaçıb, müsbətin kölgəsinə girək, Cəhənnəmin atəşindən qurtulub, İlahi Camalın nuru ilə işıqlanaq. Bununla biz sizlərə İdrak Ağacının meyvələrindən nemət veririk ki, Allah hikməti Cənnətində sevinc və səadət ilə oturanlar zümrəsindən ola biləsiniz.

 

Başqa bir anlamda «Günəş», «ay» və «ulduz» təbirlərindən məqsəd namaz və oruc kimi hər bir şəriət sistemində mövcud qanunlar və təlimlərdir. Namaz və oruc Məhəmmədin Camalı bu dünyadan köçdükdən sonra Quran şəriətindəki bütün ehkamların ən böyüyü və ən sağlamı kimi qəbul edilmişdir. Bunun belə olduğuna bir çox hədislər və salnamələr şəhadət edir. Hamıya yaxşı məlum olduqlarına görə, onların burada anladılmasına ehtiyac yoxdur. Bəli, namaz hökmü hər bir dövrdə təsdiq edilmiş və ümumiliklə icra edilmişdir. Bunun belə olduğuna Məhəmməd Günəşindən yayılan işıqlar şahiddir. 

 

Yazılı və şifahi hədislər namaz hökmünün hər dövrdə göydən nazil olduğunu isbat etmiş və onun hər bir dövrdə zamanın tələbinə cavab verəcək qədər dəyişdirildiyini göstərmişdir. Hər bir əvvəlki Allah Zühurunun təsbit və təsis etdiyi sağlam və parlaq adət və təlimlərin sonrakı Zühurda ləğv edildiyindən onlara rəmzi olaraq «Günəş» və «Ay» adları verilmişdir. «Kimin əməlinin o birisinin əməlindən gözəl olduğunu demək olar» 

 

«Oruc ziyadır, namaz nur» hədisində buyrulduğu kimi, hədislərdə də oruc və namaza «Günəş» və «Ay» deyilir. Bir gün bir yerdə oturmuşdum. Tanınmış bir din alimi yanıma gəldi, bir münasibətlə bu hədisdən söz açaraq «Oruc bədəndə hərarət yaratdığı üçün Günəşin ziyasına, gecə namazı isə sərinlik verdiyi üçün Ayın nuruna bənzədilmişdir», - dedi. Mən dərk etdim ki, zavallının Məna Dənizindən bir damla belə nəsibi olmamış. O, Rəbb hikməti Sidrəsinin (ağac) atəşindən bir qığılcım belə əldə etməmişdir. Bir müddət sonra böyük bir nəzakətlə: «Zati-alinizin bu hədisə verdiyi məna dillərdə və ağızlarda deyilir. Bu hədisin başqa bir mənası da ola bilər», -dedim. O bizdən soruşdu: «O nə ola bilər?» Biz cavab verdik: «Peyğəmbərlərin möhürü və Allahın Elçilərindən ən görkəmlisi olan Məhəmməd, Quranda nazil olmuş dini səmaya bənzətmişdir. Bu bənzətmənin səbəbi onun yüksəkliyi, ucalığı və bütün dinləri əhatə etməsidir. Çünki göylərdə iki ziya verən, yəni Günəş və Ay deyilən iki nurlu cisim başlıca hesab edilir. İslam səmadır, Oruc onun Günəşi, namaz isə onun Ayıdır”. 

 

Xülasə, Allah Məzhərlərinin rəmzi sözlərindəki məqsəd budur. Beləliklə, Günəş və Ay təbirlərinin yuxarıda qeyd edilənlərə tətbiqi müqəddəs ayə və yazılı hədislərdə vəsf və təsbit edilmişdir. «Günəşin qaralıb, Ayın öz işığını verməməsi və ulduzların göydən düşməsi», - sözlərinin mənası din alimlərinin doğru yolu buraxıb, əyri yollara düşmələri və şəriət hökmələrinin tətbiq və icra edilməsindən yayınmalarıdır. Bütün bunlar Allah məzhəri tərəfindən rəmzi bir ifadə ilə əvvəlcədən xəbər verilmişdir. «Fəqət ən ləzzətli şərab qədəhindən ancaq möminlər içər.»

 

Heç şübhə yoxdur, əvvəlki Zühurun Səmasını bəzəyən təlim, ehkam, əmr və qadağanlar, «Ay» və «Günəş» ki, o zamanın insanlarını ziyalandırmışdı, sonrakı Zühurda qaralır, yəni hökmsüz və təsirsiz olur. İndi fikir verin, əgər «İncil» ümməti «Günəş» və «Ay» təbirlərinin mənasını dərk edib, tərslik və inadlarından əl çəkərək bu barədə İdrak Allahının Məzhərlərindən məlumat alsaydılar, bu təbirlərdəki məqsədi, şübhəsiz ki, anlayar və indi olduğu kimi iztirab və ehtiras zülməti içində qərq olmazdılar. Lakin onların biliyi İdrak Qaynağından olmadığı üçün küfr və dəlalətin qorxunc vadisində məhv olmuşlar. Və hələ də bütün əlamətlərin görünmüş olduğundan, vəd olunan Günəşin doğduğundan, əvvəlki bilik və ehkam Günəşi ilə Ayının artıq qaralıb batmış olduğundan xəbərləri belə yoxdur. 

 

İndi «elm-əl-yəqin» gözü ilə, «eyn-əl-yəqin» qanadları ilə «həqq-əl-yəqin» yoluna ayaq bas və söylə: «Ey Allah, onları burax ki, düşdükləri bataqlıqda ilişib qalsınlar». Bu zaman sən əsabələr sırasına daxil olarsan ki, növbəti ayədə buyurulur: «Rəbbimiz Allahdır», - deyərək, dayanıb durmuş kəslərə mələklər nazil olacaq.» Beləliklə, bütün sirləri öz gözlərinlə görərsən.

 

«Ey qardaşım, Ruh addımını at ki, sən qəriblik və ayrılıq çöllərini bir göz qırpımında keçib, yaxınlıq və vüsal cənnətinə girəsən və bir nəfəsdə səmavi ruhlara qoşulasan. Sən insan addımları ilə heç vaxt bu sonsuz məsafəni keçə bilməz və məqsədinə qovuşa bilməzsən. Salam olsun o kəsə ki, həqiqətə çatmaq üçün həqiqət işığını özünə bələdçi tutar və həqiqi İdrak sahilində, əmr körpüsü üzərində Allahın adıyla durar.»

 

«Məşriqlərin və Məqriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik» ayəsinin mənası budur: haqqında danışılan Günəşlərdə doğma və batma (doğuş və batış) yerləri vardır. Təfsirçi alimlər bu «Günəş»lərin rəmzi mənasını dərk edə bilmədikləri üçün bu ayənin təfsirində aciz qalmışlar. Bəziləri Günəşin guya hər gün müxtəlif nöqtədən doğduğunu zənn etdiyi üçün «şərqlər» və «qərblər» istilahları cəmdə işlənmişdir. Digər bir qisim təfsirçilərə görə isə bu ayədə ilin dörd fəsli nəzərdə tutulur. Çünki ilin hər fəslində Günəş müəyyən nöqtədən çıxdığı və digərində batdığı üçündür ki, «şərqlər» və «qərblər» deyilmişdir. Onların biliklərinin nə qədər səthi olduğunu bundan anlamaq olar. Bununla bərabər onlar bu bilgi cövhərlərində və hikmət örnəklərində nə qədər qüsur və cəfənglər olduğunu israr edirlər. 

 

Qiyamət gününün əlamətlərindən olan «Göy Parçalanması» təbirinin mənasını da bu açıq, kəskin və birmənalı izahatların işığı altında anlamağa çalışın. Buyurulur: «Göy parçalanacağı zaman». Buradakı «Göy» təbirindən məqsəd din səmasıdır. Din səması hər Zühurda yüksəlir və ondan sonrakı Zühurda parçalanır, yəni batil və hökmsüz olur. Allaha and olsun ki, anlayanlar üçün o «Göy»lərin parçalanması, gözlə gördüyümüz göylərin parçalanmasından daha mühüm hadisədir. Bir qədər düşünün: uzun müddət hakim olmuş bir dinin içində böyümüş və inkişaf etmiş cəmiyyətdə hamı bu dinin gözəl ehkamları ilə yetişmiş, öz ata və babalarından yalnız onun adını eşitmiş, beləliklə də, gözlər yalnız onun nüfuzunu görmüş, qulaqlar yalnız onun hökmlərini eşitmişdir. Elə bu zaman bir nəfər çıxıb bütün bunları Allah Qüvvəti və Qüdrəti ilə bir-birindən ayırır, hətta hər şeyi rədd və məhv edir. İndi düşünün: bumu daha böyükdür, yoxsa bu zavallıların «göy parçalanması» təbirindən anladıqları hadisələrmi?

 

Sonra isə bu Allah Simalarının çəkdikləri zəhməti və həyatlarındakı acılığı gözləriniz önünə gətirin. Onlar necə də tək başlarına, heç bir maddi yardım olmadan, bütün bu müxalifət dünyasına qarşı Allah Əmrini həyata keçirirdilər. O müqəddəs, incə duyğulu və çox dəyərli varlıqlara nə qədər işgəncə verilsə də, onlar var qüvvələri ilə səbir göstərir və bütün üstünlüklərə malik olduqları halda hər bəlaya qatlaşırdılar.

 

«Ərzin dəyişməsi» təbirini də eyni vəchlə anlamağa çalış. Bil ki, rəhmət buludu hər hansı bir qəlbin üzərinə lətif bir yağış çiləsə, o qəlb mərifət və hikmət yerinə çevrilər. Onların könül baqçalarında hansı birlik reyhanları bitməz? Onların nurlu sinələrində neçə həqiqi birlik və müdriklik çiçəkləri yetişmişdir. Onların qəlbləri dəyişməmiş qalsaydı, necə ola bilərdi ki, bir hərf belə öyrənməyən, müəllim üzü görməyən, məktəbə ayaq basmayan insanlar heç kimin dərk edə bilmədiyi sözləri ifadə etsinlər və hamını heyrətə gətirən bilik nümayiş etdirsinlər. Sanki Onlar Əbədi Bilik Torpağından yaranmış və İlahi Müdriklik Suyu ilə yoğrulmuşlar. Ona görə də deyilmişdir: «Elm elə bir nurdur ki, Allah onu istədiyi adamın qəlbinə salar». Əsasən məqbul olan elm də budur. Bu elə bir elmdir ki, həmişə və indi də dəyərləndirilir. İnsanların bəzən bir-birindən oğurladıqları və başqaları qarşısında onunla öyündükləri pərdələnmiş və qaranlıq zehnin məhsulu olan elm elm deyil. 

 

Nə olaydı, insan tərəfindən yaradılmış məhrumiyyətlər və qaranlıq düşüncələrin hamısı zehinlərdən silinəydi. Onlar həqiqi elm və mərifətin günəşi ilə nurlanar və İlahi hikmətin sirlərini anlayaydılar. İndi bax, əgər bu yaranmışın bəhrəsiz torpağı dəyişməmiş qalsaydı, Allah Birliyinin sirləri onda necə zühur edər və Allah mahiyyəti necə aşkar olardı? Bunun üçün də buyrulmuşdur: «Bir gün yer başqa bir yerlə əvəz olunacaq». 

 

Zühurun sirləri üzərində dərin düşünsəniz, bu gün bu maddi ərzdə də Varlıq Sultanının comərdlik mehi ilə dəyişikliyini müşahidə edərsiniz. 

 

İndi bu ayənin mənasını anlamağa çalışın: «...Qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq və Onun sağ əli ilə büküləcəkdir. Allah müşriklərin xəyal etdikləri sifətlərdən tamamilə uzaq və ucadır.» İndi bir az insaflı olmaq lazımdır. Əgər məqsəd bu insanların anladığı kimi olsa, bundan nə kimi fayda ola bilər? Bundan başqa, insan gözünün görə bildiyi heç bir əl bu işləri bacara bilməz, bacarmadığı üçün də belə bir Allah zatına aid bir əl ola bilməz. Əksinə, belə bir şeyin ola biləcəyini ehtimal etmək yalnız küfr və iftiradır. Əgər Qiyamət günündə bu işləri icra etməyə Allah Məzhərlərinin məmur olacağı söylənilirsə, bunlar da həqiqətə uyğun deyil və faydasızdır. «Ərz» təbirindən məqsəd elm və mərifət ərzi, «göylər» təbirindən məqsəd isə Din Göyləridir. Görün ki, bundan əvvəl yayılan elm və mərifət ərzi indi necə qüdrət və iqtidar ovcunun içinə yerləşib; qəlblərdə necə də təzə və misilsiz bir ərz yayılmışdır, necə yeni-yeni, tər reyhanlar və çiçəklər, əzəmətli və möhtəşəm ağaclar aydın könüllərdə bitmişdir. 

 

Həmçinin, baxınız, bundan öncə yüksələn dinlərin göyləri, Onun Qüdrətli sağ əli toplanmış Bəyan Göyü Allahın Əmri ilə necə yüksəlmiş və bu yeni-yeni əmrlərin günəşi, ayı və ulduzları ilə necə də bəzənmişdir?! Allah kəlamlarındakı sirlər üzərindən pərdə götürüldü və onlar açıqlandı ki, Məna Sabahının aydınlığını dərk edib, qorxu və tərəddüd lampalarını təvəkkül və Allahdan başqa hər şeydən əl üzmək qüvvəti ilə söndürərək, könül hücrəsində yeni bir ilahi elmin və yəqinliyin işığını yandırasan. 

 

Əmr qaynaqlarından sızan bütün bu işarələr və gizli eyhamlardan gələn məqsəd insanları imtahana çəkməkdir. Buna yuxarıda da işarə etmişdik. Belə bir imtahan nəticəsində təmiz və nurlu qəlblərin torpağı, bəhrəsiz və fani qəlblərin torpaqlarından ayırd edilir. Bu, Allahın hər zaman insanlar arasında olan qanunlarındandır. Müqəddəs Kitabda yazılanlar da bunun belə olduğuna sübutdur. 

 

Həmçinin Qiblə haqqındakı ayədə Məhəmməd Nübuvvətinin Günəşi Bədha məşriqindən Yasribə keçənə qədər hər dəfə namaz qılarkən Qüdsdəki mübarək məbədə yönəlirdi. Yəhudilər burada xatırlanmasını münasib bilmədiyimiz və sözü uzatmaqdan başqa bir şeyə yaramayan bir çox nalayiq sözlər söyləmişlər. Yəhudilərin bu nalayiq sözlərini duyan Həzrət Peyğəmbər çox kədərlənmiş, təfəkkür və heyrət dəryasına dalaraq gözlərini səmaya qaldırmışdı. Cəbrayıl göylərdən enərək bu ayəni oxudu: «Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də sən razı olduğun qibləni təyin edirik.» Bir gün Həzrət Peyğəmbər bir neçə əshabələri ilə birlikdə günorta namazını qılırdı. Namazın iki rükətini qılmışdı ki, Cəbrayıl enərək: «İndi üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir!» - dedi. Elə həmin namaz vaxtında Peyğəmbər üzünü Qüdsdəki mübarək məbəddən döndərərək Kəbəyə tərəf çevirdi. Bunu görən əshabələri dərhal elə sarsıntı və həyəcan keçirdilər ki, onlardan çoxu namazlarını pozub geri qayıtdılar. Bu bəndələri sınaqdan keçirmək üçün edildi. Yoxsa həqiqi Sultan qibləni heç də dəyişdirməyə bilərdi, o dövrdə də Qüds Məbədini qibləlikdə saxlayar və bu qəbul donunu ondan çəkib geri almazdı. 

 

Musadan sonra Davud və İsa kimi nəbilərin və Musa ilə Məhəmmədin Zühurları arasında gələn bir çox başqa Peyğəmbərlərin dövrlərində qiblə əsla dəyişməmişdir. Aləmlərin Rəbbi tərəfindən gələn bütün bu Elçilərə xalqı daim həmin tərəfə yönəltmək əmri buyurulmuşdur. Əslində, həqiqi Sultana görə, bütün yerlər birdir. Vahid olmayan bir yer varsa, o da Məzhərlərin Zühuru sırasına müəyyən bir məqsədə təhsis olunandır. Necə ki buyurulur: «Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz, Allahın üzü ordadır». Həqiqət belədirsə, insanları hürküdüb qorxudacaq və əshabələr arasında sarsıntı və həyəcan doğuracaq bir dəyişməyə nədən lüzum görüldü? Bəli, bütün insanları belə hürküdəcək şeylər, hər kəsin Allah məhəki ilə imtahana çəkilməsidir. Bu yolla doğru yalandan ayırd edilmiş olur. Bu münasibətlə xalqın arasında ixtilafdan sonra: «İstədiyin qibləni Sənə təyin etdik, bilək ki, kim Allahın Rəsuluna tabe olur və kim Ondan üz çevirir...» - deyə buyurulmuşdur. Yəni biz kimlərin sənin arxanca gedəcəyini və kimlərin dönük çıxacağını, başqa sözlə kimlərin arxa çevirib, namazı pozub, fərarilik və itaətdən imtina edəcəyini bilmək üçün Qüds Məbədi qibləsini dəyişdirdik: «Vəhşi eşşəklər kimi, O eşşəklər ki, aslandan hürküb qaçar».

 

Bu ifadələr haqqında bir az düşünmüş olsanız, məna və açıq ifadə qapılarını açılmış, ondakı elm və sirləri örtüksüz və pərdəsiz görərsiniz. Bu şeylər xalqı tərbiyə edib. Çünki O həqiqət Padşahının daim Öz mahiyyəti ilə bütün yaranmışların Onu dərk etməsinə ehtiyacı yoxdur. O, əbədi olaraq Öz Mövcudluğu ilə bütün yaranmışların ibadətlərindən yüksəkdir. Öz zənginlik üfüqündən bir yel əsdirməklə kainata zənginlik donu geyindirə bilər. Onun comərdlik dənizinin tək bir damlası bütün varlığı əbədi həyata qovuşdurur. Lakin qayə haqqın batildən və günəşin kölgədən ayırd edilməsidir. Bunun üçün Ulu Rəbbin şan-şöhrət Səltənətindən hər vaxt imtahan yağışı bir leysan halında yağmaqdadır. 

 

Keçmiş Peyğəmbərlər və Onların Zühurları haqqında bir az düşünülərsə, insanların qarşılaşdığı bir çox çətinliklər aradan qalxar. Onlar elə asanlıqla bu Peyğəmbərlərin tutmuş olduqları yolları bilmiş və dərk etmiş olarlar ki, onların nəfs və arzularına zidd olan söz və işlərdən pərdə götürülər, bütün pərdələri irfan ağacının atəşi yandırar, əmin-amanlıq və yəqinlik taxtına əyləşərlər. Məsələn «Kitab» sahibi böyük Peyğəmbərlərdən biri olan İmran oğlu Musanı gözünüz önünə gətirin. Musa əmrini açıalamazdan əvvəl bir gün bazardan keçərkən iki nəfərin savaşdığını görür. Onlardan biri Musadan kömək istəyir. Müqəddəs Kitabda yazıldığı kimi, Musa işə qarışır və həmin adamın rəqibini öldürür. Həmin hadisənin təfsilatına varmış olsaq, söz uzanar, nəticə gecikər. Hadisə haqqında xəbər bütün şəhərə yayılır və Kitabda yazıldığı kimi, Musanın canına qorxu düşür. Nəhayət, Musa: «Ya Musa! Camaat səni öldürmək barəsində məsləhət-məşvərət edirlər...» - xəbərini alınca şəhərdən çıxıb Mədyən tərəfə gedib orada Şüeybin xidmətində olur. Geri qayıdarkən Sinay çölündəki Müqəddəs Vadiyə daxil olub, «nə Şərqə və nə Qərbə» mənsub olan Ağacdan Birlik Sultanının təcəllisini müşahidə edir. Orada O, Rəbbin yanan Atəşindən gələn ruhlandırıcı nidanı eşidir. Fironun adamlarının düzgün yola yönəlməsinə çalışır ki, beləliklə, onları xudbinlik və ehtiraslar vadisindən qurtararaq, ruhlarını könül açan səhralara yetişdirsin və düzgün yola çıxarsın. Və İnqita Səlsəbilindən bütün yaranmışları uzaqlıq heyrətindən yaxınlıq Dar-əs-Salamına çatdırsın. Musa Fironun evinə çatanda və Allah tərəfindən Əmr olunan şeyi ona bildirəndə, Firon ədəb dairəsindən çıxaraq ona: «Adam öldürüb, kafir olan sən deyilsənmi?» -dedi. Fironun Musaya bu cür müraciət etdiyini Əzəmətli Allah Quranda belə anladır: «Axırda elədiyini də elədin, kafirlərdən birisən.» Musa dedi: «Mən onu edərkən cahillərdən idim və sizdən qorxub qaçdım, sonra Rəbbim mənə əmr elədi və Peyğəmbər seçdi». 

 

İndi Allahın öz qullarını çəkdiyi sınaqları və Onun ağıla sığmaz imtahanları haqqında düşünün. Allah insanlar arasında adam öldürməklə tanınmış və ayədə yazıldığı kimi, bu günahını etiraf etmiş, aləm nəzərində otuz ilə yaxın bir müddət Fironun sarayında yetişmiş və onun çörəyini yeyərək böyümüş bir adamı seçərək, xalqın hidayətindən ötrü səmavi yüksək bir vəzifəni ona etibar etmişdir. Halbuki hər şeyə qadir olan Sultan xalqı hürküdüb uzaqlaşdıracaq bir adla şöhrətlənməməsi üçün Musanın adam öldürməsinin qarşısını asanlıqla ala bilərdi.

 

Məryəmin vəziyyətini də göz önünə gətirin. Bu gözəl səmavi varlıq vəziyyətinin çıxılmazlığı qarşısında özünə ölüm arzulayacaq bir dərəcəyə gəlib çatmışdı. Mübarək ayədə yazıldığı kimi, İsa dünyaya gəldikdən sonra: «Kaş ki mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!» - deyə fəryad etmişdi. Allaha and olsun ki, bu sözləri eşidənin ciyəri əriyər, ruhu inlər. Bu kədər, iztirab və qüssə düşmənlərin tənəsindən, kafir və şəkkakların lənətlərindən irəli gəlirdi. Bircə düşünün; Məryəm ətrafındakılara nə desin? Onlara necə anlatsın ki, atası məlum olmayan bu uşağın atası Müqəddəs Ruhdur. Onunçun da Məryəm o əbədi bakirəlik rəmzi olan uşağı qucağına alıb evinə döndü. Xalq onu görcək: «Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!» -deyə qınamağa başladılar.

 

60. İndi bu böyük imtahana və çətin sınağa baxınız. Hər şey bir yana, xalq arasında atasızlığı ilə tanınmış bir kimsəyə Allah tərəfindən Peyğəmbərlik verilir, yerdə, göydə olanlar üçün Allah hüccəti seçilir.

kitabın 61-dən 240-dək bəndlərini oxuya bilərsiniz.

Anchor 2
Anchor 1
bottom of page