top of page
Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7
Anchor 8
Anchor 9
Anchor 10
Anchor 11
Anchor 12
Anchor 13
Anchor 14
Anchor 15
Anchor 16
Anchor 17

 

 

İffətli Və Ülvi Bir Həyat

 

Həzrət Bəhaullah, Həzrət Əbdül-Bəha, Həzrət Şövqi Əfəndinin yazılarından və

Ümumdünya Ədalət Evinin məktublarından sitatlar
Məcmuələr məcmusəində dərc edilmişdir, I cild, 1991


 
Belə bir iffətli və ülvi  həyat təvazökarlıq, paklıq, pəhrizkarlıq, ədəb, təmiz düşüncəlilik kimi mənaları ilə, geyim, dil, əyləncəyə aid bütün şeylərdə, bütün incəsənət və ədəbiyyat məşğuliyətlərində orta həddi gözləməyi nəzərdə tutur. Bu, insanın cismani arzularına və təhrif olmuş meyllərinə nəzarət edilməsində gündəlik ayıqlıq tələb edir.Bu, bayağı şeylərə ifrat bağlılığı və çox vaxt səhv yönəldilən həzzləri ilə ədəbsiz davranışı tərk etməyə çağırır. Bu, bütün alkoqollu içkilərdən, tiryəkdən və buna bənzər vərdiş yaradan maddələrdən tam pəhrizkarlığı tələb edir. Bu, incəsənətin və ədəbiyyatın əxlaqsızlığını, nudizm praktikası və nigahdankənar evliliyi, nigah münasibətlərində xəyanəti və cinsi həyatda hər cür qarmaqarışıqlığı, yüngülllüyü və cinsi əxlaqsızlığı qınayır.  (Həzrət Şövqi Əfəndinin İlahi Ədalətin Gəlişi Kitabından, Vilmette, Bahai Publishing Trust, 1984, səh.30)

Mündəricat

Ön Söz                                                                                       5
1. Bəhai Meyarı                                                                        7
1.1 Bəhai Qanununun Təbiəti                                               7
1.2 Həqiqi Azadlıq                                                                   10
1.3 İffət Barədə Bəhai Meyarı                                               12
2. İffətli Və Ülvi Həyat                                                           14
2.1 Anlayışın Tərifi                                                                  14
2.2 İffətlilik                                                                               15
2.3 Orta Hədd (Mötədillik)                                                   17
2.4 Hərəkətlər Barədə Gündəlik Ayıqlıq                            19
2.5 Yüngül Davranışdan Qaçmaq                                        20
2.6 Alkoqol                                                                               21
2.7 Narkotik Maddələr                                                           22
2.8 Seksə Bəhai Münasibəti                                                  24
2.9 Qeyri-Əxlaqi Praktikalar Qınanılır (Lənətlənir)        26
2.10 İffətli Və Ülvi Həyat Prinsipinin Tətbiqi                   29
3. Nümunənin Gücü                                                               30
3.1 Tərifəlayiq Xasiyyət                                                          30
3.2 Əməllərin Vacibliyi                                                          31
3.3 Nümunə Olmağın Təsiri                                                 32


 
Ön Söz
 

Bu kitab iffətli və ülvi həyat barədə Müqəddəs Yazılardan ibarət bir məcmuədir. II Dünya Müharibəsindən sonra, Qərbdə qondarma seksual inqilab zamanı Birləşmiş Ştatların bəhailərinin qarşısında sosial çağırışla qarşısında idilər və ifrat azadlıq bütün dünyada azad yaşam ideyasının qəflətən geniş yayılmasına gətirib çıxardı. Hətta 1950-ci 70-ci illərdə Sovetlərdə, Bakının özündə belə, ifrat azadlıq ideyası əxlaqi davranışda boşluq və çatlara yol açdı və ənənəvi mədəniyyət məhdudiyyətlərini aşdı. Azad seksual münasibətlər, birdən çox arvad almaq, alcohol, qumar və alışqanlıq yaradan maddələrin istifadəsi ailə həyatının dağılmasına, cəmiyyətin pozulmasına, millətin zəifləməsinə gətirib çıxaran sosial xəstəliklərdən ancaq bir neçəsidir və biz gördük ki, 25-30 ildən sonra Sovet İttifaqı dağıdlı. Sosial pozğunluq Qərbdə o dərəcədə pis idi ki, bu, hippi həyat tərzinə, nudist cəmiyyətlərin yaranmasına, ifrat içki istifadəsinə, zorakılığa və insan həyatının itirilməsinə gətirib çıxardı. Bu dövrdə Birləşmiş Ştatların bir çox bəhailəri məsləhət almaq üçün Həzrət Şövqi Əfəndiyə məktublar yazdılar. Onun cavabları indi toplu halında indi “İlahi Ədalətin Gəlişi” adı altında çap edilmişdir. Həzrət Şövqi Əfəndi bu kitabda aydın göstərir ki, qanun və qaydaların olmaması azadlıq deyil, əksinə, bu, bütün insanların həyatlarını qorumaq üçün ilahi qanunların olmasıdır. Qanunun olmaması hərc-mərclikdir və ancaq ilahi qanunla hamının azadlığı təmin oluna bilər. Qərbdən ünvanlanmış suallara cavab verərəkən, Həzrət Şövqi Əfəndi bu məcmuədə hər şey haqqında, o cümlədən, intim həyat, münasibətlər, nigah qarşısında oğlan və qızların məsuliyyətləri, habelə, evlilik, təcavüz, seksual təhqir, zinakarlıq, alcohol içkisi, narkotika qəbulu haqqında bəhai qaydaları və ən mühümü də nümunənin gücü barədə açıq danışır.
 
Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili bu kitabı öxuyub öyrənməyi bəhai icmasının hər bir üzvünə, xüsusilə də gənclərə yüksək dərəcədə tövsiyyə edir ki, onlar öz erkən həyatlarını necə qurmağı və layiq olduqları rifahdan həzz almağı öyrənsinlər. Valideynlər bu konsepsiyalardan qorxmamalıdırlar, çünki əgər onlar onların uşaqlarını təhdid etməsəydi, Allahın Qələmi bu məsələləri bu qədər aydınlığı ilə açmazdı. Bu cür davranışlardan qurtulmaq üçün insanlıq təlim-tərbiyə almalı, maariflənməlidir. Siz bu kitaabı dərnəyinizlə birlikdə, yaxud fərdi surətdə öyrənə bilərsiniz, lakin biz xahiş eədrdikm ki, siz kitabın məzmunu ilə tanış olmaq üçün vaxt tapasınız.


Heç vaxt peşiman olmayacaqsınız!  Heç vaxt....
Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
 
 

1. Bəhai Meyarı

 

1.1 Bəhai Qanununun Təbiəti

1. ALLAHIN BƏSİRƏT ƏTA etdiyi kəs asanlıqla etiraf edər ki, Allahın buyurduğu hökmlər dünyada nizamın və onun insanlarının təhlükəsizliyinin saxlanması üçün ən yüksək vasitələrdir.
 
Ey dünyanın insanları! Yəqin bilin ki, Mənim hökmlərim bəndələrim arasında Mənim inayət çıraqlarım və yaratdıqlarıma Mənim mərhəmət açarlarımdır. Sizin Rəbbinizin, Vəhy Rəbbinin iradə səmasından belə nazil olmuşdur...


De: Mənim qanunlarımdan Mənim libasımın ətri gəlir və bunun sayəsində qələbə bayraqları dağların və təpələrin başına sancılır. Mənim qüdrət dilim əzəmət səltənətimdən bütün məxluqata xitab edərək deyir: “Mənim Camalıma sevginiz naminə Mənim qanunlarıma əməl edin!” Xoş o sevənin halına ki, heç bir dillə vəsfi mümkün olmayan bir həddə fəzl qoxusu gələn bir sözlərdən Məhbubun ətrini duydu. Canıma and olsun, kim lütf əllərindən insaf şərabını alıb içsə, şübhəsiz, Mənim aləmin üfüqündən parlayan əmrlərimin ətrafına fırlanar.


Siz elə zənn etməyin ki, Biz sizə sadəcə hökmlər nazil etdik, yox, Biz qüdrət və qüvvət barmaqları ilə möhürlənmiş kuzənin ağzını açdıq. Vəhy Qələmindən nazil olanlar buna şəhadət verir. Fikirləşin, ey düşüncə sahibləri!..  (Həzrət Bəhaullah, Yazılarından Seçmələr)


2. BİZİM FİZİKİ HƏYATIMIZI idarə edən qanunlar olduğu kimi, o qanunlar ki, əgər biz fiziki xəstəliklərdən qaçmaq istəyriksə, bədənimizin müəyyən qidalarla təmin edilməsini, onu müəyyən temperatur həddində saxlamağı və s. tələb edir, o cür də bizim ruhani həyatımızı idarə edən qanunlar vardır. Hər bir dövrdə bu qanunlar bəşəriyyətə Allahın Məzhərləri tərəfindən nazil edilmişdir, Əgər hər bir insan varlığı və ümumiyyətlə, bəşəriyyət lazımi qaydada və ahəngdar inkişaf etmək istəyirsə onlara itaət həyati vacibdir. Bundan əlavə, bu müxtəlif cəhətlər bir-birindən asılıdır. Əgər bir fərd özünün inkişafını ruhani qanunlarını pozarsa, o, ancaq özünə deyil, həm də yaşadığı cəmiyyətə ziyan vuracaq. Eynilə də, cəmiyyətin vəziyyəti onda yaşamaq məcburiyyətində olan fərdə birbaşa təsir göstərəcək.  (6 fevral 1973, Ümumdünya Ədalət Evi, Bütün Milli Ruhani Məhfillərə. Ədalət Evinin müraciətləri―1968-1973)
 
3. BİZ SİZİN MƏKTUBLARINIZA baxdıq və sizin suallarınızı və çoxlu bəhai gənclərin də çaşqınlıqları barədə sizin fikirlərinizi gördük ki, onlar gündəlik vəziyyətlərdə, xüsusilə sekslə bağlı hallarda necə davranmaq haqqında sadə bir dildə rəhbərlik xahiş edirlər.
 
Bu nə mümkündür, nə də Ədalət Evi üçün arzu olunandır ki, hər bir vəziyyəti əhatə edə biləcək qaydalar irəli sürsün. Əksinə, bu daha çox fərdi inananın vəzifəsidir ki, Yazıların dua halətində anlaşılması əsasında, gündəlik həyatında qarşılaşdığı situasiyalarda necə davranmalı olmasını özü dəqiq müəyyən etsin. Əgər o, Həzrət Bəhaullahın bir ardıcılı kimi həyatının əsl missiyasını yerinə yetirməlidirsə, onda o, həyatını Təlimlərə uyğun bir modeldə quracaqdır. İnanan sadəcə bir sıra sərt qaydalara uyğun yaşamaqla bu məqsədə nail ola bilməz. Onun həyatı Həzrət Bəhaullaha xidmətə yönəlik olanda və hər bir şüurlu hərəkət ehtiram çərçivəsində atılanda, o, həyatının həqiqi məqsədinə nail olmaqda uğursuzluğa düçar olmayacaqdır.


Ona görə də, hər bir inanan həmişə onun özü və cəmiyyəti üçün onların vacibliyi barədə yeni və daha yaxşı anlayışa nail olmağa çalışaraq davamlı olaraq müqəddəs Yazıları və Ərin sevgili Vəlisinin gösərişlərini öyrənməlidir.  (Ümumdünya Ədalət Evinin bir fərdi inanan yazdığı 17 oktyabr 1968-ci il məktubundan)


4. İFFƏT MƏSƏLƏSİ BU hər şeyin icazə verildiyi bir dövrdə başa düşülməsi ən meydanoxuyucu olan məsələlərdən biridir, lakin bəhailər ən yüksək səy qoymalıdırlar ki, ilk vaxtlarda nə qədər çətin görünsə də, Bəhai meyarlarını saxlasınlar. Əgər gənclər başa düşsələr ki, Əmrin qanun və meyarları onları ruhani və mənəvi-əxlaqi çətinliklərdən azad etmək məqsədi daşıyır, necə ki,təbiətin qanunlarının lazımi dərk edilməsi insanı planetin qüvvələri ilə bir ahəngdə yaşamağa qabil edir, onda bu cür səyləri qoymaq asan olacaqdır. (Ümumdünya Ədalət Evinin adından bir fərdi inanana yazdığı 14 yanvar 1985-ci il məktubundan)
          

 
1.2 Həqiqi Azadlıq

5. İNSANLARA VƏ ONLARIN ağlının azlığına nəzər salın. Onlar özlərinə ziyan olan şeyləri istəyir, xeyir olan şeylərdən isə yan keçirlər. Bilin ki, onlar sərkərdan qalmışlar.


Biz görürük ki, bəzi insanlar azadlıq istəyir və onunla fəxr edirlər. Onlar aşkar bir cəhalətdədirlər. Çünki hədsiz azadlıq sonda elə bir qarışıqlıqla nəticələnir ki, onun alovunu söndürmək olmur. Hesablayan və hər şeyi Bilən Kəs sizə belə xəbərdarlıq edir. Bilin ki, azadlığın təcəssümü və təzahürü heyvandır. İnsan isə müəyyən qayda-qanuna tabe olmalıdır ki, bu, onu öz cəhalətindən və məkrlilərin zərərindən qorusun. Azadlıq insanı ədəb və ləyaqət hüdudlarından çıxarar və onu rəzil bir varlığa çevirər.
     
Baxın, insanlar qoyunlara bənzəyir, onları qorumaq üçün mütləq çoban lazımdır. Bu, şəksiz bir həqiqətdir. Biz bəzi məqamlarda azadlığı bəyənirik, başqalarında isə yox, çünki Biz hər şeyi bilirik.


De: Əsl azadlıq―Mənim əmrlərimə tabe olmaqdadır. Əgər ariflərdənsinizsə, bunu bilin. Əgər insanlar vəhy səmasından onlara nazil olanlara tabe olsalar, özlərinin əsl azadlıqda olduqlarını görərlər. Xoş o kəsin halına ki, Allahın aləmlərə üstün gələn İradəsinin səmasından nazil olanlardan Onun istəyini anlayar! De: Sizə xeyirli olan azadlıq yalnız Haqq olan Allaha bəndəlik etməkdədir. Kim onun şirinliyini dadsa, onu göylərin və yerin mülkünə dəyişməz!  (Həzrət Bəhaullah, Yazılarından seçmələr, 159)


6. Eynilə də azadlıq tələbi ilə çıxış edən insanlara gəldikdə: insan aləminin rifahını təmin edən, saxlayan və ümumui əlaqələri qoruyan mötədil azadlıq da Həzrət Bəhaullahın təlimlərində özünün tam gücü və miqyası ilə əksini tapmışdır.  (Həzrət Əbdül-Bəha, Yazılarından seçmələr, 227)
 


1.3 İffət Barədə Bəhai Meyarı
7. ALLAHIN SEÇİLMİŞLƏRİ NƏ yaşadıqları cəmiyyətin acınacaqlı vəziyyətinə, nə də mənəvi-əxlaqi tənəzzülün əlamətlərinə və ətraflarındakı insanların yüngün davranışlarına baxmalıdırlar. Onlar özlərini sadəcə nisbi fərq və mükəmməlliklə qane etməməlidirlər. Onlar daha çox nəzərlərini Əbha Qələminin öyüd və nəsihətlərini öz ali məqdəsləri kimi qoyaraq daha nəcib yüksəkliklərə dikməlidirlər. Onda asanlıqla başa düşüləcək ki, hələ nə qədər keçməli mərhələlər var və arzu olunan hədəf nə qədər uzaqdadır―bir hədəf ki, səmavi əxlaq və məziyyətlərin təcəssümündən başqa bir şey deyil.  (Həzrət Şövqi Əfəndinin 30 oktyabr 1924-cü il tairxdə Tehran Yerli Ruhani Məhfilinə yazdığı məktubdan, fars dilindən tərcümə)
 
8. LAKİN BU YADDA saxlanmalıdır ki, mənəvi-əxlaqi davranışın bu yüksək meyarının saxlanması nə zahidliyin (asketizmin, tərki-dünyalığın), nə də ifrat və fanatik puritanizmin heç bir forması ilə nə bağlanmalı, nə qarışıq salınmalıdır. Həzrət Bəhaullahın təlqin etdiyi meyar heç bir halda heç kəsin Mehriban Xaliqin dünyanı belə bolluqla zənginləşdirdiyi çoxsaylı sevinc, gözəllik və həzzlərdən tam istifadə etməkdə və faydalanmaqda qanunu hüququnu və imtiyazını danmır. “Əgər bir insan”, Həzrət Bəhaullah Özü buyurur, “əgər o Allahla onun arasına nəyinsə girməyinə icazə verməysə, və bu zaman yer üzünün bütün bəzəkləri ilə özünü bəzəmək istəsə, onun zinətlərini geyinsə, ya onun verdiyi faydaları götürsə, ona heç bir ziyanı olmaz, zira Allah, istər göylərdə, istərsə də yerdə yaradılmış hər bir gözəl (xeyirli) şeyi həqiqətən Ona inanan bəndələri üçün müəyyən etmişdir. Ey insanlar, Allahın sizə izn verdiyi gözəl (faydalı) şeyləri yeyin və özünüzü Onun ecazkar nemətlərindən məhrum etməyin. Ona şükrlər edin, tərflər söyləyin və həqiqətən, şükr edənlərdən olun”.  (Həzrət Şövqi Əfəndi, İlahi Ədalətin gəlişi, səh 33.)


9. BƏHAİ MEYARI ÇOX yüksəkdir, xüsusilə indiki dünyann xarab olmuş əxlaqı ilə müqayisədə çox yüksəkdir. Amma bizim bu meyarlarımız daha sağlam, daha xoşbəxt, daha nəcib insanlar meydana çıxaracaq və daha sabit evliliklərə gətirəcəkdir.  (19 oktyabr 1947, Həzrət Şövqi Əfəndinin adından fərdi inanan yazılmış məktubdan)

 


2. İffətli Və Ülvi Həyat
 

2.1 Anlayışın Tərifi  
10. BELƏ BİR İFFƏTLİ və ülvi həyat təvazökarlıq, paklıq, pəhrizkarlıq, ədəb, təmiz düşüncəlilik kimi mənaları ilə, geyim, dil, əyləncəyə aid bütün şeylərdə, bütün incəsənət və ədəbiyyat məşğuliyətlərində orta həddi gözləməyi nəzərdə tutur. Bu, insanın cismani arzularına və təhrif olmuş meyllərinə nəzarət edilməsində gündəlik ayıqlıq tələb edir.Bu, bayağı şeylərə ifrat bağlılığı və çox vaxt səhv yönəldilən həzzləri ilə ədəbsiz davranışı tərk etməyə çağırır. Bu, bütün alkoqollu içkilərdən, tiryəkdən və buna bənzər vərdiş yaradan maddələrdən tam pəhrizkarlığı tələb edir. Bu, incəsənətin və ədəbiyyatın əxlaqsızlığını, nudizm praktikası və nigahdankənar evliliyi, nigah münasibətlərində xəyanəti və cinsi həyatda hər cür qarmaqarışıqlığı, yüngülllüyü və cinsi əxlaqsızlığı qınayır.O, tənəzzül edən dövrün nəzəriyyələri, meyarları, vərdişləri və ifratları ilə güzəştə getməz. Xeyr, əksinə, o, öz nümunəsinin dinamik gücü ilə, bu cür nəzəriyyələrin fəlakətli xarakterini, bu cür meyarların saxtalığını, bu cür iddiaların boşluğunu, belə vərdişlərin qüsurluluğunu, bu cür ifratların küfr olduğunu nümayiş etdirmək istəyir.  (Həzrət Şövqi Əfəndi, İlahi Ədalətin gəlişi, səh. 30)
 


2.2 İffətlilik
11. MƏNİM HƏQİQİ BƏNDƏM o kəsdir ki, əgər qızılla dolu vadiyə daxil olsa, ondan bulud kimi yan ötüb kecər və nə dönüb arxaya baxar, nə də dayanar. Bilin ki, o, mütləq Mənə mənsubdur. Səma sakinləri (Mələyi-Əla) onun libasından müqəddəslik ətri duyar... Və əgər onun qarşısına ən yaxşı şəkildə bəzənmiş gözəl və cəzbedici bir qadın çıxarsa, o, zərrə qədər də onun gözəlliyinə ehtiras gözü ilə baxmaz. Belə bir kəs, doğrudan da, ləkəsiz paklıqdan (iffətdən) yaranmışdır. Əzəli Qələm Qüdrətli və Səxavətli Rəbbinizin adından sizə belə təlim verir...  (Həzrət Bəhaullah, Yazılarından Seçmələr)
 
12 PAKLIQ VƏ İFFƏT Allahın kənizlərinin ən gözəl zinətləri olmuş və olmaqdadır. Allah şahidimdir! İffət nuru öz parlaqlığını ruh dünyalarına salır və onun rayihəsi hətta Ən Yüksək Cənnətə əsir.  (Həzrət Şövqi Əfəndi tərəfindən İlahi Ədalətin gəlişində verilmişdir, səh. 32)
 
13. İFFƏTİN MÜSBƏT TƏRƏFLƏRİ ilə bağlı Ümumdünya Ədalət Evi buyurur ki, Bəhai dini seksual impulsun (həvəsin) dəyərini etiraf edir və hesab edir ki, nigah institutu bu impulsun qanuni ifadəsi üçün bir kanal kimi təsis edilmişdir. Bəhailər inanmırlar ki, seksual impulsu boğmaq lazımdır, bəlkə onu nizamlamaq və ona nəzarət etmək lazımdır.


İffət heç vəchlə insani münasibətlərdən imtinanı nəzərdə tutur. Bu, seksin total başlı-başınalığından insanları azad edir. Öz seksual həvəsinə nəzarət edən bir şəxs istər qadın, istərsə də kişi, çoxlu insanlarla əri və arvadı birləşdirən o misilsiz və qiymətsiz bağı ləkələmədən dərin və daimi dostluq yaratmağa qabil olur.  (Ümumdünya Ədalət Evinin adından bir fərdi inanan yazılmış 8 may 1979-cu il tarixli məktubdan)
 
 

2.3 Orta Hədd (Mötədillik)
ORTA HƏDDİ (MÖTƏDİLLİYİ) aşan hər bir şey faydalı təsir göstərməz. Məsələn, azadlıq, təməddün və digər bu kimi şeylərə baxın. Onlar mərifət əhli tərəfindən bəyənilsə də, orta həddi keçdikdə, ziyanlı nəticələr verir.  (Kitab`i-Əqdəsdən sonra nazil olmuş lövhlər, Hayfa, 1982)


14. GEYİM SEÇİMİ, SAQQALIN kəsilməsi və forması insanların ixtiyarına buraxılmışdır. Lakin, ey insanlar, ehtiyatlı olun ki, cahillərin əlində oyuncaq olmayasınız.  (Kitab`i-Əqdəsdən sonra nazil olmuş lövhlər, Hayfa, 1982)
 
15. SÖYLƏ: İNSAN NİTQİ bir cövhərdir ki, təsir edər və etidal (mötədillik) istər. Onun təsiri lətafətə bağlıdır, o isə təmiz və inqita etmiş ürəkdən asılıdır. Etidallıq isə müqəddəs Səhifələrdə və Lövhlərdə yazıldığı kimi, nəzakət və hikmətlə birləşməlidir.  (Kitab`i-Əqdəsdən sonra nazil olmuş lövhlər, Hayfa, 1982)


16. BİZ SİZƏ İZN verdik ki, musiqiyə və nəğməyə qulaq asasınız. Ehtiyatlı olsun ki, bu, ədəb və nəzakət hədlərini aşmasın. Mənim Ən Böyük Adımın nəşəsi ilə sevinin ki, onunla ürəklər ovsunlanmış və sevimlilərin ağlı cəzb olunmuşdur.  (Həzrət Bəhaullah, Ərəb dilindən tərcümə edilmiş Lövhdən)
 
17. TƏLİMLƏRDƏ RƏQSİN ƏLEYHİNƏ heç nə yoxdur, lakin dostlar yadda saxlamalıdırlar ki, Həzrət Bəhaullahın meyarı mötədillik və iffətdir. O qədər siqaret, içki və qarma-qarışıqlığın olduğu müasir rəqs zallarının atmosferi çox pisdir, lakin layiqli (abırlı) rəqslər özlüyündə ziyanlı deyil. Əlbəttə, klassik rəqslərdə yaxud rəqs məktəblərində oxumağın heç bir ziyanı yoxdur. Dramalarda iştirak etməyin də bir ziyanı yoxdur. Eynilə də kinoya çəkilməkdə. Bu gün ziyanlı olan incəsənətin özü deyil, bu incəsənəti çox vaxt əhatə edən bədbəxtcəsinə pozğunluqdur. Bəhai kimi biz heç bir incəsənətdən qaçmamalıyıq, lakin bəzən bu sənətlərin müşayiət olunduğu hərəkətlər və mühitdən qaçmaq lazımdır.  (Həzrət Şövqi Əfəninin adından Hindistan, Pakistan və Birma Milli Ruhani Məhfilinə yazılmış 30 iyun 1952-ci il tarixli məktubdan)
 

2.4 Hərəkətlər Barədə Gündəlik Ayıqlıq
18. EY İNSANLAR, QALXIN və Allahın Qüdrətinin köməyi ilə əvvəlcə özünüzə qalib gəlin, bəlkə yer üzü yanlış xəyallar və mövhumat bütlərinə sitayişdən təmizləndi, o bütlər ki, onlara sitayiş edən bu biçarələrin ziyana və zillətə düşməsinin səbəbi, həqiqətən, onlar olublar. Bu bütlər insanların yüksəliş və tərəqqi səylərində mane olurlar.  (Həzrət Bəhaullah, Əsərlərindən seçmələr, 43)


19. EY VARLIQ OĞLU!  Hesabata çəkilməmiş, hər gün özünə hesabat ver, çünki ölüm səni qəflətən haqlayar və əməllərinin hesabını verməli olarsan.  (Gizli kəlamlar, ərəbcədən, 31)


20. ZİRA ARZU BİR alovdur ki, alimlərin bir həyat boyu qazandıqları bəhrələri külə döndərmişdir, elə uducu bir atəş ki, hətta onların yığılmış geniş ümman bilikləri belə heç vaxt onu söndürə bilməmişdir. Nə qədər olub ki, insanlığın hər bir sifəti lütf edilmiş və irfan gövhəri daşıyan bir fərd öz ehtiraslarının ardınca getmiş və nəticədə onun mükəmməl keyfiyyətləri orta həddi aşmış və o ifrata varmağa sövq olunmuşdur. Onun pak niyyətləri şər niyyətə dönmüş, onun sifətləri daha onlara layiq istifadə olunmamış, onun arzularının gücü onu möminlikdən döndərmiş, möminliyin mükafatlarını isə təhlükəli və zülmət yollara çevirmişdir. Gözəl xasiyyət Allahın və Onun seçilmişlərinin və bəsirət əhlinin nəzərində hər şeydən daha üstün və tərifəlayiqdir, lakin o şərtlə ki, onun nəşət etdiyi mərkəz ağıl və bilik, təməli isə həqiqi mötədillik olsun.  (İlahi Sivilizasiyanın sirləri, Vilmette, BPT, 1983, səh. 59-60)
 
 

2.5 Yüngül Davranışdan Qaçmaq
21. EY MƏNİM DOSTUM! Sən Mənim müqəddəs Səmamın günəşisən, özünü dünyanın qara pərdəsinə bürümə. Qəflət hicabını yırt ki, örtüksüz və pərdəsiz bir halda, buludlar arxasından çıxıb bütün varlıqları həyat donu ilə bəzəyəsən.  (Gizli Kəlamlar, fars dilindən, 73)


22. ÖZÜNÜZÜ DÜNYADAN VƏ onun bər-bəzəyindən xilas edin. Onlara yaxınlaşmaqdan çəkinin, çünki onlar sizi günaha və pis əməllərə sövq edir və sizin doğru və şərəfli Yolla getməyinizə mane olur.  (Həzrət Bəhaullah, Əsərlərindən seçmələr, 128)


23. İLAHİ ƏDALƏTİN GƏLİŞİNDƏ (səh 25) sevgili Mühafiz yalnız bakirəliyin deyil, həm də “iffətli və müqəddəs həyat”ın tələblərini təsvir edir―hər iki sifət vacibdir. Tənəzzül edən cəmiyyətin əlamətlərindən biri, bir əlamət ki, bu gün dünyada açıq aşkar görünür, həzz və oyun və idmana fanatik bağlılıq, hər hansı məsələyə ciddi baxmağa həvəssizlik, məziyyət və bütöv ləyaqətə qarşı etinasız və barmaqarası münasibətdir. “Yüngül davranışı” atmaq o demək deyildir ki, bəhai qaraqabaq görünməli yaxud daim ciddi olmalıdır. Yumor, şadlıq, sevinc həqiqi Bəhai həyatının xüsusiyyətləridir. Yüngüllük bezikdirir və sonra usandırmağa və boşluğa gətirib çıxarır. Lakin ciddi düşüncəni, şəfqət və Allaha təvazökar xidməti ehtiva edən tarazlaşdırılmış həyatın bir hissəsi olan əsl şadlıq və sevinc və yumor o xüsusiyyətlərdir ki, həyatı zənginləşdirir və onun sevincinə sevinc (işığına işıq) qatır.


Həzrət Şövqi Əfəndinin sözləri seçməsi həmişə əhəmiyyətli olmuşdur və onun rəhbərliyini başa düşmək üşün hər bir söz vacibdir. Bu konkret parçada o “bayağı” həzzləri qadağan etmir, lakin o, onlara “ifrat bağlılıq” barədə xəbərdarlıq edir və göstərir ki, onlar çox vaxt “düzgün yönəldilməyə bilər”. Həzrət Əbdül-Bəhanın bir xəbərdarlığını yada salmaq olar ki, biz vaxt keçirməyin “vaxt itirməyə” çevrilməsinə icazə verməməliyik.  (Həzrət Şövqi Əfəndinin İlahi Ədalətin Gəlişi Kitabından)
 

2.6 Alkoqol
24. ALLAHIN MƏHƏBBƏT ŞƏRABINDAN sərxoş olun, sizin ağlınızı öldürən şeydən deyil, ey Ona pərəstiş edənlər! Həqiqətən, bu istər kişi, istər qadın, hər bir inanan qadağan edilmişdir..  (Həzrət Bəhaullah, İlahi Ədalətin Gəlişində Həzrət Şövqi Əfəndi sitat gətirmişdir.)
 
25. ŞƏRAB İÇMƏK, ƏN Müqəddəs Kitabın mətninə görə, qadağan edilmişdir; Çünki o, xroniki xəstəliklərə səbəb olur, sinirləri zəiflədir və əqli tükədir (yandırır).  (Həzrət Bəhaullah, İlahi Ədalətin Gəlişində Həzrət Şövqi Əfəndi tərəfindən sitat gətirilmişdir)
 

2.7 Narkotik Maddələr
26. TİRYƏKƏ GƏLDİKDƏ İSƏ, bu murdar və nifrətəlayiq bir şeydir. Allah bizi tiryək çəkənə təyin etdiyi cəzada qorusun. Ən Müqəddəs Kitabın aydın mətninə əsasən, bu qadağan olunmuşdur və ondan istifadə tamamilə lənətlənir. Ağıl nöqteyi-nəzərindən tiryək çəkəndə insan sağlam şüurunu itirir, təcrübə də göstərir ki, bunu istifadə edən adam insanlıqdan çıxır. Qoy Allah hamını bu cür iyrənc hərəkətdən qorusun, elə bir hərəkət ki, insanı insan edən hər şeyin təməlini dağıdır və onu çəkəni əbədiyyətə qədər məhrumiyyətə düçar edir. Çünki tiryək insanın qəlbini elə tutur ki, onu çəkənin şüuru ölür, ağlı pozulur, qavrayışı korlanır. Tiryək canlı insanı ölüyə çevirir. İnsandakı təbii şuxluğu və canlılığı söndürür. Tiryəkin vurduğu ziyandan daha ağır bir şey təsəvvür etmək mümkün deyil. Xoşbəxt o adamlardır ki, bunun heç adını belə çəkmirlər; tiryəkin aludəçisi olanlar gör necə bədbəxtdirlər.  (Həzrət Əbdül-Bəha, Yazılarından seçmələr, 129)
     
27. ANAŞA BARƏDƏ (HƏŞİŞ), siz göstərmişdiniz ki, bəzi iranlılar buna aludə olmuşlar. Allah kərimdir! Bu bütün məstedici maddələrdən ən pisidir və onun qadağan olunması aydın bir şəkildə nazil olmuşdur. Onun istifadəsi fikri parçalayır və qəlbi tamamilə süstləşdirir. Bu cəhənnəm ağacının meyvəsini kimsə necə istəyə bilər və bundan dadaraq necə şeytani keyfiyyətlərin təcəssümü olar? Bir insan bu qadağan olunmuş maddəni necə istifadə edə və beləliklə də, Mərhəmət Sahibinin nemətlərindən özünü məhrum edə bilər? Alkoqol əqli tükədir, ruhu dondurur, qəlbi kütləşdirir, bədəni dağıdır və insanı pərişanlıq və zavala uğradır. (Həzrət Əbdül-Bəha, farscadan tərcümə edilmiş bir Lövhdən.)


28. HALSİNOGENLƏRİN QONDARMA “RUHANİ” gücünə gəlincə, ruhani çağırış insanın öz ürəyini Həzrət Bəhaullaha döndərməsindən gəlməlidir, narkotik və bu kimi fiziki vasitələrlə deyil.
 
Sizin məktubunuzdakı təsvirdən məlum olur ki, halsünogen maddələr məstedici maddələrin bir formasıdır. Dostlardan, o cümlədən, gənclərdən məstedici maddələrin bütün formalarından uzaq durmaq ciddi bir surətdə tələb olunur və sonra gözlənilir ki, ölkələrinin vətəndaş qanunlarına şüurlu olaraq tabe olsunlar və bu aydındır ki, onlar bu maddələrin istifadəsindən kənar qalmalıdırlar. Dünyanın gələcək əmin-amanlığı və rifahının çox böyük bir məsuliyyətini bu günün gəncləri daşıyırlar. Qoy bəhai gəncləri onların birləşdikləri Əmrin qüvvəsi ilə öz dostları üçün parlaq nümunə olsunlar.  (Ümumdünya Ədalət Evinin ABŞ Milli Ruhani Məhfilinə yazdığı 15 aprel 1965-ci il tarixli məktubundan)


29. BƏHAİLƏR TİBBİ MÜALİCƏ məqsədilə istisna olmaqla, halsinogenləri, o cümlədən, LSD, peyot və buna bənzər maddələri istifadə etməməlidirlər. Nə də bu cür maddələrlə experimentlərə cəlb olunmalıdırlar. (Ümumdünya Ədalət Evinin bir Milli Ruhani Məhflə yazdığı 11 yanvar 1967-ci il tarixli məktubundan)
 

2.8 Seksə Bəhai Münasibəti
30. SEKS BARƏDƏ QISA bəhai müddəası bu inanaca əsaslanır ki, iffətə hər iki cins tərəfindən əməl olunmalıdır, yalnız ona görə yox ki, özlüyündə bu etik cəhətdən yüksək dərəcədə bəyəniləndir, həm də ona görə ki, bu, xoşbəxt və uğurlu evlilikhəyatı üçün yeganə yoldur. Ona görə də, nigahdan kənar istənilən forma seksual münasibət qadağandır vəbu qanunu pozan kəs yalnız Allahın qarşısında məsul deyil, həm də cəmiyyət tətəfindən zəruri cəza alacaqdır.
 
Bəhai Dini seksula impulsun (həvəsin) dəyərini etiraf edir, lakin onun azad məhəbbət, nigahsız evlilik və digər qanunsuz formalarını qınayır, onların hamısını insana və onun yaşadığı cəmiyyətə birbaşa ziyanlı hesab edir. Seksual instinktin düz istifadəsi hər bir fərdin təbii haqqıdır və onun dəqiq məqsədi nigah institutunun (ailənin) qurulmasıdır. Bəhailər seksual həvəsin boğulmasına deyil, onun nizamlanmasına və ona nəzarət olunmasına inanırlar.  (Həzrət Şövqi Əfəndinin adından bir fərdi inanana yazılmış 5 sentyabr 1938-ci il tarixli məktubdan)


31. SEKSUAL İNSTİNKTİN NİGAHDAN kənar hansısa bir qanuni ifadə forması olması barədə sualınıza dair; Bəhai Təlimlərinə görə, heç bir seksual akt qanuni evli insanlar arasında olmayınca qanuni sayıla bilməz. Seksual impulsun nigahdan kənar heç bir qanuni və ya sağlam istifadəsi yoxdur. Bəhai gəncləri bir tərəfdən, özünənəzarət istiqamətində tərbiyələndirilməli, bunu etdikdə, şübhəsizdir ki, xarakterinin və ümumilikdə, şəxsiyyətinin inkişafında çox faydalı təsiri olur, digər tərəfdən isə, onlara məsləhət verilməlidir, xeyr onlar təşviq olumalıdırlar ki, hələ gənc ikən və fiziki şövqlərinin çox yüksək olduğu bir vaxtda evlənsinlər. Şübhəsiz, iqtisadi amillər çox vaxt erkən nigahların yolunda bir əngəldir, lakin çox hallarda bunlar bəhanələrdir və odur ki, çox da vurğulanmamalıdır.  (Həzrət Şövqi Əfəndinin adından bir fərdi inanana yazılmış 13 dekabr 1940-cı il tarixli məktubdan)


32. İFFƏT HƏM NİGAHDAN əvvəl, həm də sonra ləkəsiz, iffətli bir cinsi həyatı nəzərdə tutur. Nigahdan əvvəl mütləq iffət (bakirəlik), nigahdan sonra insanın seçdiyi həyat yoldaşına mütləq sədaqət. Bütün seksual hərəkətlərdə sədaqət, sözdə və əməldə sədaqət.
 
Dünya bu gün başqa şeylərlə yanaşı, fiziki məhəbbətin vacibliyinin həddən artıq şişirdilməsi bataqlığında və ruhani dəyərlərin yoxluğunda batır. İnananlar mümkün qədər bunu başa düşməli və tarixin tənəzzül dövrləri üçün səciyyəvi olan, cütlük həyatının tam fiziki tərəfinə həddən artıq yer verən yoldaşlarının səviyyəsindən yuxarı qalxmalıdırlar. Özlərinin normal, qanuni evlilik həyatının dışında onlar yoldaşlıq və məhəbbət bağları qurmağa çalışmalıdırlar ki, bu bağlar əbədidir və insanın ruhani həyatına əsaslanır, fiziki həyatına deyil. Bu çoxlu sahələrdən biridir ki, bəhailərin burada nümunə olmaları və həyatın həqiqi insani meyarına aparan yolu göstərmələri gərəkdir ki, onda insanın ruhu ucalır, bədəni isə onun nurlanmış ruhu üçün bir vasitədən başqa bir şey deyil. Bunu deməyə gərək yoxdur ki, bu, qanuni nigah kanalı ilə tam normal cinsi həyat yaşamağa mane olmur.  (Həzrət Şövqi Əfəndinin adından bir fərdi inanan yazılmış 28 sentyabr 1941-ci il tarixli məktubdan)
 

2.9 Qeyri-Əxlaqi Praktikalar Qınanılır (Lənətlənir)
33. CİNSİ ƏXLAQSIZLIQ, QEYRİ-təbii cinsi əlaqə və zinakarlıq sizə qadağan olunmuşdur. Onlardan qaçın, ey möminlər dəstəsi. Allahın həqqaniyyətinə and olsun! Siz dünyanı şeytani ehtiraslardan təmizləmək üçün yaradılmısınız. Bəşərin Mövlasının sizin üzərinizə qoyduğu vəzifə budur, kaş ki, anlayardınız. Özünü Mərhəmət Sahibinə aid edib şeytani əməllər törədən Məndən deyil. Buna hər bir zərrə, daş, ağac və meyvə, onlardan əlavə, bu daim bəyan edən, düz və etibarlı Dil şəhadət verir.  (Həzrət Bəhaullah, Ərəb dilindən tərcümə olunmuş bir Lövhdən)
 
34. BİZ HƏZRƏT BƏHAULLAHIN buyurduğunu başa düşəndə ki, xəyanət ruhun inkişafını ölümdən sonra da saxlayır―bu necə də ağırdır―və alkoqollu içki ağılı məhv edir, hətta ona yaxınlaşmaq belə olsun, biz görürük ki, bizim təlimlərimiz bu məsələlərdə necə də dəqiq və aydındır.  (Həzrət Şövqi Əfəndinin adından bir fərdi inanan yazılmış 30 sentyabr 1949-cu il tarixli məktubdan)


35. TARİXİN RUHANİ CƏHƏTDƏN aşağı səviyyədə olduğu bir dönəmində cəmiyyətə zərər vuran çoxsaylı şərlərdən biri mənəviyyatsızlıq və seksin həddən artıq vurğulanması məsələsidir. Həzrət Bəhaullahın Yazılarına görə, homoseksualizm ruhani cəhətdən lənətlənir. Lakin bu o demək deyil ki, bu cür yoluxmuş insanlara kömək edilməməli, onlara məsləhət verilməməli və ya şəfqət göstərilməməlidir. Bu o deməkdir ki, biz bunun, həyatın məqbul bir tərzi olduğuna inanmırıq; hansı ki, indiki zamanda ona həddindən çox məqbul bir yanaşma var.


Biz cəmiyyətdəki şərlərə qarşı ruhani vasitələrlə, həmçinin, tibbi və sosial vasitələrlə mübarizə aparmalıyıq. Biz tolerant olmalıyıq, lakin güzəştə getməməlyik, başa düşməliyik, lakin nəzər nöqtəmizdə sabit olmalıyıq. (Həzrət Şövqi Əfəndinin adından bir fərdi inanan yazılmış 21 may 1954-cü il tarixli məktubdan)


36. HOMOSEKSUALLIQ VƏ TRANSSEKSUALLIQ kimi bir sıra seksual problemlərin tibbi cəhəti ola bilər və belə hallarda ən yaxşı tibbi yardım göstərmək üçün müraciət olunmalıdır. Lakin Həzrət Bəhaullahın təlimindən bu aydındır ki, homoseksuallıq bir vəziyyət deyil ki, insan onunla barışsın, bu, onun (kişi və ya qadın olsun) təbiətinin təhrif olunmasıdır ki, bu gərək nəzarətdə olsun və aşılsın. Bu çətin bir mübarizə tələb edə bilər, eyni cür də heteroseksual insan üçün də öz həvəsinə nəzarət etmək üçün apardığı mübarizə çətin ola bilər. Bunda və həyatın bir çox digər cəhətlərində olduğu kimi, özünənəzarət praktikası ruhun inkişafına faydalı təsir göstərir. Bundan əlavə, bunu da yadda saxlamaq lazımdır ki, evlənmək yüksək dərəcədə arzu olunandır və Həzrət Bəhaullah bunu möhkəm təşviq etmişdir, lakin bu, həyatın əsas məqsədi deyildir. Əgər bir insan həyat yoldaşı tapmaq üçün kifayəqt qədər uzun bir müddət gözləməli olursa, və ya son nəticədə o, tək qalırsa, bu o demək deyil ki, o, bununla, öz həyat məqsədini yerinə yetirməyə qabil deyil.  (Ümumdünya Ədalət Evinin bütün Milli Ruhani Məhfullərə yazdığı 6 fevral 1973-cü il tarixli müraciətdən, Müraciətlər 1968-1973)


37. ƏMRİN YAZILARINDA ZORLAMA Ya seksual təcavüzə aid birbaşa və ya dolayı işarələr barədə sizin məktubunuz Tədqiqat Departamentinə verilmiş və aşağıdakıları sizə çatdırmaq bizdən xahiş edilmişdir: “Zinakarlıq” Həzrət Bəhaullah tərəfindən aydınlıqla qadağan edilmişdir (Qurdun Oğluna Məktub, səh. 49), və Həzrət Şövqi Əfəndi buyurmuşdur ki, “iffətli və ülvi həyat”, Əmrin təlimlərinə əsasən, “seksual eyiblərin” “bütün tərzlərini” qınamağı nəzərdə tutur. (İlahi Ədalətin Gəlişinə bax, səh. 25)


Kitab`i-Əqdəsin məzmununa gəldikdə, o Ən Müqəddəs Kitabın şərtlərindən biri “öz ehtiraslarını saxlamaqdır (boğmaqdır)”.  (Kitab`i-Əqdəsin Qanun və Hökmlərinin icmalı və təsnifatı, səh.50)


Bundan əlavə, İcmalda, 47-ci səhifədə qeyd olunan “qadağalar”dan birinə, məhz “xəyanətə” istinad edilməlidir. Bu söz İcmalda ona görə belə verilib ki, icmalda giriş, zərurətən qısa olmalıdır və Həzrət Bəhaullah Əqdəsin əslində “zina” sözü işlətmişdir, xəyanət ümumən və əsasən bu mənadadır. Lakin bu söz ərəb və fars dilində hüquqi mənada işlədilən “zina” konsepsiyasının bütün mənalarını əhatə etmir. “Zina”nın formalarından biri, yəni zor və ya təcavüzlə qeyri-qanuni cinsi əlaqə baş verdikdə, zorlama və ya seksual təcavüzdür.


Təcavüz kimi hərəkətlər üçün cəzalara gəldikdə, bunlar Ümumdünya Ədalət Evi tərəfindən gələcəkdə müəyyən ediləcəkdir.  (Ümumdünya Ədalət Evinin adından bir fərdi inanana yazılmış 8 iyun 1982-ci il tarixli məktubdan)
 

2.10 İffətli Və Ülvi Həyat Prinsipinin Tətbiqi
38. MÜTLƏQ İFFƏTLİLİK ƏSASƏN və bilavasitə Bəhai gənclərinə aiddir, o gənclər ki, bəhai icmasının həyatının yetkinliyinə, təmizliyinə və hərəkətverici qüvvəsinə həlledici töhfələr verə bilərlər, o gənclər ki, icmanın taleyinin gələcək istiqaməti və Allahın əta etdiyi potensialların tamamilə açılması onlardan asılıdır.
İffətli və ülvi həyata gəldikdə, ona isə heç də az mühüm olmayan bir amil kimi baxılmalıdır ki, bu, bəhai icmasının möhkəmlənməsinə və canlanmasına lazımi töhfəsini verməlidir ki, bundan da öz növbəsində, istənilən Bəhai planı və ya təşəbbüsünün müvəffəqiyyəti asılıdır... Onların hamısı, istər kişi, istərsə də qadın, dinin işığının sönməkdə olduğu və onun məhdudiyyətlərinin bir-biri aradan qalxdığı bu təhdidedici vaxtda dayanıb özlərinə baxmalı, davranışlarına diqqətlə nəzər yetirməli, əxlaqi düşkünlüyün belə müqəddəs və qiymətli bir Dinin adını ləkələyəcək, yaxud bütövlüyünə zərər verəcək hər bir izndən öz icmalarının həyatını təmizləmək üçün özünəməxsus qətiyyətlə ayağa qalxmalıdırlar.


İffətli və ülvi bir həyat, həm öz icmalarının üzvləri ilə sosial münasibətlərində, həm də ümumən dünya ilə əlaqələrində bütün bəhailərin əxlaq və davranışlarının idarəedici prinsipi olmalıdır. Bu, Müjdəni təbliğ etmək və Həzrət Bəhaullahın Dininin işlərini idaər etmək kimi həsədaparıcı bir mövqedə olanların fasiləsiz zəhmətlərini və tərifəlayiq səylərini bəzəməli və gücləndirməlidir. Buna, onun bütün bütövlüyü və nəticələri ilə, istər evlərində, səfərlərində, klublarında, cəmiyyətlərində olsun, istərsə də əyləncələrində, məktəblərində və universitetlərində, o Əmrin sıralarını dolduran kəslərin həyatlarının hər bir fazasında riayət olunmalıdır. Hər bir bəhai yay məktəbinin və Bəhai icma həyatının təşkil olunduğu və bəsləndiyi başqa istənilən bir tədbirin sosial fəaliyyətlərininin aparılmasına xüsusi diqqət ayrılmalıdır. Bu, həm bəhai icma həyatının bir elementi kimi, həm də öz ölkələrinin gələcək tərəqqisi və istiqamətində bir amil kimi Bəhai gənclərin missiyasının yaxın və davamlı bir identifikasiya cəhəti olmalıdır.  (İlahi Ədalətin gəlişi, səh.22, 29-30)


3. Nümunənin Gücü
 

3.1 Tərifəlayiq Xasiyyət
39. BU GÜN BİR kimsə Bizim Əmrimizə köməyə qalxsa və gözəl əxlaq və düzlük qoşunlarını ona köməyə çağırsa, şübhəsiz, bunun təsirləri hər tərəfdə özünü göstərər və aşkara çıxar...  (Həzrət Bəhaullah, Yazılarından Seçmələr, 131)
 
40. BİR BƏHAİ ONDA üzə çıxan sifətlərlə tanınır, adı ilə deyil; O xasiyyətinə görə qəbul edilir, şəxsiyyətinə görə deyil.  (Həzrət Əbdül-Bəha, Farscadan tərcümə edilmiş bir lövhdən)


41. BÜTÜN ÇƏTİNLİKLƏRİN QARŞISINDA Bəhai qanununa riayət etməklə biz yalnız öz xarakterimizi möhkəmləndirmirik, həm də ətrafımızdakılara təsir edirik.  (Ümumdünya Ədalət Evi tərəfindən bütün Milli Ruhani Məhfillərə yazılmış 6 fevral 1973-cü il tarixli müraciət, Müraciətlər, 1968-1973)
 


3.2 Əməllərin Vacibliyi
42. EY KƏNİZİMİN OĞLU! Hidayət indiyə kimi sözlə idi, indi əməllədir. Yəni gərək insan övladından gözəl əməllər zahir olsun, çünki sözə hamı şərikdir, təmiz və gözəl əməllər isə Bizim dostlarımıza məxsusdur. İndi cani-dildən çalışın ki, əməllərinizlə seçiləsiniz. Müqəddəs və Nurlu lövhədə sizə bu nəsihəti veririk.  (Gizli Kəlamlar, Fars dilində, 76)


43. BİR MÖMİN ƏMƏL elə bir gücə malikdir ki, torpağı belə fələklərdən yuxarı keçirər. O, hər bir düyünü açar və itirilmiş gücü geri qaytarar. Ey Allah adamları! Paklaşın, paklaşın! Mömin olun, mömin olun.  (Həzrət Bəhaullah, Yazılarından seçmələr, 131)


44. HƏZRƏT ŞÖVQİ ƏFƏNDİ Bəhai gəncləri üçün Təlimlərin nümunəsi olmağın birinci dərəli əhəmiyyət daşıdığını,xüsusilə, onların əxlaqi tərəflərinitəkrar-təkrar təkidlə vurğulayırdı, Əgər onlar yüksək davranışları ilə fərqlənməsələr, başqa gənclərin də Əmri ciddi qəbul etmələrini gözləyə bilməzlər.


O, sizinlə ürəkdən razıdır ki, biz Təlimləri həyatımızda təcrübə etməyincə, Əmrin mümkün inkişafını gözləyə bilmərik, çünki bütün dinlərin təməl məqsədi―o cümlədən də bizim dinimizin―insanı Allaha yaxınlaşdırmaq, onun xasiyyətini dəyişməkdir ki, bu da ən yüksək dərəcədə mühümdür. Çox vaxt Təlimlərin sosial və iqtisadi cəhətlərinə həddən artıq vurğu edilir; amma mənəvi-əxlaqi cəhət də az vurğulanmamalıdır.  (Həzrət Şövqi Əfəndinin adından bir fərdi inanana yazılmış 6 sentyabr 1946-cı il tarixli məktubdan)


 
3.3 Nümunə Olmağın Təsiri 
45. DÜNYANIN YAXŞILAŞMASI PAK və gözəl əməllər, tərifəlayiq və layiqli davranışla əldə oluna bilər... (Həzrət Bəhaullah, İlahi Ədalətin Gəlişində verilmişdir, səh. 24)


46. ÖZ ƏMƏLLƏRİNİZLƏ İNSANLARA doğru yol göstərin, çünki istər yüksək, istərsə də aşağı təbəqədən olan bəndələrin əksəriyyətinin sözləri əməllərindən fərqlənir. Məhz əməlləriniz sizi başqalarından fərqləndirə bilər və sizin nurunuzu yer üzündə olanlara aşkar edər. Xoş o kəsin halına ki, mənim nəsihətimi eşidər və Elm və hikmət Sahibi tərəfindən əmr edilənə tabe olar.  (Həzrət Bəhaullah, Yazılarından seçmələr, 139)


47. BU GÜNLƏR İLAHİ Əmri müzəffər və təsirli bir köməyə çevirmək günləridir! Allahın Dininin qələbəsi təbliğdən asılıdır; təbliğ isə dürüst hərəkət, gözəl əməllər və davranışla şərtlənir. Allahın yolu ilə yaşanan bir həyatın təməl daşı əxlaqi mükəmməllik dalınca getmək və Onun nəzərində razılıqla qarşılanan keyfiyyətlərlə dolu bir xasiyyət əldə etməkdir. Bəhailər özlərini bu müqəddəs libasla bəzəməlidirlər; bu qüdrətli qılıncla onlar insanların ürəklərinin qalasını fəth etməlidirlər. İnsanlar beziblər, bəlağət və söhbətdən, moizə və vaizlikdən usanıblar. Bu gün, dünyanı əzabdan qurtaracaq və onun insanlarının ürəklərini cəzb edəcək bir şey varsa, o da əməllərdir, sözlər deyil; nümunədir, davranış qaydası deyil; təmiz məziyyətdir, hökumət və dövlərlərin sosial-siyasi işlərdə verdikləri bəyanat və fərmanlar deyil. İstər böyük olsun, istər kiçik, bütün məsələlərdə söz əməllə tamamlanmalıdır, əməl isə sözün yanında olmalıdır: biri o birini tamamlamalı, dəstəkləməli və gücləndirməlidir. Məhz bu cəhətdən bəhailər fərqlənməyə çalışmalıdırlar...  (Həzrət Şövqi Əfəndi tərəfindən Bombey bəhailərinə yazılmış 8 dekabr 1923-cü il tarixli məktubdan, farscadan tərcümə edilmişdir.)


48. ALLAHIN DOSTLARI ALLAHIN vəd verdiyi şeylərin mütləq baş verəcəyini dünyaya izahat və dəlillərin qüvvəsilə deyil, ilk növbədə nəcib əməllər və xasiyyətin gücü ilə nümayiş etidrməlidirlər ki, bu da artıq baş verməkdədir, ilahi müjdələr aydındır, aşkar və tamamdır. Çünki müəyyən nurlu ruhlar xidmət meydanına qədəm qoymayınca və insanların məclislərində parlaq işıq saçmayınca, bu Əmrin həqiqətini ziyalı insanların gözləri qarşısında sübut etmək vəzifəsi doğrudan, həlliçətin nəhəng bir vəzifə olardı. Lakin əgər dostlar məziyyət və gözəl xasiyyət mücəssəmələri olsalar, sözlər və dəlillər artıq olacaq. Elə onların əməlləri parlaq bir sübut olacaq, onların nəcib davranışı Allahın Əmrinin qorunmasını, bütövlüyünü və şöhrətini təmin edəcəkdir.  (Həzrət Şövqi Əfəndinin adından Şərq bəhailərinə yazılmış 19 dekabr 1923-cü il tarixli məktubdan farscadan tərcümə edilmişdir.)


49. HEÇ BİR ŞÜBHƏ yoxdur ki, Həzrət Bəhaullahın Öz təlimlərində aşıladığı ləkəsiz iffət meyarı dostlar tərəfindən yalnız o zaman əldə edilə bilər ki, onlar Bəhai həyat tərzinin dəyanətli tərəfdarları kimi möhkəm və cəsarətli dursunlar, tamamilə fərqində olsunlar ki, onlar insanın əxlaqi dəyərlərinin toxumasını faciəvi surətdə dağıdan aşılayıcı güclərin birbaşa antitezisi (tam əksi) olan təlimləri təmsil edirlər. Müasir cəmiyyətdəki indiki meyl və bu meylin əxlaqi davranlş haqqında bizim meydanoxuyucu prinsiplərimizlə ziddiyyəti, Dinlərinin onlar üçün müəyyən etdiyi paklıq və iffət meyarlarına yayınmadan yapışmaqda qətiyyətlərində güzəştə getmələrində inananlara təsir etməkdən uzaq olmaqla,onları öz müqəddəs vəzifələrini qətiyyətlə yerinə yetirməkdə və beləliklə, fərdi əxlaqın təməlini dağıdan şər güclərlə vuruşmaqda həvəsləndirməlidir.  (Ümumdünya Ədalət Evinin iki inanana yazdığı 22 may 1966-cı il tarixli məktubdan)


50. BU BƏHAİLƏRİN QARŞISINDA meydanoxuyucu bir vəzifədir ki, öz həyatlarında Allahın qanununa riayət etsinlər və tədricən də bəşəriyyətin qalan hissəsinin bunu qəbul etməsinə nail olsunlar.


Fərdi həyatda qanunlara itaətin təsirinə baxarkən, insan yadda saxlamalıdır ki, bu həyatın məqsədi ruhu başqa həyat üçün hazırlamaqdır. Burada insan özünün heyvani impulslarına nəzarət etməyi və onları yönəltməyi, onların əsiri olmamağı öyrənməlidir. Bu dünyada həyat sınaq və nailiyyətlərin bir-birini əvəz etməsindən, uğursuzluqlar və yeni ruhani irəliləyişlər etməkdən ibarətdir. Bəzən istiqamət çox çətin görünə bilir, lakin insan təkrar-təkrar şahid ola bilər ki, Həzrət Bəhaullahın qanununa dəyanətlə itaət edən ruh, bu nə qədər çətin görünsə də, ruhani cəhətdən böyüyür, özünün zahiri xoşbəxtliyi naminə qanuna itaətdə güzəştə gedən kəs isə bihudə xəyal ardınca gedənə oxşayır: o axtardığı xoşbəxtliyə nail ola bilmir, ruhani inkişafını geri çəkir, çox vaxt isə özünə yeni müşküllər yaradır.  (Ümumdünya Ədalət Evinin bütün Milli uhani Məhfillərə yazdığı 6 fevral 1973-cü il tarixli məktubdan, Müraciətlər, 1968-1973)

Ümumdünya Ədalət Evi

Tədqiqat Mərkəzi


 

Anchor 18
Anchor 19
bottom of page