top of page
2
Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4

 

Ruha Qida verən Namazlar və Oruc

 

Ümumdünya Ədalət Evinin 
Təhqiqat Departamenti tərəfindən hazırlanmışdır

Bəhai Dünya Mərkəzi  May 2000
 

Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
 

 

Mündəricat

Ön Sözü                                                           4

Həzrət Bəhaullahın Yazılarından               5
Həzrət Əbdül-Bəhanın Yazılarından        10
Həzrət Bəhaullahın Oruc üçün duaları    16


Ön Sözü


Ümumdünya Ədalət Evi ötən dörd ildə Həzrət Bəhaullahın qanunlarının həyata keçirilməsinin gedişini nəzərdən keçirərək “Hər bir fərdin və beləcə icmanın ibadət həyatını birbaşa qidalandıran qanunların bəxş etdiyi fəzilət barədə onların anlayışını dərinləşdirməyi” bütün bəhailər üçün həyati bir məsələ kimi müəyyən etmişdir. Bu qanunlar arasında Camali-Mübarəkin “insan həyatının iki qanadı” kimi səciyyələndirdiyi namaz və oruc da vardır.


Yenicə təsdiq olunmuş tərcümələrdən təqdim olunan bu seçmələr Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəhanın orijinal Yazılarının sahilsiz ümmanından çıxarılmışdır. Bu seçmələr möminlərin qeyd olunan iki böyük qanunun hədsiz əhəmiyyəti haqqında təsəvvürlərini daha da kamilləşdirmək məqsədi daşıyır.
May 2000
 

 

Həzrət Bəhaullahın Yazılarından

 

1. BİZ, HƏQİQƏTƏN, QÜDRƏTLİ, Qoruyan və Qəyyum Allaha iman gətirənlərə mərhəmətimizin bir əlaməti olaraq Öz Kitabımızda hər şeyi müəyyən etmişik. Namaz və Orucu hamının Qadir və Sevimli Allaha yaxınlaşa bilməsi üçün bir vasitə qərar vermişik. Biz bu iki qanunu nazil etmişik və bütün dəyişməz hökmləri şərh etmişik. Biz insanlara onların həqiqətdən uzaqlaşmasına səbəb olan hər şeyi qadağan etdik və onları Sevimli və Qüdrətli Olana yaxınlaşdıran şeylərə əməl etməyi vacib buyurduq. De: Allahın hökmlərinə Onun camalına məhəbbətin xatirinə əməl edin və lənətlənmişlərin və cahillərin yolları ilə gedənlərdən olmayın.


2. Həmd olsun O Allaha ki, Namazı Öz bəndələrinə bir zikr olaraq nazil etdi və orucu onlara əmr etdi ki, bütün vasitələrə sahib olanlar məhrumların kədər və iztirablarından xəbərdar olsunlar.


3. Yaxşı əməl sahibi olmayan və Allaha ibadət etməyən kəslər bar verməyən ağaca bənzəyirlər və onların əməli heç bir iz qoymur. Allaha ibadətin müqəddəs ləzzətini dadmış bir kəs belə əməli və Allahın zikrini yer üzünün bütün mövcudatına dəyişməz. Oruc və Namaz insan həyatının iki qanadıdır. Xoş o kəsin halına ki, onların köməyilə aləmlərin Rəbbi olan Allahın məhəbbət səmasında pərvaz edə.


4. Namaz və Orucdan bərk yapışın. Həqiqətən, Allahın dini səmaya bənzər; oruc onun Günəşi, namaz isə onun Ayıdır. Əslində, onlar dinin sütunlarıdır ki, onların sayəsində möminlər Allahın qanunlarını pozanlardan ayrılmışlar. Biz Uca və Cəlal Sahibi olan Allaha yalvarırıq ki, O, hamını Öz əzəli kitabında nazil etdiklərini yerinə yetirməyə qabil etsin.


5. Bil ki, din səma kimidir; və Oruc və Namaz onun Günəşi və Ayıdır. Biz Uca və Cəlal Sahibi olan Allaha yalvarırıq ki, Onun razılığı və iradəsinə uyğun hərəkət edənlərə mərhəmətlə yardım göstərsin.
 

6. Namaz və Oruca etinasız olma. O kəs ki, bunlara riayət etmir, Allahın nəzərində qəbul olunmamışdır və heç vaxt da qəbul olunmayacaqdır. Hər bir şəraitdə bu hikmətə riayət edin. O, həqiqətən, hamıya onlar üçün faydalı olmuş və olacaq şeylərə riayət etməyi əmr etmişdir. O, həqiqətən, Ən Uca və hər şeydən Yetərlidir.
 

7. Namaz Uca Qələmdən elə bir halətlə nazil olmuşdur ki, o insanların ürəyinə od salır, qəlblərini və ağıllarını məftun edir.
 

8. Namaza gəldikdə isə bu elə bir halətlə nazil olmuşdur ki, hətta bircə dəfə, təmənnasız ürəklə onu qılan kəs, özünü tamamilə dünyadan ayrılmış hiss edəcəkdir.
 
9. Ey Mənim qardaşım! Bir kimsəyə Onun mərhəmət və sevgili lütfü sayəsində namaz qılmaq hökmünə riayət etmək qabiliyyəti verilməsi ilə bu qanun necə də əzəmətlidir. İnsan Namaz qılmağa başlayanda özünü bütün yaranmışlardan təcrid etməli və Allahın məqsəd və iradəsi qarşısında özünü mütləq heçlik kimi görməlidir. Belə bir halda o, mövcudat dünyasında Ondan başqa heç nə görməyəcəkdir. Bu, Allahın istədiklərinin və özünü tamamilə Ona həsr etmişlərin məqamıdır. Kim Namazı bu halətlə qılarsa, o, Allah və Səma sakinləri tərəfindən həqiqi namaz qılanlar sırasına daxil ediləcəkdir.

 

10. Əməllərdən biri namaz qılmaq hökmünə itaət etməkdir. İlahi sirrin Daşıyıcısı (Həzrət Əli) bunu göyə yüksəlmə nərdivanı adlandırmışdır, O buyurur: “Namaz—mömin üçün göyə yüksəlmək nərdivanıdır” . Onda saysız-hesabsız gizli faydalar və sirli bərəkətlər vardır. Həqiqətən, onların sayı-hesabı yoxdur. Bir insanın özünə qarşı insafsız və etinasızlığı necə böyük olardı, əgər o, göylərə yüksəlmək nərdivanını rədd edib özünü yerdəki xəzinələrə bağlasaydı. Biz ümid edirik ki, təmiz və məqbul əməllər törətməyə yardım ala bilək. Biz Uca və Cəlal sahibi olan Allaha yalvarırıq ki, Onun istədiyi və qəbul etdiyi və bizi Ona yaxınlaşdıran şeylərdə bizə kömək və yardım etsin. Həqiqətən, O, Qüdrətli, Qüvvətli və bütün insanların duasına hər zaman Cavab Verəndir.
 

11. Sonralar nazil olmuş yeni namazlardan biri olan böyük namaz, insanın özündə dua əhval-ruhiyyəsi hiss etdiyi zaman qılınmalıdır. Doğrudan da, bu elə bir halətdə nazil olmuşdur ki, əgər o, daşa söylənsəydi, o daş silkələnər və danışardı; əgər o, dağa söylənsə idi, o dağ hərəkətə gələr və əriyib axardı. Xoş o kəsin halına ki, Allahın hökmlərini dilə gətirir və onlara əməl edir: hər oxunan namaz kifayət edər.
 

12. Biz Allaha yalvarırıq ki, Öz bəndələrini yeməkdən, içməkdən və Ondan olmayan hər şeydən saxlayan, qadağan olunmuş bütün şeylərə baxmaqdan qoruyan gözəl və ali Orucu tutmaqda onlara kömək etsin. Biz Allaha dua edirik ki, Öz sevimlilərinə bu Gün əmr olunmuş şeylərə müvəffəq olmaqda kömək etsin.
 

13. Həmd olsun Ona ki, Öz mərhəməti ilə qanunlar nazil etmişdir. Həqiqətən, O istədiyində tam ixtiyar Sahibidir. Ey Mənim dostlarım, Kitabda sizə əmr edilənlərə uyğun hərəkət edin. Orucu Əla ayında tutmaq sizə hökm edilmişdir. Uca və Qüdrətli Rəbbinizin xatirinə oruc tutun. Günçıxandan günbatanadək pəhriz saxlayın. Bəşərin Məhbubu sizə Qüdrətli Allahın əmr etdiyi kimi, belə göstəriş verir. Heç kəs Allahın müəyyən etdiyi həddi və Onun qanunlarını aşmasın və ya öz bihudə xəyallarının arxasınca getməsin. Xoş o kəsin halına ki, Mənim əmrlərimi, Mənim Camalıma məhəbbətin xatirinə yerinə yetirir, vay o kəsin halına ki, Qüdrətli və Qüvvətli Rəbbinin günlərində Əmr Məşriqinə biganədir.
 

14. Bu, oruc gecələrindən biridir və bu gecə Cəlal və Əzəmət Dili bəyan edir: Məndən—Qüdrətli, Hifz edən, Qəyyumdan başqa Allah yoxdur. Biz, həqiqətən, Öz tərəfimizdən bir mərhəmət olaraq, bu günlər hamıya oruc tutmağı əmr etmişik, amma Allahın Öz qanunlarında açıqladığı məqsədə yetmiş və Onun görünən və görünməyən hər şeyi bürüyən hikmətinə varmış kəslər istisna olmaqla, insanlar bundan xəbərsiz qalıblar. De: Allaha and olsun! Onun Qanunu sizin üçün qaladır, kaş onu anlaya biləydiniz! Həqiqətən, Onun Öz bəndələrinin ruhunun mənfəətindən başqa heç bir məqsədi yoxdur, amma, əfsus, bəşərin çoxu buna etinasız qalıbdır. Allahın qanunlarının ipindən möhkəm yapışın və Kitabdan üz döndərənlərin arxasınca getməyin, çünki onlar, həqiqətən, Qüdrətli və Sevimli Allaha qarşı çıxıblar.
 

15. Bu günlər oruc günləridir. Bəxtiyardır o kəs ki, orucun yaratdığı şövqlə öz məhəbbətini artırır və o kəs ki, şadlıqla və nur saçaraq layiqli əməllər törətməyə qalxır. Həqiqətən, O, Öz istədiyi kəsi doğru yola yönəldir.
 
16. Baxmayaraq ki, Oruc zahirən çətin və üzücüdür, lakin daxilən o, səxavət və rahatlıqdır. Paklaşmaq səyləri Allahın Kitabının hökmlərinə ciddi-cəhdlə əməl etməklə şərtlənir və yalnız o şeylərdən asılıdır ki, Allahın qanunu ilə təsdiqlənmişdir, insanların yolunu azmasına səbəb olanların yox. Allah hər nə nazil etsə, o ruhun məhbubudur. Biz Ona yalvarırıq ki, Onun yanında qəbul olan və Onun razılığına səbəb olan əməllər etməkdə bizə mərhəmətlə yardım göstərsin.

 

17. Həqiqətən, Mən deyirəm, Oruc tutmaq özünün və ehtiraslarının xəstəlikləri üçün ən ali şəfa və ən yüksək əlacdır.
 

18. Bir olan həqiqi Allaha həmd olsun ki, sevimlilərinə Oruc tutmaqda kömək etdi və Kitabda buyrulanlara əməl etməyə yardım göstərdi. Həqiqətən, daimi həmd və sənalar o Allaha olsun ki, şəfqətlə Öz sevimlilərinə Onun Sözünün yüksəlməyinə səbəb olan şeyləri həyata keçirməkdə kömək etdi. Əgər bir kəsin on min həyatı olsaydı və onların hamısını Allahın əmr və hökmlərinin həqiqətini bərqərar etməyə qurban versəydi, o yenə də Allaha şükr edərdi, çünki Onun inkaredilməz hökmündən çıxan hər şey Onun dostlarının və sevimlilərinin ancaq xeyrinədir.
 

19. Orucun müxtəlif mərhələ və məqamları var və onda saysız-hesabsız təsirlər və faydalar gizlənmişdir. Buna çatmışların xoş halına!
 

20. Açıq zəiflik, xəstəlik və ya yaralı halında oruc qanununu gözləmək vacib deyil. Bu hökm keçmişdə əzəli və gələcəkdə əbədi olan Allahın yazıları ilə müvafiqdir. Buna uyğun şəkildə hərəkət edənlərin xoş halına!
 

21. Oruc hökmü sağlam və möhkəm olanlar üçün əmr edilmişdir. O kəslər ki, xəstədir və ya zəifdir, onlara bu qanun heç vaxt şamil edilməmişdir və indi də edilmir.

 

Həzrət Əbdül-Bəhanın Yazılarından

 

1. NAMAZ VƏ ORUC bu müqəddəs Zühurun ən böyük hökmləri sırasındadır.
 

2. Oruc və namaz, ibadət səmasında Allahın Müqəddəs Qanununun iki ən qüdrətli sütununu təşkil edir. Onlara etinasız yanaşmağa heç bir vəçhlə yol verilmir və onların içrasında məsuliyyətsizlik qətiyyən qəbuledilməzdir. Ziyarətnamədə O buyurur: “And verirəm Allahım, Sənə və Sənin üzünün nuru ilə üzləri işıqlanmış kəslərə ki, Sənin məhəbbətin xatirinə Sənin əmrlərinə əməl ediblər”  . O bəyan edir ki, Allahın hökmlərinə riayət etmək Məhbubun Camalına məhəbbətdən doqur. Axtaran kəs Allahın məhəbbət dənizinə baş vurduqda, coşqun bir istəkdən həyəcana gələcək və Allahın hökmlərinə itaət etmək üçün ayağa qalxacaqdır. Beləliklə, Allahın məhəbbət ətri ilə dolmuş ürəyin Ona ibadətdə zəifləməsi mümkün deyil—bircə o hal istisnadır ki, belə hərəkət düşmənləri qızışdırsın, qarışıqlıq və ixtilaf törətsin. Digər hallarda Əbha Camalının aşiqi inamla və davamlı olaraq Rəbbə ibadət etməkdə dəyanət nümayiş etdirəcəkdir.
 

3. Allahın namaz və oruca aid hökmləri Onun bəndələrinin üzərinə qətiyyətlə qoyulmuşdur. Ona görə də, onlar üzlərini Səma Əhlinin Pərəstiş Məqamına döndərməli, Ali Məqamdan bərk yapışmalı və yalvarışla dua etməlidirlər ki, yanlış şərhdən doğan şübhələrdən azad ola bilsinlər. Budur Əbdül-Bəhanın yolu. Budur Əbdül-Bəhanın dini. Budur Əbdül-Bəhanın məramı. Qoy ürəyində Bəha məhəbbəti bəsləyən hər kəs bu düz yolu seçsin. Kim bu yoldan dönürsə, o, həqiqətən, Allahdan pərdələnmişlərdəndir. Görsəniz ki, kiminsə bu hökmlərə şübhəsi var və ya bunu səhv şərh edir, lakin etdiyində gizli bir niyyəti və ya itaətsizliyi yoxdur, onunla dostcasına davranın, ürəkdən gələn və lütfkar nitqlə, rəftarla onu belə anlayışdan Allahın sözlərinin doğru mənasına tərəf yönəldin.
 

4. Allahın oruc, namaz və digər bu kimi qanunları, habelə Onun insani məziyyətlərə, xeyir əməllərə, layiqli davranışa aid nəsihətləri hər yerdə, mümkün dərəcədə, keçilməz maneələr və ya bəzi böyük təhlükə olana, yaxud da bu, hikmət qaydalarına əks gələnə qədər yerinə yetirilməlidir. Bu qanunlara etinasızlıq və laqeydlik ilahi mərhəmət buludlarından yağan məhəbbət leysanının qarşısını alar və beləliklə, insanlar bu mərhəmətdən məhrum qalarlar.
 

5. Ey Allahın sevimli kəsləri! Əzəli Əhddə sədaqətə minnətdarlıq əlaməti olaraq Qüdrətli Rəbbin astanasına xidmət etməyə qalxın, namaz qılın və oruc tutun, vaxtınızı Allahın şirin rayihələrini səpməyə və İlahi kəlamları yaymağa sərf edin. Pərdələri yırtın, maneələri aradan qaldırın, dirilik suyu paylayın, xilas yolunu göstərin. Budur Əbdül-Bəhanın səhər-axşam sizlərə etdiyi nəsihət.
 

6. Sən ey Səltənət qızı! Namazlar vacibdir, belə ki, onlar itaət və təslimiyyətə, üzünü Allaha tutmağa və Ona sədaqətini ifadə etməyə kömək edir. Belə namazla insan Allahla ünsiyyət qurur, Onun yaxınlığına can atır, könlünün həqiqi Məhbubu ilə danışır və ruhani məqamlara yetişir.
 

7. Sən ey ruhani dost! Sən namazın hikməti barədə soruşmuşdun. Bil ki, namaz zəruri və vacibdir. Əgər insana hər hansı böyük maneə üz verməyib, yaxud imkansız deyilsə, onda heç bir bəhanə, onun namaza əməl etməməsinə haqq qazandıra bilməz. Namazın hikməti budur: o, bəndə ilə Haqq arasında əlaqə yaradır, çünki bu vaxt insan bütün ürəyi və qəlbi ilə üzünü Qadir Allaha tutur, Onunla ünsiyyət axtarır, Onun məhəbbətini və həmdəmliyini arzulayır. Aşiq üçün öz sevgilisi ilə söhbətdən böyük ləzzət yoxdur və axtaran üçün onun axtardığı ilə yaxın olmaqdan böyük hədiyyə yoxdur. Allahın səltənətinə cəzb olunmuş hər kəsin ən böyük istəyi odur ki, tam sədaqətlə öz Məhbubuna üz tutmağa fürsət tapsın və beləliklə də Onun səxavət və xeyir-duasını axtarsın və dua və iman dəryasına qərq olsun. Bundan əlavə, namaz insanda ayıqlıq və huşyarlıq yaradır, onun imtahanlardan qorunmasına və hifz olmasına kömək edir.
 

8. Allahın Dininin əsaslarını möhkəmləndir, Qüdrət Sahibinə ibadət et. Namaz qılmaqda səbatlı və oruc tutmaqda diqqətli ol. Gecə-gündüz özünü duaya, ibadətə və itaətə həsr et, xüsusən müəyyən olunmuş vaxtlarda.
 

9. Namaz Uca Qələmdən nazil olmuşdur və Kitabi-Əqdəsi tamamlayan farsca “Suallar və Cavablar”da qeyd edilmişdir. Onlar açıq-aydın vacib buyurulur və şübhəsiz, hər kəs bu üç namazdan birini qılmalıdır. İbadət vasitəsilə insan ruhanilik qazanır, onun ürəyi cəzb olur, qəlbi və daxili aləmi elə bir şadlığa və lətafətə çatır ki, namaz ona yeni həyat verir. Məhz buna görə Ziyarətnamədə bu belə açıqlanmışdır: “And verirəm Allahım, Sənə və Sənin üzünün nuru ilə üzləri işıqlanmış kəslərə ki, Sənin məhəbbətin xatirinə Sənin əmrlərinə əməl ediblər”. Elə isə, aydındır ki, Mərhəmətlinin gözəlliyinə sevgi insanı Qüdrətli Allaha ibadət etməyə ruhlandırır.
 
10. Sən ey Allahın bəndəsi! Hər səhər Allahın sonsuz mərhəməti Əbdül-Bəhanın yanıqlı və ağlar dualarını təsdiqləyir. Ona görə də qoy oyanmış hər bir qəlb öz qabiliyyəti həddində bu ruhani mərhəmətdən pay alsın. Buna Allaha atəşli dualar etməklə və hər səhər əllərini göyə qaldırıb yalvarmaqla və namaz qılmaqla çatmaq olar. Beləcə, qoy onun burnu Allahın səxavət bağından əsən şirin rayihəli nəsimdən ləzzət alsın, onun qəlbi yeni həyata qovuşsun və onun varlığı Rəhmlilər Rəhimlisinin nurani şəfəqlərini əks etdirsin.

 

11. Namaz ürəyin İlahi səltənətə diqqətli olmasına səbəb olur. Allahla tək qalan kəs Onunla danışır və bəxşişlər əldə edir. Buna uyğun olaraq, əgər bir kəs son dərəcə pak bir qəlblə namaz qılarsa, o, Ruhül-Qüdsün köməyini əldə edəcək və bu, onda özünə olan məhəbbəti tamamilə yox edəcəkdir. Mən ümid edirəm ki, sən namaz qılmaqda inad edəcəksən və beləliklə, ibadət və duanın gücünün şahidi olacaqsan.
 

12. Sən namaz barədə yazmışdın. Namaz hər kəs üçün bir hökmdür və vacibdir. Çox qətiyyətlə hamını ona riayət etməyə yönəldin, çünki o, qəlblər üçün nərdivan, möminlərin ürəyinə çıraq və cənnət bağından axan həyat suyu kimidir. O, Mərhəmətli Allahın müəyyən etdiyi aşkar bir borcdur ki, onun yerinə yetirilməsində hər hansı bir etinasızlıq və tənbəllik yolverilməzdir.


13. Namaz və dua insanın sirlər səltənətinə çatmasına və Ali Varlığa ibadət etməsinə səbəb olur. Onlar insanı Onun dərgahının yaxınlığına cəzb edirlər. Dua oxumaqda elə bir həzz var ki, bütün qalan ləzzətləri geridə qoyur, Allah kəlamlarını oxumaqda və səsləndirməkdə elə bir şirinlik var ki, bu, - istər qadın, istərsə də kişi olsun - hər bir möminin ən böyük arzusudur. Namaz qılarkən hər kəs həqiqi Məhbub ilə danışır və öz sirlərini Onunla bölüşür. Əgər bir kəs təmənnasız bir qəlblə, yaş dolu gözlərlə, vəfalı bir qəlb və təşnə bir ruhla dua edərsə, bundan böyük könül xoşluğu yoxdur. Bundan başqa bütün ləzzətlər cismanidir, onun şirinliyi isə ilahidir.


14. Namaz əslində Allahın Dininin bünövrəsidir. Onun vasitəsilə ürəklərə şadlıq və həyat axıb dolur. Hətta əgər bütün qəm-kədər Məni sarsa belə, Mən namazımda Allahla söhbət etməyə başlayan kimi bütün dərdlərim yox olur və Mən şadlıq və sevinc əldə edirəm. Mənə elə bir halət üz verir ki, onu təsvir və ifadə etməkdə acizəm. Hər hansı bir vaxt, tam bir huşyarlıq və itaətlə biz Allah qarşısında namaz qılmaq öhdəliyini üzərimizə götürəriksə və onu ürəkdən gələn bir mehribanlıq və lətafətlə oxuyarıqsa, biz elə bir şirinlik dadarıq ki, sanki bütün mövcudat əbədi həyata qovuşmuşdur.


15. Sənə nazil olmuş bu Namaz qılmaq hökmünə riayət et ki, səxavət qapıları açılsın və ən yüksək ruhaniyyət əldə edilsin; böyük əlamətlər müşahidə olunsun və ruhani yüksəlişə şəhadət verilsin.


16. Namaz və erkən səhər dualarına vərdiş etməkdə inadkar ol ki, günbəgün sənin huşyarlığın artsın və Allahın biliyinin gücü ilə sən şübhə yolu ilə gedənlərin azğınlıq pərdələrini cırıb atasan və onları Onun əminlik hidayətinə yönəldəsən. Hər bir məclisdə sən şam kimi İlahi bilik nuru saçmalısan.


17. Mümkün qədər namaz və duaları oxumağı yerinə yetir ki, gündən-günə ən yüksək mətinlik və dəyanət əldə edəsən və getdikcə artan sevinc və şadlıq tapasan. Beləliklə, İlahi bilik çevrəsi getdikcə genişlənəcək və Allaha məhəbbət alovu sənin daxilində daha da parlaq yanacaqdır.
 
18. Namaz və dualar əslində dirilik suyudur. Onlar mövcudluğun, qəlblərin paklanmasının və onların ən yüksək sevincə çatmasının səbəbidir. Bu məsələdə çox diqqətli olun və başqalarını da dua etməyə və namaz qılmağa təşviq edin.


19. Sən ey həqiqi Rəbbin bəndəsi! Namaz və digər dualar Yetərli Olana bəndəliyin cövhəridir. Namaz və digər dualar birləşəndə və bir-birini müşayiət edəndə ibadət tamamlanır. Bu iki ruhani yoldaşa iki bədəndə bir ruh kimi baxıla bilər. Qoy Allah sizin məhəbbət və yoldaşlıqda çiçəklənməyinizə yardım etsin.


20. Namaz qılarkən hər bir şəxs Həzrət Bəhaullahın bütün şeyləri bürüyən Müqəddəs Zatına doğru dönməlidir.


21. Namaza gəldikdə isə, bunun müəyyən olunmuş xüsusi, müqəddəs və mübarək Qibləsi vardır. Mən Allahdan diləyirəm ki, O, bu məqamda bilik qapısını sənin ürəyinə açsın ki, doğru və vacib olan hər şeyin mahiyyətinə vara biləsən, Rəhmlilər Rəhimlisinin səmasından ruhani bəxşişlər toplayasan, həqiqət Günəşindən bilik şüaları alasan və Gözəgörünməzdən gələn ilhamın təzahürü və Rəhmlidən yetişən xoş müjdənin mənbəyi olasan.


22. Namazla əlaqədar, o, fərdi qılınmalıdır, və namaz qılmaq yeri xüsusi olaraq seçilmir.


23. Ey müqəddəs Astananın bəndəsi! Sən hökm olunmamış, dini ənənədən irəli gələn, tövsiyə olunan başqa dualar haqda soruşmuşdun. Bu Zühurda vacib olan hökmlər açıqca yazılmışdır. Lakin fərdi ibadət, hökmdən əlavə dualar və hətta xüsusilə tövsiyə olunmuş dualar məcburi deyildir. Buna baxmayaraq, namazdan sonra fərdi dua oxumaq xoşdur və məqbuldur, amma heç bir xüsusi duaya üstünlük verilməmişdir.


24. Məcburi əmrlər və vacib hökmlər onlardır ki, Uca Qələmdən nazil olmuş və ya Ümumdünya Ədalət Evinin qərarından çıxmışdır. Ona görə ki, biz əmr olunanlarıq, əmr edənlər deyilik. Biz üzərinə vəzifə qoyulanlarıq, biz məsuliyyət qoyan deyilik. Bu, Allahın qanununun gerçəkliyi və Onun Dininin bünövrəsidir. Dini ayinlər və dualara gəldikdə isə, arzu edənlər, namazdan sonra Camali-Mübarəkin digər dualarını oxuya bilərlər.


25. Sən Oruc haqqında yazmışdın. Bu ən mühüm məsələdir və sən ən yüksək dərəcədə səy göstərməlisən ki, buna riayət edəsən. Bu, İlahi hökmün əsasıdır və Allahın Dininin sütunlarından biridir.


26. Xoş sənin halına ki, Allahın Əmrinə əməl etmisən və bu mübarək günlərdə oruc tutmağa qalxmısan, çünki bu cismani pəhriz ruhani pəhrizin rəmzidir. Bu oruc qəlbin nəfsi-həvadan təmizlənməsinə, ruhani keyfiyyətlər əldə etməyə, Rəhmanın nəsimini cəzb etməyə və İlahi məhəbbət atəşi ilə alovlanmağa aparır.


27. Oruc insanın ruhani məqamının yüksəlməsinə səbəb olur.

 

Həzrət Bəhaullahın Oruc Üçün Duaları

 

1. BU, EY MƏNİM Allahım, günlərin birincisidir ki, onda Sən Öz sevimlilərinə oruc tutmağı vacib buyurmusan. Diləyirəm Səndən Sənin Öz xatirinə və özlərinə, öz arzularına və Sənin qəzəbinin qorxusuna görə deyil, Sənin razılığın naminə və Sənə sevgidən oruc tutmuş kəslərin xatirinə, Sənin ən uca adlarının və müqəddəs sifətlərinin xatirinə ki, Öz bəndələrini Sənin məhəbbətindən başqa hər şeydən pak edəsən və onları Sənin üzünün nurunun Məşriqinə və Sənin təklik Taxtına cəzb edəsən. Öz biliyinin nuru ilə onların ürəklərini nurlandır, ey mənim Allahım və onların üzlərini Sənin iradə üfüqündən parlayan Günəşin şüaları ilə işıqlandır. Sən istədiyini etməyə Qadirsən. Yoxdur Səndən başqa Allah, Sənsən O Əbha ki, bütün insanlar Ondan yardım diləyirlər. Ey mənim Allahım, onlara yardım et, ta ki, Sənə xidmətdə uğur qazansınlar və Sənin Sözünü yüksəltsinlər. Onlara imkan ver ki, Sənin bəndələrin arasında Sənin Əmrinin əlləri kimi olsunlar və onları insanlar arasında Öz dininin təzahürlərinə və Öz nişanələrinə çevir, belə ki, bütün dünya Sənin zikrinlə, tərifinlə, isbatın və təsdiqinlə dolsun. Sən, həqiqətən, Səxavətli, Ən Uca, Qüdrətli, Qüvvətli və Rəhimlisən.
 

2. Hər şeyi Bilən, hər şeydən xəbərdar Allahın Kitabında vəd Olunmuş Kəsin adı ilə! Bəndələrinin Sənin Taxtının ətrafında dövrə vurduqları və oruc tutmaqla Sənin hüzuruna yetdikləri oruc günləri gəlib çatdı. De: ey adların Sahibi və yeri və göyü yaradan! Sənin ən Nurlu Adın xatirinə yalvarıram, Sənə məhəbbət naminə və Sənin razılığın xatirinə oruc tutanların və Öz Kitablarında və Lövhlərində buyurduğun hökmlərə əməl edənlərin oruclarını qəbul et. And verirəm Səni onların adına ki, Sənin Əmrini irəlilətməkdə mənə kömək göstər və məni Sənin məhəbbətində dönməz et ki, Sənin yaratdıqlarının sözləri mənim addımlarımı büdrətməsin. Həqiqətən, Sən istədiyin şeyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən həyat verən, Qüvvətli, Səxavətli, Əzəlisən.
 

3. Həmd olsun Sənə, ey mənim Rəbbim Allah! Biz Sənin hökmünə itaətlə oruc tutduq və indi Sənin məhəbbətin və razılığınla iftarımızı açırıq. Səndən başqa hər şeydən azad olmuş, Sənin Əmrinə yönəlmiş üzümüzlə yalnız Sənin Camalın xatirinə Sənin yolunda etdiyimiz əməlləri lütfünlə qəbul et, ey mənim Allahım. Yağdır onda rəhmətini bizim üstümüzə, bizim atalarımızın və hər kəsin üstünə ki, bu ən Cəlallı, ən əzəmətli Zühurda Sənə və Sənin qüdrət nişanələrinə iman gətirdilər. Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Uca, Qüdrətli və İxtiyar Sahibisən.
 

4. Ey mənim Allahım! Ey mənim Rəbbim! Görürsən ki, mən Sənin qanunlarını pozmuş və Sənə qarşı çıxmış insanların arasındayam. Hər dəfə mən onları Sənin bilik dənizinə dəvət edəndə onların Sənin Əmrinə qarşı etirazı artır və Sənin İradə Məşriqini daha da inkar edirlər. And verirəm Səni, ey mənim Allahım, Sənə məhəbbət xatirinə oruc tutanların və Sənin səxavət əllərindən itaətin dirilik suyundan içənlərin adına ki, Sənin imtahanlarının yanar kürəsinin atəşi altında Sənin səbr ipindən yapışan sevimlilərinə Kitab və Lövhlərində yazılmış bütün xeyirləri müəyyən et. Sənin xatirinə əziyyət çəkənlərə Sənin razılığın yolunda şəhid olanların mükafatını yaz. Bundan əlavə, onlara, ya Rəbb, onu göndər ki, ürəklərini şad edir, gözlərinin kədərini azaldır və qəlblərini həyəcanlandırır. Sən, həqiqətən, Qüdrətli, Uca, Hifz edən, Hər şeyi Bilən və Hikmət Sahibisən.
 

5. Həmd olsun Sənə, ey Allah, ey Mənim Allahım! Bu günlər Sənin seçilmişlərinə, Sənin sevimlilərinə oruc tutmağı əmr etdiyin günlərdir. Sən namazı Sənin birliyini tanıyanlara yüksəliş nərdivanı etdiyin kimi, Orucu da Öz səltənətinin adamlarına bir işıq etdin. Yalvarıram Sənə, ey Mənim Allahım, bütün bəşər üçün şərəf və cəlal kimi verdiyin bu iki sütunla Öz dinini kafirlərin şərindən və günahkarların bəd niyyətlərindən qoru! Ey Rəbbim, sənin Öz güc və qüdrətinlə verdiyin işığı örtmə. Sonra Öz həqiqi möminlərinə Sənin hökmranlığın və əmrin altında görünən və görünməyən qoşunlarla yardım et. Səndən başqa Allah yoxdur, Sənsən ən Qüdrətli və ən Qüvvətli!
 
6. Ucasan Sən, ey mənim Rəbbim Allah! Səni and verirəm o kəslərə ki, Sənin razılığın və məhəbbətin xatirinə oruc tutmağı əmr etmişdin, o kəslərə ki, onlar Sənin qanunlarına sədaqət nümayiş etdirmişlər, Sənin ayələrinə və hökmlərinə əməl etmişlər, Sənə yaxınlaşmaq imkanına sevinməklə və Sənin Camalını seyr etməklə öz oruclarını açmışlar. Sənin cəlalına and olsun! Nə qədər ki, onlar Sənin razılıq dərgahına üz tutublar, onların bütün günləri oruc günləridir. Əgər Sənin iradə dilin onlara söyləsəydi ki: “Mənim Camalımın xatirinə, ey insanlar, oruc tutun və onun vaxtına məhdudiyyət qoymayın”, Sənin cəlalının əzəmətinə and içirəm, onların hər biri buna imanla əməl edər, Sənin qanunlarını pozan hər şeydən özünü saxlayar və ruhlarını Sənə  təslim edənədək belə davam edərdilər, çünki onlar Sənin çağırışının şirinliyini dadmışlar və Sənin Əmr dodaqlarından qopan sözlərlə və Sənin tərifin və zikrinlə məst olmuşlar.


And verirəm Səni, ey Rəbbim, Sənin Özünə ki, Ulu və Ucasan və Sənin Son Zühuruna ki, Onunla adlar səltənəti və sifətlər hökmranlığı titrədi, yer və göylərin sakinləri məst oldular, Əmr və xilqət aləmlərində olanlar lərzəyə gəldilər, yalnız Sənin razılığınla bir araya sığmayanlardan imtina edənlər və Səndən başqa hər şeyə üz tutmaqdan özlərini saxlayanlar istisna oldular - bizi onların sırasına daxil et və adlarımızı onların adlarını həkk etdiyin Lövhəyə yaz. Ey Allahım, Sən Öz qüdrət möcüzələrin və Sənin hökmranlıq və əzəmət nişanələrinlə onların adlarını Öz adlarının dənizindən göndərdin və onların daxili mahiyyətini Öz məhəbbətinin cövhərindən, onların mübhəm varlığını Öz Əmrinin ruhundan yaratdın. Onların vüsalının arxasınca ayrılıq gəlməz, yaxınlıqları uzaqlıq bilməz və əbədiliklərinin sonu olmaz. Həqiqətən, onlar həmişə Səndən söz açan, hər zaman Sənin ətrafında dövrə vuran, Sənin hüzur məbədinə və Sənin vüsal Kəbənin ətrafına təvaf edən bəndələrdir. Onların Sənin camalının nurlarını müşahidə etdikləri, üzlərini Sənə tutduqları, böyüklüyünə baş əyməklə və Səndən başqa hər şeydən ayrılaraq Sənin gözəlliyin qarşısında səcdə etdikləri vaxtlar istisna olmaqla, Sən onlarla Öz aranda heç bir fərq qoymadın, ey mənim Allahım!
 

Biz bu gün, ey mənim Rəbbim, Sənin aydın Kitabında açıqladığına uyğun olaraq Sənin əmr və hökmünlə oruc tutmuşuq. Biz öz qəlblərimizi ehtirasdan və Sənin bəyənmədiyin şeylərdən son günədək və Orucun açıldığı vaxtadək qorumuşuq. Ona görə də yalvarıram Sənə, ey odlu aşiqlərin ürəklərinin Arzusu və ariflərin qəlblərinin Məhbubu, ey Sənin həsrətini çəkənlərin könüllərinin Sevinci və Səni axtaranların Məqsədi, bizləri Sənə yaxınlıq fəzasında və Sənin hüzurunun səmasında süzdür, Sənin razılığın və Sənin məhəbbətin yolunda etdiklərimizi bizdən qəbul et.
 

Bizim adlarımızı o kəslərin adları sırasına daxil et ki, onlar Sənin birliyini tanıdılar və təkliyini etiraf etdilər, Sənin qüdrətinin təzahürləri və Sənin böyüklüyünün nişanələri qarşısında itaət göstərdilər, o kəslərin ki, Sənə yaxınlıqda sığınacaq tapdılar və Səndə pənah gördülər, o kəslərin ki, həyatlarını coşqunluqla Səninlə görüşmək və Sənin hüzurunun sarayına çatmaq üçün sərf etdilər, o kəslərin ki, bu dünyanı Sənin məhəbbətin naminə bir kənara atdılar və Sənə yaxın gəlmək üçün və Səndən başqa hər şeyə bağlılıqdan şövqlə ayrıldılar. Bu, o bəndələrdir ki, Sənin adın çəkiləndə Sənin Camalının şövqü ilə ürəkləri əriyir, Səni tapmaq və Sənin sarayının ətrafına daxil olmaq arzusundan onların gözləri yaşlarla dolur.
 

Bu mənim dilimdir ki, ey mənim Rəbbim, Sənin birliyinə və bənzərsizliyinə şəhadət verir, gözlərimdir ki, Sənin Səxavət və feyz taxtına dikilib və qulaqlarımdır ki, Sənin çağırışını və Sənin bəyanını eşitməyə hazırdır. Çünki mən əminəm, ey mənim Allahım, Sən Öz iradənin ağzından çıxan kəlmələrin tükənməzliyinə fərman verdin və Sənin hər zaman eşidilən ayələrini və sözlərini dinləmək üçün Özünün pak etdiyin qulaq verdin. Və bunlar ey mənim Rəbbim, mənim əllərimdir ki, Sənin inayət və incə mərhəmət səmana qalxıb. Elə isə bu yazıq bəndəni rədd edəcəksənmi ki, Səndən başqa Sevgiliyə, Səndən başqa bəxşiş verənə, yaxud Səndən başqa padşaha, sənin rəhmət kölgənin altından başqa sığınacağa, Sənin göyündə və Sənin yerində sakin olanların üzünə açdığın qapının astanasından başqa daldalanacağa üz tutmayıb? Sənin Cəlalına and olsun ki, yox! Mən o kəsəm ki, Sənin inayətinə onun etibarı sarsılmayacaq, hətta Sən məni Öz hökmranlığın boyunca iztirabla əziyyətə salsan da, kimsə məndən Sənin haqqında soruşduqda, mənim bədənimin hər bir üzvü səslənəcək: “O Öz əməllərində Sevimlidir və hökmlərində itaət olunandır, xislətində rəhimlidir və xilqətinə acıyandır”.
 

Sən mənə şəhadət verə bilərsən, ey Sənin həsrətini çəkənlərin qəlblərinin Məhbubu, əgər Sən məni Öz qapından qovsan və Öz bəndələrin arasında zülmkarların qılınclarına və Sənin yaratdıqlarının arasında allahsızların dəyənəklərinə buraxsan və kimsə məndən Sənin haqqında soruşsa, mənim bədənimin hər tükü yenə də bəyan edəcəkdir: “O, həqiqətən, dünyaların Ən Sevimlisidir: O, Kərimdir; O Əbədidir! O, məni Özündən uzaqlaşdırdığı halda yaxına çəkir; məni Öz hüzurundan məhrum etdiyi halda, mənə pənah verir. Ondan başqa mərhəmətli tapmadım, Onun vasitəsilə Ondan başqa hər şeydən azad olmuşam və Ondan başqa hər şeydən yüksəyə qalxmışam”.
 

Ey mənim Allahım, Sənin sayəndə varlanaraq yerin və göyün səltənətlərindən azad olmuşun xoş halına. Varlı o kəsdir ki, Sənin sərvətinin ipindən möhkəm yapışmışdır, Sənin üzünün qarşısında itaətkardır və onun üçün Sən hər şeyin fövqündə kifayətsən. Kasıb o kəsdir ki, Sənsiz yaşayır, Sənin qarşında qürurla durmuş, Sənin hüzurundan üz çevirmiş və Sənin nişanələrinə inanmamışdır. Buna görə də, ey mənim Allahım və mənim Məhbubum, mənə imkan ver ki, “mənəm”lik və ehtiras küləyinin istədiyi tərəfə yönəltdiyi kəslərdən deyil, Sənin iradənin nəsiminin hərəkətə gətirdiyi kəslərdən sayılım. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Uca və Səxavətlisən.
 

Bütün cəlal sənə olsun, ey mənim Allahım, çünki Sən mərhəmətlə Öz adına, Əla adlandıraraq Ən Ali adına bağladığın bu ay ərzində məni oruc tutmağa qabil etdin. Sən əmr etdin ki, Sənin bəndələrin və Sənin insanların bu zaman oruc tutsunlar və beləliklə, Sənin yaxınlığına cəzb olunmağa səy göstərsinlər. İlin günləri və ayları Orucla zirvəyə çatmışdır, belə ki, birinci ay Sənin adınla, Bəha adıyla başlandı ki, hər kəs Sənin Birinci və Sonuncu, Aşkar və gizli olduğuna şəhadət verə bilsin. Və əmin olsun ki, bütün adların cəlalı ancaq Sənin Əmrinin cəlalından bəhrələnmişdir və söz Sənin iradəndən izhar olmuş və Sənin məqsədinlə açıqlanmışdır. Sən bu ayı Səndən bir xatirə, bəxşiş və mükafat ayı kimi, Sənin insanlar arasında zühürunun əlaməti kimi müəyyən etdin ki, onlar Sənin böyüklüyünü və əzəmətini, Sənin hökmranlığını və cəlalını unutmasınlar və əmin olsunlar ki, Sən əzəldən hökmran idin və hər zaman da bütün yaradılış üzərində hökmran olacaqsan. Yerdə və göydə yaranmışlardan heç biri Sənin hökmün altında Səni nə gizlədə bilər, nə də bir kimsə Əmr və xilqət səmalarında Sənin məqsədinin həyata keçməsində Sənə mane ola bilər.
 

And verirəm, ey mənim Allahım, Sənin adına ki, onunla yerin bütün yaranmışları—Sənin qüsursuz mühafizənlə qorunanlar və hər şeyi saran mərhəmətinin kölgəsi altında sığınacaq tapanlar istisna olmaqla—iniltiyə düşmüşlər, bizi Öz Əmrində elə dönməz və Sənin məhəbbətində elə dəyanətli et ki, hətta əgər Sənin bəndələrin Sənin əleyhinə qalxsalar və Sənin insanların Səndən üz döndərsələr və yer üzündə Sənin adını çağıran və ya Sənin müqəddəsliyinin Kəbəsinə və Səninlə ünsiyyətin müqəddəs məkanına üz tutan bir adam qalmasa belə, mən təkbaşına və yalqız, Sənin Əmrinin qələbəsinə səy edim, Sənin kəlamını ucaldım, Sənin hökmranlığını elan edim və Sənin müqəddəs Zatının tərifini şərəflə ucaldım. Və hətta buna baxmayaraq ki, ey Rəbbim, hər zaman Səni hər hansı adla vəsf etməyə cəsarət etdikdə, tamamilə çaşqınlığa düşürəm, çünki mən çox yaxşı bilirəm ki, Sənin bütün uca nişanələrin və bütün ali adların ki, onları mən Səninlə bağlayıram və Sənin müqəddəs hüzurunda onlarla Sənə yalvarıb dua edirəm, mənim özümün ən cüzi anlayışımdan başqa bir şeyi ifadə etmir, belə ki, nə vaxt mən bir adı tərifəlayiq bilmişəmsə, onu Səninlə bağlamışam.
 

Sənin həqiqi məqamın Səndən başqa hər kəsin biliyindən və təsəvvüründən nəhayətsiz yüksəkdir və Sən Sənin yaratdıqlarının vəsfindən və Sənin bəndələrinin onların Sənə yüksəlmək cəhdlərində söylədikləri təriflərdən ucasan. Sənin bəndələrindən zahir olan hər şeyin məhdudluğu onların öz məhdudiyyətindəndir və onların boş təsəvvür və xəyallarından yaranmışdır.
 

Əfsus, Ey Mənim Məhbubum, Səni layiqincə tərif etməyə qabil olmadığım və Sənin Günlərində mənim çatışmazlıqlarım üçün əfsus. Əgər Səni, Ey mənim Allahım, hər şeyi Bilən kimi çağırsam, dərhal anlayaram ki, Sən lal bir daş parçasına Öz iradənin bircə barmağı ilə işarə etsən, onu bütün keçmişlərin və gələcək əsrlərin biliyini açmağa qadir edərsən. Və əgər Səni ən Qüvvətli kimi vəsf etsəm, görərəm ki, Sənin məqsəd ağzından çıxan bir söz göyləri və yeri lərzəyə gətirməyə kifayətdir.


Ey bütün Səni tanıyanların Sevgilisi, Sənin cəlalın mənə şəhadət verir ki, əgər bir alim Sənin biliyinin təzahürləri qarşısında öz cahilliyini etiraf edə bilməsə, o Sənin ən cahil adamların arasında sayılar; və qüdrətli birisi Sənin qüvvətinin sübutları qarşısında öz zəifliyini düşünməsə, o Sənin yaranmışlarının ən zəifi və laqeydi hesab olunar. Bunun belə olduğunu bildiyim və yəqin etdiyim halda, Səni necə vəsf və təsvir və ya tərif edə bilərəm? Ona görə də öz zəifliyimi bilərək, Sənin gücünün sığınacağına tələsdim, öz fəqirliyimi anlayaraq Sənin zənginliyinin kölgəsi altında daldalanacaq axtardım və gücsüzlüyümü etiraf edərək Sənin qüvvət və qüdrət çadırının qarşısında dayanmağa qalxdım. Səndən başqa bir Yardımçı seçmədikdən sonra Sən bu fəqiri rəddmi edəcəksən, və ya Səndən başqa həqiqi Məhbub tapmadıqdan sonra, Sən bu müsafirdən üzmü döndərəcəksən?


Sən məndə olan hər şeyi bilirsən, ey Rəbbim, lakin mən Səndə olanı bilmirəm. Elə isə Öz inayətinlə mənə rəhm et və Sənin günlərində mənim ürəyimə barış və Sənin müqəddəs hüzurunun məzhərləri ilə könlümə sakitlik gətirəcək şeylərlə məni ruhlandır. Bütün yaranmış şeylər Sənin Camalının nurunun şəfəqləri ilə elə işıqlanmışlar ki, ey Rəbbim, yerdə və göydə sakin olanlar sənin müqayisəolunmaz əzəmətinin məzhərlərinin hesabına elə bir parıltı ilə şölə saçırlar ki, orada mən Sənin zühurunu görməmişdən əvvəl heç nə görmürəm; elə bir zühur ki, sənin bəndələrin arasında qafillərin gözlərindən gizli qalmışdır.


Məhrum etmə məni, ey mənim Rəbbim, görünən və görünməyən mövcudatın bütün səmalarını saran mərhəmətindən. Sən bütün bəşəriyyəti Sənin tərəfinə və Sənin yaxınlığına cəzb olunmağa dəvət etdikdən və Sənin ipindən möhkəm yapışmağa sövq etdikdən sonra belə uzaqmı qalacaqsan? Sən Öz ecazkar ayələrində və Sənin təhrifolunmaz Kitabında Sənin mərhəmət və inayətinin talvarı altında Sənin həsrətini çəkənləri və Sənin səxavətli iltifatının kölgəsi altında Səni arzulayanları və Sənin inayətinin çadırı altında Səni axtaranları bir yerə toplamağı vəd etdiyin halda, məni rəddmi edəcəksən, ey mənim Məhbubum?


Ey mənim Allahım, and verirəm Sənin qüdrətinə ki, mənim ahı-zarım mənim ürəyimi dayandırıb və onun iniltisi ixtiyarımı əlimdən alıb! Hər vaxt ki, Sənin ecazkar mərhəmətinlə, Sənin inayətinin nişanələri ilə və Sənin səxavətinin dəlilləri ilə özümü əmin edir və qəlbimi şad edirəm, Sənin ədalətinin təzahürləri və qəzəbinin əlamətləri qarşısında titrəyirəm. Mən etiraf edirəm ki, Sən bu iki adla tanınmış və bu iki sifətlə təsvir olunmusan; lakin Sən Sənin adının həmişə Bağışlayan, yaxud da Qəzəbli çağırılmasına möhtac deyilsən. Sənin Cəlalına and olsun, əgər Sənin mərhəmətinin hər şeydən üstün olmasını bilməsəydim, bədənimin bütün üzvlərinin həyatı dayanar, mənim bütün vücudum məhv olar və batini varlığım mütləq heçliyə enərdi. Lakin mən görəndə ki, Sənin mərhəmətin hər yeri bürüyür və Sənin rəhmin bütün xilqəti əhatə edir, mənim qəlbim və batini varlığım yəqinlik əldə edir.


Əfsus, yenə də əfsus, ey mənim Allahım, o şeylər üçün ki, Sənin günlərində məndən ötdü və yenə də əfsus, əfsus, ey mənim ürəyimin Arzusu, o şeylər üçün ki, bənzərini Sənin seçilmişlərinin və əminlərinin gözlərinin heç vaxt görmədiyi bu günlərdə mən sənə itaətdə və xidmətdə yerinə yetirilməmiş buraxdım. Yalvarıram Sənə, ey mənim Rəbbim, Sənin Özünə və Sənin mərhəmət taxtında oturan Sənin Əmrinin Məzhərinə ki, məni Sənin xidmətində və razılığında sabit eylə. Qoru məni onda, Səndən üz döndərmişlərdən və Sənin ayələrinə inanmayanlardan ki, Sənin həqiqətini inkar etdilər, Sənin dəlillərinə qarşı çıxdılar və sənin Əhd və Misağını pozdular.


Ey Rəbbim olan Allah, Sənin Cövhərinin Məzhərinə, Sənin təkliyinin Dan Ulduzuna, Sənin biliyinin Mədəninə, Sənin Vəhyinin Mənbəyinə, Sənin İlhamının Xəzinəsinə, Sənin hökmranlıq taxtına və Sənin İlahiliyinin Dan Yerinə - Başlanğıc Nöqtə olana. Ən Uca Simaya, Əzəli Kökə və millətlərə həyat verənə həmd olsun. Və Ona və Onun ayələrinə ilk iman gətirənə . Sənin ən əzəmətli Kəlamının ucalması üçün hökmranlıq taxtı etdiyin kəsə, Sənin ən əla adlarının təzahürünün cəmləşdiyi nöqtəyə. Sənin qayğı Günəşinin şəfəqinə, Sənin adlarının və sifətlərinin dan yerinə və hikmət incilərinin və Sənin əmrlərinin xəzinəsinə şükürlər olsun. Şərəf olsun o kəsə  ki, sonuncu olaraq Onun yanına gəlmişdi, gəlişi Onun gəlişi kimi idi və Sənin bundakı  zühurun Ondakı  Zühurun kimi idi, yeganə fərq bu idi ki, o, Onun üzünün nuru ilə işıqlanmışdı və Onun qarşısında səcdəyə enmişdi və Onun qarşısında bəndəliyinə şəhadət vermişdi; və bəha olsun o kəslərə ki, Onun yolunda şəhid olmuş və Onun Camalına məhəbbət xatirinə öz həyatlarını vermişlər.


Biz şəhadət veririk ki, ey mənim Allahım, bu bəndələr Sənə və Sənin əlamətlərinə iman gətirmiş, Sənin hüzurunun sığınacağını axtarmış və Sənin Camalına tərəf çevrilmiş, üzlərini sənin yaxınlıq dərgahına yönəltmiş və Sənin razılığın yolunda addımlamış, Sənin istəyinlə Sənə ibadət etmiş və Səndən başqa hər şeydən uzaqlaşmışlar. Ya Rəbb, onların ruhlarına və cisimlərinə hər vaxt Sənin hər şeyi saran mərhəmətinin möcüzələrindən bir pay ver. Sən, həqiqətən, istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur. Sən Qüdrətli və Əzəmətlisən və bütün insanlar Səndən kömək diləyir.


Səni and verirəm, ey Rəbbim, Onun və onların xatirinə və Onun xatirinə ki, Sən Onu Öz Dininin taxtında əyləşdirdin və Onunla yerin və göyün sakinlərinə kölgə saldın—bizi günahlarımızdan təmizlə, Öz hüzurunda bizim üçün həqiqət kürsüsü təyin et və bizə dünyanın müsibət və bədbəxtliklərinin Sənə üz tutmalarına mane olmadığı kəslərlə ünsiyyət etməyə kömək et. Sən, həqiqətən Qüdrətli, Ən Uca, Qoruyan, Rəhman və Rəhimsən!

 

Ümumdünya Ədalət Evi
Bəhai Dünya Mərkəzi


 

bottom of page