Dünyanın Dini Liderlərinə
Ümumdünya Ədalət Evi
Dünya Bəhai Mərkəzi
Aprel 2002
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
Dünyanın Dini Liderlərinə
İYİRMİNCİ ƏSRİN DAVAMLI mirası budur ki, o, dünya xalqlarını, özlərini vahid insan nəslinin üzvləri kimi görməyə və yer kürəsini bütün insanların ümumi evi olduğunu anlamağa məcbur etdi. Üfüqləri qaraldan davamlı konfliktlərə və zorakılıqlara baxmayaraq, nə vaxtsa insan təbiətinin ayrılmaz xüsusiyyəti kimi təsəvvür olunan önyarğılar artıq hər yerdə geriyə çəkilir. Bununla bərabər, bəşər ailəsini mədəni, etnik və milli mənsubiyyətinə görə Babil həngaməsinə çevirən maneələr də dağılmaqdadır. Belə köklü dəyişikliyin elə qısa bir zamanda—tarixi perspektivdə praktiki olaraq bir anda—baş verməsi gələcəkdə olacaq imkanların böyüklüyünü təsəvvür etməyə kömək edir.
Faciə burasındadır ki, mövcudluğunun səbəbi məhz qardaşlıq və sülh olan dinlərin özləri çox vaxt bu yolda çox çətin aşılan maneələrə çevrilir; buna misal olaraq o xoşagəlməz faktı göstərmək olar ki, dinin təmiz adı uzun müddət fanatizm örtüyü kimi istifadə olunmuşdur. Dünya dinlərindən birinin idarəedici orqanı kimi, biz mövcud şəraitin dini liderlər qarşısında qoyduğu çətin problemin ciddi surətdə baxılmasına çağırmağı öz məsuliyyətimiz hesab edirik. Həm məsələnin özü, həm də onun doğurduğu şərait bizim açıq danışmağımızı tələb edir. Biz inanırıq ki, Allaha hamılıqla ibadət, bizim dediklərimizin, necə xoş məramla təqdim olunmuşsa, o ruhda da qəbul olunmasının təminatı olacaqdır.
Digər sahələrdəki nailiyyətlərə nəzər saldıqda, bu məsələ dəqiq cizgiləri ilə göz önündə canlanır. Keçmişdə, çox nadir istisnalar olmaqla, qadınlara ən aşağı cins kimi baxılmış, onların təbiəti mövhumatlarla əhatə olunmuş, bir insan kimi ruhlarının potensialını ifadə etməyə imkan verilməmiş və ancaq kişilərin ehtiyacına xidmət etmək roluna qədər alçaldılmışlar. Göründüyü kimi, bir çox cəmiyyətlər vardır ki, orada bu şərait hələ də mövcuddur və hətta fanatikcəsinə müdafiə də olunur. Bununla belə, qlobal səviyyədə baxdıqda, kişi və qadın bərabərliyi bütün praktiki məqsədlər baxımından hər yerdə qəbul olunmuş bir prinsip gücü əldə etmişdir. Bu, akademik nəşrlərin və kütləvi informasiya vasitələrinin çoxu tərəfindən eyni dərəcədə qəbul edilmişdir. Bu məsələyə yenidən baxılması o qədər əsaslı bir məsələ olmuşdur ki, kişilərin üstünlüyünün tərəfdarları məsuliyyətli fikir hüdudlarında (ən radikal düşünənlər arasında) tərəfdar axtarmalıdırlar.
Millətçiliyin susdurulmuş batalyonları da eyni tale ilə üzləşirlər. Dünyanın işlərində baş verən hər bir böhrandan sonra istənilən ölkənin vətəndaşı insanın həyatını zənginləşdirən vətən məhəbbətini, başqalarına nifrət oyadan və onlardan qorxmağı gücləndirməyə yönələn bəyanatlardan daha asanlıqla ayırmağa başlayır. Hətta tanış millətçi tədbirlərdə iştirak etməyin məqsədəuyğun olduğu yerlərdə belə, ictimaiyyətin münasibətində keçmişin güclü inamı və entuziazmı ilə yanaşı tez-tez göründüyü kimi, bir narahatlıq da hiss olunmaqdadır. Beynəlxalq səviyyədə davamlı baş verən yenidənqurma bu effekti daha da gücləndirir. Birləşmiş Millətlər Təşkilatının indiki formada nə qədər çatışmazlıqları olsa da və təcavüzə qarşı kollektiv hərbi tədbir görməkdə onun imkanları nə qədər məhdud olsa da, bir millətin mütləq hökmranlıq bütünün sınması faktını heç kəs dana bilməz.
İrqi və milli təəssübkeşliklər də belə iddialara qarşı barışmaz olan tarixi proseslər tərəfindən bu cür təsirə məruz qalmışdır. Keçmişdən imtina burada daha da qətiyyətlə baş verir. Bu gün irqçilik iyirminci əsrin dəhşətləri ilə bağlı olduğuna görə o qədər lənətlənmişdir ki, haradasa ruhi xəstəlik xarakteri almışdır. Dünyanın bir çox yerlərində sosial münasibətlər şəklində hələ də yaşayan və bəşəriyyətin əhəmiyyətli hissəsinin həyatını daxildən yeyən mərəz kimi qalan irqi təəssübkeşlik hər yerdə prinsipcə o qədər lənətlənir ki, heç bir insan qrupu sakitcə özünə icazə verə bilmir ki, adı bununla eyniləşdirilsin.
Bu, o demək deyildir ki, keçmişin qaranlığı aradan qalxıb və yeni işıq dünyası doğulub. Çox sayda insanlar dərin kök salmış etnik, cinsi, milli, kasta və sinfi təəssübkeşliklərinin təsirlərini öz üzərlərində hiss etməkdə davam edirlər. Bütün bunlar göstərir ki, belə ədalətsizliklər hələ uzun müddət davam edəcəkdir, çünki bəşəriyyətin yeni münasibətlər qaydası yaratmaq və məzlumların taleyini yüngülləşdirmək üçün qurduğu ictimai institutlar və standartlar çox yavaş qüvvə toplayır. Bəlkə daha çox, elə bir sərhəd aşılmışdır ki, ondan geri dönmək daha imkansız görünür. Fundamental prinsiplər müəyyən olunmuş, dəqiq ifadə edilmiş, ictimai rəyə təqdim olunmuş və onları ictimai davranışa tətbiq edə bilən institutlarda tədricən istifadə olunmağa başlanmışdır. Heç şübhə yoxdur ki, mübarizə nə qədər uzun və ağrılı olsa da, nəticə bütün xalqlar arasında və kütlələr səviyyəsində münasibətlərin kəskin şəkildə dəyişməsi olacaqdır.
İkinci Bölmə
İYİRMİNCİ ƏSRİN BAŞLANĞICINDA dini təəssübkeşliyin digər təəssübkeşliklərə nisbətən dəyişdirici qüvvələr qarşısında daha çox geri çəkilməsi müşahidə olunurdu. Qərbdə, bu zaman elmi nailiyyətlər artıq bəzi sektant istisnalığının mərkəzi sütunlarına ciddi zərbələr vurmuşdu. İnsan nəslinin təsəvvüründə özü haqqında baş verən dəyişikliklər kontekstində din sahəsində olan irəliləyişlərdən ən ümidvericisi dinlərarası hərəkat idi. 1893-cü ildə Çikaqoda keçirilən Ümumdünya Sərgisi, özünün ruhani və mənəvi uyum, həmrəylik baxışı ilə bütün qitələrin sakinlərinin təsəvvürlərinə hakim kəsilən və Sərginin nümayiş etdirdiyi heyrətamiz elmi, texnoloji və ticari nailiyyətləri kölgədə qoyan məşhur “Dinlərin Parlamenti”nin yaranmasına səbəb olmaqla, hətta özünün iddialı təşkilatçılarını belə təəccübdəndirdi.
Bir sözlə, sanki qədim divarlar uçurulmuşdu. Din sahəsində nüfuzlu mütəfəkkirlərin fikrincə, bu toplantı “dünya tarixində bərabəri olmayan”, misilsiz bir toplantı idi. Parlament, onun görkəmli təşkilatçısının sözlərinə görə, “dünyanı kor-koranə tərəfkeşlikdən,dözümsüzlükdən azad etdi”. Zəngin təsəvvürə malik liderlik, öncədən inamla deyildiyi kimi, fürsətdən istifadə edər və yer üzünün qədimdən parçalanmış dini icmalarında yeni çiçəklənmə və tərəqqi dünyasının mənəvi əsaslarını təmin edəcək qardaşlıq ruhu oyada bilərdi. Beləliklə, bu cür ruhlandırılmış dinlərarası müxtəlif növ hərəkatlar kök atdı və çiçəklənməyə başladı. Müxtəlif dillərdə mövcud olan çoxlu ədəbiyyat, istər inanan, istərsə də qeyri-inanan olsun, geniş ictimaiyyətə bütün böyük dinlərin prinsiplərini təqdim etdi və radio, televiziya, kino və nəhayət internet tərəfindən dərin maraqla qarşılandı. Ali təhsil müəssisələri müqayisəli dinşünaslığı öyrənmək üçün akademik proqramlar hazırlayıb tətbiq etməyə başladılar. Əsrin sonunda, bir neçə onilliklər əvvəl ağılasığmaz olan dinlərarası ibadət xidmətləri hər yerdə adi bir hadisəyə çevrildi.
Əfsus ki, bu təşəbbüslərdə intellektual cəhətdən uzlaşma və ruhani öhdəlik hissi çatışmır. Bəşəriyyətin qalan digər sosial münasibətlərini transformasiya etdirən birləşmə proseslərinə əks olaraq, dərin kök salmış sektant düşüncəsi dünyanın bütün böyük dinlərinin mahiyyətcə və əsasına görə eyni dərəcədə gerçək olması fikrinə qarşı inadkarlıqla durmaqdadır. İrqlərarası inteqrasiyanın tərəqqi etməsi sadəcə sentimentallıq və ya hər hansı strategiyanın ifadəsi olan bir proses deyildir, bu, Yer kürəsi xalqlarının yeganə bir nəsil olmasını qəbul etməkdən irəli gəlir, o nəsil ki, onun müxtəlif irqləri arasında olan fərqlər öz-özlüyündə irqin fərdi üzvlərinə heç bir imtiyaz vermir və ya heç bir məhdudiyyət qoymur. Eynilə də, qadınların emansipasiyası qadınların kişilərlə tam bərabərliyini və qızların oğlanlarla bərabər təhsil imkanlarını inkar etməyə haqq qazandıran nə bioloji, nə sosial, nə də mənəvi əsası olmamasının həm ictimai institutlar, həm də ictimai fikir tərəfindən razılıqla qəbul edilməsilə nəticələnmişdir. Bu cür də, bəzi millətlərin inkişafda olan sivilizasiyanın qurulmasına verdiyi töhfələrin qiymətləndirilməsi heç də başqa millətlərin bu prosesə verə biləcəyi çox az şeyin olduğunu və ya heç bir şeyinin olmadığını ifadə edən keçmişdən miras qalmış illüziyanı təsdiq etmir.
Belə görünür ki, din liderlərinin çox hissəsi bu cür fundamental reorientasiyanı həyata keçirməyə qabil deyildir. Cəmiyyətin digər hissəsi bəşəriyyətin birliyini sadəcə sivilizasiyanın növbəti qaçılmaz addımı kimi deyil, kollektiv tariximizin bizim insan nəslinin yaxınlaşdığı bu böhranlı anında həm də müxtəlif qrupların özünüdərkinin gerçəkləşməsi kimi qəbul edir. Bununla belə, mütəşəkkil dinin böyük hissəsi gələcəyin astanasında iflic olmuş vəziyyətdə dayanmış və Yer üzü insanlarını parçalayan bəzi ən acı konfliktlərin yaranmasında məsuliyyət daşıyan həqiqətə müstəsna imtiyazı olma iddialarının və ehkamlarının məngənəsində sıxılıb qalmışdır.
İnsan rifahı üçün bu, dağıdıcı nəticələrə gətirib çıxarır. Dinin adını rüsvay edən fanatizm partlayışları üzündən bədbəxt insanların üzərinə yağan dəhşətləri ətraflı sadalamağa ehtiyac yoxdur. Bu heç də yeni fenomen deyildir. Çoxlu misallardan ancaq birini gətirməli olsaq, on altıncı əsr Avropasının dini müharibələri, qitənin bütün əhalisinin otuz faizinin həyatı bahasına başa gəlmişdi. Belə konfliktlərə rəvac verən sektant ehkamçılığının kor qüvvələrinin insanların şüurunda əkdiyi toxumların nə kimi məhsul verdiyi üzərində düşünülməlidir.
Bu hesaba, dinin, onun dünyadakı hadisələrin formalaşmasında məhz ona xas olan həlledici rol oynamaq qabiliyyətini hər hansı digər faktordan daha çox onun əlindən alan vicdana xəyanət də əlavə edilməlidir. İnsanın enerjisini tükəndirən və zəiflədən cari məsələlərdə ilişib qalmış dini institutlar çox vaxt gerçəkliyin araşdırılmasında və insan nəslini fərqləndirən intellektual qabiliyyətləri işlətməkdə mane olan ən başlıca qüvvələr olurdular. Əgər onlar öz məsuliyyətlərini kifayət dərəcədə yerinə yetirməməklə inananları bu təsirlərə məruz qoyub köməksiz buraxdıqlarını səmimi etiraf etməsələr, materializm və terrorizmin pislənməsi indiki mənəvi böhranla mübarizədə real kömək ola bilməyəcək.
Bu cür düşüncələr, onlar nə qədər ağrılı olsa da, heç də mütəşəkkil dini günahlandırmır, bəlkə onun malik olduğu misilsiz gücü xatırladır. Hamımıza yaxşı məlum olduğu kimi, din, insan motivasiyasının lap əsasına toxunur. O, dünyaya əzəmətli dini inam sistemlərini vermiş qeyri-adi Şəxslərin ruhu və nümunəsinə sədaqətli olduqda, bütöv millətlərdə sevgi, bağışlamaq, yaratmaq, cəsarət, təəssübkeşlikləri aşıb keçmə, ümumun rifahı naminə fədakarlıq və heyvani instiktlərin impulslarını tərbiyə etmək qabiliyyətləri oyadır. Mübahisəsiz, insan təbiətinin mədəniləşməsində yaradıcı qüvvə, geriyə, tarixi səlnamənin ilk dövrlərinə qədər gedib çıxan bu İlahi Zühurların ardıcıllığının təsiri olmuşdur.
Keçmiş əsrlərdə bu cür effektlə işləmiş məhz həmin bu qüvvə, insan şüurunun sönməz xüsusiyyəti kimi qalmaqdadır. Heç bir şeyə baxmadan, əhəmiyyətli dərəcədə köməklə, yoldakı maneələri aşaraq, o saysız-hesabsız milyonların yaşamaq uğrunda mübarizəsində onlara güc verməkdə və bütün ölkələrdə həyatları onların müvafiq dinlərinin yazılarında ifadə olunan prinsiplərin inandırıcı sübutu olan qəhrəman və müqəddəsləri ruhlandırmaqda davam edir. Sivilizasiyanın istiqamətinin göstərdiyi kimi, din habelə sosial münasibətlərin strukturuna dərin təsir etmək qabiliyyətinə malikdir. Doğrudan da, bunu təsəvvür etmək çox çətin olardı ki, sivilizasiyanın hər hansı fundamental irəliləyişinin özünün mənəvi hərəkətverici qüvvəsini bu dəyişməz mənbədən almasın. Onda inandırıcı olarmı ki, planetin minlərlə illər ərzində formalaşma prosesinin kulminasiya mərhələsinə keçidi ruhani boşluqda baş versin? Yenicə keçən əsrdə hökm sürən mənəviyyatsız ideologiyalar heç bir fayda vermədisə də, hər halda onlar qəti şəkildə insan təxəyyülü hüdudunda olan alternativlərin bu ehtiyacı ödəyə bilməyəcəyini nümayiş etdirdilər.
Üçüncü Bölmə
BU GÜNÜN VƏZİFƏLƏRİ Həzrət Bəhaullah tərəfindən bir əsrdən də çox əvvəl yazılmış və sonrakı onilliklərdə daha da geniş yayılan sözlərdə ümumiləşdirilmişdir:
“Heç şübhə ola bilməz ki, dünyanın insanları, irqi və ya dini mənsubiyyətlərindən asılı olmayaraq, bir İlahi Mənbədən ilham alır və bir Allaha itaət edirlər. Onların itaət etdikləri hökmlər arasındakı fərqlər onların nazil olduğu əsrin ehtiyacı və tələbinə görədir. Onların hamısı, insanların təhrifinin nəticəsi olan bir neçəsindən başqa, Allah tərəfindən hökm olunmuşdur və Onun İradəsinin və Məqsədinin ifadəsidir. Qalxın və iman gücü ilə silahlanaraq bihudə xəyallarınızın sizin aranızda ixtilaf salan bütlərini sındırıb dağıdın. Sizi yaxınlaşdıran və birləşdirən şeylərdən yapışın”.
Belə müraciət dünyanın böyük inam sistemlərindən heç birinin fundamental həqiqətlərinə olan inamı tərk etməyə çağırmır. Tamamilə əksinə. Dinin özünün tələbləri vardır və özü-özünün haqlığına sübutdur. Başqalarının inandıqları və ya inanmadıqları şey hər hansı başqa bir insanın vicdanı üçün danışmağa belə layiq meyar ola bilməz. Yuxarıda deyilən sözlərin birmənalı şəkildə təkidlə tövsiyə etdiyi odur ki, köklərini ruhun həyatının ətrafına sararaq birliyə aparan səyləri boğan, nifrət və zorakılığa şərait yaradan yeganə güclü faktor olan istisnalıq və sonluq iddialarından əl çəkilsin.
Biz hesab edirik ki, əgər dini liderlik, ümumiyyətlə, iyirminci əsrin dəyişikliklərinin təsiri altında formalaşan qlobal cəmiyyətdə bir əhəmiyyət kəsb edirsə, bu tarixi çağırışa cavab verməlidir. Açıqca görünür ki, getdikcə daha çox insanlar bu fikrə gəlirlər ki, bütün dinlərin əsasında duran həqiqət mahiyyətcə birdir. Bu anlayış teoloji disputların həll olunması yolu ilə deyil, başqaları ilə hər zaman genişlənən ünsiyyət təcrübəsindən və bəşər ailəsinin vahidliyi fikrinin oyanmasından doğan intuitiv dərketmədən irəli gəlir. Yox olmuş dünyalardan miras qalmış dini ehkamların, ritual və qanunlar toplusunun qarışıqlığından belə bir hiss yaranır ki, ruhani həyat—necə ki, birlik müxtəlif millətlərdə, irqlərdə və mədəniyyətlərdə təzahür edir—o da hər kəs üçün eyni dərəcədə açıq olan vahid qeyri-məhdud gerçəklikdən ibarətdir. Bu formalaşmamış və hələ tam aydın olmayan anlayışın möhkəmlənməsi və barış dünyasının qurulmasına effektiv təsir etməsi üçün o, hətta bu gec saatlarda Yer üzü sakinlərinin rəhbərlik üçün üz tutduqları kəslərin tam səmimi köməkliklərini almalıdır.
Əlbəttə, dünyanın əsas dini cərəyanlarının sosial qanunları və ibadət formaları arasında geniş fərqlər vardır. Min illər ərzində İlahi vəhylərin ardıcıl olaraq həmişə inkişafda olan sivilizasiyanın dəyişən tələbatlarına ünvanlandıqları nəzərə alınarsa, bu çətin ki, başqa cür olardı. Həqiqətən, əsas dinlərin yazılarının çoxunun ayrılmaz cəhəti, dinin təkamül xarakterli olması prinsipinin, bu və ya digər formada ifadəsidir. Ruhani təcrübəni zənginləşdirməli olan mədəni irsin təəssübkeşlik və yadlaşma üçün istifadə olunmasına mənəviyyat baxımından heç cür haqq qazandırıla bilməz. Ruhun birinci dərəcəli vəzifəsi həmişə o olacaq ki, reallığı araşdırsın, inandığı həqiqətlərə uyğun yaşasın və bu cür edən başqa ruhların da səylərinə tam ehtiramla yanaşsın.
Belə bir etiraz ola bilər ki, əgər bütün böyük dinlərin mənşəcə Allahdan olduğu etiraf edilsə, onda bu, insanların bir dindən başqa bir dinə keçməsinə ruhlandıracaq, ən azı bu prosesi asanlaşdıracaqdır. Bu belədir, ya belə deyil, belə bir etiraz, bu Yer dünyasının hüdudlarını aşan başqa bir dünyanın olduğunu dərk edən insanların qarşısında tarixin nəhayət açdığı imkanların müqabilində və belə bir anlayışın qoyduğu məsuliyyətin müqabilində ikinci dərəcəli əhəmiyyətə malikdir. Böyük dinlərin hər biri mənəvi xarakter tərbiyə etməkdə özünün effektivliyinə təsirli və etibarlı sübut gətirə bilər. Eynilə, heç kəs tam əminliklə təsdiq edə bilməz ki, dözümsüzlük və mövhumatın yaranmasında hər hansı ayrıca dinə məxsus olan doktrinalar, başqa dinə aid olan doktrinalara nisbətən daha az və ya çox dərəcədə təsir etmişdir. İnteqrasiya edən dünyada qarşılıqlı ünsiyyət və hərəkət modelləri davamlı dəyişmə prosesinə məruz qalacaq və hər hansı növ institutların rolu ondan ibarət olmalıdır ki, bu prosesdən birliyə kömək üçün necə istifadə oluna bilər. Son nəticənin ruhani, mənəvi və sosial cəhətdən sağlam olacağının təminatı, Yer kürəsində məskən salmış insan kütlələrinin ona inamıdır ki, Kainat insanların şıltaqlığı ilə deyil, qayğıkeş və qüsursuz İlahi Qüvvə tərəfindən idarə olunur.
Millətləri ayıran sədlərin dağılması ilə yanaşı, bizim əsr, keçmişdə hesab olunduğu kimi, Göyün həyatını Yerin həyatından sanki həmişəlik ayıran nə vaxtsa yıxılmaz divarın uçulmasının şahidi olmaqdadır. Bütün dinlərin yazıları möminləri həmişə öyrədirdilər ki, başqalarına xidmətə yalnız mənəvi borc kimi deyil, həm də ruhun özünün Allaha yaxınlaşması üçün bir vasitə kimi baxsınlar. Bu gün, cəmiyyətdə gedən mütərəqqi yenidənqurma, bu tanış təlimə yeni baxış verir. Dünyanın ədalətli prinsiplərlə canlanması haqda qədim vəd yavaş-yavaş real hədəf kimi görünməyə başladıqca, ruhun və eləcə də cəmiyyətin tələbatlarının ödənilməsinə getdikcə kamil ruhani həyatın bir-birini qarşılıqlı tamamlayan aspektləri kimi baxılacaqdır.
Əgər dini liderlər bu son vəziyyətin ortaya qoyduğu çağırışa cavab versələr, onda bu cavab, dinin və elmin, onların vasitəsilə şüurun potensial imkanlarının inkişaf etdiyi iki zəruri bilik sistemi kimi qəbul edilmələrindən başlamalıdır. Bir–birilə ziddiyət təşkil etmədən, ağlın gerçəkliyi araşdırmasının bu iki fundamental metodu bir birindən asılıdır və tarixin, onların bir-birini tamamlama təbiətinin tanındığı və bir-birilə birlikdə işləyə bildikləri o nadir, lakin xoşbəxt dövrlərində daha çox bəhrə vermişlər. Elmi tərəqqinin doğurduğu kəşf və qabiliyyətlərin lazımi şəkildə istifadə olunması üçün həmişə ruhani və mənəvi prinsiplərin rəhbərliyinə ehtiyac vardır; dini inamlar, onlar nə qədər əziz olsalar da, könüllü şəkildə və minnətdarlıqla elmi metodlarla qərəzsiz yoxlanılmaq üçün təqdim olunmalıdır.
Biz, nəhayət, birbaşa vicdana toxunduğu üçün müəyyən dərəcədə ehtiyatla yanaşdığımız bir məsələyə gəlib çıxırıq. Dünyanın təklif etdiyi bir çox şirnikdirici şeylər arasında, heç də təəcüblü deyil ki, dini liderləri narahat edən sınaq(imtahan) hakimiyyətin dini məsələlərdə istifadə olunmasıdır. Uzun illər həyatını bu və ya digər dinin yazılarını cəhdlə öyrənməyə və onlar üzərində düşünməyə həsr edənlərdən heç birinə tez-tez təkrarlanan aksiomu xatırlatmağa ehtiyac yoxdur ki, hakimiyyətin pozuculuq potensialı vardır və bu, hakimiyyət genişləndikcə artır. Bu sahədə çoxlu ruhanilərin bütün əsrlər boyu qazandıqları elan olunmamış daxili qələbələr, şübhəsiz, mütəşəkkil dinin yaradıcılıq gücünün əsas mənbəyi olmuş və onun ən üstün fərqlərindən biri kimi qiymətləndirilməlidir. Eyni dərəcədə, digər dini liderlərin dünyəvi hakimiyyətin və imtiyazın cazibəsinə təslim olması bunu müşahidə edənlər arasında ədəbsizlik, pozğunluq və ümidsizlik üçün münbit zəmin yaradırdı. Bunun, dini liderlərin öz sosial vəzifələrini yerinə yetirmələrində onların qabiliyyətlərinə bu tarixi anda necə təsir etməsi barədə ətraflı izahata ehtiyac yoxdur.
Dördüncü Bölmə
XARAKTERİN NƏCİBLƏŞDİRİLMƏSİ VƏ münasibətlərin ahəngdar edilməsi ilə birbaşa əlaqədar olmaq etibarilə din bütün tarix boyunca həyata məna verən əsas qüvvə olmuşdur. Hər bir əsrdə o, xeyirxahlıq tərbiyə etmiş, şəri pisləmiş və görmək istəyənlərin nəzərinə indiyədək görünməmiş imkanların mənzərəsini açmışdır. Onun məsləhəti ilə düşünən qəlb dünyanın onun üzərinə qoyduğu məhdudiyyəti aşmaq və öz potensialını açmaq üçün ilham alır. Adının verdiyi məna kimi, din eyni zamanda bütün böyük və mürəkkəb ictimai sistemlərdə cürbəcür xalqları bir yerə yığan əsas qüvvə kimi çıxış etmiş və beləliklə, bunun vasitəsilə insanın üzə çıxmış qabiliyyətləri öz ifadəsini tapa bilmişdi. Bu əsrin üstünlüyü o baxışdadır ki, bu baxış bütün insan nəslinə bu sivilizasiyanın inkişafına vahid bir hadisə, bizim dünyanın Allahın aləmi ilə dövri olaraq baş verən təması kimi baxmasına imkan verir.
Gələcəyə bu baxışdan ruhlanaraq, Bəhai icması yarandığı andan bəri dinlərarası fəaliyyətin səyli təşəbbüskarı olmuşdur. Belə bir fəaliyyətin gedişində baş qaldıran yüksək dəyərli münasibətlərdən başqa, bəhailər müxtəlif dinlərin yaxınlaşması cəhdlərində, kollektiv olaraq həddi-buluğa yetişmə dövrünə qədəm qoyan insan nəsli(bəşər) üçün İlahi İradənin istəyinə cavabı görürlər. Bizim icmamızın üzvləri bacardıqları hər bir yolla bu işdə kömək etməkdə davam edəcəklər. Bununla belə, bu birgə səylərimizdə biz öz partnyorlarımız qarşısında inamımızı aydın ifadə etməyi özümüzə borc bilirik ki, dinlərarası hər bir əməkdaşlıq, əgər o, ümidsiz bəşəriyyəti sarmış bəlaların sağaldılmasına əhəmiyyətli dərəcədə kömək etməyə yönəlibsə, indi səmimiyyətlə və sonradan boyun qaçırmayaraq hər şeyi əhatə edən və elə bu hərəkətin özünü doğuran həqiqətə üz tutmalıdır, o həqiqət ki, Allah birdir və mədəniyyət təzahürlərinin və insan şərhlərinin müxtəlifliyinə baxmayaraq, din də həmçinin birdir.
Hər gün keçdikcə, dini təəssübkeşlik ocaqlarının alışma təhlükəsi böyüyür ki, bu, nəticələri təsəvvürə gəlməyən dünya miqyaslı böyük yanğına çevrilə bilər. Belə bir təhlükə hökumət tərəfindən təkbaşına aradan qaldırıla bilməz. Biz özümüzü də aldatmalı deyilik ki, qarşılıqlı dözümlülüyə edilən çağırışlar, öz-özlüyündə, İlahi xeyir-dua alması iddiasında olan düşmənçilik təzahürlərini söndürəcəkdir. Bu böhran cəmiyyətin diqqətini eyni dərəcədə dağıdıcı olan irqi, milli və cinsi təəsübkeşliyə yönəldən digər liderlərin etdikləri kimi, dini liderlərdən də keçmişdən qətiyyətlə ayrılmağı tələb edir. Vicdan məsələlərində başqalarına təsir göstərməyin imkan verilən yeganə səbəbi ancaq insan rifahına xidmət ola bilər. Sivilizasiyanın bu əzəmətli dönüş mərhələsində belə xidmət üçün tələblər bundan da artıq aydın ola bilməz. “Bəşəriyyətin birliyi tamamilə bərqərar olmayınca”, —Həzrət Bəhaullah inandırır, —“onun rifahına, əmin-amanlığına və təhlükəsizliyinə nail olmaq qeyri-mümkündür”.
Ümumdünya Ədalət Evi