top of page

 

 

Yeddi Vadi

Həzrət Bəhaullah

Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili


 

 

Mündəricat


Ön Söz                                                                                        4
Axtarış Vadisi                                                                           6
Eşq Vadisi                                                                                 9
Mərifət Vadisi                                                                          12
Tövhid Vadisi                                                                           16
Ehtiyacsızlıq Vadisi                                                                23
Heyrət Vadisi                                                                           25
Həqiqi Yoxsulluq Və Tam Fanilik Vadisi                           28

 


Ön Söz
 
Mərhəmətli və Rəhmli Allahın Adı ilə!
Həmd olsun o Allaha ki, varlığı yoxluqdan aşkara çıxardı, insanın lövhünə əzəli sirləri həkk etdi, Bəyan ilə ona bilmədiklərini öyrətdi, onu iman gətirənlər və təslim olanlar üçün aydın bir Kitab etdi, bu qaranlıq və fəlakətli zamanda bütün şeylərin yaradılışına şahid gətirdi. Və onu əbədiyyət qütbündə Kəramətli görkəmdə ecazkar bir ahənglə danışdırdı ki, hamı özlüyündə və özü üçün Rəbbinin təzahür etdiyi məqamda Ondan başqa Allah olmadığını təsdiq etsin, bununla da hamı həqiqətlər zirvəsinə çatsın, hər kəs müşahidə etdiyi hər bir şeydə yalnız Allahı görsün.


Və salam və salavat olsun İlahi Mahiyyət dəryasından ayrılan ilk dənizə, Əhədiyyət Üfüqündən açılan ilk sabaha, Əzəliyyət Səmasından çıxan ilk günəşə, Əzəl Çırağının Vahidlik taxtında yanan ilk alova ki, Mələkut aləmində Əhməd, yaxınlar arasında Məhəmməd və sadiqlər səltənətində Mahmud idi. “Hansını desəniz, fərqi yoxdur ”, çünki ariflərin qəlbində “ən gözəl adlar yalnız Ona məxsusdur ”. Və Onun nəslinə və əshabələrinə bolluca, daimi və əbədi salamlar olsun!


Sonra isə bil ki, Mən sənin ürəyinin sidrəsinin budaqları üzərində irfan göyərçininin nə oxuduğunu eşitdim və sənin qəlbinin ağaçının şaxələri üzərində iqan qumrusunun hansı nəğməni söylədiyini bildim. Sanki Mən sənin məhəbbət köynəyinin pak ətirlərini duydum və məktubunu nəzərdən keçirərkən, büsbütün sənin hüzurunu hiss etdim. Sənin Allahda fani olmağın və Onunla baqi olmağın barədə qeydlərini, Allahın dostlarına, onun Adlarının Məzhərlərinə və Onun Sifətlərinin şəfəqlərinə məhəbbətini gördükdə, sənin üçün çəlal mərtəbələrindən müqəddəs və parlaq işarələri xatırladıram, ta ki sən qüdsiyyət, yaxınlıq və gözəllik məkanına cəzb olunasan və elə bir məqama yetişəsən ki, varlıqda Həzrət Məhbubunun Üzündən başqa bir şey görməyəsən və bütün məxluqatı yalnız heç kəsin xatırlamadığı gündə olduğu kimi müşahidə edəsən.


Bu, Əhədiyyət bülbülünün Qövsiyyə bağında oxuduğu nəğmədir. O, deyib: “Və sənin qəlbinin lövhəsində “Allahdan çəkinin, Allah sizi öyrədir ” kəlamının incə sirlərinin yazısı aşkar olar və sənin ruhunun quşu əzəl yuvalarını xatırlayaraq, şövq qanadları ilə “Rəbbinin göstərdiyi yolla get! ” fəzasında uçar və “bütün meyvələrdən yeyin ” bağlarındakı ünsiyyət meyvələrini dərər”.


Ey dost, and olsun canıma, əgər sən Mahiyyət nurlarının adlar və sifətlər güzgülərində parlaması sayəsində mərifət torpaqlarında bitən bu yaşıl sünbüllərin bu meyvələrindən dadsan, şövq sənin səbr və dözümünün cilovunu əlindən alar, sənin ruhun nurların bərq vurmasından ehtizaza gələr və səni bu torpaq vətənindən mənalar qütbündəki əsl ilahi vətəninə doğru çəkərək, elə bir məqama qaldırar ki, sən torpaqda gəzdiyin kimi havada uçar və yerdə getdiyin kimi suyun üzü ilə yeriyərsən.


Xoş Mənim, sənin və o kəsin halına ki, irfan səmasına ucaldı və sirrinin bağçasına Rəhmanın Səbasından yəqinlik yelinin əsməsi sayəsində könlü təravətləndi. Və salam olsun doğru yolla gedənlərə!
 

 


Axtarış Vadisi


TORPAQ MƏSKƏNİNDƏN İLAHİ vətənə səfər edən yolçular üçün yeddi məqam müəyyən etmişlər. Belə ki, bəziləri yeddi vadidən, bəziləri isə yeddi şəhərdən söz açmış və demişlər ki, yolçu özünü tərk edib bu mərhələlərdən keçməyincə, yaxınlıq və vüsal dəryasına daxil ola bilməz və bənzərsiz şərabdan dada bilməz. Bunlardan birincisi Axtarış vadisidir. Həmin vadinin miniyi səbrdir. Müsafir bu səfərdə səbr etmədən heç bir yerə çata bilməz və məqsədinə yetişməz. O, heç vaxt ruhdan düşməməlidir; əgər yüz min il çalışsa və Yarın camalını görməsə belə, pərişan olmamalıdır. Çünki “Bizdən ötrü ” Kəbəsinə can atanlar “onlara öz yollarımızı göstərərik” müjdəsi ilə sevinərlər və axtarışda xidmət kəmərini son dərəcə möhkəm bağlayarlar. Onlar hər an qəflət məkanından axtarış aləminə səfər edərlər―heç bir zəncir onlara mane ola bilməz, heç bir öyüd onların qarşısını kəsə bilməz.


Belə bəndələr üçün vacib şərt odur ki, ilahi xəzinənin mənbəyi olan ürəklərini hər cür naxışlardan təmizləsinlər, ata-babaların təsirindən irəli gələn təqliddən üz çevirsinlər, bütün yer əhlinin üzünə dostluq və düşmənçilik qapılarını bağlasınlar.


Bu səfərdə axtaran kəs elə bir məqama çatar ki, bütün mövcudatın Yarın axtarışında sərkərdan olduğunu görər: Yusifin axtarışında avara qalmış neçə-neçə Yaqublar görər; Məhbubun axtarışında ora-bura qaçan bir aləm həbib görər; Məşuqun arxasınça yola düşmüş bir dünya aşiq görər. O hər an bir şeyin şahidi olar və hər saat bir sirdən xəbər tutar. Çünki o, hər iki aləmi ürəyindən çıxarmış və Cananın Kəbəsinə yollanmışdır. Hər addımda ona qeybdən bir kömək yetişər və onun axtarış şövqü daha da artar.


Axtarışın səviyyəsini eşq Məcnunu ilə ölçmək lazımdır. Belə nəql edirlər ki, bir gün Məcnunun torpağı əliyərək göz yaşı tökdüyünü gördülər. Dedilər: “Nə edirsən?” Dedi: “Leylini axtarıram”. Dedilər: “Vay sənin halına, Leyli pak bir ruhdandır, sən isə onu torpaqda axtarırsan!” Dedi: “Mən onu hər yerdə axtarmağa çalışıram ki, bəlkə bir yerdə tapa bildim”.
 
Bəli, Rəbblər Rəbbini torpaqda aramaq aqil yanında qəbahətli bir iş olsa da, səy və axtarışın kamilliyinə dəlalət edir. “Kim bir şeyi ciddi-cəhdlə axtararsa, tapar ”. Sədaqətli axtaran axtardığına çatmaqdan özgə bir şey istəməz, həbibin Məhbuba qovuşmaqdan savayı məqsədi olmaz. Axtaran kəs istədiyi məqsədə yalnız hər şeydən keçməklə çata bilər. Yəni o, gördüyü, eşitdiyi və bildiyi bütün şeyləri bir “yox”la inkar etməlidir ki, can diyarında “İllallah” şəhərinə yetişsin. Onu axtarmaq üçün səy göstərməliyik, Onun vüsal şərbətindən içməkdən ötrü cəhd etməliyik. Əgər bu piyalədən içsək, aləmi unudarıq.


Yolçu bu səfərdə hər yerdə oturar və hər ölkədə məskən salar, hər bir üzdə Yarın camalını arayar və hər bir diyarda Cananı soraqlayar. O, hər məclisə qoşular və hər kəslə yoldaşlıq edər ki, bəlkə hansı bir başdasa Məhbubun sirrini görsün, yaxud hansı bir üzdəsə Məhbubun camalını müşahidə etsin.
 


 
Eşq Vadisi


ƏGƏR BU SƏFƏRDƏ o, Allahın yardımı ilə nişanəsiz Yardan bir nişan taparsa və Əhədiyyət müjdəçisindən itmiş Yusifin ətrini alarsa, dərhal Eşq vadisinə qədəm qoyar və eşq odundan əriyər. Bu şəhərdə cazibə səması ucalar, dünyanı işıqlandıran şövq günəşi parlayar və eşq atəşi alovlanar. Eşq atəşi alovlandımı ağıl xırmanı büsbütün yanar. Bu zaman yolçunun özündən və başqalarından xəbəri olmaz: nə cahillik bilər, nə elm; nə şəkk bilər, nə yəqinlik; nə hidayət sübhünü tanıyar, nə də azğınlıq gecəsini. O, küfr və imanın hər ikisindən qaçar və öldürücü zəhər ona xoş gələr. Buna görə də Əttar  deyib:
 
Küfr kafirin, din dindarın olsun
Sənin dərdinin bir zərrəsi isə Əttarın ürəyinin


Bu vadinin miniyi dərddir. Əgər dərd olmazsa, bu səfər heç vaxt başa çatmaz. Bu məqamda aşiqin Məşuqdan özgə bir xəyalı olmaz və Məhbubdan savayı heç kəsdə pənah axtarmaz. Hər an yüz canı Cananın yolunda qurban verər və hər addımda min başı Yarın ayaqları altına atar.


Ey mənim qardaşım! Sən eşq şəhərinə daxil olmayınca, Yarın camalının Yusifinə qovuşa bilməzsən, Yaqub kimi zahiri gözündən keçməyincə, batini gözünü aça bilməzsən və eşq oduna yanmayınca, şövqündə olduğun Canana yetişməzsən.


Aşiqin heç nədən qorxusu yoxdur və heç bir bəladan ona ziyan dəyməz. Onu odda soyuq görərsən, dəryada quru taparsan.


Aşiqin nişanı odur ki, onu cəhənnəmdə şövqlü görərsən,
Arifin nişanı odur ki, onu dəryada quru görərsən.


Eşq varlığı qəbul etməz və həyatı istəməz: o, həyatı ölümdə görər, izzəti zillətdə axtarar. Gərək çoxlu huşun olsun ki, eşqin coşmasına layiq olasan; gərək çoxlu başın olsun ki, Yarın kəməndinə düşməyə qabil olasan. Bəxtəvərdir o boyun ki, onun kəməndinə düşər və xoşbəxtdir o baş ki, Onun məhəbbəti yolunda torpağa düşər.


Elə isə, ey dost, özünə biganə ol ki, Yeganəni tanıyasan; fani dünyadan keç ki, ilahi yuvada məskən salasan. Gərək sən yox olasan ki, varlıq odunu yandıra biləsən və eşq yoluna qəbul ediləsən.


Eşq diri canı qəbul etməz,
Şahin ölü siçanı ovlamaz.
 
Eşq hər an bir aləmi yandırar və hansı diyarda bayrağını ucaltsa, oranı viran qoyar. Onun məmləkətində varlıq mövcud deyil, onun səltənətində ağıllılara yer yoxdur. Eşq əjdahası ağıl ustadını udar və bilik müəllimini ovlayar; yeddi dərya içsə də, ürəyinin yanğısı sönməz və “yenə varmı? ” deyər; özünə yad olar və aləmdə olan hər şeydən kənar gəzər.


Eşq hər iki aləmə biganədir
Onda yetmiş iki divanəlik var. 


Yüz minlərlə məzlum onun kəməndinə düşüb və yüz minlərlə arif onun oxu ilə yaralanıb. Dünyada nə qırmızılıq görsən, onun qəzəbindən bil, üzlərdə nə sarılıq görsən, onun zəhərindən say! O, fənadan başqa bir dərman verməz və yoxluq vadisindən savayı bir yerə qədəm basmaz, lakin aşiqin ağzında onun zəhəri baldan şirindir, axtaranın nəzərində onun fənası yüz min bəqadan  xoşdur. Elə isə şeytani nəfsin pərdələri eşq odu ilə yandırılmalıdır ki, ruh “əgər sən olmasaydın ” Sahibinin məqamlarını dərk etmək təmizlənsin və paklaşsın.


Eşq odunu alovlandır və bütün varlıqları yandır,
Sonra da addım atıb aşiqlərin məhəlləsinə daxil ol 
 
 


Mərifət Vadisi


ƏGƏR AŞİQ XALİQİN köməyi ilə eşq şahininin dimdiyindən salamat qurtararsa, Mərifət ölkəsinə varid olar və şəkdən yəqinliyə yetişər, nəfsani istəklərin azdırıcı zülmətindən Allahdan çəkinməyin doğru yol göstərən nuruna qayıdar, bəsirət gözü açılar, öz həbibi ilə dərdləşməyə başlar, həqiqət və ehtiyac qapısını açıb məcaz qapılarını bağlar. Bu məqamda o, qəzavü-qədərlə razılaşar, müharibəni sülh bilər, fənada bəqanın mənalarını anlar, zahiri və batini gözü ilə xilqət üfüqlərində və bəndələrin nəfslərində qiyamətin sirlərini görər, ruhani könlü ilə intəhasız ilahi məzhərlərdə əbədi hikməti seyr edər. O, dəryada qətrəni görər və qətrədə dəryanın sirlərini müşahidə edər.


Hər hansı bir zərrənin ürəyini yarsan,
Onun içərisində bir günəş görərsən.
 
Bu vadidə yolçu haqqın xilqətində mütləq baxımdan ziddiyyət və əkslik görməz və hər an söyləyər: “Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb səmaya bax: heç orada bir qüsur görə bilərsənmi?! ” O, zülmdə ədalət görər və ədalətdə mərhəmət müşahidə edər; cəhalətdə elmlərin gizləndiyini görər və elmlərdə yüz minlərlə hikməti açıq-aşkar dərk edər; bədən və ehtiraslar qəfəsini sındıraraq, bəqa əhlinin özü ilə ünsiyyət bağlayar; mənəvi pillələrlə ucalaraq, mənalar səmasına tələsər; “Biz Öz əlamətlərimizi onlara həm xariçi aləmdə, həm də onların öz daxilində göstərərik ” asimanında məskən salar və “onlara bəlli olsun ki, bu haqdır ” dəryasında seyrə çıxar; zülm görsə, səbr edər və qəzəb görsə, mehribanlıq göstərər.


Belə nəql edirlər ki, bir aşiq uzun illər məşuqunun hicranından can verirdi və fəraq odunda yanıb əriyirdi. Eşqin şiddətindən ürəyində dözüm qalmamışdı və cismi ruhundan bezar olmuşdu. O, hicranda yaşamağı riyakarlıq sanırdı və dünya onu yandırıb-yaxırdı. Nə qədər günləri onun hicranından rahatlıq tapmamışdı, neçə-neçə gecələri onun dərdindən yata bilməmişdi. Bədəninin zəifliyindən bir aha bənzəyirdi, ürəyinin dərdindən vaya oxşayırdı. Onun vüsal şərbətini dadmaq üçün min can qurban verirdi, lakin bu, ona nəsib olmurdu. Təbiblər ona əlac etməkdə aciz qaldılar, munislər onunla ünsiyyətdən qaçdılar. Bəli, eşq xəstəsinə təbib çarə bilməz, yalnız sevgilinin inayəti ona kömək edər.


Xülasə, axırda onun dilək ağacı məyusluq meyvəsi verdi və ümidinin alovu söndü. Nəhayət, bir gecə canından bezib evdən bazara yollandı. Qəflətən bir gözətçi onu təqib etməyə başladı. O, qabaqda yüyürür, gözətçi də arxasınca qaçırdı. Axırı bütün gözətçilər ora yığışdılar və hər tərəfdən o qərarsızın yolunu bağladılar ki, qaça bilməsin. O yazıq ürəkdən nalə çəkir, o yan bu yana qaçır və öz-özünə deyirdi: “Bu gözətçi yəqin mənim Əzrailimdir ki, belə tələsik məni axtarır, ya da bu ölkənin Şəddadıdır ki, bəndələrə kin bəsləyir”.Eşq oxundan yaralanmış o şəxsin ayaqları qaçır, ürəyi isə nalə çəkirdi. Nəhayət, o, bir bağın hasarına çatdı və min əzab-əziyyətlə hasara dırmaşdı. Hasar olduqca hündür idi. O, canından keçib özünü bağa atdı. Gördü ki, məşuqu əlində çıraq tutub itmiş üzüyünü axtarır.  Elə ki, o vurğun aşiq öz dilbər məşuqunu gördü, ah çəkib əllərini dua üçün göyə qaldırdı və dedi: “Ay Allah, bu gözətçiyə şərəf ver, dövlət bəxş elə və onu əbədi yaşat! Bu gözətçi Cəbrail imiş ki, bu əlilə yol göstərdi, yaxud İsrafil imiş ki, bu zəlilə həyat verdi”.
 
Həqiqətən də, onun dedikləri doğru idi. Çünki bəlli oldu ki, gözətçinin onun tərəfindən qəbul edilməyən zülmündə nə qədər ədalət var imiş və bu zülmün pərdəsi arxasında nə qədər mərhəmət gizlənibmiş. O, bircə qəzəbi ilə eşq səhrasında susuzluqdan yanan kəsi məşuqun dəryasına qovuşdurdu, hicran zülmətini vüsal nuru ilə işıqlandırdı, uzaqda qalan bir kəsə yaxınlıq bağçasında yer verdi, xəstə bir kəsə qəlb təbibinin yolunu göstərdi.


Əgər o aşiq işin axırını görsəydi, əvvəldən gözətçiyə mərhəmətlə yanaşar və ona dua edərdi və o zülmdə bir ədalət görərdi. O isə işin axırından xəbərsiz olduğu üçün əvvəldə nalə çəkməyə başlamış və şikayət etmişdi. Amma irfan bağçasının müsafirləri axırı əvvəldə sezdikləri üçün müharibədə sülh, qəzəbdə mehribanlıq görürlər. Bu vadi əhlinin məqamı belədir. Həmin vadidən yuxarıdakı vadilərin əhli isə əvvəli və axırı bir görürlər, bəlkə də nə əvvəli görürlər, nə də axırı―əvvəlsiz və axırsız görürlər. Yaşıl bağçada sakin olan bəqa şəhərinin əhalisi isə əvvəlsiz və axırsız da görmürlər, əksinə, onlar əvvəllərdən qaçır, axırları rədd edirlər. Çünki onlar adlar aləmlərini arxada qoymuş, sifətlər aləmlərindən şimşək kimi ötüb keçmişlər. Necə ki, buyurur: “Ən kamil tövhid―Ona aid edilən bütün sifətləri rədd etməkdir ”. Onlar Zatın kölgəsində məskən salmışlar.


Xacə Abdullah ―Allah-Taala onun əziz ruhunu daha da müqəddəsləşdirsin! ―“İhdina-s-sirat əl-müstəqim” ayəsinin  mənası barədə bu baxımdan incə bir izah və bitkin bir kəlam söyləmişdir. O da budur: “Bizə doğru yol göstər”, yəni Öz Zatının məhəbbəti ilə şərəfləndir, qoy biz özümüzə və Səndən başqalarına diqqət yetirməkdən azad olub bütünlüklə Sənə bağlanaq: Səndən başqa bir şey bilməyək, Səndən başqa bir şey görməyək və Səndən başqa bir şey barədə düşünməyək.


Lakin onlar bu məqamdan da yüksəyə qalxırlar. Necə ki, buyurur: “Məhəbbət də sevənlə Sevilən arasında bir pərdədir”. Bundan artıq söyləməyimə icazə yoxdur. Bu zaman mərifət sübhü açıldı və səfər və səyahət çıraqları söndü.


Musanın xəyalı bütün o nuruna və gücünə baxmayaraq,
Ondan məhrum qaldı; sən də qanadsız uçma!  


Əgər sən sirr və ehtiyat əhlisənsə, övliyaların hümmət qanadları ilə pərvaz elə ki, Yarın sirlərini görəsən və Məhbubun nurlarına yetişəsən. “Biz Allahdanıq və Ona doğru qayıdacağıq ”.
 

 


 
Tövhid Vadisi


YOLÇU MƏHDUDLUĞUN SONUNCU məqamı olan mərifət vadisini keçdikdən sonra tövhid məqamının əvvəlinə yetişər və Təcrid piyaləsindən içib Təklik məzhərlərini seyr edər. Bu məqamda o, Həsrət  pərdələrini cırar, şəhvət aləmlərindən uçar və vəhdət səmasına ucalar. O, Allahın qulağı ilə eşidər, Rəbbani gözü ilə Səmədani xilqətin sirlərini görər, Yarın xəlvət otağına qədəm qoyar, Məhbubun xüsusi otağına məhrəm olar, həqiqətin əlini Mütləqin qoynundan çıxarar, qüdrətin sirlərini aşkar edər. O, özündə vəsf, ad və san görməz, öz vəsfini Haqqın vəsfində görər və Haqqın adını öz adında müşahidə edər; bütün avazları şahdan bilər və bütün nəğmələri Ondan eşidər. “De: hamısı Allah tərəfindəndir ” kürsüsündə əyləşər və “Qüdrət və qüvvət yalnız Allaha məxsusdur ” taxtında dincələr. Bütün şeylərə tövhid nəzəri ilə baxar, İlahi Günəşin Mahiyyət məşriqindən bütün məxluqata eyni cür işıq saçdığını görər, Tövhid nurlarının cəmi mövcudatda var və aşkar olduğunu müşahidə edər.
 
Cənabınıza məlumdur ki, yolçunun yol boyunca yaradılış aləmində müşahidə etdiyi bütün müxtəlifliklər yolçunun öz baxışındandır. Bu mənanın tamamilə aydın olması üçün burada bir misal çəkmək istəyirik. Adi günəşə nəzər salın: o, bütün məxluqata və mövcudata eyni cür işıq saçır və Zühur Sultanının əmrinə əsasən bütün şeylərə nur paylayır. Lakin o, hər bir yerdə həmin yerin qabiliyyətinə uyğun şəkildə zahir olur və feyz bəxş edir. Belə ki, güzgüdə o, bütün kürəsi və şəkli ilə görünür və bu, güzgünün özünün paklığı sayəsində baş verir; büllurda o, od doğurur, digər əşyalarda isə onun nurunun təsiri görünür, onun kürəsi yox. Beləcə həmin təsiri ilə o, Yaradanın əmrinə əsasən hər bir şeyi öz qabiliyyətinə uyğun olaraq bəsləyir. Necə ki, görürsünüz.
 
Habelə, rənglər də yerinə uyğun surətdə zahir olur. Belə ki, sarı şüşədə şüalar sarı, ağ şüşədə ağ, qırmızıda isə qırmızı rəngdə görünür. Deməli, bu müxtəlifliklər yerlə əlaqədardır, şüalarla yox. Əgər müəyyən yerdə divar və tavan kimi maneələr olarsa, o yer tamamən günəşin işığından məhrum qalar və günəş ora nur saçmaz. Eləcə də bəzi zəif şəxslər mərifət torpağını nəfs və ehtiras divarı ilə, qəflət və korluq pərdəsi ilə örtdükləri üçün mənalar günəşinin işığından və Əbədi Məhbubun sirlərindən məhrum qalmışlar, Peyğəmbərlər Ağasının aşkar dininin hikmət cövhərlərindən uzaq düşmüşlər, Camal hərəminə və Cəlal Kəbəsinə çata bilməmişlər. Zəmanə əhlinin vəziyyəti belədir. Və əgər bir bülbül  nəfs gilindən qalxıb qəlb gülünün budağına qonsa və Hicaz nəğmələri və xoş İraq ahəngləri ilə ilahi sirləri xatırlatsa, hansı ki, bircə kəlməsi bütün ölmüş bədənlərə yeni həyat verir və məxluqatın çürümüş sümüklərinə müqəddəs ruh bəxş edir, onda görərsən ki, minlərlə həsəd caynağı və ədavət dimdiyi onun qəsdinə durub və var qüvvəsi ilə onu həlak etməyə çalışır. Bəli, dozanqurdunun xoş ətirdən xoşu gəlməz və zökəm olmuşlara gözəl rayihənin xeyri olmaz. Buna görə də avamlara yol göstərmək üçün demişlər:


Beynindən və burnundan zökəmi çıxar ki,
Burnuna Allahın rayihəsi gəlsin. 
 
Xülasə, yerlərdəki müxtəliflik aydın oldu və əsaslandırıldı. Amma bəzən yolçunun nəzəri yerlə məhdudlaşır, yəni o, şüşələri seyr edir və odur ki, sarı, qırmızı və ağ rəngləri görür. Buna görə də bəndələr arasında çəkişmələr baş verib və aləmi məhdud nəfslərin qara tozu bürüyüb. Bəziləri şüaların işığına diqqət yetirirlər, bəziləri də vəhdət şərabından içib günəşdən savayı heç nə görmürlər. 
 
Məhz bu üç müxtəlif məqamda durduqları üçün yolçuların anlayışı və sözləri müxtəlif olur. Buna görə də dünyada ixtilafların əlamətləri olmuş və olmaqdadır. Çünki bəziləri tövhid məqamında durmuşlar və o dünyadan söz açırlar, bəziləri nəfs aləmlərində dayanmışlar, bəziləri özlərinə qapılmışlar, bəziləri isə bütünlüklə pərdə arxasında qalmışlar. Odur ki, Camalın nurundan binəsib qalan zəmanənin cahilləri bir sıra sözlər söyləyirlər və hər bir dövrdə və hər bir əsrdə tövhid dəryasının sakinlərinin başına əslində özlərinin layiq olduqları müsibətləri gətirirlər. “Əgər Allah insanları günahlarına və haqsızlıqlarına görə cəzalandırarsa, yer üzündə heç bir canlını sağ qoymaz. Lakin o, müəyyən vaxta qədər onlara möhlət verir ”.


Ey mənim qardaşım! Lətif qəlb güzgüyə bənzər, onu məhəbbət və Allahdan savayı hər şeydən imtina cilası ilə paklaşdır ki, onda həqiqi günəş cilvə eləsin və əzəl sübhü açılsın. O zaman sən: “Mən nə yerimə, nə də göyümə sığmaram, lakin mömin bəndəmin qəlbinə sığaram” hədisinin mənasını açıq-aşkar görərsən və canını əlində tutub min bir həsrətlə təzə Yarının ayaqları altına atarsan. Elə ki, Əhədiyyət Sultanının Təzahürünün nurları sənin qəlbinin və ürəyinin taxtında əyləşdi, Onun nuru sənin bütün əzalarında və ərvahlarında özünü göstərər. O zaman bu məşhur hədisin sirri qaranlıq pərdəsinin arxasından baş qaldırar: “Bəndə daim duaları ilə mənə yaxınlaşar ki, mən onu sevim. Elə ki, onu sevdim, Mən onun eşidən qulağı olaram”. Çünki ev sahibi öz evində parlamışdır və evin bütün sütunları onun ilə işıqlanıb nura boyanmışdır. Nurun təsiri və əməli nur sahibindəndir, odur ki, hər şey Onun vasitəsilə hərəkət edir və Onun iradəsi ilə ayağa qalxır. Bu, həmin çeşmədir ki, Allaha yaxın kəslər ondan içərlər. Necə ki, buyurur: “O, elə bir çeşmədir ki, ondan Allaha yaxın kəslər içərlər ”.
 
Amma məbada, bu sözlərdən Allahın insanda təcəssümü və haqq aləmlərinin məxluqat səviyyələrinə enməsi qoxusu gələ və cənabınızda şübhə yarana. Çünki O, Müqəddəs mahiyyətinə görə qalxma və enmədən, giriş və çıxışdan uzaqdır. O, daim insani sifətlərdən pak olmuş və olacaqdır. Heç kəs Onu dərk etməyib, heç kim Onun Mahiyyətinə yol tapmayıb. Bütün ariflər Onun mərifət vadisində sərkərdan və bütün övliyalar Onun Mahiyyətini anlamaqda heyran qalmışlar. O, hər bir müdrikin idrakından ucadır, hər bir arifin irfanından üstündür. Yollar bağlanmışdır və Onu axtaran qovulmuşdur. “Onun dəlili―Onun ayələridir və Onun varlığı―onun sübutudur ”. Buna görə də Cananın üzünün aşiqləri demişlər: “Ey mahiyyəti ilə Öz Mahiyyətinə dəlalət edən və məxluqatına oxşarlıqdan uzaq olan! ” mütləq yoxluq əzəl meydanında necə at çapa bilər və ötəri kölgə əbədi günəşə necə çata bilər?! Həbib : “Əgər sən olmasaydın, səni tanımazdıq”―buyurub və Məhbub : “Sənə yetişə bilməzdik”―söyləyib.


Bəli, irfan səviyyələri barədə söylənilən bu sözlər o həqiqət Günəşinin güzgülərdə əks olunan nurlarının tanınmasına aiddir. Həmin nurun təzahürü qəlblərdə də var, lakin nəfsani pərdələrlə və dünyəvi istəklərlə örtülmüşdür. Sanki o, dəmir qapaq altında olan bir şamdır. Elə ki, qapaq qaldırılar, şamın nuru aşkar olar. Eləcə də yanlış xəyal pərdələrini qəlbinin üzündən götürsən, Əhədiyyət nurları parlayar. Deməli, məlum olur ki, nurlar üçün də giriş və çıxış yoxdur, o da qalsın ki, Varlığın Cövhəri və Məqsədin Sirri üçün! Ey mənim qardaşım, bu məqamlarda təhqiq ilə seyr et, təqlid ilə yox! Həqiqi yolçuya sözlərin nizəsi mane olmaz, işarələrin zəhmi onun yolunu kəsə bilməz.


Aşiqlə məşuq arasında pərdə nədir ki?!
Heç İskəndərin səddi də maneə ola bilməz 


Sirlər çoxdur, yadlar saysız-hesabsız. Məhbubun sirrinə dəftərlər kifayət etməz və o, bu lövhələrlə bitməz. Baxmayaraq ki, o, bir sözdən çox, bir rəmzdən artıq deyil. “Elm bir nöqtədir, amma cahillər onu çoxaltmışlar ”.


Elə bu məqamdan da aləmlərin müxtəlifliyinə nəzər sal. İlahi aləmlər sonsuz olsa da, bəziləri onlar üçün dörd səviyyə göstərmişlər: zaman aləmi―onun əvvəli və axırı var; sonsuzluq aləmi―onun əvvəli var, amma axırı görünmür; əzəli aləm―onun əvvəli görünmür, amma axırı bilinir; əbədi aləm―onun nə əvvəli görünür, nə də axırı. Hərçənd bu məsələdə ixtilaflar çoxdur, əgər təfsilatı ilə deyilsə, yorğunluq gətirər. Belə ki, bəziləri əzəli aləmin əvvəlsiz və axırsız olduğunu söyləmiş, əbədi aləmin isə əlçatmaz və dərk olunmaz qeyb aləmi olduğunu bildirmişlər. Bəziləri də Lahut, Cəbərut, Mələkut və Nasut aləmlərindən söz açmışlar . Eşq yolundakı səfərlərin isə dörd olduğunu göstərmişlər: məxluqatdan Haqqa, Haqdan məxluqata, məxluqatdan məxluqata, Haqdan Haqqa.


Əvvəlki ariflərin və müdriklərin digər çoxlu sözləri də var ki, bəndəniz burada ərz etmədi. Mən əvvəlki sözləri izhar etməyi çox da xoşlamıram, çünki başqalarının sözlərini xatırlatmaq qazanılmış biliklərə dəlalət edir, ilahi vergiyə yox. Və bura qədər deyilənlər də insanların adətinə və dostların tərzinə əməl etmək istəyindən irəli gəlmişdir. Bundan artıq həmin sözlər bu risaləyə sığışmaz. Onların sözlərini xatırlatmağı bəyənməməyim təkəbbürdən doğmur, əksinə, hikmətin zühuru və ilahi verginin təzahürü ilə əlaqədardır.


Əgər Xızr dəryada gəmini sındırırsa,
Xızrın bu sındırmasında yüz düzəltmək var. 


Yoxsa bu Bəndə Allahın sevdiklərindən birinin qarşısında özünü yox bilir və heç sanır, o da qalsın ki övliyalar hüzurunda! Pakdır mənim Ulu Rəbbim! Bundan əlavə, məqsəd yolçuların məqamlarını xatırlatmaqdır, ariflərin sözlərini bəyan etmək deyil.


Nisbi və izafi aləmin əvvəli və axırına dair müxtəsər bir misal gətirməyimizə baxmayaraq, yenidən başqa bir misal veririk ki, həmin misalın libasında bütün mənalar aydın olsun. Məsələn, cənabınız özünə nəzər salsın: siz öz oğlunuza nisbətdə əvvəlsiniz, öz atanıza münasibətdə axırsınız; siz zahirdə ilahi xilqət aləmlərindəki Qüdrətin Təzahüründən danışırsınız, batində isə Allahın sizdə əmanət qoyduğu batini sirləri təcəssüm etdirirsiniz. Deməli, qeyd olunan mənada əvvəllik və axırlıq, zahirilik və batinilik sizə nisbətdə doğrudur. Elə isə sizə inayət olunan bu dörd məqamda dörd ilahi səviyyəni dərk edin ki, qəlb bülbülü görünən və görünməz varlıqlar gülünün bütün budaqlarında nida etsin: “Əvvəl də, axır da, zahir də, batin də odur ”.


Bütün bu sözlər nisbilik aləmlərinin səviyyələri barədə deyilir. Yoxsa bir addımla nisbilik və məhdudluq aləmindən keçib təcridin xoş büsatında məskən salan, Mütləqlik və Əmr aləmlərində çadır quran kəslər bütün bu bağlılıqları bir odla yandırmış və bütün bu sözləri bir qətrə ilə pozmuşlar. Onlar ruh dəryasında üzür, nurun müqəddəs havasında seyr edirlər. Daha bu məqamda sözlər varmı ki, əvvəl ya axır, yaxud bunlardan başqa şeylər bilinsin və dilə gətirilsin?! Bu məqamda əvvəl elə axırdır, axır elə əvvəldir.


Cananın eşqindən bir od yandır,
Fikir və sözləri büsbütün onda yandır!  


Ey mənim dostum! Özünə nəzər sal: əgər ata olmasaydın və oğul görməsəydin, bu sözləri də eşitməzdin. İndi isə hər şeyi unut ki, tövhid məktəbində eşq müəlliminin yanında dərs alasan, bizdən “O”na  qayıdasan, məcazi batinindən çıxıb öz həqiqi məqamına qovuşasan və bilik ağacının kölgəsində məskən salasan.


Ey əzizim, nəfsini yoxsul et ki, varlılığın uca səhnəsinə varid olasan; bədənini alçalt ki, şərəf şərbətindən içəsən və soruşduğun şerlərin bütün mənalarını anlayasan.


Beləliklə, məlum oldu ki, bu məqamlar yolçunun səfərindən asılıdır. O hər şəhərdə bir aləm görər, hər vadidə bir bulağa yetişər, hər səhrada bir nəğmə eşidər. Amma mənəvi havada uçan şahinin ürəyində ecazkar ruhani şahnazlar var və İraq quşunun başında xoş hicaz ahəngləri dolaşır ki, onlar gizli olmuş və gizli qalacaqdır:


Əgər desəm, ağıllar çaşar,
Əgər yazsam, çoxlu qələmlər sınar. 


Və salam olsun o kəsə ki, bu yüksək səfəri başa vurar və hidayət nurları ilə haqqın ardınca gedər.
 

 


Ehtiyacsızlıq Vadisi

 

YOLÇU BU UCA və yüksək səfərin mərhələlərini qət etdikdən sonra Ehtiyacsızlıq vadisinə varid olar. Bu vadidə ilahi ehtiyacsızlıq nəsimlərinin ruh səhrasından əsdiyini və yoxsulluq pərdələrini yandırdığını görər. Və zahiri və batini gözü ilə şeylərin göründüyü və görünmədiyi anlarda “Allahın hər kəsi öz geniş kərəmi ilə ehtiyacsız etdiyi ” günü müşahidə edər. O, kədərdən sevincə üz tutar, qəmdən şadlığa qayıdar, onun qüssə və sıxıntısı fərəh və genişliyə çevrilər.
 
Bu vadinin müsafirləri zahirən torpaq üzərində yaşasalar da, əslində mənalar Rəfrəfinə oturmuşlar və tükənməz mənəvi nemətlərdən qidalanırlar, lətif ruhani şərablardan içirlər.


Bu üç vadini təsvir etməkdə dil acizdir və son dərəcə qısadır. Qələm bu meydana qədəm qoya bilməz, mürəkkəb kağızı qaralamaqdan başqa bir səmərə verməz. Qəlb bülbülünün bu məqamlarda tamam başqa nəğmələri və başqa sirləri var ki, ürəyi cuşa, ruhu ehtizaza gətirər. Lakin bu mənaların sirrini yalnız ürək ürəyə deməlidir və sinə sinəyə çatdırmalıdır.


Ariflərin halını yalnız ürək ürəyə söyləyə bilər,
Bu nə qasidin işidir, nə də məktubun həddi!  
Mətləblərin çoxluğundan aciz qalıb susdum,
Əgər az bir hissəsini desəm belə, nitqim onları saya bilməz.
 
Ey dost, bu mənaların bağçasına yetişməyinçə, bu vadinin əbədi şərabından dada bilməzsən. Əgər dadsan, başqalarına göz yumarsan, ehtiyacsızlıq badəsini içib hamı ilə əlaqəni kəsərsən və Ona bağlanarsan, canını Onun yolunda qurban verərsən, ruhunu Ona fəda edərsən. Hərçənd bu məqamda başqaları olmur ki, onlara göz yumasan. “Allah var idi və Onun yanında heç bir şey yox idi ”. Belə ki, bu məqamda yolçu hər bir şeydə Yarın camalını görər: odda Cananın üzünü seyr edər, məcaza həqiqətin rəmzi kimi baxar, sifətlərdə mahiyyətin sirrini müşahidə edər. O, pərdələri bir ah ilə yandırıb, hicabları bir baxışla qaldırıb iti gözlə yeni xilqətə nəzər salar və həssas qəlblə incə əlamətləri sezər. “Bu gün sənin gözünü iti etdik ” kəlamı bu sözləri təsdiq edir və bu halı bilmək üçün kifayətdir.

 


 
Heyrət Vadisi


YOLÇU TAM EHTİYACSIZLIQ mərhələlərini keçdikdən sonra heyrət vadisinə yetişər. O, əzəmət dəryalarında üzər və hər an heyrəti artar. Gah varlılıq müçəssəməsini yoxsulluğun özü kimi və ehtiyacsızlıq çövhərini tam açizlik kimi görər, gah Cəlal sahibinin Camalına məftun olar, gah da öz varlığından bezər. Bu heyrət qasırğası neçə-neçə məna ağaclarını kökündən qoparmış, neçə-neçə şəxslərin nəfəsini kəsmişdir.
 
Belə ki, bu vadi yolçunu dəyişikliyə məruz qoyar, lakin bu dəyişiklik həmin vadiyə qovuşan kəsə olduqça xoş gələr və onda hədsiz rəğbət doğurar. O, hər an ecazkar bir aləm və yeni bir xilqət müşahidə edər, heyrəti üstünə heyrət gələr və Əhədiyyət Sultanının yeni xilqətinə məftun olar.


Bəli, ey qardaş, əgər hər hansı bir məxluq üzərində düşünsək, yüz min mükəmməl hikmət görərik və yüz min ecazkar bilik öyrənərik. Bu yaranmışlardan biri də yuxudur. Gör onda nə qədər sirlər yatır, necə hikmətlər saxlanır və necə aləmlər gizlənir. Diqqət edin: siz bir evdə yatırsınız və o evin qapıları bağlıdır. Birdən özünüzü uzaq bir şəhərdə görürsünüz. Ayaqlarınızın hərəkəti və bədəninizin əziyyəti olmadan o şəhərə daxil olursunuz, gözünüzə zəhmət vermədən görür, qulağınızı işlətmədən eşidir və dilinizi tərpətmədən danışırsınız. Bəzən bu gecə yuxuda gördüyünüzün on ildən sonra zaman aləmində aşkarda şahidi olursunuz, özü də eynən yuxuda gördüyünüz kimi.
 
İndi bu yuxuda bir neçə hikmət var ki, bu vadi əhlindən başqa heç kəs onları olduğu kimi dərk edə bilməz. Birincisi, o hansı aləmdir ki, gözün, qulağın, əlin və dilin iştirakı olmadan bütün bunlar orada baş verir. İkincisi, zahiri aləmdə yuxunun məzmununu bu gün görürsən, amma həmin hadisəni yuxu aləmində on il qabaq görmüsən. İndi bu iki aləmin fərqi və onda gizlənmiş sirlər barədə düşün ki, ilahi yardıma və kəşflərə nail olasan və müqəddəslik aləmini anlayasan.
 
Allah-Təala məxluqatda bu əlamətləri qoyub ki, həqiqəti axtaranlar axirət sirlərini inkar etməsinlər və onlara vəd olunanlara başdansovdu yanaşmasınlar. Bəziləri ağıldan yapışır və ağılasığmayan şeyləri inkar edirlər, halbuki zəif ağıllar qeyd olunan bu səviyyələri dərk etməzlər. Yalnız hər şeyi əhatə edən ilahi Ağıl bunları bilər.


Cılız ağıl Quranı neçə əhatə edə bilər?
Hörümçək Simurqu ovlaya bilərmi?! 


Bütün bu aləmlər heyrət vadisində yolçuya nəsib olar və görünər. Yolçu da hər an öz axtarışlarını artırar və yorulmaz. Buna görədir ki, əvvəlinci və axırıncı Seyyid  fikir aləmlərinə dalarkən və heyrətini izhar edərkən, buyurub: “Ya Rəbb, mənim Sənə olan heyrətimi artır!”


Eləcə də insan xilqətinin kamilliyi barədə düşün ki, bütün bu aləmlər və bütün bu məqamlar onda cəmləşib və gizlənib.


Səndə ən böyük aləm cəmləşdiyi halda
Sən özünü kiçik bir vücudmu sayırsan?! 


Deməli, cəhd edib heyvani səviyyəni yox etməliyik ki, insani məna aşkara çıxsın.


Eləcə də hikmət çeşməsindən içmiş və mərhəmət dəryasından dadmış Loğman öz oğlu Natana qiyamət və ölüm məqamlarını isbat etmək üçün məhz yuxunu dəlil gətirmiş və misal göstərmişdi. Burada onu qeyd edirik ki, tövhid məktəbindəki o gəncin təlim və təcrid məqamlarındakı, o mürşidin xatirəsi bu fani Bəndədən yadigar qalsın. O, demişdi: “Ey oğul, əgər yuxulamamağa qadir olsan, deməli, ölməməyə də qadir ola bilirsən. Əgər yuxudan ayılmamağı bacarsan, öləndən sonra dirilməməyi də bacararsan”.


Ey dost, əbədi sirlərin məkanı olan ürəyini ötəri istəklərin oylağına çevirmə, qiymətli ömrünün sərmayəsini fani dünyanın məşğuliyyətləri yolunda əldən vermə. Sən müqəddəs aləmdənsən, ürəyini yerə bağlama. Sən ünsiyyət məclisinin əhlisən, torpaq məskənini bəyənmə!


Xülasə, bu məqamlar barədə söhbətin sonu və bu Bəndənin də zəmanə əhlinin vurduğu ziyanlardan əhvalı yoxdur.


Bu söhbət yarımçıq və natamam qaldı,
Halım yoxdur. Halsızam, məni bağışla!


Qələm nalə çəkir, mürəkkəb ağlayır, ürək Ceyhununda  qan çağlayır. “Bizə Allahın yazdığından başqa bir şey nəsib olmaz ”. Və salam olsun doğru yolla gedənlərə!

 


 
Həqiqi Yoxsulluq Və Tam Fanilik Vadisi


YOLÇU HEYRƏTİN YÜKSƏK mərtəbələrinə ucaldıqdan sonra həqiqi yoxsulluq və tam fanilik vadisinə daxil olur. Bu, özündən fani olmaq və Allahda baqi olmaq səviyyəsidir, özündən yoxsullaşmaq və Məqsəddə varlanmaq məqamıdır. Bu məqamdakı yoxsulluq o deməkdir ki, yolçu xilqət aləmində olan hər şeydən yoxsul olur və ilahi aləmlərdə olan şeylərlə zənginləşir. Çünki sadiq aşiq və vəfalı həbib Məhbubun və Məşuqun hüzuruna yetişən kimi Məhbubun camalının nurundan və həbibin qəlbinin atəşindən bir od alovlanar və bütün hicabları və pərdələri yandırar və nəinki aşiqin malik olduqlarına, hətta onun beyninə və dərisinə də od vurar və Yardan başqa heç nə qalmaz.
 
Əzəli varlığın keyfiyyətləri təzahür edən kimi
Yaranmış varlıqların keyfiyyətləri yanıb kül olar 


Bu məqama qovuşan kəs dünyaya aid olan bütün şeylərdən pak olur. Deməli, əgər vüsal dəryasına qovuşanların yanında fani aləmə məxsus olan məhdud şeylər―istər zahiri mal-dövlət olsun, istərsə də nəfsani niyyətlər tapılmazsa, bunun əhəmiyyəti yoxdur. Belə ki, məxluqatın yanında olan şeylər öz hədləri ilə məhdudlaşır, haqqın yanında olanlar isə bundan uzaqdır.


Bu kəlamın üzərində çoxlu düşünmək gərək ki, aqibət bəlli olsun: “Şübhəsiz, yaxşı əməl sahibləri kafur qatılmış şərab içəcəklər ”. “Kafur” sözünün mənası aydınlaşarsa, əsl məqsəd məlum olar. Bu məqam yoxsulluğun nəticəsidir ki, onun barəsində buyurur: “Yoxsulluq ―Mənim fəxrimdir ”. Batini və zahiri yoxsulluğun səviyyələri və mənaları vardır ki, onları burada qeyd etməyi münasib bilmədim. Bu işi başqa vaxta saxladım, görək Allah nə istəyəcək və qəza nə yazacaq.


Məhz bu məqamda bütün şeylərin çoxluğu yolçuda məhv olar və Onun Üzünün nuru əbədiyyət məşriqində qaranlıq buludundan parlayar. Beləliklə, “Hər şey məhv olar―Onun Üzündən başqa” ayəsi öz mənasını tapar.


Ey mənim dostum, ruhun nəğmələrini can və ürəklə dinlə, onları göz bəbəyin kimi qoru. Çünki ilahi biliklər əyyamı bahar buludu tək həmişə insan qəlblərinin torpağına yağış yağdırmır. Feyz sahibinin feyzində fasilə və təxir olmasa da, hər zaman və hər əsr üçün bir ruzi müəyyən edilib, bir nemət təyin olunub və yalnız qədərində və əndazəsində bəxş olunur. “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, lakin Biz ondan ancaq müəyyən olunan qədər endirərik ”. Cananın rəhmət buludu yalnız can bağçasına yağış yağdırar, özü də bu səxavəti təkcə bahar vaxtı göstərər―başqa fəsillərin bu ən böyük fəzldən nəsibi, şoran torpaqların bu səxavətdən qisməti olmaz.
 
Ey qardaş, hər dənizdə ləl olmaz, hər budaq gül bitirməz və bülbül onda oxumaz. Elə isə nə qədər ki, mənəvi bağçasının bülbülü ilahi gülüstana qayıtmayıb və mənalar sübhünün nurları həqiqi günəşə dönməyib, çalışın, bəlkə bu fani torpaqda o baqi gülşənin ətrini duyasınız və bu şəhər əhlinin kölgəsində əbədi qalasınız. Elə ki, bu uca və yüksək rütbəyə yetişdin və bu əzəmətli məqama çatdın, Yarı görər və əğyarı unudarsan.


Yar pərdəsiz halda qapı-bacada
İşıq saçır, ey bəsirət sahibləri! 


Bir qətrə canından keçirsən və Cananın dəryasına qovuşursan. Sənin axtardığın məqsəd budur. İnşaallah, ona nail olarsan.


Bu şəhərdə nur pərdələri də yırtılır və yox olur. “Onun Camalında nurdan başqa hicab yoxdur, Onun Üzündə zühurdan savayı niqab yoxdur ”. Necə də qəribədir: Yar günəş təki aşkar, əğyar isə bər-bəzək və dinar axtarmaqdadır! Bəli, o, zühurun şiddətindən pünhandır və təzahürlərin çoxluğundan gizli qalıbdır.


Haqq parlayan günəş tək aşkardır
Amma heyif ki, korlar şəhərinə gəlib. 


Bu vadidə yolçu vəhdəti-vücud və şühud mərtəbələrini keçib bu iki məqamdan da uzaq və üstün olan bir vəhdətə yetişər. Bu mətləbi hal ilə anlamaq olar, danışıq və cəngü-cidal ilə yox! Hər kəs bu məhfildə məskən salıbsa, yaxud bu bağın bir nəsimini duyubsa, nə demək istədiyimi yaxşı bilir.
 
Yolçu bütün bu səfərlərdə əslində təriqətin sirri və həqiqət ağacının bəhrəsi olan şəriətdən bir tük qədər də kənara çıxmamalıdır, hər bir səviyyədə əmrlərə itaətin ətəyindən tutmalı və qadağalara riayətin ipindən yapışmalıdır ki, şəriətin piyaləsindən içib həqiqətin sirlərinə vaqif olsun. 


Bu Bəndənin sözlərindən nə başa düşülməsə və tərəddüd doğursa, yenidən soruşulmalıdır ki, şübhə yeri qalmasın və məqsəd Məhbubun “bəyənilmiş məqamdan ”parlayan üzü kimi aydın olsun.


Zaman aləmində sonu görünməyən bu səfərlərdə əgər hər şeydən əlini üzmüş yolçuya qeybdən yardım yetişsə və Əmr Sahibi ona kömək göstərsə, o, bu yeddi məqamı yeddi addıma, bəlkə də yeddi nəfəsə, hətta bir nəfəsə də qət edə bilər. Bir şərtlə ki, Allah bunu istəsin və arzulasın. Və bu da “Onun istədiyi kəsə mərhəmətidir ”.


Tövhid havasında uçanlar və təcrid dəryasına qovuşanlar bu şəhərdəki Allahda baqilik məqamını ariflərin sonuncu səviyyəsi və aşiqlərin axırıncı məqamı saymışlar. Lakin məna dəryasında fani olan bu Bəndənin nəzərində həmin məqam ürək qəsrinin astanasıdır, yəni insanın qəlb şəhərinə varid olmasının başlanğıçıdır. Qəlbin isə dörd səviyyəsi var, əgər qəlb əhli tapılsa, bunlar da deyilər.


Qələm bu halın vəsfinə çatanda,
Həm qələm sındı, həm də kağız cırıldı.


Vəssalam! Ey mənim dostum! Əhədiyyət səhrasının bu ceyranının ardınca bir çox itlər düşüb və əbədiyyət bağçasının bu bülbülünü bir neçə dimdik təqib edir; ilahi fəzanın bu quşuna qarşı kin qarğası pusqu qurub və eşq çölünün bu ovunu həsəd ovçusu izləyir. Ey şeyx, öz səyini şüşəyə çevir ki, bəlkə o, bu çırağı qarşıdan əsən küləklərdən qorudu. Hərçənd bu çıraq ümid edir ki, ilahi şüşədə yanacaq və mənəvi fanusda işıq saçacaq. Çünki ilahi eşqlə yüksələn boyun, əlbəttə, qılıncla vurular; məhəbbətlə ucalan baş, əlbəttə, bada gedər; Məhbubun zikrinə qovuşan könül, əlbəttə qanla dolar. Bəli, necə gözəl deyilibdir:


Məhəbbətdən uzaq yaşa,
Çünki onun rahatlıqı əzabdır,
Onun əvvəli iztirab, sonu isə ölümdür. 
Salam olsun doğru yolla gedənlərə!


Fars dilində “qonceşk” (sərçə) adlanan məşhur quşun mənası barədə qeyd etdiyiniz yeni fikirlər nəzərdən keçirildi. Belə görünür ki, siz mənaların sirrinə vaqif olmusunuz. Lakin hər bir hərfin hər bir aləmdə ona uyğun mənası var. Bəli, yolçular hər adda bir rəmz və hər hərfdə bir sirr görürlər. Həmin hərflər  müəyyən mənada müqəddəsliyə işarə olunur:


Q―“Özünü nəfsinin istəklərindən azad et, sonra üzünü Mövlana tut”.
N―“Özünü Ondan savayı hər şeydən təmizlə ki, ruhunu Onun istəyinə tabe edəsən”.
C―“Əgər səndə hələ də məxluqatın sifətləri qalıbsa, haqqın dərgahından uzaqlaş”.
Ş―“Rəbbinə Onun yerində şükr et ki, O da öz səmasında sənə iltifat göstərsin; elə ki Əhədiyyət aləmində səma elə Onun yeri kimidir”.
K―“Məhdudluq pərdələrini özündən kənar et ki, müqəddəs məqamlardan bilmədiklərini anlayasan”.


Əgər bu fani quşun nəğmələrini dinləsən, Əbədi və daimi piyaləni axtarsan, ötəri və keçəri qədəhi tərk edərsən.


Salam olsun doğru yolla gedənlərə!
 

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7
Anchor 8
Anchor 9
bottom of page