top of page
1
2
Anchor 2

 

Həzrət Bəhaullahın Yazılarından Seçmələr

Seçmə 19-69  Allahın Məzhəri

Həzrət Şövqi Əfəndi Tərəfindən Tərtib Olunmuş 

və İngilis Dilinə Tərcümə Edilmişdir
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

 

Seçmə 19-69  Allahın Məzhəri


Seçmə 19
BƏSİRƏTLİ VƏ İŞIQLI ürək sahiblərinə bəllidir ki, Görünməz Cövhər və İlahi Mahiyyət cismani mövcudluq, yüksəlmək və enmək, girmək və çıxmaq kimi xüsusiyyətlərdən son dərəcə ucadır. Bu Onun şərəfindən çox uzaq olardı ki, insan dili onu layiqincə vəsf etsin və ya insan ürəyi onun sonsuz sirrini dərk etsin. O, əzəldən öz Mahiyyətində görünməz olmuş və olmaqdadır, həmişə də Öz Gerçəkliyində insanların gözlərindən gizli qalacaqdır. “Gözlər Onu dərk edə bilməz, amma O, gözləri dərk edər. O hər şeyə nüfuz edən və hər şeydən xəbərdardır”.


Əzəli Mahiyyəti dərk etmək qapıları məxluqatın üzünə beləcə bağlandığı üçün O sonsuz fəzl Mənbəyi Özünün: “Onun fəzli bütün şeylərdən üstündür” və “Mənim fəzlim bütün şeyləri bürüyür”—hökmlərində deyilən sonsuz mərhəmətinə uyğun olaraq, nurani Müqəddəslik Cövhərlərini ruh aləmlərindən şərəfli insan vücudlarında adamlar arasında zühur etdirdi ki, onlar O dəyişməz Varlığın sirlərini bildirsinlər və Onun fani olmayan Mahiyyətinin lətifliyindən danışsınlar.


Bu Müqəddəs Aynalar və Şərəfli Səhər Şəfəqləri, onların hamısı və hər biri, kainatın Günəşi, onun Mahiyyəti və son Məqsədi olan Kəsin yer üzündə Təcəssümüdürlər. Onların biliyi və qüdrəti Onun biliyindən və qüdrətindən gəlir; Onların hökmranlığı Onun hökmranlığından əxz olunur; Onların Camalının gözəlliyi Onun Camalının əksidir və onların vəhyi Onun ölümsüz cəlalının yalnız bir əlamətidir. Onlar İlahi biliklərin Xəzinələri, səmavi hikmətin Dəfinələridir. Onların vasitəsilə tükənməz feyz zahir olur, Onlarla heç zaman sönməyən Nur saçılır.


Sönməz cəlal işığını əks etdirən bu müqəddəslik Məbədləri, bu İlkin və Əzəli Aynalar, Görünməzlər Görünməzinin Təzahürləridir. Bu İlahi Məziyyətlər Gövhərlərinin zühuru ilə Allahın elmi və qüdrəti, hakimiyyəti və səltənəti, mərhəməti və hikməti, şərafəti, kəraməti və fəzli kimi bütün adları və sifətləri aşkar olmuşdur.


Elə olmayıb və indi də elə deyil ki, bu sifətlər bəzi Peyğəmbərlərdə olsun, bəzilərində isə yox. Xeyr, Allahın bütün Peyğəmbərləri, Onun sevimliləri, Onun müqəddəs və seçilmiş Elçiləri, istisnasız olaraq, Onun adlarının daşıyıcıları və Onun sifətlərinin mücəssəməsidirlər. Onlar sadəcə vəhylərinin gücü və zahir etdikləri nurun nisbi parlaqlığı ilə fərqlənirlər. Necə ki, buyurur: “Biz bu elçilərin bəzilərini digərlərindən üstün etdik”.


Beləliklə, məlum və aydın oldu ki, bütün bu sonsuz adlar və ali sifətlər onun Peyğəmbərləri və Övliyalarında aşkara çıxır—istər bu sifətlərdən bəzisi o nurani Vücudlarda aydın şəkildə təzahür etsin, istərsə də etməsin. Əgər hər hansı bir sifət o İnqita Cövhərlərində açıq-aşkar özünü göstərmirsə, bu, o demək deyildir ki, Allahın sifətlərinin Məşriqləri və Onun müqəddəs adlarının Xəzinələri həqiqətdə bu sifətlərə malik deyillər. Belə ki, bu nurani Ruhların və bu bənzərsiz Camala malik Simaların hamısına və hər birinə, Allahın hökmranlıq, hakimiyyət və digər bu kimi bütün sifətləri verilir, hərçənd ola bilər ki, onlar yer üzündə bu zahiri əzəmətə malik olmasınlar...
   
 

Seçmə 20
YƏQİN BİL Kİ, Görünməz Varlıq Öz Mahiyyətini heç bir qiyafədə təcəssüm etdirib Özünü insanlara göstərə bilməz. O, sözlə təsvir olunan və dərk olunan şeylərdən son dərəcə ucadır və hər zaman belə olmuşdur. Özünün cəlal məqamından O, belə söyləyir: “Həqiqətən, Mənəm Allah, Məndən başqa Allah yoxdur, Mənəm hər şeyi Bilən və Hikmət Sahibi! Mən Özümü insanlara zahir etdirdim və öz əlamətlərimin işığını zühur etdirdim və Mənim Vəhyimin nişanələrinin Məşriqi olan Kəsi aşkar etdirdim və Onun vasitəsilə bütün xilqətə dedirtdim: Ondan başqa Allah yoxdur, O Bənzərsiz, hər şeyi Bilən və hikmət Sahibidir”. İnsanların gözündən əbədi olaraq gizli qalan Kəs yalnız Öz Məzhəri vasitəsilə tanına bilər və Onun Zühuru Missiyasının həqiqətinə Öz Şəxsiyyətindən daha böyük dəlil verə bilməz.
   
 

Seçmə 21
EY SALMAN! ƏZƏLİ Varlığa doğru yol hamının üzünə bağlı olmuşdur və bağlı da qalacaqdır. Bir insan anlayışı Onun müqəddəs dərgahına heç vaxt yol tapa bilməz. Amma öz fəzlinin bir əlaməti və inayətinin sübutu olaraq O, ilahi əhədiyyət üfüqündən parlayan Günəşləri insanlar arasında zühur etdirmiş və bu müqəddəs Varlıqların tanınmasını Özünün tanınmasına bərabər tutmuşdur. Onları tanıyan Allahı tanımışdır, Onların çağırışına qulaq verən Allahın Səsinə qulaq vermişdir. Onların vəhyinin həqiqətini təsdiq edən Allahın Özünün həqiqətini təsdiq etmişdir. Və onlardan üz döndərən Allahdan üz döndərmişdir, Onlara inanmayan Allaha inanmamışdır. Onlar göylərlə yer arasında Allahın Yolu, əmr və xilqət səltənətlərində Allahın həqiqətinin Tərəzisidirlər. Onlar Allahın insanlar arasında Məzhərləri, Onun Həqiqətinin dəlilləri və cəlalının nişanələridir.
   
 

Seçmə 22
İLAHI ƏMANƏTİN DAŞIYICILARI yer üzünə təzə Əmrin Mücəssəmələri və yeni Müjdənin Açıcıları kimi zühur edirlər. Səmavi Taxtın bu Quşları İlahi İradə səmasından nazil olduğundan və hamısı Allahın dəfedilməz Əmrini çatdırdığından, Onları bir qəlb və bir şəxs saymaq olar. Belə ki, Onların hamısı ilahi məhəbbət piyaləsindən içir və Tövhid Ağacının meyvələrindən qidalanırlar.


Bu Haqq Məzhərləri iki məqama malikdirlər. Birincisi—sırf mücərrədlik və mahiyyətcə birlik məqamıdır. Bu məqamda Onları bir adla adlandırsan və eyni sifətlərlə təsvir etsən, səhv etmiş olmazsan. Necə ki, buyurur: “Biz Onun Elçiləri arasında fərq qoymuruq”. Çünki Onların hamısı insanları tövhidə dəvət edir, tükənməz feyz və fəzl Kövsərinin müjdəsini verirlər. Və Onların hamısı peyğəmbərlik xalatına layiq görülmüş, kəramət əbası ilə şərəflənmişlər. Buna görədir ki, Quran nöqtəsi (Həzrət Məhəmməd) buyurur: “Bütün peyğəmbərlər Mənəm!” Və həmçinin buyurur: “Mənəm birinci Adəm, Nuh, Musa və İsa!” Eyni məzmunlu kəlamı İmam Əli də buyurmuşdur. Bu birlik Mücəssəmələrinin mahiyyətcə birliyinə dəlalət edən belə sözlər Əzəli Kəlamın Məcraları və İlahi Elm gövhərlərinin Xəzinələri tərəfindən izhar olunmuş və Kitablarda yazılmışdır. Bu simalar İlahi Hökmün daşıyıcıları və Onun Əmrinin Şəfəqləridir. Bu Əmr isə çoxluq pərdələrindən və say ehtiyacından ucadır. Buna görədir ki, buyurur: “Bizim Əmrimiz birdir”. Əmr birdirsə, əlbəttə, Əmrin məzhərləri də bir olmalıdır. Həmçinin Həzrət Məhəmmədin Dininin imamları, o yəqinlik çıraqları buyurmuşlar: “Bizim birincimiz—Məhəmməd, sonuncumuz—Məhəmməd, ortancılımız—Məhəmməddir”.


Xülasə, cənabınıza məlum və aydın oldu ki, bütün Peyğəmbərlər Allah Əmrinin mücəssəmələridir ki, müxtəlif libaslarda zühur etmişlər. Əgər incə nəzərlə baxsanız, görərsiniz ki, onların hamısı bir çadırda yaşayır, eyni bir havada uçur, eyni bir taxtda oturur, eyni bir sözü söyləyir və eyni bir Əmri bəyan edirlər. Bu Varlıq Cövhərlərinin, bu hüdudsuz və ölçüsüz Günəşlərin birliyi belədir! Odur ki, əgər bu Müqəddəs Məzhərlərdən biri: “Mən bütün Peyğəmbərlərin qayıdışıyam”—deyə buyursa, o, həqiqətən, doğru söyləyir. Həmçinin hər sonrakı Zühurda əvvəlki Zühurun qayıtmasının doğruluğu da şübhəsizdir...


İkinci məqam—fərqlənmə məqamıdır, xilqət aləminə mənsubluq və bəşəri məhdudluq səviyyəsidir. Bu məqamda Allahın hər bir Məzhəri xüsusi fərdiyyətə, aydın müəyyən olunmuş əmrə, təyin edilmiş zühura və özünəməxsus hədlərə malik olur. Belə ki, hərəsi bir adla adlanır, xüsusi bir əlamətlə tanınır, aydın bir missiya yerinə yetirir və ayrıca bir Vəhy gətirir. Necə ki, buyurur: “Biz bu Elçilərin bəzilərini digərlərindən üstün etdik. Allah bunlardan bəziləri ilə danışmış, bəzilərinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya aşkar möcüzələr verdik və Onu Müqəddəs Ruhla qüvvətləndirdik”. Məhz məqamlardakı və missiyalardakı fərqin nəticəsidir ki, həmin İlahi Bilik Mənbələri müxtəlif kəlamlar və sözlər söyləyirlər. Amma ilahi hikmətin sirlərindən hali olanların nəzərində onların hamısının bəyanları əslində bir Həqiqətin ifadəsidir. İnsanların əksəriyyəti isə sözügedən məqamlardan xəbərsiz olduğu üçün mahiyyətcə bir və eyni olan o Məzhərlərin kəlamlarındakı fərqlərdən narahatlıq və çaşqınlıq keçirirlər.


Xülasə, məlum olmuş və olacaqdır ki, sözlərdəki bütün bu fərqlər məqamlardakı fərqlərdən doğur. Tövhid və yüksək inqita məqamında isə Rəbbanilik, İlahilik, tam Yeganəlik və Sirli Mahiyyət kimi xüsusiyyətlər bu Varlıq Cövhərlərinin hamısına xas olmuş və olmaqdadır, çünki onların hamısı İlahi Zühur ərşində yaşayır və İlahi Sirlər taxtında otururlar. Yəni onların gəlişi ilə Allahın Zühuru baş verir və onların camalından Allahın Camalı aşkar olur. Beləliklə, bu o deməkdir ki, Allahın Özünün nitqi bu İlahi Varlığın Zühurlarının söylədiklərindən eşidilir.


İkinci məqamda—fərdiyyət, fərqlənmə, dünyəvi məhdudluq, xasiyyətlər və meyarlar məqamında isə onlar Allah qarşısında mütləq itaətkarlıq, tam mütilik və misilsiz fədakarlıq nümayiş etdirirlər. Necə ki, buyurur: “Mən Allahın quluyam və mən də sizin kimi bir insanam”...


Əgər bu cahanşümul Məzhərlərdən hər hansı birindən “Mən Allaham!” nidası eşidilərsə, bu, doğrudur və buna heç bir şübhə yoxdur. Axı dəfələrlə sübut edilmişdir ki, onların zühuru, sifətləri və adları ilə yer üzündə Allahın zühuru, Allahın adı və Allahın sifəti aşkar olur. Buna görə də buyurur: “Atdığın zaman sən atmadın, Allah atdı”. Və həmçinin: “Sənə beyət edənlər, şübhəsiz, Allaha beyət etmiş olurlar. Əgər onlar: “Mən Allahın Rəsuluyam” nəğməsini oxusalar, bu da doğrudur və buna şəkk-şübhə yoxdur”. Necə ki, buyurur: “Məhəmməd sizin kişilərinizdən heç birinin atası deyildir, lakin Allahın rəsuludur”. Bu məqamda onların hamısı o Həqiqi Sultan və Dəyişməz Varlıq tərəfindən göndərilmişlərdir. Əgər onların hamısı: “Mən peyğəmbərlərin Möhürüyəm” deyə nida etsələr, bu da doğrudur və burada şübhəyə yer yoxdur. Çünki onların hamısı bir şəxs, bir qəlb, bir ruh, bir bədən və bir vəhy deməkdir. Və hamısı o Həqiqi Ruhlar Ruhunun və Əzəli Cövhərlər Cövhərinin başlanğıc və sonunun, əvvəli və axırının, zahiri və batininin təzahürləridir. Həmçinin onlar: “Biz Allahın qullarıyıq!” deyə buyursalar, bu da şübhəsiz və mübahisəsiz həqiqətdir. Çünki onlar dünyada bəndəliyin ən yüksək dərəcəsini nümayiş etdirirlər və yer üzündə heç kəs bəndəliyin bu səviyyəsinə çata bilməz. Buna görə də o Varlıq Cövhərləri əbədi və əzəli müqəddəslik dənizlərində qərq olarkən və həqiqi Sultanın mənalar zirvəsinə ucalarkən, öz bəyanlarının Rəbbaniliyin Səsi olmasından və Allahın Özünün Nidası olmasından söz açmışlar.


Əgər diqqətlə baxılsa, aydın olar ki, həmin məqamda onlar özlərini hədsiz yoxluq və fənada hiss etmişlər, Mütləq Varlığın və Fani olmayan Kəsin qarşısında sanki özlərini tamamilə heç bilmişlər. Onlar Özlərini mütləq fani bilmiş və həmin Dərgahda özlərindən söz açmağı müşriklik saymışlar. Çünki bu məqamda azacıq da olsa, özünü xatırlamaq varlığa və müstəqil mövcudluğa dəlalət edir. Bu isə o Dərgahda vüsala yetənlərin nəzərində böyük günahdır. O da qalsın ki, o Hüzurda başqası xatırlansın; qəlb, dil, ürək və ya ruh Məhbubun zikrindən başqa bir işlə məşğul olsun; və ya göz Onun Camalından başqa bir şeyə baxsın; ya da qulaq Onun nəğməsindən savayı bir şey eşitsin; yaxud ayaq Onun yolundan başqa bir yolla getsin...


Bu məqama görə də Onlar, Rəbbaniliyin Səsini və buna bənzər şeyləri özlərinə aid etmişlər, Elçilik məqamında isə Onlar Özlərinin Elçiliklərini izhar etmişlər. Eləcə də hər bir məqamda o məqama uyğun söz demişlər və İlahi Vəhy aləmindən tutmuş xilqət aləminə, İlahi aləmdən tutmuş Mülk aləminə qədər hər şeyi Özlərinə aid etmişlər. Odur ki, onlar İlahilikdən, Rəbbanilikdən, Peyğəmbərlikdən, Elçilikdən, Vəlilikdən, İmamlıqdan və Bəndəlikdən nə buyursalar, hamısı doğrudur və buna şübhə ola bilməz. Beləliklə, Bizim fikrimizi əsaslandırmaq üçün deyilmiş bu sözlər üzərində diqqətlə düşünmək gərəkdir ki, daha Qeyb Məzhərlərinin və Qüds Şəfəqlərinin sözlərindəki fərqlər qəlbi təlaşa salmasın və ağılı çaşdırmasın.
   
 

Seçmə 23
ÖTƏN ƏSRLƏR BARƏSİNDƏ düşün. Hər dəfə İlahi kərəm Günəşi Zühur üfüqündə parlayanda, insanlar Onun əleyhinə qalxmış və Onun həqqaniyyətini inkar etməyə başlamışlar. Xalqa öndərlik edən şəxslər hər zaman və həmişə insanların Allahın hüdudsuz nemət Dəryasına üz tutmasına mane olmuşlar. Bax, insanlar Allahın Dostu İbrahimi dövranın ruhanilərinin fitvası ilə necə oda atdılar, Həzrət Musanı, Allahla söhbət Edəni yalan və iftirada ittiham etdilər. İsa, Allahın Ruhu haqqında düşün: hədsiz məhəbbət və şəfqətlə zühur etməsinə baxmayaraq, o Varlıq Cövhərinin, görünən və görünməz aləmlərin Sahibinin əleyhinə elə qiyam etdilər ki, özünə daimi yaşayış yeri tapa bilmədi, hər gün bir yerə getdi və bir məhəllədə məskən saldı. Xatəmi-Ənbiyaya, Həzrət Məhəmmədə—hamının ruhu ona fəda olsun!—diqqət et, gör mübarək tövhid kəlməsini bəyan edəndən sonra bütpərəst və yəhudi ruhaniləri o varlıq Sultanının başına nələr gətirdilər. Əmrimin həqqaniyyətinə and olsun, Allahın Əhdini və Misaqını pozanların, dəlillərini inkar edənlərin və əlamətlərinə etiraz edənlərin Onun başına gətirdiyi müsibətlərə qələm ağlayır və bütün şeylər nalə çəkir. Biz sənə ötənlərdə baş verənləri ona görə nəql edirik ki, anlayanlardan olasan.


Allahın Peyğəmbərlərinin, Elçilərinin və Seçilmişlərinin nə zülm çəkdiklərini eşitdin. İndi düşün ki, bu təqiblərin səbəbi nə olmuş və bunlar nə üçün baş vermişdir. Heç bir vaxt və heç bir Zühur dövründə Peyğəmbərlər düşmənlərin küfründən, zalımların zülmündən, zahidlik və möminlik libasına bürünmüş üləmaların etirazından rahatlıq tapmamışlar. Onlar gecə-gündüz o qədər bəlalarla üzləşmişlər ki, bunu tək haqq Allahın—Onun şərəfi ucalsın—elmindən savayı heç nə ilə hesablamaq mümkün deyil.


İndi bu Məzluma nəzər sal. Onun Əmrinin həqqaniyyətinə aşkar dəlillər şəhadət verdiyi halda; qabaqcadan səhvsiz bir dillə xəbər verdiyi hadisələrin baş verdiyi halda; elm əhli olmamasına, mədrəsələrə getməməsinə və üləmalar arasında olan mübahisələrdə iştirak etməməsinə baxmayaraq, İlahi elmləri və çoxlu bilikləri leysan yağışı kimi bəndələrə nazil edib yağdırdığı halda, gör bu nəsil necə Ondan üz döndərdilər və Onun əleyhinə çıxdılar! Ömrünün əksər hissəsini O, düşmənlərin əlində giriftar oldu. Onun əzabları indi düşmənlərinin belə amansızlıqa Onu atdıqları bu dözülməz Məhbəsdə öz son həddinə çatdı. Allahın köməkliyi ilə əvvəllər və sonralar baş verənlərə iti gözlə və işıqlı qəlblə nəzər sal ki, bu Gün əksər insanların qafil olduğu şeylərdən agah olasan. Allah eləsin ki, Onun Gününün ətrindən məhrum olmayasan və Onun tükənməz nemətlərindən kənarda qalmayasan, Haqqın inayəti sayəsində bu Gün əzəli Hökmdarın adı ilə aləmdə aşkar olan Böyük Dənizdən doyunca içəsən və Allahın Əmrində dağ kimi möhkəm və sarsılmaz olasan.


Söylə: Pak və ucasan, ey Allah! Sən Öz əzəmətinin təzahürləri qarşısında bütün övliyalara acizliklərini etiraf etdirdin və Öz əbədi günəşinin nurları qarşısında bütün Peyğəmbərlərə faniliklərini təsdiq etdirdin. Səni Cənnətin qapısını açan və Səma sakinlərini şövqə salan adına and verirəm, Öz günündə məni Sənə xidmət etməyə qabil eylə və məni Öz Kitabında buyurduqlarını yerinə yetirməyə müvəffəq eylə! Ya Rəbb, Sən məndə olanı bilirsən, mən isə Səndə olanı bilmirəm. Sən hər şeyi Bilən və hər şeydən Xəbərdarsan!
   
 

Seçmə 24
EY TÖVHİD ƏHLİ! Allah Əmrinin Məzhərləri və Onların Vəhylərini müşayiət və bəyan edən əlamətlər arasında ayrı-seçkilik qoymayın. Əgər siz dərk edənlərdən və bu həqiqətə inananlardansınızsa, bilin ki, tövhidin həqiqi mənası budur. Həmçinin əmin olun ki, Allahın bu Məzhərlərinin işləri, əməlləri, xeyr, onlara aid olan hər şey, onların gələcəkdə aşkara çıxaracaqları hər bir şey Allahdan hökm olunmuşdur və Onun İradə və Məqsədinin ifadəsidir. Kim onların özləri və sözləri, onlara nazil olanlar, yaxud onların xasiyyətləri və hərəkətləri arasında azacıq fərq qoyursa, doğrudan da Allaha inanmamış, Onun ayələrini inkar etmiş və Onun Elçilərinin Əmrinə xəyanət etmiş olur.
   
 

Seçmə 25
BU AŞKARDIR Kİ, Şərəfli Haqqın Məzhərlərinin yaşadıqları günlər Haqqa Mənsubdur və müəyyən baxımdan onları Allahın günləri adlandırmaq olar. Lakin bu Gün misilsizdir və indiyə kimi gəlib keçmiş başqa günlərdən tamamilə fərqlənir. “Peyğəmbərlərin Möhürü” adı bu Günün çox yüksək məqamını tamamilə açır. Peyğəmbərlik dövrü, həqiqətən də, sona çatmışdır. Əbədi Həqiqət indi gəlmişdir. O, Qüdrət Bayrağını qaldırmış və Öz Vəhyinin nurunu aydın səmadan dünyaya saçır.
   

 
Seçmə 26
BƏNZƏRSİZ ŞƏRƏF HÖKMDARI, Hər şeyə Malik Allah məxluqatın anlayışından üstün və bütün insanların idrakından uca bir tərifə layiqdir. Özündən başqa heç kim nə vaxtsa Onun tərifini layiqincə nə söyləyə bilmiş, nə də kimsə nə vaxtsa onun cəlalını lazımınca vəsf edə biləcəkdir. Onun Mahiyyətinin zirvələrinə çatdığını kim iddia edə bilər, ya hansı ağıl Onun dərkolunmaz sirrinin dərinliklərini ölçə bilər? Onun şərəf Mənbəyindən təcəlli edən hər bir nişanəsindən təsəvvürolunmaz cəlalın sonsuz müqəddəslik təzahürləri açılıb, Onun qalibiyyətli qüdrətinin hər zühurundan tükənməz nur dənizləri aşkara çıxıb. Onun Şərəfli səltənətinin ecazkar zühurları gör nə qədər ucadır ki, göylərdə və yerdə olan bütün şeylər Onun ən kiçik parıltısının yanında tam bir heçliyə uğramışlar! Onun üstün qüdrətinin nişanələri gör nə qədər yüksəkdir ki, əvvəli olmayan əvvəldən yaradılmış və ya gələcəkdə sonu olmayan sona qədər yaradılacaq bütün şeylər onun ən kiçik əlamətini dərk etməkdə aciz və gücsüz olmuşlar və olacaqlar! Onun adlarının bütün Mücəssəmələri dodaqları susuzluqdan yana-yana axtarış vadisində Onun Mahiyyətini açmaq üçün dolaşır, Onun sifətlərinin bütün Məzhərləri Müqəddəslik Turunda Öz sirrini açmaq üçün Ona yalvarırlar.


Onun tükənməz mərhəmət dənizinin bir dalğası bütün məxluqatı varlıq bəzəyi ilə zinətləndirib, Onun bənzərsiz cənnətinin bircə nəsimi bütün mövcudata müqəddəslik və şərəf libası əta edib, Onun mütləq və qalibiyyətli iradəsinin dəryasından sıçrayan bir damla sonsuz və intəhasız xilqəti tam yoxluqdan varlıq meydanına gətirib. Onun səxavətinin möcüzələri heç zaman bitməmiş, Onun fəzl və feyzinin axını heç vaxt kəsilməmişdir. O, əzəldən yaratmış və əbədi olaraq da yaradacaqdır.


Hər dövrdə və hər mərhələdə O, Öz ecazkar fitrətinin zühurlarının parlaq işığı ilə bütün xilqəti yeniləşdirir ki, göylərdə və yerdə Onun şərəfinin əlamətlərini əks etdirən bütün varlıqlar Onun Mərhəmət şərabından məhrum olmasınlar və Onun feyz yağmurlarından ümidlərini üzməsinlər. Onun tükənməz fəzlinin möcüzələri gör nə qədər genişdir ki, bütün xilqəti bürüyüb. Belə ki, görünən aləmdə Onun qüdrətinin əlamətlərini bəyan etməyən, Onun müqəddəs adını vəsf etməyən və ya Onun vəhdət günəşinin nurlarını əks etdirməyən bircə zərrə də tapmazsan. O Öz yaratdıqlarını elə əhatəli və kamil şəkildə xəlq edib ki, bütün ağıl və könül sahibləri, onlar nə qədər iti zəkalı və pak olsalar da, Onun ən cılız məxluqunun təbiətini heç vaxt dərk edə bilməzlər; belə olan təqdirdə o Şərəfli həqiqət Günəşinin, o görünməz və bilinməz Mahiyyətin dərk olunmasından danışmağa dəyməz. Müdriklər müdrikinin anlayışı, ən kamil elm sahibinin biliyi, insan dilinin və ya qələminin etdiyi ən yüksək tərif, bunlar hamısı Onun yaratdıqlarının məhdud ağıllarının məhsuludur və onun çərçivəsindədir .Yüz min Musa axtarış Turunda: “Sən Məni görə bilməzsən!”—nidasından ildırım vurmuş kimi yerində donub qalmış, yüz min İsa yaxınlıq səmasında: “Sən məni dərk edə bilməzsən!”—sözlərini eşidərək, iztiraba düşmüşdür. O əzəldən ülvi bir paklıq və ucalıqla Öz müqəddəs Mahiyyətinin gizli məkanında olmuş, həmişə də hədsiz bir yüksəklik və əlçatmazlıqla Öz Varlığının dərkedilməzlik gizliliyində olacaqdır. Onun əlçatmazlıq Gerçəkliyini dərk etmək üçün yaxınlıq səmasına yüksələnlər yalnız heyrət mənzilinə yetişmiş, Onun vüsal hərəminə yollananlar yalnız acizlik və ümidsizlik vadisinə qədəm qoymuşlar.


Bu cılız zərrə Səni dərk etməyin müqəddəs dənizinin dərinliklərinə baş vurmaq istərkən, necə də heyrətdə qalır, Sənin yaradıcı gücünün təzahürü olan yaratdıqlarında aşkar olan qüdrətinin əzəmətini təsəvvür etmək istərkən, nə qədər aciz olur! Əgər desəm ki, gözlə görünürsən, göz özünü görmür, Səni necə görə bilər?! Əgər desəm ki, qəlblə dərk olunursan, qəlb özündəki gücü dərk etməkdə belə acizkən, Səni necə dərk edə bilər?! Necə deyim ki, Sən tanınırsan? Axı Sən mövcudatın idrakından üstünsən! Və necə deyim ki, Sən tanınmırsan? Axı Sən o qədər aşkarsan ki, bütün kainat Sənin Hüzurunu bəyan edir və Sənin Həqiqətinə şəhadət verir? Əzəldən Sənin fəzl qapıların məxluqatın üzünə açıq və Sənin Hüzuruna yetişmək vasitələri əlçatan olub və Sənin Bənzərsiz Camalının təzahürləri həmişə görünən və görünməz varlıqların üzərində həkk olunub. Bu böyük fəzlə, tam və daimi inayətə baxmayaraq, şəhadət verirəm ki, Sənin müqəddəs və şərəfli məqamın Səndən başqalarının irfanından uca olmuşdur və Sənin ünsiyyət dərgahın Səndən özgələrinin idrakından yüksəkdə duracaqdır. Sənin Özündən başqa heç kəs Sənin mahiyyətini aça bilməz və Sənin fövqəl Zatından başqa heç nə Sənin gizli varlığının sirrini dərk edə bilməz. Nə qədər misilsiz və şərəfli vücudlar Sənin hic­ran və ayrılıq çöllərində Səni tapmadan canlarını qurban vermişlər. Nə qədər müqəddəs və ölümsüz ruhlar Sənin üzünü görmək üçün axtarış səhrasında azmış və çaşıb qalmışlar. Neçə-neçə aşiqlər hədsiz istək və şövqlə fəraq odunun qızmar şölələrindən yanmış, neçə-neçə sadiqlər Sənin üzünün nuruna qovuşmaq ümidilə can vermişlər. Nə həsrətli aşiqlərin ah-naləsi və hönkürtüsü Sənin müqəddəs dərgahına çatar, nə də Sənin vüsalını axtaranların və müştaqların fəryadı və iniltisi Sənin şərəfli məqamına yetişər.
   

 
Seçmə 27
ALLAHIN BİRLİYİNƏ HƏMD olsun və bütün şükrlər Ona olsun, O hökmran Rəbbə, kainatın bənzərsiz və şərəfli Sultanına, O Kəs ki, mütləq heçlikdən xilqətin gerçəkliyini yaratdı, O Kəs ki, yoxluqdan Öz xilqətinin ən incə və lətif cövhərlərini varlıq aləminə gətirdi, O Kəs ki, yaratdıqlarını uzaqlıq və son fanilik zillətindən xilas edərək onları Özünün qüdrət və əbədiyyət səltənətinə qəbul etdi. Və bu, yalnız Onun geniş fəzli, hər şeyi saran mərhəməti sayəsində baş verdi. Əks təqdirdə, bu necə mümkün ola bilərdi ki, xalis heçlik özünün yoxluq halından varlıq aləminə qədəm qoyma dəyəri və qabiliyyəti əldə etsin?


Dünyanı və onda yaşayan və hərəkət edən bütün məxluqatı yaratdıqdan sonra O, Muxtar və Hökmran İradəsindən doğan bir hərəkətlə məxluqat içərisindən Onu tanımaq və sevmək üçün insanı seçdi ki, bu da bütün xilqətin yaradılmasının səbəbi və ilkin məqsədi idi... Belə ki, O, hər bir şeyin batini mahiyyətində Öz adlarından birinin işığını təzahür etdirdi və Öz sifətlərindən birinin cəlalını əks etdirdi. İnsanı isə O, Özünün bütün adları və sifətlərinin məzhəri etdi, onu Özünün güzgüsünə çevirdi, yaradılmış bütün şeylərdən yalnız insanı bu böyük fəzl və daimi mərhəmət üçün seçdi.


İlahi kərəm Günəşinin və səmavi hidayət Mənbəyinin insanın mahiyyətində qoyduğu güclər gizli və örtülüdür, necə ki, şölə və işıq şamın və çırağın mahiyyətində gizlənmişdir. Bu güclərin işığı dünyəvi arzularla tutula bilər, necə ki, aləmi işıqlandıran günəşin parıltısı toz və pasla tutqunlaşıb, qaralmış güzgülərdə pünhan və görünməzdir. Nə bu şam, nə də bu çıraq kənardan kömək olmadan yana bilməz, nə də ki, bu güzgü nə vaxtsa onu örtmüş tozdan xilas ola bilər. Aydındır ki, şölələnən od olmasa, çıraq heç vaxt alışmaz, güzgü pasdan və tozdan təmizlənməyincə, onda parlaq günəşin nə əksi və şəkli görünər, nə də işığı və nuru inikas olunar.


Məxluqatla Haqq, yarananla Əbədi, mümkünlə Mütləq arasında heç bir vəchlə rabitə, əlaqə, uyğunluq və oxşarlıq olmamışdır və yoxdur. Buna görə də O, hər dövrdə və hər əsrdə pak bir Varlığı Mülk və Mələkut aləmlərində zühur etdirir və bu lətif, bu sirli və ilahi Varlığı iki ünsürdən yaradır: maddiyyat aləminə mənsub cismani ünsürdən və Allahın Özünün Ruhani ünsüründən. Eyni zamanda Ona iki məqam bəxş edir. Birincisi, həqiqət məqamıdır ki, bu məkanda Onun səsi Allahın Öz səsidir. Necə ki, hədisdə buyurur: “Mənimlə Allah arasında müxtəlif hallar var: Mən Oyam, O da Mən, amma Mən—mənəm, O da O!” Həmçinin buyurur: “Qalx, ey Məhəmməd, sevən də Sənsən, sevilən də Sənsən!”. Yenə də buyurur: “Səninlə Onlar arasında heç bir fərq yoxdur, amma Onlar Sənin bəndələrindir”. İkinci məqam—insanlıq məqamıdır. Necə ki, buyurur: “Mən də sizin kimi bir insanam”. Həmçinin: “De: pak və ucasan, ey mənim Rəbbim! Məgər mən göndərilmiş bir insan deyiləmmi?!” Bu İnqita Cövhərləri və işıqlı Mahiyyətlər Allahın hər şeyi əhatə edən əbədi mərhəmətinin vasitəçiləridir. Onlar qüsursuz hidayət işığı ilə yönəldilərək və ən ali hökmranlığa malik olmaqla sözlərinin, ilhamlarının, qüsursuz ilahi feyzlərinin və Vəhylərinin qüdsiyyət yellərinin köməyilə müştaqların könüllərindən və alıcı ruhlardan mülk aləminin qayğı və məhdudiyyətlərinin tozlarını və pasını təmizləmək vəzifəsi ilə göndərilirlər. Onda və yalnız onda insanın mahiyyətində gizlənmiş İlahi Əmanət İlahi Vəhy üfüqündən parlayan nurlu günəş kimi pünhanlıq hicabının və məxfilik pərdəsinin arxa­sın­dan baş qaldırar və onun aşkar olmuş cəlal bayrağı könüllərin və ürəklərin zirvələrində sancılar.


Bu sözlərdən və işarələrdən məlum və aydın oldu ki, Mülk və Mələkut aləmlərində Allahın, hər şeyin hökmran Rəbbinin mərhəmətinin Məzhəri və Vasitəçisi kimi bir Varlığın və Mahiyyətin zühur etməsi labüddür. Hər bir insan həmin Həqiqət Günəşinin təlimləri vasitəsilə onun mahiyyətində qoyulmuş bütün gizli güc­ləri təzahür etdirəcək bir mərtəbəyə çatana qədər yetkinləşir və inkişaf edir. Məhz buna görədir ki, bütün dövrlərdə və zamanlarda peyğəmbərlər və övliyalar yalnız Allahdan olan qüvvə ilə və yalnız Əbədinin aşkara çıxara biləcəyi qüdrətlə insanlar arasında zühur etmişlər.


Və sağlam ağlı olan insan heç vaxt mənasını anlamadığı bir sıra sözlərə görə bu hidayət qapısının bağlı olduğunu zənn etməz, bu günəşlərin və nurların başlanğıcı və sonu olduğunu düşünməz. Çünki bu əbədi feyzdən daha böyük bir feyz olmamışdır və bu tükənməz ilahi mərhəmətdən daha yüksək bir mərhəmət olmayacaqdır. Şübhə yoxdur ki, əgər bu ina­yət və feyz bircə anlığa aləmdən kəsilsə, o, əlbəttə, yox olar. Buna görə də əzəldən Haqqın mərhəmət qapıları dünyanın və məxluqatın üzünə açıq olmuşdur və həmişə də Həqiqət buludundan lütf və səxavət yağışları qabiliyyətlər, mahiyyətlər və fərdiyyətlər torpağına tökülərək, onları feyziyab edəcəkdir. Əzəldən əbədiyyətə qədər Allahın qaydası budur...         

 

        
Seçmə 28
XOŞ O KƏSİN halına ki, Mənim Əmrimin xidmətinə qalxır və Mənim gözəl Adımın tərifini söyləyir. Mənim qüvvətimlə Mənim Kitabımı al və Əmr edən, Hikmət Sahibi olan Rəbbinin oradakı göstərişlərindən möhkəm yapış.


Bax, ya Məhəmməd, şiə İslamı ardıcıllarının sözləri və əməlləri onun ilk dövrlərinin sevincini və atəşini necə söndürüb, onun işığının ilkin parlaqlığını necə tutqunlaşdırıb. Onun erkən vaxtlarında onlar öz peyğəmbərlərinin, bəşərin Rəbbinin adı ilə bağlı olan hökmlərə hələ sadiq idilər, onda onların müvəffəqiyyəti qırılmaz zəncir halqaları kimi, ardıcıl qələbələr və zəfərlərlə əlamətdar idi. Onlar özlərinin ideal Rəhbərlərinin və Ağalarının yolundan tədricən sapdıqca, Allahın nurundan üz döndərdikcə və Onun tövhidini təhrif etdikcə və diqqətlərini getdikcə daha çox Onun Sözünün qüdrətini sadəcə açan kəslərin üzərində topladıqca, onların gücü zəifliyə, izzətləri zillətə, cəsarətləri qorxuya çevrildi. Onların necə bir böhranlı vəziyyətə gəlib çıxdıqlarına özünüz şahidsiziniz. 


Bax, onlar Tövhid Nöqtəsinə necə şəriklər qoşdular. Bax, onların şər işləri bu Qiyamət Günündə, Həqiqət Sözünü—Ona şərəflər olsun—tanımalarına necə mane oldu. Biz ümid edirik ki, bu insanlar bundan sonra özlərini yanlış təsəvvürlər və gümanlardan qoruyacaq və Tövhidin həqiqi mənasına çatacaqlar.


Zühurun Mücəssəməsi həmişə Haqqın canişinidir və Onun adından danışır. O, həqiqətən, Allahın ən gözəl adlarının Günəşi və ən ali sifətlərinin Məşriqidir. Əgər Onun oxşarı və Onun Varlığının bənzəri olsaydı, necə təsdiq etmək olardı ki, Onun İlahi mahiyyəti Birdir və oxşarsızdır və Onun Zatı vahid və bənzərsizdir?! Sənə həqiqətin gücü ilə nazil etdiyimiz üzərində düşün və ariflərdən ol!
   
 

Seçmə 29 
ALLAHIN İNSANI YARATMAQDA məqsədi onu öz Yaradanını tanımağa və Onun Hüzuruna yetişməyə qadir etmək olmuş və əbədən də belə olacaqdır. Bütün səmavi Kitablar və ilahi mənşəli mötəbər Yazılar bu ülvi mətləbə və ali məqsədə açıq və aydın şəkildə şəhadət verir. Bu hidayət Sübhünə yetişən və Onun müqəddəs dərgahına daxil olan kəs, Allahın yaxınlığına cəzb olunmuş və Onun Hüzuruna nail olmuşdur, bir Hüzur ki, əsl Behiştdir və ən uca cənnət isə sadəcə onun rəmzidir. Onu tanıya bilməyən kəs özünü uzaqlıq səfalətinə məhkum etmiş olur, elə bir uzaqlıq ki, əsl yoxluqdan və cəhənnəm odundan başqa bir şey deyil. Onun taleyi belə olacaq, baxmayaraq ki, zahirən o, yer üzündə yüksək kürsülərdə otura və uca taxtlarda əyləşə bilər.


O Həqiqət Məşriqi, şübhəsiz, sərgərdan ruhları belə uzaqlıqdan xilas etmək və onları Onun dərgahına yaxınlaşdırmağa və Onun hüzuruna çatdırmaq qüdrətinə malikdir. “Əgər Allah istəsə, bütün insanları bir ümmət edər”, lakin Onun əsas məqsədi pak ruhları və inqita etmiş qəlbləri yüksəldərək, öz əsil fitrətləri ilə bu Ən Böyük Dənizin sahilinə çatdırmaqdır ki, bununla Əbhanın Camalını arayanlarla azğınlıq və yanlışlıq məkanına sığınanlar bir-birindən ayrılıb seçilsinlər. Şərəfli və Nurlu Qələmin yazdığı hökm belədir...


Həmçinin, İlahi Ədalət Məzhərlərinin və fəzilət Şəfəqlərinin insanlar arasında zühur edəndə həmişə zahiri qüdrət və dünyəvi hakimiyyət vasitələrinə malik olmamalarını da İlahi Məqsədi canlandıran həmin bu ayırmaq və seçmək niyyətinə aid etmək lazımdır. Belə ki, əgər o Əzəli Cövhər Onda olan bütün gizli şeylərlə zühur edib aşkara çıxsaydı, Öz cəlalını bütün parlaqlığı ilə saçsaydı, Onun qüdrətinə şübhə edən və ya Onun həqiqətini inkar edən bir kəs tapılmazdı. Əksinə, bütün məxluqat Onun nurlarını gördükdə sarsılar və ildırım vurmuş kimi donub qalar, bəlkə də tamamilə fani olardı. Daha bu halda Allaha üz tutanlarla Allahdan üz döndərənlər bir-birindən necə seçilərdi?


Bu mətləb bütün əvvəlki Zühurlarda da aşkara çıxıb və açıqlığı ilə nümayiş olunub…Məhz bu səbəbə görə hər bir dövrdə, yeni Zühur meydana çıxanda və Allahın fövqəl qüdrəti insanların üzərinə inayət buyuranda Ona inanmayanlar əbədi və Bənzərsiz Camalı fani insan qiyafəsində gördüklərindən, Onu tanıya bilmirdilər. Onlar Onun yolundan çıxır və Onun Allaha yaxınlıq Sidrəsini tərk edirdilər. Onlar hətta möminlərin sıralarını dağıtmağa və Ona inananları məhv etməyə qalxırdılar.


Bax, bu Zühurda da bu cılız və səfehlər sadəlövhcəsinə elə güman ediblər ki, qətllə, qarət və sürgünlə İlahi Qüdrət Əlinin yandırdığı Çırağı söndürə bilərlər və əbədi cəlal Günəşinin nurunun qarşısını almağı bacararlar. Amma onlar bir həqiqətdən necə də qafildirlər ki, bütün bu bəlalar əslində həmin çırağın şölələnməsi üçün tökülən yağ kimidir. Allahın hər şeyi dəyişdirən qüvvəsi belədir. O istədiyi şeyi dəyişər. O, həqiqətən, hər şeyə qadirdir... 


Hər zaman Həqiqi Sultanın hökmranlığına baxın, Onun qüdrətinin əlamətlərinə və ali hakimiyyətinə diqqət yetirin. Qulaqlarınızı inkar məzhərlərinin, qəddarlıq və qəzəb mücəssəmələrinin boş sözlərindən təmizləyin. Tezliklə Haqq Allahın bütün yaranmış şeylər üzərində qalib olduğunu və Onun hökmranlığının bütün xilqəti bürüməsinin əlamətlərini görəcəksiniz. O gün siz Ondan başqa hər şeyin unudulduğunun və yox olub tam bir heçə çevrildiyinin şahidi olacaqsınız.


Amma bu da yadda saxlanmalıdır ki, Haqq və Onun Məzhərləri həmişə fitrətən özlərinə xas uca zirvələrdə və yüksək məqamlardadırlar. Xeyr, ucalıq və yüksəklik, əslində Onun sözü ilə yaranmışdır, əgər siz öz gözünüzlə deyil, Mənim gözümlə baxsanız.
   
 

Seçmə 30
ALLAH ŞAHİDDİR Kİ, Ondan başqa Allah yoxdur. O, Fəzl Sahibi və Sevimlidir. Səxavət və fəzilət Onun əlindədir. Kimə istəyirsə və nə istəyirsə, bəxş edir. Həqiqətən, O Qadir, Qüdrətli, Qoruyan və Qəyyumdur. Biz o Kəsə iman gətirdik ki, Haqq Allah, Sultanlar Sultanı və Təriflər Sahibi tərəfindən Bab adı ilə zühur etdi. Biz, həmçinin, o Kəsə sadiqliyimizə and içirik ki, Müstəqasda gələcək və o Kəslərə ki, Ondan sonra sonu olmayan sonadək gələcəklər. Biz onların zühurunda Allahın zühurundan və onların batinlərində Onun batinindən başqa bir şey görmürük—əgər siz dərk edənlərdənsinizsə. Onların hamısı Allahın güzgüləridir, belə ki, onlarda Allahın Özündən və Camalından, Allahın Qüdrətindən və Şərəfindən başqa bir şey—əgər siz anlayanlardansınızsa, bunu bilin. Onlardan başqaları—onların, bu Məzhərlərin cəlalını əks etdirən güzgülərdir, Onların Özləri isə İlahi Varlığı əks etdirən İlkin Güzgülərdir—bunu dərk edin. Heç kəs heç vaxt onlardan qaça bilməmişdir və məqsədlərinə çatmaqda heç kəs onlara mane ola bilməz. Bu güzgülər əbədiyyətə qədər bir-birini əvəz edəcək və Günlərin Qədiminin nurunu əks etdirməkdə davam edəcəklər. Eynilə də onların cəlalını əks etdirənlər hər zaman olacaq, çünki Allahın fəzli heç vaxt kəsilən deyil. Bu, təkzibolunmaz bir həqiqətdir...
   
 

Seçmə 31
BATİNİ GÖZLƏRİNLƏ BAX və Adəmin Zühurunu Həzrət Babın Zühuru ilə bağlayan ardıcıl Məzhərlər silsiləsi üzərində düşün. Mən Allahın qarşısında şəhadət verirəm ki, bu Zühurların hər biri İlahi İradə və Məqsəddən gəliblər, hər biri xüsusi bir Müjdə gətirib, hər birinə İlahidən nazil olmuş Kitab əmanət edilib və hər birinə qüdrətli bir Lövhün sirlərini açmaq səlahiyyəti verilib. Onların aid olduqları hər bir Vəhyin ölçüsü əvvəlcədən müəyyən edilmişdi. Əgər siz bu həqiqəti dərk edənlərdənsinizsə, bilin ki, bu, həqiqətən, Bizim onlara lütfümüzün bir əlamətidir...


Və davamlı və getdikcə daha çox açılan Vəhy prosesi gəlib Onun bənzərsiz, ən Müqəddəs və Uca Camalının Zühuru mərhələsinə çatanda bu Camal pərdələnməli oldu, O, Özünü min pərdə arxasında gizlətdi ki, layiqsiz və fani gözlər Onun cəlalını görməsin. O, bunu o zaman etdi ki, İlahi Vəhyin nişanələri və əlamətləri Onun üzərinə yağırdı—elə nişanələr və əlamətlər ki, Rəbbdən, Sənin Allahından və bütün aləmlərin Rəbbindən başqa heç kəs onları hesablaya bilməz. Və təyin olunmuş gizlilik müddəti bitən zaman Biz hələ də min-min nur pərdəsinin arxasında qalaraq, bu Qulamın Üzünü bürüyən Cəlalın nurlarından son dərəcə kiçik bir içartı aşkara çıxardıq. Bu zaman Səmaların sakinlərini şiddətli sarsıntı bürüdü və Allah Dərgahına yaxın olanlar üzü üstə düşüb səcdə etdilər. O elə bir şərəflə zühur etdi ki, dünyada Onun misli görünməyib. Belə ki, O şəxsən Özü Onun Əmrini bəyan etmək üçün göylərdə və yerdə olanlar arasında ayağa qalxdı...
   
 

Seçmə 32
ALLAHIN DOSTU, HƏZRƏT İbrahim haqqında eşitdiyin həqiqətdir və ona heç bir şübhə yoxdur. Allahın Səsi Ona İsmayılı qurban kəsmək əmrini ona görə verdi ki, Allahın Dinində Onun sədaqəti və Onun Allahdan başqa hər şeydən keçmək cəsarəti insanlara aydın olsun. Onun qurbanlığından Allahın məqsədi yer üzündə yaşayanların azğınlıq və günahlarına görə onu fəda etmək idi. Necə ki, Məryəm oğlu İsa da Şərəfli və Qüd­rətli Haqqdan bu məqamı dilədi. Məhz eyni səbəbdən də Allahın Elçisi Həzrət Məhəmməd Hüseyni fəda etdi.


Heç kəs Haqqın gizli inayətindən və Onun çoxcəhətli fəzlindən agah olduğunu heç vaxt iddia edə bilməz; heç kəs Onun hər şeyi bürüyən mərhəmətini dərk edə bilməz. İnsanlar elə azğın olmuş və elə ­günahlar törətmiş, Peyğəmbərlərin və övliyaların başına elə ağır müsibətlər gətirmişlər ki, ona görə bütün aləm əhli əzaba və məhvə layiqdir. Lakin Allahın gizli inayəti, görünən və görünməyən vasitələrin köməyilə onları qorumuş və azğınlığına görə layiq olduğu cəzadan qoruyacaqdır. Bunu ürəyində fikirləş ki, həqiqəti anlayasan və sabitlərdən olasan.
   
 

Seçmə 33
BİZİM TƏRƏFİMİZDƏN HÖKM olunmuşdur ki, Allahın Sözü və Onun bütün gizli sirləri, Hər şeyi Bilən və hikmət Sahibi Allahın əvvəlcədən müəyyən etdiyi şərtlərə tam uyğun şəkildə insanlara açılsın. Biz həmçinin əmr etdik ki, onun gizlilik pərdəsi heç nə yox, məhz Onun özü olsun. Bununla biz, həqiqətən, istədiyimizə Qadir olduğumuzu göstərdik. Əgər Sözdə olanların hamısına birdən açılmaq izni verilsəydi, belə bir qüdrətli Vəhyin ağırlığına heç bir insan tab gətirə bilməzdi. Xeyr, yerdə və göydə olanların hamısı qorxu içində ondan qaçardılar.


Allahın Elçisi Məhəmmədə nazil olanlara nəzər sal. Onun daşıdığı Vəhyin ölçüsü Qüdrət və Qüvvət Sahibi tərəfindən əvvəlcədən dəqiq müəyyən edilmişdi. Lakin Onu eşidənlər Onun məqsədini ancaq öz ruhani qabiliyyətlərinə və məqamlarına uyğun olan qədər anlaya bildilər. Buna görə də O, Hikmətin Üzündən yalnız Onun Müjdəsini daşımaq üçün insanların gücü və taqəti çatan qədər pərdəni qaldırdı. Elə ki, insanlar yetkinliyə çatdı, Söz özündə olan gizli gücü aşkar etdi—elə bir güc ki, Qədim Camal 60-cı ildə Əli Məhəmmədin, Babın şəxsində zühur edərkən parlaqlığı ilə aşkar oldu...
   
 

Seçmə 34
HƏMD OLSUN O Allaha ki, Öz qüdrəti ilə məxluqatı yoxluq çılpaqlığından xilas etdi və onu həyat libası ilə şərəfləndirdi. Sonra insanların pak gövhərini yaranmışlar arasından seçdi və ona Onu tanımaq və Onun cəlalının əzəmətini əks etdirmək kimi misilsiz bir qabiliyyət əta etdi. Ona bəxş edilmiş bu ikili fərq onun ürəyinin lövhəsindən hər bir boş arzunun pasını sildi və onu Yaradanın onu geyindirmək üçün lütf etdiyi libasa layiq etdi. Bu onun qəlbini cahillik səfalətindən xilas etdi.


Bədənin və canın bəzəndiyi bu geyim insanların rifahının və inkişafının təməlidir. Necə də mübarəkdir o gün ki, onda insan Haqq Allahın fəzlinin və qüdrətinin köməyilə özünü dünyaya və orada olanlara bağlılıqdan xilas edəcək və Bilik Ağacının kölgəsində həqiqi və daimi dinclik tapacaq.


Sənin ürəyinin nəğmə oxuyan bülbülünün avazı dostların qulağına çatdı və Məni sövq etdi ki, sənin suallarına cavab verim və açılmasına icazə verilən sirləri sənə aşkar edim. O xoşagələn məktubda yazılmışdı ki, Peyğəmbərlərin hansı digərlərindən üstündür. Yəqin bil ki, Allahın bütün Peyğəmbərlərinin mahiyyəti bir və eynidir. Onların birliyi mütləqdir. Xaliq Allah buyurur: Mənim Müjdəmi Daşıyanlar arasında heç bir fərq yoxdur. Onların hamısının ancaq bir məqsədi var; Onların hamısının sirri birdir. Onların arasında fərq qoymaq, birini digərindən üstün tutmaq heç vəchlə yolverilməzdir. Hər bir həqiqi Peyğəmbər Öz Əmrini Ondan əvvəl gələn Peyğəmbərlərin Vəhyi ilə təməldə tam eyni tutmuşdur. Ona görə də, əgər kimsə bu həqiqəti dərk etməkdə aciz olarsa və nəticədə boş və yaramaz sözlər danışmağa başlarsa, baxışı iti və anlayışı nurlanmış olan heç kimsə belə mənasız söhbətlərin onun imanında büdrəməsinə izn verməz.


Hərçənd Allahın Peyğəmbərlərinin vəhylərinin bu dünyada ölçüsü fərqlənməlidir. Onların hər biri ayrı bir Müjdənin Daşıyıcısıdır və hər biri xüsusi bir əməllə Özünü aşkar edir. Məhz bu səbəbdəndir ki, Onların aralarında böyüklük-kiçiklik görüntüsü olur. Əslində isə Onlar işığını yer üzünə salan Aya bənzərlər. Baxmayaraq ki, o, hər dəfə bir cür parlaqlıqla doğur, amma onun işığı heç vaxt nə azalar, nə də tükənib qurtarar.


Buna görə də bu aydın və aşkardır ki, onların işığının parlaqlığındakı hər hansı zahiri fərqlənmə o işığın özündən deyil, daim dəyişən dünyanın alıcılığının dəyişməsindəndir. Qüdrətli və Bənzərsiz Allahın yer üzü insanlarına göndərdiyi hər bir Peyğəmbər zühur etdiyi dövrün tələblərinə hərtərəfli cavab verən bir Müjdə və hərəkətlə meydana çıxır. Öz Peyğəmbərlərini insanlara göndərməkdə Allahın iki məqsədi vardır: birincisi, insan övladını cəhalət zülmətindən xilas etmək və onları irfan işığına yönəltmək. İkincisi isə bəşərin əmin,amanlığını və sakitliyini təmin etmək və bunlara nail olma vasitələrini vermək.


Allahın Peyğəmbərlərinə, vəzifəsi dünyanın və onun xalqlarının rifahı qayğısına qalmaq olan həkim kimi baxılmalıdır ki, parçalanmış bəşərin xəstəliyini birlik ruhu ilə sağaltsınlar. Heç kəsin haqqı yoxdur ki, onların sözlərini şübhə altına alsın və ya davranışını etibardan salsın, zira ancaq onlar xəstəni başa düşür və xəstəliyi düzgün təyin edirlər. Heç bir insan, onun bəsirəti nə qədər iti olsa da, İlahi Təbibin malik olduğu hikmət və bilik səmasına çatmağa ümid edə bilməz. Ona görə, heç də təəccüblü deyil ki, həkimin bu gün yazdığı müalicə onun əvvəl yazdığı ilə uyğun olmaya bilər. Əgər xəstəliyin hər bir mərhələsi ayrı bir ilac tələb edirsə, onda başqa cür necə ola bilər? Eynilə də, hər dəfə Allahın Peyğəmbərləri dünyanı İlahi Bilik Günəşinin şəfəqləri ilə nura boyayanda onlar insanları həmişə Allahın işığına onların zahir olduqları dövrün şərtlərinə uyğun dəvət etmişlər. Beləliklə onlar, cəhalət zülmətini qovmuş və öz biliklərinin nurunu dünyanın üzərinə saçmışlar. Ona görə də, huşyar insanların nəzərləri məhz bu Peyğəmbərlərin batini mahiyyətinə yönəlməlidir, çünki onların tək və yeganə məqsədləri həmişə yol azmışlara yol göstərmək, əzab çəkənlərə rahatlıq vermək olmuşdur. Bu günlər çiçəklənmə və təntənə günləri deyil. Bütün bəşər çoxlu xəstəliklərə düçar olub. Çalışın ki, onun həyatını qüsursuz Təbibin qüdrətli əlinin hazırladığı şəfaverici dərmanla xilas edəsiniz.


İndi isə dinin mahiyyəti barədə sualına dair. Bil ki, müdriklər dünyanı insan bədəninə bənzətmişlər. İnsan bədəninə geyim lazım olduğu kimi, bəşərin də bədəninə ədalət və bilik libası gərəkdir. Onun libası Allahın lütf etdiyi dindir. Elə ki, bu libas öz məqsədini yerinə yetirir, Qüdrət Sahibi onu mütləq təzələyir. Zira hər dövr Allahın işığının yeni miqdarını tələb edir. Hər bir Vəhy onun nazil olduğu dövrün şəraitinə uyğun şəkildə göndərilir.


Bir də keçmişdəki din xadimlərinin sözləri barədə yazmışdınız. Hər bir müdrik və tərifəlayiq insan, şübhəsiz, bu bihudə və faydasız sözlərdən uzaq gəzər. Bənzərsiz Allah bütün insanları eyni bir maddədən yaradıb və onları qalan bütün məxluqatdan üstün tutub. Ona görə də müvəffəqiyyət və ya uğursuzluq, qazanc və ya itki insanın öz səyindən asılıdır. O nə qədər çox çalışarsa, o qədər də tərəqqi edər. Biz ümid edirik ki, Allahın kərəminin bahar yağmurları həqiqi anlayış çiçəklərini insan ürəklərinin torpağında boy verib cücərdəcək və onları bütün yer üzü çirkabından yuyub təmizləyəcək.
   
 

Seçmə 35
DÜŞÜNÜN: SƏBƏB NƏ olmuşdur ki, hər dəfə Rəhmanın məzhərləri zühur edərkən, aləm əhli Onlardan qaçmışlar? Ondan üz döndərməyə və Onun hakimiyyətinə etiraz etməyə onları nə vadar etmişdir? Əgər insanlar İlahi Amirin Qələmindən süzülən bu sözlər üzərində düşünsələr, hamılıqla Allahdan olan bu dəyişməz Vəhyin həqiqətini qucaqlamağa tələsər və Onun təntənə ilə təsdiq etdiyinə şəhadət verərlər. Lakin mövhumat pərdələri Allahın Birliyi Məzhərlərinin və Onun əbədi Şərəf Şəfəqlərinin zühuru günlərində insanlara mane olmuş və olmaqdadır. Çünki həmin günlərdə Əbədi Həqiqət insanların istədikləri və gözlədikləri kimi deyil, Özünün istədiyi kimi zühur edir. Necə ki, buyurmuşdur: “Hər dəfə könlünüzün istəmədiyi bir şeylə gələn Elçiyə təkəbbür göstərmirdinizmi?! Onların bir qismini yalançı saydınız, bir qismini isə qətlə yetirdiniz!”


Əlbəttə, əgər keçmiş zamanlarda və ötən əsrlərdə bu Elçilər insanların uydurduqları mövhumi təsəvvürlərə uyğun şəkildə zühur etsəydilər, heç kəs o müqəddəs Şəxslərin həqqaniyyətini inkar etməzdi. Bütün bu insanlar gecə-gündüz Haqqı zikr etməklə və məbədlərdə Ona səmimiyyətlə ibadət etməklə məşğul olurdular, amma buna baxmayaraq sonda, İlahi əlamətlərin Şəfəqlərini tanımaqdan və Onun aydın dəlillərinin Məzhərlərinin fəzlindən məhrum qalırdılar. Necə ki, bu barədə Yazılarda yazılıb və cənabınız da onların bəzilərindən xəbərdardır.


Məsələn, Məsihin Zühur Dövrünə baxın. O dövrün bütün ruhaniləri Vəd Olunmuş Zühurun intizarında olduqları halda, Ondan üz döndərdilər. Və o dövrün ən bilikli ruhanisi olan Hənnan, eləcə də baş kahin Qəyafa onu küfrdə ittiham edib qətlinə hökm verdilər.


Həmçinin Allahın Rəsulu, Həzrət Məhəmməd—hamının ruhu ona fəda olsun!—zühur edəndə Onun Vəhyinin ilk illərində Məkkə və Mədinə üləmaları Onun əleyhinə qalxdılar və Onun Müjdəsinə etiraz etməyə başladılar, amma qətiyyən elm əhli olmayan kəslər Onu tanıdılar və iman gətirdilər. Bir qədər düşünün: bir kəlmə elm oxumayan həbəş Bilal iman və iqan səmasına ucaldı, amma üləmaların başında gələn Abdullah Übəy nifaq salaraq Ona qarşı çıxdı. Baxın, adi bir çoban Allahın sözlərinin ətrini duyub Yarın məkanına daxil ola bildi və insanların Ağasına qovuşdu, amma özlərinin elm və hikmətləri ilə qürrələnənlər Ondan uzaq düşüb məhrum oldular. Buna görədir ki, buyurur: “Sizlərdən ən yüksəkdə duran ən aşağıya salınacaq, ən aşağıda duran isə ən yüksəyə qaldırılacaq”. Bu məzmunda sözlərə əksər ilahi Kitablarda, həmçinin, Peyğəmbərlərin və Elçilərin kəlamlarında rast gəlmək olar.


Doğrusunu deyirəm, bu Əmr o qədər əzəmətlidir ki, ata oğuldan, oğul atadan qaçır. Həzrət Nuhu və Kənanı yada salın. İnşaallah, bu səmavi ləzzət günlərində gərək Cəlal Sahibi Allahın şirin rayihələrindən və bu ilahi Bahar fəslində Onun fəzl yağmurlarından məhrum qalmayasınız. Bütün biliklərin Məqsədi olan Kəsin adına ayağa qalxın və insanların elmlərindən tam inqita etməklə səsinizi ucaldın və Onun Əmrini bəyan edin. And olsun İlahi Vəhy üfüqünün Günəşinə! Siz ayağa qalxan anda, İlahi biliklər selinin qəlbinizdən axdığını müşahidə edəcək və Onun hikmət möcüzələrini pərdəsiz şəkildə görəcəksiniz. Əgər Rəhmanın bəyanının şirinliyini dadsanız, canınızdan keçər və onu Cananın yolunda fəda edərsiniz.


Kim inana bilər ki, bu Bəndə nə vaxtsa hansısa dünyəvi şöhrət arzusunu xəyalından belə keçirməyib? Onun Adı ilə bağlı olan Əmr bu dünyanın fani şeylərindən çox ucadır. Ona baxın, qərib və zülmün qurbanı olaraq bu böyük məhbəsə düşüb. Düşmənləri Ona hər tərəfdən hücum ediblər və ömrünün sonuna qədər bunu edəcəklər. Ona görə də O, sizə nə söyləyirsə, tamamilə Allah xatirinə söyləyir, bəlkə yer üzü insanları qəlblərini nəfs və ehtiras çirkabından təmizləyələr, onun pərdəsini yırtalar, Haqq olan Allahı tanımaq məqamına yetişələr ən uca məqam ki, hər bir insan ona can ata bilər.


Onların Mənim Əmrimə inanmaları və ya inanmamaları Mənə nə xeyir verər, nə də ziyan vurar. Biz yalnız Allah xatirinə onları dəvət edirik. Həqiqətən, Onun bütün yaranmışlara ehtiyacı yoxdur…
   
 

Seçmə 36
BİL Kİ, İNSAN Oğlu ruhunu təslim edəndə bütün xilqət hönkürtü ilə ağladı. Lakin Özünü fəda etməklə, bütün yaradılmışlara yeni qabiliyyət əta edildi. Bunun əlamətləri yer üzünün bütün xalqlarında müşahidə olunduğu kimi, sənin qarşında da aşkardır.


Müdriklərin söylədikləri hikmət, bütün alimlərin aşkara çıxardığı dərin elmlər, bütün sənətkarların yaratdığı sənətlər, bütün sultanların malik olduğu qüdrət—bütün bunların hamısı Onun uca, hər yeri bürüyən və parlaq Ruhunun azad etdiyi canlandırıcı gücün təzahürləridir.


Şəhadət veririk ki, O, aləmə gəldiyi anda məxluqata cəlalının nurunu saçdı. Onun vasitəsilə bütün cüzamlılar cəhalət və inadkarlıq cüzamından sağaldılar. Onun vasitəsilə mənəviyyatsızlar və azğınlar şəfa tapdılar. Onun Qadir Allahdan olan qüdrəti sayəsində bütün korların gözləri açıldı və bütün günahkar qəlblər saflaşdı.


Cüzam bəndə ilə onun Allahı, Rəbb arasında olan pərdə kimi mənalandırıla bilər. Özünü Ondan uzaqlaşmağa imkan verən hər kəs, həqiqətən, cüzamlıdır və o, Qüdrətli, Tərifəlayiq Allahın Səltənətində xatırlanmayacaq. Biz şəhadət veririk ki, Allah kəlamı sayəsində bütün cüzamlılar təmizləndi, bütün əlillər sağaldı, bütün xəstələr şəfa tapdı. O, aləmi təmizləyən Kəsdir. Xoş o kəsin halına ki, nurlu sima ilə Ona üz tutub...
   
 

Seçmə 37
XOŞ O KƏSİN halına ki, Allaha və Onun əlamətlərinə inamını təsdiq edər və “Onu etdikləri barədə sorğu-suala tutmaq olmaz” kəlamını qəbul edər. Bu, elə bir etirafdır ki, Allah onu bütün etiqadların bəzəyi və bünövrəsi edib. Əməl sahiblərinin əməllərinin qəbul olunması ondan asıldır. Bu kəlamı gözlərinizin önündə tutun ki, inkarçıların işarələri sizi büdrətməsin.


Əgər O, əzəldən haram olan barəsində halal hökmü versə, yaxud həmişə halal olanı qadağan etsə, heç kəsin Ona etiraz etməyə haqqı yoxdur və kim bu məsələdə bircə anlığa tərəddüd göstərsə, o, günahkar sayılar.


Bu yüksək və təməl həqiqəti qəbul etməyən və bu uca məqama yetişməyən kəsi şübhə küləkləri silkələr və müşriklərin sözü onu yolundan edər. Həmin əsası qəbul edən kəs isə ən yüksək səbata nail olar. Nə gözəldir bu işıqlı məqam ki, bütün uca Lövhlər onu xatırlamaqla zinətlənmişdir. Allahın sizə bəxş etdiyi təlim budur, elə bir təlim ki, o sizi hər cür şübhə və çaşğınlıqdan xilas edər və bu dünyada və axirətdə sizi nijata yetişdirər. Həqiqətən, O, Bağışlayan və Kəramətlidir...
   
 

Seçmə 38
YƏQİN BİL Kİ, İlahi Vəhy işığı hər bir Zühurda insanlara onların ruhani qabiliyyətlərinə bilavasitə uyğun şəkildə lütf edilmişdir. Günəşə nəzər sal. Üfüqdə ilk görünəndə onun şüaları necə də zəifdir. Günortaya yaxın onun istisi və işığı yavaş-yavaş artır və bu zaman bütün məxluqatın onun artan təsirinə uyğunlaşmasına imkan verir. Üfüqdə itənə qədər o tədricən qürub edir və batır.Əgər o malik olduğu işığı bütün nuru ilə birdən-birə aşkar etsəydi, şübhəsiz, bütün yaranmış şeylərə ziyan vurardı..... Eynilə, əgər Həqiqət Günəşi də zühurunun ilk mərhələsində, Qüdrətlinin inayətinin ona əta etdiyi qüdrətin gücü ilə birdən zahir etsəydi, insan anlayışı torpağı viran və məhv olardı, zira nə insan qəlbi bu Vəhyin gücünə davam gətirə bilər, nə də onun işığının şüalarını əks etdirməyə qabil olardı. Qorxaraq və sarsılaraq, onlar məhv olardılar.
   
 

Seçmə 39
SƏNİN İDRAKEDİLMƏZ HÖKMLƏRİN və Mənə qismət etdiyin çeşidli müsibətlərin və sınaqların üçün şükrlər olsun Sənə, Ya Rəbb mənim Allahım! Sən bir dəfə məni Nəmrudun əlində qoydun, başqa bir vaxt isə Fironun əsasına izn verdin ki, məni təqib etsin. Onların Mənim başıma gətirdikləri saysız-hesabsız bəlaları yalnız Sən Özünün hər şeyi əhatə edən elminlə və öz iradənlə hesablaya bilərsən. Sən yenə də Məni müşriklərin zindanına saldın, təkcə ona görə ki, Mən Sənin Mələkutunun sevimli sakinlərinə Öz elminlə məni ilhamlandırdığın və Öz qüdrətinin gücü ilə mənasını mənə açdığın görüntüdən bircə kəlmə danışmışdım. Və Sən yenə də hökm etdin ki, kafirlər Mənim başımı kəssinlər. Başqa bir dəfə Məni çarmıxa çəkdin, ona görə ki, Mən insanlara açmişdım, Sənin şərəfli yeganəliyinin gizli cövhərlərini, Sənin hökmran və əbədi qüdrətinin əlamətlərinin bəzi möcüzələrini onlara aşkar etmişdim. Sonrakı dövrdə Kərbəla düzündə necə də acı bəlalar Mənim üstümə töküldü. Sənin bəndələrin arasında Mən necə də tək idim! O torpaqda Mən necə də köməksiz qalmışdım! Bu təhqirlərdən doymayan zalımlar Mənim başımı kəsdilər, başımı nizəyə taxaraq diyarbadiyar kafirlərin qarşısında nümayiş etdirdilər və imansız və inkarçıların yanında qoydular. Sonra isə Mən asıldım və Mənim sinəm düşmənlərimin vəhşi qəddarlığının oxlarına hədəf oldu. Mənim əzalarım güllələrdən deşik-deşik oldu, Mənim bədənim şaqqalandı. Nəhayət, bax, bu Gün, Mənim xəyanətkar düşmənlərim birləşərək Mənim əleyhimə qalxıblar, hər an hiylə qururlar ki, Sənin bəndələrinin qəlbinə Mənə qarşı kin və nifrət zəhəri salsınlar. Bütün gücləri ilə tədbir görürlər ki, məqsədlərinə çatsınlar. Mənim halım ağır olsa da, Ey Allah, Mənim Məhbubum, Mən Sənə şükr edirəm və Mənim Ruhum Sənin razılığın yolunda başıma gələn hər şeyə görə Sənə minnətdardır. Mənə nəsib etdiklərinlə Mən razıyam və nə qədər fəlakətli olsa da, qarşıma çıxan ağrı və bəlaları xoş qəbul edirəm.
   
 

Seçmə 40
EY MƏNİM MƏHBUBUM! Öz Ruhunu qəlbimə üfürdün və Məni Məndən aldın. Sonra isə, hökm etdin ki, Məndə Sənin Varlığının ancaq solğun bir surəti müşriklər və bədxahlar qarşısında aşkar olsun. Bax, onlar bu surətdən aldanaraq Mənim əleyhimə qalxmışlar və Mənə etiraz qaldırmışlar. Ona görə də indi Özünü göstər, Ey Mənim Məhbubum və Məni bu halımdan qurtar.


Bunun ardınca bir Səs eşidildi: “Mən bu surəti sevirəm, həqiqətən, bu surət Mənim Məhbubumdur. Mən necə razı ola bilərəm ki, yalnız Mənim gözlərim bu surətə baxsın, yalnız Mənim qəlbim onu tanısın? Öz Camalıma and olsun ki, Sənin Camalınla birdir, Mən Sənin nəinki başqalarının gözünə görünməyini istəmirəm, hətta Mən Sənin öz gözümdən gizli olmağını istəyirəm!”


Elə cavab vermək istəyirdim ki, Lövh tamam oldu və mətləb deyilməmiş, nitqimin dürrü isə açılmamış qaldı...

Seçmə 41
ALLAH ŞAHİDİMDİR, EY insanlar! Mən yatağımda yatmışdım, qəflətən Allahın Nəsimi Mənim üstümdən əsərək Məni yuxudan oyatdı. Onun canlandırıcı Ruhu Məni ayıltdı və Allahın Səsi Mənim dilimlə səsləndi. Məni Allaha qarşı günahda ittiham etməyin. Siz Mənə öz gözlərinizlə deyil, Mənim gözlərimlə baxın. Fəzl Sahibi və hər Şeyi Bilən sizə belə nəsihət edir. Ey insanlar, siz elə zənn edirsiniz ki, Mən Allahın son İradə və Məqsədi üzərində hakimiyyəti Öz əlimdə tutmuşam? Bu cür iddia Məndən nə qədər uzaqdır! Mən buna Qüdrətli, Uca, Hər Şeyi Bilən və Hikmət Sahibi Allahın qarşısında şəhadət verirəm. Allahın Əmrinin son taleyi Mənim əlimdə olsaydı, bir an da olsun, Özümü sizə göstərməyə razı olmazdım, nə də bircə söz belə söyləyərdim. Allah Özü buna, doğrudan, şahiddir.
   
 

Seçmə 42
EY İNSAF OĞLU! Gecə çağı bəqa Heykəlinin Camalı vəfanın zümrüd rəngli dağından Sidrətül-Müntəhaya tərəf yönəldi və ağladı, elə ağladı ki, Səma sakinləri və mələklər də Onun naləsindən ağlaşdılar. Sonra bu nalə və fəryadın səbəbi soruşuldu. Cavab verdi: “Aldığım əmrə görə vəfa dağında gözləməkdə idim, lakin yer əhlindən vəfa ətri duymadım. Onda qayıtmaq istədim. Müqəddəs göyərçinlərin yer köpəklərinin pəncəsində çırpındığını gördüm. Bu zaman İlahi Huri hicabsız və örtüksüz ruhani qəsrindən qaçaraq gəldi və onların adlarını soruşdu. Hamısı deyildi, yalnız bir addan başqa. O, israr etdiyi üçün adın birinci hərfi dilə gətirildi”. Bundan hücrələrin sakinləri öz şərəfli məkanlarından bayıra qaçdılar. İkinci hərfə yetişəndə hamı torpağa düşdü. O zaman Allahın yaxınlıq Məqamından nida gəldi: “Bundan artığı caiz deyil!” Həqiqətən, Biz onların etmiş olduqlarına və indi etdiklərinə şahidik.
   
 

Seçmə 43
EY MƏNİM QƏDİM Gövdəmdən budaq atmış Əfnan! Mənim Şərəfim və inayətim səninlə olsun! Allahın Əmrinin çadırı necə də böyükdür! O, dünyanın bütün xalqlarını və tayfalarını bürümüş və tezliklə də, bütün bəşəri öz kölgəsinə toplayacaqdır. Sənin xidmət günün gəlmişdir. Saysız-hesabsız Lövhlər sənin üzərinə yağan nemətə şəhadət verir. Əmrin zəfəri naminə ayağa qalx və öz bəyan qoşunun ilə insanların ürəyini fəth eylə. Sən elə işlər görməlisən ki, məzlum və əzilənlərə əmin-amanlıq və rahatlıq gətirsin. Hümmət kəmərini qurşa, bəlkə əsirləri zəncirdən qurtarasan və onları həqiqi azadlığa qovuşdurasan.


Bu gün ədalət öz halına ağlayır və insaf isə zülmün buxovu altında inildəyir. Qəddarlığın qara buludları yer üzünü qaraldıb və onun insanlarını bürüyüb. Biz, Qüdrətli Hökmdarın əmrinə əsasən, şərəf Qələmimizin hərəkəti ilə hər bir insan cisminə yeni həyat üfürmüş, hər sözə yeni güc əta etmişik. Bütün yaradılmış şeylər bu cahanşümul canlanmanın əlamətlərini bəyan edir. Bu Məzlumun qələmindən bəşərə verilən ən böyük, ən şad müjdə budur. Elə isə nədən qorxursunuz, ey dostlar? Sizi kim qorxuda bilər? Azacıq rütubət yetər ki, bu azmış nəslin yarandığı gil parçasını dağıtsın. Sizin sadəcə bir yerə toplaşmağınız bu mövhumata uymuş və faydasız adamların dağılmasına kifayətdir.


Bu gün hər bir ayıq adam asanlıqla təsdiq edər ki, bu Məzlumun qələmindən nazil olan sözlər dünyanın yüksəlişi və millətlərin tərəqqisi üçün ən böyük canlandırıcı vasitədir.


Ey insanlar, qalxın və Allahın Qüdrətinin köməyi ilə əvvəlcə özünüzə qalib gəlin, bəlkə yer üzü yanlış xəyallar və mövhumat bütlərinə sitayişdən təmizləndi, o bütlər ki, onlara sitayiş edən bu biçarələrin ziyana və zillətə düşməsinin səbəbi, həqiqətən, onlar olublar. Bu bütlər insanların yüksəliş və tərəqqi səylərinə mane olurlar. Biz ümid edirik ki, İlahi Qüdrət Əli dada yetişərək, bəşəri bu böyük zillətdən xilas edəcəkdir.


Lövhlərin birində bu sözlər nazil olmuşdur: Ey Allah adamları! Öz hayınızda olmayın, dünyanı islah etmək və insanların ürəyini və qəlbini paklaşdırmaq barədə düşünün. Dünyanın yaxşılaşması gözəl və pak əməllərlə, xoş və bəyənilmiş əxlaqla əldə oluna bilər. Rəşadətli əməllər Əmrin zəfərinə kömək edəcək, mömin əxlaq isə onun qüdrətini artıracaqdır. Ey Bəha əhli! Paklıq yolu ilə gedin! Bu Məzlumun sizə hökmü və Onun dəfedilməz İradəsinin seçdiyi birinci şey budur!


Ey dostlar, sizə yaraşan budur ki, könül açan bu İlahi Baharda üzərinizə yağan feyz yağışı ilə yuyunub təravətlənəsiniz. Onun əzəmətli cəlal Günəşi sizə nur saçır, Onun intəhasız fəzl buludu üzərinizə kölgə salıb. Özünü bu böyük səxavətdən məhrum etməyən və Məhbubunun gözəlliyini bu yeni libasda tanıya bilən kəsin mükafatı necə də böyükdür. Ehtiyatlı olun, sizi hər an azdırmaq üçün Şeytan pusquda durub. Onun şər niyyyətlərindən qorunun və hər şeyi Görən Allahın adının işığı ilə sizi saran qaranlıqdan xilas olun. Qoy baxışınız dünyanı saran olsun, nəinki yalnız özünüzlə məhdudlaşsın. Şeytan o kəsdir ki, insan övladının ruhani tərəqqisinin yüksəlişinə mane olur və onu saxlayır.


Bu Gün hər kəsə vacibdir ki, bütün millətlərin və ədalətli hökumətlərin tərəqqisini irəlilədən və məqamlarını yüksəldən işlərdən möhkəm yapışsın. Uca Qələmin nazil etdiyi hər bir ayə ilə məhəbbət və birlik qapıları taybatay açılmışdır. Bir az əvvəl Biz demişik və Bizim Sözümüz həqiqətdir: “Bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyətdə olun”. İnsanların bir-birindən qaçmasına səbəb olan, ixtilaf və təfriqə doğuran hər nə varsa, bu sözlərin nazil olması ilə ləğv edilmiş və aradan qaldırılmışdır. Allahın İradə səmasından, varlıq dünyasını nəcibləşdirmək və insanların ağlını və qəlbini yüksəltmək məqsədilə o şeylər nazil olmuşdur ki, bunlar, bütün insan nəslinin tərbiyələnməsi üçün ən təsirli vasitədir. Keçmiş millətlərin dilindən və qələmindən çıxanların təmiz cövhəri və ən mükəmməl ifadəsi bu ən qüdrətli Vəhy vasitəsilə Hər Şeyə Malik, Əbədi Allahın İradə səmasından nazil olmuşdur. Keçmişdə nazil olmuşdur: “Vətənə məhəbbət imandandır”. Amma Əzəmət Dili Öz Zühur dövründə belə buyurub: “O kəs fəxr etməsin ki, vətənini sevir, fəxr etsin o kəs ki, dünyanı sevir”. Bu ali kəlamlarla zahir olan güclə O, insanların könül quşlarına təzə bir uçuş öyrətdi, onlara yeni bir istiqamət verdi, Allahın müqəddəs Kitabından məhdudiyyət və təqlidin izini sildi.


Ey Ədalət əhli! İşıq kimi parlayın və Sidrənin alovu kimi şölə saçın. Sizin məhəbbətinizin alovu, şübhəsiz, yer üzünün ədavət aparan xalqları və tayfalarını qovuşdurar və birləşdirər, amma düşmənçilik və nifrətin şiddətli alovu savaş və dağıntıdan başqa bir şeylə nəticələnməz. Allahdan diləyimiz budur ki, Öz yaratdıqlarını Onun düşmənlərinin şərindən qorusun. Həqiqətən, O hər şeyə Qadirdir.


Həmd olsun Haqq olan Allaha ki,—Onun şərəfi ucalsın—Uca Qələmin açarı ilə ürəklərin və könüllərin qapılarını açmışdır. Bu Qələmin nazil etdiyi ayələrdən hər biri, ruhani və müqəddəs həyatın, pak və ləkəsiz əməllərin şərəfini aşkara çıxaran parlaq və işıqlı bir qapıdır. Bizim qaldırdığımız bu nida və bu müraciət heç vaxt bir ölkə və ya bir xalqın faydalanması məqsədi daşımamışdır. Bütün bəşər ona nazil olanlardan və lütf edilənlərdən möhkəm yapışmalıdır. Onda və yalnız onda o həqiqi azadlığa yetişər. Bütün yer üzü Allahın Vəhyinin parlaq cəlalı ilə nurlanmışdır. Altmışıncı ildə, İlahi Hidayət işığını müjdə verən Kəs—bütün xilqət Ona fəda olsun—İlahi Ruhun yeni açılışını bəyan etdi və ondan iyirmi il sonra gəlişi ilə dünyanı bu vədolunmuş cəlalın, bu ecazkar lütfün alıcısına çevirən Kəs gəldi. İndi baxın, bəşərin böyük hissəsi necə Allahın ən uca Sözünü eşidə bilmək qabiliyyətinə malik olmuşdur—o Söz ki, bütün insanların bir araya gəlməsi və ruhani dirçəlişi ondan asılıdır və ona bağlıdır…


Ey Allah adamları, həqiqi və yeganə Dostunuzun nəsihətlərini qəlbinizin qulağı ilə dinləyin. İlahi Kəlam insanların qəlbinə əkilmiş fidana bənzər. Sizə buyrulmuşdur ki, onu hikmət, pak və müqəddəs sözlərin kövsəri ilə bəsləyib böyüdəsiniz ki, onun kökləri bərkisin, budaqları isə fələkləri ötüb keçsin.


Ey yer üzü sakinləri! Bu Ali Zühurun üstünlüyü ondadır ki, Biz, bir tərəfdən insan övladları arasında ixtilaf, fəsad və nifaq doğuran şeyləri Allahın müqəddəs Kitabından sildik, digər tərəfdən isə orada ülfətə, anlayışa və birliyə səbəb olan şeyləri təsbit etdik. Mənim qanunlarıma əməl edənlərin xoş halına!


Dostlara dönə-dönə tövsiyə etmişik və edirik ki, fəsad qoxusu gələn şeylərdən uzağlaşsınlar, xeyr, qaçsınlar. Dünya çaxnaşmadadır və insanların fikirləri isə tam çaşqınlıqda. Qüdrətli Allahdan diləyimiz budur ki, onları Öz ədalət nuru ilə nurlandırsın və onlar üçün bütün hallarda faydalı olanları onlara anlatsın, həqiqətən, O, Ehtiyacsız və Ucadır...
   
 

Seçmə 44
EY ÜLƏMA TAYFASI, Allahdan çəkinin, sonra da Qoruyucu və Qəyyum Allahın kitablarının şəhadət verdiyi bu təhsil görməmiş Kəsin Əmrinə insafla yanaşın!.... Bir olan Allahın qəzəbi, tayı və bərabəri olmayan Kəsin qorxusu sizi ayıltmazmı? Axı dünyanın zülm etdiyi bu Məzlum heç vaxt sizinlə və sizin kimilərlə ünsiyyətdə olmayıb, sizin kitablarınızı görməyib, sizin dərs məclislərinizdə oturmayıb. Bu deyilənləri Onun papağı, Onun zülfü, Onun geyimi təsdiq edir. Axı nə vaxta qədər bu insafsızlığınızda israr edəcəksiniz?! Görün ədalət mücəssəməsini harada məskun olmağa məcbur ediblər?! Gözünüzü açın, bəsirət gözü ilə baxın və törətdikləriniz üzərində düşünün, bəlkə Onun Bəyan günəşinin nurlarından məhrum olmayasınız və Onun irfan dəryasındakı payınızdan binəsib qalmayasınız.


Bir çox yüksək rütbəli şəxslər və adi adamlar etiraz edib deyirlər ki, bu Məzlum üləmalar zümrəsindən və ya Peyğəmbərin nəslindən deyil. De: ey insaflı olduqları iddiasında olanlar! Əgər bir qədər düşünsəniz, bu məqamın onlardan son dərəcə yüksək və böyük olduğunu görə bilərsiniz. Qüdrət Sahibi Allahın İradəsi hökm etdi ki, Onun Əmri elə bir nəsildən zühur etsin ki, orada üləmalara, fəqihlərə, ariflərə və ədiblərə xas olan şeylər mövcud deyil.


İlahi Ruhun Nəsimi Onu oyatdı və Ona əmr etdi ki qalxsın və Onun Vəhyini bəyan etsin. O da ayılan kimi ayağa qalxdı və hamını aləmlərin Rəbbi olan Allaha doğru səslədi. Bu sözləri Biz insanların zəifliyi və gücsüzlüyünü nəzərə almaqla nazil etmişik, əks halda Bizim bəyan etdiyimiz Əmr elədir ki, onu nə bir qələm təsvir edə bilər, nər də bir insan düşüncəsi onun böyüklüyünü dərk edə bilər. Ana Kitabın Sahibi buna şəhadət verir.
   
 

Seçmə 45
ƏZƏLİ CAMAL ZƏNCİRLƏRLƏ qandallanmağa razı oldu ki, bəşər köləlikdən xilas olsun, böyük Qalada məhbus olmağı qəbul etdi ki, bütün dünya həqiqi azadlığa çıxsın. O, kədər badəsini sonadək içdi ki, yer üzünün bütün insanları daimi sevincə qovuşsun və şadlıqla dolsun. Bu, sənin Rəhman və Rəhim Rəbbinin mərhəmətindəndir. Ey tövhid əhli, Biz zilləti qəbul etdik ki, siz izzətə çatasınız və hər cür çətinliklərə razı olduq ki, siz rifaha yetişəsiniz. Baxın, bütün dünyanı yenidən qurmaq üçün gəlmiş Kəsi müşriklər ən xaraba şəhərdə necə məskun etmişlər...
   
 

Seçmə 46
MƏN MƏHBUSLUĞUMDAN KƏDƏRLƏNMİRƏM. Nə də zillətə düşdüyüm üçün və ya düşmənlərin Mənim başıma gətridikləri bəlalara görə məyus oluram. Həyatıma and olsun, bunlar mənim üçün şərəfdir və Allah bu şərəfi Özünün bəzəyi etmişdir. Əgər ariflərdənsinizsə, bunu bilin!


Mənim başıma gətirilən zillət sayəsində məxluqatın izzəti aşkar oldu və mənim giriftar olduğum qəddarlıq nəticəsində Ədalət günəşi özünü zahir etdirdi və insanlara nur saçdı.


Məni kədərləndirən o kəslərdər ki, pozğunluğa qurşanıblar və bununla belə, Mərhəmətli və Tərifli Allahın Dininə mənsub olduqlarını iddia edirlər.


Bəha əhlinə yaraşan odur ki, bu dünya və orada olanlar onlar üçün yox olsun və yer üzündə olan şeylərdən əllərini elə üzsünlər ki, cənnət əhli onların libasından müqəddəslik ətrini duysun və aləm əhli onların üzündə Rəhmanın nurunu görsün, onların vasitəsilə Qüdrətli və Hikmət Sahibi Allahın əlamətləri və nişanələri yayılsın. Allahın Əmrinin gözəl adını zay edərək öz ehtiraslarına tabe olan kəslər isə açıq-aşkar yollarını azmışlar...
   
 

Seçmə 47
EY YƏHUDİLƏR, ƏGƏR siz ikinci dəfə Ruhu çarmıxa çəkmək istəyirsinizsə, Allaha and olsun, bu həmən Ruhdur ki, sizin aranızda zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O öz canını Allahın yolunda qurban demişdir və əgər göylərdə və yerdə olanların hamısı ona qarşı birləşsələr də, o heç kəsdən qorxan deyil. Buna əmin olun!


Ey İncil əhli, əgər siz Allahın Rəsulu Məhəmmədi qətlə yetirmək istəyirsinizsə, Allaha and olsun, bu, Onun Özüdür ki, haqla zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O, Şərəf səltənətində Məhbubunun görüşünə müştaqdır. Allahın əmri belədir, bunu bilin.


De: Ey Quran əhli, əgər siz Bəyanı nazil edən Əlinin vücudunu asmaq istəyirsinizsə, Allaha and olsun, bu, Onun Məhbubudur ki, başqa adla zühur etmiş və cəlal kölgəsində Allahdan olan mütləq hökmranlıqla gəlmişdir. O, Haqdır, qeybin sirlərini Biləndir və sizdən əvvəlki zühurda etdiyiniz hərəkətləri gözləyir. Bütün şeylər buna şəhadət verir, bunu eşidin.


Ey Bəyan əhli, əgər siz gəlişi Babın dili ilə bəyan olunmuş, zühuru ondan əvvəl Məhəmmədin dili ilə müjdələnmiş , ondan qabaq isə Vəhyi Ruhun (İsanın) dili ilə élan edilmiş Şəxsin qanını tökmək istəyirsinizsə, budur, O sizin qarşınızda köməksiz və hazır durmuşdur. İstədiyiniz kimi onunla rəftar edin.
   
 

Seçmə 48
ALLAHA AND OLSUN, əgər bu, Lövhələrdə nazil olanlara zidd olmasaydı, aləmlərin Məhbubunun yolunda mənim qanımı tökənin əlini öpərdim və hətta Allahın mənə verdiyi əmlakdan ona miras təyin edərdim; baxmayaraq ki, bundan ötrü o, Hər Şeyə Malik, Ədalətli və Hikmətli Hökmdar olan Allahın qəzəbinə düçar olar, Onun lənətini qazanar və əbədi əzabına layiq olardı....
   
 

Seçmə 49
SONRA BUNU YƏQİN bil ki, bu Qulam özünə nəzər salanda, özünün ən həqir bir varlıq olduğunu görür, amma Ona əta edilmiş güclə Özündən zahir olan nurlara baxanda, özünün gizli və aşkar aləmlərin Sultanı olduğunun şahidi olur. Pak və ucadır o Allah ki, Öz Məzhərini haqq ilə zühur etdirdi və bütün insanlara müraciətini Ona etibar etdi.
   
 

Seçmə 50
EY BİXƏBƏRLƏR, QƏFLƏT yuxusundan ayılın və Onun aləmi bürümüş cəlalının nurlarını müşahidə edin! Onun vaxtından tez parlamasını deyənlər nə qədər də düşüncəsizdirlər. Ey bəsirətsizlər, tez ya gec, indi ki Onun parlaq cəlalı şəfəq saçıb, siz baxıb görün, həqiqətənmi bu parıltı baş verib ya yox. Daha onun ­tezliyi və gecliyi nə sizin, nə də bu Qulamın əlində deyil. Bunun vaxtını insanların nəzərindən gizli olan İlahi hikmət müəyyənləşdirmişdir. Ey insanlar, Allahın sizə rəva gördüyünə və sizin üçün müəyyən etdiyinə razı olun… Ey Mənə kin bəsləyənlər, Əbədi Hidayət Günəşi Mənə şahiddir: əgər Əmr Mənim əlimdə olsaydı, heç bir halda Özümü aşkara çıxarmazdım, çünki Mənim məlum Adım özünün bu təmiz olmayan və yalançı dillərdə dolaşmağını ar bilir. Amma hər dəfə Mən sakit olub susanda, Ruhül-Qüds sağ tərəfimdə danışıb, Ruhül-Əzəm üzümün qarşısında, Ruhül-Əmin başımın üstündə, Ruhül-Bəha isə köksümdə səsini ucaldıb. İndi əgər təmiz qulaqla dinləsəniz, Mənim bütün əzalarımdan, xeyr, bütün varlığımın zərrələrindən bu sədanı eşidərsiniz: “Ondan başqa Allah yoxdur və Camalı indi aşkar olan Kəs, Onun cəlalının göylərdə və yerdə olanlara təcəllisidir”.
   
 

Seçmə 51
EY İNSANLAR! YEGANƏ və haqq olan Allaha and olsun, bu, elə bir Ümmandır ki, bütün dənizlər ondan törəyir və onların hər biri son nəticədə hökmən ona qovuşurlar. Bütün Günəşlər ondan doğur və ona qayıdırlar. Onun qüdrəti sayəsində İlahi Vəhy Ağacları bar verir və Onun meyvələri Peyğəmbərlər qiyafəsində göndərilərək, İlahi Müjdəni hər bir aləmdəki məxluqata çatdırır ki, həmin aləmlərin də sayını hüdudsuz Elmi ilə yalnız Allah hesablaya bilər. Bunu O, Öz Qələmindən nazil olan Sözün bircə Hərfinin köməyi ilə həyata keçirir. Həmin Qələm Onun hidayət barmağı ilə hərəkətə gəlir, onun barmağı isə İlahi həqiqətdən güc alır.
   
 

Seçmə 52
DE: EY İNSANLAR, özünüzü Allahın fəzlindən və mərhəmətindən məhrum etməyin. Kim özünü bunlardan məhrum etsə, o, həqiqətən, böyük ziyana uğrayar. Ey insanlar, məgər siz torpağa sitayiş etmək və ­Qüdrətli, Səxavətli Rəbbinizdən dönməkmi istəyirsiniz?! Allahdan çəkinin və ziyana uğrayanlardan olmayın. De: Allahın Kitabı Qulamın vücudu ilə zahir oldu. Yaradanların ən gözəli olan Allaha əhsən! Ayıq olun, ey yer əhli, məbada Onun üzündən qaçasınız, xeyr, Onun hüzuruna tələsin və Ona üz tutanlardan olun. Ey insanlar, Allahın yanında günah işlətdiyinizə və Onun Əmrinə ziyan vurduğunuza görə Allahdan bağışlanmağınızı diləyin və cahillərdən olmayın.


Sizi O xəlq etdi, Öz Əmri ilə sizin ruhunuzu bəslədi və Qüdrətli, Uca və Hər şeyi Bilən Kəsi sizə tanıtdırdı. Sizin üçün irfan xəzinələrini O aşkar etdi və sizi Öz dəyişməz, danılmaz və yüksək Əmrində yəqinlik səmasına ucaltdı. Özünüzü Allahın fəzlindən məhrum etməkdən qorxun, öz əməllərinizi puça çıxarmayın və bu ən aşkar, ən uca, ən parlaq və ən cəlallı zühurda Onu inkar etməyin. Sizi yaradan Allahın Əmrinə insafla yanaşın, Ərşdən nazil olana nəzər salın və onun barəsində pak və təmiz qəlblə düşünün. O zaman bu Əmrin həqiqəti sizə göyün ortasında görünən günəş kimi aydın olar və Ona inananlardan olarsınız. De: Onun həqqaniyyətinin ilk və ən əsas dəlili—Onun Özüdür, sonra da Onun Vəhyidir. Bunları dərk etməkdə aciz olanlar üçün O, Öz ayələrini dəlil etmişdir və bu, həqiqətən, Onun aləmdəkilərə mərhəmətinin bir əlamətidir. O, bütün könüllərə Allahın əlamətlərini dərk etmək qabiliyyəti vermişdir və əgər siz Onun bu Əmri barədə ürəyində düşünənlərdənsinizsə, bilməlisiniz ki, bunsuz Onun bəndələrinə göndərdiyi dəlillər natamam olardı. O heç kəsə zülm etməz və bəndələrinə gücləri çatandan artıq bir şeyi əmr etməz. Həqiqətən, O, Rəhmli və Mərhəmətlidir.


De: Allahın Əmrinin cəlalı elə aşkardır ki, nəinki aydın və işıqlı göz sahibləri, hətta yer üzündəki anadangəlmə karlar da onu dərk edə bilər. Anadangəlmə kor günəşi gözü ilə görmür, amma bütün aylarda və illərdə ondan zahir olan hərarəti duyur. Lakin Bəyan əhlindən olan kor, Allaha and olsun, gözünün önündə Günəş nə qədər parlasa da, nə onun parıltısını görür, nə də təsirini və şüalarının istiliyini duyur.


De: Ey Bəyan əhli! Biz sizi dünyadakı insanlar arasından Bizi tanımaqdan ötrü seçdik və sizi Cənnət məkanının sağ tərəfindəki elə bir Yerə yaxınlaşdırdıq ki, orada sönməz Atəş bütün ahənglərdə deyir: “Məndən—Uca və Əzəmətlidən başqa Allah yoxdur!” Ayıq olun, Mərhəmətli Rəbbinizin İradə üfüqündən parlayan və irili-xırdalı hər şeyi öz nuruna boyayan bu Günəşdən özünüzü pərdə arxasında gizlətməyin. Gözlərinizi ­təmiz­ləyin ki, onu öz gözlərinizlə görəsiniz: ona başqasının gözü ilə deyil, öz gözünüzlə baxın, çünki Allah heç kəsə gücü çatandan artıq bir yük vermir—Peyğəmbərlərə və Elçilərə belə nazil olmuş və bütün Yazılarda belə yazılmışdır.


Ey insanlar, bu Fəzaya daxil olmağa çalışın ki, Allah onun üçün nə başlanğıc, nə də son müəyyən edib və orada Allahın nidası ucalır və onun üzərindən müqəddəslik və cəlal nəsimi əsir. Bədənlərinizi şərəf Libasından, qəlblərinizi Rəbbinizin zikrindən, qulaqlarınızı Onun ecazkar, əzəmətli, təsirli, fəsahətli və bəlağətli nəğmələrini dinləməkdən məhrum etməyin.
   
 

Seçmə 53
EY NƏSİR, EY Mənim bəndəm! Əbədi Haqq olan Allah Mənim şahidimdir, bu Gün Cənnət Qulamı Əbhanın Ölümsüzlük şərabının Piyaləsini əlində tutaraq, hamının başı üstündən baxır və Öz taxtında dayanıb gözləyir ki, kimin gözü Onun cəlalını görəcək və hansı əl tərəddüd etmədən uzanıb həmin Piyaləni Onun bəyaz Əlindən alıb içəcək. Amma hələlik ancaq bir neçəsi Əzəl Sultanının bu bənzərsiz və büllur çeşməsindən içmək şərəfinə nail olub. Və onlar Cənnət bağlarının üstündəki ən uca saraylarda mötəbərlik taxtında əyləşiblər. Allahın həqqaniyyətinə and olsun, nə Onun cəlalını əks etdirən aynalar, nə Onun adlarının məzhərləri, nə də bütün yaranmışlar və yaranacaqlar onlardan üstün ola bilərlər. Əgər arifsinizsə, bunu bilin.


Ey Nəsir! Bu, elə bir Gündür ki, ariflərin irfanı və müdriklərin idrakı onun əzəmətini dərk edə bilməz—o da qalsın ki, Bunun nurundan qafil olanlar və ya Onun cəlalından pərdələnənlər olsun! Əgər gözlərini böyük pərdələrdən təmizləsən, elə bir nemətin şahidi olarsan ki, əvvəli olmayan əvvəldən axırı olmayan axıra qədər ona bənzər, oxşar, uyğun və yaxın olan bir şey görməzsən. Axı Allahın Carçısı olan Kəs hansı tərzdə danışmalıdır ki, pərdə arxasında qalanlar Onun cəlalını tanısınlar?! Möminlər, uca Mələkutda sakin olanlar Mənim Əbha adımla Müqəddəslik Şərabından içərlər, başqaları isə ondan məhrum qalacaqlar.
   
 

Seçmə 54
ALLAHIN, MƏNİM MƏHBUBUMUN həqqaniyyətinə and olsun! Mən heç vaxt yer üzündəki insanlara hakim olmaq istəməmişəm. Mənim yeganə məqsədim yalnız Fəzl Sahibi və Bənzərsiz Allah tərəfindən Mənə əmr olunanı insanlara çatdırmaq və bununla da onları dünyəvi olanlardan uzaqlaşdırıb elə bir məqama yüksəltmək olmuşdur ki, Onu nə müşriklər dərk, nə də inkarçılar təsəvvür edə bilərlər.
   
 

Seçmə 55
EY “TA” TORPAĞI (Tehran)! O çağları yada sal ki, sənin Rəbbinin taxtı səndə qurulmuşdu və O səni Öz cəlalının nurlarına boyamışdı. Neçə-neçə müqəddəs şəxslər, o yəqinlik rəmzləri sənə olan böyük məhəbbət yolunda canlarını qurban verdilər və sənin xatirinə hər şeylərindən keçdilər. Xoş sənin və səndə yaşayan kəslərin halına! Mən şəhadət verirəm ki, hər bir anlayan qəlb aləmin Məqsudunun ətrini səndən alır. Səndə Görünməz olan üzə çıxdı, pünhan olan səndən car oldu. Qanları sənin qapıların arxasında tökülmüş və sənin torpağına tapşırılmış sədaqətli aşiqlərinin hansını xatırlayım?! Allahın şirin rayihələri səndən kəsilməyib və əbədiyyətə qədər də kəsilməyəcək. Bizim Qələmimiz səni və səndə uyuyan məzlum kişi və qadınları xatırlamaq istədi. Biz inayət əlaməti və ona qarşı vəfa nişanəsi olaraq, onların arasında olan bacımızı xatırlayırıq. Onun taleyi necə də məşəqqətli idi! Necə bir itaətkarlıq halında o, öz Allahına qayıtdı! Bunu hər şeyi əhatə edən Elmimiz sayəsində bizdən başqa heç kəs bilmir.


Ey “Ta” torpağı! Allahın fəzlindən sən indi də Haqq aşiqlərinin məkanı və məskənisən. Onlar bəxtiyardırlar; bu ecazkar günün Sahibi olan Allahın yolunda çəkdikləri əziyyətlər zamanı sənin sığınacağını axtaran hər bir mühacir bəxtiyardır! Xoş o kəslərin halına ki, Haqqı zikr edir, Onun Adını ucaldır və səylə Onun Əmrinə xidmət göstərmək istəyirlər. Əvvəlki kitablarda haqqında söz açılmış şəxslər onlardır. Möminlərin əmiri (Həzrət Əli) onların vəsfində səxavətlə belə buyurub: “Onların xoşbəxtliyi bizim xoşbəxtliyimizdən üstündür”. O doğru söyləyib və Biz də bunu təsdiq edirik. Onların məqamı hələlik gizlidir, lakin İlahi Qüdrətin əli, əlbəttə, pərdəni götürəcək və dünyanın gözlərinin işıqlanmasına və şadlanmasına səbəb olan kəsləri aşkara çıxaracaq.


Şərəfi ucalan Allaha, Əbədi Həqiqətə şükr edin ki, bu ecazkar inayətə layiq görüldünüz və Rəhmanın tərif kəlamı ilə bəzəndiniz. Bu günlərin qədrini bilin və bu Zühura layiq olan işlərdən yapışın. Həqiqətən, O, Nəsihətçi, Şəfqətli və Hər şeyi Biləndir!
   
 

Seçmə 56
EY “TA” TORPAĞI! Heç bir şeydən kədərlənmə! Allah səni bütün bəşərə sevinc mənbəyi etmişdir. Əgər O istəsə, sənin taxtını elə bir şəxsə bəxş edər ki, o, ədalətlə hökmranlıq edər və Allahın canavarların dağıtdığı qoyunlarını bir yerə yığar. Həmin şəxs sevinc və mehribanlıqla üzünü Bəha əhlinə tutar və onlara lütf göstərər. O, Haqqın nəzərində bütün insanların cövhəri sayılar. Və hər zaman Allahın şərəfinə, eləcə də Onun Əmr səltənətində olanların şərəfinə layiq görülər.


Böyük şadlıqla sevin, zira Allah səni Öz nurunun Məşriqi etmişdir, çünki səndə Onun Cəlalının Məzhəri doğulmuşdur. Sənə əta edilmiş bu ada görə sevin—o ad ki, onun vasitəsilə Fəzl Günəşi parlamış, yerə və göyə işıq saçmışdır.


Tezliklə sənin vəziyyətin dəyişiləcək və səndə xalq hakimiyyəti qurulacaq. Həqiqətən, sənin Rəbbin hər şeyi Biləndir. Onun hakimiyyəti hər şeyi əhatə edir. Rəbbinin mərhəmətinə əmin ol, O Öz lütfkar nəzərlərini səndən çəkməyəcək. O gün yaxınlaşmaqdadır ki, onda sənin iztirabın rahatlığa çevriləcək. Ecazkar Kitabda işlər belə müəyyən olunub...
   
 

Seçmə 57
EY MƏHƏMMƏD, MƏNİM hüzurumdan ayrılan zaman Mənim Evimə (Bağdaddakı) yollan və Rəbbinin adından onu ziyarət et. Onun qapısına yaxınlaşarkən dayan və de: “Ey Allahın əzəmətli Evi, hanı o Əzəli Camal ki, Onun sayəsində Allah səni insanların qibləsinə, göylərdə və yerdə olanlara Onu xatırladan əlamətə çevirib?! Ah! Hanı o günlər ki, Ey Allahın Evi, Onun qədəmləri sənin torpağına toxunurdu? Hanı o günlər ki, səndən hər an Rəhmanın nəğmələri ucalırdı? Hanı o bəzəyin ki, ondan bütün məxluqat işıqlanırdı? Hanı o günlər ki, Əzəl Sultanı səni Özünün cəlal taxtına çevirmişdi? Hanı o günlər ki, sən yerlə göy arasında bir nicat çırağı idin və hər səhər-axşam səndən Sübhanın nəsimi əsirdi?!


Ey Allahın Evi, hanı sənin üfüqündən parlayan əzəmət və qüdrət Günəşi ki, Hüzurunun parlaqlığı ilə səni əhatə etmişdi? Hanı ixtiyar sahibi olan Rəbbinin sənin üzərindən saçılan inayət şəfəqləri ki, Öz taxtını sənin divarların arasında qurmuşdu? Nə olub sənə, ey Allahın taxtı? Halını dəyişdirən, təməlini sarsıdan nədir? Sənin qapılarını Səni istəyənlərin üzünə nə bağlaya bilərdi? Nə olub ki, səni belə xaraba görürəm? Eşitmisənmi ki, aləmin Məhbubu düşmənlərin qılıncı altındadır?! Rəbbinin xeyir-duası sənə və sənin Ona vəfadarlığına olsun ki, Onu bürümüş kədər və bəlalar zamanı da Ona sadiq qalmısan!


Şəhadət verirəm ki, sən Onun fövqəl cəlal məskəni və Onun ən təmiz məkanısan. Səndən Cəlal Sahibinin Nəsimi bütün məxluqatın üzərinə əsdi və Cənnət guşələrindəki sadiqlərin könlünü fərəhləndirdi. Bu gün Səma əhli və Adlar Şəhərinin sakinləri sənin başına gələnlərdən kədərlənib göz yaşı tökürlər.


Sən hələ də Qüdrətlinin adları və sifətlərinin məzhəri, yerin və göylərin Sahibinin diqqət Mərkəzisən. İçərisində Allahın əmin-amanlıq vədinin olduğu Sandığın başına gələnlər sənin də başına gəldi. Xoş o kəsin halına ki, xilqətin Sahibinin nə istədiyini Onun sözünün ahəngindən anlayar.


Xoş o kəslərin halına ki, hər zaman Rəhmanın ətirlərini səndən alar, sənin ucalığını etiraf edər, sənin paklığını saxlayar və hər zaman sənin məqamını uca tutar. Allahdan diləyimiz budur ki, səndən qafil olanların və səni tanıyaraq qədrini bilməyənlərin gözlərini açsın ki, onlar səni və səni belə yüksəkliyə qaldıran Kəsi tanısınlar. Bu gün onlar, doğrudan da, kordurlar və səni tanımırlar. Amma sənin Rəbbin, həqiqətən, Şəfqətli və Bağışlayandır.


Şəhadət verirəm ki, sənin vasitənlə Allah öz bəndələrini imtahan etdi. Xoş o kəslərin halına ki, sənə üz tutdular və səni ziyarət etdilər və vay o kəslərin halına ki, sənin haqqını inkar etdilər, səndən üz çevirdilər, sənin adını alçaltdılar və sənə hörmətsizlik etdilər.


Ey Allahın Evi, əgər müşriklər sənin müqəddəslik örtüyünü təhqir etsələr, kədərlənmə. Allah səni xilqət aləmində Öz zikrinin bəzəyi ilə zinətləndirib—belə bir bəzəyi isə heç vaxt kimsə təhqir edə bilməz. Rəbbinin nəzərləri hər zaman və hər bir şəraitdə sənə dikilib. O səni ziyarət edənlərin, sənin ətrafına dolananların və sənin vasitənlə Onu çağıranların sədasını eşidir. Həqiqətən də, O, Bağışlayan və Rəhmlidir.


İlahi, Sənin fərağından dəyişikliyə uğrayan, Sənin hicranından ağlayan və Sənin günlərində başına gələnlərə göz yaşı axıdan bu Ev vasitəsilə Səndən diləyim budur ki, məni və valideynlərimi, yaxınlarımı və mömin qardaşlarımı bağışla! Ey Adlar Sultanı, Öz səxavətinlə mənim bütün ehtiyaclarımı aradan qaldır, çünki Sənsən Səxavətlilərin ən Səxavətlisi və aləmlərin Rəbbi!”
   
 

Seçmə 58
SİRR TORPAĞIN DA (Ədirnəyə) sürgün olduğumuzun ilk ilində bəndəmiz Mehdiyə nazil ediləni xatırla. Biz ona sonralar (Bağdaddakı) Evin başına gələcək hadisə­ləri xəbər vermişdik ki, bundan əvvəl baş vermiş qarət və təcavüz onu kədərləndirməsin. Həqiqətən, Sənin Rəbbin Allah göylərdə və yerdə olan hər şeyi bilir.


Biz ona belə yazmışdıq: “Bil ki, bu, Mənim Evimə qarşı yol verilən ilk təhqir deyil. Bundan əvvəl də zalımların əli ilə belə hərəkətlər olmuşdu. Və həqiqətən, gələcəkdə də o elə alçaldılacaq ki, bütün görən gözlərdən yaş axacaq. Beləcə, Biz sənə o şeyləri çatdırırıq ki, onlar qeyb pərdəsində gizli saxlanılır və Qüdrətli, Tərifli Allahdan başqa heç kəs onlardan agah deyil. Bir müddət keçəndən sonra Allah haqqın gücü ilə onu bütün insanların gözü önündə ucaldacaq. O onu Öz səltənətinin Bayrağı, başına möminlərin dolanacağı Məbəd edəcək. O müsibət günü gəlməzdən qabaq sənin Rəbbin olan Allah belə deyir. Müqəddəs Lövhümüzdə Biz sənə xəbər verdik ki, düşmənlərin əlindən Evin başına gələnlər səni kədərləndirməsin. Həmd olsun Hər şeyi Bilən və Hikmət Sahibi olan Allaha!”
   
 

Seçmə 59
HƏR BİR İNSAFLI şəxs həvəslə təsdiq edər ki, bu Məzlum Zühurun əvvəlindən bəri bütün bəşəri Cəlal Məşriqinə çağırıb və pozğunluğu, zülmü, nifrəti və pisliyi qadağan edib. Bununla belə, baxın, zalımın əli nələr törədib! Heç bir qələm bu zülmü təsvir edə bilməz. Baxmayaraq ki, Əbədi Haqq olan Kəsin məqsədi bütün insanlara əbədi həyat bəxş etmək, onların əmin-amanlığını təmin etmək olmuşdur, amma baxın, onlar necə Onu sevənlərin qanını axıtmağa qalxmış və Onun qətlinə fitva vermişlər. Bu zülmün qızışdırıcıları məhz onlardır ki, bu qədər cahildirlər, lakin müdriklərin müdriki kimi tanınırlar. Onlar o qədər kordurlar ki, hədsiz ədavətlə etiraza qalxaraq, elə bir Kəsi aşkar zülmlə möhkəm və məşəqqətli Zindanda məhbus etmişlər ki, aləm özü Onun Qapısının Astanasının xidmətçilərindən ötrü yaradılmışdır. Lakin Qüdrət Sahibi onların və bu “Böyük Müjdə”ni inkar edənlərin istəyinə rəğmən bu Məhbəsi ən uca Cənnətə və Behiştlərin Behiştinə çevirdi.


Bizim əziyyətlərimizi yüngülləşdirə bilən maddi şeylərdən Biz imtina etmədik. Bu Məzlumla ünsiyyətdə olanların hamısı təsdiq edər ki, Bizim müqəddəs dərgahımız həmişə belə maddi şeylərdən uzaq və uca olmuşdur. Lakin zindanda olarkən, biz o şeyləri qəbul etdik ki, müşriklər bizi onlardan məhrum etmək istəyirdilər. Və əgər Bizim adımıza təmiz qızıldan və ya gümüşdən, yaxud bunlardan da qiymətli cəvahiratla bəzədilmiş bir ev tikmək istəyən şəxs tapılsa, biz ona, şübhəsiz, izn verərik. Həqiqətən, O istədiyini edir və istədiyi kimi hökm verir. Və izn verildi ki, bu ərazidə əzəmətli və ehtişamlı binalar ucaldılsın və İordan çayına bitişik olan və onun ətrafında yerləşən zəngin və müqəddəs torpaqlar tək şərəfli Haqqa sitayişə və xidmətə həsr edilsin ki, Uca Qələmin müqəddəs Kitablarda yazdıqları həyata keçsin və aləmlərin Rəbbi olan Allahın bu ən yüksək, ən müqəddəs, ən əzəmətli və ən ecazkar Zühurda istədikləri aşkara çıxsın.


Bundan əvvəl biz demişdik: “Ətəyini genişləndir, ey Yerusəlim!” Ürəyinizdə bunu düşünün, ey Bəha əhli, sonra da Şərh edən və aşkar Rəbbinizə şükr edin!


Əgər Allahdan başqa heç kəsə məlum olmayan sirlər aşkara çıxsaydı, bütün bəşər xalis və kamil ədaləti müşahidə edərdi. Heç kəsin şübhə etməyəcəyi tam bir yəqinliklə hamı Onun hökmlərindən yapışar və onları yerinə yetirərdi. Biz, həqiqətən Öz Kitabımızda azğınlıqdan üz döndərib paklıq və xeyirxahlıq yolunu tutanlara çoxlu xeyir və bol mükafat müəyyən etdik. Həqiqətən, O, ən Böyük Mükafatlandıran və Kərəm Sahibidir.
   
 

Seçmə 60
MƏHBUSLUĞUM MƏNİM ÜÇÜN zillət deyil, əksinə, Canıma and olsun, o mənim üçün izzətdir. Məni zillətə salan o dostların davranışıdır ki, sözdə Məni sevdiklərini deyirlər, əməldə isə Şeytana qulluq edirlər. Doğrudan da, onlar ziyana uğrayanlardır.


Bu Zühur üçün təyin olunmuş vaxt yetişəndə və dünyanın Günəşi olan Kəs İraqda parlayanda O, Öz ardıcıllarına dünyəvi şeylərdən təmizlənməyi əmr etdi. Bir çoxları ehtiraslara uyub əmrdən boyun qaçırdılar, bir çoxları da möminlik yolunu tutdular və düz yola hidayət olundular.


De: dünyəvi arzularının arxasınca düşən və bu dünyanın şeylərindən yapışan kəs Bəha əhlindən deyil. Mənim həqiqi bəndəm o kəsdir ki, əgər qızılla dolu vadiyə daxil olsa, ondan bulud kimi yan ötüb keçər və nə dönüb arxaya baxar, nə də dayanar. Bilin ki, o mütləq Mənə mənsubdur. Səma sakinləri onun libasından müqəddəslik ətri duyar... Və əgər onun qarşısına ən yaxşı şəkildə bəzənmiş gözəl və cazibədar bir qadın çıxarsa, o zərrə qədər də onun gözəlliyinə ehtiras gözü ilə baxmaz. Belə bir kəs, doğrudan da, ləkəsiz paklıqdan yaranmışdır.


De: dünyəvi arzularının arxasınca düşən və bu dünyanın şeylərindən yapışan kəs Bəha əhlindən deyil. Mənim həqiqi bəndəm o kəsdir ki, əgər qızılla dolu vadiyə daxil olsa, ondan bulud kimi yan ötüb keçər və nə dönüb arxaya baxar, nə də dayanar. Bilin ki, o mütləq Mənə mənsubdur. Səma sakinləri onun libasından müqəddəslik ətri duyar... Və əgər onun qarşısına ən yaxşı şəkildə bəzənmiş gözəl və cazibədar bir qadın çıxarsa, o zərrə qədər də onun gözəlliyinə ehtiras gözü ilə baxmaz. Belə bir kəs, doğrudan da, ləkəsiz paklıqdan yaranmışdır. Əzəli Qələm Qüdrətli və Səxavətli Rəbbinizin adından sizə belə təlim verir...
   
 

Seçmə 61
DÜNYA İZTİRAB İÇİNDƏDİR və onun həyəcanı günbəgün artmaqdadır. Onun üzü özbaşınalığa və dinsiz­liyə doğrudur. Onun halı elə olacaq ki, indi onu demək məsləhət deyil. Onun özbaşınalığı hələ çox davam edəcək və təyin olunmuş vaxt yetişəndə qəfildən elə bir şey meydana çıxacaq ki, bəşərin əzaları titrəyəcək. Onda və yalnız onda İlahi Bayraq ucalacaq və Cənnət Bülbülü öz nəğməsini oxuyacaq.
   
 

Seçmə 62
MƏNİM DƏRDLƏRİMİ, QAYĞI və həyəcanlarımı, sınaq və kədərlərimi, dözülməz əsarətimi, tökülən göz yaşlarımı, acı iztirablarımı və bu uzaq məmləkətdə indiki məhbusluğumu yada sal. Ey Mustafa, Allah Özü Mənə şahidlik edir. Əgər Əzəli Camalın başına gələnləri sənə danışsaydılar, səhraya üz tutar və ucadan hönkürüb ağlayardın. Sən hədsiz dərddən başına döyər və ilan vurmuş kimi qışqırıb nalə çəkərdin. Allaha şükr et ki, biz sənin Qadir və Qüdrətli Rəbbinin iradə səmasından Bizə nazil olan gizli hökmlərin sirrini sənə açmadıq.


Allahın həqqaniyətinə and olsun! Hər səhər yatağımdan qalxanda, Mən qapımın qarşısına toplaşmış dəstə-dəstə bəlalar görmüşəm. Və hər axşam yatmağa hazırlaşanda düşmənlərimin amansız qəddarlığından ürəyimin düçar olduğu iztirabdan o qana dönüb. Hər dəfə Əzəli Camal bir tikə çörək kəsəndə, bu, yeni müsibətlə müşayiət olunub və hər dəfə O, bir qurtum su içəndə, ona ağır imtahanların əzabı qarışıb. Onun hər bir addımının önündə gözlənilməz fəlakətlər ordusu gedir, Onun ardınca isə üzücü dərdlər qoşunu irəliləyir.


Mənim qismətim belədir, ürəyində bu barədə düşün. Amma hər halda Allahın İradəsi ilə Bizim üstümüzə leysan kimi yağan müsibətlərə görə qəlbini kədərlənməyə qoyma. Öz istəklərini Allahın razılığına tabe et, çünki Biz heç vaxt Onun istədiyindən başqa bir şey istəməmişik və Onun hər bir qaçılmaz hökmünü sevinclə qarşılamışıq. Ürəyini sakitləşdir və heç nədən qorxma. Və üzücü çaşqınlıq içərisində olanların yolu ilə getmə.
   
 

Seçmə 63
EY NƏZƏRLƏRİNİ MƏNİM üzümə dikən şəxs! Mənim doğma şəhərimin qaraltısını uzaqdan gördüyün zaman dayan və de: Ey “Ta” torpağı! Mən sənin yanına zindan tərəfdən Qoruyan və Qəyyum Allahın xəbəri ilə gəldim. Ey aləmin anası və bütün millətlərin arasında nur mənbəyi, mən sənə Rəbbinin inayətinin müjdəsini verirəm və səni Əbədi Həqiqət olan Kəsin, qeybləri bilən Haqqın adından salamlayıram. Şəhadət verirəm ki, Gizli Ad və Qeyb Xəzinəsi səndə askara çıxdı. Yaranmış və yaranacaq bütün şeylərin sirri səndə açıldı.


Ey “Ta” torpağı! Adların Ağası Öz əzəmətli məqamında səni xatırlayır. Sən Allahın Əmrinin Məşriqi, Onun Vəhyinin çeşməsi və Ən Böyük Adın məzhərisən—o Ad ki, ondan ürəklər və könüllər titrədi. Səndə nə qədər məzlum kişilər və qadınlar, zülmün qurbanları Allah yolunda şəhid oldular və sənin torpağın altında necə də qəddarlıqla dəfn edildilər ki, möhtərəm bəndələr onların halına göz yaşı tökdülər.
   
 

Seçmə 64
BİZ BİR UCA cənnət Məkanını (Tehran), mübarək və nurlu bir şəhəri xatırlamaq istədik – bir şəhər ki, orada Məhbubun ətri səpildi, Onun əlamətləri yayıldı, Onun cəlalının dəlilləri aşkara çıxdı, Onun bayraqları sancıldı, çadırları quruldu və Onun hikmətli əmrləri açıldı.


Bu elə bir şəhərdir ki, orada vüsal ətri yayıldı və onun vasitəsilə aşiqlər Onun yaxınlığına cəzb olundular, müqəddəslik və gözəllik Məkanına yaxınlaşa bildilər. Xoş o yolçunun halına ki, bu şəhərə tərəf yol alıb, ona varid olub və Lütfkar, Tərifəlayiq Rəbbinin inayət feyzindən vüsal şərabı içib.


Ey istəkli torpaq, mən Allahdan olan müjdə ilə sənin yanına gəlmişəm, sənə Onun fəzl və mərhəmətinin müjdəsini verir və Onun adından səni salamlayıram. Həqiqətən, O Fəzilətli və Səxavətlidir. Xoş o kəsin halına ki, Sənə üz tutdu və səndə aləmlərin Rəbbi olan Allahın dərgahının ətrini duydu. Onun nuru sənə yayıldı və Onun şərəfi səni bürüdü, çünki Allah səni öz bəndələri üçün cənnətə, peyğəmbərlərə və elçilərə nazil etdiyi Kitablarda haqqında Özünün xatırladığı müqəddəs və mübarək torpağa çevirdi.


Ey nurlu torpaq, səninlə “Ondan başqa Allah yoxdur!” bayrağı dalğalandı və səninlə “Həqiqətən, Mən qeybləri bilən Haqqam!” bayrağı ucaldı. Sənə daxil olan hər bir kəs səninlə və Mənim Ağacımdan törəmiş sakinlərlə fəxr etməlidir, onlar bu Ağacın yarpaqları, Mənim şərəfimin əlamətləridirlər ki, Mənim ardımca gedirlər və Mənim aşiqlərimdir və ən yüksək qətiyyətlə üzlərini Mənim nurlu məqamıma tutublar.
   
 

Seçmə 65
SONRA XATIRLA O zamanı ki, Sən şəhərə (İstanbula) varid oldun. Sultanın vəzirləri elə zənn etdilər ki, Sən onların qayda-qanunlarını bilmirsən və cahillərdənsən. De: Bəli, Rəbbimə and olsun ki, Mən Allahın səxavət göstərərək, Mənə öyrətdiyi şeylərdən başqa bir söz də bilmirəm. Biz, əlbəttə, bunu təsdiq və etiraf edirik.


De: Əgər sizin qayda-qanunlarınız özünüz tərəfindən müəyyən edilibsə, Biz heç vaxt onlara tabe olmarıq. Hikmət Sahibi və hər şeydən Xəbərdar olan Allah Mənə belə bir əmr edib. Allahın gücü və qüdrəti sayəsində Mən indiyə qədər belə olmuşam, bundan sonra da belə olacağam. Həqiqətən, bu, haqlı və doğru yoldur. Əgər sizin qayda-qanunlarınız Allah tərəfindən müəyyən edilibsə və siz doğru danışanlardansınızsa, onda dəlilinizi gətirin. De: Biz onların Sənə yaxmaq istədikləri və Sənə etdikləri hər şeyi hər bir insan əməlinin, o nə qədər cüzi olsa da, yazılımış olduğu Kitabda yazmışıq.


De: Ey vəzirlər, siz gərək Allahın qanunlarına tabe olub öz qayda-qanunlarınızdan əl çəkəsiniz və doğru yolla gedənlərdən olasınız. Əgər siz ariflərdənsinizsə, bilin ki, bu sizlərə malik olduqlarınızdan daha xeyirlidir. Əgər siz Allahın hökmünə tabe olmasanız, sizin əməllərinizin kiçicik bir hissəsi də Onun tərəfindən qəbul olunmaz. Tezliklə siz fani həyatınızda etdiklərinizin nəticəsini görəcək və tutduğunuz əməllərə görə cavab verəcəksiniz. Həqiqətən, bu, doğru və yəqin bir şeydir.


Sizdən də böyük olan neçə-neçə bəndələr keçmişdə sizin kimi əməllər törətdilər və hamısı torpağa döndülər və onların barəsində nə hökm çıxarılacaqdısa, çıxarıldı. Əgər siz Allahın Əmri barədə düşünməsəniz, mütləq onlara qoşulacaqsınız və elə bir məkana daxil olacaqsınız ki, orada özünüzə nə bir köməkçi tapacaqsınız, nə də bir himayədar. Həqiqətən, orada siz həyatınız boyu etdiklərinizin, Allahın Əmrinə qarşı xətalarınızın, Onun aşkar bir səmimiyyətlə sizə üz tutan övliyalarına təkəbbür göstərməyinizin hesabını verəcəksiniz.


Bu sizlərsiniz ki, onların barəsində məşvərət etmisiniz, öz nəfsinizin hökmündən yapışmısınız, Qoruyan və Qüdrətli Allahın hökmünü tərk etmisiniz.


De: Doğrudanmı siz öz üsul və niyyətlərinizi tutub Allahın hökmlərini bir kənara atırsınız?! Həqiqətən, bununla siz özünüzə və digər bəndələrə zülm edirsiniz. Kaş bunu anlayaydınız. De: Əgər sizin qanunlarınız ədalətə əsaslanırsa, nə üçün siz öz istəyinizə uyğun gələndən yapışır, nəfsinizə zidd olanı isə qəbul etmirsiniz? Belə olan halda siz hansı haqla hakimlik edə bilərsiniz?! Məgər sizin qanununuz budurmu ki, öz əmrinizlə yanınıza gələn Kəsə əzab verir, inkar edərək heç bir kömək göstərmir və hər gün ağır bir əziyyətə salırsınız? Halbuki, O, bircə an da itaətsizlik göstərməyib və bunu bütün İraq sakinləri, eləcə də hər bir bilən kəs təsdiq edər.
Mühakimənizdə insaflı olun, ey vəzirlər, hansı günaha görə Bizi sürgün etdiniz, hansı təqsirə görə Bizi uzaqlaşdırdınız?! Halbuki Biz sizə üz tutduq, amma siz Bizi qəbul etməkdən imtina etdiniz. Allaha and olsun, sizin etdiyiniz bu zülm elə böyük zülmdür ki, yer üzündə heç bir zülm onunla müqayisəyə gəlməz. Qüdrətli Allah Özü buna şahiddir...


Bilin ki, bu dünya, onun zinəti və dəbdəbəsi ötüb keçəcək. Allahın Səltənətindən başqa heç nə qalmayacaq, o Səltənət ki, Qoruyan, Şərəfli və Qüdrətli Hökmdara məxsusdur. Sizin dövranınız bitəcək, sizi məşğul edən şeylər, sizin insanlar qarşısında öyündüyünüz şeylər keçib gedəcək və Onun Mələkləri sizi elə bir yerə çağıracaq ki, orada bütün məxluqatın əzaları titrəyər, zalımların bədəni torpaqda sürünər. Orada siz fani ­həya­tınızda qazandıqlarınız barədə sorğu-suala tutular və etdiklərinizin cəzasını alarsınız. Bu, elə bir gündür ki, mütləq sizin üçün gələr və elə bir saatdır ki, onu saxlamaq olmaz. Hər şeyi Bilənin və doğru Söyləyənin Dili buna şəhadət verir.
   
 

Seçmə 66
EY ŞƏHƏR (İSTANBUL) əhli, Allahdan çəkinin, insanlar arasında ixtilaf törətməyin. Şeytanın ardınca getməyin. Həyatınızın bu az qalmış günlərində Haqq Allahın yolu ilə gedin. Sizin dövranınız mütləq bitəcək, necə ki, sizdən əvvəlkilərin dövranı keçdi. Və siz torpağa dönəcəksiniz, necə ki, sizin ata-babalarınız torpağa döndülər.


Sonra bilin ki, Mən bir olan Allahdan başqa heç kəsdən qorxmuram, Ondan başqa heç kəsə təvəkkül etmirəm, Ondan başqa heç kəsə pənah aparmıram və Onun Mənim üçün istədiyindən başqa bir şey istəmirəm. Həqiqətən, Mənim muradım Odur—əgər ariflərdənsinizsə, bunu bilin. Mən ruhumu və cismimi aləmlərin Rəbbi olan Allaha fəda etmişəm. Allahı tanıyan kəs Ondan başqasını tanımaz. Allahdan qorxan kəs yer üzündə olanların hamısı birləşib onun əleyhinə qalxsalar da, Ondan savayı heç kəsdən qorxmaz. Mən Onun Əmr etdiyindən başqa bir söz demirəm, Allahın gücü və qüvvəti sayəsində yalnız Haqq yolu ilə gedirəm. Həqiqətən, O, doğruları mükafatlandıracaq.


Sonra, ey bəndə, şəhərə daxil olduğun zaman gördüklərini söylə, qoy bu xatirə yer üzündə qalsın və inananlar üçün bir xəbərdarlıq olsun. Şəhərə varid olduğumuz zaman Biz onun başçılarını və böyüklərini bir yerə yığışıb palçıqla oynayan uşaqlar kimi gördük. Biz onların arasında yetkin bir şəxs tapmadıq ki, Allahın Bizə öyrətdiklərini ona öyrədək və ya Bizim hikmətimizin ecazkar sözlərini ona çatdıraq. Buna görə də Biz daxili gözlərimizlə onların halına ağladıq, çünki onlar qadağan olunmuş işlər tuturdular və nə üçün xəlq edildiklərindən tamamilə qafil idilər. Bizim şəhərdə şahidi olduğumuz budur və bunu Kitabımızda yazdıq ki, onlara və qalan bəşərə xəbərdarlıq olsun.


De: Əgər siz bu dünyanı və onun bər-bəzəyini arzulayırdınızsa, gərək onları analarınızın bətnində olduğunuz dövrdə istəyəydiniz, çünki o zaman siz anbaan onlara yaxınlaşırdınız—əgər ağıllısınızsa, bunu bilin. Digər tərəfdən isə, siz doğulub boya-başa çatdıqca dünyadan uzaqlaşaraq torpağa yaxınlaşırdınız. Onda nə üçün sayılı günləriniz qaldığı halda və fürsəti fövtə verdikdən sonra siz özünüz üçün dünya malı toplamağa bu qədər hərissiniz?! Belə olan halda, ayılmayacaqsınızmı, ey qafillər!?


Allah xatirinə danışan bu Bəndənin nəsihətlərinə qulaq asın. O, həqiqətən, sizdən heç bir şey istəmir və Allahın hökmü ilə razılaşaraq, tamamilə Onun İradəsinə tabe olur.


Ey insanlar, sizin ömrünüzün çoxu keçib və yalnız bir necə gününüz qalıb. Elə isə öz yanınızdan uydurduğunuz və tutduğunuz şeyləri boşlayın və Allahın hökmlərindən elə möhkəm yapışın ki, Allahın sizin üçün istədiklərinə çatasınız və doğru yolla gedənlərdən olasınız. Dünya malına və yer üzü bər-bəzəklərinə sevinməyin və onlara güvənməyin. Ulu və Əzəmətli Allahın zikrinə güvənin. Tezliklə Allah sizin əlinizdə olanları fənaya uğradar. Allahdan qorxun, öz qəlbinizdə Allahın əhdini unutmayın və pərdə arxasında qalanlardan olmayın.


Məbada, Allaha və Onun dostlarına qarşı təkəbbür göstərəsiniz. Təvazökarlıqla o möminlərin cərgəsinə qoşulun ki, onlar Allaha və Onun ayələrinə iman gətirmişlər, qəlbləri ilə Onun birliyinə, dilləri ilə Onun yeganəliyinə şəhadət verir və Onun izni olmadan danışmırlar. Beləcə, Biz sizə ədalət naminə nəsihət verir və həqiqət naminə xəbərdarlıq edirik ki, bəlkə siz ayılanlardan olasınız.


Özünüzə rəva görmədiyinizi insanlara rəva görməyin və özünüz üçün istəmədiyiniz şeyi başqası üçün istəməyin. Əgər riayət etsəniz, bu, ən yaxşı nəsihətdir.


Aranızda olan o üləmalara və aləmlərə hörmət qoyun ki, dediklərinə əməl edirlər, Allahın müəyyənləşdirdiyi hədləri gözləyirlər və Allahın Kitabındakı hökmlərə əsasən hökm verirlər. Bilin ki, onlar yerdə və göydə olanlar üçün hidayət çıraqlarıdır. Aralarındakı üləmaların və alimlərin hörmətini saxlamayanlar və qədrini bilməyənlər özlərini Allahın onlar üçün təyin etdiyi nemətdən uzaqlaşdırırlar.


De: Gözləyin, Allah da Öz nemətini sizdən kəsər. Heç bir şey Allahın elmindən gizli qala bilməz. O göylərin və yerin sirlərindən agahdır. Onun elmi hər şeyi əhatə edir. Etdiklərinizə, edəcəklərinizə və Bizim başımıza gətirdiklərinizə baxıb sevinməyin, çünki bununla sizin məqamınız yüksəlməz, əgər öz əməllərinizə yəqinlik gözü ilə nəzər salsanız, bunu bilərsiniz. Bunların nəticəsində Bizim məqamımızın alçalmasına da qadir ola bilməzsiniz, əksinə, məruz qaldığımız bəlalara dözdüyümüzə görə Allah Bizim mükafatlarımızı artırar. O, həqiqətən, səbrlə dözənlərin mükafatını artırandır.


Bilin ki, sınaqlar və müsibətlər əzəldən Allahın seçilmişləri və dostlarının, Ondan başqa hər şeydən inqita edənlərin, yəni dünyanın ticarətinə və alverinə uymayıb Qüdrətlinin zikrini unutmayanların, O danışmayınca danışmayanların və Onun hökmlərinə əməl edənlərin nəsibi olub. İndiyə qədər Allahın qoyduğu qayda belə olub və bundan sonra da belə olacaq. Xoş o səbrlə dayananların halına ki, bütün əzablara və çətinliklərə dözərək heç nədən şikayət etmir və səbrlə itaət yolu ilə gedirlər...


Tezliklə Allah elə bir tayfanı meydana çıxaracaq ki, onlar Bizim günlərimizi və başımıza gələnlərin hamısını xatırlayacaq və günahsız yerə açıq-aşkar Bizə zülm edənlərdən Bizim haqqımızı tələb edəcəklər. Allah, əlbəttə, Bizə zülm edənlərin həyatı üzərində hakimdir və onların etdiklərindən agahdır. Onlar mütləq, Allahın qarşısında duracaq və günahlarına görə onları cəzalandıracaq. Həqiqətən, O, intiqam alanların ən amansızıdır.


Beləcə, Biz sizə Haqq Allahın hekayətlərini danışdıq və indiyə qədər Allahın buyurduqlarını çatdırdıq ki, bəlkə siz Ondan əfv diləyəsiniz, Onun qarşısında tövbə edib Ona doğru qayıdasınız, öz əməllərinizi dərk edib yuxudan oyanasınız, qəflətdən qalxasınız, itirdiklərinizin əvəzini əldə edib yaxşılardan olasınız. Kim istəyirsə, Mənim sözlərimi qəbul etsin, kim istəmirsə, üz döndərsin. Mən yalnız Allahın Əmrinə qarşı borcunuzda etinasızlığınızı sizə xatırladıram ki, bəlkə Mənim xəbərdarlığıma qulaq verənlərdən olasınız. Elə isə Mənim sözlərimi eşidin, Allaha doğru qayıdaraq, Onun qarşısında tövbə edin ki, Allah öz fəzli sayəsində sizə rəhm etsin, günahlarınızdan keçsin və səhvlərinizi bağışlasın. Həqiqətən də, Onun mərhəmətinin böyüklüyü qəzəbinin şiddətindən üstündür və Onun fəzli keçmişdə və gələcəkdə varlıq libasına bürünənlərin hamısını əhatə edir.
   
 

Seçmə 67
BU ZÜHURDA ELƏ şeylər aşkara çıxdı ki, əvvəllər heç görünməmişdi. Müşriklər bunu görəndə donquldanaraq dedilər: “Bu, Allaha qarşı yalan uydurmuş bir sehrbazdır”. Bilin ki, onlar atılmış tayfadır.


Ey Əzəli Qələm, İraqda baş verənləri insanlara çatdır. O zaman üləmalar dəstəsinin Bizim yanımıza göndərdiyi elçidən danış ki, gəlib hüzura yetişdi və müxtəlif elmlərdən sual verdi. Biz fitrətən malik olduğumuz elmlə ona cavab verdik. Həqiqətən, sənin Rəbbin qeybdə olanları Biləndir. O dedi: “Biz şəhadət veririk ki, Sənin bu malik olduğun elmə heç kəs yetişə bilməz. Lakin bu, insanların sənə aid etdikləri məqamı təsdiqləmək üçün kifayət deyil. Əgər Sən doğru deyirsənsə, elə bir şey et ki, yer üzündə olanların hamısı onun kimisini etməkdə aciz olsunlar”. Sənin Şərəfli və Mehriban Rəbbinin hüzurunda məsələ dəqiq belə oldu. 


Ona deyildi: “Bax, gör nə görürsən?!” Onda o, ildırım vurmuş kimi donub qaldı. Özünə gələndə isə dedi: “Şərəfli və Tərifəlayiq Allaha iman gətirdim!” Ona deyildi: “Öz tayfanın yanına get və söylə: ürəyinizdən keçəni istəyin, çünki O istədiyi hər şeyə qadirdir. Yaranmışlar və yaranacaqlar Onu aciz edə bilməzlər”. De: “Ey üləmalar tayfası, istədiyiniz bir məsələdə razılığa gəlin, sonra onu Rəbbinizdən, mərhəmətli Allahdan diləyin. Əgər O, Öz qüdrəti sayəsində sizin istəyinizi yerinə yetirərsə, Ona iman gətirin və Onun həqqaniyyətini dananlardan olmayın”. O, dedi: “İndi irfanın dan yeri işıqlandı və Rəhmanın dəlili tamamlandı”. O, ayağa durdu və Şərəfli, Sevimli Allahın Əmrinə əsasən onu göndərənlərin yanına qayıtdı.


Bir neçə gün keçdi, amma o, geri dönmədi. Nəhayət, başqa bir elçi gəldi və bizə xəbər verdi ki, o tayfa öz istədiyindən imtina edib. Həqiqətən, onlar alçaq bir tayfadır. İraqda məsələ belə oldu və dediklərimə Özüm şahidəm. Bu məsələ hər tərəfə yayıldı, lakin heç kəs bunu anlamadı. Bizim hökmümüz belə oldu, kaş ki, bunu bilərdiniz.Canıma and olsun! Ötən əsrlərdə də ilahi əlamətlər diləyən kəslərə Biz həmin əlamətləri göstərdikdən sonra belə, Allaha qarşı küfr etmişlər. İnsanların əksəriyyəti elə də qafil qalıb. Amma o kəslər ki, gözləri irfan nuru ilə açılmışdır, onlar Rəhmanın ətrini duyar və Onun həqiqətini qəbul edərlər. Bilin ki, onlar həqiqətən səmimi olanlardır.                            
 


Seçmə 68 
EY MƏNİM AĞACIMIN Meyvəsi və Onun Yarpağı! Mənim şərəfim və mərhəmətim sənə nəsib olsun! Başına gələnlərdən kədərlənmə. Əgər Həyat Kitabına nəzər salsan, əlbəttə, sənin qəm və qüssəni dağıdan və narahatlığını aparan şeyləri müşahidə edərsən.


Ey Mənim Meyvəm, qəzavü-qədərlə bağlı Həqiqi Hökmdarın iki cür hökmü mövcuddur. Onların hər birini qəbul etmək və itaət etmək lazımdır. Biri labüd əcəldir, digəri isə xalq arasında deyildiyi kimi, qəfil əcəldir. Birinciyə bütünlüklə təslim olmaq gərəkdir, çünki o, qaçılmazdır. Hərçənd Haqq onu dəyişdirməyə və saxlamağa qadir olmuşdur və qadirdir. Amma bunun zərəri əvvəlki haldan da böyük olur. Odur ki, Allahın İradəsi ilə razılaşmaq və inamla Ona təslim olmaq yaxşıdır. Qəfil əcəlin isə dua və münacat vasitəsilə qarşısını almaq mümkündür. İnşaallah, Mənim Meyvəm və yanındakılar ondan qorunacaqlar.


De: Ey Allah, mənim Allahım! Sən mənim əllərimə Özünün bir əmanətini etibar etmişdin, indi isə Öz iradənlə onu geri aldın. Sənin bu kənizin “nə üçün belə oldu?” və “niyə bu baş verdi?” deyə bilməz, çünki Sən bütün hərəkətlərində Bəyənilənsən və Sənin əmrlərinə itaət olunmalıdır. Ya Rəbb, Sənin bu kənizin ümidini Sənin fəzlinə və səxavətinə bağlayıb. Ona elə şeyləri qismət elə ki, onu Sənə yaxınlaşdırsın və Sənin aləmlərinin hamısında ona xeyir versin. Sən Bağışlayan və Kəramətlisən. Səndən başqa Allah yoxdur, Sən Əzəli Hökmdarsan.


Ya Rəbb, mənim Allahım! Xeyir-dua ver o kəslərə ki, insanların gözü qarşısında Sənə məhəbbətin şərabını içdilər, Sənin düşmənlərinin istəyinə rəğmən Sənin birliyini etiraf etdilər, Sənin yeganəliyinə şəhadət verdilər və öz inamlarını onda iqrar etdilər ki, bununla Sənin məxluqatın arasında zülm edənlərin əzaları titrədi, Sənin məmləkətlərində fironluq edənlər lərzəyə düşdü. Şəhadət verirəm ki, Sənin səltənətin fənaya uğramaz və Sənin İradən dəyişməz. Sənə üz tutanlara və Sənin İpindən yapışan kənizlərinə Öz səxavət dənizinə və fəzilət Asimanına yaraşan şeyləri qismət eylə!


Sən o Kəssən ki, Özünü zənginlik Rəbbi bəyan etmisən, bəndələrini isə yoxsul və möhtac kimi qərar vermisən. Necə ki, buyurmusan: “Ey iman gətirənlər, siz Allaha ehtiyacı olan yoxsullarsınız, Allah isə Ehtiyacsız və Tərifəlayiqdir”. Madam ki, Mən öz yoxsulluğumu və Sənin zənginliyini etiraf edirəm, onda məni Öz nemətlərinin şərəfindən məhrum etmə. Həqiqətən, Sən Ali Qoruyan, Hər şeyi Bilən və Hikmət Sahibisən!
   
 

Seçmə 69
ÖZÜNÜ “ZA”(ZƏNCAN) torpağında fəda etmiş Əşrəfin anasının hərəkətini yada sal. Bil ki, o, Qadir və Qüdrətli Allahın dərgahındakı həqiqət taxtındadır.


Müşriklər onu haqsız olaraq zülm ilə qətlə yetirmək istəyəndə, anasını onun yanına göndərdilər ki, ona nəsihət versin, bəlkə o, tövbə edib imanından dönə və aləmlərin Rəbbi olan Allaha qarşı küfr edənlərin yolu ilə gedə.


O, oğlu ilə üzbəüz olarkən, elə sözlər dedi ki, Haqq aşiqlərinin və səma sakinlərinin könülləri sızlayıb ağladı. Həqiqətən, sənin Rəbbin Mənim söylədiklərimi bilir. O, Özü Mənim dediklərimə şahiddir.


O üzünü oğluna tutub dedi: “Oğlum, ey doğma oğlum, özünü Rəbbinin yolunda fəda eylə! Məbada göylərdə və yerdə olanların səcdə etdikləri Kəsə qarşı imanına xəyanət edəsən. Ey oğlum, düz yolunla get və Rəbbinin Əmrində səbatlı ol. Aləmlərin Məhbubunun hüzuruna çatmağa tələs”.


Ona Mənim salavatım, mərhəmətim, tərifim və şərəfim nəsib olsun! Onun oğlunun qan bahası şəxsən Mənim boynumadır. O indi Mənim əzəmət və cəlal sarayımdadır. Uca qəsrlərdəki hurilər, eləcə də Mənim Behiştimin əhli və Müqəddəslik Şəhərlərinin sakinləri onun üzündən nur alırlar. Kim onu görərsə, söyləyər: “Bu, kəramətli Allahın nəcib mələyindən başqa bir kəs deyildir”...
 

Anchor 1
Anchor 3
Anchor 4
Anchor 5
bottom of page