top of page

 

 

Bəhai Nigahı və Ailə Həyatı

 

Ümumdünya Ədalət Evi Tədqiqat Mərkəzi Tərəfindən Hazırlanmışdır.

Həzrət Bəhaullah, Həzrət Əbdül-Bəha (Sərkar Ağa), Həzrət Şövqi Əfəndinin (Əmrin Vəlisi) yazılarından və Ümumdünya Ədalət Evinin məktublarından sitatlar

 

Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili


 

 

Mündəricat

I. Ailə İnstitutu                                                                         5

Nigah Qanunları                                                              5

Vəzifə Və Öhdəliklər                                                       7

Nigah Mərasimi                                                               9

Nigah Birliyin Əsası Kimi                                              11

Boşanmaya Münasibət                                                   13

Nigahda Cinsi Əlaqə                                                       17

II. Nigaha Hazırlıq                                                                  19

Özünü Dərketmə                                                             19

Həyat Yoldaşının Seçilməsi                                           20

İsmət                                                                                  24

Valideynlərin Razılığı                                                     26

Nişan                                                                                  30

III. Ailə Həyatı                                                                          31

Məhəbbət Və Birlik                                                         31

Ünsiyyət                                                                            36

Sınaqlar Və Çətinliklər                                                   39

Kişi Və Qadın Bərabərliyi                                              46

Uşaqların Təlim Və Tərbiyəsi                                       49

Ailə Münasibətləri                                                           55

Ölüm                                                                                  63

İş Və Maliyyə                                                                    66

Qonaqpərvərlik                                                                69

Bəhai İnstitutları Və İcma İlə Münasibət                   71

Ailə Həyatı Və Bəhai Xidməti                                       76

IV. Dualar                                                                                  80

Hamilə Qadınlar Üçün                                                   80

Körpələr Üçün                                                                  81

Uşaqlar Üçün                                                                   82

Gənclər Üçün                                                                   83

Valideynlər Üçün                                                            84

Ailələr Üçün                                                                     85

Nigah Üçün                                                                      87

 

I. Ailə İnstitutu

 

Nigah Qanunları

O, İNSANLARA KƏRƏM və ehsan zahir etmək və nizamlı bir dünya qurmaq istəyəndə şəriətlər nazil etdi və qanunlar yaratdı. Və onların arasında müqəddəslik səmasından nazil olmuş Kitab-i-Əqdəsdə bizə rifah və mühafizə qalası kimi müəyyən etdiyi Nigah qanununu müəyyən etdi. O buyurur, Onun cəlalı böyükdür: “İzdivac edin, ey insanlar, ta ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim əmrlərimdən biridir sizə, onu özünüzə köməkçi tutun”.

—Həzrət Bəhaullah

Ruhun (İsa əleyhissəlamın)—Allahın salamı Onun üzərinə Olsun—ardıcılları arasında rahib və keşişlərin mömin əməlləri Onun hüzurunda xatırlanır. Lakin qoy bu gün onlar tərki-dünyalıqdan əl çəkib açıq dünyaya tərəf addımlasınlar və özlərinə və başqalarına fayda verəcək şeylə məşğul olsunlar. Biz onlara izdivac etməyə icazə verdik, ta ki, onlardan uca Ərşin sahibi, görünən və görünməyənlərin rəbbi olan Allahı zikr edənlər törəsin.

—Həzrət Bəhaullah

Nigahla bağlı suala dair: Bil ki, Nigah hökmü əbədidir. O, heç vaxt dəyişməyəcək, nə də ki, ona düzəliş edilməyəcək. O, ilahi varlıqdır və bu ilahi varlığı, cüzi də olsa, dəyişmək və ya ona düzəliş vermək mümkün deyil.

—Həzrət Əbdül-Bəha

Əlbəttə, normal şəraitdə hər bir insan evlənməyi özünün mənəvi borcu hesab etməlidir. Və Həzrət Bəhaullah da möminləri buna həvəsləndirmişdir. Lakin Nigah heç vəchlə məcburi deyildir. Son halda fərd ailə həyatı, yaxud da subay həyat sürməyi özü seçməlidir.

—Həzrət Şövqi Əfəndi

Bununla belə yadda saxlamaq lazımdır ki, yüksək dərəcədə arzu olunmasına və Həzrət Bəhaullahın təkidli məsləhətinə baxmayaraq, Nigah həyatın əsas məqsədi deyil. Əgər bir şəxs uzun müddət ailə qurmursa və ya son nəticədə o, subay qalırsa, bu, o demək deyildir ki, o, öz həyatının məqsədini yerinə yetirmək iqtidarında deyil.

—Ümumdünya Ədalət Evi

Vəzifə Və Öhdəliklər

BƏHAİ NİGAHI İKİ nəfərin bir-birinə qarşı öhdəliyi və onların ağıl və qəlblərinin qarşılıqlı bağlılığıdır. Lakin hər kəs tam diqqət etməlidir ki, digərinin xasiyyətini tanıya bilsin, ta ki, onlar arasındakı əhd əbədi davam edəcək bağ olsun. Onların məqsədi bu olmalıdır: sevən munislər və yoldaşlar olmaq və əbədiyyətə qədər bir-birilə vahid olmaq...  Bəhailərin həqiqi Nigahı budur ki, ər və arvad həm cismən, həm də ruhən birləşməlidirlər, ta ki, onlar həmişə bir-birinin ruhani həyatını inkişaf etdirə və Allahın bütün dünyalarında əbədi birlikdən xoşbəxt olsunlar. Bu, Bəhai Nigahıdır.

—Həzrət Əbdül-Bəha

Ey Allahın iki mömini! Şəriksiz Rəbbiniz qadın və kişini yaratdı ki, onlar bir-birilə yaxın həmdəm kimi yaşasınlar və hətta vahid bir ruh olsunlar. Onlar bir-birinin rifahının qayğısına qalmalı olan iki həyat yoldaşı, iki munis dostdurlar. Əgər belə yaşasalar, onlar bu dünyadan tam razılıq, səadət və ürək sakitliyi ilə köçəcək və səma səltənətində ilahi fəzl və lütfün hədəfinə çevriləcəklər. Əks təqdirdə onlar öz həyatlarını böyük acılar içində, hər an ölüm arzulayaraq başa vuracaq və səma səltənətində utanacaqlar.  Elə isə, ruhən və qəlbən bir-birinizlə bir yuvada göyərçinlər kimi yaşayın ki, hər iki dünyada xeyir-dua qazanasınız.

—Həzrət Əbdül-Bəha

Ey mənim iki sevimli övladım! Sizin qovuşmağınızın xəbəri mənə çatan kimi məndə hədsiz sevinc və şükranlıq hissi oyandı. Həmd olsun Allaha, bu iki vəfalı quş bir yuvada sığınacaq tapmışlar. Mən Allaha yalvarıram ki, O, şərəfli ailə qurmaq üçün onlara yardım etsin, çünki Nigahın vacibliyi bol xeyir-dua alan bir ailənin tərbiyə edilməsindədir, ta ki, onlar tam məmnunluqla, hətta şam kimi, dünyanı işıqlandırsınlar. Çünki dünyanın işıqlanması insanın mövcud olmasından asılıdır. Əgər bu dünyada insan olmasaydı, dünya meyvəsiz ağac kimi olardı. Mən ümid edirəm ki, siz hər ikiniz hətta bir ağac kimi olacaq və inayət buludlarının yağışları ilə təravət və məlahət əldə edəcək, çiçəklənə və bəhrə verə biləcəksiniz, ta ki, sizin nəsliniz əbədiyyətə qədər yaşasın. Ən Cəlallının Cəlalı üzərinizə olsun.

—Həzrət Əbdül-Bəha

Ata və ananın borcudur ki, var qüvvəsi ilə çalışaraq qızına və oğluna təlim versinlər, onları biliyin döşündən bəsləsinlər və onları elm və sənətin qoynunda tərbiyə etsinlər. Əgər onlar bu məsələyə etinasız qalsalar, onlar güzəştsiz Allahın hüzurunda məsuliyyət daşıyacaq və töhmətə layiq olacaqlar.

—Həzrət Əbdül-Bəha

Müqəddəs Yazılarda doğuşa nəzarət, abort və ya dölsüzləşdirmə haqqında xüsusi bir şey yoxdur, lakin Həzrət Bəhaullah buyurmuşdur ki, Nigahın əsas məqsədi uşaqlar törətməkdir və sevimli Əmrin Vəlisi (Həzrət Şövqi Əfəndi) bu topluda iqtibas olunan çox sayda məktublarında bu əsas məqsədə işarə etmişdir. Bu o demək deyildir ki, ər və arvad bacardıqları qədər çox uşaq dünyaya gətirməlidirlər. Əmrin Vəlisin katibi Onun adından bir suala cavabda açıq-aydın bildirmişdir ki, ər və arvad neçə uşaq istədiklərinə özləri qərar verməlidirlər. Heç uşaq istəməmək qərarı Nigahın əsas məqsədini pozar. Əlbəttə ki, belə bir qərar verməyi tələb edən tibbi səbəb istisnadır.

—Ümumdünya Ədalət Evi

Nigah Mərasimi

HƏR İKİ TƏRƏFƏ, onların Allahın iradəsi ilə razılaşdıqlarını göstərən, xüsusi nazil olmuş ayəni oxumaq vacib edildi.  Xüsusi nazil olmuş ayə belədir: 

“Biz hamımız Allahın İradəsilə razıyıq”

—Kitab-i-Əqdəs

Bəhai Nigah mərasimlərini icra etmək üçün Məhfillərə müraciət olunmalıdır.  Mərasimin özü çox sadə olmalıdır.

—Həzrət Şövqi Əfəndi

Bəhai Nigahı hal-hazırda hər hansı yeknəsək qəlibə salınmamalıdır. Ən vacibi Həzrət Bəhaullahın Kitab-i-Əqdəsdə qoyduğu şərtdir: dostlar bu seçilmiş yazılara, istəsələr, əlavələr edə bilərlər, lakin Həzrət Əbdül-Bəhanın “Nigah Lövhü” Bəhai Nigahı üçün şərt deyildir.

—Həzrət Şövqi Əfəndi

Birdən artıq mərasim olduğu hallarda Bəhai kəbini və digər vətəndaş mərasimi və ya dini mərasim eyni gündə həyata keçirilməlidir.

—Həzrət Şövqi Əfəndi

 

Bəhai və vətəndaş mərasimlərinin eyni bir gündə keçirilməsinə gəldikdə isə: hər iki mərasim keçirilməyincə zifaf gecəsi baş verməməlidir, ona görə də bu iki mərasimin arasında bir gecə fasilə olmamalıdır.

—Ümumdünya Ədalət Evi

Bəy və gəlin iki şahid qarşısında bəyan etməlidirlər: “Biz hamımız Allahın İradəsilə razıyıq”. Bu iki şahid bəy və gəlin, yaxud Ruhani Məhfil tərəfindən seçilə bilər, lakin istənilən halda Məhfil tərəfindən qəbul edilməlidir.

—Ümumdünya Ədalət Evi

Bəy və gəlinin zifaf gecəsi, sizin müvafiq olaraq qeyd etdiyiniz kimi, başqalarına aidiyyatı olmayan intim və şəxsi məsələdir. Normal halda toy gecəsi cinsi əlaqəni nəzərdə tutur. Zifaf gecəsinin mərasimdən sonra iyirmi dörd saat ərzində baş verməsini tələb edən Bəhai qanunu o vaxt yerinə yetirilmiş sayıla bilər ki, qız və oğlan ailə münasibəti qurmaq niyyəti ilə birgə yaşamağa başlamışlar.

—Ümumdünya Ədalət Evi

Bəhai olandan sonra evlənmək istəyən şəxslər Bəhai mərasimi keçirməlidirlər və Bəhai qanununun tələblərini yerinə yetirməyincə, əlbəttə ki, evlənmiş sayılmırlar.

—Ümumdünya Ədalət Evi

Həzrət Şövqi Əfəndinin buyurduğu kimi, Bəhai Nigahı bir-birinə qovuşandan uzun müddət sonra deyil, ilk dəfə qovuşarkən keçirilməlidir. Bununla belə, bəy və gəlin öz dostları ilə bəhai olmaları münasibətilə Nigah adına Bəhai duaları və yazılarının oxunduğu yığıncaq keçirmək istəsələr, onların bunu etməsinə etiraz edilmir, lakin qeyd etmək lazımdır ki, bu yığıncaq Bəhai Nigahı mərasimi deyildir.

—Ümumdünya Ədalət Evi

Nigah Birliyin Əsası Kimi

ƏN BÖYÜK VARLIQ buyurur: “Ey, siz insan övladları! Allahın Əmri və Onun Dinini canlandıran fundamental məqsəd bəşər nəslinin maraqlarının qorunması və birliyinin inkişaf etdirilməsi, insanlar arasında ülfət və yoldaşlıq ruhunun bəslənməsidir”.

—Həzrət Bəhaullah

Həqiqətən, onlar Sənin əmrinə itaət edərək evlənmişlər. Axır zamanadək onların birlik və harmoniya nişanələri olmalarına yardım eylə. Həqiqətən, Sən Qüdrətli, hər yerdə mövcud olan və Qüvvətlisən!

—Həzrət Əbdül-Bəha

Ayrılıqdan hər cür əzab və inciklik doğar, yaradılmış şeylərin birliyi isə həmişə ən tərifəlayiq nəticələr verər. Varlıq dünyasında hətta ən xırda hissəciklərin birləşməsindən Allahın fəzli və səxavəti zahir olar, dərəcə yüksəldikcə birlik daha əhəmiyyətli olur. Bütün cütləri torpağın yetişdirdiyindən, insanların özlərindən və onların idrakı xaricində olan şeylərdən yaradan Allaha əbha olsun! İnsanlar arasındakı birlik isə, xüsusilə bu birlik Allaha məhəbbət xatirinə olanda, bütün başqa birliklərdən ucadır. Başlanğıc birlik belə zahir olmuşdur, ruhda eşqin bünövrəsi belə qoyulmuşdur.

—Həzrət Əbdül-Bəha

Nigah insan kütlələri arasında cismani bağdır və bu birlik yalnız müvəqqəti ola bilər, çünki o, əvvəldən qərar verildiyi kimi sonda fiziki parçalanmaya məhkumdur.  Bəha əhli arasında isə Nigah həm cismani, həm də ruhani olmalıdır, çünki həm ər, həm də arvad eyni şərabdan hərarətlənər, hər ikisi eyni misilsiz Simaya aşiq olar, hər ikisi eyni ruhla yaşayar və hərəkətə gələr, hər ikisi eyni nurla işıqlanar. Onlar arasında bu bağlılıq ruhanidir, ona görə də bu bağlılıq əbədi yaşayacaq. Eynilə də onlar cismani dünyada güclü və daimi bağlardan həzz alarlar, çünki əgər Nigah həm ruha, həm də cismə əsaslanarsa, bu birlik həqiqi birlik olar və ona görə də davam edər. Lakin bu bağ cismani bağlılıqdan başqa bir şey deyilsə, o, əlbəttə ki, müvəqqətidir və mütləq ayrılıqla sona yetər. Ona görə də Bəha əhli evlənməyə qərar verəndə bu ittifaq həqiqi münasibət, ruhani və həmçinin cismani birlik olmalıdır ki, həyatın hər mərhələsində və Allahın bütün dünyalarında onların qovuşması daimi olsun, çünki bu həqiqi birlik Allah məhəbbətindən saçan nurdur.  Eynilə insanlar yetişib həqiqi möminlər olanda, onlar bir-biri ilə ruhani münasibətdə olacaq və bu dünyaya aid olmayan incəlik nümayiş etdirəcəklər. Onlar hamısı ilahi məhəbbətin cazibəsindən şövqlənəçək və onların bu ittifaqı, bu əlaqəsi əbədi yaşayacaqdır. Özünü unudan, özündən bəşəri qüsurları qoparıb atan və özünü bəşəri zəncirlərdən azad edən qəlblər, heç bir şübhə yoxdur ki, səmavi birlik nuru ilə işıqlanacaq və hamısı ölməz dünyada həqiqi birliyə yetişəcəklər.

—Həzrət Əbdül-Bəha

Ərlə arvad, onlar arasında bağ və Allahın onlara bəxş etdiyi uşaqlarla bağlı sualınıza dair: Bil, həqiqətən, ər o kəsdir ki, səmimi olaraq Allaha tərəf dönmüş, Ən Cəlallının Camalının çağırışına oyanmışdır və böyük yığıncaqlarda Birlik kəlamlarını oxuyur. Arvad o varlıqdır ki, Allahın sifətləri və Onun adlarını axtarır və onlarla aşıb-daşmaq istəyir, onlar arasındakı bağ isə Allahın Kəlamından başqa bir şey deyildir. Həqiqətən, Allah Kəlamı kütlələri bir yerə toplayır və bir-birindən uzaq olanları birləşdirir. Beləcə, ər və arvad bir-birinə yaxınlaşır, hətta bir şəxsiyyət kimi bir-birilə birləşir və harmoniya təşkil edirlər. Onların qarşılıqlı birliyindən, munisliyindən və məhəbbətindən həm cismani, həm də ruhani dünyada böyük nəticələr törəyir. Ruhani nəticə ilahi nemətlərin zahir olmasıdır. Cismani nəticə Allahın məhəbbət beşiyində doğulan, Allahın elm döşündə bəslənən, Allahın nemətinin qoynunda tərbiyə alan və Allahın təlim dizlərində böyüyən uşaqlardır. Həzrət İsa belə uşaqlar haqqında buyurmuşdur: həqiqətən, onlar Səltənətin uşaqlarıdır!

—Həzrət Əbdül-Bəha

Boşanmaya Münasibət

ALLAH, HƏQİQƏTƏN, BİRLİYİ və razılığı sevir, ayrılıq və boşanmaya isə nifrət edir.

—Həzrət Bəhaullah

İndi amerikalı dostlar belə yaşamalı və belə davranmalıdırlar. Onlar ciddi olaraq boşanmadan çəkinməlidirlər, ta o vaxta qədər ki, onları ayrılmağa vadar edən bir-birinə qarşı nifrət yaransın. Bu halda onlar Ruhani Məhfili xəbərdar etməklə ayrılmaq qərarını verə bilərlər. Sonra onlar səbirli olmalı və tam bir il gözləməlidirlər. Əgər bu il ərzində onlar arasında harmoniya bərpa olunmazsa, o halda boşanma həyata keçirilə bilər. Elə olmamalıdır ki, ər və arvad arasında cüzi ziddiyyət və ya narazılıq üzündən ər başqa bir qadınla birləşmək fikrinə düşsün, yaxud, Allah eləməsin, arvad da başqa ər haqqında fikirləşsin. Bu səmavi dəyər ölçüsünə və həqiqi ismətə ziddir. Allahın dostları elə yaşamalı və davranmalı, elə gözəl xasiyyət və davranış nümayiş etdirməlidirlər ki, başqalarını heyrətə salsınlar. Ər və arvad arasındakı məhəbbət tamamilə cismani olmamalıdır, xeyr, o, ruhani və ilahi olmalıdır. Bu iki qəlb bir qəlb sayılmalıdır. Tək bir qəlbi ayırmaq necə də çətin olardı! Xeyr, daha da çətin olardı.  Xülasə, Allahın Səltənətinin təməli ixtilaflar, xüsusilə də ər və arvad arasındakı ixtilaflar üzərində deyil, harmoniya və məhəbbət, birlik, yoldaşlıq və ittifaq üzərində qurulmuşdur. Bunların ikisindən biri boşanmaya səbəb olarsa, o, sözsüz ki, böyük çətinliklərə düşər, dəhşətli fəlakətlərin qurbanı olar və peşmançılıq çəkər.

—Həzrət Əbdül-Bəha

Sizin üzləşdiyiniz vəziyyət, həqiqətən, çətin və incədir, lakin onun doğurduğu və sizin, sadiq və vəfalı bir mömin kimi, vicdanla və tamamilə öz üzərinizə götürməli olduğunuz məsuliyyətlər heç də az ciddi və əlbəttə ki, az əhəmiyyətli deyildir. Ona görə də sizin vəziyyətinizin xüsusi çətinliklərini tam aydın başa düşən Əmrin Vəlisi qəm-qüssə içində üzləşdiyiniz bu çətin vəziyyətinizdə sizə dərin rəğbət bəsləməsinə baxmayaraq, Təlimlərdəki qəti hökmlər nöqteyi-nəzərindən, sizin birinci arvadınız sağ olduğu və sizə müqəddəs izdivac öhdəliyi ilə bağlı olduğu halda sizin ikinci Nigah bağlamaq tələbinizə icazə verə bilməz, nə də sadəcə yenidən evlənmək xatirinə arvadınızı boşamağınızı təklif və ya təsdiq edə bilməz. Çünki Bəhai Təlimi yalnız ikiarvadlılığı/ikiərliliyi kənarlaşdırmır, həm də, boşanmaya icazə verdiyi halda, onu məzəmmətəlayiq hərəkət hesab edir və yalnız müstəsna çətin vəziyyətlərdə, ciddi problemlər yarandıqda icazə verir, bu zaman fiziki cazibədarlıq və ya cinsi uyğunluq və harmoniya kimi səbəblər nəzərə alınmır. “Həzrət Bəhaullahın qurduğu Nigah təsisatı ər-arvad birliyinin fiziki amilinə lazımi əhəmiyyət verdiyi halda onu, hikmətli və hami Allahın ona inayət etdiyi mənəvi və ruhani məqsəd və vəzifələrdən sonra ikinci dərəcəli hesab edir. Yalnız bu müxtəlif dəyərlərə lazımi əhəmiyyət verildiyi halda və fiziki olan mənəvi olana, cismani olan isə ruhani olana münasibətdə ikinci dərəcəli olduğu halda ər-arvad münasibətlərində tənəzzülə uğramış dövrümüzün belə kədərli halda şahidi olduğu ifratçılıq və pozğunluqdan qaçmaq olar və ailə həyatının əvvəlki paklığı bərpa oluna və Allahın hökm etdiyi həqiqi vəzifə yerinə yetirilə bilər”. Əmrin Vəlisi çox səylə dua edəcəkdir ki, belə ilahi meyarla ilhamlanıb hidayət olunaraq və Həzrət Bəhaullahın sarsılmaz yardımı və təyidi ilə siz həmin şəxslərlə münasibətlərinizi qənaətbəxş şəkildə tənzimləyəsiniz və beləliklə də sizin həyatınızın, əlbəttə ki, bu çətin probleminin düzgün həllini tapasınız.

—Həzrət Şövqi Əfəndi

Boşanmaya dair Əmrin Vəlisi buyurmuşdur ki, bu, pislənilir, ona etiraz olunur və o, Allahın rizasına qarşıdır. Məhfil bu münasibətlə Həzrət Əbdül-Bəhanın Qələmindən nazil olan hər nə varsa, hamısını dostlar arasında yaymalıdır ki, hamı tam xəbərdar olsun. Boşanma Ruhani Məhfilin təsdiqi və icazəsi ilə şərtləşdirilir. Məhfil üzvləri belə məsələlərdə hər bir halı müstəqil və diqqətlə öyrənməlidir. Əgər boşanma üçün tutarlı əsaslar olarsa və barışığın tamamilə qeyri-mümkün olması müəyyən edilərsə, o halda Məhfil boşanmanı təsdiq edə bilər.

—Həzrət Şövqi Əfəndi

Şövqi Əfəndi arzu edir ki, sizin Nigahınızla bağlı mən bu qeydi əlavə edim: O, hesab etmir ki, hər hansı mömin, istənilən şəraitda, Əmri və ya ona xidməti öz Nigahlarının pozulması üçün səbəb edə bilər, boşanma, bildiyimiz kimi, Həzrət Bəhaullah tərəfindən lənətlənmişdir və yalnız hədsiz dərəcədə ciddi səbəblər ona əsas verə bilər.

—Həzrət Şövqi Əfəndi

Bəhai ailəsi olan yerdə aidiyyatı olanlar onu qoruyub saxlamaq üçün əllərindən gələni etməlidirlər, çünki Təlimlərdə boşanma lənətlənir, harmoniya, birlik və məhəbbət isə insan münasibətlərində ən yüksək ideallar kimi yüksək tutulur. Bu, mühacirlik sahəsində xidmət edib-etməməyindən asılı olmayaraq həmişə bəhailərə aid edilməlidir.

—Həzrət Şövqi Əfəndi

O arzu edir ki, mən Onun sizin həyatınızın düçar olduğu kədərə təəssüfləndiyini və sizin boşanma ilə bağlı ümumilikdə dediklərinizin hamısı ilə razılaşdığını sizə çatdırım. Şübhə yoxdur ki, Amerikada möminlər, ehtimal ki, özləri də bilmədən geniş yayılmış hədsiz dərəcədə azad əxlaqın təsiri altına düşdüklərinə görə və boşanmaya getdikcə artan qeyri-ciddi münasibət üzündən boşanmanı ciddi qəbul etmirlər və görünür, başa düşmürlər ki, Həzrət Bəhaullah boşanmaya icazə verməsinə baxmayaraq, O, boşanmanı lənətləmiş və yalnız son çıxış yolu kimi icazə vermişdir. Boşanmada uşaqlar amilini saymamaq olmaz, çünki o, ər və arvadın üzərinə belə bir addımı nəzərə almaqda, əlbəttə ki, daha ağır mənəvi məsuliyyət qoyur. Boşanma belə hallarda təkcə onlara, onların arzularına və hisslərinə aid deyildir, lakin həm də uşaqların bütün gələcəyinə və onların özlərinin Nigaha münasibətinə təsir edir.

—Həzrət Şövqi Əfəndi

Möminlər boşanmadan çox ciddi surətdə çəkinməlidirlər və ona yalnız nadir və son dərəcə zəruri hallarda əl atılmalıdır. Müasir cəmiyyətdə Nigahın müqəddəs təbiətinə münasibətdə nizamsızlıq cinayət həddinə çatmışdır və möminlər bu münasibətə qarşı səylə mübarizə aparmalıdırlar.

—Həzrət Şövqi Əfəndi

O, sizin ərinizdən boşanma fikrinə düşmənizi eşidəndə çox təəssüfləndi. Şübhəsiz, bilirsiniz ki, Həzrət Bəhaullah ailə bağını çox müqəddəs sayır və yalnız çox müstəsna və dözülməz hallarda boşanma bəhailərə məsləhət görülür.  Əmrin Vəlisi demir ki, siz ərinizdən boşanmamalısınız, ancaq O, israr edir ki, siz, sadəcə mömin olduğunuz və Allahın qanunlarına əməl etməyə can atdığınız üçün deyil, lakin həm də uşaqlarınızın xoşbəxtliyi naminə əvvəllər Nigahınızda hiss etdiyiniz məhdudiyyətlərdən yüksəyə qalxmağınızın və birlikdə onu dəf etməyinizin mümkünlüyünü dua vəziyyətində nəzərdən keçirəsiniz.  Biz çox vaxt hesab edirik ki, bizim xoşbəxtliyimiz müəyyən istiqamətdə yönəlmişdir, lakin sonda o, bizə baha başa gəlsə, görərik ki, biz, həqiqətdə, nə azadlıq, nə də xoşbəxtlik əldə etmişik, sadəcə yeni məyusluq və ümidlərin puça çıxması.

—Həzrət Şövqi Əfəndi

O, sizin ərinizlə bir yerdə hələ də xoşbəxt olmadığınızı eşidəndə çox təəssüfləndi. Evli insanların bir-biri ilə yola gedə bilməməsi həmişə həyatda kədər mənbəyi olmuşdur, lakin Əmrin Vəlisi hesab edir ki, siz və əriniz, boşanmaq niyyətində olarkən öz uşaqlarınızın gələcəyi və sizin tərəfinizdən bu vacib addımın onların həyatına və xoşbəxtliyinə necə təsir edəcəyi haqqında fikirləşməlisiniz.  Əgər məsləhət və məşvərətə ehtiyac hiss edirsinizsə, O, sizə öz Yerli Məhfilinizlə məsləhətləşməyi məsləhət görür, əminəm ki, sizin bəhai yoldaşlarınız sizə məsləhət vermək və kömək etmək, sizin və Əmrin maraqlarını qorumaq üçün əllərindən gələni edəcəklər.

—Həzrət Şövqi Əfəndi

Kitab-i-Əqdəsdə Nigah ən müqəddəs və vacib bağ kimi buyurulmuşdur və bəhailər başa düşməlidirlər ki, boşanmaya son vasitə kimi baxılmalı, hər mümkün vasitə ilə ondan çəkinilməli və asanlıqla ona əl atılmamalıdır.

—Həzrət Şövqi Əfəndi

Nigahda Cinsi Əlaqə

İZDİVAC EDİN Kİ, sizdən sonra sizin yerinizə başqası qalxsın. Biz, həqiqətən, sizə sədaqətli olmağa kömək edəni deyil, əxlaqsızlığı qadağan etdik...

—Həzrət Bəhaullah

İzdivac edin, ey insanlar, ta ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim əmrlərimdən biridir sizə, onu özünüzə köməkçi tutun.

—Həzrət Bəhaullah

 

Ona görə də Sən Öz mərhəmət səmanda Sənin məhəbbət yuvanın bu iki quşunu birləşdir və onları əbədi mərhəməti cəzb edən vasitə et ki, bu iki məhəbbət dənizinin birliyindən lətiflik dalğası qalxsın və pak və xeyirxah övlad mirvarilərini həyat sahilinə atsın.

—Həzrət Əbdül-Bəha

Həzrət Bəhaullah hamını həyatın təbii və düzgün yolu olan izdivaca çağırmışdır. Lakin O, həmçinin, onun ruhani təbiətini güclü vurğulamışdır ki, bu da normal fiziki həyat tərzini istisna etmir və Nigahın ən əsas amilidir. İki insanın öz həyatlarını məhəbbət və harmoniyada yaşaması onların bir-birinə qarşı ehtirasla alışıb-yanmasından daha vacibdir. Biri böyük, möhkəm qayadır ki, ehtiyac olduqda söykənmək olar, digəri isə tamamilə müvəqqəti bir şeydir ki, hər an məhv ola bilər.

—Həzrət Şövqi Əfəndi

Bəhai Dini cinsi meylliyin əhəmiyyətini qəbul edir, lakin onun azad məhəbbət, siğə və digər qeyri-qanuni və ədəbsiz formalarını ittiham edir və hamısını insana və onun yaşadığı cəmiyyətə qeyd-şərtsiz zərərli hesab edir. Cinsi instinktdən düzgün istifadə etmək hər bir fərdin təbii hüququdur və məhz bu məqsədə görədir ki, Nigah institutu yaradılmışdır. Bəhailər cinsi həvəsin boğulmasına inanmırlar, lakin onun tənzimlənməsinə və ona nəzarət olunmasına inanırlar.

—Həzrət Şövqi Əfəndi

Ər və ya arvadımızdan başqa tanış olduğumuz adamla dərin məhəbbət bağlarının həyatımızda tuta biləcəyi yerlə bağlı qaldırdığınız sual təlimlərin işığında asanlıqla aydınlaşdırılır. İsmətlilik, həm Nigahdan əvvəl, həm də Nigahdan sonra, ləkəsiz və saf cinsi əlaqə həyatı deməkdir. Nigahdan əvvəl tamamilə bakirə, Nigahdan sonra seçdiyin dosta vəfalı olmalı. Cinsi fəaliyyətdə vəfalı, sözdə və əməldə vəfalı olmalı.  Dünya bu gün bütün başqa şeylər arasında fiziki məhəbbətin vacibliyinin həddindən artıq şişirdilməsi və ruhani dəyərlərin qıtlığı girdabında batmışdır. Möminlər bunu mümkün qədər başa düşməyə səy göstərməli və evliliyin təmiz fiziki tərəfini, tarixdə bütün tənəzzülə uğramış dövrlər üçün səciyyəvi olaraq, həddindən artıq vurğulayan öz yoldaşlarından yüksəyə qalxmalıdırlar. Onlar normal, qanuni ailə həyatlarından kənarda insanın fiziki həyatı deyil, ruhani həyatına əsaslanan və əbədi olan yoldaşlıq və məhəbbət bağları yaratmağa çalışmalıdırlar. Bu, bir çox sahələrdən biridir ki, bəhailər burada nümunə olmalı və insanın ruhunun yüksəldiyi və onun bədəninin onun ruhu üçün alətdən başqa bir şey olmadığı həqiqi bəşəri həyat tərzinə doğru gedən yolu göstərməlidirlər. Deməyə ehtiyac yoxdur ki, bu, qanuni Nigah yolu ilə tamamilə normal cinsi əlaqə həyatını kənar etmir.

—Həzrət Şövqi Əfəndi

II. Nigaha Hazırlıq

Özünü Dərketmə 

 

EY MƏNİM BƏNDƏLƏRİM, əgər Mənim səxavət və fəzlimin sizdə əmanət qoyulmuş möcüzələrindən agah olsanız, şübhəsiz, hər şeydən əlinizi üzərsiniz və özünüzü tanımağa nail olarsınız ki, bu da əslində Məni tanımaq deməkdir. Və bu halda Məndən başqa heç kimə ehtiyac duymazsınız, Mənim inayət dəryamı və kəramət dənizimi zahiri və batini gözünüzlə özünüzdə Mənim Əbha adımdan parlayan günəş kimi açıq və aşkar görərsiniz.

—Həzrət Bəhaullah

Sən Səni zikr edənlərin zikrindən, səni vəsf edənlərin vəsfindən, Səni tərifləyənlərin tərifindən ucasan, çox ucasan! Sən öz bəndələrinə cürbəcür dualarla və növbənöv təriflərlə Səni xatırlamağı əmr etməklə, onlara mərhəmət göstərmisən: bu yolla onlar layiq olduqları məqama yüksəlib özlərini dərk etməlidirlər.

—Həzrət Bəhaullah

İnsan özünü tanımalıdır və nəyin onu izzətə və ya zillətə, şöhrətə və ya alçalmağa, zənginliyə və ya fəqirliyə apardığını bilməlidir.

—Həzrət Bəhaullah

Həyat Yoldaşının Seçilməsi

EY RUH OĞLU! Səni zəngin yaratdım, nə üçün yoxsulluğa yuvarlanırsan? Səni əziz yaratdım, nə üçün özünü zəlil tutursan? Səni elm cövhərindən zahir etdim, nə üçün məndə deyil, başqalarında elm axtarırsan? Səni məhəbbət gilindən yapdım, necə Məndən başqası ilə məşğulsan? İndi dön özünə bax ki, Məni özündə qüvvətli, qüdrətli və qəyyum tapasan.

—Həzrət Bəhaullah

Özünüzü dünyadan və onun bər-bəzəyindən xilas edin. Onlara yaxınlaşmaqdan çəkinin, çünki onlar sizi günaha və pis əməllərə sövq edir və sizin doğru yolla getməyinizə mane olur.

—Həzrət Bəhaullah

Ey varlıq oğlu! Əməllərinin hesabı çəkilməmiş, hər gün özünə hesabat ver, çünki ölüm səni qəflətən haqlayar və əməllərin üçün hesabat qarşısında durarsan.

—Həzrət Bəhaullah

Ey Mənim oğlum! Şər adamların söhbəti qəmi artırar, dürüst adamların ünsiyyəti qəlbin pasını təmizlər. “Hər kim Allah ilə ünsiyyət etmək istəyirsə, Onun dostları ilə ünsiyyət etsin və hər kim Allahın kəlamını eşitmək istəyirsə, Onun seçilmişlərinin kəlamlarını eşitsin”.

—Həzrət Bəhaullah

Məşvərət yüksək ayıqlıq bəxş edir və gümanı yəqinliyə çevirir. O, parlaq bir işıqdır ki, qaranlıq dünyada yol göstərir və hidayət edir. Çünki hər şeyin kamillik və yetkinlik vəziyyəti vardır və daim olacaqdır. Anlama qabiliyyətinin yetkinliyi məşvərət vasitəsilə zahir olar.

—Həzrət Bəhaullah

İndi insafla danış. Məsələni nə özünə, nə də başqalarına yanlış təqdim etmə.

—Həzrət Əbdül-Bəha

Allahın Qanunu altında izdivac sualına dair: əvvəlcə sən könlünə yatan birisini seçməlisən və sonra bu məsələyə görə ata və ananın razılığı alınmalıdır. Sən seçim etməmişdən əvvəl onların müdaxilə etmək hüququ yoxdur.

—Həzrət Əbdül-Bəha

Möminlərin qəlbləri arasında mövcud olan məhəbbət ruhların birliyindən doğur. Bu məhəbbət Allahın elmi vasitəsilə əldə edilir ki, insanlar İlahi Məhəbbəti qəlbdə əks olunmuş görürlər. Hər kəs digərində Allahın Camalının qəlbdə əks olunduğunu görür və bu oxşarlığı taparaq onlar bir-birinə məhəbbətlə cəzb olunurlar. Bu məhəbbət bütün insanları bir dənizin dalğaları edəcək, bu məhəbbət bütün insanları bir səmanın ulduzları və bir ağacın meyvələri edəcək. Bu məhəbbət həqiqi razılığın əldə olunmasına, həqiqi birliyin təməlinin qoyulmasına gətirib çıxaracaq.  Lakin bəzən dostlar arasında mövcud olan məhəbbət (həqiqi) məhəbbət deyildir, çünki o dəyişilməyə məhkumdur, bu, sadəcə məftunluqdur. Külək əsəndə nazik ağaclar əyilər. Külək Şərqdən əsəndə ağac Qərbə əyilər və külək Qərbdən əsəndə ağac Şərqə əyilər. Bu növ məhəbbət həyatın təsadüfi şəraitlərindən törəyir. Bu, məhəbbət deyildir, o, sadəcə tanışlıqdır, o, dəyişməyə məhkumdur. Bu gün iki qəlb açıq-aşkar yaxın dostluq edir, sabah bütün bunlar dəyişə bilər. Dünən onlar bir-birinin yolunda ölməyə hazır idilər, bu gün isə onlar bir-birindən qaçırlar! Bu, məhəbbət deyildir, bu, qəlblərin həyatın təsadüflərinə uymasıdır. Bu “məhəbbəti” yaşadan səbəb aradan gedəndə həmin məhəbbət də gedər, bu, həqiqətdə, məhəbbət deyildir.

—Həzrət Əbdül-Bəha

Ey, sən, Səltənətin oğlu! Əgər bir kimsədə Allahın məhəbbəti varsa, onun gördüyü hər bir iş faydalıdır, lakin Allahın məhəbbəti olmadan görülən iş ziyan gətirər və onun Səltənətin Rəbbindən pərdələnməsinə səbəb olar. Allahın məhəbbəti isə hər acılığı şirin və hər hədiyyəni qiymətli edər. Məsələn, musiqili və lətif səs cəzb olunmuş qəlbə həyat verir, lakin arzu və ehtiras içində itib batan qəlbləri isə şəhvətə sürükləyir.

—Həzrət Əbdül-Bəha

Yetkinliyi keçmiş insanı öyrətmək və xasiyyətini saflaşdırmaq həddindən artıq çətindir. Təcrübə göstərir ki, o çaqda onun bəzi meylini dəyişmək üçün edilən bütün səylər heç bir fayda vermir. Ola bilsin ki, o, bu gün bir qədər yaxşılaşsın, lakin bir neçə gün keçməz ki, o, unudar və öz vərdiş etdiyi vəziyyətə və adət etdiyi yollara qayıdar.

—Həzrət Əbdül-Bəha

Lakin sən bütün şəraitlərdə Allaha itaət etməli və Ona təvəkkül etməlisən və O, sənə sənin rifahın üçün faydalı olanı bəxş edəcəkdir. Həqiqətən, O mərhəmətli və rəhmlidir! Bax, nə qədər çətinə düşmüş işlər sonra Allahın izni ilə düzəlir və nə qədər problemlər həll olunur.

—Həzrət Əbdül-Bəha

Əgər mümkün olsa, qoy bu iki irq, ağ və qara, bir Məhfildə toplaşsınlar və qəlbləri elə məhəbbətlə dolsun ki, onlar nəinki birləşsinlər, hətta bir-birilə evlənsinlər. Əmin olun ki, bunun nəticəsi ağlar və qaralar arasındakı fərqləri və mübahisələri aradan qaldıracaq.

—Həzrət Əbdül-Bəha

Biz o ruhani səviyyəyə çatmalıyıq ki, orada Allah əvvəl gəlir və böyük insani ehtiraslar bizi Ondan döndərə bilmir. Hər vaxt biz görürük ki, insanlar başqalarına qarşı nifrət və ya ehtiraslı bağlılıq üzündən qanunu qurban verirlər və özlərini Allah Yolundan uzaqlaşdırırlar... “Biz Allahı sevməliyik və bu vəziyyətdə bütün insanlara qarşı ümumi məhəbbət mümkün olur. Biz hər bir insanı onun özünə görə sevə bilmərik, lakin bizim bəşəriyyətə qarşı hisslərimiz bütün insanları yaradan Ataya məhəbbətimizlə oyadılmalıdır”.

—Həzrət Şövqi Əfəndi

Sizin müddəanız ki, bəşəriyyətin birliyi prinsipi hər bir həqiqi bəhaini irqin özünü birliyə maneə kimi baxmaqdan qoruyur, bu məsələdə Dinin Təlimlərinə tam müvafiqdir. Çünki nə Həzrət Bəhaullah, nə də Həzrət Əbdül-Bəha irqlərarası Nigaha etiraz etmiş, nə də onu pisləmişlər. Bəhai Təlimləri, əlbəttə ki, məhz öz təbiəti ilə irqçiliyin bais olduğu bütün məhdudiyyətlərin hüdudlarını aşır. Ona görə də heç bir irqi fəlsəfə məktəbinə bənzədilə bilməz.

—Həzrət Şövqi Əfəndi

Xasiyyət və iman arasında fərq vardır, bu faktı çox vaxt qəbul etmək və ona dözmək çətindir, lakin fakt budur ki, insan Əmrə inana və onu sevə bilər, hətta onun yolunda ölməyə hazır olar, bununla belə yaxşı xasiyyəti olmaya bilər və yaxud təlimlərdən fərqli xüsusiyyətlərə malik ola bilər. Biz çalışmalıyıq ki, dəyişək, imkan verməliyik ki, Allahın Gücü bizi yeni şəklə salsın və bizi əməldə və imanda həqiqi bəhailər etsin. Lakin bəzən proses yavaş gedir, bəzən isə bu, heç vaxt baş vermir, çünki fərd kifayət qədər səylə çalışmır. Lakin bu şeylər bizə əziyyət verir və bizim üçün imtahandır...

—Həzrət Şövqi Əfəndi

Qız və oğlan bir-birinin xasiyyətini öyrənməlidirlər və evlənməyə qərar verməmişdən əvvəl bir-birini tanımaq üçün vaxt sərf etməlidirlər, evlənəndə isə bunu əbədi bağ yaratmaq niyyəti ilə etməlidirlər.

—Ümumdünya Ədalət Evi

 

İsmət

 

BİZ, HƏQİQƏTƏN, ÖZ kitabımızda əxlaqsızlıqdan üz döndərib paklıq yolunu tutanlara çoxlu mükafat müəyyən etdik. Həqiqətən, O, mükafatlandıran və səxavətlidir.

—Həzrət Bəhaullah

Sənə yalvarıram, ey millətləri yaradan və əbədiyyət Sultanı. Öz kənizlərini ismət məbədində hifz elə və Sənin günlərində onların nalayiq əməllərini aradan qaldır.

—Həzrət Bəhaullah

Paklıq və ismət Allahın kənizləri üçün ən böyük bəzək olub və olacaq. Allah Mənə şahiddir! İsmət nurunun parıltısı öz işığını ruh dünyalarına səpir və onun ətri hətta Ən Yüksək Cənnətə yayılır. Allah isməti, həqiqətən, Öz kənizlərinin başlarına tac etmişdir. Bu böyük məqama çatan kənizin xeyir-duası böyükdür.

—Həzrət Bəhaullah

De: azğınlıq edən və dünyadan yapışan kəslər bəha əhlindən deyillər. Bəha əhli o bəndələrdir ki, əgər qızılla dolu vadiyə daxil olsalar, ondan bulud kimi tez ötüb keçərlər və ona qətiyyən diqqət yetirməzlər. Bilin ki, onlar mənə mənsubdurlar. Səma sakinləri onların libasından müqəddəslik ətri duyar... Və əgər onların qarşısına ən yaxşı şəkildə bəzənmiş gözəl bir qadın çıxarsa, onlar ona ehtiras gözü ilə baxmazlar. Onlar paklıqdan yaranmışlar. Əzəli Qələm qüdrətli və səxavətli Rəbbinizin adından sizə belə təlim verir...

—Həzrət Bəhaullah

Bu cismani çərçivə batini məbədin taxtı olduğuna görə, birinciyə nə olursa, sonuncu da onu hiss edir. Həqiqətdə, şadlıqdan sevinən və ya ağrıdan kədərlənən bədənin özü deyil, onun batini məbədidir. Bu fiziki bədən batini məbədin oturduğu taxt olduğuna görə Allah buyurmuşdur ki, bədən mümkün olduqca qorunsun, ta ki, iyrəncliyə səbəb olan şeylər yaşanmasın.

—Həzrət Bab

Təvazökarlıq, paklıq, mülayimlik, ləyaqət və təmiz fikirlilik mənasında belə ismətli və müqəddəs həyat geyimdə, danışıqda, əyləncə səviyyəsində, bütün bədii və ədəbi sənətlərdə mötədillik tələb edir. Bu, cismani arzu və pozğun meyllərə nəzarət etmək üçün hər gün sayıq olmağı, yüngül hərəkətlərə, mənasız və çox vaxt yanlış istiqamətdə yönəldilmiş həzzlərə ifrat bağlılığa son qoyulmasını, bütün spirtli içkilərdən, opiumdan və buna bənzər vərdiş formalaşdıran narkotiklərdən özünü tamamilə saxlamağı tələb edir. O, incəsənət və ədəbiyyatın əxlaqsızlaşdırılmasını, nudizmi və sınaq Nigahını, ailə münasibətlərində vəfasızlığı və bütün növ nizamsızlığı, yüngüllüyü və cinsi iyrəncliyi ittiham edir. Belə ismətli həyat tənəzzülə uğramış əsrin nəzəriyyələri, standartları, vərdişləri və ifratları ilə heç bir güzəştə gedə bilməz. Əksinə, o, öz nümunəsinin dinamik gücü ilə belə nəzəriyyələrin zərərli cəhətini, belə standartların saxtalığını, belə iddiaların qeyri-səmimiliyini, belə vərdişlərin tərsliyini və belə ifratların küfrlü təbiətini nümayiş etdirməyə çalışır.

—Həzrət Şövqi Əfəndi

Nigahdan kənar cinsi instinktdən istifadənin hər hansı qanuni formaları olub-olmamağı haqqında sizin sualınıza dair, Bəhai Təlimlərinə görə qanuni evlənmiş şəxslər arasında cinsi əlaqədən başqa heç bir cinsi əlaqə qanuni sayıla bilməz. Ailə həyatından kənarda cinsi istəkdən qanuni və sağlam istifadə ola bilməz. Bəhai gənclərinə bir tərəfdən özünənəzarət dərsləri keçilməlidir ki, bu da xasiyyətin və ümumiyyətlə, şəxsiyyətin təkmilləşdirilməsinə, şübhəsiz, səmərəli təsir göstərəcək. Digər tərəfdən isə onlara hələ gənc ikən və fiziki gücə tam malik olduqları bir vaxtda Nigah bağlamaq məsləhət görülməli, hətta buna həvəsləndirilməlidirlər. İqtisadi amillər, şübhəsiz, çox vaxt erkən Nigah üçün ciddi maneədir, lakin əksər hallarda sadəcə bəhanədir və ona görə də həddindən artıq vurğulanmamalıdır.

—Həzrət Şövqi Əfəndi

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7
Anchor 8
Anchor 9
Anchor 10
Anchor 11

Valideynlərin Razılığı

HƏQİQƏTƏN, BƏYAN KİTABINDA bu məsələ qızla oğlanın razılığı ilə məhdudlaşdırılıb. Biz insanlar arasında məhəbbət, yoldaşlıq və birlik yaratmaq arzusu ilə bu məsələni valideynlərin razılığı ilə şərtləşdirdik ki, ədavət və nifrətdən qaçılsın.

—Həzrət Bəhaullah

Nigah, qadının bakirə olub olmamasından asılı olmayaraq, hər iki tərəfin və onların valideynlərinin razılığı ilə şərtləşdirilir.

—Kitab-i-Əqdəs

Həzrət Bəhaullah sağ olan valideynlərin hamısının Bəhai Nigahı üçün razılığını aydın şəkildə buyurmuşdur. Bu, bəhai və ya qeyri-bəhai olmalarından, uzun illər boşanmış olmalarından asılı olmayaraq valideynlərə aid edilir. Bu böyük qanunu O, sosial binanı gücləndirmək, ailə bağlarını sıx möhkəmlətmək, uşaqların ürəklərində onlara həyat verən və onların ruhunu Yaradana tərəf əbədi səyahatə göndərən valideynlərinə qarşı hörmət və ehtiram yaratmaq üçün vermişdir. Biz bəhailər başa düşməliyik ki, müasir cəmiyyətdə tam əks proses gedir, gənclər öz valideynlərinin arzularına getdikcə az məhəl qoyurlar, boşanmaya təbii hüquq kimi baxılır və bu, ən tutarsız, ən əsassız və ən rəzil bəhanələrlə əldə edilir. Bir-birindən ayrılmış insanlar, xüsusilə, onlardan biri uşaqlar üzərində tam qəyyumluq hüququna malik olanda, həmin uşaqların dünyaya gəlməsində bir valideyn kimi məsul olan öz Nigah partnyorlarının vacibliyini azaltmağa çalışırlar. Bəhailər Bəhai qanunlarına və təlimlərinə ciddi əməl edərək ailə həyatını, ailə münasibətlərinin gözəlliyini belə sürətlə dağıdan, cəmiyyətin mənəvi binasını uçurdan bu məhvedici qüvvələrə qarşı mübarizə aparmalıdırlar.

—Həzrət Şövqi Əfəndi

Bəhai Nigahının qanuniliyi dörd valideynin hamısının azad və tam razılığından asılıdır. Bu hüquqdan istifadə edərkən valideynlərin azadlığı məhdudlaşdırılmır və şərtləşdirilmir. Onlar istənilən əsasla razı olmaya bilər və öz qərarlarına görə yalnız Allah qarşısında cavabdehdirlər.

—Həzrət Şövqi Əfəndi

Valideyn və uşaqların həyatın Nigah kimi ciddi məsələlərində fikir ayrılığı, əlbəttə ki, çox təəssüf doğuran haldır, lakin ən yaxşı yol bir-birinin fikrinə sayğısızlıq göstərməmək və onu məzəmmətedici ruhda müzakirə etməməkdir, fəqət onu səmimi yolla həll etməyə çalışılmalıdır.

—Həzrət Şövqi Əfəndi

Mən görürəm ki, onun qızının Nigahına razılıq verməsi haqqında sizin sualınıza cavab verməyi təxirə salmışam: Bəhai Nigahı olması üçün razılıq verilməlidir. Həzrət Bəhaullah bunu tələb edir və valideynin öz fikrini dəyişməsi haqqında heç bir söz demir. Yazılı razılıq verildikdən və Nigah bağlandıqdan sonra valideynlərin daha müdaxilə etmək hüququ yoxdur.

—Həzrət Şövqi Əfəndi

Cənab məktubundan belə təəssürat yaranır ki, o, Nigahdan əvvəl valideynlərin razılıq verməsi qanununa adi inzibati qayda kimi baxır və dərk etmir ki, bu, bəşər cəmiyyətinin əsaslarına təsir edən, böyük əhəmiyyətə malik bir qanundur. Bundan başqa, görünür, o, Bəhai Dinində ruhani və inzibati amillərin bir-birini tamamladığına və Dinin sosial qanunlarının ruhani qanunlar qədər vacib olduğuna lazımi diqqət yetirmir.

—Ümumdünya Ədalət Evi

 

Tamamilə doğrudur ki, Həzrət Bəhaullahın Nigah üçün valideynlərin razılığının tələb olunması haqqında hökmü hər bir valideynin üzərinə ciddi məsuliyyət qoyur. Əgər valideynlər bəhaidirlərsə, onlar, əlbəttə ki, razılıq verib verməməkdə obyektiv olmalıdırlar. Onlar övladlarının arzusu ilə dinməz-söyləməz razılaşmaqla və ya mövhumatın təsirinə düşməklə bu məsuliyyətdən yayına bilməzlər, lakin valideynlərin, istər bəhai, istərsə də qeyri-bəhai olsunlar, qərarı, hansı səbəbə əsaslanmağından asılı olmayaraq, vacibdir. Uşaqlar bilməli və başa düşməlidirlər ki, belə qərar vermək valideynin vəzifəsidir. Uşaqlar onlara həyat verən valideynlərinə ürəklərində hörmət bəsləməli və həmişə onların rizasını qazanmağa çalışmalıdırlar.

—Ümumdünya Ədalət Evi

Nigah bağlamamışdan əvvəl valideynlərin razılığı bütün hallarda alınmalıdır. Həzrət Bəhaullahın qanunlarına itaət fərdi hallarda labüd olaraq çətinliklər yaradacaq. Heç kim fikirləşməməlidir ki, o, bəhai olduqdan sonra, onun imanı sınanmayacaq. Belə məsələlərdə bizim məhdud düşüncəmizə bu sınaqlar bəzən dözülməz görünə bilər. Lakin biz bilirik ki, Həzrət Bəhaullah möminləri əmin etmişdir ki, onlar heç vaxt davam gətirə biləcəklərindən artıq sınağa çəkilməzlər.

—Ümumdünya Ədalət Evi

Bəhai qanunu valideynlik edən şəxslərin, onların böyütdüyü uşaqların Nigahına razılıq verməsini tələb etmir. Bununla belə, uşaqların arzu etdikləri vaxt bu razılığı almalarına heç bir etiraz edilmir.

—Ümumdünya Ədalət Evi

Bir və ya daha çox valideynlərin razı olmaması üzündən evlənə bilməyən bəhailər Yerli Ruhani Məhfillə məsləhətləşə bilərlər, bəlkə o, aidiyyatı olan valideynlərin münasibətini dəyişmək üçün yol təklif edə bilər. Möminlər belə problemlərlə üzləşərkən Həzrət Bəhaullaha təvəkkül etməli, Onun Dininə yardım etməyə, xidmət göstərməyə və onu təbliğ etməyə daha çox vaxt həsr etməli, ləkəsiz, ismətli həyat sürməkdə Onun əmrlərinə sadiq olmalı, yolu açmaqda və maneəni aradan götürməkdə və ya Öz iradəsini bildirməkdə Ona bel bağlamalıdırlar.

—Ümumdünya Ədalət Evi

Fərdlərin öz həyatlarında qanunlara itaət etməsinin təsirini nəzərə alaraq yadda saxlamaq lazımdır ki, bu həyatın məqsədi özünü növbəti həyata hazırlamaqdır. Burada insan heyvani istəklərinə nəzarət etməyi, onları yönəltməyi və onların qulu olmamağı öyrənməlidir. Bu dünyada həyat sınaq və nailiyyətlərin bir-birini əvəz etməsi, yıxılmaq və yeni ruhani tərəqqilər etmək deməkdir. Bəzən bu yol çox çətin görünə bilər, lakin siz həmişə təkrar-təkrar şahidi ola bilərsiniz ki, Həzrət Bəhaullahın qanununa əzmlə itaət edən, bu, nə qədər çətin görünsə də, ruhən inkişaf edir, öz zahiri xoşbəxtliyi naminə qanuna güzəşt edən isə bihudə arzularının ardınca gedir: o, axtardığı xoşbəxtliyi tapmır, öz ruhani inkişafını yubadır və çox vaxt özünə yeni problemlər yaradır.  Çox aydın bir misal: Valideynlərin Nigah üçün razılığını tələb edən Bəhai qanunu. Bu günlərdə çox vaxt qeyri-bəhai valideynlər mənfi fikir və ya irqi mövhumat üzündən razılıq vermirlər, lakin biz təkrar-təkrar görmüşük ki, uşaqların Bəhai qanununda səbatlığı həmin valideynlərə o dərəcədə təsir edir ki, çox vaxt nəinki xeyir-dua verilir, bu, hətta valideynlərin xasiyyətinə də təsir edə və onların öz uşaqları ilə münasibətlərini daha da gücləndirə bilir.  Beləliklə, bütün çətinliklərə rəğmən Bəhai qanununu yüksək tutmaqla biz nəinki öz xasiyyətimizi gücləndirir, həmçinin ətrafımızdakılara da təsir göstəririk.

—Ümumdünya Ədalət Evi

Nişan

 

NİKAH VƏ NİŞAN vaxtı ilə Nigah arasındakı müddət haqqında sualınıza dair: bu, Allahın Kitabının qəti əmridir və təfsir oluna bilməz. Keçmişdə nişan vaxtı ilə Nigah arasındakı müddət uzananda ciddi çətinliklər və problemlər yaranırdı. İndi Kitabın Mətninə əsasən tərəflər arasında Nigah təşkil olunanda, yəni tərəflər nişanlananda və onların evlənməyi yəqinləşəndə Nigah bağlanmamışdan əvvəl doxsan beş gündən artıq vaxt keçməməlidir...

—Həzrət Əbdül-Bəha

Nigahdan əvvəlki doxsan beş gün müddəti razılıqların alındığı gündən başlayır.

—Həzrət Şövqi Əfəndi

Bəhailərdən nişandan sonra doxsan beş gün ərzində evlənməyi tələb edən qanun hələlik Qərbdə tətbiq olunmur. Lakin Qərbdə yaşayan iranlılar belə qanunlara bir vicdan məsələsi olaraq itaət edirlər.

—Ümumdünya Ədalət Evi

İndi Qərbdə yaşayan iranlıların Bəhai Nigah qanununun təfsilatlarına, məsələn, nişan müddəti qanununa itaət etmələrinə dair sualınızla bağlı: əgər hər iki tərəf iranlıdırsa, bu qanunlar vacibdir. Lakin, bir tərəf iranlı, digər tərəf isə qərblidirsə, iranlı mömin, onun öz yoldaşını bu qanunlar haqqında xəbərdar etməsi tərifəlayiq hərəkət olmasına baxmayaraq, onlara əməl edilməsində təzyiq göstərməməlidir.

—Ümumdünya Ədalət Evi

III. Ailə Həyatı

Məhəbbət Və Birlik

İTTİFAQ VƏ BİRLİK hər zaman Allaha xoş gedib, ayrılıq və ixtilafa isə nifrət bəslənilib. Allahın sevdiyindən və Onun sizə əmr etdiyindən möhkəm yapışın. O, həqiqətən, hər şeyi Bilən, hər şeyi Görən və hikmətli Amirdir.

—Həzrət Bəhaullah

İnsan üçün Allahı tanıyandan və Onun Əmrində möhkəm olandan sonra, məhəbbət, harmoniya, razılıq və birlik vəziyyətini saxlamaq digər əksər xeyirxah əməllərdən alidir. Aləmin Məqsudunun hər səhər və axşam şəhadət verdiyi budur. Qoy Allah sizə Kitab-i-Əqdəsdə nazil olana əməl etməkdə yardımçı olsun.

—Həzrət Əbdül-Bəha

Hədsiz məhəbbət, birlik, səmimiyyət və mehribanlıqla davranın. And olsun həqiqət Günəşinə, birliyin nuru o qədər güclüdür ki, bütün aləmi işıqlandırıb nura boyayar. Hər şeydən agah olan Haqq bu sözlərin doğruluğuna şahid olmuşdur və şahiddir.

—Həzrət Bəhaullah

Peyğəmbərlərin gəlişində və Müqəddəs Kitabların nazil olmasında məqsəd qəlblər arasında məhəbbət, dünya əhli arasında dostluq yaratmaqdır. İnsan üzünü Allaha çevirməyincə və Onun Camalına cəlb olunmayınca həqiqi məhəbbət mümkün deyildir.

—Həzrət Əbdül-Bəha

Həzrət Bəhaullahın böyük və fundamental təlimləri Allahın təkliyi və bəşəriyyətin birliyidir. Bu, bütün dünya bəhailəri arasında birlik bağıdır. Onlar əvvəl özləri birləşir, sonra başqalarını birləşdirirlər. Özü birləşməyənə qədər başqalarını birləşdirmək mümkün deyildir.

—Həzrət Əbdül-Bəha

Öz ailə üzvünü və ya yurddaşını sevəndə, qoy bu, İntəhasız Məhəbbətin şüası ilə olsun! Qoy o, Allahda və Allah üçün olsun. Harada Allahın nişanələrini görsən, istər sənin, istərsə də başqasının ailəsindən olsun, sev o insanı. Rastlaşdığın hər insanın üzərinə hədsiz məhəbbət nuru saç.

—Həzrət Əbdül-Bəha

Dünya millətlərini bir ailənin üzvləri ilə müqayisə et. Ailə kiçicik millətdir. Sadəcə olaraq ailənin dairəsini genişləndir və sən millət alacaqsan. Millətin dairəsini genişləndir və sən bütün bəşəriyyəti alacaqsan. Ailəni əhatə edən şəraitlər milləti əhatə edir. Ailədə baş verənlər millətin həyatında baş verir. Əgər bir ailənin üzvləri arasında ixtilaf yaranarsa, onlar bir-birilə dava edərlərsə, bir-birini soyarlarsa, bir- birini qısqanarlarsa və bir-birindən inciklik üzündən intiqam alarlarsa və öz xeyrlərini güdərlərsə, bu ailə inkişaf və tərəqqi edə bilərmi? Xeyr, bu, tərəqqi və inkişafdan qalmağa səbəb olardı. Millətlərin böyük ailəsində də belədir, çünki millətlər ailələr toplusudur.

—Həzrət Əbdül-Bəha

İnsan üçün ailə qurmaq çox əhəmiyyətlidir. Gənc vaxtlarında cavanlıq təkəbbürü üzündən o, bunun əhəmiyyətini dərk etmir, lakin o, yaşlaşanda bu, peşimançılıq mənbəyi olacaq... Bu əzəmətli Əmrdə ailə qurmuş qız və oğlanın həyatı səma mələklərinin həyatına bənzəməlidir―fərəh və ruhani sevinclə dolu həyat, birlik və razılıq içində sürülən həyat, həm mənəvi, həm də fiziki dostluq. Ev nizam-intizamlı və mütəşəkkil olmalıdır. Onların ideyaları və fikirləri həqiqət günəşinin şüaları və göylərdəki ulduzların parıltısı kimi olmalıdır. Hətta iki quş təkin onlar yoldaşlıq və harmoniya ağacının budaqları üzərində cəh-cəh vurmalıdırlar. Onlar həmişə fərəh və şadlıqdan şövqlənməli və başqalarının qəlbləri üçün xoşbəxtlik mənbəyi olmalıdırlar. Onlar öz yoldaşları üçün nümunə olmalı, bir-birinə qarşı həqiqi və səmimi məhəbbət nümayiş etdirməli və uşaqlarına elə tərbiyə verməlidirlər ki, ailələrinin şan-şöhrəti şölə saçsın.

—Həzrət Əbdül-Bəha

Ailədə münaqişə və ixtilafın zərərli təsirinə nəzər yetirin, sonra, ailənin müxtəlif üzvləri arasında birlik olanda onun üzərinə axan nemət və xeyir-dualar üzərində düşünün. Əgər birlik və qardaşlıq qurulsaydı, böyük bəşər ailəsinə nə qədər də saysız-hesabsız fayda və xeyir-dualar yağardı! Bu əsrdə birliyin faydalı nəticələri və ixtilafın mənfi təsiri belə açıq-aşkar olduğu bir vaxtda dünyada bəşər dostluğunun əldə edilməsi üçün vasitələr meydana çıxmışdır. Həzrət Bəhaullah bəşər dünyasında düşmənçilik və ixtilafın aradan qaldırılması üçün yol göstərmişdir. O, mübarizə və narazılıq üçün heç bir əsas və ya imkan verməmişdir. Əvvəlcə O, bəşəriyyətin birliyini bəyan etdi və bəşəriyyətin mövcud şəraiti üçün dini təlimlər gətirdi.

—Həzrət Əbdül-Bəha

Fikir verin, birlik olan ailədə bu ailənin işləri necə də asanlıqla idarə olunur, bu ailənin üzvləri necə tərəqqi edir, onlar dünyada necə irəliləyirlər. Onların işləri qaydasındadır, onlar rahatlıq və dinclikdən həzz alırlar, onlar təhlükəsizlikdədirlər, onların vəziyyəti etibarlıdır, hamı onlara həsəd aparır. Belə bir ailə gün keçdikcə inkişaf edir və onun əbədi şərəfi artır.

—Həzrət Əbdül-Bəha

Əgər bir ailədə məhəbbət və razılıq zahir olarsa, o ailə inkişaf edəcək, nurlu və ruhani olacaqdır, lakin orada ədavət və nifrət olarsa, dağılma və pərən-pərənlik qaçılmazdır.

—Həzrət Əbdül-Bəha

Mən sizin hamınıza öz ürək fikirlərinizi məhəbbət və birliyə yönəltməyi tapşırıram... Sevgi düşüncəsi qardaşlıq, sülh, dostluq və xoşbəxtlik doğurur.

—Həzrət Əbdül-Bəha

Yəqin bil ki, Məhəbbət Allahın müqəddəs Vəhyinin sirri, Rəhmanın təzahürü, ruhani yağışlar mənbəyidir. Məhəbbət səmanın lütf nuru, Müqəddəs Ruhun bəşər ruhunu canlandıran əbədi nəsimidir. Məhəbbət Allahın bəşərə zühurunun səbəbi, İlahi yaradılışa müvafiq olaraq varlıqların reallığına xas olan həyati vacib bağdır. Məhəbbət həm bu, həm də o biri dünyada həqiqi faydanın yeganə təminatçısıdır. Məhəbbət qaranlıqda yol göstərən işıq, Allahla insanı birləşdirən bağdır və hər bir nurlanmış qəlbin tərəqqisinə zamindir.

—Həzrət Əbdül-Bəha

İnsan təkamülü öz erkən başlanğıcını ailə həyatının yaranmasından götürür, inkişaf edərək qəbilə birliyinə nail olur ki, bu da öz növbəsində şəhər-dövlətin yaranmasına gətirib çıxarır və sonra müstəqil və suveren millətlər yaranır.

—Həzrət Şövqi Əfəndi

Bu Əmr ailə bağlarını qırmağa deyil, onu gücləndirməyə gəlmişdir, o, məhəbbəti söndürməyə deyil, onu gücləndirməyə gəlmişdir, o, sosial institutları zəiflətmək üçün deyil, onları gücləndirmək üçün yaradılmışdır.

—Həzrət Şövqi Əfəndi

Əgər biz bəhailər öz aramızda səmimi birlik əldə edə bilməsək, deməli, əsas məqsədi dərk edə bilməmişik, o məqsəd ki, Həzrət Bab, Həzrət Bəhaullah və Sevimli Sərkər Ağa (Həzrət Əbdül-Bəha) onun üçün yaşamış və iztirab çəkmişlər.  Bu səmimi birliyə çatmaq üçün Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəhanın təkid etdiyi ilk əsaslar budur ki, biz öz səhvlərimiz və uğursuzluqlarımız üzərində dayanaq, başqalarının səhvlərinə və uğursuzluqlarına diqqət yönəltmək kimi təbii meylimizə qarşı müdafiə olunaq. Bizim hər birimiz yalnız bir həyat üçün məsuldur, o da öz həyatımızdır. Bizim hər birimizin kamilliyi ilahi Atamızın kamilliyindən hədsiz dərəcədə uzaqdır və öz həyatımızı və xasiyyətimizi kamilləşdirmək vəzifəsi bizim bütün diqqətimizi, iradəmizi və enerjimizi tələb edir. Əgər biz öz diqqət və enerjimizi başqalarını düz yolda saxlamağa və onların səhvlərini düzəltməyə həsr ediriksə, biz qiymətli vaxtımızı itiririk. Biz hərəsinin idarə etmək üçün özünün qoşqusu və yönəltmək üçün özünün kotanı olan cütcüyə bənzəyirik. Şırımı düz saxlamaq üçün onun gözü öz məqsədində olmalı və fikrini öz işində cəmləşdirməlidir. Əgər o, yan-yörəsinə baxırsa ki, görsün Əli və Həsən nə edirlər və onları tənqid edirsə, o halda, əlbəttə ki, onun öz şırımı əyiləcək.  Bəhai təlimləri günahlandırma və qeybətdən özünü saxlamağı, öz səhvlərimizi tapmağı və kənar etməyi və öz uğursuzluqlarımızın öhdəsindən gəlməyi vurğuladığı qədər digər mövzuları vurğulamır.  Əgər biz Həzrət Bəhaullaha, sevimli Sərkər Ağaya, Əmrin əziz Vəlisinə sadiqiksə, o halda biz öz məhəbbətimizi bu şübhə doğurmayan təlimlərə itaət etməklə göstərməliyik. Onların tələb etdiyi sözlər deyil, əməllərdir. Sədaqət və səcdədən nə qədər coşğunluqla danışsaq da, bu, təlimlərin ruhunda yaşamağı əvəz etməyəcək.

—Həzrət Şövqi Əfəndi

Ünsiyyət

ƏGƏR SİZDƏ BAŞQALARINDA olmayan bir söz və ya cövhər varsa, onu məhəbbət və mehribanlıq dili ilə hər kəsə söyləyin və göstərin. Əgər o, sözünüzü qəbul edərsə və dedikləriniz ona təsir göstərərsə, deməli məqsədə çatmısınız. Əks təqdirdə isə onu öz ixtiyarına buraxın və ona dua edin, cəfa yox! Mehriban danışıq könülləri cəzb edər və ruha qida verər, sözləri məna donuna bürüyər, bilik və hikmət günəşinin doğduğu üfüqə bənzər...

—Həzrət Bəhaullah

Böyük Varlıq deyir: İlahi hikmət səması məşvərət və şəfqət kimi iki parlaq ulduzla işıqlanır. Bütün məsələlərdə birgə məşvərət edin, çünki məşvərət yol göstərən hidayət çırağı və zəka bəxşedəndir.

—Həzrət Bəhaullah

De: heç bir insan ədalətli olmadan öz həqiqi məqamına yetişə bilməz. Birlik olmadan heç bir güc mövcud ola bilməz. Məşvərət olmadan heç bir rifaha və əmin-amanlığa çatmaq olmaz.

—Həzrət Bəhaullah

Məşvərət yüksək ayıqlıq bəxş edir və gümanı yəqinliyə çevirir. O, parlaq bir işıqdır ki, qaranlıq dünyada yol göstərir və hidayət edir. Çünki hər şeyin kamillik və yetkinlik vəziyyəti vardır və daim olacaqdır. Anlama qabiliyyətinin yetkinliyi məşvərət vasitəsilə zahir olar.

—Həzrət Bəhaullah

Hər şeydə məşvərət etmək zəruridir. Sən bu məsələni güclü vurğulamalısan ki, hamı məşvərətə əməl etsin. Qələmi-Əladan nazil olanın niyyəti budur ki, dostlar tam şəkildə məşvərət həyata keçirsinlər, çünki o, həmişə xəbərdarlıq və oyanışa səbəb və xeyir və əmin-amanlığın mənbəyi olub və olacaqdır.

—Həzrət Bəhaullah

Allaha inan və nə tərifin, nə də yalan məzəmmətin təsiri altına düş, tamamilə Allaha təvəkkül et.

—Həzrət Əbdül-Bəha

Bütün işləri, istər kiçik, istərsə də böyük, məşvərətlə həll edin. Öz şəxsi işlərinizdə məşvərət etməmişdən heç bir vacib addım atmayın. Bir-birinizin qayğısına qalın. Bir-birinizin işlərinə və planlarına kömək edin. Bir-birinizin dərdinə yanın. Qoy bütün ölkədə heç kim ehtiyac içində olmasın. Bir-birinizlə dostluq edin, ta ki, siz bir bədən olasınız―biriniz və hamınız...

—Həzrət Əbdül-Bəha

Birgə məşvərət edənlər üçün ilkin şərt niyyətin saflığı, ruhun nurluluğu, Allahdan başqa hər şeydən azad olmaq, Onun İlahi rayihəsinə cəzb olunmaq, Onun sevimliləri arasında təvazökar və müti olmaq, çətinliklərdə səbirli olmaq və əziyyətə qatlaşmaq və Onun uca Astanasında bəndəlik etməkdir. Əgər onlara bu keyfiyyətləri əldə etmək üçün səxavətlə yardım olunsa, görünməz Bəha Səltənətindən onlara qələbə layiq görüləcəkdir.

—Həzrət Əbdül-Bəha

Onun üzvləri bir yerdə elə məşvərət etməlidirlər ki, inciklik və ya ixtilaf üçün əsas yaranmasın. Buna o vaxt nail olmaq olar ki, hər bir üzv öz fikrini ifadə etməkdə və öz dəlillərini gətirməkdə tam sərbəst ola. Əgər bir kimsə müxalif çıxarsa, o, heç bir vəchlə inciməməlidir, çünki məsələlər tamamilə müzakirə olunmayınca, düzgün yol açıla bilməz. Həqiqətin parlaq qığılcımı yalnız müxtəlif fikirlərin toqquşmasından doğar...

—Həzrət Əbdül-Bəha

Əgər onlar bir məsələdə, hətta o, səhv olsa belə, razılığa gəlirlərsə, bu, daha yaxşıdır, nəinki düz ola və razılığa gəlməyələr, çünki bu ixtilaf ilahi təməlin dağıdılmasına səbəb olar. Əgər tərəflərdən biri düz olsa, lakin onlar razılığa gəlməsələr, bu, minlərlə səhvə səbəb olar. Fəqət onlar razılığa gəlsələr və hər iki tərəf səhv olsa, birlik olduğuna görə həqiqət zahir olar və səhv düzəldilər.

—Həzrət Əbdül-Bəha

Allahın birbaşa əmrinə görə bizə iftira yaxmaq qadağan edildi. Hər şeydən əvvəl Həzrət Bəhaullahın başqaları haqqında qeybət və nalayiq söhbət etməyə dair təlimini xatırlayın. Başqaları haqqında təkrarlanan hekayələr nadir hallarda yaxşı olar. Ən təhlükəsizi sükut edən dildir. Hətta yaxşı söhbət, vaxtsız edilərsə və ya lazımi adamla edilməzsə, zərər gətirə bilər.

—Həzrət Əbdül-Bəha

Başqalarının səhvlərini danışma, onlar üçün dua et, onlara lütflə kömək et, onların səhvlərini düzəlt. “Həmişə yaxşını gör, pisə baxma. Əgər insanın on yaxşı və bir pis keyfiyyəti varsa, o bir dənə pisi yaddan çıxarın və on dənə yaxşıya baxın və əgər insanın on pis və bir yaxşı keyfiyyəti varsa, o on dənə pisi yaddan çıxarın və bir dənə yaxşıya baxın. Heç vaxt özünüzə başqası haqqında, hətta o, sizin düşməniniz olsa belə, acı söz deməyə icazə verməyin”.

—Həzrət Əbdül-Bəha

İnsan bütün məsələlərdə, istər böyük, istər xırda məsələlərdə, məşvərət etməlidir ki, nəyin yaxşı olduğunu bilsin. Məşvərət ona hər şeydə bəsirət bəxş edər və naməlum məsələləri araşdırmağa kömək edər. Məşvərət edənlərin üzləri həqiqət nuru saçar. Belə məşvərət insan həqiqətinin çəmənliyində canlı suların axmasına, qədim əzəmətin onun üzərində parlamasına və onun varlıq ağacının ecazkar meyvələrlə bəzənməsinə səbəb olar. Lakin məşvərət edən üzvlər bir-birilə tam məhəbbətlə, harmoniya və səmimiyyətlə rəftar etməlidirlər. Məşvərət qanunu ilahi binanın ən əsas ünsürlərindən biridir. Hətta adi məsələlərdə cəmiyyətin üzvləri məşvərət etməlidirlər.

—Həzrət Əbdül-Bəha

Həzrət Bəhaullah həmçinin məşvərətin əhəmiyyətini vurğuladı. Biz fikirləşməməliyik ki, həll yolunu axtarmağın bu layiqli üsulu Əmrin inzibati institutları ilə məhdudlaşır. Tam və açıq müzakirələrlə aparılan, mötədillik və tarazlılığın lazımlılığını bilməklə canlanan ailə məşvərəti daxili ixtilaflar üçün dərman ola bilər.

—Ümumdünya Ədalət Evi

Sınaqlar Və Çətinliklər

EY İNSAN OĞLU! Əgər bəlalara Mənim yolumda düşməsən, onda necə Mənim Rizayətimlə razı olanların yolu ilə gedə bilərsən? Əgər məşəqqətə Mənim hüzuruma yetişmək şövqü ilə düşməsən, Mənim Camalıma məhəbbətin nuru ilə necə işıqlana bilərsən?

—Həzrət Bəhaullah

Ey qərib! Sənin ürəyinin şamı Mənim Qüdrət əlimlə yandırılıb. Onu nəfsi-həvanın müxalif küləkləri ilə söndürmə. Sənin bütün xəstəliklərinin təbibi mənim zikrimdir onu unutma. Məhəbbətimi özün üçün sərmayə bil, onu göz bəbəyin və canın kimi əziz saxla.

—Həzrət Bəhaullah

Həqiqətən, ən zəruri şey bütün şəraitlərdə razı qalmaqdır, bunun köməyilə insan ağrılı şəraitlərdən və üzgünlükdən qorunur. Kədərlənməyin və qəm-qüssə çəkməyin, onlar ən böyük bədbəxtliyə səbəb olurlar. Qısqanclıq bədəni yeyir, qəzəb isə qara ciyəri yandırır, bunların ikisindən də aslandan qaçdığınız kimi qaçın.

—Həzrət Bəhaullah

Aranızda fikir ayrılığı yaranan zaman Məni üzünüzün qarşısında görün və Mənim adımın xatirinə, mənim parlaq və aşkar Əmrimə məhəbbətin əlaməti olaraq olub-keçənlərə tamamilə göz yumun. Biz istəyirik ki, sizi hər zaman öz razılıq cənnətimizdə dostluq və yoldaşlıq halında görək və sizdən ülfət, mehribanlıq, məhəbbət və birlik ətri duyaq.

—Həzrət Bəhaullah

Ey Əhddə möhkəm olan! Sənin 2 may 1919-cu il tarixli məktubun alınmışdır. Allaha şükrlər söylə ki, sən sınaqlarda möhkəm və əzmlisən və Əbha Səltənətindən bərk yapışmışsan. Səni heç bir kədər titrətmir və ya heç bir bədbəxtlik narahat etmir. İnsan sınağa çəkilməyincə xalis qızıl saxtadan tam ayrılmaz. Əzab sınağın odudur ki, xalis qızıl orada parlaq nur saçar, aşqar isə yanar və qaralar. Allaha həmd olsun ki, indi sən sınaq və imtahanlarda möhkəm və əzmlisən və onlar səni titrətmir.

—Həzrət Əbdül-Bəha

Allaha təvəkkül et. Ona inan. Onu vəsf et və daima zikr et. O, həqiqətən, narahatlığı dincliyə, kədəri təsəlliyə, iztirabı isə tam sakitliyə çevirər. O, həqiqətən, hər şey üzərində hökmdardır.

—Həzrət Əbdül-Bəha

Əgər sənin gündəlik həyatın çətinləşərsə, tezliklə Rəbbin səni qane edəni sənə əta edəcəkdir. Əziyyət və sınaq zamanı səbirli ol, geniş ürəklə, cəzb olunmuş ruhla hər çətinliyə və ağırlığa döz və Rəhmli Allahı bəlağətli dil ilə zikr et. Həqiqətən, bu, qənaətbəxş bir həyatdır, ruhani mövcudluqdur, cənnət rahatlığı, ilahi xeyir-dua və səmavi süfrə həyatıdır! Tezliklə Allah sənin sıxıntılı vəziyyətini hətta bu dünyada yüngülləşdirəcək.

—Həzrət Əbdül-Bəha

Sənin hörmətli ərinlə bağlı isə: sən onunla böyük lütfkarlıqla rəftar etməli, onun arzularını nəzərə almalı və hər zaman ona güzəştə getməlisən, ta ki, o, sənin Allah Səltənətinə tərəf çevriləndən sonra ona qarşı zərifliyinin və Allaha olan məhəbbətinin artdığını, həmçinin onun arzularına qarşı bütün şəraitlərdə qayğıkeşliyini görsün.

—Həzrət Əbdül-Bəha

Sənin arvadın səninlə harmoniyada deyil, lakin, həmd olsun Allaha, Camali-Mübarək səndən razıdır və sənin üzərinə bol nemət və bəxşişlər yağdırır. Lakin arvadınla səbirli olmağa çalış, bəlkə o, dəyişər və ürəyi nurlanar.

—Həzrət Əbdül-Bəha

Lakin biz unutmamalıyıq ki, bu dünyanın əsas xüsusiyyəti çətinlik və dərddir. Onların öhdəsindən gəlməklə biz mənəvi və ruhani cəhətdən inkişaf edirik. Sərkər Ağanın (Həzrət Əbdül-Bəha) buyurduğu kimi, kədər şırım kimidir, nə qədər dərinə getsə, bir o qədər çox bəhrə götürürük.

—Həzrət Şövqi Əfəndi

Biz həmişə qabağa baxmalı və keçmişdə edə bilmədiyimizə gələcəkdə nail olmağa çalışmalıyıq. Uğursuzluqlar, sınaqlar və imtahanlar, əgər onlardan düzgün istifadə etsək, ruhumuzu təmizləyən və xasiyyətimizi gücləndirən alət ola və xidmətin daha da yüksəkliklərinə qalxmağa kömək edə bilər.

—Həzrət Şövqi Əfəndi

Biz nəinki başqaları ilə səbirli, hədsiz səbirli, lakin həm də özümüzlə səbirli olmalı və yadda saxlamalıyıq ki, hətta Allahın Peyğəmbərləri belə, bəzən yorulmuş və ümidsiz halda fəryad etmişlər!

—Həzrət Şövqi Əfəndi

O, hesab edir ki, siz hər vasitə ilə çalışmalısınız ki, ailəniz dağılmasın, xüsusən, uşaqlarınızın xatirinə, onlar bütün boşanmış valideynlərin uşaqları kimi müxalif prinsiplər üzündən əziyyət çəkirlər, çünki onların maraqlarının qayğısına qalan və onları sevən ata və ananın bir ailədə xeyir-duasından məhrum olurlar.  İndi, görəndə ki, əriniz xəstədir, siz onunla münasibətdə emosional olaraq üzləşdiyiniz çətinliklərlə barışmalı və nə qədər çox əziyyət çəksəniz də, bağışlamayan münasibət göstərməməlisiniz. Biz bilirik ki, Həzrət Bəhaullah boşanmanı bəyənmirdi və, həqiqətən, bəhailər demək olar ki, fövqəlbəşəri səy göstərməlidirlər ki, Nigahları pozulmasın.

—Həzrət Şövqi Əfəndi

Ər və arvadın fikir və imanında belə ixtilaf yaranması çox təəssüfləndirici haldır, çünki o, şübhəsiz, ailə bağlarının qalası olan ruhi bağları, xüsusilə çətin vəziyyətlərdə, zəiflədir. Digər tərəfə etinasızlıq göstərmək kimi bir hərəkətlə buna əlac etmək yol deyil. Əmrin məqsədlərindən biri, əslində, ailələrdə sıx bağlara nail olmaqdır. Ona görə də bütün belə hallarda Həzrət Əbdül-Bəha qarşı tərəfin arzularına itaət etməyi və dua etməyi məsləhət görərdi. Dua edin ki, əriniz tədricən nuru görə bilsin və eyni zamanda elə hərəkət edin ki, onu özünüzə yaxınlaşdırasınız, nəinki onu öz üstünüzə qaldırasınız. Bu harmoniyaya nail olduqdan sonra maneəsiz xidmət edə biləcəksiniz.

—Həzrət Şövqi Əfəndi

O, hesab edir ki, indi, daxilən axtardığınızı tapandan və əzəmətli Dinimizdə həyatınızın sevincini əldə edəndən sonra siz ərinizə qarşı həmişəkindən daha mehriban və daha diqqətli olmalı və əlinizdən gələn hər şeyi etməlisiniz ki, o, Dinin sizi ondan uzaqlaşdırmadığını, əksinə, ona olan məhəbbətinizi və ona yaxşı arvad olmaq arzunuzu daha da çoxaltdığınızı hiss etsin. Son nəticədə onun bəhai ola bilməsi elə bir məsələdir ki, bunu yalnız zaman göstərər. Lakin sizin vəzifənizin nə olduğu şübhəsizdir, elə etməlisiniz ki, o, sizin iman gətirməyinizin onun ailə həyatına və ya onun Nigahına müdaxilə etmədiyini, əksinə, hər ikisini gücləndirməsi faktından məmnun olsun.  Bir kəs üçün həqiqəti tapdığını bilmək və eyni zamanda öz əziz və yaxın qohumunun bunu heç görməməsinə baxmaq çox çətindir. Adam istəyir ki, “onları silkələyib oyatsın və nuru onlara göstərsin”, lakin bu, çox vaxt əks təsir bağışlayır. Sakitlik, məhəbbət və dözüm belə hallarda daha çox qələbə qazanacaq. Lakin sizin ərinizin sizdən Bəhailiyi tərk etməyinizi tələb etmək hüququ yoxdur. Bu, həddini aşmaq deməkdir. Heç kəs, hər bir insanın onu Yaradanla olan müqəddəs əlaqəsinə müdaxilə etməməlidir.

—Həzrət Şövqi Əfəndi

Əmrin Vəlisi sizin ailənizin düşdüyü çətinlikləri və bəlaları biləndə çox narahat oldu. O, mənim sizi əmin etməyimi arzu edir ki, O, sizin və ailənizdəki əzizləriniz üçün səylə dua edir, ta ki, ixtilafınızı nizama salmaq və aranızdakı harmoniya və dostluğu tamamilə bərpa etmək üçün uca Mələkutdan hidayət və yardım alasınız. O, sizi inandırmaq istərdi ki, siz öz ailənizdə birlik yaratmaq üçün hər cür fədakarlıq edəsiniz və O, arzu edir ki, səyləriniz dərhal öz bəhrəsini verməyəndə ruhdan düşməyəsiniz. Siz öz tərəfinizdən tam şəkildə inanmalısınız ki, belə etməklə öz Bəhai vəzifənizi yerinə yetirirsiniz. Qalanı, əlbəttə, Allahın əlindədir.  Ərinizin Əmrə qarşı münasibətinə dair, bu, xoşagələn hal olmasa da, siz həmişə ümid etməlisiniz ki, barış və dostluq yolu ilə, hikmət, tədbirlilik və səbirlə çalışaraq siz ərinizin Dinə qarşı rəğbətini qazana bilərsiniz. Heç bir halda öz şəxsi dini inamınızı güclə ona diktə etməyə və zorla qəbul etdirməyə çalışmayın. Nə də siz onun Əmrə qarşı çıxmasının sizin fəaliyyətlərinizə ciddi şəkildə mane olmasına icazə verməlisiniz... Siz səbir, tədbirlilik və inamla hərəkət etməlisiniz ki, Həzrət Bəhaullah sizin səylərinizi hidayət edə və gücləndirə bilsin.

—Həzrət Şövqi Əfəndi

O, sizin Bəhai Dininə görə ailədə bəlaya düçar olduğunuzu gördüyünə çox təəssüfləndi. O, hesab edir ki, siz həm özünüzün, həm də uşaqlarınızın xatirinə ərinizlə özünüz arasında məhəbbət və harmoniya yaratmaq üçün əlinizdən gələni etməlisiniz. Lakin siz ona bildirməlisiniz ki, hər kəs Allahı axtarmaqda azaddır və baxmayaraq ki, siz heç vaxt ona təsir etməyə və ya hətta onunla Bəhai Dini haqqında söhbət etməyə çalışmayacaqsınız, əgər o istəmirsə, sizi görüşlərdə iştirak etməyə azad buraxmalıdır. Əmrin Vəlisi ümid edir ki, siz səbir, tədbirlilik və duanın yardımı ilə tədriçən onun təəssübkeşliyini aşacaqsınız.

—Həzrət Şövqi Əfəndi

Əmrin Vəlisi mənim sizi səbirli və inamlı olmağa və hər şeydən əvvəl, ərinizin bütün qarşıdurmasına və nifrətinə baxmayaraq, ona qarşı tam iltifat və məhəbbət göstərməyinizə inandırmağımı arzu edir. Belə hallarda barış və dostluq münasibəti hər bir bəhainin yalnız vəzifəsi deyil, həm də Dinin əvvəlki düşmən və yağılarının Əmrə rəğbətini və məftunluğunu qazanmaq üçün ən səmərəli yoldur. Məhəbbət, əlbəttə ki, qüdrətli bir eliksirdir ki, ən rəzil və ən düşgün adamları ilahi ruhlara çevirə bilər. Qoy sizin nümunəniz Dinimizin bu gözəl təliminin həqiqətini təsdiq edə bilsin.

—Həzrət Şövqi Əfəndi

Lakin, şübhəsiz bildiyiniz kimi, Həzrət Bəhaullah buyurmuşdur ki, Nigahın məqsədi birlik yaratmaqdır. Ona görə də qeyri-bəhai qohumlarınızla rəftar edərkən bunu yadda saxlamalısınız. İrqi dostluq məsələsi ilə bağlı onlardan bizim hiss etdiyimizi onların da hiss etmələrini gözləmək olmaz və biz öz baxışlarımızı onlara yeritməməliyik, lakin məhəbbət və hikmətlə onları öyrətməyə çalışmalıyıq.

—Həzrət Şövqi Əfəndi

Məbədə verdiklərimizdə məhdudiyyət yoxdur. Nə qədər çox versək, Əmr və özümüz üçün bir o qədər yaxşı olar. Lakin sizin əriniz bəhai olmadığına görə bu hal xüsusi haldır. Əgər Əmrə ianə verməyinizin əhəmiyyətində onu inandıra bilsəniz, bu daha yaxşıdır. Lakin siz bu məsələdə heç vaxt ona qarşı çıxmamalı və heç nəyin sizin ailə həyatınızın sülh və birliyini narahat etməsinə icazə verməməlisiniz.

—Həzrət Şövqi Əfəndi

Sizinlə qayınananız arasındakı gərgin münasibət və vəziyyəti yüngülləşdirmək üçün nə edə biləcəyiniz haqqında sualınıza dair biz hesab edirik ki, ərinizin köməyi və məsləhəti ilə siz ailədə birliyə nail olmaq üçün inadla çalışmalısınız. Qayınananızın sizə qarşı göstərdiyi xoşagəlməz münasibəti təsvir etməyinizdən dolayı sizin vəzifəniz asan olmayacaq. Lakin vacib olanı budur ki, siz bir bəhai kimi Həzrət Əbdül-Bəhanın insanın yaxşı keyfiyyətlərinə fikir vermək barədə nəsihətindən xəbərdarsınız və qayınananıza bu cür münasibət birliyə nail olmaq əzminizdə sizi gücləndirə bilər. Bundan başqa, inadla dua etməyiniz sizin öz səylərinizi davam etdirməyinizdə sizə güc verəcək.

—Ümumdünya Ədalət Evi

Başqalarının səhvlərini axtarmamaq vərdişinə yiyələnmək insanlar üçün ən çətin dərslərdən biridir və bu vərdişə nail olmamaq, ümumiyyətlə, kişi və qadın arasında olduğu kimi, bəhailər arasında də mübahisələr üçün gücləndirici səbəbdir. “Qərb Ulduzu”, 8-ci cild, №10, səhifə 138-də Həzrət Əbdül-Bəhanın 1913-cü il Parisdə şəxsi müsahibədə cavabı yazılmışdır. Ona sual verilmişdi: “Başqalarında səhvi görə-görə mən onlara necə göz yumum?” Cavab belə oldu: “Mən sizə deyərəm. Nə vaxt başqasının səhvini görsəniz, özünüz haqqında fikirləşin: Bəs mənim çatışmazlıqlarım nədir?―və onları aradan qaldırmağa çalış. Hər nə vaxt başqalarının sözü və ya əməli ilə sınağa çəkilsəniz, belə edin. Beləcə siz inkişaf edəcək və daha kamil olacaqsınız. Siz öz öhdənizdən gələçəksiniz, başqalarının səhvləri haqqında fikirləşməyə belə vaxtınız olmayacaq”...

—Ümumdünya Ədalət Evi

Sizin və arvadınızın üzləşdiyi problemləri nəzərə alaraq Ümumdünya Ədalət Evi buyurur ki, ailənizin birliyi hər hansı digər fikirdən üstün olmalıdır... Məsələn, Əmrə xidmət ailəyə qarşı laqeydsizliyə səbəb olmamalıdır. Siz vaxtınızı elə təşkil etməlisiniz ki, sizin ailə həyatınız harmonik olsun və ailəniz lazım olan diqqəti alsın.

—Ümumdünya Ədalət Evi

Kişi Və Qadın Bərabərliyi

EY İNSAN ÖVLADLARI! Məgər siz bilmirsinizmi, Biz sizi nə üçün bir torpaqdan yaratdıq? Onun üçün ki, heç kəs heç kəsin qarşısında qürrələnməsin. Hər an, öz ürəyinizdə nədən yarandığınızı düşünün. Bir halda ki, Biz sizi bir ünsürdən yaratmışıq, siz bir ruh kimi olmalısınız, bir ayaqla yeriməli, bir ağızla yeməli və bir yerdə sakin olmalısınız. Ta ki, sizin zatınızdan hərəkətlərinizlə, əməllərinizlə tovhid nişanələri və təcrid cövhərləri aşkar olsun. Sizə nəsihətim budur, ey nur əhli! Bu nəsihəti qəbul edin ki, yüksək İzzət ağacından müqəddəs meyvələr dərəsiniz.

—Həzrət Bəhaullah

Bəşəriyyət ikiqanadlı quşa bənzər―biri kişi, digəri isə qadındır. Hər iki qanad güclü olmayınca və hər hansı ümumi qüvvə ilə hərəkətə gətirilməyincə quş səmaya doğru uça bilməz. Bu dövrün ruhuna uyğun olaraq qadın həyatın bütün sahələrində inkişaf etməli, öz vəzifələrini yerinə yetirməli və beləliklə də kişiyə bərabər olmalıdırlar. Onlar kişilərlə bir səviyyədə olmalı və bərabər hüquqlardan həzz almalıdırlar. Bu, mənim səmimi duamdır və bu, Həzrət Bəhaullahın əsas prinsiplərindən biridir.

—Həzrət Əbdül-Bəha

İlahi ədalət tələb edir ki, hər iki cinsin hüquqlarına eyni səviyyədə hörmət bəslənilsin, çünki İlahinin gözündə onların heç biri digərindən üstün deyildir. Allah qarşısında ləyaqət cinsdən deyil, qəlbin paklığından və nurluluğundan asılıdır. İnsan məziyyətləri hamıya bərabər şəkildə aid edilir!

—Həzrət Əbdül-Bəha

Qadınlar yer üzündə kişi ilə bərabər hüquqa malikdirlər, dində və cəmiyyətdə onlar çox vacib ünsürlərdir. Nə qədər ki, qadınların öz yüksək imkanlarını əldə etməsinin qarşısı alınır, kişilər də özlərinin çata biləcəyi böyüklüyə yetişə bilməyəcəklər.

—Həzrət Əbdül-Bəha

Bəşər dünyasında biz böyük fərqliliklər görürük, qadınlar aşağı tutulur və onlara bərabər hüquqlara və imtiyazlara icazə verilmir. Bu, təbiətə görə deyil, təlim-tərbiyəyə görədir. İlahi Yaradılışda belə fərq yoxdur. Allahın nəzərində bir cins digərindən üstün deyildir. Bəs nə üçün, guya Allah belə bir hərəkətə ixtiyar veribmiş kimi, bir cins digərinin aşağı olmasını iddia etməlidir? Əgər qadın da kişi kimi tərbiyə almaqda eyni üstünlüklərə malik olsaydı, hər ikisinin bilik qazanmaqda eyni bacarığa malik olması üzə çıxardı.

—Həzrət Əbdül-Bəha

Həzrət Bəhaullah qadınların statusunu çox gücləndirmişdir və qadınların hüquq və imtiyazları Həzrət Əbdül-Bəhanın ən böyük prinsiplərindən biridir. Əmin olun! Tezliklə o vaxt gələcək ki, kişilər qadınlara belə söyləyəcəklər: “Bəxtəvərsiniz, siz, bəxtəvərsiniz! Həqiqətən, siz hər bəxşişə layiqsiniz. Həqiqətən, siz başınızı əbədi cəlal tacı ilə bəzəməyə layiqsiniz, çünki siz elmdə və incəsənətdə, məziyyətlərdə və kamillikdə kişilərə bərabər olacaqsınız, siz ürəyinizin zərifliyinə və mərhəmətinizin və rəğbətinizin bolluğuna görə üstünsünüz”.

—Həzrət Əbdül-Bəha

Həzrət Bəhaullahın bu Vəhyində qadın kişi ilə çiyin-çiyinə gedir. Heç bir hərəkatda onlar arxada buraxılmayacaqlar. Onların hüquqları kişilərin hüquqları ilə ən yüksək dərəcədə bərabərdir. Onlar siyasətin bütün sahələrinə daxil olacaqlar. Onlar bəşər dünyasında ən yüksək məqam sayıla biləcək bir səviyyəyə yetişəcəklər və bəşəriyyətin bütün işlərində iştirak edəcəklər. Əmin olun. İndiki şəraitə baxmayın, heç də uzaq olmayan gələcəkdə qadın dünyası nur saçacaq və əzəmətli olacaq, çünki Həzrət Bəhaullah belə iradə etmişdir! Seçkilər zamanı səsvermə hüququ qadınların ayrılmaz hüququdur və qadınların bütün bəşər sahələrinə daxil olması danılmaz və təkzibedilməz məsələdir. Heç kim onun qarşısını nə ala, nə də onu yubada bilər.

—Həzrət Əbdül-Bəha

O halda qadın daha da kamilləşməyə can atmalıdır ki, hər sahədə kişiyə bərabər olsun, geridə qaldığı hər şeydə tərəqqi etsin, ta ki, kişi onun bacarıq və nailiyyətinin bərabərliyini qəbul etməyə məcbur olsun.

—Həzrət Əbdül-Bəha

Qadının tərəqqidə və səriştədə çatışmazlığı onun bərabər təhsilə və imkanlara ehtiyacı olmasındandır. Əgər ona bu bərabərlik verilsəydi, şübhəsiz ki, o, qabiliyyət və bacarıqda kişiyə bərabər olardı. Bəşər o vaxt xoşbəxt olacaq ki, qadın və kişi bərabər şəkildə inkişaf edir və uzlaşırlar, çünki biri digərini tamamlayır və bir-birinə əl tuturlar.

—Həzrət Əbdül-Bəha

Anchor 12
Anchor 13
Anchor 14
Anchor 15
Anchor 16

Uşaqların Təlim Və Tərbiyəsi

VALİDEYNLƏRİN VACİB BORCUDUR ki, uşaqlara imanda dəyanətli olmağı öyrətsinlər, səbəbi də budur ki, Allahın dinindən özünü uzaqlaşdıran uşaq elə hərəkət edəcək ki, öz valideynlərinin və Allahın rizasını qazanmayacaq. Çünki hər bir tərifəlayiq əməl dinin işığından doğar və bu ali nemətdən məhrum olan uşaq heç bir şərdən üz döndərməz, nə də ki, heç bir yaxşılığa yaxın getməz. Allah xofu Onun yaratdıqlarının tərbiyəsində həmişə əsas amil olub. Xoş o kəsin halına ki, buna nail olub!

—Həzrət Bəhaullah

Hər bir ataya öz oğluna və qızına oxumaq və yazmaq sənətini və Müqəddəs Lövhdə buyrulan hər şeyi öyrətmək vacib edildi. Əgər o, varlıdırsa və ona buyrulana əməl etmirsə, o halda Əminlər onun övladlarının təlimi üçün tələb olunanı ondan almalıdırlar. Əgər o, varlı deyildirsə, o halda bu məsələ Ədalət Evinə verilir. Həqiqətən, Biz onu kasıb və ehtiyac içində olanlar üçün sığınacaq etdik. Özünün və ya başqasının oğlunu tərbiyə etmiş kəs Mənim oğlumu tərbiyə etmiş kimidir. Mənim dünyanı saran əzəmətim, inayətim və mərhəmətim onun üzərindədir.

—Həzrət Bəhaullah

Uşaqların üzərinə oxuma və yazma sənətini əldə etmək üçün var gücləri ilə çalışmaq kimi bir məsuliyyət qoyulmuşdur. Zəruri ehtiyacları ödəmək üçün yazma bacarığı bəzilərinə kifayət edər, sonra onların öz vaxtlarını elmin faydalı sahələrini öyrənməyə sərf etməsi daha yaxşı və daha münasibdir. Qələmi-Əlanın əvvəl buyurduğu ilə bağlı səbəb budur ki, Allah hər bir sənət və ixtisasda ən yüksək kamilliyi sevir.

—Həzrət Bəhaullah

Ana uşağın ilk müəllimidir. Çünki uşaqlar həyatın başlanğıcında cavan budaqcıq kimi təravətli və incə olurlar və istənilən tərzdə tərbiyə oluna bilərlər. Əgər siz uşağı düz olmağa öyrətsəniz, o, düz və kamil mütənasiblikdə böyüyər. Aydındır ki, ana ilk müəllimdir və uşağın xasiyyət və davranışının əsasını o qoyur.

—Həzrət Əbdül-Bəha

Ey sevən analar, bilin ki, Allahın nəzərində Ona ibadət etməyin ən yaxşı yolu uşaqlara tərbiyə vermək və onlara bütün bəşər kamilliklərini öyrətməkdir, bundan nəcib əməl təsəvvür etmək olmaz.

—Həzrət Əbdül-Bəha

Ata həmişə öz oğlunu tərbiyə etməyə və onu ilahi təlimlərlə tanış etməyə səy göstərməlidir. O, hər zaman ona nəsihət verməli, ona tərifəlayiq davranış və xasiyyət öyrətməli, ona məktəbdə təhsil almağa və faydalı və zəruri olan sənət və elmləri öyrənməyə imkan yaratmalıdır. Xülasə, qoy o, öz oğluna bəşər dünyasının məziyyət və kamilliklərini təlqin etsin. Hər şeydən əvvəl o, daima Allahı zikr etməlidir ki, onun damarlarının nəbzi Allahın məhəbbəti ilə döyünsün. «Digər tərəfdən oğul atasına qarşı son dərəcə itaətkarlıq göstərməli və özünü müti və təvazökar bəndə kimi aparmalıdır. O, atasının rahatlığını və rifahını təmin etmək və onun rizasını qazanmaq üçün gecə-gündüz səylə çalışmalıdır. O, öz istirahətindən və həzzindən keçməli və daima ata və anasının qəlbinə sevinc gətirməyə can atmalıdır, ta ki, Qüdrətlinin rizasını qazansın və gözə-görünməzin ordusu mərhəmətlə ona yardım etsin.

—Həzrət Əbdül-Bəha

Ey Allahın kənizləri! həmin nurlu şəhərdə yaratdığınız Ruhani Məhfil çox bəyənilmişdir. Siz uğurlu addımlar atmışsınız, siz başqalarını üstələmiş, Müqəddəs Astanaya xidmət etmək üçün ayağa qalxmış və ilahi nemətləri qazanmışsınız. İndi siz bütün ruhunuzla o nurlu məhfildə yığışmalı, Müqəddəs Yazıları oxumalı və Allahı zikr etməlisiniz. Onun dəlil və sübutlarını bəyan edin. Həmin ölkədə qadınları hidayət etmək üçün işləyin, gənc qızları və uşaqları öyrədin ki, analar öz balalarını onların erkən vaxtlarından tərbiyə edə bilsinlər, onlara tam təlim versinlər, onlarda xeyirxah xasiyyət və yaxşı əxlaq tərbiyə etsinlər, onları bütün bəşər məziyyətlərinə doğru hidayət etsinlər, onlarda hər hansı məzəmmətəlayiq davranışın inkişafının qarşısını alsınlar və onları Bəhai təlim-tərbiyəsinin ağuşunda tərbiyə etsinlər. Bu zərif körpələr Allahın elm döşündə və Onun məhəbbətində belə bəslənilməlidirlər. Onlar belə böyüməli və çiçəklənməlidirlər və onlara sədaqət və bəşər ləyaqəti, səy və dözüm göstərmək üçün əzm və iradə öyrədilməlidir. Beləcə onlar hər şeydə mətin olmağı, tərəqqi etməkdə iradə göstərməyi, yüksək zəkalılığı və qətiyyəti, həyatda ismətliliyi və paklığı öyrənəcəklər. O vaxt onlar başladıqları işi müvəffəqiyyətlə başa çatdırmağa qabil olacaqlar.  Qoy analar uşaqların tərbiyəsinə birinci dərəcəli əhəmiyyət kəsb edən məsələ kimi baxsınlar. Qoy onlar əllərindən gələni etsinlər, çünki budaq yaşıl və zərif olanda siz onu öyrəşdirdiyiniz istiqamətdə böyüyər. Ona görə də anaların borcudur ki, öz balalarını, bağban öz ağaclarını bəslədiyi kimi tərbiyə etsinlər. Qoy onlar gecə və gündüz çalışsınlar ki, öz uşaqlarında iman və yəqinlik, Allah xofu, dünyaların Məhbubunun məhəbbətini və bütün yaxşı keyfiyyətləri və xüsusiyyətləri tərbiyə etsinlər. Hər vaxt ana öz uşağının yaxşı iş tutduğunu görsə, qoy o, uşağı tərifləsin və alqışlasın və onun qəlbini sevindirsin, əgər cüzi bir arzuolunmaz xüsusiyyət özünü göstərərsə, qoy ana uşağa öyüd-nəsihət versin və onu cəzalandırsın və münasib vasitələrdən istifadə etsin, lazım gələrsə, bir az şifahi narazılığını da bildirsin. Lakin uşağı döymək və ya təhqir etmək qadağandır, çünki uşaq döyülərsə və ya alçaldılarsa, onun xasiyyəti tamamilə korlanar.

—Həzrət Əbdül-Bəha

Ey Camali-Əbhanın kənizləri! Sizin məktubunuz gəlmişdir və onun oxunması böyük sevinc gətirmişdir. Həmd olsun Allaha, qadın möminlər Dini necə təbliğ edəcəklərini öyrənmək, Təlimlərin şirin rayihəsini yaymaq və uşaqların tərbiyəsi üçün plan hazırlamaq məqsədilə görüşlər təşkil etmişlər.  Bu toplantı tamamilə ruhani olmalıdır, yəni müzakirələr Həqiqət Günəşinin, həqiqətən, doğduğuna aydın və əsaslı dəlillər gətirməklə məhdudlaşmamalıdır. Bundan başqa, iştirak edənlər qız uşaqlarının tərbiyə olunmasının hər cür vasitəsi ilə maraqlanmalıdırlar, onlara elmin müxtəlif sahələrini öyrətməli, yaxşı davranış, düzgün həyat tərzi aşılamalı, onlarda yaxşı xasiyyət, ismətlilik və etibarlılıq, mətinlik, güclülük, qətiyyət və məqsəddə əzmliyi inkişaf etdirməli, onlara ailənin idarə olunmasını, uşaqlara tərbiyə verilməsini və xüsusilə qızların ehtiyacına cavab verən hər şeyi öyrətməlidirlər, ta ki, kamillik qalasında tərbiyə almış qızlar gözəl xasiyyətin himayəsi ilə, özləri ana olduqda, öz uşaqlarında körpə vaxtlarından yaxşı xasiyyət və gözəl davranış tərbiyə etsinlər.  Qoy onlar həm də bədənin gümrahlığını, onun fiziki sağlamlığını təmin edən hər şeyi və uşaqları xəstəlikdən necə qorumağı öyrənsinlər.  Məsələlər beləcə yaxşı təşkil olunandan sonra hər bir uşaq Əbha cənnətinin bağlarında misilsiz ağac olacaq.

—Həzrət Əbdül-Bəha

Siz yaxşı xasiyyətə birinci dərəcəli əhəmiyyət kəsb edən məsələ kimi baxmalısınız. Hər bir ata və ananın üzərinə qoyulmuş məsuliyyətdir ki, uşaqlarına uzun müddət öyüd-nəsihət versin və onlara əbədi şərəfə aparan şeylərdə yol göstərsin.  Məktəbli uşaqları erkən yaşlarından yüksək səviyyədə nitq söyləməyə həvəsləndirin ki, asudə vaxtlarında onlar aydın və bəlağətlə əsaslı və səmərəli söhbətlər etsinlər.

—Həzrət Əbdül-Bəha

Uşaqlarınıza erkən vaxtlarından heyvanlara qarşı hədsiz incə və məhəbbətli olmağı öyrədin. Əgər heyvan xəstə olsa, qoy uşaqlar onu sağaltmağa çalışsınlar, ac olsa, qoy onu yedirtsinlər, susuz olsa, susuzluğunu yatırtsınlar, yorğun olsa, ona rahatlıq versinlər. Əksər insanlar günahkardırlar, yırtıcılar isə günahsızdırlar. Əlbəttə ki, bütün günahsızlar ən çox lütfkarlıq və məhəbbət almalıdırlar―quduz canavar, zəhərli ilan və oxşar zərərli məxluqlar kimi ziyankar heyvanlardan başqa, çünki bunlara qarşı lütfkarlıq insanlara və başqa heyvanlara qarşı ədalətsizlikdir.

—Həzrət Əbdül-Bəha

Musiqi sənəti ilahi və təsirlidir. O, qəlbin və ruhun qidasıdır. Musiqinin gücü və məlahəti insanın ruhunu yüksəldir. O, uşaqların ürəklərinə ovsunlayıcı təsir bağışlayır, çünki onların qəlbi pakdır və musiqi onlara böyük təsir göstərir. Bu uşaqların qəlbində gizli qalan istedadlar musiqi vasitəsilə öz ifadəsini tapacaqdır. Ona görə də siz səy göstərməlisiniz ki, onlar məharətli olsunlar, onlara gözəl və təsirli oxumağı öyrətməlisiniz. Hər bir uşağın vəzifəsidir ki, musiqi haqqında bir şey bilsin, çünki bu sənəti bilmədən, alətin melodiyasından və səsdən düzgün həzz alına bilməz.

—Həzrət Əbdül-Bəha

Sizə öz məsləhətimi verirəm. O da bundan ibarətdir: Bu uşaqları ilahi nəsihətlərlə tərbiyə edin. Uşaqlıq vaxtlarından onların qəlblərinə Allah məhəbbəti aşılayın ki, onlar öz həyatlarında Allah xofu nümayiş etdirsinlər və Allahın nemətlərində inam əldə etsinlər. Onlara bəşəri qüsurlardan azad olmağı və insanın qəlbində gizli qalan ilahi kamillikləri əldə etməyi öyrədin. İnsan bəşər kamilliklərini əldə edə bilsə, onun həyatı faydalı olar. Əgər o, bəşər dünyası qüsurlarının mərkəzi olarsa, ölmək yaşamaqdan, mövcud olmamaq olmaqdan yaxşıdır. Ona görə də çalışın ki, bu uşaqlar düzgün təlim-tərbiyə alsınlar və onların hər biri bəşər dünyasında kamilliyə çatsınlar. İndi bu uşaqların dəyərini bilin, çünki onların hamısı Mənim uşaqlarımdır.

—Həzrət Əbdül-Bəha

Uşaq inkişaf etmədikdə onu sıxışdırmaq və ya danlamaq olmaz, o, səbirlə tərbiyə edilməlidir.

—Həzrət Əbdül-Bəha

Həzrət Əbdül-Bəhanın buyurduğu və sizin öz məktubunuzda yazdığınız “çətin uşaq”la bağlı Həzrət Əbdül-Bəhanın buyurduqları öz mahiyyətinə görə doğrudur, lakin onlar heç vaxt hərfi başa düşülməməlidir. O, heç vaxt deyə bilməzdi ki, uşaq özbaşına, tam sərbəst buraxılmalıdır. Həqiqətdə, Bəhai təlim-tərbiyəsi də hər hansı başqa tərbiyə sistemləri kimi uşaqlarda, nə qədər istedadlı olsalar da, doğulan zaman müəyyən təbii qüsurların olması fikrinə əsaslanır və istər onun tərbiyəçiləri və valideynləri, istərsə də məktəb müəllimləri və ya ruhani rəhbər və mürəbbiləri olsun, bu qüsurları aradan qaldırmağa çalışmalıdırlar. İstər fiziki, istərsə də mənəvi və ya intellektual olsun―hər növ nizam-intizam, əlbəttə ki, zəruridir və heç bir təlim bu ünsürü nəzərə almadan tam və bəhrəli sayıla bilməz. Uşaq doğulanda kamillikdən uzaqdır. O, nəinki köməksiz, həqiqətdə, qeyri-kamildir və təbii olaraq şərə meyillidir. O, tərbiyə edilməli, onun təbii meylləri düzgün yönəldilməli, tənzimlənməli və ona nəzarət edilməlidir. Hətta lazım gələrsə, qarşısı alınmalı və ya nizamlanmalıdır ki, o, həm fiziki, həm də mənəvi inkişaf etsin. Bəhai valideynləri öz uşaqlarına qarşı sadəcə müqavimətsizlik münasibəti göstərə bilməzlər...

—Həzrət Şövqi Əfəndi

Sizin planlarınızla bağlı, Əmrin Vəlisi sizin o baxışınızı tamamilə təsdiq edir ki, təbliğ işinin tələblərinin nə qədər zəruri və həyati vacib olmasından asılı olmayaraq, siz heç bir halda uşaqlarınızın tərbiyəsinə laqeyd qalmamalısınız, çünki onlara qarşı öhdəliyinizin müqəddəsliyi Əmrə qarşı olan öhdəliyinizdən heç də az deyildir.  Əmrin Vəlisi sizin, Ailənizə və Əmrə qarşı ikiqat vəzifənizi birləşdirən və mühacirlik sahəsində fəal işinizi davam etməyə və Əmrdə uşaqların gələcəyinə təhlükə yaratmamaq üçün onların qayğısına qalmağa icazə verən hər hansı plan və ya niyyətinizi səmimi-qəlbdən təsdiqləyərdi.

—Həzrət Şövqi Əfəndi

Valideynlərdən biri qeyri-bəhai olduqda uşaqların təlim-tərbiyəsi yalnız valideynlərə aid olan məsələdir və onlar bu haqda yaxşı saydıqları kimi və öz ailələrində birliyin qorunub saxlanması və uşaqların gələcək rifahı üçün ən əlverişli olanı qərar verməlidirlər. Lakin uşaq həddi-büluğa çatanda, onun valideynlərinin arzu və istəklərindən asılı olmayaraq, ona öz dinini seçməkdə tam azadlıq verilməlidir.

—Həzrət Şövqi Əfəndi

Uşağın ilk müəlliminin ana olması təəccüblü olmamalıdır, çünki körpənin ilk meyli öz anasınadır. Təbiətin bu qanunu heç də Bəhai ailəsində atanın rolunu azaltmır. Yenə də statusların bərabərliyi vəzifələrin eyniliyi demək deyildir.

—Ümumdünya Ədalət Evi

 

Ailə Münasibətləri

VALİDEYNLƏR ÖZ ÖVLADLARINA dini tərbiyə vermək üçün əllərindən gələni etməlidirlər, çünki uşaqlar bu ən böyük zinəti əldə etməsələr, öz valideynlərinə itaət etməyəcəklər. Bu isə müəyyən mənada o deməkdir ki, onlar Allaha itaət etməyəcəklər. Həqiqətən, belə uşaqlar heç kimi saymayacaq və öz istədiklərini edəcəklər.

—Həzrət Bəhaullah

Biz öz mərhəmətimizin əlaməti olaraq, səni öz evinə qaytardıq, çünki Biz sənin ananı qəm-qüssə içində gördük. Biz Kitabda sizə “Allahdan qeyrisinə ibadət etməməyi və öz valideynlərinizə lütfkarlıq göstərməyi vacib buyurduq”. Tək həqiqi Allah belə söyləmiş və bu əmr Qüdrətli və hikmət Sahibi tərəfindən yerinə yetirilmişdir. Ona görə də Biz səni ananın və bacının yanına qaytardıq ki, ananın gözləri sevinsin və o, şükr edənlərdən olsun. De, ey Mənim ümmətim! Valideynlərinizə şərəf verin və onlara ehtiram göstərin. Bu, sizin üzərinizə Uca və Əzəmətli Rəbbinizin səxavət buludlarından xeyir-dua yağdıracaq.  Biz ananın kədərindən xəbər tutanda, Öz hüzurumuzdan sənə mərhəmət əlaməti və başqalarına bir ibrət olaraq, səni onun yanına qaytardıq.  Ayıq olun! Məbada ata və ananızın qəlblərini kədərləndirən işlər tutasınız. Həqiqət Yolu ilə gedin, bu yol, doğrudan da, düz yoldur. Əgər Mənə, yaxud da onlara xidmət etmək seçimi qarşısında qalsanız, onlara xidməti seçin və qoy belə xidmət, sizi Mənə tərəf aparan yol olsun. Bu Mənim sənə nəsihətim və əmrimdir. Elə isə Qüdrətli və Mərhəmətli Rəbbinizin sizə buyurduğuna əməl edin.

—Həzrət Bdhaullah

Mövcudluq ağacının meyvələri etibarlılıq, sədaqət, doğruluq və paklıqdır. Əzəmətli Allahın birliyini tanıdıqdan sonra bütün vəzifələrdən ən vacibi valideynlərin haqqına lazımi hörmət göstərməkdir. Bu məsələ Allahın bütün Kitablarında xatırlanmışdır.

—Həzrət Bəhaullah

Bu mübarək kəlmələr Sirr Torpağında (Ədirnədə) Əzəmət Dili ilə bəyan edilmişdir, uca və cəlallıdır Onun bəyanı: “Bu ən əzəmətli Dinin fərqli cəhətlərindən biri odur ki, bu Vəhyin həqiqətini tanımış və onu bağrına basmış, hakim olan Allahın adının şərəfinə Tək həqiqi Allahın məhəbbətinin möhürlənmiş qədəhindən nəfis şərab içmiş kəslərin qohumlarına ölümlərindən sonra, əgər onlar zahirən mömin deyildirlərsə də, fəzl ilə əfv inayət ediləcək və onlar Onun mərhəmət dənizindən pay alacaqlar”.  “Fəqət bu nemətə, yalnız nə Ali həqiqət olana, nə də Onun əhbablarına əziyyət etməmiş kəslər layiq görüləcək”.  Səma Taxtının Sahibi, bu dünyanın və o biri dünyanın Hökmdarı belə əmr etmişdir.

—Həzrət Bəhaullah

Biz hər oğula öz atasına xidmət etməyi vacib buyurduq. Biz Kitabda belə hökm etdik.

—Həzrət Bəhaullah

Əgər siz valideynlərinizə, onları ümumiyyətlə məmnun etmək məqsədilə mehribanlıq göstərsəniz və diqqət yetirsəniz, bu həm də Məni məmnun edər, çünki valideynlərə böyük ehtiram göstərilməlidir və onların razı qalması çox mühümdür, bir şərtlə ki, onlar nə sənə Qüdrətlinin Astanasına yetişməyə mane olsunlar, nə də ki, səni Səltənətin yolunda addımlamaqdan saxlasınlar. Həqiqətən, onlar səni bu istiqamətdə ruhlandırmalı və həvəsləndirməlidirlər.

—Həzrət Əbdül-Bəha

Həzrət Bəhaullahın təlimlərinə uyğun olaraq bəşəriyyətin hüceyrəsi olan ailə müqəddəslik qanunları ilə tərbiyə edilməlidir. Ailədə bütün məziyyətlər tərbiyə olunmalıdır. Ailə bağlarının bütövlüyü daima nəzərə alınmalı və fərdi üzvlərin hüquqları tapdalanmamalıdır. Oğulun, atanın, ananın―heç birinin hüququ tapdalanmamalıdır, onlardan heç biri özbaşına olmamalıdır. Oğulun ata qarşısında öhdəliyi olduğu kimi, atanın da oğul qarşısında öhdəliyi vardır. Ananın, bacının və digər ailə üzvlərinin müəyyən müstəsna hüquqları vardır. Bütün hüquqlar və müstəsna səlahiyyətlər nəzərə alınmalıdır, lakin ailənin birliyi saxlanılmalıdır. Bir nəfərin ziyanı hamının ziyanı, bir nəfərin rahatlığı hamının rahatlığı, bir nəfərin şərəfi hamının şərəfi deməkdir.

—Həzrət Əbdül-Bəha

Gənclər böyüməli, inkişaf etməli və atalarının yerini tutmalıdırlar ki, bu bol mərhəmət Allahın böyük iztirablar çəkən əhbablarının hər birinin nəslində günbəgün artsın və sonda yerdə və göydə öz bəhrəsini versin.

—Həzrət Əbdül-Bəha

Uşaqların valideynlər qarşısında müəyyən müqəddəs vəzifələri vardır ki, Allaha məxsus bir şey kimi Allahın Kitabında yazılmışdır. Uşaqların rifahı bu dünyada və Səltənətdə valideynlərin rizasından asılıdır və bunsuz onlar aşkar zərərə uğrayacaqlar.

—Həzrət Əbdül-Bəha

Ey əziz uşaqlar! Sizin atanız sizə qarşı çox mərhəmətli, rəhimdil və şəfqətlidir və sizə Allahın Səltənətində müvəffəqiyyət, çiçəklənmə və əbədi həyat arzulayır. Ona görə də sizin vəzifənizdir ki, əziz uşaqlar, onun rizasını qazanmağa çalışasınız, onun göstərişi ilə hidayət olunasınız, Allahın məhəbbət gücü ilə cəzb oluna və Allahın məhəbbət dizləri üstündə tərbiyə olunasınız, ta ki, əl-Əbha Bağında Allahın bol nemətlərilə yaşıllaşan və sulanan gözəl budaqlar olasınız.

—Həzrət Əbdül-Bəha

Ey Əbdül-Bəhanın əzizi! Öz atanın oğlu və o ağacın meyvəsi ol. Yalnız su və gildən deyil, onun qəlbindən və ruhundan doğulan oğul ol. Əsl oğul insanın ruhundan budaqlanan kəsdir. Mən Allaha dua edirəm ki, sənə hər zaman təyid və güc versin.

—Həzrət Əbdül-Bəha

Anana təsəlli ver və onun qəlbinə xoşbəxtlik gətirənə çalış.

—Həzrət Əbdül-Bəha

Siz ərin öz arvadının ilahi nuru bağrına basmağının qarşısını ala biləcəyi və ya arvadın öz ərini Allahın Səltənətinə daxil olmaq fikrindən daşındıra biləcəyi haqda soruşursunuz. Həqiqətdə, ər arvada və yaxud da arvad ərə ifrat dərəcədə bağlı olmasa, onların heç biri digərinin Səltənətə daxil olmasının qarşısını ala bilməz. Əlbəttə ki, onlar Allahı yaddan çıxararaq biri-birinə ibadət etsələr, o halda hər biri digərinin Onun Səltənətinə daxil olmağının qarşısını ala bilər.

—Həzrət Əbdül-Bəha

Atanın oğul ilə və yaxud da oğulun ata ilə ticarət və kommersiya məsələlərinə dair məşvərət etməsi sualınızla bağlı, məşvərət Allah Qanununun təməlinin əsas ünsürlərindən biridir. Belə məşvərət, istər ata ilə oğul, istərsə də oğul ilə ata arasında, əlbəttə ki, məqbuldur. Bundan yaxşı heç nə yoxdur. İnsan bütün məsələlərdə məşvərət etməlidir, çünki bu onu hər bir problemin dərinliyinə aparacaq və ona düzgün həlli tapmaqda yardım edəcək.

—Həzrət Əbdül-Bəha

Dinin əsas təlimlərindən biri ailədə birliyin qorunub saxlanmasıdır. Əlbəttə, bu o demək deyildir ki, ailənin istənilən üzvünün digər üzvün inamına təsir etmək hüququ vardır, əgər ailənin bütün üzvləri bunu dərk etsələr, şübhəsiz, birlik mümkün olar.

—Həzrət Şövqi Əfəndi

Ondan soruşduğunuz sualla bağlı, O, əmindir ki, sizin uşaqlarınıza bəzi hallarda maliyyə yükü ola biləcəyinizə baxmayaraq, bu, onlar üçün sizə qayğı göstərmək şərəfidir, siz onların anasısınız və onlara həyat vermisiniz və Həzrət Bəhaullahın səxavəti ilə onlar indi Onun Dininə cəlb olunmuşlar. Sizin üçün hər nə edərlərsə, bu, sizin onlara etdiyinizin az bir hissəsidir.

—Həzrət Şövqi Əfəndi

Sizin dostunuzun Dini qəbul etməsi və onun Dinə xidmət etmək və onu yaymaq arzusu Onu çox sevindirdi. O, əlbəttə, dua edəcəkdir ki, o, valideynlərinin və qohumlarının qarşı çıxmasına baxmayaraq, getdikcə daha çox Təlimləri öyrənə və dərk edə bilsin və elə ruhlansın ki, ayağa qalxıb əvvəlki dinlərin çox sayda nümayəndələrini Əmrə gətirsin.  Lakin heç bir halda o, öz valideynlərini özündən uzaqlaşdırmamalıdır, onun borcudur ki, səbirlə, davamlı və məhəbbət dolu səyi ilə onların Dinə qarşı rəğbətini qazansın və bəlkə, hətta Dini qəbul etmələrinə səbəb olsun...

—Həzrət Şövqi Əfəndi

Ümumdünya Ədalət Evi təklif edir ki, Müqəddəs Yazılarda kişi və qadın münasibətlərinin xüsusi sahələrinə dair buyrulanlar Müqəddəs Mətnlərdə qətiyyətlə və təkrar-təkrar bəyan edilmiş cinslərin bərabərliyi ümumi prinsipinin işığında baxılsın. Öz Lövhlərinin birində Həzrət Əbdül-Bəha buyurur: “Bu ilahi dövrdə Allahın nemətləri qadın dünyasını sarıb. Kişi və qadın bərabərliyi, bəzi nəzərə çarpmayan hallar istisna olmaqla, tamamilə və qəti şəkildə bəyan edilmişdir. Fərqlər tamamilə götürülmüşdür”. Kişi və qadının müəyyən səciyyəvi xüsusiyyətlərinə və vəzifələrinə görə fərqlənməsi təbiətin qaçılmaz həqiqətidir, vacib olanı budur ki, Həzrət Əbdül-Bəha cinslər arasında belə bərabərsizlikləri “əhəmiyyətsiz” hesab edir.

Ər və arvad münasibətinə Bəhai ailəsinin həyat tərzi kontekstində baxılmalıdır. Həzrət Bəhaullah dünyaya birlik gətirməyə gəlmişdir və təməl birlik ailə birliyidir. Ona görə də biz inanmalıyıq ki, Din ailəni zəiflətmək deyil, gücləndirmək niyyətindədir və birliyin gücləndirilməsinin açarlarından biri məhəbbət dolu məşvərətdir. Bəhai ailəsində mühit, bütövlükdə icmadakı kimi, “Allah Əmrinin əsas məqsədini” ifadə etməlidir. Sevimli Əmrin Vəlisinin buyurduğu kimi, bu, “diktator hakimiyyəti deyil, itaətkar yoldaşlıqdır və özbaşınalıq deyil, səmimi və məhəbbət dolu məşvərət ruhudur”.

Lakin ailə “icmanın” çox xüsusi bir növüdür. Tədqiqat Departamenti atanı “ailənin birliyi, tərəqqisi və təhlükəsizliyinə” cavabdeh edən hər hansı müddəaya rast gəlməmişdir, lakin onun üzərinə qoyulan bir sıra məsuliyyətlərdən belə nəticə çıxarmaq olar ki, ataya ailənin “başçısı” kimi baxmaq olar. Ailənin üzvlərinin hamısının bir-birinə və bütövlükdə ailəyə qarşı vəzifələri və məsuliyyətləri vardır və bu məsuliyyətlər üzvdən üzvə, onların təbii münasibətlərinə görə fərqlənir. Valideynlərin uşaqlara təlim və tərbiyə vermək kimi qaçılmaz vəzifəsi vardır - əksinə olmaz, uşaqların valideynlərə itaət etmək vəzifəsi vardır―valideynlər isə övladlarına itaət etmirlər, ata deyil, ana uşaqları doğur, körpəlikdən onların qayğısına qalır və beləliklə ilk tərbiyəçidir. Ona görə də qızlar oğlanlardan əvvəl təhsil almaq hüququna malikdirlər və Əmrin Vəlisinin katibinin Onun adından yazdığı kimi “Bəhai uşağı tərbiyə etmək vəzifəsi, Bəhai Yazılarında təkrar-təkrar vurğulandığı kimi, ananın əsas məsuliyyətidir və onun qeyri-adi imtiyazı ailədə elə şərait yaratmaqdır ki, övladının həm maddi, həm də ruhani rifahı və tərəqqisi üçün əlverişli olsun. Uşağın ilk dəfə anasından gördüyü tərbiyə onun gələcək inkişafı üçün güclü təməldir”. Ananın bu məsuliyyəti ona əri tərəfindən dəstəklənmək hüququ verir, ərin isə arvadı tərəfindən dəstəklənmək üçün heç bir hüququ yoxdur. Atanın ailəni təmin və müdafiə etmək məsuliyyətinə dair bu qanun həyatdan nakam getmə halına da tətbiq oluna bilər, yəni ailənin yaşadığı yer atanın ölümündən sonra dul qalmış qadına deyil, onun böyük oğluna keçir, oğul isə öz növbəsində anasının qayğısına qalmağa məsuldur.

Bu bir-birini qarşılıqlı tamamlayan vəzifə və məsuliyyətlər kontekstində biz bir Lövhdə Həzrət Əbdül-Bəhanın nəsihətini oxumalıyıq: “Ey Qəyyum Allahın kənizləri! Qadınlar üçün hökm olunmuş şərəf və imtiyazı əldə etməyə çalışın. Şübhəsiz, qadının ən böyük şöhrəti Onun astanasında qulluq və Onun qapısında itaət etməkdir, bu, sayıq ürəyə malik olmaq və tək olan Allahı tərif etməkdir, bu, başqa kənizlərə qarşı ürəkdən gələn məhəbbət və ləkəsiz ismətlilikdir, bu, ərlərinə qarşı itaətkar və diqqətcil olmaq və uşaqların qayğısına qalmaq və onları tərbiyə etməkdir və bu, sakitlik, ləyaqət, Allahın zikrində inadla çalışma və son dərəcə alovlanma və məftun olmaqdır”.

Son dərəcə ruhaniliyə və fədakarlığa çağıran bu nəsihətə ərə arvad üzərində tam ixtiyar verən qanuni tərif kimi baxılmamalıdır, çünki bir möminə yazılmış 22 iyul 1943-cü il tarixli məktubda sevimli Əmrin Vəlisinin katibi Onun adından belə yazmışdır: “Əmrin Vəlisi Amerikada valideyn və övlad, ər və arvad münasibətləri haqqında qeydlərində demək istəyirdi ki, həmin ölkədə uşaqlar valideynlərin arzularından həddindən artıq sərbəst olmağa və onlara lazımi hörmət göstərməməyə meyllidirlər. Həmçinin, arvadlar bəzi hallarda öz ərləri üzərində ədalətsiz hökmranlığa can atmağa meyllidirlər ki, bu da, əlbəttə, düz deyildir, eləcə də ərin arvad üzərində ədalətsiz hökmranlığı düz deyildir”.

Məhəbbətlə dolu məşvərət edən istənilən qrupda yenə də bəzi məsələlər olur ki, qrup, vaxtaşırı, bu məsələlərə görə razılığa gələ bilmir. Ruhani Məhfildə bu dilemma səs çoxluğu ilə həll olunur. Lakin iki tərəf arasında, məsələn, ər və arvad arasında heç bir səs çoxluğu ola bilməz. Ona görə də elə vaxtlar olur ki, arvad ərə güzəştə getməlidir və elə vaxtlar da olur ki, ər arvada güzəştə getməlidir, lakin heç biri digəri üzərində ədalətsiz ağalıq etməməlidir. Xülasə, ər və arvad arasında münasibət Bəhai toylarında tez-tez oxunan Həzrət Əbdül-Bəha tərəfindən nazil edilmiş duada buyrulduğu kimi olmalıdır: “Həqiqətən, onlar Sənin əmrinə itaət edərək evlənmişlər. Onları axır zamanadək harmoniya və birlik nişanələri et”.

Bunlar ailədəki bütün münasibətlərdir, lakin kişi ilə qadın arasında ailədəkindən daha geniş sahədə münasibət vardır və biz buna da, keçmiş və indiki sosial normalar deyil, Bəhai cəmiyyəti kontekstində baxırıq. Məsələn, ana uşağın ilk tərbiyəçisi olmağına və onun inkişfına daha güclü təsir göstərməsinə baxmayaraq, atanın da öz uşaqlarını tərbiyə etmək məsuliyyəti vardır və bu məsuliyyət o dərəcədə ağırdır ki, Həzrət Bəhaullah buyurmuşdur ki, onu yerinə yetirməyən ata öz atalıq hüquqlarından məhrum olur. Eynilə, ailəni maliyyə cəhətdən dəstəkləmək ilk olaraq atanın məsuliyyəti olmasına baxmayaraq, bu heç də o demək deyildir ki, qadının yeri evlə məhdudlaşdırılır. Əksinə, Həzrət Əbdül-Bəha buyurmuşdur: “Həzrət Bəhaullahın bu Vəhyində qadın kişi ilə çiyin-çiyinə gedir. Heç bir hərəkatda onlar arxada buraxılmayacaqlar. Onların hüquqları kişilərin hüquqlarına bərabərdir. Onlar siyasətin bütün inzibati sahələrinə daxil olacaqlar. Onlar bəşər dünyasında ən yüksək məqam sayıla biləcək bir səviyyəyə yetişəcəklər və bəşəriyyətin bütün işlərində iştirak edəcəklər”.

—Həzrət Əbdül-Bəhanın Paris Söhbətləri

Və yenə də buyurur: “Vaxt gələcək və qadın dünyanın işlərində tam və bərabər şəkildə iştirak edəcək, qanun və siyasətin böyük arenasına inamla və bacarıqla daxil olacaq və o zaman müharibə dayanacaq”...

—Ümumdünya Sülhünün Bəyanı

Dünya Lövhündə Həzrət Bəhaullah Özü buyurduğu kimi qadınların kişilər kimi çörək qazanacaqlarını əvvəlcədən görürdü: “hər kəs, kişi və qadın, ticarət, kənd təsərrüfatı və ya başqa iş vasitəsilə qazandığının bir hissəsini uşaqlarının təhsilinə sərf edilmək üçün Ədalət Evinin Əminlərini xəbərdar etməklə etibarlı bir şəxsə verməlidir”.

—Həzrət Bəhaullah

Belə bərabərliyi əldə etməyin çox mühüm ünsürü Həzrət Bəhaullahın şərtidir ki, oğlan və qızlar məktəblərdə əsasən eyni dərsləri keçməlidirlər.

—Ümumdünya Ədalət Evi

 

Ölüm

EY UCA MƏQAM oğlu! Ölümü sənin üçün bir şadlıq müjdəçisi qərar verdim, nə üçün hüznlənirsən? Nuru öz şəfəqlərini sənin üzərinə səpmək üçün yaratdım, nə üçün ondan pərdələnirsən?

—Həzrət Bəhaullah

Ey imanlı qəlb, Allahın kənizi! Hörmətli ərinin ölümündən kədərlənmə. O, həqiqətən, qüdrətli hökmdarın hüzurunda həqiqət taxtı yanında Öz Rəbbinin görüşünə çatmışdır. Zənn etmə ki, onu itirmisən. Pərdə qalxacaq və sən onun üzünü Mələyi-Əlada nurlanmış görəcəksən. Uca Allahın buyurduğu kimi “Biz onu, əlbəttə ki, canlandıracağıq ki, xoşbəxt həyat sürsün”. Ona görə də birinci yaradılışa deyil, gələcək həyata yüksək əhəmiyyət verilməlidir.

—Həzrət Əbdül-Bəha

Ey Allahın sevimli kənizi, oğul itkisi qəlbi qırır və bəşər dözümünün fövqündədir, amma bilən və dərk edən əmindir ki, oğul itirilməmişdir, fəqət bu dünyadan o biri dünyaya qədəm qoymuşdur və o oğlunu ilahi aləmdə tapacaqdır. Həmin yenidən qovuşma əbədi olacaqdır, bu dünyada isə ayrılıq qaçılmazdır və özü ilə yandırıb-yaxan kədər gətirir.  Həmd olsun Allaha ki, sənin imanın vardır, üzünü Əbədi Səltənətə çevirmişsən və ilahi dünyanın varlığına inanırsan. Ona görə də ümidsiz olma, süstləşmə, qəm yemə, ağlama, nə də göz yaşı tökmə, çünki həyəcan və qüssə ilahi aləmdə onun ruhuna dərindən təsir edir.  O sevimli övlad gizli aləmdən sənə müraciət edir: “Ey mehriban ana, Allaha şükrlər et ki, mən balaca və zülmət qəfəsdən azad olmuşam və çəmənlik quşları tək ilahi aləmə―gen, nurlu, əbədi parlaq və şən aləmə uçmuşam. Ona görə də göz yaşı tök, ey ana və kədərlənmə. Mən itməmişəm, nə də məhv olmuşam. Mən fani örtüyü atmış və bayrağımı bu ruhani dünyada qaldırmışam. Bu ayrılıqdan sonra əbədi vüsal gəlir. Sən məni Rəbbin cənnətində nur ümmanına qərq olmuş tapacaqsan”.

—Həzrət Əbdül-Bəha

Sual―Həddi-büluğa çatmamış və ya doğulmamış ölən uşaqların ruhani aqibəti nədir? Cavab―Körpələr Allahın mərhəmət kölgəsi altındadırlar və onlar heç bir günah işlətməmişlər və təbiət dünyasının çirkabına bulaşmamışlar, onlar səxavət təzahürünün mərkəzidirlər və Rəhmaniyyət Gözü onlara tərəf çevriləcək.

—Həzrət Əbdül-Bəha

O sevimli gəncin ölümü və onun sizdən ayrılması qəm-qüssə və kədərə səbəb olmuşdur, o, ömrünün bahar çağında və gəncliyinin çiçəklənən dövründə ilahi yuvaya uçdu. Lakin o, bu kədər gətirən sığınacaqdan azad oldu, Səltənətin əbədi yuvasına tərəf çevrildi, qaranlıq və dar dünyadan müqəddəs nur aləminə tələsdi, bu, qəlbimizin təsəllisidir.  Bu ürək parçalayan hadisələrdə ağlasığmaz ilahi hikmət vardır. Elə bil ki, bağban təzə və zərif kolu örtülü yerdən geniş açıq sahəyə köçürür. Bu köçürmə ilə o, solmaz, inkişafdan qalmaz və məhv olmaz, xeyr, əksinə, bu, onun böyüməsinə və çiçəklənməsinə, təravət və zəriflik əldə etməsinə, yaşıllaşmasına və bar verməsinə səbəb olar. Gizli sirr bağbana yaxşı bəllidir, lakin bu səxavətdən xəbəri olmayan qəlblər güman edir ki, bağban qəzəb və hiddətindən kolu kökündən çıxarmışdır. Bundan agah olanlar üçün isə bu gizli həqiqət açıq-aşkardır və bu əvvəlcədən təyin edilmiş hökmü səxavət sayırlar. Ona görə həmin sədaqətlilik quşunun pərvaz etməsindən qəm yemə və ümidsiz olma, xeyr, həmişə o, gənc üçün dua et, onun üçün əfv və məqamının yüksəlməsini dilə.  Mən ümid edirəm ki, siz son dərəcə səbirli, soyuqqanlı və sakit olacaqsınız və Mən Təklik Astanasında yalvararaq əfv və rəhmət diləyirəm. Allahın intəhasız nemətlərinə ümidim budur ki, O, bu iman bağının göyərçininə sığınacaq versin və Mələi-Əlanın budağında yaşamağa izn versin ki, o, Adların və Sifətlərin Rəbbinə ən yaxşı həmd-səna nəğmələri oxusun.

—Həzrət Əbdül-Bəha

O dünyada insan indi əziyyət çəkdiyi bir çox acizliklərdən azad olacaq. Bu dünyadan köçənlərin öz həyatı vardır. Ora bizdən ayrı deyildir: onların Səltənətdəki zəhməti bizim üçündür, lakin ora bizim vaxt və məkan adlandırdığımızdan pakdır. Biz vaxtı günəşlə ölçürük. Günəş doğması və batması olmadıqda, belə vaxt insan üçün mövcud deyildir. Süud edənlərin yerdə olanlardan fərqli əlamətləri (şəraitləri) vardır, lakin yenə də həqiqi ayrılıq yoxdur. “Dua zamanı məqamların, şəraitlərin bir-biri ilə təması baş verir. Onlar sizə dua etdiyi kimi siz də onlara dua edin”.

—Həzrət Əbdül-Bəha

 

İş Və Maliyyə

BU GÜN SİZİN Allahı sevməyinizin qarşısını alan yalnız bu dünyadır. Ondan qaçın ki, bərəkət alanlardan olasınız. Əgər insan bu dünyanın bəzək-düzəyi ilə özünü bəzəmək, onun libasını geymək və ya onun verdiyi nemətlərdən pay almaq istəsə, ona heç bir zərər dəyməz, ta ki, o, heç bir şeyin özü ilə Allah arasında maneə olmasına izn verməsin, çünki Allah yerdə və göydə yaratdığı hər yaxşı şeyi, həqiqətən, Ona inananlar üçün müəyyən etmişdir. Allahın sizə izn verdiyi yaxşı şeylərdən yeyin, ey insanlar, və Onun ecazkar nemətlərindən özünüzü məhrum etməyin. Ona həmd və səna edin və, həqiqətən, şükr edənlərdən olun.

—Həzrət Bəhaullah

Ey bəşər oğlu! Sənə nemət qismət olarsa, fərəhlənmə və zillətə düçar olsan, kədərlənmə, bunların hər ikisi bir anda keçib gedər və yox olar.

—Həzrət Bəhaullah

Ey varlıq oğlu! Əgər yoxsulluğa düşsən, qüssələnmə, vaxt olar, varlılıq Sultanı sənin görüşünə gələr. Zillətdən qorxma, bir gün gələr, izzət sənə nəsib olar.

—Həzrət Bəhaullah

Ey bəndəm! İnsanların ən yaxşısı o kəslərdir ki, öz sənətlərilə qazanırlar və aləmlərin Rəbbinin sevgisi xatirinə özlərinə və yaxınlarına xərcləyirlər.

—Həzrət Bəhaullah

Ey Tək həqiqi Allahın bəndəsi! Bu ümumdünya dinində insanın ecazkar sənəti Camali-Əbhaya ibadət sayılır. Görün necə nemət və bərəkətdir ki, sənət ibadətə bərabər tutulur. Keçmiş zamanlarda hesab edilirdi ki, belə bacarıqlar ən azı cahilliyə bərabərdir və Allaha yaxınlaşmağa mane olur. İndi baxın ki, Onun intəhasız nemətləri və bol bəxşişləri cəhənnəm odunu sevinc dolu cənnətə, qara torpağı isə nurlu bağçaya çevirmişdir.  Bu dünyanın sənətkarlarının borcudur ki, hər an Müqəddəs Astanada minlərlə minnətdarlıq əlaməti göstərsin və əllərindən gələni etsinlər və öz peşələrini səylə öyrənsinlər ki, onların zəhmətlərindən bütün insanların gözləri qarşısında ən böyük gözəlliyi və kamilliyi zahir edənlər törəsin.

—Həzrət Əbdül-Bəha

Məktubun alınmışdır. Mən ümid edirəm ki, sən həqiqi olanın qayğısı altında hifz və yardım olunacaq, Allahı zikr etməklə məşğul olacaq və öz sənətini tamamlamaq üçün səy göstərəcəksən. Sən böyük cəhd göstərməlisən ki, öz sənətində qeyri-adi və öz sahəndə məşhur olasan, çünki bu mərhəmət dolu dövrdə öz sənətində kamilliyə yetişmək Allaha ibadət sayılır. Öz sənətinlə məşğul olarkən, Tək olan Allahı yad edə bilərsən.

—Həzrət Əbdül-Bəha

Bəzi insanlar yalnız bu dünyanın işləri ilə məşğuldurlar, onların fikirləri zahiri həyat tərzi və ənənəvi maraqlarla o qədər məhdudlaşmışdır ki, onlar hər hansı digər mövcudluq aləminə, bütün şeylərin ruhani əhəmiyyətinə kordurlar! Onlar dünyəvi şöhrəti, maddi inkişafı fikirləşir və arzu edirlər. Hissi ləzzət və rahat ətraf onların üfüqünü məhdudlaşdırır, onların ən böyük arzuları dünyəvi şəraitə yönəldilmişdir! Onlar alçaq nəfslərini cilovlamırlar, onlar yeyir, içir və yatırlar! Heyvanlar kimi onlar da öz fiziki varlıqlarından başqa heç nə haqqında düşünmürlər. Doğrudur ki, bu ehtiyacları ödəmək lazımdır. Həyat bir yükdür ki, yerdə olarkən daşınmalıdır, lakin həyatın alçaq şeylərinin qayğısı insanın bütün fikrini və səylərini idarə etməməlidir. Ürəyin arzuları daha əzəmətli məqsədə yüksəlməlidir, əqli fəaliyyət daha yüksək səviyyələrə qalxmalıdır! İnsanlar səmavi kamilliyin mənzərəsini öz ürəklərində saxlamalı və orada İlahi Ruhun tükənməz səxavəti üçün yer hazırlamalıdırlar. “Qoy sizin yer üzündə arzularınız İlahi mədəniyyətə çatmaq olsun! Mən sizin üçün böyük xeyir-dua diləyirəm ki, siz İlahi Ruhla elə canlanasınız ki, dünyaya həyat bəxş edəsiniz”.

—Həzrət Əbdül-Bəha

Əgər bir kəs öz işində, sənətində və ya peşəsində müvəffəqdirsə, o, bunun vasitəsilə fiziki sağlamlığını yüksəltməyə və öz bədəninə həzz aldığı qədər rahatlıq və dinclik verməyə qabil olur. Bu gün biz hər tərəfimizdə insanın özünü hər cür müasir rahatlıq və zinətlə əhatə etməsini və öz təbiətinin fiziki və cismani tərəfi üçün heç nəyi rədd etmədiyini görürük. Lakin ehtiyatlı olun, cismani şeylər haqqında çox fikirləşməyin, yoxsa ruha aid olanları unudarsınız: çünki maddi mənfəət insanın ruhunu yüksəltmir. Dünyəvi şeylərdə kamillik bədəni fərəhləndirər, lakin heç vəchlə onun ruhunu ucaltmaz.  Ola bilər ki, maddi cəhətdən hər cür faydalanan və müasir mədəniyyətin ona verə biləcəyi ən böyük rahatlıqlarla özünü əhatə edən insan Müqəddəs Ruhun bütün vacib nemətlərini rədd etsin.  Maddi cəhətdən tərəqqi etmək, əlbəttə ki, yaxşı və tərifəlayiqdir, lakin belə etməklə, gəlin daha mühüm ruhani tərəqqiyə etinasız olmayaq və aramızda parlayan İlahi işığa göz yummayaq.

—Həzrət Əbdül-Bəha

Biz özünü daima boşaldan və görünməz mənbədən yenidən dolan fəvvarə və ya çeşməyə bənzəməliyik. Kasıblıqdan qorxmayaraq və bütün sərvətlərin və bütün xeyirin Mənbəyinin tükənməz səxavətinə bel bağlayaraq öz yoldaşlarımızın xeyrinə daima ianə vermək―budur düzgün yaşamağın sirri.

—Həzrət Şövqi Əfəndi

Şövqi Əfəndi hər bir möminə Milli Məhfilin fonduna ianə vermək üçün mümkün qədər çox fədakarlıq etməyi nəsihət edərdi, bununla belə, O, dostların bu məqsəd üçün borca düşməsini pisləyir. Bizdən malik olduğumuzu vermək tələb olunur, malik olmadığımızı deyil, xüsusilə belə bir hərəkət başqalarının iztirabına səbəb olduqda. Belə məsələlərdə biz mühakimə və hikmətdən istifadə etməli və başqa sadiq bəhailərimizə güvənməliyik.

—Həzrət Şövqi Əfəndi

Anchor 17
Anchor 18
Anchor 19
Anchor 20
Anchor 21

 

 

Qonaqpərvərlik

MÜBARƏKDİR O EV ki, Mənim mərhəmətimə yetişmişdir, o ev ki, orada Məni şadlıqla zikr edərlər və ora Məni tərif edən, Mənim fəzlimin ipindən möhkəm yapışan və Mənim ayələrimi oxumaqla şərəfləndirilmiş əhbablarımın gəlişi ilə bəzənmişdir. Həqiqətən, onlar ucaldılmış bəndələrdir. Allah onları Qəyyumül-Əsmada və başqa lövhlərdə ucaltmışdır. Həqiqətən, O, hər şeyi Eşidən, Cavab Verən və hər şeyi Biləndir.

—Həzrət Bəhaullah

Bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyət edin... Səmimi və sədaqətli olanlar yer üzünüi bütün xalqları və tayfaları ilə fərəhlə və nur saçaraq ünsiyyət etməlidirlər, çünki insanlarla qaynayıb-qarışmaq daima birlik və razılığa yardım etmiş və edəcəkdir. Bu isə öz növbəsində dünyada nizam-intizamın qorunub saxlanması və millətlərin yenidən doğulmasına müsbət təsir bağışlayacaqdır. Xoş o adamın halına ki, mərhəmət və lütf ipindən möhkəm yapışmış və düşmənçilik və nifrətdən azaddır.  Ey Mənim dostlarım! Dostun razılığı yolu ilə gedin. Onun razılığı onun xalqının razılığında olub və olacaq. Yəni dost dostun razılığı olmadan onun evinə girməz, mallarına toxunmaz, öz razılığını dostun razılığından üstün tutmaz və heç bir işdə özünü üstün saymaz. Ey ağıl sahibləri, bunun üzərində fikirləşin.

—Həzrət Bəhaullah

Ey mənim Allahım! Qoy Sənin nemət və bəxşiş yağışların Sənin fəzlinin əlaməti və Sənin hüzurundan inayət nişanəsi olaraq Sənin Dinini bağrına basmışların evinə yağsın.

—Həzrət Bab

Mənim evim sülh evidir. Mənim evim sevinc və məmnunluq evidir. Mənim evim gülüş və şadlıq evidir. Bu evin qapısından daxil olan kəs oradan fərəhli ürəklə çıxmalıdır. Bu ev nur evidir, oraya daxil olan nurlanmalıdır.

—Həzrət Əbdül-Bəha

Bütün dostlar və qohumlarla, hətta yadlarla son dərəcə məhəbbət və iltifat ruhunda rəftar edin.

—Həzrət Əbdül-Bəha

Ona görə də Allahın əhbabları yadlar və dostlara eyni dərəcədə riqqət doğuran yoldaşlıq münasibəti bəsləməli və hamıya, onların qabiliyyətindən asılı olmayaraq, məhəbbətə layiq olub-olmamalarını düşünməyərək, son dərəcə məhəbbət dolu iltifat göstərməlidirlər. Qoy hər an dostlar diqqətli və hədsiz lütfkar olsunlar.

—Həzrət Əbdül-Bəha

Mən Allahdan diləyirəm ki, O, Öz fəzli ilə sizin evi ilahi hidayət nurunun və Allah Kəlamının yayıldığı və hər zaman məhəbbət alovunun Onun sadiq bəndələrinin və kənizlərinin qəlblərində yandırıldığı ocağa çevirsin. Yəqin bil ki, Allah Adının mədhi naminə Əbha Səltənətinə tərif sədalarının ucaldıldığı ev, həqiqətən, ilahi evdir və Allahın Cənnətində ləzzət bağlarından biridir.

—Həzrət Əbdül-Bəha

Bu, həqiqətən Bəhai evidir. Hər dəfə belə bir ev və ya belə bir görüş yeri peyda olanda həmin kəndin və ya şəhərin ümumi inkişafına böyük köməklər olunur. O, elm və maariflənməyə səbəb olur və güclü ruhaniyyətinə və insanlar arasında yaydığı məhəbbətə görə tanınır.

—Həzrət Əbdül-Bəha

 

Bəhai İnstitutları Və İcma İlə Münasibət

BİRİNCİ ŞƏRT ALLAHIN Əhdində möhkəm olmaqdır. Çünki Əhdin gücü Həzrət Bəhaullahın Əmrini yolunu azmış insanların şübhələrindən hifz edəcək. O, Allah Əmrinin istehkamlı qalası və Allah Dininin möhkəm dayağıdır. Bu gün Bəhai dünyasının birliyini Allahın Əhdindən başqa heç bir güc mühafizə edə bilməz, əks təqdirdə ixtilaflar ən böyük qasırğa kimi Bəhai dünyasını sarar. Açıq-aşkardır ki, bəşər dünyasının birlik oxu Əhdin gücündən başqa bir şey deyildir... Ona görə də hər kəs başlanğıcda Əhddə addımlarını möhkəmlətməlidir ki, Həzrət Bəhaullahın təyidləri onu hər tərəfdən əhatə etsin, Mələyi-Əlanın orduları onu dəstəkləsinlər və yardım etsinlər və Həzrət Əbdül-Bəhanın vəsiyyətləri və öyüdləri daşa həkk olunmuş şəkillər kimi qəlblərin lövhələrində daima silinməz qalsın.

—Həzrət Əbdül-Bəha

Müəyyən sütunlar vardır ki, Allah Dininin sarsılmaz dayaqları kimi təyin edilmişdir. Bunlardan ən qüdrətlisi dərketmə və ağıldan istifadə etmək, şüurun inkişaf etdirilməsi və kainatın həqiqətlərinə və Qüdrətli Allahın sirlərinə nüfuz etməkdir.  Biliyi inkişaf etdirmək Allahın dostlarının hər birinin qaçılmaz vəzifəsidir. Allahın toplantısı olan Ruhani Məhfil uşaqlara tərbiyə vermək üçün əlindən gələni etməlidir ki, onlara körpəlikdən Bəhai davranışı və Allahın yolları öyrədilsin və Camali-Mübarəkin məsləhətləri və öyüd-nəsihətləri olan nərmin sularla suvarılan cavan ağaclar kimi çiçəklənib qol-budaq atsınlar.

—Həzrət Əbdül-Bəha

Və indi gələcəyə baxaraq mən müxtəlif fikirli və xasiyyətli dostların hər zaman, hər bir ölkədə, könüllü olaraq və fərəhlə öz fəaliyyətlərinin yerli, xüsusilə, milli mərkəzlərinin ətrafında toplaşacaqlarına, öz maraqlarını tam razılıq və yekdilliklə, mükəmməl anlayışla, əsl ruh yüksəkliyi və güclə yüksək tutacaqlarına ümid edirəm. Bu, həqiqətən, həyatımın yeganə sevinci və arzusudur, çünki bu, o çeşmədir ki, oradan bütün gələcək xeyir-dualar axacaq və o güclü təməldir ki, İlahi Binanın təhlükəsizliyi onun üstündə qurulmalıdır.

—Həzrət Şövqi Əfəndi

19 Gün Ziyafətlərində İcmanın öz baxışlarını ifadə etməsi və öz Məhfilinə təkliflər verməsi üçün vaxt ayrılır. Məhfil və möminlər bu xoş müzakirə müddətini gözləməli və nə ondan qorxmalı, nə də onun qabağını almalıdırlar.

—Həzrət Şövqi Əfəndi

O, sizin öz Bəhai həyatınızda bu qədər çox sınaqlara düşməyinizi eşidəndə çox təəssüfləndi. Şübhə yoxdur ki, onlardan çoxu sizin öz təbiətinizə görədir. Başqa sözlə, əgər biz həssasıqsa və ya aralarında yaşadığımız bəhailərin mühitindən fərqli mühitdə tərbiyə almışıqsa, təbii ki, biz hər şeyi fərqli görürük və onları daha güclü hiss edirik və bunun başqa tərəfi budur ki, bizim bəhai yoldaşlarımızın qeyri-kamilliyi bizim üçün böyük sınaq ola bilər.  O, hesab edir ki, əgər siz başqalarının səhvlərinə göz yumsanız və məhəbbətinizi və dualarınızı Həzrət Bəhaullaha yönəltsəniz, bu fırtınaya sinə gərməyə güc əldə edəcəksiniz və nəhayətdə özünüzü ruhən daha yaxşı hiss edəcəksiniz. İztirab çəkməyinizə baxmayaraq, siz kamilliyə yetişəcəksiniz ki, bu da sizə həm öz bəhai yoldaşlarınıza, həm də uşaqlarınıza yardım etməyə imkan verəcək.

—Həzrət Şövqi Əfəndi

Dostlar bir-birinə qarşı səbirli olmalı və başa düşməlidirlər ki, Əmr hələ öz körpəlik çağını yaşayır və onun institutları hələ kamil fəaliyyət göstərmirlər. Möminlər bir-birinə və bir-birinin çatışmazlıqlarına nə qədər çox səbir, məhəbbət dolu anlam və dözüm göstərsələr, Bəhai icması da bir o qədər çox tərəqqi edəcəkdir.

—Həzrət Şövqi Əfəndi

Öz aralarında bir-birinə məhəbbət bəsləməyə olan ehtiyacı Əmrin daxilində dostlara aşılamaq zərurəti vardır. İnzibati sistemin funksiyalarını qarışdırmaq və onu fərdi münasibətlərə tətbiq etmək meyli vardır ki, bu da səmərəsizdir, çünki Məhfil formalaşmaqda olan Ədalət Evidir və icmanın işlərini Təlimlərə uyğun olaraq idarə etməlidir. Lakin fərdlər bir-birinə qarşı məhəbbət, birlik, bağışlama və günahları örtmə gözləri ilə yaşayırlar. Dostlar bunu dərk edəndən sonra onlar bir-birilə daha yaxşı yola gedəcəklər, lakin onlar bir-birilə münasibətdə Ruhani Məhfil rolunda oynamaqda davam edirlər və istəyirlər ki, Məhfil bir fərd kimi davransın.

—Həzrət Şövqi Əfəndi

Bəhai icmasında tənqid və kəskin sözlər baş qaldıranda keçmişi arxada buraxmaqdan və aidiyyatı olan insanları yeni səhifə açmağa inandırmaqdan, Allah və Onun Dininin xatirinə səhv anlayışa və disharmoniyaya aparan söhbətlər etməkdən yayınmaqdan başqa çarə yoxdur. Dostlar öz nöqteyi-nəzərlərinin düzgünlüyü üstündə nə qədər çox mübahisə və təkid etsələr, bütün vəziyyət bir o qədər pisləşir. «Dünyanın bugünkü vəziyyətini görəndə biz, əlbəttə ki, tamamilə əhəmiyyətsiz daxili narahatçılıqları unutmalıyıq və bəşəriyyətin xilasına tələsməliyik. Siz öz bəhai dostlarınızı bu nöqteyi-nəzəri qəbul etməyə və Həzrət Bəhaullahın ruhunun bütün icmaya yayılması və onu Öz məhəbbətində və Öz xidmətində birləşdirməsi üçün hər tənqidi fikrin və hər kəskin sözün qarşısını almaqda sizi dəstəkləməyə inandırmalısınız.

—Həzrət Şövqi Əfəndi

Biz öz qeyri-kamilliyimizi dərk etməli və bəzən Qurultaylarda, bəzən Məhfillərdə, bəzən komitələrdə və sair baş verən uğursuzluqlara həddindən artıq narahat olmamalıyıq. Belə şeylər əsasən səthidir və tədricən tərgidiləcək.

—Həzrət Şövqi Əfəndi

Sizin ailə problemlərinizlə bağlı olaraq, O, hesab edir ki, əgər məsləhət almaq arzusunda olsanız, bu məsələlər barədə Məhfilə müraciət edə bilərsiniz, bu məhfillərin vəzifələrindən biri dostlara məsləhət və yardım etməkdir və Məhfilə müraciət etmək sizin üstünlüyünüzdür.

—Həzrət Şövqi Əfəndi

Allahın hökm etdiyi Yerli Ruhani Məhfil institutu bəşər cəmiyyətinin ilkin səviyyələrində fəaliyyət göstərir və Həzrət Bəhaullahın Nəzmi-İdarəsinin əsas inzibati vahididir. O, fərdlər və ailələrin qayğısına qalır və onları Həzrət Bəhaullah Vəhyinin qanunları, hökmləri və prinsipləri ilə həyat əldə edən və qorunan fərqli bir Bəhai cəmiyyətində birləşməyə daima həvəsləndirməlidir, o, bəhai sürüsünün sevən çobanıdır.

—Ümumdünya Ədalət Evi

Möminin, həll etməli olduğu problemi olduqda, onun bir neçə yolu vardır. Əgər bu məsələ Dinin maraqlarına təsir göstərirsə, o, müvafiq Məhfil və ya komitə ilə məsləhətləşməlidir, lakin fərdlərin tam şəxsi olan çoxlu problemləri vardır və onlar belə problemlər barədə Dinin institutlarına müraciət etməyə heç bir cavabdehlik daşımırlar: əlbəttə ki, dostlar öz Məhfillərini özlərinin həll edə biləcəyi problemlərlə yükləməsələr daha yaxşıdır.  Problemi olan bəhai dua etdikdən və bütün aspektləri öz fikrində ölçüb biçdikdən sonra bu problemi özü həll etmək istəyə bilər, o, fərdi dostlardan və ya həkim və vəkil kimi peşəkar məsləhətçilərdən məsləhət almağa üstünlük verə bilər ki, qərar verərkən bu məsləhəti nəzərə alsın və ya bir neçə nəfərin qarışacağı olanda, məsələn, ailə problemi kimi hallarda, o, aidiyyatı olanları bir yerə toplamaq istəyə bilər ki, onlar ümumi qərara gələ bilsinlər. Hər hansı bəhainin öz üzləşdiyi problemlə bağlı bir qrupa müraciət etməsinə də heç bir etiraz yoxdur.  Yadda saxlamaq lazımdır ki, məşvərətin məqsədi problemlər üçün həll yolu tapmaqdır. Bu, Əmrdə qadağan olunan etiraf etmə formasına yaxın olan və bu günlərdə bəzi qruplarda populyar olan ürəkdəki hər şeyin açıqlanmasından tamamilə fərqlidir. Günahların etiraf edilməsi məsələsi haqqında Əmrin Vəlisinin katibi Onun adından bir möminə yazmışdı: Bizə öz günah və qüsurlarımızı, katoliklərin öz keşişlərinə etdikləri kimi heç kəsə və ya bəzi dini təriqətlərin etdiyi kimi ictimaiyyətə etiraf etmək qadağan olunmuşdur. Lakin əgər biz könüllü istəsək ki, hər hansı bir şeydə səhv etdiyimizi, yaxud xarakterimizdə bir çatışmazlıq olduğunu etiraf edək və bu barədə başqa şəxsdən bağışlanmaq və ya üzr istəyək, belə etməkdə biz tamamilə sərbəstik. Əmrin Vəlisi göstərir ki, belə etmək məcburi deyildir. Bu, bütünlüklə fərdin öz öhdəsindədir.

—Ümumdünya Ədalət Evi

Dostlar Yerli Ruhani Məhfili səmimi qəlbdən dəstəkləməli və onunla əməkdaşlıq etməlidirlər, əvvəlcə üzvlük üçün səs verməli, sonra onun plan və proqramlarına səylə əməl etməli, çətin vaxtlarda ona müraciət etməli, onun uğuru üçün dua etməli, və onun nüfuz və şərəfinin artmasına sevinməlidirlər. Bu böyük hədiyyə, Allahın bu bəxşişi hər bir icma daxilində əzizlənməli və bəslənilməli, sevilməli və ona yardım edilməlidir. Ona itaət olunmalı və onun üçün dua edilməlidir.  Əsası möhkəm qoyulmuş belə canlı və şən icma həyatı ümid edildiyi kimi, Yerli Ruhani Məhfil həqiqətən effektiv olduqda möhkəm bir ailə bazisi hazırlayacaq ki, bundan da dostlar İlahi Əmrin onların yoldaşlarına çatdırılmasında və öz həyatlarını Onun xeyirli qanunlarına uyğunlaşdırmaqda sevərək dəstək və güc ala bilər və təşviq olunarlar.

—Ümumdünya Ədalət Evi

 

Ailə Həyatı Və Bəhai Xidməti

HƏMD OLSUN ALLAHA, siz hər ikiniz öz əməllərinizlə sözlərinizin doğruluğunu nümayiş etdirdiniz və Rəbbiniz olan Allahın təyidini qazandınız. Hər gün səhər dan yeri söküləndə siz bəhai uşaqlarını bir yerə yığır və onlara ibadət və dualar öyrədirsiniz. Bu ən tərifəlayiq əməldir və uşaqların qəlbinə sevinc bəxş edir, çünki onlar hər səhər Səltənətə tərəf çevrilməli və Allahı zikr etməli, Onun Adını tərif etməli və ən məlahətli səslə oxumalıdırlar.  Bu uşaqlar hətta cavan ağac kimidirlər və onlara dualar öyrətmək onların üstünə yağış yağdırmaq kimidir, ta ki, onlar zərif və təravətli olsunlar və Allahın məhəbbət nəsimi onların üzərinə əssin və onları fərəhləndirsin.

—Həzrət Əbdül-Bəha

Həqiqi Bəhai evi əsl qaladır ki, Əmr öz işlərini planlaşdırarkən ona etibar edə bilər. Əgər və bir-birilərini sevirlərsə və evlənmək istəyirlərsə, Şövqi Əfəndi arzu etmir ki, onlar, belə etməklə özlərini xidmət imtiyazından məhrum etmiş saysınlar, həqiqətdə, belə birlik onların xidmət imkanını artıracaq. Gənc bəhailərin evlənməsindən və Həzrət Bəhaullahın arzu etdiyi həqiqi Bəhai ailəsinin əsasını qoymalarından daha gözəl bir şey yoxdur. Xahiş edirəm, onların hər ikisinə Əmrin Vəlisinin məhəbbət dolu salamlarını yetirin.

—Həzrət Şövqi Əfəndi

Bizim sevimli Əmrimizə qarşı olan məhəbbət və sədaqətimizi bəşəriyyətin yüksək rifahı üçün əlverişli olan əməllərə və fəaliyyətlərə yönəltmək bizim vəzifəmiz və imtiyazımızdır.

—Həzrət Şövqi Əfəndi

Bəhailər hərtərəfli, fikrən və ruhən normal və müvazinətli olmağa çalışmalıdırlar. Biz təəssübkeş təəssüratı yaratmamalıyıq, lakin eyni zamanda öz prinsiplərimizlə yaşamalıyıq.

—Həzrət Şövqi Əfəndi

Əlbəttə, Şövqi Əfəndi sizi və başqa dostları bütün vaxtlarını və enerjilərini Əmrə sərf edən görmək istərdi, çünki bizim səriştəli işçilərə böyük ehtiyacımız vardır, lakin ev bir institutdur ki, Həzrət Bəhaullah onu zəiflətməyə deyil, möhkəmlətməyə gəlmişdir. Sadəcə bu məsələyə laqeyd qaldıqlarına görə Bəhai ailələrində çoxlu arzuolunmaz hadisələr baş vermişdir. Əmrə xidmət et, lakin evə qarşı olan vəzifələrini də unutma. Siz bu ikisi arasında tarazlıq tapmalı və heç birinə laqeyd olmamalısınız. Əgər arvadlar öz Bəhai fəaliyyətlərində daha dərin düşüncəli və mötədil olsaydılar, Əmrə daha çox ərlər xidmət edərdilər.

—Həzrət Şövqi Əfəndi

Əmrin Vəlisi uzun müddət hiss edirdi ki, Amerika bəhailəri bəzi hallarda Həzrət Bəhaullahın qoyduğu Nigah qanunları ilə yaşamırlar. Onlar bu gün insanların ailə bağlarına yüngül və xudbin münasibətinin təsiri altına düşməyə meyllidirlər. Bu səbəbdən O, sizin müvəffəqiyyətlə Bəhai qanunlarına uyğun yaşadığınızı, buna görə əlinizdən gələni etdiyinizi və ərinizlə olan bu müqəddəs bağı qoruyub saxladığınızı görəndə, əlbəttə ki, çox sevinir. O, ümid edir ki, siz başqalarına nümunə olacaqsınız. O, bəzi bəhailərin Əmrə xidmət adı ilə öz ərlərinə qarşı məsuliyyətdən boyun qaçırmalarını və ya yeni ər tapmalarını pisləyir.

—Həzrət Şövqi Əfəndi

Əmrin Vəlisi, ərinizin heç də sizdən ayrılmaq istəməməsi, əksinə, Nigahı qoruyub saxlamaq arzusu baxımından, hesab edir ki, sizin, bir bəhai kimi, Əmrə xidmət etmək istəyinizə görə ailəni dağıtmaq hüququnuz yoxdur.  Nigah çox müqəddəs institutdur. Həzrət Bəhaullah demişdir ki, onun məqsədi birlik yaratmaqdır. Əgər dostlar Əmr xatirinə bu instituta laqeyd qalsalar, onlar Dinin ictimaiyyət qarşısında hörmətini aşağı salarlar. Bu gün dünya əhli çox əxlaqsızdır və Nigah institutu ilə münasibətdə çox yüngül davranırlar və biz bəhailər dünya əhlinin əksinə olaraq yüksək əxlaq standartları yaratmağa və Nigah institutunu bərpa etməyə çalışırıq.  Əgər əriniz sizə bəzi təbliğ işləri görməyə və Dinin maraqları naminə səyahət etməyə imkan verərsə, çox yaxşı, lakin O, hesab edir ki, Din sizin ailə həyatınızın dağılmasına səbəb olmamalıdır.

—Həzrət Şövqi Əfəndi

Sizin oğullarınız, hətta başlanğıcda, sizinlə bir yerdə mühacirlik edə bilməsələr də, əlbəttə ki, sizə bunu etməkdə öz sadiq ruhları və tam əməkdaşlıqları ilə kömək edirlər. Həyat o qədər gözlənilməz dönüklüklərlə doludur ki, O, hesab edir ki, öz oğullarınızı evdə buraxmaq heç bir əlavə risk yaratmır. Onlar Əmrə sadiqdirlər və şübhə yoxdur ki, sizin nümunənizlə ruhlanacaqlar.

—Həzrət Şövqi Əfəndi

Sizin öz oğlunuza və ərinizə qarşı məsuliyyətiniz çox böyükdür və Əmrin Vəlisi ümid edir ki, sizin işiniz tezliklə elə bir yerə gəlib çatsın ki, heç olmasa, müəyyən müddətə, onların yanına qayıda və onlara qadının ailə həyatına ən böyük töhfəsi olan məhəbbət və şövq verə biləsiniz.

—Həzrət Şövqi Əfəndi

O, sizin mühacirlik sahəsində xidmət etmək arzunuzdan dolayı həqiqi məftunluq hissi keçirmiş, lakin təəssüf edir ki, ailə şəraitiniz qəlbinizin bu əziz arzusunu həyata keçirməyə imkan vermir. “O, sizin uzaq və bu vaxtacan açılmamış ərazilərdə Dinin naminə çalışmaq coşğunluğunuzu bəyənir, lakin O hesab edir ki, ərinizin müxalif çıxması baxımından, həmçinin, uşaqlarınızın sizin yaxın köməyinizə və hidayətinizə ehtiyacları olmalarını nəzərə alaraq siz hal-hazırda uzaq yerlərdə deyil, yaxın və ya qonşu şəhərlərdə işləməyə çalışmalısınız”.

—Həzrət Şövqi Əfəndi

Ailələri dua etməyə və Müqəddəs Yazıları oxumağa həvəsləndirin.

—Ümumdünya Ədalət Evi

Sizin və arvadınızın üzləşdiyi problemi nəzərə alaraq Ümumdünya Ədalət Evi buyurur ki, ailənizin birliyi hər hansı digər fikirdən üstün olmalıdır. Həzrət Bəhaullah dünyaya birlik gətirmək üçün gəlmişdir və fundamental birlik ailə birliyidir. Ona görə də biz inanmalıyıq ki, Din ailəni zəiflətmək deyil, gücləndirmək məqsədi daşıyır. Məsələn, Əmrə xidmət ailəyə laqeyd qalmağa səbəb olmamalıdır. Siz vaxtınızı elə qurmalısınız ki, sizin ailə həyatınız harmoniya təşkil etsin və siz ailənizə lazımi diqqət yetirə biləsiniz.

—Ümumdünya Ədalət Evi

Bəhai xidmətlərinə fədakarlıq ruhunda yanaşmaq lazım gəldiyinə baxmayaraq, heç kim Müqəddəs Yazılarda uşaqlarla münasibətdə valideynlərin, həmçinin valideynlərlə münasibətdə uşaqların üzərinə qoyulan məsuliyyətlərin vacibliyini nəzərə almaya bilməz.

—Ümumdünya Ədalət Evi

 

IV. Dualar

Hamilə Qadınlar Üçün

İlahi! İlahi! Səni tərif edir və Sənə şükr edirəm, o şey üçün ki, Sən onu Öz təvazökar kənizinə əta etdin, Sənin kölən Sənə yalvarıb-yaxarır, çünki Sən həqiqətən, onu Öz aşkar Mələkutuna yönəltdin, bu fani dünyada Sənin uca Nidanı ona eşitdirdin və hər şeyin üzərində qalib olan hakimiyyətinin aşkarlığını sübut edən Əlamətlərini görməsinə səbəb oldun.  İlahi, mən bu bətnimdə olanı Sənə həsr edirəm. Elə isə bunu Sənin Mələkutunda layiqli bir uşaq eylə, Öz lütfün və səxavətinlə onu bəxtiyar biri eylə, Sənin təlim-tərbiyən altında onu inkişaf etdir və böyüt. Həqiqətən, Sən Fəzl Sahibisən! Həqiqətən, Sən Böyük Bəxşiş Mövlasısan!

—Həzrət Əbdül-Bəha

 

Körpələr Üçün

Alqış Sənə, Ey mənim Rəbbim Allah! Bu körpəni Öz mərhəmət və inayət döşündən qidalandır və onu Öz səmavi ağacının meyvələri ilə bəslə. Onu Səndən başqa bir kimsənin himayəsinə buraxma, çünki Sən Özün onu Öz iradə və qüdrətinin hökmü ilə yaratmısan və həyata gətirmisən. Səndən başqa Allah yoxdur, Sən Ən Qüdrətli və Hər Şeyi Bilənsən.  Sən Sübhansan, Ey mənim Məhbubum, onun üzərinə Sənin fövqəl səxavətinin nəsimlərini və Sənin müqəddəs lütflərinin ətirlərini əsdir. Sonra onu Sənin uca adının kölgəsinə sığınmağa qadir eylə, Ey sifətlər və adlar səltənətini Öz ovcunda Saxlayan. Həqiqətən, Sən istədiyini etməyə Qadirsən, Sən həqiqətən, Qüdrətli, Uca, Həmişə Bağışlayan, Fəzl Sahibi, Səxavətli və Mərhəmətlisən.

—Həzrət Bəhaullah

Ey bənzərsiz Allah! Qoy bu südəmər körpə Sənin inayət döşündən qidalansın, onu Öz himayə və mühafizə beşiyində qoru və lütf eylə ki, o Sənin nəvaziş və məhəbbət qollarının arasında böyüsün. 

—Həzrət Əbdül-Bəha

 

Uşaqlar Üçün

EY PAK ALLAH! Mən balaca bir uşağam, qoy mən Sənin məhəbbət dolu inayət qoynunda əzizlənim, qoy mən Sənin məhəbbətinin balı və südü ilə bəslənim, məni Öz bilik ağuşunda tərbiyə et və mən uşaq ikən mənə nəciblik və müdriklik əta et.  Ey Özü Özünə kafi olan Allah! Məni Gözəgörünməzin Səltənətinin munisi et. Həqiqətən, Sən Qüdrətli və Qüvvətlisən.

—Həzrət Əbdül-Bəha

Ya Rəbb! Öz fəzlinlə bu uşağa yardım et, ta ki, o, Sənin zərif məhəbbət çəmənində böyüsün və canlansın. Sən, həqiqətən, Ətaedən, Mərhəmətli və Rəhimdilsən.

—Həzrət Əbdül-Bəha

Ey Allahım, məni qoru, məni hifz eylə, ürəyimin çırağını nurlandır və məni parlayan ulduz eylə. Sən Qüdrətli və Qüvvətlisən.

—Həzrət Əbdül-Bəha

 

Gənclər Üçün

YA RƏBB! BU gənci nurlandır və Öz nemətini bu fəqir məxluqun üzərinə yağdır. Ona bilik bəxş eylə, ona hər səhər dan yeri söküləndə güc inayət eylə və onu Öz himayəndə hifz eylə, ta ki, o, zəlalətdən azad olsun, özünü Sənin Əmrinə xidmətə həsr etsin, azmışlara yol göstərsin, əsirləri azad etsin və qəflətdə olanları oyatsın ki, hamı Sənin zikr və tərifinlə xeyir-dua alsın. Sən Qüdrətli və Qüvvətlisən.

—Həzrət Əbdül-Bəha

Valideynlər Üçün

LAYİQLİDİR Kİ, BƏNDƏ hər duadan sonra Allaha, onun valideynlərini əfv etmək və onlara mərhəmət etmək üçün yalvarsın. Onda Allahın nidası ucalacaq: “Valideynlərin üçün dilədiyinin əvəzi minlərcə və minlərcə olacaq. Mübarəkdir o kəs ki, Allahla ünsiyyət edərkən valideynlərini yada salır. Həqiqətən, Ondan başqa Allah yoxdur, O Qüdrətli və Məhbubdur”.

—Həzrət Bab

Ya Rəbb! Bu Əzəmətli Zühurda Sən, həqiqətən, uşaqların öz valideynləri adından zəmanətini qəbul edirsən. Bu, bu Vəhyin məxsusi intəhasız bəxşişlərindən biridir. Ona görə də Sənin bu bəndənin diləyini Sənin təklik astananda qəbul et və onun atasını Öz fəzl dəryana qərq eylə, çünki bu oğul Sənə xidmət etməyə qalxıb və Sənin məhəbbətinin yolunda hər zaman çalışır. Həqiqətən, Sən Bəxşedən, Bağışlayan və Mehribansan!

—Həzrət Əbdül-Bəha

 

Ailələr Üçün

HƏMD OLSUN SƏNƏ, ey mənim Allahım! Səndən məni və Sənin Dinini dəstəkləyənləri əfv etməyi diləyirəm. Həqiqətən, Sən ali hökmdar, Əfvedən, Ən Səxavətlisən. Ey mənim Allahım! Elmdən məhrum olmuş Sənin bəndələrinə Sənin Əmrinə daxil olmaları üçün yardım eylə, çünki onlar Sənin haqqında öyrənən kimi Qiyamət Gününün həqiqiliyinə şəhadət verirlər və Sənin bəxşişin zahir olarkən onu inkar etmirlər. Öz fəzlinin nişanələrini onlara nazil eylə və harada olurlarsa olsunlar, onlara, Öz bəndələrin arasında möminlərə buyurduğundan bol pay inayət eylə. Sən, həqiqətən, Ali hökmdar, Səxavətli və Ən Lütfkarsan.

Ey Mənim Allahım! Qoy Sənin nemət və bəxşişlərin o evlərə yağsın ki, oranın sakinləri Sənin fəzlinin əlaməti və Sənin hüzurundan inayət nişanəsi olaraq Sənin Dinini qucaqlamışlar. Həqiqətən, Sən əfv etməkdə misilsizsən. Əgər Sənin nemətin bir kəsdən uzaqlaşdırılsa, o, Sənin Günündə necə bu Dinin ardıcıllarından sayıla bilər?

Mənə və təyin olunmuş Gündə Sənin nişanələrinə inanacaq kəslərə inayət eylə, ey Mənim Allahım və mənim məhəbbətimi onların ürəklərində əzizlə―o məhəbbət ki, Sən, həqiqətən, onların ürəyinə salırsan. Həqiqətən, Sən ədalətin Sahibisən, Sən Ən Ucasan.

—Həzrət Bab

Mən Səndən məni əfv etməyini diləyirəm, ey mənim Allahım və Sən Öz bəndələrinin Sənə necə yönəlmələrini istəyirsənsə, mən də elə Səndən mərhəmət diləyirəm. Səndən Sənin Rəbbliyinə yaraşan tərzdə bizim günahlarımızı yumağı və məni, valideynlərimi və Sənin nəzərində Sənin məhəbbət məskəninə daxil olanları Sənin intəhasız hökmranlığına layiqli və Sənin ilahi qüdrətinin əzəmətinə yaraşan tərzdə bağışlamağını diləyirəm.

Ey mənim Allahım! Sən mənim qəlbimə ilham verdin ki, Səndən və yalnız Səndən diləsin, yoxsa mən Səni çağırmazdım. Uca və əzəmətlisən Sən, mən Sənə şükr edirəm, çünki Sən Özünü mənə göstərdin və Səndən məni bağışlamağını diləyirəm, çünki Səni tanımaq üçün öz vəzifəmi yerinə yetirə və Sənin məhəbbətinin yolunda addımlaya bilməmişəm.

—Həzrət Bab

 

Nigah Üçün

ƏTA EDƏN VƏ səxavətli Allahın adı ilə! Şükr olsun o Allaha ki, Əzəli, Əbədi və Dəyişilməyəndir. O Allah ki, Özü Öz varlığına şəhadət verir ki, həqiqətən, O Tək, Vahid, Muxtar və Ucadır. Biz şəhadət veririk ki, ondan başqa Allah yoxdur və Onun Vəhdaniyyətini, Təkliyini iqrar və etiraf edirik. O həmişə Öz əlçatmaz Ucalığında və sonsuz Yüksəkliyində başqalarının zikrinə ehtiyacsızdır və özgələrin tərifindən üstündür.

O, bu aləmin nəzmini iradə etdiyindən, ümmətlərə Kərəm və Ehsan zahir etmək üçün qanunlar qurdu və hökmlər zahir etdi və insanları düz yola getmək və əsl məqsədlərinə çatmaqdan ötrü Nigah hökmünü qoruyan qala kimi müəyyən etdi. Müqəddəs Mələkutdan nazil olan “Kitab-i-Əqdəs”də belə Əmr buyurulub, Onun buyurduğu əziz və böyükdür: “İzdivac edin, ey insanlar, ta ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim Əmrimdir sizə, onu özünüzə köməkçi tutun”.

—Həzrət Bəhaullah

Şükr olsun Sənə, Ey mənim Allahım! Həqiqətən, Sənin bu bəndən və bu kənizin Sənin mərhəmətinin kölgəsi altına toplaşmışlar və Sənin lütf və səxavətinlə birləşmişlər. Ya Rəbb! Onlara Sənin bu dünyanda və Sənin səltənətində yardım eylə və Öz səxavət və fəzlinlə hər xeyiri onlara qismət eylə. Ya Rəbb! Onları Öz bəndəliyində təyid eylə və Öz xidmətində onlara kömək eylə. Onları Sənin dünyanda Sənin Adının nişanələri et və onları bu dünyada və o biri dünyada Sənin tükənməz nemətlərin ilə qoru. Ya Rəbb! Onlar Sənin mərhəmət səltənətinə yalvarırlar və Sənin təklik aləmini çağırırlar. Həqiqətən, onlar Sənin əmrinə itaət edərək evlənmişlər. Qoy onlar axır zamanadək həmahənglik və birlik nişanələri olsunlar. Həqiqətən, Sən Qadir, hər yerdə mövcud olan və Qüdrətlisən!

—Həzrət Əbdül-Bəha

Ey mənim Allahım, ey mənim Allahım! Bu iki bərq vuran aylar Sənin məhəbbətində evlənmişlər, Sənin Müqəddəs Astanana bəndəlikdə və Sənin Əmrinə xidmətdə birləşmişlər. Ey mənim Rəbbim, Rəhimli olan Allah, bu Nigahı Öz bol fəzlinin nuru və Sənin nemətlərinin parlaq şüaları eylə, ey Xeyirxah və Əbədi Ətaedən Allah, ta ki, bu əzəmətli ağacın budaqları şaxələnsin və Sənin fəzl buludlarından yağan nemətlərlə yaşıllaşsın və gül-çiçək açsın. Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Qüdrətlisən. Həqiqətən, Sən Mərhəmətli və Rəhmdilsən.

—Həzrət Əbdül-Bəha

Hüvəllah! Ey misilsiz Allah! Öz böyük hikmətinlə insanlar arasında evlənməyi müəyyən etdin ki, dünyada insan nəsli əbədi qalsın və dünya durduqca Sənə ibadət və pərəstiş etsinlər və Sənin Əhədiyyət Dərgahına dua və sitayiş etməklə məşğul olsunlar və ünsiyyət etsinlər. “Ruhu və bədəni yaratdım ki, Mənə ibadət etsinlər”. Öz Rəhmaniyyət Mələkutunda bu iki məhəbbət yuvasının quşlarının evlənmə kəbinini kəs ki, bununla da onlar daimi feyzə çatsınlar. Beləliklə, bu iki məhəbbət dənizinin qovuşmasından ülfət dalğası qalxsın, inci kimi nəcib nəsillər varlıq dənizi sahilinə tökülsün. O, bu iki dənizi buraxdı ki, onlar bir-birini tapsınlar. “Bu qovuşan dənizlər arasında keçilməyən hədd vardır. Onda siz Allahınızın hansı nemətini danırsınız? Onların hər birindən ləl və mərcan hasil olur”.

Ey Mehriban Allah! Bu izdivacın dürr və mərcan yaratmasına kömək eylə. Çünki Sən, həqiqətən, Qüdrətli, Əziz, günahları Bağışlayan, Rəhman və Rəhimsən.

—Həzrət Əbdül-Bəha

Ey mənim Allahım! Sənin bu kənizin Səni çağırır, Sənə təvəkkül edir, Sənə tərəf üz tutur, Sənə yalvarır, ta ki, Sən Öz ilahi nemətlərini onun üzərinə yağdırasan və ruhani sirləri ona açasan və Öz Zatının nurunu onun üstünə səpəsən.

Ey mənim Allahım! Elə et ki, mənim ərimin gözləri görsün. Öz elminin nuru ilə onun qəlbini şad eylə, onun ağlını Öz nur camalına cəzb eylə, Öz aşkar nurlarını ona zahir etməklə onun ruhunu sevindir.

Ey mənim Allahım! Onun gözü önündən pərdəni götür. Öz bol nemətlərini onun üzərinə yağdır, onu Sənə məhəbbət şərabı ilə məst eylə. Onu Öz mələklərindən biri eylə ki, onların ayaqları bu torpağın üstündə ruhları yüksək səmada pərvaz edən təkin hərəkət edir. Qoy o, Sənin ümmətinin arasında Sənin müdriklik nurun ilə nur saçan parlaq çıraq olsun. Həqiqətən, Sən Əziz, Əbədi Bəxşedən və Əliaçıqsan.

—Həzrət Əbdül-Bəha

Anchor 22
Anchor 23
Anchor 24
Anchor 25
Anchor 26
Anchor 27
Anchor 28
Anchor 29
bottom of page