top of page
3
1
2
Anchor 1
Anchor 2

 

 

Həzrət Bəhaullahın Yazılarından Seçmələr

Seçmə 1-18  Allahın Günü

 

Həzrət Şövqi Əfəndi Tərəfindən Tərtib Olunmuş 

və İngilis Dilinə Tərcümə Edilmişdir
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

 

 

Mündəricat
 

Ön söz                                                                                        4

Seçmə 1-18  Allahın Günü                                                     5
Seçmə 19-69  Allahın Məzhəri                                              37
Seçmə 70-99  Ruh və Onun Ölümsüzlüyü                         108
Seçmə 100-121  Dünya Nizamı və Ən Böyük Sülh           151
Seçmə 122-166  Fərdin Vəzifələri və Həyatın Ruhani Mənası    192

 


Ön söz 
 

BƏHAİ DİNİNİN BANİSİ Həzrət Bəhaullahın Yazılarından Seçmələr Onun Lövhlərindən alınmış parçalar və çıxarışlardan ibarət bir məcmuədir. 1921-1957-ci illərdə Bəhai Dinini Başçısı olmuş Şövqi Əfəndi bu çıxarışları etmiş və onları ingilis dilinə tərcümə etmişdir. Seçmələr ilk dəfə 1935-ci ildə nəşr edilmişdir.


Həzrət Bəhaullahın Yazılarından Seçmələr son dərəcə mühüm bir kitab olub, çoxsaylı mövzulara Bəhai təlimləri nöqteyi-nəzərindən işıq salır. Bu mövzulardan ancaq bir neçəsini sadalasaq, onlara bizim yaşadığımız günün əzəməti, sülhün və dünya nizamının ruhani şərtləri, Allahın və Onun Məzhərlərinin təbiəti, peyğəmbərliklərin həyata keçməsi, ruh və onun ölümsüzlüyü, sivilizasiyanın yenilənməsi, sivilizasiya prosesinin amilləri kimi Allahın Məzhərlərinin birliyi, insanlığın birliyi, həyatın məqsədi və s. kimi mövzular daxildir.


Şövqi Əfəndiyə görə, bu məcmuə, “Bəhai Dininin Müəllifinin görkəmli əsərlərindən ən səciyyəvi və indiyədək dərc edilməmiş parçalarından seçmələrdən ibarətdir”. Parçalar Həzrət Bəhaullahın 1853-cü ildən 1892-ci ilədək bütün Vəhy dövrü boyunca nazil olmuş Yazılarından alınmışdır. Kitab beş hissədən ibarətdir:


•    Allahın Günü (Seçmə 1-18)
•    Allahın Məzhəri (Seçmə 19-69)
•    Ruh və onun ölümsüzlüyü (Seçmə 70-99)
•    Dünya Nizamı və Ən Böyük Sülh ( Seçmə 100-121)
•    Fərdin vəzifələri və həyatın ruhani mənası (Seçmə 122-166)


 


Seçmə 1-18  - Allahın Günü


Seçmə 1
PAK VƏ UCASAN Sən, ey mənim Allahım! Mən Səni necə zikr edim, İlahi? Axı mən yəqin bilirəm ki, heç bir arifin dili Sənin adını layiqli tərzdə vəsf edə bilməz, nə də aşiqlərin könül quşları Sənin qüdrət və irfan səmana ucala bilər.


Əgər mən Səni hər şeyi dərk Edən adlandırsam, ey mənim Allahım, onda etiraf etməli olaram ki, idrakın ən yüksək Təzahürləri Sənin əmrinlə yaranıb; və əgər mən Sənə hikmət Sahibi desəm, yenə də etiraf etməli olaram ki, bütün hikmət Çeşmələri Sənin İradənlə çağlayıb; əgər mən Səni Vahid adlandırsam, onda görərəm ki, birliyin zatı olan Kəsləri Sən zühür etdirmisən və Onlar sadəcə Sənin yaratdıqlarındır; və əgər mən Sənin hər şeyi Bilən olduğunu bəyan etsəm, onda qəbul etməli olaram ki, bütün bilik cövhərləri Sənin Məqsədinlə yaranmışlar və Sənin Məqsədinin alətləridir.


Sən fani insanın Sənin sirrini aşkar etməsi, Sənin cəlalını təsvir etməsi və ya hətta Sənin Zatının təbiətinə işarə etməsi səylərindən ucasan, hədsiz ucasan. Onlar nə qədər cəhd göstərsələr də, heç vaxt Sənin xilqətinin üzərinə qoyulmuş məhduddiyyətləri aşmağa ümid belə bəsləyə bilməzlər, çünki bu səylər Sənin Əmrinlə canlanmış və Sənin İradənlə yaranmışlar. Müqəddəslərin ən müqəddəsinin Sənin vəsfindən ifadə edə biləcəyi ən ali hisslər və insanların ən arifinin Sənin təbiətini dərk etməsi cəhdlərində bəyan edə biləcəyi ən dərin hikmət–hamısı o Nöqtənin ətrafına fırlanır ki, O, Sənin hökmünə tabedir, Sənin Camalına səcdə edir və Sənin Qələminin hərəkətindən təkan alır.


Yox, bağışla, İlahi, çünki bu sözlərdən varlıqların mahiyyəti ilə Sənin Əmr Qələminin arasında əlaqə olduğu anlaşılır, halbuki o Kəslər ki, Səninlə əlaqələndirilirlər, bu cür əlaqə anlayışından çox, çox uzaqdırlar! Bütün müqayisə və oxşarlıqlar Sənin Əmr Ağacının gücünü nümayiş etdirməkdə acızdır və Sənin Özünün Məzhərinin və Sənin Camalının Məşriqinin dərk olunmasına aparan bütün yollar bağlıdır.


Sən Səni zikr edənlərin zikrindən, Səni vəsf edənlərin vəsfindən, Səni tərifləyənlərin tərifindən ucasan, çox ucasan! Sən öz bəndələrinə Sənin qüdrətini və cəlalını ucaltmağı əmr etməklə, onlara mərhəmət göstərdin, ta ki, onlar öz daxili varlıqlarında gizlədilmiş məqama—özlərini tanımaq məqamına yüksələ bilsinlər.


Sənin Özündən başqa heç kəs heç zaman Sənin sirrini aça bilməyib, yaxud Sənin böyüklüyünü layiqincə ucalda bilməyib. Sən həmişə insanların tərifindən uca və gizli qalacaqsan. Səndən başqa Allah yoxdur. Sən Əlçatmaz, Qüdrətli, Hər şeyi Bilən və Müqəddəslərin Müqəddəsisən!
   


Seçmə 2
HƏR ŞEYİN ƏVVƏLİ Allahı tanımaq, hər şeyin axırı isə goylərdə və yerdə hər şeyə nüfuz edən İlahi İradə səmasından nazil olan hər şeyə sözsüz riayət etməkdir.
   


Seçmə 3
ƏZƏLDƏN BÜTÜN PEYĞƏMBƏRLƏRİN Məqsədi və Vədi olan Əmr və Onun Elçilərinin ən çox ümid bəslədikləri Arzu indi Qüdrətlinin nüfüz edən İradəsinin gücü və qarşısıalınmaz hökmü ilə zühur etmişdir. Belə bir Əmrin gəlişi bütün müqəddəs Yazılarda müjdələnmişdir. Bununla belə, gör insanlar Onun yolundan necə azmışlar və Onun Cəlalından necə pərdələnmişlər.
De: Ey Haqq aşiqləri! Çalışın ki, Onu, həqiqətən də, tanıyasınız və Onun əmrlərini layiqincə yerinə yetirəsiniz! Bu elə bir Əmrdir ki, bir kəs onun yolunda bir damla qan itirsə, əvəzində yüz min dəniz mükafat alar. Ehtiyatlı olun, ey dostlar, bu qiyməti bilinməyən xeyiri əldən verməyin və bu uca məqama laqeyd olmayın! İnsanlar mövhumi təsəvvürlər yolunda neçə-neçə canları qurban vermiş və verməkdədirlər. Siz isə, Allaha şükürlər edin ki, ürəyinizin Arzusuna çatmış, Vəd Olunmuşa yetişmisiniz. Tək olan Haqq Taalanın—tərifi göylərə ucalsın—köməyi ilə yetişdiyiniz məqamı qoruyun və Onun Əmrinin yüksəlişinə səbəb olan işlərdən yapışın! O, həqiqətən, sizə düz olan və insanın məqamını ucaldan şeyləri əmr edir. Uca və mərhəmətlidir Allah, bu ecazkar Lövhəni nazil edən Odur!
   


Seçmə 4
BU GÜN ALLAHIN ən gözəl nemətlərinin insanların üzərinə yağdığı Gündür, o Gün ki, Onun ən böyük fəzli bütün yaradımış şeylərə nüfüz etmişdir. Dünyanın bütün xalqları aralarındakı ixtilafı aradan götürməli və tam birlik və sülh içində Onun inayət ağacının kölgəsinə toplaşmalıdırlar. Bu gün onlar öz məqamlarını ucaldan və onlara ən yaxşı şəkildə fayda verən işlərdən yapışmalıdırlar. Xoş o kəslərin halına ki, Mənim ən uca Qələmim onları xatırlamaq üçün hərəkətə gəldi. Və mübarəkdir o kəslər ki, Biz Öz dərkolunmaz hökmümüzlə onların adlarını gizli saxlamağı lazım bildik.


Tək olan Haqq-Taalaya dua edin ki, bütün insanlara Bizim gözümüzdə qəbul olunan işləri yerinə yetirmək imkanı bəxş etsin. Tezliklə dünyanın bugünkü nizamı yığışacaq və onun əvəzinə yeni bir nizam qurulacaq. Həqiqətən, sənin Rəbbin doğru Söyləyən və gizli şeyləri Biləndir.
   


Seçmə 5
BU GÜN ALLAHIN mərhəmət Dənizinin insanlara nazil olduğu, Onun inayət Günəşinin onların üzərinə işıq saçdığı, Onun səxavət buludlarının bütün bəşərin üzərinə kölgə saldığı bir gündür. İndi kədərli qəlblər məhəbbət və yoldaşlıq nəsminin ətrini duymalı, mərhəmət və dostluq yağışı ilə yuyulub təravətlənməlidirlər.


Allahın sevimli kəsləri hər hansı məclisə toplaşanda və bir kimsə ilə qarşılaşanda, Allaha münasibətdə və Onu zikr edib, təriflədikləri zaman elə mütilik və itaətkarlıq göstərməlidirlər ki, ayaqlarının altındakı torpağın hər bir zərrəsi onların səmimiyyətinin və sədaqətinin dərinliyinə şahidlik etsin. O pak könüllərin apardığı söhbətlər elə bir qüvvə ilə canlanmalıdır ki, o torpağın zərrələri onların təsirindən titrəsin. Elə olmasın ki, torpaq onlara desin: “Mən sizdən üstünəm, çünki mən əkinçilərin bütün əzablarına dözürəm. Bütün fəzilətlərin Mənbəyi olan Allahın məndə əmanət qoyduğu nemətləri bütün canlılara bəxş etmişəm və edirəm. Bu yüksək şərəfə və bütün varlığın ehtiyacını ödəyən tükənməz nemətlərimə baxmayaraq, mənim mütiliyimin dərəcəsinə bax, gör mən necə də tam itaətkarlıqla insanların ayaqları altında tapdalanmağa razı olmuşam”.


Hamı bir-birilə səbrlə, mehribanlıq və məhəbbətlə rəftar etməlidir. Əgər sizlərdən kimsə müəyyən bir həqiqəti anlamaqda acizdirsə və ya onu anlamağa çalışırsa, onunla söhbət zamanı fövqəladə mehribanlıq və hədsiz xeyirxahlıq ruhu göstərin. Özünüzü ondan az da olsa, üstün və qabiliyytəli saymayaraq, ona həqiqəti görməkdə və tanımaqda kömək edin.


Bu Gün insanın əsas vəzifəsi Allahın onun üçün yağdırdığı mərhəmət selindən öz payını almaqdır. Qoy ona görə də heç kəs qabın böyüklüyünə və ya kiçikliyinə fikir verməsin. Bəzilərinin payı bir ovuc, bəzilərininki bir kasa, digərlərininki də hətta bir küp ola bilər. Bu Gün hamının nəzəri Allah Əmrinin inkişafına xidmət edən işlərə yönəlməlidir. Əbədi Həqiqətin Özü Mənə şahiddir! Bu Gün bu Əmrə Allahın sevimliləri arasındakı ixtilaf və çəkişmə, münaqişə, yadlıq və soyuqluqdan başqa heç nə daha böyük ziyan vura bilməz. Allahın qüdrəti və hökmü ilə bunlardan uzaqlaşın və Elm, Hikmət və Ülfət Sahibinin adı ilə qəlblər arasında birlik yaratmağa çalışın. Tək olan Haqq Taalaya dua edin ki, Onun yolunda görülən işlərin ləzzətini və Onun xatirinə göstərilən mütilik və itaətkarlığın şirinliyini dadasınız. Özünüzü unudun və başqalarına nəzər yetirin. Səylərinizi insanları tərbiyələndirən şeylərə yönəldin. Heç bir iş Allahdan gizli olmayıb və gizli deyil. Əgər Allahın yolu ilə getsəniz, Onun tükənməz və əbədi nemətləri sizin üzərinizə yağacaq. Aləmlərin Rəbbinin hərəkət edən Qələmindən süzülüb aşkara çıxan nurlu Lövh budur. Onda nazil olanlar üzərində düşünün və onun hökmlərinə əməl edənlərdən olun.
   


Seçmə 6
YER ÜZÜNÜN MÜXTƏLİF xalqları və tayfaları Vəd Olunmuşun intizarında idilər. Amma Həqiqət Günəşi aləmin üfüqündə parladığı zaman Allahın yönəltdiyi kəslərdən başqa hamı Ondan üz döndərdi. Əgər bu Gün həqiqi möminin yetişə biləcəyi uca məqam açıqlansa, qorxuram ki, bəziləri hədsiz sevincdən ölərlər.


Bəyan Nöqtəsi buyurur: “Gələcək Vəhyin imkanlarını özündə cəmləşdirən nüftə elə bir qüdrətə malikdir ki, Mənim ardıcıllarımın birləşmiş qüvvəsindən üstündür”. Və yenə də buyurur: “Onun haqqında söylədiyim təriflər arasında ən böyüyü Mənim yazılı etirafımdır ki, Mənim heç bir kəlamım Onu layiqli tərzdə təsvir edə bilməz, nə də ki, Mənim Kitabımda, Bəyanda, Ona edilən hər hansı işarə Onun Əmrini tam şəkildə nümayiş etdirə bilər”.


Əgər bir kimsə bu ali kəlamlarda gizlənmiş dəryaların dərinliyinə baş vursa və onların mənasını anlasa, o zaman bu ən əzəmətli, ən müqəddəs və ən ulu Əmrin sözlərə sığmaz cəlalının bir parıltısına agah olmuş hesab olunar. Zühurun uca məqamı bəlli oldusa, ona iman gətirənlərin məqamı da məlum və aydın olar. Haqq olan Allaha and olsun ki, bu qəlblərin çəkdiyi tək bir nəfəs yer üzünün bütün xəzinələrindən daha zəngindir. Xoş buna nail olanların halına və vay bundan qafil olanların halına!
   


Seçmə 7
Həqiqətən, Mən deyirəm, bu elə bir Gündür ki, bəşər Vəd Olunmuşun Camalını görə və Səsini eşidə bilər. Allahın çağırış sədası ucalmış və Onun üzünün nuru insanlar üzərinə yayılmışdır. İndi hər kəs əvvəllər eşitdiyi hər boş sözü qəlbinin lövhəsindən silməli və açıq və qərəzsiz qəlblə Onun Vəhyinin əlamətlərinə, Onun Missiyasının dəlillərinə və Onun Cəlalının nişanələrinə nəzər salmalıdır.


Bu Gün, həqiqətən, əzəmətli bir Gündür. Onun bütün müqəddəs Kitablarda “Allahın Günü” kimi xatırlanması onun böyüklüyünə şəhadət verir. Hər bir Peyğəmbərin və hər bir İlahi Elçinin qəlbi bu bənzərsiz Gün üçün susamış, yer üzünün bütün xalqları bu Günə yetişməyin həsrətində olmuşlar. Fəqət Zühür Günəşi İlahi İradə səmasında parlayan kimi, Allahın yönəltdiyi kəslərdən başqa hamının bihuş və qafil olduğu aşkara çıxdı.


Ey Məni xatırlayan! Böyük bir pərdə bəşəriyyətin qarşısını kəsib və Onun çağırışının sədasını eşitməyə qoymur. İnşallah, birliyin nuru bütün yer üzünü bürüyər və onda hər kəsin alnına “Səltənət Allahındır” möhürü vurular.
 


Seçmə 8
HAQQ OLAN ALLAHA and olsun! Bu günlər Allah Özünün bütün Elçilərini və Peyğəmbərlərini, eləcə də İsmət Sarayının keşikçilərini, əzəmət Çadırının və qüdrət Alaçığının sakinlərini imtahana çəkir. Belə isə, müşriklərin halı necə olacaq?
 


Seçmə 9
YA HÜSEYN! YER üzünün bəzi məzhəb və firqələri İmam Hüseynin zühurunu gözləyirdilər, çünki qadir Allahın seçilmişləri vasitəsilə o Həzrətin Qaimdən sonra zühur edəcəyi müjdəsi verilmişdi. Həmçinin xəbər verilmişdi ki, o ilahi feyzlər Mənbəyinin zühuru zamanı Allahın bütün Elçiləri və Peyğəmbərləri, hətta Qaimin özü də o Həzrətin mübarək Bayrağının kölgəsinə toplanacaqlar. Həmin o vaxt indi yetişib. Aləm Onun üzünün nuruna boyanıb. Lakin Adlar Sahibinin gücü ilə güman və ehtiraz bütlərini sındıraraq, iqan şəhərinə daxil olan kəslərdən savayı hamı Ondan üz döndərib. Bu Gün Onun Vəhyinin nəfis Şərabının möhürü Qəyyumun adı ilə sındırıldı. Onun fəzli insanların üzərinə axmaqdadır. Ondan öz piyaləni doldur, bu Mübarək və ən Müqəddəs Adın şərəfinə iç!
   


Seçmə 10
ÜMMƏTLƏRƏ ƏVVƏLCƏDƏN TƏYİN olunan vaxt gəlib yetişdi. Müqəddəs Kitablardaki ilahi vədlərin hamısı yerinə yetdi. Allahın Qanunu Siondan yayıldı, Yerusəlim dağları və düzləri Onun Vəhyinin nuruna qərq oldu. Xoş o kəsin halına ki, Əzəmətli və Qəyyum Allahın Kitablarında nazil olanlar üzərində düşünür. Ey Allahın sevimliləri, düşünün və qulaqlarınızı açıb Allah Kəlamını eşidin, ta ki, Onun mərhəməti sayəsində dəyanətin saf suyundan içəsiniz və Allahın Əmri yolunda dağ kimi möhkəm və sarsılmaz olasınız.


Yeşaya Peyğəmbərin Kitabında buyurulur: “Rəbbin zəhmindən və Onun əzəmətinin parıltısından qayanın içinə gir və torpağın altında gizlən!” Əgər bir kəs bu ayə üzərində düşünsə, bu Əmrin əzəmətini tanımaya bilməz və Allahın Özünün Günü olan bu Günün qüdrətinə şübhə edə bilməz. Həmin ayənin sonunda buyurulur: “O Gün təkcə Rəbb Özü ucalacaqdır”. Bu Gün elə bir Gündür ki, onu Uca Qələm bütün müqəddəs Kitablarda vəsf edib. Elə bir ayə yoxdur ki, Onun Müqəddəs Adını ucaltmasın, elə bir Kitab yoxdur ki, bu mövzunun ucalığına şəhadət verməsin. Əgər bu Zühur haqqında bütün bu Kitablarda və müqəddəs Yazılarda nazil olanları xatırlatsaq, bu Lövhənin həcmi qat-qat böyüyər. Bu Gün hər kəs Allahın saysız kəramətlərinə güvənməli və böyük bir hikmətlə Əmrin həqiqətlərini yaymaq üçün ayağa qalxmalıdır. Yalnız və yalnız onda bütün yer üzü Onun Əmrinin sübh nuruna boyanacaq.
   


Seçmə 11
NƏ XOŞDUR BU Gün! Bu Gün mərhəmət nəsimi bütün məxluqatın üzərinə əsir, elə bir mübarək Gün ki, ötən əsrlər və qərinələr mübarəkliyinə görə onunla müqayisəyə gələ bilməz, elə Gün ki, Günlərin Qədiminin üzü Onun müqəddəs taxtına tərəf dönüb. O zaman bütün məxluqatın sədası ucaldı və onların üzərində səma Ordusunun nidası eşidildi: “Tələs, ey Kərmel, çünki Allahın, Adlar Səltənəti Hökmdarının və Səma Qurucusunun üzünün nuru sənin üzərindən ucalmışdır!”


O zaman sevincdən cuşa gələn dağ uca səslə dedi: “Canım Sənə fəda olsun, çünki Sən mənə nəzər yetirdin, Öz nemətini mənə bəxş etdin və qədəmlərini mənə tərəf yönəltdin! Fərağın məni öldürdü, ey əbədi həyat Çeşməsi, hicranın qəlbimi yandırdı! Həmd olsun Sənə, çünki Sən Öz səsini mənə eşitdirdin, Öz qədəmlərinlə məni şərəfləndirdin, Öz Gününün nəsimi və Öz Qələminin incə səsi ilə məni canlandırdın, o səs ki, Sən onu Öz bəndələrin arasında Sur sədası kimi qərar verdin. Və sənin qarşısıalinmaz Əmrinin zühür vaxtı yetişəndə, Sən Öz Qələminə ruhunu üfürdün və o zaman bütün xilqət lərzəyə gəldi və bütün məxluqatın Malikinin Xəzinələrindəki gizli sirlər aşkara çıxdı”.


Onun sədası ən Uca Məqama çatmamış Biz dedik: “Ey Kərmel, öz Rəbbinə şükr et! Məndən ayrılığın odunda yanan zaman vüsal dənizinin dalğaları üzünün qarşısında dalğalandı, bununla da sənin və bütün mövcudatın gözlərinə işıq gəldi, gizli və aşkar olan hər şeyi sevinc bürüdü. Sevin, bu Gün Allah Öz taxtını sənin üzərində qurub və səni Öz əlamətlərinin şəfəq saçdığı məkana, Öz Vəhyinin dəlillərinin çeşməsinə çevirib. Xoş o kəsin halına ki, sənin ətrafına dolanır, Sənin şərəfli zühurunu bəyan edir və Rəbbin olan Allahın mərhəmətindən nazil olanı söyləyir. Şərəfli Rəbbinin adi ilə Ölməzlik Piyaləsini al və Ona şükr et, çünki O, Öz mərhəməti ilə sənin kədərini sevincə, iztirabını fərəhə çevirdi. Həqiqətən, O, Öz taxtını qurduğu, qədəmləri ilə təşrif gətirdiyi, hüzuru ilə şərəfləndirdiyi, nidasını ucaltdığı və göz yaşını axıtdığı yerı sevir”.


“Ey Kərmel, Siona xoş müjdə ver və de: Fani gözlərdən gizli qalan Kəs gəldi. Onun hər şeyi fəth edən səltənəti zahir oldu, Onun hər yanı bürüyən nuru aşkar oldu. Bu məqamda tərəddüd edib durmaqdan çəkinin. Allahın səmadan enmiş şəhərinə–İlahi Kəbəyə doğru tələsin və onun ətrafında təvaf edin. Allahın sevimliləri və qəlbi təmiz olan kəslər, eləcə də ən uca mələklər bu Şəhərin ətrafina toplaşaraq sitayş edirlər. Ah, Mən necə də bu Zühurun xoş müjdəsini yer üzünün hər yerinə və hər bir şəhərinə çatdırmaq həsrətindəyəm! Bu həmən Zühurdur ki, Turun qəlbini cəzb etmiş və Sidrə onun adı ilə nida çəkmişdi: “Mülk və Mələkut Rəbblərin Rəbbi Allaha məxsusdur!” Həqiqətən, bu elə bir Gündür ki, torpaq və dəniz onun müjdəsinə sevinir, elə bir Gün ki, onun üçün gizli saxlanılmış şeylər Allahın fani ağılın və qəlbin idrakından uca olan inayəti ilə aşkara çıxacaq. Tezliklə Allah Öz Gəmisini sənə doğru yönəldəcək və Allahın Kitabında xatırlanmış Bəha əhlini zahir edəcək”.


Mübarəkdir bütün bəşərin Rəbbi olan Allah! Onun zikri ilə torpağın zərrələri hərəkətə gəlir və Əzəmət Dili Onun elmində gizlənən, Onun qüdrət xəzinəsındə saxlanan şeyləri açıb danışır. O, həqiqətən, Qüdrətli, Əzəmətli və Uca Adının gücü ilə yerdə və göydə olan hər şeyə hakimdir!
 


Seçmə 12
EY İNSANLAR, İLAHİ ədalət günlərini qarşılamağa hazırlaşın, zira vəd olunmuş saat gəlmişdir. Məbada, onun əhəmiyyətini anlamayasınız və yolunu azmışların sırasında olasınız!
   


Seçmə 13
KEÇMİŞ GÜNLƏRƏ NƏZƏR salın: yüksək və aşağı təbəqədən olan nə qədər insan həmişə bir olan Allahın müqəddəs vücudlarda zühurunu gözləmişdir. Onlar hər vaxt və hər an gözdə-qulaqda olmuş və dua edib yalvarmışlar ki, bəlkə İlahi mərhəmət nəsimi əsməyə başladı və vəd olunmuş Camal qeyb pərdəsindən zühur meydanına qədəm qoydu. Amma hər dəfə fəzl qapıları açılıb, kəramət buludları bəşərin üzərinə yağanda və qeyb Günəşi qüdrət üfüqündən doğanda onlar hamılıqla Onu danmış və Allahın Özünün üzü olan Onun üzündən üz döndərmişlər...


Bir qədər düşünün, bu əməllərin səbəbi nə olmuşdur? Cəlal Sahibinin Camalının Təzahürləri ilə nə üçün belə rəftar etmişlər? O zamanlar o bəndələrin inkar və müxalifətinin səbəbi nə olmuşdursa, indi də bu bəndələrin inadkarlığının səbəbi odur. Əgər desək ki, ilahi dəlillər kamil və tam olmayıb və bu da bəndələrin etirazına səbəb olub, bu, açıq–aşkar bir küfr olar. Axı, Səxavət Sahibinin səxavətinə və Onun hər yeri bürüyən inayətinə və mərhəmətinə yaraşmaz ki, xalqı doğru yola yönəltmək üçün bütün bəndələri içərisindən bir nəfəri seçsin, amma Ona kifayət qədər dəlil–sübut verməsin, üstəlik Onun seçdiyi Kəsə iman gətirmədikləri üçün insanları əzaba düçar etsin. Xeyr, əzəldən bəri varlıq Sultanının nemətləri Onun İlahi Zatının Məzhərləri vasitəsilə bütün yer üzünü və onun sakinlərin bürümüşdur. Bir an belə, Onun feyzi kəsilməmiş, nə də Onun inayət buludlarından bəşərin üzərinə yağan yağış dayanmışdır. Və deməli, bu cür rəftar, bütün təkəbbür və qürur vadisində addımlayan, uzaqlıq səhralarında azan, güman yollarında gəzən və öz din üləmalarının arxasınca gedən insanların məhdud düşüncəsi nəticəsində baş verir. Onların etirazdan başqa işləri, həqiqətə göz yummaqdan savayı istəkləri yoxdur. Hər bir bəsirət sahibinə məlumdur ki, əgər həmin bəndələr Həqiqət Günəşinin hər zühuru zamanı gözlərini, qulaqlarını və qəlblərini gördüklərindən, eşitdiklərindən və duyduqlarından təmizləsəydilər, əlbəttə, Allahın Camalından məhrun olmazdılar və əzəmət məkanından uzaq düşməzdilər. Onlar hər zaman ilahi dəlilləri öz üləmalarından aldıqları biliklərin tərəzisində çəkmiş, bu dəlillərin öz məhdud anlayışlarından fərqli olduğunu gördükdə belə rəzil işlər törətmişlər...


Həzrət Musanı düşünün! O Həzrət İlahi hökmranlıq əsası və İlahi biliyin bəyaz əli ilə İlahi məhəbbət Faranından, tükənməz qüdrət və əzəmət əjdahası ilə nur Sinasından zühur meydanına qədəm qoydu. Və bütün Mülk aləmində olanları əbədi Mələkut aləminə, vəfa ağacının meyvələrindən dadmağa dəvət etdi. Əlbəttə ki, firon və onun tayfasının sərt etirazından və müşriklərin o mübarək Ağaca atdıqları mövhumat daşlarından xəbərdarsınız. İş o yerə çatdı ki, firon və onun tayfası o Müqəddəs Ağacın odunu yalan və inkar suyu ilə söndürməyə çalışdılar. Amma onlar bilmirdilər ki, dünyəvi su İlahi hikmət odunu yatırda bilməz, fani külək əbədi hökmranlıq çırağını söndürə bilməz. Əksinə, bəsirət gözü ilə baxanlardan və Allah rizası yolu ilə gedənlərdənsinizsə, belə su ancaq odun alovlanmasına, belə külək yalnız çırağın qorunmasına səbəb olar...


Həzrət Musanın dövranı başa çatıb Ruhun dan yerindən İsanın nuru aləmi bürüyündə, bütün yəhudilər etiraz etdilər ki, Tövratda gəlişi vəd olunmuş Şəxs Həzrət Musanın qanunlarını yaymalı və yerinə yetirməlidir, amma özünü “Məsihullah” adlandıran bu nazaretli gənc Həzrət Musanın ən böyük hökmlərindən olan boşanmanı və şənbə gününü ləğv edib. Və bundan əlavə, Zühurun əlamətləri hələ özünü göstərməyib. Beləcə yəhudilər Tövratda vəd olunan Zühuru hələ də gözləməkdədirlər. Həzrət Musadan sonra nə qədər Müqəddəslik Məzhəri, əbədi nurun nə qədər Təzahürləri aləmdə zühur edib, amma yəhudilər öz şeytani istəklərinin və nəfsani xəyallarının qalın pərdələrinə bürünərək onların öz xurafatının yaratdığı əlamətlərə uyğun gələn saxta vücudun nə zaman zühur edəcəyini gözləyirlər!


Odur ki, Allah onları günahlarına görə cəzalandırdı, onlardan iman ruhunu aldı və onlara cəhənnəmdə yanan odla əzab verdi. Bu isə ondan ötrü baş verdi ki, yəhudilər Tövratda növbəti Zühurun əlamətləri barədə yazılanları dərk etməк istəmədilər. Onlar bu əlamətlərin həqiqi mahiyyətini anlamadıqlarına və zahirdə də həmin işlər heç vaxt baş vermədiyinə görə onlar Həzrət İsanın camalından məhrum qalmış, Allahın Üzünü görmək şərəfinə nail olmamışdılar. Və onlar hələ də Onun gəlişini gözləyirlər!


Məhz bu səbəbə görə İsrail övladları gələcək Zühurun əlamətləri barədə Tövratda nazil olmuş sözlərin mənasını başa düşmək istəməmişlər. Onlar bu sözlərin həqiqi mənasını anlaya bilmədiklərindən bu cür hadisələr də heç vaxt baş vermədi və ona görə də, onlar Məsihin gözəlliyini görməkdən binəsib qaldılar və Allahın Üzünü seyr etməkdən məhrum oldular. Və hələ də Onun gəlişini gözləyirlər! Əzəldən bu günə qədər bütün ümmətlər belə uydurma və nalayiq fikirlərdən yapışmış və özlərini paklıq və müqəddəslik çeşmələrindən axan saf sulardan məhrum etmişlər...


Elm əhlinə məlum və bəllidir ki, Həzrət İsanın məhəbbət odu yəhudilərin məhdudluq pərdələrini yandırdıqdan və o Həzrətin hökmləri zahir olandan və bir hissəsi tətbiq olandan sonra bir gün o qeyb Camalının Məzhəri Öz həvvarilərinə Öz gedişindən söz açdı və onların qəlbində ağır itki odunu yandırıb buyurdu: “Mən gedirəm və yenə gələcəyəm”. Başqa bir məqamda isə buyurmuşdu: “Mən gedirəm, başqa birisi gələcək və Mənim demədiklərimi deyəcək, Mənim dediklərimi isə yerinə yetirəcəkdir”. Əgər Тövhid Мəzhərlərinə İlahi bəsirət gözü ilə baxsanız, görərsiniz ki, bu iki cümlənin mənası əslində birdir.


Hər bir bəsirət sahibi təsdiq edər ki, Xatəmin (Həzrət Məhəmmədin) Əhdində həm Həzrət İsanın Kitabı, həm də Onun Əmri təsdiq olundu. Ad məsələsinə gəldikdə isə, o Həzrət Özü buyurmuşdu: “Mən İsayam”. Və O, Həzrət İsanın əlamətlərinin, xəbərlərinin və kəlamlarının Allah tərəfindən göndərildiyini təsdiq etdi. Bu baxımdan nə onların özlərində bir fərq müşahidə olunur, nə də kitablarında bir uyğunsuzluq görünür, çünki onların hər ikisi Allahın Əmrini müdafiə etmiş, Onun tərifini söyləmiş və Onun hökmlərini bəyan etmişlər. Məhz buna görə Həzrət İsa özü buyurmuşdu: “Mən gedirəm və yenə gələcəyəm”. Məsələn, günəşi götürün. Əgər o indi desə ki, mən dünənki günəşəm, doğru söyləmiş olar. Əgər zaman baxımından desə ki, həmin günəş deyiləm, yenə doğru söyləmiş olar. Eynilə də, əgər deyilsə ki, günlərin hamısı birdir, bu, doğru və düzgün olar. Və əgər deyilsə ki, özünəməxsus ad və əlamət baxımından onlar bir-birindən fərqlənirlər, bu yenə də doğru olar. Göründüyü kimi, onlar eyni olsalar da, hər birinin öz adı, ayrı bir xüsusiyyəti və öz xüsusi yeri vardır. Müqəddəs Məzhərlərin məqamlarındakı fərq və birliyi də bu tərzdə və bu qayda ilə dərk edin ki, o adlar və sifətlər Yaradıcısının birlik və fərqlilik sirlərinə etdiyi işarələri anlayıb başa düşəsiniz və o əzəli Camalın nə üçün müxtəlif vaxtlarda Özünə müxtəlif ad və məqam verməsi barədə sualınıza tam cavab tapasınız..


Əzəli Qeyb və İlahi Mahiyyət elm və məna üfüqündə Məhəmməd Günəşini parladanda, yəhudi ruhanilərinin etirazlarından biri də bu oldu ki, Həzrət Musadan sonra Allah heç bir Peyğəmbər göndərməyəcəkdir. Bəli, Кitabda bir Şəxs xatırlanır ki, О zühur etməli, Həzrət Musanın Dinini yaymalı və Musa ümmətinin maraqlarını qorumalıdır ki, beləliklə Tövratda yazılmış qanunlar yer üzünü əhatə etsin. Buna görə Əbədi Cəlal Sultanı Öz Kitabında həmən uzaqlıq və azğınlıq vadisində dolaşanların dilindən buyurur: “Yəhudilər dedilər: “Allahın əli bağlıdır”. Оnların öz əlləri bağlansın; dedikləri elə bu sözə görə də lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır”.”Allahın əli onların əllərindən üstədir”. Quranın təfsirçiləri bu ayənin nazil olmasının səbəbini müxtəlif cür şərh etmişlər, amma siz onun mənasını anlamağa çalışın. O, buyurur: Yəhudilərin təsəvvür etdikləri necə də yanlışdır! Musanın camalını zahir etdirən və Ona Peyğəmbərlik xalatı bəxş edən, həqiqətən də Sultan olan Kəsin əlləri necə bağlana bilər? Necə düşünülə bilər ki, О, Musadan sonra başqa bir Elçi göndərməyə qadir deyildir? Görün, onların söylədikləri necə də mənasızdır; elm və bilik qanunlarından nə qədər uzaqdır! Bu Gün də bütün bu insanlar belə cəfəngiyyat söyləməklə məşğuldurlar. Onlar min ildən artıqdır ki, bu ayəni oxuyub düşünmədən yəhudiləri məzəmmət edirlər, amma heç anlamırlar ki, özləri də gizli və aşkar şəkildə yəhudilərin münasibət və etiqadını bəyan edirlər. Yəqin onların boş mübahisələrindən xəbərdarsınız ki, bütün Zühurlar başa çatıb, İlahi mərhəmət qapıları bağlanıb, daha əbədi müqəddəslik məşriqlərindən heç bir Günəş parlamayacaq, əbədi nemət Dəryasından yeni dalğalar üzə çıxmayacaq və Əzəli Cəlal Çadırından Allahın Elçiləri daha zahir olmayacaq. Budur bu şüursuz və cılız insanların düşüncə səviyyəsi! Onlar zənn edirlər ki, tükənməsi ağıllara sığmayan Allahın hər şeyi bürüyən feyzi və intəhasız mərhəməti bitmişdir. Hər tərəfdə və hər yanda zülm kəmərini bağlayıb öz gümanlarının şor suyu ilə Sidrənin Оdunu söndürməyə çalışırdılar, аmma bilmirdilər ki, qüdrət şüşəsi İlahi Çırağı öz alınmaz qalasında hifz edir...


Bax gör, Həzrət Məhəmmədin, Allahın Rəsulunun hökmranlığı bu gün necə də aydın və aşkardır. Və yəqin agahsınız ki, o Həzrətin zühurunun əvvəlində müşriklər və azğınlar, o dövrün üləmaları və onların əlaltıları o ruhani Cövhərin, pak və müqəddəs Varlığın başına nə bəlalar gətirmişlər! О Həzrətin keçdiyi yola nə qədər tikanlar və qanqallar tökmüşlər! Və bu da məlumdur ki, bu bədbəxt insanlar öz yanlış və şeytani təsəvvürlərinə uyaraq o ölümsüz Vücudu incitməyi özlərinə nicat vasitəsi bilirdilər. Belə ki, Abdullah Übəy, rahib Əbu Amir, Kəb ibn Əşrəf və Nəzr ibn Haris kimi o dövrün tanınmış üləmaları hamılıqla o Həzrəti yalançı elan etmiş, Onu dəli və iftiraçı adlandırmışlar. Və Ona qarşı elə ağır böhtanlar demişdilər ki, Allah mürəkkəbə onları yazmağa, Bizim qələmə hərəkət etməyə, kağıza o sözləri qəbul etməyə icazə vermir. Bəli, məhz bu böhtanlar camaatın o Həzrətə əziyyət verməsinə səbəb olmuşdu. Bu, məlum və aydın bir məsələdir ki, zəmanə üləmalarının rədd edib iman əhli bilmədiyi şəxsin başına nələr gəlir. Məgər bu Bəndənin də başına eyni şeylər gəlməmişdirmi və hamı da buna şahid deyilmi? Buna görə də Həzrət Məhəmməd buyurmuşdur: “Mənim çəkdiyim əziyyətləri Allahın heç bir Peyğəmbəri çəkməyib”. Quranda o Həzrətə atılan böhtanların və verilən əziyyətlərin hamısı qeyd olunub. Onları oxuyun ki, Onun zühurunda baş verənlərdən xəbərdar olasınız. Onun vəziyyəti o qədər acınacaqlı idi ki, bir müddət hamı Onunla və Onun əshabələri ilə ünsiyyəti dayandırmışdı. Onunla əlaqəsi olan hər kəs Onun düşmənlərinin ardı-arası kəsilməyən qəddarlığının qurbanı olurdu...


Gör bu gün hər şey necə də dəyişmişdir! Bax gör nə qədər sultanlar o Həzrətin adı qarşısında baş əyirlər, neçə-neçə ölkələr və xalqlar Onun kölgəsinə sığınıb o Həzrətin Dininə mənsub olmaları ilə fəxr edirlər! Мinbərlərdən və minarələrdən Onun mübarək adının sədası böyük hörmət və ehtiramla ucalır; və minarələrin yüksəkliklərindən car çəkilərək Onun ümməti Ona ibadət etməyə çağırılır. O Həzrətin kölgəsinə sığınmamış və küfr libasını dəyişməmiş sultanlar belə o inayət Günəşinin böyüklük və əzəmətini təsdiq və etiraf edirlər. Onun hər tərəfdə müşahidə etdiyin dünyəvi hökmranlığı bu cürdür. Bu hökmranlıq Allahın hər bir Peyğəmbərinin sağlığında, ya da О, Öz həqiqi vətəninə ucaldıqdan sonra bərqərar olur...


Bu da məlumdur ki, hər bir Zühurda baş verən dəyişikliklər və təbəddülat qara bulud kimi bəndələrin idrak gözünün İlahi Mahiyyət məşriqindən parlayan Günəşi görüb anlamasına mane olur. Çünki bəndələr illər boyu öz ata-babalarını kor-koranə təqlid edərək, həmən şəritədə müəyyənləşmiş qayda-qanunlar əsasında tərbiyə alırlar. Onlar birdən eşidəndə və görəndə ki, onların öz arasından çıxan və bəşəri meyarlar baxımından onlardan fərqlənməyən bir Şəxs əsrlər boyu onların itaət göstərdikləri, əleyhdarlarını və inkarçılarını kafir, pozucu və azğın bildikləri şəriət ehkamlarını büsbütün ləğv etmək istəyir, onda onlar, əlbəttə, pərdələnəcək və Onun həqiqətini inkar edəcəklər. Bu amillər pərdə və bulud qismində çıxış edir və həmin adamların könüllərinin inqita Səlsəbilindən dadmasına və irfan Kövsərindən su içməsinə mane olur. Onlar bu məsələdən hali olan kimi o Günəşi tanımaqdan elə pərdələnirlər ki, heç bir sorğu-sual etmədən Allah Məzhərini küfrdə günahlandırır və Onun qətlinə fitva verirlər. Əsrlər boyu belə şeylərin baş verdiyini, yəqin ki, eşitmisiniz və bu zəmanədə də onları müşahidə edirsiniz.


Buna görə də əlimizdən gələni etməliyik ki, Qeybin köməyilə bu qara pərdələr və ilahi sınaq buludları bizim o Nurani Camalı görməyimizə mane olmasın və biz Onu yalnız Onun Özü vasitəsilə tanıya bilək.
   
 

Seçmə 14
İLAHİ BAHAR GƏLDİ, Ey Uca Qələm, çünki Rəhmanın Bayramı tezliklə gəlir. Qalx, bütün yaradılmışlar içərisində Onun adını elə zikr et və Onu elə təriflə ki, bununla bütün məxluqat yenidən doğulsun və təravətlənsin. Danış və susanlardan olma! Sevinc günəşi Bizim Xürrəm Adımızın üfüqündən parladı, çünki Allahın аdlar səltənəti sənin Rəbbinin—Səma Qurucusunun Adı ilə zinətləndi. Bu Ən Əzəmətli Adın gücü ilə ümmətlərin qarşısına çıx və ləngiyənlərdən olma.


Biz sənin Lövhə üzərində dayandığını görürük. Səni İlahi Camalın nurlarımı heyrətə salıb, yoxsa yolunu azmışların bihudə sözləri səni qəmgin edib və hərəkətini dayandırıb? Qoy heç bir şey sənin bu Günü vəsf etməyinə mane olmasın. Bu, elə bir Gündür ki, qüdrət və əzəmət Barmaqları Vüsal Şərabının möhürünü açıb göylərdə və yerdə olanları çağırır. Allahın Gününü müjdə verən nəsim sənin üzərinə əsəndən sonra duruxmaqmı istəyirsən, yoxsa sən Ondan pərdələnmişlərdənsən?


Ey bütün аdların Sahibi və səma Qurucusu, aləm üçün hidayət çırağı və aləmdəkilər üçün Günlərin Qədiminin nişanəsi olan Sənin Gününün əzəmətini tanımaqdan pərdələnməmişəm. Əgər mən susuramsa, bu, Sənin xəlq etdiklərinin gözünü kor edən hicabdandır və əgər mən duruxuramsa, bu da Sənin məmləkətində yaşayanların Sənin həqiqətini tanımalarına mane olan pərdələrdəndir. Sən məndə olanları bilirsən, amma mən Səndə olanları bilmirəm. Sən hər şeyi Bilən və hər şeydən Xəbərdarsan. Sənin bütün adlardan üstün olan adına and olsun! Əgər Sənin qaçılmaz və uca hökmün mənə yetişsəydi, mən Sənin cəlal Səltənətində Sənin Qüdrət Dilindən eşitdiyim ən uca Kəlamınla yer üzündə olanları dirildərdim və onlara Sənin Aydın, Qoruyan və Qəyyum adınla insanların gözündən gizli qalanı aşkara çıxarаn nurlu Simanın zühurunun müjdəsini verərdim.


Ey Qələm, bu Gün sən Məndən başqa bir kimsəni görürsənmi?! Hanı yaradılmışlar və onların təzahürləri? Hanı adlar və onların səltənəti? Hanı görünən və görünməyən bütün yaradılmış şeylər? Hanı kainatın gizli qalan sirləri və onun təzahürləri? Bax, bütün xilqət fənaya uğradı! Mənim Əbədi, Parlaq və Əbhа Üzümdən başqa heç nə qalmadı.


Bu, elə bir Gündür ki, sənin Mərhəmətli və Ən Səxavətli Rəbbinin Üzünün üfüqündən parlayan İşığın nurlarından başqa heç nə görünməz. Həqiqətən, Biz Öz qüdrətli və hər şeyi tabeedən hökmümümüzlə bütün ruhları məhv etdik, sonra insanlara Öz fəzlimizin əlaməti olaraq yeni bir məxluq yaratdıq. Həqiqətən, Mən Ən Fəzilətli, Günlərin Qədimiyəm.


Bu, elə bir Gündür ki, Lahut aləmi deyir: “Sən necə də xoşbəxtsən, ey Nasut aləmi, çünki sən Allahın qədəm basdığı yer, Onun əzəmətli taxtının qurulduğu məkan oldun”. Cəbərut aləmi isə deyir: “Canım sənə fəda olsun, çünki Rəhmanın Məhbubu yaranmış və yaranacaq şeylərə vəd edilmiş Adının qüdrətilə Öz hökmranlığını sənin üzərində qurdu”. Bu, elə bir Gündür ki, bütün ətirli şeylər öz ətrini Мənim bütün məxluqata ətir saçan libasımdan alır. Bu, elə bir Gündür ki, Rəhmanın İradəsi ilə əbədi həyat suları coşub-çağlayır. Ruhunuz və qəlbinizlə ona doğru tələsin, siz еy səma Sakinləri və ondan doyunca için.


De: Əgər siz anlasanız, Naməlumun, Gizlilər Gizlisinin Məzhəri Odur. Əgər siz axtarsanız, О, о Kəsdir ki, gizli xəzinənin Cəvahirini sizin qarşınızda açıb qoymuşdur. О, yaranmışların və yaranacaqların yeganə Məhbubudur. Kaş ki, qəlblərinizi və ümüdlərinizi Ona bağlayaydınız!


Biz Sənin yalvarış səsini eşitdik, Ey Qələm və susmağınla bağlı üzürünü qəbul edirik. Səni bu qədər heyrətə salan nədir?


Bu, Səninlə görüşün məstliyindəndir, ey aləmlərin Məhbubu.


Qalx, məxluqata müjdə ver ki, Rəhman qədəmlərini Rizvana tərəf yönəltdi və ona daxil oldu. Sonra insanları Allahın Öz Cənnətinin Тaxtı etdiyi bağa hidayət et. Biz səni bütün bəşərin dirilməsi üçün Özümüzün ən güclü Surumuz etdik.


De: Bu, elə bir Cənnətdir ki, аğaclarının yarpaqları üzərində bəyan şərabı ilə yazılıb: “Artıq gizli olan Kəs qüdrət və hakimiyyətlə zühur etmişdir!” Bu, elə bir Cənnətdir ki, ağaclarının xışıltısı bəyan edir: “Ey göylərin və yerin sakinləri! Əvvəllər heç vaxt aşkar olmayan indi üzə çıxdı. Əzəldən Öz Camalını məxluqatın gözündən gizli saxlayan Kəs indi gəldi”. Onun budaqları arasında əsən nəsimin pıçıltısı söyləyir: “Hər şeyin Sahibi gəldi. Hökmranlıq Allaha məxsusdur”, оnun sularının şırıltısı isə deyir: “Gözlər sevinir, çünki heç kəsin görmədiyi, sirrini heç kəsin açmadığı Kəs Camalının üzündən cəlal örtüyünü götürdü”.


Bu Cənnətdən və оnun uca hücrələrindən Səma Hurilərinin nidası eşidilir: “Sevin, ey səma əhli, çünki Günlərin Qədiminin barmaqları səmalаrın göbəyindən Ən Əzəmətli Zəngi Əbha adına səsləndirir. Səxavət əlləri əbədi həyat piyaləsini dolandırmağa başladı. Ona yaxınlaşıb doyunca için. Nuş olsun sizə, ey həsrət təcəssümləri və güclü istək mücəssəmələri!”


Bu о Gündür ki, İlahi Adlar Təzahürü Əzəmət Sarayından çıxıb yerdə və göydə olanlara car çəkdi: “Cənnət piyalələrini və onlardakı dirilik sularını boşlayın, çünki baxın, Bəha əhli mübarək İlahi Hüzura daxil oldu və öz Ehtiyacsız, Ulu Rəblərinin camalının piyaləsindən vüsal şərabını içdi”.


Ey Qələm, məxluqat dünyasını unut və bütün аdların Sahibi olan Rəbbinin üzünə tərəf dön. Sonra da Əzəl sultanı olan Rəbbinin lütflərinin bəzəyi ilə aləmi zinətləndir. Çünki biz elə bir Günün ətrini duyuruq ki, о gün bütün insanların Məqsudu Özünün ən gözəl adlarının nurunu görünən və görünməyən aləmlərin üzərinə səpdi və onları ən səxavətli nemətlərinin işığına boyadı—о nemətlər ki, onları bütün məxluqatın qüdrətli Mühafizi olan Kəsdən başqa heç kəs saya bilməz.


Allahın yaratdıqlarına xeyirxahlıq və mehribanlıq gözündən savayı başqa bir gözlə baxmayın, çünki Bizim mərhəmətimiz bütün yaradılmış şeyləri bürüyüb, Bizim fəzlimiz göyləri və yeri çulğalayıb. Bu, elə bir Gündür ki, hər şeyin Ən Son Axırı olan Kəsi tanımaqla, Allaha sədaqətli olanlar görüş kövsərindən, Ona yaxın olanlar əbədi yaxınlıq Səlsəbilindən, Onun vahidliyinə inananlar isə Vüsal şərabından içirlər. Həmin gün Əzəmət və Cəlal Dili Onun vasitəsilə söyləyir: “Səltənət Mənə məxsusdur və Mən, haqlı olaraq, onun Sultanıyam!”


Yeganə Məhbubun nidası ilə qəlbləri cəzb edin. De: Əgər siz eşitsəniz, bu, Allahın Sədasıdır. Əgər siz anlasanız, bu, Allahın Vəhy Günəşidir. Əgər siz bilsəniz, bu, Allahın Əmrinin Məşriqidir. Əgər siz insaflı olsanız, bu, Allahın hökmünün Mənbəyidir. Əgər siz görsəniz, bu, aşkar və gizli bir Sirrdir. Ey aləm əhli! Mənim bütün adlardan üstün olan adım naminə malik olduğunuz şeyləri boşlayın, dərinliklərində hikmət və bəyan gövhərləri gizlədilmiş və Mənim Rəhman adımla dalğalanan bu Dənizə baş vurun! Ana Kitabın Sahibi sizə belə göstəriş verir”.


Məhbub gəldi. Onun sağ əlində Onun adının möhürlənmiş Şərabı var. Xoşbəxt o kəsdir ki, üzünü Ona tutub həmin şərabdan içir və deyir: “Həmd olsun Sənə, ey Allahın əlamətlərini aşkar Еdən!” Qüdrət Sahibi olan Allaha and olsun! Hər bir gizli şey həqiqətin gücü ilə aşkar olmuşdur. Allahın bütün nemətləri Onun fəzlinin bir əlaməti olaraq nazil olmuşdur. Əbədi həyat kövsəri insanlara təklif edilmişdir. Hər bir qədəh Məhbubun əli ilə dolandırılmışdır. Yaxın gəlin və bir an belə durmayın.


Xoş o kəslərin halına ki, inqita qanadlarında Allahın iradəsi ilə bütün məxluqatın fövqündə duran bir məqama uçdular, о kəslər ki, nə üləmaların boş təsəvvürləri, nə də yer üzünün qoşunları onları Onun Əmrindən döndərə bildi. Ey insanlar, sizin aranızda elə bir kəs varmı ki, dünyanı buraxıb bütün аdların Sahibi olan Allaha üz tutsun? Elə bir kəs tapılarmı ki, Mənim bütün şeylərdən üstün olan Adımın qüdrəti ilə insanların yanındakıları qoyub gizli və aşkar şeyləri bilən Allahın ona əməl etməyi hökm etdiyi şeylərdən var gücü ilə yapışsın? Beləliklə, Оnun nemətləri insanlara nazil oldu, Onun dəlilləri tamamlandı, Onun sübutları mərhəmət üfüqündən işıq saçdı. Yüksək mükafat o kəsə nəsib olacaq ki, bunları qəbul edib deyər: “Həmd olsun Sənə, ey aləmlərin Məhbubu! Ucalsın Sənin adın, ey ariflərin Məqsudu!”


Ən yüksək səadət və xürrəmlik Gününü xatırlayın və sevinin, ey Bəha əhli! О Gün Günlərin Qədiminin Dili danışdı və O, Öz Evindən çıxıb Öz Rəhman adı ilə bütün məxluqata nur saçdığı Yerə yollandı. Allah Özü Bizə şahiddir. Əgər biz о Günün sirlərini açsaq, Qüdrətli, Hər şeyi Bilən və hikmət Sahibi olan Allahın qoruduğu kəslərdən savayı Mülk və Mələkut aləmlərində yaşayanların hamısı huşunu itirər və canını tapşırar.


Allahın ayələri Onun aydın dəlillərini aşkara çıxaran Kəsi elə məst etdi кi, Onun Qələmi daha hərəkət edə bilmədi. О Öz Lövhünü bu sözlərlə başa vurdu: “Məndən başqa Allah yoxdur. Mən Ən Ulu, Ən Qüdrətli, Ən Ali və hər şeyi Bilənəm”.
   
 

Seçmə 15
VƏHY QƏLƏMİ BƏYAN edir: “Bu Gün Səltənət Allaha məxsusdur!” Qüdrət Dili söyləyir: “Bu Gün hökmranlıq, həqiqətən, Allaha məxsusdur!” Göylərin Simurqu ölümsüzlük budağında belə oxuyur: “Bütün böyüklüyün əzəməti Vahid və Qadir Allaha məxsusdur!” Mistik Göyərçin əbədi Cənnət bağındаkı yuvasından belə tərənnüm edir: “Bu Gün bütün səxavətin mənbəyi Yeganə və Bağışlayan Allahdandır”. Ərş Хoruzu müqəddəslik yuvasında belə banlayır: “Bu Gün ali hökmranlıq Bənzərsiz, Ən Qüdrətli və hər şeyi tabe Edən Allaha məxsusdur!” Bütün şeylərin batini mahiyyəti bütün şeylərdə belə səslənir: “Bu Gün əfv–Yeganə, Şəriksiz, bütün insanların Qüdrətli Qoruyucusu və onların eyiblərini Örtən Allahdandır!”. Şərəf Ruhu Mənim Başımın üstündən səsini ucaldaraq nə bir qələmin, nə də bir dilin təsvirinə sığışmayan yüksəkliklərdən belə söyləyir: “Allaha and olsun, əzəmət və iqtidar sahibi olan Qədim Cövhər zühur etdi. Ondan başqa Allah yoxdur. Odur Güclü, Qüdrətli, Uca, Hikmət Sahibi, hər yeri Bürüyən, hər şeyi Görən, hər şeydən xəbərdar Olan, hamını Qoruyan və əbədi nur Mənbəyi!”


Ey Mənim bəndəm, sən Allahın rizasına və məhəbbətinə elə bir Gündə can atırsan ki, bir neçə bəsirət sahibindən başqa hamı Onun Camalından uzaq düşüb. Qoy Allah Öz mərhəməti sayəsində sənə saxavətli, məhv olmayan və əbədi mükafat versin, çünki sən bütün gözlərin kor olduğu bir gündə Onu axtarırsan. Bunu da bil ki, əgər Allahın hökmü ilə kin və ədavət sahiblərinin əllərindən Bizim başımıza yağan yağışlаrdan bir damlа sənə аçıb göstərsək, gecə-gündüz Bizim halımıza ağlayıb sızlayarsan. Kaş yer üzündə Allahın hökmranlıq və qüdrətini bəyan edən bu Zühurda aşkara çıxanları anlayan ədalətli və bəsirətli bir kəs tapılaydı və yalnız Allah xatirinə bunları gizli və açıq şəkildə insanlara çatdırardı ki, onlar da ayağa qalxıb azğınların əlində qalmış bu Məzluma kömək edərdilər.


Bu zaman arxamdan Müqəddəs Ruh səsləndi və dedi: “Söhbəti dəyiş ki, Sənə üz tutanlar qəmgin olmasınlar. Və de: Allahın qüdrəti və mərhəməti sayəsində Mən əvvəllər heç kimdən kömək istəməmişəm və bundan sonra da istəməyəcəyəm. İraqda sürgündə olduğum zaman O, Mənə haqq ilə kömək göstərdi, bütün yer üzü övladları mənimlə mücadilə edərkən, O, Məni qorudu və həmin şəhərdən Məni elə bir əzəmətlə çıxardı ki, bunu inkar edənlərdən və məkrlilərdən savayı heç kəs dana bilməz.


De: Mənim qoşunum Mənim Allaha təvəkkülümdür, Mənim ümmətim Ona etimadımdır, Mənim bayrağım Ona məhəbbətimdir və Mənim munisim ixtiyar Sahibi, Şərəfli və Qüdrətli Hökmdar olan Allahın zikridir”.


Ey Allaha məhəbət yolu ilə gedən kəs, Onun Əmrinin köməyinə qalx və de: “Ey insanlar, bu Gənci dünyanın ötəri şeylərinə və axirət nemətlərinə satmayın. Haqq olan Allaha and içirəm ki, göylərdə və yerdə olan bütün şeylər Onun bir tükünə də dəyməz. Ey insanlar, Onu yanınızda olan gümüşə və qızıla dəyişməkdən çəkinin. Onun məhəbbətini o gün üçün ruhlarınızın sərvəti edin ki, həmən gün Ondan başqa heç bir şey sizə fayda verməz, bütün dayaqlar silkələnər, insanların dərisi soyular və gözləri dəhşətdən bərələr”. De: “Ey insanlar! Allahdan qorxun və Onun Zühurundan təkəbbürlə üz döndərməyin. Üzünüzü yerə qoyub Allaha səcdə edin, sonra da Onu gecə-gündüz tərif edin”.


Qoy sənin qəlbin dünyanın göbəyindən şölələnən bu sönməz Оdla elə alovlansın ki, kainatın suları onun atəşini söndürə bilməsin. Sonra öz Rəbbini elə zikr et ki, sənin sözlərinlə Bizim qafil bəndələrimiz oyansın, möminlərin qəlbi isə sevinsin...
   
 

Seçmə 16
DE: EY BƏNDƏLƏR, bu Gün bənzərsiz bir Gündür. Ona görə də bənzərsiz bir dil lazımdır ki, aləmin Məqsudunu tərifləməyə qadir olsun və bənzərsiz bir əməl lazımdır ki, Onun dərgahında qəbul edilsin. Bütün insanlar bu Günü arzulayırdılar ki, onun məqamına layiq və ona yaraşan şeylərə nail olsunlar. Xoş o kəsin halına ki, dünyanın işləri onun aləmin Sahibini tanımasına mane ola bilmədi.


İnsanların qəfləti elə bir həddə çatıb ki, nə şəhərin dağılması, nə dağın parçalanması, nə də yerin yarılması onları ayılda bilir. Müqqədəs Kitablardakı işarələr və əlamətlər aşkara çıxıb, daim çağırış sədası ucalır. Buna baxmayaraq Allahın yönəltdiyi kəslərdən savayı hamı qəflət şərabından məstdir.


Hər gün yer üzündə yeni bir bəla baş verir və bu bəlalar getdikcə dərinləşir. “Rəis Surəsi” nazil olandan bu günə kimi nə yer üzündə bir sakitlik bərqərar olur, nə də bəndələr bir rahatlıq tapır: gah mücadilə, gah müharibə, gah da sağalmaz xəstəliklər… Dünyanın xəstəliyi getdikcə tam ümidsizlik həddinə çatır, çünki əsl Təbibin dərdə əlac etməsinə yol verilmir, yalançı həkimlər isə qəbul olunur və sərbəst şəkildə öz işlərini görürlər… İxtilaf tozu qəlbləri bürüyüb və gözləri tutub. Tezliklə onlar Allahın Günündə öz əməllərinin cəzasını görəcəklər. Qadir və Qüdrətli Allahın hökmü ilə hər şeyi Bilən Kəs sizə belə xəbərdarlıq edir.
   
 

Seçmə 17
BÖYÜK XƏBƏR OLAN Kəsə and olsun! Rəhman öz şəksiz hökmranlığı ilə gəldi, Mizan-Tərəzi quruldu, yer üzündə olanların hamısı bir yerə toplaşdı. Sur çalındı, bu zaman gözlər dəhşətdən bərəldi, Allahın ayələrinin ətrini duyanlardan və dünyadan əlini üzənlərdən başqa göylərdə və yerdə olanların hamısı lərzəyə gəldi.


Bu, elə bir gündür ki, Yer onda olanların hamısını danışacaq. Günahkarlar onun ağır yükləridir, kaş ki, biləydiniz! Mövhumat Ayı parçalandı və səmanı qatı bir tüstü bürüdü. Biz görürük ki, insanlar Qadir və Qüdrətli Rəblərinin qorxusundan üzüqoylu düşürlər. Carçının sədası ucalır və insanların beli qırılır, Onun qəzəbi çox şiddətlidir. Sol tərəfdəki adamlar ah çəkib ağlayırlar. Sağ tərəfdəki adamlar möhtərəm bir məqamda Rəhmanın əllərindən dirilik Şərabı alıb içirlər və onlar, həqiqətən, şərəfə nail olanlardır.


Yer silkələndi, dağlar yox oldu və mələklər Bizim qarşımızda sıra-sıra düzüldü. Bəndələrin əksəriyyəti məstliyində çaşıb qalmış, onların üzündə qəzəb əlamətləri görünür. Biz beləcə günahkarları bir yerə yığdıq. Biz onların öz bütlərinə doğru tələsdiyini görürük. De: Bu Gün Allahın hökmündən heç kəs qurtula bilməz. Bu, həqiqətən, kədərli bir Gündür. Biz onları yoldan azdıranları onlara göstəririk. Onlar həmən kəslərə baxır, lakin onları tanımırlar. Onların gözləri xumarlanıb, onlar, həqiqətən, kordurlar. Onların dəlili özlərinin iftiralarıdır. Qoruyan, Qəyyum Allah bu iftiraları lənətləmişdir. Şeytan onların ürəklərinə fitnə-fəsad salıb və onlar bu gün qaçılmaz bir əzabdadırlar. Onlar azğınların kitabı ilə şər adamlara doğru tələsirlər. Onların əməlləri belədir.


De: Göy bükülüb, Yer Onun ovcundadır və günahkarların kəkilindən tutulub, amma onlar yenə də dərk etmirlər. Onlar iylənmiş su içirlər, amma bunu anlamırlar. De: Çağırış sədası ucaldı, insanlar qəbirlərindən çıxdılar və qalxıb ətrafa baxırlar. Bəziləri Rəhmanın sarayına doğru tələsdilər, bəziləri üzü üstə Cəhənnəmin oduna düşdülər, bəziləri isə heyrətdən donub qaldılar. Allahın ayələri nazil oldu, amma onlar ondan üz döndərdilər. Onun dəlili zahir oldu, amma onlar ondan qafildirlər. Onlar əylənən vaxt Rəhmanın üzünü görərkən öz üzləri kədərə batdı. Onlar cəhənnəm oduna doğru tələsərək, onu nur hesab edirlər. Allah onların gümanlarından çox ucadır! De: Siz şadlıq etsəniz də, qəzəbdən partlasanız da, səma yarılmış və Allah öz şəksiz hökmranlığı ilə gəlmişdir. Bütün şeylər belə söyləyir: “Hökmranlıq Qüdrətli, hər şeyi Bilən və hikmət Sahibi olan Allaha məxsusdur!”


Bunu da bil ki, Bizi əzab-əziyyət dolu bir Məhbəsə atıblar və müşriklərin əllərinin törətdiklərindən ətrafımızı zülm qoşunu bürüyüb. Lakin bu Qulam elə bir sevinc içərisindədir ki, heç bir dünyəvi sevinc onunla müqayisə oluna bilməz. Allaha and olsun! Nə zalımların verdiyi əziyyətlər, nə də Onun həqiqətini inkar edənlərin hədələri Onu kədərləndirə bilməz.


De: Bəlalar Mənim Vəhyimin üfüqüdür. Onun üzərində fəzl günəşi parlayır və nə mövhumat buludları, nə də bədxahların gümanları onun ziyasının qarşısını kəsə bilməz.


Öz Ağanın yolu ilə get və Onun bəndələrini xatırla, necə ki, qafillərin etirazları Ona mane ola bilmir və O, qılınc altında da səni xatırlayır… Rəbbinin ətrini ətrafa yay və bircə an belə Onun Əmrinə xidmətində tərəddüd etmə. Bağışlayan və Kəramətli Rəbbinin qələbəsinin elan olunacağı gün yaxınlaşır.
   
 

Seçmə 18
DE: BİZ İLAHİ bəyan sularını ərşdən ona görə nazil etdik ki, sizin könüllərinizdə incə hikmət və bilik otları cücərsin. Buna şükr etməyəcəksinizmi? O kəslər ki, öz Rəblərinə ibadət etməkdən boyun qaçırırlar, onlar Onun dərgahında qəbul olunmayacaqlar. Bizim ayələrimiz təkrar-təkrar oxunarkən, onlar təkəbbürdə və ağır günahda israr edir və düşünmürlər. Beləcə kafirlik edənlər qara tüstü altında qalarlar. Qiyamət saatı yetişdi, onlar isə əylənməkdədirlər. Artıq onların kəkilindən tutulub, amma onlar bunu bilmirlər.


Gələcək şey qəflətən gəldi, onlar isə ondan qaçırlar! Labüd olan yetişib, onlar isə ondan üz döndəriblər! Bu, elə bir Gündür ki, hər kəs özündən qaçar, nəinki öz yaxınlarından, kaş ki, anlayaydınız. De: Allaha and olsun! Sur çalındı və insanları qarşımızda huşsuz görürük. Müjdə Verən səsləndi və Carçı nida etdi: “Hökmranlıq Qüdrətli, Qoruyan və Qəyyum Allaha məxsusdur”.


Bu, elə bir Gündür ki, dəhşətdən gözlər bərələr, hər şeyi Bilən və Hikmət sahibi olan Rəbbinin yönəltdiyi kəslərdən başqa yer üzündə olanların hamısı lərzəyə gələr. Rəhmanın nurlu qəlb bəxş etdiyi kəslərdən savayı, hamının üzü qaralar. Gözəl və Şərəfli Allahın camalına açıq baxmaqdan imtina edənlərin gözləri süzülər.


De: Məgər siz Quranı oxumamısınız? Onu oxuyun ki, Həqiqəti tapasınız, çünki bu Kitab həqiqətən də, Doğru Yoldur. Bu, göylərdə və yerdə olanlar üçün Allahın Yoludur. Əgər siz Quranı unutmusunuzsa, Bəyan sizdən uzaq deyil. Onu əlinizə alıb oxuyun ki, Allahın Elçilərinin şikayətləndiyi əməllərdən çəkinəsiniz.


Qəbirlərdən qalxın, nə vaxta qədər yatacaqsınız? Bu, ikinci Sur səsidir, kimi gözləyirsiniz? Bu, sizin mərhmətli Rəbbinizdir, siz isə Ondan üz döndərirsiniz. Yer titrədi və öz yüklərini atdı. Siz yenəmi inkar edirsiniz?! De: Məgər görmürsünüz ki, dağlar yun əlçimi kimi olub, insanlar Onun Əmrinin əzəmətindən lərzəyə gəlib?! Budur, onların evləri xaraba qalıb, onlar özləri isə darmadağın edilmiş qoşuna bənzəyirlər.


Bu, elə bir Gündür ki, Rəhman irfan buludları üzərində aşkar bir hökmranlıqla gəlmişdir. O, bütün əməllərə şahiddir. Onun cəlalını heç nə ilə səhv salmaq olmaz, əgər siz anlasanız. Bütün dinlərin səması parçalandı, irfanın yeri yarıldı və mələklər göydən endi. De: Bu, qarşılıqlı aldanma günüdür, hara qaçırsınız?! Dağlar dağıldı, səma büküldü, yer Onun ovcundadır kaş bunu biləydiniz! Sizi kim qoruyacaq?! Rəhmandan başqa heç kəs! Qüdrətli, cəlal Sahibi, Səxavətli Allahdan başqa heç kəs. Bütün hamilə olanlar öz yüklərini yerə qoydular. İnsanların və mələklərin bir yerə toplaşdığı bir gündə biz adamların məst olduğunu görürük.


De: Allaha şəkkinizmi var?! Baxın, O, Öz fəzl göyündən, qüdrət və hökmranlıqla gəldi! Onun əlamətlərinə şəkkinizmi var?! Gözlərinizi açıb baxın, budur Onun dəlili! Cənnət sağ tərəfdə, sizin yaxınlığınızdadır; cəhənnəm də şölələnir bu, yandırıcı bir atəşdir. Bizim tərəfimizdən sizə mərhəmət olaraq, cənnətə daxil olun və orada Rəhmanın əlindən dirilik şərabı alıb için.


Nuş olsun sizə, ey Bəha əhli! Allaha and olsun ki, siz şərəfə nail olmusunuz! Bu, Allaha yaxın olanların nail olduğu şeydir. Bu axar su mərhəmətli Rəbbimizin Quranda, sonra isə Bəyanda mükafat olaraq sizlərə vəd etdiyidir. Xoş onu içənlərin halına!


Ey nəzərlərini Mənə dikmiş bəndə! Allaha şükr et ki, Məhbəsdə bu Lövhəni sənə nazil etdi.Və sən bununla insanlara Qüdrətli və hər şeyi Bilən Rəbbinin günlərini xatırlatmalısan. Beləcə Biz hikmət və bəyan suyu ilə sənin imanının bünövrəsini qoyduq. Bu, həmən sudur ki, mərhəmətli Rəbbinin taxtı onun üstündə qurulub. “Onun taxtı suyun üzərindədir”. Fikirləş ki, bu sözün mənasını başa düşəsən.Və de: Həmd olsun Allaha—aləmlərin Rəbbinə!


 

Anchor 3
Anchor 4
bottom of page