top of page
Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7
Anchor 9
Anchor 8

 

 

Bəşəriyyətin Rifahı
 

İctimai İnformasiya Ofisinin hazırladığı Bəyanat. Hayfa.
 

İlk dəfə Birləşmiş Millətlər Təşkilatının Sosial İnkişaf üzrə

Dünya Sammitində təqdim edilmişdir.
Kopenhagen, Danimarka.
3 Mart 1995


Mündəricat

Ön Söz                                                                                        4
Sülh və İnkişaf – Əsrin Ehtyacı                                            6
Birinci Bölmə                                                                           12
İnsanlığın Birliyi – Bəşəriyyətin Rifahı                              12
İkinci Bölmə                                                                             15
Ədalət – Birliyin Meydana Çıxması                                    15
Üçüncü Bölmə                                                                         20
Məşvərət – Anlayış Bəxşişinin Yetkinliyi”                         20
Dördüncü Bölmə                                                                     23
Bilik – Yer Üzü Xalqlarının Faydası Naminə Əldə Edilməlidir    23
Beşinci Bölmə                                                                          29
İqtisadiyyat – Cəmiyyətin Firavanlığına Həsr Edilməlidir    29
Altıncı Bölmə                                                                           35
Səlahiyyət– Bəşəriyyətin Birliyinin Özəyi                          35
Yeddinci Bölmə                                                                       39
Təsisatlar – İnsan Potensialını Bəsləmək Üçün Alətlər  39


 
Ön Söz
Beynəlxalq Bəhai İcmasının İctimai İnformasiya Ofisinin Birləşmiş Millətlər Təşkilatının Sosial İnkişaf üzrə Kopenhagendə keçirilən Dünya Sammiti ilə bağlı hazırladığı və 1995-ci ilin yanvarında verilmiş bu bəyanatı sosial və iqtisadi inkişaf üzrə geniş yayılmış münasibət və praktikaları nəzərdən keçirir. Bəyanat, bu məsələlərlə məşğul olanların rollarını və həqiqi qlobal rifahın təbiəti barədə fərziyyələrin əsasında dayanan məsələləri yenidən müəyyən edir. Milli Ruhani Məhfillərə ünvanlanmış 23 yanvar 1995-ci il tarixli məktubunda Ümumdünya Ədalət Evi yazır: “İyirminci əsr sürətlə sona yaxınlaşdıqca, bəşəriyyətin gələcəyinə təsir edəcək məsələlər barədə ümumi anlayışa çatmaq üçün hökumət və xalqların səylərində nəzərə çarpan bir sürətlənmə vardır.”


Bəşəriyyətin Rifahı barədə bəyanat “Sülh və İnkişaf – əsrin ehtyacı” adlı müddəa ilə başlayır və qeyd edildiyi kimi,  riayət olunacağı təqdirdə, bəşəriyyətin rifahını təmin edəcək yeddi məsələ üzərində diqqəti cəmləyir. 
1.    İnsanlığın birliyi – “bəşəriyyətin rifahı”
2.    Ədalət – “Birliyin meydana çıxması”
3.    Məşvərət – anlayış bəxşişinin yetkinliyi”
4.    Bilik – “yer üzü xalqlarının faydası naminə əldə edilməlidir”
5.    İqtisadiyyat – “cəmiyyətin firavanlığına həsr edilməlidir.”
6.    səlahiyyət– “Bəşəriyyətin birliyinin özəyi”
7.    Təsisatlar – “insan potensialını bəsləmək üçün alətlər”

 

Bu kitabın hər bir bölməsində bir neçə paraqraf vardır. Bu kitabı icmanız, qonşuluğunuz, ailəniz hətta məktəb və universitetiniz üçün öyrənmə rəhbərliyi kimi istifadə etməkdə azadsınız. Buradakı tövsiyələrə nə qədər çox insan riayət edərsə, bizim cəmiyyətimiz o qədər sürətlə həqiqi xoşbəxtlik tapar. Cəhd edin, heç vaxt peşiman olmayacaqsınız!


Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili


1994 və 1995–ci illərdə BMT BA–nın 49-cu və 50-ci sesiyasında Heydər Əliyev Azərbaycan Respublikasının Nümayəndə Heyətinə Başçılıq Etmişdir
        
 

Sülh və İnkişaf – Əsrin Ehtyacı
1. ON İL ÖNCƏ təsəvvür belə edilməsi mümkün olmayan dünya sülhü ideyası indi konkret forma və real məzmun kəsb etməkdədir. Bəşərin bu istiqamətdəki yolunda duran və aradan götürülməsi mümkün olmayan kimi görünən maneələr dağılmışdır; barışmaz görünən münaqişələr məşvərət və danışıqlar prosesinə təslim olmağa başlamışdır; hərbi təcavüzə birləşmiş beynəlxalq səylərlə qarşı durmaq hazırlığı hər yerdə görünməkdədir. Bunun nəticəsi olaraq həm bəşər kütləsində, həm də bir çox dünya liderlərinin ürəyində planetimizin gözəl gələcəyi haqda hardasa sönmüş olan ümidlər yenidən canlanmışdır.
 
2. Bütün dünyada nəhəng intellektual və ruhani enerji reallaşmağa can atır, o enerji ki, onun toplanan təzyiqi son onilliklərin məyusluğu ilə birbaşa proporsiya təşkil edir. Yer üzü insanlarının heç bir ölkənin təminatının olmadığı münaqişələrə, iztirablara və dağıntılara son qoymaq üçün can atmalarının çoxalan nişanələri hər yerdə görünməkdədir. Dəyişiklik üçün bu artan impulslar yaxalanmalı və əsrlərlə xəyal edilən dünya sülhü arzusunun həyata keçməsində qalan maneələri aşmağa yönəldilməlidir. Belə bir vəzifənin həyata keçirilməsi üçün lazım olan iradə, cəmiyyəti bürüyən saysız-hesabsız bəlalar əleyhinə mübarizə aparmaq üçün edilən çağırışlarla meydana çıxa bilməz. Bu sözün tam mənasında bütün bəşərin rifahı baxışı ilə―artıq insanların əlində olan ruhani və maddi firavanlıq üçün yaranmış imkanların fərqində olmaqla canlandırıla bilər. Bundan, heç bir ayrıseçkilik olmadan, insanların həyatında və münasibətlərində bu cür yenidənqurmanın əsas hədəfləri ilə əlaqəsi olmayan şərtlər qoyulmadan bütün planetin sakinləri faydalanmalıdırlar.
 
3. Tarixdə indiyədək əsas etibarilə tayfaların, mədəniyyətlərin, millətlərin təcrübəsi yazılmışdır. Bu əsrdə planetin bu cür fiziki olaraq birləşməsi və onda yaşayan bütün insanların qarşılıqlı asılılığının etiraf edilməsi ilə, bəşəriyyətin bir xalq kimi tarixi indi başlayır. İnsan təbiətinin uzun zaman, yavaş gedən təkmilləşməsi indiyədək təsadüfi xarakterdə, qeyri-müntəzəm olmuş və etiraf edildiyi kimi, bunun verdiyi maddi sərvətlərin qeyri-bərabər bölünməsinə səbəb olmuşdur. İndi isə keçmiş əsrlərdə təkamül etmiş bütün genetik və mədəni müxtəlifliyin zənginliyindən istifadə edərək, planetin sakinləri şüurlu və sistematik olaraq, öz gələcəklərini qurmaq üçün məsuliyyəti öz üzərlərinə götürmək kimi bir çağırış qarşısındadırlar.
 
4. Sivilizasiyanın növbəti inkişaf mərhələsi barədə baxış indiki zamanda sosial və iqtisadi inkişafa aid yanaşmaların əsasında duran mövqe və təsəvvürlərə yenidən baxmadan doğru-düzgün ifadə edilə bilməz. Hər şeydən əvvəl bu cür yenidən mənalandırmanı, siyasəti, resursların istifadəsini, prosedur tərtibatını, metodologiyaların tətbiqini və təşkilat məsələlərini ehtiva etməlidir. Lakin bu proses irəli getdikcə, uzun vədəli məqsədlərin həyata keçirilməsinə, tələb olunan sosial strukturlara, sosial ədalət prinsiplərinin tətbiqinə, davamlı dəyişiklik yaradılması üçün biliyin təbiətinə və oynadığı rola aid fundamental məsələlər ortaya çıxacaqdır. Əslində, belə bir yeni yanaşma insanın təbiətinin özünə aid anlayışlarda razılıq və vəhdətin axtarılmasına yönəldiləcəkdir.


5. İstər nəzəri, istərsə də praktiki olsun, bu məsələlərin bilavasitə həlli ilə bağlı müzakirələr iki istiqamətdə açılır və biz də aşağıdakı səhifələrdə qlobal inkişaf strategiyasını məhz bu iki istiqamətdə araşdırmaq istərdik. Bunlardan birincisi inkişaf prosesinin təbiəti və məqsədi barədə üstünlük təşkil edən təsəvvürlərdir; ikincisi isə, bu prosesdə müxtəlif hərəkətverici qüvvələrə ayrılan roldur.


6. İndiki zamanda inkişafın planlaşdırımasını çox vaxt mahiyyətcə materialst fikirlər yönəldir. Yəni inkişafın məqsədi bütün cəmiyyətlərdə maddi rifaha nail olmaq üçün o vasitələrin müvəffəqiyyətlə yaradılması kimi müəyyən olunur ki, sınaq və səhv metodu ilə işləyərək artıq dünyanın bir sıra regionları onlara malik olmuşlar. Doğrudur, inkişaf haqqında gedən diskurslarda mədəniyyət və siyasi sistemlərdə olan fərqləri nəzərə almaqla və ətraf mühitin çirklənməsinin yaratdığı həyəcan təbilinə cavab verməklə modifikasiyalar edilir. Lakin bütün bunların arxasında duran materialist fikirlər hələ də toxunulmamış qalır.
 
7. XX əsrin sona yaxınlaşdığı bir zamanda, sosial və iqtisadi inkişafa həyatın materialist konsepsiyasına əsaslanan yanaşmanın bəşərin ehtiyaclarını ödəmək iqtidarında olmadığına artıq şübhə qalmır. Bunun yarada biləcəyi optimist proqnozlar, yer üzü sakinləri arasında sayı getdikcə məhdudlaşan azlığın son dərəcə zəngin yaşayış meyarları ilə planetin böyük əksəriyyətinin məruz qaldığı yoxsulluq arasında dərinləşən uçuruma düşərək yox olub getmişdir.
 
8. Bu misli görünməmiş iqtisadi böhran onun yaratdığı sosial problemlərlə birlikdə insanın təbiətinin özü haqda təsəvvürün kökündən yanlış olduğunu üzə çıxardı. Çünki bu günkü cəmiyyətin onun mövcud nizamının insanlara sırıdığı iddialar nəinki dünyanın real vəziyyətinə uyğun deyil, hətta, demək olar, ona ziddir. Bizə belə görünür ki, cəmiyyətin inkişafının arxasında sadəcə maddi şəraitin yaxşılaşdırılması hədəfindən daha yüksək bir məqsəd dayanmırsa, hətta bu hədəfin özünə belə nail olmaq mümkün deyil. Həmin bu yüksək məqsəd həyatın ruhani sferasında və belə bir motivlə axtarılmalıdır ki, davamlı olaraq dəyişən iqtisadi mənzərənin və süni olaraq ölkələri “inkişaf etmiş” və “inkişaf etməmiş” ölkələrə bölməyin fövqünə qalxsın.


9. İnkişaf barədə konsepsiyaya yenidən baxılarkən, bu prosesin iştirakçılarının oynadığı müvafiq rollar barədə təsəvvürlərə də yenidən baxmaq zəruri olacaq. İstənilən səviyyədə idarəedici strukturların mühüm rol oynamasını izah etməyə ehtiyac yoxdur. Lakin gələcək nəsillərə bu vəziyyəti başa düşmək çətin olacaq ki, bərabərlik ideyalarına və demokratik prinsiplərə bu qədər önəm verən bir epoxada, inkişaf planları tərtib edilərkən bəşəriyyətin əsas hissəsinə, sadəcə, yardım və təlimin faydasından bəhrələnən istifadəçilər kimi baxılıb.Hamılıqla iştirakın prinspial bir məsələ olmasının etiraf edilməsinə baxmayaraq, qərarçıxarmada cəmiyyətin çox hissəsinə təqdim edilən öz töhfəsini vermək imkanı ən yaxşı halda ikinci dərəcəli məsələlərlə məhdudlaşır, o məsələlər ki, insanların özlərinin real olaraq onlara əli çatmır və bunlar ayrı-ayrı qurumlar tərəfindən formalaşdırılmaqla çox vaxt da insanların gerçəklik haqqında təsəvvürləri ilə uyğun gəlmir.
 
10. Bu cür yanaşma, rəsmi din tərəfindən aşkar şəkildə olmasa da, ifadə olunmamış formada dəstəklənmişdir. İnsana həmişə himayəçiliklə yanaşan hakim dini düşüncənin, insanın təbiətinin ruhani cəhətinə ifadə olunmuş inamı bəşərin bütövlükdə maddi tələbatın fövqünə qalxmaq qabiliyyətinə inama çevirə bilmək iqtidarında olmaması üzə çıxır.


11. Belə bir yanaşma, çox güman, bizim zəmanədə ən mühüm sosial fenomen olan bir şeyin əhəmiyyətini nəzərdən qaçırır. Bu şübhəsizdir ki, dünya hökumətləri çalışırlar ki, Birləşmiş Millətlər vasitəsilə yeni dünya nizamı qursunlar, eyni dərəcədə də həqiqətdir ki, dünya xalqları da bu vəzifənin həyata keçirilməsindən kənarda qalmamışlar və eyni baxışla hərəkətə gəlmişlər. Onlar bu məsələyə yerli, milli və beynəlxalq səviyyələrdə dəyişiklik yaratmaq məqsədilə saysız-hesabsız hərəkat və təşkilatların qurulması ilə cavab vermişlər. İnsan haqları, qadınların inkişafı, cəmiyyətdə dayanıqlı iqtisadi inkişaf, təəssübkeşliklərin aşılması, uşaqların mənəvi tərbiyəsi, savadlanma (savadsızlığın aradan qaldırılması), ibtidai tibbi xidmət və bir sıra həyati məsələlər dünyanın hər bir yerində sayı getdikcə artan üzvlər tərəfindən dəstəklənən təşkilatların təxirəsalınmaz qayğısını tələb edir.


12. Dünya xalqlarının özlərinin bu dövrün təcili həllini tələb edən problemlərinə bu reaksiyası Həzrət Bəhaullahın yüz ildən də artıq bundan əvvəl qaldırdığı çağırışla səsləşir: “Yaşadığınız dövrün ehtiyaclarına can yandırın və fikirlərinizi onun qayğıları və ehtiyacları üzərində cəmləşdirin.” Sivilizasiya tarixində gözlənilmədən meydana çıxan son dərəcə kəskin bir transformasiyanın reallaşması, o zaman ki, sadə insan kütlələri özlərini dəyişmiş halda görəcəklər, planetimizin gələcəyinin qurulmasında bütün bəşəriyyətin vəhdət halında oynayacağı rol barədə çox fundamental suallar doğurur.
 
 

Birinci Bölmə
 

İnsanlığın Birliyi – Bəşəriyyətin Rifahı
13. DÜNYA ƏHALİSİNİ ÖZÜNÜN kollektiv taleyi barədə məsuliyyəti öz üzərinə götürməsinə aparan strategiyanın əsasında bəşərin birliyi barədə anlayış durmalıdır. Kütləvi mülahizələrdə aldadıcı şəkildə sadə görünən bir konsepsiya―bəşəriyyətin vahid bir xalq olması ideyası―müasir cəmiyyətin bir çox institutlarının öz funksiyalarını necə yerinə yetirmələrini fundamental olaraq sual altına qoyur. İstər dövlət idarəçiliyinin ziddiyyətli strukturu, istər mülki qanunların çoxunun əsasında duran müdafiə prinsipi, siniflər və ya digər sosial qruplar arasındakı mübarizənin alqışlanması və ya müasir həyatda hökm sürən rəqabət ruhu formasında olsun―konflikt, insanlar arasındakı qarşılıqlı fəaliyyətin bütün sahələrinin əsas hərəkətverici qüvvəsi kimi qəbul edilir. Konflikt, gerçəkliyin son iki əsr ərzində tədricən özünə yer tutmuş materialist izahının sosial quruluşda öz ifadəsini tapan daha bir nəticəsidir.


14. Bir əsr bundan əvvəl Kraliça Viktoriyaya ünvanladığı məktubda Həzrət Bəhaullah ümumdünya cəmiyyətinin təşkilinin yeganə yararlı modeli üçün analogiya olaraq insan bədənini misal gətirmişdi. Doğrudan da, mövcud həyat formaları arasında daha münasib bir model görmək mümkün deyil. İnsan cəmiyyəti sadəcə hüceyrələrin cəmindən deyil, ağlı və iradəsi olan şəxsiyyətlərdən ibarətdir; lakin insanın bioloji varlıq olaraq həyat fəaliyyətinin əsasında duran prinsiplər ümumiyyətlə, mövcudatın təməl prinsiplərini əks etdirir. Bu prinsiplər arasında ən əsaslarından biri müxtəliflikdə birlikdir. Nə qədər təzadlı olsa da, məhz insan orqanizminin bütövlüyü, mürəkkəbliyi və bunda bədən hüceyrələrinin mükəmməl şəkildə öz ifadəsini tapan birliyidir ki, bu, onu təşkil edən hər bir orqanın özünəməxsus funksiyasını tam yerinə yetirməsinə imkan verir. Heç bir hüceyrə bədəndən kənar yaşamır―nə öz funksiyası ilə ümumi orqanizmə öz töhfəsini verərəkən, nə də bütöv bədənin ümumi sağlamlığından öz payını alarkən. Bu yolla əldə edilmiş fiziki sağlamlıq insanın şüurunun öz ifadəsini tapması üçün şərait yaratmaqla bir məna kəsb edir; yəni, bioloji inkişafın məqsədi sadəcə bədənin və onun üzvlərinin yaşamasından daha üstün bir şeydir.


15. Fərdin həyatının əsasında duran bu prinsipin insan cəmiyyətində də öz paraleli vardır. İnsan nəsli üzvi olaraq bütövdür və təkamül prosesinin önündə gedir. Ümumiyyətlə, insan şüurunun nailiyyətləri mütləq olaraq ayrı-ayrı fərdlərin ağlı və motivasiyalarının son dərəcə müxtəlif olması ilə mümkündür və bu fakt, qətiyyən onun mahiyyətcə birliyinə zidd deyil. Həqiqətən də, birliyə xas olan məhz bu müxtəlifliklə o, yeknəsəklik və eynilikdən fərqlənir. Həzrət Bəhaullahın sözlərinə görə, dünya xalqları bu gün yetkinlik yaşına qədəm qoyur və məhz insan nəslinin bu yetkinliyi imkan verəcək ki, müxtəliflikdə birlik prinsipi özünün tam ifadəsini tapsın. Cəmiyyətin yaranması prosesi ailə həyatının yaranmasından başlayaraq ardıcıl olaraq ailə və tayfanın sadə quruluşundan, şəhər cəmiyyətinin müxtəlif formalarından keçərək sonda milli dövlətə qədər yüksəlmişdir və bu mərhələlərin hər biri insanın qabiliyyətlərinin gerçəkləşməsi üçün yeni imkanlar açmışdır.
 
16. Əlbəttə, insan nəslinin bütövlükdə inkişafı ayrılıqda fərdlərin inkişafının ziyanına olaraq baş verməmişdir. Cəmiyyətin quruluşu təkmilləşdikcə, hər bir fərddə gizli olan qabiliyyətlərin ifadə edilməsi üçün meydan da buna uyğun olaraq, genişlənmişdir. Çünki fərdlə cəmiyyət arasındakı münasibətlər qarşılıqlıdır və indi tələb olunan transformasiya eyni zamanda həm insanın şüurunda, həm də cəmiyyətin institutlarında baş verməlidir. Qlobal inkişaf strategiyası öz məqsədlərini məhz bu ikili dəyişmə prosesinin təqdim etdiyi imkanlarda tapmalıdır. Tarixin bu həlledici mərhələsində, bu məqsəd məhz üzərində planetar sivilizasiyanın tədricən formalaşacağı o möhkəm fundamentin qoyulmasından ibarət olmalıdır.
 
17. Ümumdünya sivilizasiyasının təməlinin qoyulması həm xarakterinə, həm də səlahiyyətinə görə qlobal olan qanunların və institutuların yaradılmasını tələb edir. Bunun üçün səylər yalnız o zaman qoyulmağa başlayar ki, onda bəşərin birliyi konsepsiyası qərarçıxarma səlahiyyəti əllərində olan kəslər tərəfindən həqiqi mənada və səmimiyyətlə qəbul edilsin və müvafiq prinsiplər həm təhsil sistemi vasitəsilə, həm də kütləvi informasiya sistemi ilə təbliğ olunsun. Bu ilkin addım atıldıqdan sonra, bu istiqamətdə gedən prosesin yeni mərhələsi başlanacaq ki, dünya xalqları ümumi məqsədlər qoymaq və bu məqsədlərə nail olmaq üçün öhdəliklər götürmək kimi bir vəzifəni öz üzərlərinə götürəcəklər. Bu cür köklü orientasiya dəyişikliyi bu xalqları əsrlərdən gələn etnik və dini ədavət iblisindən də qorumuş olacaqdır. Planetin sakinlərində onların vahid bir xalq olması barədə yenicə yaranmaqda olan anlayış onlara kömək edəcək ki, keçmişdə cəmiyyətin həyatında hökm sürmüş münaqişələr modelindən uzaqlaşsınlar və əməkdaşlıq və barış yollarını öyrənməyə başlasınlar. “Bəşəriyyətin rifahına”, Həzrət Bəhaullah yazır, “əmin-amanlığına və təhlükəsizliyinə onun birliyi möhkəm bərqərar olmayınca, nail olmaq mümkün deyil”.
 
 

İkinci Bölmə


Ədalət – Birliyin Meydana Çıxması
18. ƏDALƏT―BƏŞƏRİYYƏTİN BİRLİYİ barədə doğulmaqda olan anlayışı, qlobal, ümumdünya cəmiyyətinin zəruri strukturlarının inam və müvəffəqiyyətlə qurulmasına yönələn kollektiv iradəyə çevirən bir gücdür. Dünya insanlarının getdikcə artan sayının istənilən informasiyaya və hər cür ideyalara əlinin çatdığı bir zamanda, etibarlı və müvəffəqiyyətli bir sosial quruluşun yaradılmasını təmin edən aparıcı prinsip kimi ədalət özünü təsdiq edəcəkdir. Planet miqyaslı bir inkişafa yönəlik planlara, getdikcə daha çox ədalətin tələb etdiyi meyarların açıq və obyektiv işığında baxılacaqdır.
 
19. Fərdi səviyyədə ədalət insan qəlbinin bir qabiliyyəti olub hər bir insanı doğrunu yalandan ayırmağa qabil edir. Həzrət Bəhaullah təsdiq edir ki, Allahın nəzərində “ən çox sevilən şey” ədalətdir, çünki o, imkan verir ki, hər bir insan hər şeyi öz gözü ilə görsün, başqasının gözü ilə deyil, dünyanı öz ağlı ilə qavrasın, ətrafındakı insanın və ya məxsus olduğu qrupun ağlı ilə deyil. Ədalət insanlardan mühakimələrində insaflı, bir-birilə münasibətlərdə qərəzsiz olmağı tələb edir və buna görə də gündəlik həyatlarında onların daimi, həm də zəruri və tələbkar müşayiətçisi olmalıdır.


20. Kollektiv səviyyədə isə ədalət kollektiv qərarçıxarmada zəruri olan bir kompasdır, çünki bu yeganə vasitədir ki, onunla fikir və əməl birliyinə nail olmaq olar. Keçmiş əsrlərdə ədalət adı altında edilən cəzalandırıcı ruhdan uzaq olmaqla ədalət, insanlığın tərəqqisinə nail olunmasında fərdin maraqlarının cəmiyyətin maraqları ilə ayrılmaz şəkildə bağlı olması barədə anlayışın praktiki ifadəsidir. İnsanlar arasındakı qarşılıqlı fəaliyyətlərdə ədalət nə dərəcədə aparıcı qayğı olursa, o dərəcədə də məşvərət mühiti yaradılmış olur ki, burada fikirlər qərəzsiz nəzərdən keçirilir və müvafiq hərəkət istiqamətləri seçilmiş olur. Belə bir mühitdə, manipulyasiya və tərəfkeşliyə aparan və illərlə kökü olan meyllərin qərarçıxarma prosesini düzgün istiqamətindən döndərmək imkanı demək olar ki, yoxdur.
 
21. Ədalətin sosial və iqtisadi inkişaf üçün mənaları və tətbiqi çox dərin və hərtərəflidir. Ədalət qayğısı sosial inkişaf planlarını tərtib edərkən bəşərin çox hissəsinin, hətta planetin özünün belə rifahını texnoloji tərəqqinin imtiyazlı azlıqlara verdiyi mənfəətə qurban verməkdən qoruyur. Planlaşdırma və layihələşdirmə işlərində, bu prinsip təmin edir ki, məhdud resurslar cəmiyyətin birinci dərəcəli sosial və iqtisadi ehtiyaclarına yad olan layihələrə yönəldilməsin. Hər şeydən daha əvvəl isə, ancaq, doğrudan da, insanların ehtiyaclarını qarşılayan, məqsədinə görə ədalətli və obyektiv olan inkişaf proqramları onların icrasının asılı olduğu insan kütlələrinin öhdəlik və dəstəyinə ümid edə bilər. Dürüstlük, zəhmətsevərlik, əməkdaşlıq ruhu kimi müvafiq insani keyfiyyətlər cəmiyyətin hər bir üzvünün, hər bir sosial qrupunun hamıya bərabər şəkildə tətbiq olunan meyarlar və verilən faydalarda əmin olduğu təqdirdə ən çətin məqsədlərə nail olunmasında daha da parlaqlığı ilə üzə çıxır.


22. Ona görə də sosial və iqtisadi inkişaf strategiyası üzrə müzakirələrin mərkəzində insan haqları məsələsi durur. Belə bir strategiyanın formalaşdırılması insan haqlarının müdafiəsini o qədər uzun zaman girov saxlayan saxta dixotomiyaların caynağından azad edilməsini tələb edir. Hər bir insanın fərdi inkişafına kömək edən fikir və hərəkət azadlığı barədə qayğı bu günkü cəmiyyətin bir çox sahələrini bürümüş individualizm kultuna bu dərəcədə bağlılığa haqq qazandırmır. Nə də ki, cəmiyyətin bütövlükdə rifahının təmin edilməsi barədə qayğı bəşəriyyətin rifahı üçün dövlətə bir mənbə kimi pərəstiş edilməsini tələb edir. Tamamilə əksinə, XX əsrin tarixi hər şeyi aydın göstərir ki, bu cür ideologiyalar və bundan doğan proqramlar əslində onların xidmət etmək iddialarında olduqları insanların maraqlarının əsas düşmənləridir. Yalnız bəşərin üzvi birliyi barədə anlayışın mümkün etdiyi məşvərət sistemində insan haqları məsələsi bütün tərəfləri ilə özünün əsaslandırılmış və yaradıcı həllini tapa bilər.


23. Bu gün üzərinə belə bir sistemin yaradılması və insan haqları müdafiəsinin özünün manipulyasiyadan qorunması vəzifəsi qoyulmuş qurum iki dağıdıcı dünya müharibəsinin faciəsindən doğan və ümumdünya istisadi böhranından təcrübələr qazanmış beynəlxalq institutlar sistemidir. Diqqətəlayiq cəhət budur ki, “insan haqları” istilahının özü ancaq 1945-ci ildə Birləşmiş Millətlərin Nizamnaməsi elan olunandan və üç il sonra İnsan Haqları üzrə Ümumdünya Bəyannaməsinin qəbul edilməsindən sonra geniş istifadə edilməyə başlamışdır. Bu tarixi sənədlərdə sosial ədalət prinsipinə hörmət edilməsi dünya sülhü qurmaq üçün zəruri şərt kimi rəsmi olaraq etiraf edilmişdir. Bəyannamənin Baş Assambleyada bir səs belə əleyhinə olmadan keçməsi faktı bu sənədə lap əvvəldən sonrakı illərdə böyüyən bir əhəmiyyət və nüfuz qazandırmışdır.


24. İnsanın təbiətinin fərqləndirici cəhəti olan şüurla sıx bağlı olan fəaliyyət fərdin, gerçəkliyi müstəqil surətdə araşdırmasıdır. Həyatın məqsədini araşdırmaq azadlığının və bu məqsədə nail olmağa imkan verən insan təbiətinə xas qabiliyyətlərin inkişaf etdirilməsinin özünün müdafiə olunmağa ehtiyacı vardır. İnsanların bilgi azadlığına malik olma haqqı olmalıdır. Hərçənd bu haqq çox vaxt tapdalanır və bu tapdalanmanı müasir cəmiyyətin quruluş xüsusiyyətləri kobud sürətdə təşviq edir, lakin bu fakt impulsun özünün qanuni və ya doğru olmasını heç bir dərəcədə azaltmır.
 
25. İnsan şüurunun məhz bu fərqləndirici impulsudur ki, Ümumdünya Bəyannaməsində və müvafiq Müqavilələrdə təsbit edilmiş bir çox hüququların bəyan edilməsi üçün mənəvi əsası təşkil edir. Ümumi təhsil, hərəkət azadlığı, informasiya almaq, siyasi həyatda iştirak etmək imkanı―bütün bunlar Bəyannamənin beynəlxalq ictimaiyyət tərəfindən aydın və birmənalı təminat tələb edən sahələridir. Eyni şey dini azadlıq da daxil olmaqla, vicdan və fikir azadlığında, müəyyən fikrə sahib olmaq və bunu azad şəkildə ifadə etmək azadlığında da keçərlidir.


26. Bəşəriyyət bir bütöv olaraq vahid və bölünməz olduğundan, insan nəslinin hər bir üzvü bu dünyaya doğularkən bütün bəşər onun üçün məsuliyyət daşıyır. Bu məsuliyyət və ya qəyyumluq Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş digər haqların əksəriyyəti üçün, başlıca olaraq, iqtisadi və sosial haqlar üçün mənəvi təməldir. Evin və ailənin toxunulmazlığı, mülkiyyət hüququ, şəxsi həyata müdaxilə olunmaması hər bir kəsin haqqıdır və bu cür məsuliyyət və qəyyumluğa daxildir. Cəmiyyət tərəfindən icra olunmalı olan öhdəliklər işlə təmin olunma, əqli və fiziki sağlamlığın qorunması, sosial müdafiə, ədalətli əmək haqqı, istirahət və dincəlməni və cəmiyyətin fərdi üzvləri tərəfindən bir çox digər təbii gözləntiləri əhatə edir.


27. Bu kollektiv qəyyumluq prinsipi hər bir kəsə bunda da arxayın olmaq imkanı verir ki, onun şəxsiyyətinin inkişafı üçün mühüm olan mədəni mühitin qorunub saxlanması milli və beynəlxalq qanunlar tərəfindən təmin edilir. Bəşəriyyətin bioloji həyatında və onun ətraf mühitində genofondun oynadığı rola oxşar olaraq, min illər ərzində əldə edilmiş mədəni müxtəliflik kimi bir zənginlik də yetkinlik yaşına qədəm qoyan bəşəriyyətin sosial-iqtisadi inkişaf üçün son dərəcə zəruridir. Bu elə bir irsdir ki, öz meyvəsini ümumdünya sivilizasiyasında verməsi üçün ona imkan verilməlidir. Bir tərəfdən mədəniyyət indiki zamanda hökmranlıq edən istehlakçı materilalizmin boğucu təsirindən qorunmalıdır. Digər tərəfdən isə, mədəniyyətlərin daim dəyişən sivilizasiyanın hər bir mərhələsində, siyasi manipulyasiyalara alət edilmədən bir-birilə ünsiyyətdə ola bilməsi üçün imkan yaradılmalıdır.


28. “Ədalət”, Həzrət Bəhaullah buyurur, “insanlar üçün işıqdır”. “Onu zülm və istibdadın müxalif küləkləri ilə söndürməyin. Ədalətin məqsədi insanlar arasında birliyin yaranmasıdır. Bu uca sözün içində İlahi hikmət dəryası dalğalanır, o zaman ki, onun batini mənası dünyanın kitablarına sığmaz”.
 
 

Üçüncü Bölmə


Məşvərət – Anlayış Bəxşişinin Yetkinliyi
29. İNDİ BEYNƏLXALQ İCTİMAİYYƏT tərəfindən işlənib hazırlanma prosesində olan insan haqları meyarlarının irəlilədilməsi və aparıcı beynəlxalq norma kimi bərqərar ola bilməsi üçün ümumilikdə insanlararası münasibətlərə yenidən baxılmalıdır. Münasibətlərdə bu gün təbii və uyğun görünən anlayışlar bütün müstəvilərdə―insanların öz aralarında, insanla təbiət arasında, fərdlə cəmiyyət arasında, şəxsiyyətlə cəmiyyətin institutları arasında―insan nəslinin erkən və həm də hələ yetkinləşməmiş inkişaf dövrünə aid anlayışları əks etdirir. Əgər insanlıq, doğrudan da, yetkinlik dövrünə qədəm qoyursa, əgər planetin bütün insanları bir xalqdırsa, əgər ədalət cəmiyyətin idarəedici prinsipi olmalıdırsa, onda yaranmaqda olan bu yeni həqiqətlərdən agah olmamaqdan doğan mövcud təsəvvürlərə yenidən baxılmalıdır.
 
30. Bu istiqamətdə hərəkat yenicə başlayır. İrəlilədikcə bu hərəkat ailənin mahiyyəti, onun hər bir üzvünün hüquq və məsuliyyətləri barədə yeni anlayışlara gətirəcəkdir. Bu hərəkat qadının cəmiyyətin bütün səviyyələrində rolunu tamamilə dəyişəcəkdir. Bunun insanların gördükləri işə münasibətində, iqtisadiyyatın onların həyatında oynadığı rol barədə anlayışında dəyişiklik yaratmaq effekti çox köklü olacaqdır. Bu, cəmiyyətin idarə olunmasında dəyişikliklərə və bunun həyata keçirilməsi üçün yaradılmış institutlarda dəyişikliklərə gətirəcəkdir. Bunun təsiri ilə cəmiyyətdə sürətlə artan qeyri-hökumət təşkilatlarının işi getdikcə daha da səmərəli olacaqdır. O həm ətraf mühitin mühafizəsi, həm də bütün xalqların inkişaf üzrə maraqlarını müdafiə edən qanunların qəbul edilməsinə əsaslı töhfə verəcəkdir. Son nəticədə bu hərəkatın artıq meydana çıxardığı Birləşmiş Millətlər Təşkilatı sisteminin yenidən qurulması və ya transformasiyası öz qanunvericilik, məhkəmə və icra orqanları olan dünya federasiyasının yaradılmasına gətirib çıxaracaqdır.


31. İnsanlar arasındakı münasibətlər sisteminə yenidən baxılmasında əsas məsələ Həzrət Bəhaullahın göstərdiyi məşvərət prosesidir. “Hər bir işdə məşvərət etmək vacibdir”, O, buyurur. “Anlamaq qabiliyyətinin yetkinliyi məşvərət vasitəsilə aşkara çıxır” 


32. Bu prosesin tələb etdiyi həqiqəti tapmaq meyarı bu gün cəmiyyətdəki müzakirələri xarakterizə edən razılaşdırma və güzəşt modelindən çox-çox uzaqdır. Doğrudan da, bu meyarla hərəkət etmək mümkün deyil, buna nail olunmasına bu günkü cəmiyyətin daha bir səciyyəvi cəhəti olan müxaliflik mədəniyyəti mane olur. Mübahisə, təbliğat, rəqabət metodu, kollektiv fəaliyyətin uzun zamandan bəri tanış xüsusiyyətləri olan bütün tərəfkeşlik aparatı―bütün bunların hamısı fundamental olaraq onun məqsədinə nail olunmasına mane olur: bu məqsəd isə ondan ibarətdir ki, verilən vəziyyətin həqiqəti barədə ümumi fikrə gəlmək və istənilən anda açılan imkanlar arasında ən hikmətli seçimi etmək.


33. Həzrət Bəhaullah elə bir məşvərət prosesinə dəvət edir ki, orada iştirak edən fərd, ümumi marağı və məqsədi olan bədənin bir orqanı kimi fəaliyyət göstərə bilmək üçün öz fikrinin üzərində israr etmir. Açıqlıq və nəzakətlə xarakterizə olunan belə bir atmosferdə müzakirə zamanı hər hansı bir fərdin ağlına gələn fikir həmin fərdə məxsus deyil, bütövlükdə məşvərət edən qrupa məxsusdur ki, qrup da onu qəbul edə, ondan imtina edə və ya məqsədə daha yaxşı xidmət edə bilməsi üçün onu dəyişə bilər. Məşvərətin müvəfəqiyyəti ondan asılıdır ki, iştirakçılar, müzakirəyə başladıqları fikirdən asılı olmayaraq, qəbul etdikləri qərarı nə dərəcədə dəstəkləyirlər. Bu halda, əgər təcrübə hansısa bir çatışmazlığı üzə çıxararsa, ilkin qərara həvəslə yenidən baxıla bilər.


34. Bu işıqda baxıldıqda, məşvərət insanların fəaliyyətində ədalətin praktiki təcəssümüdür. Kollektiv fəaliyyətin müvəffəqiyyəti üçün bu o qədər vacibdir ki, o, sosial və iqtisadi inkişaf üzrə səmərəli strategiyanın əsas xüsusiyyəti olmalıdır. Doğrudan da, o insanlar ki, belə bir strategiyanın uğuru məhz onların öhdəliklərindən və səylərindən asılıdır, onların iştirakı yalnız o halda səmərəli olur ki, məşvərət hər bir layihənin təşkilatlandırıcı prinsipi olur. “Heç bir insan öz ədalət mülahizəsindən başqa heç nə ilə öz həqiqi məqamına çata bilməz. Məşvərət olmadan nə rifah, nə firavanlıq əldə edilər”.
 
 

Dördüncü Bölmə


Bilik – Yer Üzü Xalqlarının Faydası Naminə Əldə Edilməlidir
35. ÜMUMDÜNYA CƏMİYYƏTİNİN YARADILMASI prosesinin meydana çıxardığı vəzifələr elə bir səviyyədə qabiliyyət tələb edir ki, insan nəsli indiyə qədər belə bir qabiliyyətin şahidi olmamışdır. Bu səviyyələrə çatmaq üçün həm fərdlərin, həm də sosial qrupların biliyə əl çatma imkanlarının qeyri-adi dərəcədə genişlənməsi tələb olunacaq. Universal təhsil bu cür qabiliyyət yaratma prosesinə əvəzedilməz töhfə verəcəkdir, lakin bu, o halda uğurlu olacaq ki, cəmiyyətin işləri elə bir şəkildə yenidən təşkil olunsun ki, cəmiyyətin hər bir sahəsində həm fərdləri, həm də sosial qrupları bilik əldə etməyə və bu biliyi bütün bəşərin rifahı naminə öz fəaliyyətlərində və cəmiyyətdəki münasibətlərin formalaşdırılması üçün istifadə etməyə qabil etsin.
 
36. Bütün tarix boyu insanın düşüncəsini iki əsas bilik sistemi müəyyən edib, bunların vasitəsilə onun potensialı tədricən açılıb və bu sistemlər elm və dindir. Bu iki hərəkətverici sistem vasitəsilə insan nəslinin əməli fəaliyyəti təşkil olunub, ətraf dünyası bunlarla izah edilib, insanın gizli potensialı araşdırılıb, onun mənəvi və intellektual həyatı nizama salınıb. Sivilizasiyanın kökündə, həqiqətən də, elm və din dayanır. Bundan əlavə, dönüb geriyə baxdıqda, bu aydın görünür ki, bu ikili sistem o zaman daha böyük səmərə vermişdir ki, onda onların hər biri öz sferasında öz funksiyasını yerinə yetirərək bir-birilə razılıq içində işləmişlər.
 
37. Elmə münasibətdə hazırda olan hörmət şəraitində onun rolunu şərh etməyə ehtiyac yoxdur. Lakin sosial və iqtisadi inkişaf strategiyası kontekstində həll edilməli məsələ elmi və texnoloji fəaliyyətin necə təşkil olunmasıdır. Əgər bu məsələnin həllində elmin məhdud sayda ölkələrdə kiçik bir qrupun imtiyazı olmaqla elitar qapalılığı aradan qaldırılmazsa, bu aydındır ki, yoxsullarla zənginlər arasında belə bir vəziyyətin yaratdığı dərin uçurum daha da dərinləşməkdə davam edəcək və əlamətləri artıq dünya iqtisadiyyatında müşahidə edilməkdə olan fəlakətli nəticələrə gətirəcək. Doğrudan da, əgər bəşərin əksər hissəsinə yenə də elmin və texnologiyanın onların iştirakı olmadan yaratdığı məhsulların istifadəçisi kimi baxılmaqda davam edərlərsə, onda, guya ki bəşərin ehtiyaclarını ödəmək üçün tərtib olunan proqramları “inkişaf” termini ilə ifadə etmək düzgün olmaz.


38. Ona görə də indi əsas və qeyri-adi dərəcədə çətin məsələ elmi və texnoloji fəaliyyətin genişlənməsi və buna daha geniş kütlələrin cəlb olunmasıdır. Sosial və iqtisadi dəyişikliyin bu cür qüdrətli alətləri cəmiyyətin ancaq imtiyazlı seqmentinin mülkiyyəti olmaqdan çıxmalı və elə təşkil olunmalıdır ki, hər yerdə insanların öz qabiliyyətləri çərçivəsində bu fəaliyyətdə iştirak etmək imkanları olsun. Tələb olunan təhsilə ondan faydalana bilən hər kəsin əlinin çatmasına imkan yaradan proqramların tərtib olunmasından başqa, belə bir yenidənqurma bütün dünya üzrə işlək öyrənmə mərkəzlərinin qurulmasını tələb edəcək, o təsisatlar ki, biliyin yaradılmasında və tətbiqində iştirak etmək üçün dünya xalqlarının qabiliyyətlərini yüksəldəcək. Fərdi potensialın çox geniş müxtəlifliyini etiraf edərək inkişaf strategiyasının əsas hədəfi bu vəzifə olmalıdır ki, yer kürəsinin bütün sakinləri üçün onların anadagəlmə haqları olan elmi və texnologi proseslərdə bərabər əsasda iştirak etmək imkanı yaratsın. Mövcud status kvo vəziyyətini qoruyub saxlamaq üçün gətirilən köhnə bəhanələr günbəgün daha da gücünü itirir, çünki rabitə texnologiyaları sahəsində baş vermiş inqilabi tərəqqi, harada yaşamalarından və hansı mədəniyyətdən gəlmələrindən asılı olmayaraq, planetin hər yerində geniş insan kütlələrinə informasiya əldə etmə və təhsil alma imkanı verir.
 
39. Bəşəriyyətin qarşısında dini həyatla bağlı duran vəzifələr xarakterinə görə elmi vəzifələrdən fərqli olsa da, eyni dərəcədə ağırdır. Dünya əhalisinin böyük əksəriyyəti üçün insanın təbiətində ruhani cəhətin olması fikri―əslində isə insanın mahiyyətcə ruhani varlıq olması―dəlil-sübut tələb etməyən bir həqiqətdir. Bu, gerçəkliyin elə bir qavrayış formasıdır ki, sivilizasiyanın ən qədim dövrlərində belə özünün ifadəsini tapmışdır və bir neçə minilliklər ərzində keçmişin hər bir böyük dini sistemi ilə inkişaf etdirilmişdir. Onun hüquqda, incəsənətdə və ictimai münasibətlərdə nail olduğu böyük nailiyyətlər tarixə məna və məzmun verən amillərdir. Bu və ya digər şəkildə din planetin əksər insanlarının həyatına hər gün təsir edir və dünyada bu gün baş verən hadisələr parlaqlıqla göstərir ki, onun oyatdığı arzular sönməz və son dərəcə güclüdür.


40. Ona görə də, aydındır ki, bəşəriyyətin tərəqqisinə yönəlmiş bütün səylər mütləq o qədər universal və son dərəcə yaradıcı olan qabiliyyətləri istifadə etməlidir. Elə isə nə üçün bəşərin üzləşdiyi ruhani məsələlər inkişaf haqqında müzakirələrin əsas mövzusu deyil? Nə üçün beynəlxalq inkişaf üzrə gündəlikdə prioritet vəzifələrin çoxu, özü də ən vacib olanları, indiyə kimi planetin əhalisinin ancaq cüzi bir hissəsinin razılaşdığı materialsit dünya görüşü ilə müəyyən olunmuşdur? İnkişaf prosesində “hamılıqla iştirak prinsipinə münasibətdə vəd edilmiş sadiqliyə” nə dərəcədə inanmaq olar, əgər iştirakçıların məyyənedici mədəni təcrübəsinin əhəmiyyəti danılırsa?
 
41. Belə bir etiraz ola bilər ki, ruhani və mənəvi məsələlər bir-birilə rəqabətdə olan və doğruluğunun isbat olunması mümkün olmayan teoloji ehkamlarla tarixən sıx bağlı olduğundan, bu məsələlər beynəlxalq ictimaiyyətin inkişaf barədə qayğılarının çərçivəsindən kənarda qalır. Bu müzakirələrdə onlara əhəmiyyətli bir rol ayırmaq elə həmin ehkamçı təsirlərə yol açmaq olardı ki, həmişə sosial konfliktlərin mənbəyi olmuş və insanlığın tərəqqisi qarşısında maneəyə çevrilmişdir. Bu mühakimədə, doğrudan da, bir qədər həqiqət vardır. Dünyanın müxtəlif ilahiyyatçı sistemlərinin nümayəndələri təkcə tərəqqipərvər mütəfəkkirlərin arasında dinin bədnam vəziyyətə düşməsinə görə deyil, həm də ruhani mövcudluq barədə insanların mülahizələrində olan geriliyə və təhriflərə görə də ağır məsuliyyət daşıyırlar. Lakin gerçəkliyi araşdırmaqdan geri durmaq və insan motivasiyasının ən dərin köklərinə etinasız qalmaqla məsələnin həll olacağı qənaətinə gəlmək açıq-aşkar yanlış olardı. Belə bir yanaşmanın son zamanlar çox geniş yayılmış yeganə nəticəsi bu olmuşdur ki, bütün bəşəriyyətin gələcək inkişafı yeni ehkamçıların əlinə keçmişdir, o kəslər ki, onların fikrincə, həqiqətin mənəviyyatla heç bir əlaqəsi yoxdur və faktlar dəyərlərdən asılı deyil.


42. Mövzu bu dünya həyatı olduğundan, dinin nail olduğu ən böyük nailiyyətlərin çoxu xarakterinə görə mənəvi olmuşdur. Dinin təlimləri və bu təlimlərlə işıqlanmış insanların həyatı vasitəsilə bütün nəsil və ölkələrdən olan insan kütlələri sevmək qabiliyyətini inkişaf etdirmişlər. Onlar təbiətlərindəki heyvani tərəfi tərbiyə etməyi, insanların xeyrinə böyük fədakarlıqlara getməyi, bağışlama, səxavətlilik və etibarlılığı, sərvət və digər resursları silizasiyanın irəliləməsinə xidmət edən yollarla istifadə etməyi öyrənmişlır.Sonra isə təsisat sistemləri qurulmuşdur ki, bu mənəvi nailiyyətləri daha geniş miqyasda sosial həyat normalarına çevirməyə kömək etsin. Həzrət Krişna, Həzrət Musa, Həzrət Zərdüşt, Həzrət İsa və Həzrət Məhəmməd kimi uca şəxsiyyətlər tərəfindən hərəkətə gətirilmiş ruhani impulslar, nə qədər də ehkamçı əlavələrlə qarşısı alınsa və sekta münaqişələri ilə təhrif olunsa da, insan xarakterinin kamilləşməsində əsas təsirə malik amillər olmuşdur.
 
43. Çünki hazırda vəzifə daha geniş miqyasda biliyə əlinin yetməsilə ilə bəşəriyyətin potensialının tamlığı ilə açılması olduğundan, buna nail olmağa imkan verən strategiya elmlə din arasında dialoqun davam etməsi və daha da intensivləşdirilməsi üzərində qurulmalıdır. Bu sadə bir həqiqətdir və ya ən azından indi belə olmalıdır ki, insan fəaliyyətinin hər bir sahəsində və hər bir səviyyədə, elmi nailiyyətlərin ifadəsi olan anlayışlar və qabiliyyətlər daha düzgün istifadə olunması üçün ruhani öhdəlik və mənəvi prinsipə əsaslanmalıdır. Məsələn, insanlar faktı fərziyyədən ayırmağı, doğrudan da, subyektiv fikirlə obyektiv gerçəkliyi fərqləndirməyi bilməlidirlər; lakin bu səviyyədə təchiz olunmuş fərdlərin və institutuların bəşərin tərəqqisinə töhfə vermə miqyası onların həqiqətə nə dərəcədə sadiq olmaları, öz maraq və nəfslərinin təhriklərindən ayrılmaqları ilə müəyyən olunacaqdır. Elmin bütün insanlarda yetişdirməli olduğu digər bir qabiliyyət, tarixi prosesin özü də daxil olmaqla, insanların prosesəxas perspektiv tərzində düşünə bilmə bacarığıdır; bununla belə, bu intellektuallığın son nəticədə inkişafa töhfə verə bilməsi üçün onun qarşısı irqi, mədəni, cinsi və ya təriqətçi etiqad təəssübkeşlikləri ilə tutulmamalıdır. Eynilə də, yer üzü insanlarına maddi dəyərlərin yaradılmasında iştirak etmək imkanı verən təlim ancaq o halda inkişafın məqsədlərinə tam fayda verər ki, belə bir iştirak, bəşəriyyətə xidmətin həm fərdin həyatının, həm də sosial institutların məqsədi olması anlayışı ilə işıqlansın.


Beşinci Bölmə


İqtisadiyyat – Cəmiyyətin Firavanlığına Həsr Edilməlidir
44. Bəşəriyyətin qarşısında duran iqtisadi problemlərin həll yolları, məhz biliyin bütün səviyyələrdə yayılması ilə insanın qabiliyyətinin inkişaf etdirilməsi kontekstində axtarılmalıdır. Son onilliklərin təcrübələrinin göstərdiyi kimi, maddi fayda və istəklər öz-özlüyündə son məqsəd ola bilməz. Onların dəyəri yalnız insanların ev, qida, səhiyyə və s kimi ilkin ehtiyaclarını təmin etməkdə deyil, həm də insanın qabiliyyətlərinin sərhədlərini genişləndirməkdədir. Ona görə də, iqtisadi səylərin inkişafda oynamalı olduğu ən mühüm rol, insanları və institutları inkişafın əsl məqsədinə çatmaq üçün vasitələrlə təchiz etməkdir, inkişafın məqsədi isə məhz insan şüurunda gizli qalan qeyri-məhdud imkanları açacaq və yetişdirəcək yeni bir sosial nizamın əsasını qoymaqdan ibarətdir.
 
45. İqtisadi düşüncənin qarşısında duran çətinlik inkişafın məqsədini və buna nail olmaq üçün vasitələrin yaradılmasında onun özünün oynadığı rolu birmənalı olaraq qəbul etməkdir. Ancaq bu yolla iqtisadiyyat və ona yaxın elm sahələri onlara mane olan materialsitik düşüncənin gizli əngəllərindən özlərini azad edə və sözün tam mənasında bəşərin rifahına nail olmaq üçün zəruru olan alət olaraq öz təyinatlarını yerinə yetirə bilər. Başqa heç bir sahədə elmi yanaşma ilə dini anlayış arasında ciddi və sıx dialoqa olan ehtiyac bu qədər qabarıq görünmür.
 
46. Bu mənada yoxsulluq burada birbaşa aidiyyatı olan bir məsələdir. Bu problemin həll olunmasına yönələn təkliflər belə bir inama əsaslanır ki, bunun üçün maddi vəsaitlər vardır və yaxud da elmi və texnoloji səylərlə yaradıla bilər ki, bunların köməyilə əsrlərlə insan həyatının dəyişməz xüsusiyyəti hesab edilən bu problem, nəhayət ki, həll edilə bilər. Bu məsələnin indiyə kimi yüngülləşməməsinin əsas səbəbi budur ki, elmi-texniki tərəqqi indiyə kimi bəşəriyyətin həqiqi maraqlarına ancaq dolayı yolla aidiyyatı olmaqla prioritetləşdirilmiş məsələlərin həllinə xidmət etmişdir. Əgər dünya, nəhayət ki, yoxsulluq yükündən azad olmalıdırsa, onda bu məqsəd, prioritetlərin radikal şəkildə yenidən tərtib edilmə zərurətini doğurur. Bu isə əzmlə bu məqsədə müvafiq dəyərlərin axtarılmasını tələb edir, elə bir axtarış ki, bəşəriyyətin həm ruhani, həm də elmi resurslarını hərətəfli sınağa çəkəcək. Bu birgə təşəbbüsə töhfə verməkdə dinin qarşısında, əgər o razılıqla sadəcə passivlik arasında fərq qoya bilməyən və yoxsulluğun bu dünya həyatının ayrılmaz xüsusiyyəti olduğunu və bundan ancaq o biri dünyada can qurtarmağın mümkün olduğunu təbliğ edən sektant ehkamlarının caynağında qalarsa, kəskin maneələr olacaq. Bəşəriyyətə maddi rifah gətirmək uğrunda mübarizədə səmərəli iştirak etmək üçün dini ruh―özünün çıxdığı ilham Mənbəyində―bəşərin işlərində birlik və ədalət qurmaq istəyən bir epoxaya münasib yeni ruhani konsepsiyalar və prinsiplər tapmalıdır.


47. İşsizlik də buna bənzər problemlər yaradır. Müasir fikirlərin çoxunda iş anlayışı əsas etibarilə istehsal olunmuş malların istehlakı məqsədilə vəsait əldə edilməsi üçün sərfəli bir işdə işləməyə qədər məhdudlaşdırılmışdır. Bu sistem qapalı dairə kimidir: əldə etmək və istifadə etmək, mal istehsalının saxlanması və genişlənməsi və nəticədə insanların işlə təmin olunması. Ayrılıqda götürdükdə, bu fəaliyyətlərin hamısı cəmiyyətin rifahı üçün zəruridir. Lakin bütövlükdə bu sistemin yararsızlığı həm hər bir ölkədə böyük sayda işsizlər arasında sosial icmalçıların müşahidə etdikləri apatiyada, həm də işsizlərin böyüyən ordusunun mənəvi düşkünlüyündə təzahür edir.
 
48. Ona görə də bu təəccüblü deyil ki, dünyanın təcili surətdə yeni bir “əmək etikası”na ehtiyacı olması getdikcə daha çox etiraf edilir. Və yenə də burada ancaq elmi və dini bilik sistemlərinin yaradıcı xarakterdə qarşılıqlı fəaliyyətindən yaranan baxışlar vərdiş və münasibətlərdə belə təməlli bir reorientasiya meydana çıxara blilər. Yaşayışı üçün ətraf mühitin verdiyi zəruri şeylərdən asılı olan heyvanlardan fərqli olaraq, insanlar daxilində gizli qalan böyük potensialı istifadə edərək özünün və başqalarının ehtiyaclarını qarşılamaq üçün məhsuldar işlə məşğul olmağa məcburdurlar. Belə bir fəaliyyətlə onlar nə qədər mütəvaze olsa da, sivilizasiyanın inkişafı prosesində iştirak edirlər. Onlar o məqsədləri yerinə yetirirlər ki, bu onları başqaları ilə birləşdirir. Əgər iş şüurlu şəkildə bəşərə xidmət ruhunda yerinə yetirilirsə, Həzrət Bəhaullah buyurur, bu bir dua forması, Allaha sitayiş vasitəsidir. Hər bir insan öz işinə belə bir münasibətlə yanaşa bilər və yerinə yetirilən planların xarakteri, yaxud onların vəd etdikləri xeyir nə olursa, olsun, inkişaf strategiyası da şəxsiyyətin məhz bu ayrılmaz qabiliyyətinə əsaslanmalıdır. Ancaq bu cür yanaşma qarşıda duran iqtisadi problemlərin həllində dünyanın insanlarını böyük səylə və öhdəlik hissi ilə iştirak etməyə ruhlandıra bilər.


49. Eyni xarakterli problem ekoloji böhranın nəticəsi olaraq iqtisadi düşüncənin də qarşısında durur. İnsanların istənilən tələbatını ödəmək üçün təbiətin imkanlarının qeyri-məhdud olması baxışına əsaslanan nəzəriyyələrin yanlış olması indi tamamilə aşkardır. İstehsalın genişlənməsinə, istehlaka və insanların tələbatının qane edilməsinə mütləqlik donu geydirən bir mədəniyyət belə hədəflərin özlüyündə inkişaf siyasətinə həqiqi istiqamət vermədiyini etiraf etmək məcburiyyətindədir. Qərar qəbul etmə zamanı əsas problemlərin miqyasına görə xüsusi deyil, qlobal olması nəzərə alınmadıqda iqtisadi problemlərə bu cür yanaşmaların da yararlı olmaması üzə çıxır.
 
50. Bu mənəvi böhranın qarşısını təbiətin özünü allahlaşdırmaqla almaq olar deyə bir ümidin mövcud olması, özlüyündə bu böhranın yaratdığı ruhani və intellektual məyusluğun və ya ümidsizliyin bir sübutudur. Yaradılışın üzvi bir vəhdətdə olması və bəşərin bunun üçün bütövlükdə məsuliyyət daşımasının dərk edilməsi yaxşı olsa da, özlüyündə insanların şüurunda yeni dəyərlər sistemini qurmaq gücünə malik deyil. Ancaq anlayışda baş verəcək və sözün həqiqi mənasında mahiyyətinə görə elmi və ruhani olan bir sıçrayış bəşəriyyəti tarixin onun üzərinə qoyduğu himayəçilik vəzifəsinin öhdəsindən gəlməyə qadir edəcəkdir. 


51. Bütün insanlar gec və ya tez, məsələn, son vaxtlara qədər insan varlığının əsas məziyyətləri sayılan məmnunluq qabiliyyəti, mənəvi intizam və borc hissi kimi məziyyətlərə yenidən qayıtmalı olacaqlar. Bütün tarix boyu ardıcıl gələn böyük dinlərin Banilərinin təlimləri onların çağırışına cavab verən insanlarda bu keyfiyyətləri aşılamışdır. Məhz bu keyfiyytlər bu gün həmişəkindən daha vacibdir, lakin onların ifadə forması bəşərin yetkinlik yaşına uyğun olmalıdır. Və burada yenə də dinin qarşısında duran çətin vəzifə özünü keçmişin ifrat mübtəla dərəcəsində kök salmış ideyalarından azad etməkdir ki: şüurlu pəhrizkarlıq fatalizm deyil; mənəviyyatın çox vaxt onun adı ilə pərdələnən və həyat eşqini söndürən puritanlıqla heç bir əlaqəsi yoxdur; sədaqətli borc hissi şəxsi qüsursuzluq hissi gətirmir, əksinə, şəxsi ləyaqət hissi yaradır.


52. Qadınlara kişilərlə bərabər tam hüquqlar verilməsinə inadla müqavimət göstərilməsi elm və dinin bəşərin iqtisadi həyatı ilə əlaqəli vəzifələrini daha da mürəkkəbləşdirir. İstənilən obyektiv müşahidəçiyə görə kişi və qadınların bərabərlik prinsipi planetin və onun sakinlərinin gələcək rifahı üçün real təsəvvürlərdən ayrı tutula bilməz. Bu prinsip insanın həqiqi mahiyyətini əks etdirən bir prinsipdir ki, insan nəslinin uşaqlıq və yeniyetməlik dövrlərini əhatə edən uzun əsrlər boyu ona məhəl qoyulmamışdır. Həzrət Bəhaullah təsdiq edir ki: “Qadınlar və kişilər Allahın nəzərində həmişə bərabər olmuşlar və olacaqlar”. İnsanın ruhunun cinsi yoxdur və keçmişdə yaşamaq uğrunda mübarizənin diktə etdiyi sosial ədalətsizliklər nə olmuşsa da, bəşəriyyətin yetkinliyin astanasında durduğu bir vaxtda aydındır ki, onlara heç bir vəchlə haqq qazandırıla bilməz. Kişilərlə qadınlar arasında həyatın bütün sahələrində və cəmiyyətin bütün səviyyələrində tam bərabərliyin bərqərar edilməsinin bir öhdəlik olaraq qəbul olunması uğurlu bir qlobal inkişaf strategiyası hazırlamaq və həyata keçirmək üçün mərkəzi yerdə durmalıdır.
 
53. Doğrudan da, çox ciddi mənada, bu sahədə əldə edilmiş tərəqqi istənilən inkişaf proqramının müvəffəqiyyət meyarı olacaqdır. Sivilizasiyanın inkişafında iqtisadi fəaliyyətin mühüm rolunu nəzərə almaqla, bu inkişafın uğurlu olmasını və tempini qiymətləndirərəkən gözə görünən sübut, iqtisadi sahədə fəaliyyətlərə qadınların iştirakına nə dərəcədə imkan verilməsi olacaqdır. Bu sahədə vəzifə yalnız bərabər fürsətlər verilməsindən ibarət deyil, hərçənd bunun özü nə qədər vacibdir. İqtisadi problemlərin həllinə yanaşmanı fundamental olaraq elə bir şəkildə dəyişmək lazımdır ki, bütün bəşərin indiyə kimi istifadəsiz qalmış təcrübəsi və bu barədə qazanılmış biliklər tam istifadə edilsin. Simasız bazar münasibətlərinə əsaslanan və müstəqil surətdə öz maraqları üçün seçim edilən klassik iqtisadi modellər birlik və ədalət idealları ilə yaşamaq istəyən bir dünyanın ehtiyaclarına xidmət etməyəcək. Cəmiyyət insanlığın ümumi təcrübəsinin rəğbətlə qiymətləndirilməsindən, insanlara onların başqaları ilə münasibəti kontekstində baxılmasından, rifahda ailənin və cəmiyyətin mərkəzi rolunun etiraf edilməsindən qaynaqlanan anlayışlarla formalaşan yeni iqtisadi modellərin yaradılması üçün tələbatı getdikcə daha da aydın görəcəkdir. Anlayışda özünü düşünən deyil, xeyli dərəcədə altruistik yönümlü belə kəskin bir dönüş insan nəslinin həm ruhani, həm də elmi həssaslığına (alıcılığına) və ümumi işə mühüm töhfə vermək üçün qadını hazırlamış minillik təcrübəyə əsaslanmalıdır.
 
 

Altıncı Bölmə


Səlahiyyət– Bəşəriyyətin Birliyinin Özəyi
54. CƏMİYYƏTİN TRANSFORMASİYASINA BU rakursdan baxılması həm buna nail olmaq üçün istifadə olunan güc məsələsini, həm də onunla ayrılmaz şəkildə bağlı olan hakmiyyət barədə sualı meydana çıxarır. Planetin və onun xalqlarının sürətlənən inteqrasiyasının bütün digər cəhətləri ilə olduğu kimi, bu hər iki tanış anlayışlara da yenidən tərif verilməsinə kəskin ehtiyac vardır.
 
55. Bütün tarix boyu―ilahiyyatçıların və ideoloqların əksini sübut etməyə çalışmalarına baxmayaraq― hakimiyyət, demək olar ki, həmişə ayrı-ayrı şəxslərin və ya qrupların imtiyazı kimi ortaya qoyulmuşdur. Çox vaxt isə bu, başqalarının əleyhinə işlədilən bir vasitə kimi ifadə olunmuşdur. Hakimiyyətin bu cür anlaşılması son bir neçə min il ərzində, sosial, dini və ya siyasi təmayüllərindən asılı olmayaraq hansısa bir dövrdə və dünyanın hansısa bir ölkəsində insan nəslini xarakterizə edən parçalanma və münaqişə ənənəsininin ayrılmaz xüsusiyyəti olmuşdur. Ümumiyyətlə, hakimiyyət ayrı-ayrı şəxslərin, fraksiyaların, xalqların, siniflərin və dövlətlərin atributu olmuşdur. Bu, xüsusilə də, daha çox kişilərə xas bir atribut olmuşdur, nəinki qadınlara. Hakimiyyətin ondan faydalananlara verdiyi əsas güc qəsb etmək, üstün gəlmək, hökmran olmaq, müqavimət göstərmək və qalib gəlmək olmuşdur.


56. Bu tarixi prosesin nəticəsində baş verənlər gah insanlığın rifahına dağıdıcı təsir edərək onu geri atmış, gah da sivilizasiyanı qeyri-adi dərəcədə irəli aparmışdır. Bu faydaları etiraf etməklə yanaşı, uğursuzluqları da görmək, həm də hər iki təsirin doğurduğu davranış modellərinin aşkar qüsurlarını etriaf etmək lazımdır. Bəşərin uzun əsrlərlə sürən uşaqlıq və yeniyetməlik dövrlərində hakimiyyətin istifadə olunmasına aid olan vərdiş və münasibətlər effektivlik nöqteyi-nəzərindən tükənmişdir. Bu gün, təxirəsalınmadan həllini tələb edən problemlərinin çoxunun mahiyyətcə qlobal xarakterdə olduğu bir dövrdə hakimiyyətə insan ailəsinin müxtəlif seqmentlərinin imtiyazı olması fikrində israr etmək nəzəri baxımdan kökündən yanlışdır və planetin sosial və iqtisadi inkişafı üçün heç bir praktiki səmərəsi yoxdur. Bu fikrə hələ də tərəfdar olanlar―və əvvəlki dövrlərdə bu cür təsəvvürləri daşıyanlar özlərini bu fikirdə inamlı hiss edərdilər―indi öz planlarının həyata keçirilməsində izaholunmaz iflas və maneələrlə qarşılaşırlar. Dəmir yolu ilə hərəkət texnologiyasının yerin orbitinə kosmik peyklərin çıxarılmasına nə qədər aidiyyatı yoxdursa, hakimiyyətin rəqabət aləti olaraq ənənəvi mənada başa düşülməsinin də bəşərin gələcəyinin ehtiyaclarının ödənilməsinə aidiyyatı oması o qədər mənasızdır.


57. Bu cür müqayisə yerində olmaqla, əslində daha geniş məna daşıyır. İnsanlığın yetkinlik yaşına qədəm qoyması güc barədə əvvəlki anlayışdan və onun ənənəvi qaydada istifadəsindən imtina etməyi tələb edir. Bəşəriyyət bunu edə bilər və bu o faktla isbat olunur ki, hərçənd güc barədə köhnə təsəvvürlər hakim olub, lakin o həmişə öz arzularının yerinə yetməsi üçün başqa bir formada güc barədə düşünə bilmişdir. Tarixdə çox geniş sübutlar var ki, epizodik və bəzən də uyğunsuz olsa da, bütün köklərdən olan insanlar, bütün əsrlərdə özlərində olan geniş spektrdə daxili gücləri istifadə etmişlər. Ən parlaq misal, yəqin ki, həqiqətin özünün gücü―bəşərin fəlsəfi, dini, bədii və elmi fəaliyyətlərində əldə olunmuş böyük nailiyyətlərlə bağlı olan bu dəyişdirici gücdür. İnsanın nəhəng potensialını səfərbər etməyin daha bir vasitəsi ruhun gücüdür, necə ki, istər fərdin həyatında, istərsə də bütöv cəmiyyətin həyatında olsun―nümunə göstərməyin özü böyük gücə malikdir. Böyüklüyü hələ layiqincə dəyərləndirilməmiş olan güc bəşərin birliyindən yaranacaq gücdür, o birliyin “gücü ki”, Həzrət Bəhaullahın sözləri budur, “bütün yer üzünü nura boyayar”.
 
58. Cəmiyyətin institutları dünya xalqlarının şüurunda olan gizli potensialı yalnız o zaman aşkar edib istiqamətləndirməkdə müvəffəq olacaq ki, hakimiyyətdən istifadə edənlər sürətlə yetkinləşən bəşəriyyətin inkişafda olan maraqları ilə harmoniyada olan prinsipləri rəhbər tutsunlar. Bu prinsiplər hakimiyyətdə olanların, səylərini idarə etmək istədikləri kəslərin etibarını, hörmətini və səmimi dəstəyini qazanmaq öhdəliyini; verilən qərarların toxunduğu kəslərlə açıq və mümkün qədər ətraflı məşvərəti; xidmət etdikləri cəmiyyətin həqiqi ehtiyaclarını və arzularını obyektiv olaraq qiymətləndirməyi; cəmiyyətin resurslarını, o cümlədən, onun üzvlərinin enerjisini elmi və mənəvi tərəqqi çərçivəsində mütəşəkkil şəkildə istifadə etməyi nəzərdə tutur. Səmərəli hakimiyyətin heç bir digər prinsipi cəmiyyətin üzvləri və onun inzibati institutları arasında birliyin yaradılması və saxlanması prinsipi qədər vacib deyil. Bütün işlərdə ədalət prinsipinin axtarılması bununla ayrılmaz surətdə bağlıdır ki, bu barədə artıq danışılmışdır.


59. Aydındır ki, bu cür prinsiplər ancaq o sistemdə işləyə bilər ki, öz ruhuna və metoduna görə son dərəcə demokratik olsun. Lakin bu fikrin ifadə olunması hər yerdə demokratiyanın adını utanmadan mənimsəmiş tərəfkeşlik ideologiyasını təsdiq etmək demək deyil, o ideologiya ki, keçmişdə bəşərin tərəqqisinə böyük töhfələr vermişdir, lakin bu gün elə özünün doğurduğu çinizmdə, apatiyada və mənəviyyatsızlıqda batıb qalmışdır. Onun adından kollektiv qərarlar alacaq kəsləri seçərkən, cəmiyyətin namizədliyin irəli sürülməsi, seçkiqabağı təbliğat kompaniyası, namizədin seçki təşviqatı və ya öz proqramlarını müdafiə etmək kimi siyasi vasitələrə ehtiyacı yoxdur və bu ona yaxşı xidmət etmir. Bu bütün insanların qabiliyyəti daxilindədir ki, onların təhsil səviyyəsi qalxdıqca və onlara təklif olunan proqramların onların həqiqi inkişaf maraqlarına cavab verməsini ayırd etməyə daha çox qabil olduqca, onlar qərar qəbul edən orqanların seçilməsi prosesini təkmilləşdirməyə imkan verən seçki proseduru qəbul etsinlər.


60. Bəşəriyyətin inteqrasiyası prosesi qüvvə topladıqca, bu cür seçilənlər, öz səylərinə getdikcə daha çox qlobal perspektivdə baxmalı olacaqlar. Yalnız milli səviyyədə deyil, həm də yerli səviyyədə cəmiyyətin işlərini idarə edənlər, Həzrət Bəhaullahın buyurduğu kimi, bütün bəşərin rifahı üçün məsuliyyət daşıdıqlarını dərk etməlidirlər.
 


Yeddinci Bölmə


Təsisatlar – İnsan Potensialını Bəsləmək Üçün Alətlər
61. BƏŞƏRİN YETKİNLƏŞMƏSİNİ SÜRƏTLƏNDİRƏCƏK qlobal inkişaf strategiyasının hazırlanması cəmiyyətin bütün institutlarının fundamental şəkildə yenidən formalaşdırılmasını tələb edir. Bu çətin vəzifənin icraçıları planetin bütün sakinləridir: bütün xalqlar, bütün səviyyələrdə idarəedici orqanların üzvləri, beynəlxalq koordinasiya qurumlarında xidmət edən şəxslər, alimlər və ictimai xadimlər, incəsənət adamları, kütləvi informasiya vasitələrinin nümayəndələri və qeyri-hökumət təşkilatlarının liderləri. Bu vəzifənin öhdəsindən gəlmək üçün baxışın əsasında şərtsiz olaraq bəşəriyyətin birliyinin qəbul edilməsi, cəmiyyətin təşkili üçün əsas prinsip olaraq ədalət prinsipinə sədaqət, bəşərin qabiliyyətini genişləndirmək üçün elmi və dini təfəkkür arasındakı sistematik dialoqun yaratdığı imkanların ən yüksək dərəcədə istifadə olunması üçün qətiyyət göstərilməsi durur. Bu vəzifə hazırda sosial və iqtisadi sahələri idarə edən konsepsiya və fərziyyələrə köklü şəkildə yenidən baxılmasını tələb edir. Belə bir sarsılmaz və qəti inam da olmaldır ki, bu proses nə qədər uzun çəksə də və qarşıya nə kimi maneələr çıxsa da, cəmiyyətin işlərinin idarə edilməsi ancaq elə aparılmaldır ki, bəşəriyyətin həqiqi ehtiyaclarına xidmət etsin.


62. Ancaq bu anlayışa malik olduqda ki, bəşərin uşaqlıq dövrü, həqiqətən də, bitmişdir və o, artıq kamillik yaşına qədəm qoyur, burada təqdim olunan bu perspektiv daha böyük bir məna kəsb edir, nəinki daha bir utopik xəyal kimi görünür. Burada təsvir olunan möhtəşəmlikdə bir vəzifənin öhdəsindən əzilmiş və bir-birilə ədavət aparan xalqların gələcəyini təsəvvür etmək qətiyyən ağlabatan deyil. Ancaq o halda bu vəzifənin həyata keçirilməsi mümkün görünər ki, Həzrət Bəhaullahın təsdiq etdiyi kimi, sosial təkamülün gedişi o, həlledici dönüş nöqtələrindən birinə, bütün mövcudatın öz inkişafında gözlənilmədən yeni bir mərhələyə atıldığı nöqtəyə çatmış olsun. Bu bəyanatda təqdim olunan baxışların əsasında, insan şüurunda məhz belə nəhəng bir transformasiyanın baş verməkdə olduğuna dərin inam dayanır. Bunda öz ürəyinin səsini duyan hər bir kəsə Həzrət Bəhaullahın sözləri əminlik verir ki, Allah bu bənzəri olmayan gündə bəşəriyyətə indi onun qarşısında duran vəzifəni tam yerinə yetirmək üçün lazım olan bütün ruhani gücü vermişdir: “Siz ey göylərin və yerin sakinləri! O şey zahir olmuşdur ki, əvvəllər heç vaxt görünməmişdir. Bu Gün Allahın ən gözəl nemətlərinin insanların üzərinə yağdığı Gündür, o Gün ki, Onun ən böyük fəzli bütün yaradımış şeylərə nüfüz etmişdir”.


63. Cəmiyyətin həyatını indi silkələyən sarsıntının bənzəri olmayıb və bunun nəticələri həddən artıq fəlakətlidir. Bütün tarix boyu təsəvvürə gəlməyən təhlükələr çaşmış bəşəriyyəti təhdid edir. Lakin dünya liderlərinin bu anda etdikləri ən böyük səhv bu olardı ki, onlar hazırda gedən prosesin son nəticəsinə şübhə ilə yanaşsınlar. Köhnə dünya ölür, əvəzində doğuş ağrıları içində yenisi doğulur. Əsrlərlə yığılmış adətlər, münasibətlər və institutlar bəşərin inkişafında qaçılmaz olduğu qədər də zəruri olan sınaqlara məruz qalır. Dünya xalqlarından hər şeyin Xaliqinin insan nəslinin bu ruhani bahar çağına əta etdiyi böyük enerjini qəbul etməyə münasib böyük inam tələb olunur.


64. “Birgə məşvərət edin”, deyə Həzrət Bəhaullah çağırır, “fikrinizdə bir olun. Qoy səhəriniz axşamlarınızdan daha yaxşı, bu gününüz dünəninizdən daha zəngin olsun”.


65. İnsanın dəyəri xidmət və məziyyətdədir, sərvət və zənginlik büsatında deyil. Diqqət edin ki, sözləriniz bihudə xəyal və dünyəvi arzulardan xali olsun, əməlləriniz isə hiylə və şübhədən təmiz. Qiymətli həyatınızın sərvətini yaman və korlanmış istəklər üçün sərf etməyin, səylərinizi isə şəxsi maraqlarınız naminə sərf etməyin. Bolluqda səxavətli, itkidə səbrli olun. Bəla arxasınca uğur, sevinc ardınca müsibət gələr. Avaralıq və qayğısızlıqdan qorunun və istər gənc olsun, istər yaşlı, istər uca məqam sahibi olsun, istər aşağı, insanlara fayda verən şeylərdən yapışın. Məbada insanlar arasında ixtilaf qanqalları, ya pak və nurlu ürəklərdə şübhə tikanları əkəsiniz.
 

bottom of page